Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 195
Aprel 2016-cı il
***
Kazan (Cazan) Rumıniyaya qarşı – ərizə № 30050/12
5.4.2016 tarixli qərar [IV Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Polis bölməsində müştərini təmsil edən vəkilin qəddar rəftara məruz qalması: pozuntu baş verib
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Azadlıqdan məhrumetmə
Vəkilin on dəqiqədən az müddətdə polis bölməsində bağlı otaqda saxlanılması: pozuntu baş verməyib
Faktlar – Vəkil olan ərizəçi müştərilərindən biri ilə birlikdə polis bölməsinə gedirdi ki, həmin müştərisinə qarşı cinayət işinin məzmunu barədə məlumat alsın. Ərizəçinin sözlərinə görə, onunla polis əməkdaşı arasında mübahisə yaranmış və həmin əməkdaş onu dindirmə protokolunu imzalamağa məcbur etmək üçün on dəqiqəyədək müddət ərzində bölmədəki kabinetə salıb qapını bağlamış və onun mobil telefondan istifadə etməsinə mane olmaq üçün onun barmağını burmuş, nəticədə onun barmağı burxulmuşdu. Onun barmağındakı zədə həkim tərəfindən qeydə alınmış, amma cinayət işi başlanması üçün onun verdiyi ərizə polis əməkdaşının cinayət məsuliyyətini təsdiqləyən dəqiq sübutların olmaması səbəbindən rədd edilmişdi.
Hüquqi məsələlər
Maddə 3: Məhkəmə ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin oynadığı rolun mühümlüyünü artıq qeyd edib. Müvafiq olaraq, polis bu rola hörmətlə yanaşmalı və onların işinə lüzumsuz müdaxilələrə yol verməməli, yaxud onları hər hansı formada təhdid və ya təqib etməməlidir (bax: Polis etikası haqqında Avropa Məcəlləsinin 10-cu bəndi və bu sənədə dair izahedici memorandum). Bu öhdəlik xüsusən rəsmi şəxs qismində hərəkət edən vəkillərin müdafiəsinə şamil olunur.
Buyid Belçikaya qarşı məhkəmə işi üzrə qərarında ([BP], ərizə № 23380/09, 28 sentyabr 2015-ci il, 188 saylı Məlumat bülleteni) Məhkəmə bir daha xatırlatdı ki, şəxs polisin və ya analoji orqanın nəzarəti altında olduğu zaman baş vermiş hadisələrlə bağlı sübutetmə yükü dövlət orqanlarının üzərinə düşür. Bu prinsip, ərizəçinin işində olduğu kimi, şəxsin vəkil qismində polis bölməsinə öz istəyi ilə gəldiyi hallara da şamil olunur. Beləliklə, müvafiq sübutları təqdim etmək vəzifəsi dövlət orqanlarının üzərinə düşür.
Ərizəçi sol əlinin adsız barmağının burxulduğunu və buna görə beş gündən yeddi günədək müalicə almalı olduğunu təsdiqləyən ekspert rəyi təqdim etmişdi. Hökumət sözügedən polis əməkdaşının dəlilsiz-sübutsuz sözlərindən savayı hadisələrin ərizəçi tərəfindən ziddiyyətsiz olaraq təsvir edilən versiyasını, yəni polis əməkdaşının onun telefonunu əlindən almağa cəhd edərkən onun barmağının burxulmasına səbəb olduğunu şübhə altına almaq üçün heç bir sübut təqdim etməmişdi. Araşdırmadakı mühüm nöqsanları nəzərə alsaq, sadəcə olaraq polis əməkdaşının ifadəsinin əksinə dəlalət edən heç bir dəlilin istintaq tərəfindən əldə edilməməsi səbəbindən həmin polisin ifadəsinin həqiqətə uyğun olduğu qənaətinə gəlmək mümkün deyildi. Buna görə də Məhkəmə hesab etdi ki, ərizəçinin sol əlinin adsız barmağının burxulmasının polis bölməsində olduğu zaman baş verməsi yetərincə sübut edilib.
Bu hərəkət 3-cü maddənin tətbiqini mümkün edən qəddarlıq səviyyəsinə çatmışdı: həkimlər ərizəçiyə müalicəsini beş-yeddi gün ərzində davan etdirməyi tövsiyə etmişdilərsə, deməli, onun zədəsi səthi xarakter daşımırdı.
Hətta ərizəçinin polis əməkdaşına qarşı hörmətsizlik nümayiş etdirdiyini fərz etsək belə, o, güc tətbiqini zəruri edən tərzdə zorakı davranış nümayiş etdirməmişdi.
Bu amillər ləyaqəti alçaldan rəftarın baş verdiyi qənaətinə gəlmək üçün kifayətdir.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə yekdilliklə 3-cü maddənin prosessual aspektinin pozulduğunu müəyyən etdi.
5-ci maddənin 1-ci bəndi: Ərizəçi təsdiq etdi ki, dindirmə protokolunu öz istəyi əleyhinə imzalamağa məcbur edilməsi üçün polis əməkdaşı onu bölmədəki kabinetə salaraq qapını bağlayıb.
Hətta fərz etsək ki, sözügedən polis əməkdaşı ərizəçinin iddia etdiyi kimi hərəkət etmişdi, tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, bu situasiya on dəqiqədən çox davam etməmişdi. Məhkəmə azadlıqdan məhrumetmə anlayışının hətta bu tədbirin qısa müddətə tətbiq edildiyi hallara da şamil olunduğunu əvvəlki işlərdə bildirsə də, hesab etdi ki, bu işin konkret halları baxımından ərizəçi "azadlıqdan məhrum edilməmişdi", belə ki, o, polis bölməsinə könüllü surətdə gəlmiş və barəsində şikayət etdiyi insidentdən az sonra oranı tərk etmək imkanına malik olmuşdu.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə 11.700 avro təyin edildi.
Full & Egal Universal Law Academy