Cümhuriyyət Xalq Partiyası (Cumhuriyet Halk Partisi) Türkiyəyə qarşı – ərizə № 19920/13
26.4.2016 tarixli qərar [II Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Siyasi partiyanın aktivlərinə münasibətdə mövcud hüquq normaları əsasında baş verə biləcəyini öncədən görmək mümkün olmayan və buna görə də qanunsuz olan müsadirənin həyata keçirilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasıdır ("Cumhuriyet Halk Partisi"). Ərizəçi partiyanın 2007, 2008 və 2009-cu illər üçün yekun hesabatlarını yoxladıqdan sonra Konstitusiya Məhkəməsi onun xərclərinin bəzilərini "Siyasi partiyalar haqqında" qanun əsasında qanunsuz elan etdi və ərizəçi partiyanın qanunsuz xərclərə ekvivalent olan məbləğdə (1.000.000 avrodan yuxarı) aktivlərinin müsadirə olunması barədə qərar çıxardı.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi partiya digər məsələlərlə yanaşı şikayət etdi ki, Konstitusiya Məhkəməsinin qərarları onun Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozub.
Hüquqi məsələlər – Maddə 11: Məhkəmə hesabatlılıq və şəffaflıq məqsədləri üçün siyasi partiyaların maliyyə fəaliyyətləri üzərində nəzarətin zəruriliyi ilə razılaşdı, belə ki, bu nəzarət ictimaiyyətin siyasi prosesə inamını təmin etməyə xidmət edir. Beləliklə, siyasi partiyaların maliyyə vəsaitlərinin yoxlanması özü-özlüyündə 11-ci maddə üzrə hər hansı məsələni meydana çıxarmır. Bundan başqa, Avropa Şurasına üzv olan dövlətlərdə siyasi partiyaların maliyyə hesabatları üzərində nəzarət məsələsində vahid praktika mövcud deyil. Lakin bu sahədə dövlətlərin qiymətləndirmə sərbəstliyinin hüdudları geniş olsa da, qeyri-məhdud deyil. Siyasi partiyanın maliyyə vəsaitlərinin yoxlanması partiyanın fəaliyyətinə maneə yaradırsa, bu hal birləşmək azadlığı hüququna müdaxiləyə bərabər sayıla bilər. Ərizəçi partiyanın işində sözügedən sanksiyalar onun fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi, hərçənd ki, bütün sanksiyaların təsiri nəzərə alına bilməz, belə ki, 2007-ci il hesabatları ilə bağlı sanksiyalardan verilmiş şikayət Məhkəmə tərəfindən qəbul olunmayan hesab edilib. Bununla belə, təkcə elə 2008 və 2009-cu il hesabatları ilə bağlı sanksiyalar nəzərə alınmaması mümkün olmayan dərəcədə böyük məbləğləri əhatə edirdi, belə ki, onlar ərizəçi partiyanı siyasi fəaliyyətlərinin xeyli hissəsini dayandırmağa məcbur etmişdi və buraya yerli bölmələr səviyyəsində fəaliyyətlər də daxil idi. Müvafiq olaraq, sözügedən sanksiyalar ərizəçi partiyanın siyasi fəaliyyətinə və beləliklə həm də Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığına müdaxilə təşkil edirdi.
Maliyyə yoxlamaları mexanizmindən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin qarşısını almaqdan ötrü siyasi partiyaların maliyyə vəsaitlərinin yoxlanmasını tənzimləyən qanunlara münasibətdə daha yüksək "öncəgörmə" (qanununun müddəalarının doğura biləcəyi nəticələri öncədən görə bilmə) standartı tətbiq edilməlidir.
a) "Xərclərin qanunsuz olduğunu" öncədən görə bilmənin mümkünlüyü məsələsi – İddia edildiyinə görə ərizəçi partiyanın xərclərinin qanunsuzluğu bu faktla əlaqədar idi ki, həmin vəsaitlər daxili qanunvericilikdə nəzərdə tutulduğu kimi "siyasi partiyanın məqsədlərinə" nail olmaq üçün və "hüquqi şəxs qismində partiyanın mənafeləri naminə" xərclənməmişdi. 2011-ci ildə edilmiş dəyişikliklərə qədər müvafiq daxili qanunvericilikdə Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilən yoxlamanın məqsədləri üçün "siyasi partiyanın məqsədləri" ifadəsinin necə şərh edilməli olduğuna və bu məqsədlərin hansı fəaliyyətləri əhatə etdiyinə dair heç bir göstəriş yer almamışdı. Bundan başqa, dəyişikliklərə qədər yoxlamanın xarakterini və hüdudlarını müəyyənləşdirən heç bir norma yox idi. Beləliklə, ilk baxışdan bu məsələdə müvafiq daxili qanunvericilikdə dəqiqliyin çatışmadığı təəssüratı yaranır.
Hökumətin rəyinə əsasən Konstitusiya Məhkəməsinin qərarlarının yazılı hüquqda əks olmayan məsələlərə aydınlıq gətirən bələdçi rolunu oynaması məsələsinə gəlincə, həmin qərarlar müvafiq hesabatların Konstitusiya Məhkəməsinə təqdim edilməsindən sonra qəbul edilmişdi və buna görə də hazırkı işin məqsədləri üçün presedent xarakteri daşımırdı. Həm də bu qərarlarda qanunilik tələblərinin qiymətləndirilməsinə tətbiq edilən meyarlarla bağlı ziddiyyətlər vardı ki, bu da onların müddəalarının doğura biləcəyi nəticələri öncədən görə bilmənin mümkünlüyünü daha da çətinləşdirirdi. Bundan əlavə, qanunvericilikdə hər hansı müddət məhdudiyyətinin qoyulmadığı bir şəraitdə yoxlama prosedurundakı ləngimələr hüquqi qeyri-müəyyənliyi daha da dərinləşdirirdi. Ərizəçinin əhəmiyyətli dərəcədə maliyyə maraqlarının təhlükə altında olduğunu nəzərə alsaq, Konstitusiya Məhkəməsi yoxlamaları vaxtında başa çatdırmaq üçün xüsusilə səylə çalışmalı idi, belə ki, bu, ərizəçi partiyanın növbəti illərdə analoji xərclərlə bağlı maliyyə sanksiyalarından qurtulmaq üçün öz hərəkətlərini tənzimləməsinə imkan yaradardı.
b) Tətbiq edilə bilən sanksiyaları öncədən görmənin mümkünsüzlüyü – daxili qanunvericilikdə siyasi partiyaların fəaliyyətlərini tənzimləyən qanunvericiliyi pozan hər hansı halla bağlı xəbərdarlıq mexanizmi nəzərdə tutulmuşdu. Lakin bu işdəki xəbərdarlıqlar, müvafiq müddəaların tələb etdiyi kimi, prokuror tərəfindən edilməmişdi. Bu hal və üstəlik Konstitusiya Məhkəməsinin qərarlarında xəbərdarlıq mexanizmini nəzərdə tutan qanunvericilik normalarının konkret olaraq göstərilməməsi həmin xəbərdarlıqların faktiki hüquqi əsası ilə bağlı qeyri-müəyyənlik yaratmışdı. Bundan başqa, müvafiq qanunvericilikdən, Hökumətin izahatlarından, yaxud da Konstitusiya Məhkəməsinin qərarlarından aydın olmurdu ki, hansı hallarda qanunvericiliyin tələblərinə uyğun olmayan xərclərlə bağlı müsadirə qərarı əvəzinə xəbərdarlıq edilə bilər. Həmçinin xəbərdarlıqların predmeti olan xərclərin xarakteri də məsələyə aydınlıq gətirmirdi, belə ki, onlar öz xarakteristikalarına görə müsadirə qərarlarına səbəb olan qanunsuz xərclərdən elə də fərqli görünmürdü. Beləliklə, ərizəçi partiya qanunsuz xərclərin xəbərdarlıq sanksiyası ilə və ya müsadirə qərarı ilə nəticələnib-nəticələnməyəcəyini və hansı hallarda nəticələnəcəyini öncədən görmək imkanına malik deyildi.
Yekun olaraq, Məhkəmə qəbul etdi ki, müasir cəmiyyətlərdə siyasi partiyalar tərəfindən həyata keçirilən geniş çeşidli fəaliyyətlər siyasi partiyanın məqsədlərinə uyğun olan və həqiqətən partiya işinə aid olan fəaliyyət növlərini müəyyənləşdirmək üçün hərtərəfli meyarların nəzərdə tutulmasını çətinləşdirir. Bununla belə, o vurğuladı ki, demokratik cəmiyyətlərdə siyasi partiyaların oynadığı mühüm rolu nəzərə alsaq, onların birləşmək azadlığına müdaxiləyə səbəb ola biləcək hər hansı hüquq normaları, məsələn, onların xərclərinin yoxlanmasına aid müddəalar elə formada ifadə edilməlidir ki, onların mətnindən həmin normaların necə şərh və tətbiq ediləcəyini ağlabatan dərəcədə öncədən görmək mümkün olsun.
Bu mülahizələrdən belə nəticə çıxır ki, bu işdə öncəgörmə şərtinə riayət edilməyib və sözügedən müdaxilə qanunla nəzərdə tutulmayıb.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Maddi ziyana görə 1.085.800 avro təyin olundu.
(Bax: Rifah Partiyası və başqaları Türkiyəyə qarşı [BP], ərizə № 41340/98 və s., 13 fevral 2003-cü il, 50 saylı məlumat bülleteni; və Rusiya Respublikaçılar Partiyası Rusiyaya qarşı, ərizə № 12976/07, 12 aprel 2011-ci il, 140 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy