© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
CORCEVİÇ XORVATİYAYA QARŞI
(CASE OF ĐORĐEVIĆ v. CROATIA)
(41526/10 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
24 iyul 2012-ci il
YEKUN
24/10/2012
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq qəti qüvvəyə minmişdir. Onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Corceviç Xorvatiyaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə)
sədr Anatoli Kovler,
hakimlər
Nina Vayiç (Nina Vajić),
Peer Lorenzen (Peer Lorenzen),
Elizabet Ştayner (Elisabeth Steiner),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Linos-Aleksandr Sisilianos (Linos-Alexandre Sicilianos),
Erik Möse (Erik Møse)
və Bölmənin məhkəmə katibi Soren Nilsendən (Søren Nielsen) ibarət tərkibdə Palata qismində
2012-ci il iyulun 3-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. . İş Xorvatiyanın iki vətəndaşı cənab Dalibor Corceviç və xanım Radmila Corceviç (bundan sonra – “ərizəçilər”) tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – “Konvensiya”) 34-cü maddəsinə müvafiq olaraq 2010-cu il iyulun 12-də Xorvatiya Respublikasına qarşı verilmiş ərizə (41526/10 nömrəli) əsasında başlanmışdır.
2. Pulsuz hüquqi yardımla təmin edilmiş ərizəçiləri Zaqreb şəhərində fəaliyyət göstərən vəkil xanım İ. Boyiç (I. Bojić) təmsil etmişdir. Xorvatiya Hökumətini (bundan sonra – “Hökumət”) onun səlahiyyətli nümayəndəsi xanım Ş. Stajnik (Š. Stažnik) təmsil etmişdir
3. 2010-cu il sentyabrın 10-da Birinci Bölmənin sədri Hökumətə ərizə barədə bildiriş göndərmək qərarına gəlmişdir. Həmçinin qərara alınmışdır ki, ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə birgə qərar çıxarılsın (29-cu maddənin 1-ci hissəsi).
4. Ərizəçilər və Hökumət işin qəbuledilənliyi və mahiyyətinə dair ifadələri təqdim etmişlər. Bundan əlavə, iş üzrə yazılı ifadələri təqdim etməyə icazə almış “Avropa Əlillik Forumu” (European Disability Forum) tərəfindən üçüncü tərəfin şərhləri daxil olmuşdur (Konvensiyanın 36-cı maddəsinin 2-ci hissəsi və 44-cü qaydanın 2-ci hissəsi). Cavabdeh Hökumət bu şərhlərə cavab vermişdir (44-cü qaydanın 6-cı hissəsi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçilər müvafiq olaraq 1977 və 1956-cı ildə anadan olmuş və Zaqrebdə yaşayırlar.
6. Birinci ərizəçi - əqli və fiziki yubanmaya görə fəaliyyət qabiliyyəti olmayan şəxsdir. O, həftədə 12 saat Zaqrebdə V.B. Ümumtəhsil məktəbindəki yetkinlər üçün dərslərə gedir. Ona anası olan ikinci ərizəçi qulluq edir. Birinci ərizəçi ilə bağlı təqdim edilmiş 2008-ci il 16 iyun tarixli tibbi arayışda onun sağlamlıq vəziyyəti aşağıdakı şəkildə təsvir edilir:
“... erkən uşaqlıqda onun keçirdiyi irinli meningit dəyişməz nəticələrə və epilepsiyaya səbəb olmuşdur. O, əqli və fiziki inkişafda yubanır və nevropatoloqun və psixiatrın daimi nəzarəti altındadır. Hidrosefaliyaya görə ona Pudens qapağı (serebrospinal mayenin çıxması üçün şunt) implantasiya edilmişdir. ... onun görmə qabiliyyəti çox zəifdir ... və o, qidalanma, geyinmə, şəxsi gigiyena və hərəkət etmə ilə bağlı anasından asılıdır. Onun onurğa sütunu oynaqlı, lakin aşağı hissəsində ağrılıdır. ... o, pəncənin ağır deformasiyasından əzab çəkir, ... çətinliklə gəzir; ayaqların barmaqları və dabanları üstə gəzmə mümkün deyil. O, əqli cəhətdən kənarlaşmış, qorxaqdır və zəif leksikona malikdir. ...”
7. Ərizəçilər Zaqrebin Şpansko rayonunda yaşayış binanın birinci mərtəbəsindəki mənzildə yaşayırlar. A.K. Ümumtəhsil məktəbi qonşuluqda yerləşir.
8. Görünür ki, 2008-ci il iyul ayından 2011-ci ilin fevral ayınadək ərizəçilər incidilmişdir. Ərizəçilər iddia etmişlər ki, A.K. Ümumtəhsil məktəbinin yetkinlik yaşına çatmamış şagirdləri onları, xüsusən birinci ərizəçini, gün ərzində tez-tez, xüsusilə şagirdlər məktəbdən evə qruplarda qayıdarkən, habelə günortadan sonra və axşamlar valideyn nəzarəti olmadan ərizəçilərin mənzilinin eyvanı qarşısındakı taxta skamyada yığışarkən incitmişlər. Hər dəfə dörd saata yaxın davam etmiş incitməyə səbəb birinci ərizəçinin sağlamlıq vəziyyəti və ərizəçilərin serb mənşəyi olmuşdur. Həmçinin azyaşlı uşaqlardan ibarət daha böyük qrup ərizəçilərin mənzili qarşısındakı parkda toplaşmış, birinci ərizəçinin ünvanına təhqiredici ifadələr və ləqəblər qışqırmış, səkidə təhqiredici ifadələr yazmışlar. Uşaqlar tez-tez ərizəçilərin qapısına zəng etmiş və birinci ərizəçinin nə vaxt çıxacağını soruşmuşlar. Onlar tez-tez birinci ərizəçinin üstünə tüpürmüşlər.
9. 2008-ci il 31 iyul tarixli polis protokolunda göstərilmişdir ki, saat 21.12-də ikinci ərizəçi polisi çağıraraq naməlum gənc insanlar tərəfindən onun oğlunun incidilməsi və eyvanda bəzi əşyaların məhv edilməsi barədə şikayət etmişdir. Saat 21.30-da polis ərizəçilərin evinə gəlmiş və ikinci ərizəçi onlara bildirmişdir ki, saat 18.00 radələrində o, birinci ərizəçi ilə birlikdə evdən çıxmış və saat 21.00 radələrində evə qayıtdıqda eyvanın və gül dibçəklərinin dağıldığını gördülər. O, polisə həmçinin demişdir ki, birinci ərizəçi öz əqli yubanmaya görə uzun müddət ərzində qonşu uşaqları tərəfindən incidilmişdir. O, iki uşağın adını göstərmişdir.
10. 2009-cu il martın 2-də Susedqrad Sosial Müdafiə Şöbəsi Zaqrebdəki A.K. Ümumtəhsil məktəbinin şagirdi D.K. üzərində, onun dərslərdə zəif nəticələrini, problemli davranışını və cinayət törətməyə meylli olmasını nəzərə alaraq, valideyn qayğısına nəzarətin həyata keçirilməsini qərara almışdır. Onun ərizəçilərin incidilməsində iştirak etməsi göstərilməmişdir.
11. 2009-cu il aprelin 6-da tərtib edilmiş tibb protokolunda göstərilir ki, birinci ərizəçi küçədə psixi və fiziki cəhətdən incidilmiş, onun əllərində siqaretdən yanıq izləri müşahidə edilmişdir. Həkim sosial müdafiə orqanlarına müraciət edərək birinci ərizəçinin ciddi əqli pozuntuları olan şəxs olduğu üçün müdafiəsinin təmin edilməsini xahiş etmiş və onu özünü hücumlardan qoruya bilməyən sakit və zərərsiz insan kimi təsvir etmişdir.
12. 2009-cu il aprelin 20-də Əlillərin işləri üzrə Ombudsmana göndərilmiş məktubda ikinci ərizəçi şikayət etmişdir ki, 2009-cu il aprelin 4-də D.K. və İ.M. adlı iki uşaq birinci ərizəçini incitmişlər. O, bildirmişdir ki, onlar velosiped sürərkən birinci ərizəçiyə yaxınlaşmış və onun əllərini siqaretlə yandırmışlar. O, həmçinin şikayət etmişdir ki, birinci ərizəçi əqli yubanmaya görə qonşuluqdakı məktəbin uşaqları tərəfindən davamlı surətdə incidilmiş, ikinci ərizəçi isə Susedqrad Sosial Müdafiə Şöbəsinə və A.K. Ümumtəhsil məktəbinin rəhbərliyinə dəfələrlə şikayət etmiş, lakin bunlar nəticəsiz qalmışdır.
13. Həmin gün ərizəçilərin vəkili 2009-cu il 4 aprel tarixli hadisə ilə bağlı polisə müraciət etmişdir.
14. 2009-cu il 5 may tarixli polis protokolunda göstərilir ki, həmin gün 1997-ci il təvəllüd D.K. və 1995-ci il təvəllüd P.B. II Zaqreb Polis Bölməsində polis əməkdaşları tərəfindən dindirilmişdir. Protokolun D.K. ilə bağlı hissəsində aşağıdakılar deyilir:
“Zaqrebdə ... 2009-cu il aprelin 4-də baş vermiş hadisə barədə suala cavab verərək [D.K.] bildirir ki, saat 12.00 radələrində o, A.K. Ümumtəhsil məktəbinin yeddinci sinfində oxuyan dostu İ.M. ilə birlikdə hadisə yerində olmuş və həmin məktəbin yeddinci sinfində oxuyan P.B. ona məlum olmayan iki nəfərlə gəlmiş top oynamışlar. Anadangəlmə əlil olan və ... küçədəki yaşayış binada yaşayan şəxs meydançada oynamışdır. Birdən P.B. siqareti yandıraraq Dalibora yaxınlaşmış və onun sağ əlini bir neçə dəfə damğalamış, bunda sonra isə həmin şəxs qışqırmağa başladığı üçün onlar hadisə yerindən qaçmışlar.”
Protokolun P.B. ilə bağlı hissəsində aşağıdakılar deyilir:
“Zaqrebdə ... 2009-cu il aprelin 4-də əlilliyi olan Dalibor Corceviçin incidilməsi ilə bağlı baş vermiş hadisə barədə suala cavab verərək [P.B.] bildirir ki, orada iştirak etməmiş, lakin bu həftənin əvvəlində birinci fasilə zamanı rast gəldiyi həmin məktəbin beşinci sinfində oxuyan D.K. ona demişdir ki, o [D.K.] və İ.M. şənbə günü saat 12.00 radələrində ... küçəsində yaşayan Dalibor adlı əlilin əlini həmin küçədə siqaretlə yandırmışlar.
Həmin şəxsin xarici görünüşü barədə suala cavab olaraq o, bildirir ki, qonşuluqdakı başqa uşaqlarla həmin küçədə adətən oynamış və təxminən 30 yaşlı, möhkəm bədən quruluşu olan, çal saçlı, solğun rəngli və çətinliklə danışan həmin şəxsi görmüşdür. Həmin şəxs ona sataşan başqa uşaqlarla oynayır, dalınca qaçaraq onları döyür.”
15. 2009-cu il 7 may tarixli polis protokolunda göstərilir ki, həmin gün 1994-cü il təvəllüd İ.M. II Zaqreb Polis Bölməsində polis əməkdaşları tərəfindən dindirilmişdir. Protokolun müvafiq hissəsində aşağıdakılar deyilir:
“Zaqrebdə ... 2009-cu il aprelin 4-də yaşı otuz-qırx arasında olan əlil Dalibor Corceviçin incidilməsi ilə bağlı baş vermiş hadisə barədə suala cavab verərək [İ.M.] bildirir ki, şənbə günü baş vermiş hadisəni xatırlatmış, ... o, velosiped götürərək ... küçəsinə ... D.K. ilə getmiş, orada anadangəlmə əlil olan Daliboru uşaqlar ilə top oynadığını görmüş, həmin uşaqlar ondan topu götürərək qaytarmaq istəmirdi. Bunu gördükdə o, [I.M.] uşaqlardan topu niyə Dalibora qaytarmadıqlarını soruşmuş, Dalibor isə qışqırmağa və əl-qolunu atmağa başladı. Daha sonra uşaqlar topu atmış və o, onu götürmşüdür. O. [I.M.] sol əlində siqareti saxlamış ... və Daliborun yanından velosipedlə keçdikdə o, [Dalibor] əl-qolunu atmağa başlamış siqaret saxladığı əlindən bir neçə dəfə vurmuş və buna görə Dalibor öz əlini yandırmışdır. O, əmindir ki, Daliborun əlini bir dəfə yandırmış və buna görə təəssüflənir. O, başa düşə bilmir ki, niyə Dalibor belə reaksiya göstərmişdir, çünki başqa uşaqların onun topunu götürməsində onun günahı olmamışdır. Şagird P.B. onlar ilə olmamışdır.
...
Daliborun başqa uşaqlarla problemlərin olması barədə suala cavab verərək [I.M.] bildirir ki, Daliborun başqa uşaqlarla top oynadığı küçəyə tez-tez gedir, bu uşaqlar Dalibora onun xəstəliyinə görə sataşırlar ... sonra isə o, dalınca qaçaraq onları tutur.
Söhbətin sonunda [I.M.-in] anasına məsləhət verilmişdir ki, onun davranışına diqqət yetirsin. O, demişdir ki, uşaq ilə heç bir problemi yoxdur və bunu etməsinin səbəblərini bilmir.”
16. 2009-cu il mayın 19-da II Zaqreb Polis Bölməsindən Zaqreb şəhər Prokurorluğunun Yetkinlik yaşına çatmayanların işləri üzrə İdarəsinə göndərilmiş məruzədə aşağıdakılar bildirilmişdir:
- 2009-cu il aprelin 16-da Susedqrad Sosial Müdafiə Şöbəsindən ikinci ərizəçidən onun oğlunun D.K. və başqaları tərəfindən pis rəftara məruz qalması iddia edildiyi və tibbi sənədlərin əlavə edildiyi məktubun daxil olması barədə məktub daxil olmuşdur;
- 2009-cu il aprelin 30-da onlara Əlillərin işləri üzrə Ombudsmandan birinci ərizəçinin tez-tez incidilməsi ilə əlaqədar yardım xahişi ilə ikinci ərizəçinin həmçinin ona müraciət etməsi barədə məktub daxil olmuşdur.
Zaqreb şəhər Prokurorluğunun Yetkinlik yaşına çatmayanların işləri üzrə İdarəsinə həmçinin D.K., İ.M. və P.B. adlı uşaqlar ilə aparılmış söhbətlər barədə məlumat təqdim edilmişdir.
17. II Zaqreb Polis Bölməsindən Ombudsmana ünvanlanmış 2009-cu il 20 may tarixli məktubda bildirilmişdir ki, İ.M. və D.K. adlı uşaqlar ilə söhbət aparılmış, A.K. Ümumtəhsil məktəbinin direktoru ilə əlaqə saxlanılmış, polis bölməsinin əməkdaşları problem barədə məlumatlandırılmış və onlar müvafiq küçələrə müntəzəm qaydada nəzarət etmişlər.
18. Susedqrad Sosial Müdafiə Şöbəsində polisdən daxil olmuş 2009-cu il 17 iyul tarixli məlumatda bildirilmişdir ki, 2009-cu il aprelin 4-də saat 12.00 radələrində birinci ərizəçinin bir neçə qonşu uşaq ilə küçədə top oynadığı, onlar tərəfindən topun götürülməsi nəticəsində onun məyus qaldığı müəyyən edilmişdir. İ.M. və D.K. birinci ərizəçinin yanından keçdikdə o, əl-qolunu atmış, İ.M. isə ehtiyatsızlıqdan onun əllərini yandırmışdır.
19. 2009-cu il iyulun 16-da Susedqrad Sosial Müdafiə Şöbəsi tərəfindən birinci ərizəçi ilə bağlı hesabat hazırlanmışdır. Hesabatın müvafiq hissəsində aşağıdakılar bildirilmişdir:
“ ...
2008-ci il avqustun 6-da [birinci ərizəçinin] anası Radmila bizə Daliborun incidilməsindən şikayət edərək bildirmişdir ki, ... uşaqlar onların yaşadığı binada qalan V.K. və İ.K adlı qızların yanına gəlmişlər. K. qızları demişdir ki, onlar Daliboru incitməmiş, qrupun lideri isə H.B. olmuşdur.
K. qızları və onların anası J.F ilə razılıq əldə edilmişdi ki, qızlar yaşayış binasının qarşısında yığışmayacaq, hər hansı münaqişənin qarşısını almaq üçün toplaşmaq üçün başqa yer tapacaqlar.
H. və onun valideynləri idarəyə dəvət edilmişlər. H. həmin yaşayış binasının qarşısına gəlməyəcəyini bildirmiş və müəyyən müddət ərzində orada sakitlik müşahidə edilmişdir.
Bundan sonra, müxtəlif qruplarda oğlanlar yığışmağa başlanmışdır ki, xanım Corceviç onların adlarını bilməmiş, lakin A.K. Ümumtəhsil məktəbində oxuduğunu bilmişdir.
Xanım Corceviç növbəti dəfə 2009-cu il aprelin 8-də incitmə barədə şikayət edərək bildirmişdir ki, Daliborun əlləri siqaretlə yandırılmış və incitmə davam etdirilmişdir.
2009-cu il iyunun 17-də xanım Corceviç ilə söhbət aparılmışdır. [O, bildirmişdir ki,] problemlər hələ qalmışdır. Hər dəfə yeni oğlanlar, əsasən K. qızlarının tanışları gəlmişlər ki, Daliboru əsəbiləşdirmişlər. İki-üç gün sakitlik ola bilərdi, sonra isə yenidən problemlər yaranardı. Onun məktəbin psixoloqu, defektoloqu və direktoru ilə yaxşı münasibətləri var idi.
Xanım Corceviçin ifadəsi: “2009-cu il iyunun 16-da əvvəlcədən qızlar gəlib skamyanın yanında durdular. Xanım Corceviç Daliboru evə çağırdı, çünki onlardan necə qorxduğunu bilmişdi. Onlar dedilər ki, bir azdan gedəcəklər və buna görə onlardan qorxmaq lazım deyil. Sonra isə bir qrup oğlanlar gəlib Daliborun üstünə hava şarından su tökdülər.”
Xanım Corceviç həmçinin bildirmişdir ki, sonrada V.K. yenidən uşaqları binanın qarşısına toplamağa başladı, bu isə Daliboru hirsləndirmişdir.
Polisə və məktəbə qeyd edilən hadisələr barədə məlumat verilmişdir.
Məktəb [müdiriyyəti] adları çəkilən bütün uşaqlar və onların valideynləri ilə söhbət aparmışdır.
Polis tərəfindən araşdırma aparılmış və Dalibor yandığı hadisə zamanı olmuş uşaqlar ilə [söhbət aparılmışdır].
İncidilmənin qarşısını almaq üçün biz məktəb [müdiriyyətinə müraciət edərək onlardan xahiş etdik ki,] dərs ilinin əvvəlində bütün siniflərdə bütün şagirdlər və onların valideynləri ilə söhbət aparsın və hər birinə problem barədə məlumat verərək nəzərinə çatdırsınlar ki, pis rəftar edənlər müəyyən edilənədək onların hamısı məsuliyyət daşıyır. Həmçinin təklif edildi ki, uşaqların onlar ilə bərabər hüquqlara (gəzmək və heç kəs tərəfindən incidilmədən öz mənzillərindən kənarda olmaq) malik olan əlillərin olmasını anlatması üçün mühazirələr və seminarlar keçirilsin.
II Polis Bölməsinin əməkdaşı İ.M. ilə razılaşdırıldı ki, bu əraziyə məsul olan polis əməkdaşları incidənləri müəyyən etmək üçün həmin küçəyə daha ciddi diqqət yetirərək ona nəzarət edəcəklər.
2009-cu il iyulun 14-də mənzilə baş çəkilmiş və yalnız Dalibor evdə olmuşdur; o, anasının harada olmasından xəbərdar olmamış və həmçinin bildirmişdir ki, son zamanlar uşaqlar ona sataşmamışdı. Dalibor mənizldə olmuş və binanın yanında bir nəfər də uşaq olmamışdır.
...”
20. 2009-cu il iyulun 27-də Zaqreb Bələdiyyə Prokurorluğu ikinci ərizəçiyə bildirmişdir ki, Cinayət Məcəlləsinin 331-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətmiş D.K. və İ.M. on dörd yaşına çatmamış şəxslər olmuş və buna görə onlar barəsində cinayət təqibi həyata keçirilə bilməzdi. İkinci ərizəçiyə tövsiyə edilmişdir ki, o, mülki-prosessual qaydada zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi.
21. 2009-cu il 5 sentyabr tarixli polis protokolunda qeyd edilmişdir ki, həmin gün saat 20.40-da ikinci ərizəçi polisə müraciət edərək parkda süs-küydən şikayət etmişdir. Polis nəfərləri saat 20.45-də hadisə yerinə gəldikdə ikinci ərizəçi onlara bildirmişdir ki, uşaqlar artıq bu yerdən getdilər.
22. Birinci ərizəçi barəsində 2009-cu il 8 sentyabr tarixli tibbi arayışda göstərilir ki, uşaqlar onu mütəmadi şəkildə incitmiş, əllərini yandırmış, ona qışqırmış və ərizəçilərin eyvanı qarşısında səs-küy etmişlər. Qeyd edilmişdir ki, birinci ərizəçinin müəyyən vaxtda havada olması zəruri olmuşdur.
23. Susedqrad Sosial Müdafiə Şöbəsinin 2009-cu il 17 sentyabr tarixli hesabatında göstərilir ki, İ.M. və onun anası ilə söhbət aparılmışdır. İ.M. 2009-cü il aprelin 4-də baş vermiş hadisədən təəssüfləndiyini bildirdikdən hər hansı əlavə tədbirin həyata keçirilməsinə ehtiyac yox idi.
24. 2009-cu ilin sentyabrında A.K. Ümumtəhsil məktəbinin müdiri şagirdlərin valideynlərinə məktubla müraciət edərək məktəbin yanında yaşayan Dalibor adlı və əlilliyi olan gənc şəxsin şagirdlər tərəfindən tez-tez incidilməsi barədə məlumat vermişdir. O, xüsusilə qeyd etmişdir ki, uşaqlar ona qarşı “bir neçə qəddar hərəkətə”, o cümlədən alçaldıcı ifadələrə, təhqiredici sözlərə və söyüşlərə, təhrikçi davranışa yol vermiş, topunu əlindən almış və əllərini siqaretlə yandırmışlar. Valideynlərdən uşaqlar ilə danışmaq və onları belə davranışın mümkün nəticələri barədə xəbərdar etmək xahiş edilmişdir.
25. 2009-cu il sentyabrın 30-da A.K. Ümumtəhsil məktəbində keçirilmiş müəllimlərin valideynlər ilə görüşünün protokolunda aşağıdakılar göstərilir:
“...
Yeni dərs ilində müəllimlərin valideynlər ilə keçirilmiş bütün görüşlərdə biz valideynlərin diqqətini məktəbin yanında yaşayan, xüsusi ehtiyacları olan, məktəbimizin şagirdləri tərəfindən əsasən şifahi qaydada, lakin bəzən fiziki cəhətdən incidilmiş gənc şəxsə yönəltmişik. Onun anası adətən məktəbin işçilərindən, habelə sosial müdafiə şöbəsindən və Əlillərin işləri üzrə Ombudsmandan kömək istəyir. Valideynlərdən uşaqlar ilə danışmaq, onlara fərqləri qəbul etmə problemini və dinc yaşama zəruriliyi izah etmək xahiş edilmişdir.
İştirak etmiş valideynlər məsələyə dair öz fikirlərini bildirmişlər. Bəziləri qeyd etmişlər ki, gənc şəxsin özü bəzən aqressiv olmuş, qızlara yaraşmayan şəkildə yaxınlaşmış, onlar isə ondan qorxmuş və onun olduğu yerdən çəkinməyə çalışmışlar. Bəziləri həmçinin demişlər ki, o, açıq şəkildə cəmiyyətdə görsənməməli, münasib şəraitdə və ya parkda himayəçinin nəzarəti altında vaxt keçirməlidir. Müdir bütün şərhləri qeyd edərək söz vermişdir ki, səlahiyyətli sosial müdafiə şöbəsinə müraciət edəcəkdir.
...”
26. 2009-cu il oktyabrın 1-də ərizəçilərin vəkili Zaqreb Bələdiyyə Prokurorluğuna yazılı surətdə şikayət etmişdir. O, bildirmişdir ki, onun müştəriləri Serb mənşəli Xorvatiya vətəndaşı qadın və əqli və fiziki yubanmadan əziyyət çəkən onun oğlu idi. O, izah etmişdir ki, onun müştəriləri A.K. Ümumtəhsil məktəbindən təxminən 70 metr məsafədə yaşamış, şagirdlər isə gün ərzində tez-tez, xüsusilə şagirdlər məktəbdən evə qruplarda qayıdarkən, habelə günortadan sonra və axşamlar valideyn nəzarəti olmadan ərizəçilərin mənzilinin eyvanı qarşısındakı taxta skamyada yığışarkən onları həmişə incitmişlər. O, iddia etmişdir ki, artıq dörd ilə yaxın davam incitməyə ərizəçilərin Serbiya mənşəyi və birinci ərizəçinin əlilliyi səbəb olmuşdur. 10-14 yaşlı uşaqlar hər gün ərizəçilərin yaşadığı binanın qarşısında toplaşaraq onların ünvanına söyüşlər və təhqiredici ifadələr işlətmişlər. Onlar həmçinin binanın qarşısındakı səkidə təhqiredici sözlər yazmışlar.
Daha sonra vəkil 2009-cu il aprelin 4-də baş vermiş hadisəni təsvir etmişdir. O, Konvensiyanın 8 və 13-cü maddələrinə əsaslanaraq şikayət etmişdir ki, uşaqların törətdiyi əməllərdən müdafiə olunmaq üçün Xorvatiya qanunvericilik sistemində səmərəli hüquqi müdafiə vasitəsi mövcud olmamışdır.
O, həmçinin 2009-cu il 5 və 7 sentyabr hadisələrini təsvir edərək göstərmişdir ki, bir qrup uşaqlar birinci ərizəçini təhqir etmiş, növbəti gün isə əlindən topu almışdır. 2009-cu il sentyabrın 10-da bir qrup oğlanlar ərizəçilərin qapısına işəmişlər. 2009-cu il sentyabrın 14-də dördüncü və beşinci siniflərin təxminən 14 şagirdi birinci ərizəçini itələyərək onu təhqir etmiş və əlindən topu almışlar. Növbəti gün bir oğlan onun ünvanına təhqiredici sözlər qışqırmışdır.
O, həmçinin iddia etmişdir ki, uşaqlar ən azı on dəfə birinci ərizəçiyə fiziki cəhətdən hücum etmiş, tez-tez üstünə tüpürmüşlər. 2008-ci il iyulun 31-də uşaqlar ərizəçilərin eyvanını və oradakı gül dibçəklərini dağıdaraq, eyvana daş-palçıq atmışlar. İki gündən sonra onlar bir qab şokolad südünü eyvana atmışlar.
İkinci ərizəçi incitmə ilə bağlı sosial müdafiə xidmətinə, polis orqanlarına, Əlillərin işləri üzrə Ombudsmana və məktəb müdiriyyətinə müraciət etmişdir. Bunların xoş niyyətinə baxmayaraq, ərizəçilərin incidilməsi davam etmişdir.
27. Birinci ərizəçi barəsində 2009-cu il 7 oktyabr tarixli tibbi arayışda göstərilir ki, o, uşaqlar tərəfindən davamlı surətdə incidilmişdir.
28. Birinci ərizəçi barəsində 2009-cu il 9 noyabr tarixli tibbi arayışda göstərilir ki, bir neçə gün əvvəl uşaqlar ona hücum etmiş və bu, onu çox narahat etmişdir. Psixoterapiya kursu tövsiyə edilmişdir.
29. Birinci ərizəçi barəsində 2009-cu il 14 dekabr tarixli tibbi arayışda göstərilir ki, “hamı ona amansızlıqla qartopu atmış” və bu, onu qorxutmuşdur.
30. Birinci ərizəçi barəsində 2010-cu il 14 yanvar tarixli tibbi arayışda göstərilir ki, o, davamlı həyəcan hissi və “onun problemini həll etmək üçün heç bir tədbirin görülmədiyinə” görə təqib olunma hissini keçirtmişdir.
31. 2010-cu il 19 mart tarixli polis protokolunda göstərilir ki, saat 21.18-də ikinci ərizəçi “uşaqlarla problemə” görə polisə müraciət etmişdir. Polis nəfərləri saat 21.25-də gəldikdə, ikinci ərizəçi onlara demişdir ki, uşaqlar parkda top oynamış, topu onun pəncərəsinə atmış və qaçmışlar.
32. Birinci ərizəçi barəsində 2010-cu il 11 aprel tarixli tibbi arayışda göstərilir ki, uşaqlar ona hücum etmiş və topla burnundan vurmuşlar.
33. Ərizəçilər iddia edirlər ki, 2010-cu il mayın 13-də bir qrup uşaq, o cümlədən P. adlı oğlan birinci ərizəçini parkdakı dəmir hasara doğru itələmişdir. O, yıxılaraq başını və sağ ayağını əzmişdir. Üç gün ərzində o, çaşmış vəziyyətdə olmuş və heç kimlə danışmamışdır. Həmin gün tərtib edilmiş tibbi arayışda göstərilir ki, birinci ərizəçinin sağ ayağı şişmiş, alnının sol hissəsində sıyrıntı əmələ gəlmişdir. O, beş gün gəzə bilməmiş və ikinci ərizəçi onun üçün şikəst kreslosunu kirayə götürmüşdür. Tibbi arayışda həmçinin göstərilir ki, birinci ərizəçi ayağını burxutmuş, topuğunu dartmış və başı ilə dəymişdir.
34. 2010-cu il mayın 14-də ikinci ərizəçi polisə şikayət etmişdir ki, 2010-cu il mayın 13-də P.B. adlı oğlan birinci ərizəçini divara doğru itələmiş və topunu əlindən almışdır.
35. 2010-cu il mayın 20-də ərizəçilərin vəkili Zaqreb Bələdiyyə Prokurorluğuna şikayət etmişdir ki, onun 2009-cu il sentyabr müraciətindən sonra ərizəçilərə qarşı digər zorakılıq və incitmə halları baş vermişdir. Məktubda xüsusilə aşağıdakıları bildirilmişdir:
“...
2009-cu il noyabrın 5-də iki oğlan, o cümlədən P. adında oğlan, birinci ərizəçini şifahi qaydada təhqir etmiş və bu, onu qorxutmuşdur.
İkinci ərizəçi məktəb müdirinə hadisə barədə məlumat vermiş, lakin cavab almamışdır.
2009-cu il dekabrın 14, 18 və 21-də bir qrup uşaqlar ərizəçilərin pəncərəsinə qartopu atmış, və onların eyvanına qar dolmuşdur.
2009-cu il dekabrın 15-də bir qrup uşaqlar birinci ərizəçini küçədə şifahi qaydada təhqir etmişdir. 2010-cu il fevralın 22-də Susedqrad Sosial Müdafiə Şöbəsinin əməkdaşı Y.S. ikinci ərizəçini öz yanına dəvət edərək ona bildirmişdir ki, problemin həllinin yeganə yolu mülki-prosessual qaydada iddia qaldırmaq olmuşdur.
2010-cu il martın 19-da uşaqlar ərizəçilərin pəncərəsinə top atmış, bu barədə polisə məlumat verilmişdir. 2010-cu il martın 20-də birinci ərizəçi avtobusda gedərkən uşaqlar onun adını qışqırmış və bu onu narahat etmişdir.
2009-cu il aprelin 10-da R. adında oğlan birinci ərizəçinin burnundan topla vurmuşdur ki, bu da onu çaşdırmış və ağrıya səbəb olmuşdur. İkinci ərizəçi bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşı onunla iki-saatlıq söhbət aparmış, təəssüfünü bildirmiş, lakin bildirmişdir ki, aparılacaq hər hansı araşdırma nəticəsində uşaqların zarafat etdiyi müəyyən ediləcəyinə görə heç nə etmək mümkün olmamışdır.
2010-cu il mayın 13-də bir qrup uşaqlar, o cümlədən P., birinci ərizəçinin parkdakı dəmir hasara doğru itələmişdir. O, yıxılaraq başını və sağ ayağını əzmişdir. O, üç gün çaşmış vəziyyətdə olmuş və heç kimlə danışmamışdır.
2010-cu il mayın 18-də birinci ərizəçi yelləncəkdə oturarkən bir qrup uşaqlar ona yaxınlaşaraq ona ədəbsiz jest edərək demişlər ki, o, səfehdir.”
36. Həmin gün vəkil Uşaqların işləri üzrə Ombudsmana ərizəçilərin incidilməsi barədə şikayət edərək məsləhət istəmişdir.
37. Ərizəçilər iddia edirlər ki, 2010-cu il mayın 24-də bir qrup oğlanlar birinci ərizəçini başı ilə parkdakı dəmir hasara vurmuş və bunun onların xoşuna gəldiyini demişlər. Həmin gün birinci ərizəçi barəsində tərtib edilmiş tibbi arayışda göstərilir ki, onu dəmir hasara doğru itələdilər və o, başı ilə dəydi.
38. 2010-cu il mayın 25-də Zaqreb Bələdiyyə Prokurorluğu ərizəçilərin vəkilinə məlumat vermişdir ki, şikayətlərin cinayət məsuliyyətinə cəlb etmə yaşında olmayan uşaqlar ilə bağlı olduğuna görə, prokurorluğun məsələyə baxmaq səlahiyyətləri olmamışdır.
39. 2010-cu il mayın 26-da A.K. Ümumtəhsil məktəbinin müdiri ərizəçilərin vəkilinə məlumat vermişdir ki, məktəb müdiriyyəti müvafiq tədbirləri görmüş, o cümlədən müvafiq şagirdlərlə söhbət aparılmış, valideyn iclaslarında bütün valideynlərə ərizəçilərin şagirdlərlə olan problemlər barədə məlumat verilmişdir.
40. 2010-cu il mayın 31-də Uşaqların işləri üzrə Ombudsman ərizəçilərin vəkilinə bildirmişdir ki, məsələyə baxmaq səlahiyyəti yoxdur.
41. Birinci ərizəçi barəsində 2010-cu il 29 iyun tarixli tibbi arayışda göstərilir ki, o, qonşu uşaqlar tərəfindən davamlı surətdə hücumlara məruz qalmışdır.
42. Birinci ərizəçi barəsində 2010-cu il 29 iyun, 25 oktyabr və 24 noyabr tarixli, habelə 2011-ci il 9 fevral tarixli tibbi arayışlarda göstərilir ki, o, qonşu uşaqlar tərəfindən davamlı surətdə hücumlara məruz qalmışdır.
43. 2010-cu il iyulun 1-də polis A.K. Ümumtəhsil məktəbinin şagirdi P.B. ilə 2010-cu il 13 və 14 may hadisələri ilə əlaqədar söhbət aparmış, o isə, iştirak etmədiyini bildirmişdir.
44. Ərizəçiləri iddia edirlər ki, 2010-cu il iyulun 13-da saat 21.00-da dörd oğlanla bir qız ərizəçilərin pəncərəsi altında iyrənc ifadələr işlətmişlər. İkinci ərizəçi onlardan sakit olmağı xahiş etdikdə, onlar ərizəçilərin Serb mənşəyinə birbaşa işarə edərək serb dialektində dedilər ki, “polisi çağır, biz qorxmuruq (zovi bre policiju, mi se ne bojimo)”. 2010-cu il iyulun 14-də ikinci ərizəçi bu hadisə barədə Susedqrad Sosial Müdafiə Şöbəsinin əməkdaşı xanım Y.S.-ə məlumat vermişdir.
45. 2010-cu il iyulun 19-da Susedqrad Sosial Müdafiə Şöbəsində ərizəçilər ilə eyni binada yaşamış V.K. ilə söhbət aparılmışdır. O, ərizəçilərin incidilməsində iştirak etdiyini inkar etmişdir. O, həmçinin demişdir ki, uşaqlar və alkoqol aludəçiləri tez-tez yaşadığı binanın qarşısındakı skamyada toplaşmış, onun ailəsini də narahat edən səs-küy yaratmışlar.
46. 2010-cu il avqustun 2-də Susedqrad Sosial Müdafiə Şöbəsi polisə məlumat vermişdir ki, ikinci ərizəçi birinci ərizəçinin davamlı surətdə incidilməsi və zorakılığa məruz qalması barədə şikayət etmişdir. Polisdən müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
47. 2010-cu il avqustun 26-da polis tərəfindən dindirilmiş A.K. Ümumtəhsil məktəbinin şagirdi Z.B. birinci ərizəçinin incidilməsində iştirak etdiyini inkar etmişdir.
48. 2010-cu il avqustun 27-də ikinci ərizəçi Zaqreb bələdiyyəsinə müraciət edərək pəncərəsinin altındakı skamyanın götürülməsini xahiş etmişdir.
49. Ərizəçilər iddia edirlər ki, 2010-cu il avqustun 31-də saat 15.00 radələrində dükandan evə qayıdarkən M. kimi tanıdığı oğlan velosipedlə yanlarından keçərək birinci ərizəçini təhqir etmiş, o cümlədən “Dalibor “mavidir”” demişdir. Birinci ərizəçi böyük həyəcan və stress hissi keçirtdi.
50. Ərizəçilər iddia edirlər ki, 2010-cu il sentyabrın 1-də saat 18.45 radələrində üç oğlan velosipedlə onların pəncərəsi qabağına gələrək zil-zibil ataraq qışqırmışlar. Saat 19.20-də ərizəçilərin pəncərəsi qabağındakı skamyada daha böyük sayda uşaqlar yığışmış, yaxınlıqdakı dəmir hasarı vuraraq səs-küy etmişlər. Onlar həmçinin ərizəçilərin pəncərəsinə daş atmış və ucadan iyrənc ifadələr işlətmişlər. Polis gəlmədiyi üçün, o, saat 22.28-də yenidən onları çağırmışdır. Polis dedi ki, bundan başqa da çağırışların olmasına görə onlar bir azdan gələcəklər. Polis saat 22.32-də gəlmiş və uşaqlara ərizəçilərin pəncərəsindən bir neçə metrə çəkilməyi demişdir. Onlar uşaqların şəxsiyyətini müəyyən etməyə cəhd etmədi. Həmin gün tərtib edilmiş polis protokolunda göstərilir ki, saat 21.21-də ikinci ərizəçi polisi çağıraraq parkdakı səs-küydən şikayət etmişdir. Polis saat 21.35-də gəldikdə binanın qarşısında heç kimi tapmamışdır.
51. Ərizəçilər iddia edirlər ki, 2010-cu il sentyabrın 3-də ona yaxın uşaq skamyada yığışmış dəhşətli səs-küy yaratmışlar. Saat 22.15-də ikinci ərizəçi polisi çağırmış, polis saat 22.40-da gələrək uşaqlara dağılışmağa əmr etmiş, lakin onların şəxsiyyətini müəyyən etməyə cəhd etməmişdir. Həmin gün tərtib edilmiş polis protokolunda göstərilir ki, saat 22.20-də ikinci ərizəçi polisi çağıraraq parkdakı səs-küydən şikayət etmişdir. Polis saat 22.25-də gəldikdə binanın qarşısında heç kimi tapmamışdır.
52. Ərizəçilər iddia edirlər ki, 2010-cu il sentyabrın 5-də saat 21.00-da onlar kilsədən qayıdarkən pəncərəyə ağ maddənin atıldığını gördülər. Həmçinin onların pəncərəsi altında bir neçə uşaq bərk qışqırmışdır. Saat 22.00-də ikinci ərizəçi polisi çağırmışdır. Ərizəçilər həmçinin iddia edirlər ki, 2010-cu il sentyabrın 7, 8, 14, 23 və 27-də uşaqlar skamyada yığışaraq dəhşətli səs-küy yaratmışlar.
53. 2010-cu il sentyabrın 23-də polis tərəfindən dindirilmiş A.K. Ümumtəhsil məktəbinin şagirdi İ.S. birinci ərizəçinin incidilməsində iştirak etdiyini inkar etmişdir.
54. Ərizəçilər iddia edirlər ki, 2010-cu il oktyabrın 2-də beş oğlan skamyada yığışaraq səs-küy etmişlər. Saat 19.40-da yeddi oğlan ərizəçilərin pəncərəsinə top atmış və gecəyədək səs-küy etmişlər. Saat 23.38-də ikinci ərizəçi polisi çağırmış, polis saat 00.15-də gələrək uşaqlara dağılışmağa əmr etmiş, lakin onlara heç bir sual verməmiş və onların şəxsiyyətini müəyyən etməyə cəhd etməmişdir. Həmin gün tərtib edilmiş polis protokolunda göstərilir ki, saat 23.40-da birinci ərizəçi polisi çağıraraq səs-küydən şikayət etmişdir. Polis saat 00.15-də gəldikdə binanın qarşısında heç kimi tapmamışdır.
55. Ərizəçilər həmçinin iddia edirlər ki, 2010-cu il oktyabrın 4-də saat 04.00-da onlar pəncərənin altında duran avtomaşının siqnalizasiya səsindən oyanmışlar. Bir neçə uşaq onların mənzilinin divarına zərbələr vurmuş və bərk səs-küy etmişlər. Birinci ərizəçinin dovşanı həmin gecə ölmüş, o, dovşanın ölməsini bu gecənin hadisələri ilə əlaqələndirmiş və böyük həyəcan hissi keçirtmişdir. 2010-cu il oktyabrın 15-də ərizəçilər evdə olmadığı vaxt, kimsə onların qonaq otağının bütöv pəncərəsini tüpürcəklə batırmışdır. 2010-u il oktyabrın 23-də və noyabrın 7, 14 və 19-da uşaqlar skamyada yığışaraq səs-küy etmişlər.
56. 2010-cu il noyabrın 17-də Zaqreb bələdiyyəsi ikinci ərizəçiyə məlumat vermişdir ki, ərizəçilərin mənzilinin eyvanı altında skamyanın götürülməsi barədə müraciəti rədd edilmişdir.
57. Ərizəçilər iddia edirlər ki, 2010-cu il noyabrın 22-də dükandan evə qayıdarkən bir qrup uşaqlar arxadan “Dalibor! Dalibor!” qışqırmışdır. Birinci ərizəçi qorxudan tərpənə bilməmiş və anasından soruşmuşdur ki, onlar niyə ondan əl çəkmirlər. İkinci ərizəçi Xorvatiya Prezidentinin Administrasiyasına və Əlillərin işləri üzrə Ombudsmana oğlunun incidilməsi barədə yazılı surətdə müraciət edərək skamyanın götürülməsində yardım istəmişdir. 2010-cu il dekabrın 5-də saat 24.00 radələrində bir neçə uşaq ərizəçilərin pəncərəsinə qartopu atmış və bu, birinci ərizəçini qorxutmuşdur.
58. 2010-cu il dekabrın 14-də Əlillərin işləri üzrə Ombudsman Zaqreb bələdiyyəsinə skamyanın götürülməsini tövsiyə etmişdir. 2011-ci ilin fevral ayında skamya götürüldü. Ərizəçilər iddia edirlər ki, həmin gün bir neçə uşaq onların pəncərəsi altında yerləşən, içində qaz sayğacları olan dəmir konteyneri sökdülər.
59. Ərizəçilər iddia edirlər ki, daha sonra aşağıdakı hadisələr baş vermişdir. 2011-ci il fevralın 5-də bir qrup uşaqlar küçədə ikinci ərizəçinin Serb dialektində təhrikçi ifadələr qışqırmışlar (“De si bre?”). 2011-ci il fevralın 8-də saat 18.40-da bir neçə uşaq ərizəçilərin qapısına zəng çalaraq qaçmışlar. 2011-ci il fevralın 10-da ərizəçilər bərbərin yanına gedəndə uşaqlarla rastlaşmamaq üçün başqa yolu seçmişlər. Lakin, yolda onlar təhrikçi şəkildə “Dalibor!” qışqıran uşaqlarla rastlaşdılar. 2011-ci il fevralın 13-də saat 12.30-da yeddi oğlan ərizəçilərin mənzili qarşısında qaçaraq, divarlara zərbə vurmuş, eyvana dırmaşmış, mənzilin içinə baxaraq ucadan gülmüşlər. Saat 21.45-də bir qrup oğlanlar ərizəçilərin pəncərəsi altında “Biz xorvatıq” mahnısını oxumuşlar.
60. Birinci ərizəçi barəsində 2011-ci il 9 mart tarixli tibbi arayışda göstərilir ki, əsəbi stressə görə o tez-tez dodaqlarının və yumruqlarını dişləmiş, onun sol gözündə dartınma, habelə psoriaz simptomları müşahidə edilmişdir. Həmçinin qeyd edilmişdir ki, o, tez-tez hücumlara məruz qalmış və ələ salınmış, onun üçün sakit və dinc mühitin yaradılması zəruri olmuşdur.
II. MÜVAFİQ MİLLİ QANUNVERİCİLİK
A. Konstitusiya
1. Müvafiq müddəalar
61. Xorvatiya Respublikası Konstitusiyasının (Ustav Republike Hrvatske, Rəsmi mətbuat orqanı №№ 56/1990, 135/1997, 8/1998 (müvafiq dəyişikliklər və əlavələr ilə), 113/2000, 124/2000 (müvafiq dəyişikliklər və əlavələr ilə), 28/2001 və 41/2001 (müvafiq dəyişikliklər və əlavələr ilə), 55/2001 (düzəlişlər) və 76/2010) aşağıdakılar nəzərdə tutulur:
Maddə 14
“Xorvatiya Respublikasında hər kəsin onun irqindən, dərinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya başqa baxışlarından, milli və ya sosial mənşəyindən, əmlak, doğum vəziyyətindən, təhsilindən, sosial statusundan və ya digər hallardan asılı olmayaraq hüquq və azadlıqları vardır.
Hamı qanun qarşısında bərbərdir.”
Maddə 21
“Hər bir insanın yaşamaq hüququ vardır.
...”
Maddə 23
“Heç kəs hər hansı formada pis rəftara məruz qala bilməz ...
...”
Maddə 35
“Hər kəsin onun şəxsi və ailə həyatı, ləyaqəti, nüfuzu və şərəfinin toxunulmazlığı və qanuni müdafiəsi hüququ vardır.”
Maddə 140
“Konstitusiya uyğun bağlanmış, təsdiq edilmiş və dərc edilmiş beynəlxalq müqavilələr Xorvatiya Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi olaraq qanunlara münasibətdə üstün qüvvəyə malikdir. ...”
2. Konstitusiya Məhkəməsinin məhkəmə təcrübəsi
62. Konstitusiya Məhkəməsinin 1994-cü il 14 noyabr tarixli U-I-892/1994 nömrəli (Rəsmi mətbuat orqanı №83/1994) və 1995-ci il 20 fevral tarixli U-I-130/1995 nömrəli (Rəsmi mətbuat orqanı №112/1995) qərarlarında müəyyən edilmişdir ki, Konvensiyada və onun protokollarında təsbit edilmiş bütün hüquqlar Konstitusiya müddəaları ilə bərabər qüvvəyə malik olmaqla konstitusiya hüquqları hesab edilməlidir.
B. Cinayət Məcəlləsi
63. Cinayət Məcəlləsinin (Kazneni zakon, Rəsmi mətbuat orqanı №110/1997) müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 10
“Cinayət törədərkən on dörd yaşı tamam olmamış şəxslərə münasibətdə cinayət qanunvericiliyi tətbiq edilmir.”
C. “Xətalar haqqında” Qanun
64. “Xətalar haqqında” Qanunun (Prekršajni zakon, Rəsmi mətbuat orqanı №107/2007) müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 9
“1) Cinayət törədərkən on dörd yaşı tamam olmamış şəxs xətaya görə məsuliyyətə cəlb edilə bilməz.
2) Bu maddənin 1-ci hissəsində qeyd edilən şəxs ciddi xəta təşkil edən tərzdə tez-tez davrandıqda, səlahiyyətli dövlət orqanı bu şəxsin valideynlərinə və ya qəyyumlarına, habelə səlahiyyətli sosial müdafiə şöbəsinə şəxsin davranışı barədə məlumat verir.
3) Bu maddənin 1-ci hissəsində qeyd edilən şəxsin ... valideyni bu şəxs tərəfindən törədilmiş xəta bu şəxsə nəzarət edilməməsi ilə bilavasitə əlaqəli olduqda xətaya görə cəzalandırılır ...”
D. “İnzibati mübahisələr haqqında” Qanun
65. “İnzibati mübahisələr haqqında” Qanunun (Zakon o upravnim sporovima, Yuqoslaviya Sovet Federativ Respublikasının Rəsmi mətbuat orqanı №4/1977, Xorvatiya Respublikasının Rəsmi mətbuat orqanı №№ 53/1991, 9/1992 və 77/1992 – 2011-ci il dekabrın 31-də qüvvədən düşmüşdür) müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 66
“Konstitusiya ilə təmin edilə hüquq və ya azadlığın müdafiəsi barədə müraciətə ..., əgər bu hüquq və ya azadlıq yekun fərdi akt (yəni qərar) nəticəsində pozulduqda və məhkəmə qaydasında müdafiə başqa cür nəzərdə tutulmadıqda, (İnzibati Məhkəmə tərəfindən) bu Qanunun müddəaları mutatis mutandis tətbiq edilməklə baxılır.”
66. 67-76-cı maddələrdə, məhkəmə qaydasında müdafiə başqa cür nəzərdə tutulmadıqda, Konstitusiya ilə təmin edilə hüquq və ya azadlığın vəzifəli şəxslərin qanunsuz faktiki (fiziki) aktları nəticəsində pozulmasından müdafiəsinə dair xüsusi məhkəmə icraatı nəzərdə tutulur. Xorvatiya məhkəmələrinin məhkəmə təcrübəsinə müvafiq olaraq, qeyri-qanuni “əməllər” həmçinin hərəkətsizliyi əhatə edir (misal üçün, inzibati Məhkəmənin 1989-cu il 21 sentyabr tarixli Us-2099/89 nömrəli qərarında və Ali Məhkəmənin 1993-cü il 6 aprel tarixli Gž-9/1993 nömrəli qərarında müəyyən edilmişdir ki, inzibati orqanları tərəfindən icra vərəqəsinin icra edilməməsi “İnzibati mübahisələr haqqında” Qanunun 67-ci maddəsi mənasında “qeyri-qanuni akt” təşkil etmişdir).
67. 67-ci maddəyə müvafiq olaraq, belə məhkəmə icraatı səlahiyyətli bələdiyyə məhkəməsinə “qeyri-qanuni aktdan iddia ərizəsi” (tužba za zaštitu od nezakonite radnje) ilə müraciət etməklə başlanılır. İddia ərizəsi faktiki akta (və ya hərəkətsizliyə) yol vermiş dövlət orqanına (cavabdeh) qarşı verilir.
68. 72-ci maddəyə müvafiq olaraq, iddia ərizəsi məhkəmə icraatını həyata keçirən məhkəmənin müəyyən etdiyi müddətdə cavab verilməsi üçün müvafiq dövlət orqanına göndərilir. Eyni zamanda, iddiada irəli sürülən dəlillər qərar çıxarmaq üçün kifayət hesab edildiyi təqdirdə, qərar bu cür cavab olmadan çıxarıla bilər.
69. 73-cü maddədə nəzərdə tutulur ki, məhkəmə iş üzrə qətnamə çıxarır. İddia təmin edildiyi halda, məhkəmə cavabdehə qeyri-qanuni hərəkətdən çəkinməyi əmr edir və, zərurət olduqda, restitutio in integrum əmr edir.
70. 74-cü maddədə nəzərdə tutulur ki, “qeyri-qanuni aktdan iddia ərizəsi” üzrə məhkəmə icraatı zamanı məhkəmə Mülki-Prosessual Qanunun müddəalarını mutatis mutandis tətbiq edir.
E. “Öhdəliklər haqqında” Qanun
71. 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və 1978-cü il “Öhdəliklər haqqında” Qanununu qüvvədən salmış “Öhdəliklər haqqında” Qanununun (Zakon o obveznim odnosima, Rəsmi mətbuat orqanı №№ 35/2005 və 41/2008, bundan sonra – “2006-cı il Öhdəliklər Qanunu”) müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur:
Şəxsi hüquqlar
Maddə 19
“1) Hər bir fiziki və hüquqi şəxsin şəxsi hüquqları (prava osobnosti) qanunla nəzərdə tutulmuş qaydada müdafiəsi hüququ vardır.
2) Bu Qanunun mənasında şəxsi hüquqlar – yaşamaq, fiziki və əqli sağlamlıq, nüfuzun, şərəfin, ləyaqətin, adın qorunması, şəxsi və ailə həyatının toxunulmazlığı, azadlıq və s. hüquqlardır.
3) Fiziki şəxsin bioloji xarakterinə bağlı olan hüquqlar istisna edilməklə, hüquqi şəxsin yuxarıda qeyd edilən bütün şəxsi hüquqları, xüsusilə nüfuzun, şərəfin, adın və ya şirkətin adının qorunması, kommersiya sirri, azad sahibkarlıq hüquqları və s. hüquqları vardır.”
Maddə 1046
“Zərər – ... şəxsin ləyaqətinə hörmət hüququnun pozulmasıdır (mənəvi zərər).”
Şəxsi hüquqları pozmaqdan çəkinmə barədə müraciət
Maddə 1048
“Hər kəs onun şəxsi hüquqlarını pozan fəaliyyətin dayandırılması və bunun nəticələrinin aradan qaldırılması barədə məhkəməyə və ya səlahiyyətli dövlət orqanına müraciət edə bilər.”
Aidiyyəti məhkəmə qərarları
72. “Öhdəliklər haqqında” Qanunun 19-cu maddəsində sadalanan hüquqlardan başqa şəxsi hüquqlar hesab edilməli fiziki şəxsin hüquqları ilə əlaqədar olaraq qeyd edilməlidir ki, bu günədək yalnız aşağıdakı hüquqlar Xorvatiya məhkəmələri tərəfindən şəxsi hüquqlar kimi şərh edilmişdir: yaşamaq hüququ, fiziki və mənəvi toxunulmazlıq (sağlamlıq) hüququ, azadlıq hüququ, nüfuzun və şərəfin qorunması hüququ, şəxsi və ailə həyatın toxunulmazlığı hüququ, yazışmanın və şəxsi yazıların sirri hüququ, şəxsiyyət hüququ (xüsusilə, şəxsin görünüşü, səsi və adının qorunması hüququ), habelə müəllifin mənəvi hüququ.
73. Şəxsi toxunulmazlıq hüququ ilə bağlı kompensasiya almaq hüququna dair Konstitusiya Məhkəməsinin 2008-ci il 23 aprel tarixli U-III-1437/2007 nömrəli qərarının müvafiq hissəsində aşağıdakılar bildirilir:
“...
“Mülki öhdəliklər haqqında” Qanunun 1046-cı maddəsində mənəvi zərər şəxsin şəxsi toxunulmazlıq hüququnun pozulması kimi müəyyən edilir. Başqa sözlərlə, şəxsin şəxsi toxunulmazlıq hüququnun hər bir pozulması halı mənəvi zərərə səbəb olur.
“Mülki öhdəliklər haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsində müəyyən edilir ki, bu Qanunun məqsədləri üçün şəxsi toxunulmazlıq hüququ aşağıdakıları əhatə edir: yaşamaq, fiziki və əqli sağlamlıq, nüfuzun, şərəfin, ləyaqətin, adın qorunması, şəxsi və ailə həyatının toxunulmazlığı, azadlıq və s.
... müəyyən edilməlidir ki, hazırkı işdə şəxsin “Azadlıqdan məhrumetmə ilə bağlı hökmlərin icrası haqqında” Qanunda nəzərdə tutulmuş tələblərə və Konstitusiyanın 25-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş meyarlara uyğun olmayan şəraitdə saxlandığına görə insan, konstitusiya və şəxsi dəyərlərin pozulması baş vermişdir. Bu səbəbdən məhkəmələr ərizəçinin ləyaqətinin alçaldılmasına görə əvəzin ödənilməsini təyin etməyə borcludur.
...”
F. “Ayrı-seçkiliyin qarşısının alınması haqqında” Qanun
74. “Ayrı-seçkiliyin qarşısının alınması haqqında” Qanunun (Zakon o suzbijanju diskriminacije, Rəsmi mətbuat orqanı № 85/2008) müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 1
“1) Bu Qanunla Xorvatiya respublikasının konstitusiya quruluşunun ən yüksək dəyəri kimi bərabərliyin qorunması və təşviq edilməsi təmin edilir; bərabər imkanlar üçün şərait yaradılır və irqi, yaxud milli mənsubiyyətə, yaxud dərinin rənginə, cinsi, dil, din mənsubiyyətinə, siyasi və ya başqa əqidəsinə, milli və ya sosial mənşəyinə, rifaha, həmkarlar ittifaqında mənsubiyyətinə, təhsilə, sosial statusa, ailə vəziyyətinə, yaşa, sağlamlıq vəziyyətinə, əlilliyə, genetik irsiyyətə, cinsi qavramaya, ifadə və ya cinsi oriyentasiyaya görə ayrı-seçkilikdən müdafiə müəyyən edilir.
2) Bu Qanunun mənasında ayrı-seçkilik hər hansı şəxsi, habelə onun yaxın qohumlarını bu maddənin 1-ci hissəsində göstərilən əsaslara görə əlverişsiz vəziyyətə salma kimi başa düşülür.
...”
Maddə 8
“Bu Qanun bütün dövlət orqanlarına ... hüquqi və fiziki şəxslərə şamil olunur ...”
Maddə 16
“Hər hansı hüququn ayrı-seçkiliyə görə pozulduğunu hesab edən hər kəs bu hüququn müəyyən edilməsi əsas məsələ təşkil etdiyi icraatda bu hüququn müdafiəsini tələb edə bilər, habelə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş prosedura əsasən müdafiəni tələb edə bilər.”
Maddə 17
“Bu Qanunun müddəalarına müvafiq olaraq ayrı-seçkilikdən zərər çəkdiyini iddia edən şəxs iddia ərizəsində aşağıdakı tələbləri irəli sürə bilər:
1. iddiaçının bərabər rəftar hüququnun cavabdeh tərəfindən pozulması barədə, yaxud cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının bərabər rəftar hüququnun pozula biləcəyi barədə qətnamənin çıxarılması (ayrı-seçkiliyin etiraf edilməsinə dair iddia);
2. iddiaçının bərabər rəftar hüququnu pozan və ya poza bilən hərəkəti (cavabdeh tərəfindən) etməyin qadağan edilməsi, yaxud ayrı-seçkiliyi və ya onun nəticələrini aradan qaldırmaq məqsədilə tədbirlərin görülməsi barədə əmr verilməsi (ayrı-seçkiliyin qadağan edilməsi və ya aradan qaldırılmasına dair iddia);
3. bu Qanunla müdafiə edilən hüquqların pozulması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi (zərərin əvəzinin ödənilməsinə dair iddia);
4. bərabər rəftar hüququnun pozulması müəyyən edilən məhkəmə qərarının cavabdehin hesabına kütləvi informasiya vasitələrində dərc edilməsi.
...”
III. AVROPA ŞURASININ MÜVAFİQ SƏNƏDLƏRİ
A. Nazirlər Komitəsi
75. “Psixi xəstəliyi olan şəxslərin insan hüquqlarının və ləyaqətinin müdafiəsinə dair” Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2004)10 saylı Tövsiyəsinin (2004-cü il sentyabrın 22-də Nazirlər nümayəndələrinin 896-cı iclasında Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir) müvafiq hissəsində aşağıdakılar deyilir:
“...
Xüsusilə aşağıdakıları nəzərə alaraq:
...
– “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” 1950-ci il 4 noyabr tarixli Konvensiyanı və bu Konvensiyaya əsasən təsis edilmiş orqanlar tərəfindən onun tətbiqini;
...
II Fəsil – Ümumi müddəalar
Maddə 3 – Ayrı-seçkiliyin yolverilməzliyi
1. Psixi xəstəliyə görə hər hansı formada ayrı-seçkilik qadağan edilir.
2. Üzv dövlətlər psixi xəstəliyə görə ayrı-seçkiliyi aradan qaldırmaq üçün zəruri tədbirləri həyata keçirməlidir.
Maddə 4 – Mülki və siyasi hüquqlar
1. Psixi xəstəliyi olan şəxslər bütün mülki və siyasi hüquqları həyata keçirmək hüququna malik olmalıdır.
2. Bu hüquqların həyata keçirilməsi üzərində hər hansı məhdudiyyət “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarına uyğun olmalı, habelə şəxsin sadəcə psixi xəstə olmasına əsaslanmamalıdır.
...
Maddə 7 – Psixi xəstəliyi olan həssas şəxslərin müdafiəsi
1. Üzv dövlətlər təmin etməlidir ki, psixi xəstəliyi olan şəxslərin, xüsusilə razılıq vermək qabiliyyəti olmayanların və ya onların insan hüquqlarının pozulmasına müqavimət göstərə bilməyənlərin müdafiəsinə dair mexanizmlər mövcud olsun.
2. Qanunvericilikdə psixi xəstəliyi olan şəxslərin zəruri hallarda iqtisadi maraqlarının müdafiəsi məqsədilə tədbirlər nəzərdə tutulmalıdır.
...”
76. “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planına dair” Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2006)5 saylı Tövsiyəsinin (2006-cı il aprelin 5-də Nazirlər nümayəndələrinin 961-ci iclasında Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir) müvafiq hissəsində aşağıdakılar deyilir:
“...
“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı (ETS No. 5) nəzərə alaraq;
...
3.12. Fəaliyyət istiqaməti № 12: Hüquqi müdafiə
3.12.1. Giriş
Əlilliyi olan insanların hüquq subyektliyi hüququ vardır. Bu hüquq qabiliyyətinin həyata keçirilməsi üçün yardım tələb olunduqda, üzv dövlətlər bunun qanunvericiliklə lazımi qaydada qorunmasını təmin etməlidir.
Əlilliyi olan şəxslər əhalinin müxtəlif qruplarını əhatə etsə də, onların öz hüquqlarını tam həcmdə həyata keçirmək və cəmiyyətin digər üzvləri ilə bərabər şəkildə cəmiyyətdə iştirak etmək üçün böyük və ya az dərəcədə əlavə təminatlara ehtiyac duyması onları birləşdirir.
Əlilliyi olan şəxslərin digər insanlar ilə bərabər şəkildə öz hüquqlarının həyata keçirilməsi baxımından onların vəziyyətinə xüsusi diqqət yetirmək zərurəti bu sahədə milli və beynəlxalq səviyyələrdə həyata keçirilən təşəbbüslərlə təsdiq edilir.
Ayrı-seçkiliyin yolverilməzliyi prinsipi əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin edilməsinə yönəlmiş dövlət siyasətlərinin əsasını təşkil etməlidir.
Məhkəmə sisteminə müraciət etmək imkanı demokratik cəmiyyətdə əsas hüquq olsa da, əlilliyi olan insanlar tez-tez bir sıra maneələr, o cümlədən fiziki cəhətdən daxil olmaq çətinlikləri ilə üzləşə bilərlər. Bunun üçün müxtəlif tədbirlər və müsbət hərəkətlər, o cümlədən hüquqşünaslar arasında əlillik məsələləri barədə məlumatlılığın artırılması tələb edilir.
3.12.2. Məqsədlər
i. Əlilliyi olan şəxslər üçün digər insanlar ilə bərabər şəkildə ədalət mühakiməsi sisteminə səmərəli müraciət etmək imkanını təmin etmək;
ii. əlilliyi olan şəxslər tərəfindən digər insanlar ilə bərabər şəkildə bütün insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsini qorumaq və təşviq etmək.
3.12.3. Üzv dövlətlər tərəfindən xüsusi tədbirlər
i. Xüsusi qanunvericilik bazasının, qurumların, hesabat prosedurlarının və bərpa mexanizmlərinin yaradılması vasitəsilə ayrı-seçkiliyə qarşı müdafiəni təmin etmək;
ii. əlilliyi olan insanlara qarşı ayrı-seçkiliyə yol verən müddəaların əsas qanunvericilikdə ləğv edilməsini təmin etmək;
iii. hüquq mühafizə orqanlarının əməkdaşları, vəzifəli şəxslər, məhkəmə və səhiyyə sistemlərinin işçiləri üçün insan hüquqları və əlillik barədə təlimlərin təşkilini (milli və beynəlxalq səviyyələrdə) təşviq etmək;
iv. əlilliyi olan şəxslərin insan hüquqlarının müdafiəsi sahəsində çalışan qeyri-hökumət təşkilatları şəbəkəsini dəstəkləmək;
v. əlilliyi olan insanları üçün mümkün olan informasiya və kommunikasiya əldə etmək hüququ təmin edilməklə onların məhkəmə sisteminə müraciət etmək üçün bərabər imkanını təmin etmək;
vi. hüquq qabiliyyətini həyata keçirməkdə çətinlik çəkən şəxslərə müvafiq yardım göstərmək və bunun tələb edilən səviyyədə olduğunu təmin etmək;
...
3.13. Fəaliyyət istiqaməti № 13: Zorakılıq və təhqir hallarına qarşı müdafiə
3.13.1. Giriş
Hər hansı bir şəxsə qarşı təhqir və ya zorakılıq əməlləri yolverilməzdir, cəmiyyətin isə şəxslərin, xüsusilə ən həssas olanların, bu cür hallardan qorunmasını təmin etmək vəzifəsi vardır.
Belə göstəricilər mövcuddur ki, əlilliyi olan insanlara qarşı törədilən təhqir və zorakılıq hallarının səviyyəsi ümumiyyətlə əhali ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir, habelə əlilliyi olan qadınlara, xüsusilə əlilliyin ağır forması olan qadınlara münasibətdə sui-istifadə hallarının səviyyəsi sağlam qadınlar ilə müqayisədə həddindən artıq yüksəkdir. Bu cür sui-istifadə halları müəssisələrdə və ya digər qayğı formalarında, o cümlədən ailələrdə baş verə bilər. Sui-istifadə şəxsin tanıdığı və ya kənar şəxslər tərəfindən müxtəlif formalarda, misal üçün şifahi təhqir, fiziki zorakılıq, yaxud zəruri ehtiyacları ödəməkdən imtina formasında törədilə bilər.
Hökumətlər sui-istifadə hallarının baş vermədiyini təmin edə bilməsələr də, onlar müdafiə və mümkün olan ən güclü təminat sisteminin yaradılması istiqamətində qüvvəsi daxilində bütün tədbirləri görməlidir. Müxtəlif vasitələrlə, xüsusilə də, şəxslərin müdafiə hüququnu qavramaq və sui-istifadə təhlükəsini etiraf etmək və azaltmaq məqsədilə tədris bu cür halların qarşısının alınmasına kömək edir. Təhqir və zorakılıq hallarına məruz qalan əlilliyi olan şəxslərin müvafiq yardımdan istifadə etmək imkanı olmalıdır. Sui-istifadə halları barədə məlumat vermək və zəruri tədbirləri həyata keçirməyi, o cümlədən fərdi dəstəyi gözləmək üçün kifayət qədər etibar etdikləri sistem onlar üçün mövcud olmalıdır. Belə sistem üçün sui-istifadə hallarının müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi üzrə ixtisaslaşan və təcrübəyə malik olan işçi heyəti tələb olunur.
Son illərdə bir neçə tədqiqatların aparıldığına baxmayaraq, gələcək strategiyalar və ən yaxşı təcrübələr üçün əlavə biliklərin tələb olunduğu aydın nəzərə çarpır.
3.13.2. Məqsədlər
i. Ayrı-seçkiliyin yolverilməzliyi və insan hüquqları çərçivələrində əlilliyi olan insanların zorakılıq və təhqirin bütün formalarından müdafiəsinin təmin edilməsi istiqamətində çalışmaq;
ii. əlilliyi olan insanların zorakılıq və təhqir hallarında zərərçəkmişlər üçün xidmətlərə və yardım sistemlərinə müraciət etmək imkanını təmin etmək.
3.13.3. Üzv dövlətlər tərəfindən xüsusi tədbirlər
i. Zəruri hallarda siyasətlər və qanunvericiliyin səmərəli şəkildə həyata keçirilməsi vasitəsilə əlilliyi olan insanların zorakılıq və təhqir hallarından qorunması üçün təminatları müəyyən etmək;
ii. zorakılıq və təhqir hallarını azaltmaq məqsədilə əlilliyi olan şəxslər üçün təlim kurslarının, misal üçün, özünə inanma və imkanları artırma kurslarının mövcudluğunu və onlardan istifadə etmək imkanını təmin etmək;
iii. əlilliyi olan insanlara uyğunlaşmış proseslər, tədbirlər və qaydalar hazırlamaq, zorakılıq və təhqir hallarını aşkar etmə səviyyəsini artırmaq və sui-istifadəyə yol vermiş şəxslər barəsində zəruri tədbirlərin görülməsini, o cümlədən emosional problemlər zamanı bərpa və müvafiq peşəkar məsləhət xidmətini təmin etmək;
iv. zorakılıq və təhqir, o cümlədən məişət zorakılığı hallarında zərərçəkmiş əlil şəxslərin müvafiq yardım, o cümlədən bərpa xidmətlərindən istifadə etmək imkanlarını təmin etmək;
v. ailələrə yardımın göstərilməsi, ictimai maarifləndirmə və məlumatlandırma tədbirləri, müvafiq tərəflər arasında müzakirələrin və əməkdaşlığın dəstəklənməsi vasitəsilə zorakılıq, pis rəftar və təhqir hallarının qarşısını almaq və onlara qarşı mübarizə aparmaq;
vi. informasiyanın və xidmətlərdə istifadə etmək imkanının təmin edilməsi vasitəsilə sui-istifadə halları ilə üzləşən əlilliyi olan şəxslərə, xüsusilə qadınlara, habelə onların ailələrinə yardım göstərmək;
vii. psixiatriya müəssisələrində, sosial yardım mərkəzlərində və müəssisələrində, uşaq evlərində və digər təsisatlarda əlilliyi olan şəxslərə qarşı sui-istifadə hallarından müdafiə sistemlərinin mövcud olmasını təmin etmək;
viii. əlillər üçün müəssisələrdə və əsas yardım xidməti sistemlərində çalışan bütün işçilər üçün müvafiq təlimlərin təşkilini təmin etmək;
ix. polis və məhkəmə orqanlarının əməkdaşları üçün əlilliyi olan şəxslərdən şahid ifadəsinin alınması və təhqir hallarının ciddi araşdırılması üzrə müvafiq təlimlər təşkil etmək;
x. əlilliyi olan şəxsləri zorakılıq və təhqir hallarının baş verməsinin qarşısının alınması, onların müəyyən edilməsi və barələrində məruzə edilməsi üsulları barədə məlumatla təmin etmək;
əlilliyi olan şəxslərə qarşı hər hansı formada fiziki və ya mənəvi zorakılığın, xəsarət yetirmə və ya təhqir, etinasızlıq və ya etinasız rəftar, yaramaz rəftar, istismar və ya oğurlama hallarının qarşısını almaq məqsədilə ciddi cəza tədbirləri nəzərdə tutulan səmərəli qanunvericilik, inzibati, məhkəmə və digər tədbirləri şəffaf qaydada görmək və vətəndaş cəmiyyəti tərəfindən müstəqil nəzarətin həyata keçirilməsinə imkan yaratmaq;
...”
77. “Əlilliyi olan yaşlıların və uşaqların sui-istifadə hallarından qorunmasına dair” Nazirlər Komitəsinin üzv dövlətlərə ResAP(2005)1 saylı Qətnaməsinin (2005-ci il fevralın 2-də Nazirlər nümayəndələrinin 913-cü iclasında Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir) müvafiq hissəsində aşağıdakılar deyilir:
“...
I. Sui-istifadənin anlayışı
1. Bu Qətnamədə sui-istifadə - həssas insanın insan hüquqlarının, vətəndaş azadlıqlarının, fiziki və mənəvi toxunulmazlığın, ləyaqətin və ya ümumi rifahının pozulması ilə nəticələnən, qəsdən və ya ehtiyatsız törədilən hər hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən şəxsin qanunla müəyyən edilmiş qaydada razılıq vermədiyi və ya verə bilmədiyi, yaxud bilərəkdən istismar xarakterli olan cinsi əlaqələr və ya maliyyə əqdləri kimi müəyyən edilir. Sui-istifadə ilk növbədə müxtəlif formada ola bilər:
a. fiziki zorakılıq, o cümlədən cismani cəza, hər hansı bir şəxsin evində saxlama və ya oradan çıxmağa imkan verməmə daxil olmaqla dustaq etmə, həddindən artıq miqdarda və ya düzgün olmayan qaydada dərman vermə, tibbi eksperiment keçirmə və ya razılıq olmadan invaziv tədqiqat aparma, habelə psixiatriya xəstələrinin qanunsuz saxlama;
b. cinsi istehza və istismar, o cümlədən zorlama, cinsi hücum, cinsi toxunulmazlığı pozma, ədəbsiz soyunma, zorakılıqla pornoqrafiyaya və fahişəliyə məcbur etmə;
c. adətən əlilliyi olan şəxsləri şifahi surətdə təhqir etmədən, məcbur etmədən, təcrid etmədən, rədd etmədən, qorxutmadan, incitmədən, alçaltmadan, yaxud cəzalandırma və ya tərk etmə hədəsi ilə hədə qorxu gəlmədən, emosional şantajdan, özbaşınalıqdan, yetkinlik yaşına çatmış şəxsin statusunu rədd etmədən və uşaq yerinə qoymaqdan ibarət psixoloji hədə-qorxu gəlmə və zərər yetirmə, habelə şəxsiyyəti, seksuallığı, təhsil və təlim, asudə vaxtı və idmanı rədd etmə;
...
3. Bu sui-istifadə hallarına mütənasib cavab, yəni əlilliyi olan şəxslərin qanuni seçiminə zidd olmayan, lakin həssaslığı və istismarı etiraf edən cavab verilməlidir. Buna görə də, “sui-istifadə” məfhumu cinayət əməlləri, peşə etikasının pozulmasını, razılaşdırılmış prinsiplərdən kənara çıxan təcrübələri, yaxud ciddi surətdə düzgün olmayan qayğını əhatə edən geniş məsələlərə aiddir. Bunun nəticəsində, sui-istifadənin qarşısının alınması və cavablandırılması tədbirləri geniş spektrdə dövlət orqanlarını və subyektləri, o cümlədən polis, cinayət sahəsində ədalət mühakiməsi sistemi, xidmətlərin göstərilməsini tənzimləyən dövlət orqanları və peşəkarlar, vəkillər təşkilatları, istehlakçılar şəbəkəsi və pasientlər üçün məsləhətxanalar, habelə kommunal xidmətlər və layihəçiləri əhatə edir.
II. Əlilliyi olan yaşlıların və uşaqların sui-istifadə hallarından
qorunmasına dair prinsiplər və tədbirlər
1. İnsan hüquqlarının müdafiəsi
Üzv dövlətlərin bütün öz vətəndaşlarının insan hüquqlarını və əsas azadlıqlarını qorumaq vəzifəsi vardır. Onlar təmin etməlidir ki, əlilliyi olan insanlar ən azı digər vətəndaşlar ilə bərabər dərəcədə müdafiə olunsun.
Üzv dövlətlər qəbul etməlidir ki, sui-istifadə insan hüquqlarının pozuntusunu təşkil edir. Əlilliyi olan insanlar ən azı digər vətəndaşlar ilə bərabər dərəcədə bilərəkdən və ya qarşısını alına bilən zərər yetirmədən müdafiə olunmalıdır. Əlilliyi olan insanlar xüsusilə həssas olduğu hallarda onların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər həyata keçirilməlidir.
2. Əlilliyi olan insanların cəmiyyətin həyatında iştirakı
Üzv dövlətlər qəbul etməlidir ki, dövlətin ölkə vətəndaşları olan əlilliyi olan insanların hüquqlarını təmin etmək məsuliyyəti vardır.
Onlar əlilliyi olan insanlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparmalı, onun aradan qaldırılması üçün müsbət tədbirləri təşviq etməli, onların cəmiyyətin sosial-iqtisadi həyatında iştirakını təmin etməlidir.
Onlar qəbul etməlidir ki, əlilliyi olan bütün insanların ləyaqətin qorunması, bərabər imkanlara malik olmaq, gəlir əldə etmək, təhsil almaq, əməklə məşğul olmaq, ictimai həyata qəbul olunmaq və burada iştirak etmək, o cümlədən xidmətlərə, səhiyyə, tibbi və funksional reabilitasiya sisteminə müraciət etmək imkanına malik olmaq hüququ vardır.
Onlar təmin etməlidir ki, əlilliyi olan insanlar hər növ xidmətlərdə istifadə zamanı ən azı digər vətəndaşlar ilə bərabər dərəcədə müdafiə olunsun.
3. Sui-istifadənin qarşısının alınması
Üzv dövlətlər cəmiyyətin məlumatlığını artmalı, açıq müzakirələri təşviq etməli, bilikləri, təhsil və peşə hazırlıq səviyyəsini təkmilləşdirməlidir.
Onlar sui-istifadənin qarşısını almaq, sui-istifadə hallarını müəyyən etmək və onlar barədə məlumat vermək, habelə zərərçəkmiş şəxslərə yardım göstərmək üçün zəruri olan tədbirlərin müəyyən edilməsi məqsədilə dövlət orqanları ilə təşkilatlar arasında əməkdaşlığı dəstəkləməlidir.
Onlar hərəkət və ya hərəkətsizlik nəticəsində əlilliyi olan insanlara qarşı sui-istifadə ehtimalını azaltmaq üçün qayğı müəssisələri və onların işçilərinə dair standartlar və qaydalar üzrə qanunvericiliyi qəbul etməli, həyata keçirməli və buna nəzarət etməlidir.
4. Məhkəmə müdafiəsi
Üzv dövlətlər sui-istifadədən zərər çəkmiş əlilliyi olan insanlar üçün ən azı digər vətəndaşlar ilə bərabər dərəcədə cinayət ədalət mühakiməsi sisteminə müraciət etmək imkanını, pozulmuş hüquqların bərpa olunmasını və ya əvəzinin ödənilməsini təmin etməlidir. Zəruri hallarda əlilliyi olan insanlar üçün fiziki və digər maneələrin aradan qaldırılması üçün əlavə yardım göstərilməlidir.
Əlilliyi olan insanların mülki işlər üzrə hüquq qabiliyyəti təmin edilir. Buna görə üzv dövlətlər təmin etməlidir ki, cinayət ədalət mühakiməsi sahəsində çalın şəxslər əlilliyi olan insanlarla ayrı-seçkiliyə yol vermədən və onların vətəndaş qismində hüquqların həyata keçirilməsində imkanlar bərabərliyinin təmin edilməsi yolu ilə rəftar etsinlər.
...”
B. Parlament Assambleyası
78. “Əlilliyi olan insanların hüquqlardan istifadə etmək imkanı və onların cəmiyyətin həyatında tam və fəal iştirakı haqqında” Parlament Assambleyasının 1642 (2009) saylı Qətnaməsinin (2006-cı il yanvarın 26-da qəbul edilmişdir) müvafiq hissəsində aşağıdakılar deyilir:
“1. Hər 10 nəfərdən birinin müəyyən formada əlilliyi vardır ki, ümumiyyətlə dünyada 650 milyon, təkcə Avropada isə daha böyük nisbi sayda, yəni 200 milyona qədər əlil vardır. Yaş ilə əlillik arasında əlaqə mövcuddur: əhali yaşladıqca və səhiyyə sisteminin səviyyəsi artdıqca, Avropada əlilliyi olan insanların sayı artır və artmaqda davam edəcəkdir.
2. Parlament Assambleyası xatırladır ki, Avropa Şurasının “İnsan Hüquqlarında dair Avropa Konvensiyasında” (ETS № 5) bütün insanlar, o cümlədən əlilliyi olanlar müdafiə olunur, yenidən baxılmış “Avropa Sosial Xartiyasının” (ETS № 163) 15-ci maddəsində isə əlilliyi olan insanların müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüquqları aydın şəkildə təmin edilir. Ən son və maraqla gözlənilən sənəd, yəni BMT-nin “Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyası 2008-ci il mayın 3-də qüvvəyə minmişdir. Assambleya əlilliyi olan insanların, o cümlədən uşaqların hüquqları təfərrüatlı təsvir edilən bu sənədi alqışlayır, fiziki və əqli əlilliyi olan insanların vəziyyətini yaxşılaşdırmaq üçün tələb edilən qavrayış dəyişikliyinə, şübhəsiz ki, töhfə verəcəkdir.
3. Assambleya qeyd edir ki, təcrübədə, fiziki və əqli əlilliyi olan insanların əlilliyi olmayan insanlarla bərabər əsaslarla öz hüquqlarından istifadə etmək imkanı adətən arzulu düşüncə olaraq mövcud deyil. Buna görə, o, əlilliyi olan insanların üzləşdiyi ən ciddi və geniş yayılmış problemlərə praktiki cavabı müəyyən etməyə, imkanlar bərabərliyini dəstəkləməyə cəhd edən, habelə əlilliyi olan insanların gündəlik həyatın bütün tərəflərində vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tədbirləri müəyyən edən “2006-2015-ci illər ərzində əlilliyi olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planının” (Nazirlər Komitəsinin Rec(2006)5 saylı Tövsiyəsi) hazırlanmasını alqışlayır.
...
18. Cəmiyyətin münasibəti, mənfi rəy və sabit baxışların əlilliyi olan insanların hüquqlardan istifadə etmək imkanı və onların cəmiyyətin həyatında tam və fəal iştirakı üçün əsas maneə təşkil etməkdə qaldığını nəzərə alaraq Assambleya üzv dövlətləri aşağıdakıları etməyə dəvət edir:
18.1. əlillik ilə bağlı məsələlərə ictimaiyyətin diqqətini cəlb etmə və bu məsələlər barədə məlumatları təqdim etməyə dair təşviqatı sürətləndirmək;
18.2. əlilliyi olan insanlara qarşı ayrı-seçkilik təcrübələr və qəbuledilməz davranış, xüsusilə fərdi şəxslər tərəfindən və ya tibb müəssislərində törədilmiş sui-istifadə halları barəsində qanuni tədbir görmək və cəzalandırmaq;
18.3. bu məsələnin cəmiyyətdə, iş şəraitində və təhsil aləmində əhatə dairəsini hamı və xüsusilə gənc insanlar üçün aydın etmək məqsədilə gündəlik həyatın bütün tərəflərində yaxşı təcrübə nümunələrini yaymaq;
18.4. əlilliyi olan insanların bütün bu proseslərdə tam və fəal iştirakını təmin etmək.
...”
IV. BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ MÜVAFİQ MATERİALLARI
79. The relevant parts of the Convention on the Rights of Persons with Disabilities (which was ratified by Croatia in July 2007 and entered into force on 3 May 2008) read:
Maddə 1 – Məqsəd
“Bu Konvensiyanın əsas məqsədi bütün əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini təşviq etməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini təşviq etməkdən ibarətdir.
Əlilliyi olan şəxslərə - müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar aiddir.”
Maddə 4 – Ümumi öhdəliklər
“1. İştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlilliyi olan şəxslərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam gerçəkləşməsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçı dövlətlər aşağıdakıları öz öhdələrinə götürürlər:
Bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi qanunvericilik, inzibati və digər tədbirləri həyata keçirmək;
Əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkilik yaradan mövcud qanunların, qərarların, adət və əsasların dəyişdirilməsi və ya ləğv olunması üçün bütün lazımi tədbirləri, o cümlədən qanunvericilik tədbirlərini həyata keçirmək;
Bütün strategiyalarda və proqramlarda əlilliyi olan şəxslərin insan hüquqlarının müdafiəsini və təşviq edilməsini nəzərə almaq;
Bu Konvensiyaya uyğun gəlməyən istənilən hərəkət və metodlardan çəkinmək və dövlət orqanlarının və təsisatların bu Konvensiyaya uyğun fəaliyyət göstərməsini təmin etmək;
İstənilən şəxs, təşkilat və ya özəl müəssisə tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görmək;
...”
Maddə 5 – Bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi
“1. İştirakçı dövlətlər bütün şəxslərin qanun qarşısında və qanuna əsasən bərabər olduğunu və hər hansı ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarına malik olduqlarını tanıyırlar.
2. İştirakçı dövlətlər əlillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlilliyi olan şəxslərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər.
3. Bərabərliyin təşviq edilməsi və ayrı-seçkiliyin aradan qaldırılması üçün iştirakçı dövlətlər ağlabatan uyğunlaşmanın təmin olunmasına doğru bütün lazımi addımları atırlar.
4. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər bu Konvensiyanın mənasına görə ayrı-seçkilik hesab olunmur.”
Maddə 8 – Maariflənmə
“1. İştirakçı dövlətlər aşağıdakı məqsədlər üçün təxirəsalınmaz, səmərəli və lazımi tədbirlər görməyi öhdələrinə götürürlər:
Bütün cəmiyyətdə, o cümlədən ailə səviyyəsində, əlilliyi olan şəxslər ilə bağlı məlumatlığı artırmaq və əlilliyi olan şəxslərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını gücləndirmək;
Həyatın bütün sahələrində əlilliyi olan şəxslərə münasibətdə stereotiplər, mövhumatlar və zərərli adətlər, o cümlədən cinsi və yaş əlamətlərinə əsasən olanlar ilə mübarizə aparmaq;
Əlilliyi olan şəxslərin potensialı və mümkün töhfəsi barədə məlumatlığı təşviq etmək.
Bu məqsədlə görülən tədbirlərə aşağıdakılar daxildir:
Aşağıdakılara yönəlmiş səmərəli ictimai-maariflənmə tədbirlərinin başlanması və aparılması:
Əlilliyi olan şəxslərin hüquqlarına hörmətin tərbiyə olunmasına;
Əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürlərin təşviq edilməsi və onların cəmiyyət tərəfindən daha dərindən başa düşülməsinə;
Əlilliyi olan şəxslərin biliklərinin, ləyaqət və qabiliyyətlərinin, habelə onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasının təşviq edilməsinə;
Təhsil sisteminin bütün səviyyələrində, o cümlədən erkən yaşdan başlayaraq bütün uşaqlarda əlilliyi olan şəxslərin hüquqlarına hörmətin tərbiyə olunmasına;
Bütün kütləvi informasiya vasitələrində əlilliyi olan şəxslər barəsində bu Konvensiyanın məqsədlərinə uyğun olan təsəvvürün yaradılmasına;
Əlilliyi olan şəxslər və ya onların hüquqları ilə bağlı maariflənmə və təlim proqramlarının təşviq edilməsinə.”
Maddə 15 – İşgəncələrdən, yaxud qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza növlərindən azad olma
“1. Heç kəs işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qala bilməz. Xüsusilə, heç bir şəxsin üzərində onun sərbəst razılığı olmadan tibbi və ya elmi təcrübələr keçirilə bilməz.
2. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin, digərləri ilə bərabər əsaslarla, işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəzalara məruz qalmasının qarşısını almaq üçün bütün səmərəli qanunvericilik, inzibati, məhkəmə və ya digər tədbirləri görürlər.”
Maddə 16 – İstismar, zorakılıq və sui-istifadə hallarından azad olma
“1. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin həm evdə, həm də evdən kənar hər hansı formada istismar, zorakılıq və sui-istifadədən, o cümlədən bunların cinsi əlamətlərə görə aspektlərindən müdafiəsi üçün bütün zəruri qanunvericilik, inzibati, sosial, maariflənmə və digər tədbirləri görürlər.
2. İştirakçı dövlətlər həmçinin əlilliyi olan şəxslərə, onların ailələrinə və əlilliyi olan şəxslərə qayğı göstərənlərə hər hansı formada istismarın, zorakılığın və sui-istifadənin qarşısının alınması üçün, istismar, zorakılıq və sui-istifadə hallarının aradan qaldırılması, müəyyən edilməsi və onlar barədə məlumat verilməsi məsələləri barədə məlumatları və təhsili təmin etmə daxil edilməklə bütün zəruri tədbirləri görürlər. İştirakçı dövlətlər müdafiə xidmətləri tərəfindən yaş, cins və əlillik amillərinin nəzərə alınmasını təmin edirlər.
3. İştirakçı dövlətlər hər hansı formada istismarın, zorakılığın və sui-istifadənin qarşısını almaq üçün əlilliyi olan şəxslərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş bütün vasitələrin və proqramların müstəqil orqanlar tərəfindən səmərəli surətdə nəzarət olunmasını təmin edirlər.
4. İştirakçı dövlətlər hər hansı formada istismar, zorakılıq və sui-istifadədən zərərə çəkmiş əlilliyi olan şəxslərin fiziki, koqnitiv və psixoloji bərpası, reabilitasiyası və sosial reinteqrasiyasına yardım göstərmək üçün müdafiə xidmətləri daxil edilməklə bütün zəruri tədbirləri görür. Bu cür bərpa və reinteqrasiya şəxsin sağlamlığının, rifahının, özünə hörmətinin, ləyaqətinin və müstəqilliyinin möhkəmlənməsinə kömək edən şəraitdə baş verir və yaş, cins və əlillik ilə bağlı ehtiyaclar nəzərə alınmaqla həyata keçirilir.
5. İştirakçı dövlətlər əlilliyi olan şəxslərə münasibətdə istismar, zorakılıq və sui-istifadə hallarının müəyyən edilməsi, araşdırılması və zəruri olduqda təqib edilməsini təmin etmək üçün səmərəli qanunvericilik və strategiyaları, o cümlədən qadın və uşaqlarla bağlı qanunvericilik və strategiyaları qəbul edirlər.”
Maddə 17 – Şəxsi toxunulmazlığın qorunması
“Əlilliyi olan hər bir şəxsin digərləri ilə bərabər əsaslarla fiziki və mənəvi toxunulmazlığına hörmət hüququ vardır.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 2, 3 VƏ 8-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
80. Ərizəçilər şikayət etmişlər ki, dövlət orqanları onları qonşuluqdakı uşaqlar tərəfindən incitmədən zəruri qaydada müdafiə etməmişdir. Onlar müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 2, 3 və 8-ci maddələrinə müraciət etmişlər:
Maddə 2
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs törətməyə görə qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət ilə əlaqədar məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası istisna edilməklə, həyatından məhrum edilə bilməz.
...”
Maddə 3
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.”
Maddə 8
“1. Hər kəsin öz şəxsi ... həyatına ... hörmət hüququ vardır.
2. Milli təhlükəsizlik, ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna edilməklə, bu hüququn həyata keçirilməsinə dövlət orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
A. Ərizənin qəbuledilənliyi
1. Tərəflərin dəlilləri
a) Hökumətin ifadələri
81. Hökumət iddia etmişdir ki, 2 və 3-cü maddələr hazırkı işin hallarında tətbiq edilə bilməzdi. 2-ci maddə ilə əlaqədar olaraq o, iddia etmişdir ki, ərizəçilərin həyatı heç zaman hər hansı yolla təhlükə altında olmamışdır. Konvensiyanın 3-cü maddəsi ilə əlaqədar olaraq Hökumət bildirmişdir ki, şikayət edilən incitmə əsasən şifahi xarakter daşıdığı, birinci ərizəçinin isə 2009-cu il aprelin 4-də aldığı xəsarətlərin az ağır olduğu üçün tələb edilən qəddarlıq səviyyəsi müəyyən edilməmişdir. O, həmçinin bildirmişdir ki, birinci ərizəçi gəzmək arzusunu bildirdiyi üçün həmin hadisələr ona təsir göstərməmişdir.
82. Hökumət həmçinin iddia etmişdir ki, ərizəçilər bütün mümkün dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirmədilər. Hökumətin fikrincə, ərizəçilər müvafiq uşaqlara və onların valideynlərinə qarşı, habelə uşaqların oxuduğu məktəbə, yaxud digər qurumlara qarşı zərərin əvəzinin ödənilməsinə dair mülki iddia qaldırmalı idilər. Bundan başqa, onlar uşaqların valideynləri barəsində xətalar ilə əlaqədar məhkəməyə müraciət edə bilərdilər. Onlar həmçinin “İnzibati mübahisələr haqqında” Qanuna uyğun olaraq müvafiq dövlət orqanlarına qarşı “qeyri-qanuni aktdan iddia” qaldıra bilərdilər. Belə iddia əsasında başlanan proses zamanı səlahiyyətli məhkəmə təxirəsalınmaz surətdə tədbir görməyə məcbur idi. İddianın təmin edilməsi haqqında qətnamədə məhkəmə hər hansı sonrakı qeyri-qanuni əməli qadağan edə bilərdi. Qətnamə onun tərəflərə təqdim edildiyi gündən 3 gün müddətində icra edilməli idi.
83. 2010-cu il 10 aprel və 13 may hadisələri ilə əlaqədar olaraq Hökumət bildirmişdir ki, əməli törətmiş P.B. və Z.B. on dörd yaşlı olmuş və cinayət məsuliyyətinə cəlb edilə bilərdilər. Cinayət işi üzrə istintaq davam etdirildiyi üçün bu hadisələr ilə bağlı hər hansı şikayət vaxtından qabaq verilmişdir.
b) Ərizəçilərin ifadələri
84. Buna cavab olaraq ərizəçilər iddia etmişlər ki, onlar birinci ərizəçiyə qarşı fiziki zorakılığı və hər iki ərizəçiyə qarşı şifahi təhqiri əhatə edən incitməyə davamlı şəkildə məruz qalmışlar. Bu cür incitmə nəticəsində onların gündəlik həyat tərzi pozulmuş, əhəmiyyətli dərəcədə, xüsusilə birinci ərizəçinin səhhəti nəzərə alınaraq, davamlı stress və əzablar verilmişdir. Onlar bildirmişlər ki, davamlıqla səciyyələn incitmə və təhqir Konvensiyanın 3 və 8-ci maddələrinə əsasən tələb edilən intensivlik meyarına cavab vermiş, Konvensiyanın 2-ci maddəsinin isə, birinci ərizəçinin xüsusi həssaslığı, habelə əlilliyə qarşı dözümsüzlük səbəbindən törədilən cinayətlər üzrə aparılmış tədqiqatlarla təsdiq edildiyi kimi, xırda incitmənin nəzarətsiz qaldıqda müstəsna hallarda ölümlə və ya xüsusilə pis rəftarla nəticələnə bilən tam həcmli zorakılığa keçə biləcəyi nəzərə alınaraq birinci ərizəçiyə qarşı zorakılığın artmasına görə həmçinin aidiyyəti olmuşdur.
85. Dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi ilə əlaqədar olaraq onlar iddia etmişlər ki, əlilliyə qarşı dözümsüzlük səbəbindən törədilən cinayətlərlə bağlı əvəzin ödənilməsi təmin edilən hüquqi müdafiə vasitələri qanunvericilikdə nəzərdə tutulmamış; müvafiq hüquqi müdafiə vasitələrinin mövcudluğu və səmərəliliyi barədə dəlilləri müdafiə etmək üçün hər hansı məhkəmə qərarlarının Hökumət tərəfindən təqdim edilməməsi bunu sübut edir.
86. “İnzibati mübahisələr haqqında” Qanunun 67-ci maddəsinə əsasən dövlət orqanlarına qarşı qeyri-qanuni aktdan iddia qaldırmaq imkanı ilə əlaqədar olaraq ərizəçilər bildirmişlər ki, həmin hüquqi müdafiə vasitəsindən istifadə etmək üçün tələblər, yəni qeyri-qanuni aktın Konstitusiyanın pozuntusunu təşkil etməsi, hüquqi müdafiə vasitəsinin son zərurət tədbiri olması, qeyri-qanuni əməllərin iddia qaldırıldığı zaman davam etməsi barədə tələblər onu bu işdə səmərəsiz etmişdir.
87. Müvafiq uşaqların valideynlərinə qarşı zərərin əvəzinin ödənilməsinə dair iddianı qaldırmaq imkanı ilə əlaqədar olaraq ərizəçilər bildirmişlər ki, Məhkəmə Xorvatiyaya qarşı işlərdə artıq müəyyən etmişdir ki, şəxsin fiziki toxunulmazlığına qəsdlərin səmərəli surətdə qarşısını almaq üçün münasib müdafiəni təmin edən səmərəli cinayət-hüquq mexanizmlər tələb edilir (onlar “Sandra Yankoviç Xorvatiyaya qarşı” (Sandra Janković v. Croatia, no. 38478/05, § 36, 5 March 2009) qərarından sitat gətirmişlər).
88. Xətalara dair prosedur ilə əlaqədar olaraq ərizəçilər bildirmişlər ki, bu prosedur yalnız ictimai asayişə qarşı törədilmiş xətalara münasibətdə tətbiq edilmiş və buna görə, ərizəçilərin fiziki və psixoloji toxunulmazlığına vurulmuş zərərlə bağlı bu hüquqi müdafiə vasitəsinin açıq-aydın şəkildə aidiyyəti olmamışdır.
89. 2010-cu il 10 aprel və 13 may hadisələri ilə bağlı istintaqın aparılmasına görə bu hadisələrə dair hissədə ərizənin vaxtından qabaq verilməsi barədə Hökumətin iddiası ilə əlaqədar olaraq ərizəçilər qeyd etmişlər ki, onlar məsələ ilə bağlı hər hansı istintaqın başlanması barədə hər hansı rəsmi məlumat almamış, hər halda isə dövlət orqanları əsassız olaraq gec hərəkətə gəlmişlər. Bundan başqa, istintaq ərizəçilərin bütövlükdə vəziyyəti ilə deyil, ayrı-ayrı hallar ilə bağlı idi.
2. Məhkəmənin qiymətləndirməsi
a) Hazırkı işin hallarında Konvensiyanın 2, 3 və 8-ci maddələrinin aidiyyəti
i) Birinci ərizəçi ilə əlaqədar
90. Məhkəmə birinci ərizəçiyə münasibətdə davamlı zorakı davranış hallarını nəzərə alır. Baxışın predmetini 2008-ci il iyulun 31-dən 2011-ci ilin fevral ayınadək, yəni iki il yarım müddətində tez-tez baş vermiş incitmə halları təşkil edir. Bu hallarda həm şifahi, həm fiziki incitmə, o cümlədən birinci ərizəçinin əllərinin siqaretlə yandırılması, onun dəmir hasara doğru itələməsi və topla vurulması kimi zorakılıq əməllər törədilmişdir. Hazırkı işdə bütün hadisələrin bir qrup uşaqlar tərəfindən törədilmiş əməllər ilə bağlı olduğunu və kifayət qədər uzun müddətdə baş verdiyini nəzərə alaraq Məhkəmə bunları davam edən vəziyyət kimi nəzərdən keçirəcəkdir.
91. Məhkəmə həmçinin qeyd edir ki, qonşuluqda yaşayan uşaqlar və yaxınlıqdakı Ümumtəhsil məktəbinin şagirdləri tərəfindən birinci ərizəçinin incidilməsi halları kifayət qədər dolğun şəkildə, inter alia, polis protokollarında və tibbi arayışlarda əks etdirilir. Tibbi arayışlarda həmin hadisələrin onun fiziki və əqli sağlamlığına mənfi təsiri göstərilir. Birinci ərizəçi barəsində arayışlarda göstərilir ki, o, psixi xəstə olsa da, hücum edənlərdən necə müdafiə etməyə bilməyən dinc və zərərsiz insandır. Ona qarşı davamlı incitməyə görə o, psixoterapiya kursu keçməli idi, tez-tez qorxmuş və stress altındadır. Onun incitmə şəraitindən çıxarılması tövsiyə edilmişdir.
92. Birinci ərizəçi etibarlı ifadələr vermişdir ki, uzun müddət ərzində o, fiziki və mənəvi toxunulmazlıq üçün təhlükə altında olmuş, bir neçə hallarda incidilmiş və ya hücumlara məruz qalmışdır.
93. Bu halları nəzərə alaraq Məhkəmə hesab edir ki, dövlət orqanlarının birinci ərizəçini uşaqların zorakı davranışından qorumağa müsbət öhdəliyi vardır. Hazırkı işin hallarında bu öhdəlik Konvensiyanın həm 3, həm də 8-ci maddəsindən irəli gəlir. Eyni zamanda, işin hallarında Məhkəmə hesab edir ki, birinci ərizəçinin şikayətlərinə Konvensiyanın yalnız 3-cü maddəsi nöqteyi-nəzərindən baxılması kifayətdir.
94. Konvensiyanın 3-cü maddəsi ilə əlaqədar olaraq Məhkəmə bir daha təsdiq edir ki, 3-cü maddənin əhatə dairəsinə daxil olmaq üçün pis rəftar qəddarlığın minimal həddinə çatmalıdır. Qəddarlığın minimal həddinin qiymətləndirilməsi nisbi xarakter daşıyır: o, işin bütün hallarından, o cümlədən rəftarın xarakteri və kontekstindən, müddətindən, onun fiziki və mənəvi təsirlərindən və bəzi hallarda zərərçəkmişin cinsindən, yaşından və sağlamlıq vəziyyətindən asılıdır (bax: “Kostello-Roberts Birləşmiş Krallığa qarşı” (Costello-Roberts v. the United Kingdom, 25 March 1993, § 30, Series A no. 247-C) və “A. Birləşmiş Krallığa qarşı” (A. v. the United Kingdom, 23 September 1998, § 20, Reports 1998‑VI)).
95. Rəftar bilərəkdən, dörd saat dalbadal tətbiq edildiyi, bədən xəsarətin və ya ciddi fiziki və mənəvi iztirabların yetirilməsinə səbəb olduğu üçün Məhkəmə tərəfindən “qeyri-insani” kimi müəyyən edilmişdir (bax: “Labita İtaliyaya qarşı” (see Labita v. Italy [GC], no. 26772/95, § 120, ECHR 2000-IV)). Rəftar zərərçəkmiş şəxslərdə onları alçaldan və öz-özünə qiyməti aşağı salan, həmçinin onların fiziki və mənəvi müqavimətini poza biləcək dərəcədə qorxu, əzab və acizlik hisslərini yaratdığı üçün “alçaldıcı” kimi müəyyən edilmişdir (bax: “Hurtado İsveçrəyə qarşı” (Hurtado v. Switzerland, 28 January 1994, opinion of the Commission, § 67, Series A no. 280) və “Vizer Avstriyaya qarşı” (Wieser v. Austria, no. 2293/03, § 36, 22 February 2007)).
96. Məhkəmə hesab edir ki, birinci ərizəçiyə qarşı ən azı bir halda qorxu və acizlik hissləri ilə birlikdə fiziki xəsarətə gətirib çıxarmış incitmə Konvensiyanın 3-cü maddəsinə əsasən qəddarlıq səviyyəsinə çatmaq üçün kifayət qədər ciddi olmuşdur; buna görə, həmin müddəanın hazırkı işdə aidiyyəti vardır (bax: “Prays Birləşmiş Krallığa qarşı” (Price v. the United Kingdom, no. 33394/96, § 24, ECHR 2001-VII) və “Milanoviç Serbiyaya qarşı” (Milanović v. Serbia, no. 44614/07, § 87, 14 December 2010)).
ii) İkinci ərizəçi ilə əlaqədar
97. İkinci ərizəçi ilə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, o, fiziki toxunulmazlığına təsir edən hər hansı formada zorakılığa məruz qalmamışdır. Eyni zamanda, şübhə yoxdur ki, birinci ərizəçinin, yəni qayğı göstərdiyi onun əlilliyi olan oğlunun davamlı şəkildə incidilməsi, habelə, ciddi olmasa da, bilavasitə onunla baş vermiş incitmə halları onun gündəlik həyat tərzinin və rejiminin pozulmasına səbəb olmuş, bu isə onun şəxsi və ailə həyatına mənfi təsir göstərmişdir. Həqiqətən, şəxsin mənəvi toxunulmazlığı şəxsi həyat anlayışı ilə əhatə edilir. Şəxsi həyat anlayışı həmçinin şəxslərin özləri arasında münasibətləri sahəsinə şamil olunur.
98. Nəticə etibarilə, hazırkı işin ikinci ərizəçinin şikayətləri bağlı hallarında 8-ci maddənin aidiyyəti vardır.
b) Dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi
99. Məhkəmə qeyd edir ki, 35-ci maddənin məqsədi – Konvensiyaya tərəfdar çıxmış dövlətlər üçün onlara münasibətdə iddia edilən pozuntular Konvensiya təsisatları qarşısına çıxarılmaqdan qabaq onların qarşısını almaq və ya məsələni həll etmək imkanını yaratmaqdır. Nəticədə, dövlətlər yalnız daxili hüquq sistemi çərçivəsində məsələni həll etmək imkanında olduqdan sonra öz hərəkətlərinə görə beynəlxalq qurum qarşısında cavab verə bilər. Konvensiyanın 35-ci maddəsində nəzərdə tutulmuş dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi qaydası ilə tələb edilir ki, ərizəçi yalnız iddia edilən pozuntu ilə bağlı olan, eyni zamanda mümkün və kifayət olan hüquqi müdafiə vasitəsinə müraciət edə bilsin. Bu cür hüquqi müdafiə vasitələrinin mövcudluğu tək nəzəriyyədə deyil, həmçinin təcrübədə kifayət qədər dəqiq olmalıdır, əks təqdirdə isə onlar, tələb edildiyi kimi, mümkün və səmərəli olmayacaq; bu şərtlərin yerinə yetirilməsi cavabdeh dövlətin vəzifəsidir (bax: “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, §§ 74 and 75, ECHR 1999‑V)).
100. 35-ci maddə ilə sübut etmə vəzifəsinin bölüşməsi nəzərdə tutulur. Hüquqi müdafiə vasitələrinin tükənmədiyini iddia edən Hökumət Məhkəməni qane etməlidir ki, hüquqi müdafiə vasitəsi müvafiq vaxtda həm nəzəriyyədə, həm də təcrübədə mövcud olmuş, yəni o, mümkün olmuş, qaldırılan şikayətlər ilə əlaqədar əvəzi ödəmək iqtidarında olmuş və əsaslı olaraq işin müsbət həll edilməsi perspektivləri açmışdır (bax: “Akdivar və digərləri Türkiyəyə qarşı” (Akdivar and Others v. Turkey, 16 September 1996, § 68, Reports of Judgments and Decisions 1996‑IV)).
101. Məhkəmə qeyd edir ki, həmin qayda tətbiq olunarkən ümumi şəraitə diqqət yetirilməlidir. Müvafiq olaraq, Məhkəmə etiraf etmişdir ki, 35-ci maddə müəyyən dərəcədə sərbəst və artıq formalizm olmadan tətbiq edilməlidir (bax: “Kardo Fransaya qarşı” (Cardot v. France, 19 March 1991, § 34, Series A no. 200)). O, həmçinin etiraf etmişdir ki, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi qaydası mütləq deyil və avtomatik şəkildə tətbiq edilə bilməz; qaydaya riayət olunması məsələsinə baxılarkən, fərdi işin xüsusiyyətlərinə diqqətin yetirilməsi vacibdir (bax: “Van Osterviyk Belçikaya qarşı” (Van Oosterwijck v. Belgium, 6 November 1980, § 35, Series A no. 40)). Bu deməkdir ki, digər məsələlərlə yanaşı, Məhkəmə tək Konvensiyaya tərəfdar çıxmış dövlətin hüquq sistemində formal hüquqi müdafiə vasitələrinin mövcud olmasını deyil, həmçinin onların qüvvədə olduğu ümumi hüquqi və siyasi konteksti və ərizəçilərin fərdi şəraitini nəzərə almalıdır (bax: yuxarıda qeyd edilən “Akdivar və digərləri” işi üzrə qərar, § 69).
102. Hazırkı iş işlə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, Hökumət bildirdiyi kimi, ərizəçilər birinci ərizəçiyə qarşı incitmə və zorakılıq hallarında iştirak etmiş uşaqların valideynlərinə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmalı idilər; həmçinin onların həmin uşaqların valideynləri barəsində xətalar üzrə proseduru başlamaq imkanı olmuşdur.
103. Bununla bağlı Məhkəmə qeyd edir ki, hazırkı işin əsas məsələsi müvafiq uşaqların valideynlərinin fərdi məsuliyyəti deyil, səlahiyyətli dövlət orqanlarının qanunvericiliyə əsasən öz yaşına görə barələrində cinayət təqibi həyata keçirilə bilməyən uşaqlar tərəfindən davamlı incitmə və zorakılıq əməllərinə lazımi cavab verə bilməməsidir.
104. 2010-cu il 10 aprel və 13 may hadisələrində guya iştirak etmiş P.B., Z.B. və İ.S.-in on dörd yaşlı olması və cinayət məsuliyyətinə cəlb edilə bilməsinə görə ərizənin vaxtından qabaq verilməsi barədə Hökumətin dəlili ilə əlaqədar olaraq Məhkəmə, ilk növbədə, yenidən bildirir ki, fərdi şəxslərin cinayət məsuliyyəti hazırkı işin əsas məsələsi deyil. Hər halda, bu hadisələr 2010-cu ilin aprel və may aylarında baş vermiş, Hökumət isə göstərə bilməmişdir ki, 2010-cu ilin iyul, avqust və sentyabr aylarında polis tərəfindən həmin uşaqlarla aparılmış söhbətlərdən əlavə hər hansı tədbirlər həyata keçirilmişdir.
105. Eyni zamanda, Hökumətin istinad etdiyi bəzi hüquqi müdafiə vasitələrinin hazırkı işin hallarında səmərəliyini qiymətləndirməyə ehtiyac vardır. Məhkəmə qeyd edir ki, “İnzibati mübahisələr haqqında” Qanunun 67-76-cı maddələrində “qeyri-qanuni aktdan iddia”, yəni Konstitusiya ilə təmin edilən hüquqlarının və azadlıqlarının dövlət orqanı tərəfindən pozulduğunu və heç bir başqa məhkəmə müdafiəsi vasitəsinin mövcud olmadığını hesab edən hər kəs üçün mümkün olan məhkəmə müdafiəsi vasitəsi nəzərdə tutulur. Həmin Qanunun 66-cı maddəsində yekun fərdi akt ilə bağlı hüquqi müdafiə vasitəsinin nəzərdə tutulması (yuxarıdakı 65-ci bəndə bax) ilə birlikdə bu vasitələr, hər hansı başqa məhkəmə müdafiəsi vasitəsi olmadığı təqdirdə, konstitusiya ilə təmin edilən hüquqları və azadlıqları pozmağa qadir olan dövlət orqanlarının qərarları, yaxud digər (faktiki) hərəkətləri və ya hərəkətsizliyi (bax: yuxarıda 66 və 67-ci bəndlərdə “qeyri-qanuni aktdan iddia”) ilə əlaqədar istifadə edilməli son zərurət vasitələrini təşkil edir. Bu hüquqi müdafiə vasitələrinin başlıca mənası ondan ibarətdir ki, konstitusiya hüquqları və azadlıqlar o qədər dəyərlidir ki, onlar məhkəmə qaydasında müdafiəsiz saxlanıla bilməz.
106. Məhkəmə həmçinin qeyd edir ki, pis rəftara məruz qalmamaq hüququ və şəxsi və ailə həyatına hörmət hüququ Xorvatiyanın Konstitusiyası ilə təmin edilir. Bundan başqa, milli məhkəmələrinin təcrübəsi göstərir ki, belə xarakterli iddia həmçinin hərəkətsizlik halında, yəni bu işdə olduğu kimi, ərizəçilər dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülmədiyini iddia etdikdə qaldırıla bilər. Eyni zamanda, hazırkı işin hallarında bu cür iddianın səmərəliyi ilə əlaqədar müəyyən məsələlər ortaya çıxır.
107. Birincisi, Hökumət zəruri tədbirlərin həyata keçirilməməsinə görə hansı dövlət orqanının məsuliyyətə cəlb edilə bilməsini göstərmədi. Bu hüquqi müdafiə vasitəsi “qeyri-qanuni aktdan “ (və ya hərəkətsizlikdən) “iddia” olduğundan, hansı orqanının və hansı qanuna əsasən tədbir görmək vəzifəsinə malik olması müəyyən edilməlidir. Bundan başqa, hərəkətsizlik ilə əlaqədar iddia yalnız tədbir görmək vəzifəsi olan vəzifəli şəxsə qarşı qaldırıla bilər. Hazırkı işdə bu cür vəzifəyə malik olan vəzifəli şəxsi müəyyən etməyə çətin olardı. Eyni zamanda, Hökumət bununla əlaqədar olaraq heç bir dəlil irəli sürmədi. Bununla bağlı Məhkəmə qeyd edir ki, ərizəçilərin şikayətində qaldırılan məsələlərdən birini şikayət edilən vəziyyətdə heç bir dövlət orqanının qanunla hər hansı tədbir görməyə məcbur olmaması təşkil etmişdir.
108. “İnzibati mübahisələr haqqında” Qanuna müvafiq olaraq, bu cür iddialar nəticəsində ümumi məhkəmələrdə müvafiq proses başlamalıdır. Hökumət göstərmədi ki, bu cür prosesdə hər hansı müvəqqəti təminat tədbirinin müəyyən edilməsi mümkün olmuşdur. Eyni zamanda, ərizəçilərin şikayət etdiyi vəziyyət onu göstərir ki, onlar davamlı surətdə, hətta bəzən, demək olar ki, hər gün incidilmiş, onların şikayətlərinin mahiyyəti isə ondan ibarətdir ki, dövlət orqanları, bu vəziyyətdən xəbərdar olsa da, incitmənin qarşısını almaq üçün heç bir tədbir görməmişlər. Bununla belə, bu vəziyyətdə dövlət orqanları tərəfindən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruri idi. Hökumət göstərmədi ki, istinad etdiyi hər hansı hüquqi müdafiə vasitəsi incitmə halına belə təxirəsalınmaz cavab verilməsi ilə nəticələnə bilərdi.
109. Bununla da, “qeyri-qanuni aktdan iddia” və zərərin əvəzinin ödənilməsi ilə bağlı dövlətə qarşı mülki iddia ilə əlaqədar olaraq Hökumət onların hazırkı işin hallarında zəruri olmuş təcili və münasib tədbirlərin həyata keçirilməsi ilə nəticələnə bilməsini göstərmədi.
110. Bu məqamda Məhkəmə bir daha xatırladır ki, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi tələbinin başlıca mənasını Konvensiya mexanizmlərinin subsidiar xarakteri, yəni şikayət edilən pozuntunu aradan qaldırmaq imkanının ilk növbədə dövlət orqanlarına verilməsi prinsipi təşkil edir. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, ikinci ərizəçi davamlı incitmə barədə müntəzəm surətdə dövlət orqanlarına, o cümlədən polis və prokurorluq orqanlarına, səlahiyyətli sosial müdafiə şöbəsinə və müvafiq uşaqların oxuduğu məktəbə şikayət etmişdir. Məhkəmə hesab edir ki, bununla da, ikinci ərizəçi dövlət orqanlarına onun şikayətlərinə reaksiya vermək və incitməyə son qoymaq imkanını vermişdir. Buna görə də, o, mümkün dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirmişdir.
111. Bundan başqa, ərizəçilər əlilliyi olan şəxslərin incitmə və zorakılıq hallarından müdafiə üzrə milli sistemdəki, o cümlədən səlahiyyətli orqanların fəaliyyət göstərməsinə və müvafiq mexanizmlərə dair qanunvericilikdə çatışmazlıqların olduğunu iddia etmişdir. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, Hökumət onun istinad etdiyi hər hansı proses çərçivəsində bu məsələlərə baxıla bilməsini göstərmədi.
112. Nəticə etibarilə, Hökumətin təklif etdiyi hüquqi müdafiə vasitələrindən istifadə edilməsi ərizəçilərdən tələb edilməmişdir. Bu nəticəyə gələrək Məhkəmə hazırkı işin xüsusi hallarını, habelə qeyri-insani və alçaldıcı rəftara məruz qalmamaq hüququ kimi əsas hüququn ortada olmasını və Konvensiyanın nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmin edilməsinə yönəldiyini nəzərə almışdır (Bax: misal üçün, “Metyus Birləşmiş Krallığa qarşı” (Matthews v. the United Kingdom [GC], no. 24833/94, § 34, ECHR 1999-I)). Bununla da, Hökumətin etirazı rədd edilməlidir.
c) Nəticə
113. Məhkəmə müəyyən edir ki, Konvensiyanın 3 və 8-ci maddələrinə əsasən şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsi mənasında açıq-aşkar əsassız deyil. O, həmçinin müəyyən edir ki, onlar hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə, onlar qəbuledilən elan edilməlidir.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin ifadələri
a) Ərizəçilərin ifadələri
114. Ərizəçilər, ilk növbədə, birinci ərizəçiyə qarşı zorakılığı əlilliyə qarşı dözümsüzlük səbəbindən törədilən cinayət kimi təqdim etmişlər. Bu məsələ ilə bağlı tədqiqatlar göstərmişdir ki, əlilliyi olan şəxslərə qarşı törədilmiş təhqir və zorakılıq əməllərinin faizi əhali üzrə faizdən əhəmiyyətli dərəcədə yüksək olmuş və bu əməllər geniş yayılmışdır. Əqli əlilliyi olan şəxslərə qarşı zorakılığın ən yayılmış formalarını təpiklə vurma, dişləmə, pis sözlə adlandırma, sataşma, oğurluq, itələmə, hədə-qorxu ilə hədələmə, onlara müxtəlif əşya atma, onlara binadan çıxmağı tələb etmə, döymə, qışqırma, söyüş söymə, pul tələb etmə, saçını dartma, daş atma, tüpürmə, təpikləmə, yumruqla vurma, başından vurma və ya başını divara vurma təşkil etmişdir. Əlilliyi olan şəxslər adətən eyni şəxslər tərəfindən müntəzəm surətdə törədilən zorakılıqla üzləşmişlər. Adətən təhqir, hazırkı işdə olduğu kimi, eyni şəxsi hədəfə alan gənc insanlar qrupları tərəfindən müntəzəm qaydada törədilmişdir.
115. Əlilliyi olan şəxslərin incidilməsi adətən bu cür insanların keyfiyyətsiz kimi qəbul edilməsindən irəli gəlmişdir. Zorakılığın və düşmənçiliyin geniş nəticələrə, o cümlədən emosional, fiziki və cinsi təsirə, hətta şəxsin ölümünə gətirib çıxara bilər. Əlilliyi olan insanlar təhlükədən qaçmaq üçün öz gündəlik həyat tərzini dəyişdirmək məcburiyyətində qala bilər.
116. Ərizəçilərin ifadələrində həmçinin yuxarıda qeyd edilən beynəlxalq mənbələrə, xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və bundan irəli gələn öhdəliklərə istinad edilir.
117. Ərizəçilər bildirmişlər ki, beş ildən artıq müddət ərzində onlar Serb mənşəyinə və birinci ərizəçinin əlilliyinə görə əsasən şəxsiyyəti müəyyən olmayan uşaqlar tərəfindən davamlı surətdə incitmə və təhqirə məruz qalmışlar. İncitmə əsasən şifahi təhqirdən və digər formalarda antisosial davranışdan, o cümlədən tüpürmə, səs-küy salma, təhqiredici ifadələrin səkidə yazma, ərizəçilərin yaşayış yerinə ziyan vurmadan ibarət olmuşdur. Bunun nəticəsində ərizəçilər ciddi əzablar çəkmişlər. Yuxarıda qeyd edilən hadisələr zamanı yetirilmiş fiziki xəsarətdən əlavə, psixoterapevt tərəfindən qeyd edildiyi kimi, davam etmiş incitmə ilə birinci ərizəçinin mənəvi sağlamlığına xeyli zərər vurulmuşdur.
118. Bundan əlavə, ərizəçilər öz gündəlik rejimi dəyişmək məcburiyyətində qalmışlar. Hər gün parkda gəzmə, parkda skamyada oturma və insanlarla söhbət etmə birinci ərizəçi üçün müstəqil həyat tərzini və cəmiyyətdə iştirak hissini inkişaf etdirmək üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Qonşuluqdakı uşaqlar tərəfindən davamlı incitməyə görə birinci ərizəçi bütün bunları dayandırmaq məcburiyyətində qaldı.
119. Konvensiyanın 3 və 8-ci maddələrinə əsasən dövlətin müsbət öhdəliklərinə dair Məhkəmənin presedent hüququna geniş surətdə müraciət edərək ərizəçilər iddia etmişlər ki, müvafiq dövlət orqanlarının onları üçüncü şəxslər tərəfindən törədilən zərərdən qorumaq üçün müsbət tədbirləri görmək vəzifəsi vardır. İkinci ərizəçi dövlət orqanlarına ərizəçilərin məruz qaldığı təhqir barədə müntəzəm surətdə məlumat vermiş, lakin pis rəftarın təkrarlanmaması üçün hər hansı tədbir görə bilməmişdir. Bununla da, dövlət orqanları xəbərdar olmuşlar ki, birinci ərizəçiyə qarşı incitmə eyni qaydada törədilmişdir.
120. Lakin, ərizəçinin vəziyyətindən xəbərdar olmasına baxmayaraq, dövlət orqanları incitmə və təhqirə son qoymaq vəzifəsini yerinə yetirməmişlər. Ərizəçilər iddia etmişlər ki, hansı dövlət orqanının onların problemini həll etmək səlahiyyətində olması aydın deyildi. Polisin ikinci ərizəçinin bütün şikayətlərinə lazımi qaydada reaksiya verməsi barədə Hökumətin dəlili ilə əlaqədar olaraq ərizəçilər iddia etmişlər ki, polis orqanları davam edən təhqiri tam həcmdə araşdıra və onun qarşısını ala bilməmişlər. Polis orqanları təhqir edənlərin şəxsiyyətini müəyyən etməmişdir. Polis nəfərləri sadəcə hadisə yerinə gələrək uşaqlardan dağılışmağı tələb etmişlər. Polisin belə bir sərbəst yanaşmasının preventiv effekti olmamışdır. Bundan başqa, polis orqanları vəziyyətin davam edən xarakterini anlamayaraq hər bir təhqir hadisəsini fərdi hadisə kimi qeyd etmişdir. Həmçinin polis orqanları hər hansı zəruri tədbir görməmiş, o cümlədən uşaqların valideynləri barəsində xətalar ilə bağlı iş üzrə icraatı başlamamışdır.
121. Səlahiyyətli sosial müdafiə şöbəsi işi araşdırmalı və müvafiq halları müəyyən etməli; təhqir edən uşaqların şəxsi xüsusiyyətlərini müəyyən etmək üçün onların valideynlərini dəvət etməli; təkrar zorakılığın qarşını almaq məqsədilə təminat tədbirlərini görməli; təhqir edənləri və ya onların valideynlərini psixoterapiya kursu keçməyə məsləhət verməli və ya məcbur etməli; vəziyyətə nəzarət etməli; həyata keçirilmiş tədbirlərə dair hesabat hazırlamalı idi. Lakin, Susedqrad Sosial Müdafiə Şöbəsi bunlardan heç birini etməmişdir. 2009-cu ildə o, siqaretlə əl yandırma hadisəsində iştirak etmiş bir uşaq barəsində tədbirlər görmüş və onu sosial işçinin nəzarətinə götürmüş, sonrada isə onu bir il müddətinə davranış problemləri olan uşaqlar üçün müəssisəyə yerləşdirmək üçün məhkəməyə müraciət etmişdir. Lakin, bütün bunlar birinci ərizəçiyə hücuma görə deyil, bu uşağın ümumiyyətlə davranışı ilə problemlərə görə edilmişdir.
122. Uşaqların oxuduğu məktəbin müdiriyyəti ilə əlaqədar olaraq ərizəçilər iddia etmişlər ki, müdiriyyət şagirdlərin zorakı davranışı ilə bağlı intizam xarakterli tədbirlər görmək, o cümlədən xəbərdarlıq etmək, töhmət vermək, şiddətli töhmət vermək və məktəbdən qovmaq hüququna malik olsa da, bu kimi tədbirlər görməmişdir. Eyni zamanda, doğrudur ki, məktəb müdiriyyəti bir neçə digər tədbirləri həyata keçirmiş, o cümlədən ərizəçilərə münasibətdə zorakı davranışı dayandırmaq üçün uşaqlar və onların valideynləri məktəbə dəvət edilmiş, uşaqlara xüsusi ehtiyacları olan insanların şəraitini izah etmək üçün iclaslar keçirilmişdir. Müdiriyyət həmçinin müvafiq uşaqlarla söhbət aparmışdır. Lakin, bu tədbirlər ərizəçilərə qarşı zorakılığın qarşısını ala bilməmişdir.
123. Eyni şəkildə, heç bir başqa dövlət orqanı ərizəçilərə qarşı zorakılığın və onların incidilməsinin qarşısını almaq üçün lazımi tədbir görməmişdir.
b) Hökumətin ifadələri
124. Hökumət iddia etmişdir ki, ərizəçilər polis orqanlarına barəsində məlumat verilmiş və protokol tərtib edilmiş hadisələrdən başqa digər hadisələrin baş verdiyini sübut etmədilər. Hökumət bildirmişdir ki, müvafiq dövlət orqanları ərizəçiləri incitmədən qorumaq üçün bütün zəruri tədbirləri görmüşlər. İkinci ərizəçi hər dəfə polisə telefonla müraciət etdikdə polis tez zamanda hadisə yerinə gəlmiş, müvafiq uşaqlarla söhbət aparmış və onları xətalı davranışla bağlı xəbərdarlıq etmişdir. Hər dəfə polis tərəfindən protokol tərtib edilərək prokurorluğa göndərilmişdir.
125. Uşaqların oxuduğu məktəb müdiriyyəti də ərizəçilərin incitmə barədə şikayətlərinə təxirə salmadan reaksiya vermişdir. Məktəb işçiləri tez-tez şagirdlər və onların valideynləri ilə xüsusi ehtiyacları olan şəxslər barədə söhbət aparmışlar. Valideynlərə deyilmişdir ki, bu məsələni uşaqlarla müzakirə etsinlər, məktəb müdiri isə bununla əlaqədar valideynlərə məktub göndərmişdir.
126. 2009-cu il 4 aprel hadisəsi ilə əlaqədar olaraq Hökumət bildirmişdir ki, dövlət orqanları əməli törədənin şəxsiyyətini müəyyən etmək üçün bütün zəruri tədbirləri həyata keçirmişlər. Nəhayət, müəyyən edilmişdir ki, İ.M, birinci ərizəçinin əlini siqaretlə yandırmışdır. On dörd yaşı tamam olmamış şəxs olan İ.M. cinayət məsuliyyətinə cəlb oluna bilmədiyindən, ərizəçilərə tövsiyə edilmişdir ki, mülki qaydada zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə müraciət etsinlər. Prokurorluq Uşaqların işləri üzrə Ombudsmana və müvafiq sosial müdafiə şöbəsinə araşdırmanın nəticələri barədə məlumat vermişdir.
127. 2010-cu il 10 aprel və 13 may hadisələri, habelə birinci ərizəçinin mütəmadi şəkildə incidilməsi barədə şikayətlər ilə əlaqədar olaraq, P.B., Z.B. və İ.S. adlı uşaqlar polis tərəfindən dindirilmişdir. Araşdırma hələ də davam etdirilmiş və iddia edilən əməllərin baş verdiyi zaman onların hamısının on dörd yaşı tamam olduqdan onlar cinayət məsuliyyətinə cəlb edilə bilərdilər.
128. Hökumətin fikrinə görə, yuxarıda qeyd edilənlər göstərir ki, dövlət orqanları ərizəçilərin təqdim etdiyi hər bir şikayətlə bağlı tez və səylə hərəkət etmiş, incitmənin qarşısını almaq məqsədilə bütün tədbirlər görmüşlər. 2010-cu ilin iyun ayından sonra şikayətlər olmamışdır.
129. Hökumət həmçinin bildirmişdir ki, uşaqların yaraşmayan davranışının qarşısını almaq məsuliyyəti ilk növbədə onların valideynlərinə aiddir. Məktəb müdiriyyəti, habelə sosial müdafiə xidmətləri müvafiq uşaqların valideynlərinə mütəmadi surətdə uşaqların problemləri barədə demişlər.
130. Digər tərəfdən, ikinci ərizəçi, birinci ərizəçinin anası olaraq ərizəçiyə qayğı göstərməkdə müəyyən dərəcədə məsuliyyət daşımalıdır. Müəyyən edilmişdir ki, birinci ərizəçiyə gəzmək üçün yardım və anası tərəfindən daimi qayğı tələb edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, onun epilepsiya və yaxından görmə xəstəliyi vardır. Sosial müdafiə xidmətləri ikinci ərizəçiyə xəbərdarlıq etmişlər ki, onu evdən tək buraxmasın, bu, onun başqaları ilə fiziki ünsiyyətlə bağlı problemlərini həll edəcək, habelə o, evdən kənarda oğlunu müşayiət etdikdə, uşaqlara müvafiq izahatlar verə bilərdi.
c) Üçüncü tərəfin ifadələri
131. “Avropa Əlillik Forumu” hazırkı işin hallarını əlilliyə qarşı dözümsüzlük səbəbindən törədilən cinayətlər baxımından nəzərdən keçirtmişdir. O, iddia etmişdir ki, əlilliyi olan şəxslərə qarşı dözümsüzlük səbəbindən törədilən cinayətlər bir çox hüquqi sistemlər üçün problem olmuş, çünki onların həssaslığından istifadə hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən əməllərin dözümsüzlük səbəbindən törədilən cinayətlər kimi müəyyən edilməsinin qarşısını almışdır. Birləşmiş Krallıqda aparılmış iki ayrı-ayrı tədqiqatın nəticələri göstərmişdir ki, əlilliyi olan şəxslərin onların əlil olmayan həmyaşlılara nisbətən dörd dəfə artıq hallarda şifahi və fiziki cəhətdən hücuma məruz qalmış, iki dəfə az hallarda isə cinayətlər barədə polisə məlumat vermişlər.
132. Üçüncü tərəf həmçinin iddia etmişdir ki, zorakı hücumlara gətirib çıxarmış, əlilliyi olan şəxslərə qarşı düşmənçilik davranışı zərərçəkmiş şəxslərin onların görünən əlilliyinə görə seçilməsinə görə açıq-aşkar surətdə ayrı-seçkilik xarakteri daşımışdır. O, bildirmişdir ki, görünən əlilliyi olan şəxslərin üzə çıxması “narahatedici və xoşagetməz” kimi qəbul edildikdən onlardan qorxu əlilliyi olan şəxslərə qarşı zorakılığın başlıca səbəbini təşkil edir. Belə insanlar adətən keyfiyyətsiz və ya günahı özündə olan, ümumiyyətlə cəmiyyət üçün yük olan şəxs kimi qəbul edilir.
133. “Fərqli olanlardan” qorxuya yalnız mümkün zərərçəkmiş şəxsin zəif kimi qəbul edilməsi təkan verir. Əlilliyi olan şəxsin zəifliyi digər şəxslərə hücum etmək üçün imkan yaratmışdır. Bu, əlilliyi olan şəxslərin qarət məqsədilə deyil, onları alçaltmaq və onların şəxsiyyətinə zərər vurmaq məqsədilə hücumlara məruz qalması hallarına aiddir.
134. “Avropa Əlillik Forumu”, həmçinin bildirmişdir ki, əlilliyə qarşı dözümsüzlük səbəbindən törədilən cinayətlərin etiraf edilməsi son zamanlar yayılmağa başlamışdır. O, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 5-ci maddəsinə (yuxarıda sitat gətirilən) müraciət edərək bildirmişdir ki, bu maddədə əlilliyi olan şəxslərin digərləri ilə bərabər əsaslarla müdafiə olunmaq hüququna malik olması təsdiq edilir. Bunun nəticəsində dövlətdən, yenə də, zərərçəkmiş şəxsin əlilliyinə görə ayrı-seçkilik məsələsini etiraf etmək və həll etmək imkanı, habelə əlilliyi olan şəxslərin ehtiyacları ilə əlaqədar qanunları tətbiq etmək imkanında olmaq üçün əlillik məsələləri barədə kifayət qədər biliklər tələb edilmişdir. Müəyyən hallarda ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə əməl etmə əlilliyi olan şəxslərin vəziyyətinin onların əlil olmayan həmyaşlılarla müqayisə etmək mənasını daşımışdır. Həmin maddənin ikinci hissəsi dövlətin əlilliyi olan şəxsləri hər hansı əsaslara görə ayrı-seçkilikdən qorumaq öhdəliyinə işarə etmişdir. Yenə də, bu öhdəliyi yerinə yetirmək üçün dövlət nümayəndələrinin ciddi hazırlığı tələb edilir.
135. Üçüncü tərəf həmçinin qeyd etmişdir ki, həmin sənəddə ona tərəfdar çıxmış dövlətlərin “əlilliyi olan şəxslərin” zorakılığa “məruz qalmasının qarşısını almaq üçün bütün qanunvericilik, inzibati, məhkəmə və digər tədbirləri həyata keçirmək” vəzifəsi müəyyən edilir ki, bunun üçün də ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində çalışanların təlimi tələb edilir.
136. Nəticədə, “Avropa Əlillik Forumu” bildirmişdir ki, qanunvericilik və hüquq mühafizə orqanları bu günədək əlilliyə qarşı dözümsüzlük səbəbindən törədilən cinayətlərə kifayət qədər diqqət yetirməmişdir. Bu, əlilliyə qarşı dözümsüzlük səbəbindən törədilən cinayətlərin cinayət kimi tanınmaması, habelə bu halların lazımi qaydada əks etdirilməməsi və qəbul edilməməsi ilə nəticələnmişdir. Dövlət orqanları bu hallara reaksiya vermək əvəzinə profilaktik tədbirləri görməli, əlilliyi olan şəxsləri bütün zorakılıq əməllərindən qorumağa çalışmalıdır.
2. Məhkəmənin qiymətləndirməsi
a) Birinci ərizəçi ilə əlaqədar
i) Ümumi prinsiplər
137. Məhkəmə bir daha təsdiq edir ki, Konvensiyanın 3-cü maddəsi Konvensiyanın ən əsas müddəalarından biri və Avropa Şurasına daxil olan demokratik cəmiyyətlərin əsas dəyərlərinin ifadəsi hesab edilməlidir (bax: “Pretti Birləşmiş Krallığa qarşı” (Pretty v. the United Kingdom, no. 2346/02, § 49, ECHR 2002-III)). Konvensiyanın digər müddəalarından fərqli olaraq o, istinasız və ya qeyd-şərtsiz, yaxud Konvensiyanın 15-ci maddəsinə əsasən məhdudlaşdırma imkanı olmadan mütləq surətdə təsbit edilmişdir (bax, inter alia: “Çahal Birləşmiş Krallığa qarşı” (Chahal v. the United Kingdom, 15 November 1996, § 79, Reports 1996-V)).
138. Məhkəmə bir daha təsdiq edir ki, 3-cü maddəyə əsasən, qeyri-dövlət subyektlər tərəfindən şəxslər barəsində törədilən pis-rəftar ilə əlaqədar dövlətin məsuliyyətə cəlb edilməsi mümkünlüyü məsələsinə gəldikdə, Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiyaya tərəfdar çıxan dövlətlərin öz yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqlarını təmin etmək öhdəliyi 3-cü maddə ilə birlikdə nəzərdən keçirildikdə, dövlətlərdən öz yurisdiksiyası daxilində olan şəxslərin işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzalara, o cümlədən ayrı-ayrı şəxslər tərəfindən törədilən belə pis-rəftara məruz qalmadığını təmin etməyə yönəlmiş tədbirlərin həyata keçirilməsi tələb edilir (bax, mutatis mutandis: “H.L.R. Fransaya qarşı” (H.L.R. v. France, 29 April 1997, § 40, Reports 1997-III)). Bu tədbirlər səmərəli müdafiəyə, o cümlədən uşaqların və digər zəif insanların müdafiəsinə gətirib çıxarmalı və dövlət orqanlarına məlum olan və ya məlum olmalı pis rəftar hallarının qarşısını almaq üçün əsaslı addımları əhatə etməlidir (bax: mutatis mutandis, “Osman Birləşmiş Krallığa qarşı” (Osman v. the United Kingdom, 28 October 1998, § 116, Reports 1998-VIII) və “E. və digərləri Birləşmiş Krallığa qarşı” (E. and Others v. the United Kingdom, no. 33218/96, § 88, 26 November 2002)).
139. Eyni zamanda, müasir cəmiyyətdə polis fəaliyyətinin həyata keçirilməsi ilə bağlı problemlər, insan davranışının qabaqcadan məlum olmadığı, habelə prioritetlər və ehtiyatlar ilə bağlı əməliyyat seçimləri nəzərə alınaraq, bu müsbət öhdəliyin əhatə dairəsi belə şərh edilməlidir ki, dövlət orqanları üzərində qeyri-mümkün və ya qeyri-mütənasib vəzifələr müəyyən edilməsin. Bununla da, heç də hər bir pis rəftara məruz qalmaq barədə iddia nəticəsində dövlət orqanlarının bu cür təhlükənin gerçəkləşməsinin qarşısını almaq üçün əməli tədbirlərin görülməsi vəzifəsi yaranmır. Müsbət öhdəliyin yaranması üçün müəyyən edilməlidir ki, dövlət orqanları müəyyən şəxsin üçüncü şəxsin cinayət əməllərindən real və dərhal pis rəftara qalması təhlükəsinin mövcud olması zamanı bundan xəbərdar olmuş və ya xəbərdar olmalı idi, habelə mütənasib qaydada nəzərdən keçirilərkən, bu təhlükənin qarşısını ala bilən, öz səlahiyyətləri hüdudlarında tədbirlər görməmişdir. Nəzərə alınmalı digər məsələ - cinayətkarlığa nəzarət etmək və onun qarşını almaq vəzifələrinin polis tərəfindən ədalət mühakiməsi tələblərinə və onların cinayətlər ilə bağlı istintaq aparmaq və cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək sahəsində fəaliyyətinin əhatə dairəsini qanuni şəkildə məhdudlaşdıran digər təminatlara, o cümlədən Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan təminatlara tam əməl edilməsi qaydasında yerinə yetirilməsini təmin etmək zərurətidir (bax: “Mubilanzila Mayeka və Kaniki Mitunqa Belçikaya qarşı” (Mubilanzila Mayeka and Kaniki Mitunga v. Belgium, no. 13178/03, § 53, ECHR 2006-XI); “Qldani Yeqova şahidləri icmasının üzvləri (97) Gürcüstana qarşı” (Members (97) of the Gldani Congregation of Jehovah’s Witnesses v. Georgia, no. 71156/01, § 96, 3 May 2007); və “Milanoviç Serbiyaya qarşı” (Milanović v. Serbia, no. 44614/07, § 84, 14 December 2010); həmçinin, bax: mutatis mutandis, yuxarıda qeyd edilən “Osman” işi üzrə qərar, § 116).
140. Buna görə, Məhkəmə cavabdeh dövlətin birinci ərizəçinin işinə baxması zamanı Konvensiyanın 3-cü maddəsinə əsasən onun tərəfindən müsbət öhdəliyinin pozulması məsələsinə baxacaqdır.
ii) Həmin prinsiplərin hazırkı işdə tətbiqi
141. Məhkəmə ilk növbədə qeyd edir ki, Konvensiyanın 3-cü maddəsinə zidd olan zorakılıq əməlləri ilə bağlı adətən törədənlər barəsində cinayət-hüquqi tədbirlərin görülməsi tələb edilir (bax: 3-cü maddə ilə əlaqədar olaraq “Beqanoviç Xorvatiyaya qarşı” (Beganović v. Croatia, no. 46423/06, § 71, 25 June 2009), 8-ci maddə ilə əlaqədar olaraq, yuxarıda qeyd edilən “Sandra Yankoviç” işi üzrə qərar, § 47).
142. Eyni zamanda, hazırkı işdə iddia edilən təqsirkarlar on dörd yaşı tamam olmamış şəxslər olmuş və qanunvericiliyə əsasən onlar barəsindən cinayət hüquqi sanksiyaların tətbiq edilməsi mümkün olmamışdır. Bundan başqa, bu işin xüsusi hallarında, şikayət edilən əməllərin hər biri ayrı-ayrılıqda heç də cinayət əməli sayılmaya bilər, lakin incitmə hadısələri ümumilikdə götürüldükdə, Konvensiyanın 3-cü maddəsinin tələblərinə uyğun deyil. Buna görə, hazırkı iş Konvensiyanın 3-cü maddəsinə zidd pis rəftar əməlləri ilə əlaqədar dövlətin cinayət-prosessual öhdəlikləri ilə bağlı olan işlərdən ayrılmalıdır (bu işlərdə dövlət orqanlarının öz təşəbbüsü ilə hərtərəfli, səmərəli və müstəqil araşdırma aparmaq vəzifəsi vardır).
143. Hazırkı iş başqa növ, cinayət hüquqdan kənar olan şəraitdə, səlahiyyətli dövlət orqanlarının fiziki və əqli əlilliyi olan şəxsə qarşı yönəlmiş ciddi incitmə və hətta zorakılıq barədə xəbərdar olması şəraitində dövlətin müsbət öhdəliyi ilə bağlıdır. Bu iş, yaranmış vəziyyətdə artıq baş vermiş zorakılıq və incitmə hallarını lazımi surətdə həll etmək və qələcəkdə onların qarşısını almaq üçün münasib cavabın olmaması ilə bağlıdır.
144. Yuxarıdakılara müvafiq olaraq, Məhkəmə ilk növbədə birinci ərizəçiyə qarşı incitmə və zorakılıq şəraitinin dövlət orqanlarına məlum olması və ya məlum ola bilməsi məsələsinə baxmışdır.
145. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, işin materiallarında göründüyü kimi, hələ 2008-ci il iyulun 31-də ikinci ərizəçi onun oğlunun qonşuluqdakı uşaqlar tərəfindən incidilməsi barədə polisə məlumat vermişdir. O, polisə həmçinin sonrakı çoxsaylı hadisələr, o cümlədən 2009-cu il aprelin 4-də ərizəçinin əllərinin siqaretlə yandırılması barədə polisə məlumat vermişdir. 2009-cu ilin aprel ayında o, həmin hadisə barədə Əlilliyi olan şəxslərin işləri üzrə Ombudsmana məlumat vermişdir. 2009-cu ilin may-iyul aylarında polis orqanları prokurorluğa və müvafiq sosial müdafiə şöbəsinə birinci ərizəçi barəsində iddia edilən pis rəftar məlumat vermiş, 2009-cu ilin sentyabr ayına qədər isə həmçinin məktəb müdiriyyətinə zəruri məlumat verilmişdir.
146. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, birinci ərizəçinin qonşuluqdakı uşaqlar və yaxınlıqdakı məktəbin şagirdləri tərəfindən mütəmadi surətdə incidilməsi dövlət orqanlarına məlum olmuşdur. Buna görə, Məhkəmə bu işin hallarında birinci ərizəçini bu cür əməllərdən qorumaq üçün müvafiq dövlət orqanları tərəfindən bütün əsaslı addımların atılması məsələsinə baxacaqdır.
147. Zorakılıq hadisələri müəyyən müddət ərzində baş verdiyi bu vəziyyətdə Məhkəmə müəyyən edir ki, dövlət orqanları problemin dərəcəsini aydınlaşdırmaq və gələcəkdə sui-istifadənin qarşısını almaq üçün kifayət qədər addımlar atmamışdır.
148. Doğrudur ki, polis orqanları müəyyən hadisələrdə iştirakı iddia edilən uşaqları dindirmiş, məktəb müdiriyyəti isə şagirdlər və onların valideynləri ilə problemi müzakirə etmişdir. Lakin, Məhkəmə müəyyən edir ki, şikayət edilən vəziyyətin əsl xarakterini dəyərləndirmək, habelə münasib və hərtərəfli tədbirlərin olmaması ilə nəticələnmiş sistemli yanaşmanın olmamasını dəyərləndirməyə ciddi cəhd göstərilməmişdir. Bununla belə, polis orqanlarının gəldiyi nəticələr üzrə heç bir konkret tədbirlər görülməmişdir: gələcək incitməni müəyyən etmək və onun qarşısını almaq üçün heç bir siyasi qərar qəbul edilməmiş, heç bir nəzarət mexanizmi müəyyən edilməmişdir. Məhkəmə təəccüblənir ki, sosial xidmətlər cəlb edilməmiş, zəruri tövsiyə verə biləcək və müvafiq uşaqlar ilə işləyə biləcək müvafiq mütəxəssislərin cəlb olunmasının heç işarəsi də yoxdur. Eyni şəkildə, birinci ərizəçiyə yardım göstərmək üçün heç psixoterapiya də təmin edilməmişdir. Əslində, Məhkəmə müəyyən edir ki, səlahiyyətli orqanların birinci ərizəçinin sistematik surətdə hədəfə alınması və gələcəkdə sui-istifadənin davam etdirilməsi barədə məlumatlı olmasına baxmayaraq, ayrı-ayrı hadisələrə reaksiyadan başqa, onların tərəfindən əsas problemə qarşı mübarizə aparmaq üçün heç bir ümumi xarakterli tədbir həyata keçirilməmişdir.
149. Bunları nəzərə alaraq Məhkəmə hesab edir ki, səlahiyyətli dövlət orqanları birinci ərizəçiyə qarşı sui-istifadənin davam etdirilməsi təhlükəsinin real və qabaqcadan məlum olmasına baxmayaraq onun qarşısını almaq üçün bütün zəruri tədbirləri həyata keçirməmişdir.
150. Nəticə etibarilə, birinci ərizəçi ilə əlaqədar olaraq Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş vermişdir.
b) İkinci ərizəçi ilə əlaqədar
i) Ümumi prinsiplər
151. 8-ci maddənin əsas məqsədini şəxsin dövlət orqanlarının özbaşına müdaxiləsindən müdafiə təşkil etsə də, bu maddə ilə dövlət sadəcə belə müdaxilədən çəkinməyə məcbur edilmir: bu mənfi anlayışdan əlavə, şəxsi və ailə həyatına səmərəli şəkildə hörmət üçün müsbət öhdəliklər zəruri ola bilər. Bu öhdəliklər hətta şəxslərin öz aralarında münasibətləri sahəsində şəxsi həyata hörmətin təmin edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsini əhatə edə bilər (bax: yuxarıda qeyd edilən “X. və Y. Niderlanda qarşı” işi üzrə qərar, § 23; “Botta İtaliyaya qarşı” (Botta v. Italy, 24 February 1998, § 33, Reports 1998‑I); “Mikuliç Xorvatiyaya qarşı” (Mikulić v. Croatia, no. 53176/99, § 57, ECHR 2002‑I); və yuxarıda qeyd edilən “Sandra Yankoviç” işi üzrə qərar, § 44).
152. Məhkəmə müxtəlif hallarda artıq müəyyən etmişdir ki, şəxsi həyat anlayışına şəxsin psixoloji toxunulmazlığı daxildir. 8-ci maddəyə müvafiq olaraq, bir sıra hallarda dövlətlərin həmçinin şəxslərin mənəvi toxunulmazlığını digər şəxslərin ayrı-ayrı əməllərindən müdafiə etmək vəzifəsi vardır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, dövlətlərin müəyyən mənalarda insan ləyaqətinə və həyat keyfiyyətinə hörmətin təmin edilməsinə dair müsbət öhdəlikləri mövcuddur (bax: “L. Litvaya qarşı” (L. v. Lithuania, no. 27527/03, § 56, ECHR 2007-IV) və, mutatis mutandis, “Pretti Birləşmiş Krallığa qarşı” (Pretty v. the United Kingdom, no. 2346/02, § 65, ECHR 2002-III)).
ii) Həmin prinsiplərin hazırkı işdə tətbiqi
153. Məhkəmə hesab edir ki, davamlı incitmə əməlləri həmçinin ikinci ərizəçinin şəxsi və ailə həyatına təsir göstərmişdir. Müəyyən edilmişdir ki, dövlət orqanları birinci ərizəçinin incidilməsinin qarşısını almaq üçün münasib və lazımi tədbirləri həyata keçirməmişdir. Eyni şəkildə, dövlət orqanları bununla əlaqədar ikinci ərizəçini lazımi qaydada müdafiə etməmişdir. Buna görə, ikinci ərizəçi ilə əlaqədar olaraq həmçinin Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir.
II. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
154. Ərizəçilər həmçinin şikayət etmişlər ki, onlara qarşı təhqir əməlləri və səlahiyyətli orqanlarının reaksiyası həmçinin onların serb millətinə mənsubiyyətinə və birinci ərizəçinin əlilliyinə görə ayrı-seçkilik xarakteri daşımışdır. Onlar aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 14-cü maddəsinə müraciət etmişlər:
“ Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
Şikayətin qəbuledilənliyi
1. Tərəflərin dəlilləri
155. Hökumət iddia etmişdir ki, ərizəçilərin “Ayrı-seçkiliyin qarşısının alınması haqqında” Qanuna əsasən iddia qaldıraraq həmin Qanunda müəyyən edildiyi kimi, hər hansı mümkün ayı-seçkiliyin etiraf olunması, ayrı-seçkiliyin və onun nəticələrinin aradan qaldırılması barədə əmrin verilməsi, habelə dəymiş zərərin əvəzinin ödənilməsi üçün müraciət etmək imkanı olmuşdur.
156. Ərizəçilər, öz növbəsində, iddia etmişlər ki, “Ayrı-seçkiliyin qarşısının alınması haqqında” Qanunda nəzərdə tutulmuş prosedur şikayət edilən xüsusi vəziyyəti həll edə bilmədiyi üçün o, səmərəli hüquqi müdafiə vasitəsini təşkil etməmişdir. Bundan başqa, onlar iddia etmişlər ki, bu Qanunun qəbul edilməsindən iki il keçməsinə baxmayaraq, Qanuna əsasən prosedura müraciət etmiş vətəndaşların bundan razı qalmasını, yaxud hər hansı belə prosesin münasib müddətdə keçirilməsini göstərən müvafiq məhkəmə qərarları olmamışdır.
2. Məhkəmənin qiymətləndirməsi
157. Konvensiyanın 14-cü maddəsi ilə əlaqədar olaraq Məhkəmə bir daha təsdiq edir ki, o, müstəqil surətdə mövcud olmasa da, eyni vəziyyətdə olan şəxsləri Konvensiyanın və onun protokollarının digər müddəalarında təsbit edilmiş hüquqların həyata keçirilməsində hər hansı ayrı-seçkilikdən müdafiə etdiyi üçün həmin digər müddəaları tamamlamaqla əhəmiyyətli rol oynayır (bax: “Dadcon Birləşmiş Krallığa qarşı” (Dudgeon v. the United Kingdom, 22 October 1981, § 67, Series A no. 45); “Şasanyu və digərləri Fransaya qarşı” (Chassagnou and Others v. France [GC], nos. 25088/94, 28331/95 and 28443/95, § 89, ECHR 1999-III); və “Timişev Rusiyaya qarşı” (Timishev v. Russia, nos. 55762/00 and 55974/00, § 53, ECHR 2005-XII)). 14-cü maddənin tətbiqi üçün həmin müddəaların pozulmasının ilk şərt kimi tələb edilməməsinə və bu mənada onun müstəqil olmasına baxmayaraq, işin halları bu müddəaların birinin və ya daha çoxunun hüdudlarında olmadıqda o, tətbiq edilə bilməz (bax, misal üçün: “Van Buytenen Niderlanda qarşı” (Van Buitenen v. the Netherlands, no. 11775/85, Commission decision of 2 March 1987) və “Şaare Şalom Ve Tsedek Fransaya qarşı” (Cha’are Shalom Ve Tsedek v. France [GC], no. 27417/95, § 86, ECHR 2000‑VII)).
158. Məhkəmə həmçinin müəyyən etmişdir ki, hətta maddi müddəa tətbiq edilmədiyi halda, 14-cü maddə tətbiq edilə bilər (bax: “Savez tsrkava “Riyeç jivota” və digərləri Xorvatiyaya qarşı” (Savez crkava “Riječ života” and Others v. Croatia, no. 7798/08, § 58, 9 December 2010)). Nəticə etibarilə, 14-cü maddə ilə bağlı qəbuledilənlik məsələləri fərdi qaydada dəyərləndirilə bilər.
159. Hazırkı işlə əlaqədar olaraq Məhkəmə “Ayrı-seçkiliyin qarşısının alınması haqqında” Qanunla bağlı dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi məsələsinə 14-cü maddənin nöqteyi-nəzərindən baxacaqdır. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, ayrı-seçkilik barədə şikayət ilə bağlı dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi məsələsinə əsas şikayətlə bağlı tükənmə məsələlərindən ayrı artıq baxılmışdır (bax: “Valkov və digərləri Bolqarıstana qarşı” (Valkov and Others v. Bulgaria, nos. 2033/04, 19125/04, 19475/04, 19490/04, 19495/04, 19497/04, 24729/04, 171/05 and 2041/05, §§ 104-108, 25 October 2011)). Bu yanaşma aşağıdakı prinsipə uyğundur: Konvensiyanın və ya onun protokollarının maddi müddəalarına həm ayrılıqda, həm də 14-cü maddə ilə birlikdə istinad edildiyi və maddi müddəanın ayrılıqda pozulması müəyyən edildiyi hallarda, Məhkəmə işə həmçinin 14-cü maddəyə əsasən baxılmasını zəruri hesab etməyə bilər, baxmayaraq ki, müvafiq hüququn həyata keçirilməsində açıq-aşkar bərabərsizlik işin əsas tərəfini təşkil etdikdə tamamilə əks mövqe tutulur (bax: yuxarıda qeyd edilən “Dadcon” işi üzrə qərar, § 67; yuxarıda qeyd edilən “Şasanyu və digərləri” işi üzrə qərar, § 89; və yuxarıda qeyd edilən “Timişev” işi üzrə qərar, § 53).
160. Hazırkı işlə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, “Ayrı-seçkiliyin qarşısının alınması haqqında” Qanunda sağlamlıq vəziyyəti və əlilliyə, habelə milliyyətə görə ayrı-seçkiliyə dair müəyyən müddəalar nəzərdə tutulur (Qanunun birinci maddəsinə bax). Qanunda bir sıra hüquqi müdafiə vasitələri, o cümlədən ayrı-seçkiliyin etiraf edilməsi, ayrı-seçkilik təşkil edən əməllərin qadağan edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulur. Hüquqi müdafiə vasitələri həmçinin dövlət orqanlarının tədbir görmədiyi halda onlara qarşı istifadə edilə bilər (yuxarıda 74-cü bəndə bax).
161. Ayrı-seçkilikdən müdafiə üçün ümumi məhkəməyə müraciət, birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayətinin verilməsi, habelə Konstitusiya Məhkəməsinə şikayət nəzərdə tutulur. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ həmçinin Xorvatiyanın Konstitusiyasında nəzərdə tutulur, Konvensiya isə Xorvatiyada birbaşa qüvvəyə malikdir. Subsidiarlıq prinsipinə əməl etmək üçün ərizəçilər, Məhkəməyə şikayət etməkdən qabaq, ilk növbədə milli məhkəmələr üçün onların vəziyyətini düzəltmək və Məhkəmədə qaldırmaq istədikləri məsələləri həll etmək imkanı yaratmalıdırlar.
162. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, “Ayrı-seçkiliyin qarşısının alınması haqqında” Qanunun müddəalarına uyğun iddia səmərəli dövlətdaxili hüquqi müdafiə vasitəsini təşkil edir, bu vəsaitin lazımi qaydada istifadəsi isə iddia edilən pozuntunun etiraf edilməsi, həmçinin dəymiş zərərin əvəzinin ödənilməsi ilə nəticələnə bilərdi. Ərizəçilərin iddiası ümumi məhkəmələr tərəfindən rədd edildiyi təqdirdə, onlar Konstitusiya Məhkəməsinə müraciət edə bilərdilər. Lakin, ərizəçilər onlar üçün mümkün olan bu hüquqi müdafiə vasitələrindən istifadə etmədilər.
163. Nəticədə, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü hissələrinə əsasən dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməməsinə görə rədd edilməlidir.
III. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
164. Ərizəçilər iddia etmişlər ki, Konvensiyaya əsasən şikayətləri ilə bağlı Konvensiyanın 13-cü maddəsi mənasında səmərəli hüquqi müdafiə vasitəsi onlara mümkün olmamışdır. Onlar aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 13-cü maddəsinə müraciət etmişlər:
“ Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Şikayətin qəbuledilənliyi
1. Ərizəçilərin Konvensiyanın 3 və 8-ci maddələrinə əsasən şikayətləri ilə əlaqədar
165. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda Konvensiyanın 3 və 8-ci maddələrinə əsasən baxılmış şikayətlə əlaqəlidir və buna görə həmçinin qəbuledilən elan edilməlidir.
2. Ərizəçilərin Konvensiyanın 14-cü maddəsinə əsasən şikayətləri ilə əlaqədar
166. Məhkəmə artıq müəyyən etdi ki, Konvensiyanın 14-cü maddəsi ilə bağlı şikayətlə əlaqədar olaraq ərizəçilər üçün səmərəli hüquqi müdafiə vasitəsi, yəni “Ayrı-seçkiliyin qarşısının alınması haqqında” Qanunun müddəalarına əsasən iddianı qaldırmaq mümkün olmuş və onlar bundan istifadə etməmişlər. Nəticədə, bu şikayət açıq-aşkar əsassız olaraq, Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsinin “a” bəndinə və 4-cü hissəsinə əsasən rədd edilməlidir.
B. Şikayətin mahiyyəti
167. Ərizəçilər iddia etmişlər ki, incitmə və zorakılıq əməllərindən müdafiə olunmaq üçün səmərəli hüquqi müdafiə mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, Hökumət bununla əlaqədar onlar üçün mümkün olmuş bir sıra hüquqi müdafiə vasitələri təklif etmişdir. Eyni zamanda, Məhkəmə müəyyən etmişdir ki, Hökumətin göstərdiyi hüquqi müdafiə vasitəsinin heç biri ərizəçilərin Konvensiyanın 3 və 8-ci maddələri ilə əlaqədar vəziyyətində faydalı ola bilməzdi.
168. Nəticədə, Məhkəmə hesab edir ki, ərizəçilərin Konvensiyanın 3 və 8-ci maddələrinə əsasən şikayətlər ilə əlaqədar səmərəli hüquqi müdafiə vasitəsi mövcud olmamışdır. Buna görə, 13-cü maddənin pozuntusu baş vermişdir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
169. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
170. Ərizəçilər mənəvi ziyanla bağlı 10000 avronun ödənilməsini xahiş etmişlər.
171. Hökumət tələb edilən məbləğin artıq və əsassız olduğunu hesab etmişdir.
172. Hazırkı işin bütün hallarını nəzərə alaraq Məhkəmə qəbul edir ki, ərizəçilərə əvəzi sadəcə pozuntunun aşkar edilməsi ilə ödənilə biləcək mənəvi ziyan vurulmuşdur. Məhkəmə ədalətli əsaslarla qərara gələrək mənəvi ziyan ilə əlaqədar ərizəçilərə birlikdə, hər hansı vergi məbləği üstünə gəlməklə, 11500 avro məbləğində kompensasiyanı təyin edir.
B. Məhkəmə xərcləri
173. Avropa Şurasının müəyyən etdiyi sxemə əsasən pulsuz hüquqi yardım almış ərizəçilər həmçinin milli məhkəmələr qarşısında çəkilmiş məhkəmə xərcləri ilə əlaqədar 1206 avro, Məhkəmə qarşısında çəkilmiş məhkəmə xərcləri ilə əlaqədar 4997,13 avro tələb etmişlər.
174. Hökumət bildirmişdir ki, ərizəçilər bu tələb təfərrüatlı qaydada irəli sürülməmişdir.
175. Məhkəmənin presedent hüququna əsasən ərizəçi çəkdiyi məhkəmə xərclərinin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və onların miqdarı münasib olsun. Hazırkı işdə təqdim edilmiş sənədləri və yuxarıdakı meyarı nəzərə alaraq Məhkəmə hesab edir ki, incitmə barədə dövlət orqanlarına verilmiş şikayətlər ilə əlaqədar xərclər, əsas etibarilə, Məhkəmə qarşısında pozulması iddia edilən Konvensiya hüquqlarının bərpası məqsədilə ərizəçilər tərəfindən çəkilmiş və bu xərclər məhkəmə xərcləri ilə bağlı tələblərə baxılarkən nəzərə alına bilər (bax: “Şordino İtaliyaya qarşı” (Scordino v. Italy (no. 1) [GC], no. 36813/97, § 284, ECHR 2006‑V) və “Mediç Xorvatiyaya qarşı” (Medić v. Croatia, no. 49916/07, § 50, 26 March 2009)). Hazırkı işdə əldə edilmiş məlumatları və yuxarıdakı meyarları nəzərə alaraq Məhkəmə ərizəçilərə birlikdə, ərizəçilərdən tutula biləcək hər hansı vergi məbləği üstünə gəlməklə, milli məhkəmələr qarşısında çəkilmiş məhkəmə xərcləri ilə əlaqədar 1206 avro, Məhkəmə qarşısında çəkilmiş məhkəmə xərcləri ilə əlaqədar isə Avropa Şurası tərəfindən artıq ayrılmış 850 avro çıxmaqla 3500 avro məbləğində kompensasiyanı təyin edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
176. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 3 və 8-ci maddələrinə şikayətləri, habelə 3 və 8-ci maddələr ilə bağlı hissədə Konvensiyanın 13-cü maddəsinə əsasən şikayəti qəbuledilən, ərizənin qalan hissəsini isə qəbuledilməz elan edir;
2. Birinci ərizəçi ilə bağlı Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
3. İkinci ərizəçi ilə bağlı Konvensiyanın 8-ci maddəsinin pozulduğunu qət edir;
4. Konvensiyanın 13-cü maddəsinin pozulduğunu qət edir;
5. Qət edir ki,
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq qərarın qəti qüvvəyə mindiyi gündən üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq cavabdeh dövlətin milli valyutasında ödəməlidir:
i) mənəvi ziyan ilə əlaqədar ərizəçilərə hansı vergi tutmaları üstünə gəlməklə 11500 (on bir min beş yüz) avro;
ii) məhkəmə xərcləri ilə əlaqədar hər hansı vergi tutmaları üstünə gəlməklə, 850 (səkkiz yüz əlli) avro çıxmaqla 4706 (dörd min yeddi altı) avro;
(b) yuxarıda qeyd edilən üç ay müddətindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
6. Ədalətli təzminat barədə ərizəçilərin qalan tələblərini rədd edir.
Sören NilsenAnatoli Kovler
Məhkəmə katibiSədr
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction a des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy