Çam (Çam) Türkiyəyə qarşı – ərizə № 51500/08
23.2.2016 tarixli qərar [II Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Kor şəxsin qəbul imtahanlarından uğurla keçməsinə baxmayaraq, musiqi akademiyasının onu tələbələr sırasına qəbul etməkdən imtina etməsi: pozuntu baş verib
Faktlar – Kor şəxs olan ərizəçi xanım musiqi akademiyasına qəbul imtahanlarında türk musiqi aləti udda praktiki imtahanı uğurla verdi. Tibbi şura tərəfindən tərtib edilmiş və musiqi akademiyasına göndərilmiş rəyə əsasən, o, akademiyanın bölmələrindəki dərslərdə iştirak edə bilərdi və bunun üçün görmə qabiliyyəti tələb olunmurdu. Musiqi akademiyasının direktorunun sorğusu əsasında rəyə bu fakt əlavə olundu ki, "ərizəçi təhsil və ya təlim ala bilməz". Akademiya ərizəçinin akademiyaya qəbul edilmək barədə müraciətini rədd etdi. Onun bu qərardan verdiyi şikayətlər daxili məhkəmələr tərəfindən rədd edildi. Ərizəçi Avropa Məhkəməsinə bildirdi ki, musiqi akademiyasına qəbul edilmək barədə müraciətinin rədd edilməsi ayrı-seçkilik xarakteri daşıyıb, çünki bu qərar onun korluğuna əsaslanıb.
Hüquqi məsələlər – 1 saylı Protokolun 2-ci maddəsi ilə birgə götürülmüş halda 14-cü maddə: Sözügedən akademiyanın əsasən incəsənət sahəsində təhsil verməsi faktı bu quruma qəbul meyarlarının 1 saylı Protokolun 2-ci maddəsi əsasında yoxlanılmasını istisna etməyə əsas vermir.
Həmin dövrdə qüvvədə olan müxtəlif qanunvericilik normaları əlil uşaqların ayrı-seçkiliyə məruz qalmadan təhsil almaq hüququnu təsbit edirdi. Beləliklə, ərizəçinin musiqi akademiyasında təhsil almağa buraxılmamasının kökü qanunvericilikdə deyil, akademiyanın qaydalarında idi, həmin qaydalar tələbə olmaq istəyənlərin hamısının fiziki yararlılıq barədə tibbi arayış təqdim etmələrini tələb edirdi. Məhkəmə bu cür tələbin ərizəçi kimi fiziki baxımdan əlil olan şəxslər üçün doğurduğu nəticələri nəzərə almaya bilməz.
Ərizəçi tərəfindən təqdim edilmiş rəydə dəyişiklik edilməsinə musiqi akademiyasının asanlıqla nail olduğunu nəzərə alsaq, şübhə yoxdur ki, onu akademiyaya qəbul etməkdən imtina qərarının yeganə səbəbi korluğudur. İstənilən halda, ərizəçi fiziki yararlılıq tələbinə uyğun gəlməyəcəkdi, çünki bunun müəyyənləşdirilməsi akademiyanın ixtiyarına buraxılmışdı.
Şübhəsiz ki, milli hakimiyyət orqanları musiqi akademiyasına daxil olmaq istəyənlərdən tələb olunan bacarıqların müəyyənləşdirilməsində müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər, amma bu arqument hazırkı işə şamil oluna bilməz. Musiqi akademiyasına qəbul edilmək barədə müraciət etməzdən əvvəl qəbul imtahanını verməklə ərizəçi bu akademiyaya qəbul olunmağa tam yararlı olduğunu nümayiş etdirmişdi.
Əlilliyi olan tələbələrin tələbatlarına uyğunlaşdırılmış infrastrukturun olmadığı barədə iddiaya gəlincə, əlillərin onlar üçün ağlabatan dərəcədə şərait yaradılması ilə bağlı haqlı gözləntiyə malik olması məsələsində Konvensiyanın 14-cü maddəsi Avropa Sosial Xartiyası və Əlillərin hüquqları haqqında Konvensiya kimi beynəlxalq sənədlərin işığında şərh olunmalıdır.
Bütün uşaqların özünəməxsus təhsil tələbatları var və bu sözlər xüsusən əlil uşaqlara aiddir. Təhsil sahəsində müxtəlif formalarda ağlabatan şərait yaradıla bilər – bu, fiziki və ya qeyri-fiziki şəraitin, təhsil şəraitinin və ya təşkilati şəraitin yaradılması formasında, yaxud da müvafiq səviyyədə məktəblərə və kolleclərə daxil olma, müəllimlərin hazırlanması və tədris proqramının uyğunlaşdırılması üçün şəraitin və ya müvafiq məişət şəraitinin yaradılması formasında ola bilər. Lakin əlil uşaqların tələbatlarının hansı formada və hansı vasitələrlə ödənilməli olduğunu müəyyənləşdirmək Avropa Məhkəməsinin vəzifəsi deyil, belə ki, öz ölkələrinin həyat şəraiti ilə birbaşa və daimi təmasda olmaları səbəbindən milli hakimiyyət orqanları bu sahədəki tələbatları və şərtləri qiymətləndirmək baxımından prinsipcə beynəlxalq məhkəməyə nisbətən daha münasib vəziyyətdədirlər.
Bununla belə, Məhkəmə hesab etdi ki, dövlətlərin bu sahədə verdikləri qərarların əlil uşaqlara təsirini nəzərə alaraq xüsusilə diqqətli olmaları önəmlidir, belə ki, bu uşaqların xüsusilə həssas durumda olmaları nəzərə alınmaya bilməz. Müvafiq olaraq, Məhkəmə qərara aldı ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir.
Hazırkı işdə səlahiyyətli milli orqanlar ərizəçinin tələbatlarını müəyyənləşdirməyə cəhd etməyiblər və onun korluğunun təhsil almağa buraxılmasına necə və ya niyə mane ola biləcəyini izah etməyiblər. Eləcə də onlar ərizəçinin korluğundan irəli gələn xüsusi təhsil tələbatlarını qarşılamaq üçün yeni şəraitin yaradılmasını nəzərdən keçirməyə cəhd etməyiblər. 1976-cı ildən bəri musiqi akademiyası təhsili kor tələbələr üçün əlçatan etməkdən ötrü bu sahəyə yanaşmalarında heç vaxt dəyişiklik etməyib. Müvafiq olaraq, ərizəçinin musiqi akademiyasında təhsildən faydalanmaq imkanı obyektiv və əsaslı səbəb olmadan, sadəcə görmə qabiliyyətinin olmamasına görə rədd edilib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 10.000 avro təyin edildi; maddi ziyanla bağlı tələb rədd edildi.
Full & Egal Universal Law Academy