İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
DÖRDÜNCÜ BÖLMƏ
EVEYDA VƏ DİGƏRLƏRİ BİRLƏŞMİŞ KRALLIĞA QARŞI
(48420/10, 59842/10, 51671/10 və 36516/10 nömrəli ərizələr)
QƏRAR
(Çıxarışlar)
STRASBURQ
15 yanvar 2013-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Eveyda və Digərləri Birləşmiş Krallığa qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Dördüncü Bölmə) aşağıdakı tərkibdə:
Sədr - David Tor Byorqvinson (David Thór Björgvinsson),
hakimlər,
Nikolas Bratza (Nicolas Bratza),
Lex Qarlitskiy (Lech Garlicki),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Zdravka Kalaydyiva (Zdravka Kalaydyiva),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Vinsent A. De Qaetano,
və Bölmə katibi Lorens Örlidən (Lawrence Early) ibarət tərkibdə
2012-ci il sentyabrın 4-də və dekabrın 11-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Böyük Britaniyanın dörd vətəndaşı – xanım Nadya Eveyda, xanım Şirli Çaplin, xanım Lilian Ladel və cənab Qari Makfarleyn (“ərizəçilər”) tərəfindən müvafiq olaraq 2010-cu il 10 avqust, 2010-cu il 29 sentyabr, 2010-cu il 3 sentyabr və 2010-cu il 24 iyun tarixlərində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı dörd ərizənin (48420/10, 59842/10, 51671/10 və 36516/10 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçiləri Mançester şəhərində fəaliyyət göstərən vəkil şirkətinin nümayəndələri Oqton Eynsuös (xanım Eveyda), cənab Pol Dayəmond (xanım Çaplin və cənab Makfarleyn) və Kroydonda (Surrey) fəaliyyət göstərən vəkil şirkətinin nümayəndəsi Ormerods (xanım Ladel) təmsil etmişdir. Birləşmiş Krallıq Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi xanım Ahila Sornaraca təmsil etmişdir.
3. Ərizəçilər şikayət edərək bildirmişlər ki, ölkə daxili qanunvericilik onların öz dinlərinə etiqad etmək hüquqlarını lazımı şəkildə qorumur. Xanım Eveyda və xanım Çaplin xüsusilə işəgötürənləri tərəfindən boyunlarına açıq şəkildə xaç taxmalarına məhdudiyyət qoyulmasından şikayət edirlər. Xanım Ladel və cənab Makfarleyn eyni cinsli cütlüklərin nikahlarına rəvac verən xidmətlərin göstərilməsindən narahatlıq keçirdiklərinə görə işəgötürənləri tərəfindən onlara qarşı tətbiq edilmiş sanksiyalardan şikayət etmişdirlər. Xanım Eveyda, xanım Çaplin və cənab Makfarleyn Konvensiyanın ayrılıqda 9-cu maddəsi və həmin maddə ilə birlikdə 14-cü maddəsi, xanım Ladel isə yalnız 9-cu maddə ilə birlikdə götürülən 14-cü maddəsi əsasında şikayət etmişlər.
4. 2011-ci il 12 apreldə xanım Çaplinin ərizəsi xanım Eveydanın ərizəsi ilə və cənab Makfarleynin ərizəsi xanım Ladelin ərizəsi ilə birləşdirilmişdir. Şikayətlərin dördü də Hökumətə göndərilmişdir. Məhkəmə həmçinin ərizələrin qəbuledilənliyi və mahiyyəti üzrə məsələlərə eyni vaxtda baxmaq qərarına gəlmişdir (29-cu maddənin 1-ci bəndi). Hazırkı qərarın qəbul edildiyi vaxt o, dörd ərizənin birləşdirilməsi barədə daha bir qərar qəbul etmişdir.
5. Sədr aşağıdakı şəxslərə və təşkilatlara yazılı prosedurda üçüncü tərəf kimi iştirak etməyə icazə vermişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü qaydanın 2-ci bəndi): Bərabərlik və İnsan Hüquqları Komissiyası; Milli Dünyəvi Cəmiyyət; Doktor Yan Kamoqurski və Alyans Müdafiə Fondu; yepiskop Maykl Nazir-Əli; “The Premier Christian Media Trust”; Çester və Bləkbörn şəhərlərinin yepiskopları; “Associazione Giuseppi Dossetti: i Valori”; Avropada Xristianlara qarşı Dözümsüzlük və Ayrı-Seçkilik üzrə Müşahidə İnstitutu; Azadlıq; Klafam İnstitutu və KLM; Avropa Hüquq və Ədalət Mərkəzi; Klifton Lordu Kəri və Beynəlxalq İnsan Hüquqları Liqası Federasiyası (FIDH, ICJ, ILGA-Europe).
6. Məhkəmə baxışı 2012-ci il 4 sentyabrda Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumətin adından
xanım Ahila SORNARACA Hökumətin səlahiyyətli nümayəndəsi
cənab Ceyms İDİ, Kraliça vəkili Vəkil
cənab Dan SKIRESVəkil
xanım Suzan LEHRER Məsləhətçi
cənab Hilton LESLİ Məsləhətçi
cənab Uolli FORD Məsləhətçi
(b) birinci ərizəçinin adından
cənab Jeyms DİNQEMANS, Kraliça vəkili Vəkil
xanım Sara MUUR Vəkil
cənab Tomas ELLİS Vəkil
cənab Qreqor PUPPİNK Məsləhətçi
(c) üçüncü ərizəçinin adından
xanım Dina ROUZ, Kraliça vəkili Vəkil
cənab Ben CAFFI Vəkil
cənab Kris MAKKRUDDEN Vəkil
cənab Mark COUNS Məsləhətçi
cənab Səm UEBSTER Məsləhətçi
(d) ikinci və dördüncü ərizəçilərin adından
cənab Pol Dayəmond Vəkil
cənab Pol KOULMƏN Vəkil
cənab Paşa HMELİK Vəkil
xanım Andrea UİLLYAMS Məsləhətçi
cənab Andryu MARŞ Məsləhətçi
Məhkəmədə Hökumətin adından Kraliça vəkili cənab İdi, xanım Eveydanın adından cənab Dinqemans, xanım Ladelin adından Kraliça vəkili xanım Rouz və xanım Çaplin və cənab Makfarleynin adından cənab Dayəmond çıxış etmişlər.
I. İŞİN HALLARI
7. Birinci ərizəçi xanım Eveyda 1951-ci ildə anadan olmuşdur və Tuikenhamda yaşayır. İkinci ərizəçi xanım Çaplin 1955-ci ildə anadan olmuşdur və Eqzeterdə yaşayır. Üçüncü ərizəçi xamım Ladel 1960-cı ildə anadan olmuşdur və Londonda yaşayır. Dördüncü ərizəçi cənab Makfarleyn 1961-ci ildə anadan olmuşdur və Bristolda yaşayır.
8. Tərəflərin təqdim etdiyi işin faktiki halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
A. Xanım Eveyda
9. Həyatının ilk on səkkiz ilini Misirdə keçirmiş birinci ərizəçi mömin kopt xristianıdır. 1999-cu ildən o, özəl şirkət olan Britaniya Hava Yolları şirkətində qeydiyyat üzrə mütəxəssis kimi çalışmışdır.
10. Britaniya Hava Yolları şirkəti insanlarla ünsiyyətdə olan bütün əməkdaşlarından vahid formada geyinməyi tələb etmişdir. 2004-cü ilə qədər qadınlar üçün vahid geyim formasına boğazı bağlı köynək də daxil idi. 2004-cü ildə Britaniya Hava Yolları yeni geyim dəsti təqdim etmişdir ki, bura da qadınlar üçün açıq boğazlı köynək daxil idi. Köynək qalstukla geyinilirdi. Qalstuk köynəyin içərisinə salına bilə, ya da boğazda boş şəkildə bağlana bilərdi. Qəbul edilmiş geyim qaydaları vahid formadan gündəlik istifadənin qaydalarını təfsilatı şəkildə təsbit edirdi. “Qadın Aksesuarları”:
“İşçinin məcburi dini səbəblərə görə gəzdirməli olduğu istənilən aksesuar və ya geyim atributu bütün vaxtlarda forma ilə örtülməlidir. Lakin atributun xüsusiyyəti və onun geyinilmə qaydası ilə əlaqədar bunu etmək mümkünsüzdürsə, vahid geyim forması standartlarına uyğunluğun təmin olunması məqsədilə dizaynın münasibliyi ilə bağlı yerli müdiriyyətin razılığının alınması tələb olunur (əgər belə bir razılıq vahid geyim qaydalarında nəzərdə tutulmamışdırsa)....NB Forma ilə hər hansı başqa atributun geyinilməsi qəbuledilməzdir. Yuxarıda qeyd edilmiş qaydalara uyğun gəlməyən hər hansı zinət əşyasının çıxarılması tələb olunacaqdır”.
11. İşçi vahid geyim forması qaydalarına uyğun gəlməyən atributu taxaraq işə gələrdisə, Britaniya Hava Yolları şirkətinin təcrübəsinə əsasən ondan bu atributu çıxarmaq tələb olunur və ya zəruri olduqda o, paltarını dəyişməsi üçün evə göndərilirdi. İşçinin geyimini formaya uyğunlaşdırmaq üçün sərf etdiyi vaxt onun əmək haqqından tutulurdu. Britaniya Hala Yolları şirkəti bəzi dinlərdə geyinilməsi məcburi olan və forma altında gizlədilməsi mümkün olmayan hesab etdiyi geyim atributlarından biri kimi sikh təriqətinə etiqad edən kişi işçilərə tünd göy və ya ağ rəngdə çalma geyməyə və yayda qısaqol köynək geyinməyə rəvac verilən zaman sikh qolbağını açıq gəzdirməyə icazə verir. Yerüstü xidmətlərdə çalışan müsəlman qadınlara Britaniya Hava Yolları şirkəti tərəfindən qəbul edilmiş rənglərdə hicab (baş örtüyü) geyinməyə icazə verilir.
12. 2006-cı il 20 maya qədər xanım Eveyda işdə xaç taxır və bu xaç paltarın altında qalırdı. 2006-cı ilin 20 mayında o, təriqətinə olan inamını ifadə etmək üçün xaçı açıq şəkildə taxmaq qərarına gəldi. Həmin günü işə gələndə müdiri ondan xaçı və boyunbağını çıxarmağı, ya da qalstukun altında gizlətməyi xahiş etmişdir. Xanım Eveyda ilk olaraq imtina etsə də, məsələni daha yuxarı vəzifədə olan müdirlə müzakirə etdikdən sonra təlimatlara əməl etməyə razılıq vermişdir. 2006-cı il 7 avqustda xanım Eveyda yenidən işə gələndə xaç üzdə olmuş və yalnız meylsiz şəkildə vahid geyim qaydalarına əməl etməyə razılıq vermişdir. Bu zaman ona bildirilmişdir ki, etiraz edəcəyi təqdirdə əmək haqqı ödənilmədən evə qaytarılacaqdır. 2006-cı il 20 sentyabrda o, xaçı gözlətmək və ya çıxarmaqdan imtina etmiş və vahid geyim forması qaydalarına əməl etməklə bağlı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinə əməl etməyə razılıq verənə qədər əmək haqqı verilmədən evə göndərilmişdir. 2006-cı il 23 oktyabrda ona müştərilərlə ünsiyyətdə olmağı nəzərdə tutmayan inzibati işə keçmək təklif olunmuş, lakin o, bu təklifdən imtina etmişdir.
13. 2006-cı il oktyabrın ortalarında xanım Eveydanın işi ilə bağlı qəzetlərdə bir sıra məqalələr dərc olunmuş və bu məqalələrdə Britaniya Hava Yolları şirkəti tənqid olunmuşdur. 2006-cı ilin 24 noyabrında Britaniya Hava Yolları şirkəti görünən dini simvolların geyinilməsi ilə bağlı vahid geyim forması qaydalarına yenidən baxıldığını elan etmişdir. Əməkdaşlarla və həmkarlar ittifaqının nümayəndələri ilə məsləhətləşmələrdən sonra 2007-ci il 19 yanvarda yeni qaydaların qəbul edilməsi qərara alınmışdır. 2007-ci il 1 fevraldan başlayaraq icazə olduğu halda dini və xeyriyyə məqsədi daşıyan simvolların açıq geyinilməsinə yol verilirdi. Xaç və David ulduzu kimi bəzi simvollara dərhal icazə verildi. Xanım Eveyda 2007-ci il 3 fevralda işə qayıtdı və yeni qaydalara uyğun olaraq ona xaç taxmağa icazə verildi. Lakin Britaniya Hava Yolları işə gəlmədiyi günlər üçün ona itirilmiş əmək haqqını ödəməkdən imtina etmişdir.
14. Xanım Eveyda 2006-cı il 15 dekabrda Əmək Mübahisələri üzrə Tribunala iddia ərizəsi ilə müraciət edərək, inter alia, Əməkdə Bərabərlik (Din və Etiqad) ilə bağlı 2003-cü il tarixli Qaydaların (“2003-cü il Qaydaları”: aşağıda 41-ci bənddə bax) 3-cü maddəsinə zidd olaraq dolayı ayrı-seçkiliyə məruz qaldığı üçün ona vurulmuş ziyanın ödənilməsini tələb etmiş və həmçinin Konvensiyanın 9-cu maddəsinə zidd olaraq dininə etiqad etmək hüququnun pozulmasından şikayət etmişdir. Əmək Mübahisələri üzrə Tribunal xanım Eveydanın tələbini rədd etmişdir. Məhkəmə qət etmişdir ki, xaçın açıq şəkildə taxılması xristian dininin məcburi tələbi deyil, xanım Eveydanın şəxsi seçimidir. Təxminən 30000 nəfərə yaxın işçi qüvvəsinin olduğu əməkdaşlardan hər hansı birinin belə bir xahiş və ya tələblə müraciət etdiyini, yaxud da bu tələblərə əməl etməyəcəyi təqdirdə işdən qovulduğunu təsdiq edən hər hansı bir sübut yoxdur. Buna görə də tribunal belə bir nəticəyə gəlmişdir ki, ərizəçi vahid geyim forması qaydalarının ümumilikdə xristianları əlverişsiz vəziyyətə qoyduğu barədə iddialarını sübut edə bilməmişdir. Bu, isə dolayı ayrı-seçkiliyə dair iddianı sübuta yetirmək üçün zəruri idi.
15. Xanım Eveyda Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalına şikayət vermiş, lakin tribunal 2008-ci il 20 noyabrda şikayəti rədd etmişdir. Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalı qət etmişdir ki, xanım Eveydanın digər xristianların vahid geyim forması qaydalarından şikayət etdiklərini sübut etməsi zəruri deyildir. Belə ki, hətta şəxs istəmədən görünən dini simvollarla bağlı məhdudiyyətlərə əməl etsə belə, 2003-cü il Qaydalarının 3 (1) maddəsinin mənasında xüsusilə əlverişsiz vəziyyətə salına bilər. Buna baxmayaraq, Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalı belə bir nəticəyə gəlmişdir ki, dolayı ayrı-seçkilik konsepsiyası müəyyən qrup əleyhinə ayrı seçkiliyi nəzərdə tutur və ərizəçi qrup halında əlverişsiz vəziyyətə salınmaları faktını sübut edə bilməmişdir.
16. Xanım Eveyda 2010-cu il 12 fevralda Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Onun məhkəmədə təmsilçisi bildirmişdir ki, Əmək Mübahisələri üzrə Tribunal və Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalı hüquq normalarını tətbiq edən zaman səhvə yol vermişdir və dolayı ayrı-seçkilik faktının təsbit edilməsi üçün sadəcə konkret fərdə münasibətdə əlverişsiz vəziyyətin yarandığının sübut edilməsi lazımdır. Apellyasiya Məhkəməsi bu dəlili rədd etmişdir. Onun mövqeyinə görə 2003-cü il Qaydaları bu dəlili təsdiq etmir. Məhkəmə Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalının yanaşmasını təsdiq edərək bildirmişdir:
“...dolayı ayrı-seçkilik faktının təsbit edilməsi üçün dini qrupa aid edilə bilən bəzi ümumi xarakterli bəyanatların irəli sürülməsi mümkün olmalıdır. Misal üçün, işəgötürən ağlabatan şəkildə hər hansı konkret müddəanın qrupa münasibətdə qeyri-bərabər mənfi təsir yarada biləcəyini qiymətləndirə bilməlidir”.
Bundan əlavə hətta xanım Eveydanın hüquqi dəlili düzgün olsaydı və dolayı ayrı-seçkilik konkret yolla dininə etiqad etmək istəyən fərd üçün yaranmış əlverişsiz vəziyyətə bərabər tutula bilsəydi belə, Əmək Mübahisələri üzrə Tribunalın faktlarla bağlı gəldiyi nəticələr qanuni məqsədə çatmaq üçün mütənasib vasitə ola biləcək qaydanı göstərmişdir. Təxminən yeddi il ərzində heç kəs, o cümlədən xanım Eveyda qaydadan şikayət etməmiş və bu məsələ qalxanda vicdanlı şəkildə həll olunmuşdur. Bu arada Britaniya Hava Yolları şirkəti ərizəçini əmək haqqında azalma olmadan insanlarla ünsiyyətin olmadığı işə keçirməyi təklif etmiş, lakin ərizəçi bu təklifi rədd etmək və bunun əvəzinə işə gəlməyərək ona kompensasiya ödənilməsini tələb etmək yolunu seçmişdir. Bundan əlavə, Apellyasiya Məhkəməsi belə hesab etmişdir ki, Avropa Məhkəməsinin Konvensiyanın 9-cu maddəsi ilə bağlı presedent hüququ xanım Eveydaya kömək etməyəcəkdir. O, Lordlar Palatasının “R (SB) Denbay Ali Məktəbinin İdarə Heyətinin üzvlərinə qarşı (2006)” (R (SB) v Governors of Denbigh High School [2006] UKHL 15) işi üzrə qərarına istinad etmişdir. Burada Lord Binqəm Avropa Məhkəməsi və Avropa Komissiyasının presedent hüququnu təhlil edərək belə bir nəticəyə gəlmişdir:
“Strasburq təsisatları heç də şəxsin dini etiqadını həyata keçirməsinə uyğun gəlməyən işi və ya rolu könüllü olaraq qəbul etdiyi və həmin şəxsin həddən artıq çətinlik və ya narahatlıq olmadan öz dini etiqadını həyata keçirməsi üçün digər vasitələrin mövcud olduğu hallarda həmin etiqadı həyata keçirmək hüququna müdaxilənin olduğunu təsbit etməyə hazır deyillər”.
17. 2010-cu il 26 mayda Ali Məhkəmə xanım Eveydanın apellyasiya verməsinə icazə verməmişdir.
B. Xanım Çaplin
18. İkinci ərizəçi də mömin xristiandır. O, 1971-ci ildə konfirmasiya olunduqdan sonra etiqadını nümayiş etdirmək üçün boyunbağının üzərinə xaç taxmışdır.
19. 1981-ci ildə xanım Çaplin tibb bacısı ixtisası almış və 1989-cu ilin aprel ayından 2010-cu ilin iyuluna kimi “Royal Devon and Exeter NHS Foundation Trust” dövlət xəstəxanasında çalışmış, müstəsna əmək fəaliyyəti tarixçəsinə malik olmuşdur. Məlum hadisələr baş verən zaman o, qeriatrik palatada çalışırdı. Xəstəxanada geyim forması ilə bağlı qaydalar mövcud idi. Bu forma Səhiyyə Departamentinin təlimatı əsasında müəyyən edilirdi. Xəstəxananın geyim forması ilə bağlı qaydaların 5.1.5-ci bəndində qeyd edilirdi ki, “geyinilən zinət əşyası sadə olmalıdır”. 5.3.6-cı bənddə qeyd olunurdu:
“5.3.6 Xəstəxanada daxili infeksiya riskinin azaldılması üçün zinət əşyalarının geyinilməsi məhdudlaşdırılmalıdır (bax 5.1.11). Başqa sözlə:
Əl gigiyenasına xələl gətirməyən bir sadə, üstü hamar üzük,
Bir cüt sadə, adi sırğa.
Pasientlərə baxan zaman xəsarət yetirmə riskinin aradan qaldırılması üçün boyunbağı taxmaq olmaz.
Üzdə pirsinq vardırsa, ya çıxarılmalı, ya da üstü örtülməlidir”.
5.1.11-ci bənddə qeyd edilir:
“Dini və ya mədəni səbəblərə görə xüsusi paltar növü geyinmək və ya zinət əşyası taxmaq istəyən istənilən əməkdaş bu məsələni tabe olduğu müdir qarşısında qaldırmalıdır. Sonuncu buna razılıq verməkdən əsassız olaraq imtina etməməlidir”.
Əmək Mübahisələri üzrə Tribunala belə bir sübut təqdim edilmişdir ki, sağlamlıq və təhlükəsizliklə bağlı səbəblərə görə başqa bir xristian tibb bacısından xaç və boyunbağını çıxarmaq xahiş edilmiş, iki sikh tibb bacısına isə qolbaq və ya kirpan taxa bilməyəcəkləri barədə xəbərdarlıq edilmiş və onlar bu təlimatlara əməl etmişlər. İki müsəlman həkimə toxunulmuş dəbilqəni xatırladan dar hicab geyməyə icazə verilmişdi.
20. 2007-ci ilin iyununda xəstəxanada yeni geyim forması qəbul edilmişdir. Bununla ilk dəfə olaraq tibbi bacıları üçün boğazı V formasında köynəklər də nəzərdə tutulurdu. 2009-cu ilin iyununda xanım Çaplinin müdiri “boyunbağısını” çıxarmağı xahiş etmişdir. Xanım Çaplin xaçın dini simvol olduğunu təkidlə bildirmiş və onun taxılmasına icazə verilməsini xahiş etmişdir. Onun xahişi rədd edilmiş və səbəb kimi o göstərilmişdir ki, boyunbağı və xaç yaşlı insana toxunduğu halda xəsarət yetirə bilər. Xanım Çaplin xaçı maqniti olan boyunbağının üzərinə taxmağı təklif etmişdir ki, bu da xaçın pasientə toxunacağı təqdirdə ondan ayıracaqdı. Lakin səhiyyə orqanları imtina edərək bildirmişlər ki, xaç sərbəst hərəkətdə ola biləcəksə, sağlamlıq və təhlükəsizliyə hədə ola bilər. Misal üçün, o, açıq yaralara toxuna bilər. Nəhayət, təklif olunmuşdur ki, xaç və boyunbağı şəxsiyyətini təsdiq edən nişanın qaytanına bərkidilsin. Bütün əməkdaşlardan tələb olunurdu ki, şəxsiyyəti təsdiq edən nişanı cibə və ya qaytana bərkitsinlər. Lakin onlardan eyni zamanda tələb olunurdu ki, mühüm kliniki vəzifələrinin icrası zamanı nişanlarını və qaytanlarını çıxarsınlar. Buna görə də ərizəçi bu təklifi də rədd etmişdir. 2009-cu ilin noyabrında xanım Çaplin tibb bacısının fəaliyyətli ilə bağlı olmayan müvəqqəti işə keçirilmiş və bu iş 2010-cu ilin iyulunda ləğv olunmuşdur.
21. O, 2009-cu ilin noyabrında Əmək Mübahisələri üzrə Tribunala müraciət edərək dini mülahizələrə görə həm birbaşa, həm də dolayı ayrı-seçkiliyə məruz qalmasından şikayət etmişdir. Əmək Mübahisələri üzrə Tribunal 2010-cu il 21 may tarixli qərarında birbaşa ayrı-seçkiliyə yol verilmədiyini qət edərək bildirmişdir ki, xəstəxananın mövqeyi dini mülahizələrlə deyil, sağlamlıq və təhlükəsizliyə dair mülahizələrlə bağlı olmuşdur. Dolayı ayrı-seçkiliklə bağlı şikayətə gəlincə, məhkəmə qət etmişdir ki, ərizəçidən başqa “şəxslərin” xüsusilə əlverişsiz vəziyyətə salınmalarını təsdiq edən hər hansı sübut yoxdur. Bundan əlavə, xəstəxananın xanım Çaplinin xaçı açıq şəkildə taxmağa cavabı mütənasib olmuşdur.
22. Ərizəçiyə məsləhət verilmişdir ki, Apellyasiya Məhkəməsinin xanım Eveydanın işi ilə bağlı qəbul etdiyi qərar fonunda hüquqi məsələlərlə bağlı Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalına veriləcək şikayətin uğur qazanması üçün heç bir perspektiv yoxdur.
C. Xanım Ladel
23. Üçüncü ərizəçi xristiandır. Onun fikrincə nikah bir kişi ilə bir qadının ittifaqıdır və o, səmimi şəkildə inanır ki, eyni cinsli insanlar arasında əlaqələr allahın qanunlarına ziddir.
24. Xanım Ladel Londonun İslinqton rayonun yerli hakimiyyət orqanı tərəfindən 1992-ci ildən işə götürülmüşdür. İslinqtonda “Hamı üçün Şərəf” bərabərliyi və rəngarənglik siyasəti mövcud idi və burada, inter alia, qeyd olunurdu:
“İslinqton öz rəngarəngliyinə görə fəxr edir və şura istənilən formada ayrı-seçkiliyə qarşı çıxış edir. “Hamı üçün Şərəf” yaşından, cinsindən, əlilliyindən, etiqadından, cinsindən, milliyyətindən, gəlirindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq İslinqtonun bütün əməkdaşları, əhalisi və onun xidmətlərindən istifadə edənlər üçün təcrübə olmalıdır. ...
Şura bütün qruplar üçün icmanın birliyi və bərabərliyi işinə təkan verir. Bu zaman əsas hədəf obyekti yaş, əlillik, cins, irq, din və cinsə görə ayrı-seçkilikdir. ...
Ümumiyyətlə İslinqton:
(a) Birliyin ümumi dəyərlərinə və bərabərlik, hörmət və hamının şərəfinə əsaslanan anlaşmaya təkan verməklə onun birliyini inkişaf etdirir. ...
Şuranın siyasətinə görə hər kəslə ədalətli şəkildə və ayrı-seçkiliyə yol vermədən rəftar olunmalıdır. İslinqton aşağıdakıları təmin etmək məqsədi daşıyır:İş yerində əməkdaşlara qarşı ədalətlilik və onlarla eyni şəkildə rəftar etməMüştərilərin şuranın xidmətlərindən ədalətli və bərabər şəkildə istifadə edə bilməsiƏməkdaşlar və müştərilərlə şərəf və hörmət əsasında davranılması
Şura insanların hüquqları olduğu iş imkanları və xidmətlər əldə etməsinin qarşısını ala biləcək ayrı-seçkilik xarakteri daşıyan maneələri fəal şəkildə aradan qaldıracaq. Şura ayrı-seçkilik hesab ediləcək prosesləri, yanaşmaları və davranışları, o cümlədən hədələmələri, işdən çıxarmanı və yanlış təsəvvürlərə əsaslanan qorxutmanı, cahilliyi, düşüncəsizliyi və stereotip düşünməni qəbul etməyəcək. ...
Bütün əməkdaşlardan bu dəyərləri hər zaman inkişaf etdirmək və siyasət çərçivəsində çalışmaq gözlənilir. Bu siyasəti pozan əməkdaşlar barəsində intizam tədbirləri tətbiq oluna bilər”.
25. 2002-ci ildən xanım Ladel doğum, ölüm və nikah üzrə qeydiyyat məmuru kimi işləyirdi. Onun əmək haqqının yerli hakimiyyət orqanı tərəfindən verilməsinə və bu orqanın siyasətinə əmək etmək öhdəliyinin mövcud olmasına baxmayaraq, həmin orqan tərəfindən işə götürülməmişdi, əksinə Baş Qeydiyyat Məmuruna tabe idi. 2004-cü ildə Böyük Britaniyada eyni cinsli nikahlar haqqında qanun qüvvəyə minmişdir. Qanun eyni cinsdən olan iki şəxs arasındakı nikahın qanuni qeydiyyata alınmasını nəzərdə tutur və onlara adi nikahda olan şəxslərlə eyni hüquq və vəzifələr verirdi. 2005-ci ilin dekabrında İslinqton doğum, ölüm və nikah üzrə bütün mövcud qeydiyyat məmurlarının eyni cinsli nikahlar üzrə qeydiyyat məmuru təyin edilməsi qərarına gəlmişdir. Ondan bunu etmək tələb olunmurdu; qanunvericilik sadəcə tələb edirdi ki, o, eyni cinsli nikahların qeydiyyatının aparılması üçün kifayət sayda qeydiyyat məmurunun olmasını təmin etsin. Birləşmiş Krallıqdakı bəzi yerli hakimiyyət orqanları fərqli yanaşma nümayiş etdirərək güclü dini baxışları olan qeydiyyat məmurlarına eyni cinsli nikahlar üzrə qeydiyyat məmuru olub-olmamaq məsələsini özlərinin həll etmələrinə imkan yaratmışdır.
26. Əvvəlcə xanım Ladelə icazə verilmişdir ki, o, həmkarları ilə işləri dəyişmək üçün lazım olan qeyri-rəsmi tədbirləri görsün və bununla da eyni cinsli nikahları qeydiyyata almalı olmasın. Lakin 2006-cı ilin martında onun iki həmkarı şikayət edərək bildirmişdirlər ki, onun bu vəzifələrin icrasından imtina etməsi ayrı-seçkilik xarakteri daşıyır. 2006-cı il 1 aprel tarixli məktubla xanım Ladelə məlumat verilmişdir ki, yerli hakimiyyət orqanının fikrincə onun eyni cinsli nikahları qeydiyyata almaqdan imtina etməsi nəticəsində Davranış Məcəlləsi və bərabərlik siyasəti pozula bilər. Ondan xahiş edilmişdir ki, bundan sonra eyni cinsli nikahların qeydiyyatı ilə bağlı mərasimləri həyata keçirəcəyini yazılı qaydada təsdiq etsin. Üçüncü ərizəçi bunu etməkdən imtina etmiş və yerli hakimiyyət orqanının onun etiqadına hörmətin təmin olunması üçün tədbirlər görməsini xahiş etmişdir. 2007-ci ilin mayına qədər işdə vəziyyət gərginləşmişdir. Xanım Ladelin eyni cinsli nikahları qeydiyyata almaqdan imtina etməsi növbəlilikdə çətinlik yaratmış və digərlərinin işini artırmışdır. Eyni zamanda onun homoseksual həmkarları qanunsuz ayrı-seçkiliyə məruz qalmalarından şikayət edirdilər. 2007-ci ilin mayında yerli hakimiyyət orqanı ilkin araşdırmaya başladı və araşdırma 2007-ci ilin iyulunda başa çatdı. Araşdırma nəticəsində xanım Ladelə qarşı intizam qaydasında rəsmi şikayətin irəli sürülməsi tövsiyə olundu. Belə ki, o, tərəflərin cinsi oriyentasiyasına görə eyni cinsli nikahları qeydiyyata almaqdan imtina etməklə yerli hakimiyyət orqanının Davranış Məcəlləsini və çox şaxəlilik, rəngarənglik siyasətini pozmuşdur. İntizam baxışı 2007-ci il 16 avqustda keçirilmişdir. Baxışdan sonra xanım Ladeldən xahiş olunmuşdur ki, vəzifə səlahiyyətləri ilə bağlı yeni sənədi imzalasın. Bu sənəddə ondan tələb olunurdu ki, eyni cinsli nikahların qeydiyyatı ilə bağlı birbaşa imzalanma tədbirini və bununla əlaqədar inzibati işləri həyata keçirsin. Hər hansı mərasimin keçirilməsi ondan tələb olunmurdu.
27. Xanım Ladel Əmək Mübahisələri üzrə Tribunala müraciət edərək dini və ya etiqad əlamətlərinə görə birbaşa və dolayı ayrı-seçkiliyə və təhqirə məruz qalmasından şikayət etmişdir. 2007-ci ilin 1 dekabr tarixində Statistika və qeydiyyat haqqında qanun qüvvəyə mindi. Bu qanuna əsasən xanım Ladel artıq Baş Qeydiyyat Məmurunun deyil, yerli hakimiyyət orqanının məmuru idi və o, xanım Ladeli işdən azad etmək səlahiyyətinə malik idi. Əmək Mübahisələri üzrə Tribunala bildirilmişdir ki, ərizəçi işi uduzarsa, böyük ehtimalla işdən azad olunacaq.
28. 2008-ci il 3 iyulda Tribunal dini zəmində birbaşa və dolayı ayrı-seçkilik və təhqirlərlə bağlı şikayətləri təmin etmiş və bildirmişdir ki, yerli hakimiyyət orqanı “ortodoks xristian etiqadına malik xanım Ladelin hüquqları ilə müqayisədə lezbiyan, gey, biseksual və transseksualların hüquqlarına böyük dəyər vermişdir”. Yerli hakimiyyət orqanı Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalına şikayət etmişdir. Tribunal 2008-ci il 19 dekabrda Əmək Mübahisələri üzrə Tribunalın qərarını dəyişmişdir. O müəyyən etmişdir ki, yerli hakimiyyət orqanının xanım Ladellə rəftarı qanuni məqsədə, yəni qeydiyyat xidmətinin ayrı-seçkilik olmadan təşkilinə nail olmaq üçün proporsional vasitə kimi çıxış etmişdir.
29. Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalın qərarından Apellyasiya Məhkəməsinə şikayət verilmişdir. Apellyasiya Məhkəməsi 2009-cu il 15 dekabrda Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalının qərarını qüvvədə saxlamışdır. Qərarın 52-ci bəndində qeyd edilirdi:
“...xanım Ladelin eyni cinsli nikahların qeydiyyatını aparmaqdan imtinasının nikaha dini baxışı ilə bağlı olması İslinqtona məqsədini tam yerinə yetirməyə, yəni bütün qeydiyyat məmurlarının Hamı üçün Şərəf siyasətinin tərkib hissəni kimi eyni cinsli nikahları qeydiyyata almalarına icazə verilməməsinə haqq qazandıra bilməz. Xanım Ladel dövlət işinə qəbul edilmiş və dövlət orqanında çalışmışdır; ondan işinin tərkib hissəsi olan açıq şəkildə dünyəvi bir vəzifəni icra etmək tələb olunurdu; xanım Ladelin bu vəzifəni icra etməkdən imtinası işində geylərə qarşı ayrı-seçkiliyə gətirib çıxarmışdır; ondan İslinqtonun Hamı üçün Şərəf siyasəti ilə bağlı vəzifəsini icra etmək xahiş olunurdu ki, bu siyasətin də təqdirəlayiq məqsədi istər İslinqtonun əməkdaşları arasından, istərsə də İslinqton (və onun əməkdaşları) ilə onun xidmət etdiyi insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması və ya ən azından minimal həddə endirilməsi idi; Xanım Ladelin imtinası ən azından onun iki gey həmkarını təhqir edirdi; xanım Ladelin etirazı nikaha olan baxışı ilə bağlı idi və bu onun dininin özülünü təşkil etmir; İslinqtonun tələbi heç bir vəcdlə onu istədiyi kimi ibadət etmək imkanından məhrum etmirdi”.
Apellyasiya Məhkəməsi qət etmişdir ki, Konvensiyanın 9-cu maddəsi və Məhkəmənin presedent hüququ belə bir fikri təqdir edir ki, xanım Ladelin dini baxışlarına hörmət edilməsini arzulamasının “İslinqtonun bütün qeydiyyat məmurlarının heteroseksual icma kimi homoseksual icmaya da eyni hörmət göstərməsinin təmin olunması məsələsindəki narahatlığını üstələməsinə” imkan verilməməlidir. O əlavə olaraq bildirmişdir ki, 2007-ci il tarixli qaydalar qüvvəyə mindikdən sonra (aşağıda 42-ci bəndə bax) xanım Ladelin Eyni Cinsli Nikahların Qeydiyyatı Məmuru təyin edilməsi ilə İslinqton sadəcə ondan eyni cinsli nikahları qeydiyyata almağı tələb etmək hüququna malik olmur, o, bunu tələb etməyə məcburdur.
30. Ərizəçinin Ali Məhkəməyə şikayət edilməsinə icazə verilməsi ilə bağlı müraciəti 2010-cu il 4 martda təmin olunmamışdır.
D. Cənab Makfarleyn
31. Dördüncü ərizəçi ibadət edən xristiandır və əvvəllər Bristolda yerləşən çoxmillətli böyük kilsənin keşişi olub. Onun fikrində dərin və həqiqi kök salmış inama görə Bibliya homoseksuallığı günah sayır və o, homoseksuallığı birbaşa dəstəkləyən heç bir iş görməməlidir.
32. “Relate Avon Limited (“Relate”) (Nikah Məsələləri üzrə Milli Şuranın 1987-ci ildən adı – tərcüməçinin qeydi)” milli özəl şirkət olan “Relate” Federasiyasının bir hissəsidir və məxfi qaydada seks terapiya və sevgi münasibətləri ilə bağlı məsləhət vermə xidmətləri göstərir. “Relate” və onun məsləhətçiləri “Britaniya Seksual və Sevgi Münasibətləri Terapiyası Assosiasiyasının” (“BSSMT”) üzvləridirlər. Assosiasiyanın Etika və Prinsiplər Məcəlləsi “Relate” və onun məsləhətçiləri üçün məcburi xarakter daşıyır. Məcəllənin 18-ci və 19-cu bəndlərində qeyd edilir:
“Misal üçün, öz müqəddəratını həll etmək hüququnu tanımaqla:
18. Müştərilərin və müştərilərin ünsiyyətdə olduqlarının öz müqəddəratını təyin etmək kimi müstəqil və ilkin hüququna hörmətlə yanaşmaq. Terapiya aparanın müştəri üçün hansısa konkret standartlar, dəyərlər və ya ideallar müəyyən etməsi qeyri-məqbuldur. Terapiya aparan din, irq, cins, yaş, etiqad, cinsi oriyentasiya və əlillik kimi məsələlərə lazımı diqqət verməklə müştərilərin dəyəri və şərəfinə hörmət edilməsini tanımalı və bu istiqamətdə çalışmalıdır.
Misal üçün, birinin yanlış fikirlərindən xəbər tutması:
19. Terapiya aparan yanlış fikirlərindən xəbərdar olmalı və din, irq, yaş, etiqad, cinsi oriyentasiya, əlillik zəminində ayrı-seçkiliyə yol verməməlidir. Terapiya aparan yanlış fikirlər və stereotiplərindən xəbərdar olmağa, xüsusilə bunun terapevtik münasibətlərə mümkün təsiri yollarını nəzərə almağa görə məsuliyyət daşıyır”.
“Relate” həmçinin Bərabər İmkanlar Siyasətinə malikdir ki, bu da bərabərliyə nail olmaq kimi pozitiv vəzifəni ehtiva edirdi. Burada qeyd edilir:
“ “Relate Avon” heç bir şəxsin – idarə heyəti üzvünün, əməkdaşın, könüllülərin, məsləhətçilərin və müştərilərin irq, dərinin rəngi, yaş, mədəniyyət, tibbi vəziyyəti, cinsi oriyentasiyası, ailə vəziyyəti, əlilliyi və ya sosial-iqtisadi mənsubiyyəti kimi şəxsi və ya qrup xüsusiyyətlərinə görə daha əlverişsiz davranışa məruz qalmamasını təmin etmək öhdəliyi daşıyır. “Relate Avon” sadəcə qanunun hərfi ilə deyil, eyni zamanda Mərkəzdə çalışan bütün işçilər (vəzifələrindən asılı olmayaraq) və bütün müştərilərimiz üçüm imkanların bərabərliyinin təmin edilməsi məqsədinə nail olmaq kimi pozitiv siyasətlə bağlıdır”.
33. Cənab Makfarleyn 2003-cü ilin may ayından 2008-ci ilin mart ayına qədər “Relate”-də məsləhətçi kimi çalışmışdır. O, əvvəllər eyni cinsli cütlüklərə məsləhət vermə xidməti göstərməklə bağlı narahatlıq keçirirdi. Lakin müdiri ilə məsləhətləşmələrdən sonra qəbul etmişdir ki, homoseksual cütlüklərə sadəcə məsləhət verilməsi belə əlaqələri dəstəkləmək anlamına gəlmir və buna görə də o, işini davam etdirmişdir. Sonralar o, heç bir problem olmadan iki lezbiyan cütlüyə məsləhət vermə xidməti göstərmişdir. Lakin bu işlərdən heç birində sırf seksual məsələlər ortaya çıxmamışdır.
34. 2007-ci ildə cənab Makfarleyn psixo-seksual terapiya üzrə “Relate”-in aspirant diplomunu almışdır. Həmin ilin payızına qədər “Relate” daxilində belə bir fikir yaranmışdır ki, o, homoseksual cütlüklərlə seksual əlaqələrlə bağlı çalışmaq işləmir. Bununla əlaqədar olaraq “Relate”-in Baş Meneceri cənab B. Cənab Makfarleyn ilə 2007-ci ilin oktyabrında görüşmüşdür. Ərizəçi təsdiq etmişdir ki, o, eyni cinslərarası seksual təcrübəyə malik cütlüklərlə çalışmaqla Bibliyanın göstərişlərinə əməl etmək vəzifəsini uyğunlaşdırmaqda çətinlik çəkir. Cənab B. cənab Makfarleynin lezbiyanlar, geylər və biseksual cütlüklərə psixo-seksual terapiya keçməməsinə şərait yaratmaq üçün müştəriləri fərqləndirməyin mümkünsüz olması ilə bağlı narahatlığını ifadə etmişdir.
35. 2007-ci il 5 dekabrda cənab B.-yə digər terapiya göstərənlər tərəfindən ünvanlanmış məktubda adı çəkilməyən məsləhətçinin dini səbəblərə görə gey, lezbiyan və biseksual müştərilərlə çalışmaq istəməməsindən narahatçılıq ifadə olunmuşdu. 2007-ci il 12 dekabrda cənab B. cənab Makfarleynə məktub yazaraq bildirmişdir ki, bəzi məsələlərə görə eyni cinsli cütlüklərlə işləməkdən imtina etdiyini anlayır və qorxur ki, bu, ayrı-seçkilik xarakteri daşımaqla “Relate”-in Bərabər İmkanlar Siyasətinə zidd gedir. O, cənab Makfarleyndən 2007-ci ilin 19 dekabrına qədər eyni cinsli cütlüklərə cinsi əlaqələr barədə məsləhətlər vermək və psixo-terapiya keçməkdə davam edəcəyini yazılı şəkildə təsdiq etməyi xahiş edərək, bunu etməyəcəyi təqdirdə intizam tədbirinə məruz qalacağını bildirmişdir. 2008-ci ilin 2 yanvarında cənab Makfarleyn cavab verərək eyni cinsli cütlüklərə məsləhət verilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Eyni cinsli cütlüklərə psixo-seksual terapiya göstərilməsi ilə bağlı fikirləri hələ də formalaşmaqda idi. Bununla belə o hələ də bu cür işlə məşğul ola bilməz. Cənab B. bunu cənab Makfarleynin eyni cinsli cütlüklərlə işləyəcəyini təsdiqləməkdən imtinası kimi qəbul etmiş və buna görə də intizam qaydasında araşdırma aparılana qədər onu işdən kənarlaşdırmışdır. 2008-ci il 7 yanvarda keçirilmiş araşdırma iclasında ərizəçi dini əqidəsi ilə eyni cinsli cütlüklərə psixo-seksual terapiyanın keçirilməsi arasında münaqişənin olduğunu etiraf etmiş, lakin bildirmişdir ki, ondan xahiş ediləcəyi təqdirdə o, bu işi görəcək və hər hansı problemin ortaya çıxacağı halda müdiri ilə danışacaqdır. Bununla cənab B. cənab Makfarleynin “Relate”-in siyasətinə əməl etmək vəzifəsini üzərinə götürdüyünü hesab etmiş və buna görə də intizam qaydasında araşdırmanın aparılmasını dayandırmışdır.
36. Dördüncü ərizəçi ilə telefon danışığından sonra onun müdiri cənab B. ilə əlaqə saxlayaraq dərin narahatlığını ifadə etmişdir. O, cənab Makfarleynin ya eyni cinsli cütlüklərə psixo-seksual terapiya keçirilməsi məsələsində ya çaşqınlığa yol verdiyini, ya da yalan danışdığını hesab etmişdir. Bu narahatlıqlar cənab Makfarleynin qarşısında qaldırıldıqda o, əvvəlki müzakirədən sonra baxışlarının dəyişmədiyini və ortaya çıxan hər bir məsələnin həll olunacağını bildirmişdir. 2008-ci il 17 martda o, yeni intizam iclasına dəvət olunmuşdur. Burada ondan fikirlərini dəyişib-dəyişmədiyi soruşulmuş və o, sadəcə cavab vermişdir ki, 2008-ci il 7 yanvarda dediklərinə əlavə etməyə heç bir sözü yoxdur.
37. 2008-ci il 18 martda cənab B. cənab Makfarleynin “Relate”-in siyasətinə əməl edəcəyini və eyni cinsli cütlüklərə seksual əlaqələrlə bağlı məsləhətlər verəcəyini deməsinə baxmayaraq, əslində belə bir niyyətinin olmadığını kobud qayda pozuntusu kimi qəbul edərək onu işdən azad etmişdir. Buna görə də onun bu rolu Bərabər İmkanlar Siyasətinə uyğun olaraq həyata keçirəcəyinə etibar etmək olmazdı. Apellyasiya şikayətinə 28 apreldə baxılmışdır. Apellyasiya şikayəti rədd edilmiş və bildirilmişdir ki, cənab B.-nin cənab Makfarleynin müvafiq siyasətə əməl edəcəyinə etibar etməməsi əsaslı olmuşdur.
38. Cənab Makfarleyn Əmək Mübahisələri üzrə Tribunala iddia ilə müraciət edərək, inter alia, birbaşa və dolayı ayrı-seçkiliyə yol verilməsindən, qanunsuz və ədalətsiz olaraq işdən azad olunmasından şikayət etmişdir. Tribunal 2009-cu il 5 yanvarda qərarını elan etmişdir. O qət etmişdir ki, cənab Makfarleyn 2003-cü il Qaydalarının (aşağıda 41-ci bəndə bax) 3 (1) (a) bəndinə uyğun olaraq birbaşa ayrı-seçkiliyə məruz qalmamışdır. O, dini etiqadına görə deyil, “Relate”-in ənənələrində əks olunmuş siyasətə əməl etməyəcəyinə inanıldığına görə işdən azad olunmuşdur. Qaydaların 3 (1) (b) bəndinə əsasən dolayı ayrı-seçkiliyə gəlincə, Tribunal qət etmişdir ki, “Relate”-in məsləhətçilərindən Bərabər İmkanlar Siyasətinə əməl etmələrini tələb etməsi cənab Makfarleynin dini əqidəsini bölüşən şəxsləri əlverişsiz vəziyyətə qoyacaqdı. Buna baxmayaraq bu tələbin məqsədi cinsi oriyentasiyasından asılı olmayaraq cəmiyyətin bütün üzvləri üçün tam məsləhət xidmətinin təmin edilməsi idi və bu məqsəd qanuni xarakter daşıyırdı. “Relate”-in ayrı-seçkilik olmadan xidmətlər göstərmək öhdəliyi onun işi üçün əsas əhəmiyyət kəsb edirdi və onun cənab Makfarleyndən heç bir qeyd-şərt olmadan bütün müştərilərə tam məsləhət xidməti göstərəcəyi barədə birmənalı təminat verilməsini tələb etmək hüququ var idi. O, isə belə bir təminatı verməmişdir. Müştərilərin məhdud dərəcədə həyata keçiriləcək filtrasiyası onları cənab Makfarleyn tərəfindən qəbul edilməməkdən azad etməyəcəkdir. Lakin o, nəzakətlə bunu edə bilər. Buradan belə çıxır ki, işdən azad etmə qanuni məqsədə çatmaq üçün mütənasib vasitə idi. Buna görə də ayrı-seçkilik ilə bağlı iddia təmin olunmadı. Nəhayət, Tribunal ədalətsiz olaraq işdən azad olunma ilə bağlı tələbi rədd edərək qət etmişdir ki, “Relate” həqiqətən də və əsaslı olaraq cənab Makfarleynə olan inamı itirmişdir və bu inamsızlıq elə bir səviyyədədir ki, “Relate” əmin ola bilməz ki, o, eyni cinsli cütlüklərlə seksual münasibətlərlə bağlı məsləhətləşməni aparan zaman öz dini etiqadından irəli gələn məhdudiyyətlər səbəbindən həmin şəxslərə tələb olunan məsləhətləşməni məhdudiyyətsiz və qeyd-şərtsiz şəkildə təmin edəcəkdir.
39. Cənab Makfarleyn Tribunalın birbaşa və dolayı ayrı-seçkilik və ədalətsiz şəkildə işdən azad etmə ilə bağlı qəbul etdiyi qərardan Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalına apellyasiya şikayəti vermişdir. Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalı 2009-cu il 30 noyabrda qərara almışdır ki, Tribunal düzgün olaraq iddiaları rədd etmişdir. O, cənab Makfarleynin dini etiqada etirazla həmin etiqaddan irəli gələn konkret əmələ etiraz arasında fərq qoyulmasının qanuni olmadığına dair dəlilini rədd etmiş və bu yanaşmanın Konvensiyanın 9-cu maddəsinə uyğun gəldiyini bildirmişdir. O, “Relate”-in belə bir dəlilini qeyd etmişdir ki, cənab Makfarleynin təklif etdiyi kompromis prinsip etibarı ilə qəbuledilməzdir. Belə ki, bu kompromis “təşkilatın məsləhətçinin konkret müştərinin davranışını bəyənmədiyi təqdirdə onunla ünsiyyət saxlamaması ilə bağlı vəziyyəti qəbul etməməsinə dair ənənəsinə tam şəkildə” ziddir və məsləhətçinin hərəkətləri ilə eyni cinsli cütlüklərin seksual fəaliyyətini dəstəkləyəcəyi inancında olduğu zaman onlara məsləhət verməkdən imtina etməsini nəzərdə tutan sistemin fəaliyyət göstərməsi praktiki baxımdan mümkün deyildi. “Relate” bəyan etdiyi əsas prinsiplərə zidd olan baxışları qəbul etməkdən imtina etmək hüququna malik idi. Belə bir vəziyyətdə ərizəçinin baxışlarının təmin edilməsinin praktiki baxımdan zəruriliyi ilə bağlı fikirlər yersizdir.
40. Cənab Makfarleyn Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalının qərarından şikayət etməyə icazə verilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət etmişdir. 2010-cu il 20 yanvarda Apellyasiya Məhkəməsi şikayəti təmin etməkdən imtina edərək bildirmişdir ki, Apellyasiya Məhkəməsinin “Ladel” işi üzrə 2009-cu ilin dekabrında qəbul etdiyi qərar fonunda bu apellyasiya şikayəti üzrə müsbət qərar qəbul edilməsi üçün perspektiv yoxdur. “Ladel” işi üzrə apellyasiya şikayətinə icazə verilməsinə Ali Məhkəmə tərəfindən imtina edildikdən sonra cənab Makfarleyn yenidən apellyasiya şikayətinə icazə verilməsi ilə bağlı müraciət etmişdir. Müraciətə baxıldıqdan sonra müraciət yenidən 2010-cu il 29 aprel tarixində rədd edilmişdir. Bildirilmişdir ki, hazırkı iş “Ladel” işindən əsaslı şəkildə fərqlənmir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
41. 2003-cü il tarixli Əməkdə Bərabərlik (Din və Etiqad) haqqında Qaydaların 3-cü bəndində qeyd edilir:
“3. Din və ya etiqad zəminində ayrı-seçkilik
(1) Bu Qaydaların məqsədləri üçün aşağıdakı hallarda şəxs (“A”) başqa bir şəxsə (“B”) münasibətdə ayrı-seçkiliyə yol vermiş hesab olunur –
....
(b) əgər A B-yə münasibətdə sonuncu ilə eyni dinə etiqad etməyən şəxslərə münasibətdə tətbiq etdiyi və ya edəcəyi müddəanı, meyarı və ya təcrübəni tətbiq edirsə, lakin –
(i) əgər bu, B ilə eyni dinə və ya etiqada malik olan şəxsləri digərlər şəxslərlə müqayisədə xüsusilə əlverişsiz vəziyyətə qoyursa və ya qoyacaqdırsa,
(ii) əgər bu, B-ni əlverişsiz vəziyyətə qoyursa, və
(iii) əgər A bunun qanuni məqsədə çatmaq üçün mütənasib vasitə olduğunu sübut edə bilmirsə”.
2 (1) bəndində qeyd olunur ki, “din” dedikdə istənilən din, “etiqad” dedikdə istənilən dini və ya fəlsəfi etiqad başa düşülür.
42. 2007-ci il tarixli Bərabərlik Aktının (Cinsi Oriyentasiya) 3-cü bəndində qeyd edilir:
“3. Cinsi oriyentasiyaya görə ayrı-seçkilik
(1) Bu Qaydaların məqsədlərinə görə əgər şəxs (“A”) B-nin və ya A-dan başqa digər şəxsin cinsi oriyentasiyasına görə B ilə digər şəxslərə göstərdiyi və ya göstərə biləcəyi rəftardan (müvafiq hallarda heç bir faktiki fərq olmadığı təqdirdə) fərqli rəftar göstərirsə, B-yə qarşı ayrı-seçkiliyə yol vermiş olur.
....
(3) Bu Qaydaların məqsədlərinə görə şəxs (“A”) aşağıdakı normaları, meyarları və ya təcrübəni digər şəxsə (“B”) münasibətdə tətbiq edirsə, ona qarşı ayrı-seçkiliyə yol vermiş hesab olunur –
(a) eyni şəkildə B ilə eyni cinsi oriyentasiyaya malik olmayan şəxslərə tətbiq etdiyi və ya edə biləcəyi normalar, meyarlar və təcrübə,
(b) B ilə eyni cinsi oriyentasiyaya malik olan şəxsləri digər şəxslərlə müqayisədə (müvafiq hallarda heç bir faktiki fərq olmadığı təqdirdə) əlverişsiz vəziyyətə salan normalar, meyarlar və təcrübə,
(c) B-ni onunla eyni seksual oriyentasiyaya malik olmayan bəzi və ya bütün digər şəxslərlə müqayisədə əlverişsiz vəziyyətə qoyan (müvafiq hallarda heç bir faktiki fərq olmadığı təqdirdə), və
(d) əgər bu norma, meyar və ya təcrübəyə A B-nin cinsi oriyentasiyasından başqa amillərə istinad etməklə haqq qazandıra bilmirsə”.
Qaydaların 4-cü bəndində malların, xidmətlərin və avadanlıqların təminatı ilə bağlı deyilir:
“(1) Əhaliyə və ya əhalinin bir qrupuna mal, xidmət və imkanlar təchiz etməklə məşğul olan bir şəxsin (“A”) aşağıdakı hərəkətləri etməklə həmin malı, xidməti və ya imkanı əldə etmək istəyən şəxsə (“B”) qarşı ayrı-seçkiliyə yol verməsi qanunsuzdur —
(a) B-yə malı, xidməti və ya imkanı təchiz etməkdən imtina etməklə,
(b) A-nın normal olaraq aşağıdakıları təchiz etdiyi mal, xidmət və ya imkanla eyni və ya eyni keyfiyyətli malı, xidməti və ya imkanı B-yə təchiz etməkdən imtina etməklə —
(i) əhalini, və ya
(ii) B-nin mənsub olduğu əhali qrupunu,
(c) A-nın normal olaraq aşağıdakıları təchiz etdiyi mal, xidmət və ya imkanı eyni və ya oxşar qaydada B-yə təchiz etməkdən imtina etməklə —
(i) əhalini, və ya
(ii) B-nin mənsub olduğu əhali qrupunu, və ya
(d) A-nın normal olaraq aşağıdakıları mal, xidmət və ya imkanla təchiz etdiyi şərtlərlə eyni və ya oxşar şərtlər əsasında B-ni təchiz etməkdən imtina etməklə —
(i) əhalini, və ya
(ii) B-nin mənsub olduğu əhali qrupunu,
(2) 1-ci bənd xüsusilə aşağıdakılara tətbiq olunur —
(a) əhalinin daxil olmasına icazə olan yerə daxil olma və ya buradan istifadə,
(b) mehmanxanada yerləşmə, ev və ya bənzər bina kirayə etmə,
....”
Qaydaların 8 (1) bəndinə görə öz funksiyalarını icra edən dövlət hakimiyyət orqanının ayrı-seçkilik hesab edilən hərəkətə yol verməsi qanunsuzdur. 30-cu bəndə görə şəxsin işini həyata keçirən zaman etdiyi istənilən hərəkət işəgötürən, həmçinin həmin şəxsin özü tərəfindən edilən hərəkət kimi qəbul ediləcəkdir.
43. Avropa İttifaqının İş Yerində Bərabər Rəftar və Məşğulluq haqqında 2007/78/EC nömrəli Çərçivə Direktivi bu qaydaların hər ikisini xüsusi vurğulayır. 2 (2) (b) maddədə ayrı-seçkiliklə bağlı qeyd edilir:
“...aşağıdakı hallar istisna olmaqla, açıq-aşkar neytral norma, meyar və ya təcrübə konkret dinə və ya etiqada, əlilliyə, yaşa və ya cinsi oriyentasiyaya malik olan şəxsləri digər şəxslərlə müqayisədə xüsusilə əlverişsiz vəziyyətə saldıqda dolayı ayrı-seçkilik baş vermiş olur:
(i) həmin norma, meyar və ya təcrübə obyektiv olaraq əsaslandırıldığı və həmin məqsədə çatmaq üçün istifadə olunan vasitələr mütənasib və zəruri olduğu təqdirdə, və ya
(ii) konkret əlilliyə malik şəxslərə gəlincə, işəgötürən və ya Direktivin barəsində tətbiq olunduğu istənilən şəxs və ya təşkilat milli qanunvericilik əsasında 5-ci maddədə nəzərdə tutulmuş prinsiplərə uyğun olaraq belə norma, meyar və ya təcrübənin məruz qoyduğu əlverişsiz vəziyyəti aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidir”.
44. Birləşmiş Krallıq daxilində yerli məhkəmələr bu ərizələrdə qaldırılmış məsələlərin müəyyən detallarını nəzərdən keçirmişdir. Xüsusilə Lordlar Palatası pilot xarakterli iki işdə istər dinə etiqad, istərsə də 9-cu maddəyə müdaxilənin qət edildiyi məsələlərə baxmaq imkanına malik olmuşdur.
45. “R (Uilyamson və Digərləri) Təhsil və Məşğulluq üzrə Dövlət Katibinə qarşı” (“In R (Williamson and Others) v. Secretary of State for Education and Employment [2005] UKHL 15”) işində iddiaçılar şikayət edərək bildirmişdirlər ki, Birləşmiş Krallıqda uşaqlara cismani cəza verilməsinin qadağan edilməsi müəyyən hallarda onların Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulmuş dininə etiqad etmək azadlığını pozur. 23-cü bənddə Birkenhedden olan Lord Nikolos dininə “etiqad” anlayışı barədə bəzi əsas prinsipləri təsbit etmişdir (Lord Binqəm, Lord Braun, Lord Uolker və Leydi Heyl onunla razılaşmışlar):
“... etiqad bəzi adi, obyektiv xarakterli minimal tələblərə cavab verməlidir. Bu ilkin tələblər Avropa Konvensiyasının 9-cu maddəsindən və insan hüquqlarının müdafiəsi sahəsindəki digər sənədlərdən irəli gəlir. Etiqad əsas insan ləyaqəti və bütövlüyü standartlarına uyğun gəlməlidir. Misal üçün, digər şəxsləri işgəncəyə və ya qeyri-insani cəzaya məruz qoyan dinə etiqad müdafiə oluna bilməz. Etiqad cüzi xarakter daşımayan məsələlərə aid olmalıdır. O, adekvat ciddilik və mühümlük dərəcəsinə malik olmalıdır. Qeyd edildiyi kimi bu, əsas problemlə bağlı etiqad olmalıdır. Dini etiqad zamanı bu şərtə əməl edilmiş olur. Etiqad eyni zamanda aydın və anlaşıla bilən olmalıdır. Lakin, yenə də bu baxımdan çox tələb irəli sürülməməlidir. Bir qarda olaraq din fövqəltəbii bir şeyə inamı ehtiva edir. Onu həmişə aydın təsvir etmək və ya rasional şəkildə izah etmək mümkün deyil. Bu zaman tez-tez alleqoriya, simvol və metafora dilindən istifadə edilir. Predmetindən asılı olaraq fərdlərdən özlərini daim inamlı və dəqiq şəkildə ifadə etmələri gözlənilə bilməz. Fərdlərin etiqadı dəqiq müəyyən edilmiş və dəyişkən də deyil. Hər bir fərdin etiqadı həyatı boyu dəyişikliyə meyllidir. Ümumiyyətlə, bu ilkin tələblər azlıqda olan etiqadları Konvensiya ilə nəzərdə tutulmuş müdafiədən məhrum etmək səviyyəsində olmamalıdır...”
Sonra 32-ci bənddə Əlahəzrət Lord fikrini davam etdirmişdir:
“... davranışın 9-cu maddənin məqsədləri üçün dinə etiqad kimi qəbul edilməsinin mümkünlüyü məsələsi barədə qərar qəbul edən zaman ilk növbədə etiqadın təbiəti və əhatə dairəsi müəyyən edilməlidir. Əgər etiqad konkret qaydada hərəkət etmək vəzifəsini nəzərdə tutursa, onda etiqada uyğun olaraq həmin hərəkətin edilməsi mahiyyət etibarı ilə özü-özlüyündə təcrübədə həmin dinə etiqad edilməsidir. Belə olan halda hərəkət, Strasburq ifadəsi ilə desək, etiqadla “sıx şəkildə bağlıdır....”
46. “R (Bequm) Denbay Ali Məktəbinin Direktoru və İdarə heyətinin üzvlərinə qarşı” (The case of R (Begum) v. Headteacher and Governors of Denbigh High School [2006] UKHL 15) işində belə bir iddia irəli sürülmüşdür ki, iddiaçının vahid geyim formasını pozduğuna görə məktəbdən qovulması, inter alia, onun Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulmuş dininə etiqad etmək hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır. İddiaçının 9-cu maddədə nəzərdə tutulmuş hüququna müdaxilənin olub-olmadığı məsələsinə cavab verən Lord Binqəm mövqeyini 23 və 24-cü bəndlərdə ifadə etmişdir:
“23. Strasburq təsisatları şəxsin dini ayinləri yerinə yetirməsi və dini göstərişlərə əməl etməsi tələbinə uyğun gəlməyən işi və ya rolu könüllü olaraq qəbul etdiyi və onun həddən ziyadə çətinlik və ya narahatlıq olmadan bu dini ayinləri yerinə yetirməsi və dini göstərişlərə əməl etməsi üçün başqa vasitələrin mövcud olduğu təqdirdə həmin şəxsin dini ayinləri yerinə yetirmək və dini göstərişlərə əməl etmək hüququna müdaxilənin olduğunu təsdiq etməyə heç də hazır deyil. Belə ki, “X Danimarkaya qarşı” (X v Denmark (1976) 5 DR 157) işində qət edilmişdir ki, keşiş işə qəbul olunan zaman kilsədəki intizam qaydalarını qəbul etmişdir və kilsəni tərk etmək hüququ onun din azadlığını təmin edirdi. Onun 9-cu maddə əsasında qaldırdığı tələb təmin olunmamışdır. ... “Karaduman Türkiyəyə qarşı” (Karaduman v Turkey (1993) 74 DR 93) işi güclü işdir. Bu işdə ərizəçiyə təhsilini bitirməsi barədə şəhadətnamə verilməsindən imtina olunmuşdur. Belə ki, bunun üçün onun baş örtüksüz şəkli tələb edilmiş, lakin o, dini səbəblərə görə baş örtüksüz şəkil çəkdirməkdən imtina etmişdir. Komissiya ərizəçinin 9-cu maddədə təsbit edilmiş hüquqlarına müdaxilə edilmədiyini təsbit etmişdir (108-ci səhifə), belə ki, “tələbə təhsilini dünyəvi universitetdə davam etdirməyi seçməklə həmin universitetin müxtəlif etiqadlardan olan tələbələr arasında harmonik birgə yaşayışı təmin etmək məqsədilə tələbələrin dininə etiqad etmək azadlığına münasibətdə yer və üsul baxımından məhdudiyyətlər qoymaqla bağlı qaydalarına əməl etmək vəzifəsini üzərinə götürür”. Komissiya “Konttinen Finlandiyaya qarşı” (Konttinen v Finland (1996) 87-A DR 68) işində ərizəçinin tələbini rədd edərək göstərmişdir ki (səhifə 75, 1-ci bənd), ona dini baxışlarını dəyişdirməsi və ya dininə, yaxud əqidəsinə əməl etməsinin qarşısını almaq üçün təzyiq edilməmişdir, belə ki, o, iş saatlarının dini baxışlarına uyğun gəlmədiyini müəyyən edən zaman işindən gedə bilərdi. ... “Stedman Birləşmiş Krallığa qarşı” (Stedman v United Kingdom (1997) 23 EHRR CD 168) işində ərizəçinin bazar günləri işləməkdənsə, istefa verməkdə azad olması barədə dedikləri 9-cu maddə əsasında qaldırılmış tələbi barədə qərar qəbul etmək üçün həlledici olmuşdur. “Kalaç Türkiyəyə qarşı” (Kalaç [v Turkey (1997) 27 EHRR 552], paras 28-29) işində ərizəçinin iddiası təmin olunmamışdır. Belə ki, o, hərbçi karyerasını seçməklə öz razılığı ilə hərbi intizam sistemini qəbul etmişdir. Bu sistem isə xarakterinə görə müəyyən hüquq və azadlıqlara xüsusi məhdudiyyətlərin tətbiqi imkanını nəzərdə tutur və o, müsəlman etiqadına xas adi öhdəlikləri yerinə yetirə bilmişdir. “Jewish Liturgical Association Cha’are Shalom Ve Tsedek Fransaya qarşı” (Jewish Liturgical Association Cha’are Shalom Ve Tsedek v France (2000) 9 BHRC 27, para 81) işində ərizəçilər Fransadakı qurbankəsmə qaydalarına etirazlarını bildirmişlər. Onların sözlərinə görə bu qaydalar onların dini standartlarına uyğun deyil. Bu iddia rədd edilmişdir. Belə ki, ərizəçilər bu standartlara uyğun kəsilmiş qurban ətini Belçikadan ala bilərdilər.
24. Bu xətt Apellyasiya Məhkəməsi tərəfindən həddən çox məhdudlaşdırıcı olduğuna görə tənqid edilmişdir (Copsey v WWB Devon Clays Ltd 2005 EWCA Civ 932, [2005] 1CR 1789, paras 31-39, 44-66) və “R (Uilyamson) Təhsil və Məşğulluq üzrə Dövlət Katibinə qarşı” (R (Williamson) v Secretary of State for Education and Employment [2005] UKHL 15) işi üzrə qərarın 39-cu bəndində Palata yuxarıda qeyd edilmiş “Jewish Liturgical” işi üzrə qərarın 80-ci bəndində 9-cu maddə əsasında müdaxilə olunması iddiasının təmin edilə bilməsindən öncə təklif olunmuş dini etiqada uyğunluğun təmin edilməsinin alternativ vasitələrinin “mümkünsüzlüyünün” təsbit olunması ilə bağlı yanaşmanı mübahisələndirmişdir. Lakin zənnimcə hakimiyyət orqanları bu rəyin 23-cü bəndində giriş kimi verdiyim mülahizəmi dəstəkləyir. Hətta Strasburq təsisatlarının müdaxilə ilə bağlı şikayətləri rədd etməklə ciddiliyə tərəf səhvə yol verdikləri qəbul edilsə belə, yerli məhkəmələrimizin nəzərə almalı olduqları və müdaxilə faktının heç də asan təsbit edilmədiyini göstərən tam və kifayət qədər ardıcıl bir mənbə mövcuddur”.
III. MÜVAFİQ MÜQAYİSƏLİ HÜQUQ
A. Avropa Şurasının üzvü olan dövlətlər
47. Avropa Şurasının üzvü olan iyirmi altı dövlətdə işdə dini simvolların geyinilməsi ilə bağlı mövcud qanunvericiliyin və təcrübənin təhlili göstərir ki, dövlətlərin əksəriyyətində iş vaxtı dini paltarların və ya simvolların geyinilməsi məsələsi tənzim olunmur. Üç ölkədə, Ukrayna, Türkiyə və İsveçrənin bəzi kantonlarında dini paltarların və dini simvolların geyinilməsi dövlət qulluqçuları və dövlət idarələrində çalışan digər şəxslər üçün qadağan edilsə də, prinsip etibarı ilə özəl şirkətlərin işçilərinə buna icazə verilir. Beş dövlətdə - Belçika, Danimarka, Fransa, Almaniya və Niderlandda ölkə məhkəmələri prinsip etibarı ilə açıq şəkildə işəgötürənlərin işçilər tərəfindən dini simvolların geyinilməsinə müəyyən məhdudiyyətlər qoymaq hüququnu tanımışdır. Bununla belə, bu ölkələrin heç birində işəgötürənə belə bir hüququn verilməsini açıq şəkildə müəyyən edən hər hansı qanun və ya digər normativ-hüquqi akt yoxdur. Fransa və Almaniyada dövlət qulluqçuları və dövlət idarələrinin digər işçilərinin dini simvollar geyinməsi ciddi şəkildə qadağan olunsa da, digər üç ölkədə bu məsələyə münasibət daha yumşaqdır. Özəl şirkətlər tərəfindən iş vaxtı dini paltarların və / və ya simvolların geyinilməsinə tam qadağan qoyulması hər hansı bir dövlət tərəfindən nəzərdə tutulmamışdır. Əksinə, Fransada bu, qanunla açıq şəkildə qadağan edilir. Fransa qanunvericiliyinə görə istənilən belə məhdudiyyət qanuni sayıla bilinməsi üçün sanitar normalar, sağlamlıq və mənəviyyatın qorunması, müştərinin gözündə şirkətin nüfuzunun qorunub-saxlanması ilə bağlı qanuni məqsədə xidmət göstərməli, həmçinin mütənasiblik testindən keçməlidir.
B. Üçüncü ölkələr
1. Amerika Birləşmiş Ştatları
48. İstər ABŞ Konstitusiyası (Konqresə dövlət dinini müəyyənləşdirmək və dinə sərbəst şəkildə etiqad edilməsini qadağan etmək barədə qanun qəbul etməyi qadağan edən bənd), istərsə də 1964-cü il tarixli Mülki hüquqlar haqqında qanun dövlət qulluqçuları və hökumət işçilərinin dini simvollar geyinməsini müdafiə edir. Dövlət orqanlarında xidmət edən şəxs konstitusion tələb irəli sürən zaman məhkəmələr aralıq yoxlama standartını tətbiq edir. Bu standarta görə Hökumət bir şərtlə dini simvolların geyinilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edə bilər ki, bu hərəkət “mühüm” dövlət marağının müdafiə edilməsi ilə “kifayət qədər bağlı” olsun (bax: “Tenafly Eruv Association v. Borough of Tenafly, 309 F.3d 144, 157 (3rd Cir. 2002”). Qanuni tələb irəli sürülən zaman işəgötürən ya dini etiqadla bağlı məsələnin “ağlabatan həllini” tapmalı, ya da bu dini təcrübəyə icazə verilməsinin işəgötürən üçün “hədsiz çətinliklər” yaradacağını sübut etməlidir (bax: “Ansonia Board of Education v. Philbrook, 479 US 60 (1986); United States v. Board of Education for School District of Philadelphia, 911 F.2d 882, 886 (3rd Cir. 1990); Webb v. City of Philadelphia, 562 F.3d 256 (3rd Cir. 2009)”). Özəl şirkətlərin işçilərinə gəldikdə isə, bu sahədə işəgötürənlərin dini paltarlar və / və ya simvollar geyinilməsini məhdudlaşdırmaq hüququ ilə bağlı hər hansı konstitusion məhdudiyyətlər müəyyən edilməmişdir. Bununla belə, işəgötürənin 15-dən artıq işçisi olduğu halda Mülki hüquqlar haqqında qanunun VII fəslində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunmaqda davam edir.
2. Kanada
49. Dini azadlıq Kanadanın 1982-ci il tarixli Hüquq və Azadlıqlar haqqında Xartiyası ilə (Xartiya) konstitusion baxımdan müdafiə olunur. Xartiyanın 1-ci maddəsi dövlətə “mühüm dövlət maraqları” naminə mümkün qədər məhdud formada din azadlığına müdaxilə etmək imkanı verir (bax: B(R) v. Children’s Aid Society of Metropolitan Toronto (1995) 1 SCR 315). Ümumi şəkildə kanadalı işəgötürənlər bəzi dini azlıqlara qeyri-mütənasib təsir göstərən əmək qaydalarında dəyişiklik etməlidirlər. Bu zaman məhkəmələr tərəfindən “ağlabatan həll” adlı standart tətbiq olunur (bax: R v Big M Drug Mart Limited (1985) 1 SCR 295). Bu məsələ ilə bağlı son məhkəmə çəkişməsi sikhlərin işdə çalma geyinməsi hüququ ilə bağlı idi. “Bhinder Kanada Milli Dəmir Yolları Şirkətinə qarşı” (Bhinder v. Canadian National Railway Co. (1985) 2 SCR 561) işində Ali Məhkəmə müəyyən etmişdir ki, iddiaçı işdə çalma geyə bilməzdi, belə ki, bu, onun bərk dəbilqə geyinməsinə mane olurdu. Bunun “bona fide məşğulluq tələbi” olduğu qət edilmişdir. Kanada məhkəmələri diqqətlərini din və ya dini etiqad anlayışını müəyyən etməkdənsə, təcrübədə dinə yaxınlığı olan etiqadın səmimiliyi məsələsinə yönəltməkdə maraqlıdır (bax: Syndicat Northcrest v. Amselem (2004) 2 SCR 551). Ali Məhkəmənin sikh təriqətli tələbənin məktəbdə çalma geyinmək hüququnu tanıdığı “Multani Marguerite-Bourgeoys Məktəb Komissiyasına qarşı” (Multani v. Commission scolaire Marguerite-Bourgeoys (2006) 1 SCR 256) işində məhkəmə sikh təriqəti üçün çalmanın mərkəzi rol oynaması məsələsinin mərkəzi xarakter daşımasının teoloji təhlilini aparmamışdır. Bunun əvəzinə məhkəmə hesab etmişdir ki, iddiaçı “sadəcə çalmanın dini baxımdan əhəmiyyətinə şəxsi və subyektiv inamının səmimi olduğunu sübut etməli idi”.
HÜQUQİ MƏSƏLƏLƏR
...
51. Birinci, ikinci və dördüncü ərizəçi şikayət edərək bildirmişdir ki, iş yerlərində onlar barəsində tətbiq edilmiş sanksiyalar ayrılıqda Konvensiyanın 9-cu maddəsi və bu maddə ilə birlikdə 14-cü maddəsində nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Üçüncü ərizəçi 14 və 9-cu maddələrin birlikdə pozulmasından şikayət etmişdir.
9-cu maddədə qeyd edilir:
“1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər”.
14-cü maddədə qeyd edilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”.
...
III. ƏRİZƏLƏRİN MAHİYYƏTİ
A. Tərəflərin dəlilləri
1. Hökumət
58. Hökumət birinci, ikinci və dördüncü ərizəçinin yalnız 9-cu maddə əsasında irəli sürdükləri şikayətlərlə bağlı bu normanın əsasında din və ya etiqadın durduğu və ya onlardan ilhamlanan istənilən davranış aktı və ya formasını müdafiə etmədiyinə dair Məhkəmənin presedent hüququna istinad etmişdir. O bildirmişdir ki, əsasında din və ya etiqadın durduğu və ya onlardan ilhamlanan, lakin ümumi tanınmış formada dinə etiqad aktı kimi çıxış etməyən davranış 9-cu maddənin müdafiə dairəsinə düşmür. Hökumət birinci və ikinci ərizəçilərlə bağlı Əmək Mübahisələri üzrə Tribunalın mübahisə olunmayan qərarına istinad edərək bildirmişdir ki, bu şəxslərdən hər biri inanclarının şəxsi ifadəsi kimi xaçı açıq şəkildə taxmaq istəmişlər. Xaçın açıq şəkildə taxılması xristian dininə etiqadın ümum tanınmış forması olmamaqla yanaşı, o, bu təriqətin məcburi tələbi də deyil. Birinci və ikinci ərizəçi açıq görünən xaç taxmaq istəyir. Bu, səmimi dini vəzifələr əsasında və ya ondan ilhamlanaq edilmiş olsa da, xristian dinində tanınmış etiqad forması və ya onun tələbi deyil. Buna görə də o, 9-cu maddənin müdafiəsi dairəsinə düşmür. Eyni şəkildə cənab Makfarleynin eyni cinsdən olan cütlüklərə psixo-seksual terapiya keçməkdən imtina etməsi də ümumi tanınmış formada dinə etiqad kimi təsvir edilə bilməz.
59. Alternativ kimi Hökumət bildirmişdir ki, hətta xaçın açıq şəkildə taxılması və ya eyni cinsli cütlüklərə konkret xidmətlərin göstərilməsindən imtina edilməsinə dini etiqadın bir forması və beləliklə də 9-cu maddə ilə müdafiə olunan hüquq kimi baxmaq mümkün olsa belə, ərizəçilərdən heç birinin bu hüququna hər hansı müdaxilə edilməmişdir. Hökumət Lordlar Palatasının “R (Bequm) Denbay Ali Məktəbinin İdarə Heyətinin üzlərinə qarşı” (R (Begum) v. Governors of Denbigh High School) (yuxarıda 46-cı bəndə bax) işi üzrə qərara istinad etmişdir. Burada Lord Binqəm Strasburq məhkəməsinin şəxslərin hədsiz çətinlik və ya narahatlıq olmadan dini ayinlərini həyata keçirmələri üçün digər vasitələrin olduğu halda, dini ayinlərinə uyğun gəlməyən işləri könüllü şəkildə qəbul etdikləri vəziyyətlərə tətbiq olunan qərarlarını təhlil etmişdir. Lord Binqəm belə bir nəticəyə gəlmişdir ki, Strasburq məhkəməsinin təcrübəsi məsələ ilə bağlı “daxili əlaqəliliyə və olduqca yüksək səviyyədə ardıcıllığa malik norma” formalaşdırmışdır ki, bu normaya görə belə vəziyyətlərdə 9-cu maddəyə müdaxilə mövcud deyildir. 9-cu maddəyə müdaxilənin baş verdiyi o zaman güman və ya təsbit edilə bilər ki, şəxslər hətta istefa verərək alternativ iş yeri axtaran və ya fərqli təhsil müəssisəsinə daxil olan zaman dini etiqadları ilə bir araya sığmayan tələbdən qaça bilməsinlər (misal üçün: “Kokkinakis Yunanıstana qarşı” (Kokkinakis v. Greece, 25 May 1993, Series A no. 260‑A); “Leyla Şahin Türkiyəyə qarşı” (Leyla Şahin v. Turkey [GC], no. 44774/98, ECHR 2005‑XI); “Ahmet Arslan Türkiyəyə qarşı” (Ahmet Arslan v. Turkey, dec., no. 41135/98, 23 February 2010)). Bunun əksinə olaraq hazırkı işdə birinci və ikinci ərizəçiyə işəgötürənlər tərəfindən xaç taxmağa icazə verilmiş, lakin belə bir şərt irəli sürülmüşdür ki, müştərilər və ya pasientlərlə ünsiyyətdə olan zaman xaçın üzərini örtsünlər. Üçüncü ərizəçinin işi “Pişon və Saju Fransaya qarşı” (Pichon and Sajous v. France (dec.), no. 49853/99, ECHR 2001‑X) işindən fərqlənmirdi. Bu işdə Məhkəmə qət etmişdir ki, hamiləliyə qarşı vasitə satmaq istəməyən aptek işçilərinin 9-cu maddədə nəzərdə tutulmuş hüquqları pozulmamışdır, belə ki, onlar dini əqidələrinə işdən kənarda bir çox başqa yollarla etiqad edə bilərdilər. Hazırkı ərizəçilərdən hər biri başqa iş yeri tapmaqda sərbəst idilər; bundan əlavə, birinci və ikinci ərizəçiyə onların işəgötürənləri tərəfindən eyni əmək haqqı olan başqa bir iş təklif olunmuşdu və təklif olunan iş yerində açıq şəkildə xaç taxmağa hər hansı məhdudiyyət qoyulmurdu.
60. Hökumət daha sonra vurğulamışdır ki, birinci və dördüncü ərizəçi özəl şirkətdə çalışırdı. Buna görə də onların şikayətləri dövlətin birbaşa müdaxiləsi ilə bağlı hər hansı iddianı ehtiva etmir. Əksinə onlar iddia edirlər ki, dövlət onları işə götürmüş özəl şirkətlərin işdə dini əqidələrinə etiqad etmələrini təmin etmək üçün 9-cu maddə ilə tələb olunan bütün tədbirləri görməmişdir. Hökumət vurğulamışdır ki, 9-cu maddə əsasında pozitiv öhdəliyin müəyyən edilməsi imkanı yalnız dövlətin şəxsin dini etiqadını sərbəst şəkildə həyata keçirməsinə mane olunmasının qarşısını almaq üçün tədbirlər görə bilmədikdə yarana bilər. Bu günə qədər yalnız bir işdə Məhkəmə dövlətin 9-cu maddədə nəzərdə tutulmuş pozitiv öhdəliyini pozduğunu təsbit etmişdir. Bu, “Gildani Yehova Şahidləri Dini Qurumu və Digərləri Gürcüstana qarşı” (Members of the Gldani Congregation of Jehovah’s Witnesses and Others v. Georgia, no. 71156/01, 3 May 2007) işidir. Burada ortodoks təriqətinə etiqad edənlərin Yehova Şahidləri Dini Qurumunun üzərinə zor tətbiq etməklə hücum etməsindən sonra dövlət orqanları heç bir tədbir görməmişdir. Hazırkı ərizələr bununla müqayisə oluna bilməz. Bu ərizəçilərin istefa verərək başqa bir iş axtarmaqda və ya iş yerindən kənarda dini ayinlərini yerinə yetirməkdə sərbəst olmaları onların 9-cu maddədəki hüquqlarının təmin edilməsi baxımından kifayət edicidir. Hər bir halda dövlət işəgötürən kimi çıxış edən özəl şirkətlərin hərəkətlərinə görə 9-cu maddə əsasında müəyyən dərəcədə pozitiv öhdəlik daşısa belə, Birləşmiş Krallıqda bu öhdəlik müvafiq vaxtda Əməkdə Bərabərlik (Din və ya Etiqad) ilə bağlı 2003-cü ildə Qaydaların qəbul edilməsi ilə (yuxarıda 41-ci bəndə bax) icra olunmuşdur. Qaydaların 3-cü maddəsində “ayrı-seçkilik” anlayışına birbaşa dini ayrı-seçkilik (başqa sözlə işçinin dininə və ya etiqadına görə onunla daha pis rəftar etmə) və dolayı dini ayrı-seçkilik (işçi ilə eyni dinə etiqad edən şəxsləri xüsusi əlverişsiz vəziyyətə salan və işəgötürənin qanuni məqsədə çatmaq üçün mütənasib vasitə olduğunu sübut edə bilmədiyi norma, meyar və ya təcrübəni tətbiq etmə) daxil edilmişdir.
61. Alternativ olaraq Hökumət 9-cu maddə əsasında bildirmişdir ki, işəgötürənlər tərəfindən görülmüş tədbirlər bu işlərin hər birində qanuni məqsədə mütənasib olmuşdur. Birinci ərizəçinin işində Britaniya Hava Yolları düzgün olaraq belə bir qənaətdə olmuşdur ki, vahid geyim formasından istifadə edilməsi şirkətin xidmət nişanının peşəkar nüfuzunun təmin olunması və tanınması işinin gücləndirilməsində mühüm rol oynayır və o, işçiləri ilə bağladığı əmək müqaviləsinə uyğun olaraq onlardan vahid forma geyinməyi tələb edə bilər. Sözü gedən hadisələrdən öncə boynuna açıq görünən əşyaların taxılmaması şirkətin çox saylı əməkdaşları arasında problem yaratmamışdır. Birinci ərizəçi vahid geyim forması haqqında qaydalara düzəliş edilməsini təklif etmək və ya xaç taxmağa icazə verilməsi üçün müraciət etməklə ona öz etirazını ifadə etməmiş, bunun əvəzinə bu qaydaları pozmuşdur. Britaniya Hava Yolları ərizəçinin şikayətinə baxan zaman ona bərabər səviyyəli əmək haqqı olan, lakin müştərilərlə ünsiyyətin olmadığı başqa bir iş təklif etmiş, lakin o, bunun əvəzinə evdə qalmağı seçmişdir. 2006-cı ilin noyabrında birinci ərizəçinin şikayət prosedurunu başlamasından beş ay sonra Britaniya Hava Yolları görünən dini simvolların taxılması qaydalarına yenidən baxıldığını elan etmiş və əməkdaşları və həmkarlar ittifaqlarının nümayəndələri ilə məsləhətləşmələrdən sonra 2007-ci ilin yanvar ayında yeni qaydalar qəbul olunmuşdur. Bu qaydalara görə görünən dini simvolların taxılmasına icazə verilirdi.
62. İkinci ərizəçi ilə bağlı Hökumət vurğulamışdır ki, məhdudiyyətin məqsədi pasientlərə xidmət göstərən zaman xələl yetirmək riskinin aşağı salınması idi. Sağlamlıq və təhlükəsizliklə bağlı səbəblərə görə qeyri-xristianların də dini əşyalar gəzdirməsinə məhdudiyyətlər qoyulmuşdur: misal üçün, sikh təriqətinə etiqad edən tibb bacılarına kara bilərzik və ya kirpan gəzdirməyə icazə verilmirdi, həmçinin müsəlman tibb bacıları əyində boş qalan deyil, kifayət qədər kip hicab geyinməli idilər. Bu mütənasib vasitələrlə nail olunmasına çalışılan qanuni məqsəd idi. Burada xüsusilə nəzərə alınmalıdır ki, xəstəxana ikinci ərizəçiyə eyni əmək haqqı olan qeyri-kliniki iş yeri təklif etmişdi.
63. Hökumət qəbul etmişdir ki, üçüncü ərizəçi eyni cinsli nikahların allahın qanunlarına zidd olduğuna səmimi şəkildə inanmışdır və cənab Makfarleyn səmimi şəkildə inanmışdır ki, homoseksual xarakterli hərəkətlər günahdır və o, bunu birbaşa dəstəkləməyə yönələn hər hansı addım atmamalıdır. Lakin Hökumət həmçinin Londonun İslinqton rayonunun və “Relate” təşkilatının ayrı-seçkilik salmadan xidmət göstərilməsinə sadiq olduqlarını qəbul edir. Bu, açıq-aşkar yerli hakimiyyət orqanının və ya seksual münasibətlərə dair məsləhətləşmələr verən xidmətin nail olmağa çalışdığı qanuni məqsəd idi. Hər bir işdə işəgötürən üçün bütün işçilərdən öz vəzifələrini cinsi oriyentasiyaya görə ayrı-seçkilik salmadan yerinə yetirməyi tələb etmək həmin məqsədə mütənasib idi. 2003-cü il və 2007-ci il Qaydaları (yuxarıda 41-42-ci bəndlərə bax) Birləşmiş Krallıqda dini etiqadı həyata keçirmək və şəxslərin cinsi oriyentasiyaya görə ayrı-seçkiliyə məruz qalmamaq hüquqları arasında tarazlıq yaradırdı. Tarazlığa necə nail olunması məhz 9-cu maddənin dövlət hakimiyyət orqanlarına verdiyi təqdir səlahiyyətinin əhatə dairəsinə düşən məsələdir. Bundan əlavə, Məhkəmə yalnız 9-cu maddə əsasında və ya 9-cu maddə ilə birgə götürülmüş 14-cü maddə əsasında işlərə baxmasından asılı olmayaraq mütənasiblik və təqdir səlahiyyəti məsələlərinə eyni yanaşma nümayiş etdirməlidir.
2. Birinci ərizəçi
64. Birinci ərizəçi bildirmişdir ki, görünən xaçın taxılması xristianlığa ibadətin ümumi tanınmış formasıdır. O, daha sonra bildirmişdir ki, hər bir halda Hökumətin 9-cu maddə əsasında məsələnin qalxması üçün “dinə ümumi tanınmış formada etiqad edilməsi” kimi testə cavab verilməli olduğunu qeyd etməsi düzgün deyildir. Belə bir test kifayət qədər qeyri-müəyyən ola və məhkəmələrdən teoloji müzakirə doğuran məsələlərlə məşğul olmağı tələb edə bilər. Bu isə açıq-aşkar onların səlahiyyəti xaricindədir. Bundan əlavə, Məhkəmənin presedent hüququ belə yanaşmanı dəstəkləmir.
65. O, əlavə olaraq bildirmişdir ki, 9-cu maddədə nəzərdə tutulmuş hüquqlara müdaxilənin nədən ibarət olduğunun məhdudlaşdırıcı təfsiri Məhkəmənin din azadlığına verdiyi önəmə uyğun gəlmir. Hər hansı digər mühüm hüquqa münasibətdə şəxsin, misal üçün istefa verərək başqa bir iş tapmaqla məhdudiyyətdən yayınmasının mümkün olduğu hallarda müdaxilənin mövcud olmadığı doktrinasına məruz qaldığı göstərilə bilməz və şəxs işində qalmaqda davam edirsə, onun hüququndan “imtina etdiyini” də hesab etmək olmaz. Məhkəmə Konvensiyanı mövcud şəraiti nəzərə alaraq təfsir etməlidir. Ərizəçinin ixtiyarında məhdudiyyətdən yayınmaq üçün başqa vasitələrin olması müdaxilənin olmadığını qət etmək üçün 9-cu maddənin 1-ci bəndi deyil, məhdudiyyətin əsaslı olub-olmadığını müəyyənləşdirmək üçün 9-cu maddənin 2-ci bəndi əsasında nəzərə alınmalıdır. Hazırkı işdə açıq-aşkar müdaxilə baş vermişdir: birinci ərizəçinin inancının əsas nişanəsi hesab etdiyi xaçı açıq şəkildə taxması qadağan edilmişdir; o, vahid geyim formasına dair qaydaları alçaldıcı və təhqiredici hesab edirdi; bundan əlavə, dörd ay ərzində əmək haqqını itirməsi onun üçün əhəmiyyətli dərəcədə maliyyə çətinliyi yaratmışdı.
66. Birinci ərizəçi bildirmişdir ki, ölkə qanunvericiliyi İngiltərə məhkəmələri tərəfindən onun işində təfsir və tətbiq edildiyi qaydada onun 9-cu maddə ilə qorunan hüquqlarının lazımı müdafiəsini təmin etmir. Onun xaç taxmaqla inancını nümayiş etdirmək kimi tam səmimi və ortodoks istəyini həyata keçirməsi milli qanunvericiliklə müdafiə olunmamışdır. Buna səbəb kimi o göstərilmişdir ki, ərizəçi bunun müqəddəs yazının tələbi və ya dinə etiqadın geniş istifadə olunan nümayiş forması olduğunu sübut edə bilməmişdir. Bundan əlavə, milli qanunvericiliyin qrupun əlverişsiz vəziyyətinə əsaslanan testi hüquqi baxımdan qeyri-müəyyəndir və bu baxımdan əsassız nəticələrin yaranmasına yol açır. Məhkəmə heç zaman 9-cu maddə əsasında pozitiv öhdəliyin dövlətlərin üzərinə yalnız müstəsna hallarda qoyulmasını nəzərdə tutmamışdır və prinsip etibarı ilə bunun belə olması üçün də hər hansı bir səbəb yoxdur. Hazırkı işdə Birləşmiş Krallıq Hökuməti ərizəçi ilə eyni vəziyyətdə olan şəxslərin hüquqlarının qorunmasını təmin edə biləcək qanunvericiliyin qəbul olunmasını davamlı olaraq təmin edə bilməmişdir.
3. İkinci ərizəçi
67. İkinci ərizəçi bildirmişdir ki, xaçın və ya üzərində çarmıx olan xaçın açıq şəkildə taxılması xristianlığa ümumi tanınmış formada etiqadın bariz aspektlərindən biridir. Dinin “tələbləri” ilə “tələb olunmayan şeylər” arasında fərq qoyulması və yalnız “tələblərə” münasibətdə 9-cu maddənin müdafiəsinin tətbiqi düzgün deyil. Belə bir yanaşma müdafiə üçün həddi kifayət qədər yüksəyə qoyacaq və bu, yerli məhkəmələrin “R (Uotkins Sink) Aberdare Ali Məktəbinə qarşı” (R (Watkins Singh) v. Aberdare High School) (yuxarıda bax) və “Uilyamson” (Williamson) (yuxarıda bax)” işləri üzrə qərarları, eləcə də Avropa Məhkəməsinin “Xilaskar Ordunun Moskva Bölməsi Rusiyaya qarşı” (Moscow Branch of the Salvation Army v. Russia, no. 72881/01, ECHR 2006‑XI), “Yakobski Polşaya qarşı” (Jakóbski v. Poland, no. 18429/06, 7 December 2010) və “Bayatyan Ermənistana qarşı” (Bayatyan v. Armenia [GC], no. 23459/03, ECHR 2011) işləri üzrə qərarlarında əks olunmuş yanaşmaya uyğun gəlmir. Bundan əlavə, yalnız məcburi dini ayinlərin 9-cu maddənin müdafiəsi altına düşdüyü mövqeyində olmaq əməl edilməsi məcburi olan xüsusi qaydaları ehtiva edən dinlərin müdafiəsini daha yüksək səviyyədə, xristianlıq kimi belə qaydaları olmayan dinlərin müdafiəsini isə daha aşağı səviyyədə təmin edəcəkdir.
68. İkinci ərizəçi Hökumətin iş yerində xaçın üstünün örtülməsi və ya çıxarılması tələbinin dinə və ya əqidəyə etiqad hüququna müdaxilə olmadığına dair arqumentini mübahisələndirmişdir. Komissiya və Məhkəmənin əvvəlki presedent hüququ Hökumətin iddiasını təsdiq etmiş olsa da, təhsil müəssisələri və iş yerlərində dini əşyaların geyinilməsinə məhdudiyyətlərin qoyulması ilə bağlı ən son işlərdə Məhkəmə müdaxilənin olduğunu qət etmişdir (misal üçün bax: “Dahlab İsveçrəyə qarşı” (Dahlab v. Switzerland (dec.), no. 42393/98, ECHR 2001‑V); yuxarıda qeyd edilmiş “Leyla Şahin” işi; “Doqru Fransaya qarşı” (Dogru v. France, no. 27058/05, 4 December 2008)).
69. Nəhayət, ikinci ərizəçi müdaxilənin 9-cu maddənin 2-ci bəndinə görə əsaslı olmadığını bildirmişdir. Məhdudiyyətin güman edilən məqsədi yaşlı şəxslərlə çalışan zaman onlara xələl yetirmək riskinin azaldılması olsa da, xaçın taxılmasının sağlamlıq və təhlükəsizlik üçün problemlər yaratdığına dair Əmək Mübahisələri üzrə Tribunala hər hansı sübut təqdim olunmamışdır. İkinci ərizəçi daha sonra bildirmişdir ki, səhiyyə orqanlarının digər dinlərə etiqad edən şəxslərlə müqayisədə ona münasibətdə belə fərqli rəftara yol verməsi (bununla bağlı yuxarıda 55-ci bəndə bax) 9-cu maddə ilə birlikdə 14-cü maddənin pozulmasına səbəb olmuşdur.
4. Üçüncü ərizəçi
70. Üçüncü ərizəçi yalnız 9-cu maddə ilə bağlı deyil, həmin maddə ilə birlikdə 14-cü maddə əsasında şikayət etmişdir. Belə ki, o, dini əlamətlərə görə ayrı-seçkiliyə məruz qaldığını hesab etmişdir. O bildirmişdir ki, intizam məsuliyyətinə cəlb olunduğu hərəkətləri dinə etiqadın forması idi və tələbi 14-cü maddənin tətbiqi üçün tələb olunan həddə çatmış, yəni 9-cu maddənin tətbiqi dairəsinə düşmüşdür. O, daha sonra bildirmişdir ki, eyni cinsli cütlüklərin qeydiyyata alınmasına dini səbəblərə görə etiraz etməyən əməkdaşlarla müqayisədə ona fərqli münasibət göstərməməklə yerli hakimiyyət orqanı ona münasibətdə dolayı ayrı-seçkiliyə yol vermişdir. Yerli hakimiyyət orqanı onun dini baxışlarına uyğun ağlabatan tədbirlər görə bilərdi və onun daha az məhdudlaşdırıcı vasitələrə əl atmaqdan imtina etməsi 14 və 9-cu maddələrə mütənasib deyildi.
71. Üçüncü ərizəçi bildirmişdir ki, Məhkəmə dini zəmində ayrı-seçkiliyə haqq qazandırılması üçün “çox əsaslı səbəblər”in olmasını tələb etməlidir. İndiyə kimi Məhkəmə tərəfindən “çox əsaslı səbəblər”in olmasını tələb etdiyi ehtimal olunan kateqoriyalara gəlincə (cins, cinsi oriyentasiya, etnik mənşə və milliyyət), dini əqidə fərdin şəxsiyyətinin əsas aspektini təşkil edir. Bundan əlavə, irq, milliyyət və din çox zaman qarşılıqlı əlaqədə olur və Məhkəmə bunları birlikdə götürür (bax: “Sejdiç və Finsi Bosniya və Herseqovinaya qarşı” (Sejdić and Finci v. Bosnia and Herzegovina [GC], nos. 27996/06 and 34836/06, § 43, ECHR 2009) və “Kipr Türkiyəyə qarşı” (Cyprus v. Turkey [GC], no. 25781/94, § 309, ECHR 2001‑IV)).
72. Üçüncü ərizəçi qəbul etmişdir ki, yerli hakimiyyət orqanlarının nail olmaq istədikləri məqsəd, yəni cinsi oriyentasiyadan asılı olmayaraq xidmətlərin hamı üçün təmin olunması və ayrı-seçkiliyə yol verilməməsinə açıq şəkildə sadiqlik qanuni xarakter daşıyırdı. Lakin o hesab etmişdir ki, Hökumət bu məqsədlərlə onlara çatmaq üçün istifadə etdiyi vasitələr arasında ağlabatan mütənasiblik əlaqəsinin olduğunu sübut edə bilməmişdir. Ərizəçi vurğulamışdır ki, o, eyni cinsli cütlüklər arasında nikaha icazə verilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilənə qədər nikah qeydiyyat məmuru kimi işə götürülmüşdü və onun işə götürülməsi əsasları tam şəkildə dəyişilmişdir. Yerli hakimiyyət orqanının onu eyni cinsli cütlüklərin nikahlarını qeydiyyatdan keçirməyə təyin etməmək səlahiyyətinə malik idi və o, ərizəçinin dini səbəblərə görə etirazını nəzərə alaraq da səmərəli şəkildə eyni cinsli nikahların qeydiyyatının aparılması xidmətini göstərə bilərdi. Bu etiraz faktiki nikah hesab etdiyi bir institutun hüquqi statusunun yaradılmasında iştirakla bağlı idi. Ərizəçi homoseksuallara qarşı hər hansı mənfi fikir ifadə etməmişdir. Hər bir halda, yerli hakimiyyət orqanının ərizəçinin baxışlarını nəzərə alması onun inancına dəstək olması demək olmayacaqdı. Misal üçün, dövlət işə götürdüyü həkimlərə abortu yerinə yetirib-yetirməməkdə seçim imkanı verən zaman heç də onların baxışlarını dəstəkləmiş olmur. Əksinə, bu dövlət tərəfindən nümayiş etdirilən dözümlülükdür. Lakin hazırkı işdə yerli hakimiyyət orqanı onun neytrallıq vəzifəsini lazımı şəkildə nəzərə almamışdır. O, cinsi oriyentasiyaya görə ayrı-seçkiliyə yol vermədən xidmətlər göstərməklə dini zəmində öz işçilərinə qarşı ayrı-seçkiliyə yol verməmək arasında tarazlıq yarada bilməmişdir.
5. Dördüncü ərizəçi
73. Cənab Makfarleyn ümumilikdə din açıq şəkildə əxlaqi və seksual sərhədləri müəyyən etsə də, onun yəhudi-xristian seksual əxlaqına sadiqliyinin dinə etiqad forması olmadığına dair Hökumətin mövqeyi ilə razılaşmamışdır. O bildirmişdir ki, dini əqidəyə əsasən və ya ondan ilhamlanaraq edilmiş heç də hər hərəkətin müdafiə olunmadığına dair normalar köhnəlmiş xarakter daşıyır. Bu, söz azadlığı və ya şəxsi həyata hörmət hüququ kimi məhdudlaşdırılması mümkün olan Konvensiyada nəzərdə tutulmuş istənilən digər hüquqa da aiddir. Məhkəmə tərəfindən istifadə olunmuş lazımi standart ondan ibarət idi ki, fikir, vicdan və din azadlığına istənilən müdaxilə demokratik cəmiyyətdə zəruri olmalı və nail olunması istənilən qanuni məqsədə mütənasib gəlməlidir. Din azadlığı üzərində məhdudiyyətlərlə bağlı dövlətə verilən təqdir səlahiyyətini müəyyənləşdirən zaman Məhkəmə mübahisə predmetini, yəni demokratik cəmiyyət konsepsiyasına xas olan həqiqi dini plüralizmi qorumaq zərurətini nəzərə almalıdır. 9-cu maddənin təmin etdiyi müdafiə tədbirləri ümumi tanınmış formada inanc və ya etiqadın fərdi qaydada həyata keçirilməsini sadəcə müdafiə etməkdən kənara çıxmazsa, onun məzmunu boş xarakter daşıyacaq. Belə ki, bu məsələlər dövlətin özü tərəfindən müəyyən edilir.
74. Cənab Makfarleyn vurğulamışdır ki, işdən azad etmə və işgüzar nüfuza xələl gətirmə fərdə tətbiq edilməli olan ən sərt sanksiyalardan biridir və mümkün təqdir səlahiyyəti müəyyənləşdirilən zaman bu nəzərə alınmalıdır. Ərizəçi sözü gedən xidməti göstərməsi qanunla tələb olunmayan özəl şirkət tərəfindən işə götürülmüşdü. Homoseksual müştəriləri digər məsləhətçinin yanına göndərmək mümkün idi. Homoseksual davranışa əxlaqi baxımdan qarşı olmasına görə ərizəçidən işini və ya karyerasını dəyişdirməyi tələb etmək real deyildi. Bu, ayrı-seçkilik xarakteri daşıyan əsaslara görə işini itirən homoseksual şəxsdən tələb olunmayacaqdı.
6. Üçüncü tərəflər
75. Məhkəmənin Prosedur Qaydalarının 44-cü maddəsinin 2-ci bəndi və Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq ümumilikdə on iki tərəfə üçüncü tərəf kimi yazılı qeydlərini verməyə icazə verilmişdir (yuxarıda 5-ci bəndə bax).
76. Xaçın taxılmasının dini etiqadın bir forması hesab olunmasının mümkünlüyü barədə bir sıra üçüncü tərəflər rəylərini bildirmişlər. “Premier Christian Media Trust”, Çester şəhərinin yepiskopu doktor Peter Forster, Bləkbörn şəhərinin yepiskopu Nikolas Rieyd və yepiskop Maykl Nazir-Əli ifadələrində Məhkəmənin “Lautsi və Digərləri İtaliyaya qarşı” (Lautsi and Others v. Italy [GC], no. 30814/06, ECHR 2011 (extracts)) işi üzrə qərarına əlavə olaraq bildirmişdirlər ki, xaç hamı tərəfindən qəbul edilən xristian simvoludur və xristian dininə inamın “açıq-aşkar göstəricisidir”. Bundan əlavə, onlar Bərabərlik və İnsan Hüquqları Komissiyası, “Giuseppi Dossetti: i Valori” Assosiasiyası və Kliftondan olan Lord Kərinin fikirlərinə dəstək olaraq bildirmişlər ki, dini inancın nümayiş etdirilməsinin qiymətləndirilməsinə lazımı yanaşma subyektiv məsələdir. Onlar xüsusilə bildirmişlər ki, “məcburi tələb” ideyası kifayət qədər yüksəkdir və həddən çox sadədir. “Premier Christian Media Trust”, “Giuseppi Dossetti: i Valori” Assosiasiyası və yepiskop Maykl Nazir-Əli Məhkəməni dini əqidə və ya etiqadın düzgünlüyünün qiymətləndirməsinin dövlətin və ya işəgötürənin işi olmadığını qət etməyə dəvət etmişlər. Bərabərlik və İnsan Hüquqları Komissiyası tövsiyə etmişdir ki, Məhkəmənin son təcrübəsindən irəli gələn müvafiq testdə əsas diqqət etiqad ardıcılının inancına verilsin. Bunun əksinə, Milli Dünyəvi Cəmiyyət göstərmişdir ki, ölkə daxili məhkəmələr istənilən dini etiqadın “vicdanın göstərişi” və ya “sadəcə özünü ifadə etmək istəyi”ndən irəli gəldiyi məsələsi ilə bağlı müəyyən nəticələrə gəlmişdir. O, Avropa Məhkəməsinin bu nəticələrə müdaxilə etməyə son dərəcə meylsiz olmasını təklif etmişdir.
77. 9-cu maddəyə müdaxilənin nə zaman baş verəcəyi sualı ilə bağlı Bərabərlik və İnsan Hüquqları Komissiyası bildirmişdir ki, Birləşmiş Krallığın məhkəmələri faktiki olaraq dini eyniliyini tam müəyyən etmiş fərdlərlə dini və irqi eynilikləri birləşmiş fərdlər arasında müxtəlif səviyyədə müdafiə təmin edir (bax: “R (Uotkins-Sinqh) Aberdeə Ali Qızlar Məktəbinin İdarə Heyətinə qarşı” (R (Watkins-Singh) v. Governing Body of Aberdare Girls’ High School [2008] EWHC 1865 (Admin)). Bundan əlavə, onlar vurğulamışdırlar ki, müdaxilə məsələsində yalnız şəxsin seçimləri deyil (misal üçün konkret iş yerini seçmə), işəgötürənin hərəkətləri də nəzərə alınmalıdır. Üçüncü tərəf kimi çıxış edən bir sıra digərləri açıq şəkildə belə bir fikri irəli sürdülər ki, işçini iş yeri ilə inancı arasında ədalətsiz seçim etməyə məcbur etmək kifayət qədər səhv addımdır. Milli Dünyəvi Cəmiyyət məsələyə fərqli yanaşaraq vurğulamışdır ki, “istefa azadlığı vicdan azadlığının son təminatıdır”. Buna əsaslanaraq onlar belə bir fikri irəli sürmüşdürlər ki, dövlətin işçiləri vahid geyim forması və ya digər tələblərdən qorumaqla bağlı hər hansı pozitiv öhdəliyi yoxdur.
78. Üçüncü tərəf kimi çıxış edən bir sıra şəxslər (Avropa Hüquq və Ədalət Mərkəzi, doktor Yan Karnoqurksi və Alyans Müdafiə Fondu, Bərabərlik və İnsan Hüquqları Komissiyası, “Giuseppi Dossetti i Valori” Assosiasiyası, yepiskop Maykl Nazir-Əli, Lord Kəri, Klafam İnstitutu və KLM ) 9-cu maddədə nəzərdə tutulmuş hüquqa müdaxilənin mütənasibliyi və əsaslandırılması məsələsi ilə əlaqədar “ağlabatan həll” və ta Lord Kərinin qeyd etdiyi kimi “hörmətin qarşılıqlığı” konsepsiyasına istinad etmişlər. Onlar ümumi sözlərlə bildirmişlər ki, Məhkəmənin mütənasibliklə bağlı təhlili zamanı fərdin etiqad və ayinləri icrası ilə bağlı problemlərinin həlinin tapılması mümkünlüyü nəzərdə keçirilməlidir. Onlar vurğulamışdırlar ki, demokratik və plüralist cəmiyyətdə rəqabət aparan hüquqlar arasında müəyyən kompromisə gedilməsi zəruridir. Bu baxışa əsasən fərdin dini ayinləri yerinə yetirməsi xidmət üzrə vəzifələrinin icrasına mənfi təsir göstərmirsə və ya işəgötürənə həddən artıq təsir etmirsə, işdə həmin dini ayinlərin yerinə yetirilməsinə icazə verilməli və onlar qorunmalıdır. Bu baxımdan Alyans Müdafiə Fondu Məhkəmənin diqqətini ABŞ-ın məhkəmə təcrübəsinə cəlb etmişdir. Bu təcrübə dini etiqad və ayinlərin icrası ilə bağlı problemlərin ağlabatan həllinin tapılmasını tələb edir, bir şərtlə ki, bu həll işəgötürən üçün “həddən artıq” çətinlik yaratmasın. “Liberty” bildirmişdir ki, 9-cu maddədə nəzərdə tutulmuş hüquqların məhdudlaşdırılması üçün əsaslar nəzərdə keçirən zaman Razılığa Gələn Dövlətə “əhəmiyyətli” təqdir səlahiyyəti verilməlidir. Bu, Bərabərlik haqqında qanun layihəsinin Parlamentin palataları tərəfindən 2010-cu ildə qəbul edilməsinə diqqəti çəkən Milli Dünyəvi Cəmiyyət tərəfindən də təsdiq olunmuşdur. Qeyd olunmuşdur ki, bu proses vasitəsilə Birləşmiş Krallıq “əqidəsinə görə etiraz”ın mümkünlüyünü ətraflı şəkildə nəzərdən keçirmişdir. Onların dediklərinə görə tam müzakirələrdən sonra bu istisnanın yekun olaraq geri götürülməsi müvafiq təqdir səlahiyyətinin geniş olmalı olduğunu nümayiş etdirmişdir. Beynəlxalq Hüquqşünaslar Komissiyası, professor Robert Uintemyut, İnsan Hüquqları Liqalarının Beynəlxalq Federasiyası və İLGA-Avropa Məhkəmənin diqqətinə müqayisəli materialları çatdıraraq göstərmişdirlər ki, ayrı-seçkilik xarakterli qanunlara qanunla müəyyən edilmiş istisnalar müəyyən edildiyi təqdirdə fərdlərdən daha çox, dini təsisatlar və təşkilatlar üçün nəzərdən tutulur. “Liberty” üçüncü tərəf kimi çıxış edən digər tərəflərin mövqeyinin əksinə olaraq Məhkəməni mütənasiblik və problemlərin həlli kimi bağlı məsələlərə baxan zaman istənilən həllin digərlərinə təsirinin (xüsusilə, bu digərləri özləri azlıqda olduqda və /və ya əlverişsiz statusa malik olduqda) nəzərə alınmasının məcburiliyi barədə qərar qəbul etməyə dəvət etmişdir. Onlar bir az da irəli gedərək Məhkəməni zəruri və münasib olduğu təqdirdə 17-ci maddəni əsas kimi götürməyə dəvət etmişlər.
B. Məhkəmənin qiymətləndirməsi
1. Konvensiyanın 9-cu maddəsi ilə müəyyən edilən ümumi prinsiplər
79. Məhkəmə qeyd edir ki, 9-cu maddədə də qeyd edildiyi kimi fikir, vicdan və din azadlığı Konvensiyanın mənasında “demokratik cəmiyyətin” özüllərindən birini təşkil edir. Dini baxımdan o, möminlərin dinə mənsubiyyətini və həyat konsepsiyalarını müəyyənləşdirmələri nöqteyi-nəzərdən olduqca mühüm element olmaqla yanaşı, eyni zamanda ateistlər, aqnostiklər, skeptiklər və bu məsələyə etinasız yanaşanlar üçün də dəyərli sərvətdir. Plüralizm yüz illərlə əziyyət hesabına qazanılmış demokratik cəmiyyətdən ayrı tutula bilməz və ondan asılıdır (bax: “Kokkinakis Yunanıstana qarşı” (Kokkinakis v. Greece, 25 May 1993, § 31, Series A no. 260‑A)).
80. Dini azadlıq ilk növbədə fərdi fikir və vicdan məsələsidir. 9-cu maddənin birinci bəndində təsbit olunmuş hüququn bu aspekti – istənilən dinə etiqad etmək və dinini və ya etiqadını dəyişdirmək – mütləq və şərtsizdir. Lakin 9-cu maddənin 1-ci bəndində daha sonra təsbit olunduğu kimi din azadlığı eyni zamanda şəxsin tək və gizli şəkildə, yaxud da cəmiyyətdə və açıq şəkildə dininə etiqad etmək azadlığını da ehtiva edir. Dini etiqad ibadət, tədris etmə, ayinləri yerinə yetirmə və onlara əməl etmə formasında ola bilər. Sözlərdə və əməldə şahidlik etmək dini inancın mövcudluğu ilə bağlıdır (yuxarıda qeyd edilmiş “Kokkinakis” işi, 31-ci bənd və həmçinin “Leyla Şahin Türkiyəyə qarşı” (Leyla Şahin v. Turkey [GC], no. 44774/98, § 105, ECHR 2005‑XI)). Bir şəxsin dininə etiqad etməsi digərlərinə təsir edə bildiyi üçün Konvensiyanın layihəsini hazırlayanlar din azadlığının bu aspektini 9-cu maddənin 2-ci bəndində təsbit edildiyi qaydada nəzərdə tutmuşdurlar. İkinci bəndə görə istənilən şəxsin dininə və ya əqidəsinə etiqad etmək azadlığına münasibətdə tətbiq olunan istənilən məhdudiyyət qanunla nəzərdə tutulmalı və burada təsbit olunmuş qanuni məqsədlərdən birinə və bir neçəsinə nail olmağa yönəlməklə demokratik cəmiyyətdə zəruri olmalıdır.
81. Fikir, vicdan və din azadlığı hüququ müəyyən səviyyədə inandırıcılığı, ciddiliyi, birliyi və mühümlüyü əks etdirən baxışları ifadə edir (bax: “Bayatyan Ermənistana qarşı” (Bayatyan v. Armenia [GC], no. 23459/03, § 110, ECHR 2011); “Leela Förderkreis e.V. və Digərləri Almaniyaya qarşı” (Leela Förderkreis e.V. and Others v. Germany, no. 58911/00, § 80, 6 November 2008); “Yakobski Polşaya qarşı” (Jakóbski v. Poland, no. 18429/06, § 44, 7 December 2010)). Bu tələblərə əməl olunacağı təqdirdə dövlətin neytrallıq və qərəzsizlik vəzifəsi dövlət tərəfindən dini etiqadın və ya bu etiqadın ifadə yollarının qanuniliyinin qiymətləndirilməsi üçün səlahiyyətə malik olması ilə bir araya sığmır (bax: “Manussakis və Digərləri Yunanıstana qarşı” (Manoussakis and Others v. Greece, judgment of 26 September 1996, Reports 1996-IV, p. 1365, § 47); “Hasan və Çauş Bolqarıstana qarşı” (Hasan and Chaush v. Bulgaria [GC], no. 30985/96, § 78, ECHR 2000‑XI); “Refah Partisi və Digərləri Türkiyəyə qarşı” (Refah Partisi (the Welfare Party) and Others v. Turkey [GC], nos. 41340/98, 41342/98, 41343/98 and 41344/98, § 1, ECHR 2003-II)).
82. Hətta sözü gedən inanc tələb olunan inandırıcılıq və mühümlük səviyyəsinə çatdıqda belə, onun hər hansı bir yolla ruhlandırdığı, motiv verdiyi və ya təsir göstərdiyi hər bir hərəkətin inancın “nümayişi” olduğunu bildirmək mümkün deyildir. Belə ki, misal üçün, müvafiq inancı birbaşa ifadə etməyən və ya inancın ehkamları ilə yalnız uzaq əlaqəsi olan hərəkətlər və ya hərəkətsizlik 9-cu maddənin 1-ci bəndinin müdafiəsi altına düşmür (bax: “Skuqar və Digərləri Rusiyaya qarşı” (Skugar and Others v. Russia (dec.), no. 40010/04, 3 December 2009) və misal üçün, “Arrousmit Birləşmiş Krallığa qarşı” (Arrowsmith v. the United Kingdom, Commission’s report of 12 October 1978, Decisions and Reports 19, p. 5); “C Birləşmiş Krallığa qarşı” (C. v. the United Kingdom, Commission decision of 15 December 1983, DR 37, p. 142); “Zaui İsveçrəyə qarşı” (Zaoui v. Switzerland (dec.), no. 41615/98, 18 January 2001)). Sözü gedən hərəkət 9-cu maddənin mənasında “etiqad” hesab olunması üçün dinə və ya əqidəyə sıx şəkildə bağlı olmalıdır. Belə hərəkətə misal kimi ibadət və ya dualar çıxış edə bilər. Bu hərəkətlər ümumi tanınmış formada din və ya əqidəyə etiqadın bir hissəsidir. Lakin dinə və ya əqidəyə etiqad yalnız bu hərəkətlərlə məhdudlaşmır. Hərəkətlə əqidə arasında kifayət qədər yaxın və birbaşa əlaqənin olması hər bir işin faktlarından asılı olaraq müəyyən edilməlidir. Xüsusilə ərizəçinin sözü gedən dinin üzərinə qoyduğu vəzifənin icrası üçün hərəkət etdiyini sübut etməsi tələbi onun üzərinə qoyula bilməz (bax: “Çaare Şalom Ve Tsedek Fransaya qarşı” (Cha’are Shalom Ve Tsedek v. France [GC], no. 27417/95, §§ 73-74, ECHR 2000‑VII); yuxarıda qeyd edilmiş “Leyla Şahin” işi, 78-ci və 105-ci bəndlər; yuxarıda qeyd edilmiş “Bayatyan” işi, 111-ci bənd; yuxarıda qeyd edilmiş “Skuqar” işi; “Pişon və Saju Fransaya qarşı” (Pichon and Sajous v. France (dec.), no. 49853/99, Reports of Judgments and Decisions 2001-X)).
83. Hökumət və “R (Bequm) Denbay Ali Məktəbinin İdarə Heyətinin üzvlərinə qarşı” (yuxarıda 46-cı bəndə bax) işində Lord Binqəm doğru olaraq qeyd etmişdirlər ki, Məhkəmənin və Komissiyanın mövcud təcrübəsinə görə əgər şəxs din və ya əqidəsinə etiqad azadlığı üzərinə qoyulmuş məhdudiyyətdən yan keçə bilərsə, onun 9-cu maddənin 1-ci bəndi ilə nəzərdə tutulmuş hüququna müdaxilə edilməsi mümkün deyil və buna görə də məhdudiyyətin 9-cu maddənin 2-ci bəndinə əsasən əsaslandırılmasına zərurət qalmır. Misal üçün, yuxarıda qeyd edilmiş “Çaare Şalom Ve Tsedek” işində Məhkəmə qət etmişdir ki, “dinə etiqad azadlığına müdaxilə o zaman baş vermiş olacaq ki, qurbankəsmə mərasiminin qanunsuzluğu ultra-ortodoks yəhudilərin münasib saydıqları dini qaydalara əsasən kəsilmiş heyvanların ətini yeməsini qeyri-mümkün etsin”. Lakin bu nəticə onunla izah oluna bilər ki, Məhkəmənin qənaətinə görə bu işdə dini ayinlərin icrası və onlara əməl olunması qurbankəsmə mərasimində və sertifikasiya prosesində şəxsən iştirakdan daha çox qurban kimi kəsilmiş və dini diyetik qaydalara uyğunluğu təsdiq edilmiş heyvanların ətlərinin yeyilməsi ilə bağlı idi (80-ci və 82-ci bəndlərə bax). Bu işlə bağlı daha sonra bildirmək olar ki, işəgötürən tərəfindən işçinin dini ayinləri icra etməsi üzərinə qoyulan məhdudiyyətlərlə bağlı işlərdə Komissiya bir neçə qərarında qət etmişdir ki, iş yerindən istefa verilməsi və iş yerinin dəyişdirilməsi imkanının mövcudluğu o deməkdir ki, işçinin dini azadlığına hər hansı müdaxilə edilməmişdir (misal üçün bax: “Konttinen Finlandiyaya qarşı” (Konttinen v. Finland, Commission’s decision of 3 December 1996, Decisions and Reports 87-A, p. 68); “Stedmən Birləşmiş Krallığa qarşı” (Stedman v. the United Kingdom, Commission’s decision of 9 April 1997); müqayisə et, “Kosteski “keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı” (Kosteski v. “the former Yugoslav Republic of Macedonia”, no. 55170/00, § 39, 13 April 2006)). Lakin Məhkəmə fərdlərin Konvensiya ilə qorunan digər hüquqları, misal üçün 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyata hörmət edilməsi, 10-cu maddədə nəzərdə tutulmuş fikri ifadə etmək azadlığına hörmət edilməsi və ya 11-ci maddədə neqativ hüquq kimi nəzərdə tutulmuş həmkarlar ittifaqlarına qoşulmamaq kimi hüquqların həyata keçirilməsi nəticəsində onlara tətbiq edilmiş işlə bağlı sanksiyalara münasibətdə eyni yanaşmadan istifadə etməmişdir (misal üçün bax: “Smit və Qreydi Birləşmiş Krallığa qarşı” (Smith and Grady v. the United Kingdom, nos. 33985/96 and 33986/96, § 71, ECHR 1999‑VI); “Foqt Almaniyaya qarşı” (Vogt v. Germany, 26 September 1995, § 44, Series A no. 323); “Yanq, Ceyms və Uebster Birləşmiş Krallığa qarşı” (Young, James and Webster v. the United Kingdom, 13 August 1981, §§ 54-55, Series A no. 44)). Məhkəmə demokratik cəmiyyətdə din azadlığının əhəmiyyətini nəzərə alaraq hesab edir ki, şəxs iş yerində din azadlığına qoyulan məhdudiyyətdən şikayət edən zaman iş yerinin dəyişdirilməsi imkanının olmasının hüquqa istənilən müdaxilənin mümkünlüyünü aradan qaldırdığını qət etməkdənsə, həmin imkanın əhəmiyyətinə məhdudiyyətin mütənasib olub-olmadığını nəzərdən keçirən zaman ümumi tarazlığın mövcudluğu baxımından yanaşmaq daha düzgün olardı.
84. Mövcud presedent hüququna uyğun olaraq Məhkəmə müdaxilənin mümkünlüyü və onun hədləri barədə qərar qəbul edilməsində iştirakçı dövlətlərə müəyyən təqdir səlahiyyəti verir. Bu təqdir səlahiyyəti istər qanunvericiliyi, istərsə də onu tətbiq edən qərarları ehtiva edən Avropa nəzarət mexanizmi ilə birlikdə fəaliyyət göstərir. Məhkəmənin vəzifəsi milli səviyyədə görülmüş tədbirlərin mahiyyət etibarı ilə əsaslı və mütənasib olub-olmadığını müəyyən etməkdir (bax: yuxarıda qeyd edilmiş “Leyla Şahin” işi, 110-cu bənd; yuxarıda qeyd edilmiş “Bayatyan” işi, 121-122-ci bəndlər; yuxarıda qeyd edilmiş “Manussakis” işi, 44-cü bənd). Birinci və dördüncü ərizəçilərin işlərində olduğu kimi barəsində şikayət verilən hərəkətlər özəl şirkətlər tərəfindən edildiyi və buna görə də birbaşa cavabdeh dövlətə aid edilməsinin mümkün olmadığı hallarda Məhkəmə məsələlərə dövlət orqanlarının yurisdiksiyası altında olan şəxslərin 9-cu maddədə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi istiqamətindəki pozitiv öhdəliyi baxımından baxmalıdır (bax: mutatis mutandis, “Palomo Sançez və Digərləri İspaniyaya qarşı” (Palomo Sánchez and Others v. Spain [GC], nos. 28955/06, 28957/06, 28959/06 and 28964/06, §§ 58-61, ECHR 2011); həmçinin bax: “Otto-Preminger-Institut Avstriyaya qarşı” (Otto-Preminger-Institut v. Austria judgment of 25 November 1994, Series A no. 295, § 47)). Konvensiyada dövlətin pozitiv və neqativ öhdəlikləri arasında sərhəd dəqiq şəkildə müəyyən edilməsə də, bununla belə tətbiq olunan prinsiplər oxşardır. Hər iki kontekstdə diqqət xüsusilə fərd ilə ümumilikdə cəmiyyətin rəqabət aparan maraqları arasında ədalətli tarazlığın yaradılmasına verilməli və eyni zamanda hər bir halda dövlətin istifadə etdiyi təqdir səlahiyyəti də nəzərə alınmalıdır (yuxarıda qeyd edilmiş “Palomo Sançez və Digərləri” işi, 62-ci bənd).
2. Konvensiyanın 14-cü maddəsi ilə müəyyən edilən ümumi prinsiplər
85. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi müstəqil tətbiq olunmur. Belə ki, o, yalnız Konvensiya və onun Protokollarının digər maddi-hüquq normaları ilə təmin olunmuş hüquq və azadlıqlara münasibətdə qüvvəyə malikdir. Lakin 14-cü maddənin tətbiqi bu müddəalardan birinin və ya bir-neçəsinin pozulduğu barədə əvvəlcədən mühakimə yürütməyə imkan vermir və bu mənada o, müstəqil təbiətə malikdir. 14-cü maddənin tətbiq olunması üçün işin faktiki hallarının Konvensiya və ya onun Protokollarının digər maddi-hüquq normalarının əhatə dairəsinə düşməsi kifayətdir (misal üçün bax: “Tlimmenos Yunanıstana qarşı” (Thlimmenos v. Greece [GC], no. 34369/97, § 40, ECHR 2000‑IV)).
86. Məhkəmə presedent hüququnda təsbit etmişdir ki, yalnız müəyyən edilməsi mümkün olan xüsusiyyət və ya “status”a əsasən fərqli rəftar edilməsi 14-cü maddənin mənasında ayrı-seçkilik hesab oluna bilər (“Karson və Digərləri Birləşmiş Krallığa qarşı” (Carson and Others v. the United Kingdom [GC], no. 42184/05, § 61, ECHR 2010)). 14-cü maddənin mətnində “din” ayrı-seçkiliyin qadağan edilmə zəmini kimi xüsusi olaraq qeyd olunmuşdur.
87. Ümumiyyətlə 14-cü maddə əsasında məsələnin ortaya çıxması üçün analoji və ya nisbətən oxşar vəziyyətlərdə olan şəxslərlə rəftarda fərq olmalıdır (“Bödn Birləşmiş Krallığa qarşı” (Burden v. the United Kingdom [GC], no. 13378/05, § 60, ECHR 2008‑)). Lakin bu, 14-cü maddədə ayrı-seçkiliyin qadağan edilməsinin yeganə aspekti deyil. Konvensiyada nəzərdə tutulmuş hüquqlardan istifadə edən zaman ayrı-seçkiliyə məruz qalmamaq hüququ həmçinin o zaman pozulmuş sayılır ki, dövlətlər obyektiv və ağlabatan əsas olmadan vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olmayan şəxslərlə fərqli davrana bilmirlər (yuxarıda qeyd edilmiş “Tlimmenos” işi, 44-cü bənd; həmçinin bax: “D.H. və Digərləri Çex Respublikasına qarşı” (D.H. and Others v. the Czech Republic [GC], no. 57325/00, § 175, ECHR 2007); “Ranki və Uayt Birləşmiş Krallığa qarşı” (Runkee and White v. the United Kingdom, nos. 42949/98 and 53134/99, § 35, 10 May 2007)).
88. Nisbətən oxşar vəziyyətlərdə olan şəxslər arasındakı rəftarda fərqlilik və ya nisbətən fərqli vəziyyətlərdə olan şəxslərlə fərqli rəftar edə bilməmə obyektiv və ağlabatan əsası olmadığı təqdirdə, başqa sözlə, qanuni məqsədə nail olunmasına yönəlmədikdə və ya istifadə olunmuş vasitələrlə nail olunması istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi mövcud olmadıqda, ayrı-seçkilik xarakteri daşıyır. Razılığa Gələn Dövlətlər oxşar vəziyyətlərdəki fərqin fərqli rəftara haqq qazandırıb-qazandırmadığını və hansı həddə haqq qazandırdığını qiymətləndirərkən təqdir səlahiyyətindən istifadə edirlər (yuxarıda qeyd edilmiş “Bödn” işi, 60-cı bənd). Bu səlahiyyətin hüdudları işin hallarından, predmetindən və tarixçəsindən asılı olaraq dəyişir (yuxarıda qeyd edilmiş “Karson və Digərləri” işi, 61-ci bənd).
3. Yuxarıdakı prinsiplərin hazırkı işlərə tətbiqi
a. Birinci ərizəçi
89. Ölkə daxili məhkəmələrdə və Avropa Məhkəməsində işə baxılması zamanı xanım Eveydanın işdə xaçı açıq şəkildə taxmaqda təkid etməsinin xristian dininə inancını nümayiş etdirmək arzusundan irəli gəldiyi mübahisə predmeti olmamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş prinsipləri tətbiq edərək hesab edir ki, xanım Eveydanın davranışı dini əqidəyə ibadət, ayinlərin icrası və onlara əməl edilməsi formasında olan etiqad idi və buna görə də o, 9-cu maddənin müdafiəsi altına düşür.
90. Xanım Eveyda özəl şirkət olan Britaniya Hava Yolları tərəfindən işə götürülmüşdü. 2006-cı il 20 sentyabrda o, şirkətin vahid geyim forması qaydalarını pozmaqla taxdığı xaçın üzərinin örtülməsinə dair tələbi rədd etdiyi üçün işdən evə göndərilmişdi. Təxminən bir aydan bir qədər keçdikdən sonra ona vahid formanın geyinilməsinin tələb olunmadığı inzibati vəzifə təklif edilmişdir. Lakin o, bu təklifi qəbul etməməyi seçmiş və bunun əvəzində 2007-ci ilin 3 fevralına qədər əmək haqqı almadan evdə qalmışdır. Bu tarixdə isə Britaniya Hava Yolları vahid forma ilə bağlı qaydalarına dəyişiklik edərək ona xaçı açıq şəkildə taxmağa icazə vermişdir.
91. Məhkəmə hesab edir ki, Britaniya Hava Yollarının 2006-cı ilin sentyabrından 2007-ci ilin fevralına qədər ərizəçiyə xaçı açıq şəkildə taxaraq vəzifəsində qalmağa icazə verməməsi onun dinə etiqad etmək hüququna müdaxilə hesab olunur. Bu müdaxilə birbaşa dövlətə aid edilə bilmədiyindən Məhkəmə dövlət orqanlarının bütün hallarda 9-cu maddədə nəzərdə tutulmuş pozitiv öhdəliyinə əməl edib-etmədiyini araşdırmalıdır. Başqa sözlə, xanım Eveydanın azad şəkildə dinə etiqad etmək hüququnun ölkə daxili hüquq qaydasında kifayət qədər təmin olunub-olunmadığı və onun hüquqları ilə digərlərinin hüquqları arasında ədalətli tarazlığın yaradılıb-yaradılmadığı araşdırılmalıdır.
92. Razılığa Gələn Dövlətlərin böyük əksəriyyətində olduğu kimi (yuxarıda 47-ci bəndə bax) Birləşmiş Krallıqda da iş yerində dini paltarların və simvolların geyinilməsini tənzim edən hüquq norması mövcud deyil. Xanım Eveyda 2003-cü il Qaydalarının (yuxarıda 41-ci bəndə bax) 3-cü bəndinə zidd olaraq birbaşa və dolayı ayrı-seçkiliyə məruz qoyulduğu üçün vurulan ziyanın ödənilməsi ilə bağlı ölkə məhkəmələrinə müraciət etmişdir. Əmək Mübahisələri üzrə Tribunalda qəbul edilmişdir ki, onun Konvensiyanın 9-cu maddəsi əsasında hər hansı ayrı və ya müstəqil şəkildə irəli sürülən tələbə baxmaq səlahiyyəti yoxdur. Məhkəmə ərizəçinin 9-cu maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilənin olmadığını qət etsə də, o, işi Apellyasiya Məhkəməsinə qaldıra bilmişdir. Bununla belə xanım Eveydanın işinə yerli tribunallar və məhkəmələr tərəfindən baxılan zaman əsas diqqət ayrı-seçkilik xarakteri daşıyan rəftar barədə şikayətə yönəldilsə də, aydındır ki, vahid geyim forması qaydalarının qanuniliyi və Britaniya Hava Yolları tərəfindən xanım Eveyda barəsində görülmüş tədbirlərin mütənasibliyi ətraflı şəkildə araşdırılmışdır. Buna görə də Məhkəmə hesab edir ki, ölkə daxili qanunvericiliyə əsasən xüsusi müdafiənin təmin olunmaması öz-özlüyündə ərizəçinin iş yerində dini simvol taxmaqla dininə etiqad etməsi hüququnun kifayət qədər qorunmaması anlamına gəlmir.
93. Britaniya Hava Yolları tərəfindən vahid geyim forması qaydalarının həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərin mütənasibliyi məsələsinə baxan zaman bütün səviyyələrdə ölkə hakimləri razılaşmışdırlar ki, qaydaların məqsədi qanuni olmuşdur. Bu məqsəd şirkətin müəyyən imicinin yaradılması və onun xidmət nişanı və əməkdaşlarının tanıdılmasından ibarət olmuşdur. Əmək Mübahisələri üzrə Tribunal qaydalara əməl olunması tələbinin qeyri-mütənasib olduğu qənaətinə gəlmişdir. Çünki o, dini simvol kimi geyinilmiş əşyanı sırf dekorativ səbəblərə görə geyinilmiş zinət əşyasından fərqləndirə bilməmişdir. Bu qərar Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmişdir. Məhkəmə hesab etmişdir ki, Britaniya Hava Yollarının hərəkəti mütənasib olmuşdur. Bu nəticəyə gələn zaman Apellyasiya Məhkəməsi Əmək Mübahisələri üzrə Tribunal tərəfindən təsbit edilmiş işin faktiki halları, xüsusilə geyim qaydalarının bir neçə il ərzində qüvvədə olması və ərizəçi, eləcə də hər hansı digər əməkdaş üçün hər hansı məlum problemə səbəb olmadığını, xanım Eveydanın rəsmi olaraq şikayət etməsini, lakin sonra isə şikayət məktubuna baxılmasının nəticələrini gözləmədən xaç taxaraq işə gəlmək barədə qərar qəbul etməsini, şikayət daxil olduqdan sonra məsələyə Britaniya Hava Yolları tərəfindən vicdanla baxıldığını, bu zaman məsləhətləşmələrin keçirildiyini və bunun da nəticəsində geyim qaydalarının sadələşdirilərək görünən dini simvolların taxılmasına icazə verildiyini və xanım Eveydaya bu hadisələr zamanı eyni əmək haqqı ilə inzibati iş təklif olunduğunu və onun 2007-ci ilin fevralında əvvəlki işinə bərpa edildiyini əsas kimi götürmüşdür.
94. Məhkəmənin fikrincə aydındır ki, bu amillər birlikdə götürüldükdə ərizəçinin məruz qaldığı müdaxilənin hüdudlarını daraldır və onlar nəzərə alınmalıdır. Bundan əlavə, özəl şirkətin işçisi ilə bağlı gördüyü tədbirin mütənasibliyi müəyyənləşdirilən zaman milli hakimiyyət orqanları, xüsusilə məhkəmələr təqdir səlahiyyətləri çərçivəsində hərəkət edir. Bununla belə Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, hazırkı işdə ədalətli tarazlıq təmin olunmamışdır. Tərəzinin bir gözündə xanım Eveydanın dinə etiqadını nümayiş etdirmək arzusu idi. Əvvəl də qeyd edildiyi kimi bu əsas hüquqdur: belə ki, sağlam demokratik cəmiyyətdə plüralizm və rəngarəngliyə dözümlə yanaşılmalı və bu dəyərlər qorunmalıdır. Digər səbəb isə dini həyatının mərkəzi ehkamına çevirmiş fərdin inancını digərlərinə çatdırmaq imkanına malik olmasıdır. Tərəzinin digər gözündə işəgötürənin şirkətin müəyyən imicinin yaradılması arzusu idi. Məhkəmə hesab edir ki, bu məqsədin heç bir şübhə olmadan qanuni olmasına baxmayaraq, yerli məhkəmələr ona həddən çox üstünlük vermişdirlər. Xanım Eveydanın xaçı sadə olmuş və onun peşəkar görünüşünə təsir göstərə bilməzdi. Digər işçilər tərəfindən çalma və hicab kimi əvvəllər icazə verilmiş dini geyim dəstlərindən istifadənin Britaniya Hava Yollarının xidmət nişanına və ya imicinə mənfi təsiri barədə hər hansı sübut mövcud olmamışdır. Bundan əlavə, şirkətin vahid geyim forması qaydalarında dəyişiklik edərək dini simvolik zinət əşyalarının geyinilməsinə icazə verməsi imkanının olması əvvəllər qoyulmuş qadağanın mühüm əhəmiyyət kəsb etmədiyini göstərmişdir.
95. Buna görə də Məhkəmə belə bir nəticəyə gəlir ki, digərlərinin maraqlarına hər hansı real xələlin yetirilmədiyi bu halda yerli dövlət orqanları 9-cu maddədə nəzərdə tutulmuş pozitiv öhdəliyi pozaraq birinci ərizəçinin dininə etiqad etmək hüququnu kifayət qədər müdafiə edə bilməmişdir. Məhkəmə bu nəticəni nəzərə alaraq ərizəçinin 9-cu maddə ilə birlikdə 14-cü maddə əsasında verdiyi şikayətinin ayrıca araşdırılmasına ehtiyac olmadığını hesab edir.
b. İkinci ərizəçi
96. Xanım Çaplin də mömin xristiandır. O, 1971-ci ildə konfirmasiyadan sonra boğazına üzərində xaç olan boyunbağı taxırdı. Sözü gedən hadisələr baş verən zaman o, xəstəxananın qeriatrik palatasında tibb bacısı kimi çalışırdı. Bu palatada Səhiyyə Departamenti tərəfindən hazırlanmış təlimata uyğun olaraq vahid geyim forması qaydaları tətbiq olunurdu. Bu qaydalara uyğun olaraq, inter alia, “pasientlərə baxan zaman onlara xələl yetirilməsi riskini azaltmaq üçün hər hansı boyunbağı geyinilməsi”nə icazə verilmirdi. Dini və ya mədəni səbəblərə görə konkret əşya geyinmək istəyən istənilən əməkdaş bu məsələni ilk növbədə tabe olduğu müdir qarşısında qaldırmalı və müdir xahişi təmin etməkdən əsassız yerə imtina etməməli idi. 2007-ci ildə geyin formasına yeni jaket daxil oldu. Bu jaketdə əvvəlki boğazlıq V formalı boğazlıq ilə əvəz olundu. Bundan sonra ərizəçinin taxdığı xaç daha da görünməyə başladı və onun istər boyunun arxasında, istərsə də önündə ona toxunmaq mümkün idi. Ərizəçidən xaçı və boyunbağını çıxarmaq xahiş olunmuşdur. O, bundan imtina etdikdən sonra 2009-cu ilin noyabrında tibb bacısı işi ilə əlaqəsi olmayan başqa bir işə keçirilmiş, bu iş yeri isə 2010-cu ilin iyulunda ləğv edilmişdir. O, Əmək Mübahisələri üzrə Tribunala birbaşa və dolayı ayrı-seçkilik barədə şikayət vermişdir. Tribunal birbaşa ayrı-seçkilik barədə şikayəti rədd etmişdir. Belə ki, o qət etmişdir ki, ərizəçi dini səbəblərə görə başqa əşyalar geyinmək istəyən həmkarları ilə müqayisədə ona münasibətdə daha pis rəftar olunduğunu sübut edə bilməmişdir. O, eyni zamanda dolayı ayrı-seçkilik barədə iddiaları da rədd etmişdir. Tribunal qət etmişdir ki, səhiyyə orqanlarının qaydaları nail olunması arzulanan məqsədə mütənasib olmuşdur.
97. Xanım Eveydanın işində olduğu kimi və yuxarıda qeyd edilmiş ümumi prinsiplərə uyğun olaraq Məhkəmə hesab edir ki, ikinci ərizəçinin iş yerində xaç və boyunbağı geyinmək qətiyyəti onun dinə etiqad forması olmuşdur və səhiyyə orqanı tərəfindən xaçı taxmaqla tibb bacısı işində qalmağa icazə verilməməsi onun dinə etiqad azadlığına müdaxilə idi.
98. İkinci ərizəçinin işəgötürəni dövlət orqanı idi və Məhkəmə müdaxilənin 9-cu maddənin 2-ci bəndində təsbit olunmuş məqsədlərdən birinə nail olmağa yönəlməklə demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyənləşdirməlidir. Hazırkı işdə dini simvollar da daxil olmaqla zinət əşyalarının taxılmasına məhdudiyyət qoyulmasının səbəbinin tibb bacıları və pasientlərin sağlamlığı və təhlükəsizliyinin qorunması olduğu mübahisə doğurmur. Əmək Mübahisələri üzrə Tribunala təqdim olunan sübut ondan ibarət idi ki, ərizəçinin müdiriyyəti narahat pasientlərin boyunbağını tutaraq çəkmələri, beləliklə də özlərinə və ya ərizəçiyə xələl yetirmək, ya da xaçın qabağa hərəkət edərək açıq yaraya dəymək riskinin olduğunu hesab edirdilər. Eyni zamanda başqa bir xristian tibb bacısından xaçı və boyunbağını çıxarmasının xahiş olunduğunu sübut edən fakt da mövcud idi. İki sikh təriqətli tibb bacısına bilərzik və kirpanı gəzdirmələrinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda bədənə kip yapışmayan hicabın da geyinilməsi qadağan edilmişdi. Ərizəçiyə təklif olunmuşdur ki, xaçı broşka kimi geyimə sancılsın, ya da jaketin altından geyinilən paltarın altında gizlədilsin. Lakin o, bunun dini inancına əməl olunmaq baxımından qənaətbəxş olduğunu hesab etməmişdir.
99. Məhkəmə hesab edir ki, xanım Eveydanın işində olduğu kimi ikinci ərizəçinin xaçı açıq şəkildə taxmaqla dinə etiqadına icazə verilməsinin mühümlüyünə tarazlıq aparılan zaman daha böyük önəm verilməlidir. Lakin xaçın çıxarılması xahişinin səbəbi, yəni xəstəxanada sağlamlıq və təhlükəsizliyin qorunması xanım Eveydanın işindəki ilə müqayisədə daha böyük əhəmiyyət kəsb edirdi. Bundan əlavə, bu elə bir sahədir ki, burada yerli dövlət orqanlarına geniş təqdir səlahiyyəti verilməlidir. Xəstəxananın müdiriyyəti xəstəxanada təhlükəsizlik qaydaları barədə qərar qəbul etmək üçün məhkəmədən, xüsusilə hər hansı birbaşa sübuta malik olmayan beynəlxalq məhkəmədən daha yaxşı mövqeyə malikdir.
100. Buradan belə çıxır ki, Məhkəmə xanım Çaplinin barəsində şikayət etdiyi tədbirlərin qeyri-mütənasib olması barədə nəticəyə gələ bilməz. Yəni onun dinə etiqad etmək azadlığına müdaxilə demokratik cəmiyyətdə zəruri idi və ikinci ərizəçinin işində 9-cu maddənin tələbləri pozulmamışdır.
101. Bundan əlavə, Məhkəmə hesab edir ki, 9-cu maddə ilə birlikdə 14-cü maddə əsasında tədbirin mütənasibliyi qiymətləndirilən zaman önəm veriləsi amillər də oxşar olacaqdır və buna görə də onun bu işdə 14-cü maddənin pozulduğunu qət etməsi üçün hər hansı əsas yoxdur.
c. Üçüncü ərizəçi
102. Məhkəmə qeyd edir ki, üçüncü ərizəçi xristiandır və onun ortodoks xristian baxışlarına görə nikah bir kişi ilə bir qadın arasında ömürlük bağlanan ittifaqdır. O inanırdı ki, eyni cinsli cütlüklərin nikahı allahın iradəsinə ziddir və onun eyni cinsli cütlüklər arasında nikaha bərabər təsisatın yaradılmasında iştirakı yanlış addım olardı. O, eyni cinsli nikahların qeydiyyatı üzrə məmur vəzifəsinə təyin olunmaqdan imtina etdikdən sonra intizam icraatı başlanmışdır ki, bu da onun işini itirməsi ilə nəticələnmişdir.
103. Üçüncü ərizəçi yalnız 9-cu maddə əsasında şikayət etməmiş, əksinə, bildirmişdir ki, o, xristian dininə etiqad etdiyinə görə 9-cu maddə ilə birlikdə 14-cü maddənin müddəalarına zidd olaraq ayrı-seçkiliyə məruz qalmışdır. Məhkəməyə aydındır ki, ərizəçinin eyni cinsli nikahların yaradılmasında iştirakdan imtina etməsi birbaşa onun dini əqidəsindən irəli gəlirdi. Sözü gedən hadisələr 9-cu və 14-cü maddələrin əhatəsi dairəsinə düşür.
104. Məhkəmə hesab edir ki, hazırkı işdə müqayisə aparmaq üçün müvafiq şəxs kimi eyni cinsli nikahlara dini zəmində hər hansı etirazı olmayan qeydiyyat məmuru çıxış edir. O, ərizəçi ilə razılaşır ki, yerli hakimiyyət orqanının doğum, nikah və ölümün qeydiyyatı üzrə bütün məmurların həmçinin eyni cinsli nikahların qeydiyyatı üzrə məmur vəzifəsinə təyin olunmaları dini baxışları ilə bağlı məhz onun üçün xüsusilə mənfi nəticələr doğurmuşdur. Yerli hakimiyyət orqanının ərizəçi və onunla eyni vəziyyətdə olan digər şəxslər üçün hər hansı istisnaya yol verməmək barədə qərarının 14-cü maddənin tələblərinə zidd olaraq dolayı ayrı-seçkilik hesab oluna bilib-bilməyəcəyini müəyyənləşdirmək məqsədilə Məhkəmə bu qaydaların qanuni məqsədə yönəlib-yönəlmədiyini və mütənasib olub-olmadığını nəzərdən keçirməlidir.
105. Hazırkı işdə Apellyasiya Məhkəməsi qərara gəlmişdir ki, yerli hakimiyyət orqanının nail olunmasına çalışdığı məqsəd yalnız praktikliyi və səmərəliliyi baxımdan effektiv deyil, eyni zamanda “işəgötürən və dövlət orqanının tam şəkildə bərabər imkanlara təkan verdiyi və bütün işçilərindən digərlərinə münasibətdə ayrı-seçkiliyə yol verməməklə çalışmağın tələb olunduğu” ümumi siyasətə uyğun olan xidmət təmin etməkdən ibarət idi. Məhkəmə qeyd edir ki, 14-cü maddə ilə bağlı presedent hüququnda o qət etmişdir ki, cinsi oriyentasiyaya görə fərqli rəftara yol verilməsinə haqq qazandırmaq üçün xüsusilə ciddi səbəblər tələb olunur (misal üçün bax: “Karner Avstriyaya qarşı” (Karner v. Austria, no. 40016/98, § 37, ECHR 2003‑IX); yuxarıda qeyd edilmiş “Smit Qreydiyə qarşı”, 90-cı bənd; “Şalk və Kopf Avstriyaya qarşı” (Schalk and Kopf v. Austria, no. 30141/04, § 97, ECHR 2010)). O həmçinin qət etmişdir ki, hüquqi cəhətdən tanınmaq və münasibətlərinin müdafiəsi baxımından eyni cinsli cütlüklər müxtəlif cinsdən olan cütlüklərlə demək olar ki, oxşar vəziyyətlərdədirlər. Bu sahədə təcrübənin Avropada hələ də təkamüldə olduğuna baxmayaraq, Razılığa Gələn Dövlətlər bu məqsədə ölkə daxili hüquq qaydasında nail olunması yolları ilə bağlı geniş təqdir səlahiyyətinə malikdirlər (yuxarıda qeyd edilmiş “Şalk və Kopf” işi, 99-108-ci bəndlər). Bu, nəzərə alınarsa, yerli dövlət orqanının məqsədinin qanuni olduğunu söyləmək mümkündür.
106. İndi bu məqsədə çatmaq üçün istifadə olunmuş vasitələrin mütənasib olub-olmadığı müəyyən edilməlidir. Məhkəmə nəzərə alır ki, ərizəçi üçün nəticələr ciddi olmuşdur: dini əqidəsi güclü olduğundan o, eyni cinsli nikahların qeydiyyatı üzrə məmur vəzifəsinə təyin olunmaqdansa, intizam məsuliyyətinə cəlb olunmağı seçmiş və bunun da nəticəsində iş yerini itirmişdir. Bundan əlavə, əmək müqaviləsinin bağlanması zamanı ərizəçinin xüsusi olaraq eyni cinsli nikahların qeydiyyatında iştiraka etiraz etməklə dini əqidəsinə etiqad etmək hüququndan imtina etdiyi bildirmək mümkün deyil, belə ki, bu tələb işəgötürən tərəfindən daha sonralar irəli sürülmüşdür. Lakin digər tərəfdən yerli hakimiyyət orqanının apardığı siyasətin məqsədi digər şəxslərin Konvensiya ilə qorunan hüquqlarının təmin edilməsi olmuşdur. Məhkəmə əsasən Konvensiyada nəzərdə tutulmuş hüquqların rəqabətdə olması zamanı onlar arasında tarazlığın yaradılması məsələsində milli hakimiyyət orqanlarına geniş təqdir səlahiyyəti verir (misal üçün bax: “Evans Birləşmiş Krallığa qarşı” (Evans v. the United Kingdom [GC], no. 6339/05, § 77, ECHR 2007‑I)). Bütün hallarda Məhkəmə hesab edir ki, milli hakimiyyət orqanları, yəni işəgötürən qismində çıxış etmiş və intizam prosedurunu başlamış yerli hakimiyyət orqanı, eləcə də ərizəçinin ayrı-seçkiliklə bağlı tələbini rədd etmiş ölkə daxili məhkəmə orqanları onlara verilmiş təqdir səlahiyyətini aşmamışlar. Buna görə də üçüncü ərizəçi ilə bağlı 9-cu maddə ilə birlikdə 14-cü maddənin pozulduğunu qət etmək mümkün deyil.
d. Dördüncü ərizəçi
107. Cənab Marfarleynin əsas şikayəti 9-cu maddənin tələblərinin pozulması ilə bağlı olsa da, o, həmçinin 9-cu maddə ilə birlikdə 14-cü maddənin tələblərinin pozulmasından şikayət etmişdir. İşçilərindən eyni və müxtəlif cinslərdən olan cütlüklərə bərabər xidmətlərin təmin olunmasını tələb edən siyasət yürüdən özəl şirkət tərəfindən işə götürülmüş ərizəçi eyni cinsli cütlüklərlə psixo-seksual məsləhətləşmə aparmaqdan imtina etmiş və bunun da nəticəsində ona qarşı intizam icraatı qaldırılmışdır. Onun dolayı ayrı-seçkiliyə məruz qaldığı barədə şikayəti, inter alia, Əmək Mübahisələri üzrə Tribunal və Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalı tərəfindən təmin olunmamış və ona Apellyasiya Məhkəməsinə şikayət verməyə icazə verilməmişdir.
108. Məhkəmə cənab Makfarleynin etirazının birbaşa onun nikah və cinsi münasibətlər barədə ortodoks xristian etiqadından irəli gəldiyini qəbul edərək bildirir ki, onun eyni cinsli cütlüklərlə məsləhətləşmə aparmaqdan imtinası dinə və əqidəsinə etiqad kimi qəbul olunmalıdır. Dövlətin 9-cu maddəyə əsasən pozitiv öhdəliyi onun bu hüququnun təmin olunmasını tələb edirdi.
109. İndi dövlətin pozitiv öhdəliyinə əməl edib-etmədiyi və xüsusilə rəqabət aparan maraqlar arasında ədalətli tarazlıq yaradıb-yaratmadığı müəyyən edilməlidir (yuxarıda 84-cü bəndə bax). Məhkəmə məsələ ilə bağlı rəyini bildirən zaman ərizəçinin işinin itirilməsinin onun üçün ciddi nəticələrə səbəb olan ciddi sanksiya olduğunu nəzərə alır. Digər tərəfdən ərizəçi “Relate” təşkilatının Bərabər İmkanlar Siyasəti apardığını və cinsi oriyentasiyasına görə müştərilər arasında fərq qoyulmasının mümkün olmadığını bilərək könüllü şəkildə “Relate”in aspirantlar üçün psixo-seksual münasibətlərə dair məsləhətləşmə üzrə nəzərdə tutulmuş təlim proqramına qoşulmuşdur (yuxarıda 32-34-cü bəndlərə bax). Məhkəmə fərdin əmək müqaviləsi bağlamasının və dini əqidəsinə etiqad azadlığına təsir göstərəcəyini bilə-bilə üzərinə məsuliyyət götürməsinin 9-cu maddədə nəzərdə tutulmuş hüquqlara müdaxilənin olub-olmadığı məsələsinin müəyyən edilməsi zamanı həlledici əhəmiyyətə malik olduğunu hesab etməsə də, bu, ədalətli tarazlığın təmin olunub-olunmadığının qiymətləndirilməsi zamanı önəm veriləsi məsələdir (yuxarıda 83-cü bəndə bax). Lakin Məhkəmə üçün nəzərə alınası ən mühüm amil odur ki, işəgötürənin hərəkəti ayrı-seçkilik salmadan xidmətlər göstərmək siyasətinin həyata keçirilməsinin təmin olunması məqsədi daşıyırdı. Buna görə də dövlət orqanları cənab Makfarleynin dini əqidəsinə etiqad etmək hüququ ilə işəgötürənin digərlərinin hüquqlarının təmin olunmasındakı marağı arasında tarazlığın necə yaradılması barədə qərar qəbul edən zaman geniş təqdir səlahiyyətindən istifadə etmişdir. Bütün hallarda Məhkəmə hazırkı işdə bu təqdir səlahiyyətinin aşılmadığı qənaətindədir.
110. Sonda Məhkəmə hesab edir ki, ölkə daxili məhkəmələr tərəfindən cənab Makfarleynin şikayətlərinin təmin olunmasından imtina edilməsi ayrılıqda 9-cu maddə, eyni zamanda 9-cu maddə ilə birlikdə 14-cü maddənin pozulmasına səbəb olmamışdır.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
111. Konvensiyanın 41-ci maddəsində qeyd edilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ təzminatın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli kompensasiyanın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
112. Xanım Eveyda əldən buraxılmış gəlirə görə 3906,69 Böyük Britaniya funtunun və bu gəlirdən faizlərin ona kompensasiya kimi ödənilməsini tələb etmişdir. O, həmçinin hissələrinə yetirilmiş xələlə görə mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Dövlət ölkə daxili adekvat hüquq müdafiə vasitəsi təmin etmədiyindən, ona qarşı uzun müddət ərzində ayrı-seçkilik edilmişdir və buna görə də ona ölkə daxilində 30000 Böyük Britaniya funtu məbləğində kompensasiya ödənilməlidir.
113. Hökumət bildirmişdir ki, Britaniya Hava Yolları xanım Eveydanın şikayətindən qısa bir müddət sonra vahid geyim forması qaydalarına yenidən baxaraq onda dəyişiklik etdiyindən tələb olunan məbləğlər həddindən artıqdır və pozuntu faktının müəyyən edilməsi qənaətbəxş ədalətli kompensasiya kimi çıxış edəcəkdir.
114. Məhkəmə xanım Eveydanın işində tətbiq edilmiş ölkə daxili qanunvericiliyin onun dininə etiqad etmək hüququ ilə digərlərinin hüquq və maraqları arasında düzgün tarazlıq yaratmadığı üçün ərizəçiyə münasibətdə pozuntunun baş verdiyini təsbit etmişdir. Lakin Məhkəmə hesab edir ki, işdə olan sübutlar xanım Eveydanın bu pozuntu nəticəsində maddi itkilərə məruz qaldığı barədə iddialarını təsdiq etmir. Onun işdə xaçı açıq şəkildə taxmasına 2006-cı ilin 20 sentyabr tarixində icazə verilməmiş və o, 2007-ci ilin fevralında Britaniya Hava Yollarının mövqeyi dəyişilənə qədər maaş almadan evə gedərək işə qayıtmamaq barədə qərar qəbul etmişdir. 2006-cı ilin 23 oktyabrında ona şikayətinə baxılana qədər əvvəlki əmək haqqı saxlanılmaqla vahid geyim formasının tələb olunmadığı inzibati iş təklif olunmuş, lakin o, bu təklifi qəbul etməmişdir. Bundan əlavə, Əmək Mübahisələri üzrə Tribunal qərarında qeyd etmişdir ki, prosesdə iştirak edən hər iki tərəf razılaşmışdır ki, ərizəçi 2006-cı ilin sentyabrından 2007-ci ilin fevralına qədər itirdiyi gəlirdən iki dəfədən də çox qazanc əldə etmişdir. Bu qazancın bir hissəsi hədiyyə və maddi yardımlar, digəri hissəsi isə başqa mənbələrdən daxil olan gəlir formasında olmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh dövlətdən xanım Eveydaya əldən buraxılmış gəlirə görə kompensasiya verilməsi tələb oluna bilməz. Lakin Məhkəmə hesab edir ki, ərizəçinin dini əqidəsinə etiqad etmək hüququnun pozulması onun kifayət qədər narahatçılıq, məyusluq və iztirab keçirməsinə səbəb olmuşdur. Buna görə də Məhkəmə ərizəçiyə vurulmuş mənəvi ziyana görə 2000 avro məbləğində kompensasiyanın ödənilməsini qət edir.
...
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
...
3. Beş səs lehinə, iki səs əleyhinə olmaqla qərara alır ki, birinci ərizəçiyə münasibətdə Konvensiyanın 9-cu maddəsi pozulmuşdur və onun 9-cu maddə ilə birlikdə 14-cü maddənin pozulmasına dair şikayətinə ayrıca baxılmasına zərurət yoxdur;
4. Yekdilliklə qərara alır ki, ikinci ərizəçiyə münasibətdə ayrılıqda 9-cu maddənin və 14-cü maddə ilə birlikdə götürüldükdə 9-cu maddənin pozuntusuna yol verilməmişdir;
5. Beş səs lehinə, iki səs əleyhinə olmaqla qərara alır ki, üçüncü ərizəçiyə münasibətdə 9-cu maddə ilə birlikdə götürüldükdə 14-cü maddənin pozuntusuna yol verilməmişdir;
6. Yekdilliklə qərara alır ki, dördüncü ərizəçiyə münasibətdə ayrılıqda 9-cu maddənin və 14-cü maddə ilə birlikdə götürüldükdə 9-cu maddənin pozuntusuna yol verilməmişdir;
7. Beş səs lehinə, iki səs əleyhinə olmaqla qərara alır ki, cavabdeh dövlət bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qüvvəyə minməsində sonra üç ay ərzində birinci ərizəçiyə vurulmuş mənəvi ziyana görə, ödənilməli olan vergilər də daxil olmaqla, 2000 avro (iki min avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq funt sterlinqdə ödəməlidir və yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir.
...
9. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Məhkəmənin prosedur qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq qərar 2013-cü il 15 yanvar tarixində ingilis dilində tərtib edilmiş və tərəflərə bu barədə yazılı bildiriş göndərilmişdir.
Lorens ÖrliDavid Tor Byorqvinson
Bölmə katibi Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmənin Prosedur Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq hakimlər Bratza və David Tor Byorqvinsonun və hakimlər Vuçiniç və De Qaetanonun rəyləri bu qərara əlavə edilir[1].
DTB
TLE
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy