© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Dəmir və Baykara Türkiyəyə qarşı [Böyük Palata] (Demir and Baykara v. Turkey [GC]), ərizə № 34503/97
12.11.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Bələdiyyə qulluqçularının həmkarlar ittifaqı yaratmasının qadağan olunması və kollektiv əmək müqaviləsini retrospektiv qaydada ləğv edən qərarın qəbul edilməsi: pozuntular baş verib
Faktlar – Ərizəçilərin biri "Tüm Bel Sen" həmkarlar ittifaqının sədri, digəri isə üzvlərindən biridir. Müxtəlif bələdiyyələrin qulluqçuları tərəfindən 1990-cı ildə təsis edilmiş həmkarlar ittifaqının nizamnaməsində göstərilən məqsədi demokratik həmkarlar ittifaqları hərəkatına yardım etmək və onun üzvlərinin ehtiyaclarını və tələblərini ödəmək idi. 1993-cü ildə həmkarlar ittifaqı bələdiyyə şurası ilə kollektiv müqavilə bağladı, müqavilə bələdiyyə şurasının qulluqçularının əmək fəaliyyətinin bütün aspektlərini, o cümlədən əmək haqqı, müavinət və sosial təminat məsələlərini tənzimləyirdi. Şuranın müqavilə öhdəliklərinin bəzilərini, xüsusən maliyyə öhdəliklərini yerinə yetirmədiyini hesab edərək, həmkarlar ittifaqı mülki işlər üzrə Türkiyə məhkəmələrində ona qarşı mülki iddia qaldırdı. Birinci instansiya məhkəməsi onun iddia tələblərini təmin etdi və müəyyən etdi ki, mülki qulluqçuların daxil olduğu həmkarlar ittifaqları tərəfindən kollektiv müqavilələrin bağlanması hüququnu tanıyan normalar qanunvericilikdə nəzərdə tutulmasa da, artıq Türkiyə tərəfindən ratifikasiya olunmuş və Konstitusiyanın müddəalarına əsasən milli qanunvericilikdə birbaşa tətbiq edilən beynəlxalq müqavilələr, məsələn, Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyaları bu boşluğu doldurur. Lakin 1995-ci ilin dekabrında Kassasiya Məhkəməsi qərara aldı ki, xüsusi qanunvericilik olmadan həmkarlar ittifaqlarında birləşmək və kollektiv müqavilələr bağlamaq azadlığı həyata keçirilə bilməz. O, qeyd etdi ki, həmkarlar ittifaqı təsis edildiyi dövrdə qüvvədə olan Türkiyə qanunvericiliyi mülki qulluqçuların həmkarlar ittifaqına daxil olmasına icazə vermirdi. Kassasiya Məhkəməsi bu nəticəyə gəldi ki, "Tüm Bel Sen" təsis edildiyi andan heç vaxt hüquqi şəxs statusuna malik olmayıb və müvafiq olaraq, mülki məhkəmə icraatında iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malik deyil.
Audit Məhkəməsi tərəfindən bələdiyyə şurasının hesabat sənədləri yoxlanıldıqdan sonra "Tüm Bel Sen" həmkarlar ittifaqının üzvlərinin üzərinə qüvvəsini itirmiş kollektiv müqavilə əsasında əldə etdikləri əlavə gəlirləri geri qaytarmaq vəzifəsi qoyuldu.
Hüquqi məsələlər – Maddə 11: Ərizəçilərin mülki qulluqçu qismində həmkarlar ittifaqı yaratmaq hüququ: Konvensiyanın 11-ci maddəsində üç qrup üçün, yəni silahlı qüvvələr, polis və ya dövlət idarəetmə orqanlarının üzvləri üçün nəzərdə tutulan məhdudiyyətlər dar (məhdud) çərçivədə şərh olunmalı və müvafiq hüquqların "həyata keçirilməsi" ilə məhdudlaşmalıdır. Bu məhdudiyyətlər birləşmək azadlığı hüququnun mahiyyətinə xələl gətirməməlidir. Bundan başqa, müvafiq dövlət həmkarlar ittifaqı yaratmaq hüququna qoyulan məhdudiyyətlərin qanuniliyini sübut etməlidir. Bundan başqa, dövlət idarəçiliyində iştirak etməyən bələdiyyələrin mülki qulluqçuları prinsipcə "dövlət idarəetmə orqanlarının üzvləri" sayıla bilməzlər və bu səbəbdən onların həmkarlar ittifaqları yaratmaq və belə ittifaqlara daxil olmaq hüququ məhdudlaşdırıla bilməz. Belə yanaşma həmçinin müvafiq beynəlxalq sənədlərin çoxunda və Avropa dövlətlərinin praktikasında dəstəklənir. Müvafiq olaraq, "dövlət idarəetmə orqanlarının üzvləri" Konvensiyanın 11-ci maddəsinin tətbiq dairəsindən tamamilə xaric edilə bilməzlər. Əksər hallarda milli hakimiyyət orqanları Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq onlar üçün "qanuni məhdudiyyətlər" tətbiq edə bilərlər. Lakin hazırkı işdə Hökumət sübuta yetirmədi ki, ərizəçilərin yerinə yetirdikləri vəzifələrin xarakteri onları bu cür məhdudiyyətlərin tətbiq edilməli olduğu "dövlət idarəetmə orqanlarının üzvləri" hesab etməyə əsas verir. Beləliklə, ərizəçilər Konvensiyanın 11-ci maddəsinə tam əsasla istinad edə bilərlər.
Hazırkı işdə dövlət orqanlarının hərəkətlərinin və hərəkətsizliyinin doğurduğu kompleks nəticələr bu işi ərizəçilərin Konvensiyanın 11-ci maddəsi ilə təmin edilən hüquqlarını həyata keçirmələrinə cavabdeh dövlətin müdaxiləsi baxımından və dövlət orqanlarının bu hüquqların real olaraq həyata keçirilməsini təmin etməkdən ibarət pozitiv öhdəliklərini yerinə yetirməkdən yayınmaları baxımından nəzərdən keçirməyə imkan verir. Məhkəmə şikayət ərizəsinin bu hissəsini ərizəçilərin hüquqlarını həyata keçirmələrinə edilmiş müdaxilə baxımından araşdırmağı və eyni zamanda dövlətin pozitiv öhdəliklərini nəzərə almağı qərara aldı.
Hazırkı işdə araşdırılan dövrdə mülki qulluqçular tərəfindən həmkarlar ittifaqı yaradılmasına Türkiyə qanunvericiliyi ilə qoyulmuş mütləq qadağanın təxirəsalınmaz ictimai tələbatdan irəli gəldiyi sübuta yetirilməyib. Mülki qulluqçuların həmkarlar ittifaqları yaratmaq və onların işlərində iştirak etmək hüququ istər universal, istərsə də regional beynəlxalq hüquq normaları ilə tanınırdı. Həmkarlar ittifaqında birləşmək hüququ həmçinin Avropa Şurasının üzvü olan bütün dövlətlər tərəfindən tanınmışdı. Dövlət qulluqçularının həmkarlar ittifaqı yaratmaq hüququnu beynəlxalq səviyyədə təmin edən fundamental müqavilə olan BƏT-in 87 saylı Konvensiyası Türkiyə Konstitusiyasına əsasən daxili qanunvericilik sistemində birbaşa tətbiq edilə bilərdi və dövlət sonrakı hüquq praktikasında (Konstitusiyaya edilən dəyişikliklərdə və məhkəmə qərarlarında) mülki qulluqçuların birləşmək hüququnu tanımağa hazır olduğunu təsdiq etdi. Eləcə də 2000-ci ildə Türkiyə bu hüququ tanıyan iki BMT müqaviləsinə qoşuldu. Amma beynəlxalq hüquq sahəsində Türkiyənin əldə etdiyi bu irəliləyişlərə baxmayaraq, Türkiyənin dövlət orqanları bu dövrdə ərizəçilərin həmkarlar ittifaqları yaratmaq hüququnu iki əsas səbəbə görə təmin edə bilməyiblər. Birincisi, BƏT-in 87 saylı Konvensiyasını ratifikasiya etdikdən sonra Türkiyə 2001-ci ilədək bu hüququn praktikada həyata keçirilməsini tənzimləyən qanunlar qəbul etməyib. İkincisi, keçid dövründə Kassasiya məhkəməsi beynəlxalq hüquq normalarını rəhbər tutmuş birinci instansiya məhkəməsinin qərarını dəstəkləmədi və bunun əvəzinə hüquqi şəxslərin yaradılmasına aid milli qanunvericilik normalarına məhdud çərçivəli və formal şərh verdi.
Beləliklə, Kassasiya məhkəməsinin məhdud çərçivəli şərhi və 1993-2001-ci illərdə qanunvericilik orqanının hərəkətsizliyi Türkiyə Hökumətinin ərizəçilərin həmkarlar ittifaqı yaratmaq hüququnu təmin etmək öhdəliyini yerinə yetirməsinin qarşısını almışdı və bu öhdəliyin yerinə yetirilməməsi "demokratik cəmiyyətdə zəruri" deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
İki il ərzində tətbiq edilmiş kollektiv müqavilənin ləğvi məsələsi: 11-ci maddədə təsbit olunmuş birləşmək hüququnun mahiyyəti ilə bağlı Məhkəmənin presedent hüququnun inkişafı iki əsas prinsiplə səciyyələnir: birincisi, Məhkəmə müvafiq dövlət tərəfindən qiymətləndirmə sərbəstliyinin hüdudları çərçivəsində qəbul edilmiş tədbirləri bütövlükdə nəzərə alır; ikincisi, o, həmkarlar ittifaqı yaratmaq azadlığının mühüm elementlərinə toxunan məhdudiyyətlərlə razılaşmır, çünki bu elementlər olmasa birləşmək azadlığı öz mahiyyətini itirmiş olar. Bu iki prinsip bir-birinə zidd deyil və qarşılıqlı əlaqədədir. Bu qarşılıqlı əlaqə onu nəzərdə tutur ki, iştirakçı dövlət Konvensiyanın 11-ci maddəsinə riayət etmək üçün hansı tədbirlərin görülməsini məqsədəuyğun olduğunu seçmək hüququnu özündə saxlamaqla yanaşı, həm də Məhkəmənin presedent hüququnda mühüm sayılan elementləri nəzərə almaq öhdəliyini daşıyır.
Məhkəmənin presedent hüququnda birləşmək hüququnun aşağıdakı mühüm elementləri fərqləndirilir: həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq hüququ; "qapalı müəssisələr" (yalnız həmkarlar ittifaqı üzvlərini işə qəbul edən müəssisələr) haqqında sazişlərin qadağan olunması və həmkarlar ittifaqının öz üzvlərinin rəylərini işəgötürənə çatdırmaq hüququ. Bu siyahı tam deyil. Əmək münasibətləri dəyişdikcə bu siyahı da dəyişikliyə uğraya bilər. Beləliklə, birləşmək hüquqlarının məhdudlaşdırılması insan hüquqlarının praktiki və səmərəli müdafiəsini təmin edən tərzdə şərh olunmalıdır.
Kollektiv müqavilə bağlamaq üçün danışıqlar aparmaq hüququna gəlincə, Məhkəmə özünün presedent hüququna istinad edərək və milli və beynəlxalq əmək qanunvericiliyində baş verən dəyişiklikləri, habelə iştirakçı dövlətlərin bu sahəyə aid praktikasını xatırladaraq qeyd etdi ki, işəgötürənlə kollektiv danışıqlar aparmaq hüququ prinsipcə Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş "öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq hüququnun" mühüm elementlərindən biridir və dövlətlər öz sistemləri çərçivəsində zərurət olduqda çoxsaylı nümayəndələri təmsil edən həmkarlar ittifaqlarına xüsusi status verilməsini nəzərdə tutmaqda sərbəstdirlər. Digər işçilər kimi mülki qulluqçular da, müəyyən spesifik hallar istisna olmaqla, yuxarıda qeyd edilən hüquqlardan istifadə etmək imkanına malik olmalıdırlar, bu şərtlə ki, "dövlət idarəetmə orqanlarının üzvlərinə" tətbiq edilən "qanuni məhdudiyyətlərə xələl gətirilməsin", amma hazırkı işdə ərizəçilər bu kateqoriyaya mənsub deyillər.
Nəzərdən keçirilən dövrdə "Tüm Bel Sen" həmkarlar ittifaqı artıq işəgötürənlə kollektiv danışıqlar aparmaq hüququna malik idi. Bu hüquq Konvensiyanın 11-ci maddəsi ilə təmin edilən həmkarlar ittifaqının fəaliyyətində iştirak hüququnun xarakterik elementlərindən birini təşkil edir. Kollektiv danışıqlar və onların nəticəsində bağlanan və iki il ərzində bələdiyyə şurası ilə əmək münasibətlərini (bəzi maliyyə məsələləri istisna olmaqla) tənzimləyən kollektiv müqavilə müvafiq həmkarlar ittifaqının öz üzvlərinin maraqlarının dəstəkləməsi və qoruması üçün mühüm vasitə təşkil edirdi. Türkiyə tərəfindən artıq ratifikasiya olunmuş beynəlxalq əmək konvensiyalarının normalarının tətbiqi üçün zəruri olan qanunvericiliyin olmaması və Kassasiya Məhkəməsinin bu hala istinadən qəbul etdiyi və faktiki olaraq kollektiv müqavilənin ləğvinə səbəb olmuş 6 dekabr 1995-ci il tarixli qərar ərizəçilərin həmkarlar ittifaqının üzvü qismində fəaliyyətlərinə müdaxilə təşkil etmişdi.
Bundan başqa, həmin dövrdə bir çox elementlər ona dəlalət edirdi ki, mülki bələdiyyə qulluqçuları qismində ərizəçilərin kollektiv danışıqlar aparmaq hüququna malik olduqlarını və bu hüququn vasitəsilə dövlət orqanlarının kollektiv müqavilə bağlamağa sövq etmək imkanına malik olduqlarını tanımaqdan imtina edilməsi "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəlmirdi. Mülki qulluqçuların kollektiv danışıqlar aparmaq hüququ ümumi və regional beynəlxalq hüquq müqavilələrində və Avropa Şurasının üzvü olan dövlətlərin çoxunda tanınmışdı. Bundan əlavə, Türkiyə beynəlxalq səviyyədə işçilərin kollektiv danışıqlar aparmaq və kollektiv müqavilə bağlamaq hüququnu tənzimləyən əsas sənəd olan BƏT-in 87 saylı Konvensiyasını ratifikasiya etmişdi və həmin hüquq bu işdəki həmkarlar ittifaqına da şamil olunurdu.
Məhkəmə bu nəticəyə gəldi ki, kollektiv müqavilənin retrospektiv qaydada ləğvi "demokratik cəmiyyətdə zəruri deyildi".
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: "Tüm Bel Sen" həmkarlar ittifaqını təmsil edən cənab Baykaraya mənəvi ziyanla əlaqədar olaraq 20.000 avro təyin edildi ki, həmin məbləği həmkarlar ittifaqına versin; qalan bütün növ ziyanlara görə Kamal Dəmirə (Kemal Dəmir) 500 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy