İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
FABER FİRM VƏ CƏFƏROV AZƏRBAYCANA QARŞI
(Şikayət № 3365/08)
Q Ə R A R
STRASBURQ
25 noyabr 2010-cu il
Faber firm və Cəfərov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Nina Vajiç, Sədr,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens,
Qeorqe Nikolau, hakimlər,
və Andre Uampaş, Bölmə Katibinin müavini,
04 noyabr 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Bakıda yerləşən Faber Firm şirkətinin (“ərizəçi şirkət”) və Azərbaycan Respublikasının vətəndaşı olan cənab Sabir Cəfərovun («ərizəçi»), birlikdə “ərizəçilər” kimi istinad olunur, Azərbaycana qarşı verdikləri şikayət üzrə (№ 3365/08) iş 08 yanvar 2008-ci ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən cənab İ.Əliyev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçilər, xüsusən iddia etdilər ki, 12 oktyabr 2005-ci il tarixli qətnamənin icra olunmaması onların Konvensiyanın 6-cı və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozmuşdur.
4. Bölmənin Sədri 27 avqust 2008-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
5. Ərizəçi cənab Sabir Cəfərov 1958-ci ildə anadan olmuşdur və Azərbaycanda yaşayır. O, Bakıda qeydiyyatdan keçmiş şirkətin yeganə təsisçisi və direktorudur. O, hazırkı şikayəti özünün və ərizəçi şirkətin adından təqdim etmişdir.
6. Bakı şəhəri İcra Hakimiyyətinin (“BŞİH”) 24 iyul 2000-ci il tarixli sərəncamı ilə ərizəçi şirkətə avtomobil salonunun inşası üçün Bakıda yerləşən 400 kv.m.-lik torpaq sahəsi ayrılmışdır. 13 aprel 2002-ci ildə ərizəçi şirkət qırx doqquz il ərzində torpaq sahəsindən istifadə üçün BŞİH ilə icarə müqaviləsi bağlamışdır.
7. İş materiallarından görünür ki, səlahiyyətli orqanlardan müvafiq tikinti icazəsini aldıqdan sonra ərizəçi şirkət sözügedən torpaq sahəsi üzərində tikinti işlərinə başlamışdır. Lakin 2002-ci ilin avqustunda BŞİH ərizəçi şirkətdən tikinti işlərini dayandırmağı tələb etmişdir. 02 yanvar 2003-cü il tarixli sərəncamla BŞİH özünün 24 iyul 2000-ci il tarixli sərəncamını ləğv etmiş və göstəriş vermişdir ki, bu ana qədər aparılmış bütün tikinti işləri sökülsün.
8. Qeyri-müəyyən tarixdə ərizəçi şirkət BŞİH-ə qarşı iddia qaldıraraq, 02 yanvar 2003-cü il tarixli sərəncamın ləğv olunmasını tələb etmişdir. Ərizəçi şirkət, həmçinin torpaq sahəsində artıq inşa olunmuş tikililərin sökülməsi üçün maddi və mənəvi zərərə görə kompensasiya tələb etmişdir.
9. 10 avqust 2005-ci ildə 1 saylı Yerli İqtisad Məhkəməsi ərizəçi şirkətin tələbini qismən təmin edən qətnamə qəbul etmişdir. Məhkəmə qərara alıb ki, BŞİH-in 02 yanvar 2003-cü il tarixli sərəncamı qanunsuz olmuş və ərizəçi şirkətin torpaq sahəsindən istifadə hüququ bərpa olunmalıdır. Bundan başqa, məhkəmə mənəvi zərəri araşdırmayaraq, maddi zərər üçün ərizəçi şirkətə 104.822.212 köhnə Azərbaycan manatı (AZM) kompensasiya təyin etmişdir. Bu qətnamədən hər iki tərəf şikayət vermişdir.
10. 12 oktyabr 2005-ci ildə İqtisad Məhkəməsi (apellyasiya instansiyası kimi) mahiyyəti üzrə yeni qətnamə qəbul etmişdir. İqtisad Məhkəməsi BŞİH-in 02 yanvar 2003-cü il tarixli sərəncamının qanunsuzluğu barədə aşağı məhkəmənin qətnaməsini qüvvədə saxlamış, lakin maddi zərər daxil olmaqla, ərizəçi şirkətin digər tələblərini rədd etmişdir.
11. 23 dekabr 2005-ci ildə Ali Məhkəmə İqtisad Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyini qeyd etmişdir.
12. İş materiallarından görünür ki, ərizəçi şirkətin bir neçə tələblərinə və icra vərəqəsinin BŞİH-ə göndərilməsinə baxmayaraq, onun torpaq sahəsindən istifadə hüququ bərpa olunmamışdır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN VƏ 1 SAYLI
PROTOKOLUN 1-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
13. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən, ərizəçilər 1 saylı Yerli İqtisad Məhkəməsinin 12 oktyabr 2005-ci il tarixli qətnaməsinin icra olunmamasından şikayət etmişlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir».
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
A. Şikayətin məqbuliyyəti
14. Hökumət iddia edib ki, ərizəçilər daxili vasitələri tükətməmişlər. Xüsusən, Hökumət bildirib ki, ərizəçilər 12 oktyabr 2005-ci il tarixli qətnamənin icra olunmamasını daxili məhkəmələrdə mübahisələndirə bilərdilər. Bununla bağlı, Hökumət bildirib ki, ərizəçilər müvafiq Məhkəmə İcraçıları Şöbəsinə qarşı hər hansı iddia qaldırmamışlar.
15. Ərizəçilər Hökumətlə razılaşmamış və şikayətlərini təkrar etmişlər.
16. Məhkəmə qeyd edir ki, əvvəllər də buna oxşar etiraz irəli sürülmüş (baxın, məsələn, Mirzəyev Azərbaycana qarşı, № 50187/06, §§ 24-28, 03 dekabr 2009-cu il), lakin rədd olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan iş üzrə hüquqi mövqeyinə əsaslanır və ondan kənara çıxmaq üçün heç bir səbəb görmədiyini qeyd edir. Bu səbəbdən, Hökumətin etirazı rədd edilməlidir.
17. Bundan başqa, Məhkəmə qeyd edir ki, şikayət hər hansı bir digər əsasla qeyri-məqbul və ya Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Bu səbəbdən, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
Tərəflərin dəlilləri
18. Hökumət qəbul edib ki, daxili məhkəmələr torpaq sahəsi üzərində ərizəçi şirkətin hüquqlarını tanımışlar. Lakin onlar iddia ediblər ki, torpaq sahəsi əhəmiyyətli magistral (yeni) yolun ətrafında olan təhlükəsizlik zonası daxilində yerləşdiyi üçün fərdi şəxlər tərəfindən istifadə oluna bilməz. Daha sonra Hökumət bildirib ki, BŞİH iki məktubla Məhkəmə İcraçıları Şöbəsini və ərizəçiləri ərizəçi şirkətin torpaq sahəsi üzərində hüquqlarının bərpa olunmasının mümkünsüzlüyü barədə məlumatlandırmış və buna görə, ərizəçilərə Bakıda başqa torpaq sahəsi ayırmağı təklif etmişdir. Hökumətə görə, ərizəçilər təklif olunmuş torpaq sahəsini qəbul etməyi rədd etmişlər.
19. Ərizəçilər şikayətlərini təkrarlamaqla, 12 oktyabr 2005-ci il tarixli qətnamənin icra olunmamasının onların ədalətli məhkəmə araşdırılması və mülkiyyətdən maneəsiz istifadə hüquqlarının pozulmasını təşkil etdiyini bildirmişlər. Onlar Hökumətin BŞİH-in digər torpaq sahəsi təklifi barədəki dəlilinə şərh verməmişlər.
Məhkəmənin qiymətləndirməsi
(a) Konvensiyanın 6-cı maddəsi
20. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Təbii ki, 6-cı maddənin 1-ci bəndinin məhkəmə qərarlarının icrasını təmin etmədən tərəflərə hər hansı prosessual təminatlar (ədalətli, açıq və sürətli məhkəmə baxışı) verməsini təsəvvür etmək mümkün deyil. 6-cı maddənin yalnız “məhkəməyə çıxış” və “məhkəmə prosesinin aparılması” prinsipləri ilə əlaqələndirilərək şərh olunması Razılığa Gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən öz öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinin düzgün tətbiq olunmaması ilə nəticələnə bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-II).
21. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçilərin xeyrinə olan qətnamənin icra edilməməsi onları mülkiyyət hüquqları ilə bağlı məhkəmə işində qalibiyyətlərindən faydalanmaq hüququndan məhrum etmişdir.
22. Hökumətə görə, bu gecikdirmə magistral yolu əhatə edən təhlükəsizlik zonasında yerləşən torpaq sahəsinə daxil olmanın mümkünsüzlüyü ilə əsaslandırılır. Məhkəmə bu dəlili ərizəçilərin xeyrinə olan qətnamənin icra olunmamasının əsaslandırılması üçün kifayətedici səbəb kimi qəbul edə bilməz, əsasən ona görə ki, bu məsələ daxili məhkəmələrdə müzakirə olunmamış və milli dövlət orqanlarını əvəz etmək və sözügedən dəlilin müvafiqliyini qiymətləndirmək Məhkəmənin səlahiyyətinə aid deyildir. Bundan başqa, Hökumət bildirib ki, ərizəçilər yeni torpaq sahəsi barədə BŞİH-in təklifini qəbul etməmişlər. Lakin Məhkəmə qeyd edir ki, BŞİH-in məktubları ərizəçilərə yeni torpaq sahəsi ayrılmasının mümkünlüyünə aid olmaqla, belə yeni torpaq sahəsinə dair hər hansı spesifik məlumatları əks etdirmir. Digər tərəfdən, iş materiallarında bu məktubların ərizəçilər tərəfindən alındığına dair hər hansı sənəd yoxdur. Məhkəmə qeyd edir ki, Hökumət sözügedən qətnamənin icrasını tez həyata keçirməyin qarşısını alan obyektiv maneənin mövcudluğu və ya qətnamənin icra olunmamasının ərizəçilər üzərində mənfi nəticələrinin azaldılması üçün onlar tərəfindən hər hansı qaneedici həll yolunun axtarılmasına səy göstərilməsi haqqında heç bir inandırıcı sübut təqdim etməmişdir.
23. Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçilərin xeyrinə olan qanuni qüvvəyə minmiş qətnamənin icrası üçün bir çox illər ərzində hər hansı addım atmamaqla, dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini bütün səmərəli təsirdən məhrum etmişlər. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
(b) 1 saylı Protokolun 1-ci maddəsi
24. Məhkəmə xatırladır ki, məcburi olmaq üçün kifayət qədər müəyyən edildiyi halda, «tələb» 1 saylı Protokolun 1-ci maddəsinin mənasında «mülkiyyəti» təşkil edə bilər (baxın, Stran Qrik Refineris və Stratis Andreadis Yunanıstana qarşı, 09 dekabr 1994-cü il, § 59, A Seriyaları, № 301-B). Məhkəmə hesab edir ki, 12 oktyabr 2005-ci il tarixli qətnamə əsasında ərizəçilərin tələbi 1 saylı Protokolun 1-ci maddəsinin mənasında “mülkiyyəti” təşkil etmək üçün kifayət qədər müəyyən olunmuşdur. 12 oktyabr 2005-ci il tarixli qətnamənin icrasına nail olmağın mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsində göstərildiyi kimi onların mülkiyyətdən maneəsiz istifadə hüquqlarına müdaxiləni təşkil edir (baxın, yuxarıda qeyd olunmuş Burdov, § 40 və Casiuniene Litvaya qarşı, 41510/98, § 45, 07 mart 2003-cü il).
25. Müvafiq olaraq, iş üzrə 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
51. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
A. Zərər
Maddi zərər
27. Ərizəçilər maddi zərərə görə 143.135,5 yeni Azərbaycan manatı (AZN) tələb etmişlər. Bu məbləğə torpaq sahəsində ilkin tikinti işlərinə aid xərclər (5.000 AZN), ərizəçilərin torpaq sahəsində sonrakı tikinti işləri üçün zəruri olan kreditlə bağlı banka ödədikləri məbləğ (112.831,24 AZN), icarə haqqı kimi BŞİH-ə ödədikləri məbləğ, müxtəlif inzibati formallıqlar üçün müvafiq dövlət orqanlarına ödənişləri daxil etdirən məbləğ (8.717,43 AZN) və torpaq sahəsindən istifadə edə bilmədiyi və üzləşdiyi maddi itkilər üçün narahatlıq və əsəbləşməsi səbəbindən ərizəçinin tibbi müalicəsinə xərclənməsi iddia olunan məbləğ (16.586,63 AZN) daxildir.
28. Hökumət tələbi mübahisələndirərək, ərizəçilərin öz iddialarını əsaslandırmadıqlarını bildirmişdir. Xüsusən, Hökumət bildirib ki, ərizəçilər torpaq sahəsi üzərində ilkin tikinti işlərinə aid xərclər üçün hər hansı sübut təqdim etməmişlər. Onlar daha sonra bildirdilər ki, kredit müqaviləsi ilə bağlı banka və müxtəlif dövlət orqanlarına ödəniş qəbzləri ərizəçilərin iddia etdiyi kimi bu kreditin və ödənişlərin məqsədini sübut etmir. Daha sonra Hökumət bildirib ki, icarə haqqı və inzibati formallıqlara aid digər ödənişlər ərizəçilərin müqavilə öhdəlikləridir və maddi zərər kimi qiymətləndirilə bilməz. Tibbi xərclərə aid ərizəçinin tələbinə gəldikdə, Hökumət bildirib ki, bu tələblə ərizəçilərin hüquqlarının pozuntusunun müəyyən edilməsi arasında səbəbli əlaqə yoxdur.
29. Məhkəmə hesab edir ki, ərizəçilər torpaq sahəsi üzərində həyata keçirilmiş tikinti işlərinə aid iddia olunan xərclər üçün məbləği təsdiq edən sənədli sübut təqdim etməmişlər. Qalan tələblərə gəldikdə, iddia olunan maddi itki ilə müəyyən olunmuş pozuntu arasında səbəbli əlaqə yoxdur. Buna görə. Məhkəmə ərizəçilərin maddi zərərə aid tələblərini rədd edir.
2. Mənəvi zərər
30. Ərizəçilər mənəvi zərərə görə 10.000 EUR kompensasiya tələb etmişlər.
31. Hökumət bu məbləği əsassız və həddən artıq hesab edib və bildirib ki, Konvensiya pozuntusunun müəyyən olunması özlüyündə kifayətedici kompensasiyanı təşkil edir.
32. Məhkəmə hesab edir ki, xeyrinə olan yekun qətnamənin davamlı icra olunmaması nəticəsində ərizəçilərə mənəvi zərərin vurulması mümkündür. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 4.800 avro məbləğində kompensasiya təyin edir.
33. Bundan başqa, Məhkəmə hesab edir ki, 12 oktyabr 2003-cü il tarixli qətnamənin qüvvədə qalmasını nəzərə alaraq, onun icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Müvafiq olaraq, ərizəçilər bu qətnamənin icrasına nail olmaq hüququna hələ malikdirlər. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən uyğun forması ondan ibarətdir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin nəzərə alınmaması baş vermədiyi halda, olacağı vəziyyətə mümkün qədər yaxınlaşdırılsın (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 85, s. 16, § 12). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq ediləndir. Buna görə, o hesab edir ki, Hökumət zəruri tədbirlərlə 12 oktyabr 2003-cü il tarixli qətnamənin icrasını təmin etməlidir.
B. Xərc və məsrəflər
34. Ərizəçilər, həmçinin hüquqi və tərcümə xidmətləri üçün 2.250 AZN (1.750 AZN hüquqi və 500 AZN tərcümə xidmətləri) və poçt məsrəfləri üçün 300 AZN tələb etmişlər. Tələblərinin əsası kimi onlar Məhkəmə qarşısında hüquqi və tərcümə xidmətləri üçün müqavilələri təqdim ediblər. Hər iki müqaviləyə görə, Məhkəmə ərizəçinin hüquqlarının pozulmasını müəyyən etdiyi halda, müvafiq məbləğlər ödənilməlidir.
34. Hökumət işin mahiyyəti və həcminə istinadən bu tələbi hüquqi və tərcümə xidmətlərinə aid həddən artıq kimi qiymətləndirib. Poçt xidmətlərinə gəldikdə, Hökumət bildirib ki, tələbin bu hissəsi hər hansı sübutla təsdiq olunmayıb. Hökumət tələbin 650 AZN-dək hissəsini qəbul etməyə hazır olduğunu bildirib.
35. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə malik olduğu məlumatları və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, bütün məsələləri əhatə edən 1.500 EUR kompensasiya məbləği təyin edir.
C. Faiz dərəcəsi
36. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Şikayəti məqbul elan edir;
İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;
İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır;
Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qərarın qəti olduğu tarixdən üç ay müddətində cavabdeh Hökumət lazımi vasitələrlə daxili məhkəmənin 12 oktyabr 2005-ci il tarixli qətnaməsinin icrasını təmin etməlidir;
5. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə 4.800 EUR (dörd min səkkiz yüz avro) və xərc və məsrəflərə görə 1.500 EUR (bir min beş yüz avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
6. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 25 noyabr 2010-cu ildə göndərilib.
Andre Uampaş Nina Vajiç
Katibin müavini Sədr
Full & Egal Universal Law Academy