Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 134
Oktyabr 2010-cu il
***
"DMD Qrup a.s." Slovakiyaya qarşı – ərizə № 19334/03
5.10.2010 tarixli qərar [IV Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Qanun əsasında yaradılmış məhkəmə
Rayon məhkəməsi sədrinin inzibati səlahiyyətindən istifadə edərək məhkəmə qərarının çıxarılması üçün işi başqasının icraatından öz icraatına götürməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi şirkət başqa bir şirkətə qarşı xeyli məbləğdə maliyyə tələbinin təmin edilməsi üçün rayon məhkəməsində iddia qaldırmışdı. 1999-cu ildə sözügedən məhkəmənin yeni təyin edilmiş sərdi işi başqa hakimin icraatından öz icraatına götürməyi qərara aldı. Elə həmin gün o, səhmlərin satışı yolu ilə iddia tələbinin təmin edilməsi barədə ərizəçi şirkətin müraciətinin qanunsuz olduğuna dair qərar çıxardı və işə xitam verdi. Ərizəçi şirkətin apellyasiya hüququ yox idi. O, sonradan konstitusiya şikayəti təqdim edərək iddia etdi ki, sədrin işi öz icraatına götürməsi barədə qərarı onu qanun əsasında yaradılmış məhkəmə vasitəsilə işinə baxılması hüququndan məhrum edib və rayon məhkəməsinin iş qrafikində tez-tez baş verən dəyişikliklər işlərin təyinatı və təkrar təyinatı prosesini nəzarətsiz və qeyri-şəffaf hala gətirib. Konstitusiya Məhkəməsi bu şikayəti rədd edərək müəyyən etdi ki, iş məcburi icra prosedurlarına dair işlərin bərabər bölgüsünün təmin olunmasına kömək etmək üçün sədrin icraatına qəbul edilib və bu, qüvvədə olan normalara uyğun olaraq edilib. 1999-cu il martın 1-dən iyulun 15-dək rayon məhkəməsinin müxtəlif bölmələrinin icraatında olan 348 işin hakimlər üzrə təyinat bölgüsü dəyişdirilmişdi ki, onlardan da 49-cu sədrin hakim qismində işlərə baxdığı bölmədə baş vermişdi. Sədr il ərzində iş qrafikinə növbəti dəyişikliklər etmişdi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: "Qanun əsasında yaradılmış" termininin məqsədi demokratik cəmiyyətdə məhkəmə sisteminin təşkilinin icra hakimiyyətinin səlahiyyətindən asılı olmamasını, parlament tərəfindən qəbul edilən qanunvericiliklə tənzimlənməsini təmin etməkdən ibarətdir. Hüququn kodifikasiya olunduğu ölkələrdə məhkəmə sisteminin təşkili məhkəmə orqanlarının da səlahiyyətinə aid edilə bilməz, amma bu o demək deyil ki, müvafiq daxili qanunvericiliyin şərhində məhkəmələrə müəyyən sərbəstlik verilə bilməz. Hakim inzibati və məhkəmə funksiyalarını əlində cəmləşdiribsə, məhkəmə hakimiyyətinin müstəqilliyi və hüquqi müəyyənlik prinsiplərinin müstəsna əhəmiyyət daşıyan qaydaları konkret olaraq obyektivliyin və şəffaflığın aydın və dəqiq şəkildə təmin olunmasını və hər şeydən əvvəl işlərin təyinatının bölgüsündə hər hansı özbaşınalıq təzahürlərinə yol verilməməsini tələb edir. Ərizəçi şirkətin işində tətbiq edilmiş qaydalar dəqiqlikdən uzaq idi və rayon məhkəməsinin sədrinə əhəmiyyətli dərəcədə sərbəstlik verirdi, bunu 1999-cu ildə məhkəmənin iş qrafikində edilmiş dəyişikliklərin sayından və konkret təminatların, məsələn, yuxarı məhkəməni məlumatlandırmaq tələbinin olmamasından da görmək olardı. Bundan başqa, ərizəçi şirkətin işi bütövlükdə iş yükünün bölgüsünün yenidən təşkili çərçivəsində deyil, fərdi qaydada qəbul edilmiş qərarla icraata götürülmüşdü. Onun sədrin icraatına götürülməsinin obyektiv əsaslara söykənib-söykənmədiyini, yaxud hər hansı inzibati səlahiyyətlərin şəffaf parametrlər çərçivəsində tətbiq edilib-edilmədiyini əldə olan məlumatlar əsasında yoxlamaq mümkün deyildi. Aydın olan məsələ bu idi ki, rayon məhkəməsinin sədri hakim qismində ərizəçinin işi (təxminən 2.900.000 məbləğində iddia tələbi) üzrə təkbaşına qərar çıxarmış və elə həmin gün bir qədər öncə inzibati səlahiyyətindən istifadə edərək işi başqasının icraatından alıb öz icraatına götürmüşdü. Proses onun çıxardığı məhkəmə qərarı ilə yekunlaşdığına və qərardan apellyasiya şikayətinin verilməsi mümkünsüz olduğuna görə ərizəçi şirkət hər hansı etirazını bildirmək və sədrin qərəzliliyindən şikayət etmək imkanından məhrum olmuşdu. Buradan belə nəticə çıxır ki, sədrin işi başqasının icraatından öz icraatına götürməsi ərizəçi şirkətin qanun əsasında yaradılmış məhkəmə vasitəsilə işinə baxılması hüququna uyğun deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 4.000 avro təyin edildi.
Full & Egal Universal Law Academy