© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Dedovski və başqaları Rusiyaya qarşı (Dedovskiy and Others v. Russia), ərizə № 7178/03
15.05.2008-ci il tarixli qərar [I Bölmə]
Maddə 3
İşgəncə
Məhbuslarla qəddar rəftar edilməsi və onlara qarşı dəyənəklərdən əsassız olaraq istifadə edilməsi və bununla bağlı səmərəli araşdırma aparılmaması: pozuntu baş verib
Faktlar – 2001-ci ildə islah koloniyasında cəzalarını çəkən yeddi ərizəçi xüsusi olaraq azadlıqdan məhrumetmə yerlərində asayişin mühafizəsi məqsədi ilə yaradılmış "Varyaq" dəstəsinin üzvləri tərəfindən qəddar rəftara məruz qaldılar və dəyənəklərlə döyüldülər. İddia edildiyinə görə, bu dəstə cinayətkar qruplaşmanın rəhbəri tərəfindən təxribatçı hərəkətlərə təhrik edilən məhbusların qorxudulması məqsədi ilə koloniyaya çağırılmışdı. Dəstəyə tapşırıq verilmişdi ki, məhbusların üzərində və koloniyadakı bütün tikililərdə axtarış aparmaq vasitəsilə asayişin mühafizəsini təmin etsin. Komandir istisna olmaqla dəstənin bütün üzvləri balaklava (başa keçirilərək sifəti gizlədən papaq) taxmış və rütbələrini göstərən hər hansı nişanı olmayan kamuflyaj forma geymişdilər, habelə rezin dəyənəklərlə silahlanmışdılar. Qəddar rəftar barəsində şikayətlər üzrə başlanmış cinayət işlərinə xitam verildi və belə əsas gətirildi ki, qəddar rəftar barədə iddiaları təsdiq edən "obyektiv məlumatlar" aşkar olunmayıb. Dəstənin komandirinə və onun tabeliyində olan şəxslərə qarşı irəli sürülmüş ittihamlar sübutların olmaması səbəbindən onların üzərindən götürüldü.
Hüquqi məsələlər
Maddə 3: a) 3-cü maddənin maddi hüquqi aspekti: Dəstənin hərəkətlərinin konkret məhbuslara deyil, fərq qoyulmadan bütün koloniyadakı məhbuslara qarşı yönəldiyini, habelə ərizəçilərin qeyd etdikləri faktların Hökumət tərəfindən etiraf edildiyini nəzərə alaraq, Məhkəmə ərizəçilərin şikayət etdikləri qəddar rəftara məruz qalmalarının tələb olunan dərəcədə sübuta yetirildiyini hesab etdi. Dəyənəklərdən istifadə edilməsi üçün qanunvericilikdə heç bir əsas yox idi. "Azadlıqdan məhrumetmə növündə cinayət cəzalarını icra edən müəssisələr və orqanlar haqqında" Rusiya Federasiyası Qanunu müəyyən vəziyyətlərdə, məsələn, "kütləvi iğtişaşların, məhkumlar və məhbuslar tərəfindən ictimai qaydanın qrup halında pozulmasının qarşısını almaq, habelə dəstə üzvlərinə kobudcasına itaətsizlik və ya müqavimət göstərən hüquqpozanları yaxalamaq üçün" rezin dəyənəklərdən istifadə edilməsinə icazə verir. Lakin ərizəçilərin dəstə üzvlərinə və ya məhbus yoldaşlarına hücum etdiklərinə dair heç bir sübut yox idi. Döyülmə halları kollektiv deyil, fərdi xarakter daşıyırdı. Ərizəçilər dəstə üzvlərinin bəzilərinə itaətsizlik və ya müqavimət göstərmiş olsalar belə, onların yaxalanmasına cəhd göstərilməmişdi. Hətta dəstə üzvləri tərəfindən fiziki güc tətbiqi bəzi hallarda zəruri olmuşsa belə, onların hərəkətləri ərizəçilərin davranışına mütənasib deyildi və qarşıya qoyulan məqsədlərə açıq-aşkar zidd idi. Aydın məsələ idi ki, məhbusların dəyənəklə döyülməsi axtarışa şərait yaradılmasını təmin etmək məqsədinə kömək etmirdi. Belə vəziyyətdə dəyənəklə zərbə endirilməsi repressiya və ya bədən cəzasının bir forması idi. Xüsusən ərizəçilərə qarşı qeyri-mütənasib reaksiya heyrətləndirici idi, onları sadəcə olaraq adlarını bildirməkdən və paltarlarını dəyişməkdən imtina etdiklərinə görə döymüşdülər. Müvafiq olaraq, dəstə bilərəkdən və heç bir təxribat olmadan ərizəçiləri qorxutmaq və alçaltmaq məqsədi ilə zorakılığa əl atmışdı və bu zorakılıq onların fiziki və ya mənəvi müqavimətini qırmağa, ləyaqətlərini alçaltmağa və onları itaətkarlığa məcbur etməyə yönəlmişdi. Dəyənəklərlə zərbələr, yəqin ki, onlara işgəncəyə bərabər sayıla bilən mənəvi və fiziki əzab vermişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) 3-cü maddənin prosessual aspekti: Cinayət işi yalnız hadisədən ay yarım keçdikdən sonra başlanıb. Hadisədən dərhal sonra ərizəçilərin həkim tərəfindən müayinə olunub-olunmadıqları barədə məlumat yoxdur, belə ki, mövcud sənədlər sonrakı müayinələrə aiddir. Şikayətlərin çoxu ilə bağlı cinayət işi açılmasından imtina qərarının əsasını məhz tibbi sənədlər formasında "obyektiv" sübutların olmaması təşkil etmişdi. Dəyənəklərdən istifadə ilə bağlı hesabatlarda onlardan məhz kimlərin istifadə etdiyi göstərilməmişdi. Dəstə üzvlərinə sifətlərini gizlətməyə və formalarında fərqləndirici nişanlar gəzdirməməyə icazə verməklə dövlət orqanları zərərçəkənlər tərəfindən onların tanınmasını bilərəkdən mümkünsüz etmişdilər. Bu fakt cinayət işinə xitam verilməsi üçün əsas səbəb kimi göstərilmişdi. Eynilə məhkəmələr də təqsirkarların məsuliyyətə cəlb olunması məqsədini daşıyan cəhdlərə mane olmuşdular. Bundan başqa, rayon məhkəməsi komandirə bəraət verərkən onun tabeliyində olan şəxslər üzərində müvafiq nəzarəti həyata keçirdiyini əsas gətirdiyi halda, regional məhkəmə onu məsuliyyətdən ona görə azad etmişdi ki, o, özü dəstə üzvlərinin yanında olmadığı halda onlara nəzarət edə bilməzdi və bunu etməyə borclu deyildi. Müvafiq olaraq, Avropa Məhkəməsi ölkə məhkəmələrinin gəldiyi nəticələr arasında açıq-aydın ziddiyyətlər olduğunu qeyd etdi. Üstəlik, ərizəçilərin araşdırmada faktiki iştirak hüququ təmin edilməmişdi. Müstəntiq şahidlərin və ya digər zərərçəkənlərin ifadələrini şəxsən dinləməmişdi və hətta qərarlarında hadisələrə dair onların versiyasını göstərməmişdi. Prokurorun qərarlarının ərizəçilərə müvafiq qaydada təqdim edildiyini göstərən hər hansı sübut yox idi. Beləliklə, ərizəçilərin qəddar rəftar barəsində iddiaları ilə bağlı araşdırma nə hərtərəfli, nə adekvat, nə də səmərəli idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 13: Rusiyanın mülki işlər üzrə məhkəmələri nəzəri cəhətdən işin materiallarını müstəqil surətdə qiymətləndirmək imkanına malik olsalar da, praktiki cəhətdən ibtidai istintaqın nəticələrinə o qədər böyük önəm verilir ki, hətta qarşı tərəfin ən inandırıcı sübutlar belə, bir kənara qoyulur və bu cür hüquqi müdafiə vasitəsi nəzəri və ya qeyri-real vasitəyə çevrilir. Cinayət işinə xitam verildiyinə və hər hansı digər hüquqi müdafiə vasitəsinin, o cümlədən ziyanın kompensasiyası barədə mülki iddianın uğur şansı az idi. Beləliklə, ərizəçilər məruz qaldıqları qəddar rəftarla əlaqədar ziyana görə kompensasiya tələb etmək üçün milli qanunvericilikdə nəzərdə tutulmuş səmərəli hüquqi müdafiə vasitəsinə malik deyildilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
38-ci maddənin 1-ci bəndinin "a" yarımbəndi: Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Hökumət cəzaların icrası müəssisələrində qanunçuluğa əməl olunmasına nəzarət idarəsinin rəhbərinin hesabatının surətini təqdim etməkdən imtina etdi. Bu hesabatda əks olunmuş məlumatlar işin hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət daşıyırdı. Bu imtinanı əsaslandırmaq üçün Hökumətin gətirdiyi səbəblər qaneedici deyildi. Müvafiq olaraq, Hökumət 38-ci maddənin 1-ci bəndinin "a" yarımbəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyib.
Nəticə: öhdəliklər yerinə yetirilməyib (yekdilliklə).
Maddə 41: Məhkəmə mənəvi ziyana görə ərizəçilərin hər birinə 10.000 avro təyin etdi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy