Ciniç (Džinić) Xorvatiyaya qarşı – ərizə № 38359/13
17.5.2016 tarixli qərar [II Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Cinayət prosesi çərçivəsində bu tədbirin mütənasibliyi qiymətləndirilmədən əmlakın üzərinə həbs qoyulması: pozuntu baş verib
Faktlar: Şirkət direktoru olan ərizəçi iqtisadi cinayətlərdə şübhəli bilindiyinə görə barəsində araşdırma aparılırdı. İcraatın gedişində rayon məhkəməsi ərizəçi tərəfindən əldə edildiyi güman olunan maddi gəlirlərin məbləğini əhatə edən mümkün müsadirə qərarının icrasını təmin etmək üçün onun bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulması barədə prokurorun vəsatətini təmin etdi. Əmlakın üzərinə həbs qoyulması barədə qərar Ali Məhkəmə tərəfindən qüvvədə saxlanıldı. Ərizəçi üzərinə həbs qoyulmuş əmlakın dəyərinin onun güman edilən maddi gəlirlərindən xeyli çox olduğunu əsas gətirərək qərarın ləğv edilməsi və ya ona yenidən baxılması üçün vəsatət verdi, amma vəsatəti rədd edildi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Məhkəmənin qarşısında duran yeganə sual bu idi ki, ərizəçinin əmlakının üzərinə həbs qoyulması mütənasib tədbir idimi, başqa sözlə, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında ədalətli balans gözlənilmişdimi?
Ərizəçi cinayətlərin törədilməsi nəticəsində təxminən 1.060.000 avro maddi gəlir əldə etməkdə şübhəli bilinirdi. Müvafiq olaraq, mümkün müsadirə qərarının icrasını təmin etmək üçün prokurorluq tərəfindən görülmüş tədbirləri tənqid etmək üçün əsas yox idi. Bununla belə, ərizəçinin üzərinə həddən artıq ağır yük qoyulduğunu nəzərə alsaq, bu tədbirin görülməsi məhkəmələri əmlakın üzərinə həbs qoyulmasının şərtlərinə riayət edilib-edilmədiyini və bu həbsin xarakterinin və həcminin mütənasibliyini yoxlamaq vəzifəsindən azad etmirdi. Əlində əmlakın dəyəri ilə bağlı heç bir sübut olmadığına baxmayaraq, rayon məhkəməsi bütün əmlakların müsadirəsi barədə vəsatəti təmin etmiş və onların dəyərinin güman edilən gəlirlərin məbləği ilə mütənasibliyini müəyyənləşdirmək üçün heç bir qiymətləndirmə aparmamışdı. Ali Məhkəmə tədbirin mütənasibliyini qiymətləndirərkən bu nöqsanı düzəltməmiş, sonra isə faktiki olaraq əmlakın dəyərinin, demək olar ki, 10.000.000 avro olduğu barədə ərizəçi tərəfindən cinayət prosesi çərçivəsində irəli sürülmüş iddiaları fərziyyə xarakterli hesab edərək rədd etmiş və bunu heç nə ilə əsaslandırmamışdı. Avropa Məhkəməsi bu halı önəmli hesab etdi ki, həmin əmlaklar cinayət nəticəsində əldə edilməmişdi və cinayət əməlinə onların heç bir aidiyyəti yox idi. Buna baxmayaraq, onların üzərinə iki il yarımdan artıq müddət ərzində həbs qoyulmuşdu.
Nəticədə bu həbs prinsipcə qanuni və əsaslı olsa da, üzərinə həbs qoyulmuş əmlakın dəyərinin mümkün müsadirə tələbinin dəyərinə mütənasib olub-olmaması qiymətləndirilməmişdi. Beləliklə, tədbirin tətbiq edilmə üsulu "ədalətli balansın" gözlənildiyini nümayiş etdirmək üçün adekvat üsul deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 2.000 avro təyin olundu; maddi ziyan barəsindəki tələb isə rədd edildi.
Full & Egal Universal Law Academy