Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 192
Yanvar 2016-cı il
***
Ketelin Eugen Miku (Cătălin Eugen Micu) Rumıniyaya qarşı – ərizə № 55104/13
5.1.2016 tarixli qərar [IV Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Pozitiv öhdəliklər
Məhbusun həbsxanada C hepatitinə yoluxduğu və lazımi tibbi yardım almadığı barədə əsassız iddialar irəli sürməsi: pozuntu baş verməyib
Faktlar – Həbsxanada olan ərizəçi, digər məsələlərlə yanaşı, iddia edirdi ki, həbsxanada C hepatitinə yoluxub və bu xəstəliyin müalicəsi üçün lazımi tibbi yardım almayıb.
Hüquqi məsələlər – Maddə 3 (3-cü maddənin substantiv aspekti)
a) Həbsxanada baş verdiyi iddia edilən C hepatiti virusuna yoluxma – Məhkəmə hesab etdi ki, yoluxucu xəstəliklərin yayılması və konkret olaraq həbsxanalarda belə halların olması dövlət səhiyyə sistemini ciddi şəkildə narahat etməlidir. Müvafiq olaraq, o bildirdi ki, məhbuslar həbsxanaya gəldikdən sonra öz istəkləri əsasında və ağlabatan müddətdə müxtəlif növ hepatit və İİÇ/QİÇS xəstəliklərinin aşkar edilməsi üçün pulsuz müayinədən keçməlidirlər. Hazırkı işdə belə imkanın olması ərizəçinin iddialarının qiymətləndirilməsinə və xəstəliyə yoluxmanın həbsxanada baş verib-vermədiyinin müəyyənləşdirməsinə şərait yaratmış olardı. Lakin ərizəçiyə bu cür müayinələr təklif edilmədiyinə görə, Məhkəmə ərizəçinin həbsxanada C hepatitinə yoluxduğu barədə iddialarını ərizəçi tərəfindən təqdim edilmiş sübutların işığında nəzərdən keçirməli idi. Məhkəmənin rəyi bundan ibarət oldu ki, bu iddialar yetərli sübutlarla təsdiqlənməyib. Bundan başqa, ərizəçinin C hepatitinə hansı məqamda və necə yoluxduğunu göstərən heç bir dəlil idi. Beləliklə, bu xəstəlik ərizəçinin dövlətin nəzarəti altında olduğu dövrdə aşkara çıxarılsa da, Məhkəmə bundan belə nəticə çıxara bilməzdi ki, bu patologiya dövlətin öz pozitiv öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir.
b) Həbsxanada C hepatiti ilə bağlı tibbi yardım və müalicə məsələsi – "C hepatiti" diaqnozu qoyulduqdan sonra ərizəçi ixtisaslı həkim tərəfindən müayinə olunmuş və onun xəstəxanaya yerləşdirilməsindən sonra aparılmış dörd ardıcıl müayinə əsasında həmin həkim əlavə müayinələr aparmağa ehtiyac olmadığını qərara almış və ehtiyac olduğu halda zəruri müalicə kursu barədə göstərişlərini yazmışdı. Lakin ərizəçi zəruri müalicə kursunun aparılmasında dövlət orqanları ilə heç də həmişə əməkdaşlıq etməmiş, tibb personalının tövsiyə etdiyi tibbi müayinələrdən imtina etmişdi.
Müalicəyə gəlincə, ərizəçi üçün "ehtiyac olduğu halda" terapiya kursu yazılmış və o, zəruri dərmanlarla təmin edilmişdi. Baxmayaraq ki, bu dərmanların təchizatı onun xəstəxanada qaldığı müddətin müəyyən dövründə gecikdirilmişdi, o, həmin dövrdə dərman çatışmazlığı səbəbindən səhhətinin pisləşdiyini Məhkəməyə bildirməyib. Beləliklə, dövlət orqanları ərizəçini onun xəstəliyinə uyğun dərmanlarla təmin etmək vəzifələrini yerinə yetirmişdilər.
Müvafiq olaraq, C hepatitinə yoluxması və ya həbsxanadakı tibbi yardım məsələsində ərizəçi barəsində Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verməyib.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Məhkəmə yekdilliklə müəyyən etdi ki, ərizəçinin olduğu həbsxanada saxlanılanların sayının həddən artıq çox olması səbəbindən 3-cü maddənin substantiv (maddi hüquqi) aspektinin pozuntusu baş verib.
Maddə 41: Mənəvi ziyana görə 4.350 avro təyin edildi.
Full & Egal Universal Law Academy