© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Dikson Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Dickson v. the United Kingdom [GC]), ərizə № 44362/04
04.12.2007-ci il tarixli qərar [Böyük Palata]
8-ci maddə
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Cəza müddətini çəkməkdə olan məhbusun süni mayalanma yolu ilə övlad atası olmasına şərait yaratmaqdan imtina edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçilər cəza müddətini çəkərkən həbsxananın yazışma şəbəkəsi vasitəsilə tanış olmuş ərlə arvad idi. Ər adamöldürməyə görə məhkum olunmuşdu və 2009-cu ildən əvvəl azad edilə bilməzdi. Onun övladı yox idi. Arvadı cəza müddətini başa vurmuşdu və digər şəxslərdən üç övladı var idi. Ərizəçilər birgə övlad sahibi olmalarından ötrü onlar üçün süni mayalanmaya şərait yaradılmasını xahiş etdilər və bildirdilər ki, ərizəçinin ən tezi 2009-cu ildə azad edilə biləcəyi faktı və arvadın yaşı (o, 1958-ci ildə anadan olmuşdu) nəzərə alınarsa, başqa yolla onların birgə övlad sahibi olmaları mümkün deyil. Daxili işlər naziri onların vəsatətini rədd edərək belə izahat verdi ki, ümumi praktikaya əsasən, süni mayalanma barədə vəsatətlər yalnız "müstəsna hallarda" təmin edilə bilər. İmtina üçün gətirilən əsaslar ondan ibarət idi ki, ərizəçilərin münasibətləri normal gündəlik həyat sınağından keçməmişdi və onların dünyaya gətirəcəyi uşağın rifahı lazımi qaydada təmin olunmayacaqdı, habelə ana və uşaq yaxınlarının və tanışlarının yalnız məhdud dəstəyinə ümid edə bilərdilər, uşağın atası isə uşağın həyatının mühüm hissəsi olan uşaqlıq dövründə onun yanında olmayacaqdı. Həmçinin belə bir rəy bildirildi ki, birinci ərizəçinin həbsxanada olarkən süni mayalanma yolu ilə ata olmasına icazə verilməsi vasitəsilə onun barəsindəki hökmün cəzalandırıcı və çəkindirici elementlərindən yayınmağa imkan verilməməsi qanuni ictimai maraq tələblərinə uyğun idi. Ərizəçilər bu qərardan şikayət etdilər, amma cəhdləri uğursuz oldu.
Hüquqi məsələlər – Konvensiyanın 8-ci maddəsi bu işə tətbiq edilə bilər, belə ki, süni mayalanmanın təşkilindən imtina ərizəçilərin şəxsi və ailə həyatına hörmət hüququna təsir göstərirdi, bu hüquq isə onların genetik valideyn olmaq qərarına hörmət hüququnu da özündə ehtiva edirdi. Şəxs azadlıqdan məhrum edildikdən sonra onun Konvensiyada nəzərdə tutulmuş hüquqları saxlanılır, buna görə də həmin hüquqlara qoyulan istənilən məhdudiyyət əsaslandırılmalıdır, yəni sübut edilməlidir ki, belə məhdudiyyətlər azadlıqdan məhrum edilmənin zəruri və qaçılmaz nəticəsidir, yaxud məhdudiyyətlə məhbusun işinin fərdi halları arasında yetərli əlaqə mövcuddur. Məhdudiyyətə yalnız bu mülahizə ilə haqq qazandırmaq olmaz ki, o, ictimaiyyətdə mənfi rəy yarada bilər. Burada başlıca məsələ bir-birinə zidd olan ictimai maraqlarla fərdin maraqları arasında ədalətli balansa riayət edilməsidir.
a) Ziddiyyətə girən maraqlar: Ərizəçilərin maraqlarına gəlincə, milli səviyyədə etiraf edilmişdi ki, arvadın yaşı və ərin azad ediləcəyi tarix nəzərə alınarsa, birgə övlad sahibi olmaq üçün onların yeganə real ümidi süni mayalanma ilə əlaqədar idi. Aydın məsələdir ki, bu, onlar üçün həyati əhəmiyyətli məsələ idi. Hökumət öz qərarını əsaslandırmaq üçün üç səbəb gətirdi: övlad sahibi olmaq imkanının itirilməsi azadlıqdan məhrum edilmənin qaçılmaz və zəruri nəticəsi idi; ağır cinayətə görə məhkum olunmuş şəxsin övlad dünyaya gətirməsinə icazə verilməsi penitensiar sistemə olan ictimai inamı sarsıda bilərdi; atanın uzun müddət uşağın yanında olmaması uşaq üçün və bütövlükdə cəmiyyət üçün mənfi nəticələr doğura bilərdi. Birinci məsələ ilə bağlı Məhkəmə qeyd etdi ki, dünyaya övlad gətirmək imkanının olmaması azadlıqdan məhrum edilmənin nəticəsi olsa da, bu, qaçılmaz nəticə deyildi, çünki süni mayalanma üçün şərait yaradılmasının təhlükəsizlik məsələlərinə təsir göstərəcəyi, yaxud dövlət üçün hər hansı əhəmiyyətli inzibati və ya maliyyə çətinlikləri yaradacağı güman edilmirdi. Penitensiar sistemə olan ictimai inam məsələsinə gəlincə, Məhkəmə cəzalandırmanın azadlıqdan məhrumetmənin məqsədlərindən biri olaraq qaldığını etiraf etsə də, Avropa ölkələrinin cəza siyasətində azadlıqdan məhrumetmənin islahedici funksiyasına (xüsusən uzunmüddətli həbs cəzasının son dövrlərində) getdikcə daha çox önəm verilməsi tendensiyasını qeyd etdi. Nəhayət, dövlət uşaqların real müdafiəsini təmin etmək öhdəliyini daşısa da, ərizəçilərin işinin hallarına bənzər hallarda olduğu kimi, bu müdafiə valideynlərin övlad dünyaya gətirmək cəhdlərinə mane olan həddə gəlib çatmamalıdır, xüsusən də nəzərə alsaq ki, arvad azadlıqdadır və əri azad edilənə qədər dünyaya gətirəcəyi uşağın qayğısına qala bilər.
b) Ziddiyyətə girən maraqlar arasında balansa riayət edilməsi və qiymətləndirmə sərbəstliyinin hüdudları: Dövlət belə məsələlərdə geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər və Məhkəmə ayrı-ayrı Avropa ölkələrində həbsxanada ərlə arvadın təklikdə görüşmələrinin təşkili praktikasını əvvəlki işlərdə təqdir etsə də (belə praktika süni mayalanma zərurətini aradan qaldırır), qeyd etdi ki, Konvensiya iştirakçı dövlətlərin üzərinə bu cür görüşlər üçün qanunvericilik bazası yaratmaq vəzifəsini qoyan sənəd kimi şərh oluna bilməz. Bununla belə, sistem halını almış praktika ziddiyyətə girən fərdi və ictimai maraqları real olaraq müqayisə etmək imkanının istisna edir və hər bir konkret halda məhdudiyyətin mütənasibliyini müəyyənləşdirmək üçün tələb olunan qiymətləndirməni aparmağa mane olurdu. Konkret olaraq, məhdudiyyət süni mayalanma üçün müraciət etmiş şəxslərin üzərinə "son dərəcə" ağır yük qoyurdu, belə ki, onlar sübut etməli idilər ki, süni mayalanma imkanından məhrum edilmələri onların nəsilartırma imkanını ümumiyyətlə aradan qaldıra bilər və müəyyən meyarlar baxımından onların işində "müstəsna" hallar mövcuddur. Beləliklə, bu praktika elə bir yüksək sübutetmə həddini bərqərar etmişdi ki, ziddiyyətə girən maraqlar arasında balansa riayət edilməsi, yaxud daxili işlər nazirinin və ya milli məhkəmələrin tətbiq etdiyi məhdudiyyətin mütənasibliyinin qiymətləndirilməsi mümkünsüz hala gəlmişdi. Həmçinin belə görünür ki, mövcud praktika bərqərar edildikdən sonra ziddiyyətə girən maraqlar arasında balansa riayət edilmənin yoxlanılması, yaxud tətbiq edilən məhdudiyyətin mütənasibliyinin qiymətləndirilməsi həyata keçirilməmişdi. Bu praktikanın yalnız az sayda insanlara təsir göstərməsi əhəmiyyət kəsb etmir. Belə hesab edilməlidir ki, yuxarıda qeyd edilən yoxlama və qiymətləndirmənin aparılmaması qəbul edilə bilən hər hansı qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmış və beləliklə, ziddiyyətə girən ictimai maraqlarla fərdi maraqlar arasında balansa riayət edilməmişdi.
Nəticə: pozuntu baş verib (beş səsə qarşı on iki səslə).
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər ikisinə birlikdə 5.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy