© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
D.H. və başqaları Çexiya Respublikasına qarşı [Böyük Palata] (D.H. and Others v. the Czech Republic [GC]), ərizə № 57325/00
13.11.2007-ci il tarixli qərar [Böyük Palata]
14-cü maddə
Ayrı-seçkilik
Qaraçı uşaqlarının "xüsusi" məktəblərə qoyulması: pozuntu baş verib
35-ci maddə
Hökumətin iddia etdiyinə görə, ərizəçilər daxili hüquqi müdafiə vasitələrini tükəndirməyiblər, halbuki milli səviyyədə ən yüksək instansiya məhkəməsinin rəyinə görə, həmin vasitələrin tükəndirilməsi tələb olunmur: Hökumətin bu barədə ilkin etirazı rədd edildi
46-cı maddə
46-cı maddənin 2-ci bəndi
Avropa Məhkəməsinin qərarlarının icrası
Ümumi xarakterli tədbirlər
Məhkəmə etiraz edilən qanunvericiliyin ləğv olunduğunu və Nazirlər Komitəsinin qəbul etdiyi tövsiyələri nəzərə alaraq, qərara aldı ki, ümumi xarakterli tədbirlərin görülməsinə ehtiyac yoxdur: ümumi xarakterli tədbirlərin görülməsi barədə tələb rədd edildi
Faktlar – Ərizəçilər qaraçı mənşəli 18 Çexiya vətəndaşıdır. Bu işdə ərizəçilərin şikayəti onların xüsusi məktəblərə yerləşdirilməsi ilə əlaqədar idi və iddia etdiklərinə görə, buna səbəb onların qaraçı mənşəli olması idi. 1996-1999-cu illərdə ərizəçilər (onlar həmin dövrdə yetkinlik yaşına çatmamışdılar) əqli inkişafdan geri qalan və adi məktəblərdə təhsil almaq iqtidarında olmayan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi məktəblərə yerləşdirildilər. Təhsil haqqında qüvvədə qanunvericilik normalarına əsasən, uşağın xüsusi məktəbə yerləşdirilməsi barədə qərar təhsil psixologiyası mərkəzində aparılan testlərin nəticəsində və uşağın qanuni nümayəndəsinin razılığı ilə direktor tərəfindən qəbul edilirdi. İşin materialları göstərirdi ki, ərizəçilərin valideynləri uşaqlarının xüsusi məktəbə yerləşdirilməsinə razılıq veriblər, bəzi hallarda isə bu barədə özləri birbaşa müraciət ediblər. Şagirdin məktəbə qəbulu barədə qərar xüsusi məktəblərin direktorları tərəfindən təhsil psixologiyası mərkəzinin tövsiyələri nəzərdən keçirildikdən sonra qəbul olunurdu və ərizəçilər həmin mərkəzdə psixoloji testlərdən keçmişdilər. Uşaqların xüsusi məktəbə yerləşdirilməsi barədə yazılı qərar onların valideynlərinə göndərilmişdi. Qərarda ərizəçilərin həmin qərardan şikayət etmək hüququ izah olunmuşdu, amma ərizəçilərin heç biri bu hüququndan istifadə etməmişdi.
Ərizəçilərin 14-ü testlərin adekvatlığını şübhə altına alaraq və uşaqların xüsusi məktəbə qoyulmasının nəticələri barədə valideynlərin yetərincə məlumatlandırılmadıqlarını iddia edərək, təhsil idarəsindən xahiş etdilər ki, onların belə məktəblərə yerləşdirilməsi barədə inzibati qərarlara yenidən baxılsın. Təhsil idarəsi etiraz edilən qərarların qanunvericiliyə uyğun olduğu barədə qərar çıxardı.
Eyni zamanda, ərizəçilər Konvensiyanın 3-cü və 14-cü maddələrinə və 1 saylı Protokolun 2-ci maddəsinə istinadən konstitusiya şikayəti verdilər və xüsusi təhsil sisteminin fəaliyyətində faktiki ayrı-seçkiliyin olmasından və uşaqların xüsusi məktəblərə qoyulmasının nəticələri barədə yetərincə məlumat verilməməsindən şikayət etdilər. Onlar iddia etdilər ki, xüsusi məktəblərə yerləşdirilmələri bölücülükdən və etnik ayrı-seçkilikdən irəli gələn ümumi praktikanın nəticəsidir və bu praktika iki müstəqil təhsil sisteminin paralel mövcudluğunda ifadə olunub: onlardan biri qaraçılar üçün, digəri isə əhalinin çoxluğu üçün nəzərdə tutulub. Konstitusiya Məhkəməsi onların şikayətlərini rədd etdi və belə əsas gətirdi ki, bu şikayətlər onun yurisdiksiaysına aid deyil və bundan əlavə, onlar açıq-aydın əsassızdır.
Hüquqi məsələlər – Ərizəçilərin daxili hüquqi müdafiə vasitələrini tükəndirmədikləri barədə Hökumətin ilkin etirazı rədd edildi: Hökumət iddia edirdi ki, ərizəçilər daxili hüquqi müdafiə vasitələrini tükəndirməyiblər. Çexiyanın Konstitusiya Məhkəməsi bunu nəzərə almamağı qərara aldı. Müvafiq olaraq, hətta ölkənin ən yüksək instansiya məhkəməsinin tələb etmədiyi daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsini ərizəçilərdən tələb etmək həddən artıq formalist yanaşma olardı.
Şikayətlərin mahiyyəti – Palata bir səsə qarşı altı səslə qırar çıxardı ki, bu işdə 1 saylı Protokolun 2-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi pozulmayıb. Onun rəyinə görə, Çexiya Hökuməti sübut edə bildi ki, xüsusi məktəblər sistemi təkcə qaraçı uşaqları üçün yaradılmayıb və bu məktəblərdə müəyyən kateqoriyaya aid olan şagirdlərin baza təhsili alması üçün xeyli səylər göstərilir. Palata qərarında qeyd etdi ki, uşaqlar xüsusi məktəblərə yerləşdirilərkən onların etnik mənşələri nəzərə alınmırdı və bu tədbir qanuni məqsəd daşıyırdı, belə ki, təhsil sistemini uşaqların ehtiyaclarına, imkanlarına və qüsurlarına uyğunlaşdırmağa yönəlmişdi.
Böyük Palata ilk növbədə qeyd etdi ki, hadisələrlə zəngin tarixləri və daim köç etmələri nəticəsində qaraçılar əlverişsiz və köməksiz vəziyyətdə olan xüsusi növ azlıq halına düşüb və bu səbəbdən onun xüsusi müdafiəyə, o cümlədən təhsil sahəsində müdafiəyə ehtiyacı var. Dolayı ayrı-seçkilik prezumpsiyası (ehtimalı): Ərizəçilər iddia etdilər ki, xüsusi məktəblərə yerləşdirilmələri nəticəsində analoji vəziyyətdə olan qeyri-qaraçı uşaqları ilə müqayisədə obyektiv və ağlabatan əsaslar olmadan əlverişsiz rəftara məruz qalıblar və bu, "dolayı" ayrı-seçkiliyə bərabərdir. Onlar direktorlardan aldıqları informasiyalara əsaslanan statistik məlumatları təqdim etdilər, həmin məlumatlar göstərirdi ki, yerli xüsusi məktəblərə yerləşdirilən uşaqların yarıdan çoxu qaraçı uşaqlarıdır, şəhər ibtidai məktəblərində isə qaraçı uşaqları şagirdlərin yalnız 2,26% faizini təşkil edirlər.
Böyük Palata razılaşdı ki, ölkə üzrə təhsil alan şagirdlərin etnik mənşəyi barədə rəsmi statistika aparılmadığına görə ərizəçilərin təqdim etdikləri məlumatlar tam dəqiq olmaya bilər. Lakin o, hesab etdi ki, bu rəqəmlər üstünlük təşkil edən tendensiyanı əks etdirir və bu tendensiya həm cavabdeh dövlət tərəfindən, həm də müstəqil müşahidə orqanları tərəfindən təsdiq edilib. Milli azlıqların müdafiəsi haqqında Avropa Şurasının Çərçivə Konvensiyasının 25-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq təqdim etdikləri məruzələrində Çexiyanın hakimiyyət orqanları etiraf etdilər ki, 1999-cu ildə qaraçı uşaqları bəzi xüsusi məktəblərdə təhsil alan şagirdlərin 80-90%-ini təşkil edirlər və 2004-cü ildə qaraçı uşaqlarının "böyük bir hissəsi" hələ də xüsusi məktəblərə yerləşdirilirdi. İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) məruzəsinə əsasən, 2000-ci ildə xüsusi məktəblərdə qaraçı uşaqlarının sayı "həddən artıq çox" olub. Nəzərdən keçirilən dövrdə xüsusi məktəblərdə qaraçı uşaqlarının sayının dəqiq faizini müəyyənləşdirmək çətin olsa belə, onların sayı qeyri-mütənasib dərəcədə yüksək olub və qaraçı uşaqları xüsusi məktəblərdə çoxluq təşkil ediblər. Baxmayaraq ki, müvafiq qanunvericilik normalarında neytral ifadələr yer almışdı, onlar faktiki olaraq qeyri-qaraçı uşaqlarından daha çox qaraçı uşaqlarına təsir göstərirdi.
Belə olan halda ərizəçilərin təqdim etdikləri sübutlar dolayı ayrı-seçkiliyin mövcud olduğuna dair əsaslı ehtimalın olduğunu hesab etmək üçün kifayət qədər etibarlı və əhəmiyyətli sayıla bilər və bu halda dövlət orqanlarının hərəkətlərinin ayrı-seçkilik məqsədi daşıdığının ərizəçilər tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Beləliklə, sübutetmə yükü, yəni qanunvericiliyin ayrı-ayrı şəxslərə fərqli şəkildə tətbiq edilməsinin etnik mənşə ilə əlaqədar olmayan obyektiv amillərin nəticəsi olduğunu sübut etmək vəzifəsi Hökumətin üzərinə düşür.
Obyektiv və ağlabatan izahat: Məhkəmə qəbul etdi ki, xüsusi məktəblər sistemini saxlamaq barədə Çexiyanın dövlət orqanlarının qərarı təhsil prosesi ilə bağlı xüsusi ehtiyacları olan uşaqların maraqlarına uyğun həll variantı tapmaq istəyindən qaynaqlanırdı. Bununla belə, o, belə məktəblərdə dərslərin sadələşdirilmiş tədris proqramı əsasında keçilməsi ilə və xüsusən bu sistemin yaratdığı bölücülüklə bağlı Avropa Şurasının digər orqanlarının ifadə etdikləri narahatlığı paylaşır.
Uşaqların zehni qabiliyyətlərinin qiymətləndirilməsi üçün istifadə olunan testlərə gəlincə, etnik mənşələrindən asılı olmayaraq bütün uşaqlar eyni testlərdən keçirdilər. Çexiyanın dövlət orqanları 1999-cu ildə özləri etiraf etmişdilər ki, əhalinin böyük bir hissəsi üçün nəzərdə tutulan və qaraçıların spesifik xüsusiyyətlərini nəzərə almayan bu psixoloji testlərin nəticəsində çox vaxt "zehni qabiliyyətlərinin səviyyəsi orta və ortadan yuxarı olan qaraçı uşaqları" bu məktəblərə yerləşdirilirlər. Bundan əlavə, Avropa Şurasının ayrı-ayrı müstəqil orqanları (Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məsləhət Komitəsi, ECRI və İnsan Hüquqları Komissarı) bu testlərin yararlılığı ilə bağlı şübhələrini ifadə etmişdilər. Məhkəmə hesab etdi ki, bu testlər obyektiv deyildi və onların nəticələri təhlil olunarkən qaraçı uşaqlarının praktiki problemləri və spesifik xüsusiyyətləri nəzərə alınmırdı. Belə olan halda sözügedən testlərin nəticələri ərizəçilərin etiraz etdiyi fərqli rəftara haqq qazandıran əsas sayıla bilməz.
Hökumətin həlledici amil hesab etdiyi valideynlərin razılığı məsələsinə gəlincə, Məhkəmə hesab etmədi ki, qaraçı uşaqlarının valideynləri, cəmiyyətin əlverişsiz vəziyyətdə olan və çox vaxt yetərincə təhsili olmayan üzvləri olaraq, mövcud vəziyyətin və uşaqlarının xüsusi məktəblərə yerləşdirilməsinin nəticələrinin bütün aspektlərini qiymətləndirmək iqtidarında idilər. Milliyyətə görə ayrı-seçkiliyə qoyulmuş qadağanın mühüm əhəmiyyətini nəzərə alaraq, Böyük Palata hesab etdi ki, hətta fərz etsək ki, ərizəçilərin Konvensiya ilə təmin edilən hüquqlarından imtina etmələri hüquqa uyğun idi, milliyyətə görə ayrı-seçkiliyə məruz qalmamaq hüququndan imtina edilməsi yolverilməzdir.
Sonda qeyd etmək lazımdır ki, qaraçı uşaqları üçün məktəb təhsilinin təmin edilməsində çətinliklərlə üzləşən təkcə Çexiya deyil, belə ki, digər Avropa dövlətləri də analoji problemlərlə qarşılaşırlar. Bəzi ölkələrdən fərqli olaraq, Çexiya bu problemi həll etməyə çalışır. Lakin qaraçı uşaqlarının təhsilinin təşkili müvafiq təminatlarla müşayiət olunmur, belə ki, dövlət təhsil sahəsində malik olduğu qiymətləndirmə sərbəstliyindən istifadə edərkən əlverişsiz vəziyyətdə olan təbəqənin üzvləri olan bu uşaqların xüsusi ehtiyaclarını nəzərə almalıdır. Bundan başqa, bu sistem çərçivəsində ərizəçilər əqli inkişafdan geri qalan uşaqlar üçün nəzərdə tutulan və dərslərin sadələşdirilmiş proqram üzrə tədris edildiyi məktəblərə yerləşdirilmişdilər ki, bu da onların əhalinin çoxluğunu təşkil digər uşaqlardan təcrid olunmasına gətirib çıxarmışdı. Nəticədə aldıqları təhsil onların real problemlərini həll etmək əvəzinə və ya əhalinin əksər hissəsi arasında yaşamaq imkanlarını asanlaşdırmaq üçün sonradan adi məktəblərə köçürülməsinə şərait yaratmaq əvəzinə onların çətinliklərini daha da artırmış və gələcək şəxsi inkişaflarını sual altına almışdı. Belə olan halda, Məhkəmə Çexiyanın dövlət orqanlarının qaraçı uşaqlarının məktəb təhsili almalarını təmin etməyə səy göstərdiklərini və bu zaman çətinliklərlə üzləşdiklərini qəbul etsə də, qaraçı və qeyri-qaraçı uşaqlarına fərqli yanaşmanın obyektiv və ağlabatan əsasa malik olduğunu və qarşıya qoyulan məqsəd ilə istifadə edilən vasitələr arasında ağlabatan mütənasiblik əlaqəsi olduğunu hesab etmir. Həmin dövrdə tətbiq edilən müvafiq qanunvericiliyin qaraçı icmasına qeyri-mütənasib dərəcədə mənfi təsir göstərdiyi artıq müəyyənləşdirildiyinə görə, ərizəçilər, həmin icmanın üzvləri olaraq, şübhəsiz ki, ayrı-seçkilik xarakterli rəftara məruz qalmışdılar.
Nəticə: pozuntu baş verib (dörd səsə qarşı on üç səslə).
Maddə 14: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 4.000 avro təyin edildi. Ərizəçilər bildirdilər ki, hüquqlarını həyata keçirmələrinə əngəl törədən maneələrin aradan qaldırılması üçün milli səviyyədə ümumi tədbirlər görülməlidir. Lakin Məhkəmə bildirdi ki, etiraz edilən qanunvericilik artıq ləğv edilib və bu yaxınlarda Nazirlər Komitəsi Avropada qaraçı uşaqlarının təhsilinə dair üzv dövlətlərə tövsiyələrini verib.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy