Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BEŞİNCİ BÖLMƏ
DANİLENKOV VƏ DİGƏRLƏRİ RUSİYAYA qarşı İŞİ [DANİLENKOV AND OTHERS vs. RUSSIA]
(67336/01 saylı ərizə)
QƏRAR
[Çıxarışlar]
Bu versiya 23 aprel 2010-cu il tarixində Məhkəmə Reqlamentinin 81-ci Qaydasına müvafiq olaraq hazırlanmışdır
STRASBURQ
30 iyul 2009-cu il
YEKUN
10/12/2009
Bu qərar redaktə məqsədilə təhlil edilə bilər.
Danilenkov və digərləri Rusiyaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Rait Maruste, Sədr,
Renate Jaeger,
Karel Jungwiert,
Anatoly Kovler,
Mark Villiger,
Isabelle Berro-Lefèvre,
Zdravka Kalaydjieva, hakimlər,
və Stephen Phillips, bölmə katibinin müavini,
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə)
14 aprel və 7 iyul 2009-cu il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu qeyd edilən tarixdə qəbul edilən aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. İş otuz iki rusiyalı tərəfindən 9 fevral 2001-ci il tarixində İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Rusiya Federasiyasına qarşı Məhkəməyə təqdim edilmiş şikayət ərizəsi (67336/01 saylı) əsasında açılmışdır. Ərizəçilərin hamısı Rusiya Dokerlər Birliyinin (“RDB”) (Docker’s Union of Russia) Kalininqrad şöbəsinin üzvləridir.
2. Hüquqi yardım göstərilən ərizəçilər Kalininqrad dəniz limanının RDB Birliyinin sədri cənab M. Chesalin (М.Чесалин) tərəfindən təmsil olunmuşdur. Rusiya Hökuməti ardıcıl olaraq Rusiya Federasiyasının Avropa İnsan Hüquqları Məhkəməsindəki keçmiş nümayəndələri cənab P. Laptev və xanım V. Milinçuk tərəfindən təmsil edilmişdir.
3. Ərizəçilər, xüsusilə birləşmə və diskriminasiyaya məruz qalmama hüquqlarının pozulduğunu və onların diskriminasiya ilə bağlı şikayətlərinə baxılması üçün effektiv yerli hüquqi vasitələrin olmadığını iddia etmişlər.
4. 19 oktyabr 2009-cu ildə ərizə qəbuledilən elan edilmişdir.
5. Ərizəçilər və Hökumət işlə bağlı müşahidələrini təqdim etmişlər (59-cu Qaydanın 1-ci bəndi). Məhkəmə tərəflərlə məsləhətləşdikdən sonra işlə bağlı dinləmələrə ehtiyac olmadığına qərar vermişdir (yekun olaraq 59-cu Qaydanın 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
...
A. Ərizə ilə bağlı ümumi məlumat
8. Rusiya Liman Dokerlər Birliyinin şöbəsi ənənəvi Dəniz Nəqliyyatı İşçiləri Birliyinə alternativ olaraq 1995-ci ildə Kalininqrad dəniz limanında təsis edilmişdir. Şöbə rəsmi olaraq 1995-ci il 3 oktyabr tarixində Kalininqrad Ədliyyə Departamentində qeydiyyata alınmışdır.
9. Ərizəçiləri işə götürən Kalininqrad Dəniz Ticarət Limanı Co. Ltd. (ЗАО «Морской торговый порт Калининград» – “liman şirkəti”) özəl şirkəti Kalininqrad Dəniz Ticarət Limanı məhdud məsuliyyətli cəmiyyətinin yenidən təşkili nəticəsində 1998-ci il 30 iyun tarixində yaradılmış və sonuncunun hüquqi varisinə çevrilmişdir. 1998-ci il 20 iyul tarixində Kalininqradın Baltiyskiy Rayon İnzibati Orqanı yeni yaradılmış hüquqi şəxsi qeydiyyata almışdır. 2002-ci il 25 aprel tarixində özəl şirkət eyni adlı dövlət şirkətinə çevrilmişdir (ОАО «МПТК»).
10. Ərizəçilər, 1997-ci il 4 mart tarixində Kalininqrad Vilayətinin Qubernatorunun Kalininqrad Vilayətinin İnkişaf Fondunun (Fond) yaradılması və Kalininqrad Vilayəti İnzibati Orqanının beş rəsmi əməkdaşının Fondun idarəetmə şurasına təyin edilməsi haqqında 183 saylı Qərar qəbul etdiyini bildirmişlər. Qubernatorun özü idarəetmə şurasının sədri, Qubernatorun birinci müavini c-b Karetnıy isə Fondun meneceri vəzifələrinə təyin edilmişdir.
11. Ərizəçilərin bildirdiyinə görə, 1998-2000-ci illər ərzində c-b Karetnıy dəniz limanı şirkətinin direktorlar şurasının üzvü olmuş və həmin dövrdə tərəfindən idarə edilən Regionk adlı şirkət vasitəsilə dəniz limanı şirkətinin səhmlərinin daha 35%-ni idarə etmişdir. Bununla ərizəçilər şirkətlərinin hal-hazırda Dövlətin güclü nəzarəti altında olduğu nəticəsinə gəlmişlər: həm birbaşa (səhmlərin 20%-I Fonda məxsusdur), həm də dolayı şəkildə (səhmlərin 35%-i regional inzibati orqanın rəsmi nümayəndəsi tərəfindən idarə olunur).
12. Hökumət tərəfindən təqdim edilən sənədlərə əsasən, Kalininqrad dəniz limanı özəl mülkiyyətdə olmuş və Fond onun səhmlərinin yalnız 19,93%-ni (1997-ci ilin may ayında 0,09%-ni, 1998-ci ilin may ayında isə 19,84%-ni) almışdır; bu səbəbdən Dövlətin onun fəaliyyətinə ciddi nəzarət etdiyini söyləmək olmaz. Bununla yanaşı, dəniz limanı şirkətinin Fonda məxsus səhmləri 2000-ci ilin 28 noyabr tarixində Zemland Eskima (ЗАО «Земланд Эскима») səhmdar cəmiyyətinə ötürülmüşdür. C-b Karetnıy ilə bağlı Hökumət, onun dəniz limanı şirkətinin direktorlar şurasının üzvü olduğunu, bununla belə həmin vaxt dövlət qulluqçusu olmadığını bildirmişdir. Ərizəçilərin onun Regionk şirkətini idarə etməsi ilə bağlı iddiaları heç bir dəlillə dəstəklənməmişdir. Hökumət həmçinin Dövlət tərəfindən effektiv nəzarətin şirkətin qüvvədə olan qanunlara uyğunluğunun nəzarətdə saxlanması ilə məhdudlaşdığını iddia etmişdir.
B. Dəniz limanı rəhbərliyi tərəfindən yol verildiyi iddia edilən diskriminasiya
13. 1996-cı ilin may ayında RDB kollektiv sövdələşmələrdə iştirak etmişdir. Daha uzun müddətli illik məzuniyyət və daha münasib ödəmə şərtləri təmin edən yeni kollektiv əmək müqaviləsi imzalanmışdır. Nəticədə iki il ərzində RDB əməkdaşlarının sayı 11-dən 275-ə çıxmışdır (14 oktyabr 1997-ci il). Ərizəçilərin verdiyi məlumata görə, Kalininqrad dəniz limanında hazırda beş yüzdən çox doker işləyir.
14. 1997-ci il 14 oktyabr tarixində RDB əmək haqqı, daha yaxşı iş şərtləri, sağlamlıq və həyat sığortası tələbi ilə bağlı iki həftəlik tətil keçirmişdir. Tətil qarşıya qoyulmuş məqsədlərə nail olmağa kömək etməmiş və 1997-ci il oktyabrın 27-də dayandırılmışdır.
15. Ərizəçilər 28 oktyabr 1997-ci ildə Kalininqrad dəniz limanı rəhbərliyinin tətilə görə cəza vermək və birliyin sıralarını tərk etməyə təhrik etmək məqsədilə RDB üzvlərinə təzyiq etdiyini bildirmişdir.
1. RDB üzvlərinin xüsusi işçi qruplarına yenidən təyin edilməsi
16. 1997-ci il 28 oktyabr tarixində Kalininqrad dəniz limanının direktoru sərəncam vermiş və nəticədə “dokerlərin ehtiyat qrupları” adlandırılan, hər biri 40 işçidən ibarət iki xüsusi iş qrupu (109 və 110 saylı) formalaşdırılmışdır. Bu qruplar ilkin olaraq yaşlı və ya sağlamlıq problemləri olan, tam imkanları ilə işləyə bilməyən liman işçiləri üçün yaradılmışdır. Yükləmə-boşaltma işləri üçün sayları az olmuş (digər iş qruplarına daxil olan 14-15 nəfərlə müqayisədə altı nəfər) və bir komandada (109 saylı) birləşdirildikdən sonra 8 saat davam edən gündüz növbələrində işə təyin edilmiş, digər qruplar isə 11 saat sürən və bir-birini əvəz edən gecə və gündüz növbələrində işləmişdir. 1997-ci ilin 28 oktyabr sərəncamı ilə yaşlı və sağlamlıq problemləri olan liman işçiləri 117 saylı yeni formalaşdırılmış qrupa keçirilmiş, tətildə iştirak etmiş operatorların əksəriyyəti isə 109 və 110 saylı yenidən təşkil edilmiş “ehtiyat qruplarına” təyin olunmuşdur.
17. Ərizəçilərin dediyinə görə, onların ancaq gündüz növbəsində işləmək üçün nəzərdə tutulan “ehtiyat qruplarına” keçirilməsi nəticəsində qazanc vaxtları xeyli azalmışdır. 1997-ci ilin noyabr ayının sonlarında direktor birliyin sıralarını tərk edənləri dərhal faktiki olaraq yükləmə-boşaltma işinə çıxışı olan qeyri-RDB qruplarına keçirməklə həmkarlarını RDB üzvlüyünü tərk etməyə həvəsləndirməyə cəhd etmişdir.
18. 1997-ci il 1 dekabr tarixində qrupların yeni tərkibi rəsmiləşdirilmiş və direktor qrupların yenidən nömrələnməsi üçün göstəriş vermişdir. Ərizəçilər ancaq tətildə iştirak etmiş RDB üzvlərindən ibarət olan dörd qrupa keçirilmişdir (9, 10, 12 və 13 saylı qruplar). 12 və 13 saylı qrupların iş qrafikləri digər qruplarınkına oxşar olsa da, 9 və 10 saylı qruplar (əvvəlki 109 və 110 saylı) iki istirahət gününün nəzərdə tutulduğu iki ardıcıl gün 11 saatlıq gündüz növbəsində işləməyə təyin edilmişdir.
2. RDB üzvlərindən ibarət qrupların qazanc potensialında azalma
19. Ərizəçilərin bildirdiyinə görə, 1997-ci ilin dekabr ayınadək növbətçi qrupların rəhbərlərinin növbə ilə qruplarına iş seçmək təcrübəsi tətbiq edilmişdir. 1997-ci ilin 1 dekabrından sonra direktor qeyri-rəsmi şəkildə RDB qruplarının rəhbərlərini ənənəvi fəaliyyətdən çıxarmış və onların seçimlərini olduqca əlverişsiz işlə məhdudlaşdırmışdır. Onlara günəmuzd qaydada ödənilən yük daşıma işləri verilmədiyi və ancaq saat hesabı normal qiymətin yarısı qədər ödəniş edilən ikinci dərəcəli işlər gördükləri üçün ərizəçilərin gəliri yarıdan üç dəfəyədək azalmışdır.
20. 1998-ci ilin 21 yanvar tarixində Dövlət Əmək Müfəttişi ərizəçiləri işəgötürən şirkətin insan resursları üzrə direktoruna yenidən təşkil edilmiş qruplara daxil olan dokerlərin itirilmiş pullarına görə təzminatın ödənilməsi haqqında göstəriş vermişdir. 1998-ci ilin 2 fevralında insan resursları üzrə direktor, qrupların yenidən təşkilinin dəniz limanı şirkətinin daxili məsələsi olduğu və bütün liman operatorlarının eyni işə görə bərabər ödəniş aldığını nəzərə aldıqda təzminat ödəmək üçün heç bir hüquqi əsasın olmadığı şəklində cavab vermişdir.
21. Ərizəçilər həmçinin onları işəgötürən şirkətin onların yükləmə-boşaltma işinə çıxışının qarşısını almağa bəhanə olaraq RDB qruplarını məqsədyönlü şəkildə lazımı heyətlə təmin etmədiyini iddia etmişdir (1998-ci ilin avqust ayında 9 və 10 saylı qruplarda 3 nəfər, 12 və 13 saylı qruplarda isə altı nəfər olmuşdur).
22. Birinci və ikinci ərizəçi RDB üzvlərinin xüsusi qruplara yenidən təyin edilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyinə şikayət etmişdir. 1998-ci il 25 avqustda Kalininqrad Vilayətinin Dövlət Əmək Müfəttişliyinin rəhbəri Kalininqrad dəniz limanının fəaliyyətdə olan direktoruna əmrnamə (предписание) vermişdir. Müfəttişlik, xüsusilə liman operatorlarının həmkarlar ittifaqına üzvlükləri əsasında qruplara təyin olunduğunu müəyyən etmişdir. Belə bir hal Həmkarlar ittifaqları haqqında Qanunun 9-cu bölməsinin 1-ci bəndinin pozulması deməkdir və heyət çatışmazlığı səbəbindən bir neçə qrupun tam potensialla işləməsinin qarşısını almışdır. Müfəttişlik heyət üzvlərinin sayının normal səviyyəyə çatdırılması məqsədilə işçi qrupların tərkibinə edilən dəyişikliklərin ləğv edilməsi göstərişini vermişdir.
23. 1998-ci ilin 4 noyabrında icraçı direktor dokerlərin dörd RDB qrupundan hər biri beşdən az üzvdən ibarət digər qruplara təyin edilməsi göstərişini vermişdir. 1 dekabr 1998-ci ildə dörd RDB qrupunda qalan digər işçilər yeni qrup (14 saylı) formalaşdırmaq üçün bir araya gətirilmiş və birinci ərizəçi qrupun lideri təyin edilmişdir.
3. Təhlükəsizlik qaydaları üzrə imtahan
24. 15 aprel - 14 may 1998-ci ildə dokerlərin işdə təhlükəsizlik qaydaları haqqında biliklərinin illik yoxlaması keçirilmişdir. RDB nümayəndəsinin imtahan komissiyasının üzvü olmasına və ya hətta imtahanda iştirak etməsinə icazə verilməmişdir.
25. Ərizəçilər imtahan şərtlərinin obyektiv olmadığını və RDB üzvləri üçün zərərli olduğunu bildirmişlər: imtahandan keçməmiş 89 dokerdən 79-u RDB üzvü olmuş, 1 iyun 1998-ci il tarixində isə dəniz limanı şirkəti ancaq 212 nəfərinin RDB üzvü olduğu 438 doker işə götürmüşdür. Hökumətə görə, yalnızca imtahandan keçə bilməmiş 44 dokerin RDB üzvlüyü olmuşdur. İmtahandan kəsilmiş dokerlər bir həftəlik yükləmə-boşaltma işlərindən kənarlaşdırılmışdır.
26. 3-5 iyun tarixlərində keçirilmiş ikinci cəhddə aralarından 17-si RDB üzvü olan 20 işçi yenə imtahandan keçə bilməmişdir. Ərizəçilər imtahandan bir həftə sonra iki nəfər qeyri-RDB üzvünün işə buraxıldığını, RDB üzvlərinin isə işdən uzaqlaşdırıldığını və onlara təkrar imtahan vermək şansının verilmədiyini bildirmişlər. Ərizəçilərin sözlərinə görə, dəniz limanı rəhbərliyi birliyə üzvlükdən çıxmağa razılıq verənləri imtahandan keçirmiş və işə qayıtmağa icazə vermişdir. Bir ərizəçi istefa edərək limandan kənarda özünə iş tapmalı olmuşdur.
27. 25 avqust 1998-ci ildə iş yerində təhlükəsizlik üzrə müfəttiş imtahan komissiyasının tərkibinin RDB ilə razılaşdırılmadığı səbəbilə təhlükəsizlik qaydalarına dair imtahanın nəticələrinin ləğv edilməsi haqqında göstəriş vermişdir. Müfəttiş RDB-un iştirakı və liman operatorlarının təhlükəsizlik qaydalarına dair istinad materialları ilə təmin edilməsi şərti ilə bi ay ərzində imtahanın yenidən təşkil edilməsini tələb etmişdir.
28. 29 oktyabr 1998-ci ildə RDB nümayəndəsinin və İş Yerində Təhlükəsizlik üzrə Dövlət Müfəttişliyinin rəsmisinin iştirakı ilə üçüncü dəfə baş tutmuşdur. İmtahana girmiş beş RDB üzvündən dördü ən yüksək, beşincisi isə ikinci ən yüksək qiyməti almışdır.
4. 1998-99-cu illərdə dokerlərin sayının artıqlığı
29. 26 mart 1998-ci ildə dəniz limanı rəhbərliyi 112 liman işçisinin artıq olması ilə bağlı bildiriş vermişdir.
30. 1998-ci il avqustun 10-da əvvəllər heyət üzvü olmuş 33 liman operatorunun müqaviləsi “ehtiyat” müqaviləsinə çevrilmişdir. Ərizəçilər müqavilə şərtləri dəyişdirilmiş işçilərdən 27-nin (81,8%) RDB üzvü olduğunu, həmin vaxt isə dəniz limanında RDB üzvlüyünün orta səviyyəsinin 33% təşkil etdiyini qeyd etmişlər. Ərizəçilərin iddiasına görə, çıxarılmış liman işçiləri orta hesabla işdə saxlanmış həmkarlarından daha ixtisaslı olmuşlar.
31. 1998-ci il 11 noyabr tarixində icraçı direktor 47 dokerin ixtisar edilməsi haqqında göstəriş vermişdir. 20 noyabr 1998-ci ildə insan resursları üzrə direktor aralarından 28-i RDB-a üzv olan (ərizəçilərin bildirdiyinə görə) 35 doker ilə bağlı bildiriş təqdim etmişdir. Ərizəçilər faktiki olaraq işdən kənarlaşdırmanın baş vermədiyini və buna səbəbin həmkarlar ittifaqı ilə heç vaxt əldə edilə bilməyəcək və əldə edilməmiş razılığın tələb edilməsidir. Bununla belə, 18 dekabr 1999-cu il tarixində RDB qrupundan 15 dokerə 18 fevral 1998-ci ildən etibarən iş vaxtının ayda 132 saatdan 44 saata azaldılacağı haqqında məlumat verilmişdir. Ərizəçilərin təqdim etdiyi şikayətə baxdıqdan sonra Baltiyskiy nəqliyyat müfəttişi razılıqları olmadan olduqca az sayda işçi üçün (eyni kvalifikasiyaya malik 116 dokerdən və ümumilikdə 365 nəfər dokerdən 15-i) yarım-ştat qrafikin hazırlanması konstitusiyada təsbit olunmuş bərabərlik prinsipini pozmuş, Əmək Məcəlləsinin 25-ci Maddəsi ilə ziddiyyət təşkil etmişdir. 10 fevral 1999-cu ildə prokuror limanın icraçı direktoruna pozuntu hallarını aradan qaldırmaq təlimatı vermişdir.
32. Birincidən altıncıya qədər, doqquzuncu, onuncu, on birinci və on səkkizinci ərizəçilər də məhkəməyə müraciət etmişlər. Onlar məhkəmənin onların keçirilməsini qeyri-qanuni elan etməsini, həmkarlar ittifaqlarına üzvlük zəminində diskriminasiyaya məruz qaldıqlarını müəyyən etməyi və itirilmiş qazanc və qeyri-maddi zərərə görə onlara təzminat ödənməsini tələb etmişlər.
33. 25 yanvar 2000-ci ildə Kalininqradın Baltiyskiy Rayon Məhkəməsi ərizəçilərin iddialarını qismən təmin etmişdir. Məhkəmə az sayda liman işçisinin yarım-ştat qrafikə keçirilməsinin heç bir əsaslı səbəbinin olmadığını və bu səbəbdən qeyri-qanuni olduğunu müəyyən etmişdir. Məhkəmə dəniz limanı şirkətinə itirilmiş qazanc və qeyri-maddi zərərə görə iddiaçılara təzminat ödəməyi əmr etmişdir. Lakin dəniz limanı rəhbərliyi tərəfindən ayrı-seçkilik xarakterli yanaşma sübuta yetirilmədiyi üçün məhkəmə RDB üzvlüyü zəminində iddiaçılara qarşı ayrı-seçkilik edildiyini qəbul etməmişdir.
5. İTF-yə müraciət və yeni kollektiv müqavilə
34. 26 yanvar 1999-cu ildə RDB Nəqliyyat İşçilərinin Beynəlxalq Federasiyasına (İTF) şikayətlə müraciət etmişlər. İTF dəniz limanı rəhbərliyini RDB-a qarşı ayrı-seçkiliyi dayandırmağa çağırmış və Kalininqrad limanından daşınan yüklərin beynəlxalq miqyasda boykot ediləcəyi ilə hədələmişdir.
35. İTF vasitəsilə göstərilən beynəlxalq həmkarlar ittifaqları təzyiqinin ardından 22 may 1999-cu ildə dəniz limanı rəhbərliyi və RDB müqavilə imzalamışdır. Yalnızca-RDB qrupları ləğv edilmiş, RDB üzvləri yükləmə-boşaltma işlərinə tam çıxışı olan digər qruplara keçirilmiş və vahid mükafat sistemi tətbiq edilmişdir.
36. Ərizəçilər müqavilənin şərtlərinin 19 avqust 1999-cu ilədək, RDB-un ən fəal üzvlərinin yenidən sadəcə-RDB qrupuna keçirildiyi vaxtlar tərtib edildiyini bildirmişlər.
C. Yerli orqanlar qarşısında icraatlar
1. Dəniz limanı şirkətinin icraçı direktoruna qarşı cəhd edilən cinayət təqibi
37. 1998-ci ildə RDB Baltiyskiy rayonunun nəqliyyat üzrə prokurorluğundan dəniz limanı şirkətinin icraçı direktoru vəzifəsini icra edən cənab Kaliniçenkonun əməllərinə görə cinayət təqibi başlatmağı və onu Cinayət Məcəlləsinin 136-cı Maddəsinə əsasən ərizəçilərin hüquqlarının bərabərliyi prinsipini pozmaqda təqsirli bilməyi tələb etmişdir.
38. 24 sentyabr 1998-ci ildə ilkin istintaqın cənab Kaliniçenkonun ərizəçilərə qarşı ayrı-seçkiliyə yol verməsində birbaşa məqsədin olduğunu sübut edə bilmədiyi üçün Baltiyskiy rayonunun nəqliyyat üzrə prokurorluğu cənab Kaliniçenko ilə bağlı cinayət araşdırması başlatmağı qəbul etməmişdir.
39. İddia edilən ayrı-seçkiliklə bağlı dəniz limanı rəhbərliyinə qarşı cinayət təqibinin başladılması üzrə ərizəçilərin 29 noyabr 2004-cü il tarixli müraciəti, Baltiyskiy rayonunun nəqliyyat üzrə prokurorluğu ərizəçilərə qarşı ayrı-seçkiliyin edilməsində birbaşa məqsəd müəyyən edə bilmədiyi üçün 9 dekabr 2004-cü ildə cinayət tərkibinin olmaması səbəbilə rədd edilmişdir. Hökumətə görə, ərizəçilər bu qərarı apelyasiyaya verməmişlər.
2. Ayrı-seçkiliyin müəyyən edilməsi və təzminatın ödənməsi üzrə prosedurlar
40. 1997-ci ilin 12 dekabr tarixində RDB altı ərizəçi də daxil olmaqla (c-b Sinyakov, c-b Kasyanov, c-b Jarkix (Zharkikh), c-b Kalçevskiy və c-b Dolqalev) üzvlərinin adından Kalininqradın Balltiyskiy Rayon Məhkəməsində iddia qaldırmışdır. RDB məhkəmədən dəniz limanı rəhbərliyinin siyasətlərinin ayrı-seçkilik motivli olduğunu müəyyənləşdirməsi və iddiaçıların məruz qaldığı qazanc itkisi və qeyri-maddi zərərə görə təzminat ödənməsi göstərişinin verilməsini tələb etmişdir.
41. 1998-ci il avqustun 18-də RDB şikayətə digər iddiaçıları (c-b Danilenkov, c-b Soşnikov, c-b Morozov, c-b Troynikov, c-b Kiselev, c-b Bıçok, c-b Puşkarev, c-b Silvanoviç, c-b Oksençuk, c-b Qrabçuk, c-b Tsarev və c-b Milinets) də əlavə edərək onların ayır-seçkiliklə bağlı şikayətini əsaslandıran yeni faktlar təqdim etmişdir.
42. 21 aprel 1999-cu ildə RDB üzvlərinin adından yekun formada iddia qaldırmışdır.
43. 28 may 1999-cu ildə Kalininqradın Baltiyskiy Rayon Məhkəməsi RDB-un iddiasını ləğv etmişdir. Məhkəmə şikayətləri əsassız hesab etmiş və yükləmə-boşaltma işlərinin qeyri-bərabər bölüşdürülməsinə görə liman rəhbərliyinin məsuliyyət daşımadığını müəyyən etmişdir. Ərizəçilər qərardan apelyasiya şikayəti vermişlər.
44. 1999-cu ilin 6 oktyabr tarixində Kalininqrad Vilayət Məhkəməsi apelyasiyaya verilmiş 1999-cu il 28 may tarixli qərarı ləğv edərək yenidən araşdırmaların aparılması üçün işi geri qaytarmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin dokerlərin qruplara keçirilməsinin əsasında iddiaçıların tətildə iştirak etmələrinin və RDB üzvlüyünün dayanıb dayanmadığını müəyyən edə bilmədiyini qeyd etmişdir. Məhkəmə həmçinin birinci instansiya məhkəməsinin iddiaçıların keçirilmədən sonra əmək haqqılarının həmkarları ilə müqayisədə azaldılmasına dair şikayətinə baxmadığını müəyyənləşdirmişdir. Məhkəmə birinci instansiya məhkəməsinə təqsirləndirilən tərəfdən dokerlərin əmək haqqıları ilə bağlı sənədləri almadığı və bununla bağlı iddiaçıların tələbini rədd etdiyi üçün töhmət vermişdir. Məhkəmənin yekun qərarı birinci instansiya məhkəməsinin diskriminasiyanın olmaması ilə bağlı hökmünün bütün müvafiq məlumatların köməyi ilə iddiaçıların arqumentlərinin qiymətləndirilməsinə imkan verməyən yuxarıda qeyd edilən çatışmazlıqlar səbəbindən qeyri-qanuni və ya əsassız olduğunu təsbit etmişdir.
45. 2000-ci il mart ayının 22-də Kalininqradın Baltiyskiy Rayon Məhkəməsi yeni qərar çıxarmışdır. Məhkəmənin qərarına görə, ərizəçilər rəhbərliyin onlara qarşı ayrı-seçkilik etmək niyyətini sübuta yetirə bilmədikləri üçün diskriminasiya ilə bağlı şikayəti əsassız hesab etmişdir. Məhkəmə qərarını liman menecerləri və işçilərinin ifadələrinə əsaslandırmışdır. Menecerlər sadəcə-RDB qruplarının tətilçilərin tətildə iştirak etməmiş həmkarlarına qarşı apardığı ədavət nəticəsində heyət arasında yaranmış gərginliyi azaltmaq məqsədilə formalaşdırılmışdır. Yükdaşıyanlar yükləmə-boşaltma işlərinin bölüşdürülməsi ilə bağlı rəhbərlikdən təlimat almadıqlarını bildirmişlər. Məhkəmə həmçinin prokurorluğun 24 sentyabr 1998-ci il tarixli qərarına istinad etmiş və rəhbərlik tərəfindən hər hansı ayrı-seçkilik niyyəti müəyyən edilmədiyi üçün dəniz limanı şirkətinin diskriminasiya iddialarına görə məsuliyyətə cəlb edilə bilməməsinə dair qərar qəbul etmişdir. Məhkəmə tətilçilərin ümumi sayı ilə (213) müqayisədə iddiaçıların olduqca az sayını (29) nəzərə çatdıraraq aşağıdakı şəkildə qərara gəlmişdir:
“...yalnız kiçik bir qrup tərəfindən müəyyən ictimai birliyə üzvlük zəminində ayrı-seçkiliyin müəyyən edilməsi tələbi diskriminasiya iddialarının olmadığını göstərir və iddiaçıların vəziyyəti onların öz şəxsi hərəkətlərini və xüsusiyyətlərinin, o cümlədən obyektiv amillərin nəticəsidir.”
46. Məhkəmə iddiaçıların əmək haqlarındakı azalmanı onların şəxsi məsələləri (iş yerində təhlükəsizlik qaydaları üzrə imtahandan keçməmə kimi) və dəniz limanında yükləmə-boşaltma işlərində ümumi azalma ilə əlaqələndirmişdir. Lakin təqsirləndirilən tərəfin təklifi ilə məhkəmə iddiaçılara onların yeni qruplara keçirilməsindən sonra iki ay ərzində maaşlarında yaranmış fərq formasında nominal təzminatın ödənməsini təyin etmişdir. Ərizəçilər bu qərardan apelyasiya şikayəti vermişlər.
47. 2000-ci ilin 14 avqust tarixində Kalininqrad Vilayət Məhkəməsi ayrı-seçkiliklə bağlı şikayət üzrə mülki iddianın ləğv edilməsi göstərişini vermişdir. Məhkəmə ayrı-seçkiliyin mövcudluğunun ancaq xüsusi bir rəsmi şəxs və ya digər şəxslə bağlı cinayət prosedurları çərçivəsində müəyyən edilə biləcəyini qərarlaşdırmışdır. Dəniz limanı şirkəti kimi hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu səbəbdən də məhkəmə dəniz limanı şirkətinə qarşı qaldırılmış ayrı-seçkilik iddiasını tədqiq etmək üçün yurisdiksiyanın olmadığı şəklində qərar vermişdir. Geri qalan məsələlərlə bağlı məhkəmə 22 mart 2000-ci il tarixli qərarı tətbiq etmişdir.
48. 2001-ci il 9 iyul tarixində bütün ərizəçilər dəniz limanına qarşı yeni iddia qaldırmışlar. Onlar RDB üzvlüyü zəminində ayrı-seçkiliyə məruz qalmalarının və bərabər işə görə bərabər əmək haqqı və işə çıxış hüquqlarının pozulmasının elan edilməsini tələb etmişlər; onlar həmçinin dəniz limanı tərəfindən pozuntu hallarının aradan qaldırılmasını və dəymiş qeyri-maddi zərərə görə təzminat ödənməsini istəmişlər.
49. 2001-ci ilin 18 oktyabrında Kalininqradın Baltiyskiy rayonunun Birinci Dairə Məhkəməsinin sülh hakimi aralıq qərarında (определение) iddia ərizəsini rədd etmişdir. Məhkəmə 14 avqust 2000-ci il tarixli qərarın əsaslarına yönəlmişdir. O, müəyyən etmişdir ki, onun ayrı-seçkilik olub olmadığını müəyyən etmək üçün yurisdiksiyası yoxdur, çünki belə bir faktı yalnız cinayət işi açmaqla müəyyən etmək mümkündür; lakin hüquqi şəxslər cinayət məsuliyyəti daşımır.
50. Ərizəçilər qərardan 6 dekabr 2001-ci i tarixində 18 oktyabr 2001-ci il tarixli qərarı təsdiq etmiş Kalininqradın Baltiyskiy Rayon Məhkəməsinə apelyasiya şikayəti vermişlər.
3. Kalininqrad Vilayət Dumasının qərarı
51. RDB Kalininqrad Vilayət Dumasına şikayət edərək işəgötürənin onun üzvlərinin hüquqlarını pozduğunu iddia etmişdir. 15 noyabr 2001-ci ildə Dumanın Sosial siyasət və səhiyyə məsələləri üzrə Daimi Komissiyası şikayətçilərin təsvir etdiyi vəziyyətlə bağlı narahatlığının ifadə olunduğu qətnamə qəbul etmişdir. Qətnamədə, xüsusilə aşağıdakılar vurğulanmışdır:
“...3. Kalininqrad dəniz limanı şirkətində həmkarlar ittifaqlarına üzvlükləri əsasında işçilərə müxtəlif əmək şərtləri şamil olunur. Nəticədə RDB üzvləri bu birliyə üzv olmayanlarla müqayisədə işəgötürənlər tərəfindən əlverişsiz şərtlərlə işlədilir.
4. RDB əsaslı olaraq Kalininqrad dəniz limanı şirkətində həmkarlar ittifaqlarına üzvlük zəminində ayrı-seçkilik məsələsini qaldırmışdır...”
52. 29 noyabr 2001-ci ildə Duma Komitəsi Kalininqrad prokurorluğuna RDB üzvlərinin hüquqlarının müdafiəsi və dəniz limanı şirkətinin rəhbərliyinə qarşı cinayət təqibinin başladılmasının mümkünlüyünü nəzərə alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən məktub ünvanlamışdır.
4. Müxtəlif şikayətlərlə bağlı digər yerli məhkəmə prosedurları
(a) Mükafatlardan məhrum edilmə və qazanc itkisi
53. 1998-ci il 8-15 noyabr tarixlərində ikinci, üçüncü, dördüncü, doqquzuncu və on səkkizinci ərizəçilər və onların dörd həmkarı Danimarkada keçirilmiş həmkarlar ittifaqlarının konfransında iştirak etmişdir. Onlar konfransa qatılmaq üçün öncədən dəniz limanı rəhbərliyindən icazə istəmiş, lakin heç bir cavab almamışlar. 18 dekabr 1998-ci ildə və 30 mart 1999-cu il qərarları ilə konfrans iştirakçıları icazəsiz işə çıxmadıqları səbəbiylə illik mükafatlarından məhrum edilmişlər. Dokerlər bununla bağlı məhkəməyə müraciət etmişlər.
54. 1999-cu il noyabrın 1-də Kalininqradın Baltiyskiy Rayon Məhkəməsi Həmkarlar ittifaqları haqqında Qanunun 25-ci bölməsinin 6-cı bəndi ilə qeydsiz-şərtsiz təmin edilən belə bir hüquqa malik olduqları üçün həmkarlar ittifaqlarının konfransında iştirak etmək məqsədilə dəniz limanı rəhbərliyinin iddiaçılara icazə verməsinin tələb edildiyinin müəyyən etmişdir. Məhkəmə iddiaçıları illik mükafatlarından məhrum edən göstərişlərin qeyri-qanuni olduğunu elan etmiş və dəniz limanından təzminat ödəməsini tələb etmişdir. Qərardan apelyasiya şikayəti verilməmişdir.
(b) On səkkizinci ərizəçiyə qarşı təyin edilmiş intizam sanksiyasının qaldırılması
55. 1999-cu ilin 10 yanvar tarixində on səkkizinci ərizəçiyə qarşı 14 dekabr 1998-ci ildə dövlət bayramı olduğu üçün işə gəlmədiyi səbəbilə intizam töhməti tətbiq edilmişdir. On səkkizinci ərizəçi bu sanksiyaya qarşı şikayət etmişdir; o, həmkarlar ittifaqının seçilmiş rəhbəri olduğunu və bu səbəbdən sanksiyanın tətbiqi üzrə ittifaqın razılığının tələb olunduğunu nəzərə çatdırmışdır.
56. 2000-ci ilin 11 yanvar tarixində Kalininqradın Baltiyskiy Rayon Məhkəməsi on səkkizinci ərizəçinin şikayətini təmin etmişdir. Məhkəmə dəniz limanı rəhbərliyinin Əmək Məcəlləsinin 235-ci Maddəsində tələb edildiyi kimi, sanksiyanı tətbiq etməzdən əvvəl həmkarlar ittifaqının razılığını almadığı səbəbilə intizam sanksiyasını ləğv etmişdir.
(c) Səriştə tələb etməyən işlər yerinə yetirməkdən imtinaya görə intizam sanksiyasının qaldırılması
57. 1999-cu il 15 yanvar tarixində 14 saylı sadəcə-RDB qrupuna daxil olan dokerlərər limanı qardan təmizləmək təlimatı verilmişdir. Dokerlər bu təlimatı yerinə yetirməkdən imtina etmişlər, belə ki, kollektiv sövdələşmə müqaviləsində nəzərdə tutulmuşdur ki, onlar səriştə tələb etməyən işləri yalnız o halda yerinə yetirə bilərlər ki, həmin işlər yükləmə-boşatma işləri ilə bağlı yardımçı işlər olsun. Onlar növbələri bitənədək limanda hazır vəziyyətdə gözləmişlər. 1999-cu il yanvarın 21-də dəniz limanı rəhbərliyi bəhs edilən günün icazəsiz olaraq işə çıxmama kimi hesab edilməsi, intizam töhmətinin tətbiq edilməsi və yanvar ayı üzrə mükafatın verilməməsi haqqında göstəriş vermişdir.
58. RDB ikincidən altıncıya qədər və doqquzuncu ərizəçilər adından məhkəmə iddiası qaldırmışdır. İntizam sanksiyasının qaldırılmalı olduğunu və verilməmiş əmək haqqı və mükafatların ödənməsini tələb etmişdir.
59. 2000-ci il oktyabrın 10-da Kalininqradın Baktiyskiy Rayon Məhkəməsi iddianı ərizəçilərin xeyrinə təmin etmişdir. Məhkəmə ixtisaslı dokerlərin səriştə tələb etməyən işlərə keçirilməsinin onların əmək hüquqlarını pozduğunu və limanın hüdudları daxilində yükləmə-boşaltma işlərini gözlədikləri üçün iş yerində olmamağa görə cəzalandırılmamalı olduqlarını müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə ərizəçilərin həmkarlar ittifaqının seçilmiş rəhbərləri olduğunu və sanksiyanın tətbiqi üçün ittifaqın razılığının tələb olunduğunu, belə bir razılığınsa əldə edilmədiyini diqqətə çatdırmışdır. Dəniz limanına sanksiyanı qaldırmaq və ərizəçilərə itirilmiş qazanca, mükafatlara və məhkəmə xərclərini qarşılamağa görə təzminatın ödənməsi haqqında göstəriş verilmişdir.
(d) On altıncı ərizəçinin qeyri-qanuni şəkildə işdən azad edilməsi
60. 1999-cu ilin 14 may tarixində sərxoş vəziyyətdə işə gəldiyi əsas gətirilərək on altıncı ərizəçi işdən azad edilmişdir. On altıncı ərizəçi işdən çıxarılma qərarına görə məhkəməyə müraciət etmişdir.
61. 1999-cu ilin 25 avqust tarixində sonuncu instansiya kimi qərar verən Kalininqrad Vilayət Məhkəməsi ərizəçinin şikayətini təmin edərək dəniz limanı şirkətinə onun işinin bərpa edilməsi və itirilmiş qazanca görə təzminat ödənməsi ilə bağlı göstəriş vermişdir. Məhkəmə, xüsusi olaraq on altıncı ərizəçinin içkili olmasını göstərən heç bir sübutun olmadığını müəyyən etmişdir.
(e) Qeyri-qanuni intizam sanksiyası
62. 10 dekabr 1999-cu il tarixli qərarla on doqquzuncu, iyirminci, iyirmi altıncı və otuz ikinci ərizəçilərə qarşı intizam məhkəməsində iş yerini icazəsiz olaraq erkən tərk etdikləri əsas gətirilərək ağır töhmət verilmişdir. Adıçəkilən ərizəçilərin adından çıxış edən RDB inzibati cəza əleyhinə məhkəməyə müraciət etmişdir.
63. 2001-ci ilin 29 noyabr tarixində Kalininqradın Baltiyskiy Rayon Məhkəməsi RDB-un iddiasını təmin etmişdir. Məhkəmə təqsirləndirilənin (dəniz limanı) iş yerində icazəsiz olmama faktını sübut edə bilmədiyini müəyyən etmiş və bu səbəbdən göstərişi ləğv edərək əlaqədar ərizəçilərə dəymiş qeyri-maddi zərərə görə təzminat təyin etmişdir.
(f) Bədbəxt hadisəyə görə qeyri-qanuni məsuliyyətin müəyyən edilməsi
64. 2000-ci ilin 20 iyun tarixində on səkkizinci ərizəçi iş yerində xəsarət almışdır. Xüsusi komissiya təhlükəsizlik qaydalarına əməl etmədiyini əsas gətirərək bədbəxt hadisəyə görə onun özünü günahkar hesab etmişdir. RDB nümayəndəsi (iyirmi dördüncü ərizəçi) komissiyanın qərarı ilə razılaşmamışdır. Bununla belə, on səkkizinci ərizəçiyə intizam məhkəməsində töhmət verilmiş və o, qrup rəhbəri (üçüncü ərizəçi) ilə birlikdə iyun ayı üçün nəzərdə tutulan mükafatdan məhrum edilmişdir. On səkkizinci və üçüncü ərizəçilərin adından RDB bu qərarlara qarşı məhkəməyə müraciət etmişdir.
65. 2001-ci il aprelin 13-də Kalininqradın Baktiyskiy rayonunun Birinci dairə Məhkəməsinin sülh hakimi xüsusi komissiyanın qərarlarının şahidlərin verdiyi ifadələr əsasında dayanıqsız olduğunu müəyyən etmişdir. Məhkəmə on səkkizinci ərizəçiyə tətbiq edilmiş intizam sanksiyasını ləğv edərək ona və qrup rəhbərinə iyun ayı üzrə mükafatın ödənməsi üçün dəniz limanına göstəriş vermişdir.
(g) Üçüncü ərizəçinin vəzifəsinin qeyri-qanuni kiçildilməsi
66. 2000-ci ilin 19 iyul qərarı ilə üçüncü ərizəçi rəhbərlik vəzifələrini yerinə yetirməməsi əsas gətirilərək qrup rəhbəri vəzifəsindən sadə doker vəzifəsinə keçirilmişdir. RDB qərara etiraz etmiş və üçüncü ərizəçinin adından məhkəmədə iddia qaldırmışdır.
67. 2001-ci ilin 7 may tarixində Kalininqradın Baltiyskiy rayonunun Birinci Dairə Məhkəməsinin sülh hakimi iddianı qismən təmin etmişdir. Məhkəmə vəzifənin kiçildilməsinin üçüncü ərizəçinin seçilmiş rəhbəri olduğu RDB tərəfindən razılaşdırılmadığını müəyyən etmişdir. Məhkəmə vəzifənin kiçildilməsi qərarını ləğv edərək dəniz limanına itirilmiş qazanc, qeyri-maddi zərər və məhkəmə xərclərinə görə təzminat ödəməyi əmr etmişdir.
(h) Həmkarlar ittifaqları rəhbərlərinin limana daxil olmasının məhdudlaşdırılması
68. 15 may 2001-ci ildə dəniz limanının insan resursları üzrə direktoru RDB nümayəndələrinin dəniz limanına ancaq RDB üzvlərini iş yerlərində və iş saatlarında ziyarət etmək üçün buraxılması barədə göstəriş vermişdir. Bu göstəriş əsasında ikinci ərizəçinin limana daxil olmasına icazə verilməmişdir.
69. 2001-ci ilin 20 iyun tarixində Baltiyskiy rayon nəqliyyat prokuroru göstərişin Əmək Məcəlləsinin 231-ci Maddəsində və Həmkarlar ittifaqları haqqında Qanunun 11-ci bölməsinin 5-ci bəndində təsbit olunan həmkarlar ittifaqları rəhbərlərinin ittifaq üzvlərinin iş yerlərinə daxil olması azadlığı üzrə təminatları pozduğunu müəyyən etmiş və dəniz limanının icraçı direktoruna pozuntu halının aradan qaldırılması üçün tədbir görmək göstərişi vermişdir.
70. 16 iyul 2001-ci ildə dəniz limanının icraçı direktoru RDB rəhbərlərinin limana girişini tənzimləyən 252 saylı yeni göstəriş vermişdir. Göstərişdə digər məsələlərlə yanaşı, əvvəlcədən alınan və ziyarətin təfsilatlarını və məqsədini müəyyən edən birdəfəlik icazələr əsasında səhər saat 8:00-dan axşam saat 20:00-dək girişin mümkün olduğu nəzərdə tutulmuşdur.
71. 2001-ci il 26 noyabr tarixində Balktiyskiy rayonunun nəqliyyat üzrə prokuroru dəniz limanının icraçı direktorundan qeyri-qanuni olması əsasıyla 252 saylı göstərişi ləğv etməsini tələb etmişdir. Tələb dəniz limanı rəhbərliyi tərəfindən rədd edilmişdir.
72. 23 yanvar 2002-ci ildə Baltiyskiy rayonunun nəqliyyat üzrə prokuroru ikinci ərizəçinin adından dəniz limanı şirkətinə qarşı mülki iddia qaldıraraq 252 saylı göstərişin etibarsız elan edilməsini tələb etmişdir.
73. 2002-ci ilin 9 iyul tarixində Kalininqradın Baltiyskiy Rayonunun Birinci Dairə Məhkəməsinin sülh hakimi iddianı təmin etmiş və həmkarlar ittifaqlarının rəhbərlərinin limana girişini məhdudlaşdıran göstərişin qeyri-qanuni olduğunu, o cümlədən Əmək Məcəlləsinin 231-ci Maddəsinin şərtlərini pozduğunu elan etmişdir. Qərardan apelyasiya şikayəti verilməmişdir.
D. Qeyri-RDB üzvlərinin yeni şirkətə keçirilməsi
1. Yeni şirkətin yaradılması və işçi heyətin keçirilməsi
74. 1999-cu ilin avqust-sentyabr aylarında dəniz limanı rəhbərliyi TPK (ООО «Транспортно-погрузочная компания») adlı subsidiar stividor şirkətinin əsasını qoymuş və həmin şirkət 30 yeni doker işə götürmüşdür. 1999-cu ilin sentyabr ayı ilə 2000-ci ilin noyabr ayı arasında TPK-nın dokerləri qarışıq komandalarda dəniz limanı dokerləri ilə birgə çalışmışlar.
75. 27 noyabr 2000-ci ildə Kalininqrad dəniz limanı rəhbərliyi ilə dəniz Nəqliyyatı İşçiləri Birliyi arasında yeni kollektiv əmək müqaviləsi imzalanmışdır. Müqavilədə digər məsələlərlə yanaşı, bütün yükləmə-boşaltma işlərinin TPK-ya verilməsi və bu şirkətin əməkdaşlarının əmək haqqılarının artırılması, onlara tam tibbi sığorta və idmanla məşğul olmaları üçün xüsusi pul yardımının təmin edilməsi nəzərdə tutulmuşdu.
76. 2000-ci ilin dekabr və 2001-ci ilin yanvar aylarında dəniz limanı rəhbərliyi dokerlərin çoxuna TPK-da əlverişli imkanlar təklif etsə də, bütün RDB üzvlərinin keçirilmə üçün nəzərdə tutulmadığı iddia edilmişdir. 2001-ci ilin yanvar ayında yerdə qalan RDB üzvləri iki işçi qrupa daxil edilmişdir. Dəniz limanının icraçı direktoru ərizəçilərə, dəniz limanı şirkətinin lisenziyası 1 oktyabr 2001-ci ildə başa çatdığı üçün bütün yükləmə-boşaltma işlərinin TPK-ya veriləcəyini elan etmişdir.
77. 2001-ci ilin aprelində RDB üzvləri gecə növbəsində işləmələri qadağan edildikdən sonra potensial qazanc vaxtlarının yarıyadək azaldıldığını müəyyən etmişlər. Onların gəliri qeyri-RDB üzvlərinin 300 ABŞ dolları orta aylıq qazancı ilə müqayisədə təxminən 55 ABŞ dollarına enmişdir.
78. 2001-ci ilin iyun ayında RDB üzvlərinin əmək haqları yenidən aylıq 40 ABŞ dollarına enmişdir.
79. Münaqişə nəticəsində RDB üzlüyünün sıraları 2001-ci il dekabrın 6-da 290-dan 24-ə qədər (1999) azalmışdır.
80. 2002-ci ilin fevral ayında yerdə qalan RDB üzvləri (22 doker) artıq hesab edilərək işdən azad edilmişlər. İkinci ərizəçi işində saxlanmışdır: o, RDB rəhbər komitəsinin sədr müavini olmuş və onun azad edilməsi üçün RDB-un razılığı tələb edilmişdir. Ərizəçilərin bildirdiyinə görə, qazanc imkanları olmadığı üçün o sadəcə görüntü üçün vəzifəsində saxlanmışdır.
2. Heyətin keçirilməsi ilə bağlı mülki iddia
81. 18 mart 2002-ci ildə RDB 1-5-ci, 9-11-ci, 16 və 18-32-ci ərizəçilərin adından RDB üzvlərinin işində bərpası, qazanc itkisinə və qeyri-maddi zərərə görə kompensasiya tələbi ilə dəniz limanı şirkətinə və TPK-ya qarşı mülki iddia qaldırmışdır. Məhkəmədən ərizəçilərin birləşmə azadlığının pozulduğunu müəyyənləşdirmək və işəgötürənin iddiaçılara qarşı RDB-a üzvlük zəminində ayrı-seçkilik etdiyini elan etmək xahiş edilmişdir.
82. 24 may 2002-ci ildə Kalininqradın Baltiyskiy Vilayət Məhkəməsi qərar çıxarmışdır. Məhkəmə 2000-ci ilin noyabr ayında Kalininqrad dəniz limanı şirkətinin direktorlar şurasının yükləmə-boşaltma işini yenidən TPK-ya verməyi qərarlaşdırdığını müəyyən etmişdir. 2000-ci ilin 30 noyabrından 2001-ci ilin aprel ayınadək 249 doker TPK-ya keçirilmiş və 2000-ci ilin dekabrında yükləmə-boşaltma terminalları və avadanlığı yeni şirkətə ya satılmış, ya da icarəyə verilmişdir. Məhkəmə buradan belə nəticəyə gəlmişdir ki, işəgötürənin əsl niyyəti yükləmə-boşaltma məntəqəsinin struktur tabeliyinin dəyişdirilməsi olmuşdur və məntəqənin işçilərinin işsiz qalması üçün hər hansı hüquqi əsas olmamamışır. Ərizəçilərin işdən çıxarılmasının qeyri-qanuni olduğu müəyyən edilmiş, TPK-da işlərinin bərpa edilməsi və itirilmiş qazanc, qeyri-maddi zərərə görə təzminatın ödənməsi haqqında əmr verilmişdir.
83. Məhkəmə həmçinin ərizəçilərin onlara qarşı edilən ayrı-seçkiliklə bağlı iddialarına baxmışdır. Doker qruplarının bir neçə rəhbərinin verdiyi ifadə əsasında 2000-ci ilin noyabr ayında bütün dokerlərin TPK-ya keçirilmələri ilə bağlı məsələnin müzakirə olunduğu görüşə dəvət edildiyi müəyyən edilmişdir. Ərizəçilərin görüşdə iştirakına maneçilik törədilməmiş və onlara keçirilmə üçün müraciət etmək imkanı təklif edilmişdir. Lakin onlar rəhbər komitə sədrinin məsləhəti olmadan hər hansı addım atmaqdan imtina etmişlər. Məhkəmədə nə üçün fərdi şəkildə keçirilmə üçün müraciət etmədikləri soruşulduqda, ərizəçilər işəgötürəndən mənfi cavab alacaqlarından əmin olduqlarını bildirmişlər.
84. Qrup rəhbərləri də ifadəsində ikinci ərizəçinin (rəhbər komitənin sədri) görüşdə iştirak etdiyini və TPK-ya keçirilmə ilə bağlı mübahisə etdiyini bildirmişdir. Məhkəmə daha sonra RDB tərəfindən paylanmış məlumat vərəqələrini və iyirmi dördüncü ərizəçinin prokurorluğa şikayətini təhlil etmişdir. Məlumat vərəqələrindən məlum olmuşdur ki, RDB davamlı olaraq TPK-ya keçirilmə əleyhinə təşviqat aparmış, dəniz limanı şirkətində qalmağı təbliğ etmiş və şikayət TPK-ya keçirilmə üçün müraciətlə bağlı məcburetməni nümayiş etdirmişdir. Məhkəmə toplanmış dəlillərin ərizəçilərin RDB-un keçirilmə ilə bağlı məlumatlandırılmaması və ya bunun üçün nəzərdə tutulması haqqında iddiaları ilə ziddiyyət təşkil etdiyini müəyyən etmişdir.
85. Son olaraq məhkəmə qərarın ərizəçilərin işlərinə bərpa olunması ilə bağlı hissəsinin dərhal icra edilməsini əmr etmişdir.
86. 2002-ci ilin 7 avqustunda Kalininqrad Vilayət Məhkəməsi dəniz limanı şirkətinin apelyasiya müraciəti üzrə 24 may 2002-ci il qərarını təmin etmişdir.
3. 24 may 2002-ci il tarixli qərarın icrası
87. 27 may 2002-ci ildə dəniz limanı şirkətinin icraçı direktoru ərizəçilərin işdən çıxarılması haqqında 2002-ci il 20 fevral tarixli qərarları ləğv edərək onları işlərində bərpa etmişdir. Bununla belə onlar TPK-ya keçirilməmişdir.
88. 24 iyun 2002-ci ildə TPK məhdud məsuliyyətli cəmiyyəti yenidən təşkil edilərək Dəniz Ticarət Limanı dövlət şirkəti (ОАО «Морской торговый порт» – “MTP”) yaranmışdır. 11 sentyabr 2002-ci ildə Kalininqrad Vilayət Məhkəməsi TPK-nın hüquqi varisi olan MTP-da ərizəçilərin işinin bərpa edilməli olmasına açıqlıq gətirmişdir.
89. 7 avqust 2002-ci ildə bütün ərizəçilər tutarlı səbəblər olmadan işdə olmadıqlarına görə dəniz limanı şirkətindən yenidən uzaqlaşdırılmışlar. Lakin onlar hələ 10 iyun tarixində dəniz limanı şirkətinin icraçı direktorunun onlara yükləmə-boşaltma üçün lisenziyanın 2001-ci ildə başa çatması səbəbilə köhnə şirkətdə onlar üçün qazanc imkanlarının olmadığını yazılı şəkildə təsdiq etdiyini qeyd etmişlər. Ərizəçilər işdən uzaqlaşdırılmaları ilə bağı məhkəməyə şikayət ərizəsi təqdim etmişlər.
90. 7 oktyabr 2002-ci ildə Kalininqradın Baltiyskiy Rayon Məhkəməsi ərizəçilərin iddiasını təmin etmişdir. Məhkəmə cavabdehin 24 may tarixli qərarın dokerlərin TPK-ya keçirilməsi ilə bağlı hissəsini icra etmədiyini və onların iş yerini icazəsiz tərk etməyə görə işdən çıxarılmasının bu səbəbdən qeyri-qanuni olduğunu müəyyən etmişdir.
91. 30 oktyabr 2002-ci ildə “digər şirkətə keçirilmələri ilə bağlı” ərizəçilərin dəniz limanı şirkətində işinə son verilmişdir. Növbəti gün MTP-ın icraçı direktoru ərizəçilərin ikinci kateqoriyalı yük daşıyıcıları qismində işə götürülməsi haqqında göstəriş vermişdir. Ərizəçilərin bildirdiyinə görə, onlara təklif edilən vəzifələr doker olaraq onların peşəkar ixtisas göstəricilərindən aşağı olmuşdur.
92. 30 dekabr 2002-ci ildə ərizəçilərin tələbi əsasında Kalininqradın Baltiyskiy Rayon Məhkəməsinin hakimi 24 may 2002-ci il tarixli qərara aydınlıq gətirərək ərizəçilərin MTP tərəfindən doker qismində işə götürülməli olduğunu bildirmişdir. 2003-cü ilin 26 fevral tarixində bu izahat Kalininqrad Vilayət Məhkəməsi tərəfindən təsdiq edilmişdir.
II. MÜVAFİQ MİLLİ QANUNVERİCİLİK
A. Rusiya Federasiyasının Konstitusiyası
93. Rusiya Federasiyası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Dövlət bütün vətəndaşlar üçün cins, irq, milli mənsubiyyət, dil, mənşə, əmlak vəziyyəti və rəsmi status, yaşayış yeri, din, əqidə, ictimai birliklərə üzvlük və digər şərtlərdən asılı olmayaraq, bərabər hüquqlar və azadlıqlar təmin etməlidir.
94. 30-cu Maddənin 1-ci hissəsi birləşmək hüququna, o cümlədən şəxsin öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq hüququna təminat verir.
B. RSFSR-in Əmək Qanunları Məcəlləsi (25 sentyabr 1992-ci ildə qüvvəyə minmişdir)
95. Məcəllənin 2-ci Maddəsi (həmin vaxt qüvvədə olmuşdur), xüsusilə hər hansı ayrı-seçkiliyə yol vermədən bərabər işə görə bərabər əməkhaqqı almaq hüququnu və hər hansı bir şəxsin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmə hüququnu təmin edir.
C. Rusiya Federasiyasının Cinayət Məcəlləsi (13 iyun 1996-cı ildə qüvvəyə minmişdir)
96. 136-cı Maddə hər hansı bir ictimai birliyə üzvlüyə və s. görə insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasını qadağan edir və bunu vətəndaşların hüquqlarının və ya qanuni maraqlarının pozulması hesab edir.
D. Həmkarlar ittifaqları haqqında Qanun (10-FZ saylı 12 yanvar 1996-cı il tarixli Qanun)
97. 9-cu Bölmə vətəndaşların həmkarlar ittifaqına üzv olmasına və ya üzv olmamasına görə onların sosial, əmək, siyasi və ya digər hüquqlarının və ya azadlıqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçinin konkret bir həmkarlar ittifaqına üzv olmasına və ya üzv olmamasına görə işə qəbul edilməsi, vəzifədə irəli çəkilməsi və ya işdən çıxarılması qadağan edilir. 98. 29-cu bölmə həmkarlar ittifaqlarının hüquqlarının məhkəmə qarşısında müdafiəsinə təminat verir. Məhkəmə həmkarlar ittifaqlarının hüquqlarının iddia edilən pozuntuları ilə əlaqədar, prokurorluq tərəfindən açılmış mülki iş və ya həmkarlar ittifaqlarının şikayəti əsasında işlərə baxmalıdır.
99. 30-cu Bölməyə əsasən, Dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxsləri, işəgötürənlər və işəgötürənlərin birliklərinin vəzifəli şəxsləri tərəfindən həmkarlar ittifaqlarına dair qanunvericiliyin pozulmasına görə intizam məsuliyyəti, inzibati məsuliyyət və ya cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
E. Rusiya Federasiyasının Mülki Məcəlləsi (30 noyabr 1994-cü il tarixində qüvvəyə minmişdir)
100. 11-ci Maddəyə əsasən, məhkəmələr pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsinə dair iddiaları araşdırmalıdırlar.
101. 12-ci Maddəyə görə, hər hansı mülki hüququn müdafiəsi hüququn təsdiq edilməsi, status-kvonun bərpası, hər hansı hüququ pozan və ya pozmaqla hədələyən hərəkətlərlə əlaqədar məhkəmə qərarı, həmçinin vurulmuş zərərə və qeyri-maddi zərərə görə kompensasiya ödənməsi və s. formasında ola bilər.
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
A. Avropa Şurası
102. Rusiya Federasiyası tərəfindən ratifikasiya edilməmiş Avropa Sosial Xartiyasının (əlavə və dəyişikliklərə məruz qalmışdır) 5-ci Maddəsi aşağıdakıları nəzərdə tutur:
Maddə 5 – Təşkilatlanmaq hüququ
“İşçilərin və işəgötürənlərin öz iqtisadi və sosial maraqlarını müdafiə etmək üçün yerli, milli və ya beynəlxalq təşkilat yaratmaq və belə təşkilatlara üzv olmaq azadlığının təmin edilməsi və ya ona dəstək göstərilməsi məqsədilə, Müqavilə Tərəfləri milli qanunvericiliyin, məsələn, bu azadlığı pozmayacağına və ya bu azadlığı pozmayacaq şəkildə tətbiq edilməsinə təminat verirlər. Bu Maddə ilə verilən təminatların polisə şamil edilən həddi milli qanunvericiliklə müəyyənləşdirilməlidir. Bu təminatların silahlı qüvvələrin üzvlərinə şamil edilməsini şərtləndirən prinsip və onların bu kateqoriyaya daxil olan insanlara bərabər şəkildə şamil edilməli olan həddi milli qanunvericilik tərəfindən müəyyənləşdirilməlidir”.
103. Avropa Sosial Xartiyasının nəzarət orqanı olan Avropa Şurasının Sosial Hüquqlar üzrə Avropa Komitəsi (keçmiş Müstəqil Ekspertlər Komitəsi) hesab etmişdir ki, milli qanunvericilik işçilərin həmkarlar ittifaqına üzv olmaq hüququna təminat verməli və bu hüquqa əməl edilmədiyi hallar üçün effektiv cəzalar və hüquq-müdafiə tədbirləri nəzərdə tutmalıdır. Həmkarlar ittifaqının üzvləri onların həmkarlar ittifaqına üzvlüyünün və ya fəaliyyətlərinin onların işlərinə göstərə biləcəyi təhlükəli nəticələrdən, xüsusilə, həmkarlar ittifaqına üzv olmaları və ya həmkarlar ittifaqının fəaliyyətlərində iştirak etmələri səbəbindən işə götürülmə, işdən azad edilmə və ya vəzifədə irəli çəkilmə sahələrində təzyiqlərin və ya ayrı-seçkiliyin istənilən formasından müdafiə edilməlidirlər. Belə ayrı-seçkilik baş verdiyi halda, milli qanunvericilikdə zərərçəkmiş şəxsə məruz qaldığı zərərə müvafiq və proporsional kompensasiya ödənməsi nəzərdə tutulmalıdır (bax, məsələn, Məhkəmə qərarları 2004, Bolqarıstan, səh. 32).
104. Bundan əlavə, ayrı-seçkiliyin qadağan edilməsinə hüquqi qüvvə vermək üçün milli qanunvericilikdə ayrı-seçkilik baş verdiyi iddia edilən hallarda müvafiq və effektiv hüquq-müdafiə təminatları nəzərdə tutmalıdır; ayrı-seçkilikdən zərər çəkmiş şəxslər üçün mövcud hüquq-müdafiə təminatları adekvat, proporsional və ağlabatan olmalıdır (bax, məsələn, Məhkəmə qərarları 2006, Albaniya, səh. 29). Milli qanunvericilik ayrı-seçkiliklə bağlı işlərdə sübutetmə yükünün iddiaçının xeyrinə yüngülləşdirilməsini təmin etməlidir (bax Məhkəmə qərarları 2002, Fransa, səh. 24).
B. Beynəlxalq Əmək Təşkilatı (“BƏT”)
105. Beynəlxalq Əmək Təşkilatının “Birləşmək azadlığı və təşkilatlanmaq hüququnun müdafiəsi haqqında” 87 saylı Konvensiyasının 11-ci Maddəsi aşağıdakıları təsbit edir:
“Beynəlxalq Əmək Təşkilatının bu Konvensiyanın şamil edildiyi hər bir üzvü işçilərin və işəgötürənlərin azad şəkildə təşkilatlanmaq hüququnu həyata keçirə bilməsini təmin etmək üçün bütün zəruri və müvafiq tədbirləri həyata keçirməyə dair öhdəlik götürürlər”.
106. BƏT-in təşkilatlanmaq və kollektiv müqavilələr bağlamaq hüququnun prinsiplərinin tətbiqi ilə bağlı 98 saylı Konvensiyasının (Rusiya Federasiyası tərəfindən ratifikasiya edilmişdir) 1-ci Maddəsi aşağıdakıları nəzərdə tutur:
“1. İşçilər öz işləri ilə əlaqədar həmkarlar ittifaqları ilə bağlı hüquqlarını həyata keçirərkən ayrı-seçkilikdən adekvat müdafiə hüququna malikdirlər.
2. Belə müdafiə aşağıdakıları nəzərdə tutan hərəkətlər baxımından daha xüsusi şəkildə tətbiq edilməlidir -
(a) hər hansı bir işçiyə heç bir birliyə üzv olmamaq və ya həmkarlar ittifaqına üzvlükdən imtina etmək şərtinin müəyyənləşdirilməsi;
(b) işçinin hər hansı birliyə üzv olması və ya iş saatlarından kənar vaxtda, yaxud işəgötürənin razılığı ilə iş saatları ərzində birliyin fəaliyyətində iştirak etməsi səbəbindən işdən çıxarılması və ya ona digər formada qərəzli münasibət bəslənməsi”.
107. BƏT-in İdarə Heyətinin Birləşmək Azadlığı Komitəsinin qərarlarının və prinsiplərinin Xülasəsində (2006) aşağıdakı prinsiplər öz əksini tapmışdır:
“...
769. Birləşmək hüququ əleyhinə ayrı-seçkilik birləşmək hüququnun ən ciddi pozuntularından biridir, belə ki o, həmkarlar ittifaqlarının mövcudluğunu təhlükə altına sala bilər.
...
818. Milli qanunvericilikdə mövcud olan və birləşmək hüququ əleyhinə ayrı-seçkiliyi qadağan edən əsas qaydalar belə aktlardan effektiv müdafiəni təmin etmək üçün prosedurlarla müşayiət edilmədiyi halda, qeyri-adekvat hesab olunurlar.
...
820. Birləşmək azadlığının prinsiplərinə hörmət aşkar şəkildə tələb edir ki, həmkarlar ittifaqlarının fəaliyyətlərində iştirak etdiklərinə görə qərəzli münasibətə məruz qaldıqlarını hesab edən işçilər üçün təxirəsalınmaz, maliyyə əyəri yüksək olmayan və tamamilə qərəzsiz bərpa vasitələrindən istifadə imkanı təmin edilsin.
...
835. Birləşmək hüququ əleyhinə ayrı-seçkiliyin baş verdiyinin iddia edildiyi hallar əmək məsələləri ilə məşğul olan müvafiq dövlət hakimiyyəti orqanlarının diqqətinə çatdırıldıqda, onlar dərhal təhqiqata başlamalı və ayrı-seçkiliyin mənfi nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirməlidirlər.
...”
108. 18 aprel 2002-ci il tarixində BƏT-in Birləşmək Azadlığı Komitəsi Rusiya Əmək Federasiyası (KTR) tərəfindən Rusiya Federasiyası hökuməti əleyhinə təqdim edilmiş Şikayətlə əlaqədar 2199 saylı işi (331 saylı Hesabat) Ekspertlər Komitəsinə göndərmişdir. KTR iddia edirdi ki, onun Kalininqrad dəniz limanındakı tabe təşkilatı olan RDB üzvləri birləşmək hüququ əleyhinə ayrı-seçkiliyə məruz qalmışlar. Komitə bir sıra məsələlərlə yanaşı, aşağıdakıları aşkar etmişdir:
“
702. Baltiyskiy Rayon Məhkəməsinin birləşmək hüququ ilə bağlı ayrı-seçkiliyin baş verdiyinə dair iddiaların sübuta yetirilmədiyi qənaətinə gəldiyini qeyd edən Komitə bildirir ki, məhkəmənin əsassız səbəblərlə işdən çıxarılmış [RDB] üzvlərinin TPK-nın təkrar subordinasiya aparılmış istehsal bölməsində işə bərpa olunması ilə bağlı qərarından sonra, bu məhkəmə və daha yuxarı məhkəmələr tərəfindən təkrar-təkrar verilən izahatlara və təsdiq edilməyə baxmayaraq, [Kalininqrad dəniz limanının] rəhbərliyi bu qərarı tam şəkildə yerinə yetirməkdən imtina etməyə davam etmişdir. Komitə bu şərtlər əsasında, işəgötürənin hərəkətlərinin, bununla əlaqədar təkrar məhkəmə qərarlarının olmasına baxmayaraq, xüsusilə, onun dokerlərin (onların hamısı [RDB]-un üzvləri olmuşlar) hüquqlarını bərpa etməkdən mütəmadi olaraq boyun qaçırmasının əsasında duran motivi araşdırmağa özünü borclu hesab edir. Bundan əlavə, Dumanın bu vəziyyətlə bağlı həddindən artıq narahatlıq ifadə edən qərarını qeyd etməklə və birləşmək hüququ əleyhinə ayrı-seçkilik məsələsinin ağlabatan şəkildə izah edildiyini əlavə etməklə, Komitə bu səbəbdən hökumətin birləşmək hüququ əleyhinə ayrı-seçkilik hərəkətləri ilə bağlı iddiaların müstəqil istintaqını aparmasını xahiş edir və [RDB] üzvlərinin birləşmək hüququ əleyhinə ayrı-seçkilik hərəkətlərinə yol verildiyi sübuta yetirilərsə (xüsusilə, TPK-nın tabeliyində olan istehsalat bölmələrinə keçidə yol verilmədiyi ilə bağlı narahatlıq) – məhkəmənin TPK-da iş yerlərini bərpa etmək (məhkəmələr tərəfindən əmr edildiyi kimi) və bu vəziyyəti aradan qaldırmaq, həmçinin itirilmiş əməkhaqqıların ödənilməsini təmin etmək üçün bütün zəruri addımların atılmasını təmin etməsini xahiş edir. Bundan əlavə, nəzərə alsaq ki, dokerlər təkrarən işdən çıxarılmışlar və yeni bir iş qaldırılmışdır, Komitə hökumətdən onu həmin işin nəticələri ilə bağlı məlumatlandırmasını xahiş edir.
703. Birləşmək hüququ əleyhinə iddia edilən ayrı-seçkilik hərəkətlərinə məruz qalmış hüquqların bərpası vasitələrinə gəldikdə, Komitə xatırladır ki, birləşmək hüququna qarşı ayrı-seçkilik hərəkətlərini qadağan edən əsas hüquqi müddəaların mövcudluğu həmin müddəaların təcrübədə tətbiqini təmin edən effektiv prosedurlar olmadığı halda, kifayət etməyəcəkdir (bax Birləşmək Azadlığı Komitəsinin qərarlarının və prinsiplərinin Xülasəsi, 4-cü nəşr, 1996, 742-ci hissə). Hazırkı işdə şikayətçinin özünün birləşmək hüququna qarşı ayrı-seçkilik edilməsi iddiası ilə 2001-ci ildən etibarən müxtəlif məhkəmə orqanlarına müraciət etmiş olmasını və həmin müraciətlərin 2002-ci ilin may ayınadək prosedurla bağlı səbəblərə görə rədd edilməsini nəzərə alaraq, Komitə hesab edir ki, birləşmək hüququna qarşı ayrı-seçkilik hərəkətlərindən müdafiəni təmin edən qanunvericilik kifayət qədər aydın deyildir. Buna görə də o, hökumətin birləşmək hüququna qarşı ayrı-seçkiliklə bağlı şikayətlərə aydın və çevik milli prosedurlar çərçivəsində baxılmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirməsini, o cümlədən qanunvericiliyə əlavə və dəyişikliklər etməsini tələb edir...”
HÜQUQİ MƏSƏLƏLƏR
...
II. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN 11-Cİ MADDƏ İLƏ BİRLİKDƏ İDDİA EDİLƏN POZULMASI
115. Yerdə qalan ərizəçilər Konvensiyanın 11 və 14-cü Maddələri çərçivəsində birləşmək hüquqlarının pozulması ilə bağlı müraciət etmiş və bildirmişlər ki, dövlət hakimiyyəti orqanları onların işəgötürənlərinin ayrı-seçkilik xarakterli siyasətlərinə münasibətdə dözümlülük nümayiş etdirmiş və milli qanunvericilikdə effektiv hüquqi mexanizmlərin olmadığını əsas gətirərək onların ayrı-seçkiliklə bağlı şikayətlərinə baxmaqdan imtina etmişlər.
11-ci Maddə aşağıdakıları nəzərdə tutur:
“1. Hər kəsin toplaşmaq və başqaları ilə birləşmək azadlığı hüquqları, o cümlədən öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq hüququ vardır.
2. İğtişaşların və ya cinayətlərin qarşısını almaq, insanların sağlamlığını və ya əxlaqi keyfiyyətləri qorumaq, yaxud başqalarının hüquqlarını və azadlıqlarını müdafiə etmək məqsədilə, qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə milli təhlükəsizlik və ya ictimai asayiş məqsədləri naminə tələb olunan hallar istisna olmaqla, bu hüquqların həyata keçirilməsinə heç bir məhdudiyyət qoyula bilməz. Bu Maddə silahlı qüvvələrin üzvlərinin, polisin və ya Dövlət administrasiyası tərəfindən həmin hüquqları həyata keçirməsinə qanuni məhdudiyyətlərin qoyulmasının qarşısını ala bilməz”.
14-cü Maddə aşağıdakıları nəzərdə tutur:
“Konvensiyada təsbit olunmuş hüquqların və azadlıqların həyata keçirilməsi cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər əqidə, milli və ya sosial mənsubiyyət, milli azlığa mənsubiyyət, əmlak vəziyyəti, doğum statusu və ya digər status kimi səbəblərə görə ayrı-seçkilik qoyulmadan təmin edilməlidir”.
A. Dövlətin Konvensiyanın 11-ci Maddələsi ilə birgə götürüldükdə Konvensiyanın 14-cü Maddəsinə müvafiq olaraq öhdəliklərinin əhatə dairəsi
1. Tərəflərin təqdimatları
(a) Ərizəçilər
116. Ərizəçilər bildirmişlər ki, onların Konvensiyanın 11-ci Maddəsi ilə təmin edilən hüquqları pozulmuşdur, belə ki onların işəgötürənləri onların həmkarlar ittifaqına üzvlüyünə mane olmaq və buna görə onları cəzalandırmaq məqsədilə hərəkət etmişdir. Onlar qeyd etmişlər ki, Dövlət Kalininqrad dəniz limanı şirkətinə nəzarət etdiyi üçün RDB həmkarlar ittifaqının üzvləri olaraq, onlara qarşı bir sıra qərəzli hərəkətlərə birbaşa cəlb olunmuşdur. Onlar iddia etmişlər ki, səhmlərin 20 faizi Kalininqrad Vilayətinin İnkişaf Fonduna məxsus olmuş, onların əlavə 35 faizinə isə eyni zamanda həm müdirin birinci müavini, həm Fondun meneceri və həm də dəniz limanı şirkətinin idarə heyətinin üzvü vəzifələrini tutmuş cənab Karetniy nəzarət etmişdir.
117. Ərizəçilər iddia etmişlər ki, onların RDB-a üzvlüyü onların işinə və əmək haqqına mənfi təsir göstərmiş və işəgötürən onlarla həmkarlar ittifaqının üzvü olmayan həmkarları arasında fərq qoymaq üçün müxtəlif təzyiq tədbirlərindən istifadə etmişdir. Onlar RDB üzvlərinin yenidən xüsusi qruplara bölündüklərini qeyd etmişlər ki, bu da Kalininqrad dəniz limanı şirkətinin əsas menecerlərinin Baltiyskiy Rayon Məhkəməsinə şifahi və yazılı şəkildə təqdim etdikləri və 22 mart 2000-ci il tarixli qərarda öz əksini tapmış məlumatlarda təsdiq edilmişdir (bax yuxarıda 45-ci bölmə). Ərizəçilər vurğulamışlar ki, eyni qərar onların digər qruplardakı əməkdaşların əmək haqlarından hər zaman əhəmiyyətli dərəcədə aşağı olan əmək haqlarının azaldıldığını təsdiq edir. Onlar həmçinin təhlükəsizliyə nəzarət yoxlamasının qərəzli idarə edildiyini və onların işçi qüvvəsinin artıq olması bəhanəsi ilə işdən çıxarılmasına dair qərarların qərəzli olduğunu iddia etmişlər.
(b) Hökumət
118. Hökumət həmin iddiaları təkzib etmişdir. Onlar bildirmişlər ki, Dövlət qurumu olan Kalininqrad Vilayətinin İnkişaf Fondu Kalininqrad dəniz limanı şirkətinin səhmlərinin iyirmi faizindən azına və yalnız qısa müddət ərzində – 1998-ci ilin may-noyabr ayları ərzində sahib olmuşdur. Cənab Karetniyə gəlincə, o heç bir zaman paralel olaraq bir neçə dövlət qulluqçusu vəzifəsində və dəniz limanı şirkətinin idarə heyətinin üzvü vəzifəsində olmamışdır. Buna görə də onların fikrincə, Dövlət irəli sürülmüş şikayətdə iddia edilən birləşmək hüququna qarşı ayrı-seçkilik hərəkətlərinə görə cavabdeh hesab oluna bilməz.
119. Bundan əlavə, hökumət təqdim etmişdir ki, ərizəçilərin əmək haqlarında kəskin azalma ilə bağlı şikayətə Kalininqrad Dövlət Əmək Müfəttişliyi tərəfindən baxılmış və Müfəttişlik RDB üzvü olanlar qrupuna daxil olan işçilərin RDB üzvü olmayanlar qrupuna daxil olan işçilərlə təqribən eyni gəlir əldə etdiklərini aşkar etmişdir. Liman işçilərinin əmək hüquqlarının pozulması ilə bağlı heç bir fakt aşkar edilməmişdir. Həmçinin təhlükəsizliyə nəzarət yoxlamalarının və işdən çıxarılma hallarının idarə edilməsində RDB üzvlərinə qarşı ayrı-seçkiliyə yol verilməsi ilə bağlı heç bir fakta rast gəlinməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi.
120. Məhkəmə qeyd edir ki, Kalininqrad dəniz limanı şirkətinin statusunu nəzərə alaraq, tərəflər hazırkı işin hallarına Dövlətin birbaşa müdaxiləsinin olub-olmadığı ilə razılaşmırlar. Məhkəmə hesab edir ki, şikayət edilən məsələlər Rusiya Federasiyası tərəfindən ərizəçilərin Konvensiyanın 11-ci Maddəsi ilə nəzərdə tutulmuş hüquqlarının milli qanunvericiliyə əsasən təmin edilməsi öhdəliyinin yerinə yetirməməsindən irəli gəlirsə, o, bu məsələylə bağlı qərar qəbul etməməlidir, belə ki istənilən halda, bu hüquqları təmin etmək Rusiya Federasiyasının vəzifəsidir (bax “Wilson, Jurnalistlərin və başqalarının Milli Birliyi Böyük Britaniyaya qarşı”, (Wilson, National Union of Journalists and Others v. the United Kingdom), no 30668/96, 30671/96 və 30678/96, § 41, ECHR 2002‑V).
121. Məhkəmə təkrar olaraq qeyd edir ki, 11-ci Maddənin 1-ci hissəsi həmkarlar ittifaqlarının azadlığını birləşmək azadlığının formalarından və ya xüsusi aspektlərindən biri kimi qeyd edir (bax “Belçika Milli Polis Birliyi Belçikaya qarşı” , (National Union of Belgian Police v. Belgium ), 27 oktyabr 1975-ci il, § 38, A seriyası, no 19 və “İsveç Avtomobil Sürücüləri Birliyi İsveçə qarşı”, (Swedish Engine Drivers’ Union v. Sweden), 6 fevral 1976, § 39, A seriyası, no 20). 11-ci Maddənin 1-ci hissəsində göstərilmiş “öz maraqlarının müdafiəsi üçün” sözləri artıq deyildir və Konvensiya həmkarlar ittifaqlarının fəaliyyəti vasitəsi ilə həmkarlar ittifaqı üzvlərinin peşə maraqlarını qorumağa təminat verir; Müqavilə Tərəfi olan Dövlətlərin öhdəliyi isə həmkarlar ittifaqlarının fəaliyyətinə icazə verməkdən və həmin fəaliyyət üçün şərait yaratmaqdan ibarətdir (bax yuxarıda qeyd edilmiş Wilson işi, § 42).
122. Məhkəmə müşahidə edir ki, işəgötürənlərinin ərizəçilərə qarşı törətdiyi və ərizəçilərin iddiasına görə, onların hüquqlarını pozmuş birdəfəlik (one-off) tədbirləri ilə əlaqədar ərizəçilər Dövlət müdafiəsi ilə təmin olunmuşlar. Buna görə də milli məhkəmə onların yalnız RDB üzvlərindən ibarət qruplara təyin edilməsinə və bunun onların maaşlarında iddia edilən azalmaya səbəb olduğuna görə onlara iki aylıq maaş formasında kompensasiyanın ödənilməli olması ilə bağlı əmr vermişdir (bax yuxarıda 46-cı bənd); qərəzli olması iddia edilən təhlükəsizlik qaydaları yoxlaması Dövlət Əmək Təhlükəsizliyi Müfəttişliyinin əmri ilə yenidən təşkil edilmişdir (bax yuxarıda 27-28-ci bəndlər); region prokuroru müəyyən etmişdir ki, iş saatlarında özbaşına azaldılma olmuşdur ki, bu da məhkəmə tərəfindən, itirilmiş qazanc və qeyri-maddi zərərə görə kompensasiyanın ödənilməsinə dair qərarın qəbul edilməsinə gətirib çıxarmışdır (bax yuxarıda 31-ci və 33-cü bəndlər); həmçinin 24 may 2002-ci il tarixli məhkəmə qərarının yerinə yetirilməməsinə görə itirilmiş qazanc və qeyri-maddi zərərə görə kompensasiyanın ödənilməsinə dair qərar qəbul edilmişdir (bax yuxarıda 90-cı bənd); əksər hallarda məhkəmələr həmçinin həmkarlar ittifaqlarının işəgötürənin hərəkətlərindən zərər çəkmiş fərdi üzvlərinə kompensasiya ödənilməsinə dair qərar qəbul etmişlər (bax yuxarıda 53-73-cü bəndlər). Bundan əlavə, milli məhkəmələr ərizəçilərin, digər əməkdaşlara təklif edilmiş, lakin onlara təklif edilməmiş gəmilərin yüklənməsi və boşaldılması ilə məşğul olan yeni bir şirkətə qərəzli köçürülmə ilə əlaqədar şikayətlərini diqqətlə araşdırmış və onların itirilmiş qazanc, hüquqların bərpası və qeyri-maddi zərərlə bağlı iddialarını təmin etmişlər (bax yuxarıda 82-ci bənd). Ərizəçilər məhkəmələrin bununla əlaqədar qərarlarının əsassız və ya özbaşına olması ilə bağlı şikayət etməmişlər.
123. Bununla belə, 11-ci Maddədə nəzərdə tutulmuş birləşmək hüququnun mahiyyətinə gəlincə, Məhkəmə həmkarlar ittifaqlarının azadlığını təmin etmək üçün Dövlət tərəfindən həyata keçirilmiş və onun səlahiyyət çərçivəsinə daxil olan müvafiq tədbirlərin cəmini nəzərə alır (bax “Demir və Baykara Türkiyəyə qarşı”, (Demir and Baykara v. Turkey) no 34503/97 [GC], § 144, 12 noyabr 2008-ci il). İşçi və ya operator cəzaya məruz qalmadan və ya maneələr qoyulmadan həmkarlar ittifaqına daxil ola və ya daxil olmaya bilməlidir (bax “Elektrovoz Mühəndislərinin və Yanğınsöndürənlərin Birləşmiş Cəmiyyəti (ASLEF) Böyük Britaniyaya qarşı”, Associated Society of Locomotive Engineers and Firemen (ASLEF) v. the United Kingdom, no 11002/05, § 39, ECHR 2007‑...). 11-ci Maddənin ifadə forması aydın şəkildə “hər kəsin” hüququnu nəzərdə tutur və həmçinin 14-cü Maddənin onların xarakteri ilə bağlı hüquqlar və azadlıqlar müəyyənləşdirən Maddələrin hər birinin tərkib hissəsini təşkil etdiyi nəzərə alınarsa, bu müddəa aşkar şəkildə, həmkarlar ittifaqı tərəfindən müdafiə olunmaq hüququndan yararlanmağı seçməyə görə ayrı-seçkiliyə məruz qalmamaq hüququnu əhatə edir (bax yuxarıda qeyd edilmiş Belçika Milli Polis Birliyi, 44-cü bənd). Buna görə də 11-ci Maddənin təminatlarını qorumaq üçün həyata keçirilmiş tədbirlərin cəminə həmkarlar ittifaqına üzvlüyə görə ayrı-seçkilikdən müdafiə olunmaq da daxil olmalıdır. Birləşmək Azadlığı Komitəsinin fikrincə, bu cür ayrı-seçkilik birləşmək azadlığı hüququnun ən ciddi pozuntularından birini təşkil edir və həmkarlar ittifaqlarının mövcudluğunu böyük təhlükə altına salmağa qadirdir (bax yuxarıda 107-ci bənd).
124. Məhkəmə ayrı-seçkilik münasibətindən zərər çəkmiş şəxslərin bunu mübahisələndirmək imkanı ilə təmin olunmasını və zərərin əvəzini bərpa etmək və digər yardım əldə etmək üçün hüquqi hərəkətlər həyata keçirmək hüququna malik olmasının olduqca vacib olduğunu hesab edir. Buna görə də Konvensiyanın 11-ci və 14-cü Maddələrinə əsasən, Dövlətlərdən birləşmək hüququna qarşı ayrı-seçkilikdən real və effektiv müdafiəni təmin edə biləcək məhkəmə sistemi yaratmaları tələb edilir.
125. Buna görə də məhkəmə ərizəçiləri həmkarlar ittifaqına üzv olmaq seçimlərinə görə iddia edilən diskriminasiya motivli rəftardan müdafiə etmək üçün dövlət orqanları tərəfindən kifayət qədər tədbirlər həyata keçirilib-keçirilmədiyini nəzərdən keçirməlidir.
B. Ərizəçilərin həmkarlar ittifaqına üzvlüyünə görə ayrı-seçkilikdən müdafiəsinin qənaətbəxş səviyyədə olması
1. Tərəflərin təqdimatları
(a) Ərizəçilər
126. Ərizəçilər qeyd etmişlər ki, onların müraciət etmiş olduqları bütün milli məhkəmələr – Kalininqrad şəhərinin Baltiyskiy rayon məhkəməsi, Kalininqrad Regional Məhkəməsi və Baltiyskiy rayonunun Sülh Məhkəməsi onların birləşmək azadlığı hüququnun pozulması barədə şikayətlərinin müxtəlif aspektlərinə baxmaqdan yekdilliklə imtina etmişlər və bunu səbəb gətirmişlər ki, ayrı-seçkilik yalnız cinayət proseslərində müəyyənləşdirilə bilər (bax yuxarıda 45, 47 və 49-cu bəndlər). Ərizəçilər göstərmişlər ki, mülki proseslər cinayət təqibindən əhəmiyyətli dərəcədə fərqli olmuşdur, belə ki birincidə fərdlərin şəxsi maraqlarına qəsd edilməsi ilə bağlı hüquqların bərpasının təmin edilməsi nəzərdə tutulduğu halda, sonuncuda ümumilikdə cəmiyyətin ictimai maraqları müdafiə olunur. Hazırkı işdə aşkar şəkildə ərizəçilərin şəxsi hüquqları ortaya qoyulduğu üçün milli məhkəmələrin onların ayrı-seçkiliklə bağlı şikayətinə mülki proses şəklində baxmaqdan imtina etməsi onları effektiv hüquq-müdafiə vasitələrindən məhrum etmişdir. İstənilən halda, prokurorluq həmçinin ərizəçilərin, bərabərlik prinsipinin iddia edilən pozulması ilə əlaqədar cinayət işinə başlamaqla bağlı müraciətinə baxmaqdan imtina etmişdir və o, ərizəçilərin şikayətlərinin doğru olub-olmadığını müəyyənləşdirmək üçün heç bir tədbir görməmişdir.
127. Ərizəçilər israrla bildirmişlər ki, hökumətin istinad etdiyi Rusiya qanunvericiliyindəki ayrı-seçkilik əleyhinə ümumi müddəalar onların həyata keçirilməsi və tətbiqi üçün fəaliyyət mexanizminin olmaması səbəbindən qeyri-effektiv olmuşdur. Hökumətin cinayət hüququ müddəalarına müraciət etməsi məsələsinə gəlincə, onlar hər hansı bir şəxsin nə zamansa Cinayət Məcəlləsinin 136-cı Maddəsinə əsasən ittiham olunduğunu, mühakimə edildiyini və ya məhkum edildiyini göstərə bilməmişlər.
(b) Hökumət
128. Hökumət bu fikirləri inkar etmişdir. Onlar qeyd etmişlər ki, RDB 1995-ci ildə həmkarlar ittifaqı kimi dövlət qeydiyyatına alınmış və 1999-cu ildə təkrar qeydiyyatdan keçmişdir; buna görə də milli dövlət hakimiyyəti orqanları RDB-un yaradılmasına və ya fəaliyyətinə mane olmamışlar. “Həmkarlar ittifaqları haqqında” Qanun dövlət orqanlarının həmkarlar ittifaqının fəaliyyətinə hər hansı müdaxiləsini qadağan edir (5-ci bölmənin 2-ci hissəsi) və göstərir ki, həmkarlar ittifaqına üzvlüyə görə sosial hüquqlar və əmək hüquqları üçün şərtlər müəyyənləşdirilə bilməz (bölmə 9). Həmin vaxt qüvvədə olmuş Əmək Qanunları Məcəlləsində bir sıra təminatlar nəzərdə tutulmuşdu: həmkarlar ittifaqının hər hansı üzvünün işçi qüvvəsinin artıqlığı, lazımi bacarıqlarının olmaması, zəif səhhəti və s. səbəblərdən işdən çıxarılması üçün həmkarlar ittifaqının təsdiqi tələb olunurdu və s. Həmkarlar ittifaqlarının rəhbərləri üçün daha yüksək təminatlar verilmişdi: onlar öz həmkarlar ittifaqlarının əvvəlcədən razılığı əldə edilmədən, başqa vəzifəyə keçirilə, işdən çıxarıla və ya intizam cəzaları ilə cəzalandırıla bilməzdilər. Son olaraq, onlar göstərmişlər ki, Məcəllə ictimai birliyə üzvlüyə görə ayrı-seçkiliyə məruz qalmağı qadağan etmiş (16-cı Maddənin 2-ci hissəsi) və pozulmuş hüquqların məhkəmədə müdafiəsini əsaslandırmışdır (Maddə 2).
129. Hökumət bildirmişdir ki, ərizəçilər bütün digər Rusiya vətəndaşları kimi öz hüquqlarının və azadlıqlarının eyni müdafiəsindən istifadə etmişlər. Onlar, xüsusilə, özlərinin tətil hüquqlarından istifadə etmişlər; Dövlət Əmək Müfəttişliyinə və müxtəlif prokurorluqlara müraciət etmişlər. Ayrı-seçkilik faktının aşkar edilməsi üçün məhkəmə fəaliyyətinə gəlincə, hökumət Kalininqrad Regional Məhkəməsinin qərarının ərizəçilərin müvafiq şikayətinin mahiyyətcə fərdlərin bərabərliyinin iddia edilən pozuntusu ilə əlaqədar olduğunu göstərmiş və beləliklə, Cinayət Məcəlləsinin 136-cı maddəsinə əsasən, cinayət proseslərində müəyyənləşdirilməli olduğunu bildirmişdir. Bundan əlavə, onlar qeyd etmişlər ki, bu müddəa əsasında 1997-ci ildən etibarən altı şəxs məhkum edilmişdir. Hökumət qeyd etmişdir ki, ərizəçilər prokurorluğun iddia edilən ayrı-seçkiliyə görə cinayət prosesinə başlamaqdan imtina edilməsi ilə bağlı qərarlarına etiraz etməmişlər və buna görə də mövcud milli hüquq-müdafiə vasitələrini tükəndirməmişlər.
2. Məhkəmənin qiymətləndirməsi
130. Məhkəmə qeyd edir ki, Kalininqrad dəniz limanı şirkəti işçilərin həmkarlar ittifaqına üzvlükdən çıxmasını təşviq etmək üçün müxtəlif metodlardan, o cümlədən onların yenidən məhdud imkanlara malik xüsusi fəaliyyət qruplarına təyin edilməsindən, məhkəmələrin daha sonra gəldiyi qənaətə görə, qeyri-qanuni sayılan işdən azad edilməsindən, əmək haqlarının azaldılmasından, inzibati sanksiyalardan istifadə etmiş, həmçinin məhkəmə qərarlarına əməl etməkdən imtina etmişdir və s. Nəticədə, RDB üzvlərinin sayı 1999-cu ildə mövcud olmuş 290 nəfərdən 2001-ci ildə 24 nəfərədək kəskin şəkildə azalmışdır. Məhkəmə həmçinin Kalininqrad Regional Dumasının qərarlarını (bax 51-ci bənd) və BƏT-in Birləşmək Azadlığı Komitəsinin qərarlarını (bax 108-ci bənd) qeyd etmişdir. Həmin qərarlarda ayrı-seçkilikdən müdafiə məsələsinin ərizəçilər tərəfindən irəli sürülməsinin ağlabatan olduğu göstərilmişdir. Buna görə də o, razılaşır ki, RDB-a üzvlüyün ərizəçilərə göstərmiş olduğu aydın mənfi təsir Konvensiyanın 11-ci Maddəsi ilə təmin edilən hüquqların həyata keçirilməsində ayrı-seçkiliyə yol verilməsini prima facie müəyyən etmək üçün kifayətdir.
131. Bundan əlavə, Məhkəmə qeyd edir ki, hazırkı işdəki ərizəçilər dövlət orqanlarından işəgötürənin onları birliyi tərk etməyə məcbur etməyə yönəlmiş hədə-qorxularının qarşısını almağı tələb etmişlər. Onlar uzun müddət ərzində onlara qarşı törədilmiş diskriminasiya motivli hərəkətlərin müntəzəm olaraq təkrarlanmış olması faktını məhkəmənin diqqətinə çatdırmışlar. Onların fikrincə, onların ayrı-seçkiliklə bağlı şikayətinin təmin edilməsi onların cəzaya və ya maneələrə məruz qalmadan həmkarlar ittifaqına daxil olmaq hüququnun müdafiəsi üçün ən effektli alət kimi çıxış edə bilər.
132. Məhkəmə qeyd edir ki, həmin vaxt qüvvədə olmuş Rusiya qanunvericiliyində həmkarlar ittifaqına üzv olmağa və ya üzv olmamağa görə hər növ ayrı-seçkiliyə qarşı ümumi ( blanket) xarakterli qadağa mövcud olmuşdur (Həmkarlar ittifaqları haqqında Qanunun 9-cu bölməsi). Yerli qanunvericiliyə əsasən, ərizəçilər Rusiya Federasiyasının Mülki Məcəlləsinin ümumi qaydaları (Maddə 11-12) və Həmkarlar ittifaqları haqqında Qanunun 29-cu bölməsində göstərilmiş ümumi prinsiplər nəzərə alınmaqla, onların ayrı-seçkiliyə dair şikayətlərinə məhkəmə tərəfindən baxılmasına nail ola bilmişlər.
133. Bununla belə, bu müddəalar hazırkı işdə səmərəsiz olmuşdur. Məhkəmə qeyd edir ki, milli məhkəmə hakimiyyəti orqanları, ayrı-seçkiliyin mövcudluğunun yalnız cinayət proseslərində müəyyənləşdirilməsinin mümkün olduğu və buna görə də ərizəçilərin şikayətlərinin mülki iş vasitəsilə müəyyənləşdirilməsinin mümkün olmadığı qənaətinə gələrək, prosesin iki mərhələsində ərizəçilərin şikayətlərini nəzərə almaqdan imtina etmişdir (bax yuxarıda 47-ci və 49-cu bəndlər). Bununla belə, hökumətin müşahidələrində təsdiq edilmiş bu mövqe həmçinin Baltiyskiy rayon məhkəməsi tərəfindən baxıldığı zaman ləğv edilmiş və ayrı-seçkiliyə dair başqa bir şikayət ancaq bir il sonra çətinliklə qaldırılmışdır (bax yuxarıda 83-84-cü bəndlər).
134. Bununla belə, hüquq-müdafiə vasitəsinin əsas çatışmazlığı ondan ibarətdir ki, şəxsi məsuliyyət prinsipinə əsaslandığına görə o, şirkətin əsas menecerlərindən birinin həmkarlar ittifaqının üzvlərinə qarşı ayrı-seçkilik aparmaqla bağlı birbaşa niyyətinin olduğunu “ağlabatan şübhə qalmadan” sübuta yetirilməsini tələb edir. Belə niyyəti müəyyənləşdirməyin mümkün olmaması cinayət prosesinə başlamaqdan imtina olunması ilə bağlı qərarların qəbul edilməsinə gətirib çıxarmışdır (bax yuxarıda 38-39, 45, 47 və 49-cu bəndlər). Bundan əlavə, ayrı-seçkiliyə məruz qalmış şəxslərin cinayət prosesinə başlanmasında və onun həyata keçirilməsində yalnız kiçik bir rolu vardır. Buna görə də məhkəmə inanmır ki, cinayət təqibini həyata keçirən dövlət orqanlarının həmkarlar ittifaqı üzvlərinə qarşı ayrı-seçkiliyin tətbiq edilməsi ilə bağlı birbaşa niyyəti aşkara çıxarmaq və təsdiq etmək bacarığından asılı olan cinayət təqibi birləşmək hüququna qarşı iddia edilən ayrı-seçkiliklə əlaqədar hüquqların adekvat və praktiki bərpasını təmin edə bilərdi. Alternativ olaraq, mülki proseslər ərizəçilər və onların işəgötürəni arasındakı əlaqələrin bütün elementlərinin, o cümlədən liman işçilərini RDB üzvlüyündən imtina etməyə məcbur etmək üçün sonuncu tərəfindən istifadə edilmiş müxtəlif metodların ümumi effektinin araşdırılması ilə bağlı daha həssas vəzifənin daha yaxşı həyata keçirilməsinə və hüquqların müvafiq bərpasına imkan verərdi.
135. Məhkəmə ərizəçilər tərəfindən irəli sürülən və ərizəçilərin ayrı-seçkiliyə məruz qalmama hüquqlarının effektiv müdafiəsinin işəgötürənlər tərəfindən onlara qarşı gələcəkdə hansısa xoşagəlməz hərəkətlər edilməsinin qarşısını alacağı ilə bağlı fikir yürütmək niyyətində deyil. Buna baxmayaraq, o hesab edir ki, işəgötürənin hərəkətinin obyektiv effekti nəzərə alınarsa, belə müdafiənin olmaması potensial ayrı-seçkilik qorxusuna səbəb ola bilər və digər şəxsləri həmkarlar ittifaqına üzv olmaqdan çəkindirə bilər ki, bu da onun həmkarlar ittifaqlarının aradan qalxmasına gətirib çıxara bilər və beləliklə, birləşmək azadlığının həyata keçirilməsinə mənfi təsir göstərə bilər.
136. Nəticədə, Məhkəmə hesab edir ki, Dövlət həmkarlar ittifaqlarına üzvlüyə görə ayrı-seçkiliyə qarşı effektiv və aydın məhkəmə müdafiə sistemi yaratmamaqla özünün pozitiv öhdəliyini yerinə yetirməmişdir. O, hesab edir ki, Konvensiyanın 11-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəsinin pozuntusu baş vermişdir.
III. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
137. Ərizəçilər ayrı-seçkiliklə bağlı şikayətləri üzrə effektiv hüquq-müdafiə vasitələri ilə təmin olunmadıqları ilə bağlı şikayət etmişlər. Onlar Konvensiyanın 13-cü Maddəsinə əsaslanmışlar.
138. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 11-ci və 14-cü Maddələri çərçivəsində nəzərdən keçirilmiş şikayətlərlə birbaşa əlaqəlidir. Məhkəmə Konvensiyanın 11-Cİ Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəsinin pozulması ilə bağlı aşkar etdiyi sübutlara diqqət yetirərək (bax yuxarıda 130-136-cı bəndlər) hesab edir ki, bu müddəa ilə bağlı ayrıca heç bir məsələ ortaya çıxmır.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
139. Konvensiyanın 41-ci Maddəsi aşağıdakıları nəzərdə tutur:
“Məhkəmə Konvensiyanın və ya onun Protokollarının müddəalarının pozulması halı aşkar edərsə və Yüksək Müqavilə Tərəfinin müvafiq milli qanunvericiliyi yalnız qismən kompensasiyaya imkan verərsə, Məhkəmə, zəruri olduğu halda, zərərçəkmiş tərəfə ədalətli kompensasiya təmin edə bilər”.
A. Zərər
140. Ərizəçilər həmkarlar ittifaqının üzvləri kimi ayrı-seçkiliyə məruz qalmaları nəticəsində itirilmiş qazancları üçün kompensasiya tələb etmişlər. Bu başlıq altında iddialar təqribən 17 387 Rus rublundan təqribən 1 207 643 Rus rublunadək dəyişmişdir. Onlar hər biri əlavə olaraq, dəymiş qeyri-maddi zərərə görə 100 000 avro tələb etmişlər.
141. Hökumət bu iddiaları əsassız və şişirdilmiş hesab etmişdir.
142. Məhkəmə təkrar olaraq qeyd edir ki, ədalətli kompensasiya müddəasının əsasında duran prinsip odur ki, ərizəçi üçün mümkün qədər tez bir müddətdə Konvensiyanın müddəalarının pozulmadığı zaman mövcud olmuş vəziyyət bərpa olunsun. 41-ci Maddəyə əsasən, Məhkəmə yalnız o halda pul kompensasiyasının verilməsinə dair qərar qəbul edir ki, şikayətdə göstərilən itki və ya zərərin, həqiqətən, aşkar edilən qanun pozuntusu nəticəsində baş verdiyi sübuta yetirilsin, bununla belə, Dövlətdən onun cavabdeh olmadığı məsələlərlə vurulmuş zərərə görə kompensasiya ödəməsi tələb edilə bilməz (bax yuxarıda qeyd edilmiş Wilson işi, 54-cü bənd).
143. Məhkəmə qeyd edir ki, hazırkı işdə ədalətli kompensasiyanın ödənilməsinə dair qərar yalnız dövlət hakimiyyəti orqanlarının ərizəçilərin onlara qarşı ayrı-seçkiliyə yol verilməsi ilə bağlı şikayətlərinə baxmaqdan imtina etməsi faktına əsaslana bilər. Məhkəmə bu şikayətlərə effektiv şəkildə baxılan təqdirdə ərizəçilərin öz gəlirlərini həqiqətən qorumağa qadir oub-olmayacağı məsələsinə baxmaq iqtidarında deyildir. Buna görə də o, ərizəçilərin dəymiş maddi ziyanla bağlı şikayətlərini rədd edir. Bununla belə, onların həmkarlar ittifaqına üzv olmasına görə ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarını qorumaq üçün edilmiş müvəffəqiyyətsiz cəhdləri hər halda ərizəçilərin haqlı qəzəbinə, ümidlərini itirməsinə və emosional gərginliyinə səbəb olub (bax yuxarıda göstərilmiş Wilson işi, 61-ci bənd). Məhkəmə hesab edir ki, hər bir ərizəçiyə bərabərlik əsasında dəymiş qeyri-maddi zərərə görə 2500 avro, üstəgəl həmin məbləğdən tutulmalı olan vergilər ödənilməlidir.
B. Xərclər
144. Ərizəçilər xərclərlə bağlı heç bir iddia irəli sürməmişlər. Məhkəmə ərizəçilərə Avropa Şurası tərəfindən hüquqi yardım qismində 701 avro ödəndiyini nəzərə alaraq bu başlıq altında heç bir ödəmə təyin etmir.
C. Gecikdirmə faizi
145. Məhkəmə gecikdirmə faizinin Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə əsaslanmasını və buraya üç faiz əlavə edilməsini uyğun hesab edir.
BU SƏBƏBLƏRDƏN MƏHKƏMƏ YEKDİLLİKLƏƏrizənin iyirminci və otuz birinci ərizəçilərin (Cənab Aleksandr Fyodoroviç Verxoturtsev və cənab Aleksandr Mixayloviç Leniçkin) şikayətləri ilə bağlı hissəsini rədd etməyi qərara alır,
2. Yerdə qalan ərizəçilərlə bağlı, Konvensiyanın 11-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəsinin pozulduğunu müəyyən edir;
3. Şikayətin Konvensiyanın 13-cü Maddəsinə əsasən baxılmasına ehtiyac olmadığını müəyyən edir;
4.Müəyyən edir ki:
(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü Maddəsinin 2-ci hissəsinə uyğun olaraq, qərarın qəti olaraq qüvvəyə minəcəyi tarixdən etibarən üç ay ərzində hər bir ərizəçiyə dəymiş qeyri-maddi zərərə görə 2500 (iki min beş yüz) avro üstəgəl həmin məbləğdən tutulması tələb olunan vergiləri ödəsin və həmin məbləğ ödənişin həyata keçiriləcəyi tarixdə müvafiq məzənnə ilə Rusiya rubluna konvertasiya olunsun;
(b) yuxarıda qeyd edilən üç ayın bitməsindən hesablaşmaya qədər yuxarıda verilmiş məbləğ üzrə gecikdirmə müddəti ərzində Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə bərabər faiz üstəgəl üç faiz olaraq hesablansın.
5. Ərizəçinin ədalətli kompensasiyaya dair iddiasının yerdə qalan hissəsini rədd edir.
İngilis dilində hazırlanıb və 30 iyul 2009-cu ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndinə əsasən yazılı şəkildə açıqlanıb.
Stephen PhillipsRait Maruste
KatibMəhkəmənin sədri
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy