© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Delfi AS" Estoniyaya qarşı [BP] – ərizə № 64569/09
16.6.2015 tarixli qərar [Böyük Palata]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
Məlumatları yaymaq azadlığı
İnternet xəbər portalında anonim üçüncü şəxslər tərəfindən yerləşdirilən təhqiramiz şərhlər nəticəsində dəymiş ziyana görə ərizəçi şirkətin əleyhinə kompensasiya qərarının çıxarılması: pozuntu baş verməyib
Faktlar – Ərizəçi şirkət Estoniyada ən iri İnternet xəbər portallarından birinin sahibi idi. 2006-cı ildə ərizəçi şirkətin portalında gəmiçilik şirkəti ilə bağlı məqalə yerləşdirildikdən sonra məqalənin altında gəmiçilik şirkətinin sahibinə qarşı şəxsi təhdidlərin və təhqiramiz ifadələrin yer aldığı şərhlər qoyuldu. Diffamasiya ilə bağlı ərizəçi şirkətə qarşı məhkəmə prosesinə başlanıldı və son nəticədə onun ziyana görə 320 avro ödəməsi barədə qərar çıxarıldı.
10 oktyabr 2013-cü il tarixli qərarında (bax: Məlumat bülleteni № 167) Məhkəmənin Palatası yekdilliklə müəyyən etdi ki, 10-cu maddənin pozuntusu baş verməyib.
Ərizəçi şirkətin vəsatəti əsasında 17 fevral 2014-cü ildə iş Böyük Palataya göndərildi.
Hüquqi məsələlər – Maddə 10: Bu birinci iş idi ki, Məhkəmə İnternetdə istifadəçilərin fikirlərini ifadə etmələri ilə əlaqədar olan şikayətə baxmalı olurdu. Məhkəmə ifadə azadlığının həyata keçirilməsində İnternetdən mühüm faydalar əldə etməyin mümkünlüyünü etiraf edərək xatırlatdı ki, diffamasiyaya və ya digər növ qanunsuz çıxışlara görə məsuliyyətə cəlb edilmə prinsipcə qüvvədə qalmalıdır və şəxsiyyətə aid hüquqların pozulmasına qarşı səmərəli hüquqi müdafiə vasitəsi təşkil edir. Üstəlik, Məhkəmə qeyd etdi ki, hazırkı işdə etiraz edilən şərhlər nifrət yayan nitq və zorakılığa birbaşa təhrik təşkil edirdi, ərizəçi şirkətin xəbər portalı ölkədə ən iri İnternet media vasitələrindən biri idi və onun saytında verilən mübahisəli şərhlər ictimai narahatlıq doğuran məsələyə aid idi. Buna görə də araşdırılan işin hüdudları 10-cu maddənin 2-ci bəndinin işığında İnternet xəbər portallarının "vəzifələrinin və məsuliyyətinin" qiymətləndirilməsi ilə məhdudlaşırdı, söhbət elə hallardan gedirdi ki, həmin portallar öncə yerləşdirdikləri materialla bağlı istifadəçilərin yazdıqları şərhlər üçün platformanı öz iqtisadi məqsədləri naminə təmin edirdilər və bu zaman bəzi istifadəçilər açıq-aydın qanunsuz nitq formalarından istifadə edirdilər. Məhkəmə hər şeydən əvvəl razılaşdı ki, ölkədaxili hüquqi aktlar bunu öncədən görməyə imkan verirdi ki, iqtisadi məqsədlər naminə İnternet xəbər portalını idarə edən media naşiri özünün xəbər portalında açıq-aydın qanunsuz şərhləri yerləşdirdiyinə görə daxili qanunvericiliyə əsasən prinsipcə məsuliyyətə cəlb oluna bilər. Peşəkar naşir olaraq ərizəçi şirkət ən azı fəaliyyətləri ilə bağlı riskləri qiymətləndirmək və onların hüquqi nəticələrini öncədən görmək imkanına malik idi. Buna görə də Məhkəmə bu qənaətə gəldi ki, sözügedən müdaxilə Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan mənada "qanunla nəzərdə tutulmuş" müdaxilə idi.
Ərizəçi şirkətin məlumatları yaymaq azadlığına müdaxilənin zəruriliyinə gəlincə, Məhkəmə ərizəçi şirkətin xəbər portalının xarakterinə görə peşə və kommersiya fəaliyyəti ilə əlaqədar olmasına və onun şərhləri yerləşdirməkdə maddi marağının olmasına xüsusi önəm verdi. Bundan başqa, yalnız ərizəçi şirkət onun xəbər portalında yerləşdirilən şərhləri dəyişdirmək və ya silmək üçün texniki vasitələrə malik idi. Bunlar nəzərə alınarsa, portalda məqalələri ilə bağlı yerləşdirilən şərhlərin ərizəçi şirkət tərəfindən ictimaiyyət üçün açıq saxlanması passiv və sırf texniki xarakterli xidmət təchizatçısı funksiyasının hüdudlarını aşırdı.
Şərhlərin əsil müəlliflərinin məsuliyyətə cəlb olunmasını İnternet xəbər portalını məsuliyyətə cəlb etməyin alternativi kimi qəbul etməyin mümkünlüyü məsələsinə gəlincə, Məhkəmə xatırlatdı ki, İnternetdə anonimlik mühüm dəyər olsa belə, digər şəxslərin hüquq və maraqları ilə balanslaşdırılmalıdır. Bu nəticəyə gələrkən o, İnternet istifadəçilərinin kimliklərinin açıqlanmamasında maraqlı olduqlarını nəzərə aldı, lakin həm də İnternetdə məlumatların məhdudiyyətsiz şəkildə yayılmasının bəzən çox mənfi təsirlərə malik olduğunu qeyd etdi. Bununla əlaqədar olaraq Məhkəmə Avropa İttifaqı Məhkəməsinin qərarına istinad etdi, həmin qərarda müəyyən edilmişdi ki, şəxsin əsas hüquqları bir qayda olaraq axtarış sisteminin operatorunun və digər İnternet istifadəçilərinin maddi maraqlarından üstündür. Bundan başqa, İnternet müxtəlif dərəcədə anonimliyə imkan yaradır və bəzən ictimaiyyət qarşısında anonim qalmaq istəyən İnternet istifadəçilərinin kimliyini müəyyənləşdirmək imkanına yalnız provayderlər malik olurlar. Hazırkı işdə şərhlərin müəlliflərinin kimliyini müəyyənləşdirməyə imkan verən tədbirlərin qeyri-müəyyən nəticələri, eləcə də nifrət yayan nitqin qurbanının faktiki olaraq şərhlərin müəlliflərinə qarşı məhkəmə iddiası qaldırmasını mümkün etmək məqsədi ilə İnternet portalı tərəfindən lazımi vasitələrin təmin edilməməsi daxili məhkəmələrin bu rəyini təsdiq edirdi ki, zərərçəkən şəxs ya ərizəçi şirkətə, ya da şərhlərin müəlliflərinə qarşı məhkəmə iddiası qaldırmaq variantını seçməli idi.
Portalında qanunsuz şərhlərin yerləşdirilməsinin qarşısını almaq üçün ərizəçi şirkət tərəfindən görülmüş tədbirlərə gəlincə, iri xəbər portallarının nifrət ifadə edən və zorakılığa təhrik edən fikirlərin yayılmasını məhdudlaşdırmaq üçün səmərəli tədbirlər görmək öhdəliyi "şəxsi senzuraya" bərabər sayıla bilməzdi. Faktiki olaraq bu cür fikirlərin potensial qurbanının İnterneti daim izləmək imkanı kommersiya xarakterli iri xəbər portalının qanunsuz şərhlərin qarşısını almaq və ya onları silmək imkanına nisbətən məhduddur. Ərizəçi şirkətin İnternet saytında nifrət ifadə edən və ya zorakılığa təhrik edən fikirlər yayan şərhlərlə bağlı onun tərəfindən tətbiq edilən, aidiyyəti olan bütün şəxslərin hüquq və maraqlarının balanslaşdırılması üçün bir çox hallarda münasib vasitə kimi fəaliyyət göstərə bilən müəyyən mexanizmlərin həqiqətən fəaliyyət göstərdiyinə baxmayaraq, bu işin xüsusi halları baxımından onlar yetərli deyildi, çünki qanunsuz şərhlər altı həftə ərzində saytda qalmışdı.
Nəhayət, ərizəçi şirkətə təyin olunmuş 320 avro məbləğində sanksiya heç bir halda daxili məhkəmələr tərəfindən müəyyən edilmiş pozuntuya qeyri-mütənasib olan tədbir sayıla bilməzdi. Həmçinin ölkədaxili məhkəmə prosesləri nəticəsində ərizəçi şirkətin öz biznes modelini dəyişməyə məcbur olduğunu göstərən heç nə yox idi. Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, ərizəçi şirkətin daxili məhkəmələr tərəfindən məsuliyyətə cəlb olunması münasib və yetərli əsaslara söykənirdi və onun ifadə azadlığı hüququna qeyri-mütənasib olan məhdudiyyət təşkil etmirdi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
(Həmçinin bax: Krone Verlag GmbH & Co. KG Avstriyaya qarşı (№ 4), ərizə № 72331/01, 9 noyabr 2006-cı il; K.U. Finlandiyaya qarşı, ərizə № 2872/02, 2 dekabr 2008-ci il; Məlumat bülleteni № 114; Ahmet Yıldırım Türkiyəyə qarşı, ərizə № 3111/10, 18 dekabr 2012-ci il; Məlumat bülleteni № 158; həmçinin bu materiala da bax: Fatcsheet on Hate Speech).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy