İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ƏFƏNDİYEV AZƏRBAYCANA QARŞI
(27304/07 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
18 dekabr 2014-cü il
QƏTİ QÜVVƏYƏ MİNMİŞDİR
18/03/2015
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minmişdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Əfəndiyev Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən – İzabel Berro-Lefevr,
Hakimlər –
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Paulo Pinto de Albukerke,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi – Soren Nilsen,
25 noyabr 2014-cü ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Natiq İslam oğlu Əfəndiyevin (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycana qarşı 19 iyun 2007-ci ildə təqdim etdiyi ərizə (27304/07 nömrəli) ilə başlanmışdır.Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab V.Xasayev, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.Ərizəçi xüsusilə barəsindəki cinayət işinə məhkəmədə ədalətli baxılmadığını, belə ki, əsas şahid R.M.-ni dindirmək üçün ona imkan verilmədiyini və bağında aparılmış video çəkilişin ölkə məhkəmələrində işə baxılması zamanı nümayiş etdirilmədiyini iddia etmişdir.16 dekabr 2009-cu ildə ərizə barədə Hökumətə məlumat verilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
1. Ərizəçi 1957-ci ildə anadan olmuş və həbs olunana qədər Gəncə şəhərində yaşamışdır.
6. Ərizəçi Gəncə Şəhər Polis İdarəsi və Daşkəsən Rayon Polis İdarəsinin keçmiş rəisidir. 2001-ci il 11 yanvarda Ağır hərbi cinayətlər üzrə məhkəmə onu müxtəlif cinayətlər törətməkdə təqsirli hesab edərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
7. Avropa Şurasının ekspertləri ərizəçini siyasi məhbus hesab etmişlər. Avropa Şurası Parlament Assambleyası 2002-ci il 26 sentyabrda qəbul etdiyi 1305 (2002) saylı qətnaməsində bəyan etmişdir ki, o, ərizəçinin əfv edilməməsi və ya işinə yenidən baxılmamasından narahatdır.
8. 2005-ci il 20 martda Prezident tərəfindən imzalanmış əfv sərəncamına əsasən ərizəçi cəzasının qalan hissəsini çəkməkdən azad edilmişdir.
A. Ərizəçinin həbsi və inzibati həbsi
2. Ərizəçinin sözlərinə görə 2005-ci il 16 oktyabrda dostunun Bakıdakı evində şam yeməyi yeyən zaman doqquz və ya on mülki geyimli polis əməkdaşı evə daxil olaraq onu həbs etmişdir. Ərizəçi Nərimanov Rayon Polis Şöbəsinə aparılmış və burada polis əməkdaşları tərəfindən onun barəsində inzibati xətaya dair protokol tərtib edilmişdir.
10. Həmin gün ərizəçi Nərimanov Rayon Məhkəməsinə aparılmış və hakim qarşısına çıxarılmışdır. Hakim onu İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisin işinə mane olma) ilə təqsirli bilərək on beş gün müddətinə inzibati həbs təyin etmişdir. Hakim ərizəçinin polis tərəfindən 2005-ci il 16 oktyabrda təxminən axşam 7.30 radələrində Bakının Gənclik metro stansiyasının yaxınlığında polisin şəxsiyyət vəsiqəsini təqdim etmək xahişinə əməl etmədiyi üçün saxlandığını qət etmişdir.
11. 2005-ci il 21 oktyabrda Apellyasiya Məhkəməsi aşağı məhkəmənin qərarını dəyişdirmədən saxlamışdır.
B. Ərizəçiyə qarşı cinayət işinin başlanması
3. 2005-ci il 29 oktyabrda R.M. adlı şəxs Milli Təhlükəsizlik Nazirliyinə (“MTN”) ərizəçinin qanunsuz fəaliyyəti barədə məlumat verərək, onun dövlət hakimiyyətinin zorla ələ keçirmək üçün sövdələşməyə girdiyini iddia etmişdir. Məktub müəllifi MTN-dən ərizəçinin qeyd edilən cinayətin törədilməsində istifadə etmək məqsədilə bağında torpaq altında silah-sursat gizlətdiyini bildirərək, burada axtarış aparılmasını xahiş etmişdir.
13. 2005-ci il 30 oktyabrda polis və MTN-nin əməkdaşları ərizəçinin Daşkəsən rayonunun Bayan kəndində yerləşən evində və bağında axtarış aparmışdır. 2005-ci il 30 oktyabr tarixli axtarış protokoluna görə bağda basdırılmış bəzi silah-sursat, o cümlədən müxtəlif növ odlu silah, avtomat, tapança, patronlar və qumbara aşkar edilmişdir. Axtarış ərizəçinin, onun vəkilinin və ya ailə üzvlərinin iştirakı olmadan aparılmışdır. Axtarış protokolu polis əməkdaşları, iki hal şahidi və yerli icra hakimiyyəti orqanının iki əməkdaşı tərəfindən imzalanmışdır. İş materiallarından göründüyü kimi axtarış Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı əsasında həyata keçirilmiş və lentə alınmışdır. Lakin Məhkəmə cinayət işi ilə bağlı bütün sənəd və materialların, o cümlədən axtarışın video çəkilişinin surətinin göndərilməsini Hökumətdən açıq şəkildə xahiş etsə də, Hökumət video çəkilişin surətini Məhkəməyə təqdim etməmişdir.
14. 2005-ci il 30 oktyabrda inzibati həbsdə olarkən ərizəçiyə Cinayət Məcəlləsinin 28-ci (cinayətə hazırlıq), 220-ci (kütləvi iğtişaş), 228-ci (qanunsuz silah saxlama) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri ilə kütləvi iğtişaşa hazırlıq, qanunsuz silah saxlama və dövlət hakimiyyətini zorla ələ keçirməyə hazırlıq cinayətləri üzrə ona qarşı ittihamın irəli sürülməsi barədə məlumat verilmişdir.
15. 2005-ci il 31 oktyabrda Nəsimi Rayon Məhkəməsi ərizəçiyə qarşı irəli sürülmüş rəsmi ittihamları və prokurorun ərizəçi barədə həbs-qətimkan tədbirinin tətbiq edilməsinə dair təqdimatını əsas kimi götürərək, üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir.
16. Ərizəçinin sözlərinə görə 2005-ci il 31 oktyabrdan 1 noyabra keçən gecə o, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti istintaq təcridxanasında iki dəfə elektrik cərəyanı ilə vurulmuşdur.
17. İş materiallarından göründüyü kimi 2005-ci il 30 oktyabrda tapılması iddia olunan silahlar və sursatın ballistik, texniki və kimyəvi xarakteristikasını müəyyən etmək məqsədilə 2005-ci il 22 noyabrda ekspertiza keçirilmişdir. Hökumət 2005-ci il 22 noyabr tarixli ekspertiza rəyini Məhkəməyə təqdim etməmişdir.
18. 2006-cı il 27 yanvarda Nəsimi Rayon Məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbirinin müddətini 2006-cı il 30 maya qədər uzatmışdır.
19. 2006-cı il 24 mayda Nəsimi Rayon Məhkəməsi ərizəçinin həbs qətimkan tədbirinin müddətini 2006-cı il 30 oktyabra qədər uzatmışdır.
20. 2006-cı il 4 iyulda müstəntiq R.M.-ni şahid qismində dindirmişdir. R.M. ərizəçini 1992-ci ildən, onun Daşkəsən Rayon Polis Şöbəsinin rəisi olduğu vaxtdan tanıdığını bildirmişdir. 1998-2000-ci illər arasında Türkiyədə yaşadıqları zaman ərizəçi Azərbaycanda dövlət çevrilişi hazırlamaq planları barədə ona danışmışdır. R.M. daha sonra bildirmişdir ki, ərizəçi həmçinin ona o zaman Daşkəsən rayonunda yerləşən bağında qazıb gizlətdiyi silahlar barədə də məlumat vermişdir. O, ərizəçinin həmin silahları necə əldə etdiyini bilmirdi.
21. 2006-cı il 4 avqustda müstəntiq axtarışda iştirak etmiş polis əməkdaşı olan Z.M.-ni və yerli icra hakimiyyəti orqanının əməkdaşları E.A. və N.Q.-ni dindirmişdir. Onlar iki hal şahidi ilə birlikdə bağda gizlədilmiş silahların tapılmasında iştirak etmişlər.
4. 2006-cı il 5 avqustda müstəntiq hal şahidi qismində axtarışda iştirak etmiş R.-ni dindirmişdir. O, bağda gizlədilmiş silahları gördüyünü və protokolu imzaladığını bildirmişdir.
23. Müstəntiq 2006-cı il 11 avqust tarixli qərarı ilə ilkin cinayət işinə (76586 nömrəli) xitam vermiş və ərizəçiyə qarşı yeni cinayət işinə (76811 nömrəli) başlamışdır. Yeni cinayət işi üzrə ərizəçiyə qarşı yalnız Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (qanunsuz silah saxlama) ilə ittiham irəli sürülmüşdür.
24. 2006-cı il 14 avqustda müstəntiq Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi (təkrarən qanunsuz silah saxlama) ilə başlanmış 76811 nömrəli cinayət işi üzrə yekun ittiham aktını imzalamış və Daşkəsən Rayon Məhkəməsinə göndərmişdir. Belə görünür ki, Cinayət Məcəlləsinin 28, 220.1-ci və 278-ci maddələri üzrə ilkin cinayət işi məhkəməyə göndərilməsə də, ona xitam da verilməmişdir.
25. Hökumət Məhkəməyə təqdim etdiyi qeydlərinə 2006-cı il avqust tarixli ərizəçini cinayət işinin materialları ilə tanış etmə protokolunun surətini əlavə etmişdir. Bu protokol müstəntiq, ərizəçi və vəkil tərəfindən imzalanmışdır. Protokolun müvafiq hissəsində qeyd edilmişdir:
“Mən (ərizəçi) heç bir vaxt məhdudiyyəti qoyulmadan cinayət işinin materialları ilə tam tanış olmuşam. Cinayət işi üzrə istintaq qeyri-obyektiv olduğundan və (bu hissəsi oxunmur) məhkəmə prosesi zamanı suallarımızı qaldıracayıq. Mən həmçinin video çəkilişlə də tanış olmuşam”.
C. Ərizəçinin məhkəmə işi
5. İşə Daşkəsən Rayon Məhkəməsində baxılarkən ərizəçi təqsirsiz olduğunu iddia edərək, ona qarşı cinayət işinin saxta olduğunu və sözü gedən silahların ona məxsus olmadığını bildirmişdir. Məhkəmədə polis əməkdaşı Z.M., yerli icra hakimiyyəti orqanının əməkdaşları E.A. və N.Q. dindirilmiş və onlar istintaq dövründə verdikləri ifadələri təkrar etmişlər. R.M. və R. tərəfindən istintaq zamanı verilmiş ifadələr məhkəmə iclasında oxunmuşdur.
27. 2006-cı il 7 sentyabrda Daşkəsən Rayon Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə təqsirli bilərək, beş il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırmışdır. Məhkəmə ərizəçinin təqsirinin bağda aparılmış axtarış zamanı əldə edilmiş maddi sübutla (müxtəlif növ silahlar) sübut edildiyini qət etmişdir. Hökmün ərizəçinin təqsiri ilə bağlı hissəsində aşağıdakılar qeyd edilmişdir:
“Məhkəmə bütün sübutları qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Natiq İslam oğlu Əfəndiyevin (ərizəçi) məhkəmədə verdiyi ifadəsi müdafiə xarakterli və məsuliyyətdən qaçmağa cəhd olduğu üçün sübut kimi qiymətləndirilə bilməz və onun ifadəsi məhkəmə tərəfindən araşdırılmış obyektiv sübutlarla ziddiyyət təşkil etmişdir.
Məhkəmə hesab edir ki, istintaq düzgün olaraq Natiq İslam oğlu Əfəndiyevin əməlini Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə tövsif etmişdir və o, bu maddənin sanksiyası həddində cəzaya məhkum edilməlidir ...”.
Hökmdə R.M. və R.-nin məhkəmə baxışında iştirak etməmələrinin səbəbinə toxunulmamışdır. Hökumət Məhkəmə göndərdiyi qeydlərinə iki teleqram əlavə etmişdir ki, onların da mətnini oxumaq mümkün olmamışdır. Hökumətin bildirdiyinə görə həmin teleqramlarda R.M. və R. birinci instansiya məhkəməsinə məlumat vermişlər ki, səhhətlərinə görə iclaslarda iştirak edə bilməyəcəklər.
28. Ərizəçi hökmdən apellyasiya şikayəti verərək, təqsirsiz olduğunu iddia etmişdir. O, bütün sübutların saxtalaşdırıldığını və bağda tapılmış silahların ona məxsus olmadığını iddia etmişdir. O bununla bağlı qeyd etmişdir ki, evdə heç kim yaşamırdı və bağda tapılmış silahlar burada asanlıqla basdırıla bilərdi. O həmçinin qeyd etmişdir ki, 2005-ci il 20 martdan cəzaçəkmə müəssisəsində və azad edildikdən sonra polisin ciddi nəzarəti altında olduğundan həmin silahları bağda basdıra bilməzdi. Ərizəçi bununla bağlı qeyd etmişdir ki, istintaq və birinci instansiya məhkəməsi onun silahları necə əldə etdiyini və ya bağda necə gizlətdiyini müəyyən etməmişdir. Bundan əlavə, silahlar tapılarkən təmiz idi və onların üzərində hər hansı qum izi yox idi. Ərizəçi daha sonra şikayət edərək bildirmişdir ki, aşağı məhkəmə axtarışın video çəkilişini nümayiş etdirməmişdir. O, həmçinin şikayət edərək bildirmişdir ki, vəsatət qaldırmasına baxmayaraq, birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı qonşularından biri olan və axtarışda iştirak etmiş N.M.-ni dindirməmişdir. Nəhayət, ərizəçi şikayət etmişdir ki, açıq şəkildə vəsatət verməsinə baxmayaraq silahların olması barədə MTN-ə məlumat vermiş R.M. məhkəmədə heç zaman ifadə verməmişdir. Bununla bağlı o, qeyd etmişdir ki, R.M.-nin ona qarşı ifadəsində açıq-aşkar qərəz olmuşdur, belə ki, sonuncunun məktubuna əsasən MTN hələ 1999-cu ildə onun bağında axtarış aparmış, lakin heç nə tapmamışdır.
29. 2006-cı il 20 noyabrda Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış və ərizəçinin şikayətini təmin etməmişdir. Apellyasiya Məhkəməsi axtarışın video çəkilişinin göstərilməsinə dair ərizəçinin vəsatəti ilə bağlı məsələyə toxunmamışdır. O, həmçinin ərizəçinin silah-sursatı necə əldə etdiyi və bağda nə zaman gizlətdiyi ilə bağlı suala da cavab verməmişdir. Apellyasiya Məhkəməsində işə baxılan zaman R.M., polis əməkdaşları və axtarış protokoluna imza atmış iki hal şahidi də dindirilməmişdir. Məhkəmə R.M.-nin iclaslarda iştirak etməməsi məsələsini də izah etməmişdir. Lakin ərizəçinin qonşusu proses zamanı ifadə vermişdir. Apellyasiya Məhkəməsinin qərarının müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“Müdafiə tərəfinin vəsatəti ilə Apellyasiya Məhkəməsində dindirilmiş şahid Məmmədova Nəcibə İsa qızı bildirmişdir ki, onun evi Natiq Əfəndiyevin (ərizəçi) evi ilə qonşuluqda yerləşir. 2005-ci il 30 oktyabrda səhər bayıra çıxan zaman Natiq Əfəndiyevin bağının qapısının yaxınlığında tanımadığı şəxslər görmüşdür. O, həmin şəxslərə evdə heç kimin yaşamadığını demiş, sonra həmin şəxslər qapının qıfılını sındırmaqla bağa daxil olmuşlar. Həmin vaxt bağda təxminən 15-16 şəxs var idi. Onlardan 3-4 nəfəri evin və bağın ətrafını axtarır, digərləri isə protokol tərtib edirdi. O, sonuncuların yaxınlığında idi. Sonra bağda axtarış aparanlar “silah-sursat tapdıq” deyə qışqırdılar. O, bu şəxslərlə silah-sursatın tapıldığı yerə gəldi və onlar içərisində bəzi silahların olduğu mavi rəngli plastik bağlama göstərərək, bunları torpağı qazarkən tapdıqlarını dedilər. Silahların gizlədildiyi iddia olunan dəlik silahların özlərindən balaca olduğundan o, polis işçilərinə bu dəliyin balaca olduğunu və silahların burada necə basdırıla bildiyini irad tutmuşdur. Bundan əlavə, silahlar və onların içərisində olduğu mavi rəngli plastik bağlama təmiz idi. Sonra silahların tapılması barədə protokol tərtib olunmuşdur. Onun axtarış yerində olması protokolda göstərilməmişdir.
Şahid N.Məmmədova həmçinin bildirmişdir ki, o, Natiq Əfəndiyevin evində axtarış aparmış şəxslərin özləri ilə silah və digər əşyaların olduğu bağlama gətirdiklərini görməmişdir...
Məhkəmə heyəti hesab edir ki, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmədə dindirilmiş şahid Nəcibə İsa qızı Məmmədovanın ifadəsi silahların və digər sursatın Natiq Əfəndiyevin Bayan kəndində yerləşən bağında axtarış aparılması zamanı tapıldığı faktını təkzib etmir...
Məhkəmə heyəti qət edir ki, Natıq Əfəndiyev barədə Daşkəsən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş hökm qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı və təqsirləndirilən şəxsin şikayəti təmin olunmamalıdır”.
6. Ərizəçi kassasiya şikayəti verərək, əvvəlki şikayətlərini təkrar etmişdir. O, xüsusilə Konvensiyanın 6-cı maddəsinə istinad edərək, Apellyasiya Məhkəməsinin proses zamanı R.M.-ni dindirməməsindən və axtarışın video çəkilişini göstərməməsindən şikayət etmişdir. O, daha sonra axtarışın ölkə qanunvericiliyinə uyğun aparılmadığını, belə ki, qonşusunun axtarış zamanı axtarış yerində olmasına baxmayaraq, bu barədə protokolda qeydiyyat aparılmadığını bildirmişdir. O, həmçinin Apellyasiya Məhkəməsinin qonşusunun bağda tapılmış silahların yeni və təmiz olması barədə ifadəsini nəzərə almamasından şikayət etmişdir.
31. 2007-ci il 17 apreldə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Ali Məhkəmənin qərarında ərizəçi tərəfindən kassasiya şikayətində qaldırılmış konkret şikayətlərə münasibət bildirilməmişdir.
II. MÜVAFİQ ÖLKƏ DAXİLİ QANUNVERİCİLİK
7. Aşağıda şahidin cinayət prosesində iştirakı və axtarış və götürmə ilə bağlı Cinayət Prosessual Məcəlləsinin (“CPM”) müvafiq normaları qeyd olunmuşdur:
Maddə 95: Şahid
“95.1. İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
...
95.4. Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
95.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək;
95.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
95.4.7. məhkəmənin sərəncamında olmuş, məhkəmənin icazəsi olmadan və ya cinayət təqibi orqanını olduğu yer barədə əvvəlcədən xəbərdar etmədən başqa əraziyə getməmək;...”
Maddə 178. Məcburi gətirilmə
178.1. Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.
178.2. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
178.2.1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;
178.2.2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;
178.2.3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;
178.2.4. daimi yaşayış yeri olmadıqda.
178.3. 14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir. ...”
Maddə 242. Axtarış və ya götürmənin aparılması
242.1. Əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər....”
Maddə 243. Axtarış və ya götürmənin aparılması üçün əsaslar
243.1. Axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər....”
Maddə 244. Axtarış və ya götürmə zamanı iştirak edən şəxslər
244.1. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.
244.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir.
...
244.4. Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirıkı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir.”
8. Aşağıda Avropa Məhkəməsinin Konvensiyanın normalarının pozulması barədə qərar qəbul etdikdən sonra ölkə daxili məhkəmə qərarlarına yenidən baxılması ilə bağlı müddəalar əks olunmuşdur:
Maddə 455. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar
“455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:
...
455.0.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi; ...”
Maddə 456. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması
“456.1. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması hüququna Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
456.2. Bu məcəllənin 455.0.1-ci və 455.0.2-ci maddələrində nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini tapşırır. İşə plenumun məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır. ...”
Maddə 459. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar
“459.0. Bu məcəllənin 455.0.2-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
459.0.1. müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
459.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;
459.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ VƏ 3-CÜ (D) MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTUSU
9. Ərizəçi ona qarşı cinayət işinin ədalətsiz olmasından şikayət edərək, iclaslardan heç birində ona R.M.-ni dindirməyə şərait yaradılmadığını və ölkə məhkəmələrində bağında aparılmış axtarışın video çəkilişinin nümayiş etdirilmədiyini bildirmişdir. 6-ci maddənin müvafiq hissələrində aşağıdakılar qeyd edilir:
“1. “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...məhkəmə vasitəsi ilə...işinin ədalətli...araşdırılması hüququna malikdir.
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
...
(d) ona qarşı ifadə verən şahidləri dindirmək və ya dindirilməsini tələb etmək...”.
A. Ərizənin mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında əsassız deyil. Bundan əlavə o qeyd edir ki, şikayət istənilən digər əsaslara görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də o, mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
11. Hökumət bildirmişdir ki, ərizəçi ədalətli və çəkişmə prinsipi əsasında həyata keçirilmiş cinayət prosesinin nəticəsində məhkum edilmişdir. Hökumət bununla bağlı qeyd etmişdir ki, ərizəçi barəsində çıxarılmış ittiham hökmü axtarış protokolu, bağda tapılmış silah-sursat, həmin silahların ballistik, texniki və kimyəvi ekspertizası, qanunsuz silah saxlanılması barədə dövlət orqanlarına məlumat vermiş şahidin və axtarışda iştirak etmiş şahidlərin ifadələrinə əsasən çıxarılmışdır. Hökumət daha sonra bildirmişdir ki, ərizəçinin qonşusu da polis əməkdaşlarının içərisində silah olan bağlama gətirdiklərini görmədiyi barədə ifadə verdiyini bildirmişdir.
37. Hökumət axtarışın video çəkilişi ilə bağlı bildirmişdir ki, həmin çəkiliş 2007-ci ilin iyulunda Apellyasiya Məhkəməsinin yenidən təşkili zamanı itdiyindən onu Məhkəməyə təqdim edə bilmir. Hökumət daha sonra bildirmişdir ki, hər bir halda ərizəçi və onun vəkili 2006-cı ilin avqustunda məhkəmə baxışından öncə iş materialları ilə tanış edilmişlər və bu materialların içərisində sözü gedən çəkiliş də əlavə olunmuşdur. Sonda Hökumət bildirmişdir ki, R.M. və R. Daşkəsən Rayon Məhkəməsinə teleqram göndərərək, sağlamlıqları ilə bağlı prosesdə iştirak edə bilməyəcəkləri barədə məlumat verdiklərindən, onların ölkə məhkəmələri tərəfindən dindirilməsi mümkün olmamışdır. Bununla belə, onlar istintaq zamanı verdikləri ifadələri təsdiq etmişlər. Hökumət bununla bağlı qeyd etmişdir ki, ölkə qanunvericiliyinə əsasən ağır xəstə olan şahidin məhkəməyə məcburi gətirilməsinə yol verilmir. Hər bir halda ərizəçi barəsində irəli sürülmüş ittiham yalnız və ya əsas etibarı ilə R.M.-nin ifadəsinə deyil, maddi sübutlara və axtarışda iştirak etmiş şahidlərin ifadələrinə əsasən irəli sürülmüşdür.
38. Ərizəçi şikayətini təkrar edərək, törətmədiyi cinayətə görə qanunsuz şəkildə məhkum olunduğunu bildirmişdir. O, xüsusilə dəfələrlə vəsatət qaldırmasına baxmayaraq, R.M.-nin məhkəmədə dindirilməməsindən şikayət etmişdir. O, Hökumətin R.M.-nin xəstəliyini sübut edən hər hansı sübut təqdim etmədiyini qeyd etmişdir. O, daha sonra axtarışın video çəkilişinin Apellyasiya Məhkəməsinin yenidən təşkil olunması zamanı itirildiyini mübahisələndirərək, izahatın qeyri-məntiqi olduğunu, belə ki, çəkiliş cinayət işinin digər materiallarına əlavə edildiyindən, onun həmin materiallardan “ayrıca” itirilməsinin mümkün olmadığını qeyd etmişdir. Nəhayət, o bildirmişdir ki, bağında tapılmış silahların ona heç bir aidiyyəti olmamış və onlar həmin yerə gətirilərək basdırılmışdır. O, silahların basdırıldığı iddia olunan dəliyin ölçüsünün silahlardan balaca olması və silahların təmiz olması barədə qonşusu tərəfindən verilmiş ifadələrin ölkə məhkəmələri tərəfindən nəzərə alınmadığını qeyd etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
12. Məhkəmə təkrar edir ki, 6-cı maddənin 3 (d) bəndində təsbit edilmiş təminatlar bu maddənin 1-ci bəndində təsbit edilmiş ədalətli mühakimə hüququnun spesifik aspektləridir və prosesin ədalətliliyi ilə bağlı istənilən qiymətləndirmə aparan zaman onlar nəzərə alınmalıdır. Bundan əlavə, 6-cı maddənin 1-ci bəndi ilə bağlı Məhkəməni maraqlandıran ilk məsələ cinayət prosesinin bütövlükdə ədalətli olub-olmadığını qiymətləndirməkdir (bax: “Əl-Həvaya və Taheri Birləşmiş Krallığa qarşı” (Al-Khawaja and Tahery v. the United Kingdom [GC], nos. 26766/05 and 22228/06, § 118, ECHR 2011)). Buna görə də Məhkəmə 6-cı maddənin 1-ci bəndi və 3-cü bəndinin d) yarımbəndi əsasında irəli sürülən şikayətləri birlikdə araşdıracaqdır (digər qərarlarla yanaşı bax: “Van Mekelen və Digərləri Niderlanda qarşı” (Van Mechelen and Others v. the Netherlands, 23 April 1997, § 49, Reports of Judgments and Decisions 1997‑III) və “Luka İtaliyaya qarşı” (Lucà v. Italy, no. 33354/96, § 37, ECHR 2001‑II)).
40. Məhkəmə təkrar edir ki, sübutun mümkünlüyü məsələsi ilk növbədə milli qanunvericiliklə tənzim olunan məsələdir və bir qayda olaraq ölkə məhkəmələri özləri işdə olan sübutları qiymətləndirməlidir. Konvensiyaya əsasən Məhkəmənin vəzifəsi şahidlərin ifadələrinin sübut kimi lazımı qaydada qəbul edilib-edilmədiyi ilə bağlı mühakimə yürütmək deyil, bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə tərzinin ədalətli olub-olmadığını müəyyən etməkdir (digər qərarlarla yanaşı bax: “Doorson Niderlanda qarşı” (Doorson v. the Netherlands, 26 March 1996, § 67, Reports 1996‑II) və yuxarıda qeyd edilmiş “Van Mekelen və Digərləri” işi, 50-ci bənd).
41. 6-cı maddənin 3-cü bəndində təsbit edilmiş prinsipə görə təqsirləndirilən şəxs məhkum edilməzdən qabaq onun əleyhinə olan bütün sübutlar prosesin çəkişmə prinsipi əsasında aparılmasını təmin etmək məqsədilə açıq məhkəmə iclasında onun iştirakı ilə təqdim edilməlidir. Bu prinsipdən istisnalar mümkün olsa da, bu istisnalar müdafiə tərəfinin hüquqlarını pozmamalıdır. Bu hüquqlar təqsirləndirilən şəxsə ona qarşı ifadə vermiş şahidə bu ifadənin verildiyi vaxt və ya prosesin daha sonrakı mərhələlərində etiraz etmək və suallar vermək üçün adekvat və zəruri şəraitin yaradılmasını tələb edir (bax: yuxarıda qeyd edilmiş “Əl-Həvaya və Taheri” işi, 118-ci bənd). Xüsusilə, ittiham hökmü yalnız və ya əsas etibarı ilə təqsirləndirilən şəxsin istintaq və ya məhkəmə baxışı zamanı dindirmək və ya dindirilməsini tələb etmək imkanı olmadığı şahidin ifadəsi əsasında çıxarılmışdırsa, bu halda müdafiə tərəfinin hüququ 6-cı maddənin tələbləri ilə bir araya sığmayan dərəcədə məhdudlaşdırılmış olur (bax: “Solakov keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı” (Solakov v. the former Yugoslav Republic of Macedonia, no. 47023/99, § 57, ECHR 2001‑X)). Lakin işdə iştirak etməmiş şahidin ifadəsinin sübut kimi qəbul edilməsi üçün üzürlü səbəblərin olması bu sübutun yeganə və ya həlledici əhəmiyyətə malik olub-olmaması ilə bağlı mühakimə yürütməkdən qabaq araşdırılmalı olan ilk sualdır. Hətta işdə iştirak etməmiş şahidin ifadəsi işdə yeganə və ya həlledici əhəmiyyətə malik sübut olmasa da, Məhkəmə bu şahidin dindirilməməsi üçün üzürlü səbəbin göstərilmədiyi halda 6-cı maddənin 1-ci bəndinin və 3-cü bəndinin d) yarımbəndinin pozulduğunu qət etmişdir (misal üçün bax: “Lüdi İsveçrəyə qarşı” (Lüdi v. Switzerland, 15 June 1992, Series A no. 238); “Mild və Virtanen Finlandiyaya qarşı” (Mild and Virtanen v. Finland, no. 39481/98 and 40227/98, 26 July 2005); “Bonev Bolqarıstana qarşı” (Bonev v. Bulgaria, no. 60018/00, 8 June 2006) və “Pello Estoniyaya qarşı” (Pello v. Estonia, no. 11423/03, 12 April 2007)).
42. Hazırkı işin hallarına gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin d) yarımbəndinin pozulduğunu əsasən iki dəlillə əsaslandırmışdır: ifadəsi onun barəsində ittiham hökmünün çıxarılması üçün əsas olmuş R.M.-lə çarpaz dindirmə keçirilmədiyindən məhkəmə işi ədalətsiz olmuşdur və ölkə məhkəmələri axtarışın video çəkilişini nümayiş etdirməmişdir.
43. Məhkəmə ərizəçi barəsində cinayət işinin bütövlükdə ədalətliliyini qiymətləndirən zaman ilk növbədə o fakta məhəl qoymaya bilməz ki, ərizəçi qanunsuz silah saxlamağa görə məhkum edilməsinə baxmayaraq, iş materiallarına görə nə istintaq, nə də ölkə məhkəmələri ərizəçinin sözü gedən silahları necə əldə etdiyini və ya bağda nə zaman gizlətdiyini müəyyən etməmişlər. Məhkəmə daha sonra qeyd edir ki, istintaq silahların bağda nə zaman gizlədildiyini və ərizəçinin barmaq izlərinin onların üzərində olub-olmadıqlarını müəyyən etmək məqsədilə ekspertiza təyin etməmişdir. Bu ekspertiza silahların ərizəçiyə məxsus olub-olmadığı məsələsinə aydınlıq gətirmiş olardı. Bunun əvəzinə istintaq silahların ballistik, texniki və kimyəvi xüsusiyyətlərini müəyyən etmək üçün ekspertiza keçirmək qərarına gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ölkə qanunvericiliyinin açıq tələbinə baxmayaraq ərizəçinin kimsənin yaşamadığı evində axtarış ərizəçinin, onun vəkilinin və ya ailə üzvlərinin xəbəri və ya iştirakı olmadan aparılmışdır (yuxarıda 32-ci bəndə bax). Bundan əlavə, Məhkəmənin konkret xahişinə baxmayaraq Hökumət axtarışın video çəkilişini təqdim etməyərək, onun Apellyasiya Məhkəməsinin 2007-ci ilin iyulunda yenidən təşkili zamanı itdiyini bildirmişdir.
44. Ölkə məhkəmələrinin R.M.-ni dindirməməsi ilə bağlı ərizəçinin konkret şikayətinə gəlincə, Məhkəmə qeyd edir ki, ölkə məhkəmələri ərizəçi barəsində hökm çıxaran zaman R.M.-nin istintaqa verdiyi ifadələrinə istinad etmişlər və prosesin hər hansı mərhələsində ərizəçiyə və ya onun vəkilinə R.M.-ni dindirmək imkanı verilməmişdir. Ölkə məhkəmələri ərizəçinin bununla bağlı konkret vəsatətlərinə məhəl qoymamış və buna dair hər hansı izah verməmişdir.
45. R.M.-nin xəstəliyi ilə bağlı birinci instansiya məhkəməsinə məlumat verməsi və ölkə qanunvericiliyinə görə ağır xəstə olan şahidin məhkəməyə məcburi gətirilməsinə yol verilməməsi ilə bağlı Hökumətin dəlilinə gəlincə, Məhkəmə ilk növbədə qeyd edir ki, nə birinci instansiya məhkəməsi, nə də ki, yuxarı məhkəmələrin qərarlarında R.M.-nin xəstəliyi məsələsinə toxunulmamış və məhkəmələr bu məsələni xatırlatmamışdır. Məhkəmə daha sonra qeyd edir ki, ölkə qanunvericiliyinin müddəaları yalnız ağır xəstələrə tətbiq olunur (yuxarıda 32-ci bəndə bax). Lakin Hökumət R.M.-nin ağır xəstə olması ilə bağlı hər hansı sübut təqdim etməyərək, yalnız onun birinci instansiya məhkəməsinə göndərdiyi məktuba istinad etmişdir. Bundan əlavə, Məhkəməyə təqdim edilmiş sənədlərdən ölkə məhkəmələrinin R.M.-nin sağlıq problemlərinin onun məhkəməyə gəlməsinə mane olub-olmadığı məsələsinin araşdırılması üçün hər hansı tədbir gördüyü görünmür.
46. Məhkəmə daha sonra hesab edir ki, ərizəçi barəsində çıxarılmış ittiham hökmünün yalnız və ya əsas etibarı ilə R.M.-nin ifadələrinə deyil, maddi sübutlara və axtarışda iştirak etmiş digər şahidlərin ifadələrinə əsaslanması ilə bağlı Hökumət tərəfindən irəli sürülmüş dəlil hazırkı iş üçün münasib hesab oluna bilməz. Məhkəmə bununla bağlı təkrar edir ki, prosesdə iştirakı təmin olunmamış şahidin ifadəsi yeganə və ya həlledici əhəmiyyətə malik olmasa da, Məhkəmə həmin şahidin dindirilməməsi üçün hər hansı üzürlü səbəb göstərilmədikdə 6-cı maddənin 1-ci bəndinin və 3-cü bəndinin d) yarımbəndinin pozulduğu barədə qərar qəbul etmişdir (yuxarıda 41-ci bəndə bax). Bundan əlavə, Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin R.M.-ni çarpaz dindirmək hüququ ərizəçinin təqsirinin müəyyən edilməsi üçün həlledici əhəmiyyətə malik idi, belə ki, silah-sursat ərizəçinin kiminsə yaşamadığı evinin bağında aparılmış axtarış nəticəsində aşkar edilsə də, ərizəçinin qanunsuz silah saxlaması ilə bağlı yeganə birbaşa ittihamedici sübut R.M.-nin istintaq zamanı verdiyi ifadə olmuşdur. Bu ifadəsində o, ərizəçinin Türkiyədə olduqları zaman bağında silahlar gizlətdiyi barədə məlumat vermişdir.
47. Buna görə də R.M.-nin dindirilməməsi üçün hər hansı üzürlü səbəb göstərilmədiyindən, Məhkəmə hesab edir ki, ərizəçinin müdafiə hüquqları ədalətli məhkəmə təminatları ilə bir araya sığmayan dərəcədə məhdudlaşdırılmışdır. Belə olan halda, Məhkəmə ölkə məhkəmələrinin axtarışın video görüntüsünün nümayiş etdirilməməsi ilə bağlı əlavə şikayətini araşdırmağı zəruri hesab etmir.
48. Beləliklə, bu işdə 6-cı maddənin 1-ci bəndinin və 3-cü bəndinin d) yarımbəndinin pozuntusuna yol verilmişdir.
II. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
13. Ərizəçi 2005-ci il 31 oktyabrdan 1 noyabra keçən gecə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıq İdarəsinin müvəqqəti saxlanma yerində polisin işgəncəsinə məruz qalmasından şikayət etmişdir.
50. Lakin Məhkəmə qeyd edir ki, ərizəçi pis rəftara məruz qalması ilə bağlı dövlət orqanlarına şikayət etməmişdir. Xüsusilə, o, bununla əlaqədar polisə və ya prokurorluq orqanlarına müraciət etməmişdir. O, həmçinin cinayət işi üzrə istintaq zamanı da belə bir şikayət etməmişdir (bax: “Akif Məmmədov Azərbaycana qarşı” (Akif Mammadov v. Azerbaijan (dec.), no. 46903/07, § 29, 13 May 2014)). Bundan əlavə, ərizəçi hazırkı işdə onu ölkə daxili hüquq müdafiə vasitələrini tükəndirmək vəzifəsindən azad edəcək xüsusi halların olub-olmadığı barədə də məlumat verməmişdir (bax: “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 131, 2 April 2009)).
51. Buradan belə çıxır ki, bu şikayət ölkə daxili hüquq müdafiə vasitələri tükənmədiyi üçün Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndləri əsasında rədd edilməlidir.
III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
14. Ərizəçi məhkəməyə qədər həbsinin qanunsuz olmasından şikayət etmişdir.
53. Məhkəmə qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün məhkəməyə qədər həbslə bağlı “yekun qərar” qismində ittiham hökmünün qüvvəyə mindiyi deyil, birinci instansiya məhkəməsi tərəfindən çıxarıldığı tarix götürülməlidir (digər qərarlarla yanaşı bax: “Maltabar və Maltabar Rusiyaya qarşı” (Maltabar and Maltabar v. Russia (dec.), no. 6954/02, 28 June 2007)). Hazırkı işdə ərizəçi barəsində ittiham hökmü 2006-cı il 7 sentyabrda çıxarılmışdır və beləliklə də, bu şikayətlə bağlı altı aylıq müddət tələbi həmin tarixdən axmağa başlamışdır. Ərizə 2007-ci il 19 iyunda təqdim edildiyindən, Məhkəmə qeyd edir ki, bu şikayət vaxtı ötürməklə verilmişdir və altı aylıq müddət tələbinə uyğun gəlmir.
54. Buna görə də bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
IV. KONVENSİYANIN 13-CÜ VƏ 14-CÜ MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTUSU
15. Ərizəçi ümumi qaydada 13-cü maddəyə istinad edərək, şikayətlərinə baxılması üçün səmərəli hüquq müdafiə vasitəsinin olmamasından şikayət etmişdir. O, həmçinin Konvensiyanın 14-cü maddəsinə istinad edərək, ayrı-seçkiliyə məruz qaldığını bildirmiş, lakin buna əsas olmuş halı konkret olaraq göstərməmişdir.
56. Məhkəmə şikayətlərə ərizəçi tərəfindən təqdim edilmiş ardıcıllıqla baxmışdır. Lakin Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq barəsində şikayət verilmiş məsələlərin onun səlahiyyətinə aid olan hissədə hesab edir ki, bu materiallar Konvensiya və ya onun Protokollarında təsbit olunmuş hüquq və azadlıqların hər hansı pozuntusunu müəyyən etməyə imkan verməmişdir. Buradan belə çıxır ki, ərizə bu hissədə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndi və 4-cü bəndinə əsasən açıq-aşkar əsassız hesab olunmalıdır.
V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
16. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
1. Maddi ziyan
17. Ərizəçi maddi ziyana görə 30 000 avro ödənilməsini tələb edərək, bu məbləğin ailəsi tərəfindən ona cəzaçəkmə müəssisəsinə ərzaq gətirilməsinə sərf etdiyini qeyd etmişdir.
59. Hökumət ərizəçinin tələbinə etiraz edərək, onun öz iddialarını əsaslandıra bilmədiyini qeyd etmişdir.
60. Məhkəmə iddia olunan ziyanla müəyyən edilmiş pozuntu arasında hər hansı səbəbiyyət əlaqəsi aşkar etməmişdir (bax: “Fətullayev Azərbaycana qarşı” (Fatullayev v. Azerbaijan, no. 40984/07, § 186, 22 April 2010)). Buna görə də o, maddi ziyanla bağlı ərizəçinin tələblərini rədd edir.
2. Mənəvi ziyan
18. Ərizəçi mənəvi ziyana görə 500 000 avro kompensasiya ödənilməsini tələb etmişdir.
62. Hökumət ərizəçinin tələbinin əsassız və şişirdilmiş olduğunu bildirmişdir. O hesab etmişdir ki, hər bir halda pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə ədalətli kompensasiyadır.
63. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalmışdır və yalnız pozuntu faktını müəyyən etməklə bunu kompensasiya etmək mümkün deyil. Lakin tələb olunan məbləğ həddindən çoxdur. Məhkəmə Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli əsasda qiymətləndirmə apararaq, ərizəçiyə dəymiş mənəvi ziyana görə, ondan tutulacaq vergilər də daxil olmaqla 4500 avro məbləğində kompensasiyanın ödənilməsini qət edir.
64. Məhkəmə təkrar edir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş hüquqlarının pozulması nəticəsində məhkum edilmişdirsə, o, mümkün dərəcədə həmin normanın tələbləri pozulmayacağı təqdirdə olacağı vəziyyətə qaytarılmalıdır (bax: “Piersak Belçikaya qarşı” (Piersack v. Belgium (Article 50), 26 October 1984, § 12, Series A no. 85)). Yuxarıda qət edildiyi kimi hazırkı işdə cinayət prosesi ədalətlilik tələbinə cavab verməmişdir. Belə olan halda hüquqların bərpasının ən münasib forması, prinsip etibarı ilə, məhkəmə baxışının Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun şəkildə aparılmasını təmin etmək məqsədilə işə yeni hallar üzrə baxılmasının təmin edilməsi olardı (bax, mutatis mutandis: “Somoqyi İtaliyaya qarşı” (Somogyi v. Italy, no. 67972/01, § 86, ECHR 2004‑IV); “Şulepov Rusiyaya qarşı” (Shulepov v. Russia, no. 15435/03, § 46, 26 June 2008); “Maksimov Azərbaycana qarşı” (Maksimov v. Azerbaijan, no. 38228/05, § 46, 8 October 2009) və “Abbasov Azərbaycana qarşı” (Abbasov v. Azerbaijan, no. 24271/05, §§ 41-42, 17 January 2008)). Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Avropa Məhkəməsinin Konvensiyanın pozulması barədə qərar qəbul etdiyi zaman Ali Məhkəmənin Plenumu tərəfindən ölkə daxili cinayət prosesinə yenidən baxılmasını nəzərdə tutur (yuxarıda 33-cü bəndə bax).
B. Məhkəmə xərcləri
19. Ərizəçi xərc və məsrəflərlə bağlı tələb irəli sürməmişdir. Buna görə də Məhkəmə bununla bağlı ona hər hansı kompensasiyanın ödənilməsini mümkün hesab etmir.
C. Faizlərin ödənilməsi
20. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. 6-cı maddənin 1-ci bəndi və 3-cü bəndinin d) yarımbəndi əsasında verilmiş şikayəti mümkün, digər hissələrdə ərizəni mümkünsüz elan edir;
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3-cü bəndinin d) yarımbəndinin pozulduğunu qət edir;
3. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində, tutulacaq vergilər də daxil olmaqla, ərizəçiyə vurulmuş mənəvi ziyana görə 4500 avro (dörd min beş yüz avro) məbləğində vəsaiti, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2014-cü il 18 dekabrda ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy