Doğan Altun (Doğan Altun) Türkiyəyə qarşı – ərizə № 7152/08
26.5.2015 tarixli qərar [II Bölmə]
11-ci maddə
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Qeyri-iş saatlarında iş yerində tədbirin təşkilinə görə həmkarlar ittifaqı nümayəndəsinə xəbərdarlıq edilməsi: pozuntu baş verib
Faktlar – Araşdırılan dövrdə ərizəçi Ankara bələdiyyəsində işləyirdi və həmkarlar ittifaqının üzvü idi. 2006-cı ilin noyabrında o və həmkarlar ittifaqının digər üzvü büdcə ilə bağlı referendum keçirmək üçün işlədikləri idarənin yeməkxanasının girişi qarşısında səsvermə qutusu qoydular. 2007-ci ilin mayında o, sözügedən idarənin rəisindən icazə almadan referendum təşkil etdiyinə görə xəbərdarlıq aldı.
Hüquqi məsələlər – Maddə 11: barəsində şikayət edilən tədbir ərizəçinin birləşmək azadlığı hüququna müdaxilə hesab edilə bilər. Ərizəçiyə sanksiya təyin ediləcəyini öncədən görməyin mümkünlüyü, eləcə də onun daşıdığı məqsədin qanuniliyi şübhə altındadır. Bundan başqa, hətta qabaqcadan icazə almaq öhdəliyinin mövcudluğu belə, aydın deyildi. Bununla belə, Avropa Məhkəməsi bu məsələni daha ətraflı müzakirə etməyi zəruri saymadı.
İntizam icraatı zamanı ərizəçi qeyd etdi ki, referendumu həmkarlar ittifaqının bölməsinin katibi qismində təşkil edib. Üstəlik, xəbərdarlıq barəsindəki qərarda idarənin əməkdaşlarının iş rejiminin pozulduğu barədə heç bir qeyd yox idi. Bundan başqa, sanksiya ərizəçiyə qabaqcadan işəgötürəndən icazə almadan referendumu nahar fasiləsində təşkil etdiyinə görə təyin olunmuşdu, halbuki qanunvericiliyə əsasən dövlət qulluqçularını qeyri-iş saatlarında həmkarlar ittifaqının tədbirində iştirak etdiklərinə görə, hətta həmin tədbirə işəgötürənin razılığı alınmasa belə, məsuliyyətə cəlb etmək olmazdı. Buna görə də Məhkəmə hesab etdi ki, ərizəçini intizam məsuliyyətinə cəlb etmiş orqanlar onun referendumu məhz hansı şəxs qismində keçirdiyini nəzərə almamışdılar. Nəhayət, təyin edilmiş sanksiya nə qədər yüngül olursa-olsun, ərizəçini və həmkarlar ittifaqının digər üzvlərini öz fəaliyyətlərini sərbəst həyata keçirməkdən çəkindirə bilərdi. Beləliklə, hazırkı işdə ərizəçiyə edilmiş xəbərdarlığın hər hansı üstün ictimai tələbata cavab verdiyi sübuta yetirilməyib. Müvafiq olaraq, ərizəçinin birləşmək azadlığı hüququna müdaxilə ilə qarşıya qoyulmuş məqsəd (əgər sanksiyanın məqsədini qanuni hesab etsək) arasında ağlabatan mütənasiblik əlaqəsinin olduğu, yaxud müdaxilənin "demokratik cəmiyyətdə zəruri" olduğu müəyyən edilmədi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin səmərəli hüquqi müdafiə vasitəsinin olmaması ilə əlaqədar olaraq Konvensiyanın 14-cü maddəsinin pozulduğunu yekdilliklə müəyyən etdi.
Maddə 41: Mənəvi ziyana görə 1.500 avro təyin edildi.
(Həmçinin həmkarlar ittifaqlarının hüquqları ilə bağlı aşağıdakı mövzuda tematik informasiya vərəqələrinə bax: "Tətil keçirmək hüququ və dinc toplaşmaq hüququ")
Full & Egal Universal Law Academy