Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 200
Oktyabr 2016-cı il
***
Konstantinides (Constantinides) Yunanıstana qarşı – ərizə № 76438/12
6.10.2016 tarixli qərar [I Bölmə]
Maddə 6
6-cı maddənin 3(d) bəndi
Şahidlərin dindirilməsi
Məhkəmə iclasında iştirak etməyən ekspertin ərizəçinin təqsirliliyi barədə qənaətlərinin qəbul və istifadə edilməsi: pozuntu baş verməyib
Faktlar – Ərizəçinin saxtakarlığa yol verməsi və saxta sənədlərdən istifadə etməsi ilə bağlı cinayət istintaqının gedişində qrafoloji ekspertiza təyin edilmişdi. Ekspertin rəyi ittiham tərəfinin mövqeyini təsdiqləmişdi. Sonradan ərizəçi işə öz ekspertini cəlb etmiş, həmin ekspert isə ərizəçinin təqsirliliyi barədə ekspertiza rəyini tənqid edən bir neçə rəy təqdim etmişdi.
Məhkəmə iclasında ərizəçinin eksperti ərizəçinin təqsirliliyi barədə ekspertiza rəyini müzakirə etmiş və öz qənaətlərini müdafiə etmişdi. Ərizəçinin təqsirliliyi barədə ekspertiza rəyinin müəllifi məhkəmə iclasına çağırılsa da iclasa gəlməmiş və onun gəlməməsi ilə bağlı heç bir izahat verilməmişdi. Yekunda ərizəçi məhkum edilmişdi.
Apellyasiya ərizəsində ərizəçi şikayət etmişdi ki, ərizəçinin təqsirliliyi barədə ekspertiza rəyinin müəllifinə suallar verməsinə imkan yaradılmayıb ki, bu da onun müdafiə hüquqlarını pozub. Lakin Apellyasiya Məhkəməsi ardıcıl sübutlar əsasında ərizəçinin təqsirliliyinin yetərincə müəyyən edildiyini nəzərə alaraq hesab etmişdi ki, sözügedən ekspertin məhkəmə iclasına çağırılmasına ehtiyac yoxdur.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci və 3(d) bəndləri: İttiham tərəfinin şahidlərinin məhkəmə iclasında iştirak etməməsi ilə əlaqədar olan Şatşaşvili Gürcüstana qarşı məhkəmə işi üzrə qərarında ([BP], ərizə № 9154/10, 15 dekabr 2015-ci il, 191 saylı Məlumat bülleteni) Böyük Palata bu qənaətə gəldi ki:
a) şahidin üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməməsi özü-özlüyündə məhkəmə araşdırmasını ədalətsiz etmir, amma bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi zamanı balansı 6-cı maddənin 1-ci və 3(d) bəndlərinin pozulduğu qənaətinə doğru dəyişə bilən mühüm amil sayılır;
b) ümumi qiymətləndirmənin məqsədləri üçün yetərincə balanslaşdırıcı amillərin mövcudluğu təkcə iclasda iştirak etməyən şahidin verdiyi ifadənin ittiham hökmü üçün yeganə və həlledici əsas təşkil etdiyi hallarda deyil, həm də həmin ifadənin ən azı əhəmiyyətli ifadə kimi qəbul edildiyi və müdafiə tərəfinin hüquqlarını məhdudlaşdıra biləcəyi hallarda Məhkəmə tərəfindən yoxlanmalıdır;
c) məhkəmə araşdırmasının ədalətli sayılması üçün zəruri olan balanslaşdırıcı amillərin mövcudluğu iclasda iştirak etməyən şahidin ifadəsinin mühümlüyündən asılıdır. İfadə nə qədər mühümdürsə, balanslaşdırıcı amillər də bir o qədər ciddi olmalıdır.
Məhkəmə hesab etdi ki, yuxarıdakı prinsipləri zəruri dəyişikliklərlə bu işdəki ekspertlərin iclasda iştirakı məsələsinə tətbiq etmək olar.
Həqiqətən hazırkı işdə Yunanıstan məhkəmələri ərizəçinin təqsirliliyi barədə rəy təqdim etmiş ekspertin iclasda iştirakını təmin etmək üçün onlardan əsaslı olaraq gözlənilə bilən hər şeyi etməmişdilər.
Bundan başqa, birinci instansiya və apellaysiya məhkəmələrinin qərarlarının mətnindən aydın olurdu ki, sözügedən ekspert rəyinə mühüm sənəd kimi baxılıb.
Bununla belə, bir neçə balanslaşdırıcı amil də mövcud idi:
Birincisi, ərizəçi təqsirliliyi barəsindəki rəydə gəlinən qənaətlərə etiraz etmək imkanına malik idi və konkret olaraq öz eksperti tərəfindən hazırlanmış üç rəyi təqdim etməklə bu imkandan istifadə etmişdi və onun eksperti məhkəmə iclasında iştirak edərək öz qənaətlərini şifahi şəkildə də təqdim etmişdi.
İkincisi, ərizəçi sözügedən rəyin müəllifinə apellyasiya iclasında suallar verməyi nə üçün istədiyini (hətta Avropa Məhkəməsindəki icraatda da) izah etməmişdi. Həqiqətən ola bilərdi ki, ərizəçinin ekspertə vermək istədiyi sualları açıqlaması ərizəçi üçün məqsədəuyğun deyil. Amma bununla belə, onun bu cür dindirməni niyə mütləq dərəcədə zəruri hesab etdiyi, yaxud həmin dindirmənin onun öz ekspertinin rəylərinə nələri əlavə edə biləcəyi barədə ən azı müəyyən məqamları bildirməsi ağlabatan olardı.
Üçüncüsü, məhkəmələr qeyd etmişdilər ki, sözügedən rəyin məzmunu və orada yer alan qənaətlər şahidlərin ifadələri ilə və bir sıra digər rəsmi sənədlərlə təsdiqlənirdi. Həmin rəy işin materiallarında yer alan, ümumi həcmi təxminən 1.500 səhifə olan 100-ə yaxın sənəddə əks olunmuş sübutlardan yalnız biri idi.
Məhkəmənin rəyinə görə, hazırkı iş aşağıdakı işlərdən fərqləndirilməlidir:
- ərizəçini məhkum etmiş məhkəmənin sərəncamında müdafiə tərəfinin iştirakı olmadan ittiham tərəfinin əldə etdiyi ekspert rəyinin olduğu və müdafiə tərəfinin məhkəmə iclasında həmin rəydəki qənaətlərə etiraz etmək imkanına malik olmadığı işlərdən (bax: Matıtsina Rusiyaya qarşı, ərizə № 58428/10, 27 mart 2014-cü il, 172 saylı Məlumat bülleteni);
- ərizəçi barəsindəki ittiham hökmünün onun əleyhinə ifadə vermiş şahidlərin ifadələrinə həlledici dərəcədə əsaslandığı və məhkəmə araşdırmasının hər hansı mərhələsində onun həmin şahidlərə suallar vermək imkanına malik olmadığı işlərdən (bir çox digər işlər arasında bu işə bax: Nikolitsas Yunanıstana qarşı, ərizə № 63117/09, 3 iyul 2014-cü il). Hazırkı iş şahidi olduqları və ya başqalarından eşitdikləri hadisələr barədə ifadə vermiş şahidlərlə əlaqədar deyildi. Bu iş araşdırılan məsələnin texniki aspekti barədə məhkəməyə məlumat təqdim edilməsi üçün məhkəmə orqanları tərəfindən təyin edilən müstəqil ekspert tərəfindən hazırlanmış ekspertiza rəyi ilə əlaqədar idi və həmin rəydəki qənaətlər ərizəçinin özünün işə cəlb etdiyi ekspert tərəfindən təhlil edilmişdi.
Xülasə, sözügedən şəxsi məhkəmə iclasına gəlməyə məcbur etmək üçün həqiqətən mümkün olan hər şey edilməsə də, fakt faktlığında qalır ki, o, sadəcə olaraq ekspert idi, şahid deyildi, onun rəyi ərizəçi barəsindəki ittiham hökmü üçün yeganə və ya həlledici əsas təşkil etməmişdi və Məhkəmənin çəkişmə xarakterli məhkəmə araşdırması prinsipinin tələblərinə riayət edildiyi qənaətinə gəlməsi üçün ərizəçinin işində kifayət qədər balanslaşdırıcı amillər vardı. Müvafiq olaraq, ərizəçinin müdafiə hüquqları ədalətli məhkəmə araşdırması tələblərinə zidd sayıla biləcək dərəcədə məhdudlaşdırılmamışdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Məhkəmə həmçinin Kassasiya Məhkəməsinin öz qərarını yetərincə əsaslandırmadığı barədə iddia edilə əlaqədar olaraq qərara aldı ki, 6-cı maddənin 1-ci bəndi pozulmayıb.
Full & Egal Universal Law Academy