BÖYÜK PALATA
ÇIRAQOV VƏ DİGƏRLƏRİ ERMƏNİSTANA QARŞI
(13216/05 nömrəli ərizə)
QƏRAR
(Ərizənin mahiyyəti üzrə)
STRASBURQ
16 iyun 2015-ci il
Bu qərar qüvvəyə minmiş, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Çıraqov və digərləri Ermənistana qarşı işində
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palata qismində:
Dean Spielmannın sədrliyi ilə
hakimlər Josep Casadevall,
Guido Raimondi,
Mark Villiger,
Isabelle Berro,
Ineta Ziemele,
Boštjan M. Zupančič,
Alvina Gyulumyan,
Xanlar Hacıyev,
George Nicolaou,
Luis López Guerra,
Ganna Yudkivska,
Paulo Pinto de Albuquerque,
Ksenija Turković,
Egidijus Kūris,
Robert Spano,
Iulia Antoanella Motoc
və Məhkəmə katibinin müavini Michael O’Boyledən ibarət tərkibdə
2014-cü il yanvarın 22-23-də və 2015-ci il yanvarın 22-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilən tarixdə aşağıdakı qərarı qəbul etmişdir:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Hazırkı iş üzrə icraat 2005-ci il aprelin 6-da Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılov (“ərizəçilər”) tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Ermənistan Respublikasına qarşı verilmiş ərizəyə (13216/05 nömrəli) əsasən başlanmışdır. Altıncı ərizəçi 2005-ci ilin iyun ayında vəfat etmişdir. Ərizə onu oğlu Sağatel Cəbrayılov tərəfindən davam etdirilmişdir.
2. Pulsuz hüquqi yardım Məhkəmə tərəfindən təmin edilmiş ərizəçiləri Londonda fəaliyyət göstərən vəkillər M. Muller QC, C. Vine, M. Butler, M. Ivers, B. Poynor və S. Swaroop, habelə K.Yıldız təmsil etmişlər. Ermənistan Hökumətini (“Hökumət”) Məhkəmə yanında Ermənistan Respublikasının səlahiyyətli nümayəndəsi Q.Kostanyan təmsil etmişdir.
3. Ərizəçilər iddia etmişlər ki, onların cavabdeh Hökumət tərəfindən işğal edilmiş ərazidə yerləşən Laçın rayonuna qayıtmağın qarşısı alınır, buna görə onlar orada yerləşən mülkiyyət və evlərindən istifadə etmək imkanından məhrumdur və ziyana görə heç bir kompensasiya almamışlar. Onlar bildirmişlər ki, bu, Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin və Konvensiyanın 8-ci maddəsinin davamlı pozuntusunu təşkil etmişdir. Bundan başqa onlar iddia etmişlər ki, yuxarıdakı şikayətlər ilə bağlı hər hansı səmərəli hüquqi müdafiə vasitəsi mövcud olmadığına görə Konvensiyanın 13-cü maddəsi pozulmuşdur. Nəhayət, onlar yuxarıda göstərilən bütün şikayətlərlə əlaqədar olaraq iddia etmişlər ki, Konvensiyanın 14-cü maddəsinə zidd olaraq etnik mənşəyinə və dini mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmışlar.
4. İşin baxılması Məhkəmənin Üçüncü Bölməsinə tapşırılmışdır (Məhkəmə Reqlamentinin 52-ci qaydasının 1-ci hissəsi). Konvensiyanın 36-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Hökuməti işdə iştirak etmək hüququndan istifadə etmişdir. Onu Məhkəmə yanında səlahiyyətli nümayəndəsi Ç.Əsgərov təmsil etmişdir.
5. 2010-cu il martın 9-da hakimlər Josep Casadevall, Elisabet Fura, Corneliu Bîrsan, Boštjan M. Zupančič, Alvina Gyulumyan, Egbert Myjer və Luis López Guerra, habelə Seksiya katibinin müavini Stanley Naismithdən ibarət tərkibdə Üçüncü Bölmənin Palatası yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etmiş, tərəflər isə buna etiraz bildriməmişdir (Konvensiyanın 30-c u maddəsi və Reqlamentin 72-ci qaydası).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci hissələrinə və Məhkəmə Reqlamentinin 24-cü qaydasına müvafiq olaraq müəyyən edilmişdir. Məhkəmə sədri qərara gəlmişdir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı iş və Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə) Böyük Palatanın eyni tərkibinə tapşırılmalıdır (24-cü qayda, 42-ci qaydanın 2-ci hissəsi və 71-ci qayda).
7. Ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə açıq məhkəmə iclası 2010-cu il sentyabrın 15-də Strasburqda İnsan Hüquqları Sarayında keçirilmişdir (59-cu qaydanın 3-cü hissəsi).
8. 2011-ci il dekabrın 14-də hakimlər Nicolas Bratza, Jean-Paul Costa, Christos Rozakis, Françoise Tulkens, Josep Casadevall, Nina Vajić, Corneliu Bîrsan, Peer Lorenzen, Boštjan M. Zupančič, Elisabet Fura, Alvina Gyulumyan, Khanlar Hajiyev, Egbert Myjer, Sverre Erik Jebens, Giorgio Malinverni, George Nicolaou və Luis López Guerra, habelə Məhkəmə katibinin müavini Michael O’Boyledən ibarət tərkibdə Böyük palata tərəfindən ərizə qəbuledilən elan edilmişdir.
9. Ərizəçilər və cavabdeh Hökumət yazılı ifadələrini təqdim etmişlər (59-cu qaydanın 1-ci hissəsi). Bundan əlavə, Azərbaycan Hökuməti tərəfindən üçüncü tərəfin şərhləri daxil olmuşdur.
10. Ərizənin mahiyyəti üzrə açıq məhkəmə iclası 2014-cü il yanvarın 22-də Strasburqda İnsan Hüquqları Sarayında keçirilmişdir.
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişlər:
(a) cavabdeh Hökumət tərəfindən
cənab G. Kostanyan,səlahiyyətli nümayəndə,
cənab G. Robertson, QC,Vəkil,
cənab E. Babayan,
cənab T. Collis,Məsləhətçilər;
(b) ərizəçilər tərəfindən
cənab M. Muller, QC,
cənab M. Ivers,
cənab S. Swaroop,
cənab M. Butler,Vəkillər,
xanım C. Vine,
xanım B. Poynor,
xanım S. Karakaş,
xanım A. Evans,Məsləhətçilər;
(c) Azərbaycan Hökuməti tərəfindən
cənab Ç. Əsgərov,Agent,
cəanb M.N. Shaw, QC,
cənab G. Lansky, Vəkillər,
cənab O. Qvaladze,
cənab H. Tretter,
xanım T. Urdaneta Wittek,
cəanb O. İsmayilov, Məsləhətçilər.
Ərizəçilər A.Həsənov və F.Paşayev də iclasda iştirak etmişlər.
Məhkəmə iclasında cənab Muller, cənab Swaroop, cənab Ivers, xanım Butler, cənab Robertson, cənab Shaw və cənab Lansky çıxış etmişlər.
11. Məhkəmə iclasından sonra Məhkəmə qərara gəlmişdir ki, işə baxılması üçün yerdə baxış keçirmə və ya şahidlərin dindirilməsi tələb edilməmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
A. Ümumi məlumat
12. SSRİ-nin dağılması zamanı Dağlıq Qarabağ Muxtar Vilayəti (“DQMV”) Azərbaycan Sovet Sosialist Respublikasının (“Azərbaycan SSR”) muxtar bölgəsi olmuşdur. Azərbaycan SSR-nin ərazisinin tərkibində olmuş bu bölgənin sahəsi 4388 kv. km. təşkil etmişdir. Dağlıq Qarabağla Ermənistan Sovet Sosialist Respublikası (“Ermənistan SSR”) arasında ümumi sərhəd olmamış, onlar Azərbaycan ərazisi, ən qısa məsafədə Laçın rayonu, o cümlədən enliyi on kilometrdən az olan və adətən “Laçın dəhlizi” adlandırılan torpaq zolağı ilə ayrılmışdır.
13. 1989-cu ildə SSRİ-də aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən DQMV-də 189 min əhali yaşamış, onların 77 faizini ermənilər, 22 faizini azərbaycanlılar təşkil etmiş, qalan əhali isə rus və kürd azlıqlarından ibarət olmuşdur. Laçın rayonunda demoqrafik vəziyyət başqa cür olmuş, onun 60 minlik əhalisinin böyük əksəriyyətini kürdlər və azərbaycanlılar təşkil etmişdir. Yalnız əhalinin 5-6 faizini ermənilər təşkil edirdilər.
14. 1988-ci ilin əvvəllərində DQMV-nin paytaxtı Stepanakertdə və Ermənistanın paytaxtı İrəvanda Dağlıq Qarabağın Ermənistana daxil olması tələbi ilə nümayişlər keçirilmişdir. 1988-ci il fevralın 20-də DQMV-nin Xalq Deputatları Soveti DQMV-nin Azərbaycandan ayrılaraq Ermənistanın tərkibinə verilməsi barədə Ermənistan SSR, Azərbaycan SSR və SSRİ-nin Ali Sovetinə müraciət etmişdir. Martın 23-də SSRİ-nin Ali Soveti tərəfindən müraciət rədd edilmişdir. İyunda müraciət həmçinin Azərbaycanın Ali Soveti tərəfindən rədd edilmiş, Ermənistanın Ali Soveti isə birləşmənin lehinə səs vermişdir.
15. 1988-ci ildə birləşmə uğrunda nümayişlər davam etdirilmişdir. Laçın rayonu yol blokadasına və hücumlara məruz qalmışdır. Toqquşmalar bir çox insan tələfatına və Ermənistanla Azərbaycan arasında yüz minlərlə qaçqının axınına gətirib çıxarmışdır. Bunun nəticəsində, 1989-cu il yanvarın 12-də SSRİ Hökuməti tərəfindən DQMV Moskvanın birbaşa tabeliyinə verilmişdir. Eyni zamanda, həmin ilin noyabrın 28-də bölgəyə nəzarət Azərbaycana qaytarılmışdır. Bir neçə gün sonra, dekabrın 1-də Ermənistan SSR və Dağlıq Qarabağın regional şurası “Dağlıq Qarabağın Ermənistanla yenidən birləşməsi barədə” birgə qətnamə qəbul etmişlər. Bu qətnaməyə əsasən 1990-cı ildə iki qurumun birgə büdcəsi yaradılmış, həmin ilin yazında isə Dağlıq Qarabağın Ermənistanda keçiriləcək gələcək seçkilərə daxil edilməsi barədə qərar qəbul edilmişdir.
16. 1990-cı ilin əvvəllərində münaqişənin artmasından sonra Bakıya və Dağlıq Qarabağa Sovet ordusu daxil olmuş, bölgədə fövqəladə vəziyyət elan edilmişdir. Sovet ordusunun arabir müdaxilələrinə baxmayaraq, ermənilərlə azərbaycanlılar arasında zorakı toqquşmalar davam etmişdir.
17. 1991-ci il avqustun 30-da Azərbaycan Sovet İttifaqından müstəqilliyini bəyan etmişdir. Sonradan bu qərar 1991-ci il 18 oktyabr tarixli “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə rəsmiləşdirilmişdir. Sentyabrın 2-də DQMV-nin Soveti Azərbaycanın DQMV və Şaumyan rayonun ərazilərindən ibarət “Dağlıq Qarabağ Respublikasının” (bundan sonra “DQR”) yaradılmasını elan etmiş və Azərbaycanın yurisdiksiyasında olmayacağını bəyan etmişdir. 1991-ci il noyabrın 26-da Azərbaycan Parlamenti Dağlıq Qarabağın muxtariyyətini ləğv etmişdir. 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağda təşkil edilmiş referendumda əhalinin 99,9 faizi ayrılmanın lehinə səs vermişdir. Eyni zamanda, Azərbaycan əhalisi referendumu boykot etmişdir. Həmin ay Sovet İttifaqı süqut etmiş və Sovet ordusu bölgədən çıxmağa başlamışdır. Dağlıq Qarabağ üzərində hərbi nəzarət sürətlə Qarabağ ermənilərinə keçmişdir. 1992-ci il yanvarın 6-da “DQR” referendumun nəticələrini nəzərə alaraq Azərbaycandan müstəqilliyini bir daha təsdiq etmişdir.
18. 1992-ci ilin əvvəllərində münaqişə tədricən tam-həcmli müharibəyə çevrilmişdir. Erməni tərəfi bir çox Azərbaycan kəndlərini ələ keçirmişdir ki, bu, bir neçə yüz insanın ölməsinə və əhalinin köçürülməsinə gətirib çıxarmışdır.
19. Laçın rayonu və xüsusilə Laçın şəhəri dəfələrlə hücuma məruz qalmışdır. Ərizəçilər iddia edirlər ki, hücumlarda həm Dağlıq Qarabağın, həm də Ermənistan Respublikasının silahlı birləşmələri iştirak etmişlər. Eyni zamanda, cavabdeh Hökumət iddia etmişdir ki, Ermənistan Respublikası bu hadisələrdə iştirak etməmiş, hərbi əməliyyatlar isə Dağlıq Qarabağın müdafiə ordusu və könüllülər qrupları tərəfindən aparılmışdır. 1991-ci ilin, demək olar ki, səkkiz ayı ərzində erməni qüvvələri nəzarət-buraxılış məntəqələrini ələ keçirərək Laçının yollarına nəzarət etmişdir. Laçın şəhəri tam təcrid edilmişdir. 1992-ci il mayın ortalarında Laçın havadan bombardman edilmişdir ki, bunun nəticəsində bir çox evlər dağıdılmışdır.
20. 1992-ci il mayın 17-də ordunun tədricən Laçına yaxınlaşmasını dərk edən sakinlər şəhərdən çıxmışlar. Növbəti gün Laçın şəhəri erməni qüvvələri tərəfindən ələ keçirilmişdir. Görünür ki, sonrakı günlərdə şəhər qarət edilmiş və yandırılmışdır. Cavabdeh Hökumətin “DQR” hakimiyyət orqanlarından aldığı məlumata əsasən Laçın şəhəri və ətrafındakı Ağbulaq, Çıraq və Çıraqlı kəndləri silahlı münaqişə zamanı tam dağıdılmışdır.
21. 1992-ci ilin iyul ayında Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutulan hər hansı beynəlxalq müqaviləyə imza atılmayacağı barədə qərar qəbul etmişdir.
22. “Human Rights Watch” təşkilatının hesabatına əsasən (“Dağlıq Qarabağda münaqişənin yeddi ili”, dekabr 1994-cü il) Laçın rayonunun işğal edilməsi nəticəsində 30 min Azərbaycanlı, o cümlədən kürdlər məcburi köçkün vəziyyətinə düşmüşdür.
23. Laçının işğalından sonra erməni qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha dörd rayonunu (Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan) və iki rayonunun (Ağdam və Füzuli) bir hissəsini ələ keçirmişlər.
24. 1994-cü il mayın 5-də Rusiyanın vasitəçiliyi ilə Ermənistan, Azərbaycan və “DQR” tərəfindən atəşkəs barədə razılaşma imzalanmışdır. O, mayın 12-də qüvvəyə minmişdir.
25. “Human Rights Watch” təşkilatının yuxarıdakı hesabatına əsasən 1988 və 1994-cü illər arasında 750-800 min azərbaycanlı Dağlıq Qarabağ, Ermənistan və Dağlıq Qarabağın ətrafındakı yeddi Azərbaycan rayonundan çıxmışdır. Ermənistan Hökumətinin məlumatına əsasən Azərbaycandan 350 min erməni qaçqın, 78 min isə məcburi köçkün (Ermənistanın Azərbaycanla sərhədində olan rayonlardan) vəziyyətinə düşmüşdür.
B. Hazırkı vəziyyət
26. Ermənistan Hökumətinin məlumatına görə “DQR” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 4061 kv. km.-nə nəzarət edir. Qismən işğal edilmiş iki rayonun işğal altında olan ərazisinin sahəsi ilə bağlı mübahisə olsa da, görünür ki, ətrafdakı yeddi rayonun işğal edilmiş ərazisi təxminən 7500 kv. km. təşkil edir.
27. Hal-hazırda Dağlıq Qarabağda 120-145 min arasında əhalinin olması ehtimal olunur ki, onlardan 95 faizini ermənilər təşkil edir. Faktiki olaraq bir nəfər də azərbaycanlı qalmayıb. Laçın rayonunda 5-10 min erməni əhalisi yaşayır.
28. İndiyədək münaqişənin siyasi həllinə nail olmaq mümkün olmamışdır. “DQR”-in özbaşına bəyan edilmiş müstəqilliyi heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmamışdır. 1994-cü il atəşkəs sazişinin sərhədboyu davamlı şəkildə pozulması nəticəsində bir çox insanlar həlak olmuş, rəsmi şəxslərin bəyanatları isə düşmənçilik xarakteri daşıyır. Bundan başqa, beynəlxalq hesabatlara görə, son dövrdə gərginlik daha da artmış, Ermənistanın və Azərbaycanın hərbi xərclər xeyli dərəcədə artmışdır.
29. Münaqişənin sülh yolu ilə həll edilməsinə dair bir sıra təkliflər uğursuz olmuşdur. Sülh danışıqları ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) və onun Minsk Qrupu çərçivəsində aparılır. 2007-ci ilin noyabrında Madriddə Qrupun üç həmsədri – Fransa, Rusiya və ABŞ razılaşmanın Əsas Prinsiplərini Ermənistana və Azərbaycana təqdim etmişdir. Sonradan təkmilləşdirilmiş Əsas prinsiplərdə digər məsələlər ilə yanaşı Dağlıq Qarabağ ətrafında olan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə təminatlarını verən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin müəyyən edilməsi, gələcəkdə Dağlıq Qarabağın yekun hüquqi statusunun referendum vasitəsilə müəyyən edilməsi, bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun təmin edilməsi, habelə sülh-yaradıcı əməliyyatı ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatların verilməsi əks etdirilmişdir. Fikir ondan ibarətdir ki, həmin prinsiplərin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi hərtərəfli razılaşmanın layihəsinin hazırlanması üçün imkan yaradacaqdır. 2009-cu ildə Minsk Qrupu diplomatlarının intensiv qayıq diplomatiyası aparmasından və iki ölkənin prezidentləri arasında bir neçə görüş keçirilməsindən sonra 2010-cu ildə prosesin səmərəliliyi zəifləmişdir. Bu günədək münaqişə tərəfləri Əsas prinsiplər üzrə rəsmi razılaşmanı imzalamamışlar.
30. 2011-ci il martın 24-də Minsk Qrupu tərəfindən təqdim edilmiş “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal edilmiş ərazilərinə qiymətləndirmə missiyasının hesabatının” xülasəsində aşağıdakılar bildirilmişdir:
““ATƏT-in Minsk Qrupunun həmsədrləri 7-12 noyabr 2010-cu ildə Dağlıq Qarabağın ətrafında yerləşən Azərbaycanın işğal olunmuş yeddi rayonunda ümumi vəziyyətin qiymətləndirilməsi məqsədi ilə sahə qiymətləndirmə missiyasını həyata keçiriblər. Həmsədrlərə ATƏT sədrinin şəxsi nümayəndəsi və onun maddi-texniki dəstək göstərən komandası, BMT-nin Ali Komissarlığın qaçqınlar üzrə idarəsinin iki mütəxəssisi və 2005-ci ildə faktların araşdırması missiyasının bir üzvü qoşulmuşdu. Bu, 2005-ci ildən bəri beynəlxalq birliyin bu ərazilərə ilk missiyası və BMT üzvlərinin 18 il ərzində ilk səfəri olmuşdur.
1000 km-dən çox məsafəni qət edəndən sonra həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin faciəvi nəticələrinin və sülhün əldə olunması prosesinin uğursuzluğunun danılmaz sübutlarının şahidi olublar. “Münaqişədən əvvəl mövcud olmuş şəhər və kəndləri əhali tərk etmiş və onlar viran edilmişlər. Dəqiq məlumat olmasa da, Kəlbəcər və Laçın rayonlarında yerləşən şəhərciklərdə və yaşayış məntəqələrdə 14000-ə yaxın adamın yaşaması güman edilir. Həmsədrlərin qiymətləndirməsinə görə 2005-ci ildən işğal olunmuş ərazilərdə əhalinin artımı müşahidə olunmur. Etnik ermənilərdən təşkil olunmuş əhali Azərbaycanın başqa rayonlarından bura köçürülmüşdür. Onlar çox ağır şəraitdə yaşayır, burada inkişaf etməmiş iqtisadiyyat və infrastruktur mövcuddur. Çoxunun şəxsiyyəti təsdiq edən sənədi yoxdur. İnzibati məqsədlər üçün yeddi ərazi, keçmiş Dağlıq Qarabağ bölgəsi və başqa bölgələr yeni səkkiz rayona daxil edilib.
Bu ərazilərdə mövcud olan ağır reallıq status-kvonun qəbul edilməsinin mümkün olmaması və yalnız danışıqlar yolu ilə həyata keçirilən sülh nizamlanmasının bu ərazilərdə vaxtilə yaşamış və hal-hazırda yaşayan əhaliyə daha yaxşı gələcək vəd edə biləcəyi ilə bağlı həmsədrlərin fikrini möhkəmləndirib. Həmsədrlər münaqişənin son nizamlanmasını təhlükə altında qoymamaq üçün tərəflərin liderlərini bu ərazilərdə hər hansı fəaliyyətdən çəkinməyə çağırıblar. Onlar qəbiristanlıqların qorunmasını və şəxsiyyəti təsdiq edən sənədləri olmayan köçkünlərin statusunun müəyyən edilməsini məsləhət ediblər. Həmsədrlər sonrakı missiyaları Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş başqa rayonlarda aparmaq niyyətindədirlər və bu missiyalara müvafiq beynəlxalq təşkilatlardan dinc nizamlama prosesində iştirak edə biləcək mütəxəssislər daxil etmək fikrindədirlər.”
31. 2013-cü il iyunun 18-də Minsk Qrupu həmsədr ölkələrinin prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat vermişlər:
“Biz, ATƏT Minsk Qrupu həmsədr ölkələrinin – Fransa, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sabit və dinc yolla həllinə nail olmaq üçün münaqişə tərəflərinə kömək etməyə sadiq qalırıq. Biz dərindən təəssüfləndiyimizi bildiririk ki, tərəflər danışıqlar prosesində qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan həll yolu tapmağa çalışmaq əvəzinə, birtərəfli mənfəət əldə etmək səylərini davam etdirmişlər.
Biz qəti əminik ki, bizim ölkələrin son dörd ildə verdikləri bəyanatların müddəaları Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı tənzimlənməsinin əsası ola bilər. Bu müddəaları vahid bir tam kimi nəzərdən keçirmək lazımdır, çünki onlardan birinə digərləri qarşısında üstünlük vermək üçün göstərilən hər hansı cəhd tarazlaşdırılmış qərar qəbul edilməsinin mümkünlüyünü istisna edir.
Biz təkrarən bildiririk ki, yalnız danışıqlar yolu ilə tənzimləmə regional inkişaf və əməkdaşlıq üçün imkanlar yaratmaqla sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər. Cari qarşıdurma və qeyri-sabitlik vəziyyətinə gətirib çıxarmış hərbi qüvvə tətbiq edilməsi münaqişəni həll etməyəcəkdir. Hərbi əməliyyatların yenidən başlanması region əhalisi üçün fəlakətli nəticələr doğurar, insan tələfatına, yeni dağıntılara, qaçqınların sayının artmasına, çox böyük maliyyə məsrəflərinə gətirib çıxarar. Biz bütün tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusən, zor tətbiq edilməməsi və ya zor tətbiq ediləcəyi barədə hədələməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların təyini-müqəddərat hüququ prinsiplərinə sadiq olduqlarını bir daha təsdiqləməyə qətiyyətlə çağırır. Biz həmçinin onlardan təkidlə xahiş edirik ki, regionda gərginliyin artmasına və münaqişənin genişlənməsinə gətirib çıxara biləcək hərəkətlərdən və bəyanatlardan çəkinsinlər. Rəhbərlər xalqları müharibəyə deyil, sülhə hazırlamalıdırlar.
Bizim ölkələrimiz tərəflərə kömək etməyə hazırdırlar, lakin münaqişəyə son qoymaq üçün məsuliyyət tərəflərin özlərinin üzərinə düşür. Biz qəti əminik ki, münaqişənin dinc yolla hərtərəfli tənzimlənməsinə doğru aparan tarazlaşdırılmış çərçivə razılığına nail olmaqda bundan sonra da ləngimə qəbuledilməzdir, buna görə də Azərbaycan və Ermənistan liderlərini səylərini hələ açıq qalan məsələlərin həlli üzərində yeni əzmlə cəmləşdirməyə çağırırıq.”
C. Ərizəçilər və Laçın rayonunda onların mülkiyyətində olması iddia edilən əmlak
32. Ərizəçilər bildirmişlər ki, onlar Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir və əcdadları orada yüz illər boyu yaşamışlar. 1992-ci il mayın 17-də onlar rayondan Bakıya məcburi köçmüşlər. O vaxtdan Erməni işğalına görə öz evlərinə və mülklərinə qayıda bilməmişlər.
1. Cənab Elxan Çıraqov
33. Elxan Çıraqov 1950-ci ildə anadan olmuşdur. O, Laçın rayonunda yaşamışdır. İlkin ərizədə onun Çıraq kəndində yaşaması qeyd edilmiş, lakin Hökumətin ifadələrinə cavabda kəndin düzgün adının Çıraqlı olduğu və onun həmin kənddə 15 il ərzində müəllim işlədiyi göstərilmişdir. O, iddia etmişdir ki, onun mülkiyyətində 250 kv.m. sahəsi olan ev, 55 arı təknəsi, 80 baş kiçik buynuzlu və doqquz baş iribuynuzlu mal-qara və beş əl işi olan xalça olmuşdur.
34. 2007-ci il fevralın 27-də cavabdeh Hökumətin ifadələrinə cavabla birlikdə onun tərəfindən təqdim edilmiş 1985-ci il 19 iyul tarixli rəsmi sənəd (“texniki pasport”) görə onun adına 1200 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 408 kv.m. (yaşayış sahəsi 300 kv.m. və köməkçi sahəsi 108 kv.m.) olan iki-mərtəbəli 12 otaqlı ev, 60 kv.m. sahəsi olan anbar qeydiyyatdan keçmişdir.
35. O, həmçinin onun 260 kv.m. sahəsi olan iki mərtəbəli 16 otaqlı evə və maşına sahib olması barədə keçmiş üç qonşusunun tərtib etdiyi aktı, habelə onun həqiqətən Çıraqlı kəndində yaşaması barədə Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyətinin nümayəndələri A.Cəfərov və A.Xəlilovun ifadələrini təqdim etmişdir.
36. Böyük Palata qarşısında ərizəçi, inter alia, onun Çıraqlıda anadan olmasını və orada 1978-ci ildə nikaha daxil olmasını göstərən nikah haqqında şəhadətnaməni, Çıraqlıda anadan olmuş oğlunun və qızının doğum haqqında şəhadətnamələrini, habelə onun Çıraqlıda müəllim işləməsi göstərilən Laçın Rayonu Təhsil Şöbəsi tərəfindən verilmiş 1979-cu il məktubunu və 1992-ci il əmək kitabçasını təqdim etmişdir.
2. Cənab Adışirin Çıraqov
37. Adışirin Çıraqov 1947-ci ildə anadan olmuşdur. O, Laçın rayonunda yaşamışdır. İlkin ərizədə onun Çıraq kəndində yaşaması qeyd edilmiş, lakin Hökumətin ifadələrinə cavabda kəndin düzgün adının Çıraqlı olduğu və onun həmin kənddə 20 il ərzində müəllim işlədiyi göstərilmişdir. O, iddia etmişdir ki, mülkiyyətində 145 kv.m. sahəsi olan ev, təzə “Niva” avtomaşını, 65 baş kiçik buynuzlu və on bir baş iribuynuzlu mal-qara və altı əl işi olan xalça olmuşdur.
38. Ərizəçinin 2007-ci il fevralın 27-də təqdim etdiyi 1986-cı il 22 aprel tarixli texniki pasporta görə onun adına ümumi yaşayış sahəsi 230,4 kv.m (yaşayış sahəsi 193,2 kv.m və köməkçi sahə 37,2 kv.m) olan iki mərtəbəli səkkiz otaqlı yaşayış sahəsi və 1200 kv.m torpaq sahəsində yerləşmiş 90 kv.m ərazisi olan anbar qeydiyyatdan keçmişdir.
39. O, eyni zamanda iki mərtəbəli səkkiz otaqlı yaşayış sahəsinə sahib olması barədə keçmiş üç qonşusunun tərtib etdiyi aktı, habelə onun həqiqətən Çıraqlı kəndində yaşaması barədə Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyətinin nümayəndələri A.Cəfərov və A.Xəlilovun ifadələrini təqdim etmişdir.
40. Ərizəçi Böyük Palataya, inter alia, Çıraqlıda anadan olmasını və burada 1975-ci ildə nikaha daxil olmasını təsdiq edən nikah haqqında şəhadətnaməsini, müvafiq olaraq 1977, 1975 və 1982-ci illərdə Çıraqlıda anadan olmuş oğlu və iki qızının doğum haqqında şəhadətnamələrini, həmçinin 1981-ci ildə ona verilmiş və Çıraqlının doğum yeri kimi göstərildiyi və 1992-ci ildə Çıraqlıda qeydiyyatda olduğunu təsdiq edən möhürün əks olunduğu SSRİ pasportunu təqdim etmişdir
3. Cənab Ramiz Cəbrayılov
41. Ramiz Cəbrayılov 1960-cı ildə Çıraqlıda anadan olmuşdur. 1988-ci ildə o, Bakıda Politexnik İnstitutunu mühəndislik ixtisası üzrə bitirmişdir. 1983-cü ildə Bakıda təhsil alan zaman o, Laçın şəhərinə gəlmiş və burada dövlət tərəfindən ona 5000 kv.m torpaq sahəsi verilmişdir. Ərizəçi torpaq sahəsində altı otaqlı və qarajı olan ev tikdiyini və 1992-ci ildə köçməyə məcbur edilənədək burada həyat yoldaşı və uşaqları ilə yaşadığını iddia etmişdir. Burada eyni zamanda tövlə də olmuşdur. O, həmçinin mülkiyyətində olduğu digər 5000 kv.metrlik torpaq sahəsində yerləşmiş “Avtoservis” adlanan avtomobil təmiri biznesinə, mağaza və kafeyə də sahib olmuşdur. Bundan əlavə onun 12 inəyi, 70 quzusu və 150 qoyunu olmuşdur.
42. Cənab Cəbrayılov 1992-ci ildə Laçını tərk etmiş və bundan sonra ora qayıda bilməmişdir. 2001-ci ildə erməni dostları Laçına getmiş və şəhərdə olan evlərin vəziyyətini videoya çəkmişlər. Ərizəçinin sözlərinə görə o, videoda evinin yandırılaraq kül edildiyini görmüşdür. Eyni zamanda Laçını ondan sonra tərk etmiş insanlar ona bildirmişlər ki, onun evi Laçını tərk etməsindən bir neçə gün sonra erməni yaraqlıları tərəfindən yandırılaraq kül edilmişdir.
43. Cənab Cəbrayılovun 2007-ci il fevralın 27-də təqdim etdiyi 1986-cı il 15 avqust tarixli texniki pasporta görə onun adına 480 kv.m. torpaq sahəsi üzərində yerləşən ümum sahəsi 203,2 kv.m (yaşayış sahəsi 171,2 kv.m və köməkçi sahə 32 kv.m) olan iki mərtəbəli səkkiz otaqlı yaşayış evi qeydiyyatda olmuşdur.
44. O, həmçinin iki mərtəbəli səkkiz otaqlı evə sahib olması barədə keçmiş üç qonşusunun tərtib etdiyi aktı, habelə onun həqiqətən Laçında şəxsi evində yaşaması barədə Azərbaycan Respublikası Laçın Şəhər İcra Hakimiyyətinin nümayəndəsi V.Məhərrəmovun ifadəsini təqdim etmişdir.
45. Ərizəçi Böyük Palataya, inter alia, doğum haqqında şəhadətnaməsini, Çıraqlıda anadan olmasını və burada 1982-ci ildə nikaha daxil olmasını təsdiq edən nikah haqqında şəhadətnaməsini, müvafiq olaraq 1982, 1986 və 1988-ci illərdə Laçında anadan olmuş bir qızı və iki oğlunun doğum haqqında şəhadətnamələrini, həmçinin 1979-cu ildə ona verilmiş hərbi biletini təqdim etmişdir
4. Cənab Akif Həsənov
46. Akif Həsənov 1959-cu ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olmuşdur. O, burada müəllim kimi 20 il çalışmışdır. Ərizəçi mülkiyyətində 165 kv.metrlik tam təchiz edilmiş geniş ev, yeni “Niva” maşını, 100 baş xırda buynuzlu heyvan və 16 baş iri buynuzlu heyvan və 20 əl işi olan xalçanın olduğunu iddia etmişdir.
47. Ərizəçinin 2007-ci il fevralın 27-də təqdim etdiyi 1985-ci il 13 sentyabr tarixli texniki pasporta görə onun adına 1600 kv.m. torpaq sahəsində yerləşmiş 448,4 kv.m. ümumi sahəsi (yaşayış sahəsi 223,2 kv.m. və köməkçi sahə 225,2 kv.m.) olan iki mərtəbəli doqquz otaqlı yaşayış evi və sahəsi 75 kv.m. olan anbar qeydiyyatda olmuşdur.
48. O, eyni zamanda iki mərtəbəli, doqquz otaqlı yaşayış evinə, həmçinin mal-qara üçün tövləyə və yardımçı binalara sahib olması barədə keçmiş üç qonşusunun tərtib etdiyi aktı, habelə onun həqiqətən Ağbulaq kəndində şəxsi evində yaşaması barədə Azərbaycan Respublikası Laçın Şəhər İcra Hakimiyyətinin nümayəndəsi V.Məhərrəmovun ifadəsini təqdim etmişdir.
49. Ərizəçi Böyük Palataya doğum haqqında şəhadətnaməsini, 1976-cı ildə verilmiş SSRİ pasportunu, Ağbulaq kəndində anadan olmasını və 1981-ci ildən 1988-ci ilə qədər kəndin məktəbində müəllim və direktor kimi çalışdığını göstərən Laçın Rayonu Təhsil Şöbəsi tərəfindən verilmiş əmək kitabçasını təqdim etmişdir.
5. Cənab Fəxrəddin Paşayev
50. Fəxrəddin Paşayev 1956-cı ildə Laçın rayonunun Kamallı kəndində anadan olmuşdur. 1984-cü ildə Bakıda Politexnik İnstitutunu mühəndislik ixtisası üzrə bitirdikdən sonra o, Laçın rayonuna qayıtmış və burada mühəndis kimi fəaliyyətə başlamış və 1986-cı ildən sonra Nəqliyyat Nazirliyində baş mühəndis kimi çalışmışdır. O, Laçında özü tərəfindən inşa edilmiş iki mərtəbəli üç yataq otaqlı evdə yaşadığını iddia etmişdir. Ev Laçın rayonu, Laçın şəhəri, 28 aprel küçəsi 50 ünvanında yerləşmişdir. Cənab Paşayev evin hazırkı bazar qiymətinin 50000 ABŞ dolları ola biləcəyini qeyd etmişdir. Onun mülkiyyətində həmçinin evinin ətrafındakı torpaq sahəsi və Kamallı kolxozundan pay (təxminən 10 hektar) olmuşdur. Bundan əlavə “kollektiv mülkiyyət” kimi bəzi torpaq sahəsinə də sahib olmuşdur.
51. Ərizəçinin 2007-ci il fevralın 27-də təqdim etdiyi 1990-cı ilin avqust tarixli texniki pasporta görə onun adına 469,3 kv.m. torpaq sahəsində yerləşmiş 133,2 kv.m. ümumi sahəsi (yaşayış sahəsi 51,6 kv.m. və köməkçi sahə 81,6 kv.m.) olan iki mərtəbəli yaşayış evi qeydiyyatda olmuşdur.
52. O, həmçinin iki mərtəbəli, dörd otaqlı yaşayış evinə sahib olması barədə keçmiş üç qonşusunun tərtib etdiyi aktı, habelə onun həqiqətən Laçında 28 may küçəsindəki şəxsi evdə yaşaması barədə Azərbaycan Respublikası Laçın Şəhər İcra Hakimiyyətinin nümayəndəsi V.Məhərrəmovun ifadəsini təqdim etmişdir.
53. Ərizəçi Böyük Palataya, inter alia, Kamallıda anadan olmasını və burada 1985-ci ildə nikaha daxil olmasını təsdiq edən nikah haqqında şəhadətnaməsini, müvafiq olaraq 1987 və 1991-ci illərdə Kamallıda anadan olmuş iki qızının doğum haqqında şəhadətnamələrini, 1993-cü ildə Kamallıda anadan olan şəxs kimi qeydiyyatdan keçmiş oğlunun doğum haqqında şəhadətnaməsini, həmçinin 1978-ci ildə verilmiş hərbi biletini və 2000-ci ildə verilmiş əmək kitabçasının təqdim etmişdir. O izah edərək bildirmişdir ki, oğlu əslində Bakıda anadan olsa da, uşağı valideynlərinin qeydiyyatda olduğu yer üzrə qeydiyyata salmaq SSRİ-dən qalmış propiska sisteminə görə normal hal hesab olunmuşdur
6. Cənab Qaraca Cəbrayılov
54. Cənab Qaraca Cəbrayılov 1940-cı ildə Laçın rayonunda anadan olmuşdur və 2005-ci il iyunun 19-da vəfat etmişdir. 2005-ci il aprelin 6-da bu şikayəti təqdim edən zaman o bildirmişdir ki, 1992-ci il mayın 19-da qaçmağa məcbur edilən zaman o, Laçın şəhərində 580 nömrəli sahədə, N.Nərimanov küçəsi, 128a nömrəli mənzildə yerləşən və 1976-cı ildə inşa edilmiş, sahəsi 187,1 kv.m. və həyətyanı sahəsi 453,6 kv.m. olan iki mərtəbəli bina evində yaşamışdır. O, eyni zamanda iddia etmişdir ki, bundan başqa həmin küçədə 300 kv.m. sahənin mülkiyyətçisi olmuşdur. O, ərizəyə əlavə etdiyi 1985-ci il avqust tarixli texniki pasporta görə yuxarıda qeyd edilmiş ölçülərdə həyətyanı sahəsi ilə birgə iki mərtəbəli ev onun adına qeydiyyatda olmuşdur.
55. Lakin 2007-ci il fevralın 27-də ərizəçinin nümayəndəsi bildirmişdir ki, o, Laçında H.Abdullayev küçəsi 41 ünvanında yaşamışdır. Bununla belə N.Nərimanov küçəsində yerləşmiş iki mülk də onun mülkiyyətində olmuşdur. Bu izahatlara əlavə edilmiş əvvəlki üç qonşunun və Azərbaycan Respublikasının Laçın şəhəri İcra Hakimiyyətinin nümayəndəsi V.Məhərrəmovun ifadələrində bildirilmişdir ki, cənab Cəbrayılov H.Abdullayev küçəsində yerləşən evində yaşayırdı. Ərizəyə eyni zamanda yuxarıda qeyd edilmiş 300 kv.m. torpaq sahəsinin ərizəçiyə verilməsinə dair Laçın rayonu Xalq Deputatları Sovetinin 1974-cü il 29 yanvar tarixli qərarı və mal-qara üçün yem, tikinti materialları və mülklərinin tikintisi zamanı istifadə etdiyi tikinti subsidiyalarının ayrılmasına dair bir neçə hesab faktura əlavə edilmişdir.
56. 2007-ci il noyabrın 21-də ərizəçinin oğlu Sağatel Cəbrayılov bildirmişdir ki, ailəsi N.Nərimanov küçəsində yaşayırdı, lakin xatırlamadığı tarixdə küçənin adı və nömrəsi dəyişdirilmiş və bundan sonra ünvanları H.Abdullayev küçəsi olmuşdur. Beləliklə yuxarıda qeyd edilmiş iki ünvanda eyni mülklər yerləşmişdir.
57. Ərizəçinin nümayəndəsi Böyük Palataya, inter alia, doğum haqqında şəhadətnaməsini, Çıraqlıda adan olmasını və burada 1965-ci ildə nikaha daxil olmasını təsdiq edən nikah haqqında şəhadətnaməsini, 1970-ci ildə Alxaslı kəndində anadan olmuş oğlunun doğum haqqında şəhadətnaməsini, həmçinin 1963-cü ildə ona verilmiş hərbi biletini təqdim etmişdir
D. Ermənistan Respublikası ilə “Dağlıq Qarabağ Respublikası” arasında münasibətlər
58. Ermənistan Respublikası tərəfindən “DQR” və ətrafındakı ərazilərdə hakimiyyətin həyata keçirməsi və ya ona nəzarət etməsi məsələsi ilə bağlı ərizəçilər və cavabdeh Hökumət, habelə üçüncü tərəf qismində çıxış etmiş Azərbaycan Hökuməti bir çox sənədlər və bəyanatlar təqdim etmişlər. Mövzuya aidiyyəti olan daxil olmuş məlumat Məhkəmə tərəfindən aşağıdakı şəkildə cəmlənmişdir.
1. Hərbi aspektlər
59. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə qəbul etmişdir.
30 aprel tarixli 822 saylı Qətnamə (S/RES/822 (1993)):
“Təhlükəsizlik Şurası,
...
Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək,
...
1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir,
...”
29 iyul tarixli 853 saylı Qətnamə (S/RES/853 (1993)):
“Təhlükəsizlik Şurası,
...
Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
...
Hərbi əməliyyatların genişlənməsini və, xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək,
...
3. Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir;
...
9. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 saylı (1993) qətnamənin və hazırkı qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin (ATƏT-in) Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;
...”
14 oktyabr tarixli 874 saylı Qətnamə (S/RES/874 (1993)):
“Təhlükəsizlik Şurası,
...
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək,
...
5. Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, (ATƏT-in) Minsk qrupunun Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır;
...”
12 noyabr tarixli 884 saylı Qətnamə (S/RES/884 (1993)):
“Təhlükəsizlik Şurası,
...
Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək,
...
2. Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;
...
4. Maraqlı tərəflərdən (ATƏT-in) Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə” uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;
...”
60. “Human Rights Watch” təşkilatının yuxarıda qeyd edilən 1994-cü il hesabatında (yuxarıda 22-ci abzasa bax) Dağlıq Qarabağ münaqişəsi təsvir edilir. “Qarabağ ermənilərinin 1992-ci ilin may-iyun aylarındakı hücumu nəticəsində Laçın rayonunun böyük hissəsinin ələ keçirilməsi” göstərilməklə yanaşı, 1993 və 1994-cü illərdəki hadisələr aşağıdakı şəkildə təsvir olunur (səh. 58):
“... Qarabağ erməni ordusu, adətən Ermənistan Respublikasından olan qüvvələrin köməyi ilə Dağlıq Qarabağ ətrafındakı qalan Azərbaycan rayonlarını, yəni Laçın rayonunun qalan hissəsi, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını ələ keçirmiş və oradakı Azərbaycanlı mülki əhalini qovmuşlar.”
“Human Rights Watch” təşkilatının hesabatında Ermənistan Respublikası ordusunun Dağlıq Qarabağda və ətrafındakı ərazilərdə iştirakını göstərən müxtəlif məlumatlar verilir (səh. 67-73). Ehtimal var ki, Ermənistan öz polis orqanlarının əməkdaşlarını polis vəzifələrini yerinə yetirmək üçün işğal olunmuş ərazilərə göndərmişdir. 1994-cü ilin aprelində “Human Rights Watch” təşkilatı 2 gün ərzində İrəvanın küçələrində Ermənisanın hərbi formasında olan əsgərləri ilə söhbət etmişdir. Onların 30 faizi ya Dağlıq Qarabağda döyüşmüş, ya Qarabağ getmək barədə əmr almış, ya da guya könüllü olaraq orada xidmət göstərmiş Ermənistan Respublikası ordusunun çağırışçı idilər. Bundan başqa, 1994-cü ilin aprelin cəmi bir günü içində “Human Rights Watch” təşkilatının əməkdaşları Ermənistandan Dağlıq Qarabağa gedən Ermənistan ordusunun təxminən 300 əsgərini daşıyan 5 avtobusu müşahidə etmişlər. Digər qərbi jurnalistlər “Human Rights Watch” təşkilatının əməkdaşlarına bildirmişlər ki, Ermənistandan Azərbaycan ərazisinə gedən Ermənistan ordusunun əsgərləri ilə dolu olmuş daha səkkiz avtobusu müşahidə etmişlər. “Human Rights Watch” təşkilatına görə, hüquq baxımından Ermənistan ordusunun Azərbaycana getməsi nəticəsində Ermənistan münaqişənin tərəfinə çevrilmiş, müharibə isə Ermənistanla Azərbaycan arasında beynəlxalq silahlı münaqişəyə çevrilmişdir.
61. ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə dair bir sıra təkliflər irəli sürülmüşdür. 1997-ci il iyul ayında irəli sürülmüş “paket sazişi” təklifində “1-ci razılaşma – hərbi əməliyyatlarının sonu” başlığı altında silahlı qüvvələrin iki mərhələli geri çəkilməsi prosesi müəyyən edilmişdir. İkinci mərhələyə “Ermənistan silahlı qüvvələrinin Ermənistan Respublikasının hüdudlarına qayıtması” barədə müddəa daxil olmuşdur.
1997-ci ilin dekabrında təqdim edilmiş “addım-addım” yanaşmasında da iki mərhələli geri çəkilmə prosesi nəzərdə tutulmuş və ikinci mərhələnin bir hissəsi kimi “Ermənistan Respublikası sərhədlərindən kənar olan Erməni qüvvələrinin həmin sərhədlər hüdudlarına geri çəkilməsi” nəzərdə tutulmuşdur. Mahiyyətcə eyni ifadə 1998-ci il noyabrın “birgə dövlət” təklifində olmuşdur.
Bu sənədlərin Minsk qrupu çərçivəsində danışıqlarda müzakirə olmasına baxmayaraq, onların heç biri Ermənistanla Azərbaycan arasında razılaşmaya gətirib çıxarmamışdır.
62. Ərizəçilər müxtəlif siyasi liderlər və müşahidəçilərin bəyanatlarını göstərmişlər. Misal üçün, o zaman “DQR”-in baş naziri olmuş Robert Koçaryan 1994-cü ilin fevralında Ermənistanın “Qolos Armenii” qəzetinə verdiyi müsahibədə bildirmişdir ki, Ermənistan Dağlıq Qarabağı zenit topları ilə təchiz etmişdir.
Bundan başqa, 1992-1993-cü illərdə Ermənistanın müdafiə naziri olmuş Vazgen Manukyan 2000-ci ildə Britaniyalı jurnalist və yazıçı Tomas de Vaal ilə müsahibədə etiraf etmişdir ki, Ermənistan ordusunun müharibədə iştirak etməməsi barədə açıq bəyanatlar sırf xarici istehlak üçün nəzərdə tutulmuşdur (bax: Thomas de Waal, “Black Garden: Armenia and Azerbaijan through Peace and War”, New York University Press 2003, p. 210):
“Siz əmin ola bilərsiniz ki, siyasi müstəvidə dediyimiz hər şeyə rəğmən, Qarabağ erməniləri və Ermənistan ordusu hərbi əməliyyatlarda bir olmuşdur. Mənim üçün kiminsə Qarabağlı və ya Ermənistanlı olması fərq etməmişdir.”
63. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (International Institute for Strategic Studies (BSAİ)) 2002, 2003 və 2004-cü illər üzrə “Hərbi Tarazlıq” (“The Military Balance”) adlı illik hesabatlarında göstərilmişdir ki, Dağlıq Qarabağdakı 18 minlik orduda 8 min nəfəri Ermənistandan olmuşdur. Həmin institutun 2013-cü il hesabatında, inter alia, bildirilmişdir ki, “1994-cü ildən bəri Ermənistan adətən “işğal olunmuş ərazilər” adlanan Dağlıq Qarabağın əksər hissəsinə, habelə Azərbaycanın ətrafdakı yeddi rayonuna nəzarət etmişdir” (bax: “The Military Balance” 2002, səh. 66; 2003, səh. 66; 2004, səh. 82; və 2013, səh. 218).
64. Avropa Şurası Parlament Assambleyasının məruzəçisi cənab Devid Atkinson 2004-cü ilin noyabrında Dağlıq Qarabağla bağlı Siyasi məsələlər Komitəsinə ikinci məruzəsində (PACE Doc. 10364) bildirmişdir ki,:
“Məndə olan məlumata görə, Azərbaycandan olan ermənilərdən başqa, Ermənistandan olan ermənilər Dağlıq Qarabağ bölgəsi üzərində döyüşlərdə iştirak etmişlər. Bu gün, Ermənistanın əsgərləri Dağlıq Qarabağ bölgəsində və ətrafındakı rayonlarda xidmət edir, bölgənin əhalisi Ermənistan pasportuna sahibdir, Ermənistan hökuməti isə bu əraziyə böyük həcmdə büdcə vəsaitlərini köçürür.”
Bu məruzəyə əsasən 2005-ci il yanvarın 25-də Parlament Assambleyası 1416 saylı qətnaməni qəbul etmişdir ki, orada, inter alia, aşağıdakılar bildirilir:
“1. Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.
2. Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir.”
65. Beynəlxalq Böhran Qrupunun (BBQ) 2005-ci il 14 sentyabr tarixli “Dağlıq Qarabağ: Münaqişəyə Yerindən Baxış” adlı hesabatında “DQR”-dəki silahlı qüvvələrlə əlaqədar olaraq aşağıdakılar bildirilir (səh. 9-10):
“Ola bilsin ki, Dağlıq Qarabağ dünyada ən hərbiləşdirilmiş cəmiyyətdir. Yaxşı hazırlanmış və təchiz edilmiş Dağlıq Qarabağın Müdafiə Ordusu əsas etibarı ilə quru qoşunlarından ibarətdir və bu ordunun bel sütununun əsas hissəsini Ermənistan təşkil edir. Dağlıq Qarabağ rəsmisi Böhran Qrupuna bildirmişdi ki, orduda təqribən 20,000 əsgər var, müstəqil ekspert (ABŞ hərbi təhlilçisi Riçard Giragosyan, iyul 2005-ci il) isə bu rəqəmin 18,500 olduğunu demişdi. Bildirilir ki, ehtiyatda olan 20,000-dən 30,000-ə qədər hərbi qulluqçu əlavə olaraq səfərbər edilə bilər. Əhalisinin sayına görə, Dağlıq Qarabağ xaricdən gələn çoxsaylı şəxslər olmadan belə böyük qüvvə saxlaya bilməz. Müstəqil (cənab Giragosyanın) dəyərləndirmələrə görə, orduda 8,500 Qarabağ ermənisi var və qalan 10,000 hərbçi Ermənistandan gəlib. ...
Buna baxmayaraq, Ermənistandan olan çoxsaylı çağırışçılar və muzdlu əsgərlər DQ-də xidmət etməkdə davam edirlər. (De facto) müdafiə naziri etiraf edir ki, onun ordusunun 40 faizi hərbi müqavilə əsasında xidmət edən hərbçilərdən, o cümlədən Ermənistan vətəndaşlarından ibarətdir. O iddia edir ki, heç bir Ermənistan vətəndaşı zorla orduya çağırılmayıb və bildirir ki, əslən Dağlıq Qarabağdan olan 500,000 erməni Ermənistanda yaşayır və onlardan bəziləri Dağlıq Qarabağın silahlı qüvvələrində xidmət edir. İrəvan və Ermənistanın digər şəhərindən olan keçmiş çağırışçılar Böhran Qrupuna bildirmişdilər ki, onlar hərbi komissarlığa gedən kimi görünür özbaşına olaraq Dağlıq Qarabağa və işğal edilmiş rayonlara göndərilmişlər. Onlar Dağlıq Qarabağa və ya ona bitişik rayonlara könüllü getdiklərini inkar edirlər. Onlara Ermənistandan kənarda xidmət etdiklərinə görə mükafat ödəməmişlər və onlar Dağlıq Qarabağın hərbi formasında və Dağlıq Qarabağın hərbi komandanlığı altında hərbi xidmət göstərmişlər. Gənc erməni çağırışçıların Dağlıq Qarabağda hərbi xidmətə qarşı etirazları artmışdır və bu da DQ-ya göndərilənlərin sayının açıq-aşkar azalmasını izah edə bilər.
Ermənistan və Dağlıq Qarabağ qüvvələri arasında böyük inteqrasiya mövcuddur. Ermənistanın daha yüksək hakimiyyət dairələrində etiraf edirlər ki, onlar Qarabağa xeyli avadanlıq və silah verirlər. Dağlıq Qarabağ hakimiyyəti də etiraf edir ki, erməni zabitlər təlim keçirməkdə və xüsusiləşmiş biliklər əldə etməkdə yardım göstərirlər. Lakin Ermənistan təkid edir ki, nə Dağlıq Qarabağda nə də onun ətrafında yerləşən işğal olunmuş torpaqlarda onun ordu hissələri yoxdur.”
Ermənistan Hökuməti Ermənistanda və ya “DQR”-də təmsilçiliyi olmayan BBQ-nin hesabatına etirazını bildirmişdir. Bundan əlavə, “DQR”-də Ermənistan hərbçilərinin sayına dair məlumat Hökumət tərəfindən əlaqə saxlanılmış və aşağıdakı bəyanat vermiş cənab Giragosyan ilə elektron yazışmadan görünür:
“Bu fikri ifadə edərkən mən heç də nəzərdə tutmamışdım ki, Dağlıq Qarabağ silahl qüvvələrində xidmət edən şəxslər əsgərlərdir. Mən demək istəmişəm ki, Ermənistan və digər dövlətlərdən təqribən bu sayda könüllülər Dağlıq Qarabağ silahlı qüvvələrində xidmət edir. Mənim tərəfimdən qeyd edilmiş rəqəm gəldikdə isə, bu məlumatın məxfi olduğuna və heç kəsin dəqiq məlumata malik olmadığına görə onun dəqiq olmasında təkid edə bilmərəm. Mənim fikrim üçün əsas o, olmuşdur ki, zənnimcə, dünyanın müxtəlif yerlərindən olan ermənilər Dağlıq Qarabağın özünümüdafiə qüvvələrində xidmət edirlər.”
66. 2007-ci il aprelin 19-da Avstriyanın “der Standard” qəzetində Ermənistanın xarici işlər naziri Vartan Oskanyan ilə müsahibə dərc edilmişdir. Mübahisə predmeti olan ərazilər mövzusu ilə əlaqədar olaraq cənab Oskanyan onları “hazırda Ermənistan tərəfindən nəzarət edilən ərazilər” adlandırmışdır.
Bir neçə gün sonra Ermənistanın Avstriyadakı Səfirliyi mətbuat üçün verilmiş bəyanatda bildirmişdir ki, cənab Oskanyanın sözləri təhrif edilmiş, əslində isə ifadə “ermənilər tərəfindən nəzarət edilən ərazilər” kimi oxunulmalıdır.
67. 2008-ci il martın 14-də BMT-nin Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə qəbul etmişdir (A/RES/62/243). Burada, Təhlükəsizlik Şurasının qətnamələrinə istinadən (yuxarıda 59-cu abzasa bax) aşağıdakı müddəalar əks etdirilir:
“Baş Məclis,
...
2. Bütün erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və şərtsiz çəkilməsini tələb edir;
3. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmaq üzrə ayrılmaz hüququnu bir daha təsdiq edir və bu qayıdış üçün müvafiq şəraiti yaratmaq, o cümlədən münaqişənin təsir etdiyi ərazilərin hərtərəfli reabilitasiyası zərurətini vurğulayır;
...”
68. 2008-ci il oktyabrın 29-da dərc edilmiş “Armenia Today” informasiya agentliyinə müsahibəsində Livanda anadan olmuş erməni hərbi komandanı və siyasi xadimi, 1992-ci ilin mayında Şuşa şəhərinin ələ keçirilməsində iştirak etmiş və sonradan həm “DQR”, həm Ermənistan silahlı qüvvələrində xidmət etmiş Jirayr Sefilyan aşağıdakı bəyanat vermişdir:
“Biz tarixin səhifəsini çevirməliyik, çünki 1991-ci ildən başlayaraq biz Qarabağa müstəqil dövlət kimi baxmış və bəyan etmişik ki, onlar danışıqlarda iştirak etməlidir. Biz kimi aldadırıq? Bütün dünya bilir ki, DQR ordusu Ermənistan silahlı qüvvələrinin bir hissəsidir, DQR büdcəsi Ermənistan büdcəsindən formalaşır, DQR siyasi liderləri isə İrəvandan təyin olunur. Qarabağı Ermənistanın tərkib hissəsi, onun bölgələrindən biri hesab etməyin vaxtı gəlib. Danışıqlar prosesində Qarabağ ərazisi Ermənistan ərazisi sayılmalı və heç bir ərazi güzəştinə yol verilməməlidir.”
69. Avropa Parlamentinin “Cənubi Qafqaz üçün Aİ strategiyasına ehtiyac haqqında” 2010-cu il 20 may tarixli qətnaməsində, inter alia, aşağıdakılar bildirilir:
“(Avropa Parlamenti) Dağlıq Qarabağ müharibəsi zamanı və ya onunla əlaqədar öz evlərini tərk etmiş minlərlə qaçqın və məcburi köçkündən yüzlərlə insanın hələ də köçkün qalması və hüquqlarının, o cümlədən geri qayıtmaq, mülkiyyət və şəxsi təhlükəsizlik hüquqlarının pozulmasından ciddi narahatdır; bütün tərəfləri bu hüquqları şərtsiz tanımağa, onların tez bir zamanda reallaşdırılmasına və bu problemin beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında tez bir zamanda həllinə çağırır; bu baxımdan bütün erməni qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən geri çəkilməsini və bunun ardınca Dağlıq Qarabağ əhalisinin təhlükəsziliyini təmin edəcək, məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan verəcək və evsizlikdən doğan münaqişələrin qarşısını alacaq keçid dövrü zamanı zəruri olan təhlükəsizlik təminatlarını təmin etmək üçün BMT Nizamnaməsinə əsasən təşkil edilmiş beynəlxalq qüvvələrin yerləşdirilməsini tələb edir; Ermənistan və Azərbaycanın rəhbərliklərini və müvafiq icmaların rəhbərlərini məcburi köçkünlərin geri qayıtması üçün praktiki hazırlıqlar yolu ilə sülhməramlı etnik münasibətlər yaratmaq öhdəliklərini nümayiş etdirməyə çağırır; hesab edir ki, məcburi köçkünlərin və qaçqınların vəziyyətinə beynəlxalq standartlara, o cümlədən AŞPA-nın “Avropanın unudulmuş insanları: uzun müddətli köçkün düşmüş insanların insan hüquqlarının qorunması” adlı 1877 (2009) saylı tövsiyyəsinə uyğun şəkildə baxılmalıdır.”
70. 2012-ci ilin aprelində Avropa Parlamentinin növbəti qətnaməsində, inter alia, qeyd edilmişdir ki, “Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdiyi qeyri-qanuni tədbirlər, yəni mütəmadi hərbi təlimlər, hərbi avadanlığın və heyətin yenilənməsi, habelə müdafiə qurğuların gücləndirilməsi barədə çox narahatedici məlumatlar mövcuddur”. Avropa Parlamenti Aİ-Ermənistan Assosiasiya sazişi üzrə danışıqların “Erməni qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən erməni qüvvələrinin çıxarılması və bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması” ilə bağlı öhdəliklə şərtlənməsini tövsiyə etmiş və “Ermənistanı nizami ordu əsgərlərin Dağlıq Qarabağa göndərməsini dayandırmağa çağırdı” (European Parliament resolution of 18 April 2012 containing the European Parliament’s recommendations to the Council, the Commission and the European External Action Service on the negotiations of the EU-Armenia Association Agreement).
71. Ərizəçilər bildirmişlər ki, 2012 və 2013-cü illərdə müxtəlif vaxtlarda Ermənistan prezidenti, müdafiə naziri və yüksək rütbəli hərbi heyəti ordunu yoxlamaq, hərbi təlimlərdə iştirak etmək və “DQR”-də hərbi və başqa rəsmi şəxslərlə görüşmək üçün mübahisə predmeti olan ərazilərə səfər etmişlər. 2013-cü ilin iyul ayında Ermənistanın ən yüksək rütbəli ordu generalları və digər hərbi vəzifəli şəxsləri, o cümlədən Ermənistanın müdafiə naziri və “DQR” silahlı qüvvələrinin komandanları Erməni ordusunu güclənməsinə yönəlmiş səyləri müzakirə etmək üçün Dağlıq Qarabağda görüş keçirmişlər.
72. 2013-cü il yanvarın 15-də Ermənistan Prezidenti Serj Sarqsyan Ermənistan Respublikası Müdafiə Nazirliyində qanunvericilik, icra və məhkəmə qollarının rəhbərləri ilə görüş keçirmişdir. Görüşdə çıxış etdiyi nitqin mətni həmin gün Ermənistan Respublikası prezidentinin rəsmi internet səhifəsində dərc edilmişdir. Çıxışda, inter alia, aşağıdakı bəyanatlar verilmişdir:
“Belə oldu ki, müstəqilliyin ilk illərindən Ordu cəmiyyətimizdə xüsusi rol oynamışdır. Ermənistanı müharibə ruhu bürümüşdür: bəzi yerlərdə daha çox, bəzi yerlərdə daha az. O günlərdə Ermənistan Ordusunda hər bir ailənin yaxın və ya uzaq qohumu var idi; Odu isə hər kəsin ürəyində idi. Bizim ordu o qədər vacib, o qədər həyati əhəmiyyət kəsb edən qələbəni qazandıqda bu hisslər daha güclənib.
...
Xarici siyasətimizin başlıca məqsədi – Azərbaycanın Artsaxa qarşı başladığı təcavüzkar müharibədə qazandığımız qələbənin yekun rəsmiləşməsidir. Dağlıq Qarabağ Respublikası beynəlxalq alım tərəfindən tanınmalıdır, çünki heç bir məntiq izah edə bilməz ki, nə üçün öz təyin-müqəddərat hüququnu yerinə yetirmiş və sonradan onu müharibədə müdafiə etmiş insanlar Azərbaycanın tərkibində olmalıdır. Nə üçün bu insanların taleyi Stalinin qəbul etdiyi qanunsuz qərarla həll edilməlidir?
...
Ermənistan və Artsax müharibəni istəmir; lakin hər kəs bilməlidir ki, biz hər bir təhdidə layiqli cavab verəcəyik. Artsax xalqı heç vaxt yenidən fiziki məhv etmə təhlükəsi ilə üzləşməyəcək. Ermənistan respublikası bunu təmin edəcəkdir.
...
Artsaxın təhlükəsizliyi bizim üçün nüfuz məsələsi deyil; bu, sözlərin əsl mənasında ömür və ölüm məsələsidir. Bütün dünya bilməli və dərk etməlidir ki, Ermənistan və Artsaxın güc strukturları qatillərə məvacib verən ordu ilə üz-üzədir və bu dəstə heç ordu da adlandırıla bilməz.”
73. Ermənistan Hökumətinin xahişi ilə hazırlanmış rəydə Rumıniya əsilli hərbi ekspert Dr Hari Bucur-Marcu bildirmişdir ki, o, Ermənistanın hərbi siyasətində “DQR” qüvvələri üzərində hər hansı formada nəzarəti nəzərdə tutan, hətta Ermənistan qüvvələrinin “DQR”-də mövcud və ya fəal olmasına yerdə işarə edən heç bir şeyi müəyyən etməmişdir. O, həmçinin nəticəyə gəlmişdir ki, Ermənistanın “DQR” və ya onun müdafiə qüvvələri üzərində hakimiyyəti və ya nəzarəti həyata keçirməsinin, yaxud Ermənistan qüvvələrinin “DQR”-in hökuməti və ya idarəetməsi üzərində nəzarəti həyata keçirməsinin sübutları mövcud deyil. Hökumət bildirmişdir ki, Dr Bucur-Marcu üçün Ermənistanda yuxarı rütbəli hərbçiləri ilə söhbət etmək və onların şəxsi işləri ilə tanış olmaq imkanı yaradılmışdır. “DQR” Xarici İşlər Nazirliyi ilə razılaşmaya əsasən onun üçün oraya səfər etmək, hərbçilər və siyasi xadimlər ilə söhbət etmək və sənədləri öyrənmək imkanı yaradılmışdır.
74. 1994-cü il iyunun 25-də “Ermənistan Respublikasının və Dağlıq Qarabağ Respublikasının hökumətləri arasında hərbi əməkdaşlıq haqqında müqavilə” bağlanmışdır. Bu müqavilədə, inter alia, aşağıdakılar nəzərdə tutulur:
“Ermənistan Respublikasının Hökuməti və Dağlıq Qarabağ Respublikasının Hökuməti “Bundan sonra “tərəflər” adlandırılacaq),
Hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraqları nəzərə alaraq, tərəflərin dövlətlərinin silahlı qüvvələri arasında əməkdaşlıq vasitəsilə ikitərəfli münasibətləri və qarşılıqlı etimadı inkişaf etdirmək zəruriliyi nəzərə alaraq, hərbi və hərbi-texniki əməkdaşlığı gücləndirməyə çalışaraq,
aşağıdakılar barədə razılığa gəlmişlər:
...
Maddə 3
Tərəflər aşağıdakı istiqamətlər üzrə hərbi əməkdaşlığı həyata keçirir:
1) ordunun yaradılması və silahlı qüvvələrinin islahatı;
2) hərbi elm və təhsil;
3) hərbi qanunvericilik;
4) silahlı qüvvələrinin təchizatı;
5) hərbi qulluqçuların və onların ailə üzvlərinin hərbi müalicəsi;
6) mədəniyyət və idman fəaliyyəti, turizm.
Digər istiqamətlər üzrə əməkdaşlıq qarşılıqlı yazılı razılaşma əsasında həyata keçirilir.
Maddə 4
Tərəflər əməkdaşlığı aşağıdakılar vasitəsilə həyata keçirir:
1) Müdafiə nazirləri, Baş qərargah rəisləri və Müdafiə nazirlikləri tərəfindən səlahiyyət verilmiş digər nümayəndələr səviyyəsində səfərlər və işçi görüşlər;
2) məsləhətləşmələr, təcrübə mübadiləsi, hərbi heyətin təlimi və hazırlığın artırılması;
3) birgə hərbi təlimlərin keçirilməsi;
4) konfranslarda, məsləhətləşmələrdə, seminarlarda iştirak;
5) xüsusi razılaşmaya əsasən informasiya, sənədlər və xidmətlər mübadiləsi;
6) mədəni tədbirlər;
7) hərbi xidmətlərin göstərilməsi;
8) bu Müqavilə çərçivəsində tərəflərin silahlı qüvvələrinin infrastruktur elementlərindən qarşılıqlı istifadə üçün şəraitin yaradılması;
9) yüksək səviyyəli hərbi və texniki heyətin və mütəxəssislərin hazırlanması.
Bu Müqaviləyə əsasən əməkdaşlıq çərçivəsində tərəflər razılaşır ki, Ermənistan Respublikasından və Dağlıq Qarabağ Respublikasından çağırışçılar müvafiq olaraq Dağlıq Qarabağ Respublikasında və Ermənistan Respublikasında müddətli hərbi xidmət keçmək hüququna malikdir. Bu dövlətin ərazisində müddətli hərbi xidmət keçən şəxs vətəndaş olduğu dövlətdə müddətli hərbi xidmət keçməkdən azad edilmiş sayılır.
Maddə 5
Bu Müqavilə çərçivəsində tərəflər həmçinin razılaşır ki,
1) Dağlıq Qarabağ Respublikasında müddətli hərbi xidmət keçən Ermənistan Respublikası vətəndaşları hərbi cinayət törətdikdə, onlar barəsində cinayət təqibi və məhkəmə prosesi Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Ermənistan Respublikasının ərazisində Ermənistan Respublikasının dövlət orqanları tərəfindən həyata keçirilir;
2) Ermənistan Respublikasında müddətli hərbi xidmət keçən Dağlıq Qarabağ Respublikası vətəndaşları hərbi cinayət törətdikdə, onlar barəsində cinayət təqibi və məhkəmə prosesi Dağlıq Qarabağ Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Dağlıq Qarabağ Respublikasının ərazisində Dağlıq Qarabağ Respublikasının dövlət orqanları tərəfindən həyata keçirilir.
Bu Müqavilə çərçivəsində tərəflər silahlanma, habelə hərbi avadanlığın təmiri və təminatı ilə bağlı qarşılıqlı texniki yardımı təmin edirlər.
Silahlanma və hərbi avadanlığın təmiri və təminatı ilə bağlı fəaliyyəti həyata keçirənlər ilə sazişlərin bağlanması, habelə istehsal müəssisələrinin nümayəndələrinin tərəf dövlətlərin ərazisində yaşayış şəraitinin təmin edilməsi müştəri dövlətin müdafiə nazirliyi tərəfindən həyata keçirilir.
Digər formada əməkdaşlıq qarşılıqlı yazılı razılaşmaya əsasən həyata keçirilir.
...”
75. Ermənistan Hökuməti iddia etmişdir ki, 1994-cü il tarixli müqavilənin 4-cü maddəsinə əsasən “DQR”-də hərbi xidmət keçən Ermənistanlı çağırışçılar əsasən aşağı rütbəli olaraq “DQR” müdafiə qüvvələrinin 5 faizindən artıq (1500 nəfərədək) olmamışlar. Eyni zamanda, Hökumət bəzi Ermənistan vətəndaşlarının “DQR” müdafiə qüvvələrində müqavilə və ya könüllülük əsasında xidmət etməsini istisna etməmişdir. Dağlıq Qarabağın sakinləri ilə çiyin çiyinə “DQR” müdafiə qvvələrində xidmət etmiş şəxslər arasında həmçinin erməni diasporası olan müxtəlif ölkələrdən erməni əsilli könüllülər olmuşdur. Guya “DQR”-də xidmət etmiş Ermənistan vətəndaşları “DQR”-də fəaliyyət göstərən yeganə silahlı qüvvə olan “DQR” müdafiə qüvvələrinin birbaşa tabeçiliyində idilər. Hökumət iddia etmişdir ki, 1994-cü il müqaviləyə əsasən “DQR”-də xidmət etmiş Erminstan çağırışçıları öz istəyi ilə oraya getmişlər (eyni zamanda, yuxarıda 65-ci abzasda BBQ hesabatına bax).
Ermənistan Hökuməti həmçinin bildirmişdir ki, Ermənistan ordusu və “DQR” müdafiə qüvvələri kəşfiyyat məlumatlarının ötürülməsi, yuxarı vəzifəli şəxslərin səfərləri, seminarlar, birgə hərbi təlimlər, hərbi paradlar və bu kimi məsələlər üzrə müdafiə birləşməsi qismində əməkdaşlıq edirlər.
76. Zalyan, Sargsyan və Serobyan Ermənistana qarşı (36894/04 3521/07 nömrəli ərizələr) işin qismən qəbuledilənliyi barədə Məhkəmənin 2007-ci il oktyabrın 11-də çıxardığı qərar üç hərbi qulluqçunun pis rəftara məruz qalması və qanunsuz həbsi ilə bağlı olmuşdur. İşin hallarına görə, ərizəçilər 2003-cü ili may ayında Ermənistan ordusuna çağırılmış və “DQR”-in Martakert rayonunun Matagis kəndi yaxınlığında yerləşən 33651 saylı hərbi hissəyə göndərilmişlər. 2004-cü ilin yanvarında həmin hərbi hissənin iki hərbi qulluqçusunun meyitləri aşkar edilmişdir. Başlanmış cinayət işi üzrə istintaq çərçivəsində ərizəçilər bir neçə gün ərzində Dağlıq Qarabağda, əvvəlcədən hərbi hissədə, sonra Martakert Qarnizonu Hərbi Prokurorluğunda, sonradan isə Stepanakert Hərbi Polis İdarəsində dindirilmiş və nəhayət əlavə prosessual hərəkətlərin aparlması üçün İrəvana aparılmışlar. Dağlıq Qarabağda ərizəçiləri Ermənistan Hərbi Prokurorluğunun iki müstəntiqi, Martakert Qarnizonu Hərbi Prokurorluğunun müstəntiqi və Ermənistan hərbi polisin əməkdaşı dindirmişlər. Birinci dindirmədə həmçinin hərbi hissənin batalyon rəisi iştirak etmişdir. Ərizəçilərə adam öldürmə üzrə ittiham irəli sürülmüş və barələrində məhkəmə prosesi Stepanakertdə yerləşən Syunik Rayon Məhkəməsi tərəfindən aparılmışdır. Ərizəçilər məhkəmə prosesində iştirak etmişlər. 2005-ci il mayın 18-də ərizəçilər adam öldürmədə təqsirli bilinərək məhkəmə tərəfindən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.
77. Eynilə, “Forum 18” və “Human Rights Watch” təşkilatlarının məlumatına görə, əqidəsinə görə hərbi xidmət keçməkdən imtina etmiş Ermənistan vətəndaşı Armen Qriqoryan 2004-cü ilin iyununda İrəvandakı çağırış məntəqəsindən Dağlıq Qarabağdakı hərbi hissəyə aparılmışdır. Hərbi hissədən qaçmış Qriqoryan həbs edilmiş və 2005-ci il iyunun 9-da Stepanakertdə keçirilmiş məhkəmə iclasında hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirli bilinərək 2 il müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Siyasi və məhkəmə əlaqələri
78. Ayrı-ayrı məşhur erməni siyasətçiləri müxtəlif vaxtlarda həm Ermənistan Respublikasında, həm də “DQR”-də yüksək vəzifələrdə çalışmış, yaxud başqa cür Dağlıq Qarabağlar əlaqələr qurmuşdur. Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan 1980-ci illərin sonlarında Dağlıq Qarabağın Ermənistana birləşməsi üzrə hərəkatın başında olmuş “Qarabağ Komitəsi”nin üzvü olmuşdur. Ondan sonra, 1992-ci ilin avqustundan 1994-cü ilin dekabr ayınadək “DQR”-in baş naziri, 1994-cü il dekabr ayından 1997-ci il mart ayınadək “DQR” prezidenti və 1997-ci il martından 1998-ci ilin aprel ayınadək Ermənistan Respublikasının baş naziri olmuş Robert Koçaryan 1998-ci ildə Ermənistanın Prezidenti oldu. 2008-ci ilin aprel ayında Serj Sarqsyan Ermənistanın üçüncü prezidenti oldu. O, 1989-1993-cü illərdə “Dağlıq Qarabağ Respublikasının Özünü-müdafiə qüvvələri komitəsinin” sədri olmuş, 1993-cü ilin avqustunda isə Ermənistanın müdafiə təyin edilmişdir. Bundan başqa, 2007-ci ildə Seyran Ohanyan “DQR” müdafiə naziri vəzifəsindən Ermənistan silahlı qüvvələrinin qərargah rəisi vəzifəsinə gətirilmişdir. 2008-ci ilin aprelində o, Ermənistanın müdafiə naziri vəzifəsinə təyin edilmişdir.
79. Ərizəçilər iddia etmişlər ki, Ermənistan Respublikasının qanunları “DQR”-də tətbiq olunur. Eyni zamanda, Ermənistan Hökumətinə görə, 1992-ci ilin yanvarından 2006-cı ilin avqust ayınadək “DQR”-də 609 müxtəlif qanunvericilik aktları, o cümlədən, ilk növbədə “Dağlıq Qarabağ Respublikası dövlət müstəqilliyinin əsasları haqqında” qanun qəbul edilmişdir. Bu qanunun 2-ci maddəsinə nəzərdə tutulur ki, “DQR-in siyasi, iqtisadi, sosial və mədəni, tikinti, inzibati və ərazi bölgüsü siyasətinə dair bütün məslələri respublika tərəfindən müstəqil olaraq həll edilir”. Həmçinin, 1992-ci ilin yanvarında icra və məhkəmə hakimiyyəti orqanları, o cümlədən “DQR” Nazirlər Şurası (Hökumət) və birinci instansiya məhkəmələri, habelə “DQR” prokurorluğu yaradılmışdır. “DQR”-in həmçinin prezidenti, parlamenti və polis orqanları, habelə yerli özünü-idarəetmə orqanları, o cümlədən nümayəndələri “DQR” hakimiyyəti tərəfindən təyin olunan “DQR” ətrafındakı ərazilərin idarə olunması üzrə administrasiyalar mövcuddur. Prezident və parlament seçkiləri keçirilir. Bəzi Ermənistan qanunvericilik aktlarının tətbiq olunmasına baxmayaraq, Ermənistan Hökuməti iddia etmişdir ki, bunlar birbaşa, yəni Ermənistan məhkəmələri tərəfindən tətbiq edilmir, əksinə, Laçın rayonunda və ya başqa yerdə “DQR” məhkəmələri tərəfindən müstəqil surətdə şərh və tətbiq edilir.
3. Maliyə və başqa yardım
80. BBQ-nin 2005-ci il hesabatında (yuxarıda 65-ci abzasa bax) aşağıdakılar bildirilir (səh.12-13):
“Dağlıq Qarabağın iqtisadiyyatı əvvəllər Sovet Azərbaycanının iqtisadiyyatına inteqrasiya edilmişdi, lakin müharibədə əsasən dağıdıldı. Bu gün bu iqtisadiyyat Ermənistanla sıx bağlıdır və ikincinin maliyyə ayırmalarından çox asılıdır. Bütün əməliyyatlar Ermənistan vasitəsilə aparılır və Dağlıq Qarabağda istehsal edilən mallara bir çox halda ixrac üçün “Ermənistanda istehsal olunmuşdur” yarlığı yapışdırılır. İrəvan büdcənin yarısını təmin edir. ...
Dağlıq Qarabağ xaricdən, xüsusilə də Ermənistandan, eləcə də ABŞ-dan və dünyada olan diaspora təşkilatlarından göstərilən maliyyə dəstəyindən çox asılıdır. O, öz büdcə ehtiyaclarını ödəmək üçün kifayət qədər gəlir toplaya bilmir və qəti şəkildə daha çox xarici yardım almaqdadır. 2005-ci ilin büdcəsi 24.18 milyard dram (təqribən 53.73 milyon dollar) təşkil etmişdi. Yerlərdə yığılan gəlirlərin 6.46 milyard dram (təqribən 14.35 milyon dollar), yəni xərclərin 26.7 faizi olacağı gözlənilir.
1993-cü ildən bəri Dağlıq Qarabağ Ermənistanın “dövlətlərarası kredit”indən faydalanır. Ermənistanın baş nazirinin dediklərinə görə, 2005-ci ildə bu kredit 13 milyard dram (28.88 milyon dollar) olacaq və 9 milyard dramın (16.07 milyon dollar) ayrıldığı 2002-ci illə müqayisədə əhəmiyyətli artım olacaq. Lakin Dağlıq Qarabağın (de facto) baş naziri iddia edir ki, bu kreditin bir hissəsi – 4.259 milyard dram (9.46 milyon dollar) əslində Ermənistanın öz ərazisindən keçən, lakin Dağlıq Qarabağ üçün nəzərdə tutulmuş mallara tətbiq etdiyi ƏDV, gömrük və aksiz rüsumlarının ödənilməsidir. Kreditin qalan hissəsi nominal faizlə on il ərzində ödənilməlidir. Ermənistanın bu cür kreditləri 1993-cü ildən bəri təqdim etməsinə baxmayaraq, onlar geri qaytarılmayıb. Ermənistan baş nazirinin sözlərinə görə, Stepanakert “hələ krediti ödəmək iqtidarında deyil... Gələcək illərdə onlara infrastruktur qurmaqda yardım etmək məqsədi ilə bu krediti davam etməliyik... biz nəzərdə tutmuruq ki, yaxın vaxtlarda onlar özləri dolana biləcək”.
ABŞ Qarabağa birbaşa hökumət yardımı göstərən yeganə dövlətdir. 1998-ci ildə Konqres ilk dəfə olaraq Dağlıq Qarabağı Azərbaycandan ayrı humanitar yardım alan qurum kimi səciyyələndirdi. ABŞ-ın ayırdığı vəsait Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən idarə olunur və agentlik öz növbəsində bu vəsaiti Ermənistan Nicat Fondu, Uşaqları Xilas Edin və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi QHT-lərə vermişdir. 2004-cü ilin sentyabrında ABŞ Dağlıq Qarabağa 23,274,992 dollar ayıracağını vəd etmiş və 17,831,608 dollar xərcləmişdi. Bu vəsaitin ayrılmasında erməni lobbi qruplarının nüfuzu rol oynamışdır.”
BBQ həmçinin bildirmişdir ki, Ermənistanın “dövlətlərarası krediti” 2001-ci ildə “DQR” büdcəsinin 67,3 faizini, 2004-cü ildə isə 56,9 faizini təşkil etmişdir (BBQ-nin “DQR” Dövlət Statistika Xidmətinin direktoru ilə yazışmasına əsasən).
81. Ermənistan Respublikasının “DQR”-ə 2004 və 2005-ci illərdə verdiyi kredit 51 milyon dollar təşkil etmişdir. 40 milyon dollar təhsil müəssisələrinin təmirinə, 11 milyon dollar isə həlak olmuş əsgərlərin ailələrinə yardım üçün ayrılmışdır.
82. Hayastan Ümumerməni Fondu Ermənistan prezidentinin 1992-ci il 3 mart tarixli fərmanı ilə yaradılmışdır. Onun rəsmi internet səhifəsinə görə, onun vəzifələri aşağıdakılardır:
“Ölkənin üzləşdiyi çətinlikləri dəf etmək və Ermənistanda və Artsaxda davamlı inkişafı yaratmağa kömək etmək üçün Ermənistanda və xaricdə yaşayan erməniləri birləşdirmək. Sovet İttifaqının süqutu ilə bağlı problemlərdən əlavə, hökumət 1998-ci ildə Spitakda baş vermiş zəlzələnin nəticələri, iqtisadi blokada və Artsax münaqişəsindən zərər çəkmiş ərazilərin reabilitasiyası ilə əlaqəli məsələlərin həllini tapmalıdır.”
Fondun 2012-ci il üzrə illik hesabatında Ermənistan Respublikasının prezidenti Serj Sarqsyanın və “Artsax Respublikasının prezidenti” Bako Saakyanın müraciətləri vardır və bunlarda, inter alia, aşağıdakılar bəyan edilir:
Cənab Sarqsyan:
“Hayastan Ümumerməni Fondu Ermənistan, Artsax və diaspora arasında birliyin təcəssümüdür. Bu formada fond davamlı, qətiyyətli şəkildə və bizim gözümüz qarşısında ümummilli daxili gücümüzü real qüvvəyə çevirir.”
Cənab Saakyan:
“2012-ci il Erməni xalqı üçün yubiley ili olmuşdur. Bir xalq kimi, biz DQR Müdafiə qoşunlarının yaradılmasının və Şuşanın azad olmasının, yəni bütün erməni xalqının birgə səyləri və sarsılmaz iradəsi, fədakar cəsarəti və igid oğul və qızlarının cürətinə görə mümkün olmuş parlaq qələbənin 20-illiyini qeyd etmişik.”
Fondun 22 ayrı-ayrı ölkədə 25 bölməsi vardır. Onun ehtiyatları əsasən erməni diaspora üzvlərinin fərdi ianələrdən toplanır. Hal-hazırda bu ehtiyatlar hər il 21 milyon dollar həcmində artır.
Himayəçilik Şurası Fondun ali idarəetmə orqanıdır. Fondun nizamnaməsinə müvafiq olaraq, Ermənistan Respublikasının prezidenti ex officio Himayəçilik Şurasının sədridir. Müxtəlif vaxtlarda 22-dən 37-dək üzvü olmuş şuranın tərkibinə Ermənistanın və diasporanın məşhur şəxsləri və siyasi, qeyri-hökumət, dini və humanitar təsisatların nümayəndəri daxildir. 2013-cü ildə şuranın tərkibinə Ermənistan prezidenti Sarqsyandan başqa, Ermənistanın sabiq prezidenti Koşaryan, Ermənistanın baş naziri və xarici işlər, maliyyə və diaspora nazirləri, “DQR”-in prezidenti, sabiq prezidenti və baş naziri, Ermənistan konstitusiya məhkəməsinin, milli məclisinin və mərkəzi bankının sədrləri, dörd erməni dini lideri, Ermənistanın üç siyasi partiyasının nümayəndələri, Ermənistan İstehsalçıları və İşəgötürənlər Birliyinin nümayəndəsi və ABŞ və Kanadada qeydiyyatda olan dprd qeyri-hökumət təşkilatının nümayəndələri daxil olmuşdur. 37 üzvdən ibarət şuranın tərkibinə həmçinin erməni diasporasının 13 nümayəndəsi daxil olmuşdur. Himayəçilik Şurasının tərkibi fondun yaradılmasından bəri buna bənzər olmuşdur.
Hayastan Ümumerməni Fondu yaradıldıqdan sonra çoxsaylı layihələri, o cümlədən yolların, mənzillərin, məktəblərin, xəstəxanaların, su və qaz şəbəkəsinin tikintisi və təmirini maliyyələşdirmiş və onlara nəzarət etmişdir. 1990-cı illər ərazində fond Ermənistanın Gorus şəhərini Laçınla və Dağlıq Qarabağın Şuşa və Stepanakert şəhərləri ilə birləşdirən yolu tikmişdir. 2001-ci ildə Dağlıq Qarabağda şimal-cənub yolunun tikintisi maliyyələşmişdir. Fondun 2005-ci il üzrə hesabatına görə, il ərzində müxtəlif layihələrə 11 milyon dollar, o cümlədən Dağlıq Qarabağdakı layihələrə 6,1 milyon dollar ayrılmışdır. Ermənistan Hökumətinin təqdim etdiyi rəqəmlərə görə, 2012-ci ildə natamam xərclər Dağlıq Qarabağda 10,7 milyon dollar, Ermənistanda isə 3,1 milyon dollar təşkil edib. Həmçinin Hökumətin rəqəmlərinə görə, 1995-2002-ci illərdə fond cəmi təxminən 111 milyon dollar, yaxud hər il 6 milyon dollar Dağlıq Qarabağdakı layihələr üçün ayırmışdır. 1992-2002-ci illərdə Ermənistana 115 milyon dollar ayrılmışdır.
83. Ərizəçilər və Azərbaycan Hökuməti iddia etmişlər ki, “DQR” və ətraf ərazilərin sakinlərinə adi qaydada Ermənistan pasportu verilir. BBQ bildirmişdir ki, “Ermənistan onun sakinlərinin əksəriyyətinə xaricə səfər etmək üçün pasportlar vermişdir” (yuxarıda qeyd edilən 2005-ci il hesabatı, səh. 5). Azərbaycan Hökuməti həmçinin göstərilən ərazilərin sakinlərinin Ermənistan vətəndaşlığını əldə etmək imkanını vurğulamışdır. O, aşağıdakılar nəzərdə tutulan “Ermənistan Respublikasının vətəndaşlığı haqqında” Ermənistan Respublikası Qanununun 13-cü maddəsinə (naturalizasiya yolu ilə vətəndaşlıq əldə etmə) istinad etmişdir:
“Ermənistan Respublikasının vətəndaşı olmayan, 18 yaşına çatmış əmək qabiliyyətli şəxslər aşağıdakı hallarda Ermənistan Respublikasının vətəndaşlığı üçün müraciət edə bilər:
1) Ermənistan Respublikasının ərazisində üç il ərzində qanuni surətdə yaşadıqda;
2) erməni dilini bildikdə;
3) Ermənistan Respublikasının Konstitusiyasını bildikdə.
Ermənistan Respublikasının vətəndaşı olmayan şəxs bu maddənin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində müəyyən edilmiş şərtlərə cavab vermədikdə aşağıdakı hallarda Ermənistan respublikasının vətəndaşlığına qəbul edilə bilər:
1) Ermənistan Respublikasının vətəndaşı ilə nikah bağladıqda və ya Ermənistan Respublikasının vətəndaşlığına malik olan uşağı olduqda;
2) valideynləri və ya valideynlərin biri keçmişdə Ermənistan Respublikasının vətəndaşlığına malik olduqda və ya Ermənistan Respublikasının ərazisində anadan olduqda və 18 yaşına çatdıqda üç il ərzində Ermənistan Respublikasının vətəndaşlığı üçün müraciət etdikdə;
3) erməni mənşəli (erməni əsilli) olduqda;
4) 1995-ci il yanvarın 1-dən sonra öz razılığı ilə Ermənistan Respublikasının vətəndaşlığından imtina etdikdə.”
Ermənistan Hökuməti öz növbəsində bildirmişdir ki, həm Ermənistan, həm “DQR” qanunvericiliyində ikili vətəndaşlıq nəzərdə tutulur. Bundan əlavə, “DQR” ilə “pasport sisteminin təşkil haqqında” 1999-cu il 24 fevral tarixli müqaviləyə müvafiq olaraq, Ermənistan müəyyən hallarda “DQR” sakinlərinə pasport verir. Müqavilənin 1-ci maddəsində bildirilir ki,
“Tərəflər razılaşır ki, onların vətəndaşlarının hər iki tərəfin ərazisində sərbəst hərəkət və yaşamaq hüququ vardır.
Bu Müqavilənin müddəalara nəzərə alınmaqla, Dağlıq Qarabağ Respublikasının beynəlxalq səviyyədə tanınmasına qədər, Dağlıq Qarabağ Respublikasının və ya Ermənistan Respublikasının hüdudlarından çıxmaq istəyən Dağlıq Qarabağ Respublikasının vətəndaşları Ermənistan Respublikasının pasportu üçün müraciət edə və onu əldə edə bilər.
Tərəflər razılaşır ki, bu maddənin müddəaları nəzərə alınmaqla, Dağlıq Qarabağ Respublikasının vətəndaşı tərəfindən Ermənistan Respublikası pasportunun əldə etməsi Ermənistan Respublikası vətəndaşlığının verilməsi demək deyil. Həmin pasportlar yalnız Dağlıq Qarabağ respublikası vətəndaşlarının Ermənistan Respublikasının və Dağlıq Qarabağ Respublikasının hüdudlarından kənar səfər etmək üçün istifadə edilə bilər və Dağlıq Qarabağ Respublikasında və Ermənistan Respublikasında daxili istifadə üçün şəxsiyyət vəsiqəsi kimi istifadə edilə bilməz.”
Həmçinin 1999-cu ildə qəbul edilmiş, həmin müqavilənin tətbiqi qaydalarında nəzərdə tutulmuşdur ki, Ermənistan pasportu “DQR” sakininə yalnız müstəsna hallarda, yəni xaricə səfərin məqsədi tibbi müalicə, təhsil və başqa şəxsi məsələ olduqda verilə bilər. Ermənistan Hökuməti iddia etmişdir ki, 1999-cu il müqaviləsinə uyğun olaraq 1000-dən az sayda şəxslərə pasport verilmişdir.
84. Ərizəçilər və Azərbaycan Hökuməti bildirmişlər ki, erməni dramı “DQR”-də əsas maliyyə vəsaiti olmuş, Ermənistan Hökuməti isə orada həmçinin avro, dollar, funt sterlinq və hətta Avstraliya dolları dövriyyədə olmuşdur.
85. Azərbaycan Hökuməti göstərmişdir ki, 2007-ci ildə Ermənistan Respublikasının Hökuməti yanında Dövlət Daşınmaz Əmlak Kadastrı Komitəsi tərəfindən dərc edilmiş və buna görə rəsmi nəşr hesab edilə bilən Ermənistanın Milli Atlasındakı müxtəlif xəritələrdə “DQR” və ətrafındakı işğal edilmiş ərazilər ardıcıl surətdə Ermənistan Respublikasının hüdudlarında göstərilir.
86. Ərizəçilər və Azərbaycan Hökuməti bildirmişlər ki, Ermənistan Hökuməti insanların Ermənistandan və son vaxtlarda Suriyadan “DQR”-ə köçməsini dəstəkləyir.
2005-ci ilin fevralında “ATƏT-in Dağlıq Qarabağ (DQ) ətrafındakı Azərbaycanın işğal olunmuş ərazilərinə Faktaraşdırıcı Missiyasının (FAM) hesabatı” dərc edilmişdir. Missiyanın vəzifəsi ərazilərdə məskunlaşmanın olduğunu müəyyən etmək olmuşdur; hərbi strukturlar və heyət, habelə siyasi mülahizələr tamamilə mandatdan kənar olmuşdur. Laçın rayonunda məskunlaşma ilə əlaqədar olaraq hesabatda aşağıdakı nəticəyə gəlinmişdir:
“Ümumiyyətlə, məskunlaşan şəxslərin mənşəyinin xarakteri Laçın rayonunda digər ərazilərdə olduğu kimidir. Bununla belə, böyük əksəriyyət Laçına Azərbaycanın digər bölgələrindən, əsasən illər boyu Ermənistanda müvəqqəti sığınacaqlarda qaldıqdan sonra gəlmişdir. Nisbətən az sayda insanlar Ermənistandan gələn ermənilər, o cümlədən zəlzələ nəticəsində zərər çəkmişlərdir. Onlar Laçına köçmək variantı barədə (guya) sözdən, media vasitəsilə və ya Ermənistanda və DQ-də QHT-lərdən eşidiblər. Qeyri-könüllü məskunlaşma və ya sistematik toplamanın sübutları müəyyən olmamışdır.”
Hesabatda həmçinin bildirilir ki,
“DQ-nin Laçın rayonunda birbaşa müdaxiləsi şübhəsizdir. Dağlıq Qarabağ Laçın büdcə vəsaitləri ayırır və açıq surətdə rayona görə məsuliyyəti etiraf edir. Laçın sakinləri həm yerli, həm DQ seçkilərində iştirak edir.
Dağlıq Qarabağla Ermənistan Respublikası arasında əlaqələr hazırkı hesabatın mövzusundan kənarda olsa da, FAM Ermənistan hökumətinin Laçında məskunlaşmada birbaşa iştirak etməsinin sübutlarını müəyyən etməmişdir. Eyni zamanda, FAM Ermənistan pasportuna sahib olan və Ermənistan seçkilərində iştirak etdiyini bildirən müəyyən Laçın sakinləri ilə söhbət etmişdir.”
II. ERMƏNİSTAN VƏ AZƏRBAYCANIN BİRGƏ ÖHDƏLİYİ
87. Avropa Şurasına üzv olmamışdan öncə Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı Nazirlər Komitəsi və Parlament Assambleyası qarşısında üzərilərinə öhdəlik götürmüşlər (bax: Parlament Assambleyasının 221 (2000) və 222 (2000) saylı Rəyləri və Nazirlər Komitəsinin (2000)13 və (2000)14) saylı Qətnaməsi).
Ermənistanın Avropa Şurasında üzvlüyə müraciəti ilə bağlı Parlament Assambleyasının 221 (2000) saylı Rəyinin müvafiq hissəsində a.a];dak;lar bildirilir:
“10. Assambleya Ermənistan Prezidentinin (Dağlıq Qarabağ) münaqişəsinin dinc yolla yekun həllinə qədər atəşkəs sazişinə əməl ediləcəyi və bütün maraqlı tərəflər üçün məqbul sayılacaq kompromis əsasında danışıqlar yolu ilə dinc həllə nail olmaq üçün səylərin davam etdiriləcəyi ilə bağlı öhdəlik götürülməsinə dair məktubunu nəzərə alır.
...
13. Parlament Assambleyası Ermənistan Prezidenti, parlamentin spikeri, Baş nazir və siyasi partiyaların sədrlərinin məktublarını nəzərə alır və qeyd edir ki, Ermənistan aşağıdakı öhdəliklərə əməl etməsini üzərinə götürür:
...
ii. Dağlıq Qarabağ münaqişəsi:
a. bu münaqişənin yalnız dinc yolla həlli istiqamətində səylərini davam etdirmək;
b. Dağlıq Qarabağın erməni əhalisi üzərində əhəmiyyətli təsirindən istifadə edərək münaqişənin həllini təşviq etmək;
c. qonşulara qarşı güc tətbiq etmək hədəsindən qətiyyətlə imtina edərək beynəlxalq və daxili mübahisələri yalnız dinc yolla və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həll etmək (Avropa Şurasının üzvü olan bütün dövlətlərə aid öhdəlik;
...”
Ermənistanın Avropa Şurasının üzvlüyünə dəvət edilməsinə dair Nazirlər Komitəsinin (2000)13 saylı qətnaməsi Ermənistan ilə bağlı 221 (2000) saylı Rəydə təsbit edilmiş öhdəliklərə və onların Ermənistan Hökuməti tərəfindən yerinə yetiriləcəyi barədə təminatlara istinad edir.
III. MÜVAFİQ MİLLİ HÜQUQ
A. Azərbaycan SSR-in qanunvericiliyi
88. Ərizəçilərin mülkiyyət hüququ Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası, 1970-ci il Torpaq Məcəlləsi və 1983-cü il Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
1. 1978-ci il Konstitusiyası
89. Konstitusiyada aşağıdakılar bildirilir:
Maddə 13
“Azərbaycan SSR vətəndaşlarının şəxsi mülkiyyətinin əsasını əməkli gəlir təşkil edir. Şəxsi mülkiyyətdə məişət avadanlığı, şəxsi istehlak və rahatlıq şeyləri, yardımçı ev təsərrüfatı şeyləri, yaşayış evi və əməklə qazanılmış vəsait yığımı ola bilər. Vətəndaşların şəxsi mülkiyyəti və ona vərəsəlik hüququ dövlət tərəfindən mühafizə olunur.
Vətəndaşların istifadəsində yardımçı təsərrüfat üçün (o cümlədən mal-qara və quş saxlamaq üçün), bağçılıq və bostançılıq, habelə fərdi mənzil tikintisi üçün qanunla müəyyən edilmiş qaydada verilən torpaq sahələri ola bilər. Vətəndaşlar onlara verilən torpaq sahələrindən səmərəli istifadə etməlidirlər. Dövlət və kolxozlar yardımçı təsərrüfatın idarə olunmasında vətəndaşlara kömək edirlər.
Vətəndaşların şəxsi mülkiyyətində və ya istifadəsində olan əmlak əməksiz gəlir mənbəyi olmamalı, ondan cəmiyyətin mənafeyi zərərinə istifadə edilməməlidir.”
2. 1970-ci il Torpaq Məcəlləsi
90. Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 4. Torpaq üzərində dövlət (ümumxalq) mülkiyyəti
“SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq torpaq dövlət mülkiyyətidir—bütün sovet xalqının ümumi malıdır.
SSRİ-də torpaq ancaq dövlət mülkiyyətidir və yalnız istifadəyə verilir. Torpaq üzərində dövlət mülkiyyəti hüququnu açıq və ya gizli şəkildə pozan hərəkətlər qadağan edilir”
Maddə 24. Torpaqdan istifadə hüququnu təsdiq edən aktlar
“Kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur.
Aktların formaları SSR İttifaqının və müttəfiq respublikaların torpaq qanunvericiliyi Əsaslarına uyğun olaraq, SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilir.
Torpaqdan müvəqqəti istifadə hüququ Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən forma üzrə şəhadətnamə ilə təsdiq olunur.”
Maddə 25. Torpaqdan istifadə hüququ barəsində aktların verilmə qaydası
“Torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir.”
Maddə 27. Torpaq sahələrindən məqsədli təyinata görə istifadə
“Torpaq istifadəçiləri torpaq sahələri onlara hansı məqsədlər üçün verilmişsə, o sahələrdən həmin məqsədlər üçün istifadə hüququna malikdirlər və istifadə etməlidirlər.”
Maddə 28. Torpaq istifadəçilərinin verilən torpaq sahələrindən istifadə hüquqları
“İstifadəyə verilən hər torpaq sahəsinin hansı məqsəd üçün təyin edildiyindən asılı olaraq, torpaq istifadəçiləri müəyyən olunmuş qaydada aşağıdakı işləri görə bilərlər:
– yaşayış, istehsalat, mədəni-məişət binaları və başqa binalar və qurğular tikmək;
– kənd təsərrüfatı bitkiləri əkmək, meşə salmaq, meyvə, bəzək ağacları və başqa ağaclar basdırmaq;
– biçənəklərdən, otlaqlardan və digər təsərrüfat yerlərindən istifadə etmək;
– torpaq sahəsindəki geniş yayılmış faydalı qazıntılardan, torfdan və su obyektlərindən təsərrüfatın ehtiyacları üçün istifadə, habelə torpağın digər faydalı xassələrindən istifadə etmək.
Maddə 126-1. Tikili üçün mülkiyyət hüququ vərəsəlik üzrə keçdikdə torpaqdan istifadə hüququ
“Kənd yaşayış məntəqəsində yerləşən tikili üçün mülkiyyət hüququ vərəsəlik üzrə vərəsələrə keçdikdə, əgər onlar müəyyən edilmiş qaydada həyətyanı torpaq sahəsi almaq hüququna malik deyildirsə, onda torpaq sahəsinin həmin tikilini saxlamaq üçün zəruri olan və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdiyi ölçüdə olan hissəsindən istifadə hüququ verilir.”
Maddə 131. Fərdi mənzil tikintisi üçün vətəndaşlara torpaq sahələri verilməsi
“Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan SSR-in fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, şəhər tipli qəsəbələrin torpaqlarından və kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin istifadə etdikləri torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından, habelə dövlət ehtiyatı torpaqlarından və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondu torpaqlarından şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binaları tikilməsi üçün torpaq sahələri verilir. Göstərilən məqsəd üçün torpaqlar bu Məcəllənin 128-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada verilir.
Şəhərlərdə və fəhlə qəsəbələrində fərdi mənzil tikintisi istifadə və texniki hazırlıq üçün xərclər tələb etməyən boş ərazidə, bir qayda olaraq, müntəzəm sərnişin rabitəsi olan dəmir yolların və avtomobil yollarının yaxınlığında ayrı-ayrı yaşayış rayonları və ya qəsəbələri şəklində həyata keçirilməlidir.”
3. 1983-cü il Mənzil Məcəlləsi
91. Mənzil Məcəlləsinin 10.3-cü maddəsində aşağıdakılar bildirilir:
“SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq vətəndaşların xüsusi mülkiyyətdə yaşayış evi (evin bir hissəsi) ola bilər.”
4. Mənzil Fondunun Qeydiyyatı Qaydaları haqqında 1985-ci il Təlimatı
92. 1985-ci il Təlimatının 2-ci maddəsində yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin siyahısı müəyyən edilir. Təlimat SSRİ Mərkəzi Statistika İdarəsinin 1985-ci il 15 iyul tarixli 380 nömrəli əmri ilə təsdiq edilmişdir. 2.1-ci maddədə mülkiyyət hüququnun birinci dərəcəli sübut kimi çıxış edən sənədlər göstərilir. 2.2-ci maddədə bildirilmişdir ki, birinci dərəcəli sübut itirildikdə, mülkiyyət dolayısı ilə digər sənədlər, o cümlədən aşağıdakılar vasitəsilə göstərilə bilər:
“texniki inventarizasiya sənədləri, bu sənədlərdə mülkiyyətçinin yaşayış evinə hüququnu təsdiq edən qanuni sənədin mövcud olması birbaşa bildirildikdə”.
B. Azərbaycan Respublikasının qanunvericiliyi
93. Müstəqilliyi əldə etdikdən sonra Azərbaycan Respublikasında 1991-ci il noyabrın 9-da birinci dəfə torpağı xüsusi mülkiyyət obyekti kimi göstərmiş, mülkiyyət haqqında qanunvericilik qəbul edilmişdir. Eyni zamanda, vətəndaşlara ayrılan torpaq sahələrinin özəlləşdirilməsinə dair təfərrüatlı qaydalar daha sonra, “Torpaq islahatı haqqında” 1996-cı il qanunu ilə müəyyən edilmişdir. Buna görə, 1992-ci ildə Laçını tərk etmiş ərizəçilər istifadə etdikləri torpaq sahələrinin mülkiyyətçisi olmaq üçün müraciət etmək imkanında olmamışlar.
1. “Mülkiyyət haqqında” 1991-ci il qanunu
94. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” qanun 1991-ci il dekabrın 1-də qüvvəyə minmişdir. Qanunda, inter alia, aşağıdakılar nəzərdə tutulur:
Maddə 21. Vətəndaşın mülkiyyət hüququnun obyektləri
“1. Vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər:
– torpaq sahələri;
– yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri;
– pul vəsaiti;
– səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar;
– kütləvi informasiya vasitələri;
– mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri;
– dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlak.
...
5. Mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa binalar və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bumları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.”
2. 1992-ci il Torpaq Məcəlləsi
95. 1992-ci il yanvarın 31-də qüvvəyə minmiş yeni Torpaq Məcəlləsində aşağıdakı müddəalar əks etdirilir:
Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət
“Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir:
1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün – həmin ərazidə daimi yaşayanlara;
2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün;
3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün;
4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün;
5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər.”
Maddə 11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri
“Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir.
Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.
Xarici vətəndaşların, habelə xarici hüquqi şəxslərin mülkiyyətinə, həmçinin irsən keçən ömürlük sahibliyinə torpaq sahəsi verilmir.
Keçmiş mülkiyyətçilərə və onların vərəsələrinə torpaq sahələri qaytarılmır. Onlar torpaq sahələrini mülkiyyətə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar üzrə ala bilərlər.”
Maddə 23. Torpaq sahələrinin verilməsi
“Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir.
Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir.
Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır.”
Maddə 30. Torpaq üzərində mülkiyyət hüququnu, sahiblik və daimi istifadə hüququnu təsdiq edən sənədlər
“Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir.
Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”
Maddə 31. Torpaqdan müvəqqəti istifadə hüququnun rəsmiləşdirilməsi
“Torpaqdan (o cümlədən .icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müqavilə və şəhadətnamə ilə rəsmiləşdirilir. Bu sənədlər rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qeydə alınır və torpaq istifadəçisinə verilir. Müqavilənin və şəhadətnamənin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”
Maddə 32. Torpaq üzərində mülkiyyət hüququna, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları
“Torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri aşağıdakı hallarda xitam verir:
1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə;
2) torpaq sahəsinin verildiyi müddət qurtardıqda;
3) müəssisənin, idarənin, təşkilatın, kəndli (fermer) təsərrüfatının fəaliyyətinə xitam verildikdə;
4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə;
5) xidməti torpaq payının verilməsi ilə əlaqədar olan əmək münasibətlərinə, qanunda göstərilmiş hallardan başqa, xitam verildikdə;
6) icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə;
7) respublika qanunvericiliyi və torpaq icarəsi (Müqavilələri ilə müəyyən edilmiş torpaq vergisi və ya icarə haqqı üzürlü səbəb olmadan 2 il dalbadal ödənilmədikdə;
8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə;
9) dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda;
10) tikinti və qurğu üzərində mülkiyyət hüququ və ya əməli idarəçilik hüququ başqasına keçdikdə;
11) sahibkar və ya istifadəçi öldükdə.
Azərbaycan Respublikasının qanunvericiliyində torpağa mülkiyyət, sahiblik və torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.”
IV. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ
96. 1907-ci il oktyabrın 18-də Haaqada qəbul edilmiş “Quruda müharibənin qanunları və adətlərinə dair Nizamnamə”nin (bundan sonra – “1907-ci il Haaqa Nizamnaməsi”) 42-ci maddəsində hərbi işğal aşağıdakı qaydada müəyyən edilir:
“Ərazi düşmən ordusunun hakimiyyəti altında həqiqətən olduqda işğal edilmiş hesab edilir. İşğal yalnız belə hakimiyyətin yaradıldığı və yerinə yetirildiyi əraziyə şamil olunur.”
Bununla da, 1907-ci il Haaqa Nizamnaməsinin mənasında dövlət düşmən dövlətin ərazisi, yaxud ərazisinin bir hissəsi üzərində həqiqi hakimiyyəti yerinə yetirdikdə işğal mövcuddur.[1] Həqiqi hakimiyyət tələbi geniş surətdə təsirli nəzarət tələbi ilə sinonim hesab edilir. Aşağıdakı əsaslar göstərilə bildikdə ərazidə, yaxud ərazinin bir hissəsində hərbi işğalın mövcud olması qəbul edilir: hakimiyyət sahibinin razılığı olmadan təsirli nəzarəti həyata keçirmək iqtidarında olan xarici qoşunların mövcudluğu. Geniş yayılmış ekspert rəyinə görə, xarici qoşunların fiziki mövcudluğu işğalın sine qua non tələbidir,[2] yəni “çəkmələr yerdə” olmadan işğal inanılan deyil, dənizdən və ya havadan mühasirə vasitəsilə havadan və ya dənizdən nəzarət edən qüvvələrin olması isə kifayət deyil.[3]
97. Beynəlxalq humanitar hüququn müddəalarında ev və mülkiyyətdən istifadə etmək imkanının qarşısının alınması məsələsi dəqiq əks etdirilmir. Eyni zamanda, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının (№ 4) (“Dördüncü Cenevrə Konvensiyası”) 49-cu maddəsində işğal edilmiş ərazilərə və ya belə ərazilərdən məcburi köçürmə məsələləri nizamlanır. Orada aşağıdakılar nəzərdə tutulur:
“Deportasiyalar, köçürmələr, təxliyələr Səbəblərindən asılı olmayaraq, himayədə olan şəxslərin işğal edilmiş ərazidən İşğalçı Dövlətin ərazisinə və ya işğal edilib-edilməməsinə baxmayaraq hər hansı digər dövlətin ərazisinə fərdi və ya kütləvi surətdə köçürülməsi, habelə deportasiya edilməsi qadağandır.
Bununla belə, əhalinin təhlükəsizliyi və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, işğalçı Dövlət müəyyən ərazidən tamamilə və ya qismən təxliyəni həyata keçirə bilər. Belə təxliyələr zamanı himayədə olan şəxslər yalnız işğal edilmiş ərazinin içərilərinə köçürülə bilər, lakin bunun praktik cəhətdən mümkün olmadığı hallar istisna təşkil edir. Bu qaydada təxliyə edilmiş şəxslər həmin ərazidə döyüş əməliyyatları başa çatan kimi öz evlərinə qaytarılmalıdırlar.
İşğalçı Dövlət bu cür köçürmələri və ya təxliyələri həyata keçirərkən mümkün dərəcədə təmin etməlidir ki, himayədə olan şəxslərə lazımi qalmaq yerləri verilsin və bu yerdəyişmələr gigiyena, sağlamlıq, təhlükəsizlik və qida baxımından qənaətbəxş şəraitdə həyata keçirilsin və eyni ailənin üzvləri ayrı salınmasın. Bu köçürmələr və ya təxliyələr həyata keçirilən kimi onların barəsində Himayəçi Dövlətə məlumat verilməlidir.
Əhalinin təhlükəsizliyinin və ya əsaslı hərbi mülahizələrin tələb etdiyi hallar istisna olmaqla, işğalçı Dövlət himayədə olan şəxsləri müharibə təhlükəsinə xüsusilə məruz qalan ərazidə saxlaya bilməz.
İşğalçı Dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və ya köçürə bilməz.”
Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsi işğal edilmiş ərazilərdə tətbiq olunsa da, münaqişə tərəfinin ərazisində məcburi köçürmə ilə bağlı xüsusi müddəalar mövcud deyil. Buna baxmayaraq, məcburi köçkünlərin “onların köçürülməsi səbəbləri aradan qalxdıqda öz evlərinə və ya daimi yaşayış yerlərinə könüllü olaraq qayıtmaq” hüququ hər hansı növ əraziyə münasibətdə tətbiq olunan beynəlxalq adət hüququnun norması sayılır (bax: Rule 132 of the ICRC Study on Customary International Humanitarian Law[4]).
V. BMT VƏ AVROPA ŞURASININ MÜVAFİQ MATERİALLARI
A. BMT
98. “Qaçqın və Məcburi Köçkünlərin Yaşayış Yeri və Əmlakının Restitusiyasına dair Prinsiplər” (Commission on Human Rights, Sub-Commission on the Promotion and Protection of Human Rights, 28 June 2005, E/CN.4/Sub.2/2005/17, Annex) məsələ ilə bağlı ən hərtərəfli standartları təşkil edir. Onlar həmçinin Pinheiro prinsipləri kimi tanınır. Mövcud beynəlxalq insan hüquqları və humanitar hüquqda əsasını tapmış həmin prinsiplərin məqsədi – dövlətlər, BMT agentlikləri və daha geniş beynəlxalq ictimaiyyət üçün yaşayış yeri və əmlakın restitusiyası ilə bağlı mürəkkəb hüquqi və texniki məsələlərin həll edilməsinə dair beynəlxalq standartları müəyyən etməkdir.
Onlarda, inter alia, aşağıdakıları nəzərdə tutulur:
2. Yaşayış yeri və əmlakın restitusiyası hüququ
“2.1 Dünyada mövcud olan bütün qaçqın və məcburi köçkünlər qeyri-qanuni yolla məhrum edilmiş yaşayış yeri, torpağı və əmlaklarının restitusiyası hüququna malikdirlər. Bu mümkün olmayan hallarda isə müstəqil və tərəfsiz məhkəmənin müəyyən etdiyi formada yaşayış yeri, torpaq və əmlakın əvəzi ödənilməlidir.
2.2 Dövlətlər məcburi köçkünlüyün başa çatdırılması və ədalətli sülhə nail olunması istiqamətində restitusiyanı prioritet alət hesab etməlidirlər. Restitusiya hüququ bütün digər hüquqlardan fərqlidir və qaçqın və məcburi köçkünlərin geri qayıdıb, qayıtmamasından asılı olmayaraq onların yaşayış yeri, torpaq və əmlaka olan hüquqlarını təsdiq və təmin edir.”
3. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
“3.1 Heç bir şəxs irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidəsi, milli və ya sosial mənşəyi, doğum və ya digər statusuna görə ayrı seçkiliyə məruz qala bilməz.
3.2 Dövlətlər yuxarıda göstərilmiş əsaslarla, eləcə də qaçqın və məcburi köçkünlərə qarşı mövcud olan ayrı-seçkiliyin de fakto və de jure qadağan edilməsi istiqamətində tədbirlər görməlidirlər. Bütün insanlar qanun qarşısında bərabər hesab edilmlidirlər.”
12. Milli təsisatlar, mexanizm və prosedurlar
“12.1 Dövlətlər yaşayış yeri, torpaq və əmlakın restitusiyasına dair iddiaların təmin olunması məqsədilə, bərabər, vaxtında, müstəqil, şəffaf və ayrı-seçkiliyi qadağan edən prosedurlar, təsisat və mexanizmlər yaratmalıdırlar. ...
...
12.5 Dövlətlər bu proseslərə mübahisələrin həlli üzrə alternativ və ya qeyri-formal mexanizmləri inteqrasiya edə bilər. Bununla belə, bu mexanizmlər beynəlxalq insan hüquqları, qaçqın hüququ və humanitar hüququn tələblərinə, o cümlədən ayrı-seçkiliyin qadağan olunması tələbinə cavab verməlidir.
12.6 Qanunun aliliyi pozulduğu hallarda, dövlətlər yaşayış yeri, torpaq və əmlakın restitusiyası ilə bağlı iddiaların ədalətli və vaxtında təmin edilməsi üçün müvafiq beynəlxalq təşkilatlara müraciət edə bilərlər. ...”
13. Restitusiya iddiasi ilə bağlı prosedurlar
“13.1 Özbaşına və qeyri-qanuni olaraq öz yaşayış yeri, torpağı və əmlakından məhrum edilmiş hər bir şəxsin restitusiya və ya kompensasiya iddiası ilə neytral və müstəqil quruma müraciət etmək hüququ vardır. Dövlətlər restitusiya iddiasının təqdim edilməsi ilə bağlı heç bir ilkin şərt müəyyən edə bilməzlər.
...
13.5 Dövlətlər potensial iddiaçıların olduğu bütün ərazilərdə restitusiya iddialarının qəbul edilməsi üzrə mərkəzlər və ofislər yaratmalıdırlar. Təsirə məruz qalmış ərazilərdə iddiaların verilməsi işini asanlaşdırmaq məqsədilə, vasitəçilər təyin edilməli və ya şəxslərin birbaşa olaraq öz iddialarını təqdim etmək imkanları olmalıdır. ...
...
13.7 Restitusiya iddası formaları sadə, başa düşülən və təsirə məruz qalmış qrupların dilində hazırlanmalı və təqdim edilməlidir. ...
...
13.11 Restitusiya iddiaları ilə çıxış edən şəxslərə dövlətlər tərəfindən pulsuz hüquqi yardım təqdim edilməlidir. ...
...”
15. Yaşayış yeri, torpaq və mülkiyyətin qeydiyyatı və sənədləşdirilməsi
“...
15.7 Kütləvi məcburi köçkünlük hallarında, sənədlərin nümayişi mümkün olmadığı hallarda, dövlətlər məcburi köçkünlərin sənədlərə çıxışının məhdud olmasını nəzərə alaraq, onların mənşə yerlərində yaşayış yeri, torpaq və mülkyyət hüquqlarını tanıya və restitusiya ilə bağlı iddiaları kütləvi halda qəbul edə bilər. Bu halda, inzibati və məhkəmə hakimiyyəti orqanları sənədləri olmayan iddialara dair qərarlar çıxara bilər.
...”
21. Kompensasiya
“21.1 Bütün qaçqın və məcburi köçkünlərin restitusiya prosesinin tərkib hissəsi olaraq, səmərəli kompensasiya almaq hüququ vardır. Kompensasiya pul və ya digər formada ola bilər. Dövlətlər bərpaedici ədalətin komponenti olaraq, kompensasiyanın yalnız restitusiya iddiasının təmin olunması mümkün olmadığı hallarda ödənilməsini icra edə bilərlər. Bu zaman qaçqın və məcburi köçkün könüllü olaraq kompensasiyanın alınmasını qəbul edə bilərlər.
...”
B. Avropa Şurası
99. Avropa Şurasının orqanları məcburi köçkünlərin və qaçqınların əmlak restitusiyası məsələsini nəzərdən keçirmişdir. Hazırkı işin kontekstində aşağıdakı qətnamələr və tövsiyələr xüsusi əhəmiyyət kəsb edir:
1. “Qaçqınların və məcburi köçkünlərin əmlak məsələlərinin həll edilməsi”, Parlament Assambleyasının (PA) 1708(2010) saylı Qətnaməsi
100. Parlament Assambleyası qeyd etmişdir ki, Avropa Şurasının üzv dövlətlərində, xüsusilə Şimali və Cənubi Qafqazda, Balkan ölkələrində şərqi Aralıq Dəniz bölgəsində 2,5 milyon qaçqın və məcburi köçkün öz yurdlarından köçürülmüş, belə köçürmə nəticəsində isə müvafiq şəxslər 1990-cı və əvvəlki illərdən bəri öz evlərinə və torpaqlarına qayıtmaq imkanından məhrumdurlar (2-ci abzas). Burada restitusiyanın vacibliyi vurğulanmışdır:
“3. Tərk edilmiş əmlakın dağıdılması, zəbt edilməsi və ya müsadirəsi müvafiq şəxslərin hüquqlarını pozur, köçürməni əbədiləşdirir, barışmanı və sülhün yaradılmasını mürəkkəbləşdirir. Buna görə, əmlakın restitusiyası, yəni köçürülmüş keçmiş sakinlərin xeyrinə hüquqların və fiziki sahibliyin bərpa edilməsi, yaxud kompensasiya şəxsi hüququn və qanun aliliyinin bərpası üçün zəruri olan ödəmə formalarıdır.
4. Parlament Assambleyası hesab edir ki, restitusiya yaşayış yeri, torpaq və əmlakdan istifadə etməkdən və onlar üzərində hüquqlardan məhrum etməyə optimal cavabdır, çünki digər ödəmə formaları sırasında bu, köçürülmənin üç “davamlı həlli”, yəni öz evinə təhlükəsiz və ləyaqətlə qayıtma, yaxud köçürüldüyü yerdə inteqrasiya olunma, yaxud ölkə daxilində və ya xaricdə başqa yerdə məskunlaşma arasında seçmək imkanı yaradır.”
Parlament Assambleyası həmçinin Avropa Şurasının insan hüquqları instrumentlərinə, xüsusilə İnsan hüquqlarına dair Avropa konvensiyasına, Avropa Sosial Xartiyasına və Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına, habelə BMT-nin Pinheiro prinsiplərinə istinad etmiş, üzv dövlətləri aşağıdakı tədbirləri həyata keçirməyə dəvət etmişdir:
“9. Yuxarıdakıları nəzərə alaraq Assambleya üzv dövlətləri Pinheiro prinsipləri, Avropa Şurasının müvafiq instrumentləri və Nazirlər Komitəsinin Rec (2006)6 saylı Tövsiyəsi nəzərə alınaraq qaçqınların və məcburi köçkünlərin münaqişə-sonrakı yaşayış yeri, torpaq və əmlak problemlərini həll etməyə çağırır.
10. Bu müvafiq beynəlxalq standartlar və Avropada bu günədək yerinə yetirilmiş əmlak məsələlərinin həll edilməsinə və kompensasiyaya dair proqramlar nəzərə alınaraq üzv dövlətlər aşağıdakıları etməyə dəvət olunur:
10.1. silahlı münaqişənin həll olunması və ya müəyyən ərazinin statusu ilə bağlı danışıqların gedişindən asılı olmayaraq, qaçqınlar və məcburi köçkünlər tərəfindən tərk edilmiş yaşayış yeri, torpaq və əmlakdan istifadə etmək imkanının və onlara hüquqların itirilməsinə görə vaxtında və səmərəli ödəmənin təmin edilməsi;
10.2. bu cür ödəmənin qaçqınların və məcburi köçkünlərin mülkiyyət hüququnun təsdiq olunması və onların bu əmlakdan təhlükəsiz istifadəsi və ona sahib olması formasında baş verməsinin təmin edilməsi. Restitusiya mümkün olmadıqda, əvvəlki mülkiyyət hüququnun təsdiq edilməsi və bazar qiymətinə uyğun pul vəsaitin və əşyaların verilməsi, yaxud digər formada ədalətli qaydada əvəzin ödənilməsi yolu ilə münasib kompensasiya ödənilməlidir;
10.3 köçürülmədən qabaq öz hüquqlarını rəsmi qaydada təsdiq edə bilməmiş, lakin əmlakdan istifadəsi dövlət orqanları tərəfindən faktiki olaraq tanınmış qaçqınlar və məcburi köçkünlər üçün hüquqi müdafiə vasitələrindən və itkilərin əvəzinin ödənilməsindən eyni və səmərəli surətdə istifadə etmək imkanının təmin edilməsi. Bu, müvafiq şəxslərin sosial baxımdan zəif olması və ya azlıq təşkil edən qruplara aid olması hallarında xüsusi əhəmiyyət kəsb edir;
...
10.5 öz evlərini tərk etməyə məcbur edilmiş, yaşayış və icarə hüququna malik olanların yaşayış yerində olmamasının təhlükəsiz və ləyaqətli qaydada könüllü olaraq qayıtmağa imkan verən şərait bərpa edilənədək üzrlü hesab olunmasının təmin edilməsi;
10.6 ödəməni tələb etmək üçün tez, əlverişli və səmərəli prosedurların nəzərdə tutulması. Köçürmə və əmlakdan məhrum etmə sistematik surətdə baş verdiyi hallarda tələbləri öyrənmək üçün xüsusi arbitraj orqanları təsis edilməlidir. Bu orqanlar sübut etməyə dair sərbəst standartları və asan prosedurları ehtiva edən tezləşdirilmiş prosedurları tətbiq etməlidir. Köçürülmüş şəxslərin yaşayışı və dolanışığı ilə bağlı olan əmlakın bütün növləri, o cümlədən evlər, kənd təsərrüfatı üçün torpaq sahələri və kommersiya obyektləri onların səlahiyyətlərinə aid edilməlidir;
10.7 arbitraj orqanlarının üzvlüyünə əcnəbilərin daxil olmasına yol verən onların tərkibinə dair münasib qaydaların qəbul edilməsi daxil olmaqla bu orqanların müstəqilliyinin, qərəzsizliyinin və səriştəliliyinin təmin edilməsi. ...
...”
2. “Ermənistanda, Azərbaycanda və Gürcüstanda qaçqınlar və məcburi köçkünlər”, PA-nın 1497 (2006) saylı Qətnaməsi
101. Bu qətnamədə Parlament Assambleyası Ermənistanı, Azərbaycanı və Gürcüstanı aşağıdakıları etməyə çağırmışdır:
“12.1. qaçqınların və məcburi köçkünlərin öz mənşə yerlərinə təhlükəsiz və ləyaqətlə könüllü olaraq qayıtması üçün şəraiti yaratmaq məqsədilə bütün səylərini bölgədə münaqişələrin dinc yolla həllinə yönəltmək;
...
12.4. köçürülmüş şəxslərin qayıtması məsələsini prioritet kimi müəyyən etmək və münaqişələrin hətta tam həllinə nail olanadək bu şəxslərin təhlükəsiz qayıtmasını mümkün etmək üçün danışıqlarda bütün imkanlardan istifadə etmək;
...
12.15. itkin düşmüş şəxslərin taleyinin araşdırılması ilə bağlı praktiki əməkdaşlığı inkişaf etdirmək və, xüsusilə oxşar problemlərin Balkan bölgəsində həll edilməsi təcrübəsindən istifadə etməklə şəxsiyyəti təsdiq edən sənədlərin qaytarılmasına və əmlakın restitusiyasına kömək etmək.”
3. Məcburi köçkünlər barədə Nazirlər komitəsinin Rec(2006)6 saylı Tövsiyəsi
102. Nazirlər Komitəsi aşağıdakıları tövsiyə etmişdir:
“8. İnsan hüquqları hüququna uyğun olaraq məcburi köçkünlərin mülkiyyət hüququ vardır. Xüsusilə, məcburi köçkünlərin köçürülmə nəticəsində tərk edilmiş əmlaka yenidən sahib çıxmaq hüququ vardır. Məcburi köçkünlər öz əmlakından məhrum edildikdə, bu cür məhrum etmə münasib kompensasiyaya səbəb olur.”
HÜQUQ
I. GİRİŞ
103. Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərardadı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Məhkəmə həmçinin cavabdeh Hökumətin Konvensiyan 35-ci maddəsinə əsasən verdiyi 6 ilkin etiraza baxmışdır. Onlardan üçü, yəni məsələnin artıq digər beynəlxalq araşdırma və ya həll etmə proseduruna təqdim edilib-edilmədiyi, Məhkəmənin yurisdiksiyaya ratione temporis malik olmadığı və altı ay müddəti qaydasına əməl olunmadığı barədə etirazlar rədd edilmişdir. Qalan üç etiraz ərizənin mahiyyəti üzrə baxılması mərhələsinə saxlanılmış və onlara aşağıdakı qaydada baxılacaq: daxili hüquqi müdafiə vasitələrinin tükəndirməsi, ərizəçilərin zərərçəkmiş statusu və müvafiq ərazi üzərində cavabdeh Hökumətin yurisdiksiyası.
II. DÖVLƏTDAXİLİ HÜQUQİ MÜDAFİƏ VASİTƏLƏRİNİN TÜKƏNDİRMƏSİ
A. Tərəflərin ifadələri
1. Ərizəçilər
104. Ərizəçilər bildirmişlər ki, Ermənistanın hakimiyyət orqanlarının məcburi köçkün kimi onların evlərinə geri qayıtmalarına icazə verməkdən imtina etməsi bu dövlətin rəsmi siyasətinin və müvafiq olaraq inzibati təcrübəsinin göstəricisidir. Belə olduğu təqdirdə onların hər hansı dövlətdaxili hüquqi müdafiə vasitələrindən istifadə etməsi mümkün deyil.
105. Bundan əlavə, istər Ermənistan Respublikasında, istərsə də Dağlıq Qarabağda şikayətlərinə baxılması üçün səmərəli ola biləcək hər hansı hüquq müdafiə vasitəsi onlara məlum deyil. Ərizəçilərin sözlərinə görə Azərbaycandakı məcburi köçkünlərin geri qayıtmaq hüququna dair aparılan beynəlxalq müzakirələr dövlətdaxili hüquqi müdafiə vasitələrinin mövcud olmamasını daha bariz şəkildə göstərir. Davam edən sülh danışıqları prosesində tərəflər arasında fikir ayrılığına səbəb olan əsas məsələlərdən biri olan bu məsələ həll edilməmiş qalır. Bu baxımdan ərizəçilərin tükəndirə biləcəkləri və ya tükəndirməli olduqları hər hansı hüquq müdafiə vasitəsinin mövcud olmasını görmək mümkün deyil. Bundan əlavə, ərizəçilər bildirmişlər ki, Ermənistan Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrə hər hansı bir formada cəlb olunmasını inkar etməsini nəzərə alaraq, onlardan Ermənistan Respublikasının hakimiyyət orqanlarına müraciət etməni gözləmək ziddiyyətli olardı.
106. Ərizəçilər həmçinin qeyd etmişlər ki, cavabdeh Hökumət hüquqi müdafiə vasitəsinin mövcud olmasını və onun istər nəzəri cəhətdən, istərsə də təcrübədə səmərəli olmasını, xüsusilə bu vasitədən istifadə etməyin mümkünlüyünü, onun köməyi ilə ərizəçilərin pozulmuş hüquqlarının bərpa edilməsinin mümkünlüyünü və şikayətlərin təmin olunması üçün ağlabatan perspektivlər vəd etməsini sübut etmək vəzifəsi daşıyır. Onlar iddia etmişlər ki, Hökumət bu vəzifəni yerinə yetirmədi. Xüsusilə, Hökumətin 2007-ci ilin iyulunda Palataya təqdim etdiyi ifadələrində misal gətirilmiş işlərin heç biri əmlakdan istifadəyə qayıtmaq, yaxud şəxsi və ailə hüququna hörmət hüququ ilə bağlı deyildir. Yalnız 2012-ci ilin iyulunda təqdim edilmiş ifadələrdə Hökumət Ermənistanda və “DQR”-də olan konstitusiya vasitələrini göstərərək iddia etmişdir ki, ərizəçilər, heç olmazsa öz qanuni hüquqlarını həyata keçirmək üçün hər zaman mübahisə predmeti olan ərazilərə gəlmək imkanında olmuşlar. Hökumətin həmin hüquqi müdafiə vasitələri göstərilmədiyi və məcburi köçkünlərin qayıtması və onlara kompensasiya verilməsi münaqişənin tam və hərtərəfli həll olunması ilə şərtlənildiyi əvvəlki ifadələri ilə birlikdə oxunulduqda 2012-ci il ifadələri əhəmiyyətsizdir. Bundan başqa, bu ifadələrdə hazırkı işdə göstərilən növ hüquqların pozulmasına görə Azərbaycan vətəndaşlarına həqiqətən təklif edilmiş ödəmə nümunələri göstərilməmişdir.
2. Cavabdeh Hökumət
107. Ermənistan Hökuməti bildirmişdir ki, ərizəçilər hüquqlarını qorumaq və ya bərpa etmək məqsədilə hər hansı addım atdıqlarını göstərməmiş, beləliklə də, dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirməmişlər. Xüsusilə, ərizəçilər Ermənistan Respublikasının hər hansı məhkəmə və ya inzibatı orqanına müraciət etməmişlər. Bundan başqa, Hökumət müvafiq ərazilərin “DQR”-in yurisdiksiyası və nəzarəti altında olduğunu bildirərək, “DQR”-in insan hüquqlarını qorumaq iqtidarında olan məhkəmə və inzibati orqanlara malik olduğunu iddia etmişdir. Ərizəçilər hüquqi yardım, hətta “ictimai müdafiəçi”dən pulsuz yardım almaq və müstəqil və qərəzsiz məhkəmələrdə Ermənistan ordusuna və dövlət orqanlarına, yaxud “DQR”-ə qarşı restitusiya və ya kompensasiya barədə tələbləri irəli sürmək üçün guya Ermənistana və “DQR”-ə viza almaq imkanında olmuşlar. Ermənistana gəldikdə, belə imkan 2002-ci ilin aprel ayında Konvensiyanın ratifikasiya olunması günündən mövcud olmuşdur. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda ifadə olunan mövqe bütün məcburi köçkünlərin qayıtması ilə bağlı olmuş və öz qanuni hüquqlarını həyata keçirmək istəyən fərdi şəxslərə aid olmamışdır.
108. Bundan əlavə, Hökumət iddia etmişdir ki, Ermənistanın və “DQR”-in konstitusiyaları və digər qanunlarında, xüsusilə onları torpaq məcəllələri və mülki məcəllələrində fərdi şəxslərin mülkiyyət hüququ qorunmuş, itirilmiş torpağa görə restitusiya və ya kompensasiya nəzərdə tutulmuş və vətəndaşlarla əcnəbilər arasında heç bir fərq qoyulmamışdır.
109. Ermənistanda mövcud olan hüquqi müdafiə vasitələrinin kürdlər və ya azərbaycanlılar üçün səmərəli olduğunu göstərmək məqsədilə Hökumət üç məhkəmə işini təqdim etmişdir: bunlardan biri, azərbaycanlı olması ehtimal olunan məhkumun amnistiyaya düşməsi, digəri kürd mənşəli şəxslə işəgötürən arasında əmək haqqının ödənilməməsi ilə bağlı mübahisəyə dair barışıq sazişinin bağlanması, üçüncüsü isə torpağın icarəsi müqaviləsinin müddətinin uzadılması ilə bağlı kürd mənşəli şəxslə Ermənistanın yerli hakimiyyət orqanı arasında mübahisə ilə bağlı olmuşdur. Bundan başqa, Hökumət həmin bölgədə səmərəli məhkəmə-hüquqi müdafiə vasitələrinin mövcudluğunu nümayiş etdirmək üçün “DQR” məhkəmələri tərəfindən baxılmış üç işi təqdim etmişdir: bu işlərdən ikisi “DQR”-də yaşayan iki erməni mənşəli şəxsin cinayət əməllərinə görə məhkum edilməsi və digəri, erməni mənşəli olması ehtimal edilən iki fiziki şəxs arasında vərəsəliyə dair mübahisə ilə bağlı olmuşdur.
3. Üçüncü tərəf qismində çıxış edən Azərbaycan Hökuməti
110. Azərbaycan Hökumətinin mövqeyinə görə, cavabdeh Hökumət Ermənistan Respublikasında və ya “DQR”-də bu şəraitdə səmərəli ola biləcək hansı hüquqi müdafiə vasitələrinin mövcud olmasını dəqiqləşdirmək vəzifəsini yerinə yetirə, habelə məcburi köçkün düşmüş Azərbaycan vətəndaşının bu cür mövcud olması iddia edilən, lakin dəqiqləşdirilməyən hüquqi müdafiə vasitələrindən müvəffəqiyyətlə istifadə etməsinə dair hər hansı nümunə göstərə bilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Hökuməti bildirmişdir ki, Ermənistanın və “DQR”-in torpaq məcəllələrində ərizəçilərin şəraitinə oxşar şəraitdə köçürülmüş şəxslərin itirilmiş əmlaka görə restitusiya və ya kompensasiya ala bilməsi üçün hər hansı normalar və ya mexanizmlər nəzərdə tutulmur.
111. Bundan başqa, ümumi kontekst baxımından inzibati təcrübəyə və ya xüsusi hallara görə dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirməyə ehtiyac yox idi. İnter alia, bölgədə gərginlik və düşmənçiliyin davam etməsi, Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə hərbi vəziyyətin mövcud olması və xüsusilə Laçın rayonuna erməni əsilli sakinlərin köçürülməsinin təşviqi istiqamətində məqsədyönlü siyasətin aparılması göstərilmişdir.
112. Azərbaycan Hökuməti həmçinin bildirmişdir ki, “DQR”-in müstəqil dövlət olması və Laçın üzərində yurisdiksiyanın və nəzarətin həyata keçirməsi barədə Ermənistanın bəyan edilmiş mövqeyinə görə, cavabdeh Hökumətin Ermənistan məhkəmələri və orqanları qarşısında mövcudluğu iddia etdiyi hər hansı hüquqi müdafiə vasitəsi mahiyyət etibarilə səmərəli ola bilməz. Bundan əlavə, “DQR”-in 1991-ci il sentyabr tarixli “müstəqillik bəyannaməsi”ndə müəyyən edilmiş əraziyə Azərbaycanın sonradan işğal edilmiş digər əraziləri, o cümlədən Laçın daxil edilmədiyindən, bu ərazilərlə bağlı “DQR” məhkəmələri müvafiq olaraq konstitusiya nöqteyi-nəzərindən yurisdiksiyasını həyata keçirə bilməzdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Əlavə ifadələrin qəbuledilənliyi
113. İlk növbədə qeyd edilməlidir ki, 2014-cü il yanvarın 20-də, yəni əlavə sənədlərin təqdim edilməsi üçün Məhkəmənin müəyyən etdiyi müddət bitdikdən iki həftə sonra, cavabdeh Hökumət bir neçə sənədi, o cümlədən mübahisə predmeti olan ərazilərdə yerləşən şəxsi evlərə və həyətyanı torpağa dair Azərbaycan vətəndaşı olan məcburi köçkünlərin mülkiyyət hüququnu guya təsdiq edən iki məhkəmə qərarını təqdim etmişdir. Qərarlar “Dağlıq Qarabağ Respublikasının birinci instansiya məhkəməsi” tərəfindən müvafiq olaraq 2003 və 2005-ci illərdə qəbul edilmişdir.
114. 2014-cü il yanvarın 22-də Məhkəmənin sədri, Böyük Palata ilə məsləhətləşərək, Məhkəmə Reqlamentinin 38-ci qaydasının 1-ci hissəsi və 71-ci qaydasının 1-ci hissəsinə uyğun olaraq qərara almışdır ki, müddət keçdikdən sonra təqdim edilmiş qeyd edilən sənədlər işə əlavə edilməsin. Cavabdeh Hökumət sənədlərin vaxtında təqdim edilməməsinin səbəblərini izah edə bilməmişdir. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, 2006-cı il iyunun 8-də cavabdeh Hökumət iş üzrə yazılı ifadələrini təqdim etməyə dəvət edilmiş və ondan bu zaman və sonradan xüsusi olaraq hüquqi müdafiə vasitələrinin tükəndirməsi məsələsini əks etdirməyə xahiş edilmişdir. Heç bir halda 2003 və 2005-ci illərin məhkəmə qərarları göstərilməmişdir. Nəticə etibarilə, bu sənədlər nəzərə alınmayacaq.
2. Dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsinə dair ümumi prinsiplər
115. Məhkəmə bir daha təsdiq edir ki, Konvensiya ilə yaradılmış müdafiə mexanizmi ilk növbədə insan hüquqlarının təminatı üzrə milli sistemlərə köməkçi funksiyasını yerinə yetirir. Məhkəmə iştirakçı dövlətlərin Konvensiyaya əsasən öz öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etməklə məşğuldur. O, Konvensiyada təsbit edilmiş əsas hüquq və azadlıqların dövlət daxilində hörmət edilməsi və qorunmasını təmin etmək öhdəliyi olan iştirakçı dövlətlərin rolunu qəsb edə bilməz. Buna görə, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi qaydası bu müdafiə sisteminin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Dövlətlər öz hüquq sistemi vasitəsilə məsələni həll etmək imkanında olmaqdan qabaq öz hərəkətlərinə görə beynəlxalq qurum qarşısında cavab verməkdən azaddır və buna görə, dövlətə qarşı şikayətlə bağlı Məhkəmənin nəzarət yurisdiksiyasını hərəkətə gətirmək istəyənlər dövlətin hüquq sistemində nəzərdə tutulan hüquqi müdafiə vasitələrindən istifadə etməyə məcburdur (bax: müxtəlif qərarlar sırasında, Akdivar and Others v. Turkey, 16 September 1996, § 65, Reports of Judgments and Decisions 1996‑IV)). Məhkəmə olduqca birinci instansiya məhkəməsi olmadığını vurğulayır; əsas faktların müəyyən edilməsini və ya maliyyə kompensasiyasının hesablanmasını tələb edən çox sayda işləri həll etmək onun səlahiyyətində deyil və beynəlxalq məhkəmə qismində funksiyalarına uyğun gəlmir – bu məsələlər, prinsip etibarilə və səmərəli təcrübə baxımından dövlətin yurisdiksiyasına aiddir (bax: Demopoulos and Others v. Turkey (dec.) [GC], nos. 46113/99, 3843/02, 13751/02, 13466/03, 10200/04, 14163/04, 19993/04 and 21819/04, § 69, ECHR 2010; və Niazi Kazali and Hakan Kazali v. Cyprus (dec.), no. 49247/08, § 132, 6 March 2012).
116. Məhkəmənin bir sıra qərarlarında dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsinə dair ümumi prinsiplər müəyyən edilmişdir. Akdivar and Others v. Turkey qərarında (yuxarıda qeyd edilən) aşağıdakılar müəyyən edilmişdir (mötərizələrdə digər işlərə istinadlar silinib):
“65. Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsində göstərilən dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi qaydasına görə, dövlətə qarşı öz işini beynəlxalq məhkəmə və ya arbitraj orqanının qarşısına çıxarmaq istəyənlər ilk növbədə dövlətin hüquq sistemində nəzərdə tutulan hüquqi müdafiə vasitələrindən istifadə etməyə məcburdur. Nəticə etibarilə, öz hüquq sistemi vasitəsilə məsələni həll etmək imkanında olmaqdan qabaq öz hərəkətlərinə görə beynəlxalq qurum qarşısında cavab verməkdən azaddır. Bu qayda böyük oxşarlığı olduğu Konvensiyanın 13-cü maddəsində əks etdirilmiş belə fikrə əsaslanır ki, Konvensiya müddəalarının milli qanunvericiliyə inkorporasiyası olub-olmadığından asılı olmayaraq, iddia edilən pozuntu ilə bağlı dövlətdaxili sistemdə səmərəli hüquqi müdafiə vasitəsi mövcuddur. Bununla da, bu, Konvensiya ilə yaradılmış mexanizmin insan hüquqlarının təminatı üzrə milli sistemlərə köməkçi olması barədə prinsipin vacib aspektidir (...).
66. 35-ci maddəyə müvafiq olaraq, ərizəçi iddia edilən pozuntularla bağlı əvəzini ödəmək üçün mövcud və kifayət olan hüquqi müdafiə vasitələrinə müraciət etməlidir. Müvafiq hüquqi müdafiə vasitələrinin mövcudluğu nəinki nəzəriyyədə, həmçinin təcrübədə kifayət qədər yəqin olmalı, əks təqdirdə isə onlar tələb edildiyi kimi, mümkün və səmərəli olmayacaq (...).
35-ci maddədə həmçinin tələb edilir ki, sonradan Strasburqa göndərilməsi ehtimal olunan şikayətlər heç olmazsa mahiyyət etibarilə və qanunvericilikdə təsbit edilmiş formal tələblərə və müddətlərə uyğun qaydada müvafiq yerli orqana təqdim edilməli, həmçinin Konvensiyanın pozulmasının qarşısını ala biləcək hər bir prosessual vasitələrdən istifadə edilməlidir (...).
67. Eyni zamanda, yuxarıda göstərildiyi kimi, qeyri-münasib və ya səmərəsiz olan hüquqi müdafiə vasitələrinə müraciət etmək öhdəliyi yoxdur. Bundan əlavə, “beynəlxalq hüququn hamılıqla tanınmış normalarına” müvafiq olaraq, ərizəçini mümkün olan dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirmək öhdəliyindən azad edən xüsusi hallar ola bilər (...). Həmçinin Konvensiyaya zidd hərəkətlərin təkrarlanmasından və dövlət orqanlarının rəsmi dözümlülüyündən ibarət inzibati təcrübənin mövcud olması, habelə onun öz xarakterinə görə prosesi mənasız və səmərəsiz etməsi göstərildikdə bu qayda tətbiq edilə bilməz (...).
68. Dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi sahəsində sübut etmə vəzifəsi bölüşdürülür. Hüquqi müdafiə vasitələrinin tükənmədiyini iddia edən dövlət Məhkəməni qane etməlidir ki, həmin vasitələr müvafiq vaxtda həm nəzəriyyədə, həm də təcrübədə mövcud olaraq səmərəli, yəni mümkün, ərizəçinin şikayətləri ilə bağlı əvəzi ödəmək iqtidarında olan və ağlabatan şəkildə perspektivli olmuşdur. Eyni zamanda, həmin sübut etmə vəzifəsi yerinə yetirildikdə, artıq ərizəçi göstərməlidir ki, Hökumətin qeyd etdiyi hüquqi müdafiə vasitəsindən əslində istifadə edilmiş, yaxud işin xüsusi hallarında hər hansı səbəbdən o, qeyri-münasib və ya səmərəsiz olmuş və yaxud onu bu tələbə əməl etməkdən azad edən xüsusi şərait mövcud olmuşdur (...). Dövlətin nümayəndələri tərəfindən qeyri-qanuni hərəkətlərə yol verməsi və ya zərər yetirməsi barədə ciddi iddialar qarşısında dövlət orqanları tamamilə ətalətli olduqda, misal üçün araşdırma aparmadıqda və ya yardım göstərmədikdə belə səbəblərdən biri ortaya çıxır. Bu halda deyilə bilər ki, sübut etmə vəzifəsini daşıyan tərəf yenidən dəyişir, yəni cavabdeh Hökumət şikayət edilən məsələlərin miqyası və ciddiliyi ilə əlaqədar olaraq həyata keçirilmiş tədbirləri göstərməlidir.
69. Məhkəmə vurğulamalıdır ki, həmin qayda tətbiq olunarkən onun iştirakçı dövlətlərin razılığı ilə yaradılmış insan hüquqlarının müdafiəsi mexanizmi kontekstində tətbiq olması faktı nəzərə alınmalıdır. Buna görə də, o, qəbul edir ki, 35-ci maddə müəyyən dərəcədə çevik, artıq formalizm olmadan tətbiq edilməlidir (...). O, həmçinin qəbul etmişdir ki, hüquqi müdafiə vasitələrin tükənməsi qaydası mütləq deyil və avtomatik şəkildə tətbiq edilə bilməz; ona əməl olunması məsələsi nəzərdən keçirilərkən hər bir fərdi işin xüsusiyyətlərinə diqqət yetirmək vacibdir (...). Bu, digər məsələlər ilə yanaşı deməkdir ki, müvafiq iştirakçı dövlətin hüquq sistemində formal hüquqi müdafiə vasitələrinin mövcud olmasından əlavə olaraq, həmçinin onların fəaliyyət göstərdiyi ümumi hüquqi və siyasi kontekst, habelə ərizəçilərin xüsusi şəraiti nəzərə alınmalıdır.”
3. Bu prinsiplərin hazırkı işdə tətbiqi
117. Ermənistan Respublikasının Dağlıq Qarabağ və, xüsusilə Laçın rayonu üzərində yurisdiksiyaya malik olmadığını bildirməklə yanaşı, cavabdeh Hökumət iddia etmişdir ki, Ermənistan Respublikasında və “DQR”-də məkhəmə və inzibati orqanlar ərizəçilər üçün əvəzin ödənilməsini təmin edə bilərdi. O, torpaq mübahisələri, o cümlədən kənar şəxsin qanunsuz sahibliyi halında restitusiya və kompensasiya məsələləri ilə bağlı hər iki qurumun qanunvericiliyi müddəalarına istinad etmişdir. O, həmçinin Ermənistanda və “DQR”-də məhkəmələrin müstəqil və qərəzsiz olması, habelə Azərbaycan vətəndaşlarının iddialarına ayrı-seçkiliyə yol vermədən baxmağa hazır olması barədə yerli hakimlərin və vəzifəli şəxslərin bəyanatlarını təqdim etmişdir. Ərizəçilər və Azərbaycan Hökuməti, öz növbəsində, bildirmişlər ki, Ermənistan və “DQR” qanunlarında ərizəçilərin şəraitinə bənzər şəraitdə mülikyyətindən məhrum olunmuş məcburi köçkünlər üçün əvəzin ödənilməsi nəzərdə tutulmamışdır.
118. Məhkəmə hesab edir ki, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi məsələsi üçün Ermənistan Respublikasının müvafiq ərazidə yurisdiksiyaya malik olub-olmadığının, həmçinin bu yurisdiksiyanın mübahisə predmeti olan ərazilərdə yerləşən əmlaka görə restitusiya və ya kompensasiya məsələlərinə dövlətdaxili hüquqi müdafiə vasitələrinin təsiri olub-olmadığının müəyyən edilməsi zəruri deyil. Bunun səbəbi odur ki, cavabdeh Hökumət Ermənistanda və ya “DQR”-də ərizəçilərin şikayətləri ilə bağlı əvəzi ödəmək qabiliyyətində olan hüquqi müdafiə vasitələrin olmasını göstərməmişdir. Onun istinad etdiyi qanun müddəaları ümumi xarakter daşıyır və silahlı münaqişə nəticəsində əmlakın itirilməsinə dair xüsusi vəziyyətə şamil edilmir, yaxud ərizəçilərin şəraitinə oxşar şəraitlə başqa yolla bağlı deyil. 2007-ci ilin iyun ayında nümunə kimi təqdim edilmiş yerli məhkəmələrin qərarlarına gəldikdə (yuxarıda 109-cu abzasa bax), onların heç biri Dağlıq Qarabağ münaqişəsi kontekstində məcburi köçürülmüş şəxslər tərəfindən evlərin və ya əmlakın itirilməsi ilə bağlı deyil.
119. Həmçinin qeyd edilməlidir ki, Ermənistan Respublikası hazırkı işdəki şikayətlərə səbəb olan hadisələrdə onun silahlı qüvvələrinin və ya digər orqanlarının iştirakını, habelə Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı ərazilər üzərindən yurisdiksiyanın hazırda və ya hər hansı zaman həyata keçirməsini inkar etmişdir. İştirakın və ya yurisdiksiyanın inkar edilməsi nəzərə alınaraq ərizəçilərin Ermənistan məhkəmələrinə və orqanlarına restitusiya və ya kompensasiya barədə müraciət etməsinin ehtimal edilməsi məqsədəuyğun olmazdı. Həmçinin siyasi və ümumi kontekst nəzərə alınmalıdır. Müharibə nəticəsində faktiki olaraq bütün azərbaycanlılar mübahisə predmeti olan əraziləri tərk etmişlər. Əslində, son zamanlar Ermənistan və Azərbaycan liderləri arasında düşmənçilik ritorikası artmiş, atəşkəs rejimi daimi pozulur və bölgədə hərbi quruculuq güclənmişdir. Belə şəraitdə, tanınmamış “DQR” qurumunda hər hansı mümkün hüquqi müdafiə vasitələri nəticəsində Azərbaycanlı məcburi köçkünlərin pozulmuş hüquqlarını praktiki olaraq səmərəli surətdə bərpa olması real deyil.
120. Belə şəraitdə Məhkəmə hesab edir ki, cavabdeh Hökumət ərizəçilər üçün onların Konvensiyaya əsasən şikayətləri ilə bağlı əvəzi ödəmək qabiliyyətində olan və ağlabatan perspektivləri olan hüquqi müdafiə vasitəsinin mümkün olmasını sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir. Buna görə, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməməsi barədə Hökumətin etirazı rədd edilir.
III. ƏRİZƏÇİLƏRİN ZƏRƏRÇƏKMİŞ ŞƏXS STATUSU
A. Tərəflərin ifadələri
1. Ərizəçilər
121. Ərizəçilər bildirmişlər ki, şikayətlərinə əlavə etdikləri sənədlər və qeydləri onların kimliyini və mübahisə predmeti olan ərazidə müəyyən edilməsi mümkün olan əmlaka malik olduqlarını, həmçinin 1992-ci ilin mayında məcburən köçkün düşənə qədər burada yaşadıqlarını kifayət qədər sübut edir. Onlar, inter alia, texniki pasportları, şahid ifadələrini, tikinti materialların alınmasına dair qəbzləri və tikinti üçün kreditləri göstərmişlər. Texniki pasportlarla əlaqədar olaraq ərizəçilər bildirmişlər ki, bunlar müvafiq vaxtda milli qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Ərizə formasında verilmiş ifadələr və pasportlarda nəzərdə tutulmuş məlumatlar arasında uyğunsuzluq bu ifadələrin 2005-ci ilin əvvəlində çətin vəziyyətdə Bakıda qısa görüş zamanı nümayəndələrinə verilməsinə görə baş vermişdir. İlkin ifadələr sənədlərə baxmadan verilmiş və buna görə, pasportlarla əks etdirilmiş məlumatlar həqiqi olaraq nəzərə alınmalıdır. Ərizəçilər həmçinin bildirmişlər ki, pasportlar onların əmlakının ikinci dərəcəli sübutunu təşkil etmişdir. Bundan əlavə, altıncı ərizəçi ona torpağın verilməsi barədə Laçın Rayon Xalq Deputatları Sovetinin 1974-cü il 29 yanvar tarixli iclasının protokolundan çıxarış formasında birinci dərəcəli sübutu təqdim etmişdir. Onlar köçərkən bütün kağızları özləri ilə götürməyə vaxtları olmamışdır. Bundan başqa, o zaman əlavə sənədləri ala biləcəkləri mərkəzi torpaq kadastrı mövcud deyildi.
122. Ərizəçilər iddia etmişlər ki, köçdükləri zaman hələ qüvvədə olmuş Azərbaycan SSR 1970-ci il Mənzil Məcəlləsinə və 1983-cü il Torpaq Məcəlləsinə müvafiq olaraq vətəndaşın xüsusi mülkiyyətdə yaşayış evinə sahib olmaq hüququ və torpaq sahəsindən ayrılmış məqsədlər üçün istifadə etmək vərəsəli hüququ var idi. İddialarına görə, hər iki hüquq Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinin mənasında mülkiyyəti təşkil etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının “Mülkiyyət haqqında” 1991-ci il Qanununda torpaq sahəsi xüsusi mülkiyyət obyekti kimi göstərilmiş və, nəticə etibarilə, ərizəçilərin torpağın mülkiyyətçisi olmaq üçün qanuni ümidləri müəyyən edilmişdir.
2. Cavabdeh Hökumət
123. Ermənistan Hökuməti göstərmişdir ki, altıncı ərizəçi istisna edilməklə, heç bir ərizəçi faktiki olaraq hər hansı əmlaka malik olmasını, habelə bu əmlakın iddia olunan ərazidə yerləşməsini və müvafiq vaxtda onların mülkiyyətində olmasını təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Hökumətin fikrincə, qəribə idi ki, onlar əliboş çıxdıqlarını iddia etsə də, digər beş nəfərin texniki pasportları heç yerdən üzə çıxmışdır. Bundan başqa, Məhkəməyə təqdim edilmiş dostların və qonşuların ifadələri şayiədən başqa heç nə deyildi. Hökumət bütün ərizəçilər ilə bağlı bildirmişdir ki, onlar iddia etdikləri şəxslər olduqlarını, qeyd etdikləri ərazilərdə yaşadıqlarını və ya mübahisə olunan əmlaka malik olduqlarını “əsaslı şübhələr olmadan” sübut edə bilməmişlər. Xüsusilə, onların təqdim etdikləri sənədlərdə bir sıra ziddiyyətlər və qeyri-dəqiqliklər mövcuddur. Misal üçün, ikinci ərizəçi əvvəlcə Çıraq kəndində yaşadığını iddia etmiş, sonra isə ifadəsini dəyişərək Çıraqlıda yaşadığını bildirmişdir. Bundan əlavə, mülkiyyət hüququnu sübut etmək üçün təqdim edilmiş texniki pasportların əksəriyyətində evlərin ölçüsü ilə bağlı rəqəmlər ərizəçilər tərəfindən ifadələrində göstərilmiş rəqəmlərdən fərqlənir. Hökumət həmçinin iddia etmişdir ki, texniki pasportun mənbəyi və kökü müəyyən edilmədiyi halda, o, tikintinin texniki vəziyyətini göstərən sənəddən başqa heç nə deyil.
124. Hökumət həmçinin ərizəçilərin 1992-ci ildə qüvvədə olmuş qanuna əsasən tanınmış və ya müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş, əmlak üzərində hüquqa ümumiyyətlə malik olduqlarını şübhə altına qoymuşdur. Xüsusilə, 1991-ci ilə qədər SSRİ-nin sosialist sistemində torpaq dövlətin müstəsna mülkiyyətində olmuşdur. “Mülkiyyət haqqında” 1991-ci il qanununda xüsusi mülkiyyətin mümkünlüyü tanınsa da, şəxslərin tutduğu torpaq onların xüsusi mülkiyyətinə verilməmişdir. Fərdi torpaq istifadəçiləri və icarədarları ilə əlaqədar olaraq qanunvericilikdə müəyyən edilmişdir ki, onların hüquqları yerli Xalq Deputatları Sovetinin torpaq reyestrində qeydə alınan şəhadətnamə vasitəsilə rəsmiləşdirilmişdir. Buna görə, belə şəhadətnamə olmadan torpaq üzərində heç bir hüquq təsdiq oluna bilməz. Bundan başqa, 1992-ci il Azərbaycan Torpaq Məcəlləsində nəzərdə tutulmuşdur ki, iki ilə ərazində torpaq sahəsindən istifadə edilmədikdə, istifadəçinin və ya icarədarın hüquqları ləğv edilə bilərdi. Ərizəçilər 1992-ci ildən sonra Laçın rayonuna qayıtmağı üçün Hökumət ehtimal etmişdir ki, 2002-ci ildə Ermənistan Məhkəmənin yurisdiksiyasına daxil olduqdan qabaq ərizəçinin hüquqlarına xitam verilmişdir. Həmçinin, ərizəçilərin iddia etdikləri torpaq mülkiyyətçisi olmaq barədə qanuni ümidləri artıq 2002-ci ildə gerçək olmamışdır. Bundan başqa, bu tarixdən əvvəl ərizəçilərin iddia etdiyi əmlak başqa şəxslərə verilmişdir ki, bu şəxslərin adları “DQR” qanunlarına uyğun qaydada torpaq reyestrində qeydə alınmışdır. Buna görə, ərizəçilərin “mövcud mülkiyyəti” olmamış və onlar yalnız əmlakın bərpasına və ya lompensasiya almağa çalışan iddiaçılar idi. Ermənistan Hökuməti bildirmişdir ki, bu cür restitusiya və ya kompensasiya almaq üçün qanuni ümidlərə səbəb olacaq hər hansı qanunvericilik aktı və ya məhkəmə qərarı mövcud olmamışdır. Eyni zamanda, həmin ifadələrdə Hökumət bildirmişdir ki, ərizəçilərin Laçın ərazisinə daxil olmaq hüququndan və ya öz əmlakından istifadə etmək hüququndan məhrum edən hər hansı qanunvericilik aktı “DQR” tərəfindən qəbul edilməmişdir.
3. Üçüncü tərəf qismində çıxış edən Azərbaycan Hökuməti
125. Azərbaycan Hökuməti vurğulamışdır ki, demək olar ki, bütün məcburi köçkünlər sənədləri toplamaq üçün vaxt olmadan öz evlərini tez tərk etməyə məcbur olmuşdur. Sənədlər yerli dövlət orqanlarında saxlanıldığı və onların arxivləri, güman ki, məhv edildiyi üçün hal-hazırda əmlaka dair sənədləri əldə etmək mümkün deyil. Buna baxmayaraq, texniki pasport ilkin sənəd olmadığı halda fərdi yaşayış evi üzərində hüququn dolayısı ilə müəyyən edilməsinə xidmət edən “texniki inventarizasiya” sənədi kimi qəbul edilir. Bu sənəddə mülkiyyət hüququnu təsdiq edən sənədlər birbaşa göstərildikdə, o, ev və torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ikinci dərəcəli sübutu təşkil edir. Ərizəçilərin texniki pasportlarında bu sənədlər göstərilmişdir. Bununla da, təqdim edilmiş şahid ifadələri və tikintiyə dair qəbzlər ilə birlikdə götürüldükdə bu texniki pasportlar sübut etmişdir ki, ərizəçilərin mülkiyyətində yaşayış evləri olmuş və onlara ayrılmış torpaq sahələrindən istifadə etmək hüququ olmuşdur. Bu hüquqlar indiyədək qüvvədədir.
126. Azərbaycan Hökuməti həmçinin bildirmişdir ki, ərizəçilərin öz evlərindən köçdüyü zaman yaşayış evləri üzərində xüsusi mülkiyyət hüququ Azərbaycan SSR-in hələ də qüvvədə olmuş qanunvericiliyi ilə qorunmuşdur. Eyni zamanda, müstəsna olaraq dövlətin mülkiyyətində olmuş torpaq üzərində xüsusi mülkiyyət hüququ mövcud deyildi. Torpaqla bağlı bütün əqdlər qadağan edilmiş, lakin torpaq sahələri yerli dövlət hakimiyyəti orqanı olmuş Xalq Deputatları sovetlərinin qərarı ilə vətəndaşların müddətli və ya müddətsiz istifadəsi üçün pulsuz ayrıla bilərdi. Vərəsəliklə ötürülə bilən istifadə hüququ fərdi yaşayış yeri, yəni xüsusi mülkiyyətdə olan evin tikintisi, otlaq, biçənək və kənd təsərrüfatı məqsədləri üçün verilmişdir. Bundan başqa, “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” 1991-ci il qanunu o zaman qüvvədə olmasa da, ərizəçilər üçün torpaq mülkiyyətçisi olmaq barədə qanuni ümidləri müəyyən etmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
127. Ərizəçilərin zərərçəkmiş şəxs statusu iki tərəfdən öyrənilməlidir. Birincisi, ərizəçilər tərəfindən onların kimliyinə və keçmiş yaşayış yerinə, habelə onların guya tərk etdiyi mülkə dair kifayət qədər sübutların təqdim edilib-edilməməsinə qiymət verilməlidir. Belə olduğu təqdirdə, həmin mülkün “mülkiyyət” təşkil edib-etməməsi və Konvensiyaya əsasən “ev” yaratmağa kömək edib-etməməsi müəyyən edilməlidir. İkinci məsələnin həll edilməsi üçün yerli qanunvericilikdəki hüquqi kvalifikasiya və ya məna əhəmiyyət kəsb edir.
1. Məcburi köçkünlərin əmlakı və evləri ilə bağlı iddiaların qiymətləndirilməsinə dair ümumi prinsiplər
128. Məhkəmə beynəlxalq və ya daxili silahlı münaqişə nəticəsində məcburi qaydada köçmüş şəxslərin əmlak və mənzil hüquqları ilə bağlı işlərə əvvəllər artıq baxmışdır. Bu məsələlər şimali Kiprin işğalı, Türkiyə və Rusiyada təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə bəzi başqa münaqişələr kontekstində ortaya çıxmışdır.
129. Məhkəmə ilk dəfə məcburi köçkünlərin öz evlərinə və əmlakına hörmət hüququnu Loizidou v. Turkey işində ((merits), 18 December 1996, Reports 1996-VI) araşdırmışdır. Ərizəçi şimali Kiprdə bir neçə torpaq sahələrinin mülkiyyətçisi olduğunu iddia etmişdir. Türkiyə Hökuməti ərizəçinin hüququnun qanuniliyini mübahisə etməsə də, iddia etmişdir ki, ərizəçi tərk edilmiş bütün daşınmaz əmlakının “Şimali Kipr Türk Respublikası”nın (“ŞKTR”) mülkiyyətinə keçməsini bəyan etmiş “ŞKTR”-ın 1985-ci il Konstitusiyasının 159-cu maddəsinə əsasən torpaq üzərində öz hüququnu itirmişdir. Məhkəmə “ŞKTR”-ın dövlət kimi beynəlxalq aləmdə tanımadığını nəzərə alaraq bu müddəaya heç bir hüquqi əhəmiyyət verməyərək hesab etmişdir ki, ərizəçi bunun nəticəsində mülkiyyət hüququnu itirmiş hesab edilə bilməzdi (§§ 42-47).
130. Yuxarıda göstərilən münaqişə ilə bağlı bir sıra işlərdə Məhkəmə Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi mənasında ərizəçilərin “mülkiyyəti”ni Hökumətin inandırıcı surətdə təkzib edə bilmədiyi prima facie sübutlara, o cümlədən əsl şəhadətnamənin surəti, qeydiyyat şəhadətnaməsi, satınalma haqqında müqavilələr və Kipr Respublikası tərəfindən verilmiş mülkiyyətə dair arayışlara əsasən müəyyən etmişdir. Solomonides v. Turkey işində (16161/90 nömrəli ərizə, § 31, 20 yanvar 2009-cu il) ərizəçinin izah etdiyi kimi, onun mülkiyyət hüququ Rayon Torpaq Şöbəsində qeydiyyata alınmışdır. Eyni zamanda, Türkiyənin hərbi müdaxiləsi zamanı o, köçməyə məcbur edilmiş və mülkiyyət haqqında şəhadətnaməni özünlə götürə bilməmişdir. Kipr respublikasının dövlət orqanları torpaq reyestrlərini bərpa etmiş və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələri vermişdir. İlkin qeydiyyat və ya sənədlər olmadığı yerdə bu şəhadətnamələr mümkün olan ən yaxşı sübut olmuşdur. Diqqətəlayiqdir ki, Saveriades v. Turkey işində (16160/90 nömrəli ərizə, 22 sentyabr 2009-cu il) ərizəçinin mülkiyyət haqqında əsl şəhadətnaməni təqdim edə bilməməsinin səbəbləri xüsusi olaraq nəzərə alınmışdır. Ərizəçi iddia etmişdir ki, sənədlər saxlanıldığı yeri qaç-qovda tərk etməyə məcbur olmuş və ora qayıtmaq, yaxud başqa cür şəhadətnaməni götürmək imkanında olmamışdır. Məhkəmə ərizəçinin təqdim etdiyi sənədlərin (satınalma haqqında müqavilə, şəhadətnamə və tikinti üçün icazə) onun müvafiq əmlak üzərində mülkiyyət hüququna malik olmasının prima facie sübutlarını təşkil etməsini qəbul edərək bildirmişdir ki, (§ 18):
“... Cavabdeh Hökumət təkzib etmə üçün heç bir inandırıcı sübut təqdim etmədiyi üçün, habelə ərizəçinin şimali Kipri tərk etmək məcburiyyətində qaldığı şəraiti nəzərə alaraq Məhkəmə hesab edir ki, onun 1 nömrəli Protokolun 1-ci maddəsi mənasında “mülkiyyəti” olmuşdur.”
131. Cənubi-şərqi Türkiyədə fövqəladə vəziyyət elan edildiyi bölgədə kəndlilərin məcburi köçürülməsi və bir neçə il ərzində qayıtmalarına icazə verilməməsi ilə bağlı olan Doğan and Others v. Turkey işində (8803-8811/02, 8813/02 və 8815-8819/02 nömrəli ərizələr, ECHR 2004-VI (extracts)) cavabdeh Hökumət etiraz etmişdir ki, bəzi ərizəçilər müvafiq kənddə əmlaka sahib olmasını təsdiq edən mülkiyyət haqqında şəhadətnaməni təqdim etməmişlər. Məhkəmə hesab etmişdir ki, mülkiyyət haqqından şəhadətnamə olmadığı yerdə ərizəçilərin qanunvericiliyə əsasən mülkiyyət hüququna malik olub-olmaması məsələsini həll etməyə ehtiyac yox idi. Əslində, ərizəçinin ümumiyyətlə həyata keçirdiyi iqtisadi fəaliyyətin 1 nömrəli Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan “mülkiyyət” təşkil edib-etməməsi məsələsi ortaya çıxmışdır. Bu suala müsbət cavab verərək Məhkəmə aşağıdakıları bildirmişdir (§ 139):
“... Məhkəmə qeyd edir ki, ərizəçilərin 1994-cü ilə qədər Boydaş kəndində yaşadıqları mübahisə edilmir. Onların qeydiyyata alınmış əmlakı olmasa da, onlar əcdadlarının torpaqlarında tikilmiş öz evlərində yaşamış, yaxud atalarının mülkiyyətində olan evlərdə yaşayaraq torpaqlarını becərmişlər. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçilər kənddəki otlaq, çəmən və meşə torpağı kimi ümumi torpaq üzərində mübahisələnməyən hüquqlara malik olmuş və çörəkpulunu heyvandarlıqdan və taxta-şalban hazırlama ilə qazanmışlar. Nəticə etibarilə, Məhkəmənin fikrincə, bütün bu iqtisadi ehtiyatlar və ərizəçilərin onlardan çıxardığı qazanc 1-ci maddənin mənasında “mülkiyyət” kimi müəyyən edilə bilər.”
132. “Mülkiyyət” anlayışının müstəqil mənası Məhkəmənin bir çox qərarları və qərardadlarında bildirilmişdir. Öneryıldız v. Turkey işində (no. 48939/99, § 124, ECHR 2004-XII) bu, aşağıdakı kimi ümumiləşdirilmişdir:
“Məhkəmə təkrarlayır ki, 1-ci Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışının müstəqil mənası vardır ki, bu, fiziki əşyalara sahibliklə məhdudlaşmır və qanunvericilikdə formal təsnifatdan asılı deyil: araşdırmalı olan məsələ ondan ibarətdir ki, bütövlükdə götürüldükdə işin halları ərizəçiyə bu müddəada qorunan maddi maraq üzərində hüququ verən kimi sayıla bilərmi ... . Nəticə etibarilə, fiziki əşyalar olduğu kimi, əmlakı təşkil edən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüququ” və buna görə, bu müddəanın məqsədləri üçün “mülkiyyət” sayıla bilər ... . “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və həmçinin əmlakı, o cümlədən ərizəçinin onun mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün heç olmazsa ağlabatan və “qanuni ümid”lərə malik olduğunu iddia edə bildiyi tələbləri əhatə edir ... .”
Həmin işdə Məhkəmə hesab etmişdir ki, zibilliyin yanındakı ictimai torpaqda qanunsuz tikilmiş və ərizəçinin və onun ailəsinin bələdiyyə vergisini və kommunal xərcləri ödəməklə icazəsiz olsa da, dinc yaşadığı yaşayış yeri de facto dövlət tərəfindən tanınmış və 1 nömrəli Protokolun 1-ci maddəsi mənasında mülkiyyəti təşkil edəcək xarakterə malik olan mülkiyyət hüququnu təşkil etmişdir.
133. Ərizəçilərin 1 nömrəli Protokolun 1-ci maddəsinə uyğun tələblərinin əsaslandırılması məsələsi həmçinin ərizəçilərin evləri və ya başqa əmlakı yaşadıqları şəhərlərə hava hücumu nəticəsində dağıdılması ilə bağlı Rusiyaya qarşı bir sıra işlərdə ortaya çıxmışdır. Misal üçün, Kerimova and Others v. Russia işində (17170/04, 20792/04, 22448/04, 23360/04, 5681/05 və 5684/05 nömrəli ərizələr, § 293, 3 may 2011-ci il) Məhkəmə bəzi ərizəçilərin mülkiyyət tələblərini hücumdan sonra şəhər administrasiyası tərəfindən tərtib edilmiş və ərizəçilərin öz evlərinə sahib olmasını göstərən evlərin inventarizasiya aktından çıxarışlara əsasən qəbul etmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmiş ərizəçilər ilə əlaqədar olaraq Məhkəmə onların mülkiyyət hüququnu başqa sübutlar, o cümlədən şəhər administrasiyası tərəfindən verilmiş yaşayış yeri barədə arayışlar əsasında müəyyən etmişdir. Məhkəmə həmçinin ərizəçilərin evlər üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədlərin hücum zamanı məhv edildiyini ehtimal etmişdir.
134. Ərizəçinin evin sahibi olması müəyyən edildiyi hallarda Məhkəmə binanın Konvensiyanın 8-ci maddəsi mənasında “ev” təşkil etməsini göstərmək məqsədilə ərizəçinin orada yaşadığını sübut etmək üçün əlavə sənədlərin təqdim olunmasını tələb etməmişdir. Misal üçün, Orphanides v. Turkey işində (36705/97 nömrəli ərizə, § 39, 20 yanvar 2009-cu il) Məhkəmə aşağıdakıları bildirmişdir:
“Məhkəmə qeyd edir ki, ərizəçinin onun türk basqını zamanı daimi Laptada yaşaması və onun yaşadığı binanın özü və ailəsi tərəfindən ev sayılması barədə bəyanatını şübhə altına qoyacaq heç bir sübut Hökumət tərəfindən təqdim edilməmişdir.”
135. Eyni zamanda, ərizəçi mülkiyyəti və ya yaşayış yerini təsdiq edən hər hansı sübutu təqdim etmədikdə, onun şikayətləri mütləq rədd edilir (bax, misal üçün: sahibliyin sübutu olmadığı halda Məhkəmə şikayəti rationae materiae əsassız elan etdiyi Lordos and Others v. Turkey, 15973/90 nömrəli ərizə, § 50, 2 noyabr 2010-cu il; həmçinin yuxarıda qeyd edilən Kerimova and Others v. Russia işindəki bəzi ərizəçilər ilə bağlı nəticələr). Bəzi işlərdə Məhkəmə təkrarlamışdır ki, ərizəçilərdən öz şikayətlərini müdafiə etmək üçün kifayət qədər prima facie sübutların təqdim edilməsi tələb edilir. Damayev v. Russia işində (36150/04 nömrəli ərizə, §§ 108-111, 29 may 2012-ci il) Məhkəmə hesab etmişdir ki, evinin dağıdılması barədə şikayət edən ərizəçi heç olmazsa müvafiq əmlakın qısa təsvirini təqdim etməlidir. Heç bir sənəd və ya təfərrüatlı tələb təqdim edilmədiyindən onun şikayəti əsassız hesab edilmişdir. Məhkəmə əmlakın və ya yaşayış yerinin prima facie sübutları kimi, həmçinin torpaq üzərində mülkiyyəti təsdiq edən sənədləri, torpaq və ya vergi reyestrindən çıxarışları, yerli idarəetmə orqanlarının sənədlərini, planları, fotoşəkilləri və təmir işlərinə dair qəbzləri, habelə poçt göndərişləri barədə bildirişləri, şahid ifadələrini və ya hər hansı başqa müvafiq sübutları göstərmişdir (bax, misal üçün: Prokopovich v. Russia, 58255/00 nömrəli ərizə, § 37, ECHR 2004-XI, və Elsanova v. Russia (dec.), 57952/00 nömrəli ərizə, 15 noyabr 2005-ci il).
136. Yekun olaraq, Məhkəmənin presedent hüququnda beynəlxalq və ya daxili silahlı münaqişə şəraitində öz əmlakını və evini itirdiyini iddia edən ərizəçilər tərəfindən təqdim edilməli sübutlar ilə əlaqədar çevik yanaşma inkişaf etdirilmişdir. Məhkəmə qeyd edir ki, eyni yanaşma BMT-nin Pinheiro Prinsiplərinin 15-ci maddəsinin 7-ci hissəsində əks etdirilir (yuxarıda 98-ci abzasa bax).
2. Bu prinsiplərin hazırkı işin faktiki hallarında tətbiqi
a) Şəxsiyyətin və yaşayış yerinin sübutu
137. Ərizəçilər hazırkı ərizəni verdiyi zaman şəxsiyyətlərini və yaşayış yerlərini təsdiq edən sənədləri təqdim etmələrsə də, bunu 2010-cu ilin aprelində Böyük Palatanın dəvətindən sonra etmişlər. Sənədlərə özlərinin və uşaqlarının doğum haqqında şəhadətnamələri, nikah haqqında şəhadətnamələr, SSRİ pasportları, iş yerindən arayışlar və hərbi kitabçalara daxil olmuşdur (detallar üçün yuxarıdakı 33-57-ci abzaslara bax). Məhkəmənin fikrincə, bu sənədlər göstərir ki, ərizəçilərin hamısı Laçın rayonunda anadan olmuş, heç olmazsa ömrün böyük hissəsini orada yaşamış və işləmişlər. Ərizəçilərin öz ifadələri, habelə bunun əksinə heç bir sübutun olmadığı nəzərə alınaraq hesab edilməlidir ki, onlar 1992-ci il mayın 17-də məcburi köçənədək ailələri ilə birlikdə orada yaşamışlar.
b) Əmlakın sübutu
138. Ərizəçilər iddia etmişlər ki, köçdükləri zaman tərk etmək məcburiyyətində olduqları torpaq, evlər və müəyyən daşınar əmlakın sahibi olmuş və ya onlar üzərində qorunan hüquqa malik olmuşlar. Bu evlərin hələ də zədələnməmiş olub-olmadığı məlum deyil, daşınar əmlak isə, yəqin ki, artıq mövcud deyil. Bununla da, qalan əmlakdan yalnız torpaq sahələri qalıb.
139. Əvvəlcə, yalnız altıncı ərizəçi əmlakla bağlı sənədi – texniki pasportu təqdim etmişdir. Qalan ərizəçilər yalnız cavabdeh Hökumətin birinci ifadələrini cavablandırdıqda bu sübutları təqdim etmişlər. Texniki pasportlardan əlavə, onlar müvafiq kəndlərdə ərizəçilərin mülkiyyətində evlərin olmasını təsdiq edən keçmiş qonşuların ifadələrini, habelə Laçın İcra Hakimiyyəti nümayəndələrinin ifadələrini təqdim etmişlər. Altıncı ərizəçi həmçinin torpaq sahəsinin ayrılması barədə Laçın Rayon Xalq Deputatları Sovetinin qərarını, habelə yem və tikinti materialların alınmasına və tikinti üçün kreditlərə dair qəbzləri təqdim etmişdir.
140. Ərizəçilərin təqdim etdiyi ən əhəmiyyətli sübutları texniki pasportlar təşkil edir. Rəsmi sənəd olan bu texniki pasportlarda evlərin təsviri və digər məlumatlarla yanaşı onların ölçüləri və otaqların sayı göstərilir. Müvafiq torpaq sahələrinin ölçüləri də göstərilir. Pasportlar 1985-ci ilin iyul ayından 1990-cı ilin avqust ayınadək müddətdə verilmiş və ərizəçilərin adlarını əks etdirir. Bundan əlavə, pasportlarda torpaq sahəsinin ayrılması barədə qərar göstərilir.
141. Azərbaycan Hökumətinin ifadələrini nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçilərin texniki pasportları Mənzil Fondunun Qeydiyyatı Qaydaları haqqında 1985-ci il Təlimatının 2.2-ci maddəsinə uyğun olan, ev və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dolayı sübutunu təşkil edən “texniki inventarizasiya sənədləri” kimi qəbul edilməlidir (yuxarıda 92-ci abzasa bax). Bundan başqa, altıncı ərizəçinin təqdim etdiyi torpaq sahəsinin ayrılması barədə qərar həmin Təlimatın 2.1-ci maddəsinə əsasən birinci dərəcəli sübut sayılır. Ermənistan Hökuməti pasportlarda yalnız binanın texniki vəziyyətinin göstərildiyini iddia edərək onların sübutedici dəyərini mübahisələndirsə də, Məhkəmə qeyd edir ki, bunlarda evlərin xüsusiyyətlərindən əlavə ərizəçilərin adları göstərilir. Bu şəraitdə bunlar Məhkəmənin çoxsaylı əvvəlki işlərdə qəbul etdiyi kimi, mülkiyyət hüququnun prima facie sübutunu təşkil edir.
142. Maraqlıdır ki, beşinci və altıncı ərizəçilər istisna edilməklə, ərizəçilərin verdiyi evlərinin ilkin təsviri və prosesin növbəti mərhələsində təqdim edilmiş texniki pasportlarda əks etdirilmiş məlumatlar arasında uyğunsuzluq vardır. Misal üçün, birinci ərizəçi əvvəlcə bildirmişdir ki, 250 kv.m. sahəsi olan evi olmuşdur. Eyni zamanda, təqdim edilmiş texniki pasportda ümumi sahəsi 408 m2, yaşayış sahəsi isə 300 m2 olan ev göstərilr (həmçinin qabaq göstərilməmiş 60 m2 sahəsi olan anbar). Eynilə, dördüncü ərizəçi əvvəlcə iddia etmişdir ki, evinin sahəsi 165 m2 olmuş, texniki pasportda isə ümumi sahəsi 448 m2, yaşayış sahəsi isə 223 m2 (və yenə də qabaq göstərilməmiş 75 m2 sahəsi olan anbar əlavə edilir) göstərilir. Ərizəçilər bildirmişlər ki, pasportlarda əks etdirilmiş məlumat düzgündür, ilkin ifadələri isə onların sənədləri əli altında olmadıqda nümayəndələri ilə qısa görüş zamanı verilmişdir.
Məhkəmə ərizəçilərin izahatını qəbul edə bilər; hazırkı şəraitdə ilkin ifadələri ilə texniki pasportlar arasında uyğunsuzluq, xüsusilə ərizəçilərin əvvəlcə verdiyi rəqəmlər pasportlarda göstərilən yaşayış yerinin ölçüləri ilə müqayisə edildikdə, sənədlərin həqiqiliyini şübhə altına alacaq dərəcədə deyil.
143. Ərizəçilər əmlakla bağlı başqa prima facie sübutları, o cümlədən keçmiş qonşuların ifadələrini təqdim etmişlər. Ərizəçilərin Laçın rayonunda yaşadığını göstərmiş, onların şəxsiyyəti və yaşayış yeri ilə bağlı yuxarıda nəzərdən keçirilmiş sənədlər də onların əmlak barədə iddialarını müdafiə edir. Bundan əlavə, altıncı ərizəçi istisna edilməklə, qalanlar mülkiyyəti təsdiq edən sənədləri və ya başqa birinci dərəcəli sübutları təqdim edə bilməsə də, onların hərbi hücuma məruz qalmış rayonu tərk etmək məcburiyyətində olduğu şərait nəzərə alınmalıdır.
c) Ərizəçilərin hüquqlarının 1 nömrəli Protokolun 1-ci maddəsi və Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsinə daxil olub-olmaması
144. Bununla belə ərizəçilərin 1 nömrəli Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququna keçmişdə və hazırda malik olub-olmadığını, habelə ərizəçilərin əmlakının onların şəxsi vəziyyətinin digər halları ilə birgə nəzərdən keçirilərkən Konvensiyanın 8-ci maddəsi mənasında ev təşkil edib-etmədiyi müəyyən edilməlidir. Yuxarıda göstərildiyi kimi (132-ci abzasa bax), 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malik olaraq qanunvericilikdə formal kvalifikasiyadan asılı deyil. Eyni zamanda, hazırkı araşdırma dövlətdaxili qanunvericilikdə və təcrübədə Konvensiyaya əsasən qorunan hüquqların təsdiq edilib-edilmədiyini müəyyən etməkdən başlanmalıdır.
145. Birincisi, qeyd edilməlidir ki, Azərbaycan öz müstəqilliyini bəyan etdikdən bir az sonra qəbul olunmuş torpaq qanunvericiliyində torpaq üzərində xüsusi mülkiyyətin ilk dəfə tanınmasına baxmayaraq, müvafiq vaxtda, yəni 1992-ci ilin mayında torpağın özəlləşdirilməsinə dair prosedurlar müəyyən edilməmişdir. Hər halda, ərizəçilər tərəfindən torpağın mülkiyyətçisi olmaq üçün heç bir müraciət etməməsi mübahisə olunmur. Bundan əlavə, köhnə qanunvericiliyə əsasən şəxslərin əldə etdikləri hüquqlar 1991-1992-ci illərdə mülkiyyət haqqında qanunların qəbul edilməsi nəticəsində ləğv edilmədiyi üçün, ərizəçilərin məcburi köçdüyü zaman malik olduğu evlər və torpaq sahələri üzərində hüquqlara Azərbaycan SSR qanunvericiliyi nəzərə alınmaqla baxılmalıdır.
146. Sovet hüquq sisteminə əsasən vətəndaşların yaşayış evlərinə sahib olmaq hüququ olmuş, lakin dövlət mülkiyyəti sayılan torpaq üzərində xüsusi mülkiyyət hüququ mövcud deyildi. Azərbaycan SSR (o cümlədən Dağlıq Qarabağ və Laçın rayonu və hal-hazırda işğal edilmiş ətrafdakı digər ərazilər) üçün bu normalar 1978-ci il Konstitusiyasında, habelə 1970-ci il Torpaq Məcəlləsində və 1983-cü il Mənzil Məcəlləsində təsbit edilmişdir. Mənzil Məcəlləsinin 10.3-cü maddəsində evlər üzərində xüsusi mülkiyyət hüququ, Torpaq Məcəlləsində, daha dəqiq 4, 25, 27 və 28-ci maddələrində isə fərdi şəxslərin istifadəsi üçün torpaq sahələrinin ayrılması qaydaları müəyyən edilmişdir. Nəticədə, ərizəçilərin Laçın rayonunda yaşadığı evlər onların xüsusi mülkiyyətində olmuş, evlərin durduğu torpaq sahələrinə isə onların “istifadə hüququ” şamil olunmuşdur. Artıq qeyd edildiyi kimi (138-ci abzasa bax), ərizəçilərin mülkiyyətində olması iddia edilən daşınar əmlakın, o cümlədən mal-heyvan, xalçalar, avtomobillərin (bunlar üzərində mülkiyyət hüququ həmçinin Azərbaycan SSR qanunvericiliyi ilə qorunmuşdur) Laçına hərbi hücum zamanı və ya sonrakı illərdə məhv edilməsi ehtimal edilir. Həmçinin, onların evlərinin məhv edilib-edilmədiyi, yaxud qismən və ya tamamilə zədələnməmiş olub-olmadığı aydın deyil. Buna görə, “istifadə hüququnun” əhəmiyyətinin araşdırılması xüsusilə vacibdir.
147. “İstifadə hüququ” – şəxsin torpaq ilə bağlı əldə edə bildiyi yeganə hüquq olmuşdur. Yerli Xalq Deputatları Sovetinin qərarı ilə verilən bu hüquq müxtəlif məqsədlər üçün, o cümlədən otlaq və kənd təsərrüfatı və hazırkı işin şəraitində ən vacibi olan evin tikintisi üçün verilə bilərdi. Hüquq sahibləri torpaq sahələrindən yalnız onların ayrıldığı məqsədlər üçün istifadə etməyə məcbur olmuşdur. “İstifadə hüququ” müddətsiz və ya müəyyən müddətə verilə bilərdi. Bununla da, şəxs müddətsiz “istifadə hüququna” malik olduğu və müəyyən edilmiş məqsədə əməl etdiyi təqdirdə o, torpaq sahəsindən ömürlük istifadə edə bilərdi. Bundan əlavə, hüquq vərəsə ilə keçirdi.
Bunun nəticəsində, şübhə yoxdur ki, ərizəçilərə verilmiş “istifadə hüququ” əhəmiyyətli iqtisadi marağı təmsil edən ciddi və qorunan hüquq olmuşdur. Ərizəçilərin hüquqlarının müvəqqəti xarakterli olmasına dair heç bir işarə olmasa da, məsələni tamamlamaq üçün Məhkəmə qeyd edir ki, bu nəticə həm müddətsiz, həm də müvəqqəti “istifadə hüququna” aiddir. Buna görə, 1 nömrəli Protokolun 1-ci maddəsinin müstəqil mənası nəzərə alınaraq torpaq sahəsindən “istifadə hüququ” bu müddəaya əsasən “mülkiyyəti” təşkil edir. Bu nəticə həmçinin ərizəçilərin yaşayış evləri və daşınar əmlak üzərindəki hüquqlara aiddir.
148. Cavabdeh Hökumətin 2012-ci il iyulun 11-də təqdim etdiyi ifadələrində bildirilmişdir ki, ehtimala görə, ərizəçilər öz torpaqlarına 1992-ci ilin mayından sonra qayıtmadığı və iki il müddətində torpaq sahəsində istifadə etmədiyi üçün onların torpaq üzərində hüquqları 1992-ci il Torpaq Məcəlləsinin 32-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən ləğv edilmişdir. Hökumət həmçinin iddia etmişdir ki, hər halda, torpaq sahələri “DQR”-in qanunvericiliyinə müvafiq olaraq başqa şəxslərə ayrılmışdır. Həmin iddianı müdafiə edərək Hökumət 2000 və 2001-ci il üzrə “DQR”-in torpaq reyestrindən çıxarışları təqdim etmişdir.
Hökumətin birinci fikri ilə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, 1992-ci il Torpaq Məcəlləsinin 32-ci maddəsinə əsasən torpaq üzərində hüquqların ləğv edilməsi üçün bu barədə yerli Xalq Deputatları Sovetinin qərarı zəruri olmuş, habelə torpaqdan üzrlü səbəb olmadan istifadə edilməməsi tələb olunmuşdur. 1992-1993-cü ildən bəri müvafiq ərazilərdə hərbi qüvvələrin olması nəzərə alınaraq çətin ki, bu, sonuncu tələbin hazırkı işə aid olması deyilə bilər. Bu şəraitdə möhtəkirlikdən başqa heç nə olmayan bu iddia rədd edilməlidir. Hökumətin ikinci fikrinə gəldikdə isə, təqdim edilmiş torpaq reyestrində torpaq sahələri və ya sahiblər göstərilmir. Bundan əlavə görünür ki, həmin iddia “DQR”-də ərizəçilərin öz mülkiyyətindən istifadə etmək hüququndan məhrum edilməsinə dair hər hansı qanunvericilik aktının qəbul edilmədiyi barədə bəyanatla uyğun gəlmir. Hər halda, bu məsələ qəbuledilənlik mərhələsində cavabdeh Hökumətin eyni iddiası ilə əlaqədar olaraq Məhkəmənin ratione temporis yurisdiksiyası ilə bağlı öyrənilmişdir. İddia aşağdakı səbəblərə görə rədd edilmişdir (qəbuledilənlik bardə qərardadın 102-ci abzasına bax):
“İcraatın son mərhələsində Ermənistan Hökuməti belə bir iddia irəli sürmüşdür ki, 1998-ci ildə “DQR”-in hakimiyyət orqanları özəlləşdirməyə dair qanun və torpaq məcəlləsi qəbul etmiş və bu aktlar ilə ərizəçilərin və işğal edilmiş ərazilərdən köçmüş digər şəxslərin torpaq üzərində hüquqlarına xitam verilmişdir. Bu qanunların mətnləri Məhkəməyə təqdim edilməmişdir. Hər halda Məhkəmə qeyd edir ki, “DQR” heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən beynəlxalq hüquqa uyğun olaraq dövlət kimi tanınmamışdır. Bu şəraitdə qeyd olunan qanunlar Konvensiyanın məqsədləri üçün hüquqi qüvvəyə malik olan hesab edilə bilməz, ərizəçilər isə bu qanunlara görə müvafiq torpaq sahələrinə hüquqlarını itirmiş sayıla bilməzlər (bax: yuxarıda qeyd olunan Loizidou işi (işin mahiyyəti), 42-47-ci abzaslar).”
149. Nəticədə, Laçın rayonunu tərk etdiyi zaman ərizəçilər 1 nömrəli Protokolun 1-ci maddəsi mənasında “mülkiyyəti” təşkil edən torpaq sahələri və evlər üzərində hüquqlara malik olmuşlar. Konvensiyanın Ermənistan tərəfindən ratifikasiya edilməsindən əvvəl və ya sonra bu hüquqlara qanuni, yaxud başqa yolla xitam verilməsinə dəlalət edən heç nə yoxdur. Buna görə, onların mülkiyyət hüquqları hələ də qüvvədədir. Ərizəçilər müvafiq olaraq mövcud mülkiyyətə malik olduğu üçün onların 1992-ci il Torpaq Məcəlləsinin qəbul olunması nəticəsində torpaq sahələrinin rəsmi mülkiyyətçisi olacağı barədə “qanuni ümidlərin” olmasına dair iddiaya baxmağa ehtiyac yoxdur.
150. Bundan əlavə, ərizəçilərin məcburi köçdüyü zaman öz ailələri ilə birlikdə Laçın rayonunda yaşaması və orada yaşamaq üçün qazanc əldə etməsi barədə yuxarıdakı nəticə nəzərə alınaraq hesab edilməlidir ki, onların torpaq sahələri və evləri də Konvensiyanın 8-ci maddəsinin məqsədləri üçün “ev” təşkil edir.
151. Nəticə etibarilə, ərizəçilərin zərərçəkmiş şəxs statusuna malik olmaması barədə Hökumətin etirazı rədd edilir.
IV. ERMƏNİSTAN RESPUBLİKASININ YURİSDİKSİYASI
A. Tərəflərin ifadələri
1. Ərizəçilər
152. Ərizəçilər bildirmişlər ki, Ermənistan Respublikası Dağlıq Qarabağ və ətrafındakı ərazilər, o cümlədən Laçın rayonu üzərində təsirli nəzarət həyata keçirir və buna görə, şikayət edilən məsələlər Konvensiyanın 1-ci maddəsinə uyğun olaraq Ermənistanın yurisdiksiyasına aiddir. Əks təqdirdə, bu cür yurisdiksiya Ermənistanın müvafiq ərazidə fəaliyyət göstərdiyi nümayəndələri vasitəsilə yerinə yetirdiyi hakimiyyət və ya bu əraziyə nəzarətdən irəli gəlir. Ərizəçilər bu məsələ ilə bağlı Məhkəmənin presedent hüququnun müəyyən edildiyini bildirərək, inter alia, Loizidou v. Turkey (yuxarıda qeyd edilən), Ilaşcu and Others v. Moldova and Russia ([GC], 48787/99 nömrəli ərizə, ECHR 2004-VII) və Al-Skeini and Others v. the United Kingdom ([GC], 55721/07 nömrəli ərizə, ECHR 2011) işlərinə istinad etmişlər. Sübut etmə vəzifəsi ilə əlaqədar olaraq onlar göstərmişlər ki, “əsaslı şübhələr olmadan” araşdırma olmamalıdır; əksinə, hazırkı işdə Ermənistanın qeyd edilən ərazilər üzərində yurisdiksiyaya malik olmasına dair faktiki prezumpsiya – cavabdeh Hökumətin təkzib edə bilmədiyi prezumpsiya vardır.
153. Ərizəçilər iddia etmişlər ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsində hərbi iştirakı əhəmiyyətli dərəcədə olmuş və bunun sübutları tükənməzdir. Onlar, inter alia, təqdim etmişlər ki, Ermənistandan çağırışçılar Dağlıq Qarabağda hərbi xidmət keçmişlər. “Human Rights Watch” təşkilatının yuxarıda qeyd olunan 1994-cü il hesabatına görə, Ermənistanın çağırışçıları Dağlıq Qarabağa və onun ətrafındakı Azərbaycan rayonlarına göndərilmiş, Ermənistan Respublikasından olan hərbi qüvvələr Azərbaycandakı döyüşlərdə iştirak etmişlər. Ərizəçilər həmçinin müxtəlif siyasi liderlər və müşahidəçilərin, o cümlədən yuxarıda göstərilən Robert Koçaryanın və Vazgen Manukyanın Ermənistan ordusunun iştirakına işarə edən bəyanatlarına istinad etmişlər (62-ci abzasa bax).
154. Ərizəçilər həmçinin Ermənistan ordusunun bir sıra əsgərinin Azərbaycanın hərbi hissələri tərəfindən əsir götürülməsini və müvafiq vaxtlarda Ermənistanda çağırışçıların sayına tələbatın artmasını Ermənistan ordusunun müharibədə iştirakının sübutu kimi göstərmişlər. Onlar həmçinin bildirmişlər ki, Ermənistan ordusuna çağırışçılar hələ də xidmət keçmək üçün Dağlıq Qarabağa göndərilir, burada xidmət göstərən zabit və əsgərlər Ermənistanda xidmət göstərənlərə nisbətən daha artıq əmək haqqı alır, çağırışçıların isə Ermənistanda, yaxud Dağlıq Qarabağda xidmət keçməyi seçmək imkanı yoxdur. Bu fikri müdafiə etmək üçün onlar, inter alia, Ermənistanın hərbi heyətinə və əqidəsinə görə hərbi xidmət keçməkdən imtina edən Ermənistan vətəndaşlarına qarşı Stepanakertdə keçirilmiş müxtəlif məhkəmə və inzibati icraatlara istinad etmişlər.
155. Ərizəçilərin sözlərinə görə, Ermənistan münaqişəyə ordu göndərməkdən əlavə, Dağlıq Qarabağa maddi yardım da göstərmişdir. Anklavın büdcəsinin 90 faizinin Ermənistan tərəfindən faizsiz kreditlər hesabına formalaşması iddia olunur. Bu kreditlər maliyyə yardımı olmaqla Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilər üzərində təsirli nəzarəti həyata keçirməsinə kömək edir. Hayastan Ümumerməni Fonduna gəldikdə ərizəçilər bildirmişlər ki, bu fond Ermənistan Prezidentinin fərmanı ilə təsis edildiyinə, onun nizamnaməsinə görə Ermənistan Prezidenti fondun himayəçilər şurasının sədri olduğuna, həmin şuraya Ermənistan hökumətinin, parlamentinin, konstitusiya məhkəməsinin və mərkəzi bankının ayrı-ayrı yüksək vəzifəli şəxslərin daxil olduğuna görə, fonda Ermənistan Hökumətindən müstəqil olan xüsusi orqan kimi baxmaq mümkün deyil. Bundan başqa, fondun məqsədi həm Ermənistanda, həm də Dağlıq Qarabağda davamlı inkişafa dəstək olmaqdır.
156. Bundan əlavə, Ermənistan Respublikası Dağlıq Qarabağa siyasi dəstək göstərmiş və hazırda da bu dəstəyi göstərməkdə davam edir. Ermənistan siyasətinin bir sıra əsas iştirakçılarının Dağlıq Qarabağla yaxın əlaqələrə malik olaraq Dağlıq Qarabağın siyasi həyatına cəlb olmuşlar. Misal üçün, 1993-cü ilin avqustunda Dağlıq Qarabağın müdafiə naziri Serj Sarqsyan Ermənistan Hökuməti tərəfindən Ermənistanın müdafiə naziri vəzifəsinə təyin edilmiş, əvvəllər Dağlıq Qarabağın Baş naziri və Prezidenti olmuş Robert Koçaryan 1998-ci ildə Ermənistanın Prezidenti seçilmişdir. Eyni zamanda, “DQR” beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığı üçün o, siyasi dəstək və digər dövlətlər ilə münasibətlər qurmaq üçün Ermənistana güvənir.
157. Ərizəçilər həmçinin bildirmişlər ki, Dağlıq Qarabağda Ermənistan Respublikasının bir çox qanunları tətbiq olunur və istifadədə olan əsas valyuta Ermənistan dramıdır. Bundan əlavə, xaricə səfər etmək üçün Dağlıq Qarabağın sakinlərinə Ermənistan pasportu verilir.
2. Cavabdeh Hökumət
158. Ermənistan Hökuməti bildirmişdir ki, Ermənistan Respublikasının yurisdiksiyası Dağlıq Qarabağ və ətrafındakı ərazilərə şamil olunmur; Ermənistan Respublikası guya bu ərazilərdə təsirli nəzarəti və ya hər hansı dövlət hakimiyyətini həyata keçirməmiş və bunu edə bilməzdi. Onun fikrincə, təsirli nəzarət dedikdə, nəzarət edilən qurumun müəyyən əməliyyatlarını başlamaq və ya dayandırmaq, habelə onların istiqamətini müəyyən etmək qabiliyyəti daxil olmaqla bu əməliyyatların hərtərəfli istiqamətləndirilməsi, yaxud onlar üzərində nəzarət güman edilir. Eksterritorial yurisdiksiyanın dövlətin öz ərazisində yurisdiksiyaya malik olmasına dair prinsipdən istisnanı təşkil etdiyini qeyd edərək Hökumət bildirmişdir ki, yüksək meyara əsasən belə nəzarəti sübut etmək vəzifəsi ərizəçilərə məxsus olmuş, sübutlarla isə Ermənistanın nəinki “DQR” üzərində nəzarətin, hətta təsirin olmadığı göstərildiyi üçün onlar bu vəzifəni yerinə yetirə bilməmişlər. Hökumət belə fikirdə idi ki, Al-Skeini işi üzrə qərarın (yuxarıda qeyd edilən) hazırkı işin faktiki hallarına tətbiq olunmayan “dövlət nümayəndəsinin hakimiyyəti və nəzarəti” anlayışına əsaslanmasına görə onun hazırkı şəraitdə aidiyyəti olmamışdır. Bundan başqa, Ermənistanın “DQR” ilə bağlı sırf yardımçı rolu şimali Kiprdə olmuş türk əsgərlərinin sayından, yaxud Dnestryanı bölgədə Rusiya hərbi arsenalının həcmindən (yuxarıda qeyd edilən Loizidou və Ilaşcu and Others qərarlarında müəyyən edildiyi kimi) əsaslı şəkildə fərqlənmiş və hər hansı ağlabatan tərifə əsasən təsirli nəzarəti təşkil edə bilməz.
159. Hökumət bildirmişdir ki, Ermənistan nəzərdən keçirilən hərbi münaqişədə iştirak etməmişdir. 1992-ci il mayın 17-18-də Laçına hücum, habelə Şuşanın mayın 9-da ələ keçirilməsi tərkibi 90 faizədək Dağlıq Qarabağ sakinlərindən ibarət olmuş “DQR” müdafiə qüvvələri tərəfindən həyata keçirilmişdir. Əslində, hərbi əməliyyatlar o zaman Azərbaycan liderləri ilə atəşkəs barədə razılaşmanı müzakirə etmiş Ermənistan Respublikasının maraqlarına zidd olmuşdur; görüş Tehranda mayın 8-9-da keçirilmişdir. Buna baxmayaraq, azərbaycanlıların müharibə cinayətlərini dayandırmaq və Ermənistana humanitar dəhlizi açmaq üçün “DQR” qüvvələri tərəfindən bu iki şəhərin ələ keçirilməsi zəruri hesab edilmişdir.
160. Hökumət həmçinin bildirmişdir ki, Ermənistan hətta hər hansı sonrakı hərbi əməliyyatda iştirak etməmişdir. Bu, guya onunla nümayiş etdirilmişdir ki, heç bir beynəlxalq sənəddə Ermənistan ordusunun iştirakı qeyd edilmir. Əksinə, bu sənədlərdə “yerli erməni qüvvələri” barədə söhbət gedir. Hətta Ermənistan hakimiyyət orqanları əməliyyatlara müdaxilə etmək məqsədilə hər hansı qanunvericilik aktı və ya proqram qəbul etməmiş, heç bir rəsmi addım atmamışdır. Əksinə, özünümüdafiə “DQR”-in “Hərbi çağırış haqqında” qanunun qəbul edilməsi nəticəsində 1992-ci ilin əvvəlində yaradılmış “DQR” müdafiə qüvvələri tərəfindən tam şəkildə həyata keçirilmişdir. Dağlıq Qarabağ və ətrafındakı ərazilərin erməni əhalisi, habelə müxtəlif ölkələrdən erməni əsilli könüllülər ona kömək etmişdir. Ermənistan yalnız özünün tanınmış sərhədləri hüdudlarında Azərbaycanın hücumlarından müdafiə edilməklə müharibədə iştirak etmişdir. Eyni zamanda, Ermənistan və “DQR”-in ümumi düşməni olduğu üçün onların silahlı qüvvələri müxtəlif yollarla əməkdaşlıq edir.
161. Bundan əlavə, Ermənistan hazırda Dağlıq Qarabağda və ətraf ərazilərdə heç bir hərbi qüvvə saxlamır. Orada heç bir hərbi birləşmə, hissə və ya qurum yerləşmir. Laçının “DQR”-in Azərbaycanla sərhədindən kifayət qədər uzaq məsafədə yerləşdiyi və buna görə burada hərbi hissə saxlamağa heç bir ehtiyac olmadığı üçün, Laçın rayonunda ümumiyyətlə heç bir hərbi hissə yoxdur. Ermənistanın bəzi vətəndaşlarının “DQR”-in müdafiə qüvvələrində müqavilə əsasında və ya könüllü olaraq xidmət etməsi istisna edilə bilməz. Həmçinin, Ermənistan və “DQR” hökumətləri arasında hərbi əməkdaşlığa dair 1994-cü ilin sazişinə görə Ermənistandan olan çağırışçılar “DQR”-də və əksinə, öz razılığı ilə hərbi xidmət keçə, habelə “DQR”-də və Ermənistanda təşkil edilən hərbi təlimlərdə iştirak edə bilərlər. “DQR”-də xidmət keçmiş Ermənistan çağırışçıları barəsində məhkəmə prosesləri sadə izah olunur: 1994-cü ilin sazişinə görə, Ermənistan çağırışçıları barəsində hər hansı cinayət təqibi Ermənistan prokurorları tərəfindən, Qarabağ çağırışçıları barəsində isə hər hansı cinayət təqibi “DQR” qurumları tərəfindən həyata keçirilir. Eyni zamanda, yalnız az sayda Ermənistanın könüllü çağırışçıları Dağlıq Qarabağda hərbi xidmət keçmiş və, bundan əlavə, onlar “DQR” müdafiə qüvvələrinin birbaşa komandanlığı altında olmuşlar.
162. Hökumət həmçinin bildirmişdir ki, “DQR” yarandıqdan sonra öz siyasi, sosial və maliyyə siyasətini müstəqil olaraq həyata keçirmişdir. Bir neçə il ərzində məktəblərin və digər təhsil müəssisələrinin bərpası və vəfat etmiş əsgərlərin ailələrinə maliyyə yardımının göstərilməsi daxil olmaqla müəyyən layihələrin həyata keçirilməsi üçün uzunmüddətli kreditlərin “DQR”-ə verilməsi istisna edilməklə, Ermənistan “DQR”-ə hər hansı iqtisadi yardım göstərməmişdir. Bu cür yardım digər ölkələr tərəfindən də göstərilmişdir. Bundan əlavə, Hayastan Ümumerməni Fondu “DQR”-in inkişafında böyük rol oynamışdır. Onun fəaliyyətinin əsas məqsədi erməni diasporunun topladığı vəsaitdən istifadə etməklə Ermənistan və “DQR”-ə maliyyə yardımı göstərməkdir. Fondun himayəçilik şurasında Ermənistanın nümayəndələri olsa da, tərkibinin əksəriyyəti erməni diasporunun nümayəndələri və “DQR”-dən seçilmişdir. Fondun fəaliyyət planı Ermənistan hökuməti tərəfindən müəyyən edilməmişdir; adətən, ianəçilərin özü pulların hansı layihələrə getməsini müəyyən etmişlər. Hökumətin fonda göstərdiyi yeganə kömək – ona İrəvanda hökumət binasında pulsuz yer ayrılması olmuşdur. Bununla da, bu, nəzarət vasitəsi deyil, məktəb və xəstəxanaların tikilməsi, yolların və kəndlərin yenidən qurulması, mədəni tədbirlərə kömək göstərilməsi və kasıblar üçün iş və təhsil ilə yardım göstərilməsi üçün “DQR”-ə 111 milyon dollar vermiş xeyriyyə cəmiyyətidir. Digər fondlar və beynəlxalq təşkilatlar tərəfindən həmçinin vəsaitlər ayrılmışdır. Hər il “DQR”-ə ayrılan xeyriyyə kapitalı və beynəlxalq investisiyaların həcmi müvafiq olaraq 20-30 və 30-40 milyon dollar təşkil edir
163. Ermənistan Hökumətinin fikrincə, “DQR” beynəlxalq hüquqa uyğun müstəqil dövlətə xas olan bütün atributlara malik suveren, müstəqil dövlətdir. “DQR” Dağlıq Qarabağ və ətrafındakı ərazilər üzərində nəzarət və yurisdiksiyasını həyata keçirir. Bu ərazilərdə yalnız “DQR”-in qanunları və digər qanunvericilik aktları tətbiq edilir, “DQR”-in bəzi qanunların Ermənistandan götürülməsi və ya qəbul edilməsi isə təbiidir. “DQR”-də tam müstəqil olan məhkəmə sistemi mövcuddur. “DQR”-də siyasi seçkilər keçirilmiş, bəzi şəxslərin həm “DQR”-də, həm Ermənistanda yüksək siyasi vəzifə tutmasında isə hər iki ölkənin müstəqilliyinin əvvəllərində qeyri-adi heç bir şey yoxdur. Ermənistanın siyasi dəstəyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda iştirak etməklə məhdudlaşır. Vətəndaşlıq əsasında siyasi hüquqlara və mülki öhdəliklərə malik olan “DQR” vətəndaşlarına “DQR” pasportları verilir. Dağlıq Qarabağın yalnız bəzi sakinlərinə xaricə səfər etmək üçün Ermənistan pasportu verilmişdir. Ermənistan dramından başqa müxtəlif valyutalardan istifadə edilir.
164. Hökumət bildirmişdir ki, yalnız 1992-ci ilin mayı (“səbəbiyyət məsələsi”) və 2002-ci il aprelindən sonrakı hadisələr (“yurisdiksiya məsələsi”) ilə bağlı faktların yurisdiksiya məsələsinin Məhkəmə tərəfindən araşdırılması üçün aidiyyəti vardır. 2002-ci ildən sonrakı hadisələrə dair sübutlar nümayiş etdirir ki, Ermənistan Respublikası və “DQR” çox şeyi bir olan və sıx iqtisadi və sosial əlaqələri, hərbi birliyi və ümumi etnik mənşəyi olan dost ölkələrdir. Ermənistan hərdənbir “DQR”-ə maliyyə və başqa yardım göstərməklə müəyyən təsirə malik idi. Həmçinin, yaxşı qonşu və müttəfiq kimi o, öz tərəfindən Laçın rayonundakı humanitar dəhlizin qoruyub-saxlanmasında yardım göstərmişdir. Eyni zamanda, Ermənistan Respublikası və “DQR” ayrı-ayrı ölkələrdir.
3. Üçüncü tərəf qismində çıxış edən Azərbaycan Hökuməti
165. Azərbaycan Hökuməti ərizəçilər ilə razılaşmışdır ki, Ermənistan Respublikası tərəfindən Dağlıq Qarabağ və ətraf ərazilər, o cümlədən Laçın üzərində təsirli nəzarət həyata keçirilir. O, 1990-cı illərin əvvəllərində separatçı Qarabağ qoşunları ilə yanbayan döyüşən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı, habelə Laçını və digər ətraf əraziləri işğal etdiyini və bu ərazilərin burada əsgərlərini yerləşdirmiş Ermənistan tərəfindən hələ də işğal altında saxlandığını iddia edərək müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ABŞ Dövlət Departamentinin, habelə bir çox siyasi liderlərin bəyanatlarına müraciət etmişdir. Sonuncu məsələ ilə bağlı o, Məhkəmənin Harutyunyan v. Armenia (36549/03 nömrəli ərizə, ECHR 2007-III) və Zalyan, Sargsyan and Serobyan v. Armenia (yuxarıda qeyd edilən) işləri üzrə qəbul etdiyi qərarlara istinad etmişdir. “DQR” cavabdeh Hökumətin iddia etdiyi kimi müstəqil dövlət deyil, Ermənistanın göstərdiyi hərbi və başqa yardım nəticəsində yaşayan tabelikdə olan yerli administrasiyadır. Ehtimalla, misal üçün, silah, avadanlıq, təlim və, ən başlıcası, işğal edilmiş ərazilərdə yerləşən əsgərlərin, böyük əksəriyyəti ilə olmasa, yüksək dərəcəli faiz nisbəti ilə təchizatdan ibarət olan Ermənistanın geniş yardımı olmasa, Qarabağ müdafiə qüvvələrinin hər hansı tanınan formada mövcud olması inanılmazdır.
166. Azərbaycan Hökuməti həmçinin bildirmişdir ki, Ermənistanın əhəmiyyətli yardımı olmadan “DQR” siyasi, iqtisadi və ya hərbi cəhətdən yaşaya bilməzdi. O, inter alia, Dağlıq Qarabağ ilə Ermənistan Respublikası arasında sıx siyasi əlaqələrin olduğunu və bunun ən yüksək siyasi səviyyədə şəxsi əlaqələrə söykəndiyini qeyd etmişdir. Bundan başqa, Ermənistan tərəfindən göstərilən iqtisadi yardım “DQR” üçün xüsusi əhəmiyyət kəsb edir. Hökumət göstərmişdir ki, Hayastan Ümumerməni Fondu Dağlıq Qarabağa verilən yardımla bağlı Ermənistan dövlətinin orqanı kimi nəzərdən keçirilməlidir. Fondun “DQR”-də nəinki maliyyə, hətta sosial təsis yüksəkdir. Ehtimalla, bu, siyasi iradə nəticəsində Dağlıq Qarabağın Ermənistandan iqtisadi asılılığının güləndirilməsi və “DQR”-in Ermənistana sıx inteqrasiyası yolu ilə həyata keçirilir. O, həmçinin “DQR” büdcəsinin əsas hissəsini təşkil edən Ermənistanın dövlət kreditlərini göstərmişdir. Bundan əlavə, Azərbaycan Hökuməti bildirmişdir ki, Dağlıq Qarabağda və ətrafındakı ərazilərdə yaşayan şəxslər Ermənistan Respublikasının pasportlarına malikdir.
B. Məhkəmənin qiymətləndirməsi
167. Dövlətin yurisdiksiya səlahiyyətləri ilk növbədə ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı olsa da, Konvensiyanın 1-ci maddəsi mənasında yurisdiksiya anlayışı Razılığa gələn Yüksək Tərəflərin dövlət ərazisi ilə məhdudlaşmır, dövlətin məsuliyyəti isə onun hakimiyyət orqanlarının hərəkətləri və hərəkətsizliyinin onun ərazisindən kənar nəticə verməsi səbəbindən ortaya çıxa bilər.
Konvensiyanın 1-ci maddəsində aşağıdakıları bildirilir:
“Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün Konvensiyanın I Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.”
1. Eksterritorial yurisdiksiyaya dair ümumi prinsiplər
168. Məhkəmə iştirakçı dövlət tərəfindən eksterritorial yurisdiksiyanın həyata keçirilməsini o halda təsdiq etmişdir ki, bu dövlət xaricdə müvafiq əraziyə və oradakı əhaliyə, hərbi işğal nəticəsində, yaxud həmin ərazidəki hökumətin razılığı, dəvəti və ya könülsüz razılığı ilə təsirli nəzarət vasitəsilə, normal şəraitdə həmin hökumət tərəfindən yerinə yetirilməli olan publik-hüquqi səlahiyyətləri bütövlükdə və ya qismən yerinə yetirir. Prinsiplər müxtəlif işlərdə, o cümlədən Ilaşcu and Others (yuxarıda qeyd edilən, §§ 311-319), Al-Skeini and Others (yuxarıda qeyd edilən, §§ 130-139) və Catan and Others v. Moldova and Russia ([GC], 43370/04, 8252/05 və 18454/06 nömrəli ərizələr, ECHR 2012 (çıxarışlar)) təsbit edilmişdir. Sonuncu qərarın bir neçə hissəsi aşağıda göstərilir:
“103. Məhkəmənin presedent hüququnda 1-ci maddə əsasında bir sıra aydın prinsiplər müəyyən edilmişdir. Belə ki, bu maddədə nəzərdə tutulduğu kimi, iştirakçı dövlətin üzərinə götürdüyü öhdəlik onun “yurisdiksiyasında” olan şəxslər üçün təsbit edilən hüquq və azadlıqları “təmin etməklə” (fransız dilindəki mətnində “reconnaître”) məhdudlaşır (bax: Soering v. the United Kingdom, 7 iyul 1989-cu il, § 86, Series A no. 161); Banković and Others v. Belgium and Others [GC] (dec.), 52207/99 nömrəli ərizə, § 66, ECHR 2001‑ XII). 1-ci maddəyə əsasən “yurisdiksiya” müəyyənedici meyardır. Yurisdiksiyanın həyata keçirilməsi –Konvensiyada təsbit edilmiş hüquq və azadlıqların pozuntusu barədə iddiaya səbəb olmuş hərəkət və hərəkətsizliyə görə iştirakçı dövləti məsuliyyətə cəlb etmək üçün zəruri şərtdir (bax: Ilaşcu and Others v. Moldova and Russia [GC], 48787/99 nömrəli ərizə, § 311, ECHR 2004‑VII; Al-Skeini and Others v. the United Kingdom [GC], 55721/07 nömrəli ərizə, § 130, 7 iyul 2011-ci il).
104. 1-ci maddəyə əsasən dövlətin yurisdiksiya səlahiyyəti ilk növbədə ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlıdır (bax: yuxarıda qeyd edilən Soering işi, § 86; yuxarıda qeyd edilən Bankoviç işi, §§ 61 [və] 67; yuxarıda qeyd edilən İlaşku işi, § 312; yuxarıda qeyd edilən Əl-Skeyni işi, § 131). Normal olaraq dövlətin ərazisində yurisdiksiyanın həyata keçirilməsi güman edilir (yuxarıda qeyd edilən İlaşku işi, § 312; Assanidze v. Georgia [GC], 71503/01 nömrəli ərizə, § 139, ECHR 2004‑II)). Digər tərəfdən, iştirakçı dövlətin öz ərazisindən kənarda etdiyi, yaxud burada nəticə verdiyi hərəkətləri yalnız müstəsna hallarda 1-ci maddənin mənasında yurisdiksiyanın həyata keçirilməsini təşkil edə bilər (yuxarıda qeyd edilən Bankoviç işi, § 67; yuxarıda qeyd edilən Əl-Skeyni işi, § 131).
105. Bu günədək, iştirakçı dövlətin öz ərazisi hüdudlarından kənarda yurisdiksiyanın həyata keçirilməsi üçün əsas olmaq iqtidarında olan bir sıra müstəsna hallar Məhkəmə tərəfindən müəyyən edilmişdir. Dövlətin eksterritorial yurisdiksiya həyata keçirməsinin Məhkəmə tərəfindən müəyyən edilməsini tələb edən və əsaslandıran müstəsna halların mövcud olub-olmaması məsələsi hər bir işdə konkret faktlardan asılı olaraq həll edilməlidir (bax: yuxarıda qeyd edilən Əl-Skeyni işi, § 132).
106. İştirakçı dövlət qanuni və ya qeyri-qanuni hərbi əməliyyatlar nəticəsində dövlət ərazisindən kənarda yerləşən ərazi üzərində təsirli nəzarəti həyata keçirdikdə 1-ci maddəyə əsasən yurisdiksiyanın dövlətin öz ərazisi ilə məhdud olması barədə prinsipdən bir istisna yaranır. Bu ərazidə Konvensiyada təsbit edilmiş hüquq və azadlıqları təmin etmək öhdəliyi birbaşa, yəni iştirakçı dövlətin silahlı qüvvələri vasitəsilə, yaxud tabelikdə olan yerli administrasiya vasitəsilə həyata keçirilən belə nəzarət faktından irəli gəlir (Loizidou v. Turkey (ilkin etirazlar), 23 mart 1995-ci il, § 62, Series A no. 310; Cyprus v. Turkey [GC], 25781/94 nömrəli ərizə, § 76, ECHR 2001-IV, yuxarıda qeyd edilən Banković işi, § 70; yuxarıda qeyd edilən Ilaşcu işi, §§ 314-316; yuxarıda qeyd edilən Loizidou (işin mahiyyəti üzrə) § 52; yuxarıda qeyd edilən Al-Skeini işi, § 138). Ərazi üzərində belə hökmranlıq faktı müəyyən edildiyi halda, tabelikdə olan yerli administrasiyanın siyasəti və hərəkətləri üzərində iştirakçı dövlətin təfərrüatlı nəzarəti həyata keçirib-keçirmədiyinin müəyyən edilməsi zəruri deyil. Yerli administrasiyanın iştirakçı dövlətin hərbi və başqa dəstəyi sayəsində yaşaması faktı bu dövlətin həmin administrasiyanın siyasəti və hərəkətlərinə görə məsuliyyətini yaradır. Nəzarət edən dövlətin 1-ci maddəyə əsasən nəzarəti altında olan ərazidə Konvensiyada və onun tərəfindən ratifikasiya edilmiş əlavə Protokollarda təsbit edilmiş bütün maddi hüquqları təmin etmək öhdəliyi vardır. O, bu hüquqların hər hansı birinin pozulmasına görə məsuliyyət daşıyır (yuxarıda qeyd edilən Cyprus v. Turkey işi, §§ 76-77; Əl-Skeyni işi, §138).
107. İştirakçı dövlətin öz ərazisindən kənarda yerləşən ərazi üzərində təsirli nəzarəti həyata keçirib-keçirməməsi işin faktiki halları ilə bağlı məsələdir. Təsirli nəzarətin mövcud olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ilk növbədə ərazidə dövlətin hərbi gücünə müraciət edəcək (bax: yuxarıda qeyd edilən Loizidu (işin mahiyyəti üzrə), §§ 16 və 56; yuxarıda qeyd edilən İlaşku işi, § 387). Buna həmçinin digər göstəricilərin, o cümlədən onun tabelikdə olan yerli administrasiyaya hərbi, iqtisadi və siyasi dəstəyi nəticəsində onun üçün yaradılan bölgə üzərində təsir və nəzarət dərəcəsinin aidiyyəti ola bilər (yuxarıda qeyd edilən İlaşku işi, §§ 388-394; yuxarıda qeyd edilən Əl-Skeyni işi, § 139).
...
115. ... Yuxarıda göstərilən Məhkəmənin presedent hüququnun xülasəsi nümayiş etdirdiyi kimi, Konvensiyanın 1-ci maddəsinə əsasən yurisdiksiyanın müəyyən edilməsi testi beynəlxalq hüquqa əsasən beynəlxalq-hüquqi xətaya görə dövlətin məsuliyyətinin müəyyən edilməsi testi ilə heç vaxt bərabərləşdirilmir.”
2. Bu prinsiplərin hazırkı işin faktiki hallarında tətbiqi
169. Birincisi, Məhkəmə hesab edir ki, Dağlıq Qarabağda və ətrafındakı ərazilərdə olan vəziyyət, ərizəçilərin alternativ şəkildə iddia etdiyi kimi Ermənistan dövlət nümayəndələrinin xaricdəki şəxslər barəsində hakimiyyətin və nəzarətin həyata keçirilməsi ilə bağlı deyil. Əksinə, işin faktiki halları ilə bağlı müəyyən edilməlidir ki, Ermənistan Respublikası qeyd edilən ərazilər üzərində təsirli nəzarəti həyata keçirib hal-hazırda da davam etdirirmi və bunun nəticəsində iddia edilən pozuntulara görə məsuliyyətə cəlb edilə bilərmi? Məhkəmənin Catan and Others işində (yuxarıda qeyd edilən, § 107) qeyd edildiyi kimi, bu qiymətləndirmənin başlıca olaraq hərbi iştirak məsələsindən asılı olsa da, digər göstəricilərin, o cümlədən iqtisadi və siyasi dəstəyin aidiyyəti ola bilər.
170. Ərizəçilər Laçın rayonunda yaşasalar da, yurisdiksiya yalnız bu ərazi ilə bağlı deyil. Faktiki olaraq, Laçın Azərbaycanla təmas xəttindən ən uzaq məsafədə yerləşərək göstərilən ərazilərin bir hissəsidir. Rayonan şərqdə Dağlıq Qarabağ, şimal və cənubdan Kəlbəcər, Qubadlı və Cəbrayıl, qərbdən isə Ermənistan yerləşir. Buna görə, hazırkı işdə Ermənistanın yurisdiksiyaya malik olduğunu müəyyən etmək üçün onun ümumiyyətlə Dağlıq Qarabağ və ətrafındakı ərazilər üzərində təsirli nəzarət həyat keçirib-keçirmədiyi araşdırılmalıdır.
171. Bundan əlavə, 2002-ci il aprelin 26-dan, yəni Ermənistan tərəfindən Konvensiyanın ratifikasiya etməsi tarixindən əvvəl baş vermiş hadisələr əsasında iddia edilən pozuntulara görə məsuliyyətin Ermənistan üzərinə qoyula bilməməsinə baxmayaraq, bu hadisələrlə bağlı faktlar həmin tarixdən sonra qalan davamlı vəziyyətin göstəricisi kimi hələ də nəzərə alına bilər.
a) Hərbi iştirak
172. Dağlıq Qarabağ münaqişəsi tam-miqyaslı müharibəyə 1992-ci ildə çevrilsə də, bir neçə il bundan qabaq Dağlıq Qarabağın Ermənistana birləşməsi barədə hər iki qurumdan çağırışlarla başlamışdır. Qeyd edilməlidir ki, 1989-cu ilin dekabr ayında Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağın regional şurası iki qurumun “yenidən birləşməsi” barədə birgə bəyannaməni qəbul etmiş, 1990-cı ilin yanvar ayında isə birgə büdcə müəyyən edilmişdir. Aydındır ki, Ermənistan SSR və Ermənistan Respublikası münaqişənin əvvəlindən Dağlıq Qarabağın Ermənistana birləşməsini və ya, alternativ olaraq Azərbaycandan müstəqilliyini ciddi surətdə dəstəkləmişdir.
173. Məhkəmənin ixtiyarında olan materiallarda 1992-ci ilin əvvəllərində müharibənin başlaması ilə 1994-cü ilin may ayında atəşkəsin əldə etməsi arasında Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal etmiş və bunlar üzərində nəzarəti təmin etmiş silahlı qüvvələrin tərkibinə dair həlledici sübutlar yoxdur və ola da bilməz. Məsələn, 1993-cü ildə qəbil edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan və Azərbaycan arasında gərginliklə bağlı ciddi narahatlıq ifadə edilməklə yanaşı “yerli erməni qüvvələri” tərəfindən basqın və işğal göstərilərək Ermənistan “Dağlıq Qarabağ bölgəsinin ermənilərə” təsir göstərməyə çağırılmışdır (yuxarıda 59-cu abzasa bax). Buna baxmayaraq, “Human Rights Watch” təşkilatının hesabatında (60-cı abzas) bu müddətdə Ermənistan Respublikası silahlı qüvvələrinin iştirakını təsdiq edir. Həmçinin, 1992-1993-cü illərdə Ermənistanın müdafiə naziri olmuş Vazgen Manukyan bu vəziyyəti təsdiq etmişdir (62-ci abzas).
174. Bundan əlavə, Məhkəmənin fikrincə, 150 mindən az erməni olan əhalisi olan Dağlıq Qarabağın Ermənistanın əsaslı hərbi dəstəyi olmadan təxminən yeddi milyon əhalisi olan Azərbaycan dövləti ilə üzbəüz olaraq nəinki 1992-ci illərin əvvəllərində DQMV üzərində nəzarəti yaratmış, hətta 1993-cü ilin sonunadək Azərbaycanın ətrafdakı yeddi rayonunu bütövlükdə ya qismən ələ keçirmiş müdafiə qüvvələrinin yaratmaq imkanında olması inanılmazdır.
175. Hər halda, Ermənistanın Dağlıq Qarabağda olması bir çox aspektlərdə 1994-cü ilin iyun ayında “Ermənistan Respublikasının və Dağlıq Qarabağ Respublikasının hökumətləri arasında hərbi əməkdaşlıq haqqında müqavilə” vasitəsilə rəsmiləşdirilmişdir (yuxarıda 74-cü abzasa bax). İki qurumun birgə işlədiyi bir çox hərbi məsələləri müəyyən etməkdən əlavə müqavilədə nəzərdə tutulur ki, Ermənistandan və “DQR”-dən çağırışçılar hərbi xidməti hər iki qurumda keçə bilərlər.
176. Sonrakı hesabatlar və bəyanatlarda Ermənistan qüvvələrinin münaqişədə iştirakı təsdiq edilir. Məsələn, tərəflər arasında hər hansı razılaşmaya gətirib çıxarmasa da 1997-ci ildə ATƏT-in Minsk qrupu çərçivəsində irəli sürülmüş “paket sazişi” və “addım-addım” yanaşmada bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri Ermənistan Respublikasının hüdudlarına qayıtmalıdır (yuxarıda 61-ci abzasa bax). 2008-ci ilin mart ayında BMT-nin Baş Məclisi (67-ci abzas) və 2012-ci ilin aprel ayında Avropa Parlamenti tərəfindən eyni tələblər irəli sürülmüşdür (70-ci abzas). 2005-ci ilin yanvar ayında Avropa Şurasının Parlament Assambleyası Ermənistan qüvvələri tərəfindən “Azərbaycan ərazisinin əhəmiyyətli hissəsinin” işğal edilməsini qeyd edərək bir daha təsdiq etmişdir ki, ərazinin müstəqilliyi və parçalanması “bu ərazinin başqa dövlətə de facto birləşdirilməsi” nəticəsində əldə edilə bilməz (64-cü abzas). BBQ-nin 2005-ci il sentyabr tarixli hesabatında Ermənistan əsgərləri və rəsmilərinin ifadələri əsasında nəticəyə gəlinir ki, “Ermənistan və Dağlıq Qarabağ qüvvələri arasında yüksək dərəcədə inteqrasiya mövcuddur” (65-ci abzas). Ermənistan əsgərlərinin “DQR”-də xidmət keçməsinin göstəriciləri həmçinin bu Məhkəmənin qarşısında işlərdə və digər mənbələrdə mövcuddur (76 və 77-ci abzaslar).
177. Məhkəmə El-Masri v. the Former Yugoslav Republic of Macedonia ([GC], 39630/09 nömrəli ərizə, § 163, ECHR 2012) işində qeyd etdiyi kimi, Məhkəmə, prinsip etibarilə, nazirlər və ya digər yüksək vəzifəli şəxslərin ifadələrinə ehtiyatla yanaşacaq, çünki onlar təmsil etdiyi hökumətlərin lehinə çıxış etməyə çalışırlar. Eyni zamanda, aidiyyəti məsələdə əsas rol oynamış yüksək vəzifəli şəxslərin, hətta sabiq nazirlərin və vəzifəli şəxslərin ifadələrində dövlət orqanlarını pis tərəfdən göstərən faktları və ya davranış etiraf edildikdə onların xüsusi sübut dəyəri vardır. Bununla da, onlar etiraf formasında verilə bilər (bu kontekstdə bax: mutatis mutandis, Beynəlxalq Ədalət Məhkəməsi, Military and Paramilitary Activities in and against Nicaragua (Nicaragua v. United States of America) Merits, Judgment, ICJ Reports 1986, səh. 14, § 64).
178. Belə ki, Ermənistan silahlı qüvvələrinin “DQR”-də və ətrafındakı ərazilərdə yerləşməməsi barədə rəsmi mövqeyə zidd olan Ermənistan Respublikası nümayəndələrinin bəyanatları xüsusilə qeyd edilməlidir. Sabiq müdafiə naziri Manukyanın bəyanatı artıq göstərilmişdir (62-ci abzas). Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanın 2013-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında etdiyi çıxışı daha böyük əhəmiyyət kəsb edir ki, bu çıxışda o, Dağlıq Qarabağ müharibəsində “bizim ordumuzun” əldə etdiyi qələbənin hüquqi tanımasına nail olmasının Ermənistan xarici siyasətinin məqsədi təşkil etdiyini bəyan etmişdir (72-ci abzas). Həmçinin qeyd edilməlidir ki, hazırkı işdə Ermənistan Hökuməti 1994-cü ilin hərbi əməkdaşlıq müqaviləsinə istinadən etiraf etmişdir ki, Ermənistan ordusu və “DQR” müdafiə qüvvələri hərbi birlikdə əməkdaşlıq edirlər.
179. Jirayr Sefilyan Ermənistan Respublikasının rəsmi nümayəndəsi sayıla bilməsə də, onun məşhur siyasi xadim və müharibə zamanı hərbi komandir olduğuna görə, Məhkəmə 2008-ci il oktyabr ayında verdiyi müsahibəsindəki bəyanatını nəzərə alır: “Bütün dünya bilir ki, DQR ordusu Ermənistan silahlı qüvvələrinin tərkib hissəsidir” (68-ci abzas).
Eyni zamanda, Məhkəmə qeyd edir ki, Doktor Bucur-Marcunun rəyi (73-cü abzas) cavabdeh Hökumət tərəfindən təqdim edilmiş və buna görə, hazırkı şəraitdə ehtiyatla nəzərə alınmalıdır.
180. “DQR”-də xidmət keçən Ermənistan əsgərlərinin sayı mübahisə edilir; cavabdeh Hökumət bunların sayının 1500-dən çox olmadığını bildirmiş, ərizəçilər isə Dağlıq Qarabağda 8-10 min Ermənistan əsgərlərinin yerləşməsi göstərildiyi DSAİ və BBQ-nin 2002-2005-ci illərdə verdiyi rəqəmlərə arxalanır (yuxarıda 63 və 65-ci abzaslara bax). Məhkəmə bu məsələni həll etməməlidir, çünki hesab edir ki, yuxarıda təqdim edilmiş çoxsaylı hesabatlara və bəyanatlara əsasən Ermənistan Respublikasının hərbi iştirak, həmçinin hərbi avadanlıq və təcrübə ilə təchizat vasitəsilə Dağlıq Qarabağ münaqişəsində lap əvvəldən əhəmiyyətli dərəcədə iştirak etdiyi sübut edilmişdir. Bu hərbi dəstək müvafiq ərazilərin ələ keçirilməsi və onlar üzərində davamlı nəzarət üçün həlledici olmuşdur və olmaqda davam edir, 1994-cü ilin hərbi əməkdaşlıq barədə müqavilədən savayı sübutlar isə Ermənistan və “DQR” silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunduğunu arıq dərəcədə nümayiş etdirir.
b) Digər sahələrdə dəstək
181. İki qurum arasında inteqrasiya həmçinin, bir sıra siyasətçilərin “DQR”-də ən yüksək vəzifələrdə olduqdan sonra Ermənistanda eyni vəzifələrdə olmasında özünü büruzə verir (yuxarıda 78-ci abzasa bax). “DQR”-rə Ermənistanın verdiyi ümumi siyasi dəstək həmçinin Ermənistanın hərbi iştirakı ilə bağlı yuxarıda qeyd edilən bəyanatlardan bəlli olur.
182. Ermənistan Hökuməti iddia etmişdir ki, “DQR”-in öz qanunvericiliyi və öz müstəqil qanunvericilik və məhkəmə orqanları vardır. Eyni zamanda, onun Ermənistandan siyasi asılılığı nəinki yuxarıda göstərilən mühüm siyasətçilərin yerdəyişməsindən, hətta “DQR”-in heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmadığına görə onun sakinlərinin xaricə səfərə getmək üçün Ermənistan pasport əldə etməsindən bəlli olur (yuxarıda 83-cü abzasa bax). Qanunvericilik və məhkəmə sistemi ilə əlaqədar olaraq əlavə inteqrasiya sübutları mövcuddur. Ermənistan Hökuməti etiraf etmişdir ki, “DQR”-in bəzi qanunları Ermənistan qanunvericiliyindən götürülmüşdür. Daha əhəmiyyətlisi odur ki, Məhkəmənin qarşısında olan Zalyan, Sargsyan and Serobyan v. Armenia işinin (76-cı abzas) faktları ilə nəinki Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşdiyi, həmçinin bu ərazidə Ermənistan hüquq mühafizə orqanları əməkdaşlarının fəaliyyəti və Ermənistan məhkəmələrinin yurisdiksiyanın yerinə yetirilməsi göstərilir. Qriqoryanın işində (77-ci abzas) eyni hallar göstərilir.
183. Nəhayət, “DQR”-rə Ermənistandan və ya onun vasitəsilə verilən maddi dəstək xüsusi əhəmiyyət kəsb edir. BBQ bildirmişdir ki, “DQR”-in 2005-ci il üzrə büdcəsində nəzərdə tutulmuş xərclərin yalnız 26,7 faizi yerdə toplanan gəlirdən formalaşırdı. Ermənistanın “dövlətlərarası krediti” ilə “DQR”-ə əhəmiyyətli həcmdə maliyyə vəsaitləri, yalnız 2004-2005-ci illərdə cəmi 51 milyon dollar verilmişdir. Rəsmi mənbələrə istinadən BBQ-yə görə, kredit 2001-ci ildə “DQR” büdcəsinin 67,3 faizini, 2004-cü ildə isə 56,9 faizini təşkil etmişdir. 2005-ci ilə olan vəziyyətə görə, 1993-cü ildən verilən kreditin bir hissəsi də qaytarılmamışdır (yuxarıda 80 və 81-ci abzaslara bax).
184. Ermənistan Hökumətinə görə 1995-2002-ci illərdə “DQR”-də layihələr üçün 111 milyon dollar ayırmış Hayastan Ümumerməni Fondu tərəfindən əlavə yardım göstərilir. Fond hökumət qurumu olmasa və onun ehtiyatları fərdi ianələrdən əmələ gəlsə də, qeyd edilməlidir ki, o, prezidentin fərmanı ilə yaradılmışdır. Bundan başqa, Ermənistan Prezidenti ex officio Himayəçilər Şurasının sədridir, şuranın tərkibinə isə Ermənistanın və “DQR”-in hazırkı və sabiq prezidentləri və nazirləri, habelə Ermənistanın digər mühüm rəsmi şəxsləri daxildir. Bu üzvlərin sayı əksəriyyəti təşkil etməsə də, şuranın tərkibindən görünür ki, Ermənistanın rəsmi nümayəndələri “DQR” həmkarları ilə birlikdə fondun fəaliyyətinə ciddi təsir göstərmək iqtidarındadır.
185. Doğrudur ki, “DQR”-ə əhəmiyyətli maddi yardım həmçinin digər mənbələrdən, o cümlədən ABŞ dövləti və erməni diasporasının birbşa ianələrindən gəlir. Buna baxmayaraq, yuxarıda qeyd edilən rəqəmlər göstərir ki, Ermənistandan gələn əhəmiyyətli yardım olmadığı təqdirdə “DQR” iqtisadi cəhətdən yaşaya bilməzdi.
c) Nəticə
186. Bütün yuxarıda göstərilənlər Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin əvvəlindən “DQR” üzərində əhəmiyyətli və həlledici təsirə malik olduğunu, faktiki olaraq bütün mühüm məsələlərdə iki qurum arasında yüksək dərəcədə inteqrasiyanın mövcud olduğunu və belə vəziyyətin bu günə qədər davam etdirildiyini nümayiş etdirir. Başqa sözlə, “DQR” və onun administrasiyası Ermənistandan ona göstərilən hərbi, siyasi, maliyyə və digər yardım sayəsində yaşayır və, nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətrafındakı ərazilər, o cümlədən Laçın rayonu üzərində təsirli nəzarəti həyata keçirir. Buna görə, şikayət edilən məsələlər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Ermənistanın yurisdiksiyasına daxildir.
187. Nəticədə, Dağlıq Qarabağ və ətrafındakı ərazilər üzərində Ermənistan Respublikasının yurisdiksiyası ilə bağlı Hökumətin etirazı rədd edilir.
V. KONVENSİYANIN 1 NÖMRƏLİ PROTOKOLU 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
188. Ərizəçilər şikayət etmişlər ki, öz əmlakı üzərində bütün nəzarətin, habelə ondan istifadə etmək, onu satmaq, vəsiyyət etmək, girov qoymaq, inkişaf etdirmək və ona malik olmaq imkanların itirilməsi aşağıdakılar nəzərdə tutulan 1 nömrəli Protokolun 1-ci maddəsinin davam edən pozuntusunu təşkil etmişdir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
A. Tərəflərin ifadələri
1. Ərizəçilər
189. Ərizəçilər bildirmişlər ki, onların 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən hüquqları Ermənistan Respublikası tərəfindən dövlət hakimiyyətinin yerinə yetirməsinin bilavasitə nəticəsi olaraq pozulmuşdur. Onlar qorxmuşlar ki, Laçın rayonundan köçməyə məcbur edildikdən bir az sonra onların əmlakı dağıdılmış və ya talan edilmişdir. Buna baxmayaraq, onların şikayəti əmlakın hamısı, o cümlədən Laçında qalmış, halı-hazıradək üzərində mülkiyyət və istifadə hüquqları olan torpaq sahələrilə bağlı müdaxiləyə aid olmuşdur. Ərizəçilər iddia etmişlər ki, onların əmlakdan istifadə etmək imkanı davamlı surətdə rədd edilmiş, bu isə qanuna uyğun olmayan müdaxiləni təşkil etmişdir. Bundan əlavə, Laçının işğalı məqsədlərindən asılı olmayaraq, ərizəçilərin öz əmlakından tamamilə təcrid olunması və kompensasiya ödənilmədən onun mümkün dağıdılması həmin məqsədə nail olmaq üçün mütənasib sayıla bilməz. Ərizəçilər yaxın gələcəkdə öz əmlakına və ya işğal edilmiş ərazilərdəki hər hansı başqa yerə qayıtmaq üçün icazə almaq perspektivini görmürlər.
2. Cavabdeh Hökumət
190. Ermənistan Hökuməti bildirmişdir ki, ərizəçilərin Laçın şəhərinə və ya ətrafındakı kəndlərə daxil olmağı qarşısı alınmamışdır; əslində, onlar iddia edilən məcburi köçməkdən sonra heç vaxt geri qayıtmağa cəhd göstərməmiş, hər hansı hüquqların müdafiə olunması və ya bərpa edilməsi üçün Ermənistanın, yaxud “DQR”-in hakimiyyət orqanlarına müraciət etməmişlər. Dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi məsələsi ilə bağlı artıq qeyd edildiyi kimi, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda Ermənistanın yalnız “DQR” statusu müəyyən edildikdən sonra məcburi köçkünlərin qayıtması məsələsinə baxılması mümkünlüyü barədə mövqeyi məcburi köçkünlərə qrup kimi aid olmuş və “DQR”, yaxud Ermənistana daxil olmaq üçün qanuni səbəbi olduğu üçün giriş vizasını əldə edə bilən fərdi şəxslərə aid olmamışdır. Giriş nöqtəsi, yəni İrəndan Stepanakertə gedən yol təmas xəttindən uzaq olduğu üçün “DQR”-ə səyahət təhlükəli olmamışdır. Hökumət həmçinin bildirmişdir ki, Laçının və Şuşanın ələ keçirilməsi Azərbaycan tərəfindən törədilmiş müharibə cinayətlərinə, xüsusilə Sepanakertə hərbi hücumlara qarşı qanuni özünü-müdafiə aktını təşkil etmişdir. Dağlıq Qarabağda böyük sayda insanlar öldürüldüyü və ya acından öldüyü üçün Ermənistana “humanitar dəhlizin” yaradılması zəruri idi. Ərizəçilərin iddia etdiyi əməllərə görə Ermənistanın məsuliyyət daşımadığını təkrarlayaraq Hökumət bildirmişdir ki, 1 nömrəli Protokolun 1-ci maddəsinin pozuntusu baş verməmişdir.
3. Üçüncü tərəf qismində çıxış edən Azərbaycan Hökuməti
191. Azərbaycan Hökuməti bildirmişdir ki, ərizəçilər müvafiq işğal edilmiş ərazilərdən hər hansı qanunvericilik aktı ilə çıxarılmamış, əksinə Ermənistanın silahlı qüvvələrinin fəaliyyəti nəticəsində köçməyə məcbur edilmişlər. Təmas xəttində Ermənistan qoşunlarının və minaların yerləşdirilməsinə görə onların ərazilərə daxil olması və əmlakdan istifadə edilməsinin qarşısı alınmış, eyni zamanda isə ermənilərin ərazilərdə məskunlaşması həvəsləndirmişdir. Belə vəziyyət həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda Ermənistanın tutduğu mövqe ilə nümayiş etdirilir. Ermənistanın tabelikdə olan yerli administrasiyaya yardımının dərəcəsi və həcmi guya ötən illərdə nəinki azalmış, hətta artmışdır. Buna görə, Azərbaycan Hökuməti iddia etmişdir ki, Ermənistan Respublikası ərizəçilərin 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən hüquqlarının davam edən pozuntusuna görə cavabdehdir.
B. Məhkəmənin qiymətləndirməsi
192. Birincisi, Məhkəmə yuxarıda gəldiyi, ərizəçilərin evlərinin hələ durmasının dəqiq olmadığına baxmayaraq, onların hamısının 1 nömrəli Protokolun 1-ci maddəsi mənasında “mülkiyyət” təşkil edən torpaq sahələri üzərində mövcud hüquqlara malik olması barədə nəticəyə müraciət edir yuxarıda 149-cu abzasa bax). Şikayət edilən məsələlərin Ermənistan Respublikasının yurisdiksiyasına aid olduğu nəzərə alınaraq (186-cı abzasa bax) ərizəçilərin öz əmlakı üzərində hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıyıb-daşımadığı məsələsi araşdırılmalıdır.
193. 1992-ci ilin may ayında Laçın rayonu hərbi hücuma məruz qaldıqda ərizəçilər rayonu tərk etməyə məcbur edilmişlər. Eyni zamanda, Məhkəmənin vəzifəsi – bu hadisənin mahiyyətini araşdırmaq deyil, 2002-ci il aprelin 26-dan, yəni Konvensiyanın Ermənistan tərəfindən ratifikasiya etməsi tarixindən sonra ərizəçilərin öz əmlakından istifadə etmək imkanının qarşısının alınıb-alınmadığını, habelə onların, buna görə, öz hüquqlarının davam edən pozulmasına məruz qalıb-qalmadığını müəyyən etməkdir. Əvvəlki hadisələr bu cür davam edən vəziyyətə hələ də dəlalət edə bilər.
194. Yuxarıda qeyd edildiyi kimi (119-121-ci abzaslar), nə Ermənistan Respublikasında, nə də “DQR”-də səmərəli dövlətdaxili hüquqi müdafiə vasitələri müəyyən edilməmişdir. Nəticə etibarilə, ərizəçilərin əmlakın itirilməsinə görə kompensasiya almaq üçün, yaxud, hazırkı kontekstdə daha vacib olan, yaşadığı yerlərə və bununla tərk edilmiş əmlaka və evlərə fiziki yol tapmaq imkanı əldə etmək üçün hər hansı hüquqi vasitələrdən istifadə etmək imkanı olmamışdır. Belə imkanın davamlı şəkildə rədd edilməsi həmçinin cavabdeh Hökumətin, hərçənd əsassız olan, ərizəçilərin əmlakının və, ehtimal ki, digər məcburi köçkünlərə məxsus əmlakın torpaq reyestrində qeydiyyata alınmış digər şəxslərə “DQR” administrasiyası tərəfindən verildiyi barədə iddiası ilə nümayiş etdirilir.
195. Bundan əlavə, münaqişə zamanı məcburi köçürülmüş şəxslərin atəşkəs barədə razılaşma əldə edildikdən 20 il sonra Dağlıq Qarabağa və ətrafındakı ərazilərə qayıtmaq imkanında olmamışdır. Bununla əlaqədar Məhkəmə BMT Baş Məclisinin və Avropa Parlamentinin qəbul etdikləri qətnamələri qeyd edir (yuxarıda 67 və 69-cu abzaslara bax). Məhkəmənin fikrincə, bu müddət ərzində mövcud olan şəraitdə, o cümlədən Ermənistanın və onun dəstəklədiyi qoşunların yerləşdirilməsi, təmas xəttində atəşkəs rejiminin pozulması, ümumiyyətlə Ermənistanla Azərbaycan arasında düşmənçilik münasibətləri və gələcəkdə siyasi həllinin görünməməsi şəraitində azərbaycanlıların həmin ərazilərə təcrübədə qayıtması nəinki mümkün, hətta real deyildir.
196. Nəticə etibarilə, ərizəçilərin öz əmlakından istifadə etmək imkanının davamlı qaydada rədd edilməsinə və buna görə onun üzərində nəzarətin və onu istifadə etmək üçün hər hansı imkanının itirilməsinə görə onların 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən hüquqları ilə müdaxilə baş vermişdir (bax: yuxarıda qeyd edilən Loizidou v. Turkey, § 63). Bu, onların mülkiyyətindən maneəsiz istifadə etmək hüququ ilə müdaxiləni təşkil edir.
197. Ermənistan Hökuməti bildirmişdir ki, Laçının ələ keçirilməsi və Ermənistanla Dağlıq Qarabağ arasında yerüstü əlaqənin yaradılması qanuni özünü-müdafiə aktını təşkil etmişdir. Məhkəmə Laçın rayonunun hərbi baxımdan strateji mövqeyə malik olması və Dağlıq Qarabağın qida, dərmanlar və digər mallar ilə təchizatına ehtiyacın olması barədə iddiaları nəzərə alır. Eyni zamanda, bu şərtlərin həmin ərazi sakinlərinin fərdi hüquqlarına müdaxiləyə haqq qazandıra bilməsindən asılı olmayaraq, 1992-ci ilin may ayında Laçının ələ keçirilməsinin hazırda araşdırılan məsələyə, yəni ərizəçilərin qayıtmaq imkanında olmamasının və sonradan öz əmlakından istifadə etmək imkanının davamlı surətdə rədd edilməsinin əsaslandırılmış hesab edilə bilib-bilməməsinə bilavasitə aidiyyəti yoxdur.
198. Məhkəmə həmçinin hesab etmir ki, məcburi köçkünlər məsələsi ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar ərizəçilərin hüquqlarına müdaxiləni hüquq nöqteyi-nəzərindən əsaslandırır. Bu danışıqlar, xüsusilə danışıqlar belə uzun müddətdə aparıldığı halda, Hökuməti digər tədbirlərin həyata keçirilməsindən azad etmir (bax: mutatis mutandis, yuxarıda qeyd edilən Loizidou işi, § 64; yuxarıda qeyd edilən Cyprus v. Turkey işi, § 188). Bununla əlaqədar Məhkəmə, müvafiq beynəlxalq standartlara əsaslanaraq üzv dövlətlər “silahlı münaqişənin və ya müəyyən ərazinin statusu məsələsinin həll edilməsi ilə bağlı danışıqlar nəzərə almadan qaçqınların və məcburi köçkünlərin tərk etdiyi evlər, torpaq sahələri və əmlakdan istifadə imkanının və onlar üzərində hüquqların itirilməsinə görə vaxtında olan və səmərəli əvəzin ödənilməsini təmin etməyə” çağırıldığı Avropa Şurası Parlament Assambleyasının “Qaçqınların və məcburi köçkünlərin mülkiyyət məsələlərinin həll edilməsi haqqında” 1708 (2010) saylı Qətnaməsinə istinad edir (yuxarıda 100-cü abzasa bax).
199. Ərizəçilərin mülkiyyət hüquqlarını qorumaq üçün cavabdeh Hökumət tərəfindən həyata keçirilə bilən və həyata keçirilməli olan tədbirlərə dair istiqamətləndirmə müvafiq beynəlxalq standartlardan, o cümlədən BMT-nin Pinheiro Prinsiplərindən (yuxarıda 98-ci abzasa bax) və yuxarıda qeyd edilən Avropa Şurası Parlament Assambleyasının qətnaməsindən irəli gəlir. Hazırkı mərhələdə və hərtərəfli sülh müqaviləsi əldə edilənədək ərizəçilər və onların vəziyyətində olan başqalar üçün mülkiyyət hüquqlarının bərpasına və onun istifadə etmək imkanının itirilməsinə görə kompensasiya əldə etməsinə imkan yaradan, asan müraciət edilə bilən və çevik sübut etmə standartı nəzərdə tutulan mülkiyyətin tələb edilməsinə dair mexanizmlərin yaradılması xüsusi əhəmiyyət kəsb edir.
200. Məhkəmə tam xəbərdardır ki, cavabdeh Hökumət yüz minlərlə erməni qaçqınlarına və məcburi köçkünlərinə yardım göstərməli olmuşdur. Eyni zamanda, bu cür böyük qrupa yardım göstərmək üçün əhəmiyyətli həcmdə ehtiyatların tələb olunması ilə yanaşı, bu qrupun müdafiəsi Hökuməti başqa qrupa, yəni münaqişə zamanı məcburi surətdə köçmüş ərizəçilər kimi Azərbaycan vətəndaşlarına münasibətdə öhdəliklərdən azad etmir. Bununla əlaqədar olaraq yuxarıda qeyd edilən Pinheiro Prinsiplərinin 3-cüq maddəsində təsbit edilmiş ayrı-seçkiliyə məruz qalmamaq prinsipinə istinad edilir. Nəhayət, Məhkəmə qeyd edir ki, hal-hazırkı vəziyyət artıq fövqəladə vəziyyət olmayaraq çox uzun müddət ərzində mövcuddur.
201. Yekunda, araşdırılan müddət, yəni 2002-ci il aprelin 26-dan sonrakı müddət ilə əlaqədar olaraq, ərizəçilərin öz əmlakından istifadə etmək imkanının rədd edilməsini və bu müdaxiləyə görə kompensasiyanın ödənilməməsini əsaslandıra biləcək məqsəd müəyyən edilməmişdir. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən hüquqlarının pozulması baş vermiş və baş verməkdə davam edir və buna Ermənistan Respublikası cavabdehdir.
VI. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
202. Ərizəçilər iddia etmişlər ki, onların Laçın rayonuna qayıtmaq imkanında olmaması həmçinin onların evinə və şəxsi və ailə həyatına hörmət hüququnun davam edən pozunutusunu təşkil etmişdir. Onlar aşağıdakılar nəzərdə tutulan 8-ci maddəyə müraciət etmişlər:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
A. Tərəflərin ifadələri
1. Ərizəçilər
203. Ərizəçilərin şikayətləri üçün əsas, demək olar ki, 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən verilmiş şikayətlərin əsası ilə eyni olmuşdur: onlar iddia etmişlər ki, cavabdeh Hökumətin onların Laçın rayonuna qayitmağa davamlı şəkildə icazə verməməsi nəticəsində həmçinin onların 8-ci maddəyə əsasən hüquqları pozulmuşdur. Bununla bağlı onlar Cyprus v. Turkey (yuxarıda qeyd edilən) işinə istinad etmişlər. Öz işini Loizidou v. Turkey (yuxarıda qeyd edilən) işindən fərqləndirərək ərizəçilər qeyd etmişlər ki, xanım Loizidoudan fərqli olaraq, onların hamısı uzun müddət Laçında yaşamış və burada evlərini qurmuş, şəxsi və ailə həyatlarını qurmuşlar. Onların hüquqlarına müdaxilə üçün 8-ci maddənin 2-ci hissəsinə əsasən heç bir əsasın olmadığı iddia edilmişdir.
2. Cavabdeh Hökumət
204. Ermənistan Hökumətinin ifadələrində həmçinin əsas etibarilə 1 nömrəli Protokolun 1-ci maddəsi ilə əlaqədar irəli sürdüyü arqumentlər təkrarlanmışdır. Bundan əlavə, ərizəçilərin mülkiyyətində olması iddia edilən evlər və digər əmlak 1992-ci ildə dağıdıldığından, onlar həmin tarixdən sonra qeyd olunan ərazidə şəxsi və ya ailə həyatına, yaxud evə malik olduqlarını iddia edə bilməzlər. Bu iddianı müdafiə etmək üçün Hökumət ərizəçilərin vəziyyətini Loizidou v. Turkey işindəki (yuxarıda qeyd edilən) vəziyyətlə eyniləşdirərək Məhkəmənin gəldiyi nəticəni göstərmişdir (qərarın 66-cı abzasında): “8-ci maddədəki “ev” məfhumunun anlayışını yaşayış məqsədlər üçün evin tikilməsi planlaşdırılan əmlaka şamil edən kimi şərh edilməsi onu genişləndirərdi. Həmçinin, bu məfhum şəxsin böyüdüyü və ailənin köklərə malik olduğu, lakin bu şəxsin artıq yamadığı dövlətin ərazisini əhatə edən kimi şərh edilə bilməz.” Hər halda, Hökumət bildirmişdir ki, iddia edilən müdaxilə qanuna müvafiq olaraq demokratik cəmiyyətdə zəruri olmuşdur: “DQR”-i xarici dünya ilə əlaqələndirən “humanitar dəhlizin” yaradılmaqla Laçın rayonu üzərində nəzarət milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifahı maraqlarına xidmət etmişdir.
3. Üçüncü tərəf qismində çıxış edən Azərbaycan Hökuməti
205. Azərbaycan Hökuməti ərizəçilərin mövqeyini dəstəkləmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
206. 8-ci maddəyə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi, müstəqil anlayışlardır; onların qorunması dövlədaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır. Yuxarıda qeyd edildiyi kimi (137 və 150-ci abzaslar), ərizəçilərin hamısı Laçın rayonunda anadan olmuşdur. 1992-ci ilin may ayında məcburi köçənədək onlar həyatın böyük hissəsini orada yaşamış və işləmişlər. Həmin rayonda onların, demək olar ki, hamısının nikahı bağlanmış və uşaqları anadan olmuşdur. Bundan əlavə, burada onlar yaşayış üçün qazanc əldə etmiş, onların əcdadları yaşamışlar. Həmçinin, onlar yaşadığı evləri tikmiş onlara sahib olmuşlar. Buna görə də, aydındır ki, ərizəçilərin həmin rayonda kök salmış həyatı və evləri olmuş, onların vəziyyəti isə Loizidou v. Turkey işindəki (yuxarıda qeyd edilən) xanım Loizidounun vəziyyətindən fərqlidir. Ərizəçilər könüllü olaraq başqa yerdə məskunlaşmamış, ehtiyac üzündən Bakıda və başqa yerlərdə məcburi köçkün kimi yaşayırlar. İşin hallarında, onların Laçın rayonundan məcburi köçürülməsi və iradələrindən asılı olmadan orada olmaması nəticəsində hesab edilə bilməz ki, onların məcburi köçməsindən uzun müddət keçməsinə baxmayaraq, rayonla əlaqələri qırılmışdır.
207. 1 nömrəli Protokolun 1-ci maddəsi üçün təqdim edilmiş səbəblərlə eyni olan səbəblərə görə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin öz evlərindən istifadə etmək imkanının rədd edilməsi onların şəxsi və ailə həyatına, habelə evlərinə hörmət hüququ ilə əsassız müdaxiləni təşkil edir.
208. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin Konvensiyanın 8-ci maddəsinə əsasən hüquqlarının pozulması baş vermiş və baş verməkdə davam edir və buna Ermənistan Respublikası cavabdehdir.
VII. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
209. Ərizəçilər iddia etmişlər ki, öz şikayətləri ilə bağlı hər hansı səmərəli hüquqi müdafiə vasitəsi mövcud olmamışdır. Onlar aşağıdakılar nəzərdə tutulan 13-cü maddəyə istinad etmişlər:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Tərəflərin ifadələri
1. Ərizəçilər
210. Ərizəçilər bildirmişlər ki, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanlar hüquqi müdafiə vasitələri ilə təmin edilməmişlər. Onlar qeyd etmişlər ki, mənşəcə erməni olmadığı üçün, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə Ermənistan Respublikası və ya “DQR”-in hakimiyyət orqanlarına müraciət edilməsi tamamilə faydasız olardı. Onların fikrincə, şikayətləri ilə bağlı nəzəriyyədə və ya təcrübədə səmərəli ola biləcək hər hansı hüquqi müdafiə vasitəsi mövcud olmamışdır. Məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququnun tərəflər arasında davam edən sülh danışıqlarında fikir ayrılığına səbəb olan əsas məsələlərdən biri olduğu və bu günə qədər həll edilə bilmədiyi nəzərə alınaraq dövlətdaxili səmərəli hüquqi müdafiə vasitəsinin olmaması daha aydın olur.
2. Cavabdeh Hökumət
211. Ermənistan Hökuməti iddia etmişdir ki, həm Ermənistan Respublikasında, həm də “DQR”-də məcburi köçkünlər ilə digər statusa malik insanlar arasında heç bir fərq qoymayan inzibati və məhkəmə-hüquqi vasitələr ərizəçilərin sərəncamında olmuşdur. “DQR”-də hüquqi müdafiə vasitələr ilə əlaqədar olaraq, Hökumət Cyprus v. Turkey işindəki (yuxarıda qeyd edilən, § 98) Məhkəmənin gəldiyi nəticələrə istinad edərək bildirmişdir ki, beynəlxalq qaydada tanınmamış qurumun hüquqi müdafiə vasitələrinin mövcud və ya səmərəli olmadığı sübut edilmədikdə, onlar tükəndirilməlidir. Hökumət həmçinin, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi məsələsi ilə bağlı təqdim edilmiş dəlillərə və nümunəvi işlərə istinad edərək bildirmişdir ki, ərizəçilər mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməmiş və bu vasitələrin mövcud və ya səmərəli olmamasına dair hər hansı sübut təqdim etməmişlər.
3. Üçüncü tərəf qismində çıxış edən Azərbaycan Hökuməti
212. Azərbaycan Hökuməti, əsas etibarilə, ərizəçilərin təqdim etdiyi dəlillər ilə razılaşmışdır. Bundan əlavə, Doğan and Others v. Turkey işinə (yuxarıda qeyd edilən, § 106) istinad olunaraq bildirilmişdir ki, Ermənistan nəinki səmərəli hüquqi müdafiə vasitəsi təmin edə bilməmiş, hətta əmlakdan və evdən istifadə etmək imkanını rədd edənlərin əməllərini araşdıra bilməmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
213. Ərizəçilərin əmlakdan və evlərindən istifadə etmək imkanının davamlı surətdə rədd edilməsi ilə əlaqədar 1 nömrəli Protokolun 1-ci maddəsinin və konvensiyanın 8-ci maddəsinin pozulması Məhkəmə tərəfindən artıq müəyyən edilmişdir. Buna görə, onların şikayətləri 13-cü maddənin məqsədləri üçün “əsassız” deyil (bax: misal üçün, Doğan and Others v. Turkey (yuxarıda qeyd edilən, § 163).
214. Hazırkı şikayət dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsinə dair ilkin etiraz kontekstində baxılmış elementlərlə eyni və ya oxşar elementlərdən ibarətdir. Məhkəmə bir daha təsdiq edir ki, cavabdeh Hökumət ərizəçilər üçün onların Konvensiyaya əsasən şikayətləri ilə bağlı əvəzi ödəmək qabiliyyətində olan və ağlabatan perspektivləri olan hüquqi müdafiə vasitəsinin mümkün olmasını sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir (yuxarıda 120-ci abzasa bax). Eyni səbəblərə görə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin Laçın rayonunda əmlakı və evlərində istifadə etmək imkanının rədd edilməsi əlaqədar səmərəli hüquqi müdafiə vasitələri mövcud olmamışdır.
215. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin Konvensiyanın 13-cü maddəsinə əsasən hüquqlarının pozulması baş vermiş və baş verməkdə davam edir və buna Ermənistan Respublikası cavabdehdir.
VIII. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
216. Ərizəçilər iddia etmişlər ki, yuxarıda qeyd edilən şikayətlərlə əlaqədar olaraq onlar etnik və dini mənsubiyyətinə görə cavabdeh Hökumət tərəfindən ayrı-seçkiliyə məruz qalmışlar. Onlar aşağıdakılar nəzərdə tutulan 14-cü maddəyə istinad etmişlər:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
A. Tərəflərin ifadələri
1. Ərizəçilər
217. Ərizəçilər bildirmişlər ki, mənşəcə Azərbaycan kürdü və ya müsəlman deyil, erməni və ya xristian olsaydılar, Ermənistan tərəfindən dəstəklənən qoşunlar tərəfindən evlərindən zorla çıxarılmayacaqdı. Onlar məruzəçi cənab David Atkinsonun məruzəsinə və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə istinad etmişlər ki, burada deyilir ki, “hərbi əməliyyatlar və bundan öncə baş vermiş geniş yayılmış etnik düşmənçilik etnik əlamətlərinə görə əhalinin geniş miqyasda zorla qovulmasına və mono-etnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır ki, bu da dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladır” (yuxarıda 64-cü abzasa bax). Ərizəçilər digər tərəfdən bildirmişlər ki, Ermənistanın hərbi qüvvələri və Ermənistan tərəfindən dəstəklənmiş Qarabağ qoşunları əməliyyatlarının müəyyən edilməsi mümkün olan qrupa aid fərdlər kimi çıxış edən Azərbaycanlı kürdlərə qeyri-mütənasib təsir göstərdiyinə görə onlar Ermənistan Respublikası tərəfindən dolayı ayrı-seçkiliyə məruz qoyulmuşlar.
2. Cavabdeh Hökumət
218. Ermənistan Hökuməti bildirmişdir ki, ərizəçilərin istinad etdikləri digər maddələr pozulmadığı üçün Konvensiyanın 14-cü maddəsinin pozulması ilə bağlı məsələ ortaya çıxmır. Hər halda, ərizəçilər heç bir ayrı-seçkilik xarakterli davranışa məruz qalmamışlar, çünki Laçındakı hərbi əməliyyatların məqsədi sadəcə Ermənistan və Dağlıq Qarabağ arasında “humanitar dəhlizin” açılması olmuş və bu əməliyyatlar rayon sakinlərinin etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq onlara qarşı yönəlməmişdir. Bundan əlavə, kürdlər heç vaxt Ermənistanda və ya “DQR”-də ayrı-seçkiliyə məruz qalmamış və hazırda Ermənistanda yaşayan 1500-ə yaxın kürd ölkənin ictimai və siyasi həyatında fəal surətdə iştirak edərək bütün hüquqlardan istifadə edirlər.
3. Üçüncü tərəf qismində çıxış edən Azərbaycan Hökuməti
219. Azərbaycan Hökuməti iddia etmişdir ki, “DQR” və ətrafındakı rayonlarda hərbi əməliyyatlar mono-etnik əraziləri yaratmaq məqsədini qüdmüşdür. Həmçinin bildirilmişdir ki, ərizəçilər və digər azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və əmlakına qayıtmasının hələ də qarşısı alınmış, ermənilər isə ərazilərdə, xüsusilə Laçında məskunlaşmaq üçün müxtəlif qaydada həvəsləndirirlər (o cümlədən pulsuz evlər, pul, mal-qara və vergi imtiyazları təklif edilməklə). Üçüncü tərəf həmçinin bildirmişdir ki, Azərbaycan kürdləri müsəlman olduqdan Ermənistanda yaşayan və yezid dinini etiqad edən kürdlərdən fərqlənir.
B. Məhkəmənin qiymətləndirməsi
220. Hazırkı işdə Məhkəmə tərəfindən müəyyən edilmiş 1 nömrəli Protokolun 1-ci maddəsinin və Konvensiyanın 8-ci maddəsinin pozulması ehtimal ki, əksəriyyəti müsəlman olan, prakitiki olaraq bütün azərbaycanlıların Dağlıq Qarabağdan və ətrafındakı ərazilərdən məcburi köçürülməsini və həmin əraziyə qayıda bilməməsini əhatə edən ümumi vəziyyətlə bağlıdır. Buna görə də, ərizəçilərin Konvensiyanın 14-cü maddəsinə əsasən şikayətləri mahiyyətcə başqa şikayətlərlə bağlıdır. Nəticə etibarilə, başqa müddəalara əsasən müəyyən edilmiş pozuntuları nəzərə alaraq Məhkəmə hesab edir ki, 14-cü maddəyə əsasən ayrıca məsələ ortaya çıxmır (bax: misal üçün, yuxarıda qeyd edilən Cyprus v. Turkey, § 199; Xenides-Arestis v. Turkey, 46347/99 nömrəli ərizə, § 36, 22 dekabr 2005-ci il; yuxarıda qeyd edilən Catan and Others, § 160).
IX. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
221. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
222. Ərizəçilər maddi ziyana görə 808950 manatdan 2093050 manatadək məbləğlərin, altı ərizəçi üçün cəmi 8386600 manat məbləğinin ödənilməsini tələb etmişlər. Bu məbləğ təqribən 7,9 milyon avro təşkil edir. Bundan əlavə, onların hər birisi mənəvi ziyana görə 50 min avro tələb etmişdir. Nəhayət, 2013-cü il oktyabrın 6-na olan vəziyyətə məhkəmə xərcləri 41703,37 funt sterlinq təşkil etmişdir. Eyni zamanda, Məhkəmənin 2014-cü il 22 yanvar tarixli iclasında ərizəçilərin nümayəndələri xahiş etmişlər ki, ərizəçilərə dəymiş ziyanı qiymətləndirmək üçün mütəxəssis təyin edilsin.
223. Cavabdeh Hökumət ərizəçilərin bütün tələblərini rədd etmişdir.
224. Məhkəmə işin müstəsna xarakterini nəzərə alaraq müəyyən edir ki, 41-ci maddənin tətbiqi məsələsi həll edilməsi üçün hazır deyil. Buna görə, buna baxılması təxirə salınmalı, sonrakı prosedur müəyyən edilməlidir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
1. 14 səs lehinə və 3 səs əleyhinə olmaqla Hökumətin dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməməsi barədə ilkin etirazını rədd edir;
2. 15 səs lehinə və 2 səs əleyhinə olmaqla Hökumətin ərizəçilərin zərərçəkmiş şəxs statusu ilə bağlı ilkin etirazını rədd edir;
3. 14 səs lehinə və 3 səs əleyhinə olmaqla şikayət edilən məsələlərin Ermənistan Respublikasının yurisdiksiyasında olduğunu qət edir və cavabdeh Hökumətin yurisdiksiya ilə bağlı ilkin etirazını rədd edir;
4. 15 səs lehinə və 2 səs əleyhinə olmaqla Konvensiyanın 1 nömrəli Protokolu 1-ci maddəsinin davam edən pozuntusunun baş verdiyini qət edir;
5. 15 səs lehinə və 2 səs əleyhinə olmaqla Konvensiyanın 8-ci maddəsinin davam edən pozuntusunun baş verdiyini qət edir;
6. 14 səs lehinə və 3 səs əleyhinə olmaqla Konvensiyanın 13-cü maddəsinin davam edən pozuntusunun baş verdiyini qət edir;
7. 16 səs lehinə və 1 səs əleyhinə olmaqla Konvensiyanın 14-cü maddəsinə əsasən ayrıca məsələnin ortaya çıxmadığını qət edir;
8. 15 səs lehinə və 2 səs əleyhinə olmaqla 41-ci maddənin tətbiqi məsələsinin həll edilməsi üçün hazır olmadığını qət edir; və buna görə,
a) qeyd edilən məsələyə baxılmasını təxirə salır;
b) Ermənistan Hökumətini və ərizəçiləri bu qərar barədə bildirişin tarixindən sonra on iki ay müddətində məsələ ilə bağlı öz ifadələrini təqdim etməyə və, xüsusilə, əldə oluna biləcək hər hansı razılaşma barədə Məhkəməyə məlumat verməyə dəvət edir;
c) prosesi təxirə salır və zəruri halda onu müəyyən etmək səlahiyyətini Məhkəmənin sədri üzərində müəyyən edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2015-ci il iyunun 16-da Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Michael O’BoyleDean Spielmann
Məhkəmə sədrinin müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı xüsusi rəylər bu qərara əlavə edilir:
a) Hakim Motocun qərarla razılaşması barədə xüsusi rəyi;
b) Hakim Ziemelenin qərarla qismən razılaşması, qismən razılaşmaması barədə xüsusi rəyi;
c) Hakim Hacıyevin qərarla qismən razılaşmaması barədə xüsusi rəyi;
d) Hakim Gyulumyanın qərarla razılaşmaması barədə xüsusi rəyi;
e) Hakim Pinto de Albuquerquenin qərarla razılaşmaması barədə xüsusi rəyi.
D.S.
M.O’B.
[1]. Bax: misal üçün, E. Benvenisti, “The International Law of Occupation” (Oxford: Oxford University Press, 2012), at səh. 43; Y. Arai-Takahashi, “The Law of Occupation: Continuity and Change of International Humanitarian Law, and Its Interaction with International Human Rights Law (Leiden: Martinus Nijhoff Publishers, 2009), səh. 5-8; Y. Dinstein, “The International Law of Belligerent Occupation” (Cambridge: Cambridge University Press, 2009), səh. 42-45, §§ 96-102; və A. Roberts, “Transformative Military Occupation: Applying the Laws of War and Human Rights”, 100 American Journal of International Law 580 (2006), səh. 585-586.
[2]. İşğal və xarici ərazinin digər formada idarə etməsinə dair layihə çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məsləhət aldığı mütəxəssislərin əksəriyyəti razılaşmışdır ki, işğalın müəəyən edilməsi üçün “çəkmələrin yerdə” olması zəruridir – bax: T. Ferraro, “Occupation and other Forms of Administration of Foreign Territory” (Geneva: ICRC, 2012), səh. 10, 17 və 33; həmçinin, bax: yuxarıda qeyd edilən E. Benvenisti, səh. 43ff; və V. Koutroulis, “Le debut et la fin de l’application du droit de l’occupation” (Paris: Editions Pedone, 2010), səh. 35-41.
[3]. Yuxarıda qeyd edilən T. Ferraro, səh. 17 və 137; yuxarıda qeyd edilən Y. Dinstein, səh. 44, § 100.
[4]. J.-M. Henckaerts and L. Doswald-Beck, “Customary International Humanitarian Law” (Geneva/Cambridge: ICRC/Cambridge University Press, 2005).
Full & Egal Universal Law Academy