Buzaci (Buzadji) Moldova Respublikasına qarşı [BP] – ərizə № 23755/07
5.7.2016 tarixli qərar [BP]
Maddə 5
5-ci maddənin 3-cü bəndi
Məhkəməyəqədər həbsin əsaslılığı
Cinayət törədildiyinə dair əsaslı şübhədən savayı məhkəməyəqədər həbsə haqq qazandıran münasib və yetərli əsasın olmaması: pozuntu baş verib
Faktlar – Biznesmen olan ərizəçi 2007-ci ilin mayında həbs edildi və onun barəsində direktoru olduğu dövlət şirkətinə qarşı fırıldaqçılıq etmə ittihamı rəsmən irəli sürüldü. Barəsindəki ittihamların ağırlığı, işin mürəkkəbliyi və digər şəxslərlə sövdələşmə riski nəzərə alınaraq, o, məhkəmə araşdırmasına qədər həbsə alındı. Bundan sonra onun həbsdə saxlanma müddəti 2007-ci ilin iyulunadək bir neçə dəfə uzadıldı, həmin tarixdə isə daxili məhkəmələr onun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etdilər. O, 2008-ci ilin martınadək ev dustaqlığında saxlanıldı və həmin tarixdə girov müqabilində azad edildi.
Məhkəmə Palatanın 16 dekabr 2014-cü ildə üç səsə qarşı dörd səslə qəbul etdiyi qərarda bildirdi ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş verib, belə ki, daxili məhkəmələr ərizəçinin məhkəməyəqədər həbs müddətini uzadarkən və sonradan ev dustaqlığında saxlanması barədə qərar çıxararkən yetərli əsaslar gətirməyiblər.
20 aprel 2015-ci ildə iş Moldova hökumətinin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – 5-ci maddənin 3-cü bəndi: 5-ci maddənin 3-cü bəndinin birinci aspektinə əsasən, 5-ci maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs hüquq pozuntusunun törədilməsində şübhə ilə bağlı "dərhal" hakimin yanına gətirilir və hakim onun tutulmasının qanuniliyini və şübhənin əsaslı olub-olmadığını yoxlayır.
5-ci maddənin 3-cü bəndinin ikinci aspekti (ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququ) ilə bağlı Məhkəmənin presedent hüququnda nəzərdə tutulub ki, əsaslı şübhənin qalması həbsdə saxlamanın davam etməsinin qanuniliyi üçün zəruri şərtdir, amma "müəyyən vaxt" keçdikdən sonra bu artıq yetərli olmur və həbsdə saxlamanın davam etməsi üçün digər "münasib və yetərli" əsaslar tələb olunur. Lakin Məhkəmə həmin "müəyyən vaxtın" müddətini heç vaxt müəyyənləşdirməyib, hərçənd, etiraf edib ki, həmin müddət bir neçə gün qədər qısa ola bilər.
Buna görə də Məhkəmə 5-ci maddənin 3-cü bəndinin ikinci aspektinin məqsədləri üçün həbsdə saxlamanın davam etməsinin milli məhkəmə orqanları tərəfindən əsaslandırılması tələbinə aid presedent hüququnu daha da təkmilləşdirməyi faydalı hesab etdi. O, ilk öncə xatırlatdı ki, qeyd edilən bəndin ikinci aspektinə uyğun olaraq həbsdə saxlamanın əsaslılığının qiymətləndirilməsi üçün nəzərə alınmalı olan müddət şəxsin azadlıqdan məhrum edildiyi andan başlayır.
Məhkəmə qeyd etdi ki, bu iki aspekt fərqli hüquqları nəzərdə tutsa da, müəyyən qədər üst-üstə düşür: hər iki halda müddət həbs anından başlayır; hər iki aspekt həbsə haqq qazandıran əsasların məhkəmə tərəfindən müəyyənləşdirilməsini və belə əsas olmadıqda şəxsin azad edilməsini tələb edir; ikinci aspektdə nəzərdə tutulmuş təminatların tətbiqi praktikada müəyyən dərəcədə birinci aspektdəki təminatlarla üst-üstə düşür, bu adətən o situasiyalarda baş verir ki, birinci aspektə uyğun olaraq şəxsin saxlanması barədə qərar çıxaran məhkəmə eyni zamanda ikinci aspektdəki təminatlara riayət edilməsi şərti ilə həbs qətimkan tədbiri barəsində qərar çıxarır. Belə situasiyalarda şübhəli şəxsin ilk dəfə hakimin yanına gətirildiyi an müddətlərin "kəsişmə" anıdır, belə ki, bu zaman hər iki aspektdəki təminatlar bir nöqtədə "qarşılaşır" və ardıcıl olaraq birincidən sonra ikinci aspektdəki təminat gəlir. İkinci aspektin tam tətbiq edilməsi məsələsi, yəni əsaslı şübhədən əlavə digər "münasib və yetərli" əsasların tələb olunub-olunmaması "müəyyən vaxtın" keçməsi kimi qeyri-müəyyən anlayışdan asılıdır.
Bununla əlaqədar olaraq Məhkəmə qeyd etdi ki, müqayisəli şəkildə araşdırdığı Avropa Şurasının otuz bir üzv dövlətinin böyük əksəriyyətinin daxili qanunvericiliyi həbsdə saxlamanın davam etdirilməsini əsaslandırmaq üçün müvafiq məhkəmə tərəfindən dərhal olmasa da həbsdən bir neçə gün sonra, yəni hakim şübhəli şəxsin məhkəməyəqədər həbsdə saxlanmasının zəruriliyi məsələsinə ilk dəfə baxdığı zaman "münasib və yetərli" əsaslar gətirilməsini tələb edir. Belə yanaşma Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə tətbiq edildiyi təqdirdə Konvensiya üzrə presedent hüququna təkcə aydınlıq və müəyyənlik gətirməyəcək, həm də ağlabatan müddətdən daha artıq müddət ərzində həbsdə saxlanılmağa qarşı təminatı genişləndirmiş olacaq.
Beləliklə, ikinci aspektdə yer alan təminatları birinci aspektdəki təminatlarla sinxronlaşdırmağın lehinə dəlalət edən inandırıcı arqumentlər vardır. Müvafiq olaraq, əsaslı şübhənin qalmasından əlavə şəxsin həbsdə saxlanması üçün həm də hakimin münasib və yetərli əsaslar gətirməsinin tələb olunduğu an ilk dəfə həbs qətimkan tədbiri barədə qərarın çıxarıldığı ana təsadüf edir, yəni həmin tələb şəxsin tutulmasından "dərhal" sonra meydana çıxır.
Böyük Palata bu qənaətə gəldi ki, ərizəçinin ev dustaqlığında saxlanması da azadlıqdan məhrumetmə təşkil edir və ərizəçinin həbsdə saxlandığı yerdən asılı olmayaraq eyni meyarları onun azadlıqdan məhrum edilməsinin bütün müddətlərinə tətbiq etdi.
O hesab etdi ki, ərizəçinin həbsi barədə qərar çıxararkən və həbs müddətlərini uzadarkən daxili məhkəmələrin gətirdiyi əsaslar stereotip xarakterli və mücərrəd idi. Qərarlarda həbsin əsasları göstərilmiş, amma bu əsasların konkret olaraq ərizəçinin işinin spesifik hallarına necə aid olduğunu göstərməyə cəhd edilməmişdi. Üstəlik, daxili məhkəmələrin davranışının ziddiyyətsiz olduğunu söyləmək olmazdı. Məsələn, bəzi hallarda onlar ərizəçinin ədalət mühakiməsindən gizlənməsi, şahidlərə təsir göstərməsi və sübutları saxtalaşdırması təhlükəsinin olduğu barədə prokurorun iddialarını əsassız və inandırıcı olmayan iddialar kimi rədd etmişdilər. Digər hallarda isə onlar işin hallarında heç bir dəyişiklik olmasa da heç bir izahat vermədən eyni əsaslarla razılaşaraq onları qəbul etmişdilər. Azadlıq hüququ kimi mühüm bir məsələ təhlükə altında olduğu hallarda daxili məhkəmələr həbsdə saxlamanın zəruriliyini inandırıcı şəkildə nümayiş etdirməyə borclu idilər. Amma bu işdə bu baş verməmişdi.
Beləliklə, ərizəçinin məhkəmə araşdırmasına qədər həbsdə saxlanması və həbs müddətlərinin uzadılması barədə qərar çıxarmaq üçün münasib və yetərli əsaslar mövcud deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Maddi ziyana görə 3.000 avro təyin edildi.
(Bax: Letelye Fransaya qarşı, 12369/86, 26 iyun 1991-ci il; Labita İtaliyaya qarşı, [BP], 26772/95, 6 aprel 2000-ci il, 17 saylı məlumat bülleteni; və İdalov Rusiyaya qarşı, [BP], 5826/03, 22 may 2012-ci il, 152 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy