© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
VALENTİN KAMPEANU ADINDAN HÜQUQİ RESURSLAR MƏRKƏZİ RUMINİYAYA QARŞI
(47848/08 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
17 iyul 2014-cü il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Valentin Kampeanunun adından Hüquqi Resurslar Mərkəzi Rumıniyaya qarsı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası:
sədrDin Şpilman (Dean Spielmann),
hakimlər
Qido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Alvina Qülümyan (Alvina Gyulumyan),
David Tor Byörqvinson (David Thór Björgvinsson),
Yan Şikuta (Ján Šikuta),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Luis Lopes Querra (Luis López Guerra),
Ledi Bianku (Ledi Bianku),
Nona Tsotsoriya (Nona Tsotsoria),
Kristina Pardalos (Kristina Pardalos),
Vinsent A. De Qaetano (Vincent A. de Gaetano),
Anqelika Nüssberqer (Angelika Nußberger),
Paulu Pintu de Albukerke (Paulo Pinto de Albuquerque)
Pol Mahoni (Paul Mahoney),
Yohannes Silvis (Johannes Silvis),
və məhkəmə katibinin müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə
2013-cü il sentyabrın 4-də və 2013-cü il mayın 26-da qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş 2008-ci il 2 oktyabr tarixində Rumıniyadakı qeyri-hökumət təşkilatı olan “Hüquqi Resurslar Mərkəzi” (“HRM”) tərəfindən cənab Valentin Kampeanunun adından İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Rumıniyaya qarşı verilmiş ərizəyə (№47848/08) əsasən başlanmışdır.
2. 2014-cü il mayın 27-dək HRM-nin vəkilinin məsləhətçisi qismində fəaliyyət göstərmiş “Interights” (“İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Mərkəz”) təşkilatını Londonda fəaliyyət göstərən vəkil cənab K.Kojokariu təmsil etmişdir. Rumıniya Hökumətini (“Hökumət”) onun səlahiyyətli nümayəndəsi, Xarici İşlər Nazirliyində işləyən xanım K.Brumar təmsil etmişdir.
3. HRM Valentin Kampeanunun adından çıxış edərək onun Konvensiyanın 2-ci, 3-cü, 5-ci, 8-ci, 13-cü və 14-cü maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu iddia etmişdir.
4. 2011-ci il iyunun 7-də Məhkəmə ərizə barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. O, həmçinin ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı məsələlərin eyni vaxtda araşdırılması barədə qərar qəbul etmişdir (Konvensiyanın 29-cu maddəsinin 1-ci hissəsi).
5. Məhkəmənin sədri tərəfindən işdə üçüncü tərəf qismində iştirakına icazə verilmiş “Human Rights Watch” təşkilatı, “İctimai Təşəbbüslər üzrə Avroregional Mərkəz” (Euroregional Center for Public Initiatives), Bolqarıstan Helsinki Komitəsi və “Ruhi Xəstələrin Hüquqlarının Müdafiəsi Mərkəzi” (Mental Disability Advocacy Center) öz qeydlərini təqdim etmişlər (Konvensiyanın 36-cı maddəsinin 2-ci hissəsi və Məhkəmə Reqlamentinin 44-cü Qaydasının 3-cü bəndi). Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı məhkəmə prosesində iştirak etmək hüququndan istifadə edib Məhkəməyə yazılı qeydlərini təqdim etmişdir (Konvensiyanın 36-cı maddəsinin 3-cü hissəsi və 44-cü Qaydanın 2-ci bəndi).
Hökumət həmin qeydlərə dair öz cavablarını təqdim etmişdir (44-cü Qaydanın 5-ci bəndi).
6. Dinləmələr 2013-cü il sentyabrın 3-də Strasburqda İnsan Hüquqları Sarayında açıq qaydada keçirilmişdir (59-cü Qaydanın 3-cü bəndi).
Dinləmələrdə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
xanım K.Brumar,nümayəndə,
xanım G.Kaian,vəkil,
cənab D.Dumitraşe,həm-nümayəndə;
(b) HRM tərəfindən
xanım G.İorgulesku, HRM-nin icraçı direktoru,
xanım G.Pasku, HRM-nin proqram üzrə meneceri,
cənab K.Kojocariu, vəkil, “Interights” təşkilatı, vəkil;
(c) Avropa Şurasının İnsan Hüquqları üzrə Avropa Komissarı tərəfindən
cənab N.Muyjnieks, İnsan Hüquqları üzrə Komissar,
xanım İ.Qaşe, İnsan Hüquqları üzrə Komissarın Ofisinin direktoru,
xanım A.Veber, İnsan Hüquqları üzrə Komissarın Ofisinin məsləhətçisi.
Məhkəmə xanım Brumar, cənab Kaian, cənab Kojokariu, xanım İorgulesku və cənab Muyjnieksin çıxışlarını dinləmişdir. Sonra, cənab Kojokariu və xanım İorgulesku hakimlərin suallarına cavab vermişlər.
FAKTLAR
I. İŞİN HALLARI
A. Valentin Kampeanunun ölümü
1. Faktların təsviri
7. Roma etnik qrupuna mənsub cənab Valentin Kampeanu 1985-ci il sentyabrın 15-də anadan olmuşdur. Onun atası barədə məlumat yoxdur. Valentin Kampeanunun anası, 2001-ci ildə vəfat etmiş Florika Kampeanu doğuşdan sonra ondan imtina etmişdir. Cənab Kampeanu yetim uşaqlar üçün Korlate Mərkəzinə yerləşdirilmiş və o, orada böyümüşdür.
1990-cı ildə cənab Kampeanuya “İİV” diaqnozu qoyulmuşdur. Sonradan ona “ağır dərəcəli əqli gerilik, əqli inkişaf əmsalı 30 və İİV-müsbət” diaqnozu qoyulmuş və o, “ağır” əlillik qrupuna aid edilmişdir. Daha sonra onda ağ ciyər vərəmi, pnevmoniya və xroniki hepatit kimi yanaşı xəstəliklər inkişaf etmişdir.
1992-ci ilin martında o, Əlil Uşaqlar üçün Krayova Mərkəzinə, sonradan isə Krayovanın 7 nömrəli Yerləşdirmə Mərkəzinə (“Yerləşdirmə Mərkəzi”) keçirilmişdir.
2. 2003-2004-cü illərdəki qiymətləndirmələr
8. 2003-cü il sentyabrın 30-da Dolj dairəsinin Uşaqları Müdafiə Komissiyası (“Komissiya”) cənab Kampeanunun artıq dövlətin himayəsinə ehtiyacının olmadığını qərara almışdır. Komissiya öz qərarını onunla əsaslandırmışdır ki, cənab Kampeanunun bu yaxınlarda on səkkiz yaşı tamam olmuş və həmin vaxt o, hər hansı təhsil almırdı.
Cənab Kampeanunun məsələsi ilə məşğul olan sosial işçi onun Neyropsixoloji Müalicə və Reabilitasiya Mərkəzinə yerləşdirilməsini tövsiyə etsə də, Komissiya səlahiyyətli sosial işçiyə cənab Kampeanunun Poiana Mare Neyropsixiatrik Xəstəxanasına (“PMX”) yerləşdirilməsi üçün bütün zəruri tədbirlər görməsi barədə göstəriş vermişdir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Komissiyanın həmin qərarından Krayova Rayon Məhkəməsinə şikayət verilə bilərdi.
Nə cənab Kampeanunun özü, nə də onun nümayəndəsi Komissiyadakı dinləmələrdə iştirak etməmişdir.
9. 2003-cü il oktyabrın 14-də Dolj Dairə Şurasının Əlilliyi olan yetkinlik yaşına çatmış şəxslərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə Komissiyası cənab Kampeanunun sağlamlıq vəziyyətini yenidən yoxlamışdır. Yoxlama nəticəsində yalnız İİV-ə yoluxma müəyyən olunmuş, bu da əlilliyin “orta” dərəcəsinə uyğun olmuşdur. Həmçinin, xəstənin “sosial cəhətdən inteqrasiya olunduğu” qeyd edilmişdir.
10. Sonradan, 2003-cü ilin oktyabr və ya noyabr ayında sosial işçi və Yerləşdirmə Mərkəzinin hakimi cənab Kampeanunun sağlamlıq və sosial müdafiə vəziyyətini yoxlamışlar. Həmin yoxlama onun sosial yardım mərkəzinə yerləşdirilməsinin şərtlərindən biri olmuşdur. Onlar “Qanuni nümayəndə” qrafasında “doğuşdan sonra atılmışdır” yazmışlar, “Təcili hallarda əlaqə saxlanılacaq şəxs” qrafası isə boş qalmışdır. Diaqnoza aid qrafada əvvəlki diaqnoza (yuxarıda 9-cü bəndə bax) istinad edilmədən “ağır dərəcəli əqli gerilik, İİV-müsbət” diaqnozu qeyd olunmuşdur. Yoxlamanın nəticələrinə dair sənədə “... üzərində nəzarət, dövri yardım və fərdi tibbi baxım tələb olunur” qeydi əlavə edilmişdir. Həmin sənədə əsasən cənab Kampeanu özünün qayğısında qalmaq iqtidarında idi, lakin eyni zamanda onun əhəmiyyətli dərəcədə dəstəyə ehtiyacı vardı.
11. PMX 2003-cü il 16 oktyabr tarixli məktubunda bildirmişdir ki, xəstəxana İİV və əqli gerilik diaqnozu qoyulmuş cənab Kampeanunu qəbul edə bilməyəcək. Bunun səbəbi kimi xəstəxanada belə diaqnozu olan şəxslərin müalicəsi üçün şəraitin olmaması göstərilmişdir.
12. Qeyd edilən imtinadan sonra, 2003-cü ilin oktyabrından 2004-cü ilin yanvarınadək olan dövrdə Komissiya və Uşaq Hüquqlarının Müdafiəsi üzrə Dairə Departamenti (“Uşaqların Müdafiəsi Departamenti”) bir neçə quruma müraciət edərək, cənab Kampeanunu qəbul edə biləcək sosial yardım və ya psixiatriya təsisatının müəyyən edilməsində yardım göstərilməsini xahiş etmişlər. Uşaqların Müdafiəsi Departamenti cənab Kampeanunun İİV xəstəsi olduğuna görə PMX-nin onu qəbul etməkdən imtina etməsini bildirmiş, eyni zamanda müvafiq qurumlardan əməkdaşlıq etmələrini xahiş etmişdir. Departament qeyd etmişdir ki, cənab Kampeanunun sağlamlıq vəziyyəti “onun xəstəxanaya yerləşdirilməsini deyil, daha çox ixtisaslaşmış qurumda davamlı nəzarət altında olmasını tələb edirdi”.
3. V.Kampeanunun Setatedəki Tibbi və Sosial Mərkəzə yerləşdirilməsi
13. Son nəticədə Komissiya Setate-Dolj Tibbi və Sosial Mərkəzinin (“STSM”) Valentin Kampeanunun yerləşdirilə biləcəyi münasib yer olması qənaətinə gəlmişdir. Komissiya STSM-ə göndərdiyi sorğuda cənab Kampeanunun oxumaqda çətinlik çəkməsini qeyd etmədən, yalnız orta dərəcəli əlillik qrupuna uyğun olan “İİV-müsbət” diaqnozunu göstərmişdir.
14. 2004-cü il fevralın 4-də cənab Kampeanu STSM-ə yerləşdirilmişdir. Cənab Kampeanunun STSM-ə daxil olduğu zaman sağlamlıq vəziyyətinə dair həmin Mərkəzin tərtib etdiyi və 2004-cü il martın 5-də HRM-ə göndərdiyi hesabata əsasən, cənab Kampeanuda “ ciddi psixiatrik və fiziki deqradasiya” müşahidə olunurdu, o, cırıq idman kostyumunda, alt paltarsız və ayaqqabısız idi. Ona heç bir antiretrovirus dərman preparatı (“ARV”) və ya sağlamlıq vəziyyəti barədə məlumat verilməmişdir. Hesabatda pasiyentin “əməkdaşlıqdan imtina etməsi” qeyd olunmuşdur.
Yerləşdirmə Mərkəzində cənab Kampeanunu müalicə etmiş hakim M.V. ölkədaxili araşdırma kontekstində (aşağıda “B” bölməsində təsvir edilir) prokurora 2004-cü il iyulun 22-də verdiyi ifadədə müvafiq dərman preparatlarının və ya məlumatların verilməməsini onunla izah etmişdir ki, o, ən son yoxlamanın (yuxarıda 9-cu bəndə bax) nəticələrindən asılı olaraq cənab Kampeanunun müalicəsində dəyişikliklər etməyin zəruri olub-olmayacağını bilmirdi.
Cənab Kampeanunun STSM-ə daxil olmasından sonra keçirilmiş tibbi müayinə üzrə rəydə onun “ağır dərəcəli əqli gerilikdən, İİV infeksiyasından və qidasızlıqdan” əziyyət çəkməsi göstərilmişdir. Eyni zamanda, onun boyu 168 santimetr, çəkisi isə 45 kiloqram idi. Rəydə qeyd olunmuşdur ki, “o, zamanda və məkanda səmtləşə, müstəqil şəkildə qidalana və şəxsi gigiyenasını təmin edə bilmir”.
15. 2004-cü il fevralın 6-da axşam saatlarında cənab Kampeanu əsəbləri gərginləşmişdir. STSM-in yuxarıda qeyd edilən rəyə görə (yuxarıda 14-cü bəndə bax), 2004-cü il fevralın 7-də səhər vaxtı o, “zorakılıq nümayiş etdirmiş, digər pasiyentlərə hücum etmiş, pəncərə şüşəsini sındırmış, döşəkləri, özünün paltar və mələfələrini cırmışdır”. Onu sakitləşdirmək üçün ona fenobarbital, sonradan isə diazepam verilmişdir.
4. PMX-dəki tibbi müayinə
16. 2004-cü il fevralın 9-da cənab Kampeanu müayinə edilməsi, diaqnozun qoyulması və müalicə olunması üçün ən yaxın psixiatrik xəstəxana olan PMX-ya aparılmışdır. Ona yenidən “ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Lakin onun vəziyyəti “təcili psixiatrik müdaxilə tələb etməyən” kimi təsvir edilmiş, çünki o, “həyacanlanmış vəziyyətdə deyildi”. Həkim L.Q. ona “orta dərəcəli əqli gerilik” diaqnozu qoymuş və sakitləşdirici dərman preparatları (karbamazepin və diazepam) üçün resept yazmışdır.
PMX-də saxlanılan tibbi sənədlərə görə, cənab Kampeanunun “əməkdaşlıq etməməsi” səbəbindən onun tibbi tarixçəsinə dair hər hansı məlumat əldə etmək mümkün olmamışdır. PMX-də işləyən həkim D.M. istintaq aparan orqana 2005-ci il dekabrın 8-də verdiyi izahatda göstərmişdir ki, “bu pasiyent digər pasiyentlərdən fərqlənirdi, belə ki, onunla ünsiyyət qurmaq mümkün olmamış və o, əqli cəhətdən qüsurlu idi”.
5. STSM-ə qayıdış
17. Həmin gün cənab Kampeanu STSM-ə qayıtmış və bu vaxt onun səhhəti ciddi şəkildə pisləşmişdir. Həmin vaxt STSM ARV dərman preparatlarını artıq almış və cənab Kampeanunun ARV preparatı ilə müalicəsi davam etdirilmişdir. Görülmüş tədbirlərə baxmayaraq, onun səhhəti yaşxılaşmamış və tibbi sənədlərdə onun “həyacanlanmış vəziyyətdə” və “zorakılığa meylli” qalması qeyd olunmuşdur.
18. STSM belə qənaətə gəlmişdir ki, cənab Kampeanunun Mərkəzdə müalicəsi üçün zəruri şərait olmadığına görə, onun STSM-də saxlanılması artıq mümkün olmamışdır. STSM Yerləşdirmə Mərkəzinə sorğu ilə müraciət edib onun başqa tibb müəssisəsinə göndərilməsini xahiş etmişdir. Lakin Yerləşdirmə Mərkəzi cənab Kampeanunun artıq “Mərkəzin yurisdiksiyasından kənarda” olmasını qeyd edərək sorğuya rədd cavabı vermişdir.
19. Ehtimal olunur ki, 2004-cü il fevralın 11-də STSM-in direktoru E.O. Dolj Dairəsinin Dövlət Səhiyyə Departamentinə zəng edib cənab Kampeanunun onun səhhətindəki problemlərin həll edilməsi üçün daha uyğun tibb müəssisəsinə göndərilməsində yardım göstərilməsini xahiş etmişdir. Belə görünür ki, ona cənab Kampeanunun psixiatrik müalicə üçün dörd-beş günlük müddətə PMX-yə göndərilməsi tövsiyə olunmuşdur.
6. PMX-yə yerləşdirilmə
20. 2004-cü il fevralın 13-də cənab Kampeanu STSM-dən PMX-yə keçirilmişdir. Bununla belə, onun hiperaqressiv davranışı ilə əlaqədar müalicə almaq məqsədi ilə üç-dörd gün müddətində PMX-də qalacağı gözlənilirdi. O, V nömrəli Psixiatriya Bölməsində yerləşdirilmişdir.
21. 2004-cü il fevralın 15-dən cənab Kampeanu həkim L.Q.-nin müşahidəsi altında olmuşdur. Cənab Kampeanunun diaqnozunda İİV-müsbət olması qeyd olunduğuna görə, həkim onun VI nömrəli Psixiatriya Bölməsinə keçirilməsini qərara almışdır. Həmin bölmədə psixiatrların olmadığı, yalnız iki terapevtin işlədiyi nəzərə alınmaqla, cənab Kampeanunun müalicəsi həkim L.Q.-nin nəzarəti altında qalmışdır.
22. 2004-cü il fevralın 19-da cənab Kampeanu qida və dərman preparatları qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən ona qlükoza və vitaminlərin venadaxili inyeksiyaları təyin edilmişdir. Həkim onu müəyyən etdikdən sonra, səhhətinin “ümumilikdə pis” olmasını qeyd etmişdir.
7. HRM əməkdaşlarının başçəkməsi
23. 2004-cü il fevralın 20-də HRM-in bir qrup əməkdaşı PMX-yə baş çəkib cənab Kampeanunun vəziyyətini görmüşdür. HRM əməkdaşlarının həmin başçəkmənin nəticələrinə dair hesabatında cənab Kampeanunun yalnız yorğan-döşəksiz çarpayı olan birnəfərlik soyuq və qapısı bağlanmış palatada saxlanıldığı qeyd olunmuşdur. Əynində yalnız pijamanın üst hissəsi var idi. Həmin vaxt o, başqasının köməyi olmadan yemək yeyə və tualetdən istifadə edə bilmirdi. Lakin PMX-nin işçiləri, güman ki, İİV-ə yoluxmaqdan qorxub ona kömək etməkdən imtina edirdilər. Nəticədə, cənab Kampeanuya verilən qida yalnız damcısalan vasitəsilə vurulan qlükozadan ibarət olmuşdur. Hesabatda qeyd olunmuşdur ki, xəstəxana onun ən əsas müalicəsini və ona tibbi baxımı təmin etməmişdir.
HRM-in nümayəndələri cənab Kampeanunun müvafiq müalicə ala biləcəyi Krayova şəhəri İnfeksion Xəstəliklər Xəstəxanasına dərhal keçirilməsini xahiş etdiklərini bildirmişlər. Lakin xəstəxananın meneceri pasiyentin problemlərinin “tibbi xarakterli deyil, sosial xarakterli” olduğunu və hər bir halda pasiyentin başqa xəstəxanaya keçirilməsinə dözməyəcəyini hesab edərək, bu xahişə rədd cavabı vermişdir.
24. Valentin Kampeanu 2004-cü il fevralın 20-də axşam vaxtı ölmüşdür. 2004-cü il fevralın 23-də verilmiş ölüm haqqına şəhadətnamədə ölümün birbaşa səbəbi kimi ürək və tənəffüs çatışmazlığı göstərilmişdir. Həmçinin, sənəddə İİV “ilkin patoloji vəziyyət”, “əqli gerilik” isə “digər əhəmiyyətli patoloji vəziyyət” kimi qeyd olunmuşdur.
25. Ölüm psixiatrik xəstəxanada baş verdiyi halda meyitin yarılmasının mütləq olması barədə normaya (ədliyyə və səhiyyə nazirlərinin 1134/255/2000 nömrəli birgə əmri) baxmayaraq, PMX bildirmişdir ki, “pasiyentin iki ağır xəstəliyi (əqli gerilik və İİV infeksiyası) nəzərə alınmaqla, onun ölümünün şübhəli şəraitdə baş verdiyi hesab oluna bilməz”. Bu səbəbdən PMX-da meyitin yarılması həyata keçirilməmişdir.
26. Cənab Kampeanunun ölümündən məlumatı olmadan, HRM 2004-cü il fevralın 21-də bir neçə təcili məktub yazıb müxtəlif yerli və mərkəzi orqanların vəzifəli şəxslərinə, o cümlədən səhiyyə nazirinə, Dolj Dairəsinin prefektinə, Poiana Mare şəhərinin merinə və Dolj Dairəsinin Dövlət Səhiyyə Departamentinin direktoruna göndərmişdir. Məktublarda cənab Kampeanunun olduqca ağır vəziyyəti barədə məlumat verilmiş və onun İİV infeksiyasına yoluxması səbəbindən zəruri müalicəsini təmin edə bilməyən xəstəxanaya keçirildiyi qeyd olunmuşdur. Daha sonra HRM cənab Kampeanunun aldığı qeyri-adekvat müalicəni tənqid etmiş və vəziyyəti düzəltmək üçün təcili tədbirlər görülməsini xahiş etmişdir. HRM həmçinin cənab Kampeanunun STSM-də yerləşdirilməsi və sonradan PMX-yə keçirilməsi nəticəsində onun insan hüquqlarının pozulduğunu bildirmiş və məsələ ilə bağlı müvafiq araşdırmaya başlamağa çağırmışdır.
2004-cü il fevralın 22-də HRM mətbuata verdiyi məlumatda cənab Kampeanu ilə bağlı məsələyə istinad etməklə pasiyentlərin PMX-də saxlanma şəraitini və aldıqları müalicəni təsvir etmiş və təcili olaraq tədbirlər görməyə çağırmışdır.
B. Ölkədaxili araşdırma
1. HRM tərəfindən cinayət mühakiməsi icraatı qaydasında verilən şikayətlər
27. HRM Rumıniyanın Baş prokuroruna ünvanladığı 2004-cü il 15 iyun tarixli məktubda cənab Kampeanunun ölümünə səbəb olmuş şəraitlə bağlı Baş Prokurorluğa 2004-cü il fevralın 23-də verdiyi şikayət üzrə aparılan istintaqın gedişi barədə məlumat verilməsini xahiş etmişdir. HRM şikayətində cənab Kampeanunun onun tibbi və əqli vəziyyətinin tələb etdiyi müvafiq tibbi müəssisədə yerləşdirilmədiyini vurğulamışdır.
28. Həmin gün HRM cinayət mühakiməsi icraatı qaydasında daha iki şikayət vermişdir; birincisi Krayova Rayon Məhkəməsi yanında prokurorluğa, ikincisi isə Krayova Dairə Məhkəməsi yanında prokurorluğa verilmişdir. Şikayətlərdə HRM cənab Kampeanunun ölümünə səbəb olmuş şəraitin istintaqının aparılması ilə bağlı xahişini bir daha təkrar etmiş və aşağıdakı cinayətlərin törədildiyini iddia etmişdir:
(i) Uşaqların Müdafiəsi Departamentinin və Yerləşdirmə Mərkəzinin işçiləri tərəfindən səhlənkarlıq (Cinayət Məcəlləsinin 249-cü maddəsinin 1-ci hissəsi);
(ii) STSM işçiləri tərəfindən şəxsin mənafelərinə zərər vurulması ilə nəticələnmiş vəzifə səlahiyyətlərindən sui-istifadə və hərəkətsizlik, habelə özünəqulluq qabiliyyəti olmayan şəxsi təhlükədə qoyma (Cinayət Məcəlləsinin 246-cı və 314-cü maddələri); və
(iii) PMX işçiləri tərəfindən etinasızlıq ucbatından adam öldürmə və ya özünəqulluq qabiliyyəti olmayan şəxsi təhlükədə qoyma (Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsi və 314-cü maddəsi).
HRM həmçinin iddia etmişdir ki, Dolj Dairə Şurasının Əlilliyi olan yetkinlik yaşına çatmış şəxslərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə Komissiyası əvvəlki və sonrakı diaqnozlara baxmayaraq cənab Kampeanunu səhvən orta dərəcəli əlillik qrupuna aid etmişdir (bax 9-cü bəndə). Eyni zamanda, cənab Kampeanu yetkinlik yaşına çatdıqda, Uşaqların Müdafiəsi Departamenti qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq ona qəyyumun təyin edilməsi prosesinə başlamamışdır.
Bundan əlavə, cənab Kampeanu 2004-cü il fevralın 5-də STSM-ə keçirildikdən sonra Yerləşdirmə Mərkəzi STSM işçilərini ARV dərman preparatları ilə təmin etməmiş, bu da iki həftədən sonra onun ölümünə səbəb ola bilərdi.
HRM həmçinin iddia etmişdir ki, cənab Kampeanunun STSM-dən PMX-yə keçirilməsi zəruri və düzgün olmamış və “Pasiyentlərin hüquqları haqqında” Qanunun (46/2003 nömrəli Qanun) tələblərinə baxmayaraq, pasiyentin və ya onun nümayəndəsinin razılığı olmadan həyata keçirildiyinə görə qüvvədə olan qanunvericiliyə zidd olmuşdur.
Nəhayət, HRM iddia etmişdir ki, cənab Kampeanu PMX-də adekvat baxım, müalicə və ya qida ilə təmin olunmamışdır.
29. 2004-cü il avqustun 22-də Baş Prokurorluq HRM-ə işin istintaqın aparılması üçün Dolj Dairə Məhkəməsi yanında prokurorluğa göndərildiyini bildirmişdir.
2004-cü il avqustun 31-də Dolj Dairə Məhkəməsi yanında prokurorluq HRM-ə onun şikayətinə əsasən cinayət işinə başlanıldığını və istintaqın Dolj Dairə Polis Departamentinin (“Polis Departamenti”) İstintaq İdarəsi tərəfindən aparıldığını bildirmişdir.
2. Məhkəmə-tibb ekspertizasının rəyi
30. Prokurorluğun sorğusu əsasında 2004-cü il sentyabrın 14-də Krayova Məhkəmə-Tibb Ekspertizası İnstitutu məhkəmə-tibb ekspertizasının rəyini tərtib etmişdir. Təhlil edilmiş tibbi sənədlərə əsasən rəydə aşağıdakı nəticəyə gəlinmişdir:
“Pasiyentə onun İİV infeksiyası və psixiatrik vəziyyəti ilə əlaqədar müalicə təyin edilmiş, pasiyentin klinik və immunoloji vəziyyəti nəzərə alınmaqla, müalicə düzgün və tövsiyə olunmuş dozalar baxımından məqsədəmüvafiq olmuşdur.
Pasiyentin ciddi psixosomatik deqradasiyası nəzərə alınmaqla, onun təyin edilmiş dərman preparatlarını qəbul edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.”
31. 2004-cü il oktyabrın 22-də Valentin Kampeanunun cəsədi eksqumasiya olunub yarılması həyata keçirilmişdir. 2005-ci il 5 fevral tarixli rəydə cəsəddə açıq-aşkar kaxeksiya əlamətlərinin müşahidə olunduğu bildirilmiş və aşağıdakı qənaətə gəlinmişdir:
“... ölüm zor nəticəsində baş verməmişdir. O, İİV infeksiyası inkişafının doğurduğu ağırlaşma olan pnevmoniyanın səbəb olduğu ürək və tənəffüs çatışmazlığı nəticəsində baş vermişdir. Müayinə nəticəsində zorakılığın əlamətləri müəyyən edilməmişdir.”
3. Prokurorluğun qərarları
32. 2005-ci il iyulun 10-da Dolj Dairə Məhkəməsi yanında prokurorluq cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Qərarda qeyd edilmişdir ki, əldə edilmiş sübutlara əsasən, pasiyentə təyin edilmiş müalicə adekvat olmuş, onun ölümü zor nəticəsində deyil, İİV infeksiyası inkişafının doğurduğu ağırlaşma nəticəsində baş vermişdir.
33. HRM 2005-ci il avqustun 8-də Dolj Dairə Məhkəməsi yanında prokurorluğun qərarından Baş Prokurorluğa şikayət vermişdir. Şikayətdə HRM pasiyentə təyin edilmiş müalicə, ARV preparatları ilə müalicənin ehtimal olunan dayandırılması və xəstəxanalardakı şərait ilə əlaqədar verdiyi bir sıra iddiaların yoxlanılmadığını bildirmişdir.
2005-ci il avqustun 23-də Baş Prokuror şikayəti təmin edib Dolj Dairə Məhkəməsi yanında prokurorluğun 2005-ci il 19 iyul tarixli qərarını ləğv etmiş və işin hallarının hərtərəfli araşdırılması üçün istintaqın təzələnməsini tapşırmışdır. Krayova şəhərindəki İnfeksion Xəstəliklər Xəstəxanası, Yerləşdirmə Mərkəzi, STSM və PMX-dən bəzi tibbi sənədlər daxil olan kimi onların yoxlanılmasına dair konkret göstərişlər verilmişdir. Cənab Kampeanunu müalicə etmiş həkimlər dindirilməli idilər. Tibbi sənədlərdə bu barədə heç bir məlumatın olmadığı nəzərə alınmaqla, pasiyentin STSM-də və PMX-də olduğu dövrdə ARV preparatları ilə müalicə alıb-almaması araşdırılmalı idi.
34. 2006-cı il dekabrın 11-də Dolj Dairə Məhkəməsi yanında prokurorluq qüvvədə olan yeni prosessual normalara istinad edərək istintaq aparmağa səlahiyyətinin olmaması barədə qərar qəbul edib işi aidiyyəti üzrə Kalafat Rayon Məhkəməsi yanında prokurorluğa göndərmişdir.
4. İntizam icraatı
35. 2006-cı il yanvarın 11-də Polis Departamenti Dolj Dairəsinin Tibbi Assosiasiyasına (“Tibbi Assosiasiya”) müraciət edib “[meyitin yarılmasının nəticələrinə dair rəydəki] diaqnoz nəzərə alınmaqla, tətbiq edilmiş terapevtik yanaşmanın düzgün olub-olmaması və həmin yanaşmada həkim səhlənkarlığının əlamətlərinin olub-olmaması” məsələsi üzrə rəy verməsini xahiş etmişdir.
2006-cı il iyulun 20-də Tibbi Assosiasiyasının İntizam Şurası PMX-nin işçiləri barəsində intizam tədbirlərinin görülməsi üçün əsasların olmamasına dair qərar qəbul etmişdir:
“...PMX-nin ümumi klinik müşahidələrə dair məlumatında qeyd olunduğu kimi, psixotrop müalicə məqsədəmüvafiq olmuş ... [bu səbəbdən] ... əldə edilmiş məlumat belə nəticəyə gəlməyə imkan verir ki, həkimlərin qərarları düzgün olmuş və İİV ilə bağlı olan opportunistik infeksiyanın müalicəsində həkim səhlənkarlığına dair hər hansı şübhələr yoxdur.”
Polis Departamenti həmin qərardan şikayət vermiş, lakin şikayət onun verilməsi müddəti bitdiyinə görə 2006-cı il noyabrın 23-də rədd edilmişdir.
5. Cinayət təqibinə xitam verilməsi barədə yeni qərar və sonrakı şikayətlər
36. 2007-ci il martın 30-da Kalafat Rayon Məhkəməsi yanında prokurorluq cinayət təqibinə xitam verilməsinə dair yeni qərar qəbul etmişdir. Prokuror çıxardığı qərarda işdə olan sübutlara, habelə Tibbi Assosiasiyası İntizam Şurasının qərarına istinad etmişdir.
37. HRM həmin qərardan şikayət verib Baş prokurorun 2005-ci il 23 avqust tarixli qərarında verilmiş göstərişlərin (yuxarıda 33-cü bəndə bax) əksəriyyətinin nəzərə alınmadığını bildirmişdir. 2007-ci il iyunun 4-də Kalafat Rayon Məhkəməsi yanında prokurorluğun baş prokuroru şikayəti rədd etmişdir. Həmin qərarda məhkəmə-tibbi ekspertizanın 2004-cü il 14 sentyabr tarixli rəyinə, habelə Tibbi Assosiasiyanın 2006-cı il 20 iyul tarixli qərarına istinad olunmuşdur.
HRM 2007-ci il avqustun 10-da Kalafat Rayon Məhkəməsinə baş prokurorun qərarından şikayət vermişdir.
38. 2007-ci il oktyabrın 3-də Kalafat Rayon Məhkəməsi HRM-in şikayətini təmin edib 2007-ci il 30 mart və 4 iyun tarixli qərarları ləğv etmişdir. Məhkəmə cənab Kampeanunun ölümünün bir neçə aspektinin araşdırılmadığını və əlavə sübutların təqdim edilməsinə ehtiyac olduğunu qeyd etmişdir.
Belə ki, məhkəmə istintaq zamanı aşağıdakı nöqsanlara yol verildiyini qeyd etmişdir: Krayova şəhəri İnfeksion Xəstəliklər Xəstəxanasından və Yerləşdirmə Mərkəzindən əldə edilməli olan sənədlərin əksəriyyəti (cənab Kampeanunun STSM-ə qəbulu və PMX-yə keçirilməsi üçün əsas olmuş tibbi sənədlər, aparılmış klinik və paraklinik analizlərin nəticələri, cənab Kampeanunun müalicəsinə məsul həkim və tibb bacılarının izahatları və İİV ilə bağlı analizlərin aparılması qaydaları) işin materiallarına əlavə edilməmişdir. Cənab Kampeanunun STSM-ə qəbuluna məsul şəxslərin ifadələri arasında ziddiyyətlər, habelə onun PMX-yə keçirilməsindən sonra ARV preparatları ilə müalicəsinin dayandırılmasının halları yoxlanılmamışdır. Bundan əlavə, cənab Kampeanunun “həyacanlanmış vəziyyətdə olması” ilə bağlı STSM-nin və PMX-nin tibbi heyətin ifadələri arasında ziddiyyətlərə aydınıq gətirilməmişdir.
Həmçinin, müstəntiqlər cənab Kampeanunun PMX-yə keçirilməsindən sonra həmin xəstəxananın tibbi heyətinin zəruri analizlər götürüb-götürməməsini və ona ARV preparatlarının və ya hər hansı digər müvafiq dərmanların verilib-verilməməsini müəyyən etməmişlər. Müstəntiqlər cənab Kampeanunun sifət və ayaqlarında şişlərin yaranması səbəblərini və PMX-də tətbiq edilən terapevtik yanaşmanın düzgün olub-olmamasını müəyyən etməmişlər. Bütün bu nöqsanlar nəzərə alınmaqla, rəy barədə müraciət Tibbi Assosiasiyaya vaxtından əvvəl göndərilmiş və belə müraciət istintaq başa çatdıqdan sonra Tibbi Assosiasiyaya yenidən göndərilməlidir.
39. Kalafat Rayon Məhkəməsi yanında prokurorluq məhkəmənin həmin qərarından şikayət vermişdir. 2008-ci il aprelin 4-də Dolj Dairə Məhkəməsi şikayəti təmin edib Kalafat Rayon Məhkəməsinin qərarını ləğv etmiş və HRM-in cinayət təqibinə xitam verilməsi barədə 2007-ci il 30 mart tarixli qərarından verdiyi şikayəti rədd etmişdir.
Məhkəmə öz qərarında əsasən məhkəmə-tibbi ekspertizanın rəyinə və meyitin yarılmasının nəticələrinə dair rəyə, habelə Tibbi Assosiasiyanın qərarına istinad etmişdir. Göstərilən sənədlərin hər birində cənab Kampeanunun aldığı müalicə ilə onun ölümü arasında səbəb-nəticə əlaqəsinin mövcud olmadığı qeyd edilmişdir.
C. HRM-in başladığı digər araşdırmalar
1. Cənab Kampeanu ilə bağlı
40. HRM-in verdiyi şikayətlərə cavab olaraq, 2004-cü il martın 8-də Dolj Dairəsinin prefekti cənab Kampeanunun ölümünün baş verməsi şəraitinin araşdırılması üçün komissiya yaratmışdır. Komissiyanın tərkibinə Uşaqların Müdafiəsi Departamentinin, Dövlət Səhiyyə Departamentinin, Polis Departamentinin İstintaq İdarəsinin və prefekturanın nümayəndələri daxil olmuşlar. Komissiya on gün müddətində araşdırma aparıb nəticələri barədə hesabat təqdim etməli idi.
Komissiyanın hesabatında belə nəticəyə gəlinmişdir ki, cənab Kampeanunun Yerləşdirmə Mərkəzindən keçirilməsindən sonra onun müalicəsinə aid bütün prosedurlar qanuna uyğun və diaqnozu nəzərə alınmaqla, məqsədəmüvafiq olmuşlar. Komissiya yalnız bir pozuntuya yol verildiyini – meyitin yarılmasının qüvvədə olan qanunvericiliyə zidd olaraq cənab Kampeanunun ölümündən dərhal sonra keçirilmədiyini (yuxarıda 35-ci bəndə bax) müəyyən etmişdir.
41. HRM 2004-cü il iyunun 26-da Uşaqların Müdafiəsi və Övladlığa Götürmə Məsələləri üzrə Milli Orqana (“Milli Orqan”) şikayət verib əsasən cənab Kampeanuya qəyyumun təyin edilməməsi və onun müvafiq tibb müəssisəsində yerləşdirilməməsi ilə bağlı bir sıra nöqsanları tənqid etmişdir. HRM özünün 2004-cü il 4 avqust tarixli şikayətini təkrar etmiş və cənab Kampeanunun PMX-yə qanunazidd keçirilməsinin Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin (e) bəndi üzrə suallar doğura biləcəyini bildirmişdir.
Milli Orqan həmi şikayətlərə cavab olaraq 2004-cü il oktyabrın 21-də cənab Kampeanunun ölümünün baş verdiyi şəraitə dair rəy hazırlamışdır. Milli Orqan razılaşmışdır ki, Komissiya cənab Kampeanunun PMX-yə keçirilməsi barədə qərar qəbul edərkən öz səlahiyyətlərini aşmışdır. Lakin Milli Orqan belə qənaətə gəlmişdir ki, PMX ilkin olaraq cənab Kampeanunu qəbul etməkdən imtina etdiyinə görə, həmin qərarın hər bir halda heç bir əhəmiyyəti olmamışdır (yuxarıda 11-ci bəndə bax).
Milli Orqan belə nəticəyə gəlmişdir ki, Uşaqların Müdafiəsi Departamentinin cənab Kampeanunun STSM-ə keçirilməsi barədə qərarı peşə etikasına və müasir təcrübəyə uyğun olmuşdur. Eyni zamanda, Milli Orqan bildirmişdir ki, onun cənab Kampeanunun sonradan PMX-yə keçirilməsi barədə qərarı qiymətləndirmək səlahiyyəti olmamışdır.
Eyni ilə, Milli Orqan cənab Kampeanunun səhvən orta dərəcəli əlillik qrupuna aid edilməsi ehtimalına və onun STSM-ə daxil olmasından sonra baş vermiş hadisələrə dair rəy bildirməkdən imtina etmişdir.
42. Dolj Dairəsinin Dövlət Səhiyyə Departamenti 2004-cü il martın 24-də HRM-ə bildirmişdir ki, tərkibinə dairə səviyyəli müxtəlif vəzifəli şəxslərin daxil olduqları komissiya cənab Kampeanunun xəstəxanalara ardıcıl qaydada qəbul edilməsinin “İİV infeksiyasının yayılmasının qarşısının alınması və İİV-yə yoluxmuş, yaxud QİÇS-dən əziyyət çəkən şəxslərin müdafiəsi haqqında” 584/2002 nömrəli Qanunun 9-cu maddəsinə əsaslandığına görə, “heç bir insan hüququnun pozulmadığı” qənaətinə gəlmişdir.
2. Digər pasiyentlər ilə bağlı
43. PMX-də on yeddi pasiyentin ölməsi faktı ilə bağlı cinayət işi üzrə istintaq başa çatdıqdan sonra, 2005-ci il martın 16-da Baş Prokurorluq Səhiyyə Nazirliyinə məktubla müraciət edib xəstəxanadakı vəziyyəti düzəltmək üçün müəyyən inzibati tədbirlərin görülməsini tələb etmişdir. Baş Prokurorluq öz məktubunda həmin ölüm halları ilə əlaqədar hər hansı cinayət əməllərinin müəyyən olunmadığını bildirsə də, xəstəxananın işində aşkar edilmiş “inzibati nöqsanlar”ı vurğulamış və aşağıdakı problemlərin həll edilməsi üçün zəruri tədbirlər görməyə çağırmışdır:
“pasiyentlərin otaqlarında istilik sisteminin olmaması; qida məhsullarının kifayət qədər kalorili olmaması; xəstəxananın işçi heyətlə tam komplekləşdirilməməsi; işçi heyətin əqli əlilliyi olan şəxslərə baxım sahəsində hazırlığının aşağı səviyyədə olması; effektiv dərman preparatlarının olmaması; paraklinik tədqiqatların aparılması imkanlarının olduqca zəif olması ..., bütün bu amillər infeksion xəstəliklərin əmələ gəlməsinə, habelə onların ölümlə nəticələnən inkişafına səbəb olur ...”
44. Ali Kassasiya Məhkəməsi PMX-də vəfat etmiş digər pasiyentin (P.K.) adından HRM tərəfindən verilmiş şikayət üzrə qəbul etdiyi 2006-cı il 15 iyun tarixli qərarda prokurorun HRM-in məhkəməyə müraciət etmək hüququnun olmamasına dair etirazını rədd etmişdir. Məhkəmə qərara almışdır ki, HRM-in fəaliyyət sahəsi və insan hüquqlarının müdafiəsi təşkilatı qismində bəyan etdiyi məqsədlər nəzərə alınmaqla, onun PMX-də 2004-cü ilin yanvar-fevral aylarında on yeddi pasiyentin ölümünün baş verməsi şəraitinin aydınlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var idi. Məhkəmənin qərarında aşağıdakılar qeyd edilmişdir:
“Ali Məhkəmə hesab edir ki, HRM Cinayət-Prosessual Məcəllənin 2781-ci maddəsinin mənasında “qanuni mənafelərinə zərərin vurulduğu istənilən digər şəxs” hesab oluna bilər. HRM-in mənafelərinin qanuniliyi onun PMX-də 2004-cü ilin yanvar-fevral aylarında on yeddi pasiyentin ölümünün baş verməsi şəraitinin araşdırılıb aydınlaşdırılması üçün müraciət etməsinə əsaslanır; beləliklə, onun məqsədi ... İnsan hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 3-cü maddələrinin tələblərinə uyğun olaraq, yaşamaq hüququnun və işgəncənin qadağan edilməsinin pozulmasına cavabdeh şəxsləri müəyyən edə biləcək effektiv və hərtərəfli araşdırmaya başlanması yolu ilə yuxarıda qeyd edilən hüquqlarının müdafiəsini təmin etməkdən ibarət olmuşdur. [Onun fəaliyyəti həmçinin] insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin və məhkəməyə müraciət etmək imkanlarının təmin edilməsinin zəruriliyi barədə cəmiyyətin məlumatlılığının artırılmasına yönəlmişdir, bu da QHT-nin bəyan etdiyi məqsədlərə uyğundur.
Onun qanuni mənafeyi hal-hazırda davam edən araşdırmalara başlanılması yolu ilə nümayiş etdirilmişdir.
Eyni zamanda, HRM-in 2781-ci maddəyə əsasən şikayət vermək hüququ ... şikayətçinin İnsan hüquqları üzrə Avropa Konvensiyasının 13-cü maddəsinə uyğun olaraq istifadə etdiyi hüquqi müdafiə vasitəsi hesab edilməlidir...”.
D. HRM-in təqdim etdiyi ekspert rəyi
45. HRM Məhkəmə-Tibb Ekspertizası üzrə Məşvərətçi Qrupunun üzvü və Səhiyyə və İnsan Hüquqları Təşkilatlarının Beynəlxalq Federasiyasının (IFHHRO) direktoru doktor Adrian van Es və ona kömək edən IFHHRO-da layihə əlaqələndiricisi Anka Boeriunun hazırladıqları 2012-ci il 4 yanvar tarixli ekspert rəyi təqdim etmişdir. Həmin rəy HRM-in həmçinin Məhkəməyə təqdim etdiyi sübutların, o cümlədən STSM və PMX-nin tibbi sənədlərinin surətlərinə əsaslanırdı.
Ekspert rəyində PMX-də və STSM-də tibbi sənədlərin “bərbad, müvafiq standartlara cavab verməyən vəziyyətdə olduğu, çox vaxt ümumiyyətlə mövcud olmadığı və ya itirildiyi” qeyd edilmişdir. Həmin sənədlərdə cənab Kampeanunun klinik vəziyyəti “çox zəif” təsvir edilmişdir. Rəydə qeyd edilmişdir ki, pasiyent PMX-də olduğu dövrdə heç vaxt həkim-infeksionist tərəfindən müayinə olunmamışdır. Həmçinin, Rumıniyanın qanunlarına zidd olaraq, pasiyentin ölümündən dərhal sonra cəsədinin yarılması həyata keçirilməmişdir.
ARV preparatları ilə müalicəyə gəldikdə isə, mövcud sənədlərdə pasiyentin belə müalicə davamlı şəkildə alması barədə etibarlı məlumat əks olunmamışdır. Beləliklə, düzgün olmayan müalicə nəticəsində cənab Kampeanunun İİV infeksiyasının residivi baş verə, habelə pnevmosistit pnevmoniya kimi yanaşı infeksiyalar əmələ gələ bilərdi (meyitin yarılmasının nəticələrinə dair rəydə pnevmoniya ölümün səbəbi kimi göstərilmişdir). Ekspert rəyində qeyd edilmişdir ki, pnevmoniyanın İİV-dən əziyyət çəkən pasiyentlərdə çox yayılmış xəstəlik olmasına baxmayaraq, nə PMX-də, nə də STSM-də cənab Kampeanuya bu xəstəliklə bağlı diaqnoz qoyulmamış və o, bu xəstəlikdən müalicə olunmamışdır. Pasiyentin İİV statusunun monitorinqi üçün ümumi laboratoriya testləri heç vaxt aparılmamışdır.
Ekspert rəyində göstərilmişdir ki, psixiatrik pozğunluqların olduğu hesab edilmiş müəyyən davranış əlamətləri qan zəhərlənməsinin nəticəsi ola bilərdi.
Beləliklə, ARV preparatları ilə müalicənin dayandırılmasının doğurduğu risklər, yanaşı xəstəliklərin əmələ gəlməsinin mümkünlüyü və pasiyentin vərəmdən əziyyət çəkməsi nəzərə alınmaqla, cənab Kampeanu psixiatrik xəstəxanada deyil, ümumi profilli xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilməli idi.
46. Ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, cənab Kampeanunun PMX-də baş vermiş ölümü “ciddi həkim səhlənkarlığı”nın nəticəsi olmuşdur. İİV-in və yanaşı infeksiyaların müalicəsi, eləcə də pasiyentin ağır əqli geriliyi ilə əlaqədar konsultasiyalar və müalicə beynəlxalq standartlara və tibbi etikaya uyğun olmamışdır. Bundan əlavə, Tibbi Assosiasiyanın İntizam Şurasındakı intizam icraatı müvafiq standartlara cavab verməyərək, əhəmiyyətli tibbi sənədlər nəzərdən keçirilmədən səthi aparılmışdır.
E. Setate və Poiana Maredəki tibb müəssisələri barədə məlumat
1. Poiana Mare Neyropsixiatrik Xəstəxanası
47. PMX Rumıniyanın cənubundakı Dolj Dairəsində, Krayova şəhərindən 80 km məsafəsində, keçmiş hərbi bazanın otuz alıq hektarlıq ərazisində yerləşir. PMX-də könüllü və ya məcburi qaydada 500 pasiyent yerləşdirilə bilər. Pasiyentlərin PMX-də məcburi qaydada yerləşdirilməsi mülki və ya cinayət məhkəmə icraatı qaydasında baş verir. Bir neçə il bundan qabaq xəstəxanada həmçinin vərəm xəstələri üçün bölmə fəaliyyət göstərirdi. Bir neçə yerli və beynəlxalq təşkilatların, o cümlədən İşgəncənin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (“İQAK”) təzyiqi nəticəsində həmin bölmə qonşu şəhərə keçirilmişdir.
Müvafiq hadisələr baş verdiyi zaman, daha dəqiq, 2004-cü ilin fevralında PMX-də 436 pasiyent müalicə alırdı. İşçi heyətin tərkibinə beş psixiatr, dörd rezident-psixiatr və altı terapevt daxil idi.
İQAK-ın 2004-cü ilin hesabatına əsasən (aşağıda 77-ci bəndə bax), iki ardıcıl qış ərzində PMX-də şübhəli şəraitdə 109 pasiyent vəfat etmişdir: onlardan səksən bir nəfəri 2003-cü ilin yanvar-dekabr aylarında, iyirmi səkkiz nəfəri isə 2004-cü ilin ilk beş ayı ərzində vəfat etmişdir. İQAK PMX-yə üç dəfə - 1995-ci, 1999-cu və 2004-cü illərdə baş çəkmişdir: axırıncı baş çəkmə məhz ölüm halları sayının narahatedici dərəcədə artmasını araşdırmaq məqsədilə həyata keçirilmişdir. İQAK hər başçəkmənin nəticələri üzrə çox tənqidi hesabat hazırlamış və həmin hesabatlarda PMX-dəki “qeyri-insani və ləyaqəti alçaldan yaşayış şəraiti” vurğulamışdır.
Səhiyyə Nazirliyi İQAK-ın hesabatlarında problematik kimi göstərilmiş bir neçə tibb müəssisəsinə, o cümlədən PMX-yə baş çəkdikdən sonra, 2003-cü il sentyabrın 2-də müvafiq hesabatı açıqlamışdır. Nazirlik belə qənaətə gəlmişdir ki, psixiatrik diaqnoz ilə pasiyentlərin aldıqları müalicə arasında heç bir əlaqənin olmaması və ya tibbi müayinələrin çox məhdud şəkildə həyata keçirilməsinə görə pasiyentlərin PMX-də aldıqları müalicə qeyri-adekvat olmuşdur. Həmçinin, idarəçiliyin səmərəliliyi və pasiyentlərin sayına nisbətən tibbi heyətin sayının az olması ilə bağı bir sıra nöqsanlar aşkarlanmışdır.
2. Setatedəki Tibbi və Sosial Mərkəz
48. HRM-nin təqdim etdiyi məlumatdan belə görünür ki, STSM tibbi və sosial yardım göstərən kiçik mərkəz idi; 2004-cü ildə orada iyirmi nəfər yerləşdirilə bilərdi. Müvafiq hadisələr baş verdiyi zaman STSM-də on səkkiz pasiyent müalicə alırdı. Tibbi və sosial yardım mərkəzi kimi fəaliyyətinin başlandığı 2004-cü il yanvarın 1-dək o, psixiatrik xəstəxana kimi fəaliyyət göstərirdi.
2006-2009-cu illər üçün akkreditasiya şəhadətnaməsinə uyğun olaraq, STSM-ə ailə vəziyyəti çətin olan böyüklərə xidmətlər göstərmək səlahiyyəti verilmiş, bununla belə xüsusi diqqət tibbi-sosial yardımın sosial komponentinə yetirilməli idi.
II. MÜVAFİQ MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Rumıniyanın Cinayət Məcəlləsi
49. Araşdırmanın predmeti olan hadisələrin baş verdiyi zaman qüvvədə olan Rumıniya Cinayət Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar qeyd edilir:
Maddə 114 – Tibb müəssisəsinə yerləşdirilmə
“(1) Cinayət törətmiş şəxs ruhi xəstə və ya narkotik aludəçisi olduqda və cəmiyyət üçün təhlükə yaradan vəziyyətdə olduqda, onun sağalmasına qədər ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilə bilər.
(2) Bu tədbir həmçinin cinayət işi üzrə istintaq və ya məhkəmə prosesi zamanı müvəqqəti olaraq tətbiq edilə bilər.”
Maddə 178 – Etinasızlıq ucbatından adam öldürmə
“(2) Peşə və ya ticarət praktikasına aid hüquqi normalara, yaxud profilaktik tədbirlərə riayət olunmaması və ya müəyyən fəaliyyətin həyata keçirilməsi nəticəsində etinasızlıq ucbatından adam öldürmə iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
Maddə 246 – Vəzifə səlahiyyətlərindən sui-istifadə və hərəkətsizlik
nəticəsində şəxsin mənafelərinə zərər vurulması
“Dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrin bilərəkdən yerinə yetirilməməsi və ya düzgün yerinə yetirilməməsi nəticəsində digər şəxsin qanuni mənafelərinə zərər vurulması altı aydan üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
Maddə 249 – Xidməti vəzifələrin yerinə yetirilməsində səhlənkarlıq
“(1) Dövlət qulluqçusu tərəfindən səhlənkarlıq nəticəsində xidməti vəzifələrin pozulması, yəni onların yerinə yetirilməməsi və ya düzgün yerinə yetirilməməsi, bunlar dövlət orqanının və ya qurumunun, yaxud hüquqi şəxsin fəaliyyətini əhəmiyyətli dərəcədə pozduqda və ya onun əmlakına zərər vurduqda, yaxud digər şəxsin qanuni mənafelərinə ağır zərər vurduqda bir aydan iki ilədək müddətə azadlıqdan məhrum etmə və ya cərimə ilə cəzalandırılır.”
Article 314 – Özünəqulluq qabiliyyəti olmayan şəxsi təhlükədə qoyma
“(1) Uşağı və ya özünəqulluq qabiliyyəti olmayan şəxsi istənilən üsulla tərk etmə və ya köməksiz qoyma, əgər həmin şəxsi tərk edən və ya köməksiz qoyan şəxs onun üzərində nəzarəti həyata keçirməli və ya qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat, sağlamlıq və fiziki təhlükəsizliyi üçün təhlükəli vəziyyətə saldıqda, bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır...”
B. Rumıniyanın Cinayət-Prosessual Məcəlləsi
50. Prokurorun cinayət işinin istintaqı zamanı qəbul etdiyi qərarlardan şikayət vermə proseduru hadisələrin baş verdiyi zaman qüvvədə olan Cinayət-Prosessual Məcəllənin 275-2781-ci maddələri ilə tənzimlənirdi. Həmin Məcəllənin müvafiq müddəalarında aşağıdakılar qeyd edilir::
Maddə 275
“Cinayət işinin istintaqı zamanı həyata keçirilmiş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində qanuni mənafelərinə zərərin vurulduğu istənilən şəxs həmin tədbir və qərarlardan şikayət verə bilər ...”
Maddə 278
“Prokurorun həyata keçirdiyi tədbirlərdən və ya qəbul etdiyi qərarlardan, yaxud onun sorğusu əsasında həyata keçirilmiş tədbir və ya qərarlardan şikayətlərə ... müvafiq departamentin baş prokuroru tərəfindən baxılır. ...”
Maddə 2781
“(1) Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın (neurmărire penală) qəbul edilməsi yolu ilə ... cinayət təqibinə xitam verilməsindən bu Məcəllənin 275-278-ci maddələrinə uyğun olaraq verilmiş şikayət prokuror tərəfindən rədd edildikdə, zərərçəkmiş tərəf, yaxud qanuni mənafelərinə zərərin vurulduğu istənilən digər şəxs işə birinci instansiya məhkəməsi qismində baxmaq səlahiyyəti olan məhkəmənin hakiminə mübahisələndirilən qərar haqqında bildirişi aldığı gündən iyirmi gün müddətində şikayət verə bilər. ...
(4) Barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi şəxs, habelə həmin qərardan şikayət vermiş şəxs məhkəməyə çağırılır. Həmin şəxslər məhkəməyə qanuni şəkildə çağırılmışlarsa, onların məhkəməyə gəlməməsi işə baxılmasına mane olmur. ...
(5) Prokurorun məhkəmə iclasında iştirakı məcburidir.
(6) Hakim şikayət vermiş şəxsə, barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi şəxsə və nəhayət prokurora söz verir.
(7) İşə baxarkən, hakim mübahisələndirilən qərarı işdə olan sənəd və materiallar, habelə təqdim edilmiş istənilən yeni sənədlər əsasında qiymətləndirməlidir.
(8) Hakim aşağıdakı qərarlardan birini qəbul edir:
(a) şikayətin verilməsi üçün müddət buraxıldığına görə, şikayət qəbuledilməz və ya əsassız olduğuna görə onu rəd edir və qəbul edilmiş qərarı qüvvədə saxlayır;
(b) şikayəti təmin edir və qərarı ləğv edib işi istintaqın başlanması və ya təzələnməsi üçün prokurora göndərir. Hakim öz qərarında işin qaytarılmasını əsaslandırmalı, eyni zamanda aydınlaşdırılmasına ehtiyacı olan faktları və işin hallarını, habelə əldə edilməli sübutları göstərməlidir;
(c) şikayəti təmin edir və qərarı ləğv edib, işdə olan sübutlar imkan verdikdə, işi birinci instansiyada, zərurət olduqda isə apellyasiya instansiyasında tətbiq edilən prosessual qaydalar üzrə baxılması üçün özündə saxlayır. ...
(12) Hakim şikayətə onu aldığı gündən otuz gün müddətində baxır.
(13) Şikayət ona baxmaq səlahiyyəti olmayan orqana verildikdə, ona baxmaq səlahiyyəti olan orqana inzibati qaydada göndərilir.”
C. Sosial yardım sistemi
51. “Sosial yardım haqqında” Milli Qanunun (705/2001 nömrəli Qanun) 2-ci maddəsinin hadisələrin baş verdiyi zaman qüvvədə olan redaksiyasında sosial yardım sisteminin aşağıdakı tərifi verilmidşir:
“...ayrı-ayrı şəxslərin marginallaşmasına və ya sosial baxımdan təcrid olunmasına səbəb ola biləcək halların müvəqqəti və ya daimi nəticələrini qabaqlamaq, məhdudlaşdırmaq və ya aradan götürmək üçün dövlətin, dövlət hakimiyyəti orqanlarının və vətəndaş cəmiyyətinin tətbiq etdiyi təsisatlar və tədbirlər sistemidir.”
Qanunun 3-cü maddəsində sosial yardım sisteminin əhatə dairəsi müəyyən olunmuşdur:
“... iqtisadi, fiziki, əqli və ya sosial səbəblərə görə sosial ehtiyaclarını təmin edə, bacarıqlarını və sosial inteqrasiya təcrübəsini inkişaf etdirə bilməyən şəxslərin müdafiəsi.”
52. Sosial xidmətlər barədə 68/2003 nömrəli qərarda dövlət sosial xidmətlərinin məqsədləri və sosial yardımın göstərilməsinə dair qərarların qəbul edilməsi prosesi müəyyən edilmişdir.
D. Səhiyyə sistemi barədə qanunvericilik
53. Psixi sağlamlığa aid müvafiq hüquqi normalar barədə ətraflı məlumat “B. Rumniyaya qarşı” işi üzrə 2013-cü il 19 fevral tarixli qərarda verilmişdir (B. v. Romania (no. 2) no. 1285/03, §§ 42-66).
Şəxsin məcburi müalicəyə göndərilməsi proseduru 2002-ci ilin avqustunda qüvvəyə minmiş “Psixi sağlamlıq və psixoloji pozuntuları olan şəxslərin müdafiəsi haqqında” 487/2002 nömrəli Qanunla (“Psixi sağlamlıq haqqında” 2002-ci il Qanunu”) tənzimlənir. Həmin şəxsi müalicə edən psixiatrın həmin şəxsin məcburi müalicəsi üçün xəstəxanada qalması barədə qərar şəxsin xəstəxanaya daxil olduğu vaxtdan yetmiş iki saat müddətinə xüsusi psixiatrik komissiya tərəfindən təsdiq etməlidir. Bundan əlavə, xüsusi psixiatrik komissiyanın qiymətləndirməsi iyirmi dörd saat müddətində prokuror tərəfindən nəzərdən keçirilməlidir. Prokurorun qərarından isə məhkəməyə şikayət verilə bilər. Qanunun müddəalarının icrası zəruri normativ aktların qəbulu ilə şərtləndirilmişdir. Həmin normativ aktlar 2006-cı il mayın 6-da qəbul edilmişdir
54. “Xəstəxanalar haqqında” Qanunun (270/2003 nömrəli Qanun) 4-cü maddəsində xəstəxanaların “adekvat yerləşdirmə və qidalanmanı, habelə infeksiyaların qarşısının alınmasını təmin etmək” öhdəliyi nəzərdə tutulmuşdur. Həmin Qanun “Səhiyyənin islahatı haqqında” Qanunun (95/2006 nömrəli Qanun) qüvvəyə mindiyi 2006-cı il 28 may tarixdə qüvvədən düşmüşdür.
55. “Pasiyentlərin hüquqları haqqında” Qanunun (46/2003 nömrəli Qanun) 3-cü maddəsinə əsasən, “pasiyent insan olaraq ona ayrı-seçkilik olmadan hörmət olunması hüququna malikdir”. Qanunun 35-ci maddəsində təsbit edilmişdir ki, pasiyentin “səhhəti yaxşılaşanadək və ya o, sağalanadək davamlı tibbi yardım almaq hüququ” vardır. Bundan əlavə, pasiyent “ömrünü ləyaqətlə başa vura bilməsi üçün palliativ yardım almaq hüququ”na malikdir. Tibbi müdaxilənin istənilən forması üçün pasiyentin razılığı tələb olunur.
56. Ədliyyə nazirinin 1134/25.05.2000 nömrəli və səhiyyə nazirinin 255/4.04.2000 nömrəli əmrləri ilə “Tibbi rəylərə və digər məhkəmə-tibbi xidmətlərə aid prosedurlara dair qaydalar” təsdiq edilmişdir. Həmin qaydaların 34-cü maddəsinə əsasən, ölüm psixiatrik xəstəxanada baş verdiyi halda meyiti yarma həyata keçirilməlidir. Qaydaların 44-cü maddəsi tibb müəssisəsinin rəhbərliyinin istintaq orqanlarına ölüm halı barədə məlumat verməsini tələb edir; sonuncular isə meyitin yarılmasının həyata keçirilməsini tələb etməlidirlər.
57. “İİV infeksiyasının yayılmasının qarşısının alınması və İİV-ə yoluxmuş, yaxud QİÇS-dən əziyyət çəkən şəxslərin müdafiəsi haqqında” 584/2002 nömrəli Qanunun 9-cu maddəsinə əsasən tibb mərkəzləri və həkimlər belə şəxsləri xəstəxanaya yerləşdirməli və spesifik simptomlarını nəzərə alaraq onlara müvafiq tibbi yardım göstərməlidirlər.
E. Qəyyumluq sistemi
1. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq
58. Valideynlər öldükdə, naməlum olduqda, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, itkin düşdükdə və ya məhkəmə qaydasında ölmüş elan edildikdə yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluqla bağlı məsələlər hadisələrin baş verdiyi zaman qüvvədə olan Ailə Məcəlləsinin 113-141-ci maddələri ilə tənzimlənirdi. Ailə Məcəlləsində qəyyumluğun təyin edilməsinin şərtləri, qəyyumun (tutore) təyin edilməsi, onun vəzifələri, qəyyumun kənarlaşdırılması və qəyyumluğa xitam verilməsinin şərtləri müəyyən edilmişdir. Bu sahədə ən geniş səlahiyyətlərə, o cümlədən qəyyumların fəaliyyəti üzərində nəzarəti həyata keçirmək səlahiyyətinə malik olan qurum qəyyumluq və himayəçilik orqanıdır (autoritatea tutelară).
Hazırda qəyyumluq məsələləri Mülki Məcəllənin 110-163-cü maddələri ilə tənzimlənir. Yeni Mülki Məcəllə rəsmi qəzetin 2009-cu il 24 iyun tarixli 511 nömrəli buraxılışında dərc edilmiş, sonradan isə rəsmi qəzetin 2011-ci il 15 iyul tarixli 505 nömrəli buraxılışında yenidən dərc edilmişdir. Məcəllə 2011-ci oktyabrın 1-də qüvvəyə minmişdir.
2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və əlilliyi olan şəxslər üzərində qəyyumluq
59. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi (interdicţie), yəni öz işlərini idarə edə bilməyən şəxsin hüquq qabiliyyətini itirməsi proseduru hadisələrin baş verdiyi zaman qüvvədə olan Ailə Məcəlləsinin 142-151-ci maddələri ilə tənzimlənirdi.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qərar məhkəmə tərəfindən “əqli pozuntusuna və ya əlilliyinə görə öz mənafelərinin qayğısında qala bilməyən şəxslər”ə münasibətdə qəbul və ləğv edilə bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi proseduruna bir çox subyekt, o cümlədən yetkinlik yaşına çatmayanların müdafiəsinə məsul dövlət orqanları və ya istənilən maraqlı şəxs tərəfindən başlanıla bilər. Şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra onu təmsil etmək üçün səlahiyyətləri yetkinlik yaşına çatmayan şəxsin qəyyumunun səlahiyyətlərinə oxşar olan qəyyum təyin edilir.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi prosedurunun yetkinlik yaşına çatmayanlar barəsində də tətbiqi mümkün olsa belə, həmin prosedur əsasən əlilliyi olan böyüklər üçün nəzərdə tutulmuşdur.
Yuxarıda qeyd edilən müddəalar sonradan bəzi dəyişikliklərlə Mülki Məcəlləyə daxil edilmişdir (164-177-ci maddələr).
60. Hadisələrin baş verdiyi zaman qüvvədə olan Ailə Məcəlləsinin 152-157-ci maddələrində müvəqqəti qəyyumluq mexanizmi (curatela) əks olunmuşdur. Həmin mexanizm fəaliyyət qabiliyyətini itirməmiş, lakin öz mənafelərini lazımi surətdə müdafiə edə və ya nümayəndəsini təyin edə bilməyən şəxslər üçün nəzərdə tutulmuşdur. Həmin müddəaların hazırkı işə aidiyyəti olan hissələrində aşağıdakılar qeyd olunur:
Maddə 152
“Qanunda nəzərdə tutulan digər hallardan başqa, qəyyumluq və himayəçilik orqanı aşağıdakı hallarda müvəqqəti qəyyum təyin edir:
(a) şəxs, hüquq qabiliyyətinə malik olmasına baxmayaraq, ahıl yaşa, xəstəliyə və ya fiziki qüsura görə öz əmlakını idarə edə və ya mənafelərini lazımi surətdə müdafiə edə və nümayəndəsini üzrlü səbəblərə görə təyin edə bilmədikdə;
(b) şəxs, hüquq qabiliyyətinə malik olmasına baxmayaraq, təcili tədbirlərin görülməsini tələb edən hallarda xəstəliyə və ya digər səbəblərə görə şəxsən, yaxud nümayəndəsi vasitəsilə zəruri tədbirlər görə bilmədikdə;
(c) valideyn və ya təyin edilmiş qəyyum (tutore) xəstəliyə və ya digər səbəblərə görə müvafiq hərəkətləri yerinə yetirə bilmədikdə; ...”
Maddə 153
“152-ci maddədə nəzərdə tutulmuş hallarda müvəqqəti qəyyumun (curator) təyin edilməsi qəyyum tərəfindən təmsil olunan şəxsin fəaliyyət qabiliyyətinə təsir etmir.”
Maddə 154
“(1) Müvəqqəti qəyyumluq (curatela) təmsil olunmasını istəyən şəxsin, onun əri/arvadı və ya qohumlarının, 115-ci maddədə nəzərdə tutulmuş şəxslərdən hər hansı birinin, yaxud 152-ci maddənin (c) bəndində nəzərdə tutulmuş halda onun qəyyumunun müraciətinə əsasən təyin edilə bilər. Qəyyumluq və himayəçilik orqanı həmçinin öz təşəbbüsü ilə qəyyumluğu təyin edə bilər.
(2) Razılığın verilməsi mümkün olmadığı hallar istisna olmaqla, qəyyumluq yalnız təmsil olunacaq şəxsin razılığı ilə təyin edilə bilər. ...”
Maddə 157
“Müvəqqəti qəyyumluğun təyin edilməsinə səbəb olmuş hallar aradan qalxdıqda, qəyyumluq və himayəçilik orqanı qəyyumun, təmsil olunan şəxsin və ya 115-ci maddədə nəzərdə tutulmuş şəxslərdən hər hansı birinin müraciəti əsasında, habelə öz təşəbbüsü ilə qəyyumluğa xitam verir.”
Yuxarıda qeyd edilən müddəalar sonradan bəzi dəyişikliklər ilə Mülki Məcəlləyə daxil edilmişdir (178-186-ci maddələr).
61. Hadisələrin baş verdiyi zaman qüvvədə olan “Çətin həyat şəraitində olan uşaqlara dair” 26/1997 nömrəli Fövqəladə Qərarın müddəaları Ailə Məcəlləsinin qəyyumluq məsələsinə həsr olunmuş müddəalarından fərqlənirdi. Həmin Qərarın 8-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulurdu ki:
“... uşağın valideynləri öldükdə, naməlum olduqda, fəaliyyət qabiliyyətini itirdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşdükdə və ya valideynlik hüquqlarından məhrum edildikdə və uşaq üzərində qəyyumluq təyin edilmədikdə, uşaq məhkəmənin qüvvəyə minmiş qərarı ilə atılmış hesab edildikdə və məhkəmə qanuna uyğun olaraq uşağın ailəyə və ya fiziki şəxsə verilməsi barədə qərar qəbul etmədikdə, valideynlik hüquqları Dairə Şurası tərəfindən ... [onun Uşaqların Müdafiəsi] Komissiyası vasitəsilə həyata keçirilir. ”.
Uşaqların hüquqlarının müdafiəsi və dəstəklənməsi haqqında yeni qanunvericilik (272/2004 nömrəli qanun) 2005-ci il yanvarın 1-də qüvvəyə mindikdə, 26/1997 nömrəli Fövqəladə Qərar qüvvədən düşmüşdür.
62. “Böyüklərin əlillik kateqoriyalarının müəyyən edilməsi üçün meyarlara dair” 726/2002 nömrəli Əmrdə “ağır əqli geriliyin” aşağıdakı tərifi verilmişdir:
“onların psixomotor inkişafı aşağı səviyyədədir, danışmaq qabiliyyəti yoxdur və ya aşağı səviyyədədir; onlar danışmağı öyrənə bilərlər; onlar əlifbanı və hesablamanın əsaslarını öyrənə bilərlər. Onlar ciddi nəzarət altında sadə tapşırıqlar yerinə yetirə bilərlər. Onların xüsusi baxımın zəruriliyini şərtləndirən digər pozuntuları yoxdursa, qocalar evlərində və ailələrində cəmiyyətdə yaşamağa adaptasiya oluna bilərlər.”
63. “Əlilliyi olan insanların xüsusi müdafiəsi və işə düzəldilməsi haqqında” 519/2002 nömrəli Qanunda bu insanların malik olduqları sosial hüquqlar əks olunmuşdur. “Əlilliyi olan insanların müdafiəsi haqqında” Qanun (448/2006 nömrəli Qanun) 2006-cı il dekabrın 21-də qüvvəyə mindikdə, 519/2002 nömrəli Qanun qüvvədən düşmüşdür. 448/2006 nömrəli Qanunun 23-cü maddəsinin ilkin redaksiyasında əlilliyi olan insanların səhlənkarlıq və pis rəftardan müdafiə edilməsi, o cümlədən onlara hüquqi yardımın göstərilməsi və zəruri hallarda onların üzərində qəyyumluğun təyin edilməsi nəzərdə tutulmuşdur. Qanunun 25-ci maddəsinin 2008-ci il redaksiyasında əlilliyi olan insanların səhlənkarlıq və pis rəftardan, habelə olduqları yerinə əsaslanan ayrı-seçkilikdən müdafiə edilməsi nəzərdə tutulmuşdur. Öz işlərini tamamilə və ya qismən idarə edə bilməyən şəxslər tam və ya qismən qəyyumluq formasında hüquqi müdafiə, habelə hüquqi yardım ilə təmin olunurlar. Bundan əlavə, əlilliyi olan şəxsin valideynləri, yaxud qəyyumu olmağa razılıq verə biləcək digər şəxslər olmadıqda, məhkəmə yerli dövlət idarəetmə orqanını, yaxud həmin şəxsin qayğısına qalan özəl hüquqi şəxsi onun qəyyumu təyin edə bilər.
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQİ SƏNƏDLƏR
A. Locus standi məsələsi
1. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş (A/RES/61/106 nömrəli Qətnamə) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BTM Konvensiyası (“ƏŞHK”)
64. Məqsədi əlilliyi olan bütün şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsinin həvəsləndirilməsi, müdafiə və təmin edilməsi, eləcə də onların ləyaqətinə hörmət edilməsinin həvəsləndirilməsi olan ƏŞHK Rumıniya tərəfindən 2011-ci il yanvarın 31-də ratifikasiya edilmişdir. Konvensiyanın müvafiq müddəalarında aşağıdakılar qeyd edilir:
Maddə 5 – Bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi
“1. İştirakçı dövlətlər bütün şəxslərin qanun qarşısında və qanuna əsasən bərabər olduğunu və hər hansı ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarına malik olduqlarını tanıyırlar.
2. İştirakçı dövlətlər əlillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlilliyi olan şəxslərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər.
3. Bərabərliyin təşviqi və ayrı-seçkiliyin aradan qaldırılması üçün iştirakçı dövlətlər ağlabatan uyğunlaşmanın təmin olunmasına doğru bütün lazımi addımları atırlar.
4. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna de facto nail olunması üçün zəruri olan konkret tədbirlər bu Konvensiyanın mənasına görə ayrı-seçkilik hesab olunmur.”
Maddə 10 – Yaşamaq hüququ
“İştirakçı dövlətlər bir daha hər bir insanın yaşamaq hüququ kimi ayrılmaz hüququnu təsdiq edir və əlilliyi olan şəxslərin bu hüququ digərləri ilə bərabər səviyyədə səmərəli həyata keçirməsini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.”
Maddə 12 – Qanun qarşısında bərabərlik
“1. İştirakçı dövlətlər əlilliyi olan hər bir şəxsin, harada olmasından asılı olmayaraq, bərabər hüquqi müdafiə hüququ olduğunu təsdiq edirlər.
2. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin həyatın bütün sahələrində digərləri ilə bərabər səviyyədə hüquq qabiliyyətinə malik olduğunu tanıyırlar.
3. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin öz hüquq qabiliyyətinin həyata keçirilməsi zamanı lazım gələ bilən dəstəyi onların əldə edə bilmələri üçün zəruri tədbirlər görürlər.
4. İştirakçı dövlətlər hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı bütün tədbirlərin, insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun olaraq, sui-istifadə hallarının qarşısını almaq üçün lazımi və səmərəli təminatları nəzərdə tutmasını təmin edirlər. Bu cür təminatlar hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin şəxsin hüquqlarına, iradəsinə və seçimlərinə hörmət edilməsinə yönəlməsini, maraqların münaqişəsindən və yersiz təsirdən azad olmasını, bu şəxsin şəraitinə mütənasib olmasını və onlara uyğun qurulmasını, mümkün qədər qısa müddət ərzində tətbiq edilməsini və müntəzəm olaraq səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya məhkəmə instansiyası tərəfindən yoxlanmasını təmin etməlidir. Bu təminatlar bu cür tədbirlərin həmin şəxsin hüquq və maraqlarına toxunduğu dərəcədə olmalıdır. ...”
Maddə 13 – Ədalət mühakiməsinin təmin olunması
“1. İştirakçı dövlətlər ədalət mühakiməsini əlilliyi olan şəxslərə digərləri ilə bərabər səviyyədə təmin edir, o cümlədən ibtidai istintaqın təhqiqat və digər mərhələləri də daxil olmaqla, hüquqi prosesin bütün mərhələlərində birbaşa və dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu yerinə yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun düzəlişlər nəzərdə tuturlar.
2. Əlilliyi olan şəxslərin ədalət mühakiməsindən səmərəli istifadə etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər ədalət mühakiməsinin həyata keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə işləyən şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər.”
2. BMT-nin İnsan Hüquqları Komitəsinin müvafiq sənədləri
65. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın Birinci Fakültativ Protokolu İnsan Hüquqları Komitəsinə (“İHK”) həmin Protokola qoşulmuş dövlətlər tərəfindən Paktın ehtimal edilən pozulması halları barədə fərdi şikayətlərə baxmaq səlahiyyətini verir (Fakültativ Protokolun 1-ci və 2-ci maddələri). Qeyd edilən müddəalarda yalnız fiziki şəxslərin şikayət vermək hüququna malik olmaları açıq-aşkar təsbit edilir. Beləliklə, QHT-lər, assosiasiyalar, siyasi partiyalar və korporasiyaların öz adından verdikləri şikayətlər fiziki şəxs olan zərərçəkmiş olmadığına görə bir qayda olaraq qəbuledilməz hesab edilir (bax, misal üçün: Disabled and handicapped persons in Italy v. Italy (communication no. 163/1984)).
66. Müstəsna hallarda üçüncü tərəf zərərçəkmişin adından şikayət verə bilər. Üçüncü şəxs tərəfindən ehtimal edilən zərərçəkmişin adından verilən şikayətə yalnız o halda baxılır ki, üçüncü şəxs şikayət vermək hüququnu nümayiş etdirsin. Ehtimal edilən zərərçəkmiş şəxs onun adından şikayət verəcək nümayəndə təyin edə bilər.
67. Ehtimal edilən zərərçəkmiş şəxsin adından verilmiş şikayət həmçinin onun şikayəti şəxsən verə bilmədiyi halda qəbul edilə bilər (İHK-nın Prosedur qaydalarının 96-cı qaydasına bax):
Qayda 96
“Komitə, yaxud 95-ci qaydanın 1-ci abzasına əsasən yaradılmış işçi qrupu şikayətin qəbuledilənliyi barədə qərar qəbul etmək məqsədi ilə aşağıdakıları müəyyən etməlidir:
...
(b) şəxsin Paktda təsbit edilmiş hüquqlardan hər hansı birinin Paktın iştirakçısı olan dövlət tərəfindən pozulmasının qurbanı olduğunu kifayət qədər əsaslandırılmış surətdə iddia etdiyini. Şikayət, bir qayda olaraq, şəxsin özü, yaxud nümayəndəsi tərəfindən verilməlidir. Lakin ehtimal olunan zərərçəkmiş şəxsin adından verilən şikayət onun şikayəti şəxsən verə bilmədiyi halda qəbul edilə bilər;...”
68. Belə vəziyyətin tipik nümunələri kimi şəxsin qaçırılması, itkin düşməsi və ya olduğu yer barədə məlumatın əldə edilməsinin mümkün olmaması, yaxud zərərçəkmişin həbsdə və ya ruhi xəstə olması hallarını göstərmək olar. Üçüncü tərəf (adətən yaxın qohumlar) vəfat etmiş şəxsin adından şikayət verə bilərlər (bax, misal üçün: Mr Saimijon and Mrs Malokhat Bazarov v. Uzbekistan (communication no. 959/2000); Panayote Celal v. Greece (communication no. 1235/2003); Yuliya Vasilyevna Telitsina v. Russian Federation (communication no. 888/1999); José Antonio Coronel et al. v. Colombia (communication no. 778/1997); və Jean Miango Muiyo v. Zaire (communication no. 194/1985)).
3. Birləşmiş Millətlər Təşkilatının əlillik üzrə xüsusi məruzəçisi
69. Xüsusi məruzəçi monitorinq məsələsinə dair 2006-cı ilin məruzəsində bildirmişdir ki:
“2. İnkişaf pozuntuları olan şəxslər insan hüquqlarının pozulması qarşısında olduqca zəifdirlər. Həmçinin, əlilliyi olan insanlar nadir hallarda nəzərə alınırlar, onların siyasi səsi yoxdur və onlar bir çox hallarda marqinallaşmış sosial qrupların bir alt qrupu olmaqla hökumətə təsir göstərmək imkanına malik deyillər. Onlar öz hüquqlarını müdafiə etmək və ya pozulmuş hüquqlarının bərpa etmək üçün məhkəməyə müraciət etməkdə əhəmiyyətli problemlərlə üzləşirlər; bu şəxslərin onların hüquqlarını müdafiə edə bilən təşkilatlara müraciət etmək imkanları, bir qayda olaraq, məhduddur. Hətta əlilliyi olmayan şəxslərin onların insan hüquqlarının müdafiəsi üçün müstəqil milli və beynəlxalq orqanlara ehtiyacı vardır, əlilliyi olan şəxslərə və onların hüquqlarına milli və beynəlxalq monitorinq mexanizmləri vasitəsilə xüsusi diqqətin yetirilməsi üçün isə əlavə əsaslar vardır.”
4. İnsan Hüquqları üzrə Amerikalararası Komissiyanın müvafiq presedent hüququ
70. İnsan hüquqları üzrə Amerika Konvensiyasının 44-cü maddəsi İnsan Hüquqları üzrə Amerikalararası Komissiyaya istənilən şəxs və ya şəxslər qrupu, yaxud Amerika Dövlətləri Təşkilatının (ADT) üzvü olan bir və ya bir neçə dövlətdə hüquqi baxımdan tanınmış qeyri-hökumət təşkilatı tərəfindən verilən şikayətlər baxmaq səlahiyyəti verir. Həmin maddədə deyilir ki:
“İstənilən şəxs və ya şəxslər qrupu, yaxud Amerika Dövlətləri Təşkilatının üzvü olan bir və ya bir neçə dövlətdə hüquqi baxımdan tanınmış qeyri-hökumət təşkilatı İnsan Hüquqları üzrə Amerikalararası Komissiyaya bu Konvensiyanın tərəfi olan dövlət tərəfindən Konvensiyanın pozulması ilə bağlı ittiham və ya şikayətlərin əks olunduqları petisiyalar verə bilər.”
İnsan Hüquqları üzrə Amerikalararası Komissiyanın Prosedur Qaydalarının 23-cü maddəsində qeyd edilir ki, belə petisiyalar üçüncü tərəflərin adından verilə bilər. Həmin maddədə aşağıdakılar təsbit olunmuşdur:
“İstənilən şəxs və ya şəxslər qrupu, yaxud ADT-nin üzvü olan bir və ya bir neçə dövlətdə hüquqi baxımdan tanınmış qeyri-hökumət təşkilatı öz adından və ya üçüncü tərəfin adından Komissiyaya “İnsan hüquq və vəzifələri haqqında” Amerika Bəyannaməsində, İnsan Hüquqları üzrə Amerika Konvensiyasında, “San Xose, Kosta-Rika” Paktında tanınmış hüquqların ehtimal olunan pozulma halları barədə petisiyaları ... həmin sənədlərin, Komissiya Nizamnaməsinin və bu Prosedur Qaydalarının müddəalarına uyğun olaraq verə bilər. Petisiya verən şəxs həmin petisiyada və ya ayrıca sənəddə onu Komissiyada təmsil edəcək şəxsi müəyyən edə bilər.”
71. Amerikalararası Komissiya QHT-lər tərəfindən pozuntuların birbaşa qurbanları, o cümlədən itkin düşmüş və ya ölmüş şəxslərin adından verilən şikayətlər üzrə işlərə baxmışdır. Misal üçün, Gomes Lund et al. (“Guerrilha do Araguaia”) v. Brazil işində (33/01 nömrəli protokol) petisiya itkin düşmüş şəxslər və onların yaxın qohumları adından Ədalət Mühakiməsi və Beynəlxalq Hüquq Mərkəzi tərəfindən verilmişdir. Komissiya ratione personae yurisdiksiyası məsələsi ilə bağlı razılaşmışdır ki, qurumlar İnsan hüquqları üzrə Amerika Konvensiyasının 44-cü maddəsinə uyğun olaraq pozuntuların birbaşa qurbanlarının adından petisiya verə bilər. Teodoro Cabrera Garcia and Rodolfo Montiel Flores v. Mexico işində (11/04 nömrəli protokol) Komissiya iki şəxsin qanunsuz həbs edilməsini, işgəncəyə məruz qalmasını və ədalətsiz məhkəmə prosesi nəticəsində azadlıqdan məhrum edilməsini iddia edən müxtəlif təşkilatların və fiziki şəxslərin petisiyalarına baxmaq üçün ratione personae yurisdiksiyasına malik olduğunu təsdiq etmişdir. Escher et al. v. Brazil işində (18/06 nömrəli protokol) Komissiya telefon danışıqlarına qanunsuz qulaqasma və telefon xətlərinin qanunsuz monitorinqi nəticəsində Torpaqsız Fəhlələr Hərəkatına ilə bağlı iki kooperativin üzvlərinin ədalətli məhkəmə araşdırması hüququnun, şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi hüququnun və məhkəməyə müraciət hüququnun pozulduğunu iddia edən iki assosiasiya (Xalq Hüquqşünasların Milli Şəbəkəsi və Qlobal Ədalət Mühakiməsi Mərkəzi) tərəfindən verilmiş petisiyaya baxmaq üçün ratione personae yurisdiksiyasına malik olduğunu təsdiq etmişdir.
72. Komissiya ilkin olaraq qeyri-hökumət təşkilatları (QHT-lər) tərəfindən verilmiş petisiyalara dair işlərin mahiyyəti üzrə qərar qəbul edib sonradan həmin işləri İnsan Hüquqları üzrə Amerikalararası Məhkəməyə göndərə bilər (bax, misal üçün: Qvatemala arxiyepiskopunun İnsan Hüquqları Ofisi və Ədalət Mühakiməsi və Beynəlxalq Hüquq Mərkəzi tərəfindən verilmiş petisiya üzrə Case of the “Las Dos Erres” Massacre v. Guatemala; həmçinin bax: Escher et al. v. Brazil).
5. Avropa İttifaqının Əsas Hüquqlar üzrə Agentliyinin (“ƏHA”) hesabatı: Avropada ədalət mühakiməsinin çatımlığı: çağırışların və imkanların icmalı
73. ƏHA-nın 2011-ci ilin mart ayında açıqladığı hesabatda vurğulanmışdır ki, məhkəmə xərcləri və hüquqi statusun məhdudlaşdırıcı təfsiri zəif qruplara mənsub şəxslərin hüquqlarının milli səviyyədə səmərəli müdafiəsi üçün maneə yaradır (bax hesabatın 37-54-ci səhifələrinə).
B. PMX-dəki şəraitlə bağlı hesabatlar
1. İşgəncə və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsinin (İQK) Rumıniya ilə bağlı hesabatları
74. İQK 1995-ci, 1999-cu 2004-cu illərdə Rumıniyaya etdiyi üç səfər zamanı PMX-dəki vəziyyəti sənədləşdirmişdir.
75. İQK 1995-ci ildə PMX-dəki şəraiti o dərəcədə acınacaqlı hesab etmişdir ki, o, İşgəncə və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin 5-ci hissəsini tətbiq etmək qərarına gəlmişdir. Həmin müddəa Komitəyə müstəsna hallarda səfər zamanı müvafiq Hökumətə müəyyən qeydləri təqdim etmək səlahiyyətini verir. Belə ki, İQK qeyd etmişdir ki, 1995-ci ilin yeddi ayı ərzində altmış bir pasiyent ölmüş, onlardan iyirmi biri “həddən çox pis qidalanmışdır” (bax: 1995-ci il hesabatının 177-ci abzası). İQK Rumıniya Hökumətindən PMX-də “əsas yaşayış şəraiti”nin təmin edilməsi üçün tədbir görməsini xahiş etmişdir.
İQK-nin həmin səfər çərçivəsində müəyyən etdiyi narahatlıq doğuran sahələr sırasında pasiyentlərin cəza qismində qapalı otaqlara yerləşdirilməsi və xəstəxanaya məcburi yerləşdirmə hallarında müvafiq təminatların mövcud olmaması göstərilmişdir.
76. İQK 1999-cu ildə PMX-yə qayıtmışdır. Bu səfər çərçivəsində aşkar edilmiş ən ciddi nöqsanlar tibbi heyətin (həm həkimlərin, həm köməkçi tibbi heyətin) sayının 1995-ci ildəki sayı ilə müqayisədə daha da azalması faktı, habelə xəstəxanaya məcburi yerləşdirmə hallarında müvafiq təminatlar məsələsində tərəqqinin olmaması ilə bağlı olmuşdur.
77. 2004-cü ilin iyun ayında İQK üçüncü dəfə - bu dəfə xəstəxanada ölən pasiyentlərin sayının artması barədə daxil olan məlumatlara cavab olaraq - PMX-yə baş çəkmişdir. Həmin vaxt ümumi tutumu 500 nəfər olan xəstəxanada 472 pasiyent var idi. Onlardan 246-sı Rumıniya Cinayət Məcəlləsinin 114-cü maddəsinə (cinayət məhkəməsinin qərarı əsasında məcburi müalicə) uyğun olaraq PMX-də yerləşdirilmişdir.
Məhkəmə öz hesabatında qeyd etmişdir ki, xəstəxanada 2003-cü ildə səksən bir, 2004-cü ilin ilk beş ayında isə iyirmi səkkiz pasiyent ölmüşdür. Ölüm hallarının sayının artması vərəmin aktiv formasında əziyyət çəkən pasiyentlərin 2002-ci ildə xəstəxanadan keçirilməsinə baxmayaraq baş vermişdir. Ölümlərin əsas səbəbləri ürəyin dayanması, miokard infarktı və bronxopnevmoniya olmuşdur.
Ölmüş pasiyentlərin orta yaşı 56 yaş olmuş, on altı pasiyentin qırx yaşı tamam olmamışdır. İQK bildirmişdir ki, “belə vaxtından əvvəl ölüm halları yalnız pasiyentlərdə xəstəxanaya daxil olduqları zaman olan simptomlarla izah oluna bilməz” (bax 2004-cü il hesabatının 13-cü abzasına). İQK həmçinin qeyd etmişdir ki, bəzi pasiyentlərə “yetərli tibbi yardım açıq-aşkar göstərilməmişdir” (14-cü abzas).
İQK xəstəxanada “insan və maddi resursların qıtlığı”nı narahatlıqla qeyd etmişdir (16-cı abzas). Komitə pasiyentlərə verilən qidanın keyfiyyəti və kəmiyyəti ilə bağlı ciddi nöqsanları, habelə xəstəxanada istilik sisteminin qeyri-qənaətbəxş vəziyyətdə olmasını vurğulamışdır.
PMX-də aşkar edilmişi nöqsanları nəzərə alaraq, İQK hesabatının 20-ci abzasında aşağıdakıları bildirmişdir:
“... biz çətin yaşayış şəraitinin – xüsusən qida çatışmazlığının və istiliyin olmamasının ən zəif pasiyentlərin sağlamlığının ümumi vəziyyətinin pisləşməsinə səbəb olduğunu və dərman preparatlarının qıtlığının əksər hallarda onların ölümünün qarşısını ala bilmədiyini istisna edə bilmərik.
İQK-nin fikrinə görə, Poiana Mare Xəstəxanasındakı vəziyyət çox narahatedicidir və o, pasiyentlərin yaşayış şəraitinin, habelə onlara göstərilən yardımın yaxşılaşdırılması üçün təsirli tədbirlərin görülməsini tələb edir. İQK-nin on ildən az müddətdə Poiana Mare Xəstəxanasına üçüncü səfərindən sonra, hakimiyyət orqanları bu tibb müəssisəsində yaranmış vəziyyətin həqiqi miqyasını nəhayət dərk etməlidirlər.”
Nəhayət, İQK pasiyentlərin mülki-prosessual qaydada xəstəxanaya məcburi yerləşdirilməsi məsələsi ilə bağlı qeyd etmişdir ki, bu yaxınlarda qəbul edilmiş “Psixi sağlamlıq haqqında” 2002-ci il Qanunu əhatəli şəkildə tətbiq edilməmiş, çünki Komitə həmin Qanunda nəzərdə tutulmuş təminatlara zidd olaraq xəstəxanaya məcburi yerləşdirilmiş pasiyentlərə rast gəlmişdir (yuxarıda 32-ci bəndə bax).
2. Birləşmiş Millətlər Təşkilatının sağlamlıq hüququ üzrə xüsusi məruzəçisi
78. 2004-cü il martın 2-də sağlamlıq hüququ üzrə xüsusi məruzəçi BMT-nin qidalanma hüququ üzrə xüsusi məruzəçisi və BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi ilə birlikdə Rumıniya Hökumətinə müraciət edərək PMX-dəki şəraitlə bağlı daxil olan məlumatlardan narahatlığını bildirmiş və məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Həmin müraciətlə bağlı Hökumət aşağıdakı cavab vermişdir (bax sağlamlıq hüququ üzrə xüsusi məruzəçinin BMT-nin E/CN.4/2005/51/Add.1 nömrəli sənəddəki xülasəsinə):
“54. Hökumət xüsusi məruzəçinin Poiana Mare Psixiatrik Xəstəxanasındakı vəziyyətlə bağlı müraciətinə 2004-cü il 8 mart tarixli məktubla cavab vermişdir. Hökumət Rumıniya hakimiyyətinin xüsusi məruzəçinin xəstəxana ilə bağlı narahatlığını tam dərk etdiyini və bölüşdüyünü təsdiq etmişdir. Əlilliyi olan insanların müdafiəsinin təmin edilməsi Hökumət üçün prioritet məsələlərdən biri olaraq qalır və Səhiyyə Nazirliyi Poiana Mare Xəstəxanasındakı vəziyyətin tək bir hal olduğunu yəqin etmək üçün bütün eyni tipli tibb müəssisələrində yoxlamalara başlayacaqdır. Poiana Mare Xəstəxanasına gəldikdə isə, pasiyentlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dərhal tədbirlər görülmüş və bu iş xəstəxana tam reabilitasiya olunanadək davam edəcək. 2004-cü il fevralın 25-də səhiyyə naziri Poiana Mare Xəstəxanasında təftiş aparmışdır. İstilik və su sistemlərində, qida hazırlanmasında, tullantıların daşınmasında, yaşayış və sanitariya şəraitində, habelə tibbi yardımın göstərilməsində nöqsanlar aşkar edilmişdir. Tibbi yardımın göstərilməsi ilə bağlı problemlərin əksəriyyəti resursların qıtlığı və zəif idarəçilikdən irəli gəlmişdir. Hökumət aşağı tədbirlərin tələb olunduğunu təsdiq etmişdir: ölümü əvvəlki xəstəliyi və ya ahıl yaşı ilə bağlı olmayan pasiyentlərin ölümü səbəblərinin məhkəmə-tibb mütəxəssisləri tərəfindən müəyyən edilməsi; xəstəxananın 2004-cü il üçün iş planının həyata keçirilməsi; əlavə olaraq ixtisaslaşmış tibb mütəxəssislərinin işə qəbulu; gecə növbəsində işi təşkil etmək üçün həkimlərin iş cədvəlinə yenidən baxılması; ixtisaslaşmış tibbi yardımın müntəzəm qaydada göstərilməsinin təşkili; yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlavə pul vəsaitlərinin ayrılması. Hökumət həmçinin təsdiq etmişdir ki, Səhiyyə Nazirliyinin dövlət katibi və Əlilliyi Olan İnsanların Məsələləri üzrə Milli Orqanın dövlət katibi Poiana Mare Psixiatrik Xəstəxanasında aşkar edilmiş nöqsanlara görə vəzifələrindən azad olunmuş, xəstəxana direktorunu isə vakant vəzifəyə namizədlərin seçilməsi üzrə müsabiqə başa çatmasına qədər müvəqqəti direktor əvəz etmişdir. Hökumət Səhiyyə Nazirliyi nümayəndələrinin 2004-cü il ərzində xəstəxanada hərtərəfli monitorinqi aparacağını və yerli administrasiya təmsilçilərinin xəstəxanadakı vəziyyətin yaxşılaşdırılması üzrə işdə birbaşa iştirak edəcəklərinin təsdiq etmişdir. Nəhayət, Hökumət yaxın zamanda Səhiyyə Nazirliyi tərəfindən bütün digər bu tipli tibb müəssisələrində müstəqil yoxlamaların keçiriləcəyini və gələcəkdə bu kimi halların bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirlərin görüləcəyini təsdiq etmişdir.”
Sağlamlıq hüququ üzrə xüsusi məruzəçi Rumıniyaya 2004-cü ilin avqustunda etdiyi rəsmi səfər zamanı bir neçə psixiatrik müəssisəyə, o cümlədən PMX-yə baş çəkmişdir. Xüsusi məruzəçinin səfərinin nəticələri üzrə 2005-ci il 21 fevral tarixli hesabatın müvafiq hissəsində aşağıdakılar qeyd olunmuşdur:
“61. Missiya zamanı xüsusi məruzəçinin belə mövqeyi formalaşmışdır ki, Hökumətin hüquqi və siyasi öhdəliklərinə baxmayaraq, Rumıniyada əqli pozuntuları olan insanların bir çoxu üçün psixi sağlamlıq hüququnun həyata keçirilməsi reallıqdan daha çox arzu olaraq qalır.
Poiana Mare Psixiatrik Xəstəxanası
...
63. Xüsusi məruzəçi öz missiyası zamanı PMX-yə baş çəkmiş və xəstəxanada 2004-cü ilin fevralından etibarən baş vermiş dəyişiklikləri, habelə yeni direktorun təyin edilməsini müzakirə etmişdir. Xəstəxana direktoru xüsusi məruzəçiyə bildirmişdir ki, Hökumət PMX-yə fəaliyyətinin təkmilləşdirilməsi üçün 5.7 milyard ley məbləğində vəsait ayrılmışdır. Qida məhsullarının alınması üçün ayrılan vəsait artmış, istilik sistemi təmir olunmuş, hal-hazırda palatalarda və xəstəxananın digər yerlərində təmir işləri gedir. Xüsusi məruzəçi bu müsbət dəyişiklikləri alqışlayır və onları təmin edən bütün şəxslərin işini yüksək qiymətləndirir, eyni zamanda o, Hökuməti bu dəyişikliklərin davamlı şəkildə həyata keçirilməsi üçün adekvat resursların ayrılmasını təmin etməyə çağırır. Hökumət həmçinin xəstəxananın müvafiq dərmanlarla təchiz edilməsi, pasiyentlərin adekvat reabilitasiyasının təmin edilməsi, pasiyentlərə səmərəli şikayət vermə mexanizmlərindən yararlanmaq imkanının təqdim edilməsi və xəstəxananın tibbi heyəti üçün insan hüquqları üzrə treninqlərin həyata keçirilməsi da daxil olmaqla zəruri olan digər tədbirləri dəstəkləməlidir. Xüsusi məruzəçi xəstəxanada baş vermiş ölüm halları ilə bağlı istintaqın davam etdiyini bilir. O, PMX-dəki bütün dəyişiklikləri yaxından izləməkdə davam edəcək. Xüsusi məruzəçi bu fürsətdən istifadə edərək, kütləvi informasiya vasitələrinin və QHT-lərin Poiana Mare Xəstəxanası ilə əlaqədar mühüm rolunu vurğulayır.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. 2-Cİ, 3-CÜ VƏ 13-CÜ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTULARI
79. Cənab Kampeanunun adından çıxış edən HRM iddia etmişdir ki, bir sıra dövlət orqanlarının cənab Kampeanunya qayğı göstərilməsi və onun müalicə olunması üzrə hüquqi öhdəliklərinə zidd olaraq yol verdikləri hərəkətlər və hərəkətsizlik nəticəsində o, qanunsuz olaraq həyatdan məhrum edilmişdir. Bununla yanaşı, dövlət orqanları şübhəli ölüm hallarının araşdırılmasına başlanması da daxil olmaqla, tibb müəssisələrinə uzun müddətə yerləşdirilmiş əlilliyi olan insanları hüquqlarının təmin edilməsi üzrə səmərəli mexanizmi nəzərdə tutmamışlar.
Daha sonra, HRM iddia etmişdir ki, cənab Kampeanunun STSM-də və PMX-də aparılmış müalicəsindəki ciddi nöqsanlar, PMX-dəki yaşayış şəraiti, habelə dövlət orqanlarının və cənab Kampeanuya qulluq etməyə və onun müalicəsinə cavabdeh şəxslərin onun ömrünün son aylarında ona qarşı münasibəti birlikdə və ya ayrı-ayrılıqda qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabər olmuşdur. Bundan əlavə həmin iddiaların rəsmi araşdırması dövlətin Konvensiyanın 3-cü maddəsi üzrə prosessual öhdəliyinə zidd olmuşdur.
Konvensiyanın 2-ci və 3-cü maddələri ilə birgə götürülmüş 13-cü maddəsinə gəldikdə isə, HRM bildirmişdir ki, Rumıniyanın milli hüquq sistemində psixiatrik xəstəxanalarda baş vermiş şübhəli ölümlər və/və ya pis rəftara dair iddialar ilə əlaqədar səmərəli müdafiə vasitəsi mövcud olmamışdır.
Konvensiyanın 2-ci, 3-cü və 13-cü maddələrinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulur:
Maddə 2
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. ...”
Maddə 3
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyula bilməz.”
Maddə 13
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Ərizənin qəbuledilənliyi
80. Hökumət HRM-in mərhum Valentin Kampeanunun adından şikayət vermək hüququnun olmadığından şikayətin Konvensiyanın 34-cü maddəsinin müddəalarına ratione personae uyğun olmadığını bildirmişdir. Həmin maddədə deyilir ki:
“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.”
1. Tərəflərin dəlilləri
(a) Hökumət
81. Hökumət bildirmişdir ki, hazırkı işdə Məhkəməyə verilən şikayətə dair Konvensiyanın 34-cü maddəsinin tələblərinə riayət olunmamışdır; bir tərəfdən, HRM-in zərərçəkmiş statusu olmamış, digər tərəfdən isə, bu qurum birbaşa zərərçəkmişin qanuni nümayəndəsi olduğunu nümayiş etdirməmişdir.
Hökumət Məhkəmənin presedent hüququ vasitəsilə Konvensiyanın dinamik və inkişaf etməkdə olan surətdə şərh edildiyindən xəbərdar olduğunu qeyd etmişdir. Buna baxmayaraq, Hökumət bildirmişdir ki, Konvensiya müddəalarının məhkəmə tərəfindən şərh edilməsi yolverilən olsa da, məhkəmə orqanları tərəfindən Konvensiyanın mətninə əlavələr edilməklə qanunyaradıcı fəaliyyətə yol verilə bilməz; bu səbəbdən, Konvensiyanın 34-cü maddəsi belə şərh edilməlidir ki, fərdi şikayət yalnız zərərçəkmişlər olduqlarını iddia edən fiziki şəxslər, QHT-lər və ya fiziki şəxslər qrupları, yaxud ehtimal olunan zərərçəkmişlərin nümayəndələri tərəfindən verilə bilər.
82. Hökumət bildirmişdir ki, HRM hüquqların pozulmasının nə birbaşa qurbanı, nə də dolayı və ya potensial qurbanı hesab edilə bilməz.
Birincisi, hazırkı işdə HRM pozulmuş hüquqların ona mənsub olduğunu iddia etməmiş və bu səbəbdən o, həmin hüquqların pozulmasının birbaşa qurbanı hesab edilə bilməz (Hökumət “Çonka və digərləri və İnsan Hüquqları Liqası Belçikaya qarşı” (Čonka and Others and the Human Rights League v. Belgium (dec.), no. 51564/99, 13 March 2001) işinə istinad etmişdir).
İkincisi, Məhkəmənin presedent hüququna uyğun olaraq, hüquqların pozulmasının dolayı və ya potensial qurbanı hüquqların pozulması riskinin mövcudluğunu, yaxud onun ilə üçüncü tərəf arasında sıx təbii (misal üçün, ailə üzvü) və ya hüquqi (misal üçün, qəyyumluq) bağların mövcudluğuna görə üçüncü tərəfin hüquqlarının pozulmasının ona təsir etdiyini kifayət qədər sübutlarla nümayiş etdirməlidir. Bunu nəzərə alaraq, Hökumət bildirmişdir ki, cənab Kampeanunun çətin vəziyyətinin HRM-in diqqətini cəlb etməsi faktı və HRM-in cənab Kampeanunun işi ilə bağlı milli məhkəmələrə müraciət etmək qərarı HRM-in hüquqların pozulmasının dolayı qurbanına çevrilməsi üçün kifayət etmirdi. Birbaşa qurban ilə HRM arasında sıx bağlar, yaxud HRM-ə cənab Kampeanunu təmsil etmək və ya ona qulluq etmək səlahiyyəti verən hər hansı qərar mövcud olmadığına görə, cənab Kampeanunun şübhəsiz olaraq zəif vəziyyətdə olmasına və ya yetim olmasına və ona qəyyum təyin edilməməsinə baxmayaraq, HRM hüquqların pozulmasının istər birbaşa, istərsə də dolayı qurbanı olduğunu iddia edə bilməzdi (Hökumət müqayisə üçün İnsan Hüquqları üzrə Avropa Komissiyasının “Bekker Danimarkaya qarşı” işi (Becker v. Denmark, no. 7011/75) üzrə 1975-ci il 3 oktyabr tarixli qərarına istinad etmişdir).
83. Bundan əlavə HRM-ə cənab Kampeanu ilə bağlı hər hansı səlahiyyətlərin hər hansı formada verilməsini təsdiq edən sübutlar mövcud olmadığına görə, HRM hüquqların pozulmasının birbaşa qurbanının nümayəndəsi olduğunu da iddia edə bilməzdi (Hökumət İnsan Hüquqları üzrə Avropa Komissiyasının “Skyoldaqer İsveçə qarşı” (Skjoldager v. Sweden, no. 22504/93) işi üzrə 1995-ci il 17 may tarixli qərarına istinad etmişdir).
Hökumət bildirmişdir ki, HRM-in cənab Kampeanunun ölümü ilə bağlı məhkəmə proseslərində iştirakı onun birbaşa qurbanın adından hərəkət etmək hüququnun dövlət orqanları tərəfindən tanınması demək deyildir. Məhkəmə prosesləri çərçivəsində HRM-nin hüquqi statusu zərərçəkmiş tərəfin nümayəndəsi deyil, prokurorun qərarları nəticəsində mənafelərinə zərərin vurulduğu şəxs olmuşdur. Bu baxımdan milli hüququn Rumıniyanın Ali Kassasiya Məhkəməsinin 2006-cı il 15 iyun tarixli qərarında (yuxarıda 44-cü bəndə bax) verilən şərhi milli məhkəmə prosesləri çərçivəsində actio popularis iddiası vermək mümkünlüyünün tanınması ilə məhdudlaşırdı.
84. Hökumət iddia etmişdir ki, hazırkı işi actio popularis olduğuna görə Məhkəmə tərəfindən rədd edilməlidir. Hökumət belə işlərə Məhkəmədə yalnız Konvensiyanın 33-cü maddəsi kontekstində dövlətlərin bir-birinin üzərində nəzarəti həyata keçirmək səlahiyyəti ilə əlaqədar baxıldığını qeyd etmişdir. Hökumət digər beynəlxalq orqanların actio popularis şikayətləri vermək mümkünlüyünü aydın şəkildə istisna etmədiklərini qeyd edərək (Hökumət İnsan Hüquqları üzrə Amerika Konvensiyasının 44-cü maddəsinə istinad etmişdir), hər bir mexanizmin müəyyən hüdud, nöqsan və üstünlüklərə malik olduğunu və tətbiq olunan yanaşmanın müstəsna olaraq Razılığa gələn Tərəflər arasındakı danışıqların nəticəsi olduğunu bildirmişdir.
85. Hökumət daha sonra bildirmişdir ki, Rumıniyanın dövlət orqanları İQK-nin konkret tövsiyələrini nəzərə almış, nəticədə BMT-nin 2013-cü il üzrə Universal Dövri İcmalında Rumıniyada əlilliyi olan insanların vəziyyəti ilə bağlı inkişaf qeyd olunmuşdur. Həmçinin, qəyyumluq və əlilliyi olan insanların hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilik müəyyən qədər təkmilləşdirilmişdir.
Bundan əlavə, ixtisaslaşmış tibb müəssisələrində yerləşdirilmiş zəif pasiyentlərin hüquqları məsələsi artıq Məhkəmənin bir neçə qərarında nəzərdən keçirildiyinə görə (Hökumət “C.B. Rumıniyaya qarşı” (C.B. v. Romania, no. 21207/03, 20 April 2010) işinə və “Stanev Bolqarıstana qarşı” [Böyük Palata] (Stanev v. Bulgaria [GC], no. 36760/06, ECHR 2012) işinə istinad etmişdir), Hökumət iddia etmişdir ki, bu ərizəyə baxılmasının davam etdirilməsi üçün Konvensiyada təsbit edilmiş insan hüquqlarına aid hər hansı xüsusi səbəb mövcud olmamışdır.
(b) HRM
86. HRM hazırkı ərizənin müstəsna hallarının işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirmişdir; Məhkəmə HRM-in hüquqların pozulmasının dolayı qurbanı olması ilə razılaşmaqla, yaxud onun cənab Kampeanunun nümayəndəsi qismində hərəkət etdiyini hesab etməklə məsələni qiymətləndirlə bilər.
87. İnsan hüquqları mənafeləri və Məhkəməyə müraciət etmək imkanını praktiki və səmərəli səkildə təmin etmək zərurətinin bunu tələb etdiyi hallarda Məhkəmənin tətbiq etdiyi qəbuledilənlik meyarlarının çevik surətdə şərh edilməsi prinsipi nəzərə alınaraq, HRM bildirmişdir ki, Məhkəmə onun cənab Kampeanunun adından hərəkət etmək hüququnu tanımalıdır. Belə qərar qəbul edilərkən işin müstəsna halları, cənab Kampeanunun birbaşa, yaxud nümayəndəsi vasitəsilə məhkəmələrə müraciət etmək imkanının olmaması, milli məhkəmələr tərəfindən HRM-in cənab Kampeanunun adından hərəkət etmək hüququnun tanınması, nəhayət, HRM-in əlilliyi olan insanların adından hərəkət etmək təcrübəsinə malik olması faktı nəzərə alınmalıdır.
HRM həmçinin qeyd etmişdir ki, Məhkəmə zərərçəkmişlərin nəzarətindən kənarda olan, lakin barəsində şikayət edilən pozuntulara bağlılığı olan amillərə görə müəyyən qəbuledilənlik meyarlarına riayət etməkdə çətinlik çəkən və yaxud ümumiyyətlə riayət edə bilməyən zərərçəkmişlərin Məhkəməyə müraciət etmək imkanını təmin etmək məqsədi ilə öz qaydalarına dəyişikliklər etmişdir. Belə amillərə gizli müşahidə tədbirlərinin qurbanlarının müvafiq sübutlar toplamaqda çətinlik çəkmələri, yaxud yaşa, cinsə və ya əlilliyə görə zəiflik aiddir (HRM İnsan Hüquqları üzrə Avropa Komissiyasının “S.P., D.P. və A.T. Birləşmiş Krallığa qarşı” (S.P., D.P. and A.T. v. the United Kingdom, no. 23715/94) işi üzrə 1996-cı il 20 may tarixli qərarına, Məhkəmənin “Ştork Almaniyaya qarşı” (Storck v. Germany, no. 61603/00, ECHR 2005‑V) və “Öcalan Türkiyəyə qarşı” [Böyük Palata] (Öcalan v. Turkey [GC], no. 46221/99, ECHR 2005‑IV) işləri üzrə qərarlarına istinad etmişdir).
Məhkəmə həmçinin “insan hüquqları mənafeləri”ni rəhbər tutaraq “zərərçəkmiş statusu” qaydasından kənarlaşırdı. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, onun qərarları yalnız Məhkəmədə baxılan işlərin həll edilməsinə deyil, daha geniş mənada “Konvensiyanın təsbit etdiyi qaydaların dəqiqləşdirilməsi, qorunması və inkişaf etdirilməsinə, bununla da dövlətlərin Razılığa gələn Tərəflər qismində öz üzərlərinə götürdükləri öhdəliklərə riayət etmələrinə töhfə verilməsinə” xidmət edir (HRM “Karner Avstriyaya qarşı” (Karner v. Austria, no. 40016/98, § 26, ECHR 2003‑IX) işinə istinad etmişdir).
HRM daha sonra bildirmişdir ki, dövlətin Konvensiyanın 2-ci maddəsindən irəli gələn, ərizəçinin yaxın qohumlarının olub-olmamasından və ya onların ərizəçinin adından araşdırmada iştirak etmək niyyətində olub-olmamalarından asılı olmayan müəyyən öhdəlikləri vardır. Bundan əlavə, dövlət tərəfindən Konvensiyanın 2-ci maddəsindən irəli gələn öhdəliklərinə riayət olunması üzərində nəzarətin yaxın qohumların mövcudluğu ilə şərtləndirilməsi Konvensiyanın 19-cu maddəsinin tələblərinin pozulması riskini yarada bilər.
88. HRM İnsan Hüquqları üzrə Amerikalararası Komissiyanın və İnsan və Xalqlar Hüquqları üzrə Afrika Komissiyasının təcrübəsinə istinad etmişdir. Həmin qurumlar müstəsna hallarda, zərərçəkmişlərin özləri şikayət verə bilmədikdə, digər şəxslərin ehtimal olunan zərərçəkmişlərin adından verdikləri şikayətlərə baxırdılar. Belə vəziyyətdə QHT-lər ən fəal insan hüquqları müdafiəçilərindən olmuşdur; onların belə zərərçəkmişlərin adından və ya onlara dəstək olaraq məhkəməyə müraciət etmək hüququ Avropa Şurasının bir çox üzv dövlətlərində tanınır (Avropa İttifaqının Əsas Hüquqlar üzrə Agentliyinin “Avropada ədalət mühakiməsinin çatımlığı: çağırışların və imkanların icmalı” adlanan 2011-ci ilin hesabatına uyğun olaraq).
89. Hazırkı işin xüsusiyyətlərinə gəldikdə isə, HRM vurğulamışdır ki, HRM-in əməkdaşlarının PMX-yə baş çəkdikləri zaman cənab Kampeanunu görüb onun ağır vəziyyətinə şahid olmaları locus standi məsələsinin qiymətləndirilməsi üçün əhəmiyyətli amillərdən biridir. Beləliklə, HRM təxirə salınmadan tədbirlər görmüş və müxtəlif dövlət orqanlarına müraciət edib onları cənab Kampeanunun ağır vəziyyətindən çıxış yolunu tapmağa çağırmışdır. Bu kontekstdə assosiasiyanın əlilliyi olan insanların hüquqlarının müdafiəsi sahəsində böyük təcrübəsi əhəmiyyətli rol oynamışdır.
HRM onun məhkəməyə müraciət etmək hüququnun milli səviyyədə tanındığını qeyd edərək bildirmişdir ki, Məhkəmə əlilliyi olan insanların adından məhkəməyə müraciət etmək hüququnun kimə mənsub olduğunu müəyyən etmək məqsədi ilə bir çox hallarda təmsilçiliyə dair milli prosessual normaları nəzərə almışdır (HRM “Qlass Birləşmiş Krallığa qarşı” (Glass v. the United Kingdom, no. 61827/00, ECHR 2004‑II) işinə istinad etmişdir). Bundan əlavə, Məhkəmə dövlət orqanları tərəfindən prosessual qaydaların əlilliyi olan insanların məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnən qeyri-çevik surətdə tətbiq edildiyi hallarda pozuntulara yol verildiyini müəyyən etmişdir (bax, misal üçün: “X və Y Niderlanda qarşı” (X and Y v. the Netherlands, 26 March 1985, Series A no. 91)).
Bu kontekstdə HRM iddia etmişdir ki, milli orqanlara müraciət etməsi ilə bağlı təşəbbüsləri bu yaxınlarda baxılmış, əlilliyi olan on beş uşaq və yeniyetmənin sosial internatda ölümünə dair “Nençeva və digərləri Bolqarıstana qarşı” (Nencheva and Others v. Bulgaria (no. 48609/06, 18 June 2013) işindəki ərizəçi QHT-nin hərəkətlərindən əhəmiyyətli dərəcədə fərqlənirdi. Həmin işdə Məhkəmə özlərini müdafiə edə bilməyən insanların təmsil olunmaq imkanının təmin edilməsinin müstəsna tədbirləri tələb edə biləcəyini ümumi şəkildə bildirsə də, Avropa İnteqrasiyası və İnsan Hüquqları naminə Assosiasiyanın əvvəllər milli səviyyədə şikayət vermədiyini qeyd etmişdir. Bu səbəbdən Məhkəmə şikayəti həmin QHT ilə bağlı hissədə Konvensiyanın müddəalarına ratione personae uyğun olmayan kimi rədd etmişdir (həmin yerdə, 93-cü bənd).
90. HRM Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının əlilliyi olan insanların məhkəməyə müraciət etməkdə rast gəldikləri çətinliklərin vurğulandığı hesabata, habelə BMT-nin işgəncə üzrə xüsusi məruzəçisinin dövlət tibb müəssisələrində saxlanılan əlilliyi olan insanlara qarşı pozuntuların bir çox hallarda “gözə görünməyən qalmaları” ilə bağlı narahatlığına istinad edərək, “insan hüquqları mənafeləri”nin hazırkı işə mahiyyət üzrə baxılmasının tələb etdiyini bildirmişdir.
Daha sonra HRM oxşar işlərdə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasının müəyyən edilməsi üçün faydalı hesab etdiyi aşağıdakı bir neçə meyar göstərmişdir: zərərçəkmişin şikayət vermək imkanından potensial olaraq tamamilə məhrum olacağına səbəb ola biləcək zəif vəziyyətdə olması; zərərçəkmiş tərəfindən daxili hüquq vasitələrindən istifadə etməsinin qarşısını alan azadlıqdan məhrum etmə və ya vəkillə, yaxud yaxın qohumlarla əlaqə saxlamaq imkanının olmaması kimi praktiki və ya təbii maneələr; xüsusən Konvensiyanın 2-ci maddəsi ilə bağlı olan işlərdə pozuntunun təbiəti (birbaşa zərərçəkmişin üçüncü tərəfə yazılı etibarnamə vermək imkanı olmadıqda); zərərçəkmişin səmərəli təmsilçiliyini təmin edən adekvat alternativ institusional mexanizmlərin mövcud olmaması; məhkəməyə müraciət etmək hüququna malik olmasını iddia edən üçüncü tərəf ilə birbaşa zərərçəkmiş arasında bağların təbiəti; məhkəməyə müraciət etmək hüququnda dair əlverişli milli normaların mövcudluğu; şikayətin ümumi xarakterli ciddi məsələlərə aid olub-olmaması.
91. Yuxarıda qeyd edilən meyarlar, habelə birbaşa zərərçəkmiş olan cənab Kampeanunun həm ölümündən qabaq – onun PMX-dən keçirilməsindən şikayət verməklə, həm ölümündən dərhal sonra və sonrakı dörd ilə ərzində - ölümünə cavabdehlərin cəzalandırılması məqsədilə milli məhkəmələrə müraciət etməklə onun adından hərəkət etməsi faktı nəzərə alınmaqla, HRM Məhkəməyə şikayət vermək hüququna malik olduğunu iddia etmişdir.
Nəhayət, HRM bildirmişdir ki, onun cənab Kampeanunun adından hərəkət etmək hüququnun tanınmaması Hökumətə Məhkəmənin nəzarətindən yayınmaq üçün vəziyyətdən yararlanmağa imkan verəcək, bu da cəmiyyətin ən zəif üzvlərinin Məhkəməyə müraciət etmələrini çətinləşdirəcək.
(c) Üçüncü tərəflərin dəlilləri
(i) Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı
92. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının Məhkəmədə işə baxılmasında iştirakı hazırkı ərizənin qəbuledilənliyi məsələsi ilə məhdudlaşmışdır. Komissar bildirmişdir ki, xüsusən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi prosedurlarının qeyri-adekvat olması və hüquqi statusu məhdudlaşdıran normalar nəzərə alınmaqla, əlilliyi olan insanların məhkəməyə müraciət etmək imkanı problematik olaraq qalır. Nəticədə, əlilliyi olan insanlara qarşı tez-tez yol verilən pozuntular barədə məlumatlar bir çox hallarda dövlət orqanlarına çatdırılmır və onlara əhəmiyyət verilmir və onlar cəzasızlıq ab-havasında törədilir. QHT-lər belə pozuntuların qarşısının alınmasında və onlara son qoyulmasında, o cümlədən zəif vəziyyətdə olan insanlara məhkəməyə müraciət etmək hüququnu həyata keçirməkdə yardım göstərməklə mühüm rol oynayırlar. Bu fonda QHT-lərə əlilliyi olan insanların adından Məhkəməyə müraciət etmək hüququnun verilməsi Konvensiyanın təməlində duran səmərəlilik prinsipinə, habelə bir çox Avropa ölkələrində milli səviyyədə mövcud tendensiyalara və İnsan Hüquqları üzrə Amerikalararası Məhkəmə kimi digər beynəlxalq məhkəmələrin presedent hüququna tam uyğundur. Qeyd edilən Məhkəmə QHT-lərə hətta zərərçəkmişlər onları öz nümayəndələri təyin etmədikləri hallarda da ehtimal olunan zərərçəkmişlərin adından məhkəməyə müraciət etmək hüququnu vermişdir (misal üçün, “Yatama Nikaraquaya qarşı” (Yatama v. Nicaragua) işi üzrə 2005-ci il 23 iyun tarixli qərarda).
Komissarın fikrinə görə, əlilliyi (bu halda əqli əlilliyi) olan insanlara münasibətdə məhkəməyə müraciət etmək hüququnun tələblərinə formal yanaşma arzuolunmaz nəticələrə, yəni bu zəif qrupun onların pozulmuş insan hüquqlarının bərpasını tələb etmək və ona nail olmaq imkanından məhrum olunmasına səbəb olacaq, bu səbəbdən belə yanaşma Konvensiyanın fundamental məqsədlərinə zidd olacaq.
93. Komissar həmçinin bildirmişdir ki, Məhkəmə tərəfindən müəyyən edilməli olan müstəsna hallarda QHT-lər ehtimal olunan pozuntu nəticəsində birbaşa zərər çəkmiş, kimliyi müəyyən edilmiş qurbanların adından şikayət vermək hüququna malik olmalıdırlar. Belə müstəsna hallar xüsusilə zəif zərərçəkmişləri, misal üçün, psixiatrik və sosial müəssisələrdə saxlanılan, qohumları və ya digər nümayəndələri olmayan şəxsləri əhatə edə bilər. Belə şəxslərin adından kifayətedici əlaqənin yaradıldığı digər şəxs və ya təşkilat tərəfindən verilmiş ərizələr ümumi mənafelərlə bağlı mühüm məsələlərə aid olmalıdır.
Belə yanaşma QHT-lərin məhkəməyə müraciət etmək hüququnun genişlənməsinə və onların əlilliyi olan insanların hüquqları sahəsində dəyərli töhfəsinin tanınmasına doğru Avropa tendensiyasına uyğundur; eyni zamanda, bu yanaşma Məhkəmənin son illər ərzində o cümlədən QHT-lərin töhfəsinə görə əhəmiyyətli dərəcədə inkişaf etmiş presedent hüququna da uyğundur.
(ii) Bolqarıstan Helsinki Komitəsi
94. Bolqarıstan Helsinki Komitəsi bildirmişdir ki, onun insan hüquqları sahəsində fəaliyyət göstərən QHT kimi əldə etdiyi geniş təcrübəyə əsasən, QHT-lər xüsusi müəssisələrdə saxlanılan əlilliyi olan insanların adından hüququ vasitələrdən istifadə edərək hərəkət etdikləri hallar istisna olmaqla, bu insanlar cinayət qanununun müdafiəsindən məhrum olunmuşlar. Hətta göstərilən hallarda əldə edilən praktiki nəticələr kifayətedici deyildir, çünki hazırda tez-tez prosessual əsaslara görə məhkəməyə müraciət etmək hüququndan məhrum edilən belə zərərçəkmişlərin məhkəməyə müraciət etmək imkanı məhdud olaraq qalır. Nəticədə xüsusi müəssisələrdə saxlanılan əqli pozuntuları olan şəxslərə qarşı cinayətlərə münasibətdə onların qarşısının alınmasının, cəzalandırılmasının və onlara görə kompensasiyaların təmin edilməsinə yönəlmiş qanunlar işləmir.
(iii) Ruhi Xəstələrin Hüquqlarının Müdafiəsi Mərkəzi
95. Ruhi Xəstələrin Hüquqlarının Müdafiəsi Mərkəzi bildirmişdir ki, Məhkəmə tərəfindən bir neçə işdə (misal üçün yuxarıda qeyd edilən Stanev işində) araşdırılmış əqli pozuntuları olan şəxslərin məhkəməyə müraciət etmələrinin faktiki və ya hüquqi cəhətdən mümkün olmaması məsələsi son nəticədə onların hüquqlarının pozulmasına görə cəzasızlığa gətirib çıxara bilər. Zəif zərərçəkmişlərin fəaliyyət qabiliyyətindən məhrum olunduqları və/və ya dövlət tibb müəssisələrindən saxlandıqları hallarda dövlət onlara hüquqi məsələlərdə, o cümlədən onların insan hüquqlarının müdafiəsi məsələsində yardım göstərməməklə onların həyatının qorunması üzrə məsuliyyətdən “yayına” bilər. Mərkəz QHT-lərdən başqa heç kimin ictimai mənafe məsələsi ilə əlaqədar məhkəməyə müraciət edə bilmədiyi hallarda onlara belə hüququn verilməsi ilə bağlı Kanada, İrlandiya, İngiltərə və Uels ali məhkəmələrinin presedent hüququna istinad etmişdir. Qeyd edilən məhkəmələrin QHT-lərin məhkəməyə müraciət etmək hüququ ilə bağlı qərarları işin əhəmiyyətli məsələyə aid olub-olmaması, ərizəçinin işə baxılmasında həqiqi marağın olub-olmaması, ərizəçinin müvafiq sahədə təcrübəsinin olub-olmamsı və məhkəməyə şikayət vermək üçün digər ağlabatan və səmərəli vasitələrin olub-olmaması məsələlərinin qiymətləndirilməsinə əsaslanırdı.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Məhkəmənin əvvəlki işlərdə tətbiq etdiyi yanaşma
(i) Birbaşa zərərçəkmişlər
96. Fiziki şəxs Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq şikayət vermək üçün barəsində şikayət edilən tədbirin ona “birbaşa təsir etdiyini” nümayiş etdirməlidir (bax: “Burden Birləşmiş Krallığa qarşı” [Böyük Palata] (Burden v. the United Kingdom [GC], no. 13378/05, § 33, ECHR 2008) və “İlhan Türkiyəyə qarşı” (İlhan v. Turkey [GC], no. 22277/93, § 52, ECHR 2000‑VII)). Bu, Konvensiyanın müdafiə mexanizminin hərəkətə gətirilməsi üçün zəruri şərtlərdən biridir, lakin bu meyar qeyri-çevik və mexaniki surətdə tətbiq edilməməlidir (bax: yuxarıda qeyd edilən Karner işinin 25-ci bəndi, habelə “Feyrfild və digərləri Birləşmiş Krallığa qarşı” (Fairfield and Others v. the United Kingdom (dec.), no. 24790/04, ECHR 2005‑VI)).
Bundan əlavə, Məhkəmənin təcrübəsinə və Konvensiyanın 34-cü maddəsinə müvafiq olaraq şikayətlər yalnız sağ olan şəxslər tərəfindən, yaxud onların adından verilə bilər (bax: “Varnava və digərləri Türkiyəyə qarşı” [Böyük Palata] (Varnava and Others v. Turkey [GC], nos. 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 and 16073/90, § 111, ECHR 2009)). Belə ki, birbaşa zərərçəkmişin ərizənin verilməsindən qabaq öldüyü bir neçə işdə Məhkəmə birbaşa zərərçəkmişin, onun təmsil olunmasına baxmayaraq, Konvensiyanın 34-cü maddəsinin məqsədləri üçün ərizəçi ola bilməsini qəbul etməmişdir (bax: “Ayzpurua Ortiz və digərləri İspaniyaya qarşı” (Aizpurua Ortiz and Others v. Spain, no. 42430/05, § 30, 2 February 2010), “Dvoraçek və Dvoraçkova Slovakiyaya qarşı” (Dvořáček and Dvořáčková v. Slovakia, no. 30754/04, § 41, 28 July 2009) və “Kaya və Polat Türkiyəyə qarşı” (Kaya and Polat v. Turkey (dec.), nos. 2794/05 and 40345/05, 21 October 2008)).
(ii) Dolayı zərərçəkmişlər
97. Yuxarıda göstərilənlər ilə eyni tipli işlər ərizəçinin varislərinə Məhkəməyə artıq verilmiş ərizə üzrə işdə iştirakına icazənin verildiyi işlərdən fərqləndirilməlidir. Bu məsələ üzrə nüfuzlu qərar yuxarıda qeyd edilən “Feyrfild və digərləri” işi üzrə qərardır. Həmin işdə atasının ölümündən sonra onun qızı şikayət verib atasının fikir, din və ifadə azadlığı hüquqlarının (Konvensiyanın 9-cu və 10-cu maddələri) pozulmasını iddia etmişdir. Milli məhkəmələr xanım Feyrfildin atasının ölümündən sonra işin baxılmasında iştirakına icazə versələr də, Məhkəmə onun zərərçəkmiş statusunu qəbul etməmiş və bu işi “Dalban Rumıniyaya qarşı” [Böyük Palata] (Dalban v. Romania ([GC], no. 28114/95, ECHR 1999‑VI)) işindən fərqləndirmişdir. Sonuncu işdə ərizəçinin özü Məhkəməyə ərizə ilə müraciət etmiş, onun dul arvadı isə işin baxılmasında yalnız ərinin ölümündən sonra iştirak etmişdir.
Bu baxımdan Məhkəmə birbaşa zərərçəkmişin ərizənin Məhkəməyə verilməsindən sonra öldüyü işlər ilə zərərçəkmişin bundan əvvəl öldüyü işlər arasında fərq qoyur.
Ərizəçi ərizənin verilməsindən sonra öldüyü hallarda, Məhkəmə onun yaxın qohumunun və ya varisinin, onların işə baxılmasında kifayət qədər maraqlı olmaları şərti ilə, prinsip etibarilə işə baxılmasında iştirak edə bilməsini qəbul etmişdir (bax, misal üçün: ərizəçinin dul arvadı və uşaqları – “Raymondo İtaliyaya qarşı” (Raimondo v. Italy, 22 February 1994, § 2, Series A no. 281‑A) və “Stoykoviç “Keçmiş Yuqoslav Respublikası Makedoniya”ya qarşı” (Stojkovic v. “the former Yugoslav Republic of Macedonia”, no. 14818/02, § 25, 8 November 2007); ərizəçinin valideynləri – “X Fransaya qarşı” (X v. France, no. 18020/91, § 26, 31 March 1992); ərizəçinin qardaşı oğlu və potensial varisi – “Malhous Çex Respublikasına qarşı” (Malhous v. the Czech Republic (dec.), no. 33071/96, ECHR 2000‑XII); ərizəçi ilə nikahda olmayan və ya potensial partnyor – “Velikova Bolqarıstana qarşı” (Velikova v. Bulgaria (dec.), no. 41488/98, 18 May 1999); və əks misallar, ölmüş şəxs ilə bağları olmayan universal varis – “Tevanon Fransaya qarşı” (Thévenon v. France (dec.), no. 2476/02, ECHR 200–III); ərizəçinin qardaşı qızı – “Lejer Fransaya qarşı” (Léger v. France (striking out) [GC], no. 19324/02, § 50, 30 March 2009); Konvensiyanın 3-cü və 8-ci maddələrində təsbit edilmiş özgəninkiləşdirilməyən hüquqlar ilə bağlı olan və ümumi mənafelərə toxunmayan iş üzrə ərizəçilərdən birinin qızı – “M.P. və digərləri Bolqarıstana qarşı” (M.P. and Others v. Bulgaria, no. 22457/08, §§ 96-100, 15 November 2011)).
98. Lakin birbaşa zərərçəkmiş ərizənin Məhkəməyə verilməsindən əvvəl öldükdə vəziyyət dəyişir. Belə işlərdə Məhkəmə “zərərçəkmiş” anlayışının avtonom şərhinə istinadən ərizəçinin qohumunun məhkəməyə müraciət etmək hüququna malik olmasını o halda qəbul edə bilər ki, şikayətlər “insan hüquqlarına hörmət olunması” ilə bağlı ümumi mənafe məsələsinə (Konvensiyanın 37-ci maddəsinin 1-ci hissəsinin sonuncu cümləsi) aid olsun və ərizəçilərin varislər qismində işdə iştirakında qanuni marağı mövcud olsun, yaxud baxılan məsələn ərizəçilərin öz hüquqlarına birbaşa təsir göstərmiş olsun (bax: “Mikaleff Maltaya qarşı” [Böyük Palata] (Micallef v. Malta [GC], no. 17056/06, §§ 44-51, ECHR 2009) və “Mari-Luiz Loyen və Brünel Fransaya qarşı” (Marie-Louise Loyen and Bruneels v. France, no. 55929/00, §§ 21-31, 5 July 2005)). Sonuncu işlərə gəldikdə isə qeyd etmək olar ki, onlar birbaşa zərərçəkmişin özünün sağ olduğu zaman iştirak etdiyi ölkədaxili məhkəmə proseslərindən sonra və ya bu proseslər ilə əlaqədar Məhkəməyə verilmişdir.
Beləliklə, Məhkəmə zərərçəkmişin dövlətin cavabdehliyinin ehtimal olunduğu şəraitdə öldüyü və ya itkin düşdüyü hallarda onun yaxın qohumunun məhkəməyə müraciət etmək hüququnu tanımışdır (bax: “Çakıcı Türkiyəyə qarşı” [Böyük Palata] (Çakıcı v. Turkey [GC], no. 23657/94, § 92, ECHR 1999‑IV) və “Bazorkina Rusiyaya qarşı” (Bazorkina v. Russia (dec.), no. 69481/01, 15 September 2005)).
99. Yuxarıda qeyd edilən “Varnava və digərləri” işində ərizəçilər həm öz adından, həm də onların itkin düşmüş qohumlarının adından şikayətlər vermişlər. Məhkəmə yoxa çıxmış şəxslərə ərizəçi statusunun verilib-verilməməsi məsələsinə dair qərar qəbul edilməsinə ehtiyac olmadığını hesab etmişdir, ona görə ki, itkin düşmüş şəxslərin yaxın qohumlarına bu şəxslərin yoxa çıxmasına dair şikayət vermək hüququ artıq verilmişdir (həmin yerdə, 112-ci bənd). Məhkəmə itkin düşmüş şəxslərin qohumlarının Konvensiyanın 34-cü maddəsinin məqsədləri üçün ərizəçilər olmaları əsasında işə baxmışdır.
100. Konvensiyanın ehtimal olunan pozulma hallarının 2-ci maddədən irəli gələn məsələləri doğuran itkin düşmə və ya ölüm ilə bağlı olmadıqları işlərdə, məsələn, özünüöldürmədə köməyin qadağan olunması ilə bağlı olan “Sanles Sanles İspaniyaya qarşı” (Sanles Sanles v. Spain ((dec.), no. 48335/99, ECHR 2000‑XI)) işində Məhkəmənin yanaşması daha da məhdudlaşdırıcı xarakterli olmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Konvensiyanın 2-ci, 3-cü, 5-ci, 8-ci, 9-cu və 14-cü maddələrində təsbit olunmuş və ərizəçinin pozulduğunu iddia etdiyi hüquqlar özgəninkiləşdirilməyən hüquqlar kateqoriyasına aid olduğu üçün mərhum zərərçəkmişin qardaşının arvadı və zərərçəkmişin qanuni varisi olan ərizəçin mərhum kürəkəni adından zərərçəkmiş olmasını iddia edə bilməz. Məhkəmə ehtimal olunan zərərçəkmişin qızı tərəfindən Konvensiyanın 9-cu və 10-cu maddələri ilə əlaqədar verilmiş şikayətlərə dair işdə (bax: yuxarıdan qeyd edilən “Feyrfild və digərləri”) eyni nəticəyə gəlmişdir.
Konvensiyanın 5-ci, 6-cı və ya 8-ci maddələri ilə bağlı şikayətlər üzrə digər işlərdə Məhkəmə yaxın qohumlara zərərçəkmiş statusu verib onlara aşağıdakı hallarda şikayət verməyə icazə vermişdir: onlar mərhum zərərçəkmişə qarşı bütün ittihamların ləğv edilməsində mənəvi marağını nümayiş etdirdikdə (bax: “Nölkenbokhof Almaniyaya qarşı” (Nölkenbockhoff v. Germany, no. 10300/83, § 33, 25 August 1987) və “Qradinar Moldovaya qarşı” (Grădinar v. Moldova, no. 7170/02, §§ 95 and 97-98, 8 April 2008)) və ya onlar özlərinin, yaxud ailəsinin nüfuzunu qorumaq üçün şikayət verdikdə (bax: “Brudniçka və digərləri Polşaya qarşı” (Brudnicka and Others v. Poland, no. 54723/00, §§ 27-31, ECHR 2005‑II); “Armoniyene Litvaya qarşı” (Armonienė v. Lithuania, no. 36919/02, § 29, 25 November 2008) və “Polanko Torres və Movilla Polanko İspaniyaya qarşı” (Polanco Torres and Movilla Polanco v. Spain, no. 34147/06, §§ 31-33, 21 September 2010)), yaxud onlar öz əmlak hüquqlarına birbaşa təsirin olması səbəbindən maddi marağının mövcudluğunu nümayiş etdirdikdə (bax: “Ressegatti İşveçrəyə qarşı” (Ressegatti v. Switzerland, no. 17671/02, §§ 23-25, 13 July 2006) və yuxarıda qeyd edilən “Mari-Luiz Loyen və Brünel”, 29-30-cu bəndlər, “Nölkenbokhof”, 33-cü bənd), “Qradinar”, 97-ci bənd və “Mikaleff”, 48-ci bənd). Şikayətlərə baxılmasının zəruriliyini şərtləndirən ümumi xarakterli marağın mövcudluğu həmçinin nəzərə alınmışdır (bax: yuxarıda qeyd edilən “Mari-Luiz Loyen və Brünel”, 29-cu bənd, “Ressegatti”, 26-cı bənd, “Mikaleff” 46-cı və 50-ci bəndlər və “Biç və digərləri Türkiyəyə qarşı” (Biç and Others v. Turkey, no. 55955/00, §§ 22-23, 2 February 2006)).
Ərizəçinin ölkədaxili məhkəmə proseslərində iştirakı yalnız bir neçə müvafiq meyarlardan biri hesab edilmişdir (bax: yuxarıda qeyd edilən “Nölkenbokhof”, 33-cü bənd; “Mikaleff”, 48-49-cu bəndlər; “Polanko Torres və Movilla Polanko”, 31-ci bənd və “Qradinar”, 98-99-cu bəndlər, habelə “Kaburov Bolqarıstana qarşı” (Kaburov v. Bulgaria (dec.), no. 9035/06, §§ 52-53, 19 June 2012) ).
(iii) Potensial zərərçəkmişlər və actio popularis
101. Konvensiyanın 32-cü maddəsi Konvensiyanın pozulması ilə bağlı abstrakt şikayətlərin verilməsini nəzərdə tutmur. Konvensiya actio popularis mexanizmini də nəzərdə tutmur (bax: “Klass və digərləri Almaniyaya qarşı” (Klass and Others v. Germany, 6 September 1978, § 33, Series A no. 28), “Gürcüstan Leyborist Partiyası Gürcüstana qarşı” (The Georgian Labour Party v. Georgia (dec.), no. 9103/04, 22 May 2007) və yuxarıda qeyd edilən “Burden”, 33-cü bənd) - bu o deməkdir ki, ərizəçilər sadəcə milli hüquq normasının, milli təcrübənin və ya dövlət aktlarının Konvensiyaya zidd olduğunu iddia edib onlardan şikayət edə bilməzlər.
Ərizəçilər zərərçəkmiş statusuna iddia etmək üçün şəxsən onlara təsir edəcək pozuntunun baş verəcəyi ehtimalının ağlabatan və inandırıcı sübutlarını təqdim etməlidirlər; bu baxımdan yalnız şübhələr və ya ehtimallar kifayət etməyəcək (bax: İnsan Hüquqları üzrə Avropa Komissiyasının “Tauyra və digər 18 nəfər Fransaya qarşı” işi üzrə 1995-ci il 4 dekabr tarixli qərarı (Tauira and 18 Others v. France, application no. 28204/95, Decisions and Reports (DR) 83-B, p. 131) və “Monnat İsveçrəyə qarşı” (Monnat v. Switzerland, no. 73604/01, §§ 31-32, ECHR 2006-X)).
(iv) Təmsilçilik
102. Məhkəmənin formalaşmış presedent hüququna uyğun olaraq (yuxarıda 96-cı bəndə bax), şikayətlər Məhkəməyə yalnız sağ olan ərizəçilər tərəfindən və ya onların adından verilə bilər.
Ərizəçilər özləri şikayət vermək əvəzinə Məhkəmə Qaydalarının 36-cı qaydasının 1-ci hissəsinə əsasən təmsil olunmalarını seçdikdə, 45-ci qaydanın 4-cü hissəsi onlardan imzalanmış yazılı etibarnamə vermələrini tələb edir. Nümayəndə onun Məhkəmədə təmsil edəcəyi, Konvensiyanın 34-cü maddəsi baxımından ehtimal olunan zərərçəkmişdən dəqiq və ətraflı göstərişlərin aldığını nümayiş etdirməlidir (bax: “Post Niderlanda qarşı” Post v. the Netherlands (dec.), no. 21727/08, 20 January 2009); etibarnamənin etibarlılığı ilə bağlı bax: “Əliyev Gürcüstana qarşı” (Aliev v. Georgia, no. 522/04, §§ 44-49, 13 January 2009)).
103. Lakin Konvensiya əsasında yaradılmış qurumlar öz qərarlarında belə qənaətə gəlmişlər ki, Konvensiyanın 2-ci, 3-cü və 8-ci maddələrinin pozulması qurbanlarının dövlət orqanlarının nəzarəti altında olmaları faktı xüsusi mülahizələrə yol aça bilər.
Belə hallarda fiziki şəxslər tərəfindən zərərçəkmiş(lər) adından verilən ərizələr, hətta müvafiq etibarnamə təqdim edilməsə də, qəbuledilən hesab edilmişdir. Zərərçəkmişlərin yaşa, cinsə və ya əlilliyə görə zəif vəziyyətinin onları Məhkəməyə ərizə vermək imkanından məhrum etməsi faktına xüsusi diqqət yetirilirdi. Eyni zamanda, ərizə verən şəxs ilə zərərçəkmiş arasındakı bağlar də nəzərə alınırdı (bax: yuxarıda qeyd edilən “İlhan”, 55-ci bənd – bu işdə şikayət ərizəçinin pis rəftara məruz qalmış qardaşı adından verilmişdir; “Y.F. Türkiyəyə qarşı” (Y.F. v. Turkey, no. 24209/94, § 29, ECHR 2003–IX) – bu işdə ər arvadının ginekoloji müayinədən keçməyə məcbur olunduğundan şikayət etmişdir; və yuxarıda qeyd edilən “S.P., D.P. və A.T. Birləşmiş Krallığa qarşı” – bu işdə şikayət uşaqları ölkədaxili məhkəmə proseslərində təmsil etmiş və qəyyum tərəfindən təyin edilmiş vəkil tərəfindən onların adından verilmişdir).
Bunun əksinə, Məhkəmə yuxarıda qeyd edilən “Nençeva və digərləri” işində (yuxarıda 93-cü bəndə bax) birbaşa zərərçəkmişlərin adından çıxış edən ərizəçi olan assosiasiyanın zərərçəkmiş statusunu qəbul etməmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin assosiasiya milli məhkəmələrdəki proseslərdə iştirak etməmiş və barəsində şikayət edilən faktların onun fəaliyyətinə hər hansı təsiri olmamışdır, çünki o, öz məqsədlərinə nail olmaq üçün işini davam etdirirdi. Məhkəmə bəzi zərərçəkmişlərin qohumlarının məhkəməyə müraciət etmək hüququnu tanısa da, Məhkəmədəki araşdırmada öz adından çıxış edə bilməyən zərərçəkmişlərin təmsilçiliyi məsələsini açıq qoymuş, bununla da o, müstəsna halların müstəsna tədbirləri tələb edə bilməsi ilə razılaşmışdır.
(b) HRM-in hazırkı iş üzrə şikayət vermək hüququnun olub-olmaması
104. Hazırkı iş cənab Kampeanu – yaxın qohumları olmayan, ağır əqli pozuntuları olan və İİV infeksiyasına yoluxmuş, Roma etnik qrupuna mənsub çox zəif bir gəncin məsələsi ilə bağlıdır. O, ömrü boyu dövlət orqanlarının himayəsində olmuş və ehtimal olunan səhlənkarlıq nəticəsində xəstəxanada ölmüşdür. Ölümündən sonra ərizəçi olan assosiasiya (HRM) digər məsələlərlə yanaşı cənab Kampeanunun ölümünün halları ilə bağlı Məhkəməyə şikayət vermişdir. Bununla belə, assosiasiya cənab Kampeanunun sağ olduğu dövrdə onunla hər hansı əhəmiyyətli əlaqə qurmamış və nə cənab Kampeanudan, nə də hər hansı başqa səlahiyyətli şəxs tərəfindən etibarnamə və ya göstərişlər almamışdır.
105. Məhkəmənin fikrincə, bu işi yuxarıda qeyd-edilən presedent hüququ ilə əhatə olunan kateqoriyalardan birinə aid etmək asan deyildir və bu səbəbdən o, HRM-in statusuna münasibətdə Konvensiya müddəalarının şərhi ilə bağlı çətin məsələni gündəmə gətirir. Məhkəmə həmin məsələni nəzərdən keçirərkən Konvensiyanın nəzəri və xəyali deyil, praktiki və səmərəli hüquqları təmin edən sənəd kimi şərh edilməli olduğu faktını nəzərə alır (bax: “Artiko İtaliyaya qarşı” (Artico v. Italy, 13 May 1980, Series A no. 37), 33-cü bənd və həmin bənddə istinad edilən mənbələr). Məhkəmə həmçinin nəzərə almalıdır ki, onun qərarları “yalnız Məhkəmədə baxılan işlərin həll edilməsinə deyil, daha geniş mənada Konvensiyanın təsbit etdiyi qaydaların dəqiqləşdirilməsi, qorunması və inkişaf etdirilməsinə, bununla da dövlətlərin Razılığa gələn Tərəflər qismində öz üzərlərinə götürdükləri öhdəliklərə riayət etmələrinə töhfə verilməsinə xidmət edir” (bax: “İrlandiya Birləşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, § 154, Series A no. 25) və “Konstantin Markin Russiyaya qarşı” [Böyük Palata] (Konstantin Markin v. Russia [GC], no. 30078/06, § 89, ECHR 2012)). Eyni zamanda, “zərərçəkmiş” statusu və “məhkəməyə müraciət etmək hüququ”nun anlayışı ilə bağlı yuxarıda qeyd edilən presedent hüququnda əks olunduğu kimi, Məhkəmə ona müraciət etmək hüququnu tənzimləyən qəbuledilənlik şərtlərinin ardıcıl surətdə şərh edilməsini təmin etməlidir.
106. Məhkəmə cənab Kampeanunun son nəticədə onun ölümünə səbəb olmuş və Məhkəməyə verilən şikayətin, yəni Konvensiyanın 2-ci maddəsi üzrə verilən şikayətin əsasını təşkil etmiş halların birbaşa qurbanı (Konvensiyanın 34-cü maddəsinin mənasında) olmasını şübhəsiz hesab edir.
107. Digər tərəfdən, Məhkəmə HRM-i öz presedent hüququ baxımından dolayı zərərçəkmiş qismində tanımaq üçün kifayətedici əsaslar tapa bilmir. Qeyd edilməlidir ki, HRM birbaşa zərərçəkmiş ilə kifayət qədər “sıx əlaqə”ni nümayiş etdirə bilməmiş, eyni zamanda Məhkəməyə şikayət verməkdə “şəxsi marağın” (bu anlayışların Məhkəmənin presedent hüququnda verilən tərifləri nəzərə alınmaqla – 97-ci – 100-cü bəndlərə bax) olmasını da iddia etməmişdir.
108. Cənab Kampeanu sağ olduğu dövrdə milli məhkəmələrə özünün tibbi və hüquqi vəziyyəti barədə heç bir şikayət verməmişdir. O, formal olaraq fəaliyyət qabiliyyətli şəxs hesab olunsa da, təcrübədə onunla belə rəftar edilmədiyi tam aydın görünür (yuxarıda 14-cü və 16-cı bəndlərə bax). Hər bir halda, Məhkəmə onun olduqca zəif vəziyyətini nəzərə alaraq hesab edir ki, o, müvafiq hüquqi dəstək və məsləhət olmadan, müstəqil şəkildə belə şikayət verə bilməzdi. Beləliklə, o, Məhkəmənin əvvəllər baxdığı işlərdən tamamilə fərqli və daha az əlverişli vəziyyətdə olmuşdur. Həmin işlərdə Məhkəmə fəaliyyət qabiliyyəti olan və ya ən azı sağ olduqları dövrdə məhkəməyə şikayət vermək imkanı olan şəxslərlə (yuxarıda 98-ci və 100-cü bəndlərə bax) bağlı olmuşdur. Onların ölümündən sonra şikayətlər məhz onların adından verilmişdir.
109. Cənab Kampeanunun ölümündən sonra HRM onun ölümünə səbəb olmuş halları aydınlaşdırmaq üçün bir necə dəfə milli məhkəmələrə müraciət etmişdir. Nəhayət, istintaq orqanları cənab Kampeanunun ölümü ilə bağlı cinayət əməllərinin əlamətlərinin olmadığı qənaətinə gəldikdən sonra HRM hazırkı şikayətlər Məhkəməyə müraciət etmişdir.
110. Məhkəmə nə HRM-in cənab Kampeanunun adından çıxış etmək iqtidarında olmasının, nə də onun cənab Kampeanunun adından müxtəlif milli tibbi orqanlara və məhkəmələrə müraciətlərinin heç vaxt şübhə altına qoyulmadığı və mübahisələndirilmədiyi faktına (yuxarıda 23-cü, 27-28-ci, 33-cü, 37-38-ci və 40-41-ci bəndlərə bax) böyük əhəmiyyət verir; belə ki, bir qayda olaraq qəyyumun və ya təmsilçinin səlahiyyətlərinə aid bu tədbirlər HRM tərəfindən həyata keçirilmiş və onlara verilən bütün şikayətlərə baxmış müvafiq dövlət orqanları bununla razılaşaraq heç bir etiraz bildirməmişlər.
111. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərildiyi kimi, cənab Kampeanu öldüyü zaman onun məlum olan yaxın qohumları olmamış və o, yetkinlik yaşına çatdıqda, qanunun tələblərinə baxmayaraq, onun hüquqi və ya hər hansı digər mənafelərinin qorunması üçün dövlət tərəfindən səlahiyyətli şəxs və ya qəyyum təyin edilməmişdir. Milli səviyyədə HRM cənab Kampeanunun nümayəndəsi qismində yalnız onun ölümündən qısa müddət əvvəl – onun öz ehtiyac və mənafeləri ilə bağlı arzu, yaxud fikirlərini açıq-aşkar ifadə edə və hər hansı hüquqi müdafiə vasitəsindən istifadə edə bilmədiyi dövrdə – hərəkət etməyə başlamışdır. Dövlət orqanları tərəfindən qanuni qəyyumu və ya hər hansı digər nümayəndəsi təyin edilmədiyinə görə, o, tibb müəssisələrində, milli məhkəmələrdə və Məhkəmədə təmsilçiliyin istənilən formasından məhrum olunmuşdur ( bax mutatis mutandis: “P., C. və S. Birləşmiş Krallığa qarşı” (P., C. and S. v. the United Kingdom (dec.), no. 56547/00, 11 December 2001) və yuxarıda qeyd edilən “B. Rumıniyaya qarşı (№. 2), 96-97-ci bəndlər). Əsas şikayətin Konvensiyanın 2-ci maddəsinin (“yaşamaq hüququ”) pozulması ilə bağlı olması faktı həmçinin böyük əhəmiyyət kəsb edir: aydındır ki, cənab Kampeanu, birbaşa zərərçəkmiş olmasına baxmayaraq, ölməsi səbəbindən belə şikayət verə bilmirdi.
112. Yuxarıda qeyd edilənlərin fonunda Məhkəmə hesab edir ki, hazırkı işin müstəsna halları və ehtimal olunan pozuntuların ağırlığı nəzərə alınmaqla, HRM-in cənab Kampeanunun adından hərəkət etmək üçün etibarnaməsinin olmaması və cənab Kampeanunun ərizənin Məhkəməyə verilməsindən əvvəl ölməsi faktına baxmayaraq, HRM-ə cənab Kampeanunun nümayəndəsi qismində hərəkət etmək hüququ verilməlidir. Fərqli nəticəyə gəlmək Konvensiyanın pozulması ilə bağlı bu dərəcədə ağır iddiaların beynəlxalq səviyyədə araşdırılmasının qarşısını almaq və cavabdeh dövlətin cənab Kampeanunun adından hərəkət edəcək qanuni nümayəndəni milli qanunvericiliyin tələblərinə baxmayaraq təyin etməməsinə görə Konvensiyadan irəli gələn məsuliyyətdən yayınması riskini yaratmaq deməkdir (bax: yuxarıdakı 59-cu və 60-cı abzaslar; həmçinin bax, mutatis mutandis: yuxarıda qeyd edilən “P., C. və S. Birləşmiş Krallığa qarşı” və “Hüquq məsləhətçilərinin Argeş Kolleci” (The Argeş College of Legal Advisers v. Romania, no. 2162/05, § 26, 8 March 2011)). Cavabdeh dövlətə bu yolla məsuliyyətdən yayınmaq imkanının verilməsi Konvensiyanı ümumi ruhuna və Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanın 34-cü maddəsində təsbit edilmiş “Məhkəməyə şikayət vermək hüququnun səmərəli həyata kecirilməsinə hec bir yolla mane olmamaq öhdəliyi”nə zidd olardı.
113. HRM-ə cənab Kampeanunun nümayəndəsi qismində hərəkət etmək hüququnun verilməsi Konvensiyanın 5-ci maddəsini 4-cü hissəsinə uyğun olaraq “ruhi xəstələr”in barəsində məhkəmə araşdırması hüququnun tətbiqinə (5-ci maddənin 1-ci hissəsinin (e) bəndi) oxşar yanaşmadır. Bu kontekstdə bir daha qeyd edilməlidir ki, müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun və şəxsən, yaxud, zəruri hallarda, təmsilçiliyin hər hansı bir forması vasitəsilə eşidilmək imkanının olması böyük əhəmiyyət kəsb edir; bunlar olmadan, o, “azadlıqdan məhrum etmə ilə bağlı (bax: “De Vilde, Oooms və Versip Belçikaya qarşı” (De Wilde, Ooms and Versyp v. Belgium, 18 June 1971, § 76, Series A no. 12)). Psixi xəstəlik bu hüququ məhdudlaşdıra və ya onun həyata keçirilməsi qaydasını dəyişdirə bilər (bax: “Qolder Birləşmiş Krallığa qarşı” (Golder v. the United Kingdom, 21 February 1975, § 39, Series A no. 18)), lakin o, həmin hüququn öz mahiyyətindən məhrum edilməsinə bəraət qazandıra bilməz. Həqiqətən, psixi pozuntularına görə tam müstəqil şəkildə hərəkət edə bilməyən şəxslərin mənafelərinin qorunması üçün xüsusi prosessual təminatlar tələb oluna bilər (bax: “Vinterverp Niderlanda qarşı” (Winterwerp v. the Netherlands, § 60, Series A no. 33) işi üzrə 1979-cu il 24 oktyabr tarixli qərar). Bu hüququn həyata keçirilməsinə faktiki maneələr də hüquqi maneələr kimi Konvensiyaya zidd ola bilər (bax: yuxarıda qeyd edilən “Qolder”, 26-ci bənd).
114. Beləliklə, Məhkəmə HRM-in cənab Kampeanunun de facto nümayəndəsi qismində hərəkət etməsinin nəzərə alaraq, onun məhkəməyə müraciət etmək hüququnun olmaması ilə bağlı Hökumətin etirazını rədd edir.
Məhkəmə daha sonra qeyd edir ki, bu maddə ilə bağlı şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsinin (a) bəndi baxımından aşıq-aşkar əsassız və ya hər hansı digər səbəblərə görə qəbuledilməz deyildir. Buna görə onlar qəbuledilən hesab edilməlidir.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin dəlilləri
(a) HRM
115. HRM bildirmişdir ki, dövlət orqanları cənab Kampeanunun onun müalicəsi üçün müvafiq təcrübəsi və şəraiti olmayan tibb müəssisəsinə keçirilməsinə dair düzgün olmayan qərarları və sonrakı düzgün olmayan tibbi tədbirlər və ya hərəkətsizlik ilə cənab Kampeanunun vaxtından əvvəl ölümünə birbaşa və dolayı yolla səbəb olmuşlar.
HRM vurğulamışdır ki, cənab Kampeanunun STSM-ə və sonradan PMX-yə daxil olmasından əvvəlki aylarda keçdiyi tibbi müayinələr onun sağlamlıq vəziyyətinin “ümumilikdə yaxşı” olduğunu və səhhətində hər hansı ciddi problemlərin olmadığını göstərsələr də, onun səhhəti ölümündən iki həftə qabaq, yəni dövlət orqanlarının nəzarətində olduğu dövrdə kəskin pisləşmişdir. Məhkəmənin Konvensiyanın 2-ci maddəsi ilə bağlı və hazırkı işə aidiyyəti olan presedent hüququna əsasən, dövlət cənab Kampeanuya göstərilmiş tibbi yardım və ölümünün səbəbi ilə əlaqədar izahat verməlidir (HRM digər qərarlarla yanaşı aşağıdakı qərarlara istinad etmişdir: “Kats və digərləri Ukraynaya qarşı” (Kats and Others v. Ukraine, no. 29971/04, § 104, 18 December 2008), “Dodov Bolqarıstana qarşı” (Dodov v. Bulgaria, no. 59548/00, § 81, 17 January 2008), “Aleksanyan Rusiyaya qarşı” (Aleksanyan v. Russia, no. 46468/06, § 147, 22 December 2008), “Xudobin Rusiyaya qarşı” (Khudobin v. Russia, no. 59696/00, § 84, ECHR 2006‑XII) və “Z.H. Macarıstana qarşı” (Z.H. v. Hungary, no. 28973/11, §§ 31-32, 8 November 2012)).
Dövlət bu öhdəliyə riayət etməmişdir. O, bir tərəfdən cənab Kampeanuya aid vacib tibbi sənədləri təqdim etməmiş, digər tərəfdən isə pasiyentin PMX-də qalmasına aid tibbi sənədlərin vacib məlumatlarla bağlı düzəlişlərin edildiyi surətlərini Məhkəməyə təqdim etmişdir. Ölkədaxili araşdırmaların müxtəlif mərhələlərində təqdim edilmiş ilkin tibbi sənədlərdə cənab Kampeanunun ARV preparatları ilə müalicəsi barədə hər hansı qeydlərin olmadığı halda, fərqli-fərqli xətlərlə yazılmış yeni sənədlərdə ARV preparatları qeyd olunur, bununla da cənab Kampeanunun belə preparatlarla müalicə olunması iddia edilir. Hökumət HRM-in ARV preparatları ilə müalicənin təmin edilməməsinə dair iddialarını təkzib etmək üçün yeni sənədə istinad etdiyinə görə (aşağıda 122-ci bəndə bax), HRM sənədin böyük ehtimalla hadisədən sonra, Hökumətin Məhkəmədəki dəlillərini sübut etmək üçün tərtib edildiyini bildirmişdir.
116. HRM daha sonra bildirmişdir ki, işdə olan bir neçə sənəd, xüsusilə İQK-nin başçəkmələri ilə bağlı sənədlər dövlət orqanlarının həm 2004-cü ildən əvvəl, həm də hadisənin baş verdiyi dövrdə PMX-dəki müvafiq standartlara uyğun olmayan yaşayış şəraiti, pasiyentlərə qulluq və onların müalicəsindən açıq-aşkar məlumatlı olmalarını sübut edir (yuxarıda 47-ci, 74-cü və 78-ci bəndlərə bənd).
117. Cənab Kampeanunun adekvat qulluq və müalicə ilə təmin edilməməsi səthi və dəqiq olmayan tibbi sənədlər və pasiyentin müxtəlif tibb müəssisələrinə müvafiq qaydada sənədləşdirilməmiş keçirmələri ilə təsdiq edilir. Belə boşluqlar böyük əhəmiyyət kəsb edir – aydındır ki, pasiyentin səhhəti məhz qeyd edilən dövrdə pisləşmiş və onun təcili müalicəyə ehtiyacı var idi. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, pasiyentin STSM-də qaldığı qısa dövr ərzində onun ARV preparatları ilə müalicəsi dayandırılmış və çox güman ki, o, PMX-də də ARV preparatları ilə təmin olunmamışdır. Eyni zamanda, tələb olunan bir neçə tibbi analiz həyata keçirilməmişdir. Pasiyentin ehtimal edilən psixotik davranışının daha da inandırıcı səbəblər ilə, məsələn, qan zəhərlənməsi və ya ayrıca palatada məcburi təcridolunma ilə izah oluna biləcəyinə baxmayaraq, rəsmi araşdırma işin bu vacib aspektlərini aydınlaşdırmamışdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq HRM bildirmişdir ki, cavabdeh dövlət Konvensiyanın 2-ci maddəsindən irəli gələn maddi öhdəliklərini yerinə yetirməmişdir.
118. HRM həmçinin bildirmişdir ki, PMX-dəki yaşayış şəraiti və pasiyentin ayrıca palatada təcrid olunması Konvensiyanın 3-cü maddəsinin ayrıca pozuntusunu təşkil edir.
İşdə olan mötəbər sübutlar, o cümlədən Rumıniya dövlət orqanlarının – Hökumətin, Ali Məhkəmə yanında prokurorluğun, Milli Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun və PMX-nin tibbi heyətinin sənədləri hadisənin baş verdiyi zaman PMX-də müvafiq standartlara uyğun olmayan şəraiti, o cümlədən qida çatışmazlığını, istilik sisteminin olmamasını və infeksion xəstəliklərin mövcudluğunu təsdiq edir.
Cənab Kampeanunun təklikdə ayrıca palataya yerləşdirilməsi mübahisə olunmur; HRM-in əməkdaşları PMX-yə baş çəkdikləri zaman pasiyentin geyiminin bərbad vəziyyətdə olduğunu, palatadakı temperaturun aşağı olduğunu və tibbi heyətin pasiyentə onun əsas tələbatlarının təmin edilməsində heç bir dəstək göstərmədiyini müşahidə etmişlər. Hökumət bu tədbirin pasiyenti ayrı-seçkiliyə məruz qoymaq məqsədi olmadan tətbiq edildiyini bildirsə də, onlar cənab Kampeanunun təcrid olunmasının zəruriliyini təsdiq edən hər hansı tutarlı əsas gətirməmişlər. Həmin palatanın pasiyentin təcrid olunması üçün istifadə edilə bilən yeganə otaq olması ilə bağlı dəlil həmin dövrdə xəstəxanada boş palataların olmasını göstərən çoxsaylı məlumatlarla təkzib olunur.
119. HRM iddia etmişdir ki, iş üzrə aparılmış rəsmi istintaq aşağıdakı səbəblərə görə Konvensiyanın tələblərinə cavab vermirdi: istintaq çox məhdud şəkildə aparılmış, əsas diqqət yalnız biri STSM-dən, digəri isə PMX-dən olan iki həkimə yetirilmiş, digər əməkdaş və qurumlara heç bir diqqət yetirilməmişdir; yalnız ölümün birbaşa səbəbi və ölümdən əvvəlki qısa dövr təhlil edilmişdir; dövlət orqanları mühüm sübutları vaxtında toplamamış və mübahisəli faktları, o cümlədən ölümün səbəbini aydınlaşdırmamışlar. Pasiyentin ölümündən dərhal sonra cəsədinin yarılmasının həyata keçirilməməsi və ona lazımi tibbi yardımın göstərilməməsi ilə bağlı nöqsanlar birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş, lakin apellyasiya məhkəməsi həmin qərarı ləğv etmişdir.
HRM bildirmişdir ki, aparılmış istintaq faktları və ölümün səbəblərinin müəyyən etmədiyinə və cavabdehləri məsuliyyətə gətirmədiyinə görə Konvensiyanın 2-ci və 3-cü maddələrinin tələblərinə cavab verməmişdir.
120. HRM iddia etmişdir ki, Konvensiyanın 13-cü maddəsi dövlət tibb müəssisələrində saxlanılan əlilliyi olan insanlarla bağlı işlərdə dövlətdən bu insanların məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, o cümlədən belə işlər üzrə şikayətləri qəbul etmək, pozuntuları araşdırmaq, sanksiyalar tətbiq etmək və işləri aidiyyəti orqanlara göndərmək səlahiyyəti olan müstəqil mexanizmin yaradılması üçün pozitiv addımlar atmasını tələb edirdi.
121. HRM bildirmişdir ki, Məhkəmə Rumıniyaya qarşı əvvəlki bir neçə işdə Konvensiyanın 3-cü və ya 5-ci maddəsi ilə bağlı şikayət edən əlilliyi olan insanların adekvat hüquqi müdafiə vasitələrinin olmaması səbəbindən Konvensiyanın pozulduğunu müəyyən etmişdir (HRM “Filip Rumıniyaya qarşı” (Filip v. Romania, no. 41124/02, § 49, 14 December 2006) işinə, yuxarıda qeyd edilən “C.B. Rumıniyaya qarşı” işi üzrə qərarın 65-67-ci bəndlərinə; “Parastsinetti Rumıniyaya qarşı” (Parascineti v. Romania, no. 32060/05, §§ 34-38, 13 March 2012) işinə və yuxarıda qeyd edilən “B. Rumıniyaya qarşı (№ 2)” işi üzrə qərarın 97-ci bəndinə istinad etmişdir).
Eyni nəticələr “Human Rights Watch” təşkilatı və ya “Mental Disability Rights International” təşkilatı kimi beynəlxalq QHT-lərin müvafiq sənədlərindən də irəli gəlir; HRM-in özü də pis rəftara qarşı təminatların olmaması və psixiatrik xəstəxanalarda saxlanılan şəxslərin bir qayda olaraq öz hüquqlarından xəbərsiz olmaları, tibbi heyətin isə bu hüquqların pozulma hallarının araşdırılması üçün hazırlıq keçməməsi barədə məlumatlar verirdi.
HRM daha sonra iddia etmişdir ki, onun bildiyinə qədər, psixiatrik xəstəxanalarda şübhəli ölüm halları barədə çox inandırıcı məlumatların mövcudluğuna baxmayaraq, tibbi heyət üzvlərinin belə ölüm halları ilə bağlı pozuntulara görə mülki məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunmalarına dair qanuni qüvvəyə minmiş heç bir qərar yoxdur. 2002-ci – 2004-cü illəri əhatə edən dövrdə PMX-də baş vermiş 129 ölüm halı üzrə aparılmış istintaqlar hər hansı pozuntuları müəyyən etməmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar sonradan məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdır.
Beləliklə, Rumıniyan hüquq sistemində ümumiyyətlə əlilliyi olan insanlara və konkret olaraq cənab Kampeanunun Konvensiyanın 2-ci və 3-cü maddələrində təsbit edilmiş hüquqlarına münasibətdə Konvensiyanın 13-cü maddəsinin mənasında səmərəli hüquqi müdafiə vasitələri mövcud olmamışdır.
(b) Hökumət
122. Hökumət bildirmişdir ki, İİV inkişafda olan çox ciddi xəstəlik olduğuna görə, cənab Kampeanunun bu xəstəlikdən ölməsi faktı öz-özlüyündə ölümün tibb sisteminin nöqsanları nəticəsində baş verdiyini sübut etmir.
Bundan əlavə, dövlət orqanlarının cənab Kampeanunun ARV preparatları ilə müalicəsini təşkil etməmələrini təsdiq edən hər hansı sübut Məhkəməyə təqdim edilməmişdir; əksinə, Hökumət Məhkəməyə pasiyentin PMX-də müalicəsi ilə bağlı tibbi sənədlərinin surətlərini təqdim etmiş və həmin sənədlər onun xəstəxanada olduğu dövrdə ARV preparatları ilə müalicə olunmasını təsdiq edir.
Tibbi Assosiasiyanın İntizam Şurasının qərarı həmçinin cənab Kampeanunun müalicəsinin adekvat olmasını təsdiq etmişdir (yuxarıda 35-ci bəndə bax). Bu səbəbdən, Konvensiyanın 2-ci maddəsinin maddi-hüquqi aspekti hazırkı işə tətbiq edilə bilməzdi.
123. Hökumət Konvensiyanın 3-cü maddəsi ilə əlaqədar bildirmişdir ki, həm STSM-dəki, həm də PMX-dəki ümumi şərait (gigiyena, qidalanma, istilik sistemi və tibbi heyət) adekvat və hadisənin baş verdiyi zaman mövcud olan standartlara uyğun olmuşdur.
Cənab Kampeanuya tibbi baxım onun sağlamlıq vəziyyətinə mütənasib olmuşdur; o, STSM-ə daxil olarkən “sağlamlıq vəziyyəti ümumilikdə yaxşı” idi və “zorakılıq tutmaları” başlayandan sonra PMX-yə keçirilmişdir. Pasiyent ayrıca palataya onun təcrid edilməsi məqsədi ilə deyil, həmin palatanın yeganə boş palata olmasına görə yerləşdirilmişdir. Venadaxili qidalanma vasitəsilə aldığı müalicəsinə baxmayaraq, o, 2004-cü il fevralın 20-də ürək və tənəffüs çatışmazlığından ölmüşdür.
Bu kontekstdə Hökumət bildirmişdir ki, cənab Kampeanunun PMX-də qaldığı müddətin qısa olmasına görə, xəstəxananın maddi şəraiti məsələsinə münasibətdə Konvensiyanın 3-cü maddəsi tətbiq edilə bilməz.
124. Hökumət həmçinin bildirmişdir ki, HRM tərəfindən cənab Kampeanunun ölümü ilə bağlı verilmiş şikayətlər müvafiq milli orqanlar – məhkəmələr, komissiyalar və istintaq orqanları tərəfindən hərtərəfli araşdırılmış və bütün bu orqanlar öz qərarlarını ətraflı və inandırıcı şəkildə əsaslandırmışlar. Beləliklə, dövlət Konvensiyanın 2-ci və ya 3-cü maddəsi üzrə məsuliyyət daşımır.
125. Hökumət Konvensiyanın 13-cü maddəsi ilə bağlı bildirmişdir ki, HRM-in həmin maddə üzrə verdiyi şikayət onun digər maddələri üzrə verdiyi şikayətlərlə bağlıdır, bu səbəbdən onun ayrı-ayrılıqda araşdırılmasına ehtiyac yoxdur. Hər bir halda, həmin maddə ilə bağlı şikayətlər açıq-aşkar əsassız olmuşdur.
Hökumət buna alternativ olaraq bildirmişdir ki, milli qanunvericilikdə ərizədə əks olunmuş şikayətlərlə əlaqədar Konvensiyanın 13-cü maddəsinin mənasında səmərəli hüquqi müdafiə vasitələri nəzərdə tutulmuşdur.
Hökumət Rumıniya Ombudsmanının mümkün müdafiə vasitələrindən biri olduğunu qeyd etmişdir. Ombudsmanın internet səhifəsində yerləşdirilmiş statistik məlumatlara görə, o, 2003-cü – 2011-ci illərdə insan hüquqlarının ehtimal olunan pozulma halları ilə bağlı bir neçə işdə iştirak etmişdir.
Hökumət Məhkəmənin sorğusu əsasında sübut qismində təqdim edilmiş iki məhkəmə qərarına istinad edərək bildirmişdir ki, Rumıniya məhkəmələri psixi pozuntuları olan insanların işlərinə baxarkən bu işlərə çox ciddi yanaşır və müntəzəm olaraq mahiyyət üzrə qərarlar qəbul edirlər.
126. Daha konkret səviyyədə, Konvensiyanın 2-ci maddəsi ilə əlaqədar Hökumət bildirmişdir ki, PMX-dəki yaşayış şəraiti və tibbi şəraitlə bağlı şikayətlərdən sonra bu xəstəxanada vəziyyət əhəmiyyətli dərəcədə yaşxılaşmışdır. Bu səbəbdən şikayət Konvensiyanın standartları baxımından səmərəli müdafiə vasitələrindən biri hesab oluna bilər.
Hökumət Konvensiyanın 3-cü maddəsi ilə əlaqədar bildirmişdir ki, HRM həmçinin məhkəməyə şikayət verib tibbi səhlənkarlığa görə kompensasiya tələb edə bilərdi.
Yuxarıda qeyd edilənlərə görə Hökumət bildirmişdir ki, cənab Kampeanu ərizədə göstərilən şikayətlərin hər biri ilə əlaqədar şəxsən və ya nümayəndəsi vasitəsilə müxtəlif səmərəli hüquqi müdafiə vasitələrindən istifadə edə bilərdi; bu səbəbdən Konvensiyanın 13-cü maddəsi ilə bağlı şikayət qəbuledilməz hesab edilməlidir.
(c) Üçüncü tərəflər
(i) “Ruhi Xəstələrin Hüquqlarının Müdafiəsi Mərkəzi”
127. Ruhi Xəstələrin Hüquqlarının Müdafiəsi Mərkəzi (RXHMM) iddia etmişdir ki, psixi pozuntuları olan, yaxud İİV-dən əziyyət çəkən uşaqların onların həyatları üçün təhlükəli şəraitdə tibb müəssisələrində saxlanma halları bütün Avropa üzrə sənədləşdirilmişdir. Hesabatlarda deyilir ki, xəstə uşaqlar onların sağlamlıq vəziyyətinin ağırlığından asılı olmayaraq bir qayda olaraq xəstəxanalara yerləşdirilmir və onlar həmin müəssisələrdə həyatları üçün təhlükəli vəziyyətdə tərk edilirlər. ABŞ Dövlət Departamenti İnsan hüquqlarına dair 2009-cu ilin hesabatının Rumıniyaya aid hissəsində PMX-nin həddindən artıq doldurulmuş olduğunu, xəstəxanada tibb işçilərin və dərmanların çatışmazlığını, gigiyenik vəziyyətin pis olduğunu və sakitləşdirici preparatlardan və məhdudlaşdırıcı vasitələrdən geniş istifadə edildiyini qeyd edib PMX-dəki pis şəraitə diqqəti cəlb etmişdir.
RXHMM yaşamaq hüququna dair beynəlxalq məhkəmə təcrübəsinə (misal üçün, İnsan Hüquqları üzrə Amerikalararası Məhkəmənin küçədə yaşayan beş uşaqla bağlı “Villaqran Morales və digərləri Qvatemalaya qarşı” (Villagrán Morales et al. v. Guatemala) işi üzrə 1999-cu il 19 noyabr tarixli qərarı və “Velaskez Rodriqes Hondurasa qarşı” (Velásquez Rodríguez v. Honduras) işi üzrə 1988-ci il 29 iyul tarixli qərarı) istinad edərək iddia etmişdir ki, dövlətin həyatın qorunması üzrə öhdəliyi zəruri müalicə ilə təmin edilməsini, lazımi profilaktik tədbirlər görülməsini, habelə monitorinq, araşdırma və cavabdehlər barəsində cinayət təqibi mexanizmlərin tətbiqini də əhatə edir; eyni zamanda, zərərçəkmişlərin onların yaşamaq hüququnun müdafiəsi üçün səmərəli və praktiki müraciət etmək imkanı təmin edilməlidir. Son dərəcədə zəif vəziyyətdə olan insanların sağ olduqları zaman onlara dövlət tərəfindən belə imkanın təqdim edilməməsi onların ölümündən sonra dövlətin cəzasızlığına gətirib çıxarmamalıdır.
(ii) “İctimai Təşəbbüslər üzrə Avroregional Mərkəz”
128. “İctimai Təşəbbüslər üzrə Avroregional Mərkəz” (İTAM) bildirmişdir ki, Rumıniya İİV ilə yaşayan insanların sayı üzrə Mərkəzi və Şərqi Avropada birinci yerlərdən birini tutur. Belə vəziyyət əsasən ona görə yaranmışdır ki, 1986-cı - 1991-ci illərdə dövlət xəstəxanalarında və uşaq evlərində olan 10 minə yaxın uşaq iynələrdən dəfələrlə təkrar istifadəsinə və yoxlanılmamış qanın köçürülməsinə görə İİV-yə yoluxmaq riskinə məruz qalmışdır. 2004-cü ilin dekabrında 7088 uşaqda QİÇS-ə yoluxma halı, 4462 uşaqda isə İİV-yə yoluxma halı qeydə alınmışdır. Bu uşaqlardan 3482-i 2004-cü ilin sonuna qədər QİÇS-dən ölmüşdür.
İTAM iddia etmişdir ki, uşaqlar arasında İİV infeksiyasının yayılması səviyyəsinin yüksək olması faktı onların uşaq evlərində və xəstəxanalarda məruz qaldıqları rəftarla bağlıdır. Belə ki, əlilliyi olan uşaqlar “sağalmaz” və “qeyri-produktiv” hesab olunurdu, işçi heyətin isə belə uşaqlara zəruri tibbi xidmətlər göstərmək üçün ixtisası və marağı çatmırdı.
İTAM belə faktı qeyd etmişdir ki, 2003-cü ildə BMT-nin Uşaq Hüquqları Komitəsi Rumıniyada yalnız məhdud sayda insanların ARV preparatları ilə müalicədən yararlana bilməsindən və bu müalicənin bir qayda olaraq maddi vəsaitlərin çatışmazlığı səbəbindən dayandırılmasından narahatlığını ifadə etmişdir. Bundan əlavə, Milli Sağlamlıq Sığortası Fondu tərəfindən maliyyələşmənin olmaması və İİV üzrə milli proqramın səmərəsiz qaydaya icrası səbəbindən hətta 2009-cu ilin sonunda AVR preparatlarının defisiti müşahidə olunurdu.
İTAM daha sonra bildirmişdir ki, İİV ilə yaşayan insanlar uzun müddət ərzində qapalı təsisat və ya xəstəxanalarda saxlandıqları halda, onların ARV preparatları ilə müalicə almaq imkanı həmin tibb müəssisəsinin müvafiq dərmən preparatlarının pasiyentin qeydiyyata alındığı həkim-infeksionistdən əldə edilməsi üçün gördüyü tədbirlərdən böyük dərəcədə asılıdır. Bir qayda olaraq, İİV infeksiyasına yoluxmuş insanlar tibbi xidmətlərdən istifadə etmək hüququnun qorunması üçün kifayətedici məlumatlara malik deyillər.
2009-cu ildə BMT-nin Uşaq Hüquqları Komitəsi İİV-dən əziyyət çəkən uşaqların çox vaxt tibbi xidmətlərdən istifadədə maneələrlə üzləşdiklərindən narahatlığını bildirmişdir.
İİV ilə yaşayan və eyni zamanda psixi pozuntulardan əziyyət çəkən insanların məsələsinə gəldikdə isə İTAM iddia etmişdir ki, psixiatrik xəstəxanalar bəzən infeksiyadan ehtiyat edib “İİV-müsbət” diaqnozu olan uşaq və yeniyetmələri müalicə etməkdən imtina edirlər. İTAM “Human Rights Watch” təşkilatının bu vəziyyətlə bağlı 2007-ci il üzrə hesabatına (Life Doesn’t Wait. Romania’s Failure to Protect and Support Children and Youth Living with HIV – “Həyat gözləmir. İİV ilə yaşayan uşaq və yeniyetmələrin Rumıniya tərəfindən müdafiə və dəstəyinin təmin edilməməsi).
(iii) “Human Rights Watch” təşkilatı
129. “Human Rights Watch” təşkilatı yazılı qeydlərində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin rəyinə istinad etmişdir. Həmin rəydə qeyd edilmişdir ki, tibb müəssisələri və xidmətləri hamı üçün, xüsusən də əhalinin ən zəif qrupları üçün əlçatan olmalı və hökumətlər tərəfindən belə xidmətlərin göstərilməməsi hamı üçün sağlamlıq hüququnun təmin edilməsinə yönəlmiş milli səhiyyə siyasətinin nöqsanlarına, mövcud dövlət resurslarının bölüşdürülməsi sahəsində zəif idarəçiliyə və körpə və ana ölümü səviyyəsinin azaldılmasında uğursuzluğa işarə edir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Konvensiyanın 2-ci maddəsi
(i) Ümumi prinsiplər
130. Konvensiyanın 2-ci maddəsinin 1-ci hissəsinin birinci cümləsi dövlət üzərinə yalnız şəxsi qəsdən və qanunsuz olaraq həyatından məhrum etməkdən çəkinmək öhdəliyini deyil, həmçinin onun yurisdiksiyası altında olan hər kəsin həyatının qorunması üçün müvafiq tədbirlər görmək öhdəliyini qoyur (bax: “L.S.B. Birləşmiş Krallığa qarşı” (L.C.B. v. the United Kingdom, 9 June 1998, § 36, Reports of Judgments and Decisions 1998‑III)).
2-ci maddədən irəli gələn pozitiv öhdəliklər yaşamaq hüququ üçün təhlükə yaradan dövlət fəaliyyəti və istənilən digər fəaliyyət kontekstində tətbiq edilən kimi şərh edilməlidir. Misal üçün, bu, səhiyyə sahəsində tibb işçilərinin hərəkət və ya hərəkətsizliyinə aiddir (bax: yuxarıda qeyd edilən “Dodov”, 70-ci, 79-83-cü 87-ci bəndlər və “Vo Fransaya qarşı” [Böyük Palata] (Vo v. France [GC], no. 53924/00, §§ 89‑90, ECHR 2004‑VIII) sonrakı qeydlərlə); burada dövlətlərdən istər dövlət xəstəxanaları, istərsə də özəl xəstəxanalar üzərinə öz pasiyentlərinin həyatlarının qorunması üçün müvafiq tədbirlər görmək öhdəliyini qoyan normaları qəbul etmələri tələb olunur (bax: “Kalvelli və Silyo İtaliyaya qarşı” [Böyük Palata] (Calvelli and Ciglio v. Italy [GC], no. 32967/96, § 49, ECHR 2002‑I)). Bu tələb aşağıdakı hallarda xüsusi əhəmiyyət kəsb edir: pasiyentlərin özünəqulluq qabiliyyəti məhdud olduqda (bax: yuxarıda qeyd edilən “Dodov”, 81-ci bənd); təhlükəli fəaliyyət növlərinin tənzimlənməsi ilə bağlı hallarda (bax: “Öneryıldız Türkiyəyə qarşı” [Böyük Palata] (Öneryıldız v. Turkey [GC], no. 48939/99, § 71, ECHR 2004‑XII)); məktəb orqanları ilə bağlı olan hallarda – bu orqanlar onların müstəsna nəzarəti altında olan və olduqca zəif kateqoriyaya aid olan şagirdlərin, xüsusən balaca uşaqların sağlamlıq və əmin-amanlığını qorumalıdırlar (bax: “İlbeyi Kemaloğlu və Meriye Kemaloğlu Türkiyəyə qarşı” (Ilbeyi Kemaloğlu and Meriye Kemaloğlu v. Turkey, no. 19986/06, § 35, 10 April 2012)); eyni ilə, dövlət tibb müəssisələrində olan balaca uşaqlara tibbi baxım və xidmətlərin göstərilməsi ilə bağlı hallarda (bax: yuxarıda qeyd edilən “Nençeva və digərləri”, 105-116-cı bəndlər).
Belə pozitiv öhdəliklər o halda ortaya çıxır ki, dövlət orqanları zərərçəkmişin üçüncü tərəfin cinayət əməlləri nəticəsində real və birbaşa təhlükəyə məruz qaldığını bilsin və ya şərait nəzərə alınmaqla bilməli olsun (bax: “Nençeva və digərləri”, 108-ci bənd) və əgər belədirsə onlar ağlabatan mühakimə yürüdüldüyü halda təhlükənin aradan qaldırılması üçün gözlənilən və səlahiyyətləri daxilində olan tədbirlər görməsin (bax: “A və digərləri Türkiyəyə qarşı” (A. and Others v. Turkey, no. 30015/96, §§ 44-45, 27 July 2004)).
131. Konvensiyanın 2-ci maddəsi ilə təmin edilən müdafiənin əhəmiyyəti nəzərə alınmaqla, Məhkəmə həyatdan məhrum etmə hallarını ən ciddi şəkildə araşdırmalıdır. Bununla belə, o, yalnız dövlət nümayəndələrinin əməllərinə deyil, həmçinin bütün yanaşı hallara diqqət yetirməlidir. Dövlətin nəzarətində olan insanlar zəif vəziyyətdə olur və dövlət orqanlarının onları qorumaq öhdəliyi vardır. Dövlət orqanları əlilliyi olan şəxsin azadlığını məhdudlaşdırmaq qərarına gəlsələr, onlar bu şəxsin əlilliyinin doğurduğu xüsusi tələbatlara uyğun şəraiti təmin etmək üçün xüsusi səylər göstərməlidirlər (bax: “Yasinskis Latviyaya qarşı” (Jasinskis v. Latvia, no. 45744/08, §59, 21 December 2010), sonrakı qeydlərlə). Daha geniş mənada Məhkəmə qət etmişdir ki, dövlətlərin zəif insanları dövlət orqanlarının bildiyi və ya bilməli olduğu pis rəftardan səmərəli müdafiəsini təmin etmək üçün konkret tədbirlər görmək öhdəliyi vardır (“Z və digərləri Birləşmiş Krallığa qarşı” (Z and Others v. the United Kingdom [GC], no. 29392/95, § 73, ECHR 2001‑V)). Beləliklə, azadlığının məhdudlaşdırılmasından əvvəl sağ olan insan sonradan öldükdə, dövlət onun ölümünə gətirib çıxarmış halların kifayətedici və inandırıcı izahını (bax: “Karabulea Rumıniyaya qarşı” (Carabulea v. Romania, no. 45661/99, § 108, 13 July 2010)) və zərərçəkmişin iddialarının doğruluğunu – xüsusən bu iddiaları təsdiq edən tibbi sənədlər mövcud olduqda – şübhə altına qoyan sübutlar təqdim etməlidir (bax: “Selmuni Fransaya qarşı” [Böyük Palata] (Selmouni v. France [GC], no. 25803/94, § 87, ECHR 1999‑V) və “Abdülsamet Yaman Türkiyəyə qarşı” (Abdülsamet Yaman v. Turkey, no. 32446/96, § 43, 2 November 2004)).
Məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhələr doğurmayan sübut” standartını tətbiq edir. Lakin belə sübut kifayət qədər güclü, aydın və ardıcıl nəticələrdən və ya faktın analoji təkzibedilməz prezumpsiyasından irəli gələ bilər (bax: “Orxan Türkiyəyə qarşı” (Orhan v. Turkey, no. 25656/94, § 264, 18 June 2002, § 264) və yuxarında qeyd edilən “İrlandiya Birləşmiş Krallığa qarşı”, 161-ci bənd).
132. Yaşamaq hüququnun müdafiəsi ilə bağlı dövlətin öhdəliyi yalnız ictimai yerlərdə olan insanların təhlükəsizliyinin təmin edilməsi üzrə ağlabatan tədbirləri deyil, həmçinin, şəxsin ağır xəsarət aldığı və ya öldüyü hallarda faktların qısa müddətdə müəyyən edilməsini, cavabdehlərin məsuliyyətə gətirilməsini və zərərçəkmişə müvafiq kompensasiyanın verilməsini təmin edə biləcək hüquqi vasitələrin mövcudluğunu təmin edən səmərəli müstəqil məhkəmə sistemini yaradılmasını əhatə edir (bax: yuxarıda qeyd edilən “Dodov”, 83-cü bənd).
Bu öhdəlik hər bir konkret iş üzrə cinayət-hüquqi müdafiə vasitələrinin təqdim edilməsinin tələb etmir. Misal üçün, səhlənkarlığa yol verildiyi hallarda hüquq sistemi zərərçəkmişləri mülki məhkəmələrdə və ya həm mülki məhkəmələrdə, həm də cinayət məhkəmələrində müdafiə vasitələri ilə təmin edirsə, bu öhdəlik yerinə yetirilmiş hesab edilə bilər. Lakin milli hüquqda nəzərdə tutulmuş müdafiənin yalnız nəzəriyyədə mövcud olduğu halda Konvensiyanın 2-ci maddəsindən irəli gələn öhdəlik yerinə yetirilmiş hesab olunmayacaq: bu müdafiə ilk növbədə təcrübədə səmərəli şəkildə işləməlidir (bax: yuxarıda qeyd edilən “Kalvelli və Silyo”, 53-cü bənd).
133. Digər tərəfdən, milli məhkəmələr həyat üçün təhlükəli cinayətlərin cəzasız qalmalarına yol verməməlidirlər. Bu, ictimai etimadın qoruyub saxlanması və qanunçuluğun təmin edilməsi, habelə qanunsuz əməllər münasibətdə istənilən dözümlülük və sövdələşmə təzahürlərinin qarşısının alınması üçün böyük əhəmiyyət kəsb edir. (bax, mutatis mutandis: “Nikolova və Veliçkova Bolqarıstana qarşı” (Nikolova and Velichkova v. Bulgaria, no. 7888/03, § 57, 20 December 2007)). Beləliklə, Məhkəmənin vəzifəsi məhkəmələrin qərar qəbul edərkən mövcud məhkəmə sisteminin çəkindirici effektini qoruyub saxlamaq və yaşamaq hüququnun pozulma hallarını araşdırılıb onlara görə kompensasiyanın verilməsini təmin etmək məqsədi ilə Konvensiyanın 2-ci maddəsinin tələb etdiyi araşdırmanı həyata keçirib-keçirməmələrini və həmin araşdırmanın həcmini yoxlamaqdan ibarətdir (bax: yuxarıda qeyd edilən “Öneryıldız”, 96-cı bənd).
(ii) Qeyd edilən prinsiplərin hazırkı işdə tətbiqi
(α) Maddi-hüquqi aspekt
134. Məhkəmə işin hallarına istinadən ilk növbədə qeyd edir ki, cənab Kampenany ömür boyu dövlət orqanlarının nəzarətində olmuşdur: anası doğuşdan sonra ondan imtina etdiyinə görə, o, uşaq evində böyümüş və sonradan Yerləşdirmə Mərkəzinə, daha sonra isə STSM-ə və nəhayət 2004-cü il fevralın 20-də vaxtından əvvəl öldüyü PMX-yə keçirilmişdir. Axırıncı təsisatda o, 2004-cü il fevralın 4-də vaxtından əvvəl ölmüşdür.
135. Cənab Kampeanunun on səkkiz yaşı tamam olduqda, ona daimi və ya müvəqqəti qəyyum təyin edilməmişdir: beləliklə, o, ağır əqli pozuntularına baxmayaraq, tam fəaliyyət qabiliyyətli şəxs hesab olunurdu..
Belə olduğu halda Məhkəmə qeyd edir ki, səhiyyə orqanlarının cənab Kampeanunun məsələsi ilə məşğul olmaları tərzi “Psixi sağlamlıq haqqında” Qanunun tam fəaliyyət qabiliyyətli pasiyentlər ilə bağlı məsələlərə dair tələblərinə zidd olmuşdur: pasiyentin on səkkiz yaşı tamam olduqdan sonra onun bir tibb müəssisəsindən digərinə keçirilmələri üçün razılığı əldə edilməmiş; onun psixiatrik xəstəxana olan PMX-yə keçirilməsi üçün razılığı əldə edilməmiş; pasiyentə ona göstərilən tibbi yardım barədə məlumatlar verilməmiş və onunla konsultasiyalar aparılmamış, habelə onun yuxarıda qeyd edilən tədbirlər ilə bağlı şikayətlər vermək imkanına malik olması ona izah edilməmişdir. Dövlət orqanları bunun səbəbi qismində pasiyentin “əməkdaşlıqdan imtina etməsi”ni və “onunla ünsiyyət qurulmasının mümkün olmaması”nı göstərmişlər (yuxarıda 14-cü və 16-cı abzaslara bax).
Bu kontekstdə Məhkəmə bir daha qeyd edir ki, o, “B. Rumıniyaya qarşı (№ 2)” işi üzrə qərarında (yuxarıda 93-98-ci bəndlərə bax) dövlət orqanları tərəfindən Rumıniyanın psixiatrik xəstəxanalarına daxil olduqları zaman hər hansı hüquqi yardımdan və ya müdafiədən məhrum olan zəif pasiyentlərə münasibətdə “Psixi sağlamlıq haqqında” Qanunun müddəalarının tətbiqi ilə bağlı ciddi nöqsanları vurğulamışdır.
136. Bundan əlavə Məhkəmə qeyd edir ki, dövlət orqanlarının cənab Kampeanunun STSM-ə, sonradan isə PMX-yə keçirilməsi barədə qərarları onun hansı tibb müəssisəsində müvafiq tibbi baxım və yardımla təmin edilə biləcəyi deyil, ilk növbədə hansı tibb müəssisəsinin onu qəbul etmək istəyəcəyi ilə bağlı mülahizələrə əsaslanırdı (yuxarıda 12-13-cü bəndlərə bax). Bununla əlaqədar Məhkəmə cənab Kampeanunun əvvəllər psixi pozuntuları olan pasiyentlərin müalicəsi ilə məşğul olmayan STSM-də, sonradan isə İİV infeksiyasının müalicəsi üçün zəruri şəraitin olmaması səbəbindən əvvəllər cənab Kampeanunu qəbul etməkdən imtina etmiş PMX-də yerləşdirilməsi faktını diqqətsiz qoya bilməz (yuxarıda 11-ci bəndə bax).
137. Beləliklə, Məhkəmə hesab edir ki, cənab Kampeanunun bir tibb müəssisəsindən digərinə keçirilmələri ona diaqnoz qoyulmadan və sonrakı müalicəsi təmin edilmədən, sağlamlığın real vəziyyəti və ən əsas tibbi tələbatlar nəzərə alınmadan baş vermişlər. Dövlət orqanları tərəfindən pasiyentin AVR preparatları ilə müalicəsinin təmin edilməsində yol verilmiş səhlənkarlıq xüsusilə qeyd edilməlidir: onlar cənab Kampeanunun STSM-də olduğu ilk bir neçə gün ərzində və sonradan PMX-də olduğu bütün dövr ərzində onu müvafiq preparatlarla təmin etməmişlər (yuxarıda 14-cü və 115-ci bəndlərə bax).
Məhkəmə gəldiyi nəticələri HRM-in dəlilləri, milli məhkəmələrə təqdim edilmiş tibbi sənədlər və cənab Kampeanunun müalicəsində tətbiq edilmiş terapevtik yanaşma üzrə rəy verilməsi üçün dəvət edilmiş ekspertin gəldiyi nəticələr (yuxarıda 33-cü, 38-ci 45-ci bəndlərə bax), habelə İİV infeksiyasına yoluxmuş uşaqların AVR müalicəsi ilə təmin edilməsinin ümumi vəziyyətinə dair İTAM-ın təqdimi etdiyi məlumatlar (yuxarıda 128-ci bəndə bax) ilə əsaslandırmışdır. Bütün bunlar nəzərə alınmaqla, HRM-in iddiaları inandırıcı görünür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, Hökumətin əks dəlilləri inandırıcı deyil, çünki onlar “əsaslı şübhələr doğurmayan” hər hansı digər sübutlarla təsdiq olunmur.
138. Bundan əlavə, hazırkı işin faktları göstərir ki, aqressivlik və həyəcanlılıq nümayiş etdirmiş pasiyentin davranışında qəfil dəyişikliklərlə üzləşmiş tibb orqanları onu psixiatrik xəstəxanaya, daha dəqiq PMX-yə keçirmək qərarına gəlmiş. Orada pasiyent psixiatrları olmayan bölmədə yerləşdirilmişdir (yuxarıda 21-ci bəndə bax). Yuxarıda qeyd edildiyi kimi, hadisənin baş verdiyi zaman PMX-də İİV infeksiyasına yoluxmuş pasiyentlərin müalicəsi üçün şərait olmamışdır; bundan əlavə, pasiyent PMX-də olduğu dövrdə infeksion xəstəliklər mütəxəssisi tərəfindən heç vaxt müayinə olunmamışdır.
Cənab Kampeanunun müalicəsi yalnız sakitləşdirici preparatlardan və vitaminlərdən ibarət olmuş və pasiyentin psixi vəziyyətinin səbəblərini müəyyən etmək məqsədi ilə hər hansı tibbi müayinə aparılmamışdır (yuxarıda 16-cı və 22-ci bəndlərə bax). Faktiki olaraq, dövlət orqanları cənab Kampeanunun STSM-də və PMX-də olduğu zaman klinik vəziyyətini əks etdirən hər hansı sənəd təqdim etməmişlər. Cənab Kampeanunun ölümünün mümkün səbəblərinə dair məlumat həmçinin ətraflı olmamışdır: ölüm haqqında şəhadətnamədə İİV infeksiyası və psixi pozuntular ölümünə gətirib çıxarmış mühüm amillər qismində göstərilmiş və bunlar, güman ki, dövlət orqanlarının cəsədin məcburi yarılmasını aparmamaq qərarını şərtləndirmişlər (yuxarıda 24-ci və 25-ci bəndlərə bax).
139. Məhkəmə HRM-in xahişi ilə ekspert tərəfindən tərtib edilmiş tibbi rəyə istinad edir. Həmin rəydə cənab Kampeanunun səhhətinə dair tibbi sənədlərin vəziyyəti “bərbad və standartlara uyğun olmayan” kimi təsvir edilmişdir (yuxarıda 45-ci bəndə bax). Qeyd edilən rəyə əsasən, hər iki xəstəxanada tibbi nəzarət “çox zəif” olmuş, tibb orqanları isə pasiyentin səhhətinin pisləşməsi ilə üzləşib ən yaxşı halda palliativ kimi təsvir edilə bilət tədbirlər görmüşlər. Ekspert daha sonra qeyd etmişdir ki, nə PMX-də, nə də STSM-də cənab Kampeanuya ölümünün bir neçə potensial səbəbi, o cümlədən pnevmosistit pnevmoniya (bu xəstəlik həmçinin cəsədin yarılmasının nəticələrinə dair rəydə göstərilmişdir) ilə bağlı diaqnoz qoyulmamış və o, bu xəstəlikdən müalicə olunmamışdır (həmin yerdə). Rəydə belə nəticəyə gəlinmişdir ki, cənab Kampeanunun PMX-də baş vermiş ölümü “ciddi həkim səhlənkarlığı”nın nəticəsi olmuşdur (yuxarıda 46-cı bəndə bax).
140. Bu kontekstdə Məhkəmə bir daha vurğulayır ki, ona təqdim edilmiş sübutların qiymətləndirilməsi zamanı cənab Kampeanunun zəif vəziyyətinə (yuxarıda 7-ci bəndə bax) və ömrü boyu dövlət orqanlarının nəzarəti altında olması faktında xüsusi diqqət yetirilməlidir. Bu səbəbdən müvafiq dövlət orqanları onun müalicəsi ilə bağlı hesabat və onunla rəftar ilə əlaqədar inandırıcı izahat verməlidirlər (yuxarıda 131-ci bəndə bax).
Məhkəmə ilk növbədə qeyd edir ki, cənab Kampeanunun ölümünə gətirib çıxarmış hadisələri təsvir edən HRM-in izahları tibb orqanlarının qərarlarında ciddi nöqsanların mövcudluğu ilə təsdiq edilir. Bu nöqsanlar Baş prokurorun 2005-ci il 23 avqust tarixli qərarının əsaslandırıcı hissəsində (yuxarıda 33-cü bəndə bax), birinci instansiya məhkəməsinin işin təkmil istintaqa qaytarılmasına dair 2007-ci il 3 oktyabr tarixli qərarında (yuxarıda 38-ci bəndə bax) və HRM-in təqdim etdiyi tibbi rəydə təsvir edilmişdir.
İkincisi, Hökumət zərərçəkmişin adından edilən iddiaların doğruluğunu şübhə altına qoyan kifayətedici sübutlar təqdim edə bilməmişdir. Məhkəmə İİV-in çox ciddi, inkişafda olan xəstəlik ola bilməsi ilə razılaşaraq, eyni zamanda cənab Kampeanunun müvafiq müalicə və baxım ilə təmin edilməsinə dair qərarların qəbul edilməsi prosesində ciddi nöqsanlara işarə edən aydın və bir-biri ilə uzlaşan ehtimalları diqqətsiz qoya bilməz (yuxarıda 137-138-ci bəndlərə bax). Hökumət həmçinin cənab Kampeanunun ölümündən əvvəlki vəziyyətini təsvir edən müvafiq tibbi sənədlərin və ölümünün həqiqi səbəblərinin inandırıcı izahlarının olmaması ilə bağlı boşluqları aradan qaldıra bilməmişdir.
141. Bundan əlavə, Məhkəmə cənab Kampeanu ilə bağlı konkret işi ümumi kontekstdə nəzərdən keçirib qeyd edir ki, hadisənin baş verdiyi zaman PMX-də onlarla (2003-cü ildə səksən bir, 2004-cü ilin əvvəlində isə iyirmi səkkiz) ölüm halı barədə məlumatlar var idi; İQK-nin 2004-cü il üzrə hesabatında göstərildiyi kimi, pasiyentlərə verilən qidanın kəmiyyəti və keyfiyyəti, istilik sistemi və ümumilikdə ağır yaşayış şəraiti ilə bağlı ciddi nöqsanlar aşkar olunmuşdur. Bütün bunlar pasiyentlərin, xüsusilə ən zəif vəziyyətdə olanların sağlamlığının tədrici pisləşməsinə gətirib çıxarmışdır (yuxarıda 77-ci bəndə bax). Yuxarıda təsvir edildiyi kimi (78-ci bəndə bax), PMX-dəki dəhşətli şərait bir sıra beynəlxalq orqanların hesabatlarında qeyd edilmişdir. Beləliklə, milli orqanlar xəstəxanadakı çox ağır vəziyyətdən tam məlumatlı idilər.
Hökumətin PMX-dəki yaşayış şəraitinin adekvat olduğunu bildirdiyinə baxmayaraq (yuxarıda 123-cü bəndə bax), Məhkəmə qeyd edir ki, müvafiq dövrdə dövlət orqanları müxtəlif beynəlxalq qurumlar qarşısında PMX-də istilik və su sistemləri, yaşayış və gigiyena şəraiti, habelə göstərilən tibbi yardım ilə bağlı problemlərin mövcudluğunu etiraf etmişlər (yuxarıda 78-ci bəndə bax).
142. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən “Nençeva və digərləri” işində Bolqarıstan dövlətinin sosial internatda olan yeniyetmələrin həyatlarının səmərəli və kifayətedici müdafiəsinin təmin edilməsi üçün təcili tədbirləri həyata keçirməməsinə görə Konvensiyanın 2-ci maddəsindən irəli gələn öhdəlikləri pozduğu müəyyən edilmişdir. Məhkəmə nəzərə almışdır ki, uşaqların ölüm halları qəfildən baş verməmişdir; belə ki, dövlət orqanları sosial internatdakı dəhşətli şəraitdən və əvvəlki bir neçə ay ərzində ölüm halları sayının artmasında xəbərdar idilər (həmin yerdə, 121‑123-cü bəndlər).
143. Məhkəmə qeyd edir ki, hazırkı işdə də dövlət orqanlarının müvafiq dövrdə PHX-dəki ümumilikdə ağır olan vəziyyətə reaksiyası adekvat olmamışdır. Bununla belə, dövlət orqanları istilik sisteminin işləməməsi, qida çatışmazlığı, tibbi heyətin tam kompketləşdirilməməsi və tibbi resursların, o cümlədən dərman preparatlarının qıtlığı nəticəsində 2003-cü ilin qış aylarında ölüm halları sayının artmasından tam məlumatlı idilər.
Məhkəmə hesab edir ki, belə olan halda milli orqanların cənab Kapmeanunun, onun daha da artmış zəifliyinə baxmayaraq, PMX-yə keçirilməsi barədə qərar qəbul etməklə həyatını əsassız olaraq təhlükə altına qoyduqları daha da aydın olur. Tibbi heyətin cənab Kampeanunu müvafiq baxım və müalicə ilə davamlı olaraq təmin etməməsi də onun vaxtından əvvəl ölümünə gətirib çıxarmış həlledici amillərdən biri olmuşdur.
144. Yuxarıda qeyd edilən mülahizələr Məhkəmənin belə qənaətə gəlməsi üçün kifayət edir ki, milli orqanlar cənab Kampeanunun həyatının zəruri müdafiəsini təmin etməməklə Konvensiyanın 2-ci maddəsinin maddi-hüquqi aspektinin tələblərinə riayət etməmişlər.
(β) Prosessual aspekt
145. Daha sonra, Məhkəmə hesab edir ki, dövlət orqanları nəinki cənab Kampeanunun sağ olduğu zaman onun ən əsas tibbi tələbatlarını təmin etməmiş, onlar həmçinin ölümünün hallarını aydınlaşdırmamış, o cümlədən ölümünə cavabdehləri müəyyən etməmişlər.
146. Məhkəmə qeyd edir ki, vaxtilə müxtəlif dövlət orqanlarının sənədlərində cənab Kampeanunun ölümündən dərhal sonra cəsədinin yarılmasının milli hüquq normalarına zidd olaraq həyata keçirilməməsi və müalicəsində tətbiq edilmiş terapevtik yanaşma ilə bağlı səmərəli araşdırmanın olmaması da daxil olmaqla, bir sıra prosessual pozuntular göstərilmişdir (yuxarıda 33-cü, 38-ci və 40-cı bəndlərə bax).
Bundan əlavə, ciddi prosessual pozuntular, o cümlədən əhəmiyyətli tibbi sübutların toplanmaması və tibbi heyətin ifadələrindəki ziddiyyətlərin izah edilməməsi Kalafat Rayon Məhkəməsinin qərarında əks olunmuşdur (yuxarıda 38-ci bəndə bax). Lakin həmin qərarın Dairə Məhkəməsi tərəfindən ləğv edildiyinə görə, qeyd edilən nöqsanlar heç vaxt nəzərdən keçirilməmiş və aradan qaldırılmamışlar. Dairə Məhkəməsi öz qərarının qısa əsaslandırıcı hissəsində əsasən hər hansı həkim səhlənkarlığını istisna edən və eyni zamanda pasiyentin zəruri müalicə ilə təmin edilməsini iddia edən Tibbi Assosiasiyanın qərarına və məhkəmə-tibbi ekspertizanın rəyinə istinad etmişdir.
Məhkəmə cənab Kampeanunun müalicəsi barədə tibbi məlumatların qıtlığını (yuxarıda 45-ci bəndə bax) və PMX-də insan resursları və tibbi resurslar ilə bağlı yaranmış obyektiv vəziyyəti (yuxarıda 77-78-ci bəndlərə bax) nəzərə alaraq, bu nəticələrin son dərəcədə yığcam olduğunu hesab edir.
Daha sonra, Məhkəmə 2002-ci - 2004-cü illər arasında PMX-də baş vermiş 129 ölüm halı ilə bağlı aparılmış istintaqlar nəticəsində heç kimin qanunsuz əməllərə görə cinayət məsuliyyətinə və ya mülki məsuliyyətə gətirilmədiyi barədə HRM-nin iddiasını nəzərə alır.
147. Bütün bu elementləri nəzərə alaraq, Məhkəmə belə qənaətə gəlir ki, dövlət orqanları cənab Kampeanunun işi üzrə Konvensiyanın 2-ci maddəsinin tələb etdiyi hərtərəfli araşdırma aparmamış və beləliklə ölümü hallarının səmərəli istintaqını həyata keçirilməmişlər.
Beləliklə, hazırkı işdə Konvensiyanın 2-ci maddəsinin prosessual aspekti ilə bağlı pozuntu baş vermişdir.
(b) Konvensiyanın 2-ci maddəsi ilə birgə götürülmüş 13-cü maddəsi
(i) Ümumi prinsiplər
148. Konvensiyanın 13-cü maddəsi milli hüquq sistemində istənilən formada təsbit edilmiş Konvensiya hüquq və azadlıqlarının mahiyyət üzrə həyata keçirilməsi üçün hüquqi müdafiə vasitələrinin mövcudluğunu təmin edir.
Beləliklə, 13-cü maddə Konvensiyaya müvafiq olaraq “əsaslandırılmış şikayət”ə mahiyyət üzrə baxılmasına imkan verə milli hüquqi müdafiə vasitəsinin nəzərdə tutulmasını və müvafiq kompensasiya verilməsini tələb edir. Bununla belə, Razılığa gələn Dövlətlər Konvensiyanın bu müddəasından irəli gələn öhdəliklərini necə icra etmələri ilə bağlı müəyyən diskresiyaya malikdirlər.
Konvensiyanın 13-cü maddəsi üzrə öhdəliklərin həcmi ərizəçinin şikayətinin mahiyyətindən asılı olaraq dəyişir. Buna baxmayaraq, 13-cü maddənin tələb etdiyi müdafiə vasitəsi həm hüquq baxımından, həm də təcrübədə “səmərəli” olmalıdır. Konkret olaraq, cavabdeh dövlətin orqanları öz hərəkətləri və ya hərəkətsizliyi ilə onun tətbiqinə əsassız maneə yaratmamalıdırlar (bax: “Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı” (Paul and Audrey Edwards v. the United Kingdom, no. 46477/99, §§ 96-97, ECHR 2002‑II)).
149. Yaşamaq hüququ və ya işgəncənin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsi kimi fundamental əhəmiyyətə malik olan hüquqlarla bağlı məsələlərdə Konvensiyanın 13-cü maddəsi zəruri hallarda kompensasiyanın ödənilməsi ilə yanaşı cavabdehlərin müəyyən edilməsinə və məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilən hərtərəfli və səmərəli araşdırmanı, o cümlədən şikayətçinin araşdırma prosesində səmərəli iştirak etmək imkanını tələb edir. Dövlət orqanlarının insanları digərlərinin hərəkətlərindən qoruya bilmədikləri hallarda Konvensiyanın 13-cü maddəsi heç də həmişə dövlət orqanlarının şikayətlərin araşdırılması üzrə məsuliyyəti öz üzərində götürməsini tələb etməyə bilər. Lakin zərərçəkmişin, yaxud onun ailəsinin onların Konvensiyada təsbit edilmiş hüquqlarını pozan dövlət vəzifəli şəxslərinin və ya dövlət orqanlarının hərəkət və ya hərəkətsizliyinə görə məsuliyyəti müəyyən edən mexanizmdən yararlanmaq imkanı olmalıdır (bax: yuxarıda qeyd edilən “Z və digərləri Birləşmiş Krallığa” [Böyük Palata], 109-cu bənd).
Məhkəmənin fikrincə, 13-cü maddədə nəzərdə tutulmuş orqan, heç də həmişə məhkəmə orqanı olmamalıdır. Buna baxmayaraq, hüquqi müdafiə vasitəsinin səmərəli olub-olmaması qiymətləndirilərkən bu orqanın malik olduğu səlahiyyətlər və prosessual təminatlar nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilən “Klass və digərləri”, 67-ci bənd). Məhkəmə qərara almışdır ki, məhkəmə müdafiəsi vasitələri müstəqillik, zərərçəkmiş və ailəsi üçün əlçatanlıq və 13-cü maddənin tələblərinə uyğun olaraq məhkəmə qərarlarının icrası ilə bağlı güclü təminatlar təqdim edirlər (bax: yuxarıda qeyd edilən “Z və digərləri Birləşmiş Krallığa qarşı”, 110-cu bənd).
(ii) Qeyd edilən prinsiplərin hazırkı işdə tətbiqi
150. Yuxarıda qeyd edildiyi kimi, 13-cü maddə Konvensiyada təsbit edilən hüquqlarının pozulduğunu iddia edən hər kəsin “dövlət orqanı qarşısında səmərəli hüquqi müdafiə vasitəsi” ilə təmin edilməsinin nəzərdə tutan kimi şərh edilməlidir. Zərərçəkmişin ondan səmərəli şəkildə istifadə etmək imkanının olması belə vasitənin əsas tələblərindən biridir.
151. Hazırkı işdə Məhkəmə artıq müəyyən etmişdir ki, cənab Kampeanunun zəif vəziyyəti, habelə dövlət orqanları tərəfindən qüvvədə olan qanunvericiliyin tətbiq edilməməsi və cənab Kampeanuya müvafiq hüquqi yardımın göstərilməməsi HRM-in məhkəməyə müraciət etmək hüququnun müstəsna qaydada tanınmasının hüquqi əsaslarını təşkil edən amillər olmuşlar (yuxarıda 112-ci bəndə bax). HRM-in müdaxiləsi olmasaydı, cənab Kampeanunun işi heç vaxt milli və ya beynəlxalq orqanlarının diqqətinə çatdırılmayacaqdı.
Lakin Məhkəmə qeyd edir ki, HRM-in cənab Kampeanunun adından göstərdikləri təşəbbüslər psixi pozuntuları olan insanların hüquqlarına aid mövcud hüquqi bazadan kənara çıxmaqla, daha çox müstəsna xarakter (sui generis) daşıyır. Bu, onunla bağlıdır ki, həmin hüquqi baza belə insanların təcrübədə istənilən hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanları baxımından onların spesifik ehtiyaclarının təmin edilməsi üçün az yararlıdır. Həqiqətən, əvvəlki işlərdə Məhkəmə əlilliyi olan işanlar üçün adekvat hüquqi müdafiə vasitələrinin olmaması, o cümlədən onların belə potensial vasitələrdən istifadə etmək imkanlarının məhdud olması səbəbindən cavabdeh dövlət tərəfindən Konvensiyanın 3-cü və ya 5-ci maddəsinin pozulduğunu müəyyən etmişdir (bax: yuxarıda qeyd edilən “C.B. Rumıniyaya qarşı”, 65-67-ci bəndlər, “Parastsinetti Rumıniyaya qarşı”, 34-38-ci bəndlər və “B. Rumıniyaya qarşı”, 97-ci bənd).
152. Məhkəmə hazırkı iş üzrə təqdim edilmiş sübutlar əsasında artıq belə qənaətə gəlmişdir ki, cavabdeh dövlət cənab Kampeanunun milli səhiyyə orqanlarının nəzarəti altında olduğu dövrdə onun yaşamaq hüququnu qorumaması və ölümünün hallarının səmərəli araşdırmasını aparmaması səbəbəbindən Konvensiyanın 2-ci maddəsinin pozulmasına görə məsuliyyət daşıyır. Hökumət dövlət orqanlarının məsuliyyətinin müstəqil, açıq və səmərəli şəkildə müəyyən edilə biləcəyi hər hansı digər prosedur göstərməmişdir.
Daha sonra, Hökumətin Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulmuş müvafiq hüquqi müdafiə vasitələrinin mövcudluğunu sübut etmək üçün istinad etdiyi nümunələr (yuxarıda 125-ci bəndə bax) ya kifayət qədər inandırıcı olmamış, ya da məhdud təsirinə və prosessual təminatların mövcud olmamasına görə səmərəli olmamışlar.
153. Yuxarıda qeyd edilən mülahizələr nəzərə alınmaqla, Məhkəmə hesab edir ki, cavabdeh dövlət Konvensiyanın 2-ci maddəsinin pozulmasının qurbanı olduqlarını iddia edən psixi pozuntuları olan insanlara kompensasiya almaq imkanını verən müvafiq mexanizm yarada bilməmişdir.
Konkret olaraq, Məhkəmə dövlətin yaşamaq hüququnun pozulması ilə bağlı cənab Kampeanunun iddialarının müstəqil orqan tərəfindən araşdırılmasını təmin edəcək müvafiq qanunvericilik bazasını yaradıb implementasiya etmədiyinə görə Konvensiyanın 2-ci maddəsi ilə birlikdə götürülmüş 13-cü maddəsinin pozulduğunu müəyyən etmişdir.
(c) Konvensiyanın 13-cü maddəsi ilə birlikdə və ya ayrı-ayrılıqda götürülmüş 3-cü maddəsi
154. Məhkəmə yuxarıda 140 - 147-ci bəndlərdə müəyyən etdiyi faktları və onun 153-cü bənddə gəldiyi nəticələri nəzərə alaraq hesab edir ki, Konvensiyanın ayrı-ayrılıqda və ya 13-cü maddəsi ilə birlikdə götürülmüş 3-cü maddəsinin iddia edilən pozuntuları ilə bağlı hər hansı ayrıca məsələlər ortaya çıxmır (bax, mutatis mutandis: yuxarıda qeyd edilən “Nikolova və Veliçkova Bolqarıstana qarşı, 78-ci bənd və “Timus və Tarus Moldova Respublikasına qarşı” (Timus and Tarus v. the Republic of Moldova, no. 70077/11, § 58, 15 October 2013)).
II. KONVENSİYANIN DİGƏR İDDİA EDİLƏN POZUNTULARI
155. HRM daha sonra iddia etmişdir ki, cənab Kampeanunun Konvensiyanın 5-ci, 8-ci və 14-cü maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur.
156. Lakin Məhkəmə işin faktlarını, tərəflərin dəlillərini və onun Konvensiyanın 2-ci və 13-cü maddələri üzrə gəldiyi nəticələri nəzərə alaraq hesab edir ki, o, hazırkı ərizənin əsas hüquqi məsələlərini araşdırmış və qalan şikayətlər üzrə ayrıca qərarın qəbul edilməsinə zərurət yoxdur (digər qərarlarla yanaşı bax: “Kamil Uzun Türkiyəyə qarşı” (Kamil Uzun v. Turkey, no. 37410/97, § 64, 10 May 2007), yuxarıda qeyd edilən “Hüquq məsləhətçilərinin Argeş Kolleci”, 47-ci bənd, “Women On Waves” və digərləri Portuqaliyaya qarşı” (Women On Waves and Others v. Portugal, no. 31276/05, § 47, 3 February 2009), “Velsea və Mazare Rumıniyaya qarşı” (Velcea and Mazăre v. Romania, no. 64301/01, § 138, 1 December 2009), “Villa İtaliyaya qarşı” (Villa v. Italy, no. 19675/06, § 55, 20 April 2010), “Ahmet Yıldırım Türkiyəyə qarşı” (Ahmet Yıldırım v. Turkey, no. 3111/10, § 72, ECHR 2012) və “Mehmet Hatip Dicle Türkiyəyə qarşı” (Mehmet Hatip Dicle v. Turkey, no. 9858/04, § 41, 15 October 2013); həmçinin bax: yuxarıda qeyd edilən “Varnava və digərləri, 210-211-ci bəndlər).
IV. KONVENSİYANIN 46-CI VƏ 41-Cİ MADDƏLƏRİ
A. Konvensiyanın 46-cı maddəsi
157. Konvensiyanın 46-cı maddəsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulur:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. ...”
158. Məhkəmə vurğulayır ki, Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq Razılığa gələn Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürür, bununla belə qərarının icrasına nəzarəti Nazirlər Komitəsi həyata keçirir. Beləliklə, Məhkəmə tərəfindən Konvensiyanın və ya onun protokollarının pozulduğunun müəyyən edildiyi qərar cavabdeh dövlət üzərində zərərçəkmişlərə təyin edilmiş ədalətli kompensasiyaların ödənilməsi ilə yanaşı həmçinin Məhkəməmin müəyyən etdiyi pozuntuya son qoymaq və mümkün olduğu hallarda onun mənfi nəticələrini aradan qaldırmaq üçün milli hüquq sistemində qəbul edilməli və Nazirlər Kabinetinin nəzarəti altında icra edilməli ümumi xarakterli və/və ya fərdi tədbirlərin seçilməsi üzrə hüquqi öhdəliyi qoyur (bax: “Skotsarri və Ciunta İtaliyaya qarşı” [Böyük Palata] (Scozzari and Giunta v. Italy [GC], nos. 39221/98 and 41963/98, § 249, ECHR 2000‑VIII) və yuxarıda qeyd edilən “Stanev”, 254-cü bənd). Məhkəmə daha sonra qeyd edir ki, Konvensiyanın 46-cı maddəsindən irəli gələn öhdəliyin icrası üçün milli hüquq sistemində tətbiq ediləcək vasitələrin Nazirlər Komitəsinin nəzarəti altında seçilməsi ilə əvvəl dövlətin vəzifəsidir (bax: yuxarıda qeyd edilən “Skotsarri və Ciunta İtaliyaya qarşı” və “Brumaresku Rumıniyaya qarşı” (ədalətli kompensasiya) [Böyük Palata] (Brumărescu v. Romania (just satisfaction) [GC], no. 28342/95, § 20, ECHR 2001‑I)).
159. Lakin cavabdeh dövlətə Konvensiyanın 46-cı maddəsi üzrə öhdəliyinin yerinə yetirilməsində yardım etmək məqsədi ilə Məhkəmə onun müəyyən etdiyi vəziyyətə son qoyulması üçün tətbiq edilə biləcək fərdi və/və ya ümumi xarakterli tədbirlərin növünü göstərə bilər (digər qərarlarla yanaşı bax: “Vlad və digərləri Rumıniyaya qarşı” (Vlad and Others v. Romania, nos. 40756/06, 41508/07 and 50806/07, § 162) işi üzrə 2013-cü il 2013-cü il 26 noyabr tarixli qərar).
160. Hazırkı işdə Məhkəmə xatırladır ki, dövlət orqanları tərəfindən cənab Kampeanuya qanuni qəyyum və ya digər nümayəndə təyin edilmədiyinə görə, o, müdafiənin və ya xəstəxanaların rəhbərliyi, milli məhkəmələr və Məhkəmədə təmsilçiliyinin istənilən formasından məhrum olmuşdur (yuxarıda 111-ci bəndə bax). Məhkəməni HRM-ə cənab Kampeanunun adından çıxış etməyə icazə verməyə vadar etmiş müstəsna hallar (yuxarıda 112-ci bənddəki nəticələrə bax) nəzərə alınmaqla, Məhkəmə həmçinin dövlət tərəfindən cənab Kampeanunun iddialarına dair şikayətlərə müstəqil orqan tərəfindən baxılmasını təmin edəcək müvafiq qanunvericilik bazasının yaradılmaması və tətbiq edilməməsinə görə Konvensiyanın 2-ci maddəsi ilə birlikdə götürülmüş 13 maddəsinin pozulduğunu müəyyən etmişdir (yuxarıda 150 – 153-cü bəndlərə bax; həmçinin, Konvensiyanın ayrı-ayrılıqda və ya 13-cü maddəsi ilə birlikdə götürülmüş 3-cü maddəsi üzrə şikayətlərlə bağlı 154-cü bəndə bax). Beləliklə, Məhkəmənin Konvensiyanın 2-ci və 13-cü maddələrinin pozulduğu barədə nəticələrinin əsaslandığı fakt və hallar Məhkəməni onun qərarının icrası üçün ümumi xarakterli tədbirləri göstərməyə vadar edən daha geniş problemin mövcudluğuna işarə edirlər.
161. Bu fonda Məhkəmə cavabdeh dövlətə cənab Kampeanunun vəziyyəti ilə müqayisə edilə bilən vəziyyətdə olan psixi cəhətdən qüsurlu şəxslərin müstəqil təmsilçiliyini təmin edən və onlara sağlamlığı və müalicəsi ilə bağlı şikayətlərlə məhkəməyə və ya digər müstəqil orqanlara müraciət etməyə imkan verən zəruri ümumi xarakterli tədbirləri həyata keçirməyi tövsiyə edir (bax mutatis mutandis: yuxarıda 113-cü bənd və yuxarıda qeyd edilən “Stanev”, 258-ci bənd).
B. Konvensiyanın 41-ci maddəsi
162. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə ədalətli təzminatın ödənilməsini təyin edir.”
1. Ziyan
163. HRM maddi və ya mənəvi ziyanla bağlı heç bir tələb irəli sürməmişdir.
2. Məhkəmə xərcləri
164. HRM PMX-yə qarşı verdiyi şikayətlərə milli məhkəmələrdə baxılması, habelə hazırkı işə Məhkəmədə baxılması ilə bağlı çəkdiyi xərclərə görə ona 11455,25 avro ödənilməsini tələb etmişdir; HRM-in vəkilinin məsləhətçisi qismində çıxış etmiş “Interights” təşkilatı işə Palatada baxılmasında iştirakı (215 saatlıq işə bərabərdir) ilə bağlı çəkdiyi xərclərə görə 25800 avro, işə Böyük Palatada baxılmasında iştirakı (111 saatlıq işə bərabərdir) ilə bağlı çəkdiyi xərclərə görə əlavə olaraq 14564 avro ödənilməsini tələb etmişdir. Həmin xərclər barədə dəqiq məlumat işə əlavə edilmişdir.
165. Hökumət bildirmişdir ki, xərclərin heç də hamısı sənədləşdirilməmiş və müvafiq dəqiqliklə göstərilməmiş və hər bir halda onların həcmi həddindən artıq böyük olmuşdur.
166. Məhkəmənin presedent hüququna uyğun olaraq, ərizəçi məhkəmə xərclərinə görə kompensasiya almaq hüququna yalnız o halda malikdir ki, o, həmin xərcləri həqiqətən çəkdiyini, onların zəruri və həcmcə ağlabatan olmasını nümayiş etdirmiş olsun. Hazırkı işlə bağlı Məhkəmə hesab edir ki, “İnterights” təşkilatının HRM-in xahişi ilə yuxarıda qeyd edilən qaydada işə baxılmasında iştirakı əsaslı olmuşdur (bax, misal üçün: “Yaşa Türkiyəyə qarşı” (Yaşa v. Turkey, 2 September 1998, § 127, Reports 1998‑VI) və “Menteş və digərləri Türkiyəyə qarşı” (Menteş and Others v. Turkey, 28 November 1997, § 107, Reports 1997‑VIII). Məhkəmə ona təqdim edilmiş sənədləri, iş üzrə faktlara və hüquqa dair məsələlərin sayını və onların mürəkkəbliyni, habelə yuxarıda göstərilən meyarları nəzərə alaraq HRM-ə 10000 avro məbləğində və “İnterights” təşkilatına 25000 avro məbləğində kompensasiya təyin etməyi ağlabatan hesab edir.
3. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
167. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
1. 2-ci, 3-cü və 13-cü maddələri ilə bağlı şikayətləri yekdilliklə qəbuledilən elan edir;
2. Konvensiyanın 2-ci maddəsinin həm maddi-hüquqi, həm də prosessual aspektdə pozulduğunu yekdilliklə qət edir;
3. Konvensiyanın 2-ci maddəsi ilə birlikdə götürülmüş 13-cü maddəsinin pozulduğunu yekdilliklə qət edir;
4. On dörd səs lehinə və üç səs əleyhinə olmaqla Konvensiyanın ayrı-ayrılıqda, yaxud 13-cü maddəsi ilə birlikdə götürülmüş 3-cü maddəsi üzrə şikayətlərin araşdırılmasına zərurət olmadığını qət edir;
5. Konvensiyanın 5-ci və 8-ci maddələri üzrə şikayətlərin qəbuledlənliyi və mahiyyəti ilə bağlı məsələlərin araşdırılmasına zərurət olmadığını yekdilliklə qət edir;
6. On beş səs lehinə və iki səs əleyhinə olmaqla Konvensiyanı 14-cü maddəsi üzrə şikayətlərinin qəbuledlənliyi və mahiyyəti ilə bağlı məsələlərin araşdırılmasına zərurət olmadığını yekdilliklə qət edir;
7. Yekdilliklə qət edir ki,
(a) cavabdeh dövlət məhkəmə xərclərinə görə bu qərarın qəbul edilməsindən sonra üç ay ərzində, ödənilməli olan vergilər də daxil olmaqla, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq cavabdeh dövlətin valyutasına çevirməklə aşağıdakı məbləğlərdə vəsaiti ödəməlidir:
(i) HRM-ə 10000 (on min) avro; və
(ii) “İnterights” təşkilatına 25000 (iyirmi beş min) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir.
8. Ədalətli kompensasiya tələbini digər hissələrdə yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2014-cü il iyulun 17-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Maykl O’BoylDin Şpilman
Katibin müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı xüsusi rəylər bu qərara əlavə edilir[1]:
(a) hakim Pinto de Albukerkenin xüsusi rəyi;
(b) hakimlər Şpilman, Bianku və Nussberqerin xüsusi rəyi;
(c) hakimlər Zimele və Biankunun xüsusi rəyi.
D.S.
M.O.B.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy