Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 201
Noyabr 2016-cı il
***
Dubska (Dubská) və Kreyzova (Krejzová) Çex Respublikasına qarşı [BP] – ərizələr № 28859/11 və 28473/12
15.11.2016 tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Qanunvericiliyin tibb işçiləri tərəfindən evdə doğuşa köməklik göstərilməsinin qarşısını alması: pozuntu baş verməyib
Faktlar – Ərizəçilər mamaçanın köməyi ilə doğuşu evdə həyata keçirmək istəyirdilər. Lakin Çexiya qanunvericiliyinə əsasən, evdə doğuşa köməklik göstərən tibb işçilərini intizam sanksiyası və cinayət cəzası ilə üzləşmək təhlükəsiz gözləyirdi. Buna görə də ərizəçilər doğuşu köməklik olmadan evdə həyata keçirmək və ya uşağı xəstəxanada doğmaq arasında seçim etməli idilər. Birinci ərizəçi uşağını köməklik olmadan evdə doğdu, ikinci ərizəçi isə uşağını xəstəxanada (doğum evində) dünyaya gətirdi.
Avropa Məhkəməsinə şikayət ərizələrində onlar 8-ci maddənin pozulmasından şikayət etdilər, belə ki, Çexiya qanunvericiliyi tibb işçilərinin onlara doğuşu evdə həyata keçirməkdə köməklik göstərilmələrinə icazə vermirdi.
11 dekabr 2014-cü il tarixli qərarla (bax: 180 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası bir səsə qarşı altı səslə müəyyən etdi ki, Konvensiyanın 8-ci maddəsi pozulmayıb.
Ərizəçilərin vəsatəti əsasında 1 iyun 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – Maddə 8: Doğuş qadının həyatında unikal və həssas məqam olmaqla fiziki və psixoloji toxunulmazlıq hüququ, tibbi qulluq, reproduktiv sağlamlıq və fərdi tibbi məlumatların qorunması məsələlərini əhatə edir. Buna görə də bu məsələlər, o cümlədən doğum yerinin seçilməsi qadının şəxsi həyatı ilə əsaslı surətdə əlaqədardır və 8-ci maddənin məqsədləri üçün şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür.
Ərizəçilərin işində evdə doğuş zamanı mamaçaların yardımından istifadə etmək hüququna müdaxilə baş vermişdi, buna səbəb mamaçaların sanksiya ilə üzləşməsi təhlükəsi idi, qanuna əsasən onların ərizəçilərə kömək etmələrinin qarşısı praktiki olaraq alınmışdı. Bu müdaxilə qanunda nəzərdə tutulmuşdu və doğuşdan əvvəl və sonra ananın və uşağın sağlamlığının və təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulduğuna görə digər şəxslərin sağlamlığını və hüquqlarını qorumaqdan ibarət qanuni məqsəd daşıyırdı. Daha sonra Məhkəmə müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığını araşdırmağa keçdi.
O belə hesab etdi ki, cavabdeh dövlət bu məsələdə geniş qiymətləndirmə sərbəstliyinə malikdir, çünki: a) iş tibbi qulluq siyasətinə aid kompleks məsələni əhatə edir ki, bu da xəstəxanada və evdə həyata keçirilən doğuşların riskləri ilə bağlı mütəxəssis rəylərinin və elmi məlumatların dövlət orqanları tərəfindən qiymətləndirilməsini tələb edir; b) ümumi sosial-iqtisadi siyasət mülahizələrinin, o cümlədən maliyyə vəsaitlərinin bölgüsü məsələsinin nəzərə alınması tələb olunur, çünki doğum evlərinin ümumi sisteminə ayrılan büdcə vəsaitlərini evlərdəki doğuşlar üçün maliyyə bazasının təmin edilməsinə yönəltməyə ehtiyac yarana bilər; və c) Avropa Şurasına üzv olan dövlətlər arasında dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudlarını evdə doğuşlara icazə verilməsinin xeyrinə olaraq məhdudlaşdırmağa imkan verən konsensus yoxdur.
Məhkəmə dövlətin geniş qiymətləndirmə sərbəstliyinə malik olduğunu nəzərə alaraq bu qənaətə gəldi ki, ərizəçilərin şəxsi həyatına hörmət hüququna edilmiş müdaxilə qeyri-mütənasib deyildi. Analar və körpələr üçüm evlərdə doğuşun riski doğum evlərindəki doğuşa nisbətən daha yüksəkdir, belə ki, sonuncular lazımi personalla və texniki və maddi baxımdan adekvat avadanlıqlarla tam təchiz edilib, hətta hamiləliyin gedişatında hər hansı mürəkkəbləşmələr olmadıqda və bu səbəbdən doğuş "aşağı riskli" hesab edildikdə belə, doğuş zamanı ixtisaslı tibb işçisinin təcili müdaxiləsini, məsələn, qeysəriyyə kəsiyi əməliyyatı aparılmasını və ya neonatal yardım göstərilməsini tələb edən gözlənilməz çətinliklər meydana çıxa bilər. Bundan başqa, doğum evləri təcili tibbi yardım üçün zəruri olan bütün vasitələri təmin edə bilərlər, evdə doğuş zamanı isə, hətta doğuşda mamaça iştirak etsə belə, bu mümkün deyil (Çex Respublikasında evdə doğuş üçün ixtisaslı təcili tibbi yardım sistemi yaradılmayıb).
Baxmayaraq ki, Məhkəmə Çexiyanın bir sıra doğum evlərindəki şəraitin mübahisəli olduğunu nəzərə almaya bilməzdi, hər halda təsdiq etdi ki, 2014-cü ildən bəri vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Hökumət tərəfindən təşəbbüslər həyata keçirilib. O, Çexiyanın dövlət orqanlarına təklif etdi ki, müvafiq qanunvericilik normalarının daimi nəzarət altında saxlanması istiqamətində əlavə addımlar atsınlar ki, həmin normaların tibbi və elmi sahədə nail olunmuş inkişafı əks etdirməsi, eyni zamanda reproduktiv sağlamlıq sahəsində qadınların hüquqlarına tam riayət edilməsi və xüsusən bütün ölkədəki doğum evlərində pasiyentlər və tibb işçiləri üçün adekvat şəraitin yaradılması təmin edilmiş olsun.
Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).
Full & Egal Universal Law Academy