© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BEŞİNCİ BÖLMƏ
PRAVOYE DELO REDAKSIYASI VƏ ŞTEKEL UKRAYNAYA QARŞI İŞİ
(CASE OF EDITORIAL BOARD OF PRAVOYE DELO AND SHTEKEL v. UKRAINE)
(33014/05 saylı ərizə)
QƏRAR
STRASBURQ
5 may 2011
QƏTİ
05/08/2011
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Qərarın mətni redaktə oluna bilər.
Pravoye Delo Redaksiyası və Ştekel Ukraynaya qarşı işinə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Beşinci Bölmə), hakimlər:
Dean Spielmann, Sədr,
Elizabet Fura,
Karel Junqwiert,
Mark Villiger,
Isabel Berro-Lefèvre,
Ann Power,
Ganna Yudkivska,
və Claudia Vesterdiek, Bölmə Katibindən ibarət Palata,
5 aprel 2011-ci ildə qapalı müşavirə keçirməklə həmin tarixdə aşağıdakı qərarı qəbul edib.
PROSEDUR
1. Bu iş İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 34-cü maddəsinə əsasən Pravoye Delo qəzetinin redaksiyası (“birinci ərizəçi”) və Ukrayna vətəndaşı cənab Leonid Isakoviç Ştekelin (“ikinci ərizəçi”) Ukraynaya qarşı 22 avqust 2005-ci ildə verdiyi şikayət (33014/05 saylı) əsasında başlanıb.
2. Ərizəçiləri məhkəmə qarşısında Kiyevdə çalışan hüquqçu xanım L. V. Oprişko təmsil edib. Ukrayna Hökumətini (“Hökumət”) onun təmsilçisi cənab Y.Zaytsev, Ədliyyə Nazirliyinin nümayəndəsi təmsil edib.
3. 13 oktyabr 2009-cu ildə Beşinci Seksiyanın Sədri ərizə barədə Hökuməti məlumatlandırmaq qərarına gəldi. Eyni zamanda qərar qəbul edildi ki ərizənin mahiyyətinə onun qəbuledilənliyi ilə eyni vaxtda baxılsın (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
4. Birinci ərizəçi Odessada 2000-ci ilin may ayında rəsmi qeydiyyata alınmış Pravoye Delo qəzetinin redaksiyasıdır. İkinci ərizəçi Pravoye Delo qəzetinin baş redaktorudur. O, Odessada yaşayır.
5. Vaxtilə Pravoye Delo həftədə 3 dəfə 3000 nüsxə tirajla çap olunan yerli qəzet idi. Qəzetdə Ukrayna, özəlliklə Odessa regionunda siyasi və sosial məsələlər üzrə hesabat və materiallar çap olunurdu. Maliyyə çatışmazlığı üzündən qəzet müxtəlif ictimai mənbələr, o cümlədən internetdən götürülmüş məqalə və digər materialları təkrarən tez-tez çap edirdi.
6. 19 sentyabr 2003-cü ildə Pravoye Delo anonim bir məktub dərc etdi. Bu məktubu Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşının yazdığı və ikinci ərizəçinin əməkdaşı, xanım İ.-nin xəbərlər veb-səhifəsindən yüklədiyi iddia olunur. Məktubda Təhlükəsizlik Xidmətinin Odessa Regional Departamentinin yüksək vəzifəli şəxslərinin qanunsuz, korrupsiya fəaliyyətlərinə cəlb olunduğu, özəlliklə də mütəşəkkil cinayətkar qrupların üzvləri ilə əlaqələrinin olduğu qeyd olunurdu. Məktubdakı bəndlərdən birində yazılırdı:
“...[Təhlükəsizlik Xidmətinin Odessa Regional Departamentinin] Rəhbəri P.nin yaxın dostu və köməkçisi olan Rəis Müavini [İ.T.] [A.A]nın [mütəşəkkil cinayətkar qrup]u ilə “işgüzar” münasibətlər qurdu...[Mütəşəkkil cinayətkar qrupun] üzvü G.T dəstənin koordinatoru kimi əsas fəaliyyətlərə görə məsul olan və qətllərin sponsoru olan A.A-nın nümayəndəsi kimi çıxış etməklə [I.T.] ilə görüşür və Odessa Regionunda [Təhlükəsizlik Xidməti] Departamentinin yüksək vəzifəli şəxsləri üçün maliyyə məsələlərini həll edir...”
7. Məktub Redaksiya Heyətinin adından xanım İ.nin hazırladığı aşağıdakı şərhlərlə müşayiət olundu:
“Redaktorun xəbəri və razılığı olmadan bu məktubu dərc etməklə başa düşürəm ki mən nəinki çətinliklə üzləşə, həm də qəzet üçün problemlər yarada bilərəm. Əgər bu məktub yanlış məlumatlandırmadırsa, onda bu məlumatı vermiş media təhlükə altında ola bilər. Başqa tərəfdən, əgər bu məktub həqiqəti əks etdirirsə, onda onun müəllifi ciddi risklə qarşılaşar. Bundan başqa anonim məktub artıq V, Odessa veb səhifəsində (onların tələbinə uyğun olaraq onlara istinad olunur) artıq dərc olunub, [onu dərc etməyə] Allahın izni var. Biz o əsası rəhbər tuturuq ki Hərbi Təşkilatlara və Dövlətin Hüquq Mühafizə Orqanlarına Demokratik Vətəndaş Nəzarət haqqında Qanuna əsasən, biz vətəndaş nəzarəti həyata keçiririk və həmin Qanunun 29-cu maddəsinə əsasən, bu məktubda göstərilmiş faktlarla bağlı müvafiq səlahiyyətli şəxslərdən açıq informasiya əldə etmək istərdik. Bundan əlavə, Odessa Regionunun Təhlükəsizlik Xidmətinin Departamentinin “Top Secret” adlı qəzetdəki eyni məqaləyə münasibət bildirmədiyi qeyd olunmalıdır...Mən xatırlatmaq istəyirdim ki Pravoye Delo qəzeti bütün maraqlı şəxslərin cavab məktublarına və şərhlərinə açıqdır.”
8. Oktyabr 2003-cü ildə o dövrdə Odessada yaşayan və Ukrayna Milli Tay Boks Federasiyasının prezidenti olan G.T. Odessa Primorsk rayon Məhkəməsində ərizəçilərə qarşı defamasiya haqqında iddia qaldırıb. G.T. bildirdi ki Pravoye Delo qəzetinin 19 sentyabr 2003-cü il tarixli sayındakı informasiya onun haqqında olub və yalan məlumat kimi onun ləyaqəti və nüfuzuna zərər vurub. O, məhkəmədən ərizəçilərin üzərinə təkzib və üzr istənilməsini dərc etmək və mənəvi zərərə görə 200 000 Ukrayna qrivnası[1] məbləğində kompensasiya ödəmək vəzifəsini qoymağı xahiş etdi.
9. Ərizəçilər məhkəmədə öncə iddia etdilər ki onlar dərc etdikləri materialdakı informasiyanın həqiqiliyinə görə məsuliyyət daşımırlar, çünki onlar başqa yerdə dərc olunmuş materialı heç bir dəyişiklik etmədən, olduğu kimi dərc ediblər. Yazı həmin materialın mənbəyinə istinadı və materialla bağlı redaktorların mövqeyini əks etdirib və maraqlı şəxs və təşkilatların dərc olunan materialla bağlı mövqelərini bildirməsinə dəvətlə müşayiət olunub. Ərizəçilər həmçinin bildirdilər ki məhkəmə G.T.-nin kompensasiya tələbini təmin etsə qəzet müflis olacaq və bağlanacaq.
10. Daha sonra 24 aprel 2004-cü il tarixli məhkəmə iclasında ikinci ərizəçi bildirdi ki həmin məqalə iddiaçı haqqında olmayıb və onun mətni heç də dəqiq olaraq G.T-yə istinad etmirdi.
11. 7 may 2004-cü ildə məhkəmə ərizəçilərin əleyhinə qərar çıxardı. O müəyyən etdi ki mübahisələndirilən informasiya Odessa regionunda ictimai fəaliyyətlərə cəlb olunmuş ictimai fiqur və Ukrayna Milli Tay Boks Federasiyasının prezidenti kimi xaricdə keçirilən idman tədbirlərində Ukraynanı təmsil edən iddiaçı haqqındadır. Bu kontekstdə məhkəmə qeyd etdi ki ilkin iddialarında ərizəçilər bu faktı mübahisələndirməyib və məqalə Odessanın Təhlükəsizlik Xidmətinin fəaliyyəti haqqında olub. Bundan əlavə məhkəmə məqalənin məzmununun ləkələyici olduğunu və ərizəçilərin onun həqiqətə uyğun olduğunu sübut edə bilmədiyini müəyyən etdi. Məhkəmə ərizəçini Mətbuat haqqında Qanunun 42-ci maddəsinə istinadən mülki məsuliyyətdən azad etmək üçün əsaslar tapmadı, çünki istinad edilən internet saytı Mətbuat haqqında Qanunun 32-ci maddəsinə əsasən qeydiyyatdan keçmiş çap (mətbuat) kütləvi informasiya vasitəsi deyildi.
12. Məhkəmə birinci ərizəçinin üzərinə materialın aşağıdakı hissəsi ilə bağlı təkzib vermək vəzifəsi qoydu:
“... [Mütəşəkkil cinayətkar qrupun] üzvü G.T. dəstənin əsas fəaliyyətlərinə görə məsul olan və qətllərin sponsoru və əlaqələndiricisi olan şəxsin (A.A.) agenti kimi Odessa Regionunun (Təhlükəsizlik Xidməti) Departamentinin yüksək səviyyəli rəsmiləri ilə görüşür və maliyyə məsələlərini həll edir...”
13. Məhkəmə daha sonra ikinci ərizəçinin qəzetdə rəsmi üzr istəməsi haqqında qərar verdi.
14. İddiaçıya ödənilməli kompensasiya məbləğini müəyyən edərkən məhkəmə iddiaçının tələblərini və qəzetin maliyyə durumu barədə informasiyasını nəzərə aldı. Məhkəmə qəzetin illik ümumi gəlirinin təxminən 22,000[2] qrivna olduğunu bildirdi və ərizəçilərin birlikdə G. T.-yə vurduqları mənəvi zərərə görə 15,000[3] qrivna ödəməli olmasını ağlabatan hesab etdi. Ərizəçilərdən dövlət büdcəsinə 750[4] qrivna məbləğində məhkəmə xərclərini ödəmək tələb olundu.
15. Ərizəçilər apellyasiya şikayəti verdilər. Onlar birinci instansiya məhkəməsinə təqdim etdikləri vəsatətlərini yenidən qaldırdılar və həmçinin iddia etdilər ki redaksiya kütləvi informasiya vasitələrinin qeydiyyatını tənzimləyən müvafiq qaydalara uyğun olaraq hüquqi şəxs kimi qeydiyyata alınmayıb və ikinci ərizəçi qanunun tələblərinə uyğun olaraq baş redaktor kimi təyin olunmayıb. Bu səbəblərə görə onlar məhkəmə prosesində iştirak edə bilməyəcəklərini iddia etdilər.
16. Ərizəçilər daha sonra iddia etdilər ki onların mülki məsuliyyətə cəlb olunması Mətbuat haqqında Qanunun 41-ci maddəsi və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi və Jurnalistlərin Sosial Müdafiəsi haqqında Qanunun 17-ci maddəsinə zidd olub. Onlar G.T.-ni ləkələmək istəməyiblər və materialı dərc etməklə orada göstərilmiş ictimai əhəmiyyətli məsələlərin ictimai müzakirəsini təşviq etmək istəyiblər. Onlar bildirdilər ki onların materialı yaymaq vəzifəsi, ictimaiyyətin isə onu almaq hüququ var.
17. İkinci ərizəçi həmçinin mübahisə olunan materialın dərc olunmasına icazə vermədiyini və qanunvericiliyin üzr istənilməsini defamasiyaya görə sanksiya kimi nəzərdə tutmadığını iddia etdi.
18. 14 sentyabr 2004-cü ildə və 24 fevral 2005-ci ildə, müvafiq olaraq Odessa Regional Apellyasiya Məhkəməsi və Ali Məhkəmə ərizəçilərin şikayətlərini təmin etmədi və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı.
19. 3 iyul 2006-cı ildə ərizəçilər və G.T. barışıq sazişi bağladılar. Həmin sazişə əsasən, G.T. 7 may 2004-cü il tarixli qətnamədə nəzərdə tutulmuş kompensasiya ilə bağlı bütün iddialarından imtina etdi. Öz növbəsində ərizəçilər məhkəmə xərclərini ödəməyi və G.T.-nin sorğuları əsasında dəyəri qətnamədəki kompensasiya məbləğini aşmayacaq həddə reklam və informasiya xarakterli materialları Pravoye Delo qəzetində dərc etməyi öhdələrinə götürdülər.
20. 2008-ci ildə ərizəçilər Pravoye Delo qəzetini çap etməyi dayandırdılar.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. 28 iyun 1996-cı il tarixli Ukrayna Konstitusiyası
21. Konstitusiyadan müvafiq çıxarışlar:
Maddə 32
“ ...Hər kəsin özü və ailə üzvləri haqqında yanlış məlumata düzəliş etmək və istənilən növ məlumata düzəliş edilməsini tələb etmək və belə yanlış məlumatın toplanması, saxlanması, istifadəsi və yayılması nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya almaq hüququnun məhkəmə müdafiəsinə təminat verilir.
Maddə 34
“Hər kəsin fikir və söz azadlığı hüququna və öz fikir və əqidəsini açıqlamaq azadlığına təminat verilir.
Hər kəsin istədiyi məlumatı yazılı, şifahi, və ya öz seçimi əsasında istənilən yolla toplamaq, saxlamaq, istifadə etmək və yaymaq azadlığı vardır.
Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, əhalinin sağlamlığının qorunması üçün, digər şəxslərin nüfuzunun müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla məhdudlaşdırıla bilər.”
B. 1963-cü il tarixli Mülki Məcəllə (1 yanvar 2004-cü ildə qüvvədən düşüb)
22. Mülki Məcəllədən müvafiq çıxarışlar:
Maddə 7. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi
“Fiziki şəxs və ya təşkilat onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən və ya maraqlarına ziyan vuran və həqiqət olmayan və ya həqiqətə uyğun olmayan formada təqdim edilən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin...
Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar yayılmış vətəndaş və təşkilatın həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır...”
C. 2003-cü il tarixli Mülki Məcəllə (1 yanvar 2004-cü il tarixində qüvvəyə minib)
23. 2003-cü il tarixli Mülki Məcəllənin bu işlə bağlı normaları aşağıda qeyd olunub:
Maddə 16. Mülki hüquq və maraqların məhkəmə müdafiəsi
1. Hər kəs öz hüquq və maraqlarının qorunması üçün qanunla nəzərdə tutulmuş məhkəməyə müraciət etmək haqqına malikdir.
2. Mülki hüquq və maraqların müdafiəsi üsullarına aiddir:
1) hüququn tanınması;
2) aktın etibarsız elan edilməsi;
3) hüququ pozan hərəkətin dayandırılması;
4) hüquq pozuntusuna qədər mövcud olmuş durumun bərpası;
5) öhdəliyin xüsusi qaydada icrası;
6) hüquq münasibətlərinin dəyişdirilməsi;
7) hüquq münasibətlərinin dayandırılması;
8) maddi zərərə görə kompensasiya...;
9) mənəvi zərərə görə kompensasiya;
10) dövlət qurumunun qərar, hərəkət və ya hərəkətsizliyinin qanunsuz elan edilməsi;
...
Məhkəmə müqavilə və ya qanuna əsasən hüquq və maraqların müdafiəsi üçün başqa vasitələr müəyyən edə bilər...”
Maddə 277. Yalan informasiyanın təkzibi
“1. Yalan məlumatların yayılması nəticəsində özünün və ailə üzvlərinin qeyri-maddi hüquqları pozulmuş fiziki şəxsin cavab vermək və həmin informasiyanı təkzib etmək hüququ var.
...
3. Şəxs haqqında yayılmış mənfi informasiya həqiqətə uyğun olmayan hesab edilməlidir, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
4. Həqiqətə uyğun olmayan məlumatı onu yaymış şəxs təkzib etməlidir...
5. Həqiqətə uyğun olmayan məlumat hüquqi şəxsin qəbul etdiyi sənəddə əks olunubsa, həmin sənəd geriyə ləğv olunmalıdır.
6. Qeyri-maddi hüquqları kütləvi informasiya vasitələrində pozulmuş fiziki şəxs həmin kütləvi informasiya vasitəsində də qanunla nəzərdə tutulmuş qaydada cavab vermək və həqiqətəuyğun olmayan məlumatın təkzib vermək hüququna malikdir...
Həqiqətə uyğun olmayan informasiya onu yayan şəxsin təqsirli olmasından asılı olmayaraq təkzib olunmalıdır.
7. Həqiqətə uyğun olmayan informasiya onun yayıldığı qaydada təkzib edilməlidir.”
D. 2 oktyabr 1992-ci il tarixli İnformasiya haqqında Qanun
24. İnformasiya haqqında Qanunun müvafiq vaxtda aşağıdakı kimi ifadə olunan çıxarışlarında nəzərdə tutulur:
Maddə 20. Kütləvi informasiya vasitəsi
“Çap kütləvi informasiya vasitəsinə (mətbuat) qəzet, jurnal, bülleten kimi dövri nəşrlər və müəyyən dövriyyəsi olan çap məhsulu nəzərdə tutulur.
Audiovizual kütləvi informasiyasına radio, televiziya, kino, audio, video yazı və s. aiddir.
Müəyyən medianın yaradılması proseduru həmin media ilə bağlı qanunlarla müəyyən olunmalıdır.”
Maddə 47. İnformasiya haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
“...
İnformasiya haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti aşağıdakı pozuntuları törətmiş şəxslər daşıyır: ...
şəxsin şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatın yayılması ...”
Maddə 49. Maddi və mənəvi zərərə görə kompensasiya
“İnformasiya fəaliyyətlərinə cəlb olunmuş təsisatın törətdiyi hüquq pozuntusuna görə maddi və mənəvi zərər çəkmiş fiziki və hüquqi şəxslərə bu pozuntuya görə məsuliyyət daşıyan şəxslər könüllü olaraq və ya məhkəmə qərarına əsasən zərərə görə kompensasiya ödəməlidir...”
E. 16 noyabr 1992-ci il tarixli Çap Kütləvi İnformasiya Vasitəsi (Mətbuat) haqqında Qanun
25. Mətbuat haqqında Qanundan müvafiq çıxarışlar nəzərdə tutur:
Maddə 1. Ukraynada Çap Kütləvi İnformasiya Vasitəsi (Mətbuat)
Ukraynada çap kütləvi informasiya vasitəsi (mətbuat) bu Qanunun 1-ci maddəsində qeyd olunduğu kimi dövlət qeydiyyatı sertifikatına əsasən daimi ad altında [azı] ildə bir dəfə dövrü və davamlı dərc olunan nəşrlərdir...”
Maddə 7. Çap kütləvi informasiya vasitəsinin fəaliyyət subyektləri
“Çap kütləvi informasiya vasitəsi fəaliyyətinin subyektlərinə onların təsisçiləri (və ya həmtəsisçiləri), redaktorları (və ya baş redaktorları), redaksiya ...aiddir.”
Maddə 21. Çap kütləvi informasiya vasitəsinin redaksiyası
Redaksiya onun təsisçisinin (və ya həmtəsisçiləri) göstərişlərinə əsasən çap kütləvi informasiya vasitəsini çapa hazırlayır və dərc edilməsini təmin edir.
Redaksiya özünün nizamnaməsinə əsasən fəaliyyət göstərir və təsisçinin (və ya həmtəsisçilərinin) təsdiqlədiyi çap kütləvi informasiya vasitəsininin proqramını həyata keçirir.
Redaksiya Ukrayna qanunvericiliyinə əsasən dövlət qeydiyyatından keçdiyi gündən hüquqi şəxs statusunu əldə edir.”
Maddə 23. Çap kütləvi informasiya vasitəsinin redaktoru (baş redaktoru)
“Redaktor (baş redaktor) ...təsisçinin (və ya həmtəsisçilərin) təsdiqi əsasında redaksiyanın rəhbəri olan şəxsdir.
Redaktor (baş redaktor) təşkilatın nizamnaməsində nəzərdə tutulmuş qaydada öz səlahiyyətləri çərçivəsində redaksiyanın fəaliyyətinə rəhbərlik edir, təsisçi (və ya həmtəsisçilərlə), nəşriyyatçı, müəlliflər, dövlət orqanları, vətənaşlar və onların təşkilatları ilə münasibətlərdə, eləcə də məhkəmə və arbitraj məhkəmələrində, münsiflər məhkəməsində redaksiya heyətini təmsil edir və çap kütləvi informasiya vasitəsi və redaksiyanın fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun olmasına görə məsuliyyət daşıyır...”
Maddə 26. Çap kütləvi informasiya vasitəsinin dövlət qeydiyyatı
“... Ukraynada bütün çap kütləvi informasiya vasitələri yayılma sahəsindən, dövriyyəsindən və yaradılma üsulundan asılı olmayaraq dövlət qeydiyyatından keçirilməlidir ...”
Maddə 32. Nəşr məlumatları
“Çap kütləvi informasiya vasitəsinin hər buraxılışında aşağıdakı məlumat əks olunmalıdır:
(1) nəşrin adı ...
Nəşr (istinad) məlumatı olmadan çap məhsulunun yayılması qadağandır.”
Maddə 37. İnformasiyanın təkzibi
“Vətəndaşlar, hüquqi şəxslər və dövlət oqanları və onların nümayəndələri çap kütləvi informasiya vasitəsinin redaksiyasının onlar haqqında yayılmış şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təkzibini dərc etməyi tələb etmək haqqı var.
Redaksiyanın dərc etdiyi materialın həqiqəti əks etdirdiyinə dair sübutu olmaqdıqda iddiaçının tələbi ilə və ya öz təşəbbüsü ilə bəhs olunan çap kütləvi informasiya vasitəsinin növbəti buraxılışında təkzib dərc etməlidir...”
Maddə 41. Məsuliyyətin əsasları
“Redaksiya, təsisçilər, nəşriyyatçılar, yayıcılar, dövlət orqanları, vətəndaşların yaratdığı təşkilat və assosiasiyalar çap kütləvi informasiya vasitəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət daşımalıdırlar.
Çap kütləvi informasiya vasitəsi haqqında qanunvericiliyin pozuntularına aiddir:
1) İnformasiya haqqında Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş pozuntular...
Bu pozuntuya görə təqsirli tərəf Ukraynanın qüvvədə olan qanunvericiliyinə əsasən, intizam, mülki, inzibati və ya cinayət məsuliyyətinə məsuliyyətə cəlb olunur.
Jurnalist...redaktor (və ya baş redaktor) və ya bu qanunun pozulmasına səbəb olmuş materialın dərc edilməsinə razılıq vermiş başqa şəxslər çap kütləvi informasiya vasitəsi azadlığından sui-istifadəyə görə materialın müəllifi ilə eyni məsuliyyət daşıyır.”
Maddə 42. Məsuliyyətdən azad etmə
“Redaksiya və jurnalistlər yalan, vətəndaş və təşkilatların şərəf və ləyaqətlərini ləkələyən, vətəndaşların hüquq və qanuni maraqlarını pozan və ya çap kütləvi informasiya vasitəsinin azadlığı və jurnalistlərin hüquqlarından sui-istifadə təşkil edən materialın dərcinə görə aşağıdakı hallarda məsuliyyət daşımır:
1) informasiya xəbərlər agentliyindən və ya media mənbəyinin təsisçisindən (həmtəsisçilərindən) alınıbsa;
2) informasiya İnformasiya haqqında Qanuna uyğun olaraq təqdim olunmuş rəsmi sənədlərə çatımlıq haqqında müraciətə və yazılı və ya şifahi informasiya sorğusuna cavabda əks olunubsa;
3) informasiya dövlət orqanları, vətəndaşların təşkilatları və assosiasiyalarının vəzifəli şəxslərinin rəsmi çıxışlarında olduğu kimi təkrar edilibsə;
4) informasiya digər kütləvi informasiya vasitəsinin dərc etdiyi materialdan götürülməklə olduğu kimi təkrar edilib və həmin materiala istinadı əks etdirib;
5) informasiya qanunla xüsusi olaraq qorunan sirləri əks etdirir, bu şərtlə ki jurnalist həmin informasiyanı qanunsuz əldə etməsin.”
F. Kütləvi İnformasiya Vasitəsinə Dövlət Dəstəyi və Jurnalistlərin Sosial Müdafiəsi haqqında 23 sentyabr 1997-ci il tarixli Qanun
26. Qanundan müvafiq çıxarışlar:
Maddə 17. Jurnalistin həyatı və səhhətinə qəsd və başqa əməllərə görə məsuliyyət və jurnalistin mənəvi zərər vurmasına görə məsuliyyəti
“... Məhkəmə jurnalist və ya kütləvi informasiya vasitəsinin cavabdeh və siyasi partiya, seçki bloku, (və ya) vəzifəli şəxs(lər)in iddiaçı qismində iştirak etdiyi mənəvi zərərlə bağlı mübahisələrə baxarkən mənəvi zərərə görə kompensasiyanı o halda təyin edir ki jurnalist və ya kütləvi informasiya vasitəsinin vəzifəli şəxsinin əməlində qəsd elementi olsun. Məhkəmə iddiaçının şərəf, ləyaqət və nüfuzunu qorumaq məqsədilə həqiqətə uyğun olmayan materialın təkzibi və bütöv mübahisənin həlli üçün məhkəmədən kənar, özəlliklə də məhkəməyə qədərki imkanlardan istifadə etməsinin nəticələrini nəzərə almalıdır. İşin hallarından asılı olaraq, məhkəmə mənəvi zərərlə bağlı kompensasiya təyin etməkdən imtina edə bilər.
Jurnalistin və (və ya) kütləvi informasiya vasitəsinin vəzifəli şəxsinin qəsdi informasiyanın yalan olduğunu bilməklə və onun ictimai təhlükəli nəticələrini görməklə yayılmasına imkan verməsidir.
Jurnalist və (və ya) kütləvi informasiya vasitəsi həqiqətə uyğun olmayan məlumatın yayılmasına görə o halda məsuliyyət daşımır ki jurnalist vicdanlı davranıb və informasiyanı yoxlayıb.”
G. Ukrayna Ali Məhkəməsinin 27 fevral 2009-cu il tarixli fiziki şəxsin şərəf və ləyaqəti və fiziki və hüquqi şəxsin nüfuzunun müdafiəsi ilə bağlı işlərdə məhkəmə təcrübəsi haqqında Plenum Qərarı
27. Ali Məhkəmənin Plenum Qərarının müvafiq çıxarışlarında qeyd olunub:
“26. Ukrayna Konstitusiyasının 19-cu maddəsinə əsasən, Ukraynada hüquq qaydası o prinsipə əsaslanıb ki heç kəs qanunvericiliklə nəzərdə tutulmayan fəaliyyətlərə məcbur edilə bilməz. Öz növbəsində Ukrayna Konstitusiyasının 34-cü maddəsinin 1-ci bəndi hər kəsin fikir və söz azadlığına və öz fikir və əqidəsini azad ifadə etməyə təminat verir.
Məhkəmənin cavabdehin üzərinə iddiaçıdan üzr istəmək öhdəliyini qoymaq səlahiyyəti yoxdur, çünki 2003-cü il tarixli Mülki Məcəllənin 16-cı və 277-ci maddələri yalan məlumat yayıldığı halda şərəf, ləyaqət və işgüzar nüfuzun məhkəmə müdafiəsi üsulu kimi məcburi üzr istəməni nəzərdə tutmur.”
H. 2003-cü il tarixli Mülki Məcəllənin 16-cı və 277-ci maddələrinin tətbiqi ilə bağlı Ali Məhkəmənin məhkəmə təcrübəsi
28. Ali Məhkəmə Plenumun defamasiya işlərinə yanaşmasını təsdiq etməklə, aşağı məhkəmələrin cavabdehin, inter alia, üzr istəməsini tələb edən qərarlarını qanuni əsasları olmayan aktlar kimi ləğv etdi. Özəlliklə də Ali Məhkəmənin (17 iyun 2009-cu il tarixli) qərarından müvafiq çıxarışda qeyd olundu:
“...Məhkəmə(lər) cavabdehin üzərinə iddiaçıdan bu və ya digər formada üzr istəmə öhdəliyini qoymaq səlahiyyətinə malik deyil, çünki 2003-cü il tarixli Mülki Məcəllənin 16-cı və 277-ci maddələri yalan məlumat yayıldığı halda şərəf, ləyaqət və işgüzar nüfuzun məhkəmə müdafiəsi üsulu kimi üzr istəməyə məcbur edilməni nəzərdə tutmur. İnsanı əqidəsini dəyişməyə məcbur etmə Ukrayna Konstitusiyası və Konvensiyanın 10-cu maddəsi ilə qorunan söz və ifadə azadlığına müdaxilədir...”
II. aVROPA ŞURASI VƏ DİGƏR BEYNƏLXALQ SƏNƏDLƏR
A. İnternetin ictimai xidmət dəyərini təşviq etmək üçün tədbirlər haqqında üzv dövlətlərə Nazirlər Komitəsinin CM/Rec(2007)16 Tövsiyəsi
29. 7 noyabr 2007-ci il tarixli 1010-cu iclasında Nazir Müavinləri yeni informasiya və kommunikasiya texnologiyaları və xidmətlərindən istifadənin önəmli aspektlərini, özəlliklə interneti insan hüquqları və əsas azadlıqlarının qorunması kontekstində nəzərdən keçirdilər. Onlar ictimaiyyətin çeşidli informasiya mənbələri ilə təmin olunmasında internetin artmaqda olan rolunu və insanların internetdən əsas ünsiyyət vasitəsi kimi asılılığının əhəmiyyətli dərəcədə artdığını qeyd etdilər.
30. Qeyd olundu ki bir tərəfdən İnternet ifadə azadlığı kimi insan hüquqları və əsas azadlıqların həyata keçirilməsini əhəmiyyətli dərəcədə gücləndirə, başqa tərəfdən şəxsi həyata hörmət hüququ, yazışmanın gizliliyi, insanların ləyaqəti kimi başqa hüquq, azadlıq və dəyərlərə mənfi təsir edə bilər.
31. Nazir müavinləri internetin idarə olunması sahəsində Avropa Şurasının üzv dövlətləri üçün tövsiyələr təsdiq etdilər. Tövsiyələrə yeni informasiya və kommunikasiya texnologiyaları sahəsində əsas maraqlı tərəflərin rolları və məsuliyyətləri arasında sərhədləri nizamlayacaq aydın hüquqi normalar yaratmaq və bu sahədə əsas iştirakçıların məsuliyyətə cəlb olunmasına imkan verən açıq və şəffaf özünütənzimləmə və birgə tənzimləmə mexanizmi hazırlamaqda özəl sektora dəstək verməkdir.
B. BMT-nin Fikir və İfadə Azadlığı üzrə Xüsusi Məruzəçisinin, Media Azadlığı üzrə ATƏT Nümayəndəsi və Amerika Dövlətləri Təşkilatının İfadə Azadlığı üzrə Xüsusi Məruzəçisinin 21 dekabr 2005-ci il tarixli Birgə Bəyannaməsi
32. İnformasiya və ideyaların azad axımına yardım edən vasitə kimi İnternetin artan rolu cənab A. Liqabo, cənab M. Haraszti və cənab E. Bertoninin hazırladığı Birgə Bəyannamədə qeyd olunub. Onlar ifadə azadlığı sahəsində beynəlxalq təminatların internetə birbaşa tətbiqinin zəruri olduğunu vurğuladılar. Bu kontekstdə qeyd olundu ki şəxs internetdə müəllifi olmadığı materiala görə o halda məsuliyyət daşıyır ki həmin materialın ona məxsus olduğunu bildirsin və ya həmin yazını aradan qaldırmaq barədə məhkəmə qərarına tabe olmaqdan imtina etsin.
HÜQUQİ MƏSƏLƏLƏRKONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
33. Ərizəçilər şikayət edirdilər ki Pravoye Delo qəzetində 19 sentyabr 2003-cü ildə dərc edilmiş materialın məzmunu ilə bağlı G.T.-nin iddiasını təmin etməklə məhkəmələr onların ifadə azadlığını pozub. Onlar müdaxilənin qanunla nəzərdə tutulmadığını və demokratik cəmiyyətdə zəruri olmadığını bildirdilər. Ərizəçilərin istinad etdiyi Konvensiyasının 10-cu maddəsinə əsasən,
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
A. Qəbuledilənlik
34. Hökumət bildirdi ki ərizəçilər Konvensiyanın 10-cu maddəsinin pozulmasının qurbanı olduqlarını iddia edə bilməzlər, çünki onların ifadə azadlığı hüququna müdaxilə yerli məhkəmələrin qərarlarına əsaslanıb. Ərizəçilər Konvensiyanın 6-cı maddənin 1-ci bəndinə istinadən mübahisələndirilən məhkəmə proseslərinin ədalətsiz olmasından şikayət etməyiblər və bu proseslərdə qanunsuzluqlar olmayıb və Məhkəmə faktların qiymətləndirilməsi və yerli məhkəmələrin qanunu tətbiq etməsi ilə bağlı məhdud yurisdiksiyaya malikdir. Bu əsaslarla Hökumət Məhkəmədən şikayəti Konvensiya müddəaları ilə ratione personae uyğun olmayan sayılmasını xahiş etdi.
35. Ərizəçilər razılaşmadılar.
36. Məhkəmə hesab edir ki Hökumətin etirazı ərizəçilərin Konvensiyanın 10-cu maddəsinə istinadən etdikləri şikayətin mahiyyəti ilə yaxından bağlıdır və bu səbəbdən işə mahiyyəti üzrə baxışla birləşdirilməlidir.
37. Məhkəmə qeyd edir ki ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi baxımından açıq-aşkar əsassız deyil. Ərizənin qəbuledilməyən elan edilməsi üçün heç bir başqa əsas da yoxdur. Bu səbəbdən ərizə qəbuledilən hesab edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin dəlilləri
(a) Ərizəçilər
38. Ərizəçilər iddia edirdilər ki defamasiyaya görə mətbuatın məsuliyyətini nəzərdə tutan daxili qanunvericilik aydın və öncədən görülə bilən olmayıb və yerli məhkəmələr jurnalistlərin yoxlanılmamış məlumatları yaymasına görə cəzanın tətbiqinə qarşı qanunvericilikdəki müvafiq təminatları nəzərə almayıb. Onlar bildirdilər ki məhkəmələr nəzərə almayıblar ki onlar G.T. haqqında informasiyanı yaymayıblar, ikinci ərizəçi materialın dərc edilməsinə razılıq verməyib, onlar özlərini materialdan kifayət qədər uzaq tutublar və G.T. məhkəmədə defamasiya iddiası qaldırmamışdan öncə redaksiyanın təkzib verməsini xahiş etmək imkanından yararlanmayıb.
39. İkinci ərizəçi həm də iddia etdi ki Ukrayna qanunvericiliyi defamasiyaya görə sanksiya kimi üzr istəmək öhdəliyi nəzərdə tutmur.
40. Ərizəçilər daha sonra bildirdilər ki onlar vaxtilə internetdə yayılmış materialı orda göstərilmiş önəmli siyasi əhəmiyyətli məsələlərin sonrakı müzakirəsini təşviq etmək üçün yayıblar. Onlar ödəməli olduqları kompensasiyanın qəzetin illik gəlirini nəzərdə aldıqda çox yüksək olduğunu və bunu mütənasib olmayan yük saydıqlarını bildirdilər. Onlar bu kontekstdə Pravoye Delo qəzetinin çapını davam etdirə bilmədiklərini söylədilər.
(b) Hökumət
41. Hökumət iddia etdi ki ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə qanuni olub, çünki daxili qanunveriliyin normaları, yəni ərizəçilərin işində milli məhkəmələrin tətbiq etdiyi 1963-cü il Mülki Məcəlləsinin 7-ci maddəsi, 2 oktyabr 1992-ci il tarixli İnformasiya haqqında Qanunun 47-ci maddəsi və Mətbuat haqqında 1992-ci il 16 noyabr tarixli Qanunun 1-ci, 32-ci və 42-ci maddələri anlaşıqlı, çatımlı və öncədən görülə bilən olub.
42. Hökumət müdaxilənin mübahisə olunan məqalənin dərc edilməsi ilə hüquqları pozulmuş şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsinə yönəldiyini iddia etdi. Onlar hesab edir ki bu, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən legitim məqsəd olub və ərizəçilər bunu inkar etməyib.
43. Hökumət iddia etdi ki məqalə Ukraynada idmanın inkişafına tövhə vermiş tanınmış ictimai fiqura qarşı yönəlmiş fakt xarakterli ciddi iddiaları əks etdirib. Ərizəçilər bu iddialarının həqiqətə uyğun olduğunu sübut edə bilməyib. Veb səhifədən götürülmüş materialı yenidən dərc etmələri faktı onları məsuliyyətdən azad etmək üçün kifayət deyil, çünki milli qanunvericilik internetdən götürülmüş informasiyanın hüquqi statusunu müəyyən etməyib. Hökumət bu işdə müdaxilənin zəruri olduğunu bildirdi.
43. Hökumət həmçinin bildirdi ki ərizəçilərin məhkəmənin təyin etdiyi kompensasiyanı ödəmək öhdəliyi yox idi, çünki 7 may 2004-cü il tarixli qətnamənin icrası mərhələsində tərəflərin bağladığı barışıq sazişi bu öhdəliyi aradan qaldırmışdı. Hökumət qəzetin məhz qeyd olunan müdaxilə nəticəsində fəaliyyətini dayandırdığını ərizəçilərin sübut etmədiyini bildirdi.
44. Məhkəmənin Vitrenko və Başqaları Ukraynaya qarşı ((qərar), 23510/02, 16 dekabr 2008) işindəki qəbuledilənlik haqqında qərarına istinadən hökumət iddia etdi ki məhkəmənin üzr istənilməsi haqqında tələbi təmin edən qərarı Konvensiyanın 10-cu maddəsində əks olunan prinsiplərə zidd olmayıb.
45. Yuxarıdakı əsaslara görə Hökumət bildirdi ki mübahisə olunan müdaxilə proporsional olmayıb.
2. Məhkəmənin qiymətləndirməsi
(a) İfadə azadlığına müdaxilənin olması
46. Məhkəmə müşahidə edir ki mübahisə olunan məqalə fakt xarakterli ləkələyici məlumatları əks etdirib. Mülki məhkəmələrin işə baxdığı zamanı müəyyən etdikləri hallara əsasən, Ukrayna Milli Tay Güləş Federasiyasının prezidenti olan ictimai fiqurun mütəşəkkil cinayətkar qrupun üzvü və “qətl hadisələrinin əlaqələndiricisi və sifarişçisi” olduğu bildirilib. Ərizəçilər bu məlumatların həqiqət olduğunu sübut edə bilməyib və məhkəmələr onların təkzib və üzr istəməsini tələb edib və məqalənin dərc edilməsi ilə müvafiq şəxsə vurulan mənəvi zərəri kompensasiya etməyi onlardan tələb edib.
47. Məhkəmə yerli məhkəmələrin qərarlarının ərizəçilərin ifadə azadlığına müdaxilə təşkil etdiyini hesab edir.
48. Məhkəmə vurğulayır ki Konvensiyanın 10-cu maddəsinə əsasən nəzarət funksiyasını yerinə yetirərkən onun vəzifəsi müdaxiləni işin bütün hallarını kontekstində nəzərdən keçirmək, özəlliklə də milli səviyyədə vəzifəli şəxslərin istinad etdikləri səbəblərin uyğun olduğunu və kifayət etdiyini müəyyən etməkdir (bax, başqa qərarlarla yanaşı Fressoz and Roire v. France [GC], no. 29183/95, § 45, ECHR 1999-I). Bu, məhkəmələrin Konvensiyanın 6-cı maddəsinin prosessual təminatlarına əməl etməsi ilə bağlı şikayətlər qaldırılıb - qaldırılmamasından asılı olmayaraq yerli məhkəmələrin qərarlarına baxılmasına gətirib çıxara bilər. Bu səbəbdən Məhkəmə ərizəçilərin qurban statusu ilə bağlı Hökumətin etirazlarını rədd edir.
49. Məhkəmə müdaxilənin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əsaslandırıldığını yoxlayacaq.
(b) Müdaxilənin qanunla nəzərdə tutulması
51. Məhkəmə qeyd edir ki Konvensiyanın 10-cu maddəsi altında birinci və ən önəmli şərt odur ki ifadə azadlığına dövlətin istənilən müdaxiləsi qanuni olmalıdır: ikinci bəndin birinci cümləsi nəzərdə tutur ki ifadə azadlığına istənilən müdaxilə “qanunla nəzərdə tutulmalıdır”. Bu şərtə cavab vermək üçün müdaxilənin daxili qanunvericilikdə əsasının olması kifayət deyil. Qanun özü “keyfiyyət”in müəyyən tələblərinə cavab verməlidir. Özəlliklə də norma vətəndaşa öz fəaliyyətini tənzimləmək imkanı verməyə kifayət edəcək dərəcədə aydın və dəqiq deyilsə, qanun kimi nəzərdən keçirilə bilməz: şəxs özü və ya zəruri olsa müvafiq məsləhət almaqla, işin hallarından asılı olaraq ağlabatan sayılacaq dərəcədə hərəkətinin nəticələrini öncədən görə bilməlidir (bax, Lindon, Otchakovsky-Laurens and July v. France [GC], nos. 21279/02 and 36448/02, § 41, ECHR 2007‑XI).
50. Bəhs olunan aktın dəqiqlik dərəcəsi əsasən onun məzmunundan, əhatə etdiyi sahədən, yönəldiyi şəxslərin sayı və statusundan asılıdır (bax, Groppera Radio AG and Others v. Switzerland, 28 March 1990, § 68, Series A no. 173). Gözlənilənlik anlayışı yalnız ərizəçinin davranışın nəticələrini ağlabatan olaraq ehtimal edə bilməsi deyil, həmçinin daxili qanunlara zidd davrandıqda bu fəaliyyətlə bağlı “formallıqlar, şərtlər, məhdudiyyətlər və ya cəzalara” məruz qala biləcəyindən xəbərdar olmanı ehtiva edir (bax, mutatis mutandis, Kafkaris v. Cyprus [GC], no. 21906/04, § 140, ECHR 2008‑...).
51. Məhkəmə müşahidə edir ki bu işdə müdaxilənin qanuniliyi haqqında ərizəçilərin qeydləri əsasən iki konkret məsələ ilə bağlıdır: jurnalistlərin xüsusi təminatları ilə bağlı müvafiq qanunvericilik normalarının kifayət qədər aydın olmadığı və defamasiyaya görə üzr istəmək öhdəliyinin hüquqi əsaslının olmadığı ilə bağlı iddialar.
(i) Ukrayna qanunvericiliyində defamasiya ilə bağlı nəzərdə tutulmuş tədbirlər
52. Sonuncu məsələ ilə bağlı Məhkəmə müşahidə edir ki Ukrayna qanununa əsasən, defamasiya işlərində zərərçəkən tərəflər yalan və ləkələyici məlumatların təkzibini və vurulmuş zərərə görə kompensasiyanı tələb edə bilər. Ərizəçilərin işində hər iki tədbir tətbiq olunub. Bununla belə məhkəmələr bu tədbirlərə əlavə olaraq ikinci ərizəçinin qəzetdə rəsmi üzr dərc etməsini müəyyən edib. Məhkəmə müşahidə edir ki daxili qanunvericilikdə bu tədbir spesifik olaraq nəzərdə tutulmayıb.
53. Məhkəmə artıq Rusiyaya qarşı bir işdə oxşar vəziyyətlə qarşılaşıb. Həmin işdə Məhkəmə belə bir yanaşma göstərməyə hazır idi ki daxili qanunvericilikdəki təkzib və ya düzəliş anlayışlarının üzr istənilməsini də əhatə etməsinin mümkünlüyü haqqında yerli məhkəmələrin verdiyi şərhlər Konvensiya baxımından mübahisəli müdaxilənin qanunsuz etməyə bilər (Kazakov v. Russia, no. 1758/02, § 24, 18 December 2008).
54. Bununla belə yuxarıda göstərilən məhkəmə işindən fərqli olaraq hazırkı işdə sübut və ya heç olmasa inandırıcı arqument yoxdur ki Ukrayna məhkəmələri defamasiya işlərində tədbirlərin tətbiq olunmasını tənzimləyən hüquq normalarına genişləndirici şərh verməyə meylli idilər və ya bu işdə göstərilmiş yanaşma bu tip işlərdə məhkəmələrin adətən göstərdiyi mövqe idi.
55. Məhkəmə müşahidə edir ki ikinci ərizəçinin bununla bağlı spesifik və uyğun şikayətlərinin olmasına baxmayaraq daxili məhkəmələr müvafiq daxili qaydalardan acıq-aşkar uzaqlaşmaları ilə bağlı əsaslandırma verməyib (bax yuxarıdakı 17-ci bənd). Hökumətin bununla bağlı açıqlamaları da məsələyə aydınlıq gətirməyib.
56. Mübahisəli hadisələrdən sonra aydın olmuş müvafiq yerli məhkəmə təcrübəsinə əsasən, defamasiya işlərində üzr istəmək vəzifəsinin qoyulması ifadə azadlığına dair konstitusion təminatlara zidd ola bilər (bax yuxarıdakı 27-28-ci bəndlər).
57. Bu şəraitdə Məhkəmə müəyyən edir ki məhkəmənin ikinci ərizəçinin üzərinə üzr istəmək vəzifəsini qoyması qanunla nəzərdə tutulmamışdı və müvafiq olaraq Konvensiyanın 10-cu maddəsi pozulub.
(ii) Ukrayna qanunvericiliyində jurnalistlər üçün xüsusi təminatlar
58. Məhkəmə müşahidə edir ki mübahisəli material ictimaiyyətə açıq olan internet qəzetindən götürülmüş və yenidən olduğu kimi çap olunmuş material idi. O, materialın mənbəyinə istinadı və redaksiyanın çap olunmuş materiala aidiyyəti olmadığı barədə şərhlərini əks etdirirdi.
59. Ukrayna qanunvericiliyi, özəlliklə də Mətbuat haqqında Qanun jurnalistləri mətbuatda çap edilmiş materialın olduğu kimi yenidən çapına görə mülki məsuliyyətdən azad edir (bax, yuxarıdakı 25-ci bənd). Məhkəmə müəyyən edir ki bu müddəa ümumilikdə jurnalistlərin başqalarının verdiyi məlumatları yayma hüququna uyğun gəlir (bax, Jersild v. Denmark, 23 September 1994, § 35, Series A no. 298, and Thoma v. Luxembourg, no. 38432/97, § 62, ECHR 2001‑III).
60. Bununla belə yerli məhkəmələrə görə Mətbuat haqqında Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçməmiş internet saytından götürülmüş materialı yenidən çap edən jurnalistlər üçün belə immunitet nəzərdə tutulmayıb. Bununla bağlı Məhkəmə qeyd edir ki internet mediasının dövlət qeydiyyatını tənzimləyən yerli qaydalar olmayıb və Hökumətin verdiyi informasiyaya əsasən, Mətbuat haqqında Qanun və Ukraynada media münasibətlərini tənzimləyən başqa normativ aktlar internet mediasının və ya internetdən əldə edilmiş informasiyanın statusu ilə bağlı hər hansı norma nəzərdə tutmur.
61. Bu doğrudur ki internet özəlliklə də informasiyanın saxlanması və ötürülməsi imkanları baxımından mətbuatdan fərqlənən informasiya və ünsiyyət vasitəsidir. Dünyada milyardlarla istifadəçiyə xidmət edən elektron şəbəkə eyni qaydalara və tənzimlənməyə məruz qalmır və qala bilməz. Məzmun və ünsiyyət imkanları baxımından internetin insan haqları və azadlıqlarına, özəlliklə də şəxsi həyata hörmət hüququnun həyata keçirilməsinə ziyan vurmaq riski mətbuata nisbətdə daha ciddidir. Buna görə də mətbuat və internetdən götürülmüş materialların yenidən çapını tənzimləmə siyasəti fərqli ola bilər. Şübhəsiz, bu siyasət müvafiq hüquq və vəzifələrin müdafiəsi naminə texnoloji xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır.
64. Bununla belə, peşəkar kütləvi informasiya vasitələrinin fəaliyyətləri kontekstində internetin oynadığı rolu (para 29-32) və ifadə azadlığı hüququnun həyata keçirilməsində əhəmiyyətini nəzərə alaraq (Times Newspapers Ltd v. United Kingdom (nos. 1 and 2), no. 3002/03 and 23676/03, § 27, 10 March 2009), Məhkəmə müəyyən edir ki daxili qanunvericilikdə jurnalistlərin internetdən əldə edilmiş materiallardan sanksiya qorxusu olmadan istifadə etməsinə icazə verən kifayət qədər hüquqi tənzimləmənin olmaması mətbuatın “ictimai nəzarətçi” kimi mühüm funksiyasını yerinə yetirməsinə mane olur. (bax, mutatis mutandis, Observer and Guardian v. the United Kingdom, 26 November 1991, § 59, Series A no. 216). Məhkəmə hesab edir ki belə informasiyaya jurnalistlərin ifadə azadlığı ilə bağlı qanunvericilikdəki qarantiyaların tətbiq edilməməsi Konvensiyanın 10-cu maddəsi altında mətbuat azadlığına əsassız müdaxilə üçün əsas verir.
62. Məhkəmə müşahidə edir ki Ukrayna qanunvericiliyinə əsasən, jurnalist yanlış informasiyanı qəsdən yaymayıbsa, vicdanlı davranıb və belə informasiyanı yoxlayıbsa və ya zərərçəkən məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni həll etmək üçün mümkün olan bütün vasitələrdən istifadə edibsə, jurnalistlər defamasiya işlərində kompensasiya ödəməyə məcbur edilə bilməz (bax, yuxarıda 26-cı bənd). Daxili məhkəmə prosesləri zamanı ərizəçilər müvafiq hüquq normasında nəzərdə tutulmuş xüsusi müdafiədən istifadə etməyə cəhd etdilər. Xüsusilə də onlar mübahisəli materialı dərc etməklə ərizəçini ləkəmək kimi pis niyyətlərinin olmadığını və ictimaiyyətin informasiya almaqda maraqlı olduğunu iddia etdilər. Bundan əlavə, onlar iddia etdilər ki internetdə əvvəllər dərc olunmuş materialı yenidən yaymaqda onların məqsədi ictimai əhəmiyyət daşıyan siyasi məsələlər üzrə müzakirə açılması və debatlara tövhə vermək olub. Onlar həmçinin bildirdilər ki məqalə ilə bağlı şərhlərə açıq olduqlarını ifadə etsələr də iddiaçı onlarla mübahisəni həll etmək üçün hər hansı cıhd etməyib. Bununla belə onların arqumentlərinə məhkəmələr əhəmiyyət vermədi.
66. Bu səbəbdən, Məhkəmə müəyyən edir ki yerli qanunvericilikdə jurnalistlərin internetdən götürülmüş məlumatlardan istifadə etməsinə görə müvafiq təminatlar olmadığı üçün ərizəçilər mübahisələndirilən yazının səbəb olduğu nəticələri öncədən uyğun dərəcədə ehtimal edə bilməzdi. Bu əsasla Məhkəmə nəticəyə gəlir ki Konvensiyanın 10-cu maddəsinin ikinci bəndindəki qanunilik tələbinə əməl olunmayıb.
67. Bu halda Məhkəmə bu müddəa ilə bağlı tərəflərin digər mülahizələrini araşdırmağı və ya sual altında olan müdaxilənin proporsionallığını yoxlamağı zəruri hesab etmir.
68. Beləliklə də işin bu aspekti ilə bağlı Konvensiyanın 10-cu maddəsi pozulub.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
63. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Birinci ərizəçinin təqdimatları
64. Birinci ərizəçi bildirdi ki Konvensiyanın 10-cu maddəsinin pozulmasının tanınması və Ukraynanın öz qanunvericiliyi və məhkəmə təcrübəsini İnternetdə olan və mötəbərliyi sual altında olan ictimai əhəmiyyətli informasiyadan istifadə ilə bağlı “İfadə Azadlığı sahəsində Avropa standartları”na uyğunlaşdırmaq üçün həyata keçirməli olduğu ümumi xarakterli tədbirləri Məhkəmənin müəyyən etməsi iş üzrə ədalətli əvəz ola bilər.
65. Hökumət işin bu aspektinə münasibət bildirmədi.
66. Bu işin hallarını və Konvensiyanın 10-cu maddəsinə əsasən Məhkəmənin iş üzrə gəldiyi nəticələri (bax, yuxarıdakı 64-68-ci bəndlər) nəzərə alan Məhkəmə bu işdə tapılmış pozuntuya son qoymaq üçün xüsusi tədbirləri müəyyən etmək məqsədilə Konvensiyanın 46-cı maddəsinə istinad etməyi zəruri hesab etmir (bax, mutatis mutandis, Broniowski v. Poland [GC], no. 31443/96, § 194, ECHR 2004-V). Məhkəmə həm də qeyd edir ki birinci ərizəçiyə hər hansı ədalətli əvəz təyin etmək xahişi olmayıb.
B. İkinci ərizəçinin təqdimatları
1. Zərər
67. İkinci ərizəçi məruz qaldığı mənəvi zərərə görə 7000 avro xahiş etdi.Hökumət ikinci ərizəçinin tələbini mübahisələndirdi.
68. Məhkəmə hesab edir ki ikinci ərizəçi ifadə azadlığı hüququnun pozulmasına görə müəyyən narahatlıqlar yaşayıb. Bununla əlaqəli olaraq Məhkəmə Konvensiyanın 41-ci maddəsinə uyğun olaraq ədalətli qərar verməklə ona 6,000 avro məbləğində kompensasiya təyin edir.
2. Xərclər və məsrəflər
69. İkinci ərizəçi xərclər və məsrəflərlə bağlı heç bir tələb irəli sürmədi. Buna görə də Məhkəmə bu başlıq altında məbləğ təyin etmir.
3. Qərarın icrasının gecikdirilməsinə görə faiz
70. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏHökumətin ərizəçinin qurban statusu ilə bağlı etirazlarını mahiyyəti üzrə baxışa birləşdirmək qərarına gəlir və bu etirazı rədd edir;
2. Ərizəni qəbuledilən elan edir;
3. Qərara alır ki yerli məhkəmələrin ikinci ərizəçinin üzərinə rəsmi üzr istənilməsini dərc etmək vəzifəsini qoyması Konvensiyanın 10-cu maddəsini pozur;
4. Qərara alır ki ərizəçilərin mübahisəli məqaləyə görə cəzalandırılması Konvensiyanın 10-cu maddəsini pozur.
5. Qərara alır ki
(a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qərarın qüvvəyə mindiyi tarixdən üç ay ərzində ikinci ərizəçiyə 6000 avro (altı min avro) və mənəvi zərərə görə tutula bilən hər hansı verginin məbləğini ödəniş zamanı qüvvədə olan kursa uyğun olaraq cavabdeh dövlətin milli valyutasına çevirməklə ödəməlidir;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir.
6. İkinci ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı digər tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və 5 may 2011-ci ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə müvafiq olaraq qərar barədə yazılı şəkildə məlumat verilib.
Claudia Westerdiek
Dean Spielmann
Katib
Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1]. Təqribən 33,060 avro.
[2]. Təqribən 3,511 avro
[3]. Təqribən 2,394 avro
[4]. Təqribən 120 avro
Full & Egal Universal Law Academy