© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Enea İtaliyaya qarşı (Enea v. Italy [GC]), ərizə № 74912//01
17.09.2009-cu il tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət hüququ
Ədalətli məhkəmə araşdırması hüququ
Həbsxananın güclü nəzarət blokunda saxlanılan məhbusun mülki xarakterli hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ: pozuntu baş verib
Faktlar – Ərizəçi bir sıra cinayətlərə, o cümlədən mafiya tipli cinayətkar təşkilatda iştiraka görə 30 il müddətinə azadlıqdan məhrum edilmişdi. 1994-cü ilin avqustunda ədliyyə naziri ərizəçinin təhlükəli şəxs olduğunu nəzərə alaraq, ictimai qaydanın və təhlükəsizliyin qorunması mülahizələri əsasında onun bir il müddətinə Həbsxanaların idarə olunması haqında Qanunun 41 bis maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş ciddi həbsxana rejiminə keçirilməsi barədə əmr verdi. Bu əmrlə ərizəçinin görüşlərinə, fəaliyyətlərinə müxtəlif məhdudiyyətlər tətbiq edildi və yazışmaları nəzarətə götürüldü. Ciddi rejimin tətbiqi 2005-ci ilin sonunadək 19 əmrlə uzadıldı, bu əmrlərin hər biri məhdud müddətə qüvvədə idi. Ərizəçi cəzaların icrası məsələlərinə baxmaq səlahiyyəti olan məhkəməyə bir neçə şikayət verdi və ona tətbiq edilmiş bəzi məhdudiyyətlər götürüldü. Şikayətlərdən biri qəbul olunmayan elan edildi və belə əsas gətirildi ki, müvafiq əmrin müddəti bitib və ərizəçi daha həmin şikayətə baxılmasında maraqlı deyil. Sonda məhkəmə ciddi rejimə xitam verilməsi barədə qərar çıxardı və 2005-ci ilin martında ərizəçi gücləndirilmiş nəzarət blokuna yerləşdirildi, burada xüsusi təhlükəli cinayətkarlar digər məhbuslardan ayrı saxlanılırdılar. Ərizəçinin gücləndirilmiş nəzarət blokuna yerləşdirilməsi barədə qərardan şikayət verilə bilməzdi.
Ərizəçinin səhhəti ilə bağlı bir sıra problemləri vardı və o, əlil arabasından istifadə edirdi. 2000-ci ilin iyunundan 2005-ci ilin fevralınadək o, cəzasını həbsxananın xüsusi rejimli məhbuslar üçün ayrılmış xəstəxana bölməsində çəkdi. 2008-ci ilin oktyabrında cəzaların icrası məsələlərinə baxmaq səlahiyyəti olan məhkəmə tibbi səbəblərə görə ərizəçinin cəzasını həbsxanada çəkməsinə son qoyulması barədə qərar çıxardı. Həmin vaxtdan o, ev dustaqlığındadır.
Hüquqi məsələlər – Maddə 3: Ciddi həbsxana rejiminə müvafiq olaraq tətbiq edilən məhdudiyyətlər cəmiyyət üçün təhlükə yaradan ərizəçinin mənsub olduğu cinayətkar təşkilatla əlaqə saxlamasına mane olmaq üçün zəruri idi. Lakin cəzaların icrası məsələlərinə baxmaq səlahiyyəti olan məhkəmələr bir sıra belə məhdudiyyətləri ləğv etmiş və ya yüngülləşdirmişdilər. Bundan başqa dövlət hakimiyyəti orqanları ərizəçinin səhhətini ciddi nəzarətdə saxlamaqla, ona lazımi tibbi yardımı təmin etməklə və zərurət olduqda onu xəstəxanaya yerləşdirməklə onun fiziki sağlamlığını qorumaq vəzifələrini yerinə yetirmişdilər. Müvafiq olaraq, onun məruz qaldığı rəftar həbsxanada saxlanılmaqdan irəli gələn qaçılmaz məhrumiyyətin məqbul həddini keçməmişdi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on yeddi səslə).
6-cı maddənin 1-ci bəndi: a) Ciddi həbsxana rejimi qüvvədə olduğu dövrdə məhkəməyə müraciət hüququna tətbiq edilən məhdudiyyətlər – Ciddi həbsxana rejiminə keçirilən məhkumlar nazirin əmrini aldıqdan sonra 10 gün müddətində cəzaların icrası məsələlərinə baxmaq səlahiyyəti olan məhkəməyə həmin əmrdən şikayət edə bilərlər, şikayətin verilməsi əmrin qüvvəsini dayandırmır. Öz növbəsində məhkəmə də 10 gün müddətində qərar çıxarmalıdır, bu müddətin 10 gün təşkil etməsi onunla əlaqədardır ki, ciddi rejim məhbusların hüquqlarına ciddi təsir göstərir və barəsində şikayət verilən əmr yalnız məhdud müddətə qüvvədə olur. Ərizəçinin şikayətlərindən birinin verilməsindən dörd aydan da artıq vaxt keçdikdən sonra məhkəmə həmin şikayəti rədd edib və belə əsas gətirib ki, barəsində şikayət verilən əmr artıq qüvvəsini itirib. Beləliklə, şikayətin mahiyyəti üzrə qərar çıxarılmadığına görə müvafiq əmrə məhkəmə tərəfindən yenidən baxılması da mənasını itirmiş olub.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Həbsxananın güclü nəzarət blokunda saxlanılan məhbusun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması
i) Şikayətin qəbulunun mümkünlüyü məsələsi: 6-cı maddənin 1-ci bəndinin cinayət-hüquqi aspekti bu işə tətbiq edilə bilməz, çünki penitensiar sistemdə çərçivəsində məhkəmə icraatı prinsipcə "cinayət ittihamının" müəyyən edilməsi məsələsinə aid deyil. Digər tərəfdən, güclü nəzarət blokuna köçürülməyə və onunla əlaqədar məhdudiyyətlərə baxmaq səlahiyyətinə malik olan məhkəməyə müraciət məsələsinə 6-cı maddənin 1-ci bəndinin mülki hüquqi aspekti tətbiq edilə bilər. Ərizəçinin məruz qaldığı məhdudiyyətlərin çoxu məhbusların Avropa Şurası tərəfindən tanınan hüquqları ilə əlaqədardır, həmin hüquqlar Nazirlər Komitəsinin tövsiyəsində təsbit olunmuş Avropa penitensiar qaydalarında öz əksini tapıb. Bu tövsiyə iştirakçı dövlətlər üçün məcburi qüvvəyə malik olmasa da, onların böyük əksəriyyəti məhbusların tövsiyədə sadalanan hüquqların çoxuna malik olduqlarını qəbul edir və bu hüquqların pozulmasına qarşı şikayət verilməsi üçün hüquqi müdafiə vasitələrini təmin edirlər. Müvafiq olaraq, bu işdə "hüquq" barəsində "mübahisənin" mövcud olduğunu əsaslı olaraq söyləmək etmək olar. Bundan başqa, ərizəçinin qeyd etdiyi bəzi məhdudiyyətlər, məsələn, ailəsi ilə əlaqələrinin məhdudlaşdırılması və mülkiyyət hüquqlarına müdaxilə edilməsi, şübhəsiz ki, şəxsi hüquqlar sahəsinə aiddir və mülki hüquqi xarakterli məhdudiyyətlərdir. Çətin həbsxana şəraitində təhlükəsizliyin təmin edilməsində dövlətlərin geniş qiymətləndirmə sərbəstliyinin qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır. Bununla belə, yuxarıdakı mülki hüquqlara təsir göstərən istənilən məhdudiyyətlər onların xarakteri və mümkün nəticələri nəzərə alınmaqla məhkəmə qaydasında yoxlanılmalıdır. Bu yolla bir tərəfdən həbsxana kontekstində dövlətin qarşılaşdığı problemlər, digər tərəfdən isə məhbusların hüquqlarının müdafiəsi arasında ədalətli balansa riayət edilməsinə nail olmaq olar. Müvafiq olaraq, bu şikayət mahiyyətinə görə (ratione materiae) Konvensiya müddəalarına uyğundur, çünki Konvensiyanın 6-cı maddəsinin mülki hüquqi aspektinə aiddir.
Nəticə: şikayət qəbul ediləndir (bir səsə qarşı on altı səslə).
ii) Şikayətin mahiyyəti: Baxmayaraq ki, məhbus həqiqətən güclü nəzarət rejimi blokunda saxlanılması barədə qərarın mahiyyətindən şikayət verə bilməzdi, mülki hüquqlara qoyulan istənilən məhdudiyyətdən (məsələn, məhbusun ailəsi ilə görüşlərinə və ya yazışmalarına aid məhdudiyyətlər) cəzaların icrası məsələlərinə baxmaq səlahiyyəti olan məhkəmələrə şikayət vermək olardı. Hazırkı işdə ərizəçinin bu bloka köçürülməsi hər hansı belə məhdudiyyətə səbəb olmadığına görə, hətta bu cür hüquqi müdafiə vasitəsinin olmamasına məhkəməyə müraciət hüququnun rədd edilməsi kimi baxmaq olmaz.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 8: a) 1994-cü ilin avqustundan 2004-cü ilin iyulunadək olan dövr – Bu dövrdə ərizəçinin yazışmalarının toxunulmazlığı hüququna dövlət orqanı tərəfindən müdaxilə baş vermişdi. 1994-cü ilin avqustundan 2004-cü ilin iyulunadək ərizəçinin yazışmalarına nəzarət edilməsi qanuna uyğun deyildi, çünki bu işdə tətbiq edilmiş qanunvericilikdə nə bu tədbirin müddəti, nə də onun tətbiqinə haqq qazandıran əsaslar tənzimlənmirdi, həmçinin səlahiyyətli orqanlar tərəfindən tətbiq edilən diskresion səlahiyyətlərin hüdudları və tətbiq edilmə üsulları göstərilmirdi. Məhkəmə bütün məhbuslar üçün ən azı demokratik cəmiyyətdə qanunun aliliyi prinsipinə uyğun olaraq vətəndaşların malik olduğu minimal müdafiənin təmin edilməsinə yönələn özünün mövcud presedent hüququndan bu işdə kənarlaşmaq üçün heç bir əsas görmür.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) 2004-cü ilin iyulundan sonrakı dövr – 2004-cü ilin iyulundan ərizəçinin cəzasının icrasının dayandırılması barədə qərarın çıxarıldığı tarixədək olan dövrə gəlincə, Məhkəmə sadəcə qeyd etdi ki, işin materialları arasında ərizəçinin iddialarını təsdiq edən heç bir sənəd yoxdur.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə yetərli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy