© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Çıraqov və başqaları Ermənistana qarşı [BP] – ərizə № 13216/05
16.6.2015 tarixli qərar [BP]
Maddə 1
Dövlətlərin yurisdiksiyası
Ermənistanın Dağlıq Qarabağla və onun ətrafındakı işğal olunmuş ərazilərlə bağlı yurisdiksiyası
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Mənzilin toxunulmazlığına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Dağlıq Qarabağ münaqişəsi kontekstində didərgin düşmüş Azərbaycan vətəndaşlarının evlərinə gəlmələrinə imkan verilməməsi: pozuntu baş verib
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitəsi
Dağlıq Qarabağ münaqişəsi kontekstində didərgin düşmüş şəxslərin evlərini və əmlaklarını itirmələri ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsinin olmaması: pozuntu baş verib
1 saylı Protokolun 1-ci maddəsi
Pozitiv öhdəliklər
1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsi
Öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ
Mülkiyyət
Dağlıq Qarabağ münaqişəsi kontekstində didərgin düşmüş Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının təmin edilməsi üçün Ermənistan tərəfindən tədbirlərin görülməməsi: pozuntu baş verib
Faktlar – Ərizəçilər Azərbaycanın Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir. Onlar iddia etdilər ki, 1992-ci ildə Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsi zamanı evlərini tərk etməyə məcbur edildikdən sonra evlərinə qayıda və oradakı əmlaklarına sahib çıxa bilmirlər.
1991-ci ilin dekabrında Sovet İttifaqı dağıldığı zaman Dağlıq Qarabağ Muxtar Vilayəti ("DQMV") Azərbaycan Sovet Sosialist Respublikasının ("Azərbaycan SSR") ərazisi daxilində yerləşən muxtar vilayət idi. DQMV ilə Ermənistan Sovet Sosialist Respublikasının ("Ermənistan SSR") ümumi sərhədi yox idi və onlara ən yaxın olan Azərbaycan Respublikasının Laçın rayonu onları bir-birindən ayırırdı. 1989-cu ildə DQMV-nin əhalisinin təxminən 77%-i etnik ermənilər və 22%-i etnik azərbaycanlılar idi. Laçın rayonunda əhalinin çoxu kürdlər və azərbaycanlılar idi və yalnız 5-6%-i ermənilər idi. Dağlıq Qarabağda ermənilərin düşmənçilik hərəkətləri 1988-ci ildə başladı. 1991-ci ilin sentyabrında (Azərbaycan Sovet İttifaqından müstəqilliyini elan etdikdən az sonra) DQMV-nin vilayət şurası DQMV-nin və Azərbaycanın Şaumyan rayonunun ərazilərindən ibarət "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") yaradıldığını elan etdi. 1991-ci ilin dekabrında keçirilmiş (və azərbaycanlı əhali tərəfindən boykot edilmiş) referendum nəticəsində səsvermədə iştirak edənlərin 99,9%-i "DQR"-in Azərbaycanın tərkibindən çıxmasının lehinə səs verdilər və 1992-ci ilin yanvarında "DQR" Azərbaycandan müstəqil olduğunu təsdiqlədi. Bundan sonra münaqişə qızışaraq irimiqyaslı müharibəyə çevrildi. 1993-cü ilin sonunda etnik erməni qüvvələri, demək olar ki, keçmiş DQMV-nin bütün ərazisi, habelə onun ətrafındakı yeddi Azərbaycan rayonu üzərində nəzarəti ələ keçirdilər. Münaqişə hər iki tərəfdən yüz minlərlə insanın ölkədaxili köçkünə və qaçqına çevrilməsi ilə nəticələndi. 1994-cü ilin mayında münaqişə tərəfləri atəşkəs sazişini imzaladılar və atəşkəs bu günədək davam edir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında münaqişənin dinc yolla həllinə yönələn danışıqlar aparıldı. Amma son nəticədə münaqişənin siyasi həllinə nail olunmadı. Özünü müstəqil elan etmiş "DQR" hər hansı dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmadı. 2001-ci ildə Avropa Şurasına daxil olmazdan əvvəl Ermənistan və Azərbaycan hər ikisi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olacaqları barədə Nazirlər Komitəsi və Parlament Assambleyası qarşısında öhdəlik götürdülər.
Ərizəçilərin yaşadıqları Laçın rayonuna müharibə zamanı dəfələrlə hücum edilmişdi. Ərizəçilər iddia etdilər ki, hücum edənlər həm Dağlıq Qarabağın, həm də Ermənistan Respublikasının qoşunları idi. Lakin Ermənistan Respublikasının Hökuməti iddia etdi ki, Ermənistan hadisələrdə iştirak etməyib, hərbi əməliyyatlar Dağlıq Qarabağın müdafiə qüvvələri və könüllü dəstələr tərəfindən aparılıb. 1992-ci il mayın ortalarında Laçın havadan bombardmana məruz qaldı və bombardmanın gedişində bir çox evlər dağıdıldı. Ərizəçilər Laçından Bakıya köç etməyə məcbur oldular. O vaxtdan bəri onlar Ermənistanın işğalı səbəbindən evlərinə qayıda və əmlaklarına sahib çıxa bilməyiblər. Məcburi köçkünə çevrilənə qədər həyatlarının çox hissəsini Laçında yaşadıqları və orada evlərinin və torpaqlarının olduğu barədə iddialarını təsdiq etmək üçün ərizəçilər Məhkəməyə müxtəlif sənədlər təqdim etdilər. Konkret olaraq, altı ərizəçinin hamısı Laçın rayonunda onların adına evlərin və torpaq sahələrinin qeydiyyata alındığını göstərən rəsmi şəhadətnamələri ("texniki pasportları"); övladlarının doğum şəhadətnamələri də daxil olmaqla doğum şəhadətnamələrini və (və ya) nikah şəhadətnamələrini; və ərizəçilərin Laçın rayonunda yaşamış olduqlarını təsdiq edən keçmiş qonşularının yazılı ifadələrini təqdim etdilər.
Hüquqi məsələlər
a) İlkin etirazlar
i) Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi – Cavabdeh Hökumət (istər Ermənistanda, istərsə də "DQR"-də) ərizəçilərin şikayətləri ilə əlaqədar olaraq hüquqlarını bərpa etmək iqtidarında olan hüquqi müdafiə vasitəsinin mövcud olduğunu sübuta yetirmədi. Onun istinad etdiyi qanunvericilik normaları ümumi xarakterli idi və onların konkret olaraq silahlı münaqişə nəticəsində mülkiyyətdən məhrum edilmə durumuna aidiyyəti yox idi, yaxud da onların ərizəçilərin durumuna bənzər situasiyaya hər hansı formada aidiyyəti yox idi. Təqdim edilmiş ölkədaxili məhkəmə qərarlarının heç biri Dağlıq Qarabağ münaqişəsi kontekstində didərgin düşmüş şəxslərin evlərini və ya əmlaklarını itirmələrinə aid iddialarla əlaqədar deyildi. Bundan başqa, ərizəçilərin şikayətlərinə səbəb olmuş hadisələrdə cavabdeh Hökumətin dövlət orqanlarının iştirakı olduğunu, yaxud Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilər üzərində yurisdiksiyaya malik olduğunu cavabdeh Hökumətin inkar etdiyi nəzərə alınarsa, ərizəçilərin Ermənistanın hakimiyyət orqanları qarşısında restitusiya və ya kompensasiya barədə iddia qaldıra biləcəklərini gözləmək ağlabatan deyildi. Nəhayət, münaqişənin siyasi həllinə nail olunmadığına və son illər regionda hərbi qüvvələrin cəmləşməsi artdığına görə, tanınmayan "DQR"-in praktiki olaraq köçkün azərbaycanlılara kompensasiya verməsini təmin edə biləcək hər hansı mümkün hüquqi müdafiə vasitəsinin olduğunu düşünmək qeyri-real idi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (üç səsə qarşı on dörd səslə).
ii) Qurban statusu – Beynəlxalq və ya ölkədaxili silahlı münaqişə vəziyyətlərində əmlaklarını və evlərini itirdiklərini iddia edən ərizəçilər tərəfindən təqdim edilmiş sübutlara münasibətdə Məhkəmənin presedent hüququnda dəyişkən yanaşma formalaşıb. Analoji yanaşma həmçinin "Qaçqınların və köçkünlərin evinin və əmlakının restitusiyasına dair BMT prinsipləri"ndə (Pineyro prinsipləri) öz əksini tapıb. Ərizəçilər tərəfindən təqdim edilmiş sübutların böyük bir hissəsi texniki pasportlar idi. Rəsmi sənəd olaraq onlar evlərin çertyojlarını özündə əks etdirir və sahələrini, ölçülərini və sairəni göstərirdi. Həmçinin sözügedən torpaqların sahələri də göstərilmişdi. Texniki pasportların tarixləri 1985-ci ildən 1990-cı ilədək idi və orada ərizəçilərin adları vardı. Üstəlik, həmin pasportlarda müvafiq torpaq sahələrinin ayrılması barədə qərarlara istinadlar vardı. Belə vəziyyətdə onlar bir çox əvvəlki işlərdə Məhkəmə tərəfindən qəbul edilmiş olan, mülkiyyət hüququnu təsdiqləyən həqiqi sübut sayıla bilərdi. Ərizəçilər əmlaklarla bağlı sübut sayıla biləcək əlavə dəlillər, o cümlədən keçmiş qonşularının ifadələrini təqdim etmişdilər. Həmçinin ərizəçilərin kimlikləri və yaşayış yeri barədə sənədlər onların əmlaklarla bağlı iddialarını təsdiqləyirdi. Bundan başqa, altıncı ərizəçidən savayı bütün ərizəçilər mülkiyyət hüququnu təsdiqləyən sənədləri və ya digər əsas sənədləri təqdim etməsələr də, onların hansı şəraitdə rayondan çıxdıqları, rayonun hərbi hücuma məruz qalmasından sonra oranı tərk etdikləri nəzərə alınmalı idi. Müvafiq olaraq, ərizəçilər köçməyə məcbur edilənə qədər həyatlarının çox hissəsini Laçın rayonunda yaşadıqları və oradan qaçarkən orada evlərinin və torpaqlarının olduğu barədə iddialarını kifayət qədər sübuta yetirmişdilər.
Sovet hüquq sistemində torpaq üzərində xüsusi mülkiyyət hüququ yox idi, amma vətəndaşlar yaşayış evlərinə malik ola bilərdilər. Torpaq sahələri vətəndaşlara xüsusi məqsədlər üçün, məsələn, fermer təsərrüfatı və ya fərdi evlərin inşası üçün ayrıla bilərdi. Bu halda vətəndaş müəyyən məqsədlərlə məhdudlaşan "istifadə hüququna" malik olurdu və bu hüquq qanunla qorunurdu və vərəsələrə ötürülə bilərdi. Buna görə də şübhə yoxdur ki, ərizəçilərin evlər və torpaq üzərində hüquqları mühüm maddi maraq təşkil edirdi. Yekun olaraq, Laçın rayonunu tərk etdikləri zaman ərizəçilər torpaq və evlər üzərində hüquqlara malik idilər ki, onlar da 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mənada "mülkiyyət" sayıla bilərdi. Sonradan həmin hüquqların ləğv edildiyinə dəlalət edən heç nə yoxdur və buna görə də onların mülkiyyət maraqları hələ də etibarlıdır. Üstəlik, onların torpaqları və evləri həm də Konvensiyanın 8-ci maddəsinin məqsədləri üçün onların "mənzili" hesab edilə bilərdi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (iki səsə qarşı on beş səslə).
iii) Ermənistanın yurisdiksiyası – Məhkəmənin rəyinə görə, buna inanmaq çətindir ki, Dağlıq Qarabağ (əhalisi 150.000-dən də az sayda etnik ermənidən ibarət olan ərazi vahidi) Ermənistanın əhəmiyyətli hərbi dəstəyi olmadan 1992-ci ilin əvvəllərində elə bir müdafiə qüvvələri yarada bilmişdi ki, onlar təxminən yeddi milyon əhalisi olan Azərbaycan ölkəsinə qarşı savaşda nəinki 1993-cü ilin sonunadək Qarabağ üzərində nəzarətlərini bərqərar etmiş, həm də Azərbaycanın yeddi ətraf rayonunun bütün ərazisini və ya xeyli hissəsini işğal etmişdilər. İstənilən halda, Ermənistanın Dağlıq Qarabağda hərbi iştirakı bir neçə nöqteyi-nəzərdən "Ermənistan Respublikasının və Dağlıq Qarabağ Respublikasının hökumətləri arasında hərbi əməkdaşlıq sazişi" vasitəsilə 1994-cü ildə rəsmiləşdirilmişdi və sazişdə konkret olaraq nəzərdə tutulurdu ki, Ermənistanın və "DQR"-in hərbi çağırışçıları hərbi xidmətlərini digərinin ərazisində çəkə bilərlər. Məhkəmə həmçinin qeyd etdi ki, çoxsaylı hesabatlar və rəsmi bəyanatlar, o cümlədən Ermənistan hökumətinin üzvlərinin və keçmiş üzvlərinin açıqlamaları göstərirdi ki, Ermənistan ilk anlardan özünün hərbi iştirakı, hərbi avadanlıq təchizatı və hərbi təcrübəsi vasitəsilə Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli dərəcədə iştirak edirdi. Yüksək vəzifəli rəsmilərin və hətta sözügedən münaqişədə başlıca rol oynamış keçmiş nazir və məmurların bəyanatları xüsusilə sübutedici dəyərə malik idi, belə ki, onlar Ermənistanın silahlı qüvvələrinin "DQR"-də və ya ətraf ərazilərdə yerləşdirilmədiyi barədə rəsmi mövqeyə zidd sayıla bilən faktları və ya hərəkətləri təsdiq edirdilər. Onları etiraf forması kimi qəbul etmək olardı. Ermənistanın hərbi dəstəyi sözügedən ərazilərin nəzarətdə saxlanmasında həlledici amil olmaqda davam edirdi. Bundan başqa, iş üzrə müəyyən edilmiş faktlardan görünürdü ki, Ermənistan "DQR"-ə əhəmiyyətli dərəcədə siyasi və maliyyə dəstəyi göstərirdi; üstəlik onun vətəndaşlarının xaricə getmək üçün Ermənistan pasportu əldə etmələri tələb olunurdu, çünki "DQR" hər hansı dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmamışdı. Yekun olaraq, Ermənistan və "DQR" faktiki olaraq bütün mühüm məsələlərdə bir-birlərinə yüksək dərəcədə inteqrasiya olunmuşdular və "DQR" və onun administrasiyası Ermənistanın göstərdiyi hərbi, siyasi, maliyyə və digər dəstək hesabına yaşayırdı. Beləliklə, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində faktiki nəzarəti həyata keçirirdi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (üç səsə qarşı on dörd səslə).
b) Şikayətin mahiyyəti
1 saylı Protokolun 1-ci maddəsi: Ərizəçilər torpaq və evlər üzərində bu maddənin məqsədləri üçün "mülkiyyət" təşkil edən hüquqlara malik idilər. Ərizəçilərin Laçından məcburi köçkün düşməsi məsələsi Məhkəmənin zaman yurisdiksiyası xaricində olsa da, Məhkəmə 2002-ci ilin aprelində Konvensiya Ermənistan barəsində qüvvəyə mindikdən sonra onların əmlaklarına sahib çıxmaq hüquqlarının inkar edilib-edilmədiyini və beləliklə hüquqlarının davam etməkdə olan pozuntusuna məruz qalıb-qalmadıqlarını araşdırmalıdır.
Şikayətləri ilə əlaqədar olaraq ərizəçilərin sərəncamında Ermənistanda və ya "DQR"-də heç bir hüquqi müdafiə vasitəsi yox idi. Müvafiq olaraq, onlar itirilmiş mülkiyyətlərinə görə kompensasiya əldə etmək, yaxud tərk etdikləri əmlaklarına və evlərinə fiziki cəhətdən sahib çıxmaq üçün hər hansı hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik deyildilər. Üstəlik, Məhkəmənin rəyinə görə, atəşkəs sazişindən sonra iyirmi ildən artıq hökm sürən şəraitdə praktiki olaraq azərbaycanlıların Dağlıq Qarabağa və ətraf ərazilərə qayıtması real deyildi. Bu şəraitə, konkret olaraq, Ermənistanın və Ermənistan tərəfindən dəstəklənən qoşunların orada olması, təmas xəttində atəşkəsin pozulması halları, ermənilərlə azərbaycanlılar arasında ümumi düşmənçilik münasibətləri və indiyədək siyasi həll perspektivinin olmaması daxil idi. Müvafiq olaraq, ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə etmək hüququna davamedici müdaxilə mövcud idi.
Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası tərəfindən qəbul edilmiş müvafiq beynəlxalq normaların təsdiq etdiyi kimi, əmlaka sahib çıxmaq mümkün olmadığı müddətdə dövlət alternativ tədbirlər görmək vəzifəsini daşıyırdı. ATƏT-in himayəsi altında sülh danışıqlarının (danışıqlara məcburi köçkünlərə aid məsələlər də daxildir) davam etməsi faktı Hökuməti, xüsusən danışıqların iyirmi ildən artıq davam etdiyini nəzərə alsaq, digər tədbirləri görmək vəzifəsindən azad etmirdi. Buna görə də mülkiyyət iddiaları ilə əlaqədar olaraq asanlıqla əlçatan olan və çevik sübutetmə standartlarının tətbiqini nəzərdə tutan prosedurları təmin edən elə bir mexanizmin yaradılması önəmli idi ki, ərizəçilərin və onların vəziyyətində olan digər şəxslərin mülkiyyət hüquqlarının bərpasına və hüquqlarından istifadə etmək imkanından məhrum olduqlarına görə kompensasiya əldə etməsinə imkan yaranmış olsun. Baxmayaraq ki, Ermənistan Hökuməti yüz minlərlə erməni qaçqına və məcburi köçkünə yardım göstərmək məcburiyyətində idi, həmin qrupun müdafiəsi Hökuməti münaqişə nəticəsində yurdlarını tərk etməyə məcbur olmuş ərizəçilər kimi Azərbaycan vətəndaşlarına münasibətdə daşıdığı öhdəliklərdən azad etmirdi. Yekun olaraq, araşdırılan dövrə gəlincə, Hökumət həmin dövrdə müdaxiləyə görə kompensasiya ödəmədən ərizəçilərin mülkiyyətlərinə sahib çıxmaq hüququnu inkar etməsini əsaslandıra bilmədi. Müvafiq olaraq, ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının davamedicisi pozuntusu baş verib.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
Konvensiyanın 8-ci maddəsi: Ərizəçilərin hamısı Laçın rayonunda anadan olmuşdular. 1992-ci ilin mayında yurdlarını tərk edənə qədər bütün həyatları boyu və ya həyatlarının böyük bir hissəsi ərzində orada yaşamış və işləmişdilər. Demək olar ki, onların hamısı rayonda nikaha girmişdilər və övladları vardı. Üstəlik, onlar dolanışıq üçün vəsaitlərini orada qazanırdılar və əcdadları orada yaşamışdılar. Həmçinin onlar orada ev tikmişdilər və içərisində yaşadıqları həmin evlərin sahibi idilər. Beləliklə, aydın idi ki, ərizəçilər rayonda uzun müddətdən bəri öz yaşayışlarını və evlərini qurmuşdular. Ərizəçilər başqa yerə köçmək üçün evlərini könüllü surətdə tərk etməmişdilər, zərurət ucbatından Bakıda və digər yerlərdə məcburi köçkün kimi yaşayırdılar. Hazırkı işin halları nəzərə alınaraq, onların məcburi köçkün düşmələri və məcburiyyət üzündən Laçın rayonunda olmamaları rayon ilə əlaqələrinin qırılması hesab oluna bilməzdi, baxmayaraq ki, köçdükləri vaxtdan uzun müddət keçmişdi. 1 saylı Protokolun 1-ci maddəsi üzrə gəldiyi nəticələr üçün əsas olmuş eyni səbəblərə görə Məhkəmə hesab edir ki, ərizəçilərin evlərinə sahib çıxmaq hüququnun inkar edilməsi onların şəxsi və ailə həyatının, eləcə də mənzillərinin toxunulmazlığına hörmət hüququna davam etməkdə olan əsassız müdaxilə təşkil edirdi.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
Konvensiyanın 13-cü maddəsi: Ermənistan Hökuməti ərizəçilərin ixtiyarında Konvensiya üzrə şikayətləri ilə əlaqədar olaraq hüquqlarını bərpa etmək iqtidarında olan və ağlabatan uğur perspektivlərinə malik olan hüquqi müdafiə vasitəsinin olduğunu sübut edə bilmədi.
Nəticə: pozuntu baş verib (üç səsə qarşı on dörd səslə).
Maddə 41: Bu maddə üzrə şikayətlərə baxılması təxirə salındı.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy