© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Driza Albaniyaya qarşı (Driza v. Albania), ərizə № 33771/02
13.11.2007-ci il tarixli qərar [IV Bölmə]
6-cı maddə
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət hüququ
Ədalətli məhkəmə araşdırması hüququ
Yekun məhkəmə qərarlarına məhkəmə nəzarəti qaydasında yenidən baxılması və Ali Məhkəmənin qərəzliliyi; mülkiyyət hüquqlarının bərpası üçün çıxarılmış məhkəmə qərarlarının və inzibati qərarların icra olunmaması: pozuntular baş verib
13-cü maddə
Səmərəli hüquqi müdafiə vasitələri
Adekvat prosedurların və qanunvericilik bazasının olmaması səbəbindən ərizəçilərin məhkəmələr və inzibati orqanlar tərəfindən çıxarılmış kompensasiya qərarlarının icrasına nail ola bilməməsi: pozuntular baş verib
46-cı maddə
46-cı maddənin 2-ci bəndi
Məhkəmə qərarının icrası
Ümumi xarakterli tədbirlər
Ölkənin hüquq sistemindəki nöqsanlar ucbatından mülkiyyət hüquqlarının bərpası və (və ya) ziyanın kompensasiyası barədə məhkəmələr və inzibati orqanlar tərəfindən çıxarılmış qərarların icrasına ərizəçilərin nail ola bilməməsi: qərara alındı ki, cavabdeh dövlət pozuntuları aradan qaldırmaq üçün müvafiq qanunvericilik, inzibati və büdcə tədbirlərini həyata keçirməlidir
[Bu hüquqi icmal həmçinin Ramazi və başqaları Albaniyaya qarşı (Ramadhi and Others v. Albania) iş üzrə qərarı (ərizə № 38222/02, 13 noyabr 2007-ci il) əhatə edir]
Faktlar – Bu iki iş keçmiş kommunist rejimi dövründə ərizəçilərin atalarının torpaq sahəsinin müsadirə olunması ilə əlaqədar olaraq "Mülkiyyət hüquqlarının bərpası (restitusiya) və kompensasiya haqqında" 1993-cü il tarixli Qanun ("Mülkiyyət haqqında Qanun") əsasında onlara kompensasiya təyin edilməsi barədə qərarların icrasına ərizəçilərin nail ola bilməməsinə aiddir.
Drizanın işində ərizəçi atasının mülkiyyətinin (torpaq sahəsinin) milliləşdirilməsinin qanunsuz elan edilməsi və restitusiya (mülkiyyət hüquqlarının bərpası) barədə məhkəmə qərarının çıxarılmasına nail olmuşdu. Dövlət orqanları mülkiyyəti ərizəçiyə qaytarmaq iqtidarında olmadıqlarına görə onun əvəzinə ərizəçiyə iki başqa torpaq sahəsinin ayrılması barədə qərar çıxarıldı və bu qərar Mülkiyyətin restitusiyası və kompensasiya məsələləri üzrə komissiya tərəfindən təsdiq edildi. Lakin ərizəçi torpaq sahələrinə sahiblik edə bilmədi, çünki həmin sahələr üçüncü şəxslər tərəfindən tutulmuşdu. Mübahisəli torpaq sahələri üzərində ərizəçinin mülkiyyət hüququnun tanınması barədə qərarın etibarsız elan edilməsi üçün ərizəçiyə qarşı iki məhkəmə işi qaldırıldı. Birinci iş üzrə icraatda ərizəçinin nisbətən kiçik torpaq sahəsi ilə əlaqədar tələbləri Ali Məhkəmə kollegiyalarının plenar iclası tərəfindən rədd edildi və yuxarıda qeyd edilən Komissiyanın ərizəçinin xeyrinə çıxardığı qərarı təsdiq etmiş Ali Məhkəmənin inzibati işlər üzrə kollegiyasının qanuni qüvvəyə minmiş qərarından həmin torpaq sahəsinin faktiki sahibinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edildi. İkinci iş üzrə icraatda Ali Məhkəmənin mülki işlər üzrə kollegiyası Komissiyanın ərizəçinin xeyrinə çıxardığı qərarı ləğv etmiş rayon məhkəməsinin qərarını qüvvədə saxladı və belə əsas gətirdi ki, Komissiya bu qərarı qəbul edərkən səlahiyyətlərinin hüdudlarını aşıb. Yekunda ərizəçiyə kompensasiya təyin olundu, amma həmin kompensasiya ödənilmədi.
Ramazi və başqalarının işində ərizəçilər konkret olaraq torpaq sahəsinin onlara qaytarılması və ziyana görə kompensasiya ödənilməsi barədə Mülkiyyətin restitusiyası və kompensasiya məsələləri üzrə komissiyanın qərar çıxarmasına nail olmuşdular. Onların torpaq üzərində sahiblik hüququnu həyata keçirmələrinə maneə yaradılmadı, amma kompensasiya ala bilmədilər. Ərizəçilər digər torpaq sahəsi ilə bağlı daha bir iş qaldırdılar. Rayon məhkəməsi işə baxdıqdan sonra ərizəçilərdən üçü son nəticədə torpaq komissiyasının onların mülkiyyət hüquqlarını təsdiqləyən qərar qəbul etməsinə nail olsalar da, yerli hakimiyyət orqanları torpaq sahələrini üçüncü şəxslərə verdilər.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Drizanın işi: Ərizəçi qanuni qüvvəyə minmiş məhkəmə qərarının məhkəmə nəzarəti qaydasında yenidən baxılaraq ləğv edilməsindən şikayət etdi, həmçinin qeyd etdi ki, işə Ali Məhkəmə kollegiyalarının plenar iclasında baxılarkən qərəzsizlik tələbinə riayət edilməyib və dövlət orqanları qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməyiblər.
a) Hüquqi müəyyənlik prinsipinə riayət edilib-edilməməsi məsələsi: Qanuni qüvvəyə minmiş məhkəmə qərarına yenidən baxılmasına yol verməklə və işi iki paralel məhkəmə prosesində araşdırmaqla Ali Məhkəmə işə mahiyyəti üzrə baxıldıqdan sonra çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarını ləğv etmişdi, halbuki res judicata (yekun qərar çıxarılmaqla həll olunmuş işə təkrarən baxılmasının yolverilməzliyi) prinsipi bu qərara şamil olunurdu.
b) Qərəzsizlik tələbinə riayət edilib-edilməməsi məsələsi: İşə məhkəmə nəzarəti qaydasında yenidən baxılması Ali Məhkəmə sədrinin təşəbbüsü ilə həyata keçirilmişdi və həmin sədr bundan öncə artıq ərizəçinin əleyhinə qərar çıxarmışdı. Sədr həmçinin işə məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün onun qaldırdığı vəsatətə baxmış və ərizəçinin xeyrinə çıxarılan məhkəmə qərarının ləğvi barədə qərar qəbul etmiş Ali Məhkəmənin hakimlər heyətinin tərkibinə daxil idi. Bu praktika "subyektiv qərəzsizlik" prinsipinə zidd idi, çünki bir şəxs eyni işdə həm vəsatət qaldıran tərəf, həm də hakim qismində çıxış edə bilməzdi. Ali Məhkəmə kollegiyalarının plenar iclasının obyektiv qərəzsizliyi də şübhə altında idi, belə ki, bu işin həllində iştirak etmiş hakimlərdən üçü vəsatətin təmin olunması məsələsinə baxmış və sonradan işi mahiyyəti üzrə həll etmişdilər, digər üç hakim isə artıq öncə rəylərini ifadə etdikləri məsələ barəsində yenidən qərar çıxarmalı idilər.
c) Yekun məhkəmə qərarlarının icra edilməməsi: Mülkiyyət hüquqlarının bərpası barədə qanuni qüvvəyə minmiş qərarların icra olunmaması məsələsi, Avropa Məhkəməsi tərəfindən öncə verilmiş göstərişlərə baxmayaraq, Albaniyada açıq-aşkar problem olaraq qalır. Ali Məhkəmənin qərarlarının icrası üçün dövlət orqanlarının zəruri tədbirlər görməyə qadir olmaması bu işdə 6-cı maddənin 1-ci bəndinin müddəalarını hər cür səmərəlilikdən məhrum edib.
Nəticə: pozuntular baş verib (yekdilliklə).
Ramazi və başqalarının işi: Yekun məhkəmə qərarlarının icra edilməməsi: Rayon məhkəməsi ərizəçilərin tələblərinə yenidən baxılması barədə torpaq komissiyasına göstəriş verdikdən sonra torpaq komissiyası konkret olaraq üç torpaq sahəsi üzərində ərizəçilərin mülkiyyət hüquqlarını tanımışdı. Amma sonradan bu torpaq sahələri üçüncü şəxslərin mülkiyyətinə verildi. Beləliklə, üç ərizəçinin mülkiyyət hüquqları həllini tapmayıb və dövlət orqanları rayon məhkəməsinin qərarının icrasını təmin etməyiblər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 13: Drizanın işi: Hökumət ilkin əmlakın mülkiyyətçiyə qaytarılması mümkün olmayan hallarda kompensasiya tələblərinə baxılması üçün adekvat proseduru təmin etməyib. Konkret olaraq əmlakın qiymətləndirilməsi üçün xüsusi orqanlar yaradılmayıb və ya bu məqsəd üçün müvafiq vasitələr hazırlanmayıb. Ərizəçilərin hüquqlarının bərpası ilə bağlı mübahisələrin həllini təmin edən sistemin ləngidilmədən və ya kifayət qədər tezliklə yaradılacağını düşünmək üçün əsas da yoxdur.
Nəticə: 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə 13-cü maddənin pozuntusu baş verib (yekdilliklə).
Ramazi və başqalarının işi: Yekun qərarların məhkəmə və ya inzibati orqan tərəfindən qəbul edilməsindən asılı olmayaraq, milli qanunvericiliyə və Konvensiyaya əsasən onların icrası təmin olunmalıdır. Lakin Komissiyanın ərizəçilərin xeyrinə çıxardığı qərarların icrası üçün heç bir tədbir görülməyib. Ölkədə Komissiyanın qərarlarının icrasını tənzimləyən qanunvericilik yox idi, konkret olaraq, bu qərarlardan şikayət verilməsinin müddətləri və ya onların məcburi qaydada icrasını təmin etmək üçün hər hansı hüquqi müdafiə vasitələri nəzərdə tutulmamışdı. Müvafiq kompensasiya formalarının və üsullarının müəyyən edilməsi vəzifəsi Nazirlər Şurasının üzərinə düşürdü, o isə hələ bu məsələyə dair təfsilatlı qayda və metodları hazırlamamışdı. Ərizəçilərin xeyrinə çıxarılmış qərarlar 11 ildən artıq müddət ərzində icra olunmayıb, Hökumət isə müvafiq tədbirlərin təxirə salınmadan görüləcəyini təsdiq edən heç bir sübut təqdim etməyib.
Nəticə: 6-cı maddənin 1-ci bəndi ilə birgə götürülməklə 13-cü maddənin pozuntusu baş verib (yekdilliklə).
Hər iki işdə 1 saylı Protokolun 1-ci maddəsinə riayət edilib-edilməməsi məsələsi: Məhkəmələrin və (və ya) inzibati orqanların ərizəçilərin xeyrinə çıxardıqları qərarların icrasının dövlət orqanları tərəfindən uzun illər ərzində təmin edilməməsi onların öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə təşkil edib və Hökumət həmin müdaxiləyə haqq qazandıran inandırıcı izahat təqdim etməyib. Qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının icrasının təmin etmək dövlətin vəzifəsidir və bu vəzifənin yerinə yetirilməməsinə vəsait çatışmazlığı ilə haqq qazandırıla bilməz.
Nəticə: pozuntular baş verib (yekdilliklə).
Hər iki işdə 46-cı maddəyə riayət edilib-edilməməsi məsələsi: Albaniyanın hüquq sistemində müşahidə edilən nöqsanlar o deməkdir ki, indiyədək fərdlərin bütöv bir kateqoriyası onlara kompensasiya təyin edilməsi barədə məhkəmələrin və komissiyaların qərarlarının icra olunmaması nəticəsində öz mülkiyyətindən maneəsiz istifadə hüququndan məhrum olub. Artıq Avropa Məhkəməsinin icraatında onlarla belə şikayət var. Şikayətlərin sayının durmadan artması dövlətin Konvensiya üzrə məsuliyyətini ağırlaşdıran amildir və Konvensiya sisteminin gələcək səmərəliliyinə təhlükə yaradır.
Buna görə də Albaniyaya təklif olundu ki, Mülkiyyət haqqında Qanuna uyğun olaraq kompensasiyaların təyin olunması qarşısındakı maneələri aradan qaldırsın və təxirə salmadan müvafiq qanunverici, inzibati və büdcə tədbirlərinin həyata keçirilməsini, o cümlədən mülkiyyətin qiymətləndirilməsi üçün planların hazırlanmasını və zəruri vəsaitlərin ayrılmasını təmin etsin.
Maddə 41: Drizanın işi: Nisbətən kiçik torpaq sahəsinə gəlincə, Albaniya ərizəçiyə 1.650 kvadrat metr sahəsi olan torpaq sahəsini qaytarmalı və 50.000 avro ödəməlidir, hüquqların bu yolla bərpası həyata keçirilmədikdə isə, maddi və mənəvi ziyanın kompensasiyası üçün 280.000 avro ödəməlidir. O, həmçinin nisbətən böyük torpaq sahəsinə görə ərizəçiyə onun məruz qaldığı maddi və mənəvi ziyanın kompensasiyası üçün 500.000 avro ödəməlidir.
Ramazi və başqalarının işi: Albaniya birinci üç ərizəçiyə 30.500 kvadrat metrlik torpaq sahəsini qaytarmalı və maddi və mənəvi ziyanın kompensasiyası üçün onlara birlikdə 25.000 avro ödəməlidir. Hüquqların bu yolla bərpası həyata keçirilmədikdə isə, maddi və mənəvi ziyanın kompensasiyası üçün 120.000 avro ödənilməlidir. 5.500 kvadrat metrlik torpaq sahəsinə və mağazalara gəlincə, onlarla əlaqədar maddi və mənəvi ziyanın kompensasiyası üçün ərizəçilərə birlikdə 64.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy