İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
FƏRHAD ƏLİYEV AZƏRBAYCANA QARŞI
(Şikayət № 37138/06)
Q Ə R A R
STRASBURQ
09 noyabr 2010-cu il
Fərhad Əliyev Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Anatoli Kovler,
Xanlar Hacıyev,
Din Spilman,
Corcio Malinverni
Georqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
18 oktyabr 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSEDUR
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Fərhad Şövlət oğlu Əliyevin («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (no. 37138/06) iş 08 sentyabr 2006-cı ildə başlanılmışdır.
2. Ərizəçi Londonda vəkillik vəzifəsində çalışan xanım L.James və Herne Hill QC Lord Lester və Bakıda fəaliyyət göstərən E.Quliyev tərəfindən təmsil edilmişdir. Azərbaycan Hökuməti (“Hökumət”) öz nümayəndəsi Ç.Əsgərov tərəfindən təmsil edilmişdir.
3. Ərizəçi, xüsusilə ibtidai araşdırma müddətində Konvensiyanın 3, 5, 6, 8, 13 və 14-cü maddələrində qeyd edilən hüquqlarının müxtəlif daxili orqanlar və rəsmilər tərəfindən pozulduğunu iddia edir.
4. 2007-ci il aprelin 4-də Birinci Bölmənin Sədri Hökumətə şikayət barədə məlumat vermək qərarına gəlmişdir. Həmçinin, şikayətin məqbuliyyət məsələsinin mahiyyəti ilə birgə baxılması qərara alınmışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi 1963-cü ildə Bakıda anadan olmuş və həmin şəhərdə yaşayır. O, hazırkı işlə bağlı hadisələrə qədər, 2001-ci ildən başlayaraq Azərbaycanın İqtisadi İnkişaf Naziri olmuşdur.
A. Ərizəçiyə qarşı cinayət icraatı
1. Ərizəçinin tutulmasının halları
(a) Hadisələrə dair ərizəçinin versiyası
6. 2005-ci il oktyabrın 19-da günorta saat 2-dən az keçmiş ərizəçi İqtisadi İnkişaf Nazirliyindəki ofisindən Milli Təhlükəsizlik Nazirliyinə (“MTN”) aparılmışdır. Nə üçün aparıldığı barədə məlumatlandırılmamışdır. O, MTN-ə şəxsi sürücüsü ilə və öz avtomobilində Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşının müşayiətində aparılmışdır.
7. Qısa müddət sonra televiziya kanalları ərizəçinin nazir vəzifəsindən azad edilməsi ilə bağlı Prezidentin sərəncamını yayımlamışlar. Təxminən saat 15.00-da Prezidentin sərəncamının mətni Dövlət xəbər agentliyi olan AzərTac tərəfindən nəşr edilmişdir.
8. Tutulmasından sonra ərizəçi MTN daxilində MTN müstəntiqlərindən birinin kabinetinə aparılmışdır. O, axşam saat 22.00-a qədər bir kabinetdən digərinə aparılmış və həmin müddət ərzində MTN-nin binasını tərk edə bilməmişdir. O, ailəsi ilə əlaqə saxlamaq istəmiş, lakin buna icazə verilməmişdir. Təxminən saat 22.00-da o, nazirlikdəki vəzifəsindən azad edildiyi barədə məlumatlandırılmışdır. O, həmçinin qısaca kütləvi qiyamın təşkilatçılarından biri olması və hazırkı və keçmiş yüksək vəzifəli dövlət rəsmiləri ilə birgə dövlət çevrilişinin planlaşdırılmasında şübhəli bilindiyi barədə məlumatlandırılmışdır.
9. 2005-ci il 19 oktyabr saat 23.45-dən 2005-ci il 20 oktyabr saat 00.50-ə qədər ərizəçi saxlanıldığından bəri ilk dəfə dindirilmişdir. Dövlət tərəfindən təyin edilmiş vəkil həmin dindirilmədə iştirak etmişdir. Ərizəçi iddia edilən dövlət çevrilişinin iştirakçılarından biri olduğu güman edilən Fikrət Yusifova verdiyi 100.000 avro barədə sorğu-sual edilmişdir. Ona bu pulun cənab Yusifovun evində aşkar edildiyi və sonuncunun onu ərizəçidən alması ilə izah etdiyi deyilmişdir. Ərizəçi həmin məbləği cənab Yusifova şəxsi maliyyə çətinlikləri ilə bağlı sonuncunun istəyi ilə verdiyini bildirmişdir. Ərizəçi, həmçinin həmin vaxtda xaricdə yaşayan və vəzifədə olduğu müddətdə törətdiyi bir sıra cinayətlərlə bağlı Azərbaycan dövlət orqanları tərəfindən axtarışda olan, keçmiş Parlament spikeri Rəsul Quliyevlə münasibətləri ilə bağlı sorğu-sual edilmişdir. Ərizəçi cənab Quliyevlə heç bir əlaqəsinin olmadığını bəyan etmişdir.
10. Dindirilmədən sonra ərizəçi şübhəli şəxs qismində saxlanıldığı barədə məlumatlandırılmışdır. O, MTN-nin həbs təcridxanasına aparılmışdır.
(b) Hadisələrə dair Hökumətin versiyası
11. 2005-ci il 19 oktyabrda saat 20.00-dan sonra MTN əməkdaşları ərizəçinin kabinetinə daxil olmuş və təqsirləndirildiyi cinayət əməlləri barədə onu məlumatlandırmışlar. Onlar ərizəçini öz avtomobilində MTN-ə müşayiət etmişlər. Avtomobil MTN-nin həyətinə saat 20.25-də daxil olmuşdur.
12. 2005-ci il 19 oktyabr tarixli məktubu ilə ərizəçinin ailəsi onun Cinayət Məcəlləsinin 278-ci maddəsinə müvafiq olaraq cinayət əməlində şübhəli qismində MTN-nin nəzarətində saxlandığı barədə məlumatlandırılmışdır.
13. Ərizəçi öz vəkili ilə təmsil edilmək istəyini bildirmədiyindən ona saat 23.00-da dövlət tərəfindən təyin edilən vəkil təqdim edilmişdir. Ərizəçi dövlət tərəfindən təyin edilən vəkillə təmsil edilməsinə etiraz etməmişdir.
14. Saat 23.15-dən 23.25-ə qədər MTN müstəntiqi ərizəçinin Cinayət Prosessual Məcəlləsinin 147 və 148-ci maddələrinə müvafiq olaraq cinayət əməlində şübhəli qismində saxlanılması haqqında protokol hazırlamışdır. Protokol ərizəçi tərəfindən saat 23.25-də imzalanmışdır. Saat 23.45-də ərizəçi şübhəli bilindiyi cinayətlər barədə məlumatlandırıldığını təsdiq edən başqa bir protokolu imzalamaqla yanaşı, əlyazma ilə də həmin ittihamları rədd etdiyini əlavə etmişdir. Bundan sonra ərizəçi 2005-ci il 19 oktyabr saat 23.45-dən 00.50-ə qədər dövlət tərəfindən təyin edilən vəkilin iştirakı ilə dindirilmişdir.
2. Ərizəçinin saxlanması dövründə baş verən digər hadisələr
(a) Ərizəçi və onun qohumlarının mənzillərində aparılan axtarışlar və ərizəçinin qardaşının və digər qohumlarının təqib olunması barədə iddialar
15. Ərizəçinin dediklərinə görə, 2005-ci il 19 oktyabrda saxlanıldığı gün təxminən on beş nəfər kətan parçadan geyimli və silahlı əsgərlər axtarış qərarı olmadan onun Bakıdakı mənzilinə daxil olmuşdur. Rəsmilər axtarış başlandıqdan iki saat sonra axtarış qərarını təqdim etmişlər. Axtarış on iki saatdan artıq davam etmiş və bir sıra əşya müsadirə edilmişdir. Həmçinin, ərizəçinin ən yaxın qohumlarının adlarına olan mənzil və evlər axtarılmış və möhürlənmişdir.
16. Ərizəçinin qardaşı Rafiq Əliyev də təxminən eyni vaxtda oxşar şübhələrlə tutulmuşdur. Ərizəçinin dediyinə görə, sadəcə qardaşı Rafiq Əliyev deyil, digər qardaşları da ya tutulmuş, ya da vəzifələrindən azad edilmişlər. Bakı Şəhər İcra Hakimiyyətinin Ətraf Mühit üzrə Komitəsinin rəisi Əlipənah Əliyev vəzifəsindən azad edilmişdir. Şəxsi şirkətin rəhbərliyini həyata keçirən Əşhəd Əliyev vergidən yayınma ittihamı üzrə mühakimə olunmuş, lakin sonradan borclu olduğu məbləği ödəyəcəyi şərti ilə azad edilmişdir. Kiçik xalçaçılıq müəssisəsinin meneceri Sudeyf Əliyev də vergidən boyun qaçırmaqda ittiham edilmişdir. Növbəti Parlament seçkilərində namizədliyini irəli sürmək niyyətində olan Əlövsət Əliyevin namizədliyi məhkəmə qərarı ilə geri alınmışdır. Əlövsət Əliyevin həyat yoldaşı dövlət məktəbində müəllim vəzifəsindən azad edilmişdir. Onun bir sıra digər daha uzaq qohumları, eləcə də keçmiş iş yoldaşları və işçiləri müxtəlif şəkildə təqib edilmişlər. Ərizəçinin bəyanatlarına görə, bütün yuxarıda qeyd edilən hadisələr birbaşa onun saxlanılması ilə əlaqəli idi.
(b) Ərizəçiyə qarşı cinayət icraatı ilə bağlı hüquq mühafizə orqanlarının mətbuat bəyanatları
17. 2005-ci il 20-21 oktyabrda rəsmi qəzetlər və digər kütləvi mətbuat vasitələri “Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin Xüsusi Bəyanatı” başlığında iki mətbuat məlumatını nəşr etmişdir. Həmin mətbuat məlumatları ictimaiyyəti yaxşı tanınmış hazırkı və keçmiş dövlət rəsmilərinin tutulması və onlara qarşı irəli sürülən ittihamlar barədə məlumatlandırır və “Dövlətin siyasi vəziyyətində demokratik dəyişikliklərə çağırış maskası altında” seçki dövründə “hakimiyyətin zorla ələ keçirilməsi” üçün iddia edilən planlarını sübut edən dəlilləri əks etdirir. Sübutlar əsasən saxlanılan şəxslərdən birinin onların gizli görüşləri və maliyyə mənbələri, eləcə də onlardan bəzilərinin evində aşkar edilən böyük nəğd məbləğlər və digər qiymətli əşyalarla bağlı ifadəsindən ibarət idi. Bundan əlavə, saxlanılan şəxslərdən bəziləri ictimai vəsaitlərin ələ keçirilməsi və səlahiyyətlərindən sui-istifadə edilməsində ittiham edimişlər. Mətbuat məlumatları, xüsusilə ərizəçinin, keçmiş Parlament spikeri Rəsul Quliyevin, keçmiş Maliyyə Naziri Fikrət Yusifovun, Azpetrol Neft Şirkətinin sahibi Rafiq Əliyevin (ərizəçinin qardaşı), Səhiyyə Naziri Əli İnsanovun və digər daha az tanınmış şəxslərin adlarını çəkirdi. Belə məlum olur ki, adları çəkilən bütün şəxslər (fiziki olaraq Azərbaycanda olmayan Rəsul Quliyevdən savayı) mətbuat məlumatlarının nəşrindən öncə saxlanmışlar.
18. 2005-ci il 20 oktyabr mətbuat məlumatında, inter alia, qeyd edilir:
“Keçmiş Maliyyə Naziri Fikrət Yusifovun dövlət hakimiyyətini zorla ələ keçirmək üçün böyük maliyyə məbləğlərinin alınması üçün məsuliyyət daşıdığı aşkar edilmişdir... O, oktyabrın 16-da şübhəli şəxs qismində saxlanmışdır. ... İstintaq çərçivəsində aparılan axtarış zamanı Fikrət Yusifovun evindən 100.000 avro və 60.000 ABŞ dolları müsadirə edilmişdir.
2005-ci il oktyabrın 18-də Fikrət Yusifov Baş Prokurora ərizə yazmış... və Rəsul Quliyev və onun tərəfdaşlarının dövlət hakimiyyətinin ələ keçirilməsində ilkin addımları ilə bağlı könüllü ifadə vermək istəyini qeyd etmişdir. ...
Fikrət Yusifov ifadəsində 2005-ci ilin iyulunda Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə səfəri zamanı Rəsul Quliyevin ... mobil telefon vasitəsilə onunla əlaqə saxladığını və dövlət hakimiyyətinin ələ keçirilməsi prosesinin maliyyələşdirilməsi ilə bağlı təlimatlarını İqtisadi İnkişaf Naziri Fərhad Əliyevə və onun zəruri maliyyə imkanlarına malik tərəfdaşlarına ötürməsi barədə təlimatlandırdığını bildirmişdir.
Bununla bağlı, hazırkı ilin avqustunda Fikrət Yusifov Fərhad Əliyevlə sonuncunun qardaşı Rafiq Əliyevin ofisində görüşmüş və onu Rəsul Quliyevin təlimatları barədə məlumatlandırmışdır. Fərhad Əliyev məsələ ilə bağlı hər cür əməkdaşlığa hazır olduğu və kontaktları vasitəsilə əlavə tədbirlər görəcəyini vəd etmişdir. Avqustun sonunda Fikrət Yusifov Sankt Peterburqa getmiş və Fərhad Əliyevin razılığını telefon vasitəsilə Rəsul Quliyevə çatdırmışdır.
Rəsul Quliyevin digər təlimatına müvafiq olaraq Fikrət Yusifov 23 sentyabrda Bakıya dönmüş və yenidən eyni məkanda Fərhad Əliyevlə görüşmüşdür... Fərhad Əliyev eynilə hər cür köməklik göstərəcəyi və 3.000.000 ABŞ dolları məbləğində maliyyə yardımı edəcəyi və imkanları daxilində hər bir şey etməyə hazır olduğu barədə onu əmin etmişdir.
2005-ci il oktyabrın 3-də Fikrət Yusifov Rəsul Quliyevlə Berlində görüşmüşdür. Görüş zamanı Rəsul Quliyev oktyabr ayının ortalarında Bakıya gəlməyi planlaşdırdığını qeyd etmiş və saxlanmasını əngəlləyəcək böyük insan kütləsi tərəfindən qarşılanması və dövlət hakimiyyətinin ictimai qanunsuzluq törədilməsi yolu ilə ələ keçirilməsi gərəkliyini vurğulamışdır. Rəsul Quliyev Fərhad Əliyevin həmin planların reallaşdırılması üçün əlavə maliyyə yardımı göstərməsi gərəkliyini də bildirmişdir.
Bakıya geri döndükdən sonra Fikrət Yusifov Fərhad Əliyevlə görüşmüş və onu bu təlimat barədə məlumatlandırmışdır. Oktyabrın 15-də Fərhad Əliyev şəxsən dövlət hakimiyyətinin ələ keçirilməsi üçün Fikrət Yusifova 100.000 ABŞ dolları məbləğində nəğd pul vermişdir. Həmin məbləğ 2005-ci il oktyabrın 16-da Fikrət Yusifovun mənzilinin axtarışı zamanı aşkar edilmiş və əşyayi-dəlil kimi müsadirə edilmişdir.
Fərhad Əliyevə məxsus evlər, bağ evləri və digər mülklərdə aparılan axtarışlarda dövlət orqanları cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə xarici valyuta, qiymətli əşyalar, incəsənət nümunələri və digər qiymətli əşyalar götürülmüşdür.
Operativ tədbirlər nəticəsində, həmçinin Fərhad Əliyevin vəzifə səlahiyyətindən sui-istifadə etməklə və dövlət əmlakının özəlləşdirilməsi prosesində ciddi qanun pozuntularına yol verməklə, cüzi qiymətlərlə dövlət əmlakına mülkiyyət sənədləri təqdim etmiş və mülkiyyəti rəsmi olaraq qohumları və yaxınlarının adlarına yazdırmış və bununla da de facto dolayı yolla öz adına keçirmişdir.
Hazırda Fərhad Əliyevlə əlaqəli Azpetrol daxil olmaqla, çoxsaylı kommersiya şirkətlərinin qanun pozuntuları ilə bağlı istintaq aparılır.
Əldə edilmiş materiallar əsasında Baş Prokuror Cinayət Məcəlləsinin 179.3 (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 28/220 (kütləvi iğtişaşın törədilməsinə hazırlıq) və 278 (dövlət hakimiyyətini zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələrinə müvafiq olaraq cinayət işi başlamış və 2005-ci il 19 oktyabrda Fərhad Əliyev həmin cinayət əməllərində şübhəli şəxs qismində saxlanmışdır”.
19. 2005-ci il 25 oktyabr tarixli mətbuat məlumatında, inter alia, qeyd edilir:
“Daha öncə də bildirildiyi kimi, Cinayət Məcəlləsinin 179.3, 308.2, 28/220 və 278-ci maddələrinə müvafiq aparılan cinayət işi ilə bağlı saxlanılmış keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevə məxsus evlər, bağlar və digər mülklərdə aparılan axtarışlar zamanı dövlət orqanları cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə xarici valyuta, qiymətli əşyalar, incəsənət nümunələri və digər qiymətli əşyalar aşkar etmişlər.
Xüsusi olaraq axtarışlar zamanı aşağıdakılar aşkar edilmişdir: Fərhad Əliyevin İqtisadi İnkişaf Nazirliyinin inzibati binasındakı şəxsi kabinetindən 50.500 ABŞ dolları, 6.000 avro və 860 GBP; mənzilindən 30.000 avro və 6.500 ABŞ dolları; bağ evindən 34 qiymətli incəsənət nümunəsi və 500 özəlləşdirmə çeki; qardaşı Rafiq Əliyevin Azpetroldakı kabinetindən 565.000 ABŞ dolları və mühasibat uçotlarından keçirilməmiş 5.609.000.000 (köhnə) Azərbaycan manatı. Bundan başqa, qeyd edilmiş ünvanlarda böyük miqdarda zinət əşyası, müxtəlif modelli yeddi odlu silah, digər qiymətli əşyalar və çoxsaylı daşınmaz əmlakla bağlı mülkiyyət sənədləri aşkar edilmişdir. İstintaq Fərhad Əliyevə məxsus çoxsaylı kommersiya təşkilatları daxilində korrupsiya və digər qanun pozuntuları ilə bağlı davam etdirilir.”
3. Ərizəçiyə qarşı irəli sürülən rəsmi ittihamlar və onun həbsi
20. 2005-ci il oktyarın 25-dən ərizəçi ailəsi tərəfindən təyin edilən iki vəkillə təmsil edilmişdir.
21. İşin istintaqını aparan müstəntiqin ərizəçi və vəkillərinin iştirakı ilə 2005-ci il 15 oktyabrda qeyri-müəyyən saatda verdiyi qərarı ilə ərizəçi rəsmi olaraq 76586 saylı cinayət işi çərçivəsində ittiham edilmişdir. Ərizəçi həmin işdə ittiham edilən çoxsaylı şəxslərdən biri idi. O, xüsusən Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 28/220 (kütləvi iğtişaşın törədilməsinə hazırlıq) və 278-ci (dövlət hakimiyyətini zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələrinə müvafiq cinayət əməllərində ittiham edilirdi. Bunun ardından o, 2005-ci il 15 oktyabrda saat 19.50-dən 20.15-ə qədər dindirilmişdir.
22. Həmin gün Nəsimi rayon məhkəməsinin hakimi ittiham tərəfinin ərizəçiyə münasibətdə həbs qətimkan tədbirinin tətbiqi təklifi ilə bağlı iclasa sədrlik etmək üçün MTN-ə gəlmişdir. İclas ərizəçi və onun vəkillərinin iştirakı ilə MTN müstəntiqlərindən birinin kabinetində baş tutmuşdur. Hökumətin bəyanatına görə, iclas saat 20.25-də başlamışdır. Ərizəçinin dediklərinə görə isə, o, yalnız saat 21.00-dan sonra hakim qarşısına çıxarılmışdır.
23. Hakim ərizəçi ilə bağlı 2005-ci il oktyabrın 19-dan başlayaraq 3 aylıq müddət ərzində həbs qətimkan tədbirinin tətbiqini qərara almışdır. Hakim tədbirin zəruriliyini aşağıdakı kimi əsaslandırmışdır:
“İttiham edilən şəxsin cinayət istintaqını aparan orqandan gizlənməsi və icraatda iştirak edən şəxslərə qeyri-qanuni yolla təsir etməsi, eləcə də ittiham edildiyi əməllərin mahiyyəti və ağırlığını nəzərə alaraq, mən ona münasibətdə həbs qətimkan tədbirinin görülməsini zəruri hesab edirəm”.
24. Ərizəçi, inter alia, həbs qətimkan tədbirinin görülməsi ilə bağlı qərarın verilməsindən öncə şübhəli şəxs qismində qanunla nəzərdə tutulmuş 48 saatlıq həddən artıq bir neçə saat müddətində saxlanıldığını, faktiki olaraq oktyabrın 19-da saat 14.00-da tutulduğunu və hakim qarşısına oktyabrın 21-də saat 21.00-da çıxarıldığını bildirərək şikayət ərizəsi vermişdir. Bundan əlavə, o, həbs qərarının verilməsi üçün hakimin sadəcə olaraq müstəntiqin bəyanatlarına əsaslandığını və onun doğrudan da cinayət əməli törətməsinə şübhə yaradan səbəbin olub-olmadığını müstəqil şəkildə qiymətləndirmədiyini iddia etmişdir. Nəhayət, o, məhkəmə iclasının normal məhkəmə zalında deyil, MTN-nin binasında və prokurorun olmadığı şəraitdə keçirilməsindən şikayət etmişdir.
25. 2005-ci il oktyabrın 26-da Apellyasiya Məhkəməsi ərizəçinin özü olmadan, lakin vəkillərinin iştirakı ilə aşağı məhkəmə hakiminin əsaslandırmasını təkrarlayaraq və doğruluğunu qeyd edərək, Nəsimi rayon məhkəməsinin həbs qərarını təsdiq etmişdir. Apellyasiya Məhkəməsinin qərarı ərizəçinin konkret şikayətlərindən hər hansı birini həll etməmişdir.
26. 2006-cı il 13 yanvar tarixli qərarı ilə Nəsimi rayon məhkəməsi ərizəçinin həbs müddətini daha dörd ay uzatmışdır (2006-cı il mayın 19-a qədər). Nə ərizəçi, nə də onun vəkilləri həmin iclasda iştirak etmişlər. 2006-cı il yanvarın 19-da Apellyasiya Məhkəməsi ərizəçinin özü olmadan, lakin vəkillərinin iştirakı ilə həmin qərarı təsdiqləmişdir.
27. 2006-cı il mayın 13-də Nəsimi rayon məhkəməsi ərizəçinin həbsini daha beş ay müddətinə uzatmışdır (2006-cı il oktyabrın 19-a qədər). Nə ərizəçi, nə də onun vəkilləri bu iclas barədə məlumatlandırılmamışdır. 2006-cı il mayın 22-də Apellyasiya Məhkəməsi ərizəçi olmadan, lakin vəkillərinin iştirakı ilə həmin qərarı təsdiqləmişdir.
28. Tarixi müəyyən olmayan bir gündə ərizəçi həbs qətimkan tədbirinin daha yüngül başqa bir tədbirlə, məsələn, girovla azad edilmək və ya ev həbsi ilə əvəz edilməsi üçün müraciət etmişdir. Belə məlum olur ki, 2006-cı il iyulun 17-də Nəsimi rayon məhkəməsi həmin müraciəti rədd etmişdir (həmin qərarın nüsxəsi Məhkəməyə təqdim edilməmişdir).
29. 2006-cı il oktyabrın 2-də Nəsimi rayon məhkəməsi ərizəçinin həbs müddətini daha 6 ay uzatmışdır (2007-ci il aprelin 19-a qədər). Ərizəçi iclasda iştirak etməmişdir; vəkilləri isə iştirak etmişdir. 2006-cı il oktyabrın 9-da Apellyasiya Məhkəməsi həmin qərarı təsdiq etmişdir.
30. Nəsimi rayon məhkəməsi ərizəçinin həbs müddətinin uzadılması ilə bağlı bütün qərarlarında onun davamedici həbsini əsaslandırmaq üçün 23-cü paraqrafda qeyd edilən eyni və ya oxşar hallara istinad etmişdir. Həmin qərarlardan etdiyi bütün şikayətlərdə ərizəçi onun cinayət əməlini törətməsinə şübhə yaradan heç bir sübutun olmaması, istintaq orqanlarının ixtiyarında olan heç bir materialın ona verilməməsi, müddətin uzadılması qərarlarının yalnız istintaq orqanlarının bəyanatlarına əsaslanması, özünün və vəkillərinin iclaslarda iştirakının təmin edilməməsi, onun istintaqdan gizlənəcəyi və ya mənfi təsir göstərəcəyini əsaslandıracaq heç bir səbəbin olmaması, onun davamedici həbs müddətinin zərurətinin qiymətləndirilməsi zamanı sağlamlığı və digər şəxsi halların nəzərə alınmamasından şikayət edir. Apellyasiya Məhkəməsinin ərizəçinin həbs müddətinin uzadılmasını təsdiqləyən qərarları aşağı məhkəmələrin əsaslandırmasını təkrarlayırdı və ərizəçi tərəfindən apellyasiyada qaldırılan xüsusi arqumentlərin heç birini özündə ehtiva etmirdi.
31. 2007-ci il yanvarın 19-da müstəntiq ərizəçini Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə), 179.3.2 (külli miqdarda mənimsəmə), 28/220.1 (kütləvi iğtişaşların törədilməsinə hazırlıq), 278 (dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönəldilmiş hərəkətlər), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alınması), 311.3.2 (təkrar rüşvət alınması), 311.3.3 (külli miqdarda rüşvət alınması) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə yeni cinayətlərdə ittiham edən qərar çıxarmışdır.
32. 2007-ci il martın 1-də müstəntiq ərizəçini Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 192.2.1 (ağır maddi zərərə səbəb olan qanunsuz sahibkarlıq), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.4 (böyük məbləğdə vergi ödəməkdən yayınma), 28/220.1, 278, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələrinə müvafiq cinayət əməllərində ittiham edən başqa bir qərar çıxarmışdır.
33. 2007-ci il martın 5-də 76586 saylı cinayət işindən yeni cinayət icraatı (76961 saylı) ayrılmışdır. 76961 saylı yeni cinayət icraatı kontekstində ərizəçi Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 192.2.1, 192.2.2, 206.4, 213.4, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri üzrə ittiham edilmişdir.
34. 2007-ci il martın 5-də ərizəçi cinayət işinin ayrılması qərarının surətini müstəntiqdən istəmişdir. Bu müraciət ərizəçinin ibtidai istintaqın sona çatdırılmasından sonra həmin qərarın nüsxəsi də daxil olmaqla, işin bütün materialları ilə tanış olmaq imkanı olacağı əsası ilə rədd edilmişdir.
35. 2007-ci il martın 7-də ərizəçi 79961 saylı işin martın 5-də bağlanması barədə məlumatlandırılmışdır.
36. 2007-ci il aprelin 16-da müstəntiq 76961 saylı işin Cinayət Məcəlləsinin 179.3.2, 192.2.1, 192.2.2, 206.4, 213.4, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri üzrə yekun ittiham aktını tərtib etmişdir. Həmin gün ittiham aktı Baş Prokuror tərəfindən imzalanmış və iş baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilmişdir.
37. Beləliklə, 76961 saylı iş baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Həmin işdə mənimsəmə və korrupsiya daxil olmaqla, müxtəlif əməllərdə iştirakçılıq ittihamları ilə ərizəçi və qardaşı Rafiq Əliyev də daxil olmaqla on doqquz təqsirləndirilən şəxs iştirak edirdi. Belə məlum olur ki, ərizəçini 28/220.1 və 279-cu maddələr üzrə ittiham edən ilkin, 76586 saylı iş baxılması üçün məhkəməyə göndərilməmiş, lakin bununla yanaşı ona xitam da verilməmişdir.
38. 2007-ci il aprelin 23-də ərizəçinin vəkilləri Nəsimi rayon məhkəməsinə ərizəçiyə münasibətdə qəbul edilmiş son həbs qərarının, eləcə də ibtidai araşdırma müddətində qanun çərçivəsində maksimal həbs müddətinin 2007-ci il 19 apreldə başa çatması zəminində azad edilməsi ilə bağlı müraciət etmişlər. Nəsimi rayon məhkəməsinin həmin müraciətə baxıb-baxmadığı aydın deyil.
39. 2007-ci il mayın 15 və 16-da ərizəçinin vəkilləri ağır cinayətlər məhkəməsinə də ərizəçinin ən geci 2007-ci il aprelin 19-da azad edilmiş olması ilə bağlı oxşar müraciət etmişlər. Belə məlum olur ki, ən azı altı digər təqsirləndirilən şəxs müxtəlif səbəblərlə məhkəməyə qədər azad edilmə ilə bağlı müraciətlər etmişlər.
40. 2007-ci il mayın 21-də hazırlıq iclası zamanı ağır cinayətlər məhkəməsi ərizəçi və digər təqsirləndirilən şəxslərin azad edilmə ilə bağlı müraciətlərini rədd etmiş və məhkəməyə qədər həbsdə saxlanmalarına icazə vermişdir.
41. Xüsusilə, ərizəçinin müvafiq müddətin 2007-ci il aprelin 19-da bitməsi ilə bağlı həbsinin qanunsuz olması üzrə arqumenti ilə əlaqədar ağır cinayətlər məhkəməsi cinayət işinin məhkəməyə 2007-ci il 19 apreldən bir neçə gün öncə göndərildiyini və onun məhkəməyə qədər həbsdə saxlanması müddətinin həmin gün bitdiyini qeyd etmişdir. Bu səbəbdən, onun həbsi qanunla müəyyən edilmiş vaxt həddini aşmamışdır.
42. Bundan əlavə, bütün təqsirləndirilən şəxslərin vəziyyətini ümumi şəkildə qiymətləndirən ağır cinayətlər məhkəməsi “həbs qətimkan tədbirinin düzgün olaraq seçildiyini və dəyişdirilməməsi gərəkliyini” bildirmişdir. Məhkəmə “həbsdə saxlanılan təqsirləndirilən şəxslərin” Azərbaycan ərazisini tərk edə bilmək üçün yetərli maliyyə imkanlarına, xarici dövlətlərdə iş və digər kontaktlara malik olduğunu və bununla da ədalət mühakiməsindən gizlənə biləcəyini qeyd etmişdir. Bundan əlavə, o, həmin şəxslərin maliyyə imkanlarından istifadə etməklə mühakimədə iştirak edən şəxslərə qeyri-qanuni təsir göstərə biləcəyini qeyd etmişdir.
4. Ərizəçinin ibtidai istintaq müddətində etdiyi şikayətlər
43. İbtidai araşdırma müddətində ərizəçi cinayət icraatının müxtəlif aspektləri və prosessual hüquqlarının pozulması ilə bağlı istintaq orqanları və məhkəmələrə çoxsaylı şikayət və vəsatətlərlə müraciət etmişdir.
44. Xüsusilə də, 2007-ci il noyabrın 24-də ərizəçinin vəkili Nəsimi rayon məhkəməsinə istintaq orqanlarının əməllərinin ərizəçinin azadlıq, ədalətli məhkəmə araşdırılması və təqsirsizlik prezumpsiyası hüquqlarına xələl gətirməsi iddiası ilə müraciət etmişdir. O, həmçinin saxlanma şəraitinin ağırlığı səbəbindən ərizəçinin qeyri-insani və alçaldıcı rəftara məruz qalmasından şikayət etmişdir. Ərizəçinin vəkili iki cümlə ilə ərizədə saxlanmasını xəbər vermək üçün ailəsi və qohumları ilə əlaqə saxlaya bilməməsi səbəbindən ərizəçinin saxlanmasının ardından hüquqlarının pozulmasından şikayət etmişdir. 2005-ci il dekabrın 26-da Nəsimi rayon məhkəməsi həmin iddiaları əsassız hesab edərək rədd etmişdir.
45. 2005-ci il dekabrın 29-da ərizəçi həmin qərardan, “saxlanmasının ardından ailəsi ilə əlaqə saxlamasına icazə verilməməsi” daxil olmaqla, Nəsimi rayon məhkəməsinə etdiyi şikayətləri ümumiləşdirərək apellyasiya şikayəti vermişdir. 2006-cı il yanvarın 25-də Apellyasiya Məhkəməsi həmin müraciəti rədd etmişdir.
5. Ərizəçinin məhkum olunması və apellyasiya şikayətləri
46. Ərizəçi ağır cinayətlər məhkəməsi tərəfindən digər on səkkiz təqsirləndirilən şəxslə birgə məhkum edilmişdir.
47. 2007-ci il oktyabrın 25-də ağır cinayətlər məhkəməsi ərizəçini 76961 saylı iş üzrə bütün cinayət əməllərində təqsirli bilərək on illik azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.
48. 2008-ci il iyulun 16-da Bakı Apellyasiya Məhkəməsi ərizəçinin məhkum olunmasını təsdiq etmişdir. 2009-cu il iyulun 6-da Ali Məhkəmə ərizəçi ilə bağlı aşağı məhkəmələrin qərarlarını təsdiq etmişdir.
B. Ərizəçinin sağlamlıq vəziyyəti və həbsxanada ona göstərilən tibbi müalicə
49. Ərizəçinin sağlamlığı və tibbi müalicə ilə bağlı təqdim edilən sənədlər geniş həcmlidir və çoxsaylı xırdalıqlara malikdir. Məhkəmə tibbi sənədi bütövlükdə araşdırmış və ən uyğun məqamlar məlumat məqsədilə aşağıda göstərilmişdir.
50. Ərizəçi əsasən ürək-damar problemlərindən şikayət etmişdir. Saxlanmasından öncə o, Azərbaycanda və Almaniyada həkimlər tərəfindən müayinə edilmişdir. Xüsusilə 2004-cü ilin yanvarında o, Bakı Mərkəzi Klinik Xəstəxanasında həkim Abbasəliyev tərəfindən müayinə edilmiş və yüngül ürək-damar xəstəliyi və stenokardiya diaqnozu qoyulmuş və çoxsaylı dərmanlar yazılmışdır. Ərizəçinin ağrılar, nəfəs çatışmazlığı, diskomfort və bəzən halsızlıq hissləri keçirməsindən şikayət etdiyi qeyd edilmişdir; belə məlum olur ki, müayinə heç bir ağır vəziyyəti üzə çıxarmamışdır.
51. Həmçinin, saxlanmasından öncə 2005-ci ilin iyununda ərizəçi Almaniyada kardiologiya xəstəxanasında tibbi müayinədən keçmiş və ürək-damar xəstəlikləri amilləri kimi hiperlipoproteinaemiya (qanda lipoprotein hissəciklərinin yüksək miqdarda cəmlənməsi) və arterial təzyiq diaqnozu qoyulmuşdur. Exokardioqrafiya testləri ciddi anomaliya göstərməmişdir. Onun ürək divarı qalınlığının sol mədəciyin yüngül septal hipertrofiyasından xəbər verməsinə baxmayaraq, “ümumən yaxşı vəziyyətdə olduğu” və müayinənin “ürək funksiyasında heç bir xüsusi çatışmazlıq” aşkarlamadığı qeyd edilmişdir. Təyin edilən müalicə üç dərmanın (sol mədəciyin hipertrofiyasının qarşısını almaq üçün Ramipril və ASS-100 (Aspirin) və ürək-damar riskinin müalicə edilməsi üçün Atorvastatin) qəbulundan və qan təzyiqinin və xolesterinin səviyyəsinin müntəzəm ölçülməsindən ibarət idi.
52. Həbsdə olduğu müddətdə ərizəçi müntəzəm olaraq sağlamlıq vəziyyətindən şikayət etmişdir. O, xüsusilə, inter alia, nəfəs problemləri, spazma, baş ağrıları, baş gicəllənməsi və ürək ağrılarından şikayət etmişdir.
53. 2005-ci il oktyabrın 19-da saxlanmasından sonrakı müddətə gəldikdə, ərizəçinin dediklərinə görə, o, saxlanmasından sonra həkim tərəfindən müayinə edilməmiş və yalnız 2005-ci il oktyabrın 25-də həkimə göstərilmişdir. Hökumətin təqdim etdiyi tibbi arayışlarda MTN həkimlərinin 2005-ci il 24, 28 və 29 oktyabr tarixli qeydləri vardır. Həmin arayışlara görə, ərizəçi qan testi və MTN həkimlərinin ambulator müayinəsindən keçmiş və onlar ərizəçinin sinə ağrıları və baş gicəllənməsindən şikayət etdiyini qeyd etmişlər. 2005-ci il 29 oktyabr tarixli qeyd “ürək işemiya xəstəliyi” (sual işarəsi qoyulmuş), “yüksək təzyiq” (həmçinin, sual işarəsi qoyulmuş) və “hipertonik neyrosirkulatrik distoniya” diaqnozlarını göstərirdi. Bundan əlavə, ərizəçinin bununla bağlı xüsusi ürək şikayətlərinin olmadığına və bir sıra dərmanlar yazılmasına baxmayaraq (Nitrosorbit, Ramipril, ASS və Persen Forte daxil olmaqla), onları qəbul etməkdən imtina etməsi, lakin onların mahiyyəti barəsində məlumatlandırıldıqdan sonra razılaşması qeyd edilmişdir.
54. Saxlanmasından sonrakı ilkin günlərə gəldikdə, tibbi arayışlardan belə məlum olur ki, ərizəçi MTN həkimləri tərəfindən 2005-ci il noyabrın 9-da və 25-də və 2005-ci il dekabrın 5-də və 21-də müayinə edilmişdir. Mövcud tibbi arayışlarda dəqiq müalicənin qeyd edilməməsi ilə yanaşı, bir sıra dərmanların təyin və tətbiq edildiyi məlum olur.
55. 2005-ci il dekabrın 22-də kamerasında olduğu zaman naməlum vaxtda ərizəçi həddindən artıq yüksək qan təzyiqi səbəbindən bir neçə dəfə huşunu itirmişdir. Huşunu itirməzdən öncə o, həbsxana nəzarətçisini çağırmış və təzyiqölçən aparat gətirilmişdir. Daha sonra həkim gəlmiş və ona bəzi dərmanlar vermiş, lakin bu, kömək etməmişdir. Eyni gün saat 23.45-də təcili yardım çağırılmış və ərizəçi stenokard infarktı şübhəsi ilə Bakı Mərkəzi Klinik Xəstəxanasına aparılmışdır. Xəstəxanada o, saxlanılmasından öncə onu müayinə edən həkim Abbasəliyev tərəfindən müayinə edilmişdir. Həkim Abbasəliyevin tibbi arayışına əsasən elektrokardioqrama (EKG) və exokardioqrama aparılmış və qan analizi verilmişdir. Daha öncə də təşhis edilmiş sol mədəciyin hipertrofiyasından əlavə, heç bir yeni fəaliyyət pozğunluğu aşkar edilməmiş və qan analizi də heç bir anamoliyanı üzə çıxarmamışdır. Ərizəçiyə qan təzyiqini qaydasına salan iynələr və damardaxili sistemdən ibarət qeyri-müəyyən dərmanlar təyin edilmişdir. Ərizəçinin “hipertonik infarkt” keçirdiyi müəyyənləşdirilmişdir (emosional stres və dərmanları qəbul etməməsi səbəbindən”). Ona yüksək təzyiqin ilkin mərhələsi və sol mədəciyin hipertoniyası diaqnozu qoyulmuşdur.
56. Ərizəçi xəstəxanada gecələmiş və səhər kamerasına geri aparılmışdır. Onun dediklərinə görə, kamerasına döndüyü zaman hələ də özünü pis hiss edirdi və “infarktın” keçib getməsinə qədər bir neçə gün tibbi nəzarətsiz şəkildə yatağında uzanmışdır. İnfarktın ardından müxtəlif dərmanlar təyin edilmişdir. Ərizəçinin söylədiyinə görə, dərmanlar ona MTN həbsxana müəssisəsinin tibbi ixtisası olmayan nəzarətçiləri tərəfindən qeyri-müntəzəm şəkildə, adətən ərizəçinin xahişindən sonra verilmişdir.
57. Hökumətin təqdim etdiyi tibbi arayışlara əsasən, 2005-ci il dekabrın 23-dən 2006-cı il aprelin 11-ə qədər ərizəçi bir neçə dəfə MTN həkimlərinə göstərilmişdir. Hər birində onun ürəyi ilə bağlı şikayətləri (və ya yoxluğu) qeyd edilmiş və vəziyyətinin yüngülləşdirilməsi üçün ona çoxsaylı dərmanlar təyin və tətbiq edilmişdir (Diroton, Dibazol, Papaverin, Dimedrol). Yuxarıda adları çəkilən qeydlər geniş həcmli və təkraredici xarakterli olmaları ilə yanaşı, qeyd etmək lazımdır ki, ərizəçi həmin müddət ərzində sinə ağrıları, baş gicəllənməsi, baş ağrıları və halsızlıqlardan şikayətlənmiş və dəfələrlə “hipertonik neyrosirkulatrik distoniya” və “nevroloji reaksiyalar” diaqnozu qoyulmuşdur. Bununla yanaşı, 2006-cı il martın 31-də Səhiyyə Nazirliyinin baş kardioloqu ərizəçinin elektrokardioqrama və exokardioqramasının işemiyalı ürək xəstəliyi, stenokard və arterial təzyiqdən xəbər verdiyini qeyd etmişdir.
58. Ərizəçinin zəif sağlamlığı ilə bağlı vəkillərinin 2006-cı ilin yanvar ayından mart ayına qədər MTN-nin istintaq idarəsinə etdiyi bir neçə şikayətdən sonra 2006-cı il aprelin 10-da MTN-nin müstəntiqi cinayət işi çərçivəsində ərizəçinin rəsmi tibbi müayinədən keçməsi ilə bağlı prosessual qərar çıxarmışdır. Tibbi ekspertlərdən ərizəçinin sağlamlıq vəziyyətinin və əziyyət çəkdiyi xəstəliyin ağırlıq dərəcəsinin qiymətləndirilməsi və həmin xəstəliklərin ambulator müayinəsinin adekvat olub-olmamasına qərar vermələri xahiş edilmişdir.
59. 2006-cı il 13 aprel tarixli ekspert rəyinə görə, ekspertlər ərizəçinin qeyri-sabit qan təzyiqi, nəfəs çatışmazlığı, boyun ağrıları, halsızlıq və sol qolun və sol əlin iki barmağının quruması, zaman-zaman ürək bulantıları və görüntünün qaralmasından və digər hallardan şikayət etdiyini qeyd etmişlər. Daha sonra ekspertlər ərizəçinin saxlanma müddəti ərzində tibbi qeydləri yekunlaşdırmışlar. Müstəntiqin xüsusi suallarının cavabında ekspertlər ərizəçiyə “hipertonik neyrosirkulatrik distoniya” diaqnozu qoymuş və həmin vəziyyətin sakitləşdirici dərmanlar və damar genişləndiricilər vasitəsilə ambulator əsasda müalicə edilə biləcək geniş yayılmış adi xəstəliklər qrupuna daxil olduğunu qeyd etmişlər.
60. Ərizəçinin söylədiklərinə görə, 2006-cı il aprelin 23-də o, daha bir infarkt keçirmiş və onun vəziyyətinin sabitləşdirilməsi həkimlərin dörd saat vaxtını almışdır. Həmin iddia edilən insidentlə bağlı müvafiq tibbi arayışlarda heç bir qeyd yoxdur.
61. Ərizəçinin Britaniyalı vəkillərinin 2006-cı il 5 may tarixli müraciətləri ilə London Kinqs Kollecdə kardioloq vəzifəsində çalışan Martin Tomas “(ərizəçinin vəkillərindən əldə edilmiş) kağızlar əsasında” ərizəçinin sağlamlıq vəziyyəti haqqında qısa, bir səhifəlik rəy yazmışdır. Həmin “kağızların” arasında hansı xüsusi sənədlərin olması məlum deyil. Tomas qeyd etmişdir ki, həmin kağızlara istinadən “ərizəçiyə göstərilən tibbi müalicə mükəmməllikdən çox uzaqdır” və “onun simptomlarının bəzi qeyri-ürək, məsələn, nevroloji vəziyyətlə əlaqəli olması mümkündür”. Bununla belə, Tomas qeyd etmişdir ki, “həmin cənabın sağlamlıq vəziyyəti haqqında yalnız əldə etdiyi kağızlar əsasında fikir irəli sürmək” onun üçün çətindir və ərizəçinin kardioloq və “huşunu itirməsi səbəbləri ilə bağlı yekun diaqonozun qoyulması üçün ümumi həkim müayinəsindən keçməsini” məsləhət görmüşdür.
62. Sinə, bel, baş və ürək ağrıları ilə bağlı davamlı şikayətlərinin ardından 2006-cı il iyulun 23-də ərizəçi Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinə köçürülmüşdür. Müvafiq qeydlərə görə, köçürülməsindən sonra ərizəçi yazılı şəkildə Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinin həkimlərinin təyin etdiyi dərmanlardan imtina etdiyini və 2005-ci ildə Almaniyalı həkimin təyin etdiyi dərmanlardan başqa heç bir şey qəbul etməyəcəyini bildirmişdir.
63. 2006-cı il iyulun 25-də ərizəçi Azərbaycan Tibb Universitetinin professoru doktor Baxşıyev tərəfindən və 2006-cı il avqustun 8-də Kardiologiya Elmləri İnstitutundan həkim Abdullayev tərəfindən müayinə edilmişdir (Hökumətin bəyanatına əsasən sonuncu həkim ərizəçi tərəfindən seçilmişdir, belə ki, o, daha öncə də ərizəçini müayinə etmişdir; ərizəçi bu mülahizəni rədd etmişdir). Müxtəlif müayinələrdən əlavə ərizəçi koronar yetərsizlik mülahizəsinin istisna edilməsi məqsədilə iyirmi dörd saatlıq Holter monitoru prosedurundan keçmişdir. Bu müayinələr ciddi vəziyyətin yaranmadığını üzə çıxarmışdır. Hər iki həkim ona “hipertonik neyrosirkulatrik distoniya” və bel nahiyəsinin boyun və torakal tərəfinin osteoxondrozu diaqnozu qoymuşdur. Ərizəçiyə sakitləşdirici dərmanlarla müalicə təyin edilmiş, lakin o, yenə də “öz dərmanlarından” başqa bir dərman qəbul etməkdən imtina etmişdir.
64. Ərizəçinin dediyinə görə, 2006-cı il avqustun 12-də Ədliyyə Nazirliyinin Tibb Müəssisəsində olarkən o, başqa bir infarkt (qeyri-müəyyən növdən) keçirmiş, lakin “zamanında” tibbi yardımla təmin edilməmişdir.
65. Belə məlum olur ki, 2006-cı il sentyabrın 23-də ərizəçi Ədliyyə Nazirliyinin Tibb Müəssisəsindən “qaneedici vəziyyətdə” çıxarılmış və MTN həbsxanasına geri qaytarılmışdır.
66. 2006-cı il oktyabrın 11-də ərizəçi üç kardioloq (ona daha öncə də baxan həkim Abbasəliyev daxil olmaqla) tərəfindən müayinə edilmişdir. Ərizəçinin ümumilikdə yaxşı vəziyyətdə olduğu və müayinənin yeni narahatçılıq aşkar etmədiyi qeyd edilmişdir. Ərizəçinin təyin edilmiş dərmanları qəbul etməsi məsləhət görülmüş və əlavə dərmanlar da yazılmışdır.
67. 2006-cı ilin noyabr ayında ərizəçinin vəkili onun ambulator müayinə üçün yenidən Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinə köçürülməsini istəmişdir. Bu cür müalicənin zəruri olduğuna qərar vermək üçün ərizəçi tibbin müxtəlif sahələrində ixtisaslaşan on həkimdən ibarət komissiya tərəfindən müayinə edilmişdir. Komissiya “hipertonik neyrosirkulatrik distoniya” ilkin diaqnozunu təsdiqləmiş və bunu ərizəçinin saxlanması ilə əlaqədar emosional stres keçirməsi ilə izah etmişdir. Müayinə qan, ağciyər, qulaq, burun, boğaz və ya böyrəklərdə heç bir fəaliyyət pozğunluğu və ya xəstəlik aşkarlamamışdır. Nəticədə, ərizəçinin “demək olar sağlam” olduğu bildirilmişdir. Müvafiq olaraq, ərizəçi ambulator müalicə üçün Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinə köçürülməmişdir.
68. 2007-ci il yanvarın 8-də ərizəçi yenidən həkim Abbasəliyev tərəfindən müayinə edilmiş və həkim onun ümumi vəziyyətinin yaxşı və stabil olduğunu açıqlamışdır.
69. 2007-ci il yanvarın 17-də ərizəçinin vəkilləri onun hesabına müdafiə tərəfinin təyin etdiyi ekspertlər tərəfindən aparılacaq “alternativ” ekspert müayinəsinə təqdim etmək üçün ərizəçinin bütün tibbi kağızlarının nüsxəsini tələb etmişlər. Cavab olaraq 2007-ci il yanvarın 26-da MTN-nin müstəntiqi ərizəçinin ölkənin qabaqcıl tibb ekspertləri tərəfindən komisyon məhkəmə tibb ekspertizasının aparılması göstərişi vermişdir.
70. Komisyon məhkəmə tibb ekspertizası hər biri 25 və 55 il arası iş stajına malik və tibb sahəsində yüksək dərəcələri olan on tibbi ekspertdən ibarət komissiya tərəfindən aparılmışdır. Komissiya beş kardioloq, bir nevropotoloq, bir hemotoloq, bir pulmonoloq və iki məhkəmə ekspertlərindən ibarət idi. Ekspert rəyi 2007-ci il fevralın 2-də verilmiş və 34 səhifədən ibarət idi. Ekspert rəyinə müvafiq olaraq, ekspertlər ərizəçinin tibbi arayışlarını təfsilatı ilə araşdırmış və onun yüksək arterial təzyiqlə müşayiət olunan neyrosirkular distoniyadan əziyyət çəkdiyi qənaətinə gəlmişlər. Bütün bunların səbəbi isə onun saxlanması ilə əlaqədar həyat tərzindəki radikal dəyişikliyin gətirdiyi emosional stres ilə izah edilmişdir. Diaqnoz arterial təzyiqin zəruri dərmanların qəbul edilməsindən sonra tezliklə stabilləşməsi ilə təsdiqlənmiş və müxtəlif müayinə növlərinin ciddi fəaliyyət pozğunluğu aşkar etmədiyi bildirilmişdir (elektrokardioqrama, exokardioqrama, qan və biokimyəvi analizlər). Tibbi arayışların incələnməsinə görə, ərizəçinin özünü yaxşı hiss etməməsi ilə bağlı şikayətləri adətən “subyektiv xarakter” daşımış və bununla bağlı aparılan laboratoriya testləri və müayinələri ilə öz təsdiqini tapmamışdır. Ərizəçinin vəziyyətinin ilk üç il ərzində kəskin pisləşməməsi və sakitləşdirici və damar genişləndirici preparatlar vasitəsilə diskomfort hissinin tezliklə uzaqlaşdırılmasının mümkün olması ilə əlaqədar onun vəziyyəti emosional stresin yol açdığı “fəaliyyət” şərtlərinin geniş yayılmış adi qrupuna daxil edilə bilərdi. Ekspertlər həkim Tomasın rəyini yanlış təqdilm edilmiş faktlara əsaslanması və onun öz analizinə müvafiq olmayan tövsiyələri ehtiva etməsi səbəbindən qəbul etməmişlər. Nəticə olaraq ekspertlər ərizəçinin ümumi vəziyyətinin qaneedici olduğunu, heç bir ciddi xəstəlikdən əziyyət çəkmədiyini, tibbi nəzarət və müalicəsinin yüksək ixtisaslı həkimlər tərəfindən aparıldığını və adekvat olduğunu qeyd etmişlər.
71. 2007-ci il 12 fevral tarixli ərizəsi ilə ərizəçinin vəkili komisyon məhkəmə tibb ekspertizasına etirazını bildirmiş və açıqlamışdır ki, o, 2007-ci il 17 yanvar tarixli ərizəsi ilə bu cür müayinə üçün müraciət etməmiş, ərizəçinin öz hesabına “alternativ” tibbi müayinə keçirilməsi üçün onun tibbi kağızlarının verilməsini istəmişdir.
72. 2007-ci il fevralın 21-də istintaq orqanları ərizəçinin vəkilinə tələb edilən tibbi kağızların nüsxəsini təqdim etmişdir. Hökumətin bəyanatına görə, ərizəçi öz seçdiyi ekspertlərin aparacağı “alternativ” tibbi müalicənin nəticələri üzrə araşdırma aparmaq imkanına malik olsa da, istintaq orqanlarına “alternativ” ekspert rəyini təqdim etməmişdir.
73. Belə məlum olur ki, ərizəçi öz tibbi kağızlarını, eləcə də aldığı tibbi müalicənin və saxlanma şəraitinin özü tərəfindən təsvirini ekspert qiymətləndirməsi üçün Londonda fəaliyyət göstərən Dr. Duncan S. Dümonda göndərmişdir. Dr. Dümond 2007-ci il iyulun 9-da öz rəyini açıqlamışdır. O bildirmişdir ki, Azərbaycan kardioloqlarının istifadə etdiyi terminologiya “müasir kardioloqlara tanış deyildir” (neyrosirkular distoniya və stenokard) və “2007-ci ilin tibb dünyasında adətən istifadə edilmir”. O, ərizəçinin sol mədəciyində yüngül hipertrofiya və qeyri-sabit yüksək təzyiqin olduğunu və bu səbəbdən qan təzyiqinin böyük dəyişikliklərə uğramasını və həmin yüksək qan təzyiqi nəticəsində ürək əzələsinin ehmalca qalınlaşdığını qeyd etmişdir. Bundan əlavə, o, ərizəçinin “yalnız bir damara təsirini göstərən və heç bir müdaxilə tələb etməyən yüngül koronar arterial xəstəlikdən əziyyət çəkməsinin bildirildiyi” və nəticədə “ona düzgün olaraq Aspirin və Statin kimi təzyiq salan preparatların təyin edildiyini” qeyd etmişdir. Ərizəçinin məruz qaldığı “hücum” və özündən getmələrlə bağlı Dr. Dümond səbəblərin ona aydın olmadığını bildirmişdir. Bundan əlavə, o, ərizəçinin dərmanlarının qəbul edilməsi (məsələn, onların ixtisası olmayan personal tərəfindən verilməsi faktı) və saxlanma şəraitinin (bağlı kamera, pəhriz və hərəkətsizlik) qəbuledilməz olduğunu hesab etdiyini bildirmişdir.
74. Yekun olaraq, Dr. Dümond bildirmişdir ki, incələdiyi sənədlərdən o, ərizəçinin ağrılarının ürək vəziyyətinin faktiki pisləşməsindən xəbər verdiyinə və ya stresin nəticəsi olaraq ortaya çıxdığına qərar verə bilməmiş və tibbi kağızlar ardıcıl olmamışdır. Ərizəçinin koronar xəstəlik və ya işemiyalı ürək xəstəliyinin olub-olmadığı ilə bağlı heç nə deyilmir; qeyd edilir ki, ərizəçinin 2004-cü ildən bəri angioqrafik vəziyyətinin pisləşməsi “mümkündür”. Nəhayət, Dr. Dümond ərizəçinin saxlanma şəraitini və “müasir kardioloji müalicənin” göstərilməməsini tənqid etmişdir.
C. 2005-ci il oktyabrın 19-dan 2007-ci il oktyabrın 25-ə qədər saxlanma şəraiti
1. Ərizəçinin versiyası
75. 2005-ci il oktyabrın 19-da saxlanmasından başlayaraq 2007-ci il oktyabrın 15-ə qədər bütün mühakimə müddətində ərizəçi yalnız 2006-cı ilin iyul ayından sentyabr ayına qədər Ədliyyə Nazirliyinin Tibb Müəssisəsində ambulator müalicə aldığı iki ay istisna edilməklə, MTN-nin həbsxana müəssisəsində iki nəfərlik kamerada təkbaşına saxlanmışdır. MTN-nin həbsxana müəssisəsində ərizəçi ilkin olaraq tavanı axıdan kameraya yerləşdirilmiş və bu onu həmin yerin altına vedrə qoymağa məcbur etmiş və nəticədə bu, lüzumsuz səs və kamerada rütubətin artması ilə müşayiət edilmişdir. Bəzi şifahi şikayətlərin ardından o, tavanı axıtmayan oxşar kameraya yerləşdirilmişdir. Kamera çirkli idi və təxminən 7.5 kv.m-lik sahəyə malik idi. Döşəmənin təxminən 4.5 kv.m-lik hissəsi mebellə döşənilmişdi. Pəncərənin hündürlüyü 0.7 m və eni 1.1 m idi. Bununla yanaşı, pəncərə çərçivələrinin qalınlığı səbəbindən (5 sm) pəncərə şüşəsinin ölçüsü 0.5 m və 1 m idi. Pəncərənin üstü yalnız yuxarı hissəsi istisna edilməklə örtülü idi və bununla içəri çox cüzi təbii işıq daxil olurdu. Ventilyasiya və istilik sistemləri düzgün fəaliyyət göstərmirdi və bu səbəbdən qışda həddindən artıq soyuq, yayda isə həddindən artıq isti olurdu. Gün ərzində və gecə yandırılan lampa var idi və bu, ərizəçini narahat edir, yatmağa mane olurdu.
76. 2006-cı ilin sentyabr ayından öncə ərizəçi gün ərzində kamerasından yalnız iyirmi dəqiqəlik çıxa bilərdi. 2006-cı ilin sentyabr ayından sonra onun hərəkət müddəti gündəlik iki saata qaldırılmışdır. Lakin hərəkət ərazisi həddindən artıq məhdud idi və orada hərəkət etmək ərizəçiyə baş gicəllənməsi verirdi. Ərizəçi MTN-nin həbsxana müəssisəsində heç bir zaman idman zalı görməmiş və orada məşq etməmişdir.
77. Ərizəçi bütün paltarlarını kamerada özü yumalı və qurutmalı olmuşdur. O, həftə ərzində bir dəfə iyirmi dəqiqəlik duş qəbul edə bilərdi və böyük hamam dəsmalından istifadə etmək icazəsi yox idi. Yemək aşağı keyfiyyətli idi. 2006-cı il 23 apreldə sağlamlıq problemindən sonra saxlanma şəraitində çox az yenilik edilmişdir; məsələn, duş müddəti uzadılmış və evdən əlavə yemək göndərilməsinə icazə verilmişdir.
78. Ərizəçi dindirilmə üçün birinci dəfə kamerasından çıxarıldıqda əlləri qandallanmışdır. Vəkillərinin etirazından sonra qandallar çıxarılmışdır. Ərizəçi həyat yoldaşı və ailəsinə məktub yollamaq hüququna malik deyildi, onlar da öz növbəsində ona yaza və ya baş çəkə bilməzdilər. Ərizəçi vəkillərinə müdafiəsini təşkil etmək üçün yazılı məlumat vermək hüququna malik deyildi. Onun yazdığı hər bir qeyd ələ keçirilirdi.
79. 2006-cı il iyulun 23-dən sentyabrın 23-ə qədər ərizəçi Ədliyyə Nazirliyinin Tibb Müəssisəsində dörd nəfərlik kamerada 15 kv.m-lik ərazidə saxlanmışdır.
2. Hökumətin versiyası
80. MTN-nin həbsxana müəssisəsində ərizəçi öz istəyi ilə iki nəfərlik kamerada təkbaşına saxlanmışdır. Kameranın sahəsi təxminən 10 kv.m idi. Kameranın pəncərəsinin eni 1.4 m və hündürlüyü 1.2. m idi. Kamera MTN binasının ümumi istilik sisteminə bağlı idi, yaxşı işıqlı idi və havalandırılırdı. Müvafiq tənzimləmə ilə elektrik lampası gün ərzində və gecə yandırıldıqda, lampa məhbusların yuxusuna mane olmayacaq şəkildə yerləşdirilmişdi.
81. Ərizəçi kamerasından iki saatlıq ayrıla və idman zalında məşq edə bilərdi. Yemək gündə üç dəfə verilirdi. Bundan əlavə, bütün digər məhbuslar kimi ərizəçi də evdən həftəlik 5 kq-a qədər yemək ala bilərdi. Ərizəçiyə təmiz dəsmal və yataq dəsti verilirdi. Həftədə bir dəfə ailəsi ona təmiz paltar göndərir və beləliklə də o, fəsilə uyğun geyinirdi. Ərizəçi dindirilmə və ya hər hansı bir digər istintaq tədbiri müddətində heç bir zaman qandallanmamışdır.
82. Hökumət ərizəçinin Ədliyyə Nazirliyinin Tibb Müəssisəsində saxlanma şəraiti ilə bağlı heç bir dəqiq məlumat təqdim etməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
Cinayət-Prosessual Məcəlləsi
83. CPM-ə əsasən həbsin iki “növü” və ya müddətləri vardır: (1) hakim qarşısına gətirilməzdən əvvəl məhkəmə qərarı olmadan şübhəli və ya təqsirləndirilən şəxsin həbsi (polis həbsi); (2) qətimkan tədbiri qismində qabaqlayıcı tədbiri təyin edən həbs qətimkan tədbiri. Hər iki həbs növü aşağıda göstərilir.
1. Tutulma və cinayət törətmək şübhəsi ilə həbs
84. CPM-in XVI fəsli, inter alia, cinayət törətmək şübhəsi ilə tutulmaya aiddir. Aşağıdakı şəxslər, inter alia, həbs edilə bilərlər: (a) cinayət törətməkdə şübhəli olan şəxs; (b) ittiham elan edilməli olan şəxs və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxs (147.1-ci maddə). Tutulma, inter alia, aşağıdakı hallarda tətbiq edilir: şəxsin cinayət törətməsinə şübhə yarandıqda; şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda (147.2.1-ci maddə).
85. CPM-in 148-ci maddəsi cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına aiddir. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını, inter alia, aşağıdakı hallarda tətbiq edə bilər: şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda.
86. 148.4-cü maddə aşağıdakıları nəzərdə tutur:
“Bu Məcəllənin 148.1 .... maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Belə qərar qəbul olunsa da şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Tutulmuş şəxsə tutulduğu andan 48 saat keçənədək ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya azad edilməsi haqqında qərar çıxarmalıdır.”
87. 153-cü maddə nəzərdə tutur ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları, inter alia, aşağıdakıları etməlidirlər: tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (153.2.1-ci maddə); tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək (153.2.2-ci maddə); tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir) (153.2.4-cü maddə); tutulduğu andan tutulmuş şəxsə vəkilə səmərəli müraciət imkanını təmin etmək (153.2.5-153.2.8-ci maddələr). Həmçinin, 90 və 91-ci maddələr nəzərdə tutur ki, eyni hüquqlar şübhəli və ya təqsirləndirilən şəxsə aiddir.
88. 153.3-153.4-cü maddələr aşağıdakıları nəzərdə tutur:
“153.3. Tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən aşağıdakı hallarda azad edilməlidir:
153.3.1. şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələr təsdiq edilmədikdə;
153.3.2. şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda;
153.3.3. (çıxarılıb)
153.3.4. ... tutulma anından 48 saat müddətində tutulmuş şəxsi həbs etmək üçün məhkəmə qərarı verilmədikdə.
153.4. Bu Məcəllənin 153.3.1 və 153.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda tutulmuş şəxs müvafiq olaraq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən, bu Məcəllənin 153.3.4-cü maddəsində nəzərdə tutulmuş halda isə həmçinin müvəqqəti həbsdə saxlama yeri üzrə müdiriyyətin rəhbəri tərəfindən azad edilə bilər. ”
2. Qətimkan tədbiri qismində həbs
89. CPM-in 154-cü maddəsi nəzərdə tutur ki, cinayət işi üzrə icraatda həbs daxil olmaqla on qətimkan tədbiri tətbiq oluna bilər. Həbs daxil olmaqla istənilən qətimkan tədbiri o hallarda tətbiq edilə bilər ki: (a) cinayət prosesini həyata keçirən orqandan gizlənmək; (b) cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; (c) cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq; (d) cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq; (e) məhkəmə hökmünün icra edilməsinə maneə törətmək təhlükəsi mövcud olsun (155.1-ci maddə). Qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə aşağıdakıları nəzərə almalıdır: (a) şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini; (b) şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını; (c) əvvəllər cinayətin törədilməsini, qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli halları (155.2-ci maddə). Bundan başqa, bir qayda olaraq, həbs və ona alternativ qətimkan tədbirləri yalnız 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə tətbiq oluna bilər (155.3-cü maddə).
90. CPM qətimkan tədbiri qismində həbsin iki növünü fərqləndirir: (1) müvafiq istintaq orqanı ibtidai araşdırmanı aparan zaman “məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbsdə saxlama müddəti”; və (2) işə məhkəmədə baxılarkən sonrakı həbs (bundan sonra - “məhkəmə icraatı zamanı qətimkan tədbiri qismində həbsdə saxlama müddəti”). Müddətlərin hesablanmasından başqa bu növlər arasında hər hansı praktiki fərq görünmür.
91. Xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərə qarşı məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbsdə saxlama müddəti ilkin üç aylıq müddətin bütün mümkün uzadılmaları daxil olmaqla on səkkiz aydan çox ola bilməz (158.1, 159.1, 159.2, 159.7 və 159.8-ci maddələr). Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı cinayət işinin məhkəməyə göndərildiyi, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır (158.3-cü maddə).
92. Qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti nəzərə alınmır (158.4-cü maddə).
93. İttiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir (284.1-ci maddə). İttiham aktı daha sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora göndərilir ki, o, beş gün müddətində, inter alia, onu təsdiq etsin və ya yenidən tərtib edilməsi üçün müstəntiqə qaytarsın (290-cı maddə).
94. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror tərəfindən ittiham aktının təsdiq edilməsindən sonra iş məhkəməyə göndərilir (292-ci maddə). Təqsirləndirilən şəxs həbsdə olduğu halda, işin baxılması üçün məhkəməyə göndərildiyi tarixdə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbsdə saxlama müddəti bitir (158.3-cü maddə) və məhkəmə icraatı zamanı qətimkan tədbiri qismində həbsdə saxlama müddəti başlanır.
95. 14 iyun 2005-ci il tarixli (158.5-ci maddəni çıxaran) qanunvericilik dəyişikliklərindən sonra CPM məhkəmə icraatı zamanı qətimkan tədbiri qismində həbsdə saxlama müddətinə aid hər hansı məhdudiyyəti artıq nəzərdə tutmur.
3. Həbsin tətbiqi və ona yenidən baxılmasına aid icraatlar
(a) “Məhkəməyədək icraat zamanı” həbs
96. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs tətbiq edilə və uzadıla bilər (156.2 və 441.1.2-ci maddələr).
97. Qətimkan tədbiri qismində həbsin tətbiqi daxil olmaqla ibtidai istintaqa aid müxtəlif prosessual məsələlər müvafiq rayon məhkəməsinin hakimi tərəfindən müvafiq təqdimatı aldıqdan sonra iyirmi dörd saat ərzində baxılır (447.1 və 447.2-ci maddələr). Aşağıdakı şəxslər iclasda iştirak etmək hüququna malikdirlər: (a) vəsatət vermiş şəxs; (b) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror; (c) vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi (maddə 447.3).
98. Həbsin qətimkan tədbiri qismində seçilməsi və ya seçilməsindən imtina edilməsi barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir (157.6 və 159.6-cı maddələr).
99. Qərar elan olunduqdan sonra 3 gün müddətində ondan şikayət verilə bilər (maddə 452.1). Şikayətin və ya protestin alındığı gündən sonra 3 (üç) gün müddətində apellyasiya instansiyası məhkəməsi qapalı məhkəmə iclasında 3 (üç) hakimdən ibarət tərkibdə barəsində şikayət verilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasını keçirməlidir (453.1 və 453.2-ci maddələr). Məhkəmə iclasında (a) şikayət vermiş şəxs, (b) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, (c) təqsirləndirilən şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi iştirak etmək hüququna malikdirlər (maddə 453.3).
(b) Məhkəmə icraatının gedişində
100. Məhkəmənin hazırlıq iclası cinayət işi məhkəməyə daxil olduqdan sonra 15 (on beş) gün müddətində təyin edilir (maddə 298.2). Hazırlıq iclasından sonra digər məsələlərlə yanaşı məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasını və ya azad olunmasını həll etməli və müvafiq qərar çıxarmalıdır (299.3.5, 300.2, 301.2 və 306-cı maddələr).
101. Mühakimənin istənilən vaxtında və öz təşəbbüsü ilə məhkəmə həbs daxil olmaqla istənilən qətimkan tədbirini dəyişdirə və ya ləğv edə bilər (156.2 və 320-ci maddələr). Belə qərar müşavirə otağında qəbul edilməli və kollegiyanın bütün hakimləri tərəfindən imzalanmalıdır (321.2.2-ci maddələr).
102. Mühakimə vaxtında qətimkan tədbirinə aid məhkəmə qərarlarından yuxarı məhkəməyə şikayət verilə bilməz (maddə 173.2).
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
103. İşgəncənin və qeyri-insani və ya alçaldıcı rəftarın, yaxud cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin Azərbaycana səfəri barədə hesabatdan müvafiq çıxarışlar aşağıdakıları əks etdirir:
“B. Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olan müəssisələr
61. Milli Təhlükəsizlik Nazirliyinin Bakıdakı Təcridxanası Nazirliyin səlahiyyətli xidmətləri tərəfindən istintaq olunan cinayətlərdə (dövlətə qarşı cinayətlər, qanunsuz silahlı qruplarda iştirakçılıq, ağır mütəşəkkil və iqtisadi cinayətlər, sərhəd nəzarəti qaydalarını pozma və s.) şübhəli bilinən və ya təqsirləndirilən şəxslər üçün nəzərdə tutulur. Orada həm Nazirliyin istintaq orqanlarının tutduğu şəxslər, həm də həbsdə olanlar saxlanılır.
Nazirliyin binasında yerləşən Təcridxana 106 şəxsi qəbul edə bilər. ...
62. Nümayəndə heyəti Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılan şəxslərin müəssisənin əməkdaşları tərəfindən pis rəftara məruz qalmalarına dair hər hansı iddiaları müşahidə etməmiş və belə rəftarın hər hansı başqa sübutunu aşkar etməmişdir.
63. Təcridxanada maddi şərait bütövlükdə məqbul idi və Azərbaycanda həbsdə olan şəxsləri qəbul edən başqa müəssisələrə nümunə kimi qələmə verilə bilər.
Məhbuslar bir, iki və ya dörd nəfərlik kameralarda saxlanılırlar. Bir nəfərlik kamera 6 m2-dən 8 m2-dək, iki nəfərlik 10 m2 və dörd nəfərlik 18 m2-lik sahələrdir. Bütün kameralar lazımi təchiz olunmuş yataqlarla, stollarla, oturacaqlarla, şkaf və rəflərlə təmin edilib. Kameralarda, həmçinin əlüzyuyan və dörd dərəcəli tualet vardır; sonuncuya gəldikdə, nümayəndə heyəti qeyd edib ki, onlardan hamısı qapalı deyildir. Lakin müəssisənin aparılan təmirində hissəvi arakəsmələr tədricən qurulub.
Məhbuslar həftədə bir dəfə duş qəbul edə bilər. Maliyyə mənbələri olmayan məhbuslar əsas gigiyena vasitələri (sabun, dəsmal və tualet kağızı) ilə təmin olunub. Yataq örtükləri hər həftə dəyişdirilir və tam təchiz edilmiş camaşırxanada yuyulur.
Nümayəndə heyəti gündə üç dəfə verilən yeməkdən hər hansı şikayət müşahidə etməmişdir. Məhbuslara, həmçinin ailələrindən həftədə bir dəfə 5 kq yemək qəbul etməyə icazə verilir.
64. Məhbuslar həyətdə gündəlik bir saatlıq idman etmək imkanına malikdirlər. Lakin binanın damında yerləşən idman sahələri kiçik (9-12 m2), örtülməmiş və üzücü dizayndadır (məftilli materialla bağlanmış yüksək divarlar). Quraşdırma və məhdud ölçüsünə görə bu sahələr idmanla lazımınca məşğul olmağa imkan vermir.
İdman və dindirmə müddətlərindən kənar vaxtlarda məhbuslar məşğuliyyət olmadan öz kameralarında qapalı saxlanılırlar. Radio və televiziyaya icazə verilmir; yeganə əyləncə stolüstü oyunları oynamaq və ya kitab və qəzetləri oxumaqdan ibarətdir. 02 aprel 2003-cü il tarixli məktubunda Azərbaycan dövlət orqanları CPT-yə məlumat veriblər ki, qeyd olunan təkmilləşdirmə proqramı çərçivəsində bir neçə məhbusa iş təklif olunub.
65. Səfər zamanı Təcridxananın hər hansı tibbi personalı yox idi. Kömək üçün müraciət Milli Təhlükəsizlik Nazirliyinin yaxınlığında yerləşən poliklinikanın ümumi həkimlərinə və mütəxəssislərinə edilirdi və onlara buraxılış üçün hər hansı xüsusi problemlər görünmürdü. Dərmanların paylanması və saxlanılmasının təmin edilməsi tibbi təcrübəsi olmayan təcridxana heyətinə aid idi. Nümayəndə heyətinə məlumat verilib ki, tam-ştat tibb bacısını işə götürmək barədə direktorun tələbi Nazirlik tərəfindən ilkin olaraq təmin olunub. Daha sonra, 02 aprel 2003-cü il tarixli məktublarında Azərbaycan dövlət orqanları CPT-yə məlumat veriblər ki, Təcridxanada işə həkim götürmək barədə qərar qəbul olunub.
Nümayəndə heyəti tibbi sənədləşmənin pis vəziyyətdə olmasına görə narahat idi: tibbi məsləhətləşmələrin qeydiyyatı qısa və natamam idi və fərdi tibbi işlər yox idi. Bundan başqa, tibbi məlumatların məxfiliyinə riayət edilmir (belə məlumatlar məhbusların inzibati işlərində saxlanılırdı) və məsləhətləşmələr, bir qayda olaraq, təcridxana əməkdaşının iştirakı ilə keçirilirdi.
Nümayəndə heyətinə məlumat verilib ki, yeni daxil olmuş məhbuslar növbətçi əməkdaş tərəfindən şəxsi axtarışa məruz qalırdı. Həkim tərəfindən tibbi baxış ən geci ertəsi gün aparılırdı. Lakin yeni gəldikdə tibbi müayinələrin qeydiyyatı yox idi; yeni gələnlərin zədələr və ya səhhət problemləri şikayətləri haqqında həkimin qeydləri məhbusların inzibati işlərinə daxil edilirdi və həddən artıq qısa idi.
...
67. CPT məhbusların ətraf aləmlə əlaqə saxlamaq imkanlarına aid ciddi narahatçılıq ifadə etmişdir. ... ailə görüşləri və yazışmalara müstəntiq, prokuror və ya məhkəmə tərəfindən açıq icazə verilmişdi və məhbuslar telefondan istifadə imkanına malik deyildilər. ... ”
HÜQUQİ MƏSƏLƏLƏR
İŞİN ƏHATƏSİ
104. İlkin şikayət ərizəçinin mühakiməsindən və sonrakı məhkumluğundan əvvəlki zamana aid faktlarla məhdudlaşmış və iş 04 aprel 2007-ci ildə Konvensiyanın 3 və 5-ci maddələri, 6-cı maddəsinin 2-ci bəndi və 8 və 13-cü maddələrinə əsasən cavabdeh Hökumətə kommunikasiya olunmuşdur. Məhkəmə qeyd edir ki, kommunikasiyadan sonra ərizəçi mühakiməsinin sonrakı mərhələsinə və məhkum olunmasına qarşı şikayətlər zamanı baş vermiş hadisələrdən irəli gələn “sonrakı yeni və davam edən pozuntulara” aid yeni dəlillər təqdim etmişdir. Ərizəçi qeydlərinin 8-ci səhifəsində bildirib ki, bu “yeni və davam edən pozuntulara” aid şikayətlər onun Məhkəməyə vermək niyyətində olduğu yeni şikayətin predmeti olacaq. Əvvəlki işlərdə qərara alındığı kimi, ərizəçinin Məhkəməyə ilkin şikayəti üstündə sadəcə olaraq əlavə məsələlər təşkil etdiyi halda, Məhkəmə şikayətin Hökumətə kommunikasiya olunmasından sonra ortaya çıxmış hər hansı məqamları araşdırmağı məqsədəmüvafiq hesab etmir (baxın, Nuray Şen Türkiyəyə qarşı (no. 2), no. 25354/94, § 200, 30 mart 2004-cü il; Piryanik Ukraynaya qarşı, no. 75788/01, § 20, 19 aprel 2005-ci il; Kovaç Ukraynaya qarşı, no. 39424/02, § 38, İHAM 2008-...; Kats və digərləri Ukraynaya qarşı, no. 29971/04, § 88, İHAM 2008-...; Yusupova və digərləri Rusiyaya qarşı, no. 5428/05, § 51, 09 iyul 2009-cu il; Şahinzadə və digərləri Gürcüstana qarşı, no. 18768/05, § 72, 27 may 2010-cu il; və Ruza Latviyaya qarşı (qərardad), no. 44798/05, § 30, 11 may 2010-cu il).
105. Hazırkı şikayətin kommunikasiyasından və onun məqbuliyyəti ilə mahiyyətinə birgə baxılması barədə qərardan əvvəl sonrakı hadisələrə aid hər hansı şikayətlərin verilmədiyini nəzərə alaraq, hazırkı işin əhatəsi kommunikasiya zamanı mövcud olan faktlarla məhdudlaşır. Bu faktlar ərizəçinin həbsi və sonrakı məhkum olunması müddətindəki hadisələrə aiddir. Lakin ərizəçi bundan sonrakı hadisələrə aid hər hansı digər şikayətlərlə bağlı yeni şikayət ərizəsi vermək imkanına malikdir (baxın, Dimitriu və Dumitraş Rumıniyaya qarşı, no. 35823/03, §§ 23-24, 20 yanvar 2009-cu il).
KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
106. Ərizəçi şikayət edib ki, 19 oktyabr 2005-ci ildən 25 oktyabr 2007-ci ilədək həbsinin iddia olunan sərt şəraiti və adekvat tibbi yardımın olmaması aşağıdakıları nəzərdə tutan Konvensiyanın 3-cü maddəsinin mənasında qeyri-insani və alçaldıcı rəftarı təşkil edir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
A.Tərəflərin dəlilləri
107. Hökumət bildirib ki, 25 yanvar 2006-cı ildən sonrakı dövrə aid şikayət daxili vasitələrin tükənməməsi səbəbindən qeyri-məqbuldur. Onlar qeyd ediblər ki, ərizəçi “həbsinin şəraitinin ümumi qəbul olunmuş standartlara cavab vermədiyi” barədə istintaq və məhkəmə orqanlarına şikayət etdiyi hallarda, öz qənaətinə görə pis rəftarı təşkil edən hər hansı spesifik şəraitə istinad etməmişdir. Bundan başqa, 25 yanvar 2006-cı ildən sonra o, buna aid hər hansı şikayətləri daxili məhkəmələrə etməmişdir. Digər tərəfdən, o, Ədliyyə Nazirliyinin Tibb Müəssisəsindəki həbs şəraiti ilə bağlı hər hansı şikayətləri heç bir daxili orqan qarşısında qaldırmamışdır.
108. Hökumət ərizəçinin həbs şəraitinin qeyri-insani və ya alçaldıcı kimi qiymətləndirilə bilmədiyini, onun standart şəraitdə saxlanıldığını və onu hər hansı şəkildə alçaltmaq və ya aşağılamaq niyyətinin olmadığını bildirib. Bununla bağlı, Hökumət MTN-nin Həbs Təcridxanasında həbsin ümumi şəraitinə aid CPT-nin 2002-ci il tarixli Hesabatının qənaətlərinə istinad etmişdir. Belə şərait CPT tərəfindən məqbul hesab edilib.
109. Hökumət daha sonra bildirib ki, onun bütün həbs müddətində ərizəçi bir neçə yüksək keyfiyyətli tibb peşəkarlarının çevik, zəruri və adekvat yardımından istifadə edə bilirdi. Doktor Tomasın ekspert rəyinə gəldikdə, Hökumət qeyd edib ki, onun hansı sənədlərə əsaslandığı aydın deyil. Doktor Dümondun ekspert rəyinə gəldikdə, Hökumət qeyd edib ki, o yersizdir, ona görə ki, milli məhkəmələrin müəyyən etdiyi qaydalara uyğun olaraq ərizəçinin şikayətlərinin təsdiqi üçün heç zaman daxili orqanlara və ya məhkəmələrə təqdim edilməmişdir.
110. Ərizəçi bildirib ki, o, 25 yanvar 2006-cı ildən həm əvvəl, həm də sonra bir neçə dəfə həbsin şəraiti və tibbi yardımın iddia olunan çatışmazlığı barədə daxili orqanlara və məhkəmələrə şikayət etmişdir. O iddia edib ki, hər bir halda onun şikayətinə aid nəzəri baxımdan əlçatan istənilən vasitə təcrübədə səmərəsiz, bu vasitələrə əlatma faydasız olmuş və daxili orqanlar onun şikayətlərinə davamlı olaraq ədalətsiz baxmışlar.
111. Ərizəçi 19 oktyabr 2005-ci ildən 25 oktyabr 2007-ci ilədək MTN-nin Həbs Təcridxanasında həbs şəraitinə aid Hökumətin faktiki dəlillərini mübahisələndirmiş (baxın, 80-82-ci paraqraflar) və bildirmişdir ki, onun təsvir etdiyi kimi (baxın, 75-79-cu paraqraflar) həbsinin həqiqi şəraiti Konvensiyanın 3-cü maddəsinə əsasən pis rəftarı təşkil edir. Daha sonra o iddia edib ki, Hökumət seçimli şəkildə CPT-nin 2002-ci il tarixli Hesabatına əsaslanmış və həmin Hesabat MTN-nin Həbs Təcridxanasında şəraitə dair “bir çox tənqidləri” də əks etdirib. Hər bir halda ərizəçinin qənaətinə görə, CPT-nin 2002-ci il tarixli Hesabatı köhnədir və təzələnməmiş variantıdır və onun MTN-nin Həbs Təcridxanasında həbsdə olduğu müddətdə həbs şəraitinin düzgün təsvirini əks etdirmir.
112. Ərizəçi şikayət edib ki, həbsdə aldığı tibbi qayğı qeyri-müvafiq və qeyri-adekvat olmuş və ona səhv diaqnoz qoyulmuşdur. Bəzi həkimlər ona ürəyin işemik xəstəliyi diaqnozu qoysa da, daxili orqanlar onun sağlamlıq vəziyyətini “qənaətbəxş” kimi yanlış qiymətləndirməyə davam etmişdir. Ümumiyyətlə, müxtəlif həkimlərin qoyduqları diaqnozlar müxtəlif və ziddiyyətli olmuşdur. Ərizəçi iddia edib ki, bu, “onu müayinə edənlərin hazırlığının və biliyinin olmamasını və onlara əlçatan olan diaqnostik avadanlığın qeyri-adekvat olmasını” nümayiş etdirir. O iddia edib ki, ona hakimiyyət orqanlarının təyin etdiyi həkimlər əvəzinə “öz həkiminə və ya digər müstəqil həkimlərə” müraciət etmək imkanı təqdim edilməli idi. O, müstəqil ekspertlər Doktor Tomas və Doktor Dümondun hesabatlarında göstərilmiş qənaətlərə istinadən iddia edib ki, bu hesabatlar onun vəziyyətinin ciddi olduğunu və adekvat qayğı almadığını göstərir.
B. Məhkəmənin qiymətləndirməsi
113. Məhkəmə hesab edir ki, daxili vasitələrin tükənməməsinə aid Hökumətin etirazını araşdırmağa zərurət yoxdur, ona görə ki, ərizəçinin bu tələbə riayət etməsi aşkar edilsə belə, şikayət hər bir halda aşağıdakı səbəblərə görə əsassızdır.
114. Məhkəmə təkrar edir ki, Konvensiyanın 3-cü maddəsinin əhatəsinə düşmək üçün pis rəftar sərtliyin minimal dərəcəsinə çatmalıdır. Bu minimal dərəcənin qiymətləndirilməsi öz mahiyyəti etibarilə aşağıdakı kimidir; o, rəftarın davamiyyəti, onun fiziki və mənəvi nəticələri və bəzi hallarda qurban şəxsin cinsi, yaşı və sağlamlıq vəziyyəti kimi işin bütün hallarından asılıdır (baxın, digər mənbələr arasında, Kudla Polşaya qarşı (BP), no. 30210/96, § 91, İHAM 2000-XI; Pirs Yunanıstana qarşı, no. 28524/95, § 67, İHAM 2001-III; və Kalaşnikov Rusiyaya qarşı, no. 47095/99, § 95, İHAM 2002-VI).
115. Qətimkan tədbiri kimi həbsin özlüyündə Konvensiyanın 3-cü maddəsinə əsasən məsələnin ortaya çıxmasına səbəb olduğunu demək olmaz. Nə də bu müddəa sağlamlıq əsasları ilə məhbusu azad etmək ümumi öhdəliyini yaradan kimi qiymətləndirilə bilər. Bununla belə, o, Dövlətlərin üzərinə onu təmin etməyi öhdəlik qoyur ki, şəxslər insan ləyaqətinə uyğun şəraitdə həbs çəksin və bu tədbirin icra olunması tərzi və metodu onu həbsə qaçılmaz olaraq xas olan narahatlıq və ya çətinlikdən artıq olmasın və həbsin praktiki tələblərini nəzərə alaraq, onun səhhəti və ümumi vəziyyəti digər məsələlərlə yanaşı tələb olunan tibbi qayğı ilə adekvat təmin edilsin (baxın, yuxarıda qeyd olunmuş, Kudla, § 94, və Paladi Moldovaya qarşı (BP), no. 39806/05, § 71, İHAM 2009-...). Həbs şəraitini qiymətləndirərkən bu şəraitin effektləri məcmu halda nəzərə alınmalı, eləcə də ərizəçinin etdiyi spesifik iddialara da diqqət yetirilməlidir (baxın, Duqoz Yunanıstana qarşı, no. 40907/98, § 46, İHAM 2001-II).
116. Hazırkı işin spesifik hallarına qayıdaraq, Məhkəmə ilk növbədə 19 oktyabr 2005-ci ildən 21 may 2007-ci ilədək ərizəçinin MTN-nin Həbs Təcridxanasında saxlanıldığı şəraiti araşdıracaq və bundan sonra, onun sağlamlıq vəziyyətinə, onun həbsə uyğunluğuna və həbsdə aldığı qayğıya münasibət bildirəcək.
117. CPT-nin 2002-ci il tarixli Hesabatındakı qənaətləri və tərəflərin dəlillərini nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin həbsinin maddi şəraiti tam qaneedici olmasa belə, bütövlükdə məqbul sayılmalıdır. 2002-ci il tarixli CPT Hesabatı hətta vurğulayıb ki, MTN-nin Həbs Təcridxanasındakı şərait Azərbaycandakı başqa həbs müəssisələrinə “nümunə ola bilər”. Tərəflər kameranın dəqiq ölçüləri ilə bağlı ixtilafa düşsələr belə, Məhkəmə qeyd edir ki, hər bir halda kamera 7.5 m2-dən kiçik olmamışdır. Bu da qətimkan tədbiri kimi həbs üçün CPT-nin və Məhkəmənin presedent-hüququnun müəyyən etdiyi müvafiq standartlara uyğun gəlir. CPT-nin 2002-ci il tarixli Hesabatına görə, MTN-nin Həbs Təcridxanasında kameralar normal yataq ləvazimatı və ventilyasiya ilə təchiz olunmuş, adekvat təmir və təmizlik vəziyyətində saxlanılmış, adekvat mebellə təmin edilmiş və lazımınca təşkil edilmişdir. Təmiz yataq ləvazimatları hər həftə verilmişdir. Məhbuslar həftədə bir dəfə isti duş qəbul etmək imkanına malik olmuş, onlara əsas gigiyena ləvazimatları verilmiş (əgər onlar bunu maliyyə cəhətdən özləri edə bilmirlərsə), gündəlik bir saatlıq çöl gəzintiləri təqdim edilmiş, gündə üç dəfə yeməklə təmin olunmuş və həftəlik olaraq kənardan əlavə yemək almaq imkanı olmuşdur. Həbsi zamanı CPT-nin 2002-ci il tarixli Hesabatının artıq köhnə olması barədə ərizəçinin dəlilinə baxmayaraq, Məhkəmə MTN-nin Həbs Təcridxanasında maddi vəziyyətin CPT-nin 2002-ci ildə Azərbaycana səfər etməsindən sonra pisləşməsinə dair inandırıcı sübut görmür.
118. Lakin gəzinti həyatının repressiv və qeyri-adekvat dizaynı, kifayətdici gündəlik fəaliyyətin və məşğulluğun olmaması, Həbs Təcridxanasında saxlanılan tibbi qeydiyyatın aşağı keyfiyyətli olması və məhbusların kənar əlaqələrinə qoyulmuş məhdudiyyətlər kimi bəzi problematik aspektlər də mövcud olmuşdur. Məhkəmə hesab edir ki, sonuncu aspekt həbs kontekstində özlüyündə Konvensiyanın 3-cü maddəsi üzrə məsələni qaldırmır və aşağıda ərizəçinin Konvensiyanın 8-ci maddəsi üzrə şikayəti baxımından araşdırılacaq.
119. Yuxarıda göstərilmiş müəyyən çatışmazlıqlara baxmayaraq, Məhkəmə həmin elementləri ümumilikdə və ərizəçinin həbs şəraitinin nəticələrini məcmu şəkildə nəzərə alaraq, hesab etmir ki, bu şərait qeyri-insani və ya alçaldıcı rəftarı təşkil etmək üçün pis olmuşdur.
120. Ərizəçinin sağlamlıq vəziyyətinə və adekvat tibbi yardımın iddia olunan olmamasına aid şikayətinə qayıdaraq, Məhkəmə qeyd edir ki, onun narazılığı əsasən həbs müddətində onu müayinə etmiş həkimlərin tibbi ekspertizasının iddia olunan çatışmazlığına aiddir. Bu isə onun qənaətinə görə xəstəliklərinin ciddiliyini müəyyən edə bilməyən səhv və ziddiyyətli diaqnozlarla nəticələnmiş və bu səbəbdən qeyri-adekvat tibbi yardım göstərilmişdir. Xüsusən, o şübhə edir ki, ciddi ürək vəziyyətində olmuş, lakin həkimlər bunu ya müəyyən edə bilməmiş, ya da qəsdən bunu etməkdən imtina etmişlər.
121. Həbsdə göstərilmiş tibbi yardımın adekvatlığının qiymətləndirilməsi o halda zəruri olur ki, ərizəçinin sağlamlıq vəziyyətinin ciddi olduğu müəyyən edilsin (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş, Paladi, § 72). Müvafiq olaraq, ərizəçinin həbsinin Konvensiyanın 3-cü maddəsinə uyğun və ona göstərilmiş tibbi yardımın adekvat olub-olmadığını müəyyən etməzdən əvvəl ərizəçinin sağlamlığına böyük təhlükə törədən və xüsusi tibbi qayğı tələb edən hər hansı ciddi xəstəlikdən əziyyət çəkib-çəkmədiyi aydınlaşdırılmalıdır.
122. Məhkəmə qeyd edir ki, həbsdə olarkən ərizəçi yüksək arterial təzyiqi və huşun itirilməsi ilə müşayiət olunan iki və ya üç tutmadan əziyyət çəkmişdir. Bu tutulmalar ərizəçinin ürək probleminə malik olduğu barədə şübhəsinin əsas səbəbi idi.
123. Malik olduğu tibbi materialları nəzərə alaraq, Məhkəmə qeyd edir ki, əslində ilk baxışdan ərizəçiyə həbsindən sonra qoyulmuş diaqnozlar ziddiyyətli görünür. Məsələn, ərizəçinin həbsinin əvvəlində iki həkim (MTN-nin həkimi 29 oktyabr 2005-ci ildə və Səhiyyə Nazirliyinin kardioloqu 31 mart 2006-cı ildə) ona şikayətləndiyi simptomlar (sinə ağrıları, havalanma və s.) əsasında ürək işemiyası diaqnozu qoymuşlar. Qeyd olunmalıdır ki, MTN-nin həkimi onun diaqnozunun yanında sual işarəsi qoymuş və bu ona dəlalət edə bilər ki, həmin diaqnoz təsdiq edilməlidir. Lakin sonrakı müayinələr bu diaqnozu təsdiq etməmiş və ona daha sonra neyrosirkular distoniya diaqnozu qoyulmuşdur.
124. Bununla bağlı, Məhkəmə o faktın üstündən keçə bilməz ki, simptomların geniş sayı müxtəlif sağlamlıq vəziyyətlərinə aid ola bilər. Bu isə bəzən diaqnozlarda səhvə və ya dəqiq diaqnoz qoymaq üçün bir neçə test və müayinələrə gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, bəzi əvvəlki tibbi müayinələr şikayət olunan simptomların işemiya xəstəliyinə uyğun olduğunu göstərsə belə, ərizəçi sonradan kardioqrama, exo və digər lazımi testlər daxil omaqla daha hərtərəfli tibbi müayinələrdən keçmiş və bu testlərin nəticələrinin köməyi ilə bir neçə müxtəlif həkimlər tərəfindən müayinə edilmişdir. Bunlardan heç biri ciddi ürək problemini aşkar etməmişdir. Xüsusən, Məhkəmə qeyd edir ki, 2006-cı ilin aprelində ərizəçi Səhiyyə Nazirliyinin dörd eksperti tərəfindən müayinə olunmuşdur; 2006-cı ilin iyulunda o, iki ay müddətinə Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinə köçürülmüşdür və orada mütəmadi olaraq müxtəlif həkimlər onu müayinə etmişlər; 2006-cı ilin noyabrında o, on həkimin daxil olduğu tibbi komissiya tərəfindən müayinə olunmuşdur; və nəhayət, 2007-ci ilin yanvarında tibbin müxtəlif sahələrinə aid on ekspert onun kompleks müayinəsini aparmışlar.
125. Müəyyən edilib ki, ərizəçinin tutulmalarının səbəbi patoloji deyil və həyat tərzinin həbsdən sonra anidən dəyişilməsinin emosional nəticəsi olmaqla diskomfort hissinə və təzyiqə səbəb olmuşdur. Bu vəziyyət “neyrosirkular distoniya” kimi tanınır (somatoform muxtar disfunksiya kimi qiymətləndirilən əsəbilik vəziyyətinin bir forması (həmçinin, Da Kosta sindromu və ya neyrosirkular asteniya kimi tanınır)). İşdə olan sənədlərdən və tərəflərin dəlillərindən göründüyü kimi, bu həqiqətən belə olub, ona görə ki, lazımi dərmanlar qəbul etdikdən bir az sonra ərizəçi özünü daha yaxşı hiss etmişdir. Həmçinin aydın olur ki, bu tutulmalar hər hansı ciddi və ya patoloji nəticələrə səbəb olmamışdır.
126. Məhkəmə qeyd edir ki, ərizəçi bu qənaətlərlə razılaşmamış və iddialarının təsdiqi kimi Doktor Tomas və Doktor Dümondun rəylərinə əsaslanmağa çalışmışdır (baxın, yuxarıda 61 və 73-74-cü paraqraflar). Bu ekspertlərin yüksək tibbi biliyə malik olduqlarını şübhə altına almadan, Məhkəmə hesab edir ki, bu sübut problematik aspektlərə malikdir. Xüsusən, ərizəçini şəxsən heç vaxt görməyən Doktor Tomasın rəyi çox qısa olmaqla geniş əhatəlidir və ərizəçinin sağlamlıq vəziyyətinə aid hər hansı spesifik qənaətləri əks etdirmir. Daha önəmlisi isə odur ki, nə Doktor Tomasın özü, nə də ərizəçi rəyin əsaslandığı tibbi qeydləri və ya digər sənədləri göstəriblər. Görünür ki, ən yaxşı halda Doktor Tomas ərizəçinin vəkilləri tərəfindən onun tibbi işinin yalnız bir hissəsi ilə təmin edilmişdir.
127. Doktor Dümondun rəyinə gəldikdə, Məhkəmə qeyd edir ki, Doktor Tomas kimi o da ərizəçini şəxsən heç vaxt müayinə etməmiş və öz rəyini yalnız ərizəçinin tibbi qeydlərinin və həbsin şəraiti barədə özünün verdiyi təsvirin tərcümələri ilə (bilinməyən keyfiyyətli) əsaslandırmışdır. Görünür ki, Doktor Dümondun malik olduğu sənədlər tərəflərin Məhkəməyə təqdim etdikləri və yuxarıda 49-74-cü paraqraflarda təsvir olunmuş sənədlərin tərcüməsidir. Lakin görünmür ki, Doktor Dümond Azərbaycan həkimlərinin tibbi təcrübəsi və istifadə etdikləri terminologiya barədə xəbərdar olmuşdur. Bu isə onun rəyinin hərtərəfliyinə təsir edə bilər. Xüsusən, Məhkəmə qeyd edir ki, Doktor Dümond Azərbaycan həkimlərini “müasir kardioloqlara bəlli” olmayan terminologiyadan istifadə etdikləri və bu səbəbdən ərizəçinin tibbi qeydlərinin onun tərəfindən anlaşılmasını məhdudlaşdırdığı üçün tənqid etmişdir. Xüsusən o, “stenokardia” (sinə ağrı simptomunu bildirən angina pektori kimi tanınır) və “neyrosirkular distoniya” (yuxarıda izah edilib) kimi terminlərin işlədilməsini tənqid etmişdir. Bununla belə, Məhkəmə qeyd edir ki, bu hər iki termin keçmiş Sovetlər Birliyinin bütün ərazisində tibb ictimaiyyəti tərəfindən geniş istifadə olunur və başa düşülür (baxın, məsələn, yuxarıda qeyd olunmuş Kalaşnikov, § 30; Nevmerjitski Ukraynaya qarşı, no. 54825/00, § 43, İHAM 2005-II; Hümmətov Azərbaycana qarşı, nos. 9852/03 və 13413/04, § 41, 29 noyabr 2007-ci il; və Kaçeişvili Gürcüstana qarşı (qərardad), no. 55793/09, 24 noyabr 2009-cu il). Məhkəmə, həmçinin qeyd edir ki, müxtəlif ölkələrdə praktiklər tərəfindən istifadə olunan bu terminologiya vahid deyil və qəbul edir ki, bir ölkədəki bilikli həkim əcnəbi ölkələrdə istifadə olunan müəyyən terminologiyaya bələd olmaya bilər. Doktor Dümondun ərizəçinin tibbi işində əksər terminologiya ilə tanış olmaması faktı onu əvvəl müayinə edən həkimlərin biliksiz olmasına və ya “müasir kardioloji bacarığa” malik olmamasına dəlalət etmir.
128. Bundan başqa, hər bir halda Doktor Dümond belə nəticəyə gəlib ki, ərizəçi “kifayət qədər yaxşı” müalicə edilmiş, “qeyri-stabil hipertoniya” və “çox kiçik korronar arteriya xəstəliyindən” əziyyət çəkmişdir. Lakin o, ərizəçinin xüsusi müdaxiləni tələb edən spesifik ciddi ürək xəstəliyindən əziyyət çəkdiyinə dair hər hansı qəti qənaətə gəlməkdən çəkinib.
129. Bundan başqa, Məhkəmə ərizəçini müayinə və müalicə etmiş bütün həkimlərin peşəkarlıq səviyyəsinə aid ümumi sözlərlə ifadə olunmuş tənqidlə razılaşa bilməz. Məhkəmə qeyd edir ki, ərizəçini müayinə etmiş ekspertlərin əksəriyyəti həbsxana həkimləri deyil, ümumi praktik və kardioloq olmuşlar və Məhkəmə hesab edir ki, onların tibbi ixtisaslaşmasını və ya bacarıqlarını şübhə altına almağa əsas yoxdur. Digər tərəfdən, Məhkəmə xatırladır ki, Konvensiyanın 3-cü maddəsi həbsdə və ya həbsxana tipli tibbi müəssisələrdə əlçatan olan tibbi yardımın ümumi ictimaiyyət üçün açıq olan ən yaxşı tibbi müəssisələrdə olandan daha yüksək səviyyədə olmasını tələb etmir; o, hətta onun ümumi ölkəmiqyaslı səviyyədə olmasını da hökmən zəruri etmir (baxın, mutatis mutandis, Testa Xorvatiyaya qarşı, no. 20877/04, § 46, 12 iyul 2007-ci il). Hazırkı işdə görünür ki, ərizəçi ölkədə olan ən yaxşı ekspertlər tərəfindən müayinə edilmişdir.
130. Nəticə etibarilə, Məhkəmə hesab edir ki, işdə olan materiallardan kifayət qədər müəyyən edilə bilər ki, ərizəçinin tutulmaları ambulator əsaslarla müalicə edilən və zəif sağlamlıq vəziyyəti olan neyrosirkular distoniya səbəbindən olmuş (baxın, yuxarıda qeyd olunmuş Kaçeişvili) və o, xüsusi tibbi qayğını tələb edən hər hansı ciddi xəstəlikdən əziyyət çəkməmişdir. Şikayətinin mahiyyətinə aid Məhkəmə ilə ən sonuncu kommunikasiyadan sonra ərizəçi sağlamlıq vəziyyətinin pisləşməsinə aid hər hansı dəlillər gətirməmişdir.
131. Lakin eyni zamanda ərizənin aldığı tibbi yardımı nəzərə alaraq, Məhkəmə hesab edə bilməz ki, bu yardım “pis rəftar” təşkil etmək üçün qeyri-adekvatlıq dərəcəsinə çatmışdır. Məsələn, Məhkəmə qeyd edir ki, bəzi hallarda ona dərmanlar ixtisaslaşmamış nəzarətçilər tərəfindən verilmiş, onun sağlamlıq vəziyyətinə aid şikayətlərinə cavab verilməkdə müəyyən gecikmələr olmuş və tibbi işinin tam surəti ona vaxtında təqdim edilməmişdir. Digər tərəfdən, Məhkəmə ərizəçinin özünün tibbi personala qarşı əməkdaşlıqsız davranışını da nəzərdən qaçıra bilməz, nəzərə alaraq ki, bir neçə dəfə o, təyin olunmuş dərmanları qəbul etməkdən imtina etmişdir. İşin hallarını ümumilikdə nəzərə alaraq, Məhkəmə hesab edir ki, bəzi çatışmazlıqlara baxmayaraq, ərizəçi bilikli ekspertlər tərəfindən qayğının məqbul dərəcəsini almış, ona zəruri dərmanlar yazılmış, o, iki ay müddətinə tibb müəssisəsinə yerləşdirilmiş və orada olmadıqda da ağlabatan müddətlərdə müayinə edilmişdir.
132. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə belə nəticəyə gələ bilməz ki, ərizəçinin həbs şəraiti qeyri-insani və ya alşaldıcı rəftarı təşkil etməyə qədər pis olmuş və o, həbsinə zidd olan hər hansı ciddi xəstəlikdən əziyyət çəkmiş, yaxud da ona əlçatan olan tibbi yardım ərizəçiyə Konvensiyanın 3-cü maddəsi ilə tələb olunan minimum sərtlik dərəcəsinə çatdıran əziyyəti vermişdir.
133. Müvafiq olaraq, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə uyğun olaraq rədd olunmalıdır.
KONVENSİYANIN 5-ci MADDƏSİNİN 1-ci BƏNDİNİN
İDDİA OLUNAN POZUNTUSU
134. Ərizəçi şikayət edib ki, onun tutulması və həbsi cinayət törətməkdə şübhəli bilinməsi üçün ağlabatan əsaslara malik olmamışdır.
135. O, həmçinin şikayət edib ki, onun azadlıqdan məhrum olunması qanuni olmamışdır. Xüsusən, o qeyd edib ki, qanunsuz şəkildə tutulub və hakim qarşısına çıxarılmazdan əvvəl daxili qanunla yol verilən qırx səkkiz saatdan çox həbsdə olub. O həm də qeyd edib ki, Nəsimi rayon məhkəməsinin 02 oktyabr 2005-ci il tarixli qərarı ilə icazə verilmiş həbsi 19 aprel 2007-ci il tarixdə bitdikdən sonra qanuni əsas olmadan həbsdə olmuşdur.
136. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1 və 3-cü bəndlərinə və 6 və 13-cü maddələrinə istinad etmişdir. Məhkəmə hesab edir ki, bu şikayətlər müvafiq hissəsində aşağıdakıları nəzərdə tutan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi baxımından araşdırılmalıdır:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; ...”
Şikayətin məqbuliyyəti
Ağlabatan şübhə
137. Hökumət iddia edib ki, ərizəçi cinayət törətməkdə əsaslı şübhə ilə tutulmuşdur. Xüsusən, şübhə həmin cinayət əməlində iştirakda şübhəli bilinən başqa şəxsin (Fikrət Yusifovun) ifadəsinə əsaslanıb.
138. Ərizəçi iddia edib ki, daxili orqanlar və Hökumət onun cinayət əməli törətməkdə əsaslı şübhənin olmasına dair kifayətedici fakt və məlumat təqdim etməyib. O bildirib ki, onun həbsi həddən artıq geniş qiymətləndirmələrə əsaslanmış və əslində siyasi düşüncələrlə motivləşdirilmişdir. Cənab Yusifovun ifadələrinə gəldikdə, ərizəçi iddia edən kimi görünüb ki, onlar saxtadır və ya düzgün şərh edilməmişdir və bildirib ki, daha sonra istintaq zamanı cənab Yusifov özünün bəzi ifadələrini təkzib etmişdir.
139. Məhkəmə xatırladır ki, əsaslı şübhə üzrə tutulmanın Konvensiyanın 5-ci maddəsinin 1 “c” yarımbəndi ilə əsaslandırılması üçün tutulma anına və ya tutulma zamanında polisə ittihamların irəli sürülməsinə kifayət edən sübutların əldə olunması zəruri deyildir (baxın, Broqan və digərləri Birləşmiş Krallığa qarşı, 29 noyabr 1988-ci il, § 53, A Seriyaları, no. 145-B və Erdagöz Türkiyəyə qarşı, 22 oktyabr 1997-ci il, § 51, Qərar və Qərardadların Hesabatı, 1997-VI). Həbs olunmuş şəxsin sonradan ittiham olunması və ya məhkəməyə verilməsi də tələb edilmir. Dindirilmə üçün həbsin məqsədi cinayət araşdırmasının buna əsas verən şübhələrin təsdiqi və ya rədd olunması ilə davam etdirilməsidir. Bununla da, şübhəyə əsas olan faktlar cinayət icraatının növbəti mərhələsində yer alan məhkum etməni və ya hətta ittihamı əsaslandırmaq üçün zəruri olanlarla eyni dərəcədə olmamalıdır (baxın, Murrey Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1994-cü il, § 55, A Seriyaları, no. 300-A). Lakin şübhənin əsaslı səbəblər üzərində qurulması tələbi qanunsuz tutulma və ya həbsə qarşı təminatların əsas hissəsidir. Şübhənin əsaslı olması faktı özlüyündə kifayət deyildir. “Əsaslı şübhə” ifadəsi sözügedən şəxsin cinayət törədə bilməsinə dair obyektiv müşahidəçini qane edə bilən faktların və ya məlumatların mövcudluğudur (baxın, Foks, Kempbel və Hartley Birləşmiş Krallığa qarşı, 30 avqust 1990-cı il, § 32, A Seriyaları, no. 182 və Kebotari Moldovaya qarşı, no. 35615/06, § 48, 13 noyabr 2007-ci il).
140. Hazırkı işdə ərizəçi dövlət hakimiyyətinin qanunsuz olaraq zorakı yolla mənimsənilməsinə cəhdin planlaşdırılmasında iştirakda və korrupsiya və dövlət vəzifəsindən sui-istifadədə şübhəli bilinmişdir. Mübahisə edilmir ki, bu növ hərəkətlər daxili qanunvericiliklə cinayət əməlləri kimi qiymətləndirilir.
141. Belə görünür ki, ərizəçiyə qarşı ilkin şübhə onu cari və keçmiş vəzifəli şəxslər tərəfindən qanunsuz vasitələrlə dövlət hakimiyyətinin mənimsənilməsinə yönələn cinayət sövdələşməsində iştiraka cəlb edən cənab Yusifovun ifadələrinə əsaslanmışdır. Ərizəçinin bu ifadələrin saxta və həqiqətəuyğun olmayan olduğunu bəyan etməsinə baxmayaraq, Məhkəmə hesab edir ki, yuxarıda göstərilmiş presedent-hüququnun mənasında bu cür sübutlar obyektiv olaraq ərizəçini cinayət əməli ilə bağlı edir və ona qarşı “əsaslı şübhənin” yaranması üçün kifayətdir. Bununla belə, məhkum etməni əsaslandırmaq üçün kifayətedici sübutları toplaya bilməməsinə görə dövlət ittihamı ərizəçinin Cinayət Məcəlləsinin 278-ci (dövlət hakimiyyətinin zorla mənimsənilməsinə yönələn hərəkətlər) və 28/200-cü (kütləvi iğtişaşların təşkilinə yönələn hərəkətlər) maddələri ilə təqsirləndirilməsinə təkid etməməsinə baxmayaraq, hakimiyyət orqanları tərəfindən əldə olunmuş ilkin məlumatlara əsasən yaranmış şübhə həmin vaxt onun tutulmasını və ilkin həbsini əsaslandıra bilər.
142. Bundan başqa, tutulduqdan az sonra ərizəçinin evinin və iş yerinin axtarışı zamanı müxtəlif valyutada böyük həcmdə nəğd pullar və bir çox dəyərli əşyalar aşkar edilmişdir. Yalnız bu məlumatların cinayət mühakiməsi zamanı təqsirin müəyyən edilməsi üçün kifayət olmadığına baxmayaraq, Məhkəmə hesab edir ki, obyektiv müşahidəçidə ərizəçinin öz rəsmi hakimiyyətindən sui-istifadə yolu ilə şəxsi varlanması ilə nəticələnən cinayət əməlləri törətməsinə dair əsaslı şübhə yarana bilər. İşdə olan materiallardan görünür ki, müəyyən vaxtın keçməsi ilə bu şübhəni əsaslandırmaq üçün sonrakı sübutlər əldə edilmişdir.
143. Bu səbəblərə görə, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Qanuni həbs
144. Məhkəmə qeyd edir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Daha sonra Məhkəmə qeyd edir ki, bu şikayət hər hansı digər əsaslarla qeyri-məqbul deyildir. Buna görə o, məqbul elan edilməlidir.
İşin mahiyyəti
Ümumi prinsiplər
145. Məhkəmə bir daha bildirir ki, 5-ci maddənin 1-ci bəndində göstərilən “qanuni” və “qanunla müəyyən olunmuş qayda” ifadələri mahiyyətcə milli qanunvericiliyə istinad edir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir. Adətən daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə dövlət orqanlarının, xüsusən də məhkəmələrin vəzifəsi olsa da, 5-ci maddənin 1-ci bəndinə aid olan hallarda həmin qanunvericiliyə riayət edilməməsi Konvensiyanın pozuntusuna səbəb olduqda, vəziyyət başqa cürdür. Belə hallarda Məhkəmə milli qanunvericiliyə riayət edilib-edilmədiyini yoxlamaq üçün müəyyən səlahiyyətindən istifadə edə bilər və etməlidir (baxın, digər qərarlar arasında Duiyeb Niderlanda qarşı (BP), № 31464/96, §§ 44-45, 04 avqust 1999-cu il). Həbs müddəti prinsipcə o halda əsaslıdır ki, məhkəmə qərarı mövcud olsun (Benham Birləşmiş Krallığa qarşı, 10 iyun 1996-cı il, §§ 42, Qərar və Qərardadların Hesabatı, 1996-III).
146. Bundan başqa, Məhkəmə daxili qanunvericiliyin özünün Konvensiyaya, eləcə də onda ifadə olunmuş və ya nəzərdə tutulmuş ümumi prinsiplərə uyğun olub-olmamasını müəyyən etməlidir. Sonuncu məsələ ilə bağlı Məhkəmə vurğulayır ki, azadlıqdan məhrum olunma müzakirə olunduqda xüsusilə vacibdir ki, ümumi prinsip olan hüquqi müəyyənliyə riayət edilsin. Bu səbəbdən vacibdir ki, azadlıqdan məhrum olunma üçün daxili qanunvericilikdə nəzərdə tutulmuş şərtlər açıq-aşkar müəyyən edilsin və qanunvericilik norması özünün tətbiqində qabaqcadan gözlənilən olsun ki, Konvensiya ilə müəyyən olunmuş “qanunilik” standartına cavab versin. Bu standart tələb edir ki, özbaşınalığın hər hansı təhlükəsindən yayınmaq və sözügedən hərəkətin səbəb ola bildiyi nəticələrini işin halları baxımından ağlabatan dərəcədə qabaqcadan görməyi vətəndaşlara - zərurət olduqda lazımi məsləhətlə - imkan vermək üçün bütünlükdə qanunvericiliyin özü qabaqcadan gözlənilən olmalıdır (baxın, sonrakı istinadlarla Baranovski Polşaya qarşı, № 28358/95, §§ 51-52, İHAM 2000-III).
147. Lakin milli qanunvericiliyə riayət edilməsi kifayət deyil: 5-ci maddənin 1-ci bəndi bundan əlavə tələb edir ki, hər hansı azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni fərdləri özbaşınalıqdan qorumaq məqsədinə uyğun olmalıdır. Burada əhəmiyyət kəsb edən məsələ təkcə şəxsin “azadlıq hüququ” deyil, həm də “toxunulmazlıq hüququdur” (baxın, digər qərarlar arasında Botsano Fransaya qarşı, 18 dekabr 1986-cı il, § 54, A seriyaları, № 111; və Vassink Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, § 24, A seriyaları, № 185-A). Bu bir təməl prinsipdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan həbsin “əsassızlığı” anlayışının hüdudları həbsin milli qanunvericiliyə uyğunluğu anlayışından genişdir. Belə ki, azadlıqdan məhrumetmə daxili qanunvericilik baxımından qanuni olsa da, əsassız və beləliklə də Konvensiyaya zidd ola bilər (baxın, Saadi Birləşmiş Krallığa qarşı (BP), № 13229/03, § 67, İHAM 2008-...).
Ərizəçinin tutulmasını əhatə edən hallar və Nəsimi rayon məhkəməsinin
21 oktyabr 2005-ci il tarixli qərarınadək ərizəçinin həbsi
(a) Tərəflərin dəlilləri
148. Hökumət bildirib ki, ərizəçi qanunla müəyyən edilmiş qırx səkkiz saat daxilində hakim qarşısına çıxarılmışdır. Onlar iddia ediblər ki, ərizəçi MTN-nin binasına 19 oktyabr 2005-ci il saat 20.25-də daxil olmuş, həbs qətimkan tədbirinin tətbiqinə dair məhkəmənin iclası isə 21 oktyabr 2005-ci il saat 20.25-də, yəni ərizəçinin tutulmasından düz qırx səkkiz saat sonra keçirilmişdir.
149. Bu iddianın dəlili kimi Hökumət ərizəçinin keçmiş köməkçisinin dindirmə protokolunu təqdim etmişdir. Protokola görə, dindirmə 12 fevral 2007-ci ildə ərizəçiyə qarşı cinayət icraatı çərçivəsində keçirilmişdir. Bu sənədə görə, ərizəçinin keçmiş köməkçisi ifadə verib ki, 19 oktyabr 2005-ci ildə o və ərizəçi saat 20.00-dək işdə olmuşlar, həmin zaman MTN əməkdaşları kabinetə gəlmiş, onunla qısa söhbət etmiş və onunla birgə getmişlər. Hökumət, həmçinin MTN binasının nəzarət buraxılış məntəqəsi əməkdaşının imza etdiyi 13 fevral 2007-ci il tarixli ifadəni təqdim etmişdir. Bu ifadəyə görə, ərizəçi MTN-nin həyətinə 19 oktyabr 2005-ci il saat 20.25-də daxil olmuşdur. İfadədə, həmçinin göstərilib ki, Nəsimi rayon məhkəməsinin hakimi MTN-nin binasına 21 oktyabr 2005-ci il caat 20.20-də daxil olmuş və 21.40-da çıxmışdır.
150. Ərizəçi iddia edib ki, onun tutulma vaxtına aid Hökumətin təqdim etdiyi sənədlər saxtadır. O təkid edib ki, MTN-ə 19 oktyabr 2005-ci il təxminən saat 14.00-da aparılmışdır. MTN-ə daxil olduqdan sonra bir daha oradan çıxmamışdır. Yalnız təxminən səkkiz saat sonra ona tutulmasının səbəbləri və vəzifədən azad edilməsi bildirilmişdir. Hakim qarşısına o, 21 oktyabr 2005-ci il saat 21.00-da çıxarılmışdır ki, bu da qanunla müəyyən olunmuş qırx səkkiz saatlıq müddətdən yeddi saat sonradır.
151. Bu iddianın təsdiqi kimi ərizəçi onu və MTN-nin əməkdaşlarını ərizəçinin avtomobili ilə MTN-ə aparan şəxsi iki mühafizəçisinin və sürücüsünün yazılı ifadələrini təqdim etmişdir. 28 avqust 2007-ci il tarixli ifadədə ərizəçinin sürücüsü bildirib ki, avtomobil MTN-nin binasına 19 oktyabr 2005-ci il təxminən saat 14.00-da daxil olub. 23 avqust 2007-ci il tarixli ifadədə ərizəçinin mühafizəçiləri bildiriblər ki, onlar ərizəçini digər avtomobildə müşayiət ediblər və ərizəçinin avtomobili MTN-nin binasına təxminən 14.00-14.20-də daxil olmuşdur.
152. Ərizəçi, həmçinin İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşı cənab Hüseynovun imza etdiyi ifadəni təqdim etmişdir. Həmin ifadədə deyilir ki, o, işlə əlaqədar 19 oktyabr 2005-ci il saat 15.00-da görüşməli idi, lakin ərizəçinin katibi ona bildirib ki, ərizəçi nazirliyi 14.00-da tərk etmişdir. Cənab Hüseynov eyni cinayət icraatında ərizəçi ilə ittiham və məhkum edilmiş şəxslərdən biridir.
153. Nəhayət, ərizəçi bildirib ki, nazir vəzifəsindən azad olunması faktı və onun tutulması bir-birilə əlaqəlidir. O, vəzifədən azad olunması ictimaiyyətə açıqlanmasından əvvəl tutulmuş və onun vəzifədən kənarlaşdırılması dövlət televiziyası ilə saat 15.00-da bildirilmişdir. Bu səbəbə görə, Hökumətin dəlilinə zidd olaraq ərizəçinin 20.00-dək işdə olması mümkün deyil.
(b) Məhkəmənin qiymətləndirməsi
154. Ərizəçinin daxili qanunvericiliklə nəzərdə tutulmuş qırx səkkiz saatdan sonra hakim qarşısına çıxarılması və daxili qanunvericiliyin tələb etdiyi kimi bu müddətdən sonra azad edilməməsi ilə bağlı Məhkəmə qeyd edir ki, bu şikayət özlüyündə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin mənasında “hakim qarşısına dərhal gətirilmə” məsələsini qaldırmır. Qaldırılmış məsələ daha çox məhkəmənin həbs qərarından əvvəl ərizəçinin həbsinin, həbsin bu müddətinə tətbiq edilən xüsusi daxili qanunvericilik tələblərinə uyğun-olub-olmamasıdır. Buna görə, şikayətin ərizəçinin bu müddət ərzində həbsinin “qanuni” olub-olmamasına toxunduğu qədər o, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən araşdırılmalıdır.
155. Hər iki tərəf razı olan kimi görünür ki, ərizəçi onun şübhəli şəxs kimi tutulması barədə rəsmi protokolun 19 oktyabr 2005-ci il saat 23.15-də tərtib edilməsindən əvvəl MTN-nin binasına gətirilmişdir. Lakin tərəflər ərizəçinin MTN-nin binasına gətirildiyi vaxtın dəqiqliyində ixtilafa düşmüşlər. Ərizəçi təkid edib ki, bu, saat 14.00 radələrində olmuş, Hökumət isə bunun saat 20.25-də olduğunu bildirmişdir.
156. Buna görə, Məhkəmə ilk növbədə ərizəçinin dəqiq nə zaman MTN-nin binasına gətirildiyi vaxtı müəyyən edəcək. İkincisi, onun sözügedən müddətdə həqiqətən “azadlıqdan məhrum” edilib-edilməməsi müəyyən olunmalıdır. Nəhayət, belə olan halda məhrum edilmənin “qanunilik” tələbinə uyğun olub-olmaması aşkar olunacaq.
157. Ərizəçinin MTN-nin ərazisinə daxil oduğu vaxtı müəyyən edərkən, Məhkəmə hesab edir ki, hazırkı işdə Hökumətin şübhəli şəxs kimi tutulma barədə rəsmi protokolun saat 23.15-də tərtib edilməsini mübahisələndirmədiyini nəzərə alaraq, şübhədən faydalanmaq imkanı ərizəçiyə verilməlidir və belə olan halda Hökumətin üzərinə düşür ki, müvafiq və inandırıcı sübutlarla saatbasaat təfsilatlı hesabatı təqdim etsin.
158. Tərəflərin dəlillərini nəzərə alaraq, Məhkəmə ərizəçinin MTN-nin binasına saat 20.25-də daxil olduğu haqda Hökumətin təqdim etdiyi sübutla inandırılmamışdır. Ərizəçinin keçmiş köməkçisinin dindirmə protokoluna gəldikdə, Məhkəmə qeyd edir ki, dindirmə yalnız ərizəçinin tutulmasına aid hadisələrə aid olmuş və 12 fevral 2007-ci ildə, yəni ərizəçinin 19 oktyabr 2005-ci ildə tutulmasından bir ildən artıq vaxtdan sonra keçirilmişdir. Ərizəçinin bu məsələdən daxili məhkəmələrdə vaxtında, lakin uğursuz olaraq hələ 2005-ci ilin oktyabrında şikayət etdiyini nəzərə alaraq (baxın, yuxarıda 24-cü paraqraf), Hökumət həmin məsələnin daxili prosesdə artıq aktual olmadığı zaman ərizəçinin köməkçisinin bu barədə dindirilməsində cinayət təqibi orqanlarının məqsədini izah edə bilməmişdir. Belə olan halda, görünür ki, bu dindirmə protokolu 2007-ci ilin fevralında daxili cinayət prosesinin olduğu hər hansı mərhələnin istənilən kontekstinə uyğun gəlmir. Məhkəmə şübhə edir ki, o, vicdanlı məqsədlər üçün təqdim edilib və bu sübutu inandırıcı hesab etmir.
159. MTN-nin nəzarət buraxılış məntəqəsində işləyən əməkdaşın ifadəsinə gəldikdə isə, Məhkəmə onun da etibarlılığına eyni şübhə ilə yanaşır. Bu ifadə də 13 fevral 2007-ci ildə, yəni ərizəçinin tutulmasından bir ildən artıq vaxt keçəndən sonra alınmışdır. Görünən odur ki, bu onu göstərməyə yönəlir ki, 19 oktyabr 2005-ci ildə MTN-ə daxil olmuş insanların qeydi 2007-ci ilin fevralında hələ də mövcud idi və hakimiyyət orqanları bu qeydlərə malik idi. Belə olan halda, Məhkəməyə şübhəli gəlir ki, yuxarıdakı 13 fevral 2007-ci il tarixli ifadə əvəzinə, Hökumət ərizəçinin MTN-nin binasına daxil olduğu vaxta aid qeydin əslini əks etdirən MTN-nin nəzarət buraxılış məntəqəsinin qeydiyyat kitabçasının əslindən müvafiq çıxarışların surəti kimi ərizəçinin həbsinin vaxtına uyğun gələn hər hansı rəsmi qeydləri təqdim edə bilməmişdir. Belə müvafiq sübutun olmadığı halda, Məhkəmə MTN əməkdaşının yuxarıdakı ifadəsini inandırıcı hesab etmir.
160. Bundan başqa, Məhkəmə qeyd edir ki, ərizəçinin təqdim etdiyi şahid ifadələri də 2007-ci il avqust tarixlidir. Buna baxmayaraq, həmin ifadələr ərizəçinin vəkilləri tərəfindən Hökumətin təqdim etdiyi yuxarıdaki sübutu təkzib etmək cəhdi ilə tələb edilib. Həmçinin, ərizəçi bütün daxili icraatın gedişində ibtidai həbsinə aid iddialarında ardıcıl olub. İlk dəfə bu məsələyə o, həmin vəziyyətdə mümkün olduğu ən tez vaxtda, Nəsimi rayon məhkəməsinin 21 oktyabr 2005-ci il tarixli həbs qərarından apellyasiya şikayətində təfsilatı ilə toxunmuşdur. Lakin bu tələb Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib, ona görə ki, həmin məhkəmə ərizəçinin tutulması anına aid faktiki halları vaxtında müəyyən etməmişdir.
161. Nəhayət, ərizəçinin yüksək vəzifəli şəxs olduğunu və işin digər hallarını nəzərə alaraq, görünür ki, onun tutulması və nazir vəzifəsindən azad edilməsi əlaqəlidir və bu barədə xəbərlərin verilməsindən əvvəl bir-birinin ardınca baş vermişdir. Onun vəzifədən azad olunması xəbərinin dövlət mediası tərəfindən 14.57-də verilməsi faktı hadisələrə dair ərizəçinin təqdim etdiyi versiyaya daha çox etibarlılıq verir.
162. Müvafiq olaraq, hadisələrə dair öz versiyalarının təsdiqi üçün inandırıcı və müvafiq sübutu Hökumətin təqdim etmədiyini və ərizəçinin dəlillərinin və sübutlarının müvafiq və inandırıcı mahiyyətini nəzərə alaraq, Məhkəmə qəbul edir ki, ərizəçi faktiki olaraq MTN-nin binasına 19 oktyabr 2005-ci ildə saat təxminən 14.00-da aparılmış və həmin vaxtdan orada qalmışdır.
163. Hazırda onun bu müddətdə “azadlıqdan məhrum” edilib-edilməməsi məsələsinin müəyyən edilməsi həll olunmalıdır. Bununla bağlı, azadlıqdan məhrum olunub-olunmamasının müəyyən edilməsi üçün müvafiq şəxsin spesifik vəziyyəti başlanğıc nöqtəsi kimi olmalıdır və növü, davamiyyəti, nəticələri və sözügedən tədbirin tətbiqi tərzi kimi konkret işdən irəli gələn bütün məsələlərin dairəsi nəzərə alınmalıdır (baxın, Quzzardi İtaliyaya qarşı, 06 noyabr 1980-ci il tarixli qərar, § 92, A Seriyaları, no. 39). Məhkəmə məsələnin görünən tərəfinə daha dərindən baxmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır (baxın, Van Druqenbroek Belçikaya qarşı, 24 iyun 1982-ci il, § 38, A Seriyaları, no. 50). Şəxs özünü həbsə verdikdə belə, azadlıq hüququ onun Konvensiyanın 5-ci maddəsinin müdafiəsindən faydalanmasının itirilməsindən daha vacibdir (baxın, De Vild, Ooms və Versip Belçikaya qarşı, 18 iyun 1971-ci il, § 65, A Seriyaları, no. 12). Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçinin MTN-nin binasına daxil olmasından sonrakı bir neçə saat ərzində qandallanmamasına, qapalı kameraya yerləşdirilməməsinə və ya digər şəkildə fiziki məhdudlaşdırılmamasına baxmayaraq, orada MTN-nin iki rəhbər heyətdən olan zabiti ilə müşayiət edilmiş və daxildə olarkən oradan çıxa bilməmişdir. Bundan başqa, onun tutulması barədə ailəsinə ünvanlanmış məktub tutulduğu haqqında rəsmi protokolun tərtib edilməsindən bir neçə saat əvvəl göndərilmişdir. MTN-nin binasına gətirildikdən sonra bir neçə saat ərzində dindirilməmiş və buna görə, bu müddətdə onun orada olmasının şahid kimi dindirilməsi zərurəti ilə əlaqədar olduğu iddia oluna bilməz (müqayisə edin, mutatis mutandis, İliya Stefanov Bolqarıstana qarşı, no. 65755/01, §§ 71-75, 22 may 2008-ci il). Məhkəmə, həmçinin qeyd edir ki, Hökumət ərizəçinin faktiki tutulmasının vaxtını mübahisələndirməsinə baxmayaraq, onlar qəbul edən və hər bir halda açıq şəkildə mübahisə etməyən kimi görünür ki, ərizəçi MTN-nin binasına daxil olduqdan sonra faktiki olaraq “azadlıqdan məhrum edilmişdir”. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, 19 oktyabr 2005-ci il təxminən saat 14.00-dan daxili dövlət orqanları ərizəçini tutulmuş kimi qiymətləndirib və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında ərizəçi “azadlıqdan məhrum edilmişdir”.
164. Belə olan halda, 21 oktyabr 2005-ci il tarixli məhkəmə qərarından əvvəlki müddətdə onun həbsdə saxlanılmasının, tutulmasının və ibtidai həbsinin qanunsuz olmamasını və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “qanunilik” tələbinə cavab verməsini müəyyən etmək qalır.
165. Məhkəmə qeyd edir ki, ərizəçinin faktiki olaraq 19 oktyabr 2005-ci il təxminən saat 14.00-da tutulmasına baxmayaraq, onun tutulması haqqında rəsmi protokol yalnız həmin gün saat 23.15-də tərtib olunmuşdur. Görünür ki, iki MTN zabiti tərəfindən MTN-nin binasına getməyə dəvət edildikdə o, cinayət törətmək şübhəsi ilə tutulması barədə dövlət orqanlarının niyyəti haqqında xəbərdar olmamışdır. Bununla bağlı, yuxarıda qeyd olunan ümumi prinsiplərə istinad etməklə (baxın, yuxarıda 145-147-ci paraqraflar), Məhkəmə əlavə olaraq xatırladır ki, şəxsi azadlığından məhrum etmək səlahiyyətinə malik milli dövlət orqanları hərəkət edərkən ümumiyyətlə vicdanlı kimi nəzərdən keçirilir. Bu mənada, şəxsi fiziki azadlığından məhrum etmək və ya digər yolla ona təsir etmək niyyəti hadisələrin normal gedişatında dövlət orqanları tərəfindən bilə-bilə gizlədilməməlidir (baxın, mutatis mutandis, Conka Belçikaya qarşı, no. 51564/99, § 41-42, İHAM 2002-I və yuxarıda qeyd olunmuş Bozano, § 55) və fərdi şəxs zərurət olduqda dövlət orqanlarının hərəkətlərinə qarşı çıxmaq və öz azadlığını qorumaq məqsədilə əlçatan və qanuni vasitələrə əl atmaq imkanına malik olmalıdır (baxın, Qiorqi Nikolaişvili Gürcüstana qarşı, no. 37048/04, § 53, İHAM 2009-..., sonrakı istinadlarla). Şəxsin faktiki tutulması ilə onun tutulmuş şəxs kimi statusunun rəsmiləşdirilməsi arasında qısa müddətin keçməsi və hazırkı işdə ərizəçiyə qarşı əsaslı şübhənin olması qəbul edilsə belə (müqayisə edin, mutatis mutandis, İ.İ. Bolqarıstana qarşı, no. 44082/98, § 90, 09 iyun 2005-ci il), Məhkəmə bu faktı nəzərə almaya bilməz ki, ərizəçi açıq şəkildə vəkillə təmin olunmadan, ailəsini məlumatlandırmaq imkanı verilmədən və şəxsi azadlığı və təhlükəsizliyi haqqında istənilən əminliyə malik olmadan, tutulmuş şəxs kimi statusunu təsdiq edən rəsmi qərar olmadan bir neçə saat ərzində azadlığından məhrum edilmişdir. Ərizəçinin tutulmasının rəsmiləşdirilməsində və tutulmuş şəxs kimi hüquqlarının təmin olunmasında müddətin “qanunla müəyyən olunmuş proses”ə hər hansı şəkildə cavab verib-verməməsinə aid Hökumət və ya daxili orqanlar tərəfindən heç bir əlavə izah verilməmişdir (baxın, bununla bağlı, CPM-in 90, 91 və 153.2-ci maddələri). Göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin tutulmasının halları və onun həbsinin ilk bir neçə saatı qanunsuzluqdan uzaq deyildi.
166. Bundan başqa, Məhkəmə qeyd edir ki, şəxsin cinayət törətməsinə dair şübhə olduqda, daxili qanunvericlik cinayət icraatının başlanılması və davamlı həbsinə qərar vermək səlahiyyətinə malik hakim qarşısına çıxarılmaq məqsədilə şübhəli şəxslərin məhkəmə qərarı olmadan hüquq-mühafizə orqanları tərəfindən tutulmasına icazə verir. CPM-in 148.4-cü maddəsi qeyd edir ki, tutulduğu andan qırx səkkiz saat daxilində tutulmuş şəxs onu həbs edən və ya azadlığa buraxan hakim qarşısına çıxarılmalıdır. Bundan əlavə, CPM-in 153.3.4-cü maddəsi tutulduğu andan qırx səkkiz saat daxilində məhkəmə qərarı çıxarılmayıbsa, tutulmuş şəxsin azad edilməsini birmənalı tələb edir. Müvafiq olaraq, ilkin qırx səkkiz saatdan sonra tutulmuş şəxs yalnız onun həbsini nəzərdə tutan məhkəmə qərarı əsasında saxlanıla bilər. Bu müddətin hər hansı hallarda uzadıla biləcəyi və ya onun məcburi xarakter daşımayan müddət olması görünmür və Hökumət bu mənada hər hansı dəlil və ya sübut təqdim etməmişdir (müqayisə edin, mutatis mutandis, Kaiser İsveçrəyə qarşı, no. 17073/04, § § 20 və 33, 15 mart 2007-ci il).
167. Hazırkı işdə ərizəçi 19 oktyabr 2005-ci ildə saat 14 radələrində tutulmuş, halbuki onun həbsi barədə məhkəmə iclası 21 oktyabr 2005-ci ildə təxminən saat 20.25 və 21.00 arasında keçirilmişdir (baxın, yuxarıda 22-ci paraqraf). Müvafiq olaraq, hakimin qarşısına çıxarılmazdan əvvəl ərizəçi təxminən əlli dörd və ya əlli beş saat, yəni qanunvericiliklə yol verilən maksimum müddətdən təqribən altı-yeddi saat artıq saxlanılmışdır. Nə Hökumət, nə də daxili dövlət orqanları CPM-in qeyd olunan müddəaları ilə icazə verilmiş müddətdən artıq ərizəçinin davamlı saxlanılması üçün qanuni əsası izah etməyə cəhd etmişlər.
168. Yuxarıda göstərilən səbəblərə görə, Məhkəmə hesab edir ki, ərizəçinin tutulduğu və ilkin saxlanıldığı hallar qanunsuzluqdan uzaq deyildi. Bundan başqa, CPM-in 148.4 və 153.3.4-cü maddələri ilə nəzərdə tutulmuş qırx səkkiz saatdan sonrakı müddət üçün məhkəmə qərarı olmadan ərizəçinin saxlanılması daxili qanunvericiliyə ziddir və buna görə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında “qanuni” deyildir.
169. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur.
3. 19 aprel 2007-ci ildən sonra ərizəçinin həbsi
(a) Tərəflərin dəlilləri
170. Hökumət qeyd edib ki, 02 oktyabr 2007-ci il tarixli həbs qərarının 19 aprel 2007-ci ildə bitməsindən əvvəl 16 aprel 2007-ci ildə ərizəçinin cinayət işi baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bununla bağlı, Hökumət CPM-in ibtidai istintaq zamanı həbs müddətinin işin Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi gündə bitməsini nəzərdə tutan 158.3-cü maddəsinə istinad etmişdir. Onlar daha sonra qeyd ediblər ki, işin mühakiməyə göndərilməsindən və Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasından sonra ərizəçi və onun vəkilləri işlə tanış olmaq imkanı əldə etmişlər. CPM-in 158.4-cü maddəsinə əsasən, ərizəçinin və onun vəkillərinin işin materialları ilə tanış olma müddəti onun həbs müddətinin hesablanmasında nəzərə alınmamalıdır. Nəticədə, Hökumət bildirib ki, ərizəçi mühakimənin başlanılmasından əvvəlki bütün mərhələlərdə qanuni həbsdə olmuşdur.
171. Ərizəçi xatırladıb ki, 02 oktyabr 2006-cı il tarixli həbs qərarı, eləcə də ibtidai istintaq zamanı həbs müddətinin bütün maksimum müddəti 19 aprel 2007-ci ildə bitmiş və o, bu tarixdə azad edilmək hüququna malik olmuşdur.
(b) Məhkəmənin qiymətləndirməsi
172. Məhkəmə qeyd edir ki, ərizəçinin Nəsimi rayon məhkəməsinin sonuncu, 02 oktyabr 2006-cı il tarixli qərarı ilə icazə verilmiş ibtidai həbsinin müddəti 19 aprel 2007-ci ildə bitmişdir. Bu tarix, həmçinin CPM-in 158 və 159-cu maddələri ilə icazə verilmiş “cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbsin” bütün maksimum müddətinin bitməsi deməkdir. Eyni zamanda, istintaq yekunlaşmış və iş Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hazırlıq iclasından sonra, 21 may 2007-ci ildə Ağır Cinayətlər Məhkəməsi digər məsələlərlə yanaşı ərizəçiyə aid həbs qətimkan tədbirinin “dəyişdirilmədən saxlanılmasını” qərara almışdır. Müvafiq olaraq, 19 aprel 2007-ci ildən 21 may 2007-ci ilədək ərizəçi onun həbsinə icazə verən hər hansı məhkəmə qərarı olmadan həbsdə olmuşdur.
173. Bununla bağlı, Məhkəmə qeyd edir ki, o, yalnız ittiham aktının məhkəməyə göndərilməsi faktı əsasında müdafiə edilən şəxslərin həbsdə saxlanılması təcrübəsinə bir çox işlərdə rast gəlmişdir. Məhkəmə hesab edib ki, vəziyyətlərini tənzimləyən hər hansı spesifik hüquqi əsas və ya aydın qaydalar olmadan müdafiə edilən şəxslərin - məhkəmə qərarı olmadan qeyri-məhdud müddətdə azadlıqlarından məhrum edilməsi ilə nəticələnən - həbsdə saxlanılması bütün Konvensiya müddəaları və qanunun aliliyi üçün ümumi ideya kimi hüquqi müəyyənlik və qanunsuzluqdan müdafiə prinsipləri ilə ziddir (baxın, digər işlər arasında, yuxarıda qeyd olunmuş Baranovski işi, §§ 53-57, İHAM 2000-III; Jecius Litvaya qarşı, no. 34578/97, §§ 60-63, İHAM 2000-IX; Qrauslys Litvaya qarşı, no. 36743/97, §§ 39-40, 10 oktyabr 2000-ci il; və Qiqolaşvili Gürcüstana qarşı, no. 18145/05, §§ 33-36, 08 iyul 2008-ci il).
174. Məhkəmə qeyd edir ki, Azərbaycan qanunvericiliyinə əsasən, işə mahiyyəti üzrə baxan məhkəmə ibtidai istintaq zamanı seçilmiş həbsin müddətinin uzadılması məsələsini həll edir. CPM-in müvafiq müddəalarına uyğun olaraq, bu məhkəmə işi aldıqdan sonra otuz gün ərzində hazırlıq iclasını keçirməli və işin mühakimə üçün hazır olub-olmamasını müəyyən etməli və belə olduğu halda, iclasın tarixini təyin etməli və təqsirləndirilən şəxsin həbsinin uzadılmasını və ya onun azadlığa buraxılmasını qərara almalıdır (baxın, yuxarıda 100-cü paraqraf). Beləliklə, istintaq mərhələsində qəbul edilmiş sonuncu uzadılma müddəti bitdikdə və işin mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsindən sonra məhkəmə qərarı olmadan həbs müddəti prinsipcə maksimum otuz günlə məhdudlaşır. Buna görə, ən azı nəzəriyyədə demək olmaz ki, məhkəmə qərarı olmadan həbs potensial olaraq qeyri-məhdud və ya proqnozlaşdırılmayan müddətə davam edə bilər (müqayisə edin, məsələn, belə müddət məhdudiyyətləri olmayan yuxarıda qeyd olunmuş Baranovski və Jecius işləri).
175. Lakin bu otuz günlük müddət məhdudiyyətinə hər bir halda hazırkı iş təcrübəsində riayət olunmaması faktını nəzərə almasaq belə, Məhkəmə hesab edir ki, belə müddət məhdudiyyətinin mövcudluğu araşdırılan məsələdə həlledici məqam deyil və hazırkı işi yuxarıda qeyd olunan işlərdən fərqləndirmir (baxın, Khudoyorov Rusiyaya qarşı, no. 6847/02, §§ 147-48, İHAM 2005-X). Həlledici məsələ müvafiq müddətdə ərizəçinin həbsi üçün hüquqi əsasın olub-olmamasıdır.
176. Məhkəmə xatırladır ki, həbsin “qanunilik” standartına cavab verməsi üçün o, daxili qanunvericilikdə əsasa malik olmalı və bu qanunvericiliyin özü Konvensiyaya uyğun olmalıdır (baxın, yuxarıda 145-146-cı paraqraflar) Hazırkı işdə Hökumət sözügedən müddətdə iş materialları ilə tanış olmaq imkanının ərizəçiyə verilməsi faktı ilə 19 aprel 2007-ci ildən sonra onun davamlı həbsini əsaslandırmaq üçün CPM-in 158.4-cü maddəsinə istinad edən kimi görünür. Məhkəmə bu dəlili qəbul edə bilməz. Birincisi, görünür ki, CPM-in 284-289 və 292-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslərə iş materialları ilə tanış olmaq imkanı ibtidai istintaq yekunlaşdırılarkən, lakin ittiham aktının tərtib edilməsindən və işin məhkəməyə göndərilməsindən əvvəl verilir (baxın, yuxarıda 93-94-cü paraqraflar). Hökumət, belə olan halda işin məhkəməyə göndərilməsindən sonra ərizəçinin həbsinin CPM-in 158.4-cü maddəsi ilə əsaslı olduğunu izah etməmişdir. İkincisi, hər bir halda bu müddəanı təhlil edərək, Məhkəmə, onun məhkəmə qərarı olmadan ərizəçinin həbsinə əsas verən kimi hansı yolla təfsir oluna biləcəyini anlamır. Nəhayət, həmin müddəanın ərizəçinin davamlı həbsinə icazə verdiyi güman olunsa belə, bu, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə tamamilə yad məsələlərə istinadən edilmişdir (baxın, yuxarıda qeyd olunmuş Jecius, § 59 və Qiqolaşvili, § 33). Buna görə, bu müddəaya əsaslanan həbs Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən kimi qiymətləndirilə bilməz.
177. Məhkəmə vurğulayır ki, əhəmiyyətli müddəti keçən və məhkəmə və ya hakim, yaxud da “məhkəmə funksiyasını həyata keçirə bilən digər vəzifəli şəxs” tərəfindən qərara alınmayan həbs Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında “qanuni” kimi qiymətləndirilə bilməz (baxın, yuxarıda qeyd olunmuş Baranovski, § 57). Məhkəmə qeyd edir ki, hazırkı işdə daxili cinayət prosessual qaydalara əsasən yalnız məhkəmələr həbsin qərara alınmasına və ya uzadılmasına səlahiyyətlidir. Həbs müddətinin nə qədər qısa olmasından asılı olmayaraq, bu ümumi qaydadan hər hansı istisnaya icazə verilmir və ya nəzərdə tutulmur. Bununla belə, daxili qanunvericilik işin mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsindən, daha dəqiqi, məhkəmənin hazırlıq iclasından əvvəl, lakin istintaq zamanı sonuncu uzadılma qərarının bitməsindən sonra məhbusun vəziyyətini tənzimləyən aydın qaydaları nəzərdə tutmur. Hazırkı işdə göstərildiyi kimi bu qanunvericilik boşluğu məhbusların məhkəmə qərarı olmadan saxlanılması halları ilə nəticələnib.
178. Belə nəticəyə gəlinir ki, 19 aprel - 21 may 2007-ci il tarixlərində ərizəçinin həbsi üçün qanuni məhkəmə qərarı və ya hər hansı başqa “qanuni” əsas olmamışdır. İşin mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi faktı özlüyündə ərizəçinin həbs müddətinin uzadılması barədə Ağır Cinayətlər Məhkəməsi 21 may 2007-ci ildə qərar qəbul etməyənədək Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında “qanuni” əsas təşkil etməmişdir.
179. Müvafiq olaraq, bu müddətə aid iş üzrə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur.
IV. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 3-cü BƏNDİNİN
İDDİA OLUNAN POZUNTUSU
180. Konvensiyanın 5-ci maddəsinin 1 və 3-cü bəndlərinə və Konvensiyanın 6 və 13-cü maddələrinə əsasən ərizəçi şikayət edib ki, onun məhkəməyədək icraat zamanı həbsi əsassız olaraq davamlı idi və bu davamiyyət üçün hər hansı müvafiq və yetərli səbəblər yox idi. Məhkəmə hesab edir ki, bu şikayətlər Konvensiyanın aşağıdakıları nəzərdə tutan 5-ci maddəsinin 3-cü bəndi baxımından araşdırıla bilər:
“Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.”
A. Şikayətin məqbuliyyəti
181. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Daha sonra Məhkəmə qeyd edir ki, bu şikayət hər hansı digər əsaslarla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
182. Hökumət iddia edib ki, ərizəçinin həbsi onun tərəfindən cinayətin törədilməsi barədə əsaslı şübhə ilə əsaslandırılmış idi və onun həbsi barədə cinayət təqibi orqanlarının təqdimatını həll edərkən, məhkəmələr bu tələbi əsaslandıran səbəbləri nəzərə almış və hər iki tərəfin dəlillərinə münasibət bildirmişlər.
183. Ərizəçi şikayətini təkrar etmiş və iddia etmişdir ki, zərurət olduğu halda mühakimədə iştirak etməsini şərtləndirən təminatlarla onu azad etmək əvəzinə həbsinin uzadılmasını qərara almaq qanunsuz və qeyri-mütənasib olmuşdur. O mübahisə edib ki, onun gizlənməsinə və ya cinayət icraatına müdaxilə etməyə cəhd etməsinə hər hansı təhlükə olmamış və olsa belə, həbsdən kənar qətimkan tədbirlərinin tətbiqi nəzərdən keçirilməli idi.
2. Məhkəmənin qiymətləndirməsi
184. Məhkəmənin formalaşmış presedent-hüququna əsasən, Konvensiyanın 5-ci maddəsinə əsasən prezumpsiya azad etmənin xeyrinədir. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin ikinci məqamı məhkəmə orqanlarına təqsirləndirilən şəxsi ağlabatan müddətdə məhkəməyə verməklə araşdırma zamanı müvəqqəti azadlığın verilməsi arasında seçim vermir. Hökmün çıxarılmasınadək o, təqsirsiz güman edilməli və sözügedən müddəanın məqsədi onun davamlı həbsi artıq əsaslı olmadıqda, ona müvəqqəti azadlığın verilməsindədir (baxın, MakKey Birləşmiş Krallığa qarşı (BP), no. 543/03, § 41, İHAM 2006-X və Bıkov Rusiyaya qarşı (BP), no. 4378/02, § 61, IHAM 2009-...).
185. Həbs müddətinin əsaslı olub-olmadığı məsələsi abstrakt şəkildə qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs üçün həbsdə qalmanın əsaslı olub-olmaması hər bir işdə onun xüsusi halları baxımından qiymətləndirilməlidir. Davamlı həbs iş üzrə o halda əsaslı hesab oluna bilər ki, təqsirsizlik prezumpsiyasına baxmayaraq, ictimai marağın əhəmiyyətli tələbinin spesifik göstəriciləri Konvensiyanın 5-ci maddəsində əks olunmuş fərdi azadlığa hörmət qaydasını üstələsin (baxın, digər mənbələrlə yanaşı, Kudla Polşaya qarşı (BP), no. 30210/96, § 110, İHAM 2000-XI).
186. Milli məhkəmə orqanlarının üzərinə ilk növbədə təmin etmək məsuliyyəti düşür ki, müvafiq işdə təqsirləndirilən şəxsin həbsi əsaslı müddəti keçməsin. Bu mənada, təqsirsizlik prezumpsiyasına lazımı diqqət yetirərək, onlar Konvensiyanın 5-ci maddəsindəki qaydadan kənara çıxmanı əsaslandıran yuxarıda qeyd olunmuş ictimai maraq tələbinin mövcudluğunun lehinə və əleyhinə olan bütün faktları araşdırmalıdırlar. Əsasən bu qərarlarda göstərilmiş səbəblər və ərizəçinin şikayətlərində bildirdiyi faktlar əsasında Məhkəmə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulub-pozulmadığını həll etməlidir (baxın, məsələn, Veyntzal Polşaya qarşı, no. 43748/98, § 50, 30 may 2006-cı il; Labita İtaliyaya qarşı (BP), no. 26772/95, § 152, İHAM 2000-IV və yuxarıda qeyd olunmuş MakKey, § 43).
187. Tutulmuş şəxsin cinayət törətməsinə dair əsaslı şübhənin mövcudluğu davamlı həbsin qanuniliyi üçün sine qua non şərtidir, lakin zamanın keçməsi ilə bu artıq kifayət etmir və Məhkəmə daxili məhkəmə orqanlarının azadlığın davamlı məhdudlaşdırılması üçün irəli sürdükləri səbəblərin əsaslı olub-olmamasını müəyyən etməlidir. Belə əsasların “əhəmiyyətli” və “kifayətedici” olduğu halda, Məhkəmə həmçinin müəyyən etməlidir ki, milli orqanlar icraatın aparılmasında “xüsusi səriştəlilik” nümayiş etdiriblər (baxın, digər mənbələr arasında, Letellie Fransaya qarşı, 26 iyun 1991-ci il, § 35, A Seriyaları, no. 207 və Yağçı və Sargın Türkiyəyə qarşı, 08 iyun 1995-ci il, § 50, A Seriyaları, no. 319-A). Bu məsələlərdə sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə onun azadlığını şərtləndirən səbəblərin mövcudluğunu göstərmək üçün əksinə çevrilməməlidir (baxın, İlijkov Bolqarıstana qarşı, no. 33977/96, § 85, 26 iyul 2001-ci il).
188. Hazırkı işin hallarına qayıdarkən, Məhkəmə qeyd edir ki, o, ərizəçinin həbsinin bəzi müddətlərinin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olmadığını artıq müəyyən edib. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri üçün nəzərə alınmalı olan müddətə gəldikdə, bu müddət təqsirləndirilən şəxsin tutulduğu andan başlayır və “birinci instansiya məhkəməsi tərəfindən olsa belə, ittihamın həll edildiyi gündə” bitir (baxın, Kalaşnikov Rusiyaya qarşı, no. 47095/99, § 110, İHAM 2002-VI və yuxarıda qeyd olunmuş Labita, § 147). Hazırkı işdə bu müddət ərizəçinin tutulduğu 19 oktyabr 2005-ci ildə başlamış və Ağır Cinayətlər Məhkəməsinin onu məhkum edən hökmü çıxardığı 25 oktyabr 2007-ci ildə bitmişdir. Bununla da, ərizəçinin həbsi ümumilikdə iki il altı gün təşkil etmişdir.
189. Məhkəmə qəbul edir ki, ərizəçinin ağır cinayət əməlləri törətdiyinə dair əsaslı şübhələrin mövcudluğu onun həbsə alınması üçün kifayət edə bilər. Lakin zamanın keçməsi ilə bu əsas qaçılmaz olaraq daha az əhəmiyyətli olmuş (baxın, yuxarıda 187-ci paraqraf) və onun davamlı həbsi şəxsi vəziyyəti nəzərə alınmaqla, başqa əhəmiyyətli səbəblərlə əsaslandırılmalı olmuşdur.
190. İbtidai araşdırma müddətində ərizəçinin həbsi Nəsimi rayon məhkəməsinin 13 yanvar, 13 may və 02 oktyabr 2006-cı il tarixli qərarları ilə üç dəfə uzadılmışdır. Hər üç qərar ərizəçinin azadlığı tələb etdiyi şikayətlər üzrə Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bundan başqa, Nəsimi rayon məhkəməsi 17 iyul 2007-ci ildə həbsin ev dustaqlığı ilə əvəz olunması barədə ərizəçinin tələbini rədd etmişdir. Nəhayət, icraatın məhkəmə araşdırılması mərhələsində ərizəçinin həbsi Ağır Cinayətlər Məhkəməsinin 21 may 2007-ci il tarixli qərarı ilə uzadılmışdır (CPM-in 173.2-ci maddəsinə əsasən bu qərardan şikayət verilə bilməz).
191. Ərizəçinin həbs müddətinin uzadılmasına dair birinci və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarına gəldikdə, ərizəçinin davamlı həbsi ittihamların ağırlığı, xaricdəki əlaqələrdən istifadə edərək gizlənməsi ehtimalı və icraatda iştirak edən şəxslərə təsiri ilə əsaslandırılıb. Bununla bağlı, Məhkəmə qeyd edir ki, təyin edilə bilən cəzanın sərtliyinin gizlənmə təhlükəsinin qiymətləndirilməsində əhəmiyyətli elementlərdən biri olması ilə yanaşı, ittihamların ağırlığı həbsin uzun müddətini əsaslandırmaq üçün özlüyündə kifayət deyildir (baxın, yuxarıda qeyd olunmuş İlijkov, §§ 80-81). Bundan başqa, həbsi əsaslandıra bilən gizlənmə təhlükəsi yalnız təyin oluna bilən cəzanın ağırlığı ilə qiymətləndirilə bilməz. O, gizlənmə təhlükəsinin mövcudluğunu ya təsdiq edən, ya da həbsi əsaslandıra bilməyin zəif olduğunu aşkar edən bir neçə başqa əhəmiyyətli faktorlara istinadən qiymətləndirilməlidir (baxın, Pançenko Rusiyaya qarşı, no. 45100/98, § 106, 08 fevral 2005-ci il və yuxarıda qeyd olunmuş Letellie, § 43). Lakin hazırkı işdə məhkəmə qərarları CPM-in ifadələri ilə standart formalardan istifadə etməklə və gizlənmə təhlükəsi daxil olmaqla yuxarıdakı səbəbləri qeyd etməkdən irəliyə getməmişdir (müqayisə edin, yuxarıda qeyd olunmuş Qiorqi Nikolaişvili, § 23-24, 28, 76 və 79). Onlar bu əsaslara müvafiq olan hər hansı faktları qeyd etməmiş və onları əhəmiyyətli və kifayətedici səbəblərlə əsaslandırmamışlar. Məhkəmə, həmçinin qeyd edir ki, ərizəçinin həbsini uzadan məhkəmələr davamlı olaraq eyni stereotip ifadədən istifadə etmişlər və onların əsaslandırılması vəziyyəti əks etdirmək və bu əsasların icraatın sonrakı mərhələlərində hələ də qanuni qalmasını yoxlamaq üçün vaxtın keçməsi ilə dəyişməmişdir.
192. Məhkəmə inkar etmir ki, ərizəçinin azadlıqdan məhrum olunmasını şərtləndirən spesifik və əhəmiyyətli faktlar mövcud ola bilərdi. Lakin bu cür faktlar mövcud olduğu halda belə, onlar müvafiq daxili məhkəmə qərarlarında əks olunmamışdır. Milli dövlət orqanlarının yerini tutmaq və onların əvəzinə bu cür faktları müəyyən etmək Məhkəmənin vəzifəsinə aid deyildir (baxın, yuxarıda qeyd olunmuş İlijkov, § 86; yuxarıda qeyd olunmuş Pamçenko, § 105; və yuxarıda qeyd olunmuş Qiorqi Nikolaişvili, § 77).
193. Ağır Cinayətlər Məhkəməsinin 21 may 2007-ci il tarixli qərarında gəldikdə, Məhkəmə qeyd edir ki, o, təqsirləndirilən şəxslərin gizlənmək və şahidlərə təsir etmək təhlükəsini qiymətləndirərkən (təqsirləndirilən şəxsin səhhəti və onun xaricdə əlaqələri kimi) müəyyən məqamları qeyd etmişdir. Lakin Ağır Cinayətlər Məhkəməsi ərizəçi daxil olmaqla hər bir fərdi məhbusun davamlı həbsini əsaslandıran səbəbləri, işlərin bir-bir qiymətləndirilməsini aparmadan bir neçə təqsirləndirilən şəxsə münasibətdə birlikdə nəzərdən keçirib. “Kollektiv” həbs qərarlarının çıxarılması barədə belə təcrübə özlüyündə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində təsbit edilmiş təminatlara ziddir, ona görə ki, o, hər bir məhbusun şəxsi vəziyyətini nəzərə almır (baxın, yuxarıda qeyd olunmuş Khudoyorov, § 186).
194. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin işinin spesifik faktlarına münasibət bildirmədən onun həbsi üçün əsasları sadəcə sadalamaqla stereotip ifadədən istifadə edərək, dövlət orqanları ərizəçinin həbsinin iki il altı günədək uzadılmasına “müvafiq” və “yetərli” səbəblər gətirməmişlər.
195. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.
V. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 4-cü BƏNDİNİN
İDDİA OLUNAN POZUNTUSU
196. Konvensiyaın 5, 6 və 13-cü maddələrinə istinadən ərizəçi şikayət edib ki, onun həbsinə aid məhkəmə araşdırmaları mahiyyət etibarilə çəkişməli olmamış və ədalətsiz keçmişdir. Xüsusən, o qeyd edib ki, məhkəmələr onun davamlı həbsinə aid məsələyə iştirakı olmadan baxmış, açıq iclas keçirilməmiş və ona davamlı həbsinə dair vəsatətlərini əsaslandırmaq üçün cinayət təqibi orqanlarının məhkəməyə təqdim etdikləri materiallarla tanış olmaq imkanı verilməmiş, məhkəmələr onun azadlığının xeyrinə olan spesifik dəlillərinə münasibət bildirməmiş, onun həbsini qərara alan və onu uzadan birinci instansiya hakimləri adi məhkəmə iclas zalında öz qərarlarını çıxarmamış və ona, bir qayda olaraq, bərabər imkanların təqdim olunmasından imtina edilmişdir.
197. Hazırkı şikayətin araşdırmalara bütövlükdə deyil, yalnız ərizəçinin məhkəməyədək icraat zamanı həbsinə aid olduğunu nəzərə alaraq, o, Konvensiyanın 6-cı maddəsinin dairəsinə düşmür (baxın, məsələn, Quliyev Azərbaycana qarşı (qərardad), no. 35584/02, 27 may 2004-cü il) və Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın aşağıdakıları nəzərdə tutan 5-ci maddəsinin 4-cü bəndi üzrə araşdırılmalıdır:
“Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.”
A. Şikayətin məqbuliyyəti
198. Məhkəmə qeyd edir ki, bu şikayətlə bağlı qaldırılmış digər məsələlərlə yanaşı, ərizəçi şikayətlənib ki, onun həbsinə aid icraat üzrə iclaslar açıq keçirilməmişdir. Bununla bağlı, Məhkəmə daha əvvəl hesab edib ki, həbsin qanuniliyinin məhkəmə yoxlanılmasını tələb etsə belə (baxın, aşağıda 203-cü paraqraf), Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi belə iclasın ictimaiyyətə açıq olmasını, bir qayda olaraq, tələb etmir (baxın, Reinprecht Avstriyaya qarşı, no. 67175/01, §§ 34-41, İHAM 2005-XII). Məhkəmə hazırkı işdə ərizəçinin həbsinin qanuniliyinin yoxlanılmasına aid icraatda açıq iclasın keçirilməsini şərtləndirən hər hansı xüsusi halların mövcud olmadığını hesab edir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
199. Şikayətin qalan hissəsinə gəldikdə, Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Məhkəmə daha sonra qeyd edir ki, o, hər hansı digər əsaslarla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
200. Hökumət bildirib ki, ərizəçi həbsinin qanuniliyini mübahisələndirə bildiyi səmərəli prosedura malik olmuşdur. Hökumətin qənaətinə görə, bu prosedur cinayət təqibi orqanlarının hər hnası prosessual hərəkət və ya qərarlarından təqsirləndirilən şəxsin daxili məhkəmələrə şikayət vermək hüququna aid CPM-in müddəaları ilə nəzərdə tutulur.
201. Ərizəçi şikayətini təkrar etməklə iddia edib ki, imkanların bərabərliyi və ədalətin tələbləri onun həbsin qanuniliyini mübahisə etdiyi icraatda təmin edilməmişdir.
2.Məhkəmənin qiymətləndirməsi
202. Şikayət olunan xüsusi halları nəzərə alaraq, Məhkəmə qeyd edir ki, hazırkı şikayətin dairəsi məhkəməyədək icraat zamanı ərizəçinin həbsinin qanuniliyinin yoxlanılması icraatına aid faktlarla məhdudlaşır.
203. Məhkəmə təkrar edir ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən tutulmuş və ya həbs olunmuş şəxs Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasına görə azadlığının məhdudlaşdırılmasının “qanuniliyi” üçün əsas olan prosessual və maddi şərtlərə məhkəmə tərəfindən yenidən baxılması hüququna malikdir. Bu onu nəzərdə tutur ki, daxili məhkəmə yalnız daxili qanunvericiliyin prosessual tələblərinə uyğunluğunu deyil, həm də tutulmaya haqq qazandıran şübhənin əsaslığını və tutulma və sonrakı həbslə güdülmüş məqsədin qanuniliyini yoxlamalıdır (baxın, yuxarıda qeyd olunmuş Broqan və digərləri, § 65). Cinayət və ya mülki iş üçün Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında tələb olunan kimi eyni təminatların Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə aid icraatlara şamil edilməsi heç də həmişə zəruri olmasa belə, bu icraat məhkəmə xarakterinə malik olmalı və sözügedən azadlığın məhrum olunmasına müvafiq təminatları təqdim etməlidir. İcraat çəkişməli olmalı və tərəflər arasında imkanlar bərabərliyini daim təmin etməlidir. Həbsi Konvensiyanın 5-ci maddəsinin 1 “c” yarımbəndinin əhatəsinə düşən şəxsin işində iclasın keçirilməsi tələb edilir (baxın, Assenov və digərləri Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, § 162, Hesabatlar, 1998-VIII). Məhbusun ya şəxsən və ya müəyyən təmsilçilik növündə iştirak etmək imkanı azadlıqdan məhrum etmə məsələlərində tətbiq edilən prosesin fundamental təminatlarından biridir (baxın, Kampanis Yunanıstana qarşı, 13 iyul 1995-ci il, § 47, A Seriyaları, no. 318-B). Bundan başqa, həbsin qanuniliyini səmərəli mübahisələndirmək üçün əsas olan istintaq materialları ilə məhbusun və ya onun vəkilinin tanış olmasından imtina edildikdə, tərəflərin bərabərliyi təmin edilməmiş olur (baxın, Lami Belçikaya qarşı, 30 mart 1989-cu il, § 29, A Seriyaları, no. 151).
204. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi Tərəf Dövlətləri məcbur etmir ki, həbsdən azad etmə üçün şikayətlərin yoxlanılması məqsədilə ikinci dərəcə yurisdiksiyaları yaratsınlar. Buna baxmayaraq, daxili qanunvericilik şikayət sistemini müəyyən etdikdə, apellysasiya orqanı Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə də riayət etməlidir (baxın, Toth Avstriyaya qarşı, 12 dekabr 1991-ci il, § 84, A Seriyaları, no. 224). Həbsi qərara alan və ya onu uzadan məhkəmə qərarlarına gəldikdə, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi açıq şəkildə belə qərarlardan şikayət hüququnu təmin etmir, lakin ən azı birinci instansiya üzrə məhkəmə orqanının müdaxiləsi Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin təminatlarına uyğun olmalıdır (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Jecius, § 100).
205. Hazırkı işin faktlarına qayıdaraq, Məhkəmə qeyd edir ki, ərizəçinin həbsi Nəsimi rayon məhkəməsinin hakimi qarşısına 21 oktyabr 2005-ci ildə çıxarıldıqda qərara alınmışdır. Daxili qanunvericilik ona bu qərardan şikayət etmək hüququ verir. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin tələbləri Apellyasiya Məhkəməsinin 26 oktyabr 2005-ci il tarixli qərarı ilə nəticələnən və ərizəçinin vəkillə təmsil olunduğu apellyasiya icraatına tətbiq olunan kimi qəbul edilə bilər.
206. Bundan sonra, “məhkəməyədək icraat zamanı” ərizəçinin həbsi hər dəfə onun və ya vəkilinin iştirakı olmadan Nəsimi rayon məhkəməsinin 13 yanvar, 13 may və 02 oktyabr 2006-cı il tarixli qərarları ilə üç dəfə uzadılmışdır. Ərizəçi uzadılma barədə bütün qərarlardan şikayət edərək, davamlı həbsinin qanuniliyini mübahisələndirdiyi üçün Apellyasiya Məhkəməsinin 19 yanvar, 22 may və 09 oktyabr 2006-cı il tarixli qərarları ilə nəticələnmiş araşdırmalar da Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin tətbiq edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, ərizəçi bu şikayətlərin baxılmasında vəkilləri vasitəsilə təmsil olunmuş, lakin özü iştirak etməmişdir.
207. Yuxarıdakı icraatların nəticəsi olaraq ərizəçinin “məhkəməyədək icraat zamanı” həbsi əhəmiyyətli müddətlərə uzadıldığı hallarda o, ilkin həbs qərarından bir neçə ay sonra keçirilmiş bu məhkəmə iclaslarının heç birində iştirak edə bilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin azadlığının müzakirə mövzusu olduğunu, eləcə də ilkin iclasla uzadılma iclasları arasında keçmiş müddəti nəzərə alaraq, məhkəmələr təmin etməli idilər ki, ərizəçi şəxsən iştirak etsin və öz şəxsi vəziyyətini və azadlığı üçün səbəbləri məhkəmələrə çatdırmaq imkanı əldə etsin (müqayisə edin, mutatis mutandis, Grauzinis Litvaya qarşı, no. 37975/97, §§ 33-34, 10 oktyabr 2000-ci il və Məmmədova Rusiyaya qarşı, no. 7064/05, § 91, 01 iyun 2006-cı il).
208. Buna riayət edilmədiyinə baxmayaraq, onu təmin etməyə cəhdlər edilməli idi ki, ərizəçinin vəziyyəti vəkili vasitəsi ilə məhkəmənin diqqətinə səmərəli təmsilçiliklə çatdırılsın. Lakin Məhkəmə inandırılmayıb ki, buna hazırkı işdə riayət edilib. Şikayətləri ilə bağlı araşdırmalara aid məhkəmə iclaslarının ərizəçinin vəkillərinin iştirakı ilə keçirilməsinə baxmayaraq, bu məhkəmə iclasları formal prosedur kimi keçirilmiş və inter alia, tərəflərin şifahi dəlillərini cəlb edən əsl çəkişməli araşdırmalar tərzinə malik olmamışdır. Doğrudur, ərizəçinin vəkilləri apellyasiya şikayətləri verməklə yazılı şəkildə dəlillərini bildirə bilərdilər, lakin bu fakt özlüyündə nəzərdə tutmur ki, tərəflərin bərabərliyinə riayət olunub. Məhkəmə qeyd edir ki, cinayət təqibi orqanının dəlilləri nə ərizəçiyə, nə də onun vəkillərinə əlçatan olmamaqla həbsə haqq qazandırmaq üçün cinayət təqibi orqanlarının istifadə etdikləri səbəbləri səmərəli mübahisələndirmək üçün onları bu dəlillərə dair yazılı və ya şifahi izahatlar vermək imkanından məhrum etmişdir.
209. Hər bir halda, məhkəmələr davamlı həbsini mübahisələndirən yazılı şikayətlərində ərizəçi tərəfindən irəli sürülmüş hər hansı spesifik dəlillərə hətta münasibət belə bildirməmişlər, halbuki, bu dəlillər yersiz və ya əhəmiyyətsiz görünmür. Məhkəmə xatırladır ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi məhbusun şikayətlərində əks olunmuş hər bir dəlilə münasibət bildirmək öhdəliyi qoymasa belə, məhkəməyədək icraat zamanı həbsdən şikayətlərə baxan hakim məhbusun istinad etdiyi və Konvensiyanın məqsədləri üçün azadlıqdan məhrum edilmənin “qanuniliyi” kimi əsas şərtlərin mövcudluğuna şübhə yarada bilən konkret halları nəzərə almalıdır (baxın, Nikolova Bolqarıstana qarşı, (BP), no. 31195/96, § 61, İHAM 1999-II). Davamlı həbsinə qarşı ərizəçinin spesifik dəlillərini nəzərə almamaqla, daxili məhkəmələr Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə tələb olunan əhatə və mahiyyətə malik məhkəmə araşdırılmasını həyata keçirməmişdir.
210. Yuxarıda göstərilənlər pozuntunun müəyyən olunması üçün yetərli olduğundan, Məhkəmə bu şikayətin əsaslandırılması üçün ərizəçinin irəli sürdüyü digər dəlilləri araşdrırmağı zəruri hesab etmir.
211. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulmuşdur.
VI. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 2-ci BƏNDİNİN
İDDİA OLUNAN POZUNTUSU
212. Ərizəçi şikayət edib ki, Baş Prokurorluq, MTN və Daxili İşlər Nazirliyinin 20 və 21 oktyabr 2005-ci ildə etdikləri birgə bəyanat onun təqsirsizlik prezumpsiyası hüququnu pozmuşdur. O, həmçinin şikayət edib ki, sonradan ibtidai istintaq zamanı Azərbaycan Prezidenti və Baş Prokuror daxil olmaqla müxtəlif dövlət rəsmiləri onu cinayətkar kimi təsvir edən açıq bəyanatlar etmişlər. Nəhayət, o şikayət edib ki, onun həbsini qərara alan və onu uzadan məhkəmə qərarlarında daxili məhkəmələr də təqsirinin cinayət icraatının nəticəsi etibarilə sübuta yetirilməsindən əvvəl onun təqsirli olduğunu qabaqcadan güman etməklə, təqsirsizlik prezumpsiyasını pozmuşlar.
Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi aşağıdakıları nəzərdə tutur:
“Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.”
Şikayətin məqbuliyyəti
213. Həbsi qərara alan və onu uzadan məhkəmə qərarlarında daxili məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı ərizəçinin şikayətinə gəldikdə, Məhkəmə (ərizəçinin təqdim və istinad etdiyi ingiliscə tərcümələri deyil) müvafiq mətnlərin özünü diqqətlə araşdıraraq hesab edir ki, onlardan heç biri ərizəçini ittiham olunduğu cinayətlərdə vaxtından əvvəl təqsirli bəyan edən kimi təfsir etməyi mümkün edən ifadələri əks etdirmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
214. Şikayətin qalan hissəsinə gəldikdə, Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Məhkəmə daha sonra qeyd edir ki, o, hər hansı digər əsaslarla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
Tərəflərin dəlilləri
215. Hökumət iddia edib ki, 20 və 21 oktyabr 2005-ci il tarixli mübahisəli bəyanatlar ərizəçini cinayətkar kimi qələmə verməyib. Əksinə, onlar ictimaiyyəti ərizəçinin tutulması barədə məlumatlandırmış və əlçatan sübutlara və ona məxsus yerlərdə axtarış zamanı aşkarlanmış müxtəlif əşyalara istinad etmişdir. Həmin bəyanatlar “bu faktların hər hansı hüquqi qiymətləndirilməsi olmadan” edilmişdir.
216. Ərizəçi şikayətini təkrarlamış və iddia etmişdir ki, onun açıq-aşkar “cinayətkar” adlandırılmamasına baxmayaraq, həmin bəyanatların məqsədi və nəticəsi onu bu cür təsvir etməyə yönəlmişdir. O, həmçinin qeyd edib ki, Hökumət onun şikayət etdiyi digər dövlət rəsmilərinin başqa bəyanatlarına münasibət bildirməmişdir.
Məhkəmənin qiymətləndirməsi
217. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi onun müvafiq aspektində ədalətli cinayət araşdırılmasının icraatı ilə bağlı sıx əlaqədə olan və qabaqcadan mühakiməni ifadə edən bəyanatlarla pozulmasının qarşısının alınmasına yönəlir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində əks olunmuş təqsirsizlik prezumpsiyası həmin maddənin 1-ci bəndi ilə tələb olunan ədalətli cinayət araşdırılmasının elementlərindən biridir (baxın, Allene de Ribemon Fransaya qarşı, 10 fevral 1995-ci il, § 35, A Seriyaları, no. 308). O, qanuna müvafiq olaraq sübuta yetirilməsindən əvvəl “cinayətdə ittiham olunanın” təqsirli olduğuna dair yalnız tribunalın özü tərəfindən vaxtından əvvəl ifadənin işlədilməsini qadağan edir (baxın, Minelli İsveçrəyə qarşı, 25 mart 1983-cü il, § 38, A Seriyaları, no. 62), lakin bu, həmçinin həyata keçirilən cinayət araşdırmaları barədə digər dövlət rəsmiləri tərəfindən ictimaiyyəti şübhəli şəxsin təqsirinə inandıran və səlahiyyətli məhkəmə orqanı tərəfindən faktların qiymətləndirilməsini qabaqcadan həll edən bəyanatları da əhatə edir (baxın, yuxarıda qeyd olunmuş Allene de Ribemon, § 41 və Daktaras Litvaya qarşı, no. 42095/98, §§ 41-43, İHAM 2000-X). Məhkəmə vurğulayır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi dövlət orqanlarını icraatda olan cinayət araşdırmaları barədə ictimaiyyəti məlumatlandırmaqdan çəkindirə bilməz, lakin o tələb edir ki, təqsirsizlik prezumpsiyasına riayət edilməli oduğu halda, onlar bunu dərindən düşünərək və zəruri ehtiyatlılıqla etməlidirlər (baxın, yuxarıda qeyd olunmuş Allene de Ribemon, § 38).
218. Bu, Məhkəmənin daimi yanaşmasıdır ki, qanuna müvafiq olaraq sübuta yetirilməsindən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin bəyanatı onun təqsirli olduğunu əks etdirirsə, təqsirsizlik prezumpsiyası pozulmuş olur. Hər hansı rəsmi qənaət olmadıqda belə, məhkəmənin və ya vəzifəli şəxsin təqsirləndirilən şəxsi təqsirli kimi qiymətləndirməsini təklif edən istənilən düşüncənin mövcud olması kifayətdir. Şəxsin cinayət törətməkdə sadəcə olaraq şübhəli olduğunu ifadə edən bəyanatla yekun məhkumetmə olmadan onun sözügedən cinayəti törətməsi barədə aydın bəyanat arasında fundamental fərqləndirmə olmalıdır. Məhkəmə davamlı olaraq vurğulamışdır ki, şəxsin mühakimə olunmasından və konkret cinayətdə təqsirli bilinməsindən əvvəl dövlət rəsmiləri tərəfindən verilən bəyanatlarda ifadələrin seçimi mühüm əhəmiyyət kəsb edir (baxın, sonrakı istinadlarla, Xuzin və digərləri Rusiyaya qarşı, no. 13470/02, § 94, 23 oktyabr 2008-ci il). Dövlət rəsmisinin bəyanatının təqsirsizlik prezumpsiyasına zidd olub-olmaması mübahisəli bəyanatın edildiyi konkret hallar baxımından müəyyən edilməlidir (baxın, Butkevicius Litvaya qarşı, no. 48297/99, § 49, İHAM 2002-II).
219. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi cinayət prosesini bütövlükdə əhatə edir və cinayət törətməkdə ittiham olunan şəxs sonradan səlahiyyətli məhkəmə tərəfindən təqsirli bilinib-bilinməməsindən asılı olmayaraq bütün proses gedişində təqsirsiz güman olunmaq hüququna malikdir (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Minelli, § 30 və yuxarıda qeyd olunmuş Matijasevic, § 49).
220. Məhkəmə qeyd edir ki, hazırkı işdə mübahisəli bəyanatlar cinayət prosesinin özündən ayrı olaraq müstəqil şəkildə mətbuata edilmişdir. Məhkəmə təsdiq edir ki, ərizəçinin əvvəl İqtisadi İnkişaf Naziri kimi yüksək dərəcəli dövlət rəsmisi olması faktı dövlət orqanlarından tələb edə bilərdi ki, ictimaiyyəti ona qarşı cinayət ittihamlarından və cinayət prosesinin gedişindən məlumatlı saxlasınlar. Lakin bu hal öz bəyanatlarında dövlət orqanlarının istifadə etdikləri ifadələrin seçimində ehtiyatın çatışmazlığını əsaslandıra bilməz. Bundan başqa, hazırkı işdə sözügedən bəyanat ərizəçiyə qarşı cinayət istintaqının yalnız başlandığı vaxtda verilmişdir. Hətta ərizəçinin rəsmi ittiham olunmasından əvvəl bu ilkin mərhələdə Dövlətin hüquq-mühafizə orqanının fikrində ərizəçinin təqsirini təsdiq edən kimi təfsir oluna bilən hər hansı açıq bəyanatların edilməməsi xüsusən əhəmiyyətli olmuşdur.
221. Məhkəmə qəbul edir ki, mübahisəli bəyanatların əsas məqsədi ərizəçiyə və bir neçə digər dövlət rəsmilərinə qarşı cinayət təqibinin başlanılması və bunun səbəbləri barədə ictimaiyyəti məlumatlandırmaq olmuşdur. Lakin Məhkəmə hesab edir ki, orada istifadə olunan ifadələrin seçimi daxil olmaqla, bu bəyanatın spesifik məzmunu Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi baxımından qəbuledilməzdir.
222. 20 oktyabr 2005-ci il tarixli bəyanata gəldikdə, Məhkəmə ilk növbədə qeyd edir ki, o, Fikrət Yusifov tərəfindən verilmiş və həmin vaxtda iddia olunan dövlət çevrilişinə cəhdlə ərizəçinin bağlılığını ən azı rəsmi şəkildə göstərən yeganə sübut olmuş şahid ifadəsinin uzun və təfsilatlı təsvirini təşkil etmişdir. Bu sübut ərizəşiyə qarşı əsaslı şübhəyə əsas ola bilsə belə, həmin mərhələdə cənab Yusifovun etdiyi müxtəlif faktiki iddialar hər hansı başqa sübutla əsaslandırılmamış və həqiqət kimi müəyyən olunmaqdan uzaq idi. Belə olan halda, Məhkəmə (hələ də təsdiq olunmamış) bu ifadənin belə geniş təfsilatla və istintaqın hələ erkən mərhələsində ictimaiyyətə açıqlanması zərurətinin əsl səbəblərini qeyri-aydın və mübahisəli hesab edir. Məhkəmənin qənaətinə görə, həmin vaxtda bu sübutun qısa təsviri ərizəçiyə qarşı ittihamların mahiyyəti haqqında cəmiyyəti sadəcə məlumatlandırmağa xidmət edən məqsədə çatmaq üçün yetərli olardı. 20 oktyabr 2006-cı il tarixli mübahisəli bəyanatın mətnini araşdıraraq, Məhkəmə hesab edir ki, başlanğıcda onun cənab Yusifovun iddialarına aid olması açıq görünsə də, onun ifadəsini çatdırmaq üçün sonradan istifadə olunan ifadələr həqiqətən baş vermiş faktları təsvir edən kimi bildirilib. Nəzərə almaq lazımdır ki, mübahisəli bəyanatlar onların kontekstindən müəyyən olunmuş faktların təsviri ilə sadəcə iddiaları ayırmaqda çətinlik çəkən adi insanların formalaşdırdığı ümumi ictimaiyyətə yönəlmişdir. Bir neçə paraqrafdan ibarət olan məlumatın təfsilatlı təsviri kimi o, yetərli tövsifi və ya istintaq tərəfindən hələ təsdiq olunmamaqla və müəyyən olunmuş fakt olmamaqla bir şahidin sadəcə ifadələri olduğu barədə qeydi əks etdirməmişdir.
223. İkincisi, Məhkəmə qeyd edir ki, 20 oktyabr 2005-ci il tarixli bəyanatda daha sonra göstərilib ki, “... həmçinin müəyyən olunub ki, Fərhad Əliyev səlahiyyətlərindən istifadə etməklə dövlət əmlakının özəlləşdirilməsi zamanı qanunvericiliyin ciddi pozuntularına yol vermiş, cuzi qiymətlərlə dövlət əmlakına hüquqlar verən sənədləri təqdim etmiş və qohumlarının və tanışlarının adına əmlakı rəsmi qeydə almış, bununla da, faktiki olaraq öz mülkiyyətinə keçirmişdir”. 20 oktyabr 2005-ci il tarixində bu spesifik qeydləri təsdiq etmək üçün cinayət təqibi orqanlarında hər hansı konkret sübutun olub-olmaması sualını kənara qoysaq belə, Məhkəmə hesab edir ki, bu cür qeydlər ərizəçinin təqsirsizlik prezumpsiyasına açıq-aşkar ziddir, ona görə ki, onun tərəfindən cinayət hərəkətlərinin törədilməsinə dair birmənalı bəyanatı əks etdirir və zəruri təmkinlik və ehtiyatlılıq olmadan edilmişdir.
224. Eynilə, həm 20, həm də 21 oktyabr 2005-ci il tarixli bəyanatlar bəyan edib ki, ərizəçiyə məxsus müxtəlif yerlərdə axtarışlar nəticəsində dövlət orqanları “xarici valyutanı, zinnət əşyalarını, incəsənət əsərlərini və cinayət yolu əldə olunmuş başqa dəyərli əşyaları külli miqdarda müsadirə etmişdir”. Bu ifadələrdən istifadə etməklə, mübahisəli bəyanatlar ərizəçini açıq-aşkar və şərtsiz olaraq cinayət əməlində təqsirli elan etmiş, baxmayaraq ki, həmin vaxtda ərizəçi hələ məhkum edilməmişdir və bu əşyaların “cinayət yolu” əldə edilməsi qanuna uyğun olaraq sübuta yetirilməmişdir.
225. Yuxarıda qeyd olunan rəsmi bəyanatların Dövlətin adından cinayət təqibini həyata keçirməyə səlahiyyətli üç hüquq-mühafizə orqanları tərəfindən edildiyini nəzərə alaraq, icraatda olan cinayət işini təsvir etmək üçün ifadələrin seçimində onlar tərəfindən xüsusi ehtiyatlılıq tələb edilirdi. Məhkəmə hesab edir ki, zəruri tövsif və ya şərtlər olmadan edilmiş bu bəyanatlar ərizəçi tərəfindən müəyyən cinayətlərin törədilməsinə dair bəyanatı təşkil edən ifadələri əks etdirmişdir. Belə olan halda, onlar səlahiyyətli məhkəmə orqanı tərəfindən faktların qiymətləndirilməsini qabaqlayıb və hüquqları olmadığı halda, qanuna müvafiq olaraq təqsirinin sübuta yetirilməsindən əvvəl onun təqsirli olduğuna dair ictimaiyyəti yönləndirib.
226. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə müxtəlif rəsmilərin etdikləri başqa bəyanatlara aid ərizəçinin digər dəlillərini araşdırmağı zəruri hesab etmir.
227. Məhkəmə hesab edir ki, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi pozulmuşdur.
VII. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
Konvensiyanın 6-cı maddəsi
228. Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə istinadən, ərizəçi Məhkəmənin artıq yuxarıda Konvensiyanın 5-ci maddəsi üzrə araşdırdığı məhkəməyədək icraat zamanı həbsi ilə bağlı icraatlara aid bir neçə şikayət vermişdir. Ərizəçinin bəzi dəlillərinin Konvensiyanın 6-cı maddəsi üzrə ona qarşı ümumiyyətlə bütün prosesin iddia olunan ədalətsizliyi barədə şikayət kimi tərtib edildiyini nəzərə alaraq, Məhkəmə qeyd edir ki, hazırkı şikayətin dairəsi ərizəçinin mühakiməsindən, məhkum edilməsindən və buna qarşı şikayətlərindən əvvəlki müddətə aid faktlarla məhdudlaşır və ona görə bu ona qarşı cinayət ittihamının müəyyən edilməsinə aid bütövlükdə icraatı əhatə etmir (baxın, yuxarıda 104-105-ci paraqraflar). Mühakimədən əvvəlki bəzi faktiki hallar araşdırmanın bütövlükdə ədalətliliyinin qiymətləndirilməsi üçün müvafiq olsa belə, şikayətin bu hissəsi hazırkı şikayətin kontekstində vaxtından əvvəl verilmiş kimi rədd olunmalıdır.
B. Konvensiyanın 8-ci maddəsi
229. Ərizəçi məhkəməyədək icraat zamanı yazışmaların və ailəsi və Britaniyalı vəkili ilə görüşmələrin məhdudlaşdırılmasından şikayət etmişdir. O iddia edib ki, onun məktubları saxlanılıb və senzuraya məruz qalıb və belə məhdudlaşdırmalar üçün hər hansı hüquqi əsas ona açıqlanmayıb. Konvensiyanın 8-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
230. Hökumət bildirib ki, ərizəçi daxili vasitələri tükətməmişdir, ona görə ki, hazırkı şikayətin hər hansı spesifik iddialarını istənilən daxili dövlət orqanı qarşısında qaldırmamış və Konvensiyanın 8-ci maddəsinə və ya daxili qanunvericiliyin eyni, yaxud da oxşar məzmunlu müddəasına heç zaman istinad etməmişdir. Hökumət bildirib ki, ərizəçi üçün prokurorluq və ya istintaq orqanlarının onun hüquqlarını pozan istənilən hərəkətlərdən daxili məhkəmələrə şikayət proseduru əlçatan olub. Hökumət təsdiq edib ki, ailəsi (vəkilləri deyil) tərəfindən ərizəçi ilə görüş ədalət mühakiməsinin maraqları naminə həqiqətən məhkəməyədək icraat zamanı məhdudlaşdırılmışdır və CPM bunun üçün müvafiq hüquqi əsası nəzərdə tutub. Lakin Hökumətə görə, nə ərizəçiyə, nə də onun ailə üzvlərinə yazılı məktublarla əlaqə saxlamaq qadağan olunub.
231. Ərizəçi iddia edib ki, o, bu şikayəti daxili dövlət orqanları qarşısında qaldırmış və hər bir halda daxili dövlət orqanlarından hüquqların hər hansı səmərəli müdafiəsini axtarmaq mənasızdır. Xüsusən, ərizəçi bildirib ki, o, bu şikayətləri 24 noyabr 2005-ci il və 29 dekabr 2005-ci il tarixli müvafiq olaraq Nəsimi rayon məhkəməsinə və Apellyasiya Məhkəməsinə etdiyi şikayətlərində qaldırmışdır. Daha sonra ərizəçi iddia edib ki, ona ailəsi ilə sadəcə görüş deyil, həm də onlarla yazışma da qadağan edilib.
232. Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində daxili vasitələr qaydasının məqsədi Tərəf Dövlətlərə Məhkəməyə verilməzdən əvvəl iddia olunan pozuntuların qarşısını almaq və ya onu bərpa etməkdir (baxın, digər mənbələr arasında, Hacıbəyli Azərbaycana qarşı, no. 16528/05, § 35, 10 iyul 2008-ci il). Məhkəmə Hökumətin bu dəlilini qəbul edir ki, ərizəçi üçün prokurorluq və ya istintaq orqanlarının onun hüquqlarını pozan istənilən hərəkətlərdən və ya hərəkətsizlikdən daxili məhkəmələrə şikayət proseduru əlçatan olub. Ərizəçinin 24 noyabr və 29 dekabr 2005-ci il tarixli şikayətlərinin məzmununu nəzərə alaraq, Məhkəmə qeyd edir ki, ərizəçi yalnız tutulmasından dərhal sonra ailəsinə zəng edə bilməməsindən şikayət etmişdir. Bu, ərizəçinin vəkili tərəfindən şəxsi və ailə həyatı hüquqlarının pozuntusu deyil, onun tutulmuş şəxs kimi prosessual hüquqlarının pozuntusu kimi təqdim edilib (bu məsələ Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi üzrə şikayət kontekstində yuxarıda 165-ci paraqrafda müzakirə olunub). Bu spesifik məsələdən başqa, bütövlükdə həbs müddətində ailə görüşləri və yazışmalara iddia olunan ümumi qadağalara aid Məhkəmə qarşısında hazırkı şikayətdə qaldırılmış narazılıqlardan heç biri ərizəçi tərəfindən qeyd olunan iki şikayətdə ifadə edilməmişdir. Ərizəçinin bu şikayətləri həbsinin istənilən sonrakı mərhələsində qaldırması da görünmür.
233. Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndləri əsasında daxili vasitələrin tükənməməsi səbəbindən rədd olunmalıdır.
C. İDDİA OLUNAN DİGƏR POZUNTULAR
234. Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndi üzrə ərizəçi şikayət edib ki, o, tutulmasının və ona qarşı ittihamların səbəbləri haqqında qısa zamanda məlumatlandırılmamışdır. Ərizəçi, həmçinin bütün başqa şikayətləri ilə birlikdə Konvensiyanın 13 və 14-cü maddələrinə əsasən şikayət edib ki, onun Konvensiya hüquqlarının bərpası üçün hər hansı səmərəli vasitə olmamış və o, siyasi baxışları səbəbindən ayrı-seçkili rəftarla “üzləşmişdir”.
235. Lakin malik olduğu bütün materiallar baxımından və şikayət edilən məsələlərin onun səlahiyyətində olduğu qədər Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, o, açıq-aşkar əsassız kimi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən qeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
VIII. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
236. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
Zərər
Maddi zərər
237. Ərizəçi iddia edib ki, onun qanunsuz həbsinin nəticəsi kimi o, işdən kənarda qalmış və gəlirdən məhrum olmuşdur. O, 01 oktyabr 2005-ci ildən 01 oktyabr 2007-ci ilədək müddətdə maaşın itkisi üçün 28.800 (AZN) yeni Azərbaycan manatı iddia etmişdir. Bu məbləğ 01 oktyabr 2007-ci ildən Məhkəmə qərarının çıxarılması tarixinədək eyni əsaslarla hesablana bilən istənilən sonrakı gəlir itkisi daxil olmaqla onun nazir kimi əvvəlki maaşı üzrə hesablanıb.
238. Hökumət qeyd edib ki, 19 oktyabr 2005-ci ildə ərizəçi nazir vəzifəsindən azad edilmiş və buna görə nazir maaşını tələb edə bilməz. Onlar bildiriblər ki, ərizəçinin iddiası əsassızdır.
Məhkəmə müəyyən olunmuş pozuntularla iddia olunan maddi zərər arasında hər hansı səbəbli əlaqəni görmür; buna görə, bu tələbi rədd edir.
2. Mənəvi zərər
239. Ərizəçi bildirib ki, Konvensiya hüquqlarının pozulması ona ağrı, əziyyət, əsəbilik və narahatçılıq vermiş və nüfuzuna zərər vurmuşdur. Hər hansı məbləğ göstərmədən ərizəçi Məhkəmədən “bu işdə obyektiv və ədalətli” hesab etdiyi kompensasiyanı təyin etməyi xahiş etmişdir.
240. Hökumət iddia edib ki, pozuntuların müəyyən olunması vurulmuş istənilən mənəvi zərərə aid yetərli bərpa etməni təşkil edir.
241. Məhkəmə hesab edir ki, ərizəçi sadəcə pozuntuların müəyyən olunması ilə bərpası mümkün olmayan zərərlə üzləşmiş və bu səbəbdən kompensasiya təyin edilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi, Məhkəmə ədalətli əsaslarla qərar çıxararaq, ərizəçiyə bu əsasla üstünə hesablana bilən istənilən vergi əlavə edilməklə 16.000 avro kompensasiya təyin edir.
Xərc və məsrəflər
242. Ərizəçi Məhkəmə qarşısında icraatla bağlı xərclədiyi hüquqi xidmət haqları üçün 368.632.79 funt sterlinq (GBP) və “faktura olunmamış hələ gedən işlər” üçün 25.440.50 GBP əlavə məbləğ tələb etmişdir. Bu hüquqi xidmət xərcləri Trowers & Hamlins Solicitors-un xanım Lyusi Ceyms tərəfindən və Blackstone Chambers-in Herne Hill QC-dən Lord Lesterin hüquqi xidmətləri ilə bağlıdır. Bu tələbin sübutu kimi ərizəçi yuxarıda qeyd olunan vəkillərin təqdim etdikləri bir çox vaxt qrafiklərini və fakturaları təqdim etmişdir. Fakturalar xanım Ceymsin 200 saat işi və Trowers & Hamlins Solicitors-un digər işçilərinin və Lord Lesterin işlərinin naməlum saat sayı üçün xərcləri və bir çox digər xərc və məsrəfləri əhatə etmişdir.
243. Hökumət bildirib ki, iddia olunan məbləğlər həddən artıqdır və əsaslı və ya zəruri çəkilməmişdir. Onlar qeyd ediblər ki, təqdim edilmiş fakturalarda qeydlərin əhəmiyyətli sayı cox ümumi xarakterlidir və müvafiq vəkilin gördüyü konkret işi göstərmir. Bundan başqa, fakturalar, həmçinin ərizəçini Məhkəmə qarşısında təmsil etmək hüququna malik olmayan şəxslərin gördükləri işlərə aid qeydləri əks etdirib.
244. Məhkəmənin presedent-hüququna əsasən, ərizəçi öz xərc və məsrəflərinin əvəzləşdirilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurət qarşısında xərclənməsi və həcminə görə əsaslı olması göstərilsin.
245. Məhkəmə qeyd edir ki, ərizəçinin vəkillərinin irəli sürdükləri dəlillərinin əhəmiyyətli hissəsi ya qeyri-məqbul elan edilmiş, yaxud da hazırkı işin dairəsindən kənarda olan şikayətlərə aiddir. Buna görə, bu dəlillərlə bağlı çəkilmiş xərc və məsrəflərə aid kompensasiya təyin edilə bilməz.
246. Məhkəmə, həmçinin qeyd edir ki, bir neçə xərc və məsrəflər üçün tələbləri təsdiq edən hər hansı sənədlər təqdim edilməmişdir. Bundan başqa, Məhkəmə əmin deyil ki, ərizəçinin vəkillərinin tələb etdikləri bütün xərclər zəruri və əsaslı çəkilib. Ədalətli əsaslarla və ərizəçinin təqdim etdiyi tələblərin detallarını və müqayisə edilə bilən mürəkkəb olan digər işlərdə Britaniyalı vəkillərə təyin edilmiş məbləğləri nəzərə almaqla, Məhkəmə ərizəçinin Məhkəmə qarşısında çəkdiyi xərclərə görə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, hüquqi xidmətlər və digər xərc və məsrəflər üçün 25.000 EUR məbləği təyin edir.
C. Faiz dərəcəsi
247. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi (ərizəçinin tutulmasının və hakim qarşısına çıxarılmazdan əvvəl həbsinin və 19 aprel - 21 may 2007-ci il tarixlərində həbs müddətinin qanuniliyinə aid hissəsi), 5-ci maddəsinin 3-cü bəndi, 5-ci maddəsinin 4-cü bəndi (ərizəçinin davamlı həbsinin qanuniliyinin məhkəmə araşdırılmasının ədalətliliyinə aid hissəsi) və 6-cı maddəsinin 2-ci bəndi (hüquq-mühafizə orqanlarının mətbuata bəyanatlarına aid hissəsi) üzrə şikayətləri məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
2. Ərizəçinin tutulmasının və hakim qarşısına çıxarılmazdan əvvəl həbsinin hallarına aid Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin iş üzrə pozulduğunu qərara alır;
3. 19 aprel - 21 may 2007-ci il tarixlərində həbs müddətinə aid Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin iş üzrə pozulduğunu qərara alır;
4. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin iş üzrə pozulduğunu qərara alır;
5. Ərizəçinin davamlı həbsinin qanuniliyinin məhkəmə araşdırılmasına aid Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin iş üzrə pozulduğunu qərara alır;
6. Hüquq-mühafizə orqanlarının mətbuata bəyanatlarına aid Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin iş üzrə pozulduğunu qərara alır;
7. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində aşağıdakı məbləğləri ərizəçiyə ödəməlidir:
(i) mənəvi zərərə aid həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq yeni Azərbaycan manatı ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla 16.000 EUR (on altı min avro); və
(ii) xərc və məsrəflərə aid həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq funt sterlinq ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla nümayəndələrinin Birləşmiş Krallıqdakı bank hesabına 25.000 EUR (iyirmi beş min avro);
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
8. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 09 noyabr 2010-cu ildə göndərilib.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy