© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Çudak Litvaya qarşı [Böyük Palata] (Cudak v. Lithuania [GC]), ərizə № 15869/02
23.03.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət imkanı
Səfirlik işçisinin ədalətsiz olaraq işdən çıxarılması ilə bağlı məhkəmə təqibinə qarşı işəgötürənin dövlət immunitetinə malik olması: pozuntu baş verib
Mülki hüquq və vəzifələr
Səfirlik işçisinin ədalətsiz olaraq işdən çıxarılması ilə bağlı məhkəmə icraatı: 6-cı maddə bu işə tətbiq edilə bilər
Faktlar – Litva vətəndaşı olan ərizəçi Vilnüsdəki Polşa səfirliyində katibə və telefonçu vəzifəsində çalışırdı. 1999-cu ildə o, Litvanın bərabər imkanlar üzrə ombusmanına müraciət edərək səfirlik əməkdaşlarından biri tərəfindən seksual zəmində təqib edilməsindən şikayət etdi. Onun şikayəti əsaslı sayılsa da, səfirlik onu üzrsüz səbəbə görə işə gəlmədiyinə görə işdən azad etdi. Litva məhkəmələri bu qənaətə gəldilər ki, ərizəçi tərəfindən təqdim edilən ədalətsiz olaraq işdən çıxarılma barədə iddiaya baxmaq üçün yurisdiksiyaya malik deyillər və müəyyən etdilər ki, onun işəgötürəni məhkəmə təqibinə qarşı immunitetə malikdir. Litva Ali Məhkəməsi müəyyən etdi ki, səfirlikdə işlədiyi müddətdə ərizəçi ictimai xidmətlərlə bağlı funksiyaları yerinə yetirib və vəzifəsinin adından göründüyü kimi, onun vəzifə borcu Polşanın suveren funksiyalarının həyata keçirilməsinə yardım etməkdən ibarət idi ki, bu da dövlət immuniteti prinsipinin tətbiqinə haqq qazandırırdı.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: a) Hökumətin ilkin etirazı – Məhkəmə cavabdeh Hökumətin belə bir ilkin etirazını rədd etdi ki, ərizəçi işdən çıxarılma faktına qarşı Polşa məhkəmələrinə şikayət etmək kimi hüquqi müdafiə vasitəsinə malik idi. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi prinsipcə yalnız cavabdeh dövlətin ərazisindəki hüquqi müdafiə vasitəsinə şamil olunur. İstənilən halda, hətta Polşa məhkəmələrinə müraciət nəzəri cəhətdən mümkün idisə də, bu hüquqi müdafiə vasitəsi nə əlçatan, nə də səmərəli idi, çünki Litva qanunvericiliyi ilə tənzimlənən əmək müqaviləsi bağlamış Litva vətəndaşı olan ərizəçi bu vasitədən istifadə edərkən ciddi praktiki çətinliklərlə üzləşəcəkdi.
b) 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsi – Ərizəçinin mülki dövlət qulluqçusu statusu onu bu işin halları baxımından Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş müdafiədən məhrum etmirdi. Bu maddənin tətbiqinin qeyri-mümkün olması üçün iki şərt mövcud olmalıdır: dövlət müvafiq vəzifədə çalışan işçinin və ya müəyyən işçilər kateqoriyasının məhkəməyə müraciət imkanını öz milli qanunvericiliyində birbaşa qadağan etməli və bu qadağa dövlət maraqlarının qorunmasına yönələn obyektiv səbəblərlə əsaslandırılmalıdır (bax: və Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı (Vilho Eskelinen and Others v. Finland [GC]), [Böyük Palata], ərizə № 63235/00, 19 aprel 2007-ci il, 96 saylı Məlumat bülleteni). Şübhə yoxdur ki, Vilho Eskelinenin işi üzrə çıxarılmış qərar ümumən ərizəçinin işinə də şamil oluna bilər (çünki həmin qərar dövlətlə mülki dövlət qulluqçusu arasındakı münasibətə aiddir), lakin hətta həmin qərar bu işə şamil olunmasaydı belə, bu işdə ikinci şərtin yerinə yetirildiyini əsaslı olaraq iddia etmək mümkün deyildi, çünki ərizəçinin işdəki vəzifələrini "dövlət maraqlarının qorunmasına yönələn obyektiv səbəblərin mövcudluğunu istisna edən" vəzifələr hesab etmək olmazdı. Beləliklə, dövlət maraqlarının qorunmasına yönələn obyektiv səbəblərin mövcudluğu istisna edilmədiyinə görə və ərizəçinin Litva Ali Məhkəməsində qaldırdığı iddia işdən qanunsuz olaraq azad edilmə ilə bağlı kompensasiyaya aid olduğuna görə, bu şikayət 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş mülki hüquqla əlaqədar idi.
Nəticə: 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər (yekdilliklə).
c) 6-cı maddənin 1-ci bəndinə riayət edilib-edilməməsi məsələsi – Mülki iş üzrə məhkəmə iddiasına qarşı dövlətə immunitet verilməsi qanuni məqsədlər daşıyırdı, yəni dövlətlərin bir-birinin suverenliyinə hörmət etməklə mehriban və xoş münasibətdə olmalarına şərait yaratmağa xidmət edirdi. Beləliklə, Məhkəmə bu məsələni araşdırmalıdır ki, ərizəçinin məhkəməyə müraciət hüququna qoyulmuş məhdudiyyət həmin qanuni məqsədlərə mütənasib idimi? Bu məsələ ilə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, hazırda beynəlxalq hüquqda və bir çox dövlətlərin praktikasında dövlət immunitetinin məhdudlaşdırılması istiqamətində tendensiya mövcuddur. Belə ki, 1991-ci ildə Beynəlxalq Hüquq Komissiyası tərəfindən qəbul edilmiş "Maddələr layihəsi"nin 11-ci maddəsi dövlətin diplomatik missiyası ilə bağlanan əmək müqavilələrinə immunitet haqqında qaydanın şamil olunmasını prinsipcə istisna edir. Bu müddəa beynəlxalq adət hüququ əsasında Litvaya da şamil olunur (sonradan həmin müddəa Dövlətlərin və onların mülkiyyətinin yurisdiksiya immunitetləri haqqında 2004-cü il tarixli BMT Konvensiyasının müvafiq normasının əsasını təşkil etdi). 11-ci maddədə müəyyən hallarda immunitetin saxlanılmasını nəzərdə tutan bir sıra istisnalar olsa da, onların heç biri ərizəçinin işinə tətbiq edilə bilməzdi. Belə ki, o, dövlət hakimiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan heç bir funksiyanı yerinə yetirmirdi, sadəcə telefonçu qismində işləyirdi və əsas vəzifələri beynəlxalq danışıqları audioyazıya almaq, mətnləri çap etmək, faksları göndərmək və qəbul etmək, sənədlərin kserosurətlərini çıxarmaq və müəyyən tədbirlərin təşkilinə kömək etməkdən ibarət idi. Nə Litva Ali Məhkəməsi, nə də cavabdeh Hökumət bu vəzifələrin Polşa hökumətinin suveren maraqları ilə obyektiv surədə necə əlaqəli olduğunu göstərə bilmədilər. Ali Məhkəmə ərizəçinin vəzifələrinin Polşanın suveren hüquqlarını həyata keçirməsinə kömək etdiyi qənaətinə gəlsə də, bunun üçün əsas qismində yalnız ərizəçinin icra etdiyi vəzifənin adını və Polşanın immunitet barədə tələbini göstərdi, halbuki ərizəçinin həqiqi vəzifələrinin həcmi barədə məlumat əldə etməmişdi.
Həmin vəzifələrin Polşanın təhlükəsizlik maraqları üçün əhəmiyyətli olub-olmadığına gəlincə (bu meyar 2004-cü il Konvensiyasına sonradan əlavə olunmuş 11-ci maddənin 2-ci bəndinin "d" yarımbəndində nəzərdə tutulub), sadəcə vəzifələrinin icrası zamanı ərizəçinin sənədlərlə tanışlıq imkanına malik olması və konfidensial telefon danışıqlarının məzmunundan xəbərdar olması bunun üçün yetərli deyildi. Onun işdən azad olunması və bunun ardınca aparılmış məhkəmə araşdırması öncə Litvanın bərabər imkanlar üzrə ombudsmanı tərəfindən müəyyən edilmiş seksual zəmində təzyiqlərlə əlaqədar idi, belə hərəkətlər isə, çətin ki, Polşanın təhlükəsizlik maraqlarına xələl gətirən hərəkətlər hesab edilə bilər. Nəhayət, ərizəçinin xeyrinə məhkəmə qərarı çıxarılacağı təqdirdə Litvanın hakimiyyət orqanlarının onun icrası ilə bağlı çətinliklərlə qarşılaşacaqlarına dair narahatlıq Konvensiyanın lazımi qaydada tətbiqinə mane ola bilməz. Müvafiq olaraq, məhkəmə təqibinə qarşı dövlət immunitetini tanımaqla və ərizəçinin iddia tələbinə baxmaq üçün yurisdiksiyaya malik olmadıqlarını elan etməklə Litva məhkəmələri ərizəçinin məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətiriblər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Maddi və mənəvi ziyana görə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy