Kipr Türkiyəyə qarşı [BP] – ərizə № 25781/94
10.5.2001 tarixli qərar [Böyük Palata]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Müstəqil məhkəmə
Qərəzsiz məhkəmə
"Şimali Kipr Türk Respublikası"nda kiprli yunan əhalinin "daxili qanunvericilikdə" müəyyən edilmiş mülki hüquq və vəzifələrlə bağlı mübahisələrinin həlli üçün məhkəmə sisteminin fəaliyyət göstərməsi: pozuntu baş verməyib
Faktlar – Bu iş 1974-cü ilin iyulunda və avqustunda Türkiyə tərəfindən hərbi əməliyyatların aparılmasından bəri şimali Kiprdə mövcud olan və Kipr ərazisinin bölünməsi ilə nəticələnən vəziyyətlə bağlıdır. Həmin vəziyyətlə əlaqədar olaraq Kipr iddia etdi ki, Kiprin Türkiyəyə qarşı verdiyi əvvəlki şikayətlərlə bağlı Avropa İnsan Hüquqları Komissiyası tərəfindən hazırlanmış əvvəlki iki məruzənin qəbul edilməsindən sonra Türkiyə şimali Kiprdə Konvensiyanı pozmaqda davam edir.
Konvensiya üzrə icraatda Kipr iddia etdi ki, 1983-cü ilin noyabrında "Şimali Kipr Türk Respublikası"nın ("ŞKTR") elan edilməsinə və daha sonra 1985-ci ilin mayında "ŞKTR"-in Konstitusiyasının qəbul edilməsinə baxmayaraq, Konvensiyaya əsasən iddia edilən pozuntulara görə Türkiyə məsuliyyət daşıyır. Kipr beynəlxalq hüquq baxımından "ŞKTR"-in qanunsuz qurum olduğunu iddia etdi və beynəlxalq birliyin "ŞKTR"-in yaradılmasını pislədiyini qeyd etdi. Digər tərəfdən, Türkiyə iddia etdi ki, "ŞKTR" demokratik və konstitusion dövlətdir və Türkiyə də daxil olmaqla bütün digər suveren dövlətlərdən siyasi cəhətdən asılı olmadan müstəqildir. Bu səbəbdən Türkiyə vurğuladı ki, Kiprin irəli sürdüyü iddialar yalnız "ŞKTR"-ə aiddir və Türkiyə həmin iddialar üçün əsas təşkil edən hərəkətlərə və ya hərəkətsizliyə görə Konvensiyaya əsasən məsuliyyət daşıya bilməz.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Şikayət ərizəsində Hökumət iddia etdi ki, Kiprin yunan anklavında yaşayan əhali "ŞKTR" məhkəmələrində mülki hüquqlarını müdafiə etmək imkanından məhrumdur və bu bir inzibati praktikadır. Lakin bu iddia şahid ifadələri ilə və yazılı sübutlarla ziddiyyət təşkil edir. Müəyyən edilib ki, şimalda yaşayan kiprli yunanların öz mülkiyyət hüquqlarının müdafiəsi üçün qaldırdıqları məhkəmə işlərini udduqları hallar vardır və onların yerli məhkəmələrdən istifadə etmələri qarşısında irqi, dini mənsubiyyət və ya etnik mənşə əsasında yaradılan maneə yoxdur.
Kiprin yunan anklavında yaşayan əhalinin gündəlik həyatına böyük təsir göstərən, amma "ŞKTR" məhkəmələrinin səlahiyyətinə aid olmayan müəyyən məsələlərin olması, məsələn, onların hərəkət azadlığına və ya əmlaklarını cənubdakı qohumlarına miras qoymaq hüquqlarına məhdudiyyətlərin qoyulması bu qənaətə təsir göstərmir. Siyasi yolla və ya "qanunvericilik" qaydasında təsbit edilməsindən asılı olmayaraq, bu tədbirlər həm də Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrinin səmərəliliyi baxımından və onların Konvensiyanın və onun Protokollarının digər müvafiq substantiv maddələrinə uyğunluğu baxımından araşdırılmalıdır.
"ŞKTR"-in məhkəmə sisteminin qanuniliyinə Hökumətin etirazına gəlincə, "ŞKTR"-in beynəlxalq hüquqa əsasən qanunsuz qurum olduğuna baxmayaraq, istisna etmək olmaz ki, ərizəçilər kompensasiyaya nail olmaq məqsədi ilə öz şikayətlərini digər orqanlarla yanaşı yerli məhkəmələrə təqdim etməyə ehtiyac duya bilərlər.
"ŞKTR"-də "daxili qanunvericilikdə" müəyyən edilmiş mülki hüquq və vəzifələrlə bağlı mübahisələrin həlli üçün fəaliyyət göstərən məhkəmə sistemi mövcuddur və bu sistem kiprli yunan əhalinin də sərəncamındadır. Bu məhkəmə sisteminin fəaliyyəti və prosedurları Kiprin ümumi hüquq və məhkəmə ənənəsini özündə əks etdirir. "ŞKTR-in daxili qanunvericiliyinin" bütün əhalinin maraqları naminə hüquq və vəzifələrin mahiyyətini müəyyən etdiyini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, "ŞKTR"-in "qanunvericiliyi" əsasında yaradılmış daxili məhkəmələr həmin hüquq və vəzifələrin həyata keçirilməsinin təmin edildiyi məkandır. Həmin yerli məhkəmələrin "konstitusiya və qanun əsasında" fəaliyyət göstərdiyini nəzərə alsaq, onları "qanun əsasında yaradılmış" məhkəmələr hesab etmək olar.
Hər hansı başqa qənaət Kiprin yunan icmasının zərərinə ola bilər və həmin icmadan olan şəxslərin özəl quruma və ya dövlət orqanına qarşı iddia qaldıraraq işin həllinə nail olmaq imkanından məhrum olması ilə nəticələnə bilər.
Bu praktikanın Kiprin şimalında yaşayan kiprli yunanları mülki hüquq və vəzifələri müəyyən edilərkən müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işlərinin ədalətli araşdırılması hüququndan məhrum etdiyi barədə iddiaya gəlincə, bu məsələdə Konvensiyanın 6-cı maddəsi pozulmayıb.
Nəticə: pozuntu baş verməyib (altı səsə qarşı on bir səslə).
Full & Egal Universal Law Academy