"İdentoba" (Identoba) və başqaları Gürcüstana qarşı – ərizə № 73235/12
12.5.2015 tarixli qərar [IV Bölmə]
Maddə 3
Pozitiv öhdəliklər
Dövlətin nümayişçiləri homofobiya motivlərindən qaynaqlanan zorakılıqdan müdafiə etməməsi və səmərəli araşdırma aparmaması: pozuntu baş verib
Maddə 14
Ayrı-seçkilik
Dövlətin nümayişçiləri homofobiya motivlərindən qaynaqlanan zorakılıqdan müdafiə etməməsi və səmərəli araşdırma aparmaması: pozuntu baş verib
Faktlar – Ərizəçilər Gürcüstanda lesbiyan, gey, biseksual və transgender (LGBT) insanların hüquqlarının təşviqi və müdafiəsi üçün təşkil edilmiş qeyri-hökumət təşkilatı və 14 fiziki şəxsdir. 17 may 2012-ci ildə Homofobiyaya qarşı beynəlxalq mübarizə gününü qeyd etmək üçün Tbilisidə birinci ərizəçi tərəfindən təşkil edilmiş dinc nümayiş keçirildi və nümayişdə təxminən 30 nəfər, o cümlədən fiziki şəxs olan ərizəçilərdən 13-ü iştirak etdi. Tədbir çərçivəsində LGBT nümayişinin iştirakçılarının yürüşü zamanı onlar iki dini qrupun üzvləri olan daha geniş əks-nümayişçilər qrupu tərəfindən təhqir edildilər, hədələndilər və hücuma məruz qaldılar. Son nəticədə polislər ərizəçilərdən dördünü həbs etdilər, qısa müddətə həbsdə saxladılar və (və ya) polis maşınında gəzdirdilər və iddia etdilər ki, bunda məqsəd onları əks-nümayişçilərdən qorumaqdır. Bu hadisədən sonra ərizəçilər cinayət işi başlanması üçün bir neçə şikayət ərizəsi verdilər və konkret olaraq tələb etdilər ki, əks-nümayişçilər tərəfindən ayrı-seçkilik niyyəti ilə onlara qarşı edilmiş hücumlarla, habelə onları hücumlardan qorumayan polis əməkdaşlarının hərəkətləri və hərəkətsizliyi ilə bağlı cinayət istintaqı aparılsın. Ərizəçilərdən ikisinin aldığı xəsarətlərlə bağlı 2012-ci ildə iki araşdırma başlandı və hələ də davam edir.
Hüquqi məsələlər – 14-cü maddə ilə birgə götürülmüş halda 3-cü maddə (ikinci-on dördüncü ərizəçilər)
a) Ərizəçilərə edilmiş hücum Konvensiyanın 14-cü maddəsi ilə birgə götürülmüş halda 3-cü maddədə nəzərdə tutulan minimal qəddarlıq səviyyəsinə çatmışdımı – İnsidenti qiymətləndirərkən Məhkəmə cavabdeh dövlətdə LGBT qrupuna mənsub şəxslərin onlara hücum edilərkən riskli vəziyyətdə olduqlarını və Gürcüstan cəmiyyətinin müəyyən təbəqələri arasında LGBT toplumunun üzvlərinə qarşı mənfi münasibətin qeydə alındığı müxtəlif hesabatları nəzərə aldı. Bu mülahizələrin fonunda Məhkəmə ilk növbədə qeyd etdi ki, yürüş zamanı ərizəçilər sayca onlardan çox olan qəzəbli kütlə tərəfindən əhatəyə alınmışdılar və həmin insanlar onları ölümlə hədələyir və bəzən də ərizəçilərə qarşı fiziki zorakılığa əl atırdılar. Bu davranış açıq-aydın homofobiya yönümlü qərəzdən qaynaqlanırdı və bunu konkret olaraq iki dini qrupun üzvlərinin istifadə etdiyi təhqiramiz və hədələyici ifadələr və LGBT qrupuтun üzvlərinin bayraq və plakatlarının cırılması və ardınca bəzi ərizəçilərə qarşı edilən real fiziki hücumlar nümayiş etdirirdi. Təhqirlərin və fiziki hücumların məqsədi ərizəçiləri LGBT toplumuna dəstəklərini açıq şəkildə ifadə etməkdən çəkindirmək üçün qorxutmaq idi. Ərizəçilərin keçirdiyi iztirabları bu fakt daha da ağırlaşdırırdı ki, yürüşdən əvvəl polis tərəfindən onlara vəd edilmiş müdafiə vaxtında və adekvat şəkildə təmin edilməmişdi. Beləliklə, bu zorakılıq 13 ərizəçinin hamısında o dərəcədə qorxu, təşviş və təhlükə hissi yaranmasına səbəb olmuşdu ki, bu, həmin hərəkətlərin Konvensiyanın 14-cü maddəsi ilə birgə götürülmüş halda 3-cü maddədə nəzərdə tutulan müvafiq qəddarlıq səviyyəsinə çatdığı qənaətinə gəlmək üçün kifayət idi.
b) Dövlət orqanları ərizəçiləri lazımi müdafiə ilə təmin etmişdilərmi – Yürüşün təşkilatçısı mümkün zorakılıq barəsində polisi xüsusi olaraq məlumatlandırdığına görə, hüquq-mühafizə orqanları nümayişçiləri zorakılıqdan müdafiə etməkdən ibarət mütləq pozitiv öhdəlik daşıyırdılar. Lakin nümayiş yerində yalnız az sayda polis əməkdaşları vardı və təhqirlər başlandığı zaman onlar heç bir qabaqlayıcı xəbərdarlıq etmədən hadisə yerindən kənarda dayanmış və beləliklə, gərginliyin fiziki zorakılığa keçməsinə şərait yaratmışdılar. Nəhayət onlar müdaxilə etməyi qərara aldıqları zaman ərizəçilər artıq qorxudulmuş, təhqir olunmuş və hücumlara məruz qalmışdılar. Bundan başqa, dinc yürüşün davam etməsinə imkan yaratmaq üçün əks-nümayişçilərdən ən aqressiv olanlarının hərəkətlərini məhdudlaşdırmağa çalışmaq əvəzinə, müdaxiləni gecikdirmiş polis əməkdaşlarının səyləri bəzi ərizəçilərin həbs edilməsinə və hadisə yerindən uzaqlaşdırılmasına yönəlmişdi, halbuki bunlar polislərin müdafiə etməli olduğu qurbanlar idi. Beləliklə, dövlət hakimiyyəti orqanları ərizəçiləri yürüş zamanı fiziki şəxslərin hücumlarına qarşı adekvat müdafiə ilə təmin etməyiblər.
c) İnsidentlə bağlı səmərəli araşdırma aparılmışdımı – Dövlət orqanları həmçinin 17 may 2012-ci il tarixli insident zamanı hansı pozuntuların baş verdiyini araşdırmaqdan ibarət prosessual öhdəliklərini də yerinə yetirməmiş, o cümlədən konkret olaraq pozuntuların kökündə dayanan qərəzli motivləri araşdırmamış və təqsirkarları müəyyənləşdirməmişdilər. İnsidentdən dərhal sonra ərizəçilərin həm qəddar rəftarla, həm də polisin hərəkətsizliyi ilə bağlı təkrar-təkrar təqdim etdikləri şikayətlərə baxmayaraq, dövlət hakimiyyəti orqanları ərizəçilərin hamısına münasibətdə insidentin halları ilə bağlı hərtərəfli və məqsədyönlü araşdırma aparmamışdılar. Bunun əvəzinə onlar aydın olmayan səbəbdən araşdırmanın əhatə dairəsini yalnız iki ərizəçiyə yetirilmiş iki ayrı-ayrı fiziki xəsarət halları ilə məhdudlaşdırmışdılar ki, bu da sadəcə olaraq əks-nümayişçilərdən ikisinə inzibati sanksiya tətbiq edilməsi ilə nəticələnmişdi və onların hər biri təxminən 45 avro məbləğində cərimələnmişdi. Ərizəçilərə qarşı zorakılığın və təcavüzün səviyyəsini nəzərə alsaq, bu, dövlətin 3-cü maddədən irəli gələn prosessual öhdəliyini yerinə yetirməsi üçün yetərli sayıla bilməzdi.
Belə vəziyyətdə sözügedən hadisələrin kökündə dayanan homofobiya xarakterli motivləri ifşa etmək üçün dövlət hakimiyyəti orqanlarının bütün ağlabatan addımları atması zəruri idi. Hüquq-mühafizə orqanları tərəfindən bu cür məqsədyönlü araşdırma aparılmadığı bir şəraitdə qərəzli motivlərdən qaynaqlanan cinayətlərin həmin motivlər nəzərə alınmadan adi cinayətlərə bərabər tutulması qaçılmaz olur və nəticə etibarı ilə dövlətin buna etinasız yanaşması nifrət zəminində baş verən cinayətlərə rəsmi səviyyədə göz yummağa, yaxud hətta susmaqla razılıq verməyə bərabərdir. Üstəlik, bununla əlaqədar olaraq cavabdeh dövlətin gələcəkdə bu cür dinc nümayişlər zamanı nümayişçilərin mühafizəsinin yaxşılaşdırılmasına yönələn tədbirləri həyata keçirməsi çətinləşə bilər ki, bu da dövlətin ayrı-seçkiliyə qarşı yönələn siyasətinə ictimaiyyətin inamını sarsıda bilər. Bu mülahizələri nəzərə alaraq, Məhkəmə hesab etdi ki, dövlət hakimiyyəti orqanları on üç ərizəçinin qəddar rəftar barədə iddiaları ilə bağlı lazımi araşdırma aparmayıblar.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Məhkəmə həmçinin yekdilliklə 14-cü maddə ilə birgə götürülmüş halda 11-ci maddənin pozulduğu qənaətə gəldi, belə ki, homofob düşüncəli və zorakı əks-nümayişçilərin qarşısını yetərincə almamaqla cavabdeh dövlət pozitiv öhdəliklərini pozaraq 17 may 2012-ci il tarixli yürüşün dinc şəraitdə baş tutmasını təmin etməmişdi.
Maddə 41: Mənəvi ziyana görə 1.500 avrodan 4.000 avroyadək müxtəlif məbləğlərdə kompensasiyalar təyin olundu.
(Həmçinin bax: Naçova və başqaları Bolqarıstana qarşı [BP], ərizələr № 43577/98 və 43579/98, 6 iyul 2005-ci il, 77 saylı məlumat bülleteni; Yəhva (Yeqova) şahidləri dini qrupunun Qldani icması və başqaları Gürcüstana qarşı, ərizə № 71156/01, 3 may 2007-ci il, 97 saylı məlumat bülleteni; Baçkovski və başqaları Polşaya qarşı, ərizə № 1543/06, 3 may 2007-ci il; həmçinin Seksual oriyentasiya məsələləri mövzusunda tematik məlumat vərəqəsinə bax)
Full & Egal Universal Law Academy