Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 196
May 2016-cı il
***
D.L. Bolqarıstana qarşı – ərizə № 7472/14
19.5.2016 tarixli qərar [V Bölmə]
Maddə 5
5-ci maddənin 1(d) bəndi
Yetkinlik yaşıma çatmayanlar
Yetkinlik yaşıma çatmayan şəxsin cəmiyyətin normalarına zidd davranışına və fahişəliklə məşğul ola biləcəyi təhlükəsinə görə qapalı tipli təlim-tərbiyə müəssisəsinə yerləşdirilməsi: pozuntu baş verməyib
5-ci maddənin 4-cü bəndi
Həbsin qanuniliyinin yoxlanılması
Məhkəmə tərəfindən yoxlanılma
Davranışı təhlükəli sayılan yetkinlik yaşıma çatmayan şəxsin qapalı tipli təlim-tərbiyə müəssisəsinə yerləşdirilməsi barədə qərara məhkəmə tərəfindən dövri qaydada yenidən baxılmaması: pozuntu baş verib
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi
Qapalı tipli təlim-tərbiyə müəssisəsinə yerləşdirilmiş yetkinlik yaşıma çatmayan şəxsin yazışmalarına və telefon danışıqlarına bütünlüklə və fərq qoyulmadan nəzarət edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçinin polisin qeydiyyatında olan kişilərlə tez-tez görüşməsindən narahatlıq keçirən və qızına nəzarət etmək iqtidarında olmadığını hesab edən anasının müraciəti əsasında 2012-ci ilin avqustunda 13 yaşlı ərizəçi sosial xidmətlər tərəfindən açıq tipli təlim-tərbiyə müəssisəsinə yerləşdirildi (təhsilini həmin müəssisədən kənardakı məktəbdə almaqla). Vəziyyətinin ciddiliyini dərk etməyən ərizəçi müəssisənin personalına qarşı aqressiv davranırdı, bir neçə dəfə oradan qaçmış və iddia edildiyinə görə fahişəliklə məşğul olmağa başlamışdı. Onun açıq tipli təlim-tərbiyə müəssisəsinə yerləşdirilməsi uğursuzluqla nəticələndiyinə görə 2013-cü ildə məhkəmə "Yetkinlik yaşına çatmayanların cəmiyyətin normalarına zidd davranışı haqqında" qanuna müvafiq olaraq onun qapalı tipli təlim-tərbiyə mərkəzinə yerləşdirilməsi barədə qərar çıxardı. Bu tədbirin müddəti göstərilməmişdi, amma qanuna əsasən o üç ilədək uzadıla bilərdi. Bundan sonra ərizəçi bir neçə dəfə intihara cəhd etmiş, bəzi hallarda isə bu cəhdləri həmin mərkəzdəki qızlarla birlikdə etmişdi.
Konvensiyanın 5-ci maddəsi əsasında baxılmış şikayət ərizəsi ərizəçiyə tətbiq edilmiş sistemin təlim-tərbiyə məqsədləri daşımaması ilə və bu tədbirin zəruriliyinə dövri qaydada yenidən baxılmaması ilə əlaqədar idi. Ərizəçi həmçinin 8-ci maddəyə istinadən həmin mərkəzdə ətraf aləmlə təmaslara tətbiq edilən rejimdən şikayət etdi: baxmayaraq ki, məktəb tətilləri dövründə onun yanına ziyarətçilərin gəlməsi və həmin dövrdə onun evə qayıtması mümkün idi, onun yazışmaları və telefon danışıqları mərkəzin personalı tərəfindən müəyyən edilmiş qaydada bütünlüklə yoxlanılır və nəzarətdə saxlanılırdı.
Hüquqi məsələlər
5-ci maddənin 1(a) və (d) bəndləri: Konkret olaraq daimi nəzarət sisteminin mövcudluğunu, mərkəzi tərk etmənin xüsusi icazə əsasında mümkün olduğunu və mərkəzə yerləşdirilmənin müddətini nəzərə alsaq, yetkinlik yaşına çatmayanların bu tip mərkəzə yerləşdirilməsi azadlıqdan məhrumetmə təşkil edirdi.*
5-ci maddənin 1(d) bəndinin birinci aspekti yetkinlik yaşına çatmayan şəxsin cinayət törətməkdə şübhəli bilinib-bilinməməsindən asılı olmayaraq, yaxud sadəcə "risk altında" olan uşaq kateqoriyasına aid olması ilə əlaqədar olaraq öz maraqları naminə azadlıqdan məhrum edilməsinə icazə verir.** Ərizəçi yetkinlik yaşına çatmadığına görə bu iş üçün əhəmiyyət daşıyan yeganə sual ondan ibarət idi ki, görülmüş tədbir nə dərəcədə "tərbiyə nəzarəti" məqsədini daşıyırdı? Aşağıda Məhkəmənin gəldiyi qənaət ərizəçinin azadlıqdan məhrum edilməsinə 5-ci maddənin 1(a) bəndi ilə haqq qazandırmağın mümkün olub-olmadığını araşdırmaq vəzifəsindən Məhkəməni azad edir.
a) Tədbirin qanuniliyi məsələsi – Hazırkı işdə ərizəçinin mərkəzə yerləşdirilməsi barədə qərar "Yetkinlik yaşına çatmayanların cəmiyyətin normalarına zidd davranışı haqqında" qanun əsasında qəbul edilmişdi. Dövlət hakimiyyəti orqanları ərizəçinin oraya yerləşdirilməsini belə bir zərurətlə əsaslandırmışdılar ki, onun fahişəliklə məşğul olması təhlükəsi mövcuddur, o əməkdaşlıqdan yayınır, aqressiv davranır və saxlanıldığı yerdən qaçmağa cəhdlər edir.
Tarixən kökündə "qoruma" fəlsəfəsindən daha çox, "cəzalandırma" fəlsəfəsi dayanan "Yetkinlik yaşına çatmayanların cəmiyyətin normalarına zidd davranışı haqqında" qanun köhnəlmiş qanun təəssüratı yaradır və "cəmiyyətin normalarına zidd" hesab edilən davranışların tam siyahısını özündə ehtiva etmirdi. Bununla belə, bərqərar olmuş məhkəmə praktikasına əsasən, fahişəlik və saxlanma yerindən qaçış cəhdləri cəmiyyətin normalarına zidd olan və tərbiyə tədbirlərinin tətbiqinə, konkret olaraq xüsusi (ixtisaslaşmış) müəssisəyə yerləşdirilməyə haqq qazandıran davranış hesab edilirdi. Beləliklə, bu tədbirin tətbiq edilə biləcəyini öncədən görmək olardı.
b) Tədbirin tərbiyə məqsədi daşıması məsələsi – Pedaqoji və təlim-tərbiyə sisteminin tətbiqinə gəlincə, bu sahədə dövlətə müəyyən qiymətləndirmə sərbəstliyi verilməlidir.
Hazırkı işdə Məhkəmə qeyd etməyə bilməzdi ki, ərizəçi məktəb təhsilini davam etdirmək imkanına malik idi, onun təhsildəki çətinliklərini yüngülləşdirməyə cəhdlər edilmişdi, o, növbəti sinfə keçməsinə imkan verən qiymətlər almışdı və nəhayət, cəmiyyətə yenidən inteqrasiya olunması üçün nəzərdə tutulan peşə ixtisasına yiyələnmək imkanına malik idi.
Bu amillər belə qənaətə gəlmək üçün kifayət idi ki, dövləti təlim-tərbiyə məqsədi ilə ərizəçini müvafiq mərkəzə yerləşdirmək öhdəliyini yerinə yetirməməkdə təqsirləndirmək olmazdı.
b) Tədbirin mütənasibliyi – Azadlıqdan məhrumetmə yetkinlik yaşına çatmayan şəxsə tətbiq edilirsə, bu tədbirin mütənasibliyi məsələsi ilə bağlı mühüm meyar ondan ibarətdir ki, tədbir uşağın üstün maraqları naminə ən son vasitə kimi tətbiq edilməli*** və uşağın inkişafı qarşısındakı ciddi təhlükələrin qarşısını almaq məqsədini daşımalıdır.
Bolqarıstan qanunvericiliyində yetkinlik yaşına çatmayanların cəmiyyətin normalarına zidd davranışının qarşısı almaq üçün geniş çeşidli təlim-tərbiyə tədbirləri nəzərdə tutulmuşdu. Onların arasında ən sərt tədbir (təlim-tərbiyə müəssisəsinə yerləşdirilmə) yalnız ən son vasitə kimi tətbiq edilə bilərdi.
Hazırkı işdə ərizəçiyə bundan öncə təlim-tərbiyə tədbirləri, o cümlədən daha yüngül tədbirlər tətbiq edilmişdi. Məhkəmələr bütün maraqlı tərəfləri dinləmiş (ərizəçinin anası məhkəmə iclasında iştirak etmiş, amma çıxış etmək istəməmişdi) və bu nəticəyə gəlmişdi ki, ərizəçinin təlim-tərbiyə müəssisəsinə yerləşdirilməsinin başqa real alternativi daha yoxdur. Qərarı əsaslandıran səbəblər lakonik görünsə də, öncə yerləşdirildiyi açıq tipli müəssisədə ərizəçiyə görə cavabdehlik daşıyan iki sosial işçinin ifadələri məhkəmələrin qərarlarında açıq-aydın əks olunmuşdu. Onların rəylərini sual altına almaq üçün heç bir əsas yox idi.
Xülasə, sözügedən tədbir cəzalandırıcı tədbir deyildi, ərizəçinin məktəbdə təhsilini davam etdirə bilməsi üçün tərbiyə nəzarəti mühitinə yerləşdirilməsinə yönələn davamlı səylərin tərkib hissəsi idi. Qeyd etmək lazımdır ki, lazımi hallarda yetkinlik yaşına çatmayanları zərərli mühitdən uzaqlaşdırmaq yolu ilə onların müdafiəsini təmin etmək dövlətin pozitiv öhdəliyini təşkil edir.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı altı səslə).
5-ci maddənin 4-cü bəndi: Ərizəçinin müvafiq müəssisəyə yerləşdirilməsinin zəruriliyi öncə məhkəmə tərəfindən nəzərdən keçirilərək onun qərarında öz əksini tapsa da, bu tədbir qeyri-müəyyən müddətə qəbul edilmişdi və qüvvədə olan qanunvericiliyə əsasən üç il müddətinədək uzadıla bilərdi. Bundan başqa, qərar ərizəçinin cəmiyyətin normalarına zidd sayılan davranışının islah edilməsi üçün təlim-tərbiyə məqsədi ilə qəbul edilibsə, tədbirin qüvvədə saxlanmasının zəruriliyi ərizəçinin davranışının zaman keçdikcə nə dərəcədə dəyişməsindən asılı ola bilər. Buna görə də, müvafiq müəssisəyə yerləşdirilmə barədə qərara ağlabatan dövriliklə avtomatik olaraq, eləcə də ərizəçinin müraciəti əsasında məhkəmə tərəfindən yenidən baxılmalı idi.
Lakin qüvvədə olan qanunvericilik qapalı tipli təlim-tərbiyə müəssisəsinə yerləşdirilmiş yetkinlik yaşına çatmayanların həmin müəssisədə saxlanılma barədə qərara yenidən baxılması üçün məhkəmələrə müraciət etmələrinə imkan vermirdi. Həmçinin daxili qanunvericiliyə əsasən bu qərara mütəmadi qaydada avtomatik olaraq yenidən baxılması da nəzərdə tutulmamışdı.
Müvafiq müəssisəyə yerləşdirilmə barədə qərara yerli komitənin təklifi əsasında məhkəmələr tərəfindən yenidən baxılması imkanına gəlincə, bunu 5-ci maddənin 4-cü bəndinin məqsədlərindən ötrü ərizəçi üçün "əlçatan" olan hüquqi müdafiə vasitəsi hesab etmək olmazdı. Bu komitə qərara məhkəmələr tərəfindən yenidən baxılması üçün müraciət edib-etməmək barədə qərar qəbul etməzdən əvvəl şəxsin durumunun qiymətləndirilməsi üzrə diskresion səlahiyyətə malik idi və beləliklə, yetkinlik yaşına çatmayan şəxsin müvafiq müraciətini təmin etmək öhdəliyini daşımırdı.
Müvafiq olaraq, ərizəçi durumundakı inkişafa uyğun olaraq tədbirə yenidən baxılmasından ötrü müraciət etmək üçün lazımi imkana malik deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 8: Tərbiyə nəzarəti məqsədləri üçün qapalı tipli müəssisəyə yerləşdirilmiş yetkinlik yaşına çatmayanların yazışmalarının və telefon danışıqlarının yoxlanılması məsələsində dövlət orqanlarına verilən qiymətləndirmə sərbəstliyinin dairəsi cinayət törətmiş məhbuslara nəzarət sahəsindəkinə nisbətən məhduddur, belə ki, qapalı tipli müəssisədəki məhdudiyyətlər mümkün qədər yüngül olmalıdır.
Belə müəssisəyə yerləşdirilmiş yetkinlik yaşına çatmayanların ətraf aləmlə yetərincə təmasda olmalarına imkan yaratmaq üçün mümkün olan hər şey edilməlidir, çünki bu onların şəxsiyyətlərinə münasibətdə ləyaqətli rəftar hüququnun tərkib hissəsidir və onların cəmiyyətə yenidən inteqrasiyası üçün olduqca önəmlidir.**** Bu sözlər həmçinin onların ziyarətçilərlə görüşlərinə, yazışmalarına və ya telefon danışıqlarına aiddir.
Sözügedən təlim-tərbiyə müəssisəsinin daxili qaydaları orada saxlanılanların bütün yazışmalarına nəzarət etmək məsələsində həmin müəssisənin müdiriyyətinin tam diskresion səlahiyyətlərə malik olmasına şərait yaradı və bu zaman yazışmaları yoxlanılan şəxslərin kateqoriyaları, onlara tətbiq edilmiş bu tədbirin müddəti və ya tədbiri əsaslandıran səbəblər əhəmiyyət daşımırdı. Hətta vəkillə və ya uşaqların hüquqlarını qoruyan qeyri-hökumət təşkilatları ilə yazışmalar da ümumi yoxlama tədbirlərinə məruz qalırdı.
Eynilə, müəssisə xaricindəki şəxslərlə telefonla danışmaq istəyən müəssisə sakinlərinə nəzarət rejimi onların kim ilə, məsələn, ailə üzvləri, uşaqların hüquqlarını qoruyan qeyri-hökumət təşkilatları və ya digər kateqoriyalara aid şəxslərlə danışmasına fərq qoyulmadan tətbiq edilir və müvafiq risklərin fərdi təhlilinə əsaslanmırdı.
Məhkəmənin rəyinə görə, yazışmalara və telefonla danışıqlarına avtomatik nəzarət edilməsi yazışmaların və ya söhbətin kimlərlə aparılmasından asılı olmayaraq ümumilikdə tətbiq edilən tədbir idi ki, bu da demokratik cəmiyyətdə zəruri sayıla bilməzdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 4.000 avro təyin edildi.
* Bax: A. və başqaları Bolqarıstana qarşı, ərizə № 51776/08, 29 noyabr 2011-ci il.
** Son dövrlərə aid olan bu işə bax: Bloxin Rusiyaya qarşı [BP], ərizə № 47152/06, 23 mart 2016-cı il, 194 saylı Məlumat bülleteni.
*** Burada Məhkəmə Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasına istinad etdi.
**** Burada Məhkəmə Birləşmiş Millətlər Təşkilatının Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair qaydalarına ("Havana qaydaları") istinad etdi.
Full & Egal Universal Law Academy