İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
EL-MASRİ KEÇMİŞ YUQOSLAVİYA RESPUBLİKASI MAKEDONİYAYA QARŞI
(CASE OF EL-MASRI v. THE FORMER YUGOSLAV REPUBLIC OF MACEDONIA)
(39630/09 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
13 dekabr 2012-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
MÜNDƏRİCAT
PROSEDUR MƏSƏLƏLƏRİ
FAKTLAR
I. İŞİN HALLARI
A. Hadisələr ilə bağlı ərizəçinin versiyası
1. Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya səfər
2. Mehmanxanada təcrid etmə
3. Skopye Hava Limanına ötürmə
4. Skopye Hava Limanında MKA-nın “verilmə” qrupuna təslim
5. Skopyedən Əfqanıstana uçuş
6. Əfqanıstanda saxlama və dindirmə
7. Albaniyaya gizli “geri qaytarma”
8. Almaniyaya gəliş
B. Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Hökumətinin ərizəçinin iddiaları ilə bağlı mövqeyi
1. Müəyyən beynəlxalq araşdırmalar nəticəsində qəbul edilmiş hesabatlarda qeyd edilən cavabdeh Hökumətin mövqeyi
a) Avropa Şurasının üzv dövlətlərinin iştirakı iddia edilən gizli saxlama və saxlanılan şəxsləri dövlətlər arasında ötürmə, (Doc. 10957, 12 iyun 2006-cı il) (“2006-cı il Marti hesabatı”)
b) Terrorçuluq aktlarının törədilməsində şübhəli olan şəxslərin gizli saxlaması və ötürülməsi məsələsi ilə bağlı Konvensiyanın 52-ci maddəsinə əsasən Avropa Şurası Baş Katibinin Hesabatı (SG/Inf (2006) 5, 28 fevral 2006-cı il)
2. Məhkəmədə işə baxılması zamanı cavabdeh Hökumətin hadisələr ilə bağlı təqdim etdiyi versiya
C. Ərizəçinin işi ilə əlaqədar beynəlxalq araşdırma
1. Avropa Şurasının Parlament Assambleyası – “Marti araşdırması”
a) “2006-cı il Marti hesabatı”
b) Avropa Şurasının üzv dövlətlərinin iştirakı ilə iddia edilən gizli saxlama və saxlanılan şəxsləri dövlətlər arasında ötürmə: ikinci hesabat (Doc. 11302 rev., 11 iyun 2007-ci il) (“2007-ci il Marti hesabatı”)
2. Avropa Parlamenti: “Fava araşdırması”
3. BMT-inin İnsan Hüquqları Komitəsinin Keçmiş Yuqoslaviya Respublikası Makedoniya ilə bağlı Yekun Rəyi (3 aprel 2008-ci il, UN Doc. ССРR/С/МKD/СO/2)
4. İnsan Hüquqları üzrə Amerikalararası Komissiyasında ərizəçinin Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı verdiyi şikayəti
D. Cavabdeh dövlətdən başqa dövlətlərin dövlət orqanları qarşısında müvafiq proseslər
1. Almaniya
a) Almaniya prokurorluğu tərəfindən aparılmış istintaq
b) Almaniyada parlament araşdırması
2. ABŞ-da məhkəmə icraatı
E. Ərizəçinin iddia edilən həbsi, saxlanılması və barəsində pis rəftar ilə əlaqədar Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada həyata keçirilmiş tədbirlər
1. Daxili İşlər Nazirliyinin Nəzarət və Peşə Standartları İdarəsində (NPSİ) araşdırma
2. Hüquq mühafizə orqanlarının naməlum əməkdaşları barəsində cinayət təqibi
3. Zərərin əvəzinin ödənilməsinə dair mülki iddia
F. Məhkəməyə təqdim edilmiş digər sübutlar
1. 2010-cu il 4 mart tarixli şahid ifadəsi
2. Ərizəçinin işi ilə bağlı cənab J.G.S. tərəfindən təqdim edilmiş ekspert rəyi
3. Konstitusiya və İnsan Hüquqları üzrə Avropa Mərkəzinin (KİHAM) bəyanatları
4. “WikiLeaks” internet səhifəsindən məlumatlar
II. MÜVAFİQ MİLLİ HÜQUQ
A. 1991-ci il Konstitusiyası (Устав)
B. Cinayət Məcəlləsi (Кривичен законик)
1. Cinayət məsuliyyətinə cəlb etmə müddəti
2. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması və dayandırılması
3. Azadlıqdan qanunsuz məhrum etmə
4. İşgəncə vermə
5. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar pis rəftara məruz qoyma
C. Hadisələr baş verdiyi zaman olan redaksiyada “Cinayət prosesi haqqında” 1997-ci il Qanunu (Закон за кривичната постапка)
D. “Öhdəliklər haqqında” Qanun (Закон за облигационите односи)
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ DİGƏR AÇIQ MATERİALLAR
A. Beynəlxalq hüquq mənbələri
1. 1963-cü il aprelin 24-də bağlanmış və 1967-ci il martın 19-da qüvvəyə minmiş “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyası
Maddə 36
Göndərən dövlətin vətəndaşları ilə əlaqə və münasibətlər
2. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP)
Maddə 4
Maddə 7
Maddə 9
3. “Bütün şəxslərin zorakılıqla yoxa çıxarmaya qarşı müdafiəsi haqqında” Beynəlxalq Konvensiya (“ZYK”)
Maddə 1
Maddə 2
Maddə 3
Maddə 4
4. “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalandırma halları ilə bağlı səmərəli istintaq və sənədləşdirmə üzrə Bələdçi kitabı” (BMT-nin İnsan hüquqları üzrə Ali komissarı, 2001-ci il)
5. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyətinə dair maddələr” (Beynəlxalq Hüquq Komissiyası, 2001-ci il)
Maddə 7
Hakimiyyət həddini aşma və ya təlimatlara zidd hərəkət etmə
Maddə 14
Beynəlxalq öhdəliyi pozmanın müddəti
Article 15
Əməllərin məcmusunu yaradan pozma
Maddə 16
Beynəlxalq hüquqazidd əməlin törədilməsinə yardım
6. İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzalandırma məsələsinə dair İnsan Hüquqları Komissiyasının Xüsusi məruzəçisinin hesabatı (BMT-nin Baş Məclisi, 2 iyul 2002-ci il (A/57/173))
7. Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci il aprelin 26-da qəbul edilmiş “Quantanamo körfəzində ABŞ tərəfindən şəxslərin saxlanılmasının qanuniliyi haqqında” 1433 saylı Qətnamə
8. Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci il oktyabrın 3-də qəbul edilmiş “Zorakılıqla yoxa çıxarma halları haqqında” 1463 saylı Qətnamə
9. 2006-cı il fevralın 21-də qəbul edilmiş, BMT Baş Məclisinin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, yaxud cəza haqqında” 60/148 saylı Qətnaməsi
10. “Gizli həbs yerləri və məhbusların dövlətlər arasında ötürülməsi ilə əlaqədar Avropa Şurası üzv dövlətlərinin beynəlxalq hüquq öhdəliklərinə dair” Rəy (Qanun vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası), № 363/2005, 17 mart 2006-cı il)
11. Terrorçuluqla mübarizə zamanı insan hüquqlarının və əsas azadlıqlarının təşviqi və müdafiəsi üzrə BMT-nin Xüsusi məruzəçisinin hesabatı (A/HRC/10/3, 4 fevral 2009-cu il)
12. BMT-nin İnsan Hüquqları Şurasının 9/11 və 12/12 saylı Qətnamələri: Həqiqəti bilmək hüququ (24 sentyabr 2008-ci il və 12 oktyabr 2009-cu il)
13. Avropa Şurası Nazirlər Komitəsinin “İnsan hüquqlarının ciddi pozulması hallarına görə cəzasızlığın aradan qaldırılmasına dair Rəhbər prinsipləri” (Avropa Şurası, 30 mart 2011-ci il)
B. Xarici ölkələrin məhkəmələrinin və beynəlxalq orqanların presedent hüququ
1. İngiltərə və Uels Apellyasiya Məhkəməsinin (Mülki Kollegiya) Abbasi və digərinin Xarici və Birlik İşləri üzrə Dövlət katibinə və Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı işi üzrə qərarı (iş № C/2002/0617A; 0617B, 6 noyabr 2002-ci il)
2. Amerika Birləşmiş Ştatlarının Doqquzunccu Dairə üzrə Apellyasiya Məhkəməsinin Falen Qerebinin Corc Uolker Buşa qarşı; Donald H. Ramsfeld işi üzrə qərarı (D.C. CV-03-01267-AHM, 18 dekabr 2003-cü il)
3. BMT-nin İşgəncələrə qarşı Komitəsi, Agiza İsveçə qarşı (233/2003 nömrəli kommunikasiya, UN Doc. CAT/C/34/D/233/2003 (2005)), və BMT-nin İnsan Hüquqları Komitəsi, Alzeri İsveçə qarşı (UN Doc. CCPR/C/88/D/1416/2005 (2006))
C. 2001-ci il sentyabrın 11-dən sonra ABŞ tərəfindən idarə edilən həbs yerlərində baş verməsi iddia edilən insan hüquqları pozulması halları ilə bağlı narahatlığı vurğulayan açıq mənbələr
1. Beynəlxalq insan hüquqları təşkilatlarının müvafiq materialları
a) Kubanın Quantanamo körfəzindəki ABŞ bazasında “Taliban” və “Əl-Qəidə” məhbuslarının həbsdə saxlanılması ilə əlaqədar BMT İnsan hüquqları üzrə Ali komissarının 2002-ci il 16 yanvar tarixli bəyanatı
b) “Amnesty International” təşkilatının “Əfqanıstanda və Quantanamo körfəzində ABŞ tərəfindən saxlanılan şəxslərin hüquqlarına dair” ABŞ Hökuməti üçün Memorandumu” (aprel 2002-ci il)
c) “Human Rights Watch” təşkilatının “Amerika Birləşmiş Ştatları, Təqsirlilik prezumpsiyası: 11 sentyabrdan sonra həbs edilmiş şəxslərin insan hüquqlarının pozulması” adlı hesabatı (“United States, Presumption of Guilt: Human Rights Abuses of Post-September 11 Detainees”, Vol. 14, No. 4 (G), August 2002)
d) “Human Rights Watch” təşkilatının “Amerika Birləşmiş Ştatları: “Əl-Qəidə” ilə bağlı şübhəli şəxslər barəsində işgəncələrə dair məlumatlar” (“United States: Reports of Torture of Al-Qaeda Suspects”, 26 dekabr 2002-ci il)
e) “İnsan Hüquqları üzrə Beynəlxalq Helısinki Federasiyası” təşkilatının “Terrorçuluğa qarşı tədbirlər, təhlükəsizlik və insan hüquqları: sentyabrın 11-dən sonra Avropada, Mərkəzi Asiyada və Şimali Amerikada inkişaf” adlı hesabat (International Helsinki Federation for Human Rights, “Anti-terrorism Measures, Security and Human Rights: Developments in Europe, Central Asia and North America in the Aftermath of September 11”, Report, April 2003)
f) “Amnesty International” təşkilatının Amerika Birləşmiş ştatları ilə bağlı 2003-cü il hesabatı, 28 may 2003-cü il
g) “Amnesty International” təşkilatının “Bosniya və Herseqovinadan altı nəfərin Quantanamo körfəzində qanunsuz saxlanılması” adlı hesabatı (“Unlawful detention of six men from Bosnia-Herzegovina in Guantánamo Bay”, 29 May 2003)
h) “Amnesty International” təşkilatının “Amerika Birləşmiş Ştatları, Pis nümunə təhlükəsi: “Terrorla müharibə” ilə bağlı həbslər davam etməklə beynəlxalq standartların pozulması” adlı hesabatı (“United States of America, The threat of a bad example: Undermining international standards as ‘war on terror’ detentions continue”, 18 August 2003)
i) “Amnesty International” təşkilatının “Təcrid etmə/Pis rəftar qorxusu” adlı hesabatı (“Incommunicado detention/Fear of ill-treatment”, 20 August 2003)
j) Beynəlxalq Qırmızı Xaç Komitəsinin “ABŞ: BQXK sədri həbsdə saxlama ilə bağlı tərəqqini tələb edir” adlı 04/03 saylı xəbərlər buraxılışı (International Committee of the Red Cross, United States: ICRC President urges progress on detention-related issues, news release 04/03, 16 January 2004)
k) BMT-nin Özbaşına həbslər üzrə İşçi Qrupunun “Cənab İbn al-Sheyx al-Libi və 25 digər şəxslərin Amerika birləşmiş Ştatlarına qarşı” şikayəti ilə bağlı 29/2006 saylı Rəyi (UN Working Group on Arbitrary Detention, Opinion No. 29/2006, Mr Ibn al-Shaykh al-Libi and 25 other persons v. United States of America, UN Doc. A/HRC/4/40/Add.1 at 103 (2006))
2. Digər açıq sənədlər
Mərkəzi Kəşfiyyat Agentliyi, “MKA tərəfindən dindirmə metodlarının kompleks tətbiqi üzrə Ədliyyə Departamentinin direktivasına dair Memorandum” (“Memo to the Department of Justice Command Centre-Background Paper on CIA’s combined use of interrogation techniques”, 30 December 2004)
3. Mediada məqalələr
HÜQUQ
I. ALTI AY QAYDASINA ƏMƏL EDİLMƏMƏ BARƏDƏ HÖKUMƏTİN İLKİN ETİRAZI
A. Tərəflərin izahatları
1. Cavabdeh Hökumət
2. Ərizəçi
B. Məhkəmənin qiymətləndirməsi
1. Məhkəmənin presedent hüququnda müəyyən edilmiş ümumi prinsiplər
2. Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
a) Cinayət barədə şikayətin ərizəçi tərəfindən istifadə edilməli hüquqi müdafiə vasitəsini təşkil edib-etməməsi
b) Altı ay müddətinin başladığı gün
c) Nəticə
II. Məhkəmə tərəfİndən sübutların qİymətləndİrməsİ və faktların müəyyən edİlməsİ
A. Tərəflərin izahatları
B. Məhkəmə tərəfindən faktlara qiymət verilməsi
1. Ümumi prinsiplər
2. Hazırkı işdə faktların müəyyən edilməsi
III. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin izahatları
1. Ərizəçi
2. Cavabdeh Hökumət
B. Üçüncü tərəf qismində çıxış etmiş şəxslər
1. BMT-nin İnsan hüquqları üzrə Ali komissarı (BMTİHAK)
2. “Interights” təşkilatı
3. “Redress” təşkilatı
4. “Amnesty International” təşkilatı və Beynəlxalq Hüquqşünaslar Komissiyasının birgə ifadələri
C. Məhkəmənin qiymətləndirməsi
1. Qəbuledilənlik
2. Mahiyyət
a) 3-cü maddənin prosessual tərəfi: səmərəli istintaqın olmaması
i) Ümumi prinsiplər
ii) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
b) Konvensiyanın 3-cü maddəsinin maddi tərəfləri
i) Mehmanxanada və Skopye Hava Limanında pis rəftar
α) Ümumi prinsiplər
β) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
Mehmanxanada rəftar
Skopye Hava Limanında rəftar
ii) Ərizəçinin verilməsi
α) Ümumi prinsiplər
β) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
iii) Nəticə
IV. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin izahatları
B. Üçüncü tərəf qismində çıxış etmiş şəxslər
C. Məhkəmənin qiymətləndirməsi
1. Qəbuledilənlik
2. Mahiyyət
a) Məhkəmənin presedent hüququnda müəyyən edilmiş ümumi prinsiplər
b) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
i) Ərizəçinin Skopyedə saxlanılması
ii) Ərizəçinin sonrakı müddətdə həbsdə saxlanılması
iii) Nəticə
iv) 5-ci maddənin prosessual tərəfi: səmərəli istintaqın olmaması
V. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin izahatları
B. Məhkəmənin qiymətləndirməsi
1. Qəbuledilənlik
2. Mahiyyət
VI. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin izahatları
B. Məhkəmənin qiymətləndirməsi
1. Qəbuledilənlik
2. Mahiyyət
a) Məhkəmənin presedent hüququnda müəyyən edilmiş ümumi prinsiplər
b) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
VII. KONVENSİYANIN İDDİA EDİLƏN DİGƏR POZUNTULARI
VIII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
A. Ziyan
B. Məhkəmə xərcləri
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ YEKDİLLİKLƏ
El-Masri Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Nikolas Bratza (Nicolas Bratza),
hakimlər:
Fransuaz Tulkens (Françoise Tulkens),
Xosep Kasadeval (Josep Casadevall),
Din Şpilmann (Dean Spielmann),
Nina Vayiç (Nina Vajić),
Peer Lorensen (Peer Lorenzen),
Karel Yunqvirt (Karel Jungwiert),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Luis Lopes Qera (Luis López Guerra),
Ledi Bianku (Ledi Bianku),
İşıl Karakaş (Işıl Karakaş),
Vincent A. de Qaetano (Vincent A. de Gaetano),
Culiya Laffranq (Julia Laffranque),
Linos-Alexandre Sicilianos (Linos-Alexandre Sicilianos),
Erik Möse (Erik Møse),
Helen Keller (Helen Keller),
və məhkəmə katibinin müavini Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə
2012-ci il mayın 16-da və oktyabrın 24-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:PROSEDUR MƏSƏLƏLƏRİ
1. İş Almaniya vətəndaşı cənab Xaled El-Masri (bundan sonra – “ərizəçi”) tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – “Konvensiya”) 34-cü maddəsinə müvafiq olaraq 2009-cu il iyulun 20-də Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı verilmiş ərizə (39630/09 nömrəli) əsasında başlanmışdır.
2. Ərizəçini “Open Society Justice Initiative” təşkilatının (“OSJI”) Nyu-York ofisinin əməkdaşları cənab J.A. Qoldston, cənab D. Pavli və cənab R. Skilbek, habelə Makedoniyalı vəkil cənab F. Medarski təmsil etmişlər. Keçmiş Yuqoslaviya Makedoniya Respublikası Hökumətini (bundan sonra – “Hökumət”) onun səlahiyyətli nümayəndəsi cənab K. Boqdanov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, onun barəsində gizli verilmə əməliyyatı aparılmış, yəni cavabdeh dövlətin nümayəndələri onu həbs etmiş, təcrid etmiş, dindirmiş və pis rəftara məruz qoymuş, habelə Skopye Hava Limanında MKA nümayəndələrinə təhvil etmiş, onlar isə onu xüsusi MKA uçuşu ilə Əfqanıstanda MKA-nın idarə etdiyi gizli saxlama yerinə keçirmiş və orada o, dörd aydan çox müddətdə pis rəftara məruz qalmışdır. İddia edilən bu ağır sınaq 2003-cü il dekabrın 3-dən ərizəçinin Almaniyaya qayıtdığı gün 2004-cü il mayın 29-dək davam etmişdir.
4. Ərizəyə baxılması Məhkəmənin Beşinci Bölməsinə tapşırılmışdır (Məhkəmə Qaydalarının 52-ci qaydasının 1-ci hissəsi). 2011-ci il fevralın 1-də Məhkəmə bölmələrinin tərkibi dəyişdirilmiş (25-ci qaydanın 1-ci hissəsi) və ərizəyə baxılması Məhkəmənin yeni formalaşmış Birinci Bölməsinə tapşırılmışdır (52-ci qaydanın 1-ci hissəsi).
5. 2010-cu il sentyabr 28-də Konvensiyanın 3, 5, 8 və 13-cü maddələrinə əsasən ərizəçinin şikayətləri barədə bildiriş Hökumətə göndərilmişdir.
6. Almaniya Hökumətinə Konvensiyanın 36-cı maddəsinin 1-ci hissəsinə əsasən onun prosesdə iştirak etmək hüququ barədə məlumat verilmiş, lakin o, prosesdə iştirak etmək niyyətini bildirməmişdir.
7. Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya münasibətdə seçilmiş hakim Miryana Lazarova Traykovska işə baxılmasında özü özünə etiraz etmişdir (28-ci qayda). Buna görə, cavabdeh Hökumət onun əvəzinə Danimarka münasibətdə seçilmiş Per Lorenzeni təyin etmişdir (Konvensiyanın 26-cı maddəsinin 4-cü hissəsi və 29-cu qaydanın 1-ci hissəsi).
8. 2011-ci il yanvarın 24-də hakimlər Nina Vayiç, Per Lorenzen, Elizabet Ştayner, Xanlar Hacıyev, Culiya lafranq, Linos-Aleksandr Sisilianos və Erik Möse, həmçinin Bölmənin məhkəmə katibi Sören Nilsendən ibarət Birinci Bölmənin Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etmiş və tərəflər buna etiraz etməmişlər (Konvensiyanın 30-cu maddəsi və 72-ci qayda).
9. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci hissələrinə və 24-cü qaydaya müvafiq olaraq müəyyən edilmişdir.
10. Ərizəçi və Hökumət yazılı izahatlarını təqdim etmişlər. Bundan əlavə, iş üzrə yazılı izahatlar təqdim etməyə icazə almış BMT-nin İnsan hüquqları üzrə Ali komissarı, “Interights”, “Redress”, “Beynəlxalq Hüquqşünaslar Komissiyası” və “Amnesty International” təşkilatları tərəfindən üçüncü tərəfin şərhləri daxil olmuşdur (Konvensiyanın 36-cı maddəsinin 2-ci hissəsi və 44-cü qaydanın 2-ci hissəsi).
11. Məhkəmə ərizəçinin təklif etdiyi şahid cənab H.K.-nı məhkəmə iclasında dindirməmək qərarına gəlmişdir.
12. Məhkəmə iclası 2012-ci il mayın 16-da Strasburqda İnsan Hüquqları Sarayında keçirilmişdir (59-cu qaydanın 3-cü hissəsi).
13. Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
cənab K. Boqdanov, səlahiyyətli nümayəndə,
xanım D. Dyonova, Ədliyyə Nazirliyi
xanım V. Stanoyevska, Ədliyyə Nazirliyi
xanım N. Yosifova, Daxili İşlər NazirliyiMəsləhətçilər,
(b) ərizəçi tərəfindən
cənab J.A. Qoldston, İcraçı Direktor,
“Open Society Justice İnitiative”
cənab D. Pavli, Vəkillər,
cənab R. Skilbek
cənab F. MedarskiMəsləhətçilər,
14. Məhkəmə iclasında cənab Boqdanov, cənab Qoldston və cənab Pavli çıxış etmiş, habelə hakimlərin suallarına cavab vermişlər.FAKTLARI. İŞİN HALLARI
15. Ərizəçi 1963-cü ildə anadan olmuş və Almaniyanın Zenden şəhərində yaşayır.A. Hadisələr ilə bağlı ərizəçinin versiyası
16. Ərizəçi öz ərizəsində ABŞ-ın Virciniya Şərqi Dairəsinin Dairə Məhkəməsində işə baxılması zamanı 2006-cı il aprelin 6-da verdiyi bəyanata istinad etmişdir (aşağıda 62 və 63-cü bəndlərə bax).1. Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya səfər
17. 2003-cü il dekabrın 31-də ərizəçi, onun dediyi kimi, “qısa istirahət götürmək və evdəki stress şəraitindən dincəlmək” məqsədilə Skopye şəhərinə səfər etmək üçün Almaniyanın Ulm şəhərində avtobusa mindi. Saat 15.00 radələrində o, Tabanovse yaşayış məntəqəsində Serbiya-Makedoniya sərhədinə gəldi. Yaxın keçmişdə ona verilmiş Alman pasportunun qanuniliyinə şübhə yarandı. Sərhəd xidmətinin əməkdaşı onun pasportunu yoxlayaraq, səfərin məqsədi və müddəti, qalacağı yer barədə suallar verdi. Onun pasportuna 2003-cü il 31 dekabr tarixini əks etdirən Makedoniyanın giriş möhürü vuruldu. Bu zaman onun şəxsi əşyaları üzərində axtarış aparılmış, ona bir neçə İslam təşkilatları və qruplar ilə mümkün əlaqələr barədə suallar verilmişdir. Dindirmə saat 22.00-da bitdi. Mülki geyimli və silahlı bir neçə şəxs onu mehmanxanaya aparmış, sonradan bu mehmanxananın Skopye şəhərində “Skopski Merak” mehmanxanası (bundan sonra – “mehmanxana”) olması müəyyən edilmişdir. Almaniyaya qayıtdıqdan sonra ərizəçi, mehmanxananın internet səhifəsində olan foto şəkillərdə mehmanxananın binasını, iddia edildiyi kimi saxlanıldığı otağı və mehmanxanada saxlanıldığı müddətdə ona yemək gətirmiş ofisiantlardan birini tanımışdır.2. Mehmanxanada təcrid etmə
18. Ərizəçi mehmanxananın axırıncı mərtəbəsindəki otağa gətirildi. Mehmanxanada saxlanıldığı zaman ona hər altı saat növbəsini dəyişmiş doqquz nəfərdən ibarət qrup nəzarət etmişdir. Onlardan üçü həmişə, hətta yatdığı zaman onun yanında olmuşlar. Saxlama zamanı o, müntəzəm surətdə dindirilmişdir. İngilis dilini məhdud şəkildə bildiyinə baxmayaraq o, bu dildə dindirilmişdir. Almaniya səfirliyi ilə əlaqə saxlamaq üçün onun müraciətləri rədd edilmişdir. Bir halda, o, getmək niyyətində olduğunu bildirdikdə, onun başına silah tuşlandı və o, öldürməklə hədələndi. Yeddi gün müddətində saxlamadan sonra, digər əməkdaş gələrək ona sövdələşmə, yəni Al-kayedanın üzvü olması barədə etirafın əvəzinə Almaniyaya qaytarılmanı təklif etdi.
19. Saxlamanın 13-cü günündə ərizəçi davam edən qanunsuz saxlamaya etiraz əlaməti olaraq aclığa başladı. Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada saxlanıldığı qalan 10 gün müddətində o, qidalanmamışdır. Aclığa başladıqdan bir həftə sonra ona bildirildi ki, bir azdan onu Almaniyaya təyyarə ilə qaytaracaqlar.3. Skopye Hava Limanına ötürmə
20. 2004-cü il yanvarın 23-də saat 20.00 radələrində ərizəçini videokameraya çəkərək ondan tələb etdilər ki, onunla yaxşı rəftar olunduğunu, ona hər hansı xəsarət yetirilmədiyini və bir azdan onun Almaniyaya qayıdacağını desin. Əl-qolu və gözləri bağlanmış vəziyyətdə o, avtomobillə Skopye Hava Limanına gətirildi.4. Skopye Hava Limanında MKA-nın “verilmə” qrupuna təslim
21. Hava Limanına gətirildikdə o, əl-qolu və gözləri hələ də bağlanmış vəziyyətdə bir saat yarım oturacaqda qaldı. Ona deyildi ki, Almaniyaya ötürmədən qabaq tibbi müayinədən keçmək üçün otağa aparılacaqdır. Sonra isə, iki nəfər onun qollarını arxaya çəkdi. Burada O, hər tərəfdən qəddarcasına döyüldü. Onun pal-paltarı qayçı və bıçaq ilə bədənindən çıxarıldı. Onun alt-paltarı zorla götürüldü. Onu döşəməyə itələyib, qollarını arxasına çəkərək belinin üstünə ayaqqabı ilə basdılar. Sonra o, hiss etdi ki, bərk əşya onun anusuna soxuldu. 2012-ci il mayın 16-da açıq məhkəmə iclasında ərizəçinin vəkillərinin bildirdiyi kimi, ərizəçiyə münasibətdə törədilmiş bütün əməllər xüsusilə alçaldıcı və biabırçı xarakter daşımışlar. Ərizəçiyə görə, onun bədəninə zorla şam salmışlar. Sonradan onu yerdən qaldırdılar və ayaqları bağlanmış vəziyyətdə otağın küncünə çəkdilər. Onun gözlərini açdılar. Gözündə bərq alışdı və müvəqqəti onu kor etdi. Görmək qabiliyyəti qayıtdıqda o, qara paltar geyimində qara corab-maskada yedi və ya səkkiz nəfəri gördü. Kişilərdən biri ona uşaq əskisini taxdı. Sonradan onu tünd göy rəngli qısaqol forma geydilər. Başına torba qoydular, biləkləri və topuqlarına zəncirlə bağlanmış kəmər taxdılar. Kişilər ona səs boğan qulaqlar taxıb, gözlərini bağlayıb başını başlıqla bağladılar. Onlar başına basaraq və onu əyərək, ayaqları qandallanmış vəziyyətdə, gözləyən təyyarə istiqamətində apardılar. Təyyarə ətrafında Makedoniyanın təhlükəsizlik qarovulu düzəlmişdir. Başında torba olduqdan o, çətinliklə nəfəs almışdır. Təyyarədə onu döşəməyə üzü aşağı itələdilər, əl-ayağı isə döşəməyə sərilmiş və təyyarənin yanlarına bağlandı. Uçuş zamanı ona iki iynə vurdular. Burnuna həmçinin ağırsızlaşdırıcı dərman vuruldu. Uçuş zamanı o, əsas etibarilə, huşsuz oldu. Ərizəçinin pasportunda 2004-cü il yanvarın 23-də Makedoniyadan çıxış barədə ştamp vuruldu.
22. Ərizəçiyə görə, Skopye Hava Limanında uçuşdan qabaq “yüksək ehtimalla MKA-nın (Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Agentliyi) xüsusi verilmə qrupu” tərəfindən onunla rəftar “tutma şoku” rəftarı deyilən tədbirin protokolunu təsvir edən, yaxın keçmişdə açıqlanmış MKA sənədinə əhəmiyyətli dərəcədə uğun olmuşdur (aşağıda 124-cü bəndə bax).5. Skopyedən Əfqanıstana uçuş
23. Təyyarə endikdən sonra ərizəçi bortdan çıxarıldı. Havanın temperaturu Keçmiş Yuqoslaviya Respublikası Makedoniyadan daha isti olduqdan o, nəticəyə gəldi ki, Almaniyaya qaytarılmadı. Sonradan o, nəticə çıxardı kı, təyyarə Bağdaddan keçərək onu Əfqanıstana gətirdi.6. Əfqanıstanda saxlama və dindirmə
24. Ərizəçini Əfqanıstana gətirdikdən sonra onu təqribən 10 dəqiqə ərzində avtomaşında aparıb, maşından çəkib götürüb, otağın divarına itələyib, yerə atıb döyüblər. Onun xüsusilə baş və boğaz nahiyəsindən əl-ayaqla vurublar. O, kiçik, çirkli, betonlu qaranlıq kamerada qaldı. Onun gözləri işığa öyrəşəndə o, divarlarda Ərəb, Urdu və Fars dillərində əllə yazmaları gördü. Kamerada çarpayı olmamışdır. Soyuq olmasına baxmayaraq, ona bir çırkli, hərbi ədyal və içərisinə köhnə, cırılmış pal-paltar sarılmış nazik yastıq verdilər. Kameranın yuxarısında pəncərədə o, batan günəşin qırmızı işığını gördü. Sonradan o, anladı ki, o, mətbuatda MKA-nın idarə etdiyi “Duzlu çuxur” (“Salt Pit”) müəssisəsi kimi müəyyən edilən, MKA tərəfindən bəzi yüksək səviyyəli terrorçu olmasında şübhəli bilinənlərin saxlanması və dindirilməsi üçün istifadə edilmiş Kabilin işgüzar rayonunun şimalında yerləşən kərpic zavoduna gətirilmişdir.
25. Saxlama zamanı onu cənubi Livan ləhcəsində Ərəb dilində danışan bir şəxs üç-dörd dəfə və hər zaman gecə vaxtı dindirmişdir. Dindirmə hədələmə, təhqir, döymə və qışqırma ilə müşayiət olmuşdur. Onun Almaniya hökumətinin nümayəndələri ilə görüşlər barədə təkrar xahişlərinə əhəmiyyət verilməmişdir.
26. 2004-cü ilin mart ayında ərizəçi, kamera divarları vasitəsilə əlaqə saxladığı bəzi digər saxlanılan şəxslərlə birlikdə, ittiham elan edilmədən davamlı saxlamaya etiraz etmək məqsədilə aclıq aksiyasına başladılar. Saxlama şəraiti və aclıq aksiyası nəticəsində ərizəçinin səhhəti gündən-günə pisləşmişdir. Bu müddət ərazində onun təkrar şikayətlərinə baxmayaraq ona heç bir tibbi yardım göstərilmədi.
27. 2004-cü il aprelin 10-da, aclıq aksiyasının 37-ci günündə başı örtülü şəxslər kameraya girərək, onu çarpayıdan itələyib, əl-qolunu bağladılar. Onlar onu dindirmə otağına çəkib apardı, stula bağladılar. Sonra isə burun nahiyəsindən mədəsinə qidalanma trubkası çəkilib və onun vasitəsilə maye ötürüldü. Bu proseduradan sonra ərizəçiyə bir az konservləşdirilmiş qida və oxumaq üçün kitablar verildi.
28. Məcburi qidalanmadan sonra ərizəçi ciddi xəstələnmiş və güclü ağrılar keçirmişdir. Gecə yarı kamerasına həkim gəlmiş və dərman təyin etmiş, lakin ərizəçi bir neçə gün ərzində çarpayıdan dura bilməmişdir. Bu müddətdə ərizəçi kiçik zəlzələni hiss etmişdir. Bununla əlaqədar olaraq ərizəçi ABŞ-ın Geoloji Araşdırma (USGS) tərəfindən 2005-ci il oktyabrın 6-da buraxılmış “2004-cü ildə dünyada baş vermiş güclü zəlzələlərin siyahısını” təqdim etmişdir. Bu sənədə əsasən, 2004-cü il aprelin 5-də Əfqanıstanın Hindu-Kuş bölgəsində zəlzələ baş vermişdir.
29. 2004-cü il mayın 16-da özünü “Sem” kimi qələmə vermiş Alman dilli şəxs ərizəçiyə baş çəkdi. Ərizəçi azad edilənədək bu şəxs ona daha üç dəfə baş çəkmişdir.
30. 2004-cü il mayın 21-də ərizəçi ikinci aclıq aksiyasını başladı.7. Albaniyaya gizli “geri qaytarma”
31. 2004-cü il mayın 28-də ərizəçi gözləri və əl-qolu bağlanmış vəziyyətdə kameradan çıxarılaraq konteynerə oxşar nəyinsə içində bağlanılıb; sonradan isə o, enən təyyarənin səsini eşitdi. Bu zaman Skopyedən ondan götürülmüş kostyum ona verildi. O, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya gəldiyi pal-paltarı geyinmək əmri aldı və ona verilmiş iki qısaqol maykadan birini əyninə geydi. Sonradan o, gözləri və qulaqları bağlanmış vəziyyətdə təyyarəyə aparıldı və orada oturacağa bağlanıldı. “Sem” adlı şəxs onu müşayiət edirdi. O, dedi ki, təyyarə Avropa ölkəsində enəcək və sonradan ərizəçi Almaniyaya gedəcəkdir.
32. Təyyarə endikdən sonra ərizəçi, hələ də gözləri bağlanmış vəziyyətdə avtomaşının arxa oturacağında yerləşdirildi. Harada olduğu ona bildirilmədi. Avtomaşın asfalt və torpaq dağ yolları ilə getdi. Ərizəçi hiss etdi ki, maşından bir neçə şəxs çıxıb, əvəzinə başqaları oturdular. Bu şəxslər slavyan ləhcəsində, lakin çox az danışmışlar. Axırda maşın dayandı. O, maşından çıxarıldı və gözlərində olan sarğı götürüldü. Onu saxlayan şəxslər ona əşyalarını və pasportunu qaytararaq, əl qandalları çıxardı və geri baxmadan bir yolla getməyi əmr etdilər. Hava qaranlıq, yol isə boş olmuşdur. O, inanmışdır ki, ona arxadan güllə vuracaqlar və o, orada da qalacaqdır. O, yoldan dönüb və üç nəfərə rast gəldi. Onlar dərhal pasportunu istədilər. Onlar onun Alman pasportunda vizanın olmadığını görərək Albaniyada qanuni icazə olmadan qaldığının səbəblərini soruşdular. O, cavab verdi ki, harada olmasından xəbəri yoxdur. Ona bildirildi ki, o, Albaniyanın Keçmiş Yuqoslaviya Respublikası Makedoniya və Serbiya ilə sərhədləri yanındadır. Bu şəxslər onu üstündə Albaniya bayrağı olan kiçik tikintiyə gətirərək öz rəislərinə təqdim etdilər. Rəis ərizəçinin uzun saçlarını və saqqalını görərək terrorçuya oxşadığını bildirdi. Sonra onu Tirananın Ana Tereza Hava Limanına apardılar. Onu gömrük və miqrasiya nəzarətində keçirərək Almaniyanın Frankfurt şəhərinə usan təyyarəyə mindirdilər. Ərizəçinin pasportuna Albaniyadan çıxışı təsdiq edən ştamp qoyuldu.8. Almaniyaya gəliş
33. 2004-cü il mayın 29-da saat 8.40-da ərizəçi Frankfurt Beynəlxalq Hava Limanına gəldi. O, Almaniyanı tərk etdiyi vaxtdan on səkkiz kiloqram arıqlamış, saçı uzun və pırtlamış olmuş, üzü isə Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya gəldiyi vaxtdan qırxılmamış idi. Almaniyaya gəldikdən dərhal sonra o, Ulm şəhərində fəaliyyət göstərən vəkil cənab M. Qnyidiç ilə görüşdü.
34. Ərizəçinin yazılı izahatlarında bildirilir ki, o, saç follikullarının izotop analizindən başqa tibbi müayinədən keçməmişdir (aşağıda 56 və 57-ci bəndlərə bax). Məhkəmə iclasında ərizəçinin müdafiəçiləri dəqiqləşdirdilər ki, onun Almaniyaya qayıtmasından sonra keçirilmiş bir neçə tibbi müayinələrin nəticələri Almaniya prokuroru tərəfindən Avropa Parlamentinin “Fava araşdırmasına” təqdim edilmişdir (aşağıda 47-51-ci bəndlərə bax). Eyni zamanda, Skopye Hava Limanında baş vermiş hadisədən sonra uzun vaxt keçməsinə görə bu nəticələrdə fiziki xəsarətin olması təsdiq edilmədiyindən onlar Məhkəməyə təqdim edilmədi. Bundan başqa, ərizəçi bildirmişdir ki, o, hər hansı fiziki təzyiqin izlərini qoymamaq üçün xüsusilə hazırlanmış, təkmilləşdirilmiş dindirmə metodlarına məruz qalmışdır.
35. “2007-ci il Marti hesabatında” (aşağıda 46-cı bəndə bax) qeyd edilir ki, ərizəçi 2004-cü ildə Almaniyaya qayıtdıqdan bir az sonra Noy-Um şəhərindəki işgəncədən zərərçəkmiş şəxslər üçün müalicə mərkəzində müalicə almaq üçün müraciət etmişdir. Eyni zamanda, cənab Qnyidiç mərkəzdə qısa-müddətli müalicə (70 saat) üçün sığorta müqaviləsini yalnız 2006-cı ildə əldə edə bilmiş, bu müalicə isə həm cənab Qnyidiç, həm də həkimin özü tərəfindən kifayət olmayan hesab edilmişdir (“Marti hesabatının” 296-cı bəndinə bax).
36. Ərizəçi tərəfindən həmçinin təqdim edilmiş “İşgəncəyə məruz qalmış şəxslər üçün Belvü/NYU Proqramının” (Bellevue/NYU Program for Survivors of Torture) baş psixoloqu həkim Katerine Portfildin yazılı ifadəsində bildirilir ki, ərizəçi post-travmatik stress həyəcan və depressiya keçirmiş və buna “çox ehtimal, saxlama və xüsusilə pis rəftar və sui-istifadə” səbəb olmuşdur. Həkim Portfildin rəyi ərizəçi ilə bir neçə telefon danışığına və sonrakı müzakirələrə əsaslanmışdır. O, həmçinin ərizəçiyə məsləhətə görmüşdür ki, öz şəhərində, ona yardım etmək üçün zəruri təcrübəyə malik olan həkimə müraciət etsin. Ərizəçi bu məsləhəti yerinə yetirmədi.B. Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Hökumətinin ərizəçinin iddiaları ilə bağlı mövqeyi1. Müəyyən beynəlxalq araşdırmalar nəticəsində qəbul edilmiş hesabatlarda qeyd edilən cavabdeh Hökumətin mövqeyia) Avropa Şurasının üzv dövlətlərinin iştirakı iddia edilən gizli saxlama və saxlanılan şəxsləri dövlətlər arasında ötürmə, (Doc. 10957, 12 iyun 2006-cı il) (“2006-cı il Marti hesabatı”)
37. 2005-ci il dekabrın 13-də Avropa Şurası Parlament Assambleyasının sədri Assambleyanın Hüquqi məsələlər və insan hüquqları Komitəsindən Avropada “fövqəladə verilmə” halları barədə iddiaları araşdırmağa xahiş etmişdir. İsveçrədən senator Dik Marti xüsusi məruzəçi təyin edilmişdir. 2006-cı il iyunun 12-də Assambleya “2006-cı il Marti hesabatını” dərc etmişdir. Hesabatda, 2006-cı il aprelin 27-dən 29-dək keçirilmiş görüşlərdə müəyyən edildiyi kimi, Makedoniya dövlət orqanlarının ərizəçinin işi ilə bağlı mövqeyi açıqlanır. Burada, inter alia, aşağıdakılar bildirilir:
“3.1.3.1. Dövlət orqanlarının mövqeyi
106. Makedoniya Hökumətinin “rəsmi xətti” ilk növbədə daxili işlər nazirinin Avropa komissiyasının səfirinə ünvanlandığı 2005-ci il 27 dekabr tarixli məktubda əks etdirilir. Qısa olaraq, burada “polis protokollarına əsasən” dörd informasiya əks etdirilir: birincisi, cənab El-Masri 2003-cü il dekabrın 31-də saat 16.00-da Makedoniyanın Tabanovse sərhəd-keçid məntəqəsinə avtobusla gəlmiş; ikincisi, o, “saxta səyahət sənədin gəzdirməsinə” şübhə etmiş “səlahiyyətli polis əməkdaşları” tərəfindən dindirilmiş; üçüncüsü, təqribən beş saatdan sonra cənab El-Masriyə Makedoniyaya, görünür ki, sərbəst “girişə icazə verilmiş”; dördüncüsü, 2004-cü il yanvarın 23-də o, Blase sərhəd-keçid məntəqəsindən Makedoniyadan Kosovoya getmişdir ...
108. Avropa Parlamentinin nümayəndə heyəti ilə ən birinci görüşdə Respublika Prezidenti ciddi mövqe bildirərək, müstəqil mövqe bildirməklə ümumi mövqedən çıxmaq istəyən hər hansı bir rəsmi şəxsə xəbərdarlıq etmişdir: “Sizi əmin etmək istərdim ki, Daxili İşlər Nazirliyinin rəsmi mövqeyinə inanmamaq üçün bu günə qədər heç bir səbəbə rast gəlməmişəm. Nazirliyin rəsmi hesabatında müəyyən edilmiş halların həqiqətə uyğun olmamasında inandıracaq hər hansı əlavə şərh və ya fakt heç bir tərəfdən mənə təqdim edilməmişdir.”
109. Aprelin 28-də El-Masri işi zamanı Makedoniyanın əsas kəşfiyyat xidməti olan UBK-nın rəhbəri ilə görüşdə rəsmi mövqe daha təfərrüatlı şəkildə təqdim edilmişdir. O, bildirmişdir ki, UBK-nın “Nəzarət və Peşəkarlıq Standartları İdarəsi” iş ilə bağlı araşdırma aparmış və cənab El-Masrinin Makedoniya dövlət orqanları ilə bütün əlaqələrinə dair rəsmi protokolları nəzərdən keçirmişdir. UBK rəhbərinin təqdim etdiyi əlavə detallarının xülasəsi aşağıda verilir:
Cənab El-Masri yeni İl qabağı 2003-cü il dekabrın 31-də Makedoniya sərhədinə gəlmişdir. Daxili İşlər Nazirliyi bayramlar vaxtı təhlükəsizlik tədbirlərini gücləndirmiş və mümkün cinayət fəaliyyəti ilə bağlı daha yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirilmişdir. Həmin daha güclü tədbirlərin tətbiq edildiyi müddətdə avtobus sərnişinləri hərtərəfli yoxlamadan keçirilmiş, o cümlədən onların şəxsiyyəti təsdiq edən sənədləri yoxlanmışdır.
Cənab El-Masrinin pasportu yoxlanılarkən, Makedoniya sərhəd polisi əməkdaşlarında müəyyən şübhələr yaranmış və onlar “onu saxlamaq” qərarına gəlmişlər. Digər şəxsləri sərhəddə saxlamamaq üçün avtobusa hərəkəti davam etdirmək icazəsi verilmişdir.
Cənab El-Masrinin saxlamasının məqsədini onunla söhbət aparmaq olmuş və bu söhbət (UBK rəhbərinin sözlərinə görə) bütün müvafiq Avropa standartlarına uyğun aparılmışdır. UBK əməkdaşları, təhlükəsizlik və əks-kəşfiyyat xidmətinin əməkdaşları “Birləşmiş Sərhəd İdarəçiliyi və Təhlükəsizliyi” çərçivəsində Makedoniyanın bütün sərhəd məntəqələrində xidmət edir. UBK əməkdaşları cənab El-Masri ilə söhbətdə iştirak etmişlər. Rəsmilər cənab El-Masridən ölkəyə səfərinin məqsədləri, ölkədə qalmaq niyyətində olub-olmadığı və özü ilə kifayət məbləğdə pulun olub-olmaması barədə suallar vermişlər. UBK rəhbəri izah etmişdir ki, “Hesab edirəm ki, bütün bunlar bu cür adi prosedur zamanı verilən standart suallar olmuşdur – hesab etmirəm ki, daha təfərrüatlı danışmaq lazımdır”.
Eyni zamanda, Makedoniya rəsmiləri cənab El-Masrinin səyahət sənədlərinə ilkin baxış keçirmişlər. Cənab El-Masrinin Küveytdə anadan olmasını və Alman vətəndaşı olmasında iddialı olmasını xüsusilə qeyd edərək, onlarda pasportun saxta olmasında şübhə yaranmışdır.
Pasport həmçinin İnterpolun məlumat bazasında yoxlanılmışdır. Tabanovse sərhəd-keçid məntəqəsində İnterpol şəbəkəsinə çıxışı olmadığından, məlumat Skopyeyə göndərilməli idi ki, oradan İnterpolun Liondakı mərkəzi məlumat bazasına elektron sorğu göndərilsin. Belə sorğu Təhlil İdarəsindəki UBK əməkdaşı tərəfindən elektron kod istifadə edilməklə göndərilmiş və buna görə Makedoniya dövlət orqanları bunun rəsmi protokolunu təqdim edə bilməmişlər. Cənab El-Masri İnterpolda axtarış baş verərkən sərhəd-keçid məntəqəsində gözləməli olmuşdur.
İnterpol vasitəsilə cənab El-Masri barəsində axtarış elan olunmadığı və onun saxlaması üçün digər səbəblərin olmadığı müəyyən edildikdən sonra o, sərbəst buraxılmışdır. Sonradan o, Tanavse sərhəd-keçid məntəqəsindən getmiş, lakin Makedoniya dövlət orqanları bunu təsvir edə bilməmişlər. Bu barədə ayrıca görüşdə suala cavab verərkən daxili işlər naziri aşağıdakıları demişdir: “Biz onun buraxılmasından sonra baş vermiş hadisələr barədə heç nə deyə bilmərik, çünki bu, bizim maraqlarımızda deyil; şəxs sərhəd-keçid məntəqəsini tərk etdikdən sonra biz onun haraya getməsindən məlumatlı deyilik”.
Daxili İşlər Nazirliyi sonradan müəyyən etmişdir ki, ... cənab El-Masri Skopyedə “Skopski Merak” adlı mehmanxanada qalmışdır. Bildirilir ki, cənab El-Masri 2003-cü il dekabrın 31-də qeydiyyatdan keçmişdir. O, səhər yeməyi daxil olmaqla 23 gecə qalaraq 2004-cü il yanvarın 23-də qeydiyyatdan çıxmışdır.
Nazirlik bütün sərhəd məntəqələrində əlavə yoxlama apararaq müəyyən etmişdir ki, həmin axşam, 2004-cü il yanvarın 23-də cənab El-Masri Blase sərhəd-keçid məntəqəsindən Kosovoya keçərək, Makedoniya ərazisini tərk etmişdir. Cənab El-Masrinin bu yolla çıxışını təsdiq edən ştampın pasportunda olub-olmadığı barədə suala UBK-nın rəhbəri aşağıdakı cavab vermişdir: “Adətən, Makedoniyanın sərhədini keçdikdə pasportda ştamp vurulmalıdır, lakin mən əmin ola bilmərəm. UNMİK (BMT-nin Kosovoda Administrasiya Missiyası) həmçinin Kosovo sərhədində mövcuddur və bu tərəfdən qeydiyyat üçün məsuliyyət daşıyır ... Mənim əməkdaşım indi məmə məlumat verdi ki, o, son müddət ərzində Blasedə sərhədi iki dəfə keçmiş, lakin pasportda ştamp vurulmadı”.
...
116. Rəsmi versiyada səslənməyən bir fakt odur ki, Makedoniya UBK-sı bu cür məsələlərlə bağlı işçi qaydada MKA ilə məsləhətləşir (bu, müəyyən dərəcədə başa düşülən və məntiqlidir). Əldə etdiyimiz məxfi məlumata əsasən (mənbə bizə məlumdur), cənab El-Masrinin tam təsviri ... bu şəxsin terrorçu hərəkatları, xüsusilə Al-kayeda ilə əlaqələrin olub-olmamasına dair təhlil üçün MKA-ya onun Skopyedəki Bürosunun rəhbəri vasitəsilə ötürülmüşdür. MKA, Xaled El-Masri barəsində malik olduğu kəşfiyyat materialına əsasən (bunun məzmunu bizə məlum deyil) müsbət cavab vermişdir. Yerli partnyor təşkilatı olan UBK-dan cənab El-Masrinin ötürülməsi üçün MKA-ya verilməsinə qədər saxlamasında yardım göstərilməsi xahiş edilmişdir.”b) Terrorçuluq aktlarının törədilməsində şübhəli olan şəxslərin gizli saxlaması və ötürülməsi məsələsi ilə bağlı Konvensiyanın 52-ci maddəsinə əsasən Avropa Şurası Baş Katibinin Hesabatı (SG/Inf (2006) 5, 28 fevral 2006-cı il)
38. 2005-ci il noyabrın 21-də Avropa Şurasının Baş Katibi Avropanın gizli verilmə uçuşlarında əlbir olması barədə məlumatlar ilə bağlı konvensiyanın 52-ci maddəsinə əsasən proseduru başlamışdır. Üzv-dövlətlərdən öz yurisdiksiyasında olan xarici nümayəndələrin aktları üzərində qanunvericilikdə nəzərdə tutulmuş nəzarət mexanizmləri, gizli qaydada saxlamaya qarşı təminatlar, Konvensiya hüquqlarının pozulması barədə iddialar ilə bağlı məhkəmə və istintaq tədbirləri, habelə şəxslərin bu cür saxlamasına gətirib çıxaran əməllərdə və ya hərəkətsizlikdə iştirak etməsi iddia edilən rəsmilər barəsində araşdırma aparılb-aparılmadığı barədə hesabat sorğu edilmişdir.
39. 2006-cı il fevralın 17-də və aprelin 3-də cavabdeh Hökumət bu sorğuya cavab vermişdir. Sonuncu cavabda cavabdeh Hökumət ərizəçinin işi ilə bağlı öz mövqeyini bildirmişdir. Cavabda, inter alia, aşağıdakılar bildirilir:
“... Cənab Xaled El-Masri işi ilə əlaqədar olaraq bildirmək istərdik ki, bu iş Daxili İşlər Nazirliyi tərəfindən öyrənilmiş, müvafiq məlumat Avropa Komissiyasının Makedoniya Respublikasındakı nümayəndələrinə, Brüsseldəki Avropa Komissiyasının Genişləndirilməsi üzrə Baş Direktorluğunun Qərbi Balkan üzrə direktoruna və Avropa Parlamentinin üzvlərinə hələ 2005-ci ilin iyun ayında göndərilmişdir. ... Makedoniya Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, Makedoniya Respublikasının dövlət sərhədində giriş-çıxışa dair polis protokollarına əsasən, cənab Xaled El-Masri 2004-cü il dekabrın 31-də saat 16.00-da Tabanovse sərhəd-keçid məntəqəsinə Serbiya və Monteneqro Dövlət Birliyindən avtobusla gələrək Alman pasportunu təqdim etmişdir. Saxta səyahət sənədin gəzdirməsinə şübhə etmiş səlahiyyətli polis əməkdaşları sərhəd-keçid məntəqəsində sənədi yoxlamış və cənab Xaled El-Masrini dindirmişlər. İnterpol məlumat bazasında aparılmış araşdırma həmçinin göstərmişdir ki, cənab El-Masri barəsində axtarış elan edilməmişdir. 2003-cü il dekabrın 31-də saat 20.57-də cənab Xaled El-Masriyə Makedoniya Respublikasına daxil olmağa icazə verilmişdir. Polis protokollarına əsasən, cənab Xaled El-Masri 2004-cü il yanvarın 23-də Blase sərhəd-keçid məntəqəsində Makedoniya Respublikasından Serbiya və Monteneqro Dövlət Birliyinə (Kosovo seksiyası) getmişdir.”2. Məhkəmədə işə baxılması zamanı cavabdeh Hökumətin hadisələr ilə bağlı təqdim etdiyi versiya
40. Hökumət hadisələrin yuxarıda qeyd edilən versiyasını təsdiq etmişdir (yuxarıda 37 və 39-cu bəndlərə bax). Hökumət ərizəçinin mehmanxanada dövlət nümayəndələri tərəfindən saxlanması və pis rəftara məruz qalması, MKA agentlərinə verilməsi, bunlar isə tərəfindən onun Skopye Hava limanında pis rəftara məruz qoyması və Əfqanıstanda MKA-nın idarə etdiyi həbsxanaya ötürülməsi barədə iddiaları rədd etmişdir. Hökumətin izahatında göstərilir ki, ərizəçi cavabdeh dövlətin ərazisinə sərbəst girib, burada qalıb və onu tərk etmişdir. Dövlət nümayəndələri ilə yeganə əlaqə 2003-cü il dekabrın 31-də cavabdeh dövlətin ərazisinə giriş zamanı onun pasportunun qanuniliyi ilə bağlı araşdırma aparılarkən baş vermişdir. Cavabdeh dövlətin ərazisində onun qalması zamanı dövlət nümayəndələri başqa əlaqəsi olmamışdır. Daxili İşlər Nazirliyi tərəfindən aparılmış yoxlama göstərmişdir ki, ərizəçi cavabdeh dövlətin ərazisində 2003-cü il dekabrın 31-dən 2004-cü il yanvarın 23-dək öz istəyi ilə və sərbəst olaraq qalmış, sonradan isə dövlətdə Blase sərhəd-keçid məntəqəsindən çıxmışdır.
41. Öz izahatlarını müdafiə edərək Hökumət aşağıdakı sənədlərin surətini təqdim etmişdir: Tabanovse və Blase sərhəd məntəqələrindən gediş-gəliş qeydiyyatından çıxarışlar; ərizəçinin 2003-cü il dekabrın 31-dən 2004-cü il yanvarın 24-dək 11 nömrəli otaqda qalması barədə mehmanxananın qeydiyyat jurnalından çıxarış, həmçinin mehmanxana direktorunun Daxili İşlər Nazirliyinə, birincisi, müvafiq vaxtda mehmanxanada növbətçi olduğu şəxslərin adlarını açıqlayan və, ikincisi, mehmanxanada heç bir şəxsin öz iradəsinə zidd olaraq qalmasını inkar edən 2006-cı il fevralın məktubları. Həmçinin qeyd edilmişdir ki, mehmanxananın İnternet səhifəsində fotoşəkili olan şəxs (yuxarıda 17-ci bəndə bax) cənab Z.Q. olmuş və o, mehmanxanadadır. Həmçinin təqdim edilmiş, Makedoniyanın Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Administrasiyasının Daxili İşlər Nazirliyinə ünvanlanmış 2006-cı il 3 fevral tarixli məktubunda bildirilir ki, 2004-cü il yanvarın 23-də Palmadan uçan, 313P nömrəli uçuş kimi qeydiyyatdan keçmiş “Boinq 737” təyyarəsinə Skopye Hava Limanında enmək icazəsi verilmiş, həmin gün (saat 22.30-da) həmin təyyarəyə Kabilə uçmaq icazəsi verilmiş, 2004-cü il yanvarın 24-də saat 2.25-də isə bu təyyarəyə Bağdada uçmaq icazəsi verilmişdir. Bundan əlavə, Hökumət ərizəçinin mehmanxanada nağd pulla ödədiyi hesabın surətini təqdim etmişdir. Nəhayət, Hökumət 2003-cü il dekabrın 31-də Tabanpvse sərhəd-keçid məntəqəsində ərizəçi barədə tutma protokolunun surətini təqdim etmişdir. Protokolda göstərildiyi kimi, ərizəçi saat 16.30-dan 21.30-dək saxlanılmışdır. Protokolda onun saxlanılması səbəbləri göstərilməmiş, lakin onun “2003-cü il 8 dekabr tarixli tel. № 9106” əsasən saxlanması barədə əl ilə yazı əks etdirilmişdir.C. Ərizəçinin işi ilə əlaqədar beynəlxalq araşdırma
42. Avropada “fövqəladə verilmə halları” və Avropa hökumətlərinin iştirakı ilə bağlı iddialar üzrə beynəlxalq səviyyədə bir neçə araşdırma aparılmışdır. Hesabatlarda ərizəçinin işi əks etdirilmişdir.1. Avropa Şurasının Parlament Assambleyası – “Marti araşdırması”a) “2006-cı il Marti hesabatı”
43. “Marti hesabatında” (yuxarıda 37-ci bəndə bax), inter alia, aşağıdakılar qeyd edilir:
“A. Qətnamə layihəsi
...
7. Bu günə kimi toplanmış faktlar və məlumatlar, habelə açılma prosesində olan yeni faktiki hallar göstərir ki, bu “hörümçək torunun” əsas elementlərinə aşağıdakılar daxildir: MKA-nın “qara yerlərində”, eləcə də hərbi və hərbi-dəniz qurğularında dünya miqyasında gizli saxlama şəbəkəsi; terrorçuluqda şübhəli olan şəxslərin hər hansı qanuni müdafiədən kənar dövlətlər arasında mülki təyyarədə ötürülməsini, adətən alçaldıcı rəftara və işgəncəyə tez-tez əl atan dövlətlərə verilməsini ehtiva edən MKA-nın “verilmə” proqramı; saxlanılan şəxsləri “insan yükü” kimi Kubadakı Quantanamo körfəzinə və ya başqa saxlama müəssisəsinə daşımaq üçün hərbi təyyarələrdən istifadə ...
11. Bu qanunsuz əməliyyatların xarakterini və miqyasını müəyyən etmək cəhdləri ABŞ və onların Avropa partnyorları tərəfindən törədilən maneələrlə rastlaşmışdır. Avropa Şurası üzv dövlətlərinin əksəriyyətinin hökumətləri, bir çox hallarda hər hansı istintaq və ya ciddi araşdırma aparmadan, öz iştirakını inkar etmişlər ...
C. İzahedici memorandum
...
2.7.1. MKA metodologiyası – verilmə zamanı saxlanılan şəxslə necə rəftar olunur
... Ümumilikdə, hesabatda əks etdirilən işlər elita, yüksək hazırlıqlı və yüksək səviyyədə intizamlı MKA agentləri qrupu tərəfindən həyata keçirilən verilmə üzrə müəyyən hərəkətlər planının mövcudluğunu sübut edir ...
11. Nəticə
287. Sözün əsl mənasında mötəbər sübutların hələ də mövcud olmadığı ilə yanaşı, bir neçə ardıcıl və bir-birinə uyğun gələn elementlər göstərir ki, gizli saxlama müəssisələri həqiqətən mövcud olmuş və Avropada qanunsuz dövlətlərarası ötürmələr baş vermişdir. ...”
44. “2006-cı il Marti hesabatında” Skopye Hava Limanı “bir dəfəlik götürmə yeri”, yəni sistematik qaydada deyil, verilmə və ya qanunsuz ötürmə üçün saxlanılan bir şəxsin və ya bir qrup şəxsin götürülməsi üçün istifadə edilmiş yer kimi təsnif edilmişdir.
45. Ərizəçinin işi ilə əlaqədar olaraq “Marti hesabatında”, inter alia, aşağıdakılar deyilir:
“3. Sənədləşmiş verilmənin müəyyən nümunələri
3.1. Xaled El-Masri
92. Biz, həmçinin Avropa Parlamentinin Müvəqqəti Komitəsində açıq ifadə vermiş cənab Xaled El_Masri ilə bir neçə saat ərzində söhbət etdik və onun Makedoniyada və Əfqanıstanda 5 aya yaxın müddətdə saxlanması barədə ifadələrini həqiqətə uyğun hesab etdik.
...
3.1.2. Cənab El-Masrinin ifadələrini müdafiə edən elementlər
102. Bir çox sübutlar, o cümlədən məxfi olduqdan, yaxud cənab El-Masrinin oğurlama barədə şikayətinə əsasən Münhen prokurorluğunda aparılan istintaqın məxfiliyi əhatə edildikdən açıqlana bilməyən sübutlar cənab El-Masrinin ifadəsini müdafiə edir.
103. Açıq istifadədə olan sübutlar cənab El-Masrinin verdiyi şikayət baxıldığı Virciniya məhkəməsinə təqdim edilmiş yuxarıda qeyd edilən memorandumda sadalanır:
• Müvafiq tarixlərdə cənab El-Masrinin Makedoniyaya girişi və oradan çıxışını, habelə Albaniyadan çıxışını təsdiq edən pasport ştampları;
• El-Masrinin onun Cənubi Asiya ölkəsində olması və kifayət qədər uzun müddətdə yeməksiz qalması barədə ifadələrinə uyğun gələn, Almaniyada cinayət işi üzrə istintaq çərçivəsində cənab El-Masrinin saç follikullarının elmi təhlilinin nəticələri;
• Digər maddi sübutlar, o cümlədən cənab El-Masrinin pasportu, Əfqanıstandan çıxdıqda ona Amerikanlar tərəfindən verilmiş iki qısaqol mayka, Tiranadan Frankfurta uçuşa minik talonu, habelə cənab El-Masrinin sınaq müddətində əldə etdiyi və Alman prokurorlarına təqdim etdiyi bir neçə açmalar;
• Bu işdə cavabdehlərin sahib olduğu və istifadə etdiyi (ABŞ-da qeydiyyatda olan “Premier Executive Transportation Services, Inc.” Korporasiya və ABŞ-da qeydiyyatda olan “Aero Contractors Limited” korporasiyası tərəfindən istifadə edilən), o zaman FAA (ABŞ Federal Aviasiya Administrasiyası) tərəfindən N313P kimi qeyd edilmiş “Boinq” biznes təyyarəsinin 2004-cü il yanvarın 23-də Malyorkanın Palma şəhərindən uçub getməsini, həmin gün saat 20.51-də Skopye Hava limanında enməsini, üç saatdan sonra Skopyedən Bağdada və sonradan Əfqanıstanın paytaxtı Kabilə uçub getməsini təsdiq edən aviasiya jurnallarında qeydlər (müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında toplanmış təyyarənin hərəkəti barədə informasiya “2006-cı il Marti hesabatına” əlavə edilmişdir);
• Cənab El-Masrinin sərhəddə saxlanması barədə ifadəsini təsdiq edən, Almaniyadan Makedoniyaya getmiş avtobusun digər sərnişinlərinin şahid ifadələri;
• Cənab E-Masrinin onun qaldığı otağı və ona yemək gətirmiş işçini tanıdığı, Skopyedə 23 gün ərzində saxlanıldığı mehmanxananın fotoşəkilləri;
• Cənab El-Masrinin Əfqanıstanda saxlanıldığı müddətdə yüngül zəlzələ halları barədə məlumatı təsdiqləyən geoloji qeydlər;
• Cənab El-Masrinin fotoşəkillərdə və tanınma prosedurunda tanıdığı “Sem” adlı şəxs və onun, media məlumatlarına əsasən, xarici kəşfiyyat xidmətləri ilə əlaqəsi olan Almaniya kəşfiyyat əməkdaşı olması;
• Cənab El-Masrinin çəkdiyi Əfqanıstandakı həbsxananın sxemi və onun Əfqanıstanda ABŞ tərəfindən saxlanılan digər zərərçəkmiş şəxs tərəfindən dərhal tanınması;
• Cənab El-Masrinin Almaniyaya qayıtmasından bilavasitə sonra çəkilmiş fotoşəkillər və onların onun çəkinin azalması və saçının pırtlamış olması barədə ifadəsini təsdiqləməsi.
...
113. Kifayət qədər məntiqlə rəsmi xəttə olan uyğunsuzluqları qeyd etmək olar. Misal üçün, Daxili İşlər Nazirliyi “El-Masrinin ödədiyi hesabın surətinin mehmanxana sahibində olmasını” bildirsə də, mehmanxana sahibi bir neçə dəfə telefon vasitəsilə və şəxsən sorğulara cavab verərək onun Daxili İşlər Nazirliyinə verdiyini bildirmişdir.
...
125. Bütün bu faktiki elementlər göstərir ki, MKA Xaled El-Masrinin “verilməsini” həyata keçirmişdir. Müvafiq təyyarə yalnız iki gün bundan qabaq başqa saxlanılmış şəxsin ötürülməsini başa çatdırmış və hələ də “verilmə dairəsində” qalmışdır. Təyyarə və ekipaj aralıq müddəti MKA-nın sevimli dayanacaq yerində Palma de Malyorkada keçirmişdir. Cənab El-Masrinin təyyarə məcburi surətdə mindikdən qabaq məruz qaldığı fiziki və mənəvi alçaltma bu hesabatda yuxarıda təsvir olunmuş MKA-nın sistematik “verilmə metodologiyasına” uyğundur. Cənab El-Masrini aparmış təyyarənin uçuşunun yekun məntəqəsi, yəni Kəbil, bizim qrafika şəklində təqdim etdiyimiz “hörümçək torunda” MKA-nın gizli saxlamanın mərkəzini təşkil edir.
...
127. Bir daha təkrar etmək lazımdır ki, bu işlə bağlı bütün faktların təhlili El-Masrinin ifadələrinin həqiqətə uyğun olmasına dəlalət edir. Hər şey onun oğurlamadan və BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin presedent hüququnda müəyyən edilmiş anlayış mənasında işgəncəni təşkil etmiş pis rəftara məruz qalmasından zərərçəkmiş şəxs olmasına gətirib çıxarır ...”b) Avropa Şurasının üzv dövlətlərinin iştirakı ilə iddia edilən gizli saxlama və saxlanılan şəxsləri dövlətlər arasında ötürmə: ikinci hesabat (Doc. 11302 rev., 11 iyun 2007-ci il) (“2007-ci il Marti hesabatı”)
46. Senator Martinin 2007-ci il 11 iyun tarixli hesabatında, inter alia, aşağıdakılar bildirilir:
“5. Bəzi Avropa hökumətləri “dövlət sirri” anlayışına istinad edərək həqiqətin müəyyən edilməsinə maneələr törətməkdə davam edir. Parlament orqanlarına izahat verməmək, yaxud məhkəmələr tərəfindən faktların müəyyən edilməsinin və cinayətlərə görə məsuliyyətə cəlb edilməsinin qarşısını almaq üçün məxfiliyə müraciət edilir ... Eyni yanaşma Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın dövlət orqanlarına həqiqəti gizlətməyə və öz dövlət, eləcə də MKA nümayəndələrinin Xaled El-Masrinin gizli saxlanması və verilməsi zamanı əməlləri barədə yanlış məlumat verməyə imkan verir.
...
273. Biz inanırıq ki, hal-hazırda biz cənab El-Masrinin “səyahətini” təfərrüatlı izləyə və onun Avropaya qayıtmasına işıq sala bacardıq: əgər biz, nə zəruri səlahiyyətlərə, nə də ehtiyatlara malik olmadıqda bunu etməyə bacardıqsa, nəyə görə səlahiyyətli dövlət orqanları bunu edə bilmədi? Bunun yalnız bir izahı vardır: onlar həqiqətin açılmasında maraqlı deyil.
...
275. ... Biz, cənab El-Masrini Əfqanıstana aparmış təyyarəni, yəni 2004-cü il yanvarın 24-də Skopyedən (Keçmiş Yuqoslaviya Respublikası Makedoniya) Bağdada (İraq) və Kabilə (Əfqanıstana) usan N313P təyyarəsini MKA-nın digər saxladığı məlum şəxsin eyni təyyarədə iki gün qabaq ötürülməsi ilə əlaqələndirməklə və bununla birinci “verilmə dairəsini” müəyyən etməklə MKA-nın cənab El-Masrinin Əfqanıstana ötürülməsində iştirakını sübut edə bildik. ...
276. Cənab El-Masri Əfqanıstana gətirildikdən sonra o, MKA-nın Kabilin yanındakı gizli saxlama müəssisəsində “kiçik, çirkli, beton kamerada” dörd aydan çox müddətdə saxlanılmışdır. Bu müddət ərzində MKA ona qarşı heç bir ittihamın irəli sürülə bilmədiyini, onun pasportunun isə etibarlı olduğunu müəyyən etmiş, lakin naməlum səbəblərdən cənab El-Masrini bir neçə həftə ərzində bu bərbad, birnəfərlik kamerada saxlamaq qərarına gəlmişdir.
...
279. Bu gün mən düşünürəm ki, mən cənab El-Masrinin Əfqanıstandan qaytarılması şəraitini yenidən qurmaq imkanındayam: o, 2004-cü il mayın 28-də Kabildən bort nömrəsi N982RK olan “Qolfstrim” təyyarəsində MKA-nın çarter reysi ilə Albaniyada Bezat-Kuçova Aerodrom adlı hərbi bazaya gətirilmişdir.
...
314. Cənab El-Masrinin Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada məcburi qalması ilə bağlı “rəsmi versiya” tamamilə yaramır ...”2. Avropa Parlamenti: “Fava araşdırması”
47. 2006-cı yanvarın 18-də Avropa Parlamenti tərəfindən Fövqəladə Verilmə üzrə Müvəqqəti Komitə yaradılmış və cənab Klaudio Fava Avropada MKA həbsxanalarının mövcudluğuna dair iddiaları araşdırmaq səlahiyyətli məruzəçi təyin edilmişdir. “Fava araşdırması” çərçivəsində 130 görüş keçirilmiş və Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya, ABŞ-a, Almaniyaya, Böyük Britaniyaya, Rumıniyaya, Polşaya və Portuqaliyaya nümayəndə heyətləri səfər etmişlər.
48. 2001-2005-ci illərdə Avropanın hava məkanında MKA tərəfindən ən azı 1245 uçuşun həyata keçirdiyi müəyyən edilmişdir. Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya səfər zamanı nümayəndə heyəti yüksək səviyyəli rəsmilər ilə görüşmüşdür.
49. 2006-cı il iyulun 6-da Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Məhbusların daşınması və qanunsuz saxlanması üçün MKA tərəfindən Avropa ölkələrinin istifadəsinə dair iddialar haqqında” Qətnamədə (2006/2027(INI)), P6_TA (2006)0316), inter alia, aşağıdakılar bildirilir:
“19. Avropa Parlamenti 2004-cü ilin yanvarından mayına qədər Əfqanıstanda saxlanılmış və alçaldıcı və qeyri-insani rəftara məruz qalmış Alman vətəndaşı Xaled El-Masrinin MKA tərəfindən oğurlanmasını pisləyir; həmçinin Xaled El_Masrinin bundan qabaq, yəni 2003-cü il dekabrın 31-dən 2004-cü il yanvarın 23-dək Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada qanunsuz olaraq saxlanması və 2004-cü il yanvarın 23-24-də oradan Əfqanıstana ötürülməsi barədə hələ də qüvvədə olan şübhələri qeyd edir; Keçmiş Yuqoslaviya Respublikası Makedoniya tərəfindən bu məsələnin araşdırması üçün guya həyata keçirilən tədbirləri qeyri-mütənasib sayır...
42. Alman vətəndaşı Xaled El-Masrinin 2004-cü ildə dörd aydan artıq müddətdə Əfqanıstanda qanunsuz olaraq saxlanılması faktını pisləyir; Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın dövlət orqanlarının El-Masrinin Skopyedə olması və MKA agentləri tərəfindən Əfqanıstana ötürmədən qabaq orada saxlanması faktını təsdiq etməkdən çəkindiyindən təəssüflənir ...”
50. 2007-ci il yanvarın 30-da “Məhbusların daşınması və qanunsuz saxlanması üçün MKA tərəfindən Avropa ölkələrinin istifadəsinə dair iddialar haqqında” yekun Hesabat dərc edilmişdir (2006/2200 (INI)), doc. A6-0020/2007). Hesabatda cavabdeh dövlət tərəfindən hərtərəfli araşdırmanın keçirilmədiyi qeyd edilərək, inter alia, aşağıdakılar bildirilir:
“136. Avropa Parlamenti 2003-cü il dekabrın 31-də Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada Tabanovse sərhəd-keçid məntəqəsində oğurlanmış, 2003-cü il dekabrın 31-dən 2004-cü il yanvarın 23-dək Skopyedə qanunsuz saxlanılmış və 2004-cü il yanvarın 23-24-də Əfqanıstana ötürülmüş, orada isə 2004-cü ilin may ayına qədər saxlanılmış və alçaldıcı və qeyri-insani rəftara məruz qalmış Alman vətəndaşı Xaled El-Masrinin fövqəladə verilməsini pisləyir;
...
138. Xaled El-Masrinin hadisələr barədə versiyasını təkzib edəcək sübutların olmadığı barədə Münhen prokuroru Martin Hofmanın gəldiyi ilkin nəticəsini tamamilə müdafiə edir;”
51. Hesabatda həmçinin vurğulanır ki, “gizli saxlama müəssisəsi” anlayışına həbsxanalardan əlavə, həmçinin hər hansı bir şəxsin təcrid olunmuş vəziyyətdə saxlanıldığı yer, o cümlədən özəl mənzillər, polis məntəqələri və ya Xaled El-Masri ilə Skopyedə olduğu kimi mehmanxana otaqları daxildir”.3. BMT-inin İnsan Hüquqları Komitəsinin Keçmiş Yuqoslaviya Respublikası Makedoniya ilə bağlı Yekun Rəyi (3 aprel 2008-ci il, UN Doc. ССРR/С/МKD/СO/2)
52. BMT-nin İnsan Hüquqları Komitəsinin 2008-ci ilin mart-aprel sessiyasında həyata keçirilmiş, cavabdeh dövlətin “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakta əməl edilməsinə dair dövri icmal zamanı Komitə “üzv dövlətin apardığı araşdırmanı və, (“Marti” və “Fava” araşdırmalarında qaldırılmış çox təfərrüatlı iddialara və narahatlığa baxmayaraq, ərizəçinin verilməsində iştirak etmənin rədd etməsini qeyd etmişdir”. BMT-nin İnsan Hüquqları Komitəsi aşağıdakı tövsiyəni vermişdir:
“14. ... üzv dövlət cənab Xaled El-Masrinin irəli sürdüyü iddialar ilə bağlı yeni və hərtərəfli istintaq aparmaq məsələsini nəzərdən keçirməlidir. İstintaq zamanı bütün mümkün sübutlar nəzərə alınmalı və cənab El-Masrinin özü ilə əməkdaşlıq edilməlidir ...”
53. 2008-ci il sentyabrın 11-də dərc edilmiş, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının hesabatında bu tövsiyəyə dəstək verilmişdir (Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Tomas Hammarberq, “Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya səfərə dair hesabat, 25-29 fevral 2008-ci il”).4. İnsan Hüquqları üzrə Amerikalararası Komissiyasında ərizəçinin Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı verdiyi şikayəti
54. 2008-ci il aprelin 9-da ərizəçi İnsan Hüquqları üzrə Amerikalararası komissiyaya şikayət vermişdir. 2009-cu il avqustun 23-də Komissiya şikayəti şərh vermək üçün ABŞ Hökumətinə göndərmişdir. Bu proses barədə əlavə məlumat verilməmişdir.D. Cavabdeh dövlətdən başqa dövlətlərin dövlət orqanları qarşısında müvafiq proseslər1. Almaniyaa) Almaniya prokurorluğu tərəfindən aparılmış istintaq
55. 2004-cü ildə Münhen prokurorluğu ərizəçinin Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada və Əfqanıstanda qanunsuz oğurlanması, saxlanılması, fiziki və psixoloji cəhətdən təhqir olunması və dindirilməsi barədə onun şikayətləri ilə əlaqədar istintaqı başlamışdır. Ərizəçinin sözlərinə görə, bir sıra istintaq hərəkətləri keçirilmiş, o cümlədən şahidlər dindirilmiş, onlar isə təsdiq etmişlər ki, 2003-cü il axırlarında ərizəçi Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya avtobusla səfər etmiş və bu dövlətə girişdən bir az sonra saxlanılmışdır.
56. Bundan başqa, ərizəçinin saçlarının radioaktiv izotop təhlili həyata keçirilmişdir. 2005-ci il 17 yanvar tarixli ekspert rəyində, inter alia, aşağıdakılar bildirilir:
“... yüksək ehtimalla demək olar ki, ərizəçinin saçlarının izotop imzalarında müşahidə edilən dəyişikliklər ərizəçinin ifadələrinə uyğun gəlir ...”
57. Almaniya Bundestaqının Birinci Araşdırma komitəsinin nəticələrinə görə (aşağıda bax), radioizotop təhlili həmçinin ərizəçinin iki dəfə aclıq aksiyasını keçirdiyini təsdiq etmişdir.
58. 2007-ci il yanvarın 31-də Münhen prokuroru ərizəçinin verilməsində iştirak ilə bağlı MKA-nın 13 agenti barəsində axtarış elan etmişdir. Barələrində axtarış elan edilmiş şəxslərin adları açıqlanmamışdır. İddia edilir ki, İspaniyanın dövlət orqanları İspaniya hava limanlarının MKA tərəfindən istifadə edilməsi ilə bağlı aparılmış istintaq zamanı müəyyən edilmiş MKA agentlərinin adlarını Almaniya prokuroruna onları vermişdir.b) Almaniyada parlament araşdırması
59. 2006-cı il aprelin 7-də Almaniya Bundestaqı (Federal Parlament) xüsusi xidmətlərin fəaliyyətini nəzərdən keçirmək məqsədilə 16-cı Çağırış müddətinin Birinci Araşdırma Komitəsini (“Araşdırma Komitəsi”) yaratmışdır. Üç il müddətində aparılmış araşdırma zamanı Komitə ümumiyyətlə 124 iclas keçirmiş, 7 sahə üzrə araşdırma aparmış, 141 şahidin, o cümlədən ərizəçinin ifadələrini dinləmişdir. Araşdırma Komitəsinin gəldiyi nəticələr 2009-cu il iyunun 18-də dərc edilmişdir.
60. Bütövlükdə 1430 səhifədən ibarət Araşdırma Komitəsinin hesabatında, inter alia, aşağıdakılar bildirilir:
“... Xaled El-Masrinin onun Makedoniyada və Əfqanıstanda həbsdə saxlanılması ilə bağlı ifadəsi, Makedoniyada saxlanma və Əfqanıstana ötürmə, habelə ABŞ qüvvələri tərəfindən həbsdə saxlamaya dair əsas faktlara gəldikdə, həqiqətə uyğundur. Eyni zamanda, onun ifadəsinin bəzi aspektləri ilə bağlı şübhələr qalır.
Şvab hüquq mühafizə orqanları tərəfindən aparılmış və BKA (Bundeskriminalamt – Almaniya Federal Cinayət Polisi) tərəfindən dəstəklənmiş istintaq cənab El-Masrinin ifadələrini təsdiqləyir. Onun 2003-cü il dekabrın 31-də Makedoniyaya səfər etdiyi şahid ifadələri ilə təsdiqlənir. ABŞ qüvvələri tərəfindən Makedoniyadan Əfqanıstana ötürmə barədə El-Masrinin ifadəsi o zaman ABŞ hökumətinin “terrorçuluqla müharibəsinin” ifratçılığının digər qurbanlarının sonrakı ifadələrinə uyğundur. 2004-cü il yanvarın 23-də Malyorkadan Skopyeyə uçmuş və Kabilə uçuşunu davam etmiş MKA-nın olması güman edilən “Aero-Contractors” reysini həyata keçirən Amerikanın “Boinq 737” hərəkəti barədə qeydlər cənab El-Masrinin Makedoniyada mehmanxanada keçirdiyi müddət barədə verilən məlumata uyğundur ...
Bütün bunlar hadisələr barədə rəsmi Makedoniya versiyası ilə bağlı Komitənin əsaslı şübhələrini müdafiə edir ... Makedoniya Hökuməti onun mehmanxanada saxlanılmasını və Əfqanıstana ötürülməsini inkar edərək bunu diffamativ media təbliğatı adlandırır. Makedoniyanın bu, hadisələr barədə rəsmi versiyası yanlışdır. Əslində, belə nəticəyə gəlmək lazımdır ki, cənab El-Masrinin həbs edilməsi və ölkədən kənara ötürülməsi barədə onun ifadəsi ilə bağlı inandırıcı sübutlar mövcuddur ...” (səh. 353)
61. Hesabata uyğun olaraq, ərizəçinin Skopyeyə səfərinin əsl məqsədləri ilə bağlı şübhələr qalmış və onun Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada və Əfqanıstanda dindirilməsi ilə bağlı ifadələrində, xüsusilə “Semin” Alman olması barədə şübhələrində əhəmiyyətli ziddiyyətlərin olması qeyd edilmişdir.2. ABŞ-da məhkəmə icraatı
62. 2005-ci il dekabrın 6-da Amerika Mülki Azadlıqlar Birliyi (“ACLU”) Virciniyanın Şərqi Bölgəsi üzrə ABŞ-ın Bölgə Məhkəməsinə MKA-nın sabiq müdiri Corc Tenet və müəyyən naməlum MKA agentləri daxil olmaqla bir sıra cavabdehlərə qarşı ərizəçi adından iddia ərizəsi ilə müraciət etmişdir. İddiada ərizəçinin məhkəmə prosesi olmadan azadlıqdan məhrum edildiyi göstərilmiş və “Uzunmüddətli özbaşına həbsi və qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarı qadağan edən beynəlxalq hüquq normalarının pozulması ilə bağlı xaricilərin hüquqlarının pozulması haqqında” Qanuna əsasən şikayət əks etdirilmişdir.
63. 2006-cı ilin may ayında Bölgə Məhkəməsi, ABŞ Hökumətinin dövlət sirrini açmamaq imtiyazından qanuni olaraq istifadə etdiyini müəyyən edərək iddianı rədd etmişdir. Bölgə Məhkəməsi qərara gəlmişdir ki, dövlət sirrinin mühafizəsinə dair dövlətin maraqları ərizəçinin ədalətə nail olmağa dair fərdi marağından üstün olmuşdur. Bu qərar Dördüncü Dairə üzrə ABŞ Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. 2007-ci ilin oktyabr ayında Ali Məhkəmə işə yenidən baxmaqdan imtina etmişdir.E. Ərizəçinin iddia edilən həbsi, saxlanılması və barəsində pis rəftar ilə əlaqədar Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada həyata keçirilmiş tədbirlər1. Daxili İşlər Nazirliyinin Nəzarət və Peşə Standartları İdarəsində (NPSİ) araşdırma
64. 2005-ci ildə ərizəçinin şikayətləri ilə əlaqədar olaraq Daxili İşlər nazirliyində NPSİ tərəfindən daxili araşdırma aparılmışdır. Ərizəçi NPSİ-yə hər hansı sübut təqdim etməyə dəvət edilməmiş, habelə araşdırmanın nəticələri barədə məlumatlandırılmamışdır. Araşdırmanın nəticələri ona yox, cavabdeh dövlətdə Avropa İttifaqının nümayəndələrinə göndərilmişdir (yuxarıda 39-cu bəndə bax).
65. Hazırkı iş barədə kommunikasiya aldıqdan sonra, Hökumət NPSİ tərəfindən 2006-cı il martın 20-də və 2008-ci il aprelin 10-da verilmiş iki hesabatının surətlərini təqdim etmişdir. Hər iki hesabat Almaniyada ərizəçinin şikayətləri ilə bağlı istintaq aparan Münhen prokurorunun hüquqi yardım barədə 2005-ci il 9 may və 2007-ci il 13 noyabr tarixli müraciətlərinə əsasən Baş Prokurorluğun Mütəşəkkil Cinayət və Korrupsiya üzrə İdarəsinin sorğuları əsasında hazırlanmışdır. Həmin hesabatlarda Hökumətin yuxarıda göstərilən versiyası təkrar edilmişdir. Hesabatlarda qeyd edilmişdir ki, ərizəçi 2003-cü il dekabrın 31-də Tabanovse sərhəd-keçid məntəqəsinə gələrkən saat 16.30-dan 21.30-dək sərhəd xidmətinin binasında saxlanılaraq saxta pasport gəzdirməsi şübhəsi ilə əlaqədar Makedoniya polisi tərəfindən dindirilmişdir. Azad edildikdən sonra o, mehmanxananın 11 nömrəli otağında qalmışdır. O, mehmanxana xərclərini ödəyərək 2004-cü il yanvarın 23-də saat 18.20-də Blase sərhəd-keçid məntəqəsindən cavabdeh dövlətin ərazisini piyada tərk etmişdir. Həmçinin qeyd edilmişdir ki, o zaman Daxili İşlər Nazirliyi sistemində fəaliyyət göstərmiş UBK-nın rəhbəri heç vaxt hər hansı xarici agentlik, o cümlədən MKA tərəfindən mükafatlandırılmamışdır. Nəticədə göstərilmişdir ki, heç kəs, o cümlədən ərizəçi heç zaman mehmanxanada saxlanılaraq Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən dindirilməmişdir.
66. Bu araşdırmalar zamanı Daxili İşlər Nazirliyi Makedoniya prokurorluğuna yuxarıda qeyd edilən sənədləri təqdim etmişdir (yuxarıda 41-ci bəndə bax).2. Hüquq mühafizə orqanlarının naməlum əməkdaşları barəsində cinayət təqibi
67. 2008-ci il oktyabrın 6-da ərizəçi, öz qanuni nümayəndəsi cənab F.Medarski vasitəsilə, Cinayət Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qanunsuz həbsdə saxlama və adam oğurlama ilə əlaqədar hüquq mühafizə orqanlarının adları məlum olum olmayan əməkdaşları barəsində Skopye prokurorluğuna şikayət vermişdir. Şikayətdə həmçinin Cinayət Məcəlləsinin 142 və 143-cü maddələrində nəzərdə tutulmuş işgəncə vermə, yaxud digər qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar etmə və ya cəzalandırma cinayətinin törədilməsi iddia edilmişdir. Ərizəçi ABŞ-da verilmiş iddiaya baxılması üçün hazırlanmış yazılı ifadəsinin surətini və aşağıdakı sübutları şikayətə əlavə etmişdir: pasportun surəti; 2006 və 2007-ci il “Marti hesabatından” və “Fava araşdırmasından” müvafiq çıxarışlar; aviasiya qeydiyyat jurnallarının surəti; FAA tərəfindən N313P kimi qeydiyyata alınmış “Boinq 737” təyyarəsinin 2004-cü il yanvarın 23-də Skopye Hava Limanında sərnişinsiz enməsini və 2004-cü il yanvarın 24-də bortda bir sərnişin olmaqla uçub getməsini təsdiq edən Skopye Hava Limanı müdiriyyətinin 2008-ci il 18 iyun tarixli məktubu (ərizəçinin informasiya sorğusuna cavab); ərizəçinin saçlarının təhlilinə dair ekspert rəyinin tərcüməsi; ərizəçinin iddia edildiyi kimi saxlanıldığı mehmanxana otağının eskizi. Ərizəçiyə yemək gətirmiş ofisiantın fotoşəkili prokurorluğa təqdim edilməmişdir, çünki “ərizəçi o zaman onun surətini çıxara bilməmiş, fotoşəkil isə artıq mehmanxananın internet səhifəsində qalmamışdır”. Ərizəçi həmçinin şikayət etmişdir ki, Tabanovse sərhəd-keçid məntəqəsində və “Skopski Merak” mehmanxanasında saxlanılarkən, onun öz ailəsi, seçdiyi vəkil və ya Alman səfirliyinin nümayəndəsi ilə əlaqə saxlamaq hüququ təmin edilməmişdir.
68. 2008-ci il oktyabrın 13-də prokurorluq tərəfindən Daxili İşlər Nazirliyinə ərizəçinin şikayətlərinin araşdırılması və həqiqəti müəyyən etmək üçün xüsusilə Tabanovse sərhəd-keçid məntəqəsində, mehmanxanada və Skopye Hava Limanında baş vermiş hadisələrə dair konkret məlumatın təqdim edilməsi tapşırılmışdır.
69. 2008-ci il noyabrın 7-də NPSİ əvvəlki nəticələrini təsdiq edərək, bütün sənədlərin artıq prokurorluğa göndərildiyini bir daha bildirmişdir (yuxarıda 41 və 65-ci bəndlərə bax).
70. 2008-ci il dekabrın 18-də ərizəçinin şikayəti əsassız olduqdan prokurorluq tərəfindən rədd edilmişdir. Prokuror, NPSİ tərəfindən təqdim edilmiş məlumatlara əsaslanaraq, iddia edilən cinayət əməllərinin şəxsiyyəti məlum olmayan əməkdaşlar tərəfindən törədilməsinin sübuta yetirilmədiyini müəyyən etmişdir. Ərizəçinin sözlərinə görə, 2010-cu il noyabrın 22-də ona bu qərar barədə məlumat verilmişdir.
71. Hökumət etiraf etmişdir ki, istintaq zamanı prokuror tərəfindən ərizəçi və o zaman mehmanxanada işləmiş şəxslər dindirilməmişdir. Bundan başqa, ərizəçinin şikayətinə əlavə edilmiş, Skopye Hava Limanı müdiriyyətinin 2008-ci il 18 iyun tarixli məktubunda göstərilən təyyarənin enməsi məqsədini müəyyən etmək üçün tədbir görülməmişdir (yuxarıda 67-ci bəndə bax). Hökumətin fikrincə, bu, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsində ərizəçinin həqiqətə uyğun olmayan iddiaları rədd edildikdən, baş vermişdir. Bundan başqa, 2006-cı ildə aparılmış araşdırma zamanı Nazirlik artıq o zaman mehmanxanada işləmiş şəxsləri dindirmişdir (yuxarıda 41 və 65-ci bəndlərə bax). Onlar bir-birinə uyğun ifadələri vermişlər. Eyni zamanda, dindirmə protokolları aparılmamışdır.3. Zərərin əvəzinin ödənilməsinə dair mülki iddia
72. 2009-cu il yanvarın 24-də cənab F. Medarski, ərizəçinin adından, onun qanunsuz oğurlanması və barəsində pis rəftar ilə əlaqədar dövlətə və Daxili İşlər Nazirliyinə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia “Öhdəliklər haqqında” Qanununun 141 və 157-ci maddələrinə əsaslanmışdır (aşağıda 91 və 92-ci bəndlərə bax). Ərizəçi həbsdə saxlama zamanı fiziki və psixoloji ağrı, habelə öldürüləcəyindən qorxu nəticəsində ona dəymiş mənəvi zərər müqabilində 3 milyon Makedoniya dinarı (təqribən 49000 avro) tələb etmişdir. O, xarici aləm ilə əlaqə saxlamaq hüququndan məhrum olunması barədə şikayəti təkrar etmişdir. Ailənin onun taleyi və olduğu yer barədə məlumatsız olması faktı onun psixoloji əzablarını gücləndirmişdir. Bunun nəticəsindən onun həmçinin Konvensiyanın 8-ci maddəsinə əsasən ailə həyatına hörmət hüququ pozulmuşdur. O, həmçinin iddia etmişdir ki, dövlət nümayəndələrinin bu cür hərəkətləri nəticəsində onun Konvensiyanın 3, 5 və 8-ci maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Prokurorluğa verilmiş şikayətə əlavə edilmiş sübutlardan (yuxarıda 67-ci bəndə bax) əlavə, ərizəçi məhkəmədə onun ifadəsinin dinlənilməsini və psixoloji ekspertizanın aparılmasını xahiş etmişdir.
73. Hökumət Məhkəməyə məlumat vermişdir ki, bu günə qədər işlə bağlı Skopye Birinci İnstansiya Məhkəməsində 16 məhkəmə iclası təyin edilmişdir. Başqa cinayətlə əlaqədar Almaniyada həbs edilmiş ərizəçinin məhkəmə iclaslarına gəlməməsinə görə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Birinci instansiya məhkəməsində işə hələ ki baxılır.F. Məhkəməyə təqdim edilmiş digər sübutlar1. 2010-cu il 4 mart tarixli şahid ifadəsi
74. 2002-ci ilin noyabr ayından 2004-cü il may ayınadək Makedoniyanın daxili işlər naziri və 2004-cü ilin iyun ayından noyabr ayınadək Baş naziri olmuş H.K.-nın 2010-cu il martın 4-də notarius tərəfindən notarius tərəfindən təsdiq edilmiş ifadəsində, inter alia, aşağıdakılar bildirilir:
“ ...
5. Mən təsdiq edirəm ki, daxili işlər naziri olduğum müddətdə, 2003-cü ilin dekabrında və 2004-cü ilin yanvarında Makedoniyanın UBK əməkdaşları mənim icazəmlə və UBK direktorunun bilavasitə nəzarəti altında, Xaled El-Masri adı ilə səyahət etmiş Alman vətəndaşının saxlamasında iştirak etmişlər.
6. Cənab El-Masri 2003-cü il dekabrın 31-də Almaniyadan Makedoniyaya avtobusla daxil olmağa cəhd etmişdir. Makedoniyanın polis əməkdaşları onu Serbiya ilə Tabanovse sərhəd-keçid məntəqəsində saxlamışdılar. Polis əməkdaşları onun şəxsiyyəti təsdiq edən sənədin saxta olmasında şübhələnərək onu avtobusdan çıxarmış və sərhəd-keçid məntəqəsində saxlamışlar.
7. Bizim UBK əməkdaşlarımız ABŞ kəşfiyyat partnyorlarına cənab El-Masrinin gəlməsi barədə məlumat vermiş, onlara isə cavab olaraq bildirilmişdir ki, bu şəxs İslam terrorçuluqda iştirak etməkdə şübhələnir. Makedoniyaya cənab El-Masri barəsində ABŞ tərəfindən elan edilmiş beynəlxalq axtarış barədə sənəd və onun saxlanılması barədə rəsmi müraciət daxil olmuşdur.
8. ABŞ-ın müraciətinə uyğun olaraq Makedoniya Hökuməti cənab El-Masrini ABŞ dövlət orqanlarında əlavə dindirmə üçün verilməsinə qədər saxlamağa razılaşmışdır. Daxili İşlər naziri olaraq mən, UBK tərəfindən həyata keçirilən tədbirlərdən məlumatlı olmuş və, əməliyyatda iştirak etmədiyimə baxmayaraq, əvvəldən onlara bunun üçün icazə vermişdim. Həmçinin, mən Makedoniya Hökuməti adından bizim ABŞ-da partnyorlamızla əlaqə saxlamışdım.
9. Cənab El-Masri bir müddət Skopyedə gizli qaydada və heç bir insident baş vermədən, UBK agentlərinin mütəmadi nəzarəti altında saxlanılmışdır.
10. Cənab El-Masri Makedoniya üçün təhdid hesab edilməmiş və Makedoniya kəşfiyyatı üçün heç bir dəyərə malik olmamışdır. Qərar təkcə bizim tərəfimizdən qəbul edilsə idisə, biz onu azad edərdik. Lakin, biz ABŞ partnyorlamızın verdiyi axtarış əsasında vicdanla tədbir görmüşdük, onlar isə bildirmişlər ki, onlar cənab El-Masri öz öhdəsinə götürmək və ölkədən çıxarmaq üçün Makedoniyaya təyyarəni və bir qrup MKA agentlərini göndərəcəklər. Vaxt ötdukcə, mən ABŞ partnyorlarımıza bildirmişdim ki, bu cür verilmə tez baş tutmasa Makedoniya cənab El-Masrini azad etməli olacaqdır.
11. Nəhayət, 2004-cü il yanvarın 23-də cənab El-Masri Skopye Hava Limanında MKA-nın “verilmə qrupuna” verilmiş və MKA-nın idarə etdiyi təyyarədə Makedoniyadan çıxarılmışdır.
12. Əməliyyat Makedoniya tərəfindən Daxili İşlər Nazirliyində UBK əməkdaşları tərəfindən tam sənədləşdirmişdir. Bu sənədləşmə təhlükəsiz şəraitdə saxlanılmış və Nazirliyin arxivində olmalıdır. Sənədlərdə hansı məlumatların əks etdirildiyini dəqiq deyə bilmərəm, lakin bilirəm ki, mən daxili işlər naziri olduğum zaman müvafiq sənədlər məhv edilməmişdir.
13. Cənab El-Masri ölkədən getdikdən bir neçə gün sonra mənə, Daxili işlər Nazirliyinin qaydalarına uyğun surətdə əməliyyat barədə yekun hesabat təqdim edilmişdir. Xatirəmdədir ki, yekun hesabatda Makedoniyanın cənab El-Masri barəsindən qanuni beynəlxalq axtarış barədə sənədə dəqiq əməl etməsi göstərilmişdir. Makedoniya öz qanunvericiliyinə və Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair prosedur qaydalarına uyğun tədbir görmüşdür.
14. Bizim tərəfimizdən əməliyyatın keçirilməsi qaydası Makedoniyanın terrorçuluğa qarşı ümumdünya mübarizədə etibarlı partnyor statusunu möhkəmləndirmişdir. Bizim ABŞ partnyorları məsələnin Makedoniya tərəfindən necə həll edildiyini yüksək qiymətləndirmişlər.
15. Mən bilirəm ki, ABŞ dövlət orqanları cənab El-Masriyə qarşı heç bir ittiham irəli sürmədən bir neçə ay müddətində həbsdə saxladıqdan sonra onu azad etmişlər. Mən anlayıram ki, cənab E-Masri ilə bağlı vəziyyət səhvdən yaranmışdır. Əminəm ki, cənab El-Masri işində hər hansı səhv olmuşdursa, bu, Makedoniyanın səhv olmamış, və inanıram ki, Makedoniya dövlət orqanları qəsdən hər hansı nöqsana yol vermişlər.
16. Mən bilirəm ki, hal-hazırda cənab El-Masri Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir. Mənim bu ifadəm məhz cənab El-Masrinin işi ilə bağlı Məhkəmə çəkişməsi məqsədi üçün verilir və fərdi şəxslər barəsində hər hansı istintaq üçün istifadə edilə bilməz.
...
18. Mən şərəflə və namusla bəyan edirəm ki, bu ifadə həqiqətdir, tam həqiqətdir və həqiqətdən başqa heç nəyi əks etdirmir”.2. Ərizəçinin işi ilə bağlı cənab J.G.S. tərəfindən təqdim edilmiş ekspert rəyi
75. Cənab J.G.S. Böyük Britaniya vətəndaşıdır. O, hüquqşünas və müstəntiq işləyir. O, “Marti araşdırması” çərçivəsində senator Dik Martinin müşaviri, habelə “Fava araşdırmasının” üzvü təyin edilmiş və cavabdeh dövlətə faktaraşdırıcı missiyada iştirak etmiş, ən yüksək səviyyəli rəsmi şəxslər ilə görüşlərdə iştirak etmiş, Hökumətə və kəşfiyyat xidmətlərinə yaxın mənbələr ilə əlaqə saxlamışdır. O, həmçinin digər müvafiq dövlət orqanlarının və xarici hökumətlərinin nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə ərizəçinin işini müzakirə etmişdir. O, həmçinin, 2006-cı ildə bir neçə dəfə ərizəçi və digər şahidlər ilə söhbət aparmışdır. “OSJİ”-nin xahişi ilə, 2011-ci il martın 28-də onun tərəfindən təqdim edilmiş, 62 səhifədən ibarət ekspert rəyində ərizəçinin işi ilə bağlı onun araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallar barədə məlumat verilir. Rəy “ərizəçinin işi ilə əlaqədar əhəmiyyətlə həcmdə bilavasitə şahid ifadələrinə, sənədlərə və digər maddi sübutlara” əsaslanmışdır ki, bunların əksəriyyəti məsələnin məxfi və həssas xarakterini nəzərə alaraq anonimliyin qorunmasını xahiş etmiş şəxslərdən əldə edilmişdir. Ekspertə görə, “işi aydınlaşdırmağa kömək edə biləcək bütün materiallar Hökumət tərəfindən “tam məxfi” qrifi altında saxlanılır” (rəyin 21-ci bəndinə bax). O, bir neçə dəfə Tabanovse sərhəd-keçid məntəqəsinə, mehmanxanaya və Skopye Hava Limanına baş çəkmiş və “şahidləri, habelə bilavasitə bu hadisələrdə iştirak etmiş və ya onları müşahidə etmiş digər mənbələri” ilə söhbət aparmışdır. Ekspert rəyində aşağıdakılar barədə təfərrüatlı məlumat verilir: ərizəçinin cavabdeh dövlətə gəlməsi, Tabanovse sərhəd-keçid məntəqəsindəki hadisələrin xronologiyası və Makedoniya sərhədçiləri tərəfindən ərizəçi barəsində görülmüş tədbirlər, UBK əməkdaşlarının Tabanovseyə gəlməsi və orada ərizəçinin dindirilməsi, UBK-nın MKA ilə əlaqə saxlaması, Skopye Hava Limanından ərizəçinin götürülməsi üçün istifadə edilmiş, MKA-nın idarə etdiyi təyyarənin enməsi, marşrutu və uçuş vaxtı. Rəydə qeyd edildiyi kimi, UBK əməkdaşları Tabanovseyə gəldikdən sonra, “Makedoniya dövlət orqanları cəanb El-Masrinin Makedoniyada saxlanılması zamanı onunla baş verə biləcək hər hansı qeyri-adi halları, o cümlədən Makedoniyanın qanunvericiliyindən kənara çıxmanı gizlətmək üçün ... geniş və hərtərəfli tədbirlər görmüşdür. Makedoniya dövlət orqanlarının həqiqəti araşdırmaq üçün, demək olar ki, hər bir müstəqil istintaq imkanlarını məhv etmək və ya onlara müdaxilə etmək məqsədilə detallara yetirdiyi diqqət məni çox təəccübləndirdi” (rəyin 141-ci bəndinə bax).3. Konstitusiya və İnsan Hüquqları üzrə Avropa Mərkəzinin (KİHAM) bəyanatları
76. Ərizəçi Almaniya Bundestaqının Birinci Araşdırma Komitəsinin hesabatında dair KİHAM-ın qeydlərini əks etdirən iki hesabatı (yuxarıda 59-61-ci bəndlərə bax), ABŞ səfirliyinin göndərdiyi məlumatları (aşağıda 77-ci bəndə bax), habelə Menhen prokurorluğu tərəfindən axtarışın elan edilməsi barədə qərarlarını (yuxarıda 58-ci bəndə bax) təqdim etmişdir.4. “WikiLeaks” internet səhifəsindən məlumatlar
77. Ərizəçi diplomatik xətlə göndərilmiş bir neçə məlumatları təqdim etmişdir ki, bu məlumatlarda cavabdeh dövlətdə, Almaniyada və İspaniyada ABŞ-ın diplomatik nümayəndələri ABŞ-ın Dövlət katibinə ərizəçinin işi, MKA-nın uçuşları və Almaniyada və İspaniyada həyata keçirilən istintaq barədə məruzə edirlər (2006-cı il 2 fevral tarixli 06SKOPJE105 nömrəli məlumat; 2006-cı il 6 fevral tarixli 06SKOPJE118 nömrəli məlumat; 2006-cı il 6 fevral tarixli 07BERLIN242 nömrəli məlumat; 2006-cı il 9 iyun tarixli 06MADRID1490 nömrəli məlumat; 2006-cı il 28 dekabr tarixli 06MADRID3104 nömrəli məlumat). Bu məlumatlar 2010-cu ildə “WikiLeaks” internet səhifəsində (2010-cu il dekabrın 7-də “BBC” tərəfindən “ifşa edən internet səhifəsi” kimi təsvir edilmişdir).II. MÜVAFİQ MİLLİ HÜQUQA. 1991-ci il Konstitusiyası (Устав)
78. Konstitusiyanın 12-ci maddəsinin 1, 2 və 4-cü hissələrinə müvafiq olaraq azadlıq hüququ ayrılmazdır. Şəxs yalnız məhkəmə qərarı ilə qanunla nəzərdə tutulmuş hallarda və qaydada azadlıqdan məhrum edilə bilər. Tutulmuş hər bir şəxs dərhal və hər halda tutmadan 24 saat keçənədək məhkəməyə gətirilməli, məhkəmə tutmanın qanuniliyi məsələsinə təxirə salınmadan baxmalıdır.B. Cinayət Məcəlləsi (Кривичен законик)1. Cinayət məsuliyyətinə cəlb etmə müddəti
79. Cinayət Məcəlləsinin 107-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə müvafiq olaraq, qanuna görə 3 ildən az olmayaraq azadlıqdan məhrumetmə təyin edilə bilən cinayət törədildiyi gündən 5 il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.2. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması və dayandırılması
80. 108-ci maddənin 3-cü hissəsinə müvafiq olaraq, cinayət törətmiş şəxs barəsində cinayət təqibi məqsədilə həyata keçirilmiş hər hansı prosessual hərəkət cinayət məsuliyyətinə cəlb etmə müddətini dayandırır.3. Azadlıqdan qanunsuz məhrum etmə
81. Cinayət Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulur ki, şəxsi qanunsuz olaraq tutma, saxlama və ya onun hərəkət azadlığını başqa cür məhdudlaşdırma cərimə və ya bir il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər vəzifəli şəxs tərəfindən törədildikdə altı aydan beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.4. İşgəncə vermə
82. Cinayət Məcəlləsinin 142-ci maddəsinə müvafiq olaraq, işgəncə vermə üç aydan beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.5. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar pis rəftara məruz qoyma
83. Cinayət Məcəlləsinin 143-cü maddəsinə müvafiq olaraq, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar şəxslə pis davranma, onu alçaltma, təhqir etmə və ya ümumiyyətlə onun insan ləyaqətini və şəxsiyyətini alçaldan rəftara məruz qoyma altı aydan beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.C. Hadisələr baş verdiyi zaman olan redaksiyada “Cinayət prosesi haqqında” 1997-ci il Qanunu (Закон за кривичната постапка)
84. Qanunun 3-cü maddəsində nəzərdə tutulur ki, gətirilmiş, tutulmuş və ya barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış hər kəsə gətirilmənin, tutmanın və ya barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarın çıxarılmasının səbəbləri, habelə öz prosessual hüquqları haqqında onun anladığı dildə dərhal məlumat verilməlidir. O, ifadə verməyə məcbur edilə bilməz. Təqsirləndirilən şəxsə, yəni cinayət törətməkdə ittiham edilən şəxsə, ilk növbədə, ifadə verməmək, hüquqi yardımdan istifadə etmək, dindirmə zamanı özünün seçdiyi müdafiəçinin iştirak etməsi, üçüncü tərəfə tutulma və ya həbs barədə məlumat vermək hüququ dəqiq izah edilməlidir. Tutulmuş şəxs təxirə salınmadan, hər halda tutulmadan 24 saat keçənədək, məhkəməyə gətirilməli, məhkəmə tutulmanın qanuniliyinə baxmalıdır.
85. Qanunun 16-cı maddəsində nəzərdə tutulur ki, cinayət işi səlahiyyətli prokurorun qərarı ilə başlanılır. Dövlət tərəfindən və ya zərərçəkmiş şəxsin ərizəsi əsasında müdafiə edilən işlərdə səlahiyyətli prokuror qismində prokuror, xüsusi ittiham üzrə işlərdə isə xüsusi ittihamçı çıxış edir. Prokuror cinayət işinin başlanması və ya davam etdirilməsi üçün əsas tapmadıqda, Qanunda müəyyən edilmiş əsaslarla yardımçı prokuror qismində çıxış edən zərərçəkmiş şəxs onun funksiyalarını öz üzərinə götürə bilər.
86. 56-cı maddənin 1, 2 və 4-cü hissələrində, inter alia, nəzərdə tutulur ki, prokuror cinayətin dövlət ittihamı qaydasında təqib edilməsi üçün əsasların olmaması qərarına gəldikdə, o, zərərçəkmiş şəxsə bu barədə 8 gün ərzində məlumat verməlidir. Prokuror həmçinin zərərçəkmiş şəxsə bildirməlidir ki, o, cinayət təqibini həyata keçirə bilər. Zərərçəkmiş şəxs prokurorun bildirişindən 8 gün keçənədək cinayət təqibinə başlamalıdır. Prokurorun qərarı barədə məlumat almamış zərərçəkmiş şəxs, prokurorun qərarından 3 ay keçənədək cinayət təqibinin başlanması üçün aidiyyəti məhkəməyə yazılı surətdə müraciət edə bilər.
87. 144-cü maddəyə müvafiq olaraq, prokuror, inter alia, əməldə cinayət tərkibinin olmaması əsası ilə şikayəti rədd edə bilər. Prokuror şikayətin rədd edilməsi və bunun səbəbləri barədə zərərçəkmiş şəxsə 8 gün ərzində məlumat verməlidir (56-cı maddə). 2004-cü ilin oktyabrı ayında bu müddəaya edilmiş dəyişiklikliyə müvafiq olaraq, zərərçəkmiş şəxsə təqdim edilən şikayətin rədd edilməsi barədə qərarın surətində prokuror şikayətçiyə 8 gün ərzində cinayət təqibini başlamaq hüququna malik olduğunu izah etməlidir. Kifayət qədər sübut olmadıqda və ya şikayət naməlum şəxs barəsində verildikdə, prokuror Daxili İşlər Nazirliyindən məlumatın təqdim edilməsini tələb edir. Prokuror həmçinin şikayətçidən və ya faktiki halların müəyyən edilməsinə kömək edə biləcək hər hansı digər şəxsdən məlumatın təqdim edilməsini tələb edə bilər.
88. 184-cü maddədə həbs qətimkan tədbirinin seçilməsinin əsasları nəzərdə tutulur.
89. 185-ci maddəyə müvafiq olaraq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar hakim tərəfindən çıxarılır. Barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs bu qərardan üç hakimdən ibarət məhkəməyə 24 saat keçənədək şikayət verə bilər ki, bu məhkəmə 48 saat keçənədək şikayətə baxmalıdır.
90. 188-ci maddənin 2-ci hissəsində nəzərdə tutulur ki, Daxili İşlər Nazirliyi şəxsin cinayət törətməsinə şübhə yarandıqda məhkəmə qərarı olmadan ona tutulmanı tətbiq edə bilər. Tutulmuş şəxs təxirə salınmadan məhkəməyə gətirilməlidir. 188-ci maddənin 3-cü hissəsindəki müstəsna hal nəzərdə tutulur ki, şəxsin şəxsiyyətini müəyyən etmək, onun alibisini yoxlamaq məqsədilə, yaxud üçüncü tərəfə qarşı cinayət təqibinin həyata keçirilməsi üçün məlumatın toplanmasını tələb edən digər əsaslar olduqda Nazirliyin əməkdaşları şəxsə tutulmanı tətbiq edə bilərlər. 4-cü hissədə tutulmuş şəxsə Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş məlumatın verilməsi tələb edilir. 188-ci maddənin 6-cı hissəsində nəzərdə tutulur ki, 188-ci maddənin 3-cü hissəsinə əsasən tutulma 24 saatdan artıq tətbiq edilə bilməz. Nazirliyin əməkdaşı tutulmuş şəxsi azad etməli, yaxud 188-ci maddənin 2-ci hissəsinə müvafiq tədbirlər həyata keçirməlidir.D. “Öhdəliklər haqqında” Qanun (Закон за облигационите односи)
91. “Öhdəliklər haqqında” Qanunun 141-ci maddəsində mülki qaydada zərərin əvəzinin ödənilməsi barədə tələbin irəli sürülməsinin əsasları nəzərdə tutulur.
92. 157-ci maddəyə müvafiq olaraq, işçinin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı və ya bunlar ilə əlaqədar ona yetirilmiş zərərə görə işəgötürən məsuliyyət daşıyır. Zərər qəsdən yetirildikdə zərərçəkmiş şəxs zərərin əvəzinin ödənilməsini bilavasitə işçidən tələb edə bilər. İşçi zərəri qəsdən və ya ehtiyatsızlıqdan yetirdikdə, işəgötürən zərərçəkmiş şəxsə ödənilmiş məbləği işçidən tələb edə bilər.III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ DİGƏR AÇIQ MATERİALLARA. Beynəlxalq hüquq mənbələri1. 1963-cü il aprelin 24-də bağlanmış və 1967-ci il martın 19-da qüvvəyə minmiş “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyası
93. “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyasının 36-cı maddəsinin müvafiq hissələrində aşağıdakılar deyilir:
Maddə 36
Göndərən dövlətin vətəndaşları ilə əlaqə və münasibətlər
“1. Göndərən dövlətin vətəndaşlarına münasibətdə konsul funksiyalarının yerinə yetirilməsini yüngülləşdirmək məqsədilə:
...
(b) qəbul edən dövlətin səlahiyyətli orqanları göndərən dövlətin konsulluğunun konsulluq dairəsi hüdudlarında bu dövlətin hər hansı vətəndaşının tutulması, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarın çıxarılması və ya hər hansı bir digər formada saxlanılması barədə, bu şəxsin tələbi ilə, həmin konsulluğa təxirə salmadan məlumat verməlidir. Tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış və ya azadlıqdan məhrum edilmiş şəxs tərəfindən bu konsulluğa ünvanlanan hər bir məlumat həmin orqanlar tərəfindən təxirə salınmadan çatdırılır. Qeyd edilən orqanlar həmin şəxsə bu bənddə nəzərdə tutulmuş hüquqlar barədə təxirə salmadan məlumat verməlidir ...”2. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP)
94. 1966-cı il dekabrın 16-da qəbul edilmiş və 1976-cı il martın 23-də qüvvəyə minmiş MSHBP-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 4
“...
2. Bu müddəa 6, 7, 8 (1-ci və 2-ci hissələr), 11, 15, 16 və 18-ci maddələrin müddəalarının məhdudlaşdırılması üçün əsas ola bilməz.
...”
Maddə 7
Heç kəs işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, yaxud cəzalara məruz qala bilməz. Xüsusilə, heç kəs üzərində onun azad razılığı olmadan tibbi və ya elmi təcrübə aparıla bilməz.
Maddə 9
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs özbaşına tutula və ya həbs edilə bilməz. Qanunla müəyyən olunmuş əsaslar və müvafiq prosedurlara müvafiq hallar istisna edilməklə, heç kəs azadlıqdan məhrum edilə bilməz.
2. Tutulmuş hər bir şəxsə tutulması zamanı tutulmanın səbəbləri bildirilir və dərhal ona qarşı irəli sürülən hər hansı ittiham barədə məlumat verilir.
3. Cinayət törədilməsində ittiham əsasında tutulmuş və ya həbs edilmiş hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində işinə məhkəmədə baxılması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Şəxsin onun işinə məhkəmədə baxılmasından qabaq həbsə alınması ümumi qayda olmamalı, lakin azad etmə məhkəmə prosesinin hər hansı mərhələsində məhkəməyə gəlmək və müvafiq hallarda hökmün icrası üçün gəlmək təminatları ilə şərtləndirilə bilər.
4. Tutulma və ya həbs nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsin qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edildiyi halda azad edilmək hüququna malikdir.
5. Qanunsuz olaraq tutulmuş və ya həbs edilmiş hər kəsin məhkəmə qaydasında təmin olunan kompensasiya almaq hüququ vardır”.3. “Bütün şəxslərin zorakılıqla yoxa çıxarmaya qarşı müdafiəsi haqqında” Beynəlxalq Konvensiya (“ZYK”)
95. 2006-cı il dekabrın 20-də qəbul edilmiş və 2010-cu il dekabrın 23-də qüvvəyə minmiş, cavabdeh dövlət tərəfindən imzalanmış, lakin təsdiq edilməmiş ZYK-nın müvafiq müddəalarında aşağıdakılar bildirilir:
Maddə 1
“1. Heç kəs zorakılıqla yoxa çıxarmaya məruz qala bilməz.
2. Heç bir müstəsna hal, o cümlədən hərbi vəziyyət və ya müharibə təhlükəsi, daxili siyasi gərginlik və ya hər hansı başqa fövqəladə vəziyyət zorakılıqla yoxa çıxarma üçün əsas kimi gətirilə bilməz”.
Maddə 2
“Bu Konvensiyanın məqsədləri üçün “zorakılıqla yoxa çıxarma” dedikdə dövlətin nümayəndələri, yaxud dövlətin icazəsi, dəstəyi və ya razılığı ilə hərəkət edən şəxslər, yaxud qruplar tərəfindən tutulma, həbs, adam oğurlama və ya hər hansı başqa formada azadlıqdan məhrum etmə, yoxa çıxmış şəxsin azadlıqdan məhrum edilməsi faktını təsdiq etməkdən boyun qaçırma, yaxud onun taleyi və ya olduğu yer barədə məlumatı gizlətmə, bununla da həmin şəxsi qanunun müdafiəsindən kənar qoyma başa düşülür”.
Maddə 3
“Hər bir iştirakçı dövlət 2-ci maddədə müəyyən edilmiş əməllərin dövlətin icazəsi, dəstəyi və ya razılığı olmadan hərəkət edən şəxslər, yaxud qruplar tərəfindən törədilməsi ilə bağlı istintaq aparmaq və təqsirkarları məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirləri həyata keçirir”.
Maddə 4
“Hər bir iştirakçı dövlət zorakılıqla yoxa çıxarmanın öz qanunvericiliyində cinayət hesab edilməsini təmin etmək üçün zəruri tədbirləri həyata keçirir.”4. “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalandırma halları ilə bağlı səmərəli istintaq və sənədləşdirmə üzrə Bələdçi kitabı” (BMT-nin İnsan hüquqları üzrə Ali komissarı, 2001-ci il)
96. Bu bələdçi kitabın müvafiq hissəsində aşağıdakılar bildirilir:
“80. İşgəncəyə və ya pis rəftara məruz qaldığını iddia edən şəxslərə və onların qanuni nümayəndələrinə istintaqla bağlı hər hansı dinləmə və bütün məlumatlar barədə məlumat verilməli, onlar bu məlumatları əldə etmək və digər sübutları təqdim etmək hüququna malik olmalıdır.”5. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyətinə dair maddələr” (Beynəlxalq Hüquq Komissiyası, 2001-ci il)
97. 2001-ci il avqustun 3-də qəbul edilmiş “Maddələrin” (Yearbook of the International Law Commission, 2001, vol. II) müvafiq hissələrində aşağıdakılar bildirilir:
Maddə 7
Hakimiyyət həddini aşma və ya təlimatlara zidd hərəkət etmə
“Dövlət orqanının, yaxud dövlət hakimiyyətinin müvafiq vəzifələrini yerinə yetirmək səlahiyyətli şəxsin və ya hüquqi şəxsin davranışı, əgər bu orqan, şəxs və ya hüquqi şəxs, hətta hakimiyyət həddini aşmaqla və ya təlimatlara zidd hərəkət etməklə bu səlahiyyətlər çərçivəsində hərəkət etdikdə, beynəlxalq hüquqa əsasən dövlətin davranışı hesab edilir.
...”
Maddə 14
Beynəlxalq öhdəliyi pozmanın müddəti
“1. Dövlətin davam edən xarakterli olmayan əməli nəticəsində beynəlxalq öhdəliyi pozma, hətta onun nəticələri davam etdiyi halda, əməlin törədildiyi zaman baş verir.
2. Dövlətin davam edən xarakterli əməli nəticəsində beynəlxalq öhdəliyi pozma əməlin davam etdiyi və beynəlxalq öhdəliyə uyğun olmadığı müddətdə baş verir.
3. Dövlətdən müəyyən hadisənin qarşısını almaq tələb edilən beynəlxalq öhdəliyi pozma hadisə baş verdikdə, habelə hadisənin davam etdiyi və bu öhdəliyə uyğun olmadığı müddətdə baş verir”.
Article 15
Əməllərin məcmusunu yaradan pozma
“1. Dövlət tərəfindən məcmusu ilə hüquqazidd kimi müəyyən edilən bir sıra əməllər və ya hərəkətsizlik yolu ilə beynəlxalq öhdəliyi pozma o zaman baş verir ki, digər əməllər və ya hərəkətsizlik ilə birlikdə hüquqazidd əməli təşkil etmək üçün kifayət olan əməl və ya hərəkətsizlik törədilir.
2. Bu halda belə pozma əməllər və ya hərəkətsizlik sırasından birincisi törədildiyi vaxtdan başlayaraq həmin əməllərin və ya hərəkətsizliyin təkrar edildiyi və beynəlxalq öhdəliyə uyğun olmadığı müddətdə baş verir”.
Maddə 16
Beynəlxalq hüquqazidd əməlin törədilməsinə yardım
“Digər dövlət tərəfindən beynəlxalq hüquqazidd əməlin törədilməsində bu dövlətə yardım edən dövlət buna görə aşağıdakı hallarda beynəlxalq məsuliyyət daşıyır:
a) bu dövlət beynəlxalq hüquqazidd əməlin halları barədə xəbərdar olduqda; və
b) əməl bu dövlət tərəfindən törədildiyi halda beynəlxalq hüquqazidd əməl hesab edildikdə”.6. İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzalandırma məsələsinə dair İnsan Hüquqları Komissiyasının Xüsusi məruzəçisinin hesabatı (BMT-nin Baş Məclisi, 2 iyul 2002-ci il (A/57/173))
98. Bu hesabatın müvafiq hissəsində aşağıdakılar bildirilir:
“35. Nəhayət, Xüsusi məruzəçi bütün dövlətlərə müraciət edir ki, bütün müvafiq hallarda, terrorçuluqda və ya digər ittihamlar ilə əlaqədar ekstradisiya etmək niyyətində olduğu şəxslərin qayıtmasından sonra onların işgəncəyə və ya digər formada pis rəftara məruz qalmayacağına, habelə bu şəxslərlə onların insan ləyaqətinə tam hörmət etməklə rəftar edilməsini təmin etmək məqsədilə onlarla rəftar üzrə monitorinq sisteminin mövcud olduğuna dair qəbul edən ölkənin hökuməti tərəfindən ekstradisiya edən orqanlara birmənalı təminat verilmədikdə, şəxslərin verilmədiyini təmin etsinlər ...”.7. Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci il aprelin 26-da qəbul edilmiş “Quantanamo körfəzində ABŞ tərəfindən şəxslərin saxlanılmasının qanuniliyi haqqında” 1433 saylı Qətnamə
99. Bu qətnamənin müvafiq hissələrində aşağıdakılar bildirilir:
“7. Bu və digər mötəbər mənbələrdən olan hüquqi və faktiki materiallarının geniş təhlili nəticəsində Assambleya nəticəyə gəlir ki, Quantanamo körfəzində ABŞ tərəfindən şəxslərin saxlanılması ətrafındakı hallar aşağıdakı əsaslara görə qanunsuz və Qanunun Aliliyi prinsipinə ziddir:
...
vii. ABŞ “verilmə” praktikası ilə (məhkəmə nəzarəti olmadan, dindirmə və ya həbsdə saxlama kimi məqsədlər üçün şəxsləri başqa ölkələrə ötürmə) “non-refoulement” prinsipinə zidd olaraq, həbsdə saxlanılan şəxslərin işgəncəyə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmasına imkan vermişdir.”8. Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci il oktyabrın 3-də qəbul edilmiş “Zorakılıqla yoxa çıxarma halları haqqında” 1463 saylı Qətnamə
100. Bu qətnamənin müvafiq hissələrində aşağıdakılar bildirilir:
“1. “Zorakılıqla yoxa çıxarmanı” yoxa çıxmış şəxsin azadlıqdan məhrum edilməsi, yaxud onun taleyi və ya olduğu yer barədə məlumatın gizlədilməsi, habelə həmin şəxsin qanunun müdafiəsindən kənar qoyulması təşkil edir.
2. Parlament Assambleyası birmənalı olaraq işgəncə və adam öldürmə ilə bərabər tutulan insan hüquqlarının ciddi pozulması kimi zorakılıqla yoxa çıxarmanı pisləyir və bu humanitar bəlanın, hətta Avropada aradan qaldırılmadığından narahatdır ...”.9. 2006-cı il fevralın 21-də qəbul edilmiş, BMT Baş Məclisinin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, yaxud cəza haqqında” 60/148 saylı Qətnaməsi
101. BMT Baş Məclisinin 60/148 saylı Qətnaməsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulur:
“Baş Məclis
...
11. Bütün dövlətlərə uzunmüddətli təcrid etmənin və ya gizli yerlədə həbsdə saxlamanın işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalar üçün şərait yaratdığını və özü-özlüyündə bu cür rəftarın bir formasını təşkil etdiyini xatırlayır bütün dövlətləri şəxsin azadlığı, toxunulmazlığı və ləyaqəti ilə bağlı təminatlara hörmət etməyə dəvət edir.”10. “Gizli həbs yerləri və məhbusların dövlətlər arasında ötürülməsi ilə əlaqədar Avropa Şurası üzv dövlətlərinin beynəlxalq hüquq öhdəliklərinə dair” Rəy (Qanun vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası), № 363/2005, 17 mart 2006-cı il)
102. Venesiya Komissiyası rəyinin müvafiq hissələrində aşağıdakılar bildirilir:
“30. Məhbusların qanunsuz ötürülməsi və həbsdə saxlanılması üçün istifadə edilən terminologiya ilə əlaqədar olaraq Venesiya Komissiyası qeyd edir ki, ictimai müzakirələrdə tez-tez “verilmə” termininə müraciət edilir. Bu termin beynəlxalq hüquqda istifadə edilmir. Bu terminlə bir dövlət tərəfindən digər dövlətin ərazisində ağır cinayətdə iştirak etməkdə şübhə edilə şəxsi həbs etmək və ya belə şəxsin birinci dövlətin həbs yerinə, yaxud öz yurisdiksiyası altında yerə, yaxud üçüncü dövlətə keçirilməsi deyilir. Bununla da, “verilmə” əsas etibarilə vasitələri deyil, nəticəni, yəni şübhəli şəxsi həbs yerində yerləşdirilməsini ifadə edən termindir. Müəyyən “verilmə” halının qanuni olub-olmaması müvafiq dövlətlərin qanunvericiliyindən və müvafiq beynəlxalq hüquq normalarında, xüsusilə də insan hüquqları hüququndan asılıdır. Bununla da, hətta müəyyən “verilmə” halı müvafiq dövlətlərdən birinin qanunvericiliyinə (dövlət orqanlarının ekstra-ərazi fəaliyyətini tənzimləyə və hətta qadağan edə bilməyən) uyğun olsa da, digər dövlətin qanunvericiliyinə əsasən qanunsuz ola bilər. Bundan əlavə, “verilmə” beynəlxalq adət hüququ və müqavilələrinə, yaxud iştirakçı dövlətlərin insan hüquqları hüququna və ya beynəlxalq humanitar hüquqa əsasən öz üzərinə götürdükləri adət öhdəliklərinə zidd ola bilər.
31. “Fövqəladə verilmə” termini şəxsin həbs yerində yerləşdirilməsi şəxsin müvafiq vaxtda olduğu dövlətdə tətbiq edilən mövcud hüquqi prosedurlarına uyğun olmadıqda və ya bu, şübhə altında olduqda istifadə edilir.
...
159. Məhbusların dövlətlər arasında ötürülməsi ilə əlaqədar olaraq
...
f) Avropa Şurasının üzv dövlətləri üçün məhbusları xarici ölkənin dövlət orqanlarına verilməsinin yalnız dörd yolu vardır: deportasiya, ekstradisiya, tranzit və məhkum edilmiş şəxslərin digər dövlətdə cəzanı çəkmək üçün verilməsi. Ekstradisiya və deportasiya prosedurları müvafiq qanunvericiliklə müəyyən edilməli, məhbuslara isə zəruri hüquqi təminatlar və səlahiyyətli orqanlara müraciət etmək imkanı təmin edilməlidir. İşgəncə və ya pis rəftar təhlükəsi olan ölkəyə ekstradisiya və deportasiya edilməsinin qadağan olunmasına əməl edilməlidir”.
11. Terrorçuluqla mübarizə zamanı insan hüquqlarının və əsas azadlıqlarının təşviqi və müdafiəsi üzrə BMT-nin Xüsusi məruzəçisinin hesabatı (A/HRC/10/3, 4 fevral 2009-cu il)
103. Bu hesabatda Xüsusi məruzəçi aşağıdakıları qeyd etmişdir:
“38. ... Xüsusi məruzəçi şəxslərin sırf kəşfiyyat məlumatlarını toplamaq və ya cinayətin qarşını almaq adı ilə geniş əsaslarla uzun müddət ərzində həbsdə saxlanılması halları ilə narahatdır. Belə hallar özbaşına azadlıqdan məhrum etməni təşkil edir. Uzun müddət ərzində həbsdə saxlamanın əsaslarının mövcudluğu müstəqil və qərəzsiz məhkəmə tərəfindən müəyyən edilməlidir. Bu cür şəxslərin uzun müddət ərzində həbsdə saxlanılması nəticəsində dövlət orqanlarının cinayət törətməkdə şübhələrin sübut ola bilməsi məsələsini həll etmək və belə olduğu halda, şübhəli şəxsə qarşı irəli sürülən ittihamları elan etmək və işini məhkəməyə göndərmək vəzifəsi dərhal ortaya çıxır ...
51. Xüsusi məruzəçi xüsusilə narahatdır ki, ABŞ fövqəladə verilmə, uzunmüddətli və gizli həbsdə saxlama sistemini, işgəncənin və digər formada pis rəftarın qadağan olunmasını pozan təcrübəni yaratmışdır. Bu sistem üçün məlumat mübadiləsinə dair beynəlxalq şəbəkə tələb edilmiş, terrorla müharibə zamanı kəşfiyyat sahəsində əməkdaşlıq vasitəsilə müntəzəm surətdə partnyorlar ilə bölünmüş kobud məlumat bazası yaradılmış, bununla da qəbul edən dövlətlərin qanunvericilik və dövlət quruluşu sistemlərinin institusional mədəniyyəti pozulmuşdur.
...
60. Dövlətlərin insan hüquqları sahəsində öhdəlikləri, xüsusilə səmərəli hüquqi müdafiə vasitələrini təmin etmək öhdəliyi, tələb edir ki, xüsusilə beynəlxalq cinayətlər və insan hüquqlarının ciddi surətdə pozulması barədə məlumatlar mövcud olduqda, bu cür hüquq müddəaları qabaqcadan istintaqın rədd edilməsinə, hüquqpozmanın ifşa edilməsinin qarşısının alınmasına gətirib çıxarmasın. ABŞ-ın gizli surətdə həbsdə saxlama, dindirmə və verilmə proqramı və ya üçüncü tərəf kəşfiyyatı (“mənbə üzərində nəzarət” siyasəti çərçivəsində) kimi hərtərəfli proqramlar ilə əlaqədar dövlət sirrinin qoruması prinsipinə əsassız olaraq istinad etmə səmərəli istintaqın qarşını alır və hüquqi müdafiə vasitəsi hüququnu xəyali hüquqa çevirir. Bu, “Mülki və siyasi hüquqları haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinə ziddir. Bu, həmçinin dövlətlərin insan hüquqlarının ciddi pozulması və beynəlxalq humanitar hüququn ciddi pozulması ilə əlaqədar istintaqa məhkəmə qaydasında yardım etmək öhdəliyinin pozulmasını təşkil edə bilər”.12. BMT-nin İnsan Hüquqları Şurasının 9/11 və 12/12 saylı Qətnamələri: Həqiqəti bilmək hüququ (24 sentyabr 2008-ci il və 12 oktyabr 2009-cu il)
104. Yuxarıda qeyd edilən qətnamələrin müvafiq hissələrində aşağıdakılar deyilir:
“... insan hüquqlarının ciddi pozulması nəticəsində zərər çəkmiş şəxslərin və onların qohumlarının baş vermiş hadisələr barədə həqiqəti, o cümlədən bu cür pozmalara gətirib çıxarmış əməlləri törədənlərinin şəxsiyyətini bilmək hüququnu tanıyır ...”13. Avropa Şurası Nazirlər Komitəsinin “İnsan hüquqlarının ciddi pozulması hallarına görə cəzasızlığın aradan qaldırılmasına dair Rəhbər prinsipləri” (Avropa Şurası, 30 mart 2011-ci il)
105. Rəhbər prinsiplərdə insan hüquqlarının ciddi pozulmasını təşkil edən əməllər və hərəkətsizlik ilə bağlı cəzasızlıq problemi əks etdirilir. Onlar Konvensiyaya əsasən dövlətlərin yalnız öz nümayəndələri ilə deyil, həmçinin qeyri-dövlət subyektlər ilə əlaqədar müsbət tədbir görmək öhdəliyini əhatə edir. Prinsiplərə müvafiq olaraq, “təsisatların və ya dövlət nümayəndələrinin insan hüquqlarının ciddi pozulması hallarına səyli reaksiya verməməsi cəzasızlığa səbəb olur və ya onun üçün şərait yaradır. Dövlətlər cəzasızlığa qarşı mübarizəyə zərərçəkmiş şəxslər üçün ədalətin bərpa edilməsi məsələsi, gələcəkdə insan hüquqları pozulması halları ilə bağlı preventiv tədbir kimi yanaşaraq, habelə Qanunun Aliliyi prinsipini və əhalinin məhkəmə sisteminə inamını qoruyub saxlamaq üçün aparmalıdır”. Bu prinsiplərdə, inter alia, cəzasızlığın qarşısının alınması məqsədilə dövlətlər tərəfindən həyata keçirilməli ümumi tədbirlər, istintaq aparmaq vəzifəsi, habelə azadlıqdan məhrum edilmiş şəxslər üçün müvafiq təminatlar nəzərdə tutulur.
B. Xarici ölkələrin məhkəmələrinin və beynəlxalq orqanların presedent hüququ1. İngiltərə və Uels Apellyasiya Məhkəməsinin (Mülki Kollegiya) Abbasi və digərinin Xarici və Birlik İşləri üzrə Dövlət katibinə və Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı işi üzrə qərarı (iş № C/2002/0617A; 0617B, 6 noyabr 2002-ci il)
106. Bu iş Əfqanıstanda ABŞ qüvvələri tərəfindən tutulmuş və 2002-ci ilin yanvarında Kubadakı Quantanamo körfəzinə ötürülmüş Böyük Bitaniya vətəndaşı cənab Feroz Ali Abbasi ilə bağlıdır. O, məhkəməyə və ya hər hansı başqa formada tribunala və vəkilə müraciət etmək imkanı olmadan həbsdə saxlanılmışdır. O, iddia etmişdir ki, onun özbaşına həbs edilməmək hüququ pozulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, cənab Abbasinin “hüquqi qara dəlik” kimi göstərilən Quantanamoda saxlanılması “hər iki (İngiltərə və Amerika) hüquq sistemlərində və beynəlxalq hüquqda tanınmış əsas prinsiplərə açıq-aşkar zidd olduğundan” özbaşına olmuşdur.
2. Amerika Birləşmiş Ştatlarının Doqquzunccu Dairə üzrə Apellyasiya Məhkəməsinin Falen Qerebinin Corc Uolker Buşa qarşı; Donald H. Ramsfeld işi üzrə qərarı (D.C. CV-03-01267-AHM, 18 dekabr 2003-cü il)
107. Quantanamoda “düşmən döyüşçü” kimi saxlanılmış Liviyalı (cənab Qerebi) ilə bağlı iş üzrə 2003-cü il 18 dekabr tarixli qərarda ABŞ-ın Apellyasiya Məhkəməsi ABŞ Hökumətinin ifadələrini aşağıdakı kimi təsvir etmişdir:
“hökumət belə düşünür ki, o, Qerebini, xarici ölkələrin, o cümlədən dost dövlətlərin, yüzlərlə digər vətəndaşlarla bərabər qeyri-müəyyən müddətdə həbsdə saxlamaq, hər hansı Qanunun Aliliyi prinsipinə əməl etmədən, ona öz müdafiəçi ilə məsləhətləşməyə icazə vermədən, habelə bu əməllər barədə şikayət etmək üçün heç bir məhkəmə baxışını təklif etmədən, Qerebi və digər məhbuslar ilə öz istədiyini və xoşladığını etməyə azaddır. Əslində, hökumət məhkəmə iclasında bizə bildirmişdir ki, hətta onun işgəncə və ya məhbusların özbaşına cəzalandırılması ilə məşğul olmasına dair iddialara baxılsa idi, o, eyni mövqedən çıxış edərdi. Bizə məlumdur ki, Quantanamoda mövcud məhbusların həbsindən qabaq, ABŞ hökuməti heç vaxt bu cür ciddi və qorxuducu mövqe bildirməmişdir. Buna görə də, biz, yalnız ABŞ-ın Quantanamo bazası ilə ərazı əlaqələrinin misilsiz olduğuna görə deyil, həmçinin hökumət tərəfindən bu cür fövqəladə prinsiplər məcmusunun ilk dəfə bəyan edilməsinə görə (bu mövqe o qədər fövqəladədir ki, həm Amerika, həm də beynəlxalq hüquqa əsasən ən ciddi narahatlığı doğurur) Quantanamonu istisna kimi qəbul edirik”.3. BMT-nin İşgəncələrə qarşı Komitəsi, Agiza İsveçə qarşı (233/2003 nömrəli kommunikasiya, UN Doc. CAT/C/34/D/233/2003 (2005)), və BMT-nin İnsan Hüquqları Komitəsi, Alzeri İsveçə qarşı (UN Doc. CCPR/C/88/D/1416/2005 (2006))
108. Hər iki iş “2006-cı il Marti hesabatında” müzakirə edilmiş (hesabatın 150-161-ci bəndlərinə baxa) və onun müvafiq hissələrində aşağıdakılar göstərilir:
“153. Qısa olaraq, hadisələr aşağıdakı qaydada baş vermişdir: İsveçdə sığınacaq üçün müraciət etmiş Misir vətəndaşları cənab Agiza və cənab Alzerinin sığınacaq barədə müraciətləri nazirlik səviyyəsində xüsusi prosedur çərçivəsində 2001-ci il dekabrın 18-də rədd edilmiş və təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq onların deportasiyası barədə qərar edilmişdir. Bu qərarın həmin gün icra olunmasını təmin etmək üçün İsveç dövlət orqanları xüsusi uçuşa icazəyə malik olan təyyarənin verilməsi barədə Amerikanın təklifini qəbul etmişdir. İki nəfər İsveç polisi tərəfindən həbs edilərək Bromma hava limanına aparılmış və orada İsveç tərəfinin razılığı ilə sifətləri bağlanmış Amerikalı agentləri tərəfindən “təhlükəsizlik baxışına” məruz qalmışlar.
154. Bu “baxışın” təsviri xüsusilə maraqlıdır, çünki o, “verilmənin” digər qurbanları, o cümlədən El-Masri tərəfindən müstəqil qaydada verilmiş ifadələrlər üst-üstə düşür. Hadisə yerində olmuş İsveç polis nəfərləri tərəfindən təsvir edildiyi kimi, Amerika qrupunun tətbiq etdiyi prosedur, görünür ki, yaxşı hazırlanmışdır: agentlər öz aralarında sözlərlə deyil, jestlərlə əlaqə saxlamışlar. Tez davranaraq agentlər Agizanın və Alzerinin paltarını qayçı ilə kəsmiş, onları formaya geyindirmiş, gözlərini və saçlarını ciddi yoxlamış, əllərini və ayaqlarını qandallamış, və təyyarəyə ayaqyalın aparmışlar.
...
157. Bu iki nəfərin Misirə deportasiyasından əvvəl İsveç tərəfi onların işgəncələr əleyhinə konvensiyaya zidd surətdə rəftara məruz qalmayacaqları, işlərinə ədalətli məhkəmədə baxılacağı və ölüm cəzasına məhkum edilməyəcəkləri barədə diplomatik təminatları almışdır. “Təminatlar” həmçinin monitorinq mexanizmi, İsveç səfiri tərəfindən müntəzəm baş çəkmələr və İsveç müşahidəçilərinin məhkəmə prosesində iştirak ilə möhkəmlənmişdir”.
109. BMT-nin müvafiq komitələri cənab Alzerinin Bromma hava limanında məruz qaldığı rəftara görə iştirakçı dövlətin cavabdeh olması və Paktın 7-ci maddəsinin pozulmasını təşkil etməsi, Bromma hava limanında baş vermiş hadisələr ilə əlaqədar İsveç tərəfindən müstəqil və qərəzsiz araşdırma aparmaq öhdəliyinin pozulması, habelə bu maddədə təsbit edilmiş verilmənin (refoulement) qadağan olunmasının cənab Agiza və cənab Alzeriyə münasibətdə pozulması barədə nəticəyə gələrək İsveçin MSHBP-nin 7-ci maddəsinə əsasən məsuliyyət daşımasını müəyyən etmişdir.
110. “USA Today” qəzeti məlumat vermişdir ki, İsveç Hökuməti cənab Alzeriyə deportasiyaya görə 450 min ABŞ dolları məbləğində kompensasiya ödəmişdir. Eyni məbləğin cənab Agizaya ödənilməsi barədə razılıq əldə edilmişdir ((“Sweden compensates Egyptian ex-terror suspect”, USA Today, 19 sentyabr 2008-ci il).C. 2001-ci il sentyabrın 11-dən sonra ABŞ tərəfindən idarə edilən həbs yerlərində baş verməsi iddia edilən insan hüquqları pozulması halları ilə bağlı narahatlığı vurğulayan açıq mənbələr
111. Ərizəçi və üçüncü tərəf qismində çıxış edənlər Quantanamo körfəzində və Əfqanıstanda ABŞ tərəfindən idarə edilən həbs yerlərində iddia edilən qanunsuz gizli saxlama və pis rəftar ilə əlaqədar narahatlıq bildirilən beynəlxalq, xarici və milli orqanların, qeyri-hökumət təşkilatlarının və media qurumlarının bir çox məqalələri, hesabatları və rəylərini təqdim etmişlər. Aidiyyəti olan mənbələrin xülasəsi aşağıda verilir.1. Beynəlxalq insan hüquqları təşkilatlarının müvafiq materiallarıa) Kubanın Quantanamo körfəzindəki ABŞ bazasında “Taliban” və “Əl-Qəidə” məhbuslarının həbsdə saxlanılması ilə əlaqədar BMT İnsan hüquqları üzrə Ali komissarının 2002-ci il 16 yanvar tarixli bəyanatı
112. BMT-nin İnsan hüquqları üzrə Ali komissarı aşağıdakıları bildirmişdir:
“ Bu şəraitdə həbsdə saxlanılan bütün şəxslər beynəlxalq insan hüquqları hüququnun və humanitar hüququn, xüsusilə “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (MSHBP) və 1949-cu il Cenevrə konvensiyalarının müvafiq müddəalarının müdafiəsinə malikdir. Həbsdə saxlanılan şəxslərin hüquqi statusu və onların hərbi əsir statusu, şübhə altına alındıqda, Üçüncü Cenevrə Konvensiyasının 5-ci maddəsinə müvafiq olaraq aidiyyəti məhkəmə tərəfindən müəyyən edilməlidir. Həbsdə saxlanılan bütün şəxslərlə hər zaman humanizmlə, MSHBP və Üçüncü Cenevrə Konvensiyasının müddəalarına uyğun rəftar edilməlidir.”b) “Amnesty International” təşkilatının “Əfqanıstanda və Quantanamo körfəzində ABŞ tərəfindən saxlanılan şəxslərin hüquqlarına dair” ABŞ Hökuməti üçün Memorandumu” (aprel 2002-ci il)
113. Bu Memorandumda “Amnesty International” təşkilatı ABŞ Hökuməti tərəfindən insanların qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı təşkil edə bilən və həbsdə saxlama ilə bağlı digər minimal standartları pozan şəraitdə ötürülməsi və saxlanması, habelə həbsdə saxladığı şəxslər üçün həbsin qanuniliyini mübahisələndirmək məqsədilə müdafiəçi xidmətlərinə və məhkəmələrə müraciət etmək imkanının yaradılmaması ilə əlaqədar narahatlığını bildirmişdir.c) “Human Rights Watch” təşkilatının “Amerika Birləşmiş Ştatları, Təqsirlilik prezumpsiyası: 11 sentyabrdan sonra həbs edilmiş şəxslərin insan hüquqlarının pozulması” adlı hesabatı (“United States, Presumption of Guilt: Human Rights Abuses of Post-September 11 Detainees”, Vol. 14, No. 4 (G), August 2002)
114. Bu hesabatda aşağıdakı ifadə əks etdirilir:
“... Sentyabrın 11-dən sonra Amerika Birləşmiş Ştatları tərəfindən başlanmış terrorçuluqla mübarizə həmin azadlıqların dürüst təsdiq edilməsini əhatə etməmişdir. Bunun əvəzinə, ölkə insan hüquqlarının davamlı, qəsdən və xəbərdarlıq edilmədən pozulmasının şahidi olmuşdur ... Bunun birbaşa təsirinə düşmüş şəxslərin əksəriyyəti ABŞ vətəndaşı olmamışdır ... Ədliyyə Departamenti onları özbaşına həbs etmiş, onlar barəsində məhkəmə baxışı zamanı prosessual müddəaları, təqsirsizlik prezumpsiyasını kobud surətdə pozmuşdur”.d) “Human Rights Watch” təşkilatının “Amerika Birləşmiş Ştatları: “Əl-Qəidə” ilə bağlı şübhəli şəxslər barəsində işgəncələrə dair məlumatlar” (“United States: Reports of Torture of Al-Qaeda Suspects”, 26 dekabr 2002-ci il)
115. Bu hesabatda “Washington Post” qəzetində “ABŞ sui-istifadəni pisləyir, lakin dindirmə metodlarını müdafiə edir” adlı (“U.S. Decries Abuse but Defends Interrogations”) məqaləyə istinad edilir ki, bu məqalədə “Əfqanıstanda Baqram hava qüvvələri bazasının MKA dindirmə mərkəzində saxlanılan şəxslərin “stress və təzyiq” metodlarına, o cümlədən “saatlar boyu dayanmaq və ya diz üstə duraq” və “xoşagetməz, ağrılı vəziyyətdə saxlamaya” məruz qaldığı” təsvir edilir.
116. Hesabatda həmçinin bildirilir ki:
“ABŞ tərəfindən ratifikasiya edilmiş “İşgəncələr əleyhinə Konvensiyada” işgəncələr və pis rəftar, habelə bu cür təcrübələrin baş verməsi ehtimalı yüksək olan ölkələrə məhbusların göndərilməsi xüsusilə qadağan edilir”.e) “İnsan Hüquqları üzrə Beynəlxalq Helısinki Federasiyası” təşkilatının “Terrorçuluğa qarşı tədbirlər, təhlükəsizlik və insan hüquqları: sentyabrın 11-dən sonra Avropada, Mərkəzi Asiyada və Şimali Amerikada inkişaf” adlı hesabat (International Helsinki Federation for Human Rights, “Anti-terrorism Measures, Security and Human Rights: Developments in Europe, Central Asia and North America in the Aftermath of September 11”, Report, April 2003)
117. Bu hesabatda aşağıdakı ifadə əks etdirilir:
““Xüsusi maraq doğuran” bir çox məhbuslar birnəfərlik kameralarda və ya məhkum edilmiş məhbuslar ilə bir yerdə, ailə üzvləri, dostlar və müdafiəçilər ilə əlaqələr üzərində məhdudiyyətlərlə saxlanılmış və idmanla məşğul olmaq və din əyinləri yerinə yetirmək, o cümlədən qidalanma tələblərinə riayət etmək üçün vasitələrdən istifadə etmək üçün qeyri-mütənasib imkanlara malik olmuşdur. Onlardan bəziləri insan hüquqları qruplarına bildirmişlər ki, onlar tibbi yardımdan məhrum edilmiş və gözətçilər və digər məhbuslar tərəfindən döyülmüşdür”.f) “Amnesty International” təşkilatının Amerika Birləşmiş ştatları ilə bağlı 2003-cü il hesabatı, 28 may 2003-cü il
118. Bu hesabatda 2002-ci ildə məhbusların Kubadakı Quantanamoya ötürülməsi, ötürülmənin şəraiti (“məhbusların əl-qolu və ayaqları qandallanmış, əllərinə əlcəklər, sifətlərinə cərrahiyə maskaları, qulaqlarına isə qapaqlar taxılmış, onların gözləri üstü plyonkalı xizək gözlükləri ilə bağlanmışdır”) və həbsdə saxlamanın şəraiti (“onlar ittiham irəli sürülmədən, məhkəmə baxışı olmadan və ya məhkəməyə, müdafiəçilərə və ya qohumlarına müraciət etmək imkanı olmadan saxlanılmışdır”) müzakirə edilir. Hesabatda həmçinin bildirilir ki:
“Məlumat verilmişdir ki, “Əl-Qəidə” təşkilatında üzvlükdə şübhəli bilinən bir sıra şəxslər ABŞ tərəfindən həbs edilərək naməlum yerlərdə saxlanılırlar. ABŞ Hökuməti bu məhbusların olduğu yeri və hüquqi statusunu açıqlamamış, beynəlxalq hüquqa əsasən onların hüquqlarını, o cümlədən həbs yeri barədə ailə üzvlərinə məlumat vermək hüququnu və başqa nümayəndələrə müraciət etmək hüququnu təmin etməmişdir. ABŞ tərəfindən həbs edilmiş naməlum sayda məhbusların üçüncü ölkələrə ötürülməsi barədə məlumat verilir ki, bu vəziyyət şübhəli şəxslərin dindirmə zamanı işgəncəyə məruz qala bilməsi ilə bağlı narahatlıq doğurur”.g) “Amnesty International” təşkilatının “Bosniya və Herseqovinadan altı nəfərin Quantanamo körfəzində qanunsuz saxlanılması” adlı hesabatı (“Unlawful detention of six men from Bosnia-Herzegovina in Guantánamo Bay”, 29 May 2003)
119. “Amnesty International” təşkilatı Əlcəzairdən altı nəfərin Bosniya Federal polisi tərəfindən Sarayevo həbsxanasından Kubanın Quantanamo körfəzində yerləşən “Camp X-Ray” həbs yerinə ötürülməsi barədə məlumat vermişdir. Təşkilat “Mülki və siyasi hüquqları haqqında” Beynəlxalq Pakta əsasən onların hüquqlarının pozulması ilə özbaşına həbs edilməsi ilə bağlı narahatlığını bildirmişdir. Təşkilat həmçinin ötürülmənin Konvensiyanın 5-ci maddəsinə, 7 saylı Protokolun 1-ci maddəsinə və 6 saylı Protokolun 1-ci maddəsinə zidd olması barədə Bosniya və Herseqovinanın İnsan Hüquqları Palatasının qərarına istinad etmişdir.h) “Amnesty International” təşkilatının “Amerika Birləşmiş Ştatları, Pis nümunə təhlükəsi: “Terrorla müharibə” ilə bağlı həbslər davam etməklə beynəlxalq standartların pozulması” adlı hesabatı (“United States of America, The threat of a bad example: Undermining international standards as ‘war on terror’ detentions continue”, 18 August 2003)
120. Bu hesabatda aşağıdakı ifadə əks etdirilir:
“Məhbuslar ABŞ-ın Əfqanıstanda bazalarında təcrid edilmişlər. Pis rəftar barədə məlumatlar daxil olmuşdur. Digərləri dünyanın başqa yerlərində naməlum yerlərdə ABŞ tərəfindən təcrid edilmiş, ABŞ isə “qanunsuz verilmə” (ekstradisiya və digər insan hüquqları müdafiəsi mexanizmlərinin yanından keçməklə məhbusların ABŞ ilə başqa ölkələr arasında ötürülməsini bildirən amerikan ifadəsi) hallarına təşəbbüs göstərmiş və ya onlarda iştirak etmişdir”.i) “Amnesty International” təşkilatının “Təcrid etmə/Pis rəftar qorxusu” adlı hesabatı (“Incommunicado detention/Fear of ill-treatment”, 20 August 2003)
121. Bu hesabatda aşağıdakı ifadə əks etdirilir:
“Amnesty International” təşkilatı narahatdır ki, şübhəli şəxslərin müdafiəçiyə və ya ailə üzvlərinə müraciət etmək imkanı olmadan naməlum yerlərdə həbsdə saxlanılması və heç bir formal insan hüquqlarının müdafiəsi mexanizmi təmin edilmədən ölkələr arasında “verilməsi” ədalətli məhkəmə baxışı hüququnu pozur, onlar üçün pis rəftara məruz qalmaq təhlükəsini yaradır və Qanunun Aliliyi prinsipini pozur”.j) Beynəlxalq Qırmızı Xaç Komitəsinin “ABŞ: BQXK sədri həbsdə saxlama ilə bağlı tərəqqini tələb edir” adlı 04/03 saylı xəbərlər buraxılışı (International Committee of the Red Cross, United States: ICRC President urges progress on detention-related issues, news release 04/03, 16 January 2004)
122. BQXK-nın mövqeyi aşağıdakı qaydada ifadə edilmişdir:
“Quantanamodan başqa, BQXK terrorla qlobal müharibə deyilən tədbirlər çərçivəsində tutulmuş və naməlum yerlərdə saxlanılan böyük sayda şəxslərin taleyindən xüsusilə narahatdır. Cənab Kellenberger həmin məhbuslar ilə bağlı məlumatın təqdim edilməsi və onlarla görüşmək barədə BQXK-nın əvvəlki rəsmi sorğularını mühüm humanitar prioritet və təşkilatın Quantanamo və Əfqanıstanda mövcud fəaliyyətinin məntiqi davamı kimi təkrarladı”.k) BMT-nin Özbaşına həbslər üzrə İşçi Qrupunun “Cənab İbn al-Sheyx al-Libi və 25 digər şəxslərin Amerika birləşmiş Ştatlarına qarşı” şikayəti ilə bağlı 29/2006 saylı Rəyi (UN Working Group on Arbitrary Detention, Opinion No. 29/2006, Mr Ibn al-Shaykh al-Libi and 25 other persons v. United States of America, UN Doc. A/HRC/4/40/Add.1 at 103 (2006))
123. BMT-nin İşçi qrupu müəyyən etdi ki, ABŞ xüsusi xidmət orqanlarının idarə etdiyi həbs yerlərində müvafiq şəxslərin saxlanılması, yaxud beynəlxalq terrorçuluqla mübarizə çərçivəsində ABŞ dövlət orqanlarının əməkdaşlıq etdiyi ölkələrin həbs yerlərinə adətən gizli uçular vasitəsilə ötürülməsi özbaşına həbslər əleyhinə təminatlara dair bütün milli və beynəlxalq hüquq normalarına zidd olmuşdur. Bundan əlavə, o, müəyyən etdi ki, terrorçuluqda şübhəli bilinən şəxslərin həbsdə saxlanılması və dövlətlər arasında ötürülməsi ətrafındakı məxfilik bu şəxsləri işgəncəyə, zorakılıqla yoxa çıxarmaya və məhkəmədən kənar öldürməyə məruz qalmaq təhlükəsi altına qoymuşdur.2. Digər açıq sənədlər Mərkəzi Kəşfiyyat Agentliyi, “MKA tərəfindən dindirmə metodlarının kompleks tətbiqi üzrə Ədliyyə Departamentinin direktivasına dair Memorandum” (“Memo to the Department of Justice Command Centre-Background Paper on CIA’s combined use of interrogation techniques”, 30 December 2004)
124. Ərizəçi yuxarıda qeyd edilən memorandumun artıq məxfi olmayan hissələrini Məhkəməyə təqdim etmişdir. Sənəddə “yüksək dəyərli məhbusları təhlükə barədə məlumatları və terrorçuluğa dair kəşfiyyat məlumatları vaxtında verməyə məcbur etmək üçün dindirmə metodlarının kompleks tətbiqi mövzusuna diqqət yetirilir ... Səmərəli dindirmə yüksək dəyərli məhbusun davranışına təsir göstərmək, məhbusun müqavimət mövqeyini əzmək üçün hərtərəfli, sistemli və birləşmiş qaydada fiziki və psixoloji təsirin tətbiqi konsepsiyasına əsaslanır. Dindirmənin məqsədi – düşünülmüş acizlik və asılılıq halını yaratmaqdır ... Dindirmə prosesi üç ayrı-ayrı hissədən ibarət ola bilər: ilki şərait, dindirməyə keçid və dindirmə”. Memorandumda təsvir edildiyi kimi, “ilkin şərait” mərhələsi “həbs etmə nəticəsində şok”, “verilmə” və “Qara yerdə qəbul” ilə bağlı idi. Memorandumda, inter alia, aşağıdakılar deyilir:
“Həbs etmə ... dindirməyə başlamaqdan qabaq yüksək dəyərli məhbusun fiziki və psixoloji vəziyyəti üçün şərait yaradır ...
1) Verilmə
... Uçuşdan qabaq tibbi müayinə keçirilir. Uçuş zamanı məhbus möhkəm qandallanır və sarıq, qulaq qapaqları və maska vasitəsilə görmə və eşitmə qabiliyyətindən məhrum edilir ...”
125. “Dindirmə” mərhələsinə “Həbsdə saxlama şəraiti”, “Əmələ gətirmə metodları” və “Düzəltmə metodlarının” təsviri aid edilmişdir.3. Mediada məqalələr
126. Ərizəçi həmçinin Makedoniyanın qəzetlərində dərc edilmiş bir sıra məqalələri təqdim etmişdir. Aidiyyəti olanlar aşağıdakılardır:
1) “Quantanamoda Taliban üzvlərinin aclıq aksiyası”, 2002-ci il 4 mart; “Ciddi nöqsanları olan gizli saziş”, 2003-cü il 5 iyun; “Quantanamoda dörd fransız işgəncəyə məruz qalır”, 2003-cü il 16 oktyabr; “Quantanamoda işgəncəyə yol verilir”, 2003-cü il 27 noyabr; “İttihamsız və hüquqsuz məhbuslar”, 2004-cü il 12 yanvar (“Utrinski Vesnik” qəzetində dərc edilmişdir);
2) “MKA həbs edilmiş islamçılara Əfqanıstanda işgəncə verir”, 2002-ci il 27 dekabr; “ABŞ terrorçuluğa qarşı kampaniya zamanı insan hüquqlarını unudur”, 2003-cü il 16 yanvar; “Quantanamoda 140 məhbus yaddan çıxdı”, 2003-cü il 2 dekabr (“Dnevnik” qəzetində dərc edilmişdir).
127. O, həmçinin ABŞ mətbuatında dərc edilmiş, ABŞ-ın Əfqanıstandakı Baqram bazasında ABŞ tərəfindən məhbusların dindirilməsi zamanı tətbiq edilmiş “stress və təzyiq” metodları barədə məlumat vermiş məqalələri təqdim etmişdir (“Army Probing Deaths of 2 Afghan Prisoners”, Washington Post, 5 March 2003 və “Questioning Terror Suspects in a Dark and Surreal World”, New York Times, 9 March 2003). ABŞ və Böyük Britaniya mətbuatındakı digər məqalələrdə 2004-cü ilin yanvarından qabaq terrorçuluqla bağlı fəaliyyətdə şübhənilən şəxslərin ABŞ həbs yerlərinə verilməsi barədə məlumat verilmişdir (“A CIA-Backed Team Used Brutal Means to Crack Terror Cell”, Wall Street Journal, 20 November 2001; “U.S. Behind Secret Transfer of Terror Suspects”, Washington Post, 11 March 2002; “Chretien Protests Deportation of Canadian: Prime Minister Calls U.S. Treatment of Terror Suspect ‘Completely Unacceptable’”, Washington Post, 6 November 2003; “The Invisible”, The Independent, 26 June 2003; “Missing Presumed Guilty: where terror suspects are being held”, The Independent, 26 June 2003.
128. Ərizəçi həmçinin 2004-cü ilin mayında o zaman ABŞ Almaniyadakı səfirinin ərizəçinin MKA tərəfindən səhvən həbs edilməsi barədə Almaniya dövlət orqanlarına məlumat verdiyi bildirilən məqalələri təqdim etmişdir. Həmçinin məlumat verilmişdir ki, Almaniya kansleri Angela Merkel bildirdi ki, ABŞ-ın Dövlət katibi Kondoliza Rays şəxsi söhbətdə ərizəçinin ABŞ tərəfindən səhvən oğurlanmasını və həbs edilməsini etiraf etmişdir. Bu məqalələrə əsasən ABŞ nümayəndələri işi jurnalistlərlə müzakirə etməkdən imtina etmişlər (“Wrongful Imprisonment: Anatomy of a CIA Mistake”, The Washington Post, 4 December 2005; “German Man Sues CIA on claims of torture, El-Masri seeks damages after mistaken-identity ‘rendition’ case, NBC News, 6 December 2005; “Merkel Government stands by Masri mistake comments”, Washington Post, 7 December 2005; and “Germany Weighs if it Played Role in Seizure by U.S.”, The New York Times, 21 February 2006). Sonuncu məqalədə istinad edilmiş cənab H.K. ilə müsahibədə o, aşağıdakıları demişdir:
“Nazirlik heç bir qanunsuz tədbir görməmişdir. Şəxs sağdır və öz ailəsinə qayıtdı. Kimsə səhv etmişdir. Bu, Makedoniya deyildir.”
129. Nəhayət, 2007-ci ildə “Canadian Broadcasting Corporation” (CBC) məlumat vermişdir ki, Kanadanın Baş naziri 2002-ci ildə Nyu-york şəhərinin Con Fitscerald Kennedi adına hava limanında ABŞ dövlət orqanları tərəfindən həbs edilmiş və Suriyaya deportasiya edilmiş, Suriyada anadan olmuş Kanada vətəndaşı cənab Arara 10 milyon ABŞ dolları məbləğində kompensasiya ödənilməsi və rəsmi üzr istəməsi barədə bəyanat vermişdir. Baş nazir etiraf etmişdir ki, cənab Arar “dəhşətli ədalətsizliyə” məruz qalmışdır (CBC, “Ottawa reaches $10M settlement with Arar”, 25 January 2007). 2010-cu ildə şübhəli şəxslərin verilməsində Böyük Britaniyanın iddia edilən rolu barədə “The Guardian” qəzetindəki məqalədə bildirilmişdir ki, Quantanamo körfəzində keçmişdə saxlanılmış Böyük Britaniyalı məhbuslara Böyük Britaniyanın hökuməti tərəfindən çox böyük məbləğdə, bəzi hallarda ən azı milyon funt sterlinq məbləğində kompensasiya ödənilə bilər (The Guardian, “Torture and terrorism: Paying a high price”, 17 November 2010).HÜQUQİ MƏSƏLƏLƏRI. ALTI AY QAYDASINA ƏMƏL EDİLMƏMƏ BARƏDƏ HÖKUMƏTİN İLKİN ETİRAZIA. Tərəflərin izahatları1. Cavabdeh Hökumət
130. Hökumət etiraz edərək bildirmişdir ki, ərizəçi altı ay qaydasına riayət etməmişdir. Hökumət iddia etmişdir ki, o, dövlətin cinayət təqibi orqanlarına şikayət edilən hadisələrdən 4 il yarım sonra müraciət etmişdir. (Hökumət “Bayram və Yıldırım Türkiyəyə qarşı” işi üzrə qərardada (Bayram and Yıldırım v. Turkey (dec.), no. 38587/97, ECHR 2002‑III); “Artyomov Rusiyaya qarşı” işi üzrə qərara (Artyomov v. Russia, no. 14146/02, §§ 113‑118, 27 May 2010); və “Nəsirxayeva Rusiyaya qarşı” işi üzrə qərardada (Nasirkhayeva v. Russia (dec.), no. 1721/07, 31 May 2011) müraciət etmişdir). 2004-cü il may 2008-ci il oktyabr arasında ərizəçi passiv olaraq şikayət edilən hadisələr barədə Makedoniyanın hüquq mühafizə orqanlarına məlumat vermək üçün təşəbbüs göstərməmişdir. Əksinə, o, digər yurisdiksiyalarda hüquqi müdafiə vasitələrinə müraciət etmişdir. Bundan başqa, o, cavabdeh dövlətdə hər hansı istintaqın səmərəsiz olmasını 2008-ci ilin oktyabrından xeyli qabaq bilməli idi. Bununla əlaqədar olaraq, hökumət onunla cavabdeh dövlətin hüquq mühafizə orqanları arasında hər hansı əlaqənin olmamasını, habelə, cinayət təqibi orqanlarının Almaniya həmkarları tərəfindən artıq onun işi barədə xəbərdar edildiyinə baxmayaraq, proprio motu cinayət təqibinin olmamasını göstərmişdir. Ərizəçinin 2008-ci ilin oktyabrında şikayətin verilməsindən xeyli qabaq, yəni 2007-ci ilin yanvar ayında bitmiş beynəlxalq və milli səviyyədə araşdırmalar bu şikayətə aid ola biləcək hər hansı faktı aşkar edilməsinə gətirib çıxarmamışdır. Onun şikayətində dövlətin onun iddialarını araşdırmaq vəzifəsini təzələyə biləcək hər hansı yeni sübut əks etdirilməmişdir.
131. Nəhayət, Hökumət iddia etmişdir ki, ərizəçi əvəzinin ödənilməsi üzrə dövlət daxili imkanlara səylə müraciət etməmişdir. Onun səy göstərməməsi açıq-aşkar olmuş, çünki o, istintaq barədə məlumat almaq üçün belə təşəbbüs göstərməmişdir (Hökumət “Bulut və Yavuz Türkiyəyə qarşı” işi üzrə qərardada (Bulut and Yavuz v. Turkey (dec.), no. 73065/01, 28 May 2002) müraciət etmişdir). Bundan əlavə, o, cənab H.K.-nın bəyanatını dövlət orqanlarına təqdim etməmiş və prokuror tərəfindən cinayət işinin başlanmasını xahiş etməmişdir. Ərizəçi cinayət törətmiş naməlum şəxs barəsində cinayət işinin başlanmasını tələb etdiyi təqdirdə, prokuror onun şikayətini rədd etdikdə özü cinayət təqibini həyata keçirə bilərdi. 2008-ci ilin oktyabrında onun şikayəti cinayət törətmiş naməlum şəxs barəsində verildikdən, onun hazırkı işdə belə imkanı olmamışdır. Bundan başqa, ərizəçi onun şikayətinin rədd edilməsi barədə qərardan şikayət verə bilməzdi.2. Ərizəçi
132. Ərizəçi buna cavab olaraq bildirmişdir ki, Konvensiyaya əsasən cavabdeh dövlətin öz təşəbbüsü ilə istintaq aparmaq üçün müsbət öhdəliyi vardır. Daxili İşlər Nazirliyi aparılmış xidməti araşdırma (yuxarıdakı 64-66-cı bəndlərə bax) Konvensiyanın 3 və 13-cü maddələrinin mənasında səmərəli və müstəqil sayıla bilməz. Bundan əlavə, dövlət orqanlarının onunla əlaqə saxlamadığını və ya araşdırmanı açıqlamadığını nəzərə alaraq, onun bu araşdırma barədə məlumatlı olmaq imkanı olmamışdır. 2004-cü il mayın sonunda Almaniyaya qayıtdıqdan sonra o, cinayət təqibi orqanlarına təqdim etmək “əsaslandırılmış işi” qurmaq məqsədilə kifayət qədər sübut toplamağa çalışmışdır. Azad olunduğu andan 2008-ci ilin oktyabr ayında şikayət verdiyinə qədər keçmiş müddət uzun olmamışdır. Əksinə, bu işin ABŞ və Makedoniya hökumətlərinin məxfi, beynəlxalq cinayət təşkilatını gizlətməyə razılaşdığı beynəlxalq kəşfiyyat əməkdaşlıqla bağlı mürəkkəb yoxa çıxarma işini təşkil etdiyini nəzərə alaraq bu müddət ağlabatan olmuşdur. Bununla da, o, səylə və Məhkəmənin təcrübəsinə müvafiq qaydada hərəkət etmişdir. O, vaxtında cinayət işi üzrə istintaqı başlamağa cəhd etmiş, lakin dövlət orqanları tez bir zamanda cavab vermədən şikayətini məxfi qaydada rədd etmişdir. O, həmçinin istintaqın gedişi barədə məlumatı prokurordan, nəticəsiz olaraq, xahiş etmişdir. Prokuror onun şikayətinin rədd edilməsinə dair qərar barədə məlumatı yalnız 2010-cu il noyabrın 22-də, yəni Məhkəməyə ərizə verildikdən 14 ay sonra vermişdir. Prokurorluğa şikayət cinayət törətmiş naməlum şəxs barəsində verildikdən, o, xüsusi ittihamçı qismində çıxış edə bilməmişdir.
133. Ərizəçi nəticədə bildirmişdir ki, o, 2009-cu il yanvarın 23-də, yəni, onun fikrincə, iddia edilən cinayət əməlləri ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdikdə hesablanmağa başlanmış altı ay müddəti ilə bağlı tələbə riayət etmişdir.B. Məhkəmənin qiymətləndirməsi1. Məhkəmənin presedent hüququnda müəyyən edilmiş ümumi prinsiplər
134. Məhkəmə xatırladır ki, Konvensiya insan hüquqlarının müdafiəsi alətidir və onun həmin hüquqları nəzəri və xəyali deyil, praktiki və səmərəli edən qaydada şərh edilməsi və tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, Konvensiyanın maddi müddəalarının şərhindən əlavə onun prosessual müddəalarının şərhinə aiddir; o, cavabdeh Hökumət üzərində olan öhdəliklərə təsir göstərməkdən başqa, ərizəçilərin vəziyyətinə də təsir göstərir. İşdə olan məsələləri həll etmək üçün müddətlər əhəmiyyət kəsb etdikdə, ərizəçinin vəzifəsidir ki, onun iddialarının lazımi və ədalətli qaydada həll edilməsi üçün onların Məhkəmə qarşısında zəruri cəldliklə qaldırılmasını təmin etsin (bax “Varnava və digərləri Türkiyəyə qarşı” (Varnava and Others v. Turkey [GC], nos. 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 və 16073/90, § 160, ECHR 2009...)).
135. 35-ci maddənin 1-ci hissəsinə əsasən altı ay müddəti tələbinin məqsədi – Konvensiyaya əsasən məsələlər qaldırılan işlərə ağlabatan müddətdə baxılmasını və keçmişdə qəbul edilmiş qərarlardan hər zaman şikayət verməyin mümkün olmamasını təmin etməkdir. Burada Konvensiya orqanlarının həyata keçirdiyi nəzarətin zamana görə hüdudları müəyyən edilir və həm şəxslərə, həm də dövlətlərə bu nəzarətin həyata keçirilməsi artıq mümkün olmayan müddətlər barədə işarə verilir (bax “Sabri Güneş Türkiyəyə qarşı” (Sabri Güneş v. Turkey [GC], no. 27396/06, §§ 39 and 40, 29 June 2012) və “Uolker Birləşmiş Krallığa qarşı” (Walker v. the United Kingdom (dec.), no. 34979/97, ECHR 2000-I)).
136. Altı ay müddəti, bir qayda olaraq, dövlət daxili hüquqi müdafiə vasitələrini tükəndirmə prosesində yekun qərarın tarixindən hesablanır. Eyni zamanda, hər hansı hüquqi müdafiə vasitəsinin ərizəçi üçün mövcud olmadığı əvvəlcədən məlum olduqda, bu müddət şikayət edilən əməlin və ya tədbirlərin tarixindən, yaxud belə əməl və ya onun ərizəçiyə təsiri məlum olduğu tarixdən hesablanır (bax “Dennis və digərləri Böyük Britaniyaya qarşı” (Dennis and Others v. the United Kingdom (dec.), no. 76573/01, 2 July 2002). Ərizəçi mövcud hüquqi müdafiə vasitəsinə müraciət etdikdə və yalnız sonradan bu vasitənin səmərəsiz edən hallardan xəbərdar olduqda, 35-ci maddənin 1-ci hissəsinin məqsədləri üçün altı ay müddətinin başlanması günü kimi, ərizəçinin bu hallar barədə məlumat aldığı və ya xəbərdar olmalı günün müəyyən edilməsi məqsədəuyğun olardı (bax “Pol və Odri Edvards Böyük Britaniyaya qarşı” (Paul and Audrey Edwards v. the United Kingdom (dec.), no. 46477/99, 4 June 2001).2. Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
137. Məhkəmə qeyd edir ki, ərizənin müddətdən kənar verilməsi barədə Hökumətin etirazı ikitərəfli olmuşdur: birincisi, ərizəçinin cinayət barədə şikayəti dövlət orqanlarına gec verilmiş, ikincisi isə, bu şikayət səmərəli hüquqi müdafiə vasitəsini təşkil etməmişdir. Bununla əlaqədar olaraq, Hökumət iddia etmişdir ki, altı ay müddəti ərizəçinin mövcud hüquqi müdafiə vasitələrinin səmərəsiz edən hallardan xəbərdar olduğu gündən hesablanmalıdır.
138. Hökumətin bu etirazını cavablandırmaq üçün Məhkəmə, hazırkı işi xüsusi şəraitində, cinayət barədə şikayətin ərizəçinin Konvensiyaya əsasən şikayətlərinə görə kompensasiya almaq üçün istifadə edilməli səmərəli hüquqi müdafiə vasitəsinin olub-olmaması məsələsini həll etməlidir. Bu suala cavab altı ay müddətinin hesablanması üçün həlledici olacaqdır.a) Cinayət barədə şikayətin ərizəçi tərəfindən istifadə edilməli hüquqi müdafiə vasitəsini təşkil edib-etməməsi
139. Məhkəmə bir daha təsdiq edir ki, müəyyən işdə ərizəçinin qəbuledilənlik meyarına əməl edib-etməməsi məsələsinin həlli işin hallarından və digər amillərdən, o cümlədən ərizəçinin göstərdiyi səy və maraqdan, habelə dövlətdaxili araşdırmadan asılıdır (bax: “Abuyeva və digərləri Rusiyaya qarşı” (Abuyeva and Others v. Russia, no. 27065/05, § 174, 2 December 2010)).
140. Məhkəmə qeyd edir ki, cinayət barədə şikayət, prinsip etibarilə, Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozulması ilə əlaqədar işlərdə istifadə edilməli səmərəli hüquqi müdafiə vasitəsini təşkil etdiyini cavabdeh dövlətə qarşı işlərdə artıq müəyyən edilmişdir (bax: “Yasar Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı” (Jasar v. the former Yugoslav Republic of Macedonia, no. 69908/01, 15 February 2007); “Traykovski Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı” (Trajkoski v. the former Yugoslav Republic of Macedonia, no. 13191/02, 7 February 2008); “Celadinov Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı” (Dzeladinov and Others v. the former Yugoslav Republic of Macedonia, no. 13252/02, 10 April 2008); və “Suleymanov Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı” (Sulejmanov v. the former Yugoslav Republic of Macedonia, no. 69875/01, 24 April 2008)). Məhkəmə, xüsusilə qeyri-insani rəftar və azadlıqdan qanunsuz məhrum etmə barədə iddiaların hər hansı hüquqi əsaslar olmadan həyata keçirilmiş gizli əməliyyat nəticəsində əmələ gəlməsi güman edilən hazırkı işin hallarında bu prinsipdən geri çəkilmək üçün əsas görmür. İştirak etmiş dövlət nümayəndələrinin əməlləri qeyri-qanuni və özbaşına olduğu halda cavabdeh dövlətin cinayət təqibi orqanları əməli törədənləri müəyyən etməli və cəzalandırmalıdır. Bu əməllər barədə prokurorluğa məlumat verilməsi zərərçəkmiş şəxsin tamamilə məntiqli addım sayılmalıdır.
141. Məhkəmə hesab edir ki, 2008-ci ilin oktyabrında verilmiş cinayət barədə şikayətin açıq-aşkar qeyri-səmərəli hüquqi müdafiə vasitəsinin olması əsaslı surətdə güman edilə bilməz. Onun səmərəliliyi ilə bağlı yalnız bəzi şübhələr olmuş və Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsinə əsasən, ərizəçidən Məhkəməyə ərizə verməkdən əvvəl buna cəhd etməsi tələb edilmişdir. Məsələnin subsidiarlıq prinsipinə (bu prinsip görə, dövlətdaxili səviyyədə mümkün qədər işin hallarının araşdırılması və məsələlərin həll edilməsi daha yaxşıdır) uyğun olaraq dövlətdaxili səviyyədə həll edilməsindən qabaq ərizəçidən Məhkəməyə ərizə ilə müraciət etməsini gözləmək məqsədəuyğun olmazdı. Konvensiyanın iddia edilən hər hansı pozuntusunu düzəltmək üçün ən yaxşı vəziyyətdə olan dövlət orqanları tərəfindən bunun edilməsi ərizəçinin və Konvensiya sisteminin səmərəliliyi maraqlarına cavab verir (bax: yuxarıda qeyd edilən “Varnava və Digərləri” işi, § 164).
142. Həqiqətən, ərizəçinin Almaniyaya qayıtdığı 2004-cü il mayın 29-dan 2008-ci il oktyabrın 6-da cinayət barədə şikayətin verilməsi arasında uzun müddət keçmişdir. Bu tarixdən qabaq ərizəçi tərəfindən cavabdeh dövlətdə məhkəməyə heç bir ərizə verilməmişdir. Bu gecikməyə görə cavab verərək ərizəçi əsassız sayıla bilməyəcək izahat vermişdir. Onun işi “fövqəladə verilmə”, o cümlədən adam oğurluğu, təcrid etmə və pis rəftar barədə iddialar ilə bağlı olmuşdur. “2006-cı il Marti məruzəsinə” müvafiq olaraq, Avropa Şurasının üzv dövlətlərinin hökumətləri verilmə əməliyyatlarında iştirak bağlı iddiaları rədd etmişlər (yuxarıda 43-cü bəndə bax). Bu cür maneələr törətmək siyasəti “2007-ci il Marti məruzəsində” yenidən göstərilmişdir (yuxarıda 46-cı bəndə bax). Məsələnin həssaslığı və qeyd edilən gizlətməni nəzərə alaraq ərizəçinin həlledici faktiki və hüquqi məsələləri həll edə biləcək nəticələri gözləməsi məqsədəuyğun olmuşdur. Həqiqətən, 2008-ci il oktyabrından qabaq aparılmış araşdırmalar ərizəçinin iddialarına əlavə işıq salan müvafiq elementlər aşkar etmiş və onun cinayət barədə şikayəti üçün daha güclü əsaslar təşkil etmişdir. İşin mürəkkəbliyi və iddia edilən insan hüquqları pozulmasının xarakteri nəzərə alınaraq ərizəçinin yalnız bir neçə təsdiqedici materialları əldə etdikdən sonra dövlətdaxili hüquqi müdafiə vasitələrinə müraciət etmək barədə qərara gəlməsi anlaşılandır.
143. Hər halda, cinayət barədə şikayət iddia edilən əməllərə görə məsuliyyətə cəlb etmə müddəti bitənədək verilmişdir (yuxarıda 79-cu bəndə bax). O, qəbuledilənlik meyarına əməl edilmədiyinə görə deyil, kifayət qədər sübutların olmadığına görə rədd edilmişdir. Buna görə, şikayətin gec verilməsi nəticəsində onun qəbuledilməz, qeyri-səmərəli və ya şikayət edilən vəziyyəti başqa cür düzəldə bilməyən olması üzə çıxmır. Əksinə, beynəlxalq səviyyədə bir neçə sübutların mümkün olduğu vaxtda ərizəni verməklə ərizəçi Makedoniyanın məhkəmə orqanlarını onun iddialarını araşdırmaq üçün daha möhkəm əsaslar ilə təchiz etmişdir.
144. Yuxarıdakılara görə, cinayət barədə şikayət ərizəçinin müvafiq şəraitdə istifadə etdiyi hüquqi müdafiə vasitəsini təşkil etmişdir.b) Altı ay müddətinin başladığı gün
145. Buna görə də, cinayət barədə şikayət üzrə nəticələrin ərizəçiyə nə vaxt məlum olması müəyyən edilməlidir. Bu gündən alt ay müddəti hesablanmalıdır.
146. Məhkəmə qeyd edir ki, cinayət barədə şikayətin verildiyi gündən onun rədd edildiyi günədək iki aydan bir az çox müddət keçmişdir. Məhkəmənin fikrincə, hazırkı işin hallarında bu müddət o qədər uzun olmamışdır ki, bu müddət ərzində dövlət orqanları tərəfindən görülmüş tədbirlər barədə sorğu göndərilsin. Ərizəçinin bildirildiyi kimi, istintaq zamanı əldə edilmiş nəticələr barədə onun sonrakı sorğuları nəticəsiz qalmışdır (yuxarıda 132-ci bəndə bax).
147. Ərizəçinin cinayət barədə şikayəti prokuror tərəfindən 2008-ci il dekabrın 18-də rədd edilmişdir. Ərizəçinin ifadələrinə əsasən, müvafiq prosessual qanunvericilikdə prokurorluq orqanlarının şikayətin rədd edilməsi barədə qərar haqqında zərərçəkmiş şəxslərə səkkiz gün müddətində məlumat vermək vəzifəsinin müəyyən edilməsinə baxmayaraq, bu qərar barədə məlumat ona yalnız 2010-cu il noyabrın 22-də verilmişdir (yuxarıda 86 və 87-ci bəndlərə bax). Hökumət bu tələb əməl edilməsini iddia etməmişdir. Buna görə, altı ay müddəti prokurorun qərarının tarixindən, yəni 2008-ci ilin dekabrın 18-dən deyil, ərizəçinin bu qərar barədə məlumat aldığı gündən hesablanmalıdır. Hazırkı işin hallarında qərar barədə məlumatın verilməsinə dair ərizəçinin ifadələrinin doğruluğunu yoxlamağa ehtiyac yoxdur, çünki Hökumət ərizəçinin 2009-cu il yanvarın 20-dək, yəni Məhkəməyə ərizənin verilməsindən altı ay əvvəl qərar barədə rəsmi məlumatın almasını və ya başqa cür xəbərdar olmasını göstərməmişdir.c) Nəticə
148. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçi Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş altı ay müddəti qaydasına əməl etmiş, ərizənin müddət pozulmaqla verilməsi barədə Hökumətin etirazı isə rədd edilməlidir.
II. Məhkəmə tərəfİndən sübutların qİymətləndİrməsİ və faktların müəyyən edİlməsİ
A. Tərəflərin izahatları
149. Ərizəçi bildirmişdir ki, o, MKA agentləri tərəfindən fövqəladə verilməyə məruz qalmış və cavabdeh dövlətin nümayəndələri onlara əhəmiyyətli dərəcədə yardım göstərmişlər. Beynəlxalq araşdırmalar, xarici ölkələrdə aparılmış istintaqlar və ərizəçinin öz işini araşdırmaq cəhdləri nəticəsində onun iddialarını müdafiə edən və Hökumətin etirazlarını tamamilə yararsız kimi rədd edən kifayət qədər sübutlar toplanılmışdır. Digər tərəfdən, “Hökumətin hadisələr barədə versiyasını əsaslandırmaq üçün heç bir möhkəm sübut” olmamışdır.
150. Hökumət ərizəçinin iddialarını əsassız kimi rədd edərək, bu dəlilin müdafiəsinə müxtəlif materiallar təqdim etmişdir (yuxarıda 41 və 65-ci bəndlərə bax). Hökumət həmçinin cənab H.K.-nın göstərdiyi hər hansı sənədlərin mövcudluğunu inkar etmişdir (yuxarıda 74-cü bəndə və ifadənin 12-ci bəndinə bax).B. Məhkəmə tərəfindən faktlara qiymət verilməsi1. Ümumi prinsiplər
151. Hadisələr barədə ziddiyyətli ifadələr olan işlərdə Məhkəmə faktları müəyyən edərkən hər bir birinci instansiya məhkəməsinin rastlaşdığı çətinliklər ilə üzləşir. Məhkəmə xatırladır ki, sübutları qiymətləndirərkən o, “əsaslı şübhə olmadan” sübut etmə standartını qəbul etmişdir. Eyni zamanda, onun məqsədi heç vaxt bu standartdan istifadə edən milli hüquqi sistemlərin yanaşmasını tətbiq etmək olmamışdır. Onun rolu – cinayət törətməkdə təqsiri və ya cinayət məsuliyyətini deyil, Konvensiyaya tərəfdar çıxmış dövlətlərin məsuliyyətini müəyyən etməkdir. Konvensiyanın 19-cu maddəsinə əsasən onun Konvensiyada təsbit edilmiş əsas hüquqların təmin edilməsinə dair öhdəliyin iştirakçı dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarəti təmin etmək vəzifəsinin xüsusiyyəti sübutlar və sübut etmə məsələlərinə onun yanaşmasını şərtləndirir. Məhkəmədəki proses zamanı sübutların mümkünlüyü ilə bağlı prosessual maneələr və ya onların qiymətləndirməsinə dair qabaqcadan müəyyən edilmiş formula mövcud deyildir. Məhkəmə, onun fikrincə bütün sübutların sərbəst qaydada qiymətləndirməsindən irəli gələn nəticələri, o cümlədən faktlardan və tərəflərin ifadələrindən irəli gələ biləcək nəticələri qəbul edir. Məhkəmənin presedent hüququna əsasən, sübutlar kifayət qədər möhkəm, dəqiq və uyğun nəticələrdən və ya faktlarla bağlı inkar edilməmiş ehtimallardan irəli gələ bilər. Bundan əlavə, müəyyən nəticəyə gəlmək üçün zəruri olan inandırma səviyyəsi və, bununla əlaqədar olaraq, sübut etmək vəzifəsinin bölünməsi faktların xüsusiyyətləri, irəli sürülən iddiaların xarakteri və müvafiq Konvensiya hüququ ilə əhəmiyyətli dərəcədə bağlıdır. Məhkəmə həmçinin iştirakçı dövlət tərəfindən əsas hüquqların pozulması barədə qərarın ciddiliyinə diqqət yetirir (bax: “Krənqa Rumıniyaya qarşı” (Creangă v. Romania [GC], no. 29226/03, § 88, 23 February 2012) və orada qeyd edilən işlər).
152. Bundan başqa, xatırlatmalıdır ki, Konvensiyaya əsasən proses heç də bütün işlərdə “affirmanti incumbit probatio” (sübut etmə vəzifəsi iddia edənin üzərindədir) prinsipinin dəqiq tətbiqinə gətirib çıxarmır. Məhkəmə Konvensiyanın 2 və 3-cü maddələri üzrə presedent hüququna nəzər yetirir ki, şəxsin həbsdə saxlanılması hallarında olduğu kimi, müvafiq hadisələrdən dövlət orqanlarının müstəsna olaraq xəbərdar olması hallarında, həbs yerində əmələ gəlmiş xəsarətlər və ölüm ilə bağlı möhkəm fakt prezumpsiyası mövcuddur. Belə işdə sübut etmə vəzifəsinin qaneedici və inandırıcı izahat verməli olan dövlət orqanlarına aid olması hesab edilə bilər (bax: “Çakıcı Türkiyəyə qarşı” (Çakıcı v. Turkey [GC], no. 23657/94, § 85, ECHR 1999-IV); “Salman Türkiyəyə qarşı” (Salman v. Turkey [GC], no. 21986/93, § 100, ECHR 2000-VII); və “Rupa Rumıniyaya qarşı” (Rupa v. Romania (no. 1), no. 58478/00, § 97, 16 December 2008)). Bu cür izahat olmadığı təqdirdə Məhkəmə cavabdeh Hökumətin xeyrinə olmayan nəticələrə gələ bilər (bax “Orhan Türkiyəyə qarşı” (Orhan v. Turkey, no. 25656/94, § 274, 18 June 2002).
153. Məhkəmə artıq müəyyən etmişdir ki, həmin mülahizələr Konvensiyanın 5-ci maddəsinə əsasən baxılmış yoxa çıxarma hallarında, yəni şəxsin dövlət orqanları tərəfindən tutulmasının sübut edilmədiyinə baxmayaraq, onun dövlət orqanları tərəfindən rəsmi qaydada dəvət edilməsini, onların nəzarətində olan yerə daxil olmasını və bundan sonra görsənməməsini müəyyən etmək mümkün olduğu hallarda tətbiq edilir. Bu cür hallarda, binada nələrin baş verdiyinə dair həqiqətə uyğun və qaneedici izahat vermək və müvafiq şəxsin dövlət orqanları tərəfindən tutulmadığını, əksinə, azadlıqdan məhrum edilmədən binandan çıxdığını göstərmək Hökumətin vəzifəsidir (bax: “Tanış və digərləri Türkiyəyə qarşı” (Tanış and Others v. Turkey, no. 65899/01, § 160, ECHR 2005–VIII); “Yusupova və Zaurbekov Rusiyaya qarşı” (Yusupova and Zaurbekov v. Russia, no. 22057/02, § 52, 9 October 2008) və “Matayeva vı Dadayeva Rusiyaya qarşı” (Matayeva and Dadayeva v. Russia, no. 49076/06, § 85, 19 April 2011)). Bundan başqa, Məhkəmə xatırladır ki, yenə də Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinə əsasən ərizə kontekstində, o, sübut etmə vəzifəsi cavabdeh Hökumətə keçdikdən əvvəl uyğunlaşan nəticələr formasında sübutların təqdim edilməsini tələb edir (bax: “Öcalan Türkiyəyə qarşı” (Öcalan v. Turkey [GC], no. 46221/99, § 90, ECHR 2005‑IV) və yuxarıda qeyd edilən Creangă, § 89).2. Hazırkı işdə faktların müəyyən edilməsi
154. Məhkəmə qeyd edir ki, Hökumət ərizəçinin bütün iddialarını rədd edir. Tərəflərin təqdim etdiyi ziddiyyətli ifadələri, şikayət edilən hadisələrdə dövlət nümayəndələrinin hər hansı iştirakının cavabdeh Hökumət tərəfindən tamamilə rədd edilməsini və ərizəçinin cinayət barədə şikayətinin rədd edilməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə sübut etmə vəzifəsi ilə bağlı məsələ, xüsusən də onun ərizəçidən cavabdeh Hökumətə keçməli olması məsələsi ortaya çıxır.
155. Bununla əlaqədar olaraq Məhkəmə vurğulayır ki, o, öz rolunun subsidiar xarakterinə həssaslıqla yanaşaraq etiraf edir ki, müəyyən işin hallarında qaçılmaz olaraq faktlarla bağlı birinci instansiya məhkəməsinin rolunu öz üzərinə qoymaqda ehtiyatlı olmalıdır (bax: “Makker Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Buna baxmayaraq, Konvensiyanın 3-cü maddəsinə əsasən irəli sürülən iddialarla əlaqədar hətta dövlət daxilində müəyyən məhkəmə prosesi və istintaq keçirildiyi halda (bax: “Kobzaru Rumıniyaya qarşı” (Cobzaru v. Romania, no. 48254/99, § 65, 26 July 2007)) Məhkəmə “xüsusilə hərtərəfli yoxlamanı” tətbiq etməlidir (bax: mutatis mutandis, Ribiç Avstriyaya qarşı” (Ribitsch v. Austria, 4 December 1995, § 32, Series A no. 336) və “Georgi Bıkov Rusiyaya qarşı” (Georgiy Bykov v. Russia, no. 24271/03, § 51, 14 October 2010)). Başqa sözlə, bu cür kontekstdə Məhkəmə məhkəmələrin gəldiyi nəticələrə münasibətdə daha tənqidi olmağa hazırdır. Onları nəzərdən keçirərkən Məhkəmə dövlət daxilində məhkəmə prosesinin keyfiyyətini və qərar qəbul etmə prosesində hər hansı qüsurları nəzərə ala bilər (bax: “Denisenko və Boqdançikov Rusiyaya qarşı” (Denisenko and Bogdanchikov v. Russia, no. 3811/02, § 83, 12 February 2009)).
156. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin onun iddia edilən oğurlanmasına dair halların təsviri onun Almaniyaya qayıtmasından sonrakı bütün müddət ərzində çox təfərrüatlı, səciyyəvi və ardıcıl olmuşdur. Onun ifadəsi beynəlxalq və digər xarici araşdırmalar, habelə dövlətdaxili proseslər zamanı aydın olmuş və Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada və MKA-nın idarə etdiyi həbs yerində saxlamasının yeri, vaxtı və müddəti, habelə mehmanxanada olma, Skopye Hava Limanında MKA agentlərinə təhvil verilmə və Əfqanıstanda “Duzlu çuxurda” saxlanılma zamanı məruz qaldığı rəftar ilə bağlı uyğun gələn məlumatı əhatə etmişdir. Bundan əlavə, işdə ərizəçinin ifadələrinin həqiqətə uyğun olmasını mübahisələndirən digər aspektlər vardır.
157. İlk növbədə, Məhkəmə qeyd edir ki, beynəlxalq araşdırmalar və Almaniya dövlət orqanlarının apardığı istintaq zamanı əldə edilmiş böyük həcmdə dolayı sübutlar ərizəçinin ifadələrini müdafiə edir. Bununla əlaqədar olaraq Məhkəmə aşağıdakı sübutları qeyd edir:
a) o zaman ABŞ Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən qeyd edilmiş “Boinq” biznes təyyarəsinin 2004-cü il yanvarın 23-də Malyorkanın Palma şəhərindən uçub getməsini, həmin gün saat 20.51-də Skopye Hava limanında enməsini, üç saatdan sonra Skopyedən Bağdada və sonradan Kabilə uçub getməsini təsdiq edən aviasiya jurnallarında qeydlər;
b) o, 2004-cü il mayın 28-də Kabildən bort nömrəsi N982RK olan “Qolfstrim” təyyarəsində MKA-nın çarter reysinin Albaniyada Bezat-Kuçova Aerodrom adlı hərbi bazaya gəlməsini təsdiq edən aviasiya jurnallarında qeydlər;
c) ərizəçinin Cənubi Asiya ölkəsində olması və kifayət qədər uzun müddətdə yeməksiz qalmasını təsdiq edən, Almaniyada cinayət işi üzrə istintaq çərçivəsində onun saç follikullarının elmi təhlilinin nəticələri;
d) ərizəçinin Əfqanıstanda saxlanıldığı müddətdə yüngül zəlzələ halları barədə məlumatı təsdiqləyən geoloji qeydlər;
e) ərizəçinin çəkdiyi Əfqanıstandakı həbsxananın sxemi və onun Əfqanıstanda ABŞ tərəfindən saxlanılan digər zərərçəkmiş şəxs tərəfindən dərhal tanınması.
158. Bu sübutlara əsasən “Marti araşdırması” ərizəçinin işinin “sənədləşdirilmiş verilmə işi” olması (yuxarıda 45-ci bəndə bax) və hadisələr barədə Hökumətin versiyasının “tamamilə yararsız” olması (yuxarıda 46-cı bəndə bax) nəticəsinə gəlmişdir. “Fava araşdırmasının” yekun hesabatında “Alman vətəndaşı Xaled El-Masrinin fövqəladə verilməsi pislənmişdir” (yuxarıda 49-cu bəndə bax). Bundan başqa, Alman Bundestaqı qeyd etmişdir ki, ərizəçinin ifadələri “Makedoniyada saxlanma və Əfqanıstana ötürmə, habelə ABŞ qüvvələri tərəfindən həbsdə saxlamaya dair əsas faktlara gəldikdə, həqiqətə uyğundur” (yuxarıda 60-cı bəndə bax).
159. İkincisi, ərizəçinin cavabdeh dövlətdə etdiyi araşdırmalar nəticəsində onun ifadələrini müdafiə edən digər aidiyyəti elementlər ortaya çıxmışdır. Bu kontekstdə Məhkəmə N313P bort nömrəsi olan “Boinq 737” təyyarəsinin marşrutu ilə bağlı “Marti araşdırmasının” nəticələrini təsdiq edən Skopye Hava Limanı müdiriyyətinin 2008-ci il 18 iyun tarixli məktubuna (yuxarıda 67-ci bəndə bax) xüsusi diqqət yetirir. Bu sənəddə ilk dəfə göstərilir ki, təyyarə Skopye Hava Limanında sərnişinsiz enərək yalnız bir sərnişinlə uçub getmişdir. Ərizəçinin ifadələrini müdafiə edən digər inandırıcı sübutlara “Marti” və “Fava” araşdırmalarında iştirak etmiş müstəntiq cənab J.G.S. tərəfindən hazırlanmış, ərizəçinin Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya daxil olmasından MKA agentləri tərəfindən həbs edilməsinə qədər keçən müddətdə baş vermiş hadisələr təfərrüatlı məlumatlar əks etdirilmiş ekspert rəyi aid edilməlidir.
160. Üçüncüsü, ABŞ dövlət orqanları o zaman həyata keçirilmiş “verilmə proqramı” barədə məlumatı açıqlayan müxtəlif təşkilatlar tərəfindən dərc edilmiş və artıq açıq mənbələrdə olan müvafiq materiallar Məhkəmə üçün xüsusi əhəmiyyət kəsb edir (yuxarıda 98, 103, 106-1227-ci bəndlərə bax). Bu materiallarda ərizəçinin işi birbaşa göstərilməsə də, bunlarda ərizəçinin təsvir etdiyi işə oxşar “verilmə” işlərində tətbiq edilmiş metodlar ifşa olunur.
161. Nəhayət, Məhkəmə o zaman cavabdeh dövlətin daxili işlər naziri və bir az sonra Baş naziri olmuş cənab H.K.-nın yazılı ifadəsinə müraciət edir. Məhkəmə qarşısında şikayət edilən hadisələrə barədə yeganə bilavasitə sübut olan bu ifadədə şahid təsdiq etmişdir ki, Makedoniyanın hüquq mühafizə orqanları ABŞ dövlət orqanlarının verdiyi beynəlxalq axtarış barədə qanuni bildirişə əsasən hərəkət edərək ərizəçini tutmuş, onun təcrid UBK (Dövlət Kəşfiyyat Xidməti) əməkdaşlarının daimi nəzarəti altında Skopyedə həbsdə saxlamışlar. Sonradan o, Skopye Hava Limanında MKA-nın verilmə qrupuna təhvil verilmiş və MKA-nın idarə etdiyi təyyarədə cavabdeh dövlətdə uçub getmişdir. Onun ifadəsi digər araşdırmalar nəticəsində müəyyən edilmiş faktları və hadisələr barədə ərizəçinin uyğun və inandırıcı izahatını təsdiq edir.
162. Həqiqətən, dövlət orqanlarının cənab H.K-nın ifadələrini yoxlamaq imkanı olmamışdır. Həmçinin, Məhkəmə də proses zamanı onun ifadələrini yoxlamamışdır. Eyni zamanda, bu, onun sübut dəyərini heç də mütləq azaltmır, onun dövlətin cinayət təqibi orqanları tərəfindən cinayət barədə şikayətin rədd edilməsindən sonra ortaya çıxması isə onun Məhkəmə tərəfindən nəzərə alınması üçün maneə törətmir (bax: mutatis mutandis, “Saadi İtaliyaya qarşı” (Saadi v. Italy [GC], no. 37201/06, § 133, ECHR 2008)).
163. Prinsip etibarilə, Məhkəmə nazirlər və ya digər yüksək vəzifəli şəxslərin ifadələrinə ehtiyatla yanaşır, çünki onlar təmsil etdiyi hökumətlərin lehinə çıxış etməyə çalışırlar. Eyni zamanda, o, həmçinin hesab edir ki, aidiyyəti məsələdə əsas rol oynamış yüksək vəzifəli şəxslərin, hətta sabiq nazirlərin və vəzifəli şəxslərin ifadələrində dövlət orqanlarını pis tərəfdən göstərən faktları və ya davranış etiraf edildikdə onların xüsusi sübut dəyəri vardır. Bununla da, onlar qəbul edilə bilər (bu kontekstdə bax: mutatis mutandis, Beynəlxalq Ədalət Məhkəməsi, “Nikaraqua əleyhinə və onun daxilində hərbi və döyüş əməliyyatları (Nikaraqua Amerika Birləşmiş Ştatlarına qarşı)” (Military and Paramilitary Activities in and against Nicaragua (Nicaragua v. United States of America) Merits, Judgment, ICJ Reports 1986, p.14, § 64)).
164. Buna görə Məhkəmə hesab edir ki, bu şahidin ifadəsi sübut kimi nəzərə alına bilər. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, Hökumət onun etibarlılığını şübhəyə alan hər hansı səbəbi təqdim etməmişdir.
165. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hadisələr barədə ərizəçinin versiyasının xeyrinə prima facie (etiraz edilmədiyi halda kifayət olan) sübutun mövcud olduğunu və sübut etmə vəzifəsinin cavabdeh Hökumətə keçdiyini qəbul edir.
166. Eyni zamanda, Hökumət bu sübutun ərizəçinin irəli sürdüyü iddiaları nəyə görə müdafiə etmədiyini inandırıcı surətdə göstərə bilməmişdir. Hökumət hadisələrin necə baş verməsi ilə bağlı qaneedici və inandırıcı izahat verməmişdir. Həmçinin, 2003-cü il dekabrın 31-də Tabanovse sərhəd-keçid məntəqəsində ərizəçi dövlət orqanlarının nəzarəti altına götürüldükdən sonra onunla baş verdiklərinə dair həqiqətə uyğun izahat verilməmişdir. 2003-cü il dekabrın 31-də ərizəçinin tutulmasından sonra onun taleyi ilə bağlı dövlət orqanlarının cavab vermək öhdəliyinin prezumpsiyasını rədd etmək üçün heç bir əsaslandırılmış izahat verilməmişdir. Bu baxımdan hökumət tərəfindən təqdim edilmiş sübutlar kifayət deyil (yuxarıda 41 və 65-ci bəndlərə bax). Bununla əlaqədar olaraq Hökumətin əvvəllər əməkdaşlıq üçün açıq olmadığının səbəblərinə dair izahat verilmədiyini (yuxarıda 45-ci bəndə və “2006-cı il Marti məruzəsinin” 113-cü bəndinə bax) qeyd etməyə kifayətdir. Bundan başqa, Hökumət cənab J.G.S. tərəfindən təqdim edilmiş ekspert rəyini nə şərh etmiş, nə də ona etiraz etmişdir. Hökumət həmçinin cənab H.K.-nın ifadəsində göstərilən, Daxili İşlər nazirliyində saxlanılan ərizəçinin işinə dair sənədləri təqdim etməmişdir (yuxarıda 74-cü bəndə bax). Bu kontekstdə Məhkəməyə hər hansı yazılı material da təqdim edilməmişdir. Nəhayət, ərizəçinin şikayətinin rədd edilməsi ilə nəticələnmiş istintaq tam olmamış və Məhkəmə onun nəticələrini istifadə etmək imkanında deyil.
167. Bu şəraitdə, Məhkəmə mövcud materiallardan və dövlət orqanlarının davranışından nəticələr çıxara bildiyini hesab edərək (bax: “Kadirova və digərləri Rusiyaya qarşı” (Kadirova and Others v. Russia, no. 5432/07, §§ 87 and 88, 27 March 2012)) ərizəçinin iddialarını kifayət qədər inandırıcı və əsaslı şübhələr olmadan təsdiq edildiyini müəyyən edir. şübhəyə and finds the applicant’s allegations sufficiently convincing and established beyond reasonable doubt.III. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
168. Ərizəçi şikayət etmişdir ki, cavabdeh dövlət onun mehmanxanada saxlanılması zamanı məruz qaldığı pis rəftara və Skopye Hava Limanında MKA-nın verilmə qrupuna təhvil verilməsi zamanı “tutma şoku” rəftarına məruz qalmasının qarşısının alınmamasına görə məsuliyyət daşıyır. O, həmçinin şikayət etmişdir ki, cavabdeh dövlət onun Əfqanıstanda “Duzlu çuxurda” saxlanılması zamanı pis rəftara məruz qaldığına görə məsuliyyət daşıyır, çünki bu cür pis rəftarın gerçək təhlükəsini görmək üçün tutarlı əsasların olmasına baxmayaraq, cavabdeh dövlət onu ABŞ nümayəndələrinin nəzarətinə bilərəkdən vermişdir. Bu kontekstdə, o şikayət etmişdir ki, “Duzlu çuxurda” saxlanılması zamanı saxlama şəraiti, fiziki hücumlar, qeyri-münasib qida və su, yuxudan məhrum etmə, məcburi yedizdirmə və tibbi yardımın olmaması Konvensiyanın 3-cü maddəsinə zidd rəftarı təşkil etmişdir. Nəhayət, o, şikayət etmişdir ki, Makedoniya dövlət orqanları tərəfindən aparılmış istintaq bu maddənin mənasında səmərəli olmamışdır.
Konvensiyanın 3-cü maddəsində aşağıdakılar bildirilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.”A. Tərəflərin izahatları1. Ərizəçi
169. Ərizəçi bildirmişdir ki, onun mehmanxanada 23 gün ərzində tam təcrid edilməklə saxlanılması və dindirilməsi, təkrarlanan hədələr və öz taleyinin ilə bağlı qeyri-müəyyənlik onun Konvensiyanın 3-cü maddəsinə əsasən hüquqlarını pozmuşdur. Birbaşa fiziki hücum olmasa da belə, əzablar və stressin ümumi və dəqiq psixoloji effekti məhz dindirmə məqsədləri üçün onun psixoloji toxunulmazlığının pozulması üçün bilərəkdən tətbiq edilmiş və on gün ərzində aclıq aksiyanı keçirmək üçün kifayət olmuşdur.
170. O, həmçinin iddia etmişdir ki, cavabdeh dövlət onun Skopye Hava Limanında MKA-nın verilmə qrupuna təhvil verilməsi zamanı məruz qaldığı rəftara görə məsuliyyət daşıyır, çünki onun nümayəndələri fəal şəkildə əməliyyata kömək etmiş və onun qarşısını almamışlar. Bu zaman, o, sonrakı dindirmə üçün “tutma şokunu” yaratmağa və onun iradəsini sındırmağa qəsdən yönəldilmiş amansız və qorxuducu rəftara məruz qalmışdır. Onun MKA təyyarəsinə aparmaq üçün istifadə edilmiş zorakılıq onun yaratdığı təhlükəyə heç mütənasib olmamış və onu alçaltmaq və ruhunu pozmaq məqsədilə tətbiq edilmişdir. Həm mehmanxanada, həm Skopye Hava Limanında onunla rəftar işgəncəni təşkil etmişdir.
171. Bundan başqa, o, bildirmişdir ki, Makedoniya dövlət orqanları onu MKA-ya verdikdə onun Əfqanıstanda pis rəftara məruz qalmaq təhlükəsini və müvafiq diplomatik təminatları almaq öhdəliyi ilə bağlı olmuşlar. Eyni zamanda, bu cür pis rəftarın açıq mənbələrdə olan çoxlu sübutların olmasına baxmayaraq, onlar bunu etməmişlər. Bununla da, cavabdeh dövlət Konvensiyanın 3-cü maddəsinə əsasən məsuliyyət daşıyır.
172. Nəhayət, ərizəçi bildirmişdir ki, dövlət orqanları onun iddiaları ilə bağlı səthi və tamamilə uyğun olmayan istintaq aparmışlar. Bir çox beynəlxalq qurumların çağırışlarına və onun şikayətlərinə baxmayaraq, cavabdeh dövlət bu maddə ilə tələb edildiyi kimi, təxirəsalınmaz, qərəzsiz və səmərəli istintaq aparmamışdır.2. Cavabdeh Hökumət
173. Hökumət ərizəçinin pis rəftara məruz qalması barədə iddialarını tamamilə rədd edilməsinə dair öz mövqeyini təkrar etmişdir. Hökumət həmçinin 2009-cu il yanvar tarixli ekspert rəyini mübahisələndirərək bildirmişdir ki, bu rəydə ərizəçinin sağlamlıq vəziyyəti ilə bağlı heç bir nəticələr müəyyən edilməmişdir (yuxarıda 36-cı bəndə bax). Bu səbəbdən, Hökumət Məhkəmədən xahiş etmişdir ki, bu rəyə “yüksək dərəcədə ehtiyatla” yanaşsın.
174. Hökumət həmçinin cinayət təqibi orqanları tərəfindən aparılmış istintaqın səmərəli olmadığını etiraf edərək bildirmişdir ki, bu, ərizəçinin cinayət barədə şikayətinin gec və müəyyən edilməmiş şəxsə qarşı təqdim edilməsi ilə bağlı olmuşdur.B. Üçüncü tərəf qismində çıxış etmiş şəxslər
1. BMT-nin İnsan hüquqları üzrə Ali komissarı (BMTİHAK)
175. BMTİHAK bildirmişdir ki, həqiqəti bilmək hüququ, zorakılıqla yoxa çıxarma hallarda olduğu kimi, insan hüquqlarının ciddi pozulması hallarında əmələ gələn müstəqil hüquqdur. Bu hüquq həmçinin Konvensiyanın 13-cü maddədə nəzərdə tutulmuş və 2, 3 və 5-ci maddələrdə dolayısı ilə əks etdirilmişdir. Zorakılıqla yoxa çıxarma hallarında, zərərçəkmiş şəxsin birdən peyda olmasına baxmayaraq onun taleyinin və olduğu yerinin sirr olduğunu nəzərə alaraq, həqiqəti bilmək hüququ xüsusilə məcburi xarakter daşıyan normadır. İnsan hüquqlarının ağır pozuntuları və humanitar hüququnun ciddi pozuntuları barədə həqiqəti bilməklə zərərçəkmiş şəxslər, onların qohumları və yaxın dostları müəyyən kompensasiya əldə edirlər. Həqiqəti bilmək hüququ pozuntudan bilavasitə zərər çəkmiş şəxslərə, habelə onların qohumların və bütövlükdə cəmiyyətə aiddir. Hüquqlara malik olanların müxtəlif məsələlər, xüsusilə cinayət törədənlərin şəxsiyyəti, istintaqın gedişi və nəticələri, pozuntunun törədilməsinin halları və səbəbləri barədə məlumatı axtarmaq və əldə etmək hüququ vardır. Digər tərəfdən, həqiqəti bilmək hüququ ilə dövlətin üzərinə hərtərəfli öhdəliklər müəyyən edilmişdir, o cümlədən: 1) səmərəli istintaqı həyata keçirmək; (2) zərərçəkmiş şəxslərin və onların qohumlarının istintaq prosesində səmərəli qaydada iştirakını təmin etmək; (3) zərərçəkmiş şəxslərə və cəmiyyətə bütün müvafiq məlumatı açıqlamaq; (4) zərərçəkmiş şəxsləri və şahidləri qisas almaqdan və hədələrdən qorumaq vəzifələri. Nəhayət, BMTİHAK iddia etmişdir ki, həqiqəti bilmək hüququ beynəlxalq hüquqda (Bütün şəxslərin zorakılıqla yoxa çıxarma hallarından müdafiəsi haqqında Konvensiya) və Amerikalararası Məhkəmənin və İnsan və Xalqların Hüquqları üzə Afrika Komissiyasının presedent hüququnda tanınmışdır.2. “Interights” təşkilatı
176. “Interights” təşkilatı bildirmişdir ki, hazırkı iş Məhkəmə üçün “fövqəladə verilmə” kimi tanınan pozuntular sistemini qəbuledilməzi kimi tanımaq və dövlətlərin Konvensiyaya əsasən məsuliyyətini müəyyən etmək imkanını yaratmışdır. Verilmə prosesi zamanı və ya buna hazırlıq müddətində verilmiş şəxslərlə rəftar (o cümlədən “tutma şoku” deyilən rəftar) və zorakı dindirmə metodların tətbiqi işgəncəni və ya pis rəftarı təşkil edə bilər. Fövqəladə verilmə praktikası mütləq şəxsin bir dövlətdən işgəncə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təhlükəsi olan başqa dövlətə ötürülməsini əhatə etmişdir. Bu cür ötürmə Məhkəmənin presedent hüququnda tanınmış verilməmə (non-refoulement) prinsipi ilə qadağan edilir (“Interights” təşkilatı “Sörinq Böyük Britaniyaya qarşı” işi üzrə qərara (Soering v. the United Kingdom, 7 July 1989, Series A no. 161) və yuxarıda qeyd edilən Saadi v. Italy qərarına müraciət etmişdir). Bu prinsipə əsasən, dövlət orqanları verilmə prosesi zamanı baş vermiş pozuntulardan xəbərdar olduğu təqdirdə “fövqəladə verilmədə” əlbir olmağa, iştirakçılığa və ya digər formada əməkdaşlığa görə məsuliyyət yaranır. “Əlbir olmağa görə məsuliyyətə” paralel olaraq, ümumi beynəlxalq hüquqa əsasən, dövlət beynəlxalq hüquqazidd əməlin törədilməsində digər dövlətə yardım göstərdiyinə görə məsuliyyətə cəlb edilə bilər (“köməkçi olmağa görə məsuliyyət”). Dövlət müvafiq hüquqları pozan xarici dövlətin nümayəndələrinin əməllərinə razılıq verdikdə bu cür pozuntuların qarşısı alınmamışdır. Bundan əlavə, xarici dövlətlərin nümayəndələrinin əməllərinə susmaqla razılıq vermə və ya dəstək vermə nəticəsində də dövlətin məsuliyyəti yaradıla bilər. Verilmə baş verdikdən sonra, dövlətin gizli həbsdə saxlama və ötürülmə barədə iddialar ilə əlaqədar təxirəsalınmaz və səmərəli istintaq aparmaq, habelə pozuntu nəticəsində vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi daxil olmaqla vəziyyəti bərpa etmək öhdəliyi vardır.3. “Redress” təşkilatı
177. “Redress” təşkilatı bildirmişdir ki, fövqəladə verilmə barədə iddialar kontekstində istintaq təxirəsalınmaz, müstəqil və hərtərəfli, habelə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsinə və təqibinə gətirib çıxara bilən olmalıdır; ictimai nəzarəti və zərərçəkmiş şəxsin iştirakını nəzərə almalıdır; zərərçəkmiş şəxslərin həqiqəti bilmək hüququnu təmin etmək məqsədilə onlar üçün informasiya əldə etmək imkanlarını yaratmalıdır. İstintaq aparmaq öhdəliyi Konvensiyanın 3 və 5-ci maddələrində nəzərdə tutulur. Milli təhlükəsizlik mülahizələri zərərçəkmiş şəxsin belə informasiyanı əldə etməsini qadağan edə bilməz. Milli təhlükəsizlik mülahizələrinin zərərçəkmiş şəxsin informasiyanı əldə etmək hüququndan üstün olması 3-cü maddənin məhdudiyyətlərə qala bilməmə və mütləq xarakterinə və qanunsuz həbsin qadağan edilməsinə xələl gətirərdi. Bununla əlaqədar olaraq o, Avropa Şurasının 2011-ci il 30 mart tarixli “İnsan hüquqlarının ciddi pozulması hallarına görə cəzasızlığın aradan qaldırılmasına dair Rəhbər prinsiplərinə” (yuxarıda 105-ci bəndə bax) müraciət etmişdir ki, həmin sənədə müvafiq olaraq “insan hüquqlarının ağır pozuntusunu təşkil edən əməllərə görə cəzasızlıq zərərçəkmiş şəxslərə əlavə əzablar verir”. Münasib hüquqi müdafiə vasitəsi və əvəzin ödənilməsi Konvensiyanın 3 və 5-ci maddələrinin pozulmasından zərər çəkmiş şəxslərin tanınmasını və onlara hörmət edilməsini əhatə etməlidir ki, onlar, onların ailə üzvləri və ümumiyyətlə cəmiyyət yol verilmiş pozuntular barədə həqiqəti bilsinlər. Kompensasiyadan savayı, əvəzin ödənilməsinin uzunmüddətli bərpa məqsədlərini əks etdirən digər mühüm komponentlər də, o cümlədən satisfaksiya (pozuntunu etiraf etmə, təəssüf və ya rəsmi üzrxahlıq bildirmə), əməllərin gələcəkdə təkrar olunmamasının təminatları və reabilitasiya təmin edilməlidir. Sonuncu ilə əlaqədar olaraq “Redress” təşkilatı peşəkar həkim-psixoloq doktor M.Robertsonun 2011-ci il 28 mart tarixli ekspert rəyini təqdim etmişdir ki, bu rəydə həqiqətin açıqlanmasının zərərçəkmiş şəxs üçün psixoloji faydası izah edilmişdir. Onun sözlərinə görə, həqiqətin açıqlanması və müəyyən formada əvəzini ödəmə vasitəsilə etiraf etmə sağ qalmış zərərçəkmiş şəxsin bərpa olunması üçün mühüm rol oynaya bilər. Əksinə, həqiqət açıqlanmadığı, cinayət törətmiş şəxslər isə sərbəst gəzdiyi halda, zərərçəkmiş şəxsin acizlik hissi ilə məna yaratmaq və məsələni bağlamaq uğrunda mübarizə qarışa bilər.4. “Amnesty International” təşkilatı və Beynəlxalq Hüquqşünaslar Komissiyasının birgə ifadələri
178. “Amnesty International” təşkilatı və Beynəlxalq Hüquqşünaslar Komissiyası bildirmişlər ki, hazırkı iş “ABŞ tərəfindən idarə edilən “gizli həbs və verilmə sistemi – dövlətlərin qanunlarından və beynəlxalq hüquq öhdəliklərindən kənar, hər hansı məhkəmə və ya inzibati proses olmadan, bir çox dövlətlərin həm aktiv, həm passiv əməkdaşlığından asılı olan geniş miqyaslı, mütəşəkkil sərhədsiz sistem” ilə bağlı olmuşdur. Bu sistem işgəncədə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftardan azad olmaq hüququnun pozuntusunu təşkil edən şəxsləri zorakılıqla yoxa çıxarma ilə səciyyələnir. Konvensiyanın 3-cü maddəsində iştirakçı dövlətlərə, hər hansı şəxslərin öz yurisdiksiyasından çıxarılması nəticəsində onların pis rəftara məruz qalmaq təhlükəsi ilə üzləşəcəyi barədə xəbərdar olduqda, bu şəxslərin öz yurisdiksiyasından çıxarılması ilə nəticələnəcək yolla hərəkət və ya hərəkətsizlik etməyi qadağan edən verilməmə (non-refoulement) öhdəlikləri nəzərdə tutulur.
179. Nəhayət, onlar iddia etmişlər ki, inter alia, 13-cü maddə ilə birgə oxunduqda 3 və 5-ci maddələrə əsasən səmərəli istintaqa malik olmaq hüququ “gizli həbs və verilmə sistemi” kontekstində törədilmiş Konvensiya hüquqlarının pozulması ilə bağlı həqiqəti bilmək hüququ əhatə edir. Bu, yalnız müvafiq insan hüquqları pozuntularının miqyası və ciddiliyi ilə bağlı deyil, həmçinin bir çox dövlətlərdə mövcud olmuş həmin təcrübələrə münasibətdə yayılmış cəzasızlıq və bunlar barədə məlumatların məhdudlaşdırılması baxımından belədir.C. Məhkəmənin qiymətləndirməsi1. Qəbuledilənlik
180. Əldə olan materialları nəzərə alaraq Məhkəmə hesab edir ki, bu maddəyə əsasən ərizəçinin şikayətlərində Konvensiyaya əsasən ciddi faktiki və hüquqi məsələlər qaldırılır ki, onların həll edilməsi üçün mahiyyət üzrə baxış tələb olunur. Buna görə, Məhkəmə müəyyən edir ki, onlar Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi mənasında açıq-aşkar əsassız deyil. Onların qəbuledilməz elan edilməsi üçün hər hansı digər əsaslar müəyyən edilməmişdir. Buna görə, onlar qəbuledilən elan edilməlidir.2. Mahiyyət
181. Məhkəmə ilk növbədə ərizəçinin pis rəftar barədə iddiaları ilə bağlı səmərəli istintaqın omamasına dair şikayətinə baxacaqdır.a) 3-cü maddənin prosessual tərəfi: səmərəli istintaqın olmamasıi) Ümumi prinsiplər
182. Məhkəmə bir daha təsdiq edir ki, şəxs polisin və ya dövlətin digər nümayəndələrinin nəzarəti altında 3-cü maddəyə zidd rəftara məruz qalması barədə sübut oluna biləcək iddianı irəli sürdüyü halda, bu müddəa Konvensiyanın 1-ci maddəsinə əsasən dövlətin “öz yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqlarını təmin etmək” ümumi vəzifəsi ilə birlikdə götürüldükdə, dolayısı ilə səmərəli rəsmi araşdırmanın olmasını tələb edir. Araşdırma həmçinin məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxarmağa qadir olmalıdır. Əks halda, işgəncənin və qeyri-insani, ləyaqəti alçaldan rəftarın və cəzaların ümumiyyətlə hüquqda qadağan edilməsi, öz fundamental əhəmiyyətinə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bəzi hallarda dövlətin nümayəndələri üçün öz nəzarəti altında olanların hüquqlarını zahirən cəzasızlıq şəraitində pozmaq mümkün olacaqdır (bax: “Assenov və digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 102, Reports of Judgments and Decisions 1998‑VIII); “Korsakov Moldovaya qarşı” (Corsacov v. Moldova, no. 18944/02, § 68, 4 April 2006); və yuxarıda qeyd edilən Georgiy Bykov, § 60).
183. Pis rəftar barədə ciddi iddialar ilə bağlı istintaq təxirəsalınmaz və hərtərəfli olmalıdır. Bu deməkdir ki, dövlət orqanları baş vermiş hadisələri müəyyən etməyə həmişə ciddi cəhd etməli və istintaqa xitam vermək və ya öz qərarlarını əsaslandırmaq üçün tələsik və ya əsassız nəticələrə əsaslanmamalıdır (bax: yuxarıda qeyd edilən “Assenov və Digərləri” işi, § 103 və “Batı və digərləri Türkiyəyə qarşı” (Batı and Others v. Turkey, nos. 33097/96 and 57834/00, § 136, ECHR 2004‑IV (extracts)). Onlar hadisə ilə bağlı sübutları, o cümlədən, inter alia, şahid ifadələrini əldə etmək üçün mümkün tədbirləri həyata keçirməlidir (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, § 104, ECHR 1999‑IV) və “Gül Türkiyəyə qarşı” (Gül v. Turkey, no. 22676/93, § 89, 14 December 2000)). Araşdırmanın xəsarətlərin səbəbini və ya məsuliyyət daşıyan şəxsi müəyyən etmək qabiliyyətini pozan onun hər hansı çatışmazlığı bu standarta zidd ola bilər (bax: “Boysenko Moldovaya qarşı” (Boicenco v. Moldova, no. 41088/05, § 123, 11 July 2006)).
184. Bunda başqa, istintaq icra hakimiyyətindən müstəqil olmalıdır (bax: “Oğur Türkiyəyə qarşı” (Oğur v. Turkey [GC], no. 21594/93, §§ 91-92, ECHR 1999-III), və “Mehmet Emin Yüksel Türkiyəyə qarşı” (Mehmet Emin Yüksel v. Turkey, no. 40154/98, § 37, 20 July 2004)). İstintaqın müstəqilliyi dedikdə sırf iyerarxiya və ya institusional bağlılıq deyil, həmçinin praktiki cəhətdən müstəqillik başa düşülür (bax: “Ergi Türkiyəyə qarşı” (Ergi v. Turkey, 28 July 1998, §§ 83-84, Reports 1998-IV)).
185. Nəhayət, zərərçəkmiş şəxs istintaqda bu və ya digər formada səmərəli iştirak etmək imkanında olmalıdır (bax mutatis mutandis: yuxarıda qeyd edilən “Oğur” işi, § 92; “Oqnyanova və Çoban Bolqarıstana qarşı” (Ognyanova and Choban v. Bulgaria, no. 46317/99, § 107, 23 February 2006); “Hacıəliyev və digərləri Rusiyaya qarşı” (Khadzhialiyev and Others v. Russia, no. 3013/04, § 106, 6 November 2008); “Denis Vasilyev Rusiyaya qarşı” (Denis Vasilyev v. Russia, no. 32704/04, § 157, 17 December 2009); və “Dedovski və digərləri Rusiyaya qarşı” (Dedovskiy and Others v. Russia, no. 7178/03, § 92, ECHR 2008)).ii) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
186. Məhkəmə qeyd edir ki, ərizəçi 2008-ci ilin oktyabrında cinayət barədə şikayət verərək dövlət nümayəndələri tərəfindən pis rəftara məruz qalması və onların MKA agentlərinə verilmədə fəal iştirakı barədə iddialarını prokurorun diqqətinə təqdim etmişdir. Beynəlxalq və xarici araşdırmalar zamanı əldə edilmiş sübutlar onun şikayətini müdafiə etmişdir. Məhkəmənin fikrincə, ərizəçinin hadisələr barədə təsviri və mövcud materiallar göstərilən Konvensiya pozuntularının, ərizəçinin dediyi kimi, dövlət nümayəndələrinə aid edilməsi üçün ən azı əsaslı şübhə yaratmaq üçün kifayət olmuşdur. Bununla da, o, cavabdeh dövlətin təhlükəsizlik orqanlarının yaramaz davranışına dair prima facie işi üçün əsasları müəyyən etmiş, bu isə Konvensiyanın 3-cü maddəsinin tələblərinə müvafiq olaraq dövlət orqanları tərəfindən istintaqın aparılmasını zəruri etmişdir. Hər halda, ərizəçi tərəfindən cinayət barədə rəsmi şikayət verilməsi həlledici xarakter daşımır, çünki 3-cü maddənin pozulması barədə məlumatların dövlət orqanlarının nəzərinə çatdırılması ipso facto (avtomatik olaraq) həmin maddəyə əsasən dövlət tərəfindən səmərəli istintaq aparmaq öhdəliyini yaratmışdır (bax, mutatis mutandis: “Qorgiyev Keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı” (Gorgiev v. the former Yugoslav Republic of Macedonia, no. 26984/05, § 64, 19 April 2012)).
187. Ərizəçinin şikayətinə əsasən, ərizəçinin işi barədə məlumatı əldə etmək məqsədilə prokuror Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Buna cavab olaraq, Nazirlik Münhen prokurorunun hüquqi yardım barədə müraciətləri ilə əlaqədar hazırlanmış əvvəlki məruzələri ümumiləşdirən məruzəni təqdim etmişdir. 2008-ci ilin dekabrında, yəni, demək olar ki, ii ay yarım sonra, Skopye prokuroru sübutların olmadığına görə şikayəti rədd etmişdir. Nazirliyə müraciət etməkdən başqa o, ərizəçinin iddialarını yoxlamaq üçün heç bir istintaq hərəkəti yerinə yetirməmişdir. Hökumət etiraf etmişdir ki, ərizəçi və o zaman mehmanxanada çalışan işçilər prokuror tərəfindən dindirilməmişdir.
188. Nəhayət, mübahisə olunmur ki, ərizəçinin cavabdeh dövlətdə Əfqanıstana ötürülməsi üçün istifadədə şübhəli bilinən N313P nömrəli təyyarənin enməsinin səbəblərini müəyyən etmək üçün heç bir tədbir görülməmişdir. “Marti araşdırmasına” görə, bu təyyarə ərizəçinin halında istifadə edilmiş və oxşar şəraitdə ötürülmüş digər məhbuslarla bağlı “verilmə dairəsində” olmuşdur (yuxarıda 45-ci bəndə bax). Bundan başqa, ərizəçi öz iddialarını müdafiə etmək üçün təyyarənin 2004-cü il yanvarın 23-də Skopye Hava limanında sərnişinsiz enməsi və gələn səhər bir sərnişinlə uçub getməsi barədə Skopye Hava limanı müdiriyyətinin rəsmi məktubu təqdim etmişdir (yuxarıda 67-ci bəndə bax). Ərizəçinin onun Əfqanıstana ötürülməsi ilə bağlı iddiaları, həm zaman, həm də proses baxımından, həmin təyyarənin həqiqi marşrutuna tam uyğun olmuşdur. Eyni zamanda, istintaq orqanı passiv qalaraq bu istiqamətdə hərəkət etməkdən boyun qaçırmışdır. Onların bu məlumatı nəzərə almamağı və o gecə təyyarəyə minmiş sərnişinin şəxsiyyətini müəyyən etməməyi təəccüb doğurur. Təyyarə və sərnişin ilə bağlı halların araşdırılması nəticəsində hadisələr barədə ərizəçinin ifadələrinin əsaslılığı rədd edilə və ya təsdiq edilə bilərdi.
189. Prokuror yalnız Daxili İşlər Nazirliyinin təqdim etdiyi sənədlərə əsasən qərar qəbul etmişdir. O, Nazirliyin dəlillərindən kənara çıxmağı zəruri hesab etməmişdir. Ərizəçinin şikayətini rədd edərkən o, yalnız Nazirliyin təqdim etdiyi məlumata və izahata əsaslanmışdır ki, bu Nazirliyin əməkdaşları ərizəçi ilə rəftarda iştirak etməkdə şübhələnmişdir. Hökumətə görə, prokuror hesab etmişdir ki, Nazirliyin gəldiyi nəticələrə zidd olan sübutlar olmadığı halda hər hansı əlavə istintaq hərəkətlərinin aparılmasında zərurət olmamışdır (yuxarıda 71-ci bəndə bax). Ərizəçinin şikayət verdiyi zaman mövcud olan əhəmiyyətli, ən azı dolayı sübutları nəzərə alaraq, bu nəticə müstəqil orqandan gözlənilən nəticələrdən uzaqdır. İşin mürəkkəbliyi, iddia edilən pozuntuların ciddiliyi və mövcud materiallar cinayət təqibini həyata keçirən orqanlardan müstəqil və münasib cavabları tələb edirdi.
190. Hökumət həmçinin etiraf etmişdir ki, cinayət təqibi orqanları tərəfindən aparılmış istintaq səmərəli olmamışdır (yuxarıda 174-cü bəndə bax).
191. Tərəflərin ifadələrini və xüsusilə üçüncü tərəf qismində çıxış edən şəxslərin ifadələrini nəzərə alaraq Məhkəmə, həmçinin, hazırkı işdəki istintaqın qeyri-münasib xarakterinin digər tərəfinə, yəni onun işin müvafiq halları ilə bağlı həqiqəti bilmək hüququna təsirinə baxmaq istəyir. Bununla əlaqədar olaraq Məhkəmə hazırkı işin yalnız ərizəçi üçün deyil, həmçinin hadisələr barədə məlumat almaq hüquqa malik olmuş oxşar cinayətlərin başqa qurbanları və ümumiyyətlə cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. “Fövqəladə verilmə” məsələsi bütün dünyada marağa və bir çox beynəlxalq və hökumətlərarası təşkilatlar, o cümlədən BMT-nin insan hüquqları qurumları, Avropa Şurası və Avropa Parlamenti tərəfindən araşdırma aparılmasına səbəb olmuşdur. Avropa Parlamenti müəyyən etmişdir ki, bir neçə aidiyyəti dövlət həqiqətin üzə çıxmaqda maraqlı deyildir. Həqiqətin müəyyən edilməsinə maneə yaratmaq üçün tez-tez “dövlət sirri” anlayışı istifadə edilmişdir (yuxarıda 46 və 103-cü bəndlərə bax). ABŞ məhkəmələrində ərizəçinin işinə baxılması zamanı da ABŞ hökuməti dövlət sirrini qorumaq hüququna istinad etmişdir (yuxarıda 63-cü bəndə bax). Bundan əlavə, “Marti araşdırması” müəyyən etmişdir ki, “Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın dövlət orqanları eyni yanaşma ilə həqiqəti gizlətmişdir” (yuxarıda 46-cı bəndə bax).
192. Məhkəmə hesab edir ki, cavabdeh dövlətin cinayət təqibi orqanları ərizəçinin iddiaları barədə məlumat alaraq müəyyən əməllər ilə bağlı cəzasızlığın hər hansı görünüşünün əmələ gəlməsinin qarşısını almaq üçün münasib istintaq aparmağa cəhd etməli idilər. Məhkəmə hazırkı işin halları ilə bağlı danılmaz mürəkkəbliyi lazımi qədər dəyərləndirir. Eyni zamanda, müəyyən vəziyyətdə istintaqın irəliləyişinin qarşısını alan maneələrin və ya çətinliklərin ola bilməsinə baxmayaraq, hazırkı işdə olduğu kimi, insan hüquqlarının ciddi pozuntuları barədə iddiaları araşdırmaqla dövlət orqanlarının münasib cavabı onların Qanunun Aliliyi prinsipinə sədaqətinə ictimai inancın qorunub saxlanması üçün və qanunsuz əməllərdə iştirakçılığın və ya bunlara münasibətdə dözümlülüyün hər hansı görünüşünün qarşısının alınması üçün əhəmiyyətli sayıla bilər. Eyni səbəblərdən, məsuliyyəti həm nəzəriyyədə, həm təcrübədə təmin etmək məqsədilə istintaq və ya onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət olmalıdır (bax: “Angelova Bolqarıstana qarşı” (Anguelova v. Bulgaria, no. 38361/97, § 140, ECHR 2002‑IV); “Əl-Skeyni və digərləri Böyük Britaniyaya qarşı” (Al-Skeini and Others v. the United Kingdom [GC], no. 55721/07, § 167, ECHR 2011); və “21 dekabr 1989-cu il Birliyi və digərləri Rumıniyaya qarşı” (Association 21 December 1989 and Others v. Romania, nos. 33810/07 and 18817/08, § 135, 24 May 2011)). Avropa Şurasının insan hüquqlarının ciddi pozuntularına görə cəzasızlığın aradan qaldırılması haqqında 2011-ci il 30 mart tarixli Rəhbər prinsiplərində bildirildiyi kimi (yuxarıda 105-ci bəndə bax), “cəzasızlığa qarşı mübarizə zərərçəkmiş şəxslər üçün ədalətin bərpa edilməsi, gələcəkdə insan hüquqları pozulması halları ilə bağlı preventiv tədbir, habelə Qanunun Aliliyi prinsipini və əhalinin məhkəmə sisteminə inamının qoruyub saxlaması məsələsi üçün aparmalıdır”. Hazırkı işdəki qeyri-münasib istintaq nəticəsində ərizəçi nəyin baş verdiyi barədə məlumatlı olmaq, o cümlədən iddia edildiyi kimi onun çəkdiyi əzablar və oğurlanmasına görə məsuliyyət daşıyanların rolu barədə dəqiq məlumatı almaq imkanından məhrum edilmişdir.
193. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə nəticəyə gəlir ki, bu işdə aparılmış tələm-tələsik araşdırma iddia edilən hadisələrə görə məsuliyyət daşıyanların müəyyən edilməsinə və cəzalandırılmasına, habelə həqiqəti müəyyən etməyə qadir olan səmərəli istintaq sayıla bilməz.
194. Bu şəraitdə, Məhkəmə müəyyən edir ki, Konvensiyanın 3-cü maddəsinin prosessual tərəfindən pozulması baş vermişdir.b) Konvensiyanın 3-cü maddəsinin maddi tərəflərii) Mehmanxanada və Skopye Hava Limanında pis rəftar
α) Ümumi prinsiplər
195. Məhkəmə bir daha təsdiq edir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit edilir. Konvensiyanın əksər maddi müddəalarından fərqli olaraq 3-cü maddədə istisna halları nəzərdə tutulmur, habelə hətta dövlət üçün təhlükə yaradan fövqəladə hal zamanı 15-ci maddənin 2-ci hissəsinə əsasən onun məhdudlaşdırılmasına yol verilmir (bax: “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999‑V) və “Labita İtaliyaya qarşı” (Labita v. Italy [GC], no. 26772/95, § 119, ECHR 2000‑IV)). Məhkəmə təsdiq etmişdir ki, hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıq ilə mübarizə kimi ən ağır hallarda, müvafiq şəxsin davranışından asılı olmayaraq, işgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzalar Konvensiya ilə qadağan edilir (bax: “Şahal Birləşmiş Krallığa qarşı” (Chahal v. the United Kingdom, 15 November 1996, § 79, Reports 1996-V) və yuxarıda qeyd edilən “Labita” işi, § 119).
196. 3-cü maddənin əhatə dairəsinə daxil olmaq üçün pis rəftar qəddarlığın minimal həddinə çatmalıdır. Qəddarlığın minimal həddinin qiymətləndirilməsi nisbi xarakter daşıyır; o, işin bütün hallarından, o cümlədən rəftarın müddətindən, onun fiziki və mənəvi təsirlərindən və bəzi hallarda zərərçəkmişin cinsindən, yaşından və sağlamlıq vəziyyətindən asılıdır (bax: “İrlandiya Birləşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) və “Yallo Almaniyaya qarşı” (Jalloh v. Germany [GC], no. 54810/00, § 67, ECHR 2006). Rəftarın məqsədi və onun arxasında olan niyyət və motivasiya həmçinin nəzərə alınmalıdır (müqayisə üçün bax, inter alia: “Aksoy Türkiyəyə qarşı” (Aksoy v. Turkey, 18 December 1996, § 64, Reports 1996-VI); “Egmez Kiprə qarşı” (Egmez v. Cyprus, no. 30873/96, § 78, ECHR 2000-XII); və “Krastanov Bolqarıstana qarşı” (Krastanov v. Bulgaria, no. 50222/99, § 53, 30 September 2004)).
197. Pis rəftarın müəyyən formasının işgəncə kimi təsnif edilməsi məsələsinə baxaraq Məhkəmə 3-cü maddədə bu anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar arasında olan fərqlənməni nəzərdən keçirməlidir. Görünür ki, ayrıca “işgəncə” ləkəsinin yalnız xüsusilə ağır və qəddar əzablara səbəb olan qəsdən qeyri-insani rəftara vurmağa yol vermək üçün bu fərqlənmə Konvensiyada ifadə edilmişdir (bax: yuxarıda qeyd edilən “Aksoy” işi, § 62). Rəftarın qəddarlığından əlavə, 1987-ci il iyunun 26-da qüvvəyə minmiş “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalandırma əleyhinə” BMT-nin Konvensiyasında müəyyən edildiyi kimi, burada həmçinin məqsəd elementi mövcuddur: həmin Konvensiyada işgəncə, inter alia, məlumat əldə etmək, cəzalandırmaq və ya alçaltmaq məqsədi ilə qəsdən güclü ağrı və ya əzab yetirmə kimi müəyyən edilir (BMT Konvensiyasının 1-ci maddəsi) (bax: “İlhan Türkiyəyə qarşı” (İlhan v. Turkey [GC], no. 22277/93, § 85, ECHR 2000‑VII)).
198. Konvensiyanın 1-ci maddəsinə əsasən iştirakçı dövlətlərin öz yurisdiksiya daxilində hər kəsin Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqlarını təmin etmək öhdəliyi, 3-cü maddə ilə birlikdə götürüldükdə, tələb edir ki, dövlətlər öz yurisdiksiya daxilində şəxslərin işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara, o cümlədən fiziki şəxslər tərəfindən törədilən pis rəftara məruz qalmadığının təmin edilməsinə yönəlmiş tədbirləri həyata keçirsinlər (bax: “Z və digərləri Birləşmiş Krallığa qarşı” (Z and Others v. the United Kingdom [GC], no. 29392/95, § 73, ECHR 2001‑V)). Buna görə, dövlət orqanları xəbərdar olduqları pis rəftar təhlükəsini aradan qaldırmaq üçün məqsədyönlü tədbirlər görmədiyi təqdirdə, dövlətin məsuliyyəti yarana bilər (bax: “Mahmut Kaya Türkiyəyə qarşı” (Mahmut Kaya v. Turkey, no. 22535/93, § 115, ECHR 2000‑III)).
β) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
199. Sübut etmə vəzifəsinin Hökumətə keçməsi barədə Məhkəmənin gəldiyi nəticə nəzərə alınaraq (yuxarıdakı 165 və 167-ci bəndlərə bax) Məhkəmə artıq müəyyən etmişdir ki, ərizəçinin ifadələri kifayət qədər inandırıcıdır və bu maddəyə əsasən onun iddiaları “əsaslı şübhələr olmadan” təsdiq edilir. Buna görə, ərizəçinin məruz qaldığı rəftarın bu maddənin əhatə dairəsinə daxil olub-olmadığı və onun cavabdeh dövlətə aid edilə bilməsi məsələsi həll edilməlidir.
Mehmanxanada rəftar
200. Mehmanxanada ərizəçi ilə rəftara gəldikdə, Məhkəmə qeyd edir ki, o, Makedoniya təhlükəsizlik orqanları əməkdaşlarının daimi nəzarəti altında olmuş, pis bildiyi xarici dildə dindirilmiş, odlu silahla hədələnmiş, habelə əməkdaşlardan başqa digər şəxslərlə görüşməyə icazə almamışdır. Bu cür rəftar nəticəsində ərizəçi etiraz əlaməti olaraq 10 gün ərzində aclıq aksiyasını keçirmişdir.
201. Cavabdeh Hökumət belə rəftarı heç cür əsaslandırmamışdır.
202. Həqiqətən, ərizəçi mehmanxanada saxlanılarkən ona qarşı fiziki güc tətbiq edilməmişdir. Eyni zamanda, Məhkəmə xatırladır ki, 3-cü maddədə yalnız fiziki ağrı yetirmə deyil, həmçinin bədən xəsarəti yetirmədən narahatlıq və stress vəziyyəti yaradılmaqla yetirilən mənəvi əzablar nəzərdə tutulur (bax: “İlyina və Saruliene Litvaya qarşı” (Iljina and Sarulienė v. Lithuania, no. 32293/05, § 47, 15 March 2011)). Şübhə yoxdur ki, ərizəçinin mehmanxanada təcrid edilməsi, bundan sonra onunla nəyin baş verməsindən qorxuya görə onu alçaltmış və emosional və psixoloji narahatlıq yetirmişdir. Ərizəçinin mehmanxanada uzun müddət saxlanılması nəticəsində o, zəif vəziyyətə düşmüşdür. O, şübhəsiz ki, məruz qaldığı dindirmələr zamanı taleyi ilə bağlı qeyri-müəyyənliyə görə davamlı həyəcan vəziyyətində olmuşdur. Məhkəmə qeyd edir ki, bu cür rəftar onun terrorçu təşkilatlarla guya əlaqələri barədə etiraf çıxarmaq və ya məlumatlar əldə etmək üçün qəsdən ərizəçiyə münasibətdə tətbiq edilmişdir (bax: “Dikme Türkiyəyə qarşı” (Dikme v. Turkey, no. 20869/92, §§ 82 and 95, ECHR 2000‑VIII)). Bundan başqa, onun mehmanxanadan çıxacağı təqdirdə öldürüləcəyi ilə hədələmə kifayət qədər gerçək və birbaşa olmuşdur ki, bu da Konvensiyanın 3-cü maddəsinə zidd ola bilər (bax: mutatis mutandis: “Kempbel və Kozans Birləşmiş Kİrallığa qarşı” (Campbell and Cosans v. the United Kingdom, 25 February 1982, § 26, Series A no. 48) və “Gefgen Almaniyaya qarşı” (Gäfgen v. Germany [GC], no. 22978/05, § 91, ECHR 2010)).
203. Nəhayət, əməliyyatın məxfiliyi və ərizəçinin mehmanxanada, yəni hər hansı məhkəmə nəzarətindən kənar həbsdə saxlama yerində 24 gün ərzində təcrid edilməsi ilə ərizəçinin əzabları daha da ciddiləşmişdir (həmçinin yuxarıda 101-ci bəndə və aşağıda 236-cı bəndə bax).
204. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin mehmanxanada saxlanıldığı zaman onun məruz qaldığı rəftar Konvensiyanın 3-cü maddəsinə zidd qeyri-insani və ləyaqəti alçaldan rəftarın müxtəlif formalarını təşkil edir.
Skopye Hava Limanında rəftar
205. Məhkəmə qeyd edir ki, 2004-cü il yanvarın 23-də ərizəçi əl-qolu və gözləri bağlı vəziyyətdə mehmanxanadan götürülərək Skopye Hava Limanına aparılmışdır. O, otaqların birində yerləşdirilmiş və orada bir neçə maskalanmış qara geyimli kişilər tərəfindən döyülmüşdür. Onu soyundurub gödəninə naməlum əşya soxmuşlar. Ona uşaq əskisini taxdılar və tünd göy rəngli qısaqol formaya geyindirdilər. Əl-qolu və ayaqları qandallanmış, başı bağlanmış, bütün hissedici funksiyalardan məhrum edilmiş ərizəçi, ətrafında Makedoniya təhlükəsizlik orqanlarının əməkdaşları durduğu MKA təyyarəsinə (N313P bort nömrəsi olan “Boinq 737” təyyarəsi) məcburi qaydada aparılmışdır. Təyyarədə onu yerə ataraq əl-qolunu zəncirlə bağlamış və məcburi surətdə sakitləşdirici dərman vurmuşlar. Bu vəziyyətdə ərizəçi Bağdad vasitəsilə Kabilə (Əfqanıstan) aparılmışdır. Oxşar hallarda tətbiq edilmiş eyni modeldə davranış MSHBP-ın 7-ci maddəsinin pozuntusu kimi artıq müəyyən edilmişdir (yuxarıda 108 və 109-cu bəndlərə bax).
206. Məhkəmə, ilk növbədə, ərizəçinin Skopye Hava Limanında MKA-nın xüsusi verilmə qrupunun əlində olarkən məruz qaldığı rəftarın cavabdeh dövlətə aid edilməsi məsələsinə baxmalıdır. Bununla əlaqədar Məhkəmə vurğulayır ki, şikayət edilən əməllər cavabdeh dövlətin vəzifəli şəxslərinin qarşısında və onun yurisdiksiyası daxilində törədilmişdir. Nəticə etibarilə, cavabdeh dövlət onun ərazisində onun dövlət orqanlarının susmaqla razılıq verməsi və ya dəstək verməsi ilə xarici dövlətin rəsmi nümayəndələri tərəfindən törədilmiş əməllərə görə məsuliyyət daşıyan kimi tanınmalıdır (bax: “İlaşki və digərləri Moldovaya və Rusiyaya qarşı” (Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, § 318, ECHR 2004‑VII)).
207. Ərizəçiyə qarşı görülmüş ayrı-ayrı tədbirlərə gəldikdə, Məhkəmə xatırladır ki, ərizəçinin davranışına görə tam zəruri olmayan fiziki gücün tətbiqi insan ləyaqətini alçaldır və, prinsip etibarilə, Konvensiyanın 3-cü maddəsində təsbit edilmiş hüququn pozuntusunu təşkil edir (bax: yuxarıda qeyd edilən “Ribitsch” işi, § 38). Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçinin MKA-nın nəzarətinə verilməsi ilə bağlı əməliyyat bütövlükdə hazırlıqlı olmuş, ərizəçi isə, aydındır ki, ondan böyük sayda olmuş əsir saxlayanlar üçün heç bir təhlükə yaratmamışdır. Cavabdeh Hökumət Skopye Hava Limanında tətbiq edilmiş gücün dərəcəsini izah etmək və ya əsaslandırmaq üçün hər hansı bir dəlil irəli sürməmişdir. Bununla da, hava limanında ərizəçiyə qarşı tətbiq edilmiş fiziki güc həddindən artıq və əsassız olmuşdur.
208. Bundan başqa, Məhkəmə artıq müəyyən etdiyini qeyd edir ki, polis tərəfindən məcburi soyundurma o qədər təcavüzkar və potensial olaraq alçaldıcı tədbir təşkil edə bilər ki, o, buna vadar edən səbəblər olmadan tətbiq edilməməlidir (bax “Vizer Avstriyaya qarşı” (Wieser v. Austria, no. 2293/03, § 40, 22 February 2007)). Xüsusilə aciz vəziyyətdə artıq olmuş ərizəçi barəsində tətbiq edilmiş bu tədbirin zəruri olmasını göstərmək üçün heç bir belə dəlil irəli sürülməmişdir.
209. Ərizəçi barəsində fiziki məhdudiyyət tədbirlərinin tətbiqi ilə bağlı da heç bir izahat verilməmişdir. Bu, əslində bədən xəsarətinin yerinə ən azı güclü fiziki və mənəvi əzab yetirdiyi artıq müəyyən edilmiş başın bağlanmasına aiddir (bax: yuxarıda qeyd edilən Ireland v. the United Kingdom, §§ 96 və 167).
210. Ərizəçi heç bir izahat olmadan yerdə saxlanılarkən tibbi şamın məcburi tətbiqi hər hansı tibbi mülahizələrə əsaslanmamışdır. Bundan başqa, ərizəçi bu qaydada məruz qaldığı prosedura ciddi fizki ağrıya və əzablara səbəb olmuşdur (bax: “Zontul Yunanıstana qarşı” (Zontul v. Greece, no. 12294/07, § 89, 17 January 2012) yuxarıda qeyd edilən Jalloh, §§ 69 and 72).
211. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən tədbirlər məlumat əldə etmək, ərizəçini cəzalandırmaq və ya alçaltmaq üçün ciddi ağrı və ya əzab vermək məqsədilə bir-biri ilə əlaqədə və qəsdən tətbiq edilmişdir (yuxarıda 124-cü bəndə bax). Məhkəmənin fikrincə, belə rəftar Konvensiyanın 3-cü maddəsinə zidd olan işgəncəni təşkil etmişdir. Cavabdeh dövlət ərizəçinin bu başlıq altında hüquqlarının pozulmasına görə bilavasitə məsuliyyətli sayılmalıdır, çünki onun nümayəndələri bu rəftara fəal surətdə yardım göstərmiş və işin hallarında onların qarşısını almaq üçün zəruri ola biləcək hər hansı bir tədbir görməmişlər (bax: yuxarıda qeyd edilən “Z və Digərləri Birləşmiş Krallığa qarşı”; “M.C. Bolqarıstana qarşı” (M.C. v. Bulgaria, no. 39272/98, § 149, ECHR 2003-XII) və “Yeqova şahidləri Qldani icmasının üzvləri (97) Gürcüstana qarşı” (Members (97) of the Gldani Congregation of Jehovah’s Witnesses v. Georgia, no. 71156/01, §§ 124 and 125, 3 May 2007)).ii) Ərizəçinin verilməsi
α) Ümumi prinsiplər
212. Məhkəmənin müəyyən edilmiş presedent hüququ ondan ibarətdir ki, iştirakçı dövlət tərəfindən qaçağın çıxarılması barədə qərar, a fortiori çıxarılmanın özü, əgər müvafiq şəxsin onun çıxarılacağı təqdirdə qəbul edən dövlətdə 3-cü maddəyə zidd olan rəftara məruz qalmaq real təhlükəsi ilə üzləşəcəyinə inanmaq üçün əsaslı səbəblər göstərilirsə, Konvensiyaya tərəfdar çıxmış dövlət tərəfindən şəxsin çıxarılmasına görə 3-cü maddəyə əsasən məsələ meydana gələ və bununla həmin dövlətin Konvensiyaya əsasən məsuliyyətinə səbəb ola bilər. Bu məsuliyyətin müəyyən edilməsi üçün sorğu edən ölkədə şərait Konvensiyanın 3-cü maddəsinin standartları baxımından qiymətləndirilməlidir. Buna baxmayaraq, qəbul edən ölkənin ümumi beynəlxalq hüquqa, yaxud Konvensiyaya əsasən və ya başqa cür məsuliyyətinin müəyyən edilməsi məsələsi ortaya çıxmır. Konvensiyaya əsasən yaranan və ya yarana biləcək hər hansı məsuliyyət – şəxsin qadağa edilən pis rəftara məruz qalmaq təhlükəsini yaratma kimi bilavasitə nəticəsi olan tədbir görən göndərən iştirakçı dövlətin məsuliyyətidir (bax: yuxarıda qeyd edilən “Soerinq” işi, § 91; yuxarıda qeyd edilən “Saadi İtaliyaya qarşı” işi, §§ 125 və 126; “Kruz Varas və digərləri İsveçə qarşı” (Cruz Varas and Others v. Sweden, 20 March 1991, §§ 69-70, Series A no. 201) və “Mamatkulov və Əsgərov Türkiyəyə qarşı” (Mamatkulov and Askarov v. Turkey [GC], nos. 46827/99 and 46951/99, § 67, ECHR 2005-I)).
213. 3-cü maddəyə zidd rəftar təhlükəsinin mövcud olmasına inanmaq üçün tutarlı əsasların olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ona təqdim edilmiş bütün materiallar, yaxud, zərurət olduqda, proprio motu əldə etdiyi material əsasında məsələyə baxacaqdır (bax: “Hilal Birləşmiş Krallığa qarşı” (Hilal v. the United Kingdom, no. 45276/99, § 60, ECHR 2001-II) və yuxarıda qeyd edilən “Saadi İtaliyaya qarşı” işi, § 128). Məhkəmə ərizəçinin qəbul edən ölkəyə göndərilməsinin qabaqcadan görünə bilən nəticələrinə oradakı ümumi vəziyyəti və onun şəxsi hallarını nəzərə alaraq qiymət verməlidir (bax: “Vilvaraca və digərləri Birləşmiş Krallığa qarşı” (Vilvarajah and Others v. the United Kingdom, 30 October 1991, § 108, Series A no. 215)).
214. Təhlükənin mövcud olması məsələsi, ilk növbədə, iştirakçı dövlətə çıxarılma zamanı məlum olan və ya məlum olmalı faktlara istinadən həll edilməlidir; eyni zamanda, Məhkəmə çıxarılmadan sonra ortaya çıxan məlumata da nəzər sala bilər. Bunun nəticəsində, iştirakçı dövlətin məsələyə münasibəti təsdiq edilə və ya inkar edilə bilər, yaxud ərizəçinin qorxularının əsaslığı müəyyən edilə bilər (bax: yuxarıda qeyd edilən “Kruz Varas və Digərləri” işi, § 76 və yuxarıda qeyd edilən “Vilvarajah və Digərləri” işi, § 107).
β) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
215. Tələb edilən sübut etmə standartı üçün artıq müəyyən edilmiş faktlar əsasında Məhkəmə ərizəçinin ABŞ dövlət orqanlarının nəzarətinə verilməsinə görə cavabdeh dövlətə hər hansı məsuliyyətin aid edilməsi məsələsinə baxmalıdır.
216. İlk növbədə Məhkəmə qeyd edir ki, ərizəçinin MKA agentlərinin nəzarətinə verilməsinin onun ekstradisiyası barədə qanuni müraciətə və ya məhbusun xarici dövlətə verilməsinə dair beynəlxalq hüquqda tanınmış hər hansı başqa qanuni prosedura əsasən həyata keçirilməsinin sübutu yoxdur (yuxarıda 102-ci bəndə bax). Bundan başqa, ərizəçinin ABŞ nümayəndələrinin nəzarətinə verilməsi barədə qərar qəbul edilməsi zamanı həbs barədə qərarın mövcud olması göstərilməmişdir (bunun əksinə, “Öcalan Türkiyəyə qarşı” (Öcalan v. Turkey [GC], no. 46221/99, § 92, ECHR 2005‑IV)).
217. İkincisi, sübutlarla ehtimal edilir ki, ərizəçinin Skopye Hava Limanından uçub getməsinin istiqaməti Makedoniyanın dövlət orqanlarına məlum olmuşdur. Mülki Aviasiya Administrasiyasının verdiyi sənədlərdə (yuxarıda 41-ci bəndə bax) təsdiq edilir ki, N313P nömrəli təyyarəyə 2004-cü il yanvarın 23-də Skopye Hava limanında enməsinə icazə verilmişdir. 2004-cü il yanvarın 23-də saat 22:30-da təyyarənin Kabilə getməsinə icazə verilmişdir. 2004-cü il yanvarın 24-də saat 02:25-də dövlət orqanları onun Bağdada uçmasına icazə vermişlər.
218. Üçüncüsü, Məhkəmə ABŞ dövlət orqanlarının tətbiq etdiyi və ya yol verdiyi və Konvensiya prinsiplərinə açıq-aşkar zidd olan təcrübə barədə məlumatlara və müvafiq beynəlxalq və xarici dövlətlərin məhkəmə praktikasına, habelə hazırkı işin xüsusi hallarını nəzərə alaraq, mətbuatda dərc edilmiş və yuxarıda göstərilmiş məqalələrə (yuxarıda 99,106-122, 126 və 127-ci bəndlərə bax) əhəmiyyət verir. Məhkəmə bu məlumatların bəzilərini artıq “narahat doğuran” kimi qiymətləndirmiş və beynəlxalq terrorçuluqla əlaqələrdə şübhəli bilinən, Quantanamo körfəzində və Baqramda (Əfqanıstan) həbsdə saxlanılan şəxslərə münasibətdə ABŞ dövlət orqanları tərəfindən tətbiq edilən dindirmə metodları ilə bağlı ciddi narahatlığını bildirmişdir (bax: “Əl-Moayad Almaniyaya qarşı” (Al-Moayad v. Germany (dec.), no. 35865/03, § 66, 20 January 2007)). Bu materiallar ərizəçinin ABŞ dövlət orqanlarının nəzarətinə verilməsindən qabaq açıq olmuşdur. Bu, onu sübut edir ki, ərizəçi “verilmə” proqramı çərçivəsində ABŞ-ın nəzarətinə verildiyi təqdirdə onun 3-cü maddəyə zidd olan rəftara məruz qalmaq real təhlükəsi ilə üzləşəcəyinə inanmaq üçün ciddi əsaslar olmuşdur. Nəticə etibarilə, Makedoniya dövlət orqanları ərizəçinin Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalmasının real təhlükəsinin olmasından o zaman xəbərdar olmuş və ya xəbərdar olmalı idilər. Cavabdeh dövlət bununla bağlı hər hansı şübhələri rədd edə bilməmişdir (bax: yuxarıda qeyd edilən “Saadi İtaliyaya qarşı” işi, § 129). Ərizəçinin verilməsindən sonra ortaya çıxmış materiallar bu təhlükənin mövcudluğunu sübut edir (yuxarıda 103, 108-110, 123, 124, 128 və 129-cu bəndlərə bax).
219. Dördüncüsü, cavabdeh dövlət ərizəçinin pis rəftara məruz qalmaq təhlükəsini aradan qaldırmaq məqsədilə ABŞ dövlət orqanlarından heç bir təminat istəməmişdir (bundan fərqli olan üçün bax: yuxarıda qeyd edilən “Mamatkulov və Askarov” işi, §§ 71-78; “Əl-Moayad” və “Babar Əhməd və digərləri Birləşmiş Krallığa qarşı” (Babar Ahmad and Others v. the United Kingdom (dec.), nos. 24027/07, 11949/08 və 36742/08, § 113, 6 July 2010)).
220. Bu şəraitdə Məhkəmə hesab edir ki, ərizəçini ABŞ dövlət orqanlarının nəzarətinə verməklə Makedoniya dövlət orqanları bilərəkdən onu pis rəftara məruz qalmaq və Konvensiyanın 3-cü maddəsinə zidd olan həbs şəraitində saxlanılmaq təhlükəsi altına qoymuşlar.
221. Ərizəçinin ABŞ dövlət orqanlarının nəzarətinə verilməsi qaydasını nəzərə alaraq Məhkəmə hesab edir ki, o, “fövqəladə verilməyə”, yəni “normal hüquqi sistemdən kənar həbsdə saxlama və dindirmə məqsədilə şəxslərin bir yurisdiksiyadan və ya dövlətdən işgəncənin, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın real təhlükəsi olmuş digərinə məhkəmədən kənar qaydada ötürülməsinə” məruz qalmışdır (bax: yuxarıda qeyd edilən “Babar Əhmad və Digərləri” işi, § 113).
222. Bununla da, cavabdeh dövlət bu baxımdan Konvensiyanın 3-cü maddəsini pozmuşdur.iii) Nəticə
223. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə nəticəyə gəlir ki, cavabdeh dövlət ərizəçinin mehmanxanada məruz qaldığı qeyri-insani və ləyaqəti alçaldan rəftara, Skopye Hava Limanında məruz qaldığı işgəncəyə, habelə ərizəçinin ABŞ dövlət orqanlarının nəzarətinə verilməsinə və bununla onun Konvensiyanın 3-cü maddəsinə zidd olan əlavə rəftara məruz qalmaq təhlükəsi altına qoyulmasına görə məsuliyyətə cəlb edilməlidir.IV. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
224. Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsasən şikayət etmişdir ki, o, həbs barədə qərar olmadan qanunsuz tutulmuş və təcrid edilmiş, habelə heç zaman hakim qarşısına gətirilməmişidir. O, iddia etmişdir ki, 2003-cü il dekabrın 31-dən Albaniyaya 2004-cü mayın 28-də qayıtmasına qədər bütün həbs müddətinə görə cavabdeh dövlət məsuliyyət daşıyır. Nəhayət, o, şikayət etmişdir ki, onun həqiqətə uyğun iddiaları ilə bağlı təxirəsalınmaz və səmərəli istintaqın Makedoniya dövlət orqanları tərəfindən həyata keçirilməməsi nəticəsində onun 5-ci maddəyə əsasən hüquqları pozulmuşdur. Konvensiyanın 5-ci maddəsində aşağıdakılar bildirilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Qanunla müəyyən edilmiş qaydada aşağıdakı hallar istisna edilməklə, heç kəs azadlıqdan məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni qaydada həbsdə saxlanılması;
b) məhkəmənin qanuni qərarına əməl etməməyə görə, yaxud qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icrasını təmin etmək məqsədi ilə şəxsin qanuni qaydada tutulması və ya həbsdə saxlanılması;
c) hüquq pozuntusu törətməkdə əsaslı şübhə ilə bağlı şəxsi səlahiyyətli məhkəmə orqanı yanına gətirmək məqsədilə, yaxud onun tərəfindən hüquq pozuntusu törətmənin və ya cinayət törətməkdən sonra qaçıb gizlənməsinin qarşısını almaq üçün zəruri olması məqsədəuyğun hesab edildiyi hallarda şəxsin qanuni qaydada tutulması və ya həbsdə saxlanılması;
d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti məqsədilə qanuni qərar əsasında həbsdə saxlanılması və ya onun səlahiyyətli orqan yanına gətirmək məqsədilə qanuni qaydada həbsdə saxlanılması;
e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqoliklərin, yaxud narkotik aludəçilərinin, yaxud sərsərilərin qanuni qaydada həbsə alınması;
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq üçün, yaxud deportasiya və ya ekstradisiya məqsədi ilə barəsində tədbirlər həyata keçirilən şəxsin qanuni qaydada tutulması və ya həbsdə saxlanılması.
2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə tutmanın səbəbləri və ona qarşı irəli sürülən hər hansı ittiham barədə dərhal məlumat verilir.
3. Bu maddənin 1-ci hissəsinin “c” bəndinin müddəalarına müvafiq olaraq tutulmuş və ya həbs edilmiş hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyətinə malik olan digər vəzifəli şəxsin yanına gətirilir və işinə ağlabatan müddətdə məhkəmədə baxılması və ya məhkəmə baxışına qədər azad edilmək hüququna malikdir. Azad etmə məhkəməyə gəlməyə dair təminatlar ilə şərtləndirilə bilər.
4. Tutulma və ya həbs etmə yolu ilə azadlıqdan məhrum edilmiş hər kəs onun həbs edilməsinin qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması və onun həbsi qanunsuz olduğu təqdirdə azad edilmək üçün müraciət etmək hüququna malikdir.
5. Bu maddənin müddəalarına zidd tutulma və ya həbs etmədən zərər çəkmiş hər kəs əvəzin ödənilməsi barədə məhkəməyə iddia ilə müraciət etmək hüququna malikdir.”A. Tərəflərin izahatları
225. Ərizəçi iddia etmişdir ki, cavabdeh dövlət onun öz nümayəndələri və ya onun ərazisində və yurisdiksiyası daxilində hərəkət etmiş xarici dövlətin nümayəndələri tərəfindən bu maddədə nəzərdə tutulmuş hüquqların pozulmasına görə məsuliyyət daşıyır. Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada ittiham irəli sürülmədən və məhkəmə nəzarəti olmadan onun həbsdə saxlanılması nəticəsində onun 5-ci maddəyə əsasən hüquqları pozulmuşdur. Onun sonradan Əfqanıstanda həbsdə saxlanılması zamanı uzun müddət ərzində yoxa çıxması 5-ci maddənin pozuntusunu təşkil edir və buna Makedoniya Hökuməti məsuliyyət daşıyır. Bundan əlavə, cavabdeh dövlət Makedoniya və ABŞ agentlərinin birgə keçirdiyi əməliyyat nəticəsində onun uzun müddət ərzində yoxa çıxması barədə həqiqətə uyğun iddialar ilə bağlı səmərəli istintaq aparmadığına görə Konvensiyanın 5-ci maddəsini pozmuşdur.
226. Hökumət ərizəçinin dəlillərini mübahisələndirmişdir.B. Üçüncü tərəf qismində çıxış etmiş şəxslər
227. “Interights” təşkilatı bildirmişdir ki, şəxsin oğurlanması, gizli surətdə və ailə üzvlərinə məlumat verilmədən verilməsi və həbsdə saxlanılması zorakılıqla yoxa çıxarmanı təşkil edir. Bu cür əməllər gizli həbsdə saxlama formalarını təşkil etmişdir ki, bu zaman şəxsə kənar aləm ilə hər hansı əlaqələrə icazə verilmir (“təcrid etmə saxlama”), habelə məhbusun saxlanıldığı yer və taleyi barədə məlumat dövlət orqanları tərəfindən açıqlanmır (“gizli həbsdə saxlama”). Non-refoulement öhdəliyi əksər əsas insan hüquqlarının ciddi pozulması real təhlükəsi olan hallarda, o cümlədən özbaşına həbs etmə və ədalətli məhkəmə baxışı hüququnun yolverilməz şəkildə rədd edilməsi hallarında tətbiq edilir.
228. “Amnesty International” təşkilatı və Beynəlxalq Hüquqşünaslar Komissiyası iddia etmişlər ki, “gizli həbsdə saxlama və verilmə sistemi” kontekstində tətbiq edilmiş azadlıqdan məhrum etmə, öz xarakterinə və qəddarlığına görə, Konvensiyanın 5-ci maddəsinin yolverilməz pozuntularını təşkil etmişdir. Belə şəraitdə, həmçinin 5-ci maddəsində nəzərdə tutulmuş non-refoulement prinsipinə əsasən iştirakçı dövlətlərdən tələb olunur ki, iştirakçı dövlətlər şəxslərin ölkədən çıxarılması nəticəsində onların azadlıq və şəxsi toxunulmazlıq hüququnun yolverilməz surətdə pozulması təhlükəsi altına qoyulması barədə xəbərdar olduqda onları öz yurisdiksiyadan çıxarmasınlar. Onlar həmçinin bildirmişlər ki, 2004-cü ilin yanvarına olan vəziyyətə görə, beynəlxalq terrorçuluqda iştirak etməkdə və ya onun barəsində məlumatlı olmaqda dövlət orqanlarının şübhələndiyi şəxslərin özbaşına, təcrid etmə ilə müşayiət edilən və gizli surətdə həbsdə saxlanılması, habelə məhbusların gizli verilməsi ilə ABŞ-ın məşğul olması barədə həddindən artıq həqiqətə uyğun məlumat açıq mənbələrdə mövcud olmuşdur. Non-refoulement prinsipinə əsasən, dövlətlər onların yurisdiksiyasından çıxarılması nəticəsində şəxsin məruz qaldığı “bütün və hər hansı nəticələrə” görə məsuliyyətdən azad olmurlar. “Amnesty International” təşkilatı və Beynəlxalq Hüquqşünaslar Komissiyası bildirmişlər ki, iştirakçı dövlətin yurisdiksiyası daxilində baş verən hərəkət və ya hərəkətsizlik qismən onun ərazisində, qismən isə başqa yerdə beş verən Konvensiya hüquqlarının davamlı surətdə pozuntusunu ehtiva edən verilmə ilə bilavasitə səbəbiyyət əlaqəsində olduqda, dövlətin Konvensiyaya əsasən həm müsbət, həm mənfi öhdəlikləri yaranır. Belə hallarda, verilmə əməliyyatına kömək edən hər hansı hərəkətdən çəkinmək və Konvensiya hüquqlarının davamlı surətdə pozuntusunun qarşının alınması, əvəzinin ödənilməsi və ya araşdırılması üçün öz yurisdiksiyası hüdudlarında mövcud olmuş preventiv, istintaq və bərpaedici tədbirləri görmək dövlətin vəzifəsidir.C. Məhkəmənin qiymətləndirməsi1. Qəbuledilənlik
229. Məhkəmə qeyd edir ki, bu maddəyə əsasən şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsi mənasında açıq-aşkar əsassız və hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə, onlar qəbuledilən elan edilməlidir.2. Mahiyyəta) Məhkəmənin presedent hüququnda müəyyən edilmiş ümumi prinsiplər
230. İlk növbədə Məhkəmə şəxslərin demokratiyada dövlət orqanları tərəfindən özbaşına həbs etmə hallarından azad olmaq hüququna dair Konvensiyanın 5-ci maddəsində ehtiva edilmiş təminatların xüsusi əhəmiyyətini vurğulayır. Bununla əlaqədar o, dəfələrlə qeyd etmişdir ki, azadlıqdan məhrum etmə milli qanunvericiliyin maddi və prosessual müddəalarına uyğun tətbiq edilməkdən əlavə, həmçinin Konvensiyanın 5-ci maddəsinin əsas məqsədinə, yəni şəxsin özbaşına həbsdən qorumaq məqsədinə uyğun olmalıdır (bax: yuxarıda qeyd edilən “Çahal” işi, § 118). Şəxsin hakimiyyətdən hər hansı sui-istifadədən qorunmasına bu cür təkid belə faktla nümayiş etdirilir ki, 5-ci maddənin 1-ci hissəsində şəxsin qanuni qaydada azadlıqdan məhrum edilməsi halları şərtləndirilərək vurğulanır ki, bu halların daha əsaslı olan şəxsi azadlıq təminatından istisna kimi nəzərdə tutularaq onlara dar şərh verilməlidir (bax: “Kvin Fransaya qarşı” (Quinn v. France, 22 March 1995, § 42, Series A no. 311)).
231. Həmçinin vurğulanmalıdır ki, Konvensiyanın müəllifləri özbaşınalıq təhlükəsini azaltmağa yönəlmiş əsas hüquqlar məcmusunu təmin etməklə, azadlıqdan məhrum etmə tədbirini müstəqil məhkəmə nəzarəti altında müəyyən etməklə, habelə bu tədbirə görə dövlət orqanlarının cavabdehliyini müəyyən etməklə şəxsin azadlıqdan özbaşına məhrum etməkdən müdafiəsini gücləndirmişlər. Bu kontekstdə 5-ci maddənin 3 və 4-cü hissələrində təxirəsalınmazlığın və məhkəmə nəzarətinin tələb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən təxirəsalınmaz müdaxilə Konvensiyanın 2 və 3-cü maddələrində nəzərdə tutulmuş əsas təminatları pozan həyat üçün təhlükəli tədbirlərin və ya ağır rəftarın qarşısının alınmasına gətirib çıxara bilər (bax: yuxarıda qeyd edilən “Aksoy” işi, § 76). Təminatlar olmadığı halda, Qanunun Aliliyi prinsipinin devrilməsinə, habelə məhbusların ən səthi formada hüquqi müdafiədən kənarlaşdırılmasına gətirib çıxara biləcək şəraitdə həm şəxslərin fiziki azadlığı, həm də onların şəxsi toxunulmazlığı təhlükə altındadır.
232. Terror əməlləri ilə bağlı istintaqın dövlət orqanları üçün, şübhəsiz ki, xüsusi problemlər törətdiyinə baxmayaraq, bu, demək deyil ki, dövlət orqanları 5-ci maddəyə əsasən “kart blanşa” malikdir, yəni terrorçuluqla bağlı hüquq pozuntusunun baş verməsi sayıldığı hər bir halda yerli məhkəmələrin və, son nəticədə, Konvensiya nəzarət təsisatlarının səmərəli nəzarətindən kənar şübhəli şəxsləri tuta və polis orqanlarının həbs yerlərində saxlaya bilərlər (bax: yuxarıda qeyd edilən “Dikme” işi, § 64).
233. Bununla əlaqədar olaraq Məhkəmə vurğulayır ki, şəxsin gizli surətdə həbsdə saxlanılması həmin təminatların tam rədd edilməsini və 5-ci maddənin ən ağır pozuntusunu təşkil edir. Şəxsə nəzarəti öz üzərinə götürməklə dövlət orqanlarının onun olduğu yer ilə bağlı cavab vermək vəzifəsi vardır. Bu səbəbdən, qəbul edilməlidir ki, 5-ci maddədə dövlət orqanlarından yoxa çıxarma təhlükəsinə qarşı səmərəli tədbirlər həyata keçirilməsi və şəxsin həbs edilməsi və sonradan görünməməsi barədə həqiqətə uyğun iddialar ilə bağlı təxirəsalınmaz səmərəli istintaq aparılması tələb edilir (bax: yuxarıda qeyd edilən “Kurt” işi, §§ 123-124).b) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
234. Tərəflər mübahisə etmirlər ki, 2003-cü il dekabrın 31-də cavabdeh dövlətin ərazisinə daxil olarkən ərizəçi avtobusdan çıxarılmış və Makedoniya polis orqanlarının əməkdaşları tərəfindən dindirilmişdir. Sonradan o, yoxa çıxmış və 2004-cü il mayın 29-da Almaniyaya qayıdanadək görünməmişdir. Məhkəmə tələb edilən sübut etmə standartı üçün artıq müəyyən etmişdir ki, 2003-cü il dekabrın 31-dən 2004-cü il yanvarın 23-dək ərizəçi Makedoniya təhlükəsizlik orqanları əməkdaşlarının daimi nəzarəti altında mehmanxanada saxlanılmış, sonra isə Skopye Hava Limanında ABŞ dövlət orqanlarına təhvil verilmişdir. Bu son tarixdə o, MKA-nın idarə etdiyi təyyarədə Kabilə (Əfqanıstan) aparılmış, orada isə Almaniyaya qayıdanadək həbsdə saxlanılmışdır.
235. Məhkəmə ərizəçinin Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada saxlanılmasının Konvensiyanın 5-ci maddəsinin tələblərinə uyğun olması, habelə ərizəçinin sonradan Kabildə həbsdə saxlanılmasının cavabdeh dövlətin məsuliyyətinə aid edilməsi məsələsinə baxmalıdır. Məhkəmə, həmçinin ərizəçinin qanunsuz və özbaşına həbs barədə iddiaları ilə bağlı səmərəli istintaqın aparılması məsələsinə baxacaqdır.i) Ərizəçinin Skopyedə saxlanılması
236. İlk növbədə Məhkəmə qeyd edir ki, ərizəçinin həbsdə saxlanılması üçün dövlətin qanunvericiliyi ilə tələb edildiyinə zidd olaraq məhkəmə qərarı olmamışdır (yuxarıda 89-cu bəndə bax). Onun mehmanxanada təcrid edilməsi barədə məhkəmə qərarı olmamışdır. Bundan başqa, cavabdeh dövlətdə ərizəçinin həbsdə saxlanılması barədə hər hansı qeydiyyat aparılmamış; yaxud, ən azı, bu barədə sənədlər Məhkəməyə təqdim edilməmişdir. Məhkəmə artıq müəyyən etmişdir ki, həbs etmənin tarixi, vaxtı və yeri, həbs edilmiş şəxsin adı və həbsin səbəbləri, habelə həbs etmiş şəxsin adı kimi məlumatların qeydiyyata alınmaması Konvensiyanın 5-ci maddəsinin əsas məqsədinə zidd kimi qəbul edilməlidir (bax: yuxarıda qeyd edilən “Kurt” işi, § 125). Cavabdeh dövlətdə saxlanılarkən ərizəçi, “Konsulluq münasibətləri haqqında” Vyana Konvensiyanın 36-cı maddəsinin 1-ci hissəsinin “b” bəndində tələb edildiyi kimi, müdafiəçi ilə görüşmək, yaxud ailə üzvləri və ya Almaniyanın cavabdeh dövlətdəki səfirliyinin nümayəndəsi ilə əlaqə saxlamaq imkanına malik olmamışdır (yuxarıda 36-cı bəndə bax). Bundan başqa, o, həbsin qanuniliyini yoxlamaq üçün məhkəməyə müraciət etmək imkanından məhrum edilmişdir (yuxarıda 84 və 90-cı bəndlərə bax). Onun gizli qaydada və tamamilə təcrid edilməklə həbsdə saxlanılması deməkdir ki, o, onu saxlayanların tam ixtiyarına verilmişdir (bax: yuxarıda qeyd edilən “Aksoy” işi, § 83). Nəhayət, Məhkəmə Qanunun Aliliyi prinsipini rəhbər tutan dövlətdə şəxsin hazırkı işdə mehmanxana olduğu kimi, hər hansı məhkəmə nəzarətindən kənar olan fövqəladə həbs yerində azadlıqdan məhrum oluna bilməsini tamamilə qəbuledilməz müəyyən edir. Məhkəmə hesab edir ki, onun bu cür qeyri-adi yerdə həbsdə saxlanılması azadlıqdan məhrum etmənin özbaşınalığını daha da sübut edir (bax, mutatis mutandis: “Bitiyeva və X Rusiyaya qarşı” (Bitiyeva and X v. Russia, nos. 57953/00 and 37392/03, § 118, 21 June 2007)).
237. Yuxarıdakı nəticəni və cavabdeh dövlət tərəfindən ərizəçinin 2003-cü il dekabrın 31-dən 2004-cü il yanvarın 23-dək həbsdə saxlanılmasına dair heç bir izahat, yaxud əsaslandırmaq üçün hər hansı sənədin təqdim edilmədiyini nəzərə alaraq Məhkəmə nəticəyə gəlir ki, bu müddət ərzində ərizəçi 5-ci maddədə təsbit edilmiş təminatlara tamamilə məhəl qoyulmadan gizli həbsdə saxlanılmış, bu isə Konvensiyanın 5-ci maddəsi ilə təmin edilən onun azadlıq və şəxsi toxunulmazlıq hüququnun xüsusilə ağır pozuntusunu təşkil edir (bax: “Qisayev Rusiyaya qarşı” (Gisayev v. Russia, no. 14811/04, §§ 152-153, 20 January 2011; “Qədirova və digərləri Rusiyaya qaşı” (Kadirova and Others v. Russia, no. 5432/07, §§ 127-130, 27 March 2012) və “Çitayev və Çitayev Rusiyaya qarşı” (Chitayev and Chitayev v. Russia, no. 59334/00, § 173, 18 January 2007)).
ii) Ərizəçinin sonrakı müddətdə həbsdə saxlanılması
238. Tələb edilən sübut etmə standartı üçün artıq müəyyən edilmiş faktları (yuxarıda 165 və 167-ci bəndlərə bax) nəzərə alaraq Məhkəmə qeyd edir ki, 2004-cü il yanvarın 23-də ərizəçi Makedoniya təhlükəsizlik orqanları tərəfindən Skopye Hava Limanında MKA agentlərinə təhvil verilmiş və “Marti araşdırmasında” “N313P nömrəli məlum verilmə təyyarəsi” kimi təsvir edilən MKA-nın idarə etdiyi təyyarədə Əfqanıstana aparılmışdır (“2006-cı il Marti araşdırmasının” 64-cü bəndinə bax). Orada o, 2004-cü il mayın 28-də Almaniyaya Albaniya vasitəsilə qayıdanadək qalmışdır.
239. Məhkəmə bir daha təsdiq edir ki, iştirakçı dövlət ərizəçini onun 5-ci maddənin yolverilməz surətdə pozuntusu real təhlükəsi ilə üzləşdiyi dövlətə çıxardıqda bu maddəni pozur (bax “Otman “Əbu Qatada Birləşmiş Krallığa qarşı” (Othman (Abu Qatada) v. the United Kingdom, no. 8139/09, § 233, 17 January 2012)). Hazırkı işdə Məhkəmə tələb edilən sübut etmə standartı üçün artıq müəyyən etmişdir ki, ərizəçi “fövqəladə verilməyə” məruz qalmışdır ki (yuxarıda 221-ci bəndə bax) ki, bu da “normal hüquqi sistemdən kənar” həbsdə saxlama olaraq “ədalət mühakiməsinin bilərəkdən pozulmasına görə Qanunun Aliliyi prinsipinə və Konvensiya ilə qorunan dəyərlərə lənətdir” (bax: yuxarıda qeyd edilən “Babar Əhmad və Digərləri” işi, §§ 113-114). Bundan başqa, ABŞ dövlət orqanları tərəfindən həyata keçirilən “verilmə” proqramı çərçivəsində terrorçuluqda şübhəli şəxslərin həbsdə saxlanılması digər oxşar işlərdə özbaşınalıq kimi müəyyən edilmişdir (yuxarıda 103, 106, 113, 119 və 123-cü bəndlərə bax). Belə şəraitdə Məhkəmə hesab edir ki, Makedoniya dövlət orqanları üçün aydın olmuşdur ki, ərizəçi ABŞ dövlət orqanlarının nəzarətinə verilməklə 5-ci maddəyə əsasən hüquqların yolverilməz surətdə pozuntusu təhlükəsi ilə üzləşir. Bununla əlaqədar olaraq Məhkəmə bir daha təsdiq edir ki, Konvensiyanın 5-ci maddəsində dövlətlərin yalnız müvafiq hüquqların pozulmasından çəkinmək deyil, həmçinin öz yurisdiksiyası daxilində hər kəsin bu hüquqları qanunsuz müdaxilədən qorumaq üçün zəruri tədbirləri həyata keçirmək öhdəliyi müəyyən edilir (bax: “Ştork Almaniyaya qarşı” (Storck v. Germany, no. 61603/00, §§ 100-101, ECHR 2005‑V) və “Medova Rusiyaya qarşı” (Medova v. Russia, no. 25385/04, § 123, 15 January 2009)). Makedoniyanın dövlət orqanları nəinki ərizəçinin Konvensiyanın 5-ci maddəsinə zidd qaydada həbsdə saxlanılmaqdan qorunmasına dair müsbət öhdəliyə riayət etməmiş, hətta onu MKA-ya təhvil verməklə Əfqanıstanda həbsdə saxlanılmasına fəal yardım göstərmişlər, baxmayaraq ki, bu təhvil vermənin təhlükəsindən xəbərdar olmuş və ya xəbərdar olmalı idilər. Buna görə, Məhkəmə hesab edir ki, cavabdeh dövlət həmçinin ərizəçinin 2004-cü il yanvarın 23-dən mayın 28-dək həbsdə saxlanılması ilə əlaqədar məsuliyyət daşıyır (bax, mutatis mutandis: “Rantsev Kiprə qarşı” (Rantsev v. Cyprus and Russia, no. 25965/04, § 207, ECHR 2010)).iii) Nəticə
240. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin oğurlanması və həbsdə saxlanılması beynəlxalq hüquqda müəyyən edilmiş “zorakılıqla yoxa çıxarmanı” təşkil etmişdir (yuxarıda 95 və 100-cü bəndlərə bax). Ərizəçinin “zorakılıqla yoxa çıxması”, müvəqqəti olsa da, onun həbsinin bütün müddəti ərzində mövcud olmuş qeyri-müəyyənlik və nəzarətsizlik vəziyyəti ilə səciyyələnmişdir (bax: yuxarıda qeyd edilən “Varnava və Digərləri” işi, § 148). Bununla əlaqədar Məhkəmə qeyd etməlidir ki, bir sıra hüquqazidd hərəkətlər və ya hərəkətsizlik əməlləri olduqda, pozuntu birinci əməl törədildiyi zaman başlayaraq hərəkət və ya hərəkətsizliyin müvafiq beynəlxalq öhdəliyə zidd olduğu müddətdə davam edir (bax: yuxarıda qeyd edilən “Ilaşku və Digərləri” işi, § 321, habelə yuxarıda 97-ci bənd).
241. Bütün bunları nəzərə alaraq Məhkəmə nəticəyə gəlir ki, cavabdeh dövlət ərizəçinin həbsdəki bütün müddət ərzində onun Konvensiyanın 5-ci maddəsinə əsasən hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilməlidir.iv) 5-ci maddənin prosessual tərəfi: səmərəli istintaqın olmaması
242. Məhkəmə artıq müəyyən etmişdir ki, cavabdeh dövlət ərizəçinin pis rəftar barədə iddiaları ilə bağlı səmərəli istintaq aparmamışdır (yuxarıda 186-194-cü bəndlərə bax). Eyni əsaslara görə, Məhkəmə müəyyən edir ki, ərizəçinin onun özbaşına həbs edilməsi barədə həqiqətə uyğun iddiaları ilə bağlı məntiqli istintaq aparılmamışdır (bax: yuxarıda qeyd edilən “Kurt” işi, § 128).
243. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, cavabdeh dövlət Konvensiyanın 5-ci maddəsini prosessual tərəfdən də pozmuşdur.V. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
244. Ərizəçi həmçinin şikayət etmişdir ki, onun gizli və məhkəmədən kənar surətdə oğurlanması və özbaşına həbsdə saxlanılması nəticəsində aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 8-ci maddəsi pozulmuşdur:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə milli təhlükəsizlik, ictimai asayiş, yaxud ölkənin iqtisadi rifah maraqları üçün, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün zəruri olan hallar istisna edilməklə, bu hüququn həyata keçirilməsinə dövlət orqanları tərəfindən müdaxiləyə yol verilmir”.A. Tərəflərin izahatları
245. Ərizəçi bildirmişdir ki, onun keçdiyi sınaq tam özbaşınalıq olaraq onun bu maddəyə əsasən şəxsi və ailə həyatına hörmət hüququnun ağır pozuntusunu təşkil etmişdir. Dörd aydan çox müddətdə o, birnəfərlik kamerada saxlanılmış, yalnız mühafizəçiləri və müstəntiqləri görmüş, onun olduğu yer barədə məlumatı olmayan ailə üzvlərindən ayrılmışdır. Bu vəziyyət onun fiziki və psixoloji toxunulmazlığına ciddi təsir göstərmişdir.
246. Hökumət ərizəçinin dəlillərini mübahisələndirmişdir.B. Məhkəmənin qiymətləndirməsi1. Qəbuledilənlik
247. Məhkəmə qeyd edir ki, bu maddəyə əsasən şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsi mənasında açıq-aşkar əsassız deyil. Məhkəmə həmçinin qeyd edir ki, o, hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə, bu şikayət qəbuledilən elan edilməlidir.2. Mahiyyət
248. Məhkəmənin presedent hüququna əsasən, “şəxsi həyat” anlayışı geniş olaraq məhdudlaşdırıcı qaydada müəyyən edilə bilməz; işin hallarında asılı olaraq şəxsin mənəvi və fiziki toxunulmazlığı bu anlayışla əhatə edilə bilər. Məhkəmə həmçinin etiraf edir ki, anlayışın bu tərəfləri azadlıqdan məhrum etmə hallarına şamil olunur (bax: “Raninen Finlandiyaya qarşı” (Raninen v. Finland, 16 December 1997, § 63, Reports 1997‑VIII)). 8-ci maddə ilə həmçinin şəxsi inkişaf hüququ, digər insanlarla və xarici dünya ilə münasibətlər qurmaq və inkişaf etdirmək hüququ qorunur. Şəxs ləyaqətin itirilməsinə gətirib çıxaran rəftara məruz qalmamalıdır, çünki “insan ləyaqətinə və insan azadlığına hörmət Konvensiyanın mahiyyətini təşkil edir” (bax: “Pretti Birləşmiş Krallığa qarşı” (Pretty v. the United Kingdom, no. 2346/02, §§ 61 and 65, ECHR 2002‑III)). Bundan başqa, ailə üzvlərinin bir-birinin kompaniyasından qarşılıqlı surətdə zövq almaq ailə həyatının əsas elementini təşkil edir (bax, mutatis mutandis: “Olsson İsveçə qarşı” (Olsson v. Sweden (no. 1), 24 March 1988, § 59, Series A no. 130)). Məhkəmə bir daha təsdiq edir ki, 8-ci maddənin əsas məqsədi – şəxsi dövlət orqanlarının özbaşına müdaxiləsindən qorumaqdır (bax: “Kroon və digərləri Niderlanda qarşı” (Kroon and Others v. the Netherlands, 27 October 1994, § 31, Series A no. 297‑C)).
249. Cavabdeh dövlətin Konvensiyanın 3 və 5-ci maddələrinə əsasən məsuliyyətinə dair gəldiyi nəticələri nəzərə alaraq Məhkəmə hesab edir ki, dövlət tərəfindən hərəkətlər və hərəkətsizlik nəticəsində eyni zamanda Konvensiyanın 8-ci maddəsinə əsasən məsuliyyət yaranır. İşdə olan sübutları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə “qanunla nəzərdə tutulmamışdır”.
250. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, hazırkı işdə Konvensiyanın 8-ci maddəsinin pozulması baş vermişdir.VI. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
251. Ərizəçi həmçinin şikayət etmişdir ki, Konvensiyanın 3, 5 və 8-ci maddələrində nəzərdə tutulmuş hüquqlar ilə əlaqədar Konvensiyanın 13-cü maddəsinə əsasən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmamışdır. O, aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 13-cü maddəsinə müraciət etmişdir:
“Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.A. Tərəflərin izahatları
252. Ərizəçi bildirmişdir ki, onun həbsdə saxlanılmasının və məruz qaldığı rəftarın faktlarını müəyyən etməyə qadir olan səmərəli istintaq həyata keçirilməmişdir ki, bu öhdəlik Konvensiyanın 3-cü maddəsinin araşdırma elementindən irəli gəlir. Bundan başqa, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada onun saxlanılması və MKA-ya verilməsi barədə şikayət vermək üçün dövlətdaxili hüquqi müdafiə vasitəsi mövcud olmamışdır ki, bu öhdəlik Konvensiyanın 5-ci maddəsinə əsasən onun hüquqlarından irəli gəlir. Eyni qayda Konvensiyanın 8-ci maddəsinə əsasən onun hüquqlarına şamil olunur.
253. Hökumət etiraf etmişdir ki, cənab H.K.-nın bəyanatından qabaq ərizəçi Konvensiyanın 3 və 5-ci maddələrinə əsasən şikayətləri ilə əlaqədar 13-cü maddədə tələb edildiyi kimi, səmərəli dövlətdaxili hüquqi müdafiə vasitəsinə malik olmamışdır. Hökumət həmçinin qəbul etmişdir ki, cinayət işi üzrə istintaq çərçivəsində hər hansı nəticə əldə edilmədiyi halda, əvəzin mülki qaydada ödənilməsi Konvensiyanın 8-ci maddəsinə əsasən ərizəçinin şikayəti ilə bağlı səmərəli sayıla bilməz.B. Məhkəmənin qiymətləndirməsi1. Qəbuledilənlik
254. Məhkəmə qeyd edir ki, bu maddəyə əsasən şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsi mənasında açıq-aşkar əsassız deyil. Məhkəmə həmçinin qeyd edir ki, o, hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə, bu şikayət qəbuledilən elan edilməlidir.
2. Mahiyyəta) Məhkəmənin presedent hüququnda müəyyən edilmiş ümumi prinsiplər
255. Məhkəmə qeyd edir ki, Konvensiyanın 13-cü maddəsi Konvensiya hüquq və azadlıqlarının mahiyyətinin onların dövlətdaxili hüquq qaydasında təmin edilməsi formasından asılı olmayaraq yerinə yetirilməsi üçün hüquqi müdafiə vasitələrin milli səviyyədə mümkünlüyünü təmin edir. Bununla da, Konvensiyanın 13-cü maddəsində Konvensiyaya əsasən şikayətin mahiyyətinə baxmaq və pozulmuş hüququ bərpa etmək üçün dövlətdaxili hüquqi müdafiə vasitəsinin nəzərdə tutulması tələb olunur, baxmayaraq ki, Konvensiyaya tərəfdar çıxmış dövlətlərin bu müddəaya əsasən öz Konvensiya öhdəliklərinə riayət etməsi qaydası ilə bağlı müəyyən sərbəstliyi vardır. Konvensiyanın 13-cü maddəsinə əsasən öhdəliyin əhatə dairəsi də ərizəçinin Konvensiyaya əsasən şikayətinin xarakterindən asılıdır. Buna baxmayaraq, Konvensiyanın 13-cü maddəsi ilə tələb edilən hüquqi müdafiə vasitəsi təcrübədə və qanunda “səmərəli” olmalı, o mənada ki, onun həyata keçirilməsi cavabdeh dövlətin orqanlarının əməlləri və ya hərəkətsizliyi vasitəsilə əsassız olaraq pozula bilməsin. Şəxs dövlət orqanlarının nümayəndələri tərəfindən pis rəftara məruz qalması barədə sübut edilə bilən şikayət təqdim etdikdə, 13-cü maddə ilə tələb olunur ki, müvafiq kompensasiya ödənilməkdən əlavə, məsuliyyət daşıyanların müəyyən edilməsinə və cəzalandırılmasına gətirib çıxara bilən səmərəli araşdırma aparılsın, habelə şikayətçi istintaq prosesi ilə səmərəli qaydada tanış edilsin (bax: yuxarıda qeyd edilən “Anquelova” işi, §§ 161-162; “Assenov və Digərləri” işi, §§ 114 et seq.; “Süheyla Aydın Türkiyəyə qarşı” (Süheyla Aydın v. Turkey, no. 25660/94, § 208, 24 May 2005); və yuxarıda qeyd edilən “Aksoy” işi, §§ 95 və 98).
256. Məhkəmə həmçinin xatırladır ki, 13-cü maddənin tələbləri iştirakçı dövlətin onun nəzarətində olmuş və, müvafiq olaraq, rifahına cavabdeh olduğu şəxsin yoxa çıxması ilə əlaqədar səmərəli istintaq həyata keçirmək öhdəliyindən daha genişdir (bax, mutatis mutandis: yuxarıda qeyd edilən “Orhan” işi, § 384; “Xaşıyev və Akayeva Rusiyaya qarşı” (Khashiyev and Akayeva v. Russia, nos. 57942/00 and 57945/00, § 183, 24 February 2005) və yuxarıda qeyd edilən “Kurt” işi, § 140).
257. Pis rəftar təhlükəsinin gerçəkləşdiyi halda yetirilə biləcək zərərin bərpa edilməz xarakteri və Məhkəmənin 3-cü maddəyə verdiyi əhəmiyyət nəzərə alınaraq 13-cü maddəyə əsasən səmərəli hüquqi müdafiə vasitəsi anlayışı ilə 3-cü maddəyə zidd rəftarın real təhlükəsində qorxmaq üçün əsasların olması barədə şikayətin müstəqil və ciddi surətdə yoxlanılması tələb edilir (bax: “Jabari Türkiyəyə qarşı” (Jabari v. Turkey, no. 40035/98, § 50, ECHR 2000‑VIII)). Bu yoxlama şəxsin ölkədən çıxarılmaya səbəb olan hərəkətlərə, yaxud çıxaran dövlətin milli təhlükəsizliyinə yaratdığı təhdidə nəzər yetirmədən aparılmalıdır (bax: yuxarıda qeyd edilən “Çahal” işi, § 151).b) Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
258. Məhkəmə müəyyən etdi ki, ərizəçi mahiyyətcə Konvensiyanın 3, 5 və 8-ci maddələrinə əsasən şikayətlərini prokurorun diqqətinə təqdim etmişdir. Həmin şikayətlə heç zaman hər hansı ciddi araşdırmanın predmetini təşkil etməmiş, əksinə, onun şikayət etdiyi hər hansı əməllərə məruz qalmadığı barədə tələm-tələsik əldə edilmiş nəticələrə görə rədd edilmişdir. Məhkəmə artıq müəyyən etmişdir ki, cavabdeh dövlət Konvensiyanın 3, 5 və 8-ci maddələrinə əsasən ərizəçinin hüquqlarının pozulmasına görə məsuliyyət daşıyır. Buna görə də, həmin maddələrə əsasən onun şikayətləri 13-cü maddənin məqsədləri üçün “sübut edilə biləndir” (bax: “Boyl və Rays Birləşmiş Krallığa qarşı” (Boyle and Rice v. the United Kingdom, 27 April 1988, § 52, Series A no. 131)).
259. Bununla belə, 13-cü maddənin məqsədləri üçün məsuliyyət daşıyanların müəyyən edilməsinə və cəzalandırılmasına gətirib çıxara bilən səmərəli araşdırmaya və vurulmuş zərərin əvəzinin ödənilməsinə dair səmərəli və praktiki hüquqi müdafiə vasitələri ərizəçi üçün mümkün olmalı idi. Yuxarıda müəyyən edilmiş əsaslara görə (yuxarıda 186-194 və 242-ci bəndlərə bax), Konvensiyanın 3, 5 və 8-ci maddələrinə əsasən ərizəçinin şikayətləri ilə əlaqədar 13-cü maddəyə uyğun cinayət işi üzrə səmərəli istintaq həyata keçirilməmişdir. Prokurorun rəhbər tutduğu səthi yanaşma ərizəçinin pis rəftar və qanunsuz azadlıqdan məhrum etmə barədə iddiaları araşdırmaq vəzifəsinə uyğun olan sayıla bilməz. Hökumət həmçinin müvafiq vaxtda səmərəli hüquqi müdafiə vasitəsinin mövcud olmadığını təsdiq etmişdir (yuxarıda 253-cü bəndə bax).
260. Bundan başqa, ərizəçinin MKA-ya verilməsi barədə qərarın məhkəmə orqanı, yaxud hüquqi müdafiə vasitəsinin səmərəli olmasına kifayət qədər təminatlar verən başqa orqan tərəfindən pis rəftar və ya ərizəçinin azadlıq və şəxs toxunulmazlıq hüququnun yolverilməz surətdə pozulması təhlükəsi baxımından yoxlanılması barədə heç bir sübut təqdim edilməmişdir (bax: yuxarıda qeyd edilən “Çahal” işi, § 152).
261. Hökumət öz ifadələrində qeyd etdiyi kimi, cinayət işi üzrə istintaqın səmərəsizliyi hər hansı başqa hüquqi müdafiə vasitəsinin, o cümlədən zərərin əvəzinin ödənilməsinə dair iddianın səmərəliyinə xələl gətirmişdir. Məhkəmə oxşar işlərdə artıq müəyyən etmişdir ki, zərərin əvəzinin ödənilməsinə dair iddia nəzəriyyə və xəyali xarakter daşıyaraq ərizəçinin vəziyyətini bərpa etməyə qadir deyil (bax, mutatis mutandis: yuxarıda qeyd edilən “Kobzaru” işi, § 83; “Estamirov və digərləri Rusiyaya qarşı” (Estamirov and Others v. Russia, no. 60272/00, §§ 77 and 120, 12 October 2006) və “Musayev və digərləri Rusiyaya qarşı” (Musayev and Others v. Russia, nos. 57941/00, 58699/00 and 60403/00, § 175, 26 July 2007)).
262. Nəticə etibarilə Məhkəmə müəyyən edir ki, Konvensiyanın 3, 5 və 8-ci maddələri ilə birlikdə götürüldükdə 13-cü maddəyə əsasən ərizəçinin səmərəli hüquqi müdafiə vasitəsinə malik olmaq hüququ təmin edilməmişdir.
VII. KONVENSİYANIN İDDİA EDİLƏN DİGƏR POZUNTULARI
263. Nəhayət, Konvensiya hüquqlarının iddia edilən pozuntularına səbəb olmuş hallar barədə həqiqəti bilmək hüququna malik olduğunu iddia edərək ərizəçi Konvensiyanın 10-cu maddəsinə müraciət etmişdir. 10-cu maddədə aşağıdakılar nəzərdə tutulur:
“1. Hər kəs ifadə azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq, dövlət orqanları tərəfindən hər hansı müdaxilə olmadan və sərhədlərdən asılı olmayaraq məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio, televiziya və ya kinematoqrafiya müəssisələrinin lisenziyalaşdırılmasını tələb etməsinin qarşısını almır.
2. Bu azadlıqların həyata keçirilməsi vəzifələr və öhdəliklər ilə müşayiət edildiyindən, qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları üçün, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün, digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısını almaq üçün, yaxud məhkəmə sisteminin nüfuzunu və qərəzsizliyini qorumaq üçün zəruri olan rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
264. Məhkəmə hesab edir ki, bu maddəyə əsasən qaldırılan məsələ 3-cü maddəyə əsasən ərizəçinin şikayətlərinin mahiyyəti ilə üst-üstə düşür və həmin şikayətlərlə əlaqədar olaraq artıq baxılmışdır (yuxarıda 192-ci bəndə bax). Hazırkı işdə, şikayət edilən faktlara aidiyyəti olmayan 10-cu maddəyə əsasən təhlil edilməli hər hansı müəyyən məsələ qaldırılmır. Buna görə, ərizəçinin bu maddədə təsbit edilmiş hüquq və azadlıqlarının pozuntusu görünmür.
265. Nəticə etibarilə, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsinin “a” bəndinə və 4-cü hissəsinə müvafiq olaraq rədd edilməlidir.VIII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
266. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.A. Ziyan
267. Ərizəçi ona qarşı pis rəftar, gizli həbsdə saxlama, öz taleyinə görə qeyri-müəyyənlik, cavabdeh dövlət tərəfindən həqiqəti etiraf etməkdən boyun qaçırma, habelə nüfuzu bərpa etmək mümkün olmaması ilə əlaqədar əzablara, narahatlığa və əsəb pozulması nəticəsində dəymiş mənəvi zərərə görə 300000 avronun ödənilməsini xahiş etmişdir. O, iddia etmişdir ki, onun barəsində aparılmış “diffamasiya kampaniyası” işə qəbul edilmək perspektivlərinə mənfi təsir göstərmişdir. Bu iddianı müdafiə edərək o, İsveç, Kanada və Birləşmiş Krallıq hökumətləri 450 mindən 10 milyona qədər ABŞ dolları məbləğində kompensasiya ödəməyə sərəncam və ya razılıq verdiyi oxşar işləri göstərmişdir (yuxarıda 110 və 129-cu bəndlərə bax). O, həmçinin Məhkəmədən xahiş etmişdir ki, cavabdeh dövlət tərəfindən iş ilə əlaqədar səmərəli və hərtərəfli istintaq aparılması barədə əmr versin. Ərizəçi maddi zərərlə əlaqədar heç bir tələb irəli sürməmişdir.
268. Hökumət ərizəçinin bu başlıq altında iddialarını mübahisə etmişdir. Hökumət bir daha onun “fövqəladə verilməyə” məruz qalmadığını bildirərək iddialarını əsassız kimi rədd etmişdir. Nəhayət, Hökumət bildirmişdir ki, hər bir zərər fərdi qaydada qiymətləndirilməli və digər işlərlə müqayisə yolu ilə hesablanmamalıdır.
269. Məhkəmə bir daha bildirir ki, 41-ci maddəyə əsasən zərərçəkmiş şəxsə Məhkəmənin zəruri hesab etdiyi ödəmə təyin edilir. Bununla əlaqədar olaraq o, qeyd edir ki, cavabdeh dövlət tərəfindən Konvensiyanın bir sıra müddəalarının ağır pozuntusu müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, ərizəçi barəsindən işgəncə və pis rəftar tətbiq edilmiş, habelə cavabdeh dövlət, onun Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalacağına inanmaq üçün ciddi əsasların olmasına baxmayaraq, onun bilərəkdən MKA-ya təhvil verilməsinə görə məsuliyyət daşıyır. Həmçinin müəyyən edilmişdir ki, ərizəçi Konvensiyanın 5-ci maddəsinə zidd qaydada həbsdə saxlanılmışdır. Həmçinin, cavabdeh dövlət Konvensiyanın 3 və 5-ci maddələri ilə tələb edilən səmərəli istintaqı həyata keçirməmişdir. Bundan əlavə, Məhkəmə ərizəçinin 8-ci maddəyə əsasən hüquqlarının pozulduğunu müəyyən etdi. Nəhayət, məhkəmə qərara gəldi ki, cavabdeh dövlət Konvensiyanın 3, 5 və 8-ci maddələrinə əsasən ərizəçinin şikayətləri ilə əlaqədar 13-cü maddəyə uyğun səmərəli hüquqi müdafiə vasitəsini təmin etməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş pozuntular nəzərə alınaraq ərizəçiyə, şübhəsiz ki, əvəzi sadəcə pozuntunu müəyyən edilməklə ödənilə bilməyəcək mənəvi zərər vurulmuşdur.
270. Nəticə etibarilə, ərizəçinin zərər çəkdiyi Konvensiya pozuntularının xüsusilə ağır olduğunu nəzərə alaraq və Konvensiyanın 41-ci maddəsi ilə tələb edildiyi kimi, ədalətli əsaslarla qərara gələrək Məhkəmə ona hər hansı vergi məbləği üstünə gəlməklə, 60 min avro məbləğində kompensasiyanı təyin edir (bax: yuxarıda qeyd edilən “Ilaşku və Digərləri” işi, § 489).B. Məhkəmə xərcləri
271. Ərizəçi yerli məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi məhkəmə xərclərinin ödənilməsini xahiş etməmişdir.
272. Buna görə, Məhkəmə hesab edir ki, bu başlıq altında hər hansı məbləğdə kompensasiyanın təyin edilməsi barədə müraciət yoxdur.C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
273. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Altı ay qaydasına əməl etməmə barədə Hökumətin etirazını rədd edir;
2. Konvensiyanın 3, 5, 8 və 13-cü maddələrinə əsasən şikayətləri qəbuledilən, ərizənin qalan hissəsində isə qəbuledilməz elan edir;
3. Cavabdeh dövlət tərəfindən ərizəçinin pis rəftar barədə iddiaları ilə bağlı səmərəli araşdırma aparmama ilə əlaqədar olaraq Konvensiyanın 3-cü maddəsinin prosessual tərəfdən pozulduğunu qət edir;
4. Ərizəçinin Skopyedəki mehmanxanada saxlanılması zamanı qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması ilə əlaqədar olaraq Konvensiyanın 3-cü maddəsinin cavabdeh dövlət tərəfindən pozulduğunu qət edir;
5. Ərizəçinin Skopye Hava Limanında məruz qaldığı pis rəftara görə cavabdeh dövlətin məsuliyyət daşıdığını və bu rəftarın Konvensiyanın 3-cü maddəsinin mənasında işgəncə olduğunu qət edir;
6. Ərizəçinin Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalacağı ilə bağlı real təhlükənin mövcud olmasına baxmayaraq onun Amerika Birləşmiş Ştatlarına verilməsinə görə cavabdeh dövlətin məsuliyyət daşıdığını qət edir;
7. Ərizəçinin mehmanxanada 24 gün ərzində həbsdə saxlanılmasının Konvensiyanın 5-ci maddəsinə zidd olaraq qanunsuz olduğunu qət edir;
8. Ərizəçinin sonradan Əfqanıstanda həbsdə saxlanılmasına görə cavabdeh dövlətin Konvensiyanın 5-ci maddəsinə əsasən məsuliyyət daşıdığını qət edir;
9. Cavabdeh dövlət tərəfindən ərizəçinin qanunsuz həbs barədə iddiaları ilə bağlı Konvensiyanın 5-ci maddəsi ilə tələb edildiyi kimi, səmərəli araşdırma aparılmadığını qət edir;
10. Konvensiyanın 8-ci maddəsinin pozulduğunu qət edir;
11. Ərizəçinin Konvensiyanın 3, 5 və 8-ci maddələrinə əsasən şikayətləri ilə əlaqədar səmərəli hüquqi müdafiə vasitələrinin mövcud olmaması ilə əlaqədar Konvensiyanın 13-cü maddəsinin pozulduğunu qət edir;
12. Qət edir ki,
a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə mənəvi ziyan ilə əlaqədar hər hansı vergi tutmaları üstünə gəlməklə 60000 (altmış min) avro ödəməlidir;
b) yuxarıda qeyd edilən üç ay müddətindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
13. Ədalətli təzminat barədə ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2012-ci il dekabrın 13-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Maykl O’BoylNikolas Bratza
Məhkəmə katibinin müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı xüsusi rəylər bu qərara əlavə edilir[1]:
a) hakimlər Tulkens, Şpilman, Sisilianos və Kellerin birgə xüsusi rəyi;
b) hakimlər Kasadeval və Lopes Qeranın birgə xüsusi rəyi.
N.B.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy