BİRİNCİ BÖLMƏ
FƏTULLAYEV AZƏRBAYCANA QARŞI İŞ
(Ərizə № 40984/07)
QƏRAR
STRASBURQ
22 aprel 2010-cu il
2010-cu il oktyabrın 4-də qüvvəyə minmişdir
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda yekun olacaq. Mətn redaktə oluna bilər.
Fətullayev Azərbaycana qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),
hakimlər:
Kristos Rozakis (Christos Rozakis), Sədr,
Nina Vayiç (Nina Vajić),
Din Spilman (Dean Spielmann),
Sverre Erik Yebens (Sverre Erik Jebens),
Giorgio Malinverni (Giorgio Malinverni),
Corc Nikolau (George Nicolaou),
Lətif Hüseynov, ad hoc hakim,
və Bölmə katibi Soren Nelsendən (Søren Nielsen) ibarət tərkibdə
Palatada iclas keçirərək,
25 mart 2010-cu il tarixdə qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı cənab Eynulla Emin oğlu Fətullayev (“ərizəçi”) tərəfindən 10 sentyabr 2007-ci ildə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı ərizə (Nº 40984/07) əsasında başlanmışdır.
2. Ərizəçini Bakıda vəkillik fəaliyyəti ilə məşğul olan cənab İ. Aşurov təmsil etmişdir. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil etmişdir.
3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, müəllifi olduğu qəzet məqalələrində bildirdiyi fikirlərə görə cinayət cəzalarına məhkum olunması onun ifadə azadlığının pozuntusunu təşkil edib, o, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən dinlənilməyib və onun təqsirsizlik prezumpsiyası hüququna hörmət edilməyib.
4. 3 sentyabr 2008-ci ildə Birinci Seksiyanın sədri ərizə barədə Hökumətə məlumat verməyi qərara almışdır. Həmçinin qərara alınmışdır ki, ərizəyə mahiyyəti üzrə baxılması onun qəbuledilənliyinə baxılması ilə eyni vaxtda keçirilsin (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
5. Azərbaycandan seçilmiş hakim cənab X. Hacıyev Palatanın iclasında iştirak etməkdən imtina etmişdir (Məhkəmə Reqlamentinin 28-ci Qaydası). Müvafiq olaraq, Hökumət cənab L. Hüseynovu ad hoc hakim qismində iclasda iştirak etməyə təyin etmişdir (Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 29-cu Qaydasının 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi 1976-cı ildə anadan olub və Bakıda yaşayır.
7. Ərizəçi Azərbaycan dilində nəşr olunan “Gündəlik Azərbaycan” və rus dilində nəşr olunan “Realnıy Azərbaycan” (“Реальный Азербайджан”) qəzetlərinin təsisçisi və baş redaktoru idi. Qəzetlər çox vaxt Hökuməti və müxtəlif dövlət məmurlarını kəskin tənqid edən məqalələr dərc etməsi ilə məşhur idi.
8. Bu ərizədə şikayət edilən hadisələrdən öncə ərizəçi yüksək vəzifəli müxtəlif hökumət məmurlarının, o cümlədən Nazirlər Kabinetinin və parlamentin üzvlərinin şikayətlərindən sonra böhtana görə bir sıra mülki və cinayət proseslərinə cəlb olunmuşdu. Sonuncu prosesdə, 2 sentyabr 2006-cı ildə ərizəçi Nazirlər Kabinetinə qarşı böhtana görə məhkum olunmuş və şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilmişdi. Bundan başqa, ərizəçinin sözlərinə görə müxtəlif vaxtlarda o və onun işçiləri çoxlu sayda hədələyici telefon zəngləri almışdılar, onlardan tələb olunurdu ki, yüksək vəzifəli məmurlar barədə tənqidi məqalələr yazmağı dayandırsınlar, ya da hətta qəzetlərinin nəşrinə tamamilə son qoysunlar.
9. 2007-ci ildə, digər səbəblərlə yanaşı, “Realnıy Azərbaycan” qəzetində dərc etdiyi iki məqaləyə görə ərizəçiyə qarşı iki cinayət icraatına başlanıldı.
A. Birinci cinayət icraatı
1. Ərizəçinin verdiyi ifadələr
10. 2005-ci ildə ərizəçi Ermənistan hərbi qüvvələrinin nəzarət etdiyi Dağlıq Qarabağ ərazisinə və digər ərazilərə jurnalist qismində səfər etdi. Bu, Dağlıq Qarabağ müharibəsindən sonra həmin ərazilərə və Ermənistana Azərbaycan vətəndaşlarının səfər etməsinə icazə verildiyi və həmin səfərlərin təşkil edildiyi bir neçə müstəsna hallardan biri idi, çünki Dağlıq Qarabağda cəbhə xətti boyunca hərəkət və Ermənistan-Azərbaycan sərhədi boyunca hərəkət hər iki tərəfdən bu günədək ciddi şəkildə məhdudlaşdırılmış olaraq qalır. Səfəri zamanı o, digər şəxslərlə yanaşı, öz müstəqilliyini bəyan etmiş, tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın bəzi rəsmiləri ilə və bəzi sıravi insanlarla görüşdü. Bu səfərdən sonra aprelin 25-də ərizəçi “Realnıy Azərbaycan” qəzetində “Qarabağ gündəliyi” (rusca: “Карабахский дневник”) adlı məqalə dərc etdi.
11. Gündəlik üslubunda yazılmış məqalədə ərizəçi bir neçə şəhərə, o cümlədən Laçın, Şuşa, Ağdam və Xocalıya səfərlərini təsvir etmişdi, həmin şəhərlərdə əvvəllər əsasən etnik azərbaycanlılar məskunlaşmış, müharibə zamanı isə evlərini tərk etməyə məcbur olmuşdular. O, həmin şəhərlərdə həm müharibənin dağıntılarını, həm də yeni tikintilərin aparıldığı əraziləri, habelə səfəri zamanı rastlaşdığı bir neçə yerli erməni ilə təsadüfi söhbətlərini təsvir etmişdi.
12. “Qarabağ gündəliyi”ndə müzakirə olunan mövzulardan biri 26 fevral 1992-ci il Xocalı qətliamı ilə bağlı idi. Bu mövzunu müzakirə edərkən ərizəçi müəyyən fikirlərini bildirmişdi ki, bunlar Xocalı hadisələrinin hamılıqla qəbul edilmiş versiyasından – Dağlıq Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı Azərbaycanın yüzlərlə dinc sakininin Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın (keçmiş Sovet İttifaqının) 366-cı motoatıcı alayının sonradan barəsində məlumat verilmiş yardımı ilə qətlə yetirildiyi barədə versiyadan fərqlənən fikirlər hesab oluna bilərdi. Konkret olaraq, məqalədə aşağıdakı hissələr var idi:
“Xocalını gördükdə heyrətimi gizlədə bilmədim. Yerlə yeksan edilmiş bu Azərbaycan şəhəri tamamilə yenidən inşa olunmuş və Xocalının işğalında fəal iştirak etmiş erməni generalının şərəfinə İvanovka adlandırılan şəhərə çevrilmişdi. Xocalı faciəsi və uzun müddət əzablara düçar olmuş bu Azərbaycan torpağında erməni ekspansionizminin bizim ruhumuza vurduğu dərin yaralar Əskərandakı [Dağlıq Qarabağda Xocalının yaxınlığında yerləşən şəhər] bütün görüşlərimə sirayət etmişdi. Niyə belə oldu? Doğrudanmı bu xalqda heç bir insani hiss qalmayıb? Amma ədalət naminə etiraf edim ki, bir neçə il əvvəl mən Xocalıdan olan, Naftalanda müvəqqəti məskunlaşmış bir neçə qaçqınla görüşmüşdüm, onlar açıq etiraf etdilər ki, Rusiya və Ermənistan qoşunlarının Xocalıya geniş miqyaslı hücumu ərəfəsində şəhər [bu qoşunlar tərəfindən] mühasirəyə alınmışdı. Hətta hücumdan bir neçə gün əvvəl ermənilər mütəmadi olaraq əhaliyə planlaşdırılan əməliyyat barədə səsgücləndiricilər vasitəsilə xəbərdarlıq etmişdilər və güman edirdilər ki, dinc sakinlər şəhəri tərk edib və Qarqar çayı boyunca humanitar dəhliz vasitəsilə qaçaraq mühasirədən qurtulub. Xocalı qaçqınlarının öz sözlərinə görə, onlar bu dəhlizdən istifadə etmişdilər və həqiqətən dəhlizin arxasında mövqe tutmuş erməni əsgərləri onlara atəş açmamışdılar. AXC [Azərbaycan Xalq Cəbhəsi, siyasi partiya] batalyonlarından olan bəzi əsgərlər müəyyən səbəbdən [qaçqınların] bir hissəsini Naxçıvanik kəndi istiqamətində apardılar, o, həmin vaxt ermənilərin Əskəran batalyonunun nəzarəti altında idi. Qaçqınların digər bir qrupu Ağdam rayonuna [çatdıqları bir vaxtda] artilleriya atəşləri ilə vuruldu.
Əskəranda olarkən mən Əskəran administrasiyasının başçısının müavini Slavik Aruşanyanla söhbət etdim və hadisələr barədə onun xatirələrini atəş altında Azərbaycan tərəfinə keçmiş Xocalı sakinlərinin xatirələri ilə müqayisə etdim.
Mən S. Aruşanyandan xahiş etdim ki, Xocalı sakinlərinin [şəhəri tərk etmək üçün] istifadə etdikləri dəhlizi mənə göstərsin. Coğrafi ərazi ilə tanış olduqdan sonra tam əminliklə deyə bilərəm ki, heç bir erməni dəhlizinin olmadığı barədə ehtimallar əsassızdır. Dəhliz həqiqətən mövcud idi, əks halda [düşmən qoşunları tərəfindən] tam mühasirə olunmuş və ətraf aləmdən təcrid olunmuş Xocalı sakinləri özlərinə yol aça və mühasirədən qurtula bilməzdilər. Lakin Qarqar çayının arxasındakı ərazini keçərkən qaçqınların bir dəstəsi ayrıldı və müəyyən səbəbə görə [onların bir qrupu] Naxçıvanik istiqamətinə yollandı. Görünür, AXC batalyonları Xocalının dinc sakinlərinin azad edilməsi uğrunda deyil, A. Mütəllibovun [Azərbaycanın birinci prezidenti] devrilməsi yolunda daha çox qan tökülməsi uğrunda mübarizə aparırdılar...”
13. Yuxarıdakı məqalənin dərcindən bir ildən artıq vaxt keçdikdən sonra, 2006-cı ilin dekabrından 2007-ci ilin yanvarınadək olan dövrdə, özünü ərizəçinin adı ilə təqdim edərək “Eynulla Fətullayev” istifadəçi adı altında qeydə alınmış şəxs “AzeriTriColor” adlanan İnternet saytının hamı üçün açıq olan İnternet forumunda bir sıra postinqlər (qeydlər) yerləşdirdi. Postinqlər forumun xüsusi bölümündə – “Eynulla Fətullayev” adlı forum üzvünə “Qarabağ gündəliyi”nin məzmunu barədə forumun digər üzvlərinin verdiyi suallara həsr olunmuş hissədə yerləşdirilmişdi. Bu suallara verdiyi müxtəlif cavablarda “Eynulla Fətullayev” adı altında postinqlərini yerləşdirən şəxs, digər fikirlərlə yanaşı, aşağıdakı fikirləri bildirmişdi:
“Mən bu şəhərə [Naftalana] səfər etdim və orada yüzlərlə (təkrar edirəm, yüzlərlə) qaçqınla söhbət etdim, onlar israr etdilər ki, dəhliz mövcud olub və onlar bu dəhlizin sayəsində sağ qalıblar...
Bilirsiniz ki, həmin vaxt müharibə vaxtı idi və həmin yer cəbhə xətti idi... Əlbəttə, ermənilər [dinc sakinləri] qətlə yetirmişdilər, amma Xocalı sakinlərinin bir hissəsinə öz [qoşunlarımız] tərəfindən atış açılmışdı... Bunun qəsdən edilib-edilmədiyini müstəntiqlər müəyyən etməlidirlər. ...
Onlar [bəzi] müəmmalı [atıcılar] tərəfindən deyil, AXC batalyonlarının təxribatları ucbatından qətlə yetirilmişdilər...”
2. Ərizəçiyə qarşı mülki icraat
14. 23 fevral 2007-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri xanım T. Çaladze Yasamal rayon məhkəməsində ərizəçiyə qarşı mülki iddia qaldırdı. O, iddia etdi ki, ərizəçi “Xocalı faciəsi qurbanlarının, həmin faciəli hadisələr zamanı qətlə yetirilmiş şəxslərin və onların qohumlarının, eləcə də Qarabağ müharibəsi veteranlarının, Azərbaycan Milli Ordusunun əsgərlərinin və bütövlükdə Azərbaycan xalqının şərəf və ləyaqətini uzun müddət təhqir edib”. O, bildirdi ki, ərizəçi bunu özünün “Qarabağ gündəliyi” məqaləsində yuxarıda qeyd edilən fikirləri bildirməklə, habelə “AzeriTriColor” İnternet saytının forumunda analoji təhqiramiz fikirləri bildirməklə edib. Xanım T. Çaladze İnternet forumunda “Eynulla Fətullayev” istifadəçi adı altında qeydə alınmış forum üzvündən daxil olan postinqlərin müəllifliyini ərizəçinin adına çıxdı.
15. Məhkəməyə təqdim etdiyi arqumentlərində ərizəçi bildirdi ki, “AzeriTriColor” İnternet saytının forumundakı postinqlər onun tərəfindən yazılmayıb və oradakı fikirləri bildirdiyini təkzib etdi. O, həmçinin iddia etdi ki, “Qarabağ gündəliyi”ndə o, sadəcə müsahibə apardığı şəxslərin ona verdiyi informasiya barədə məlumat verib.
16. Yasamal rayon məhkəməsi, işə təkbaşına baxan hakim İ. İsmayılovdan ibarət tərkibdə, Xocalıdan olan bir neçə qaçqının ifadələrini dinlədi, onların hamısı şəhərdən qaçıb xilas olduqlarını təsdiq etdilər və qeyd etdilər ki, Azərbaycan əsgərləri onlara atəş açmayıblar və ərizəçinin bununla bağlı iddiaları yalandır. Bundan başqa, məhkəmə elektron sübutları və şahid ifadələrini araşdıraraq müəyyən etdi ki, “AzeriTriColor” İnternet forumuna postinqlər ərizəçinin özü tərəfindən daxil edilib və onlar “Realnıy Azərbaycan”ın oxucularının müxtəlif suallarına cavab olaraq orada yerləşdirilib. Məhkəmə müəyyən etdi ki, ərizəçi və qəzet Xocalı hadisələrindən sağ çıxanların şərəf və ləyaqətini ləkələyən və sübuta yetirilməmiş məlumatlar yayıblar.
17. Yuxarıdakı nəticələri nəzərə alaraq, Yasamal rayon məhkəməsi xanım Çaladzenin iddiasını təmin etdi və qərar çıxardı ki, ərizəçi “Realnıy Azərbaycan” qəzetində və müvafiq İnternet saytlarında yuxarıdakı fikirlərindən çıxarışları dərc etsin və Xocalıdan olan qaçqınlardan və qəzetin oxucularından üzr istəsin. Məhkəmə həmçinin qərar çıxardı ki, mənəvi ziyana görə ərizəçi və “Realnıy Azərbaycan” qəzeti hər biri 10.000 yeni Azərbaycan manatı (təxminən 8.500 avrodur) ödəsinlər. Ümumi məbləği 20.000 AZN olan bu kompensasiya Xocalıdan olan qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasına xərclənməli idi.
3. Cinayətə görə məhkum edilmə
18. Bundan sonra xanım Çaladze tərəfindən təmsil olunan, Xocalı hadisələrindən sağ çıxan dörd nəfərdən və Xocalı döyüşündə iştirak etmiş iki keçmiş əsgərdən ibarət qrup naməlum tarixdə Yasamal rayon məhkəməsinə ərizəçiyə qarşı xüsusi ittiham qaydasında cinayət üzrə şikayət verdilər. Onlar xahiş etdilər ki, ərizəçi böhtana görə və Azərbaycan əsgərlərini xüsusilə ağır cinayət törətməkdə yalandan təqsirləndirdiyinə görə məhkum olunsun.
19. 9 aprel 2007-ci ildə keçirilmiş hazırlıq iclasında ərizəçi Yasamal rayon məhkəməsinin tərkibinə bütünlüklə etiraz etdi. O, iddia etdi ki, məhkəmənin bütün hakimləri vəzifələrinə 2000-ci ilin sentyabrında beş illik müddətə təyin olunublar və onların vəzifədə qalma müddəti 2005-ci ildə başa çatıb. Buna görə də o, bildirdi ki, bu tərkibdə məhkəmə “qanun əsasında yaradılmış məhkəmə” sayıla bilməz. Bu etiraz rədd edildi.
20. Cinayət işinə baxış 20 aprel 2007-ci ildə keçirildi və işə təkbaşına baxan hakim İ. İsmayılov iclasa sədrlik etdi.
21. Məhkəməyə verdiyi şifahi ifadələrində ərizəçi təqsirsiz olduğunu iddia etdi. Konkret olaraq, o, “AzeriTriColor” İnternet forumunda yer alan fikirləri bildirdiyini təkzib etdi və bildirdi ki, həmin fikirlər öz məqsədi üçün onun adından istifadə edərək postinqləri daxil etmiş naməlum şəxs tərəfindən bildirilib.
22. Məhkəmə ərizəçinin bildirdiyi fikirlərlə bağlı rəy verən dil üzrə eksperti dinlədi. Ekspert öz ifadəsində digər məsələlərlə yanaşı bildirdi ki, “Qarabağ gündəliyi” spesifik üslubda yazıldığına görə Xocalı hadisələri ilə bağlı bildirilmiş konkret fikirlərin və çıxarılmış nəticələrin şəxsən ərizəçinin özünə, yoxsa Dağlıq Qarabağda müsahibə aldığını iddia etdiyi digər şəxslərə məxsus olduğunu fərqləndirmək çətindir. O, həmçinin qeyd etdi ki, konkret ifadələri bütövlükdə məqalənin kontekstindən çıxarıb ayrı-ayrılıqda təhlil etmək çətindir və kontekstdən belə görünür ki, müəllif münaqişədə hər iki tərəfin mövqelərini çatdırmağa çalışıb. Məhkəmə həmçinin bir neçə şahidi dinlədi, onlar Xocalı hadisələri barədə ifadə verdilər və qeyd etdilər ki, dinc sakinlər üçün heç bir xilas dəhlizi olmayıb və dinc sakinlər düşmən mövqelərindən atəşə tutulub. Məhkəmə daha sonra müəyyən etdi ki, mahiyyət etibarı ilə “AzeriTriColor” saytının İnternet forumu 2006-cı ildən daha mövcud olmayan “Realnıy Azərbaycan” saytının İnternet forumunu əvəz edib və həmin forumda “Eynulla Fətullayev” adı altında yerləşdirilən fikirlər həqiqətən ərizəçinin özü tərəfindən yerləşdirilib. Nəhayət, məhkəmə müəyyən etdi ki, ərizəçi “Qarabağ gündəliyi”ndə və İnternet forumundakı postinqlərdə bildirdiyi fikirlər vasitəsilə Xocalıdakı tarixi hadisələrin olduqca təhrif edilmiş mənzərəsini verib və bilərəkdən iddiaçıların nüfuzuna zərər yetirən və Azərbaycan ordusunun əsgərlərini (konkret olaraq, Xocalıda döyüşmüş iki iddiaçını) törətmədikləri ağır cinayətləri törətməkdə təqsirləndirən yalan məlumatlar yayıb. Məhkəmə ərizəçini Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri üzrə təqsirli bildi və onu iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etdi.
23. Ərizəçi məhkəmə zalında həbs olundu və həmin gün (20 aprel 2007-ci ildə) 1 saylı cəzaçəkmə müəssisəsinə göndərildi.
24. 6 iyun 2007-ci ildə Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin 20 aprel 2007-ci il tarixli hökmünü qüvvədə saxladı.
25. 21 avqust 2007-ci ildə Ali Məhkəmə ərizəçinin kassasiya şikayətini rədd etdi və aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.
B. İkinci cinayət icraatı
1. “Əliyevlər müharibəyə gedir”
26. Bu arada, 30 mart 2007-ci ildə “Realnıy Azərbaycan” “Əliyevlər müharibəyə gedir” (rusca: “Алиевы идут на войну”) başlıqlı məqalə dərc etdi. Məqalə ərizəçi tərəfindən yazılmış, amma Rövşən Bağırov təxəllüsü ilə dərc olunmuşdu.
27. Bu analitik məqalə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının “İran əleyhinə” qəbul etdiyi, həmin ölkəyə qarşı iqtisadi sanksiyalara çağıran son qətnaməsinin Azərbaycan tərəfindən dəstəklənməsinin mümkün nəticələrinə həsr olunmuşdu. Məqalədə Azərbaycanın cari hakimiyyəti barəsində “Əliyev klanı” və “hakim ailə” sözləri işlədilmişdi və belə bir fikir ifadə edilmişdi ki, hökumət ABŞ-ın İran əleyhinə “təcavüzünün” Azərbaycan tərəfindən dəstəklənməsinin müqabilində prezident İlham Əliyevin “hakimiyyətdə qalması üçün” Birləşmiş Ştatlardan (ABŞ) dəstək istəyib.
28. Məqalədə daha sonra aşağıdakılar bildirilirdi:
“Həmçinin məlumdur ki, BMT [Təhlükəsizlik Şurasının] bu qətnamənin lehinə səs verməsindən dərhal sonra Tehrandakı [hakimiyyət] “İran əleyhinə əməliyyat”ın başlanmasına qarşı ciddi şəkildə hazırlaşmağa başladı. Bir neçə il ərzində islam rejiminin hərbi qərargahı Amerika təcavüzünü dəf etmək və regionda ABŞ-a və onun müttəfiqlərinə əks-həmlə etmək üçün planlar hazırlamağa başladı. 2007-ci il martın 24-dən sonra İran əleyhinə əməliyyatı açıq dəstəkləyən Azərbaycan iri miqyaslı dağıntılarla və çoxlu insanların həyatını itirməsi ilə nəticələnə bilən uzun və dəhşətli müharibəyə hazırlaşmalıdır. Rəsmi Parisə yaxın olan mənbələrdən alınmış məlumatlara görə, İranın baş qərargahı Bakının İran əleyhinə təcavüzün tərəfində olacağı təqdirdə Azərbaycanla bağlı hərbi planlarını artıq hazırlayıb. Belə ki, İranın uzaq hədəfli hərbi hava qüvvələri, İİMK-dan (İran İslam Mühafizəçiləri Korpusu) olan minlərlə ağlını itirmiş terrorçu-kamikadze və yüzlərlə Şahab-2 və Şahab-3 raketləri Azərbaycan ərazisindəki aşağıdakı əsas hədəflərə zərbə endirəcəklər...”
29. Məqalə həmin hədəflərin uzun və təfsilatlı siyahısı ilə davam etdirilirdi, buraya digər hədəflərlə yanaşı Xəzər dənizi şelfindəki aktiv neft platformaları, Səngəçal neft terminalı və digər neft zavodları və terminalları, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Prezident Administrasiyasının binası, ABŞ-ın Azərbaycandakı səfirliyinin binası, müxtəlif nazirliklərin binaları, Bakının dəniz və hava limanı və Azərbaycanda bizneslə məşğul olan əsas xarici şirkətlərin ofislərində yerləşən bir sıra iri biznes mərkəzləri daxil idi.
30. Bundan başqa, məqalədə qeyd edilirdi ki, Azərbaycan Hökuməti həm ABŞ, həm də İranla münasibətlərində neytrallığını saxlamalıdır, onun ABŞ-ın mövqeyini dəstəkləməsi, bu iki dövlət arasında müharibə baş verəcəyi təqdirdə, həm Azərbaycanda, həm də İranda azərbaycanlılar arasında insan itkiləri kimi ağır nəticələrə gətirib çıxara bilər. Müəllif bununla bağlı qeyd edirdi ki, ABŞ hərbi qüvvələri artıq Azərbaycan ərazisində dörd aviabazanı işlədirlər və həmin vaxt Rusiya tərəfindən işlədilən Qəbələ radiolokasiya stansiyasını işlətməkdə maraqlı olduqlarını ifadə ediblər.
31. Məqalədə İranla münaqişə təqdirində etnik və dil baxımından farslara yaxın olan talış etnik azlığının məskunlaşdığı Azərbaycanın cənub bölgələrində mümkün iğtişaşlar məsələsi müzakirə olunurdu. Belə görünür ki, məqalədə digər məsələlərlə yanaşı nəzərdə tutulurdu ki, çoxunun Naxçıvan rayonundan olduğu iddia edilən hazırkı hakim elita Naxçıvandan olan insanları ölkənin cənub ərazilərində, o cümlədən Lənkəran rayonunda dövlət vəzifələrinə təyin etməklə regional qohumbazlıqla məşğuldur. Konkret olaraq, məqalədə deyilirdi:
“Belə ki, talışlar uzun müddətdir ki, [mərkəzi hakimiyyətin] həmişə Lənkəranda idarəçilik vəzifələrinə Naxçıvandan olan, rayonun mentalitetinə və problemlərinə yabançı olan şəxsləri təyin etməsindən narazılıqlarını ifadə edirlər. ... Rayonda işsizlik səviyyəsi dəhşətli dərəcədə yüksəkdir, narkotiklərə aludəçilik baş alıb gedir, hər səhər yüzlərlə işsiz talış Bakıda “qul” [yəni ucuz əmək] bazarında dəstə-dəstə toplaşır. Məgər bu barıt çəlləyi deyilmi?
Amma görünür, yaranmış vəziyyətin təhlükəliliyini dərk etməyən hakimiyyət öz standart metodlarına – repressiya tədbirlərinə və talış elitasını satın almağa üstünlük verir. Belə təəssürat yaranır ki, hakimiyyət bilərəkdən talışları İran radikallarının ağuşuna itələyir”.
32. Məqalədə qeyd edilirdi ki, İranın müəyyən yüksək vəzifəli rəsmiləri və ayətullahları etnik talışlardır və İranla sərhəddə “bir neçə milyon” talış yaşayır, müharibə təqdirində onlar Azərbaycanda yaşayan yaxınlarını dəstəkləyə bilərlər. Nəhayət, məqalədə bu qənaətə gəlinirdi ki, Azərbaycan hakimiyyəti oynadığı geosiyasi oyunun bütün təhlükəli nəticələrini dərk etmir.
2. Cinayətə görə məhkum edilmə
33. 16 may 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsi məqalənin dərci ilə bağlı Cinayət Məcəlləsinin 214.1-ci maddəsinə (terrorçuluq və ya terrorun törədiləcəyi ilə hədələmə) əsasən cinayət istintaqına başladı.
34. 22 may 2007-ci ildə istintaq orqanları ərizəçinin mənzilində və “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” ofisində axtarış apardılar. Onlar ərizəçinin mənzilindən müəyyən fotoşəkillər və kompüter diskləri, qəzet ofisindən isə kompüterin iyirmi yaddaş diskini tapdılar və müsadirə etdilər.
35. 29 may 2007-ci ildə ərizəçi MTN-in saxlama müəssisəsinə köçürüldü.
36. 31 may 2007-ci ildə baş prokuror mətbuata açıqlama verərək qeyd etdi ki, “Realnıy Azərbaycan” qəzetində dərc olunmuş məqalədə terrorla hədələmə təşkil edən informasiya var və bununla bağlı MTN tərəfindən cinayət istintaqına başlanılıb. Bu açıqlama barədə “Media Forum” İnternet xəbər portalında aşağıdakı məlumatlar verildi:
“Bu gün baş prokuror ... Milli Təhlükəsizlik Nazirliyi tərəfindən “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində başlanmış cinayət işi ilə bağlı izahat verdi və bildirdi ki, [qəzetlərin] İnternet saytında həqiqətən terror aktları barədə hədələyici məlumatların yer aldığı informasiya vardı. “Azadlıq Radiosu”nun bildirdiyinə görə, baş prokuror deyib: “Saytda İran İslam Respublikası tərəfindən bombalanacağı iddia edilən konkret dövlət qurğularının adları və ünvanları göstərilib. Bu informasiya terrorla hədələmə təşkil edir”. [O], qeyd etdi ki, bununla əlaqədar olaraq MTN Cinayət Məcəlləsinin 214.1-ci maddəsinə əsasən cinayət işinə başlayıb. Baş prokuror bildirdi ki, MTN tezliklə istintaqın nəticələri ilə bağlı açıqlama verəcək”.
37. İnternetdəki digər bir xəbər portalı Day.Az aşağıdakı məlumatları verdi:
“Eynulla Fətullayev tərəfindən təsis edilmiş “Realnıy Azərbaycan” qəzetinin İnternet saytında həqiqətən terror barədə hədələyici məlumatlar var. Bu açıqlamanı ... baş prokuror verib. Onun sözlərinə görə, “Realnıy Azərbaycan” qəzetinin İnternet saytında müəyyən dövlət qurğularının konkret ünvanları göstərilir və iddia edilir ki, əldə olan məlumatlara görə, onlar İran İslam Respublikası tərəfindən bombalanacaq. “Bu informasiya terrorla hədələmə təşkil edir”. Buna görə də MTN Cinayət Məcəlləsinin 214.1-ci maddəsinə əsasən cinayət işinə başlayıb və istintaq tədbirləri görür”. [Baş prokuror] qeyd etdi ki, MTN işin gedişatı barədə ictimaiyyəti məlumatlandıracaq...”
38. 3 iyul 2007-ci ildə MTN-in müstəntiqinin qərarı ilə ərizəçi terrorla hədələmə (Cinayət Məcəlləsinin 214.1-ci maddəsi) və etnik ədavətin salınması (Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsi) cinayətlərində rəsmən ittiham edildi.
39. Elə həmin gün, 3 iyul 2007-ci ildə Baş prokurorluğun vəsatəti əsasında Səbail rayon məhkəməsi bu cinayət işi ilə bağlı ərizəçi barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçdi. Ərizəçi bu qərardan şikayət verdi. 11 iyul 2007-ci ildə Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxladı.
40. 4 sentyabr 2007-ci ildə ərizəçi qəzet redaktoru kimi vergilərlə bağlı şəxsi gəlirlərini lazımi qaydada bəyan etmədiyi iddia edildiyinə görə həmçinin Cinayət Məcəlləsinin 213.2-ci maddəsinə əsasən vergidən yayınmada da ittiham olundu.
41. Məhkəmə araşdırması zamanı ittiham tərəfi digər sübutlarla yanaşı 2007-ci ilin mayında “Əliyevlər müharibəyə gedir” məqaləsinin tam elektron versiyasının elektron poçtu ilə Bakıdakı bir sıra xarici və yerli şirkətlərin ofislərinə göndərildiyini göstərən sübutlar təqdim etdi. Ümumilikdə bu şirkətlərin səkkiz işçisi məhkəmədə ifadə verdilər ki, məqaləni oxuduqdan sonra narahatlıq, təşviş və qorxu hissi keçiriblər. Məhkəmə müəyyən etdi ki, bu məqalənin dərci əhali arasında çaxnaşma yaratmaq məqsədini daşıyıb. Məhkəmə daha sonra müəyyən etdi ki, məqalədə ərizəçi Hökuməti milli maraqların tələb etdiyi siyasi qərarları qəbul etməkdən çəkindirmək üçün Hökumətə təsir göstərmək məqsədi ilə onu dövlət mülkiyyətinin məhv edilməsi ilə və insan həyatına təhlükə törədən hərəkətlərlə hədələyib.
42. 30 oktyabr 2007-ci ildə Ağır cinayətlərə dair işlər üzrə məhkəmə ərizəçini bütün ittihamlar üzrə təqsirli bildi və terrorla hədələməyə (səkkiz il azadlıqdan məhrumetmə), etnik ədavəti salmağa (üç il azadlıqdan məhrumetmə) və vergidən yayınmağa görə (dörd ay azadlıqdan məhrumetmə) görə məhkum etdi. Bu cəzaların qismən birləşdirilməsi nəticəsində səkkiz il dörd ay müddətinə azadlıqdan məhrumetmə cəzası alındı. Nəhayət, məhkəmə bu cəzanı əvvəlki cinayət işində ərizəçiyə təyin olunmuş iki il altı aylıq azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirdi və nəticədə cəmi səkkiz il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası alındı. Bu yekun hökmünü təyin edərkən məhkəmə onun əvvəlki məhkumluqları ilə əlaqədar olaraq residivist olduğu qənaətinə gəldi və bunu ağırlaşdırıcı hal kimi qiymətləndirdi. Məhkəmə həmçinin qərar çıxardı ki, öncə maddi sübut kimi qəzetlərin ofislərindən götürülmüş 23 kompüter və bir neçə kompakt disk dövlətin xeyrinə müsadirə edilsin. Nəhayət, məhkəmə qərar çıxardı ki, ərizəçidən 242.522 AZN (ödənilməmiş vergilərə görə) və 17.800 AZN (ödənilməmiş sosial təminat haqlarına görə) tutulsun.
43. 16 yanvar 2008-ci ildə Apellyasiya Məhkəməsi Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin 30 oktyabr 2007-ci il tarixli hökmünü qüvvədə saxladı.
44. 3 iyun 2008-ci ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.
45. Məhkəmədə araşdırmasındakı müdafiə nitqində və yuxarı məhkəmələrə şikayətlərində ərizəçi digər məsələlərlə yanaşı şikayət etdi ki, baş prokuror mətbuata açıqlama verdiyinə görə təqsirsizlik prezumpsiyası pozulub və birbaşa Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə istinad etdi. Bu məsələ ilə bağlı onun Konvensiyaya əsaslanan arqumentləri bütünlüklə rədd edildi.
46. Belə görünür ki, yuxarıdakı cinayət icraatının aparıldığı dövrdə naməlum tarixdə “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan”ın nəşri və yayımı işin materiallarından tam aydın olmayan şəraitdə dayandırılıb.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. 2000-ci il tarixli Cinayət Məcəlləsi
47. Həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 147-ci maddəsində aşağıdakılar nəzərdə tutulurdu:
“147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
48. Cinayət Məcəlləsinin 214.1-ci maddəsində aşağıdakılar nəzərdə tutulurdu:
“Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə-
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
49. Cinayət Məcəlləsinin 283-cü maddəsində aşağıdakılar nəzərdə tutulurdu:
“283.1. Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
B. 2000-ci il tarixli Cinayət Prosessual Məcəlləsi
50. Cinayət Prosessual Məcəlləsinin (CPM) 449-cu maddəsinə əsasən, təqsirləndirilən və ya şübhəli şəxs cinayət təqibi orqanının (təhqiqatçının, müstəntiqin, araşdırmaya rəhbərlik edən prokurorun və s.) prosessual hərəkətlərindən və ya qərarlarından ibtidai araşdırmaya nəzarət edən məhkəməyə şikayət verə bilər. CPM-in 449.3-cü maddəsində nəzərdə tutulur ki, bu cür şikayət, digər hallarla yanaşı, tutulmuş şəxsin hüquqlarının pozulması zamanı verilə bilər.
51. CPM-in 450-ci və 451-ci maddələrində belə şikayətlərə baxılması qaydası və ibtidai araşdırmaya nəzarət edən məhkəmənin səlahiyyət dairəsi nəzərdə tutulur. Konkret olaraq, CPM-in 451.1-ci maddəsinə əsasən, nəzarəti həyata keçirən məhkəmə CPM-n 449-cu maddəsi əsasında verilmiş şikayətlə bağlı aşağıdakı iki qərardan birini çıxara bilər: a) barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; yaxud b) barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. CPM-n 451-ci maddəsində nəzərdə tutulur ki, şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması üçün təxirəsalınmaz zəruri tədbirlər görür.
B. 2000-ci il tarixli Mülki Prosessual Məcəllə
52. Mülki Prosessual Məcəllənin (MPM) 296-300-cü maddələrdən ibarət olan 27-ci fəslində “müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin” qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mülki iddialara baxılması proseduru nəzərdə tutulur. Konkret olaraq, MPM-in 297.1-ci maddəsinə əsasən, bu prosedur elə qərarlara və hərəkətlərə (hərəkətsizliyə) şamil olunur ki, onlar şəxsin hüquq və azadlıqlarını pozur, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaradır, yaxud şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyur və ya onu qanunsuz olaraq məsuliyyətə cəlb edir.
D. Hakimlərin vəzifəyə təyin olunması və vəzifədə qalma müddəti
53. 10 iyun 1997-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Qanunun 28 dekabr 2004-cü ildə qəbul edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş müvafiq müddəaların və “Məhkəmə-Hüquq Şurası haqqında” 28 dekabr 2004-cü il tarixli Qanun qüvvəyə minənədək qüvvədə olmuş Məhkəmə-Hüquq Şurasının statusu və tərkibi ilə bağlı müvafiq daxili qanunvericiliyin qısa xülasəsi Əsədov və başqaları Azərbaycana qarşı işdə ((qərardad), ərizə N 138/03, 12 yanvar 2006-cı il) verilir.
54. 30 yanvar 2005-ci ildən qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında Qanuna əlavələr və dəyişikliklər edilməsi haqqında” 28 dekabr 2004-cü il tarixli 817-IIQD saylı Qanunda (“817-IIQD saylı Qanun”) digər məsələlərlə yanaşı hakim vəzifəsinə namizədlərin seçilməsi və təyin olunması prosesinə, hakimlərin vəzifədə qalma müddətinə, hakimlərin etika məcəlləsinə, hakimlər barəsində intizam icraatına və hakimlərin immunitetinə aid bir sıra dəyişikliklər yer almışdı. Konkret olaraq, “Məhkəmələr və hakimlər haqqında” Qanuna 817-IIQD saylı Qanunla əlavə edilmiş 93-1, 93-2, 93-3 və 93-4-cü maddələrdə nəzərdə tutulur ki, hakim vəzifəsinə namizədlər Məhkəmə-Hüquq Şurası tərəfindən təşkil olunan Hakimlərin Seçki Komitəsi tərəfindən yazılı və şifahi imtahanları və uzunmüddətli təlim kurslarını özündə ehtiva edən prosedura uyğun olaraq seçilir, təlim mərhələsində hər bir namizədin yararlılığı sonradan Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 817-IIQD saylı Qanunla dəyişiklik edilmiş 96-cı maddəsinə uyğun olaraq, hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar, həmin müddət ərzində onlar ildə ən azı bir dəfə hakimlərin tədris kurslarına cəlb edilirlər. İlk beş illik müddətdən sonra hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək (65 yaşınadək, müstəsna hallarda 70 yaşınadək) uzadılır. Sonuncu dəyişikliyə qədər hakimlər qulluq etdikləri məhkəmədən asılı olaraq beş və ya on il müddətinə təyin olunurdular.
55. 817-IIQD saylı Qanunun keçid müddəalarının 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş Azərbaycan Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti həmin məhkəmələrə yeni hakimlərin təyin olunduğu gündən ... bitmiş hesab olunur...”
56. “Məhkəmə-Hüquq Şurası” haqqında 28 dekabr 2004-cü il tarixli Qanunda nəzərdə tutulur ki, Məhkəmə-Hüquq Şurası 13 üzvdən (icra və qanunvericilik orqanlarının nümayəndələrindən, müxtəlif məhkəmələrin hakimlərindən, cinayət təqibi orqanlarının və Vəkillər Kollegiyasının nümayəndələrindən) ibarətdir və hakim vəzifəsinə namizədlərin seçilməsi prosesini təşkil etmək, hakimlərin təyinatı ilə bağlı Prezidentə təqdimatlar vermək və digər vəzifələri yerinə yetirmək, o cümlədən hakimlər üçün tədris kursları təşkil etmək, məhkəmələrə maddi-texniki yardım göstərmək və hakimlər barəsində intizam tədbirləri görmək səlahiyyətinə malik orqandır.
III. AVROPA ŞURASININ SƏNƏDLƏRİ
57. Aşağıdakılar Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair 1614 (2008) saylı qətnaməsindən çıxarışlardır:
“19. İfadə azadlığına gəldikdə, Azərbaycan hakimiyyəti:
19.1. 1545 (2007) saylı qətnamədə tövsiyə edildiyi kimi, mütənasiblik prinsipinə hörməti təmin etmək üçün diffamasiyanın dekriminallaşdırılmasına (cinayət sayılmamasına) yönələn hüquqi islahata başlamalı və müvafiq mülki hüquq normalarında dəyişiklik etməlidir; eyni zamanda, diffamasiya ilə bağlı məhkəmə proseslərindən jurnalistlərin qorxudulması vasitəsi kimi istifadəyə son qoymaq üçün onlara siyasi moratorium tətbiq edilməlidir...”
58. Aşağıdakılar Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı cənab Tomas Hammarberqin 2007-ci il sentyabrım 3-dən 7-dək Azərbaycana səfərinə dair hesabatından (CommDH(2008)2, 20 fevral 2008-ci il) çıxarışlardır:
“B. Təxirəsalınmaz məsələ: diffamasiyanın dekriminallaşdırılması
69. Komissarın səfəri zamanı məlumat verildi ki, həbsxanada yeddi jurnalist var, onlardan dördü Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə əsasən böhtana və ya təhqirə görə oradadır. Həm beynəlxalq monitorinq qurumları, həm də yerli QHT-lər iddia etdilər ki, fərdlərin diffamasiyaya görə ittiham edilməsindən yüksək vəzifəli şəxslərə və ya digər nüfuzlu şəxslərə ziyan yetirə biləcək xəbərlərin yayılmasının qarşısını almaq üçün vasitə kimi istifadə edilir. Avropa Şurası Parlament Assambleyasının məruzəçilərinin sözlərinə görə, son bir neçə ildə ittihamların sayı artıb. Həbsə alınmaq qorxusu ucbatından jurnalistlər özünüsenzuraya əl atmağa məcburdurlar. 2005-ci ildə prezident cənab İlham Əliyev diffamasiya məsələlərində cinayət normalarının tətbiqindən imtina etməyə çağırdı, amma buna əməl olunmadı. Barəsində Komissara məlumat verilmiş bəzi işlər jurnalistlərin əsassız və ya ədalətsiz olaraq azadlıqdan məhrum edildiyini göstərir.
70. ... Həqiqətən bir çox jurnalistlər həbsxanada saxlanılmaqdadır. Milli Təhlükəsizlik Nazirliyinin məhkəməyəqədər həbs müəssisələrində saxlanılan cənab Eynulla Fətullayev hələ də həbsxanadadır. Bu jurnalist Xocalının mühasirəsi zamanı hakimiyyətin və silahlı qüvvələrin davranışını tənqid etmişdi. Onun bu böhranın araşdırılması ilə bağlı tənqidi təhlili ona böhtana görə iki il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası bahasına başa gəlmişdi. Bundan başqa, o, 30 oktyabr 2007-ci ildə bu dəfə terrorçuluq və irqi düşmənçiliyin salınmasına görə müvafiq cinayət ittihamları üzrə əlavə səkkiz il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası aldı. Bu jurnalist Komissarla görüşərkən demişdi ki, onun həbsxanaya salınması jurnalist kimi ona qarşı siyasi təzyiqin sübutudur. Bu ikinci cəza barədə qərardan sonra o, bu şərhini təkrar etdi. Komissar onun böhtana görə həbsxanaya salınmasını hakimiyyətə xatırlatmış və dərhal onu azad etməyə çağırmışdı. Komissar bir daha hakimiyyəti Eynulla Fətullayevi azad etməyə çağırır.
71. Hakimiyyətin bu məsələ ilə bağlı suallara cavabı ondan ibarətdir ki, jurnalistlərə qarşı tədbirlərə onların peşəkarlığının çatışmaması səbəb olur ki, bu da onların yazıları məsuliyyətsiz tərzdə yazmalarına və hüquqi və etik vəzifələrini nəzərə almamalarına gətirib çıxarır. Həqiqətən jurnalistlərə lazımi təlim və tədris keçilməlidir, onlar peşə vəzifələrini məsuliyyətlə yerinə yetirməli və Avropa standartlarına uyğun olaraq etika məcəlləsinə riayət etməlidirlər. Eyni zamanda, vəzifəli şəxslər məlumatlara asan çıxışa imkan yaratmalı və cəmiyyət qarşısında hesabat vermək vəzifəsindən irəli gələn tənqidləri qəbul etməlidirlər.
72. Hər halda başlıca sual ondan ibarətdir ki, insanlar, xüsusən jurnalistlər (amma təkcə onlar yox) ifadə etdikləri fikirlərə görə azadlıqdan məhrum edilməlidirlərmi və bu fikirlər onlar üçün digər cinayət-hüquqi nəticələrə səbəb olmalıdırmı? Əlavə bir məsələ, artıq qeyd edildiyi kimi, ondan ibarətdir ki, Azərbaycanda olduğu kimi diffamasiyanın hələ də cinayət hüquq pozuntusu kimi qaldığı yerlərdə diffamasiyaya görə cinayət təqibi faktiki olaraq əsassız ittihamlara və (və ya) həddən artıq ağır cəza hallarına gətirib çıxarmır. Bu gün Avropada diffamasiyanın dekriminallaşdırılmasına doğru açıq-aydın ümumi tendensiya var. Beynəlxalq standartlar diffamasiyanı cinayət hüququ vasitəsilə cəzalandırmağa icazə verir, amma buna yalnız o hallarda yol verilir ki, ədavət yayan nitq birbaşa zorakılığa təhrik niyyətini daşımış olsun. Təhrikçilik niyyətinə dair bu tələbin təsdiqi üçün həmin niyyət ilə zorakılıq ehtimalı arasında birbaşa əlaqə olmalıdır. ... Bir çox ölkələrdə cinayət hüququndan istifadə olunmur: belə qanunlara moratorium qoyulur. Diffamasiyanın kriminallaşdırılması (cinayət sayılması) ifadə azadlığına çəkindirici təsir göstərir. Azərbaycandakı hüquqi baza diffamasiyanın kriminallaşdırılması üçün geniş çeşidli imkanlar nəzərdə tutur (məsələn, “şərəf və nüfuzun ləkələnməsi”). Bir ildən artıqdır ki, ATƏT-in dəstəyi ilə diffamasiya haqqında qanun layihəsi üzərində iş aparılır, bu işə parlament üzvlərindən və media ekspertlərindən ibarət işçi qrupu cəlb olunub. Vurğu cinayət hüququnun üzərindən mülki hüququn üzərinə keçirilməlidir.
73. Bu məsələ ilə bağlı ədliyyə naziri ilə söhbətlər Komissarda inam yaradıb. O, açıq ictimai müzakirələrə başlanılmasını tövsiyə edir, elə müzakirələrə ki, hüquqlara əsaslanan yanaşmanı müəyyən etməyə yardımçı olacaq, diffamasiyanı cinayət hüququ kitablarından çıxaracaq və digər hüquqlar və maraqlar üçün alternativ müdafiə təklif edəcək. Avropa Şurasının ekspertləri bu məsələdə yardım göstərə bilərlər. Bu müzakirələrin aparılmasına dəstək üçün prezident cinayət normasından istifadəyə moratorium qoyulması barədə 2005-ci il tarixli bəyanatını təkrarlaya bilərdi. Komissar tövsiyə edir ki, birinci addım olaraq, Cinayət Məcəlləsinin müvafiq normaları əsasında cinayət təqibinə məruz qalmış şəxslərin hamısı azadlığa buraxılsın”.
IV. XOCALI HADİSƏLƏRİ HAQQINDA İNFORMASİYA XARAKTERLİ QEYDLƏR
59. Xocalıda Azərbaycanın dinc sakinlərinin qətliamı ilə əlaqədar olan, barəsində məlumat verilən faktların çoxunu həm Azərbaycan, həm də Ermənistan tərəfi şübhə altına alır. Üçüncü tərəflərdən əldə edilən mənbə olaraq, aşağıdakılar beynəlxalq təşkilatların və insan hüquqları üzrə QHT-lərin bu hadisələrlə bağlı hesabatlarından çıxarışlardır:
60. Avropa Şurasının Siyasi Məsələlər üzrə Baş Direktorluğu tərəfindən hazırlanmış, Parlament Assambleyasının Siyasi Məsələlər üzrə Komitəsinin hesabatına əlavə olunmuş və ATƏT-in Minsk Konfransı tərəfindən nəzərdən keçirilmiş Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə dair məlumat sənədində (məruzəçi cənab D. Atkinson, 29 noyabr 2004-cü il, 10364 saylı sənəd) deyilir:
“1992-ci ilin fevralında Sumqayıt hadisələrindən, demək olar ki, düz dörd il sonra etnik erməni qüvvələri [Dağlıq Qarabağda] yeganə aeroport olan, yerli bölgənin şimal paytaxtı Xocalıda yerləşən aeroporta hücum etdilər. Həmin vaxt Xocalı əhalisi 7.000 nəfər idi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, aeroportun 150 müdafiəçisinin öldürülməsinə səbəb olmuş Xocalının alınması dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqlarla müşayiət olunub. Məlumata görə, bir gündə 613 silahsız insan qətlə yetirilib və 1300-ə yaxın insan ələ keçirilib, onların çoxu iddia edilən humanitar dəhliz vasitəsilə xilas olmağa çalışarkən tutulub. Ermənistan tərəfi bu mövqeyə və öldürülənlərin sayına etiraz edir.
Xocalı qətliamı azərbaycanlıların öz yerlərini kütləvi şəkildə tərk etmələrinə və Bakıda siyasi böhranın sürətlənməsinə səbəb oldu. Beş il sonra, 1997-ci ildə prezident Əliyev bu faciəni “Xocalı soyqırımı” adlandıran fərman qəbul etdi”.
61. Aşağıdakılar “Human Rayts Votç” (Human Rights Watch) təşkilatının keçmiş Sovet İttifaqına dair 1993-cü il tarixli ümumdünya hesabatından çıxarışlardır:
“1992-ci ilin qışında Ermənistan qüvvələri hücuma keçərək, demək olar ki, anklavın bütün azərbaycanlı əhalisini qaçmağa məcbur etdilər və dinc sakinlər qaçarkən onlara qarşı ağlasığmaz zorakılıq aktları törətdilər. Bu hücumlardan ən bədnamı fevralın 25-də Xocalı şəhərində baş verdi. Az sayda döyüşçülərin müşayiəti ilə sakinlərin uzun bir cərgəsi şəhəri tərk etdi, çünki şəhər Ermənistan qüvvələrinə təslim olmuşdu. Onlar Azərbaycanla sərhədə yaxınlaşarkən ermənilərin hərbi postu ilə qarşılaşdılar və amansız atəşə məruz qaldılar. Məlumata görə bu insidentdə azı 161 dinc sakin qətlə yetirildi, hərçənd ki, Azərbaycan rəsmilərinin hesablamalarına görə 800 nəfər öldürülüb. Ermənistan qüvvələri vuruşmaq iqtidarında olmayan silahsız dinc sakinləri qətlə yetirdilər, evləri taladılar və bəzi hallarda yandırdılar”.
62. Moskvada yerləşən “Memorial” İnsan Hüquqları Mərkəzi müharibə zamanı müşahidəçilərini Dağlıq Qarabağa göndərdi. Aşağıdakılar “Memorial” İnsan Hüquqları Mərkəzinin “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin silahlı yolla ələ keçirilməsi ilə bağlı insan hüquqlarının kütləvi şəkildə pozulması haqqında” hesabatından çıxarışlardır (rus dilindən tərcümə olunub):
“Praktiki olaraq Xocalıdan olan bütün qaçqınların iddia etməsinə görə, 366-cı alayın hərbi personalı şəhərə hücumda iştirak edib. Ermənistan tərəfindən alınmış məlumatlara görə, 366-cı alayın şəhərə hücumda iştirak etmiş döyüş maşınları əslində şəhərə daxil olmayıblar. Ermənistan tərəfi iddia edir ki, [366-cı alayın] hərbi personalının hücumda iştirakına alayın komandanlığının yazılı əmri ilə icazə verilməmişdi. ...
Hücumun başlanmasından az sonra Xocalını tərk etməyə başlayan əhalinin bir hissəsi Ağdam istiqamətində qaçaraq xilas olmağa çalışıb. Qaçan qrupların bəzilərinin arasında şəhər qarnizonundan olan silahlı adamlar da vardı. İnsanlar şəhəri iki istiqamətdə tərk edirdilər: 1) Əskəran sol tərəfdə qalmaqla şəhərin şərq tərəfindən çay boyunca şimal-şərq istiqamətinə doğru; (Ermənistan rəsmilərinin sözlərinə görə bu xüsusi marşrut “sərbəst dəhliz” kimi nəzərdə tutulmuşdu); 2) Əskəran sağ tərəfdə qalmaqla şəhərin şimal tərəfindən şimal-şərq istiqamətinə doğru; (görünür, qaçqınların az bir qismi qaçarkən bu marşrutdan istifadə ediblər). Beləliklə, dinc sakinlərin əksəriyyəti Xocalını tərk etdiyi halda, 200-300 nəfər evlərində və zirzəmilərində gizlənərək Xocalıda qalıb. Şəhərin artilleriya atəşinə tutulması nəticəsində hücum zamanı Xocalı ərazisində naməlum sayda dinc əhali qətlə yetirilib. Ermənistan tərəfi bu yolla qətlə yetirilmiş insanların sayı barədə məlumat verməkdən praktiki olaraq imtina etdi. ...”
DQR [öz müstəqilliyini elan etmiş Dağlıq Qarabağ Respublikası] rəsmilərinin sözlərinə görə, dinc sakinlərin çıxıb getməsi üçün “sərbəst dəhliz” təmin edilmişdi, o, şəhərin şərq tərəfindən başlayır, çay boyunca uzanır və Əskəran solda qalmaqla Ağdam tərəfə, şimal-şərq istiqamətinə doğru davam edirdi. ... DQR rəsmilərinin və hücumda iştirak edənlərin sözlərinə görə, hərbi personalı daşıyan zirehli maşınların üstündə quraşdırılmış səsgücləndiricilər vasitəsilə Xocalı əhalisinə bu “dəhlizin” mövcudluğu barədə məlumat verilmişdi. ... DQR rəsmiləri həmçinin qeyd etdilər ki, hücuma bir neçə gün qalmış helikopterlərdən Xocalıya vərəqələr atılmışdı, vərəqələr Xocalı əhalisini “sərbəst dəhlizlərdən” istifadə etməyə çağırırdı. Lakin bu iddiaların təsdiqi üçün həmin vərəqələrin bircə nüsxəsi belə “Memorial”ın müşahidəçilərinə təqdim edilmədi. Eyni ilə, “Memorial”ın Xocalıdakı müşahidəçiləri həmin vərəqələrin mövcudluğunun heç bir izini tapmadılar. Müsahibə zamanı Xocalı qaçqınları dedilər ki, belə vərəqələr haqqında eşitməyiblər. Ağdamda və Bakıda “Memorial”ın müşahidəçiləri şəhərə hücum zamanı Xocalını tərk etmiş 60 nəfərlə söhbət etdilər. Müsahibə aparılan şəxslərdən yalnız bir nəfəri “sərbəst dəhlizin” mövcudluğundan xəbərdar olduğunu dedi (bu barədə ona Xocalı qarnizonundan olan bir “hərbçi” demişdi). ... Hücuma bir neçə gün qalmış Ermənistan tərəfinin nümayəndələri qarşıdan gözlənilən hücum barədə Xocalının hakimiyyət orqanlarına radio ilə dəfələrlə məlumat vermiş və onları dərhal əhalini şəhərdən çıxarmağa çağırmışdılar. Azərbaycan tərəfinin bu informasiyanı alması və Bakıya ötürməsi faktını Bakı qəzetləri (“Бакинский Рабочий”) təsdiqləyir.
[Xocalı] sakinlərinin uzun bir cərgəsi tələsik çay boyunca (1-ci marşrut – [yuxarıya bax]) şəhəri tərk etdi. Qaçqınların bəzi qrupları arasında şəhər qarnizonundan olan silahlı adamlar vardı. “Sərbəst dəhlizlə” hərəkət edən bu qaçqınlara atəş açıldı, nəticədə çoxlu insan öldürüldü. Sağ qalanlar qaçaraq pərən-pərən oldular. Qaçan [qaçqınlar] Ermənistan hərbi postları ilə qarşılaşdılar və atəşə məruz qaldılar. Bəzi qaçqınlar Ağdama qaçıb xilas ola bildilər, əsasən qadınlardan və uşaqlardan ibarət olan bəziləri (onların dəqiq sayını müəyyən etmək mümkün deyil) dağların arasında dolaşaraq donub öldülər, bəziləri isə ... ələ keçdilər. ... Azərbaycan bölmələri cəsədlərin helikopterlə Ağdama aparılması əməliyyatını həyata keçirərkən qaçqınların kütləvi şəkildə qətlə yetirildiyi ərazi, eləcə də onların cəsədləri videolentə çəkildi. ... Videolentə alınmış cəsədlərin çoxu qadınların və ahıl insanların cəsədləri idi; həmçinin öldürülənlər arasında uşaqlar da vardı. Eyni zamanda, qətlə yetirilənlər arasında hərbi formada olan adamlar da vardı. ... Dörd gün ərzində 200-ə yaxın cəsəd Ağdama aparıldı. Bəzi cəsədlərin üzərində təhqir əlamətləri vardı. ...
DQR-in rəsmi nümayəndəsi və Ermənistan silahlı qüvvələrinin üzvləri “sərbəst dəhliz” zonasında dinc sakinlərin ölümünü belə bir faktla izah etdilər ki, qaçqınların arasında onlarla birlikdə qaçıb qurtulmaq istəyən, ermənilərin qarovul postlarına (zastavalarına) atəş açan və bununla da cavab atəşinə səbəb olan silahlı adamlar vardı, eləcə də Azərbaycanın əsas qüvvələri mühasirəni yarmağa cəhd edirdilər. Ermənistan silahlı qüvvələrinin üzvlərinin sözlərinə görə, Azərbaycan qüvvələri Ağdam tərəfdən “sərbəst dəhliz” istiqamətində mühasirəni yarmağa cəhd edirdilər. Ermənilərin qarovul postları bu hücumu dəf etməyə cəhd etdikləri məqamda Xocalı qaçqınlarının birinci qrupu arxadan onlara yaxınlaşdı. Qaçqınların arasında olan silahlı adamlar ermənilərin qarovul postlarına atəş açmağa başladılar. Atışma zamanı postlardan biri dağıdıldı, amma başqa postdan olan döyüşçülər (azərbaycanlılar həmin postun mövcudluğundan xəbərsiz idilər) Xocalıdan gələn adamlara yaxın məsafədən atəş açmağa başladılar. Xocalı qaçqınlarının ifadələrinə görə (mətbuatda dərc olunanlar da daxil olmaqla), qaçqın cərgələrinin içərisində olan silahlı adamlar həqiqətən ermənilərin qarovul postları ilə atışmışdılar, amma hər dəfə birinci atəşi erməni tərəfi açmışdı. ...”
Hüquq məsələləri
I. Konvensiyanın 10-cu maddəsinin iddia edilən pozulması haqqında
63. Ərizəçi Konvensiyanın 6, 10 və 13-cü maddələri ilə şikayət edirdi ki, qəzet məqalələrində və internet forumunda etdiyi bəyanatlara görə onun hər bir cinayət məhkumluğu fikri ifadə etmək azadlığına əsassız müdaxiləyə bərabərdir və bu baxımdan onun ədalətli məhkəmə və səmərəli vasitə ilə əlaqəli hüquqları da qeyd edilən cinayət işlərində pozulmuşdur. İşin hallarına nəzər salaraq, Məhkəmə hesab edir ki, bu şikayətlər məhz Konvensiyanın 10-cu maddəsi ilə baxılmalıdır. Bu maddədə deyilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq ucun, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
A. Qəbuledilənlik məsələsi haqqında
64. Məhkəmə qeyd edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi baxımından aşkar əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayətlər digər əsaslarla da qəbul edilən sayılmaya bilməz. Bu səbəbdən onlar qəbul edilən hesab edilməlidir.
B. Mahiyyəti üzrə
65. Məhkəmə qeyd edir ki, ərizəçi bir-biri ilə əlaqəli olmayan cinayət işləri üzrə təqsirli bilinib azadlıqdan məhrum etmə kimi cəzaya məhkum edilmişdir və bu iki cinayət işi müxtəlif məqalələrdə edilən iki dəst bəyanatlarla bağlı idi. Bu səbəbdən Məhkəmə 10-cu maddənin pozuntusunun olub-olmamasını bu məhkumluğun hər birinə ayrılıqda münasibətdə öyrənəcəkdir.
1. Birinci cinayət məhkumluğu
(a) Tərəflərin arqumentləri
66. Hökumət qeyd etdi ki, birinci cinayət işində ərizəçinin məhkum edilməsi qanunla nəzərdə tutulmuşdu və iddiaçılarının nüfuzunu və hüquqlarını qorumaq məqsədi daşıyırdı.
67. Müdaxilənin zəruri olmasına gəldikdə, Hökumət qeyd etdi ki, ərizəçinin məhkum edilməsi, bütövlükdə Azərbaycan xalqı üçün və xüsusən də, Xocalıda yaşamış və döyüşmüş şəxslər üçün çox həssas məsələ olan Xocalı hadisələri ilə əlaqəli bəyanatların məğzi ilə əsaslandırılmışdır. Sözügedən hadisələr zamanı 43 uşaq və 109 qadın daxil olmaqla, ən azı, 339 Xocalı sakini öldürülmüş, 371 nəfər girov götürülmüş, 200 nəfər itkin düşmüş və 421 nəfər yaralanmışdı. Ərizəçinin yazdıqları ifadə edirdi ki, öldürülənlərdən bəziləri Azərbaycan döyüşçüləri tərəfindən qətlə yetirilmişdi və bundan başqa, qurbanların bədənlərinə azərbaycanlilar xəsarət yetirmişdi. Bu bəyanatlar həmin hərəkətlərin Dağlıq Qarabağda yerləşən keçmiş Sovet 366-cı motoatıcı alayın əsgərlərinin dəstəyi ilə Erməni döyüşçüləri tərəfindən törədilməsini işarə edən yekun sübuta zidd idi. Ərizəçinin bəyanatları keçmiş Xocalı sakinləri olan iddiaçıların nüfuzuna xələl gətirmiş və eyni zamanda döyüşdə iştirak etmiş iddiaçıların insanlığa qarşı cinayət törətməkdə ittiham etmişdi. Hökumət vurğuladı ki, belə bəyanatlar etməklə ərizəçi insafla hərəkət etməmişdir və jurnalist etikasını pozmuşdur.
68. Hökumətin dediyinə görə, ərizəçinin məhkum edilməsi ərizəçilərin şəxsi həyata hörmət hüququnun müdafiə edilməsi məqsədi güdürdü və bu hüquq Konvensiyanın 8-ci maddəsi ilə təmin edilir. Konvensiyanın 17-ci maddəsi şəxslərə öz Konvensiya hüquqlarına (bu işdə 10-cu maddəyə) əsaslanaraq Konvensiyada təsbit edilən digər hüquq və azadlıqların ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq imkanı vermir. Bu baxımdan Hökumət D.I. v. Germany işinə (no. 26551/95, Komissiyanın 26 iyun 1996-cı il tarixli qərarı) istinad etmişdir. Bu işdə ərizəçinin fikri ifadə etmək azadlığına müdaxilənin Konvensiyaya uyğun olması təsdiqlənmişdir və diqqət onun şərhlərinin təbiətinə yönəlmişdir (bu şərhlərdə o, Auşvitsdə qaz kameralarının olmasını inkar edirdi). Yuxarıda qeyd edilənlərə əsasən, Hökumət belə nəticəyə gəlmişdir ki, oxşar olaraq bu işdə yerli məhkəmələrin qərarı Konvensiyanın 8-ci maddəsi və Konvensiyanın 10-cu maddəsi ilə qorunan hüquqlar arasında tarazlıq yaranmasına əsaslanırdı və onlar (məhkəmələr) Xocalı hadisələrində sağ qalmış şəxslərin nüfuzunun ərizəçinin revizionist təbiətli məlumatı yaymaq azadlığından üstün olmasını doğru olaraq müəyyən edib.
69. Ərizəçi iddia edirdi ki, yerli məhkəmələr onun fikri ifadə etmək azadlığına müdaxiləyə hər hansı bir ağlabatan əsas gətirə bilməmişdi.
70. Ərizəçi Hökumətin o mövqeyi ilə razıdır ki, Xocalı qırğını həqiqətən çox həssas məsələ idi. Lakin ərizəçi qeyd etdi ki, bu hadisələr ilə bağlı bəzi məsələlər tam araşdırılmamışdır. Misal üçün, o qeyd edirdi ki, bu işdə Hökumətin təqdim etdiyi Xocalı qurbanlarının sayına dair rəqəmlər rəsmi dövlət mənbələrindəki rəqəmlərdən (yəni 106 qadın və 23 uşaq daxil olmaqla 613 nəfər ölü, 487 yaralı və 1257 itkin düşmüş) fərqli idi. Bəzi digər publikasıyalarda da müxtəlif rəqəmlər göstərilirdi. Ərizəçi həmçinin qeyd etdi ki, Xocalını müdafiə etməməkdə ittiham olunan sabit prezident Mütəllibov da güman edirdi ki, bəzi Azərbaycan hərbi hissələri çoxlu sayda mülki şəxslərin həlak olmasının qarşısını almadıqlarına görə məsuliyyətə cəlb oluna bilərdi. Daxili Qoşunların keçmiş komandiri F.Hacıyev da daxil olmaqla bəzi Azərbaycan hərbi komandirləri Xocalının müdafiəsinin lazımı qaydada təşkil etmədiklərinə və beləliklə, mülki əhali arasında itkilərin qarşısını ala və ya azalda bilmədiklərinə görə ya ittiham olunmuş, ya da məhkum edilmişdilər. Ərizəçinin dediklərinə görə, Xocalı hadisələri nəticəsində dəqiq qurbanların sayına və hadisələrin gedişatına dair müxtəlif mənbələrin fərqli məlumat verməsi onunla bağlı idi ki, sözügedən hadisələrə dair faktiki və tarixi baxımdan tam və sübutlu istintaq hələ də başa çatdırılmamışdır. Buna görə də ərizəçi razılaşır ki, məhz məsələnin həssas və mühüm olduğu üçün tam həqiqəti ortaya çıxarmaq və bu qırğında günahkar olan şəxsləri məsuliyyətə cəlb etmək üçün ictimai debatların aparılması zəruri idi. Eyni zamanda bu hadisələrlə əlaqədar olaraq Azərbaycanda daxili siyasət kontekstində də ictimai debatlara ehtiyac duyulurdu, çünki Xocalı mövzusu keçmiş prezident Mütəllibov, Xalq Cəbhəsi Partiyası və digər siyasi qüvvələr tərəfindən hakimiyyət uğrunda öz siyasi mübarizələrində istifadə edilmişdi.
71. Ərizəçi qeyd etdi ki, “Qarabağ Gündəliyi” reportaj stilində yazılan məqalə idi və o, bu məqalədə sadəcə öz gördüyünü və səfəri zamanı görüşdüyü insanların dediklərini çatdırmışdır, və gördüklərinə və eşitdiklərinə əsaslanan onun şəxsi qənaətləri (nəticələri) məqalədə çox az idi. Ərizəçi iddia edir ki, Slavik Aruşanyanın intervyu əsnasında hadisələrin öz versiyasını ərizəçiyə bildirmişdir və o, məqalədə sadəcə onun bəyanatlarını çatdırmışdır. Məqalə nə iddiaçıları nə də konkret azərbaycanlini birbaşa olaraq hər hansı cinayəti törətməsində ittiham etmir. Eyni zamanda məqalə qeyd edilən şəxslər barəsində və ümumilikdə Xocalı əhalisi barəsində təhqiramiz və ya ləyaqəti alçaldan ifadələri özündə əks etdirmir.
72. Ərizəçi qeyd etmişdir ki, məqaləsində hər hansı Xocalı qurbanının Azərbaycan döyüşçüləri tərəfində öldürülməsini və ya şikəst edilməsini təsdiqləyən bəyanatlar yox idi. Bu konkret bəyanatlar şəxsiyyəti müəyyən edilməyən insan tərəfindən AzeriTriColor saytında olan internet forumunda ifadə edilmişdi. Ərizəçi israr edir ki, bu bəyanatlar ona aid deyil və onun bu barədə yerli məhkəmələrə verdiyi ifadələrə baxmayaraq o, məhz başqası tərəfindən edilən bu bəyanatlar əsasında məhkum edilmişdi. Hər bir halda bəyanatlar “Xocalı faciəsi”ni inkar etmir, sadəcə onlara səbəb olanlar barədə ehtimal irəli sürür. Baxmayaraq ki, bəlkə də bu ehtimallar kifayət qədər faktiki əsas olmadan irəli sürülmüşdü, onlara (bəyanatlara) fikri ifadə etmək azadlığının icazə verdiyi şişirtmək dərəcəsi kimi yanaşılmalı idi.
73. Ərizəçi qeyd etdi ki, Xocalı hadisələrinə dair təhrif olunmuş tarixi qiymət verdiyinə görə günahkar bilinməsinə baxmayaraq, Azərbaycan qanunlarında Xocalı qırğınına dair şübhəli olmağa görə və ya hətta onu inkar etməyə görə məsuliyyət nəzərdə tutan heç bir müddəa mövcud deyil. Bu səbəbdən də o buna görə məsuliyyətə cəlb edilə bilməzdi. Bunun əvəzində, cinayət işində onun bəyanatlarının guya ki, altı iddiaçını ləkələdiyi müəyyən edilmişdir, baxmayaraq ki, nə “Qarabağ Gündəliyi”, nə də internet forumundakı yazılar bu fərdlərin heç birini konkret olaraq adla və ya hər hansı digər vasitə ilə qeyd etmirdi.
74. Ərizəçi mübahisə edir ki, bu iş ilə yuxarıda qeyd edilən D.I. v. Germany işi arasında paralel çəkmək uyğunsuz və qeyri-etik idi. O, bildirirdi ki, Xocalı hadisələrinə hələ də son hüquqi qiymət verilmədiyindən bu hadisələri Holokostaya (yəhudi soyqırımı, tərc.) bərabər saymaq düzgün deyildi. Dustaqların ölüm düşərgələrində bilərəkdən öldürülməsinə yönəlmiş dövlət siyasəti ilə bir döyüşdə hərbi əməliyyatların qurbanları olan mülki şəxslərin itkisi arasında fərq var. Sonuncuda mülki əhali arasında itkilərə görə Azərbaycan hakimiyyətinin məsuliyyəti paylaşması mübahisə edilə bilər, çünki onlar Erməni qoşunları tərəfindən qırğının edilməsinin qarşısını ala bilməmişdi. Ərizəçi vurğuladı ki, “Qarabağ Gündəliyi”ndə o, qırğının olması faktının inkar edilməsindən uzaq idi və cavabdehlərə haqq qazandırmağa cəhd etməmişdi. O, sadəcə Azərbaycanlı oxucuya bu məsələyə aid Dağlıq Qarabağın erməni əhalisinin fikirlərini çatdırmağa cəhd etmişdir. Məqalənin özü yaxşı niyyətlə motivasiya edilmişdir və münaqişənin tərəfləri arasında münasibətləri yumşaltmaq məqsədi güdürdü.
75. Nəhayət ərizəçi bildirirdi ki, fikri ifadə etmək azadlığının təqibinə yönələn onun cinayət cəzasına Hökumətin “aqressiv siyasəti” kontekstində baxılmalıdır. O qeyd etdi ki, fikri ifadə etmək azadlığı sahəsində vəziyyət son illərdə pisləşmiş və çox sayda jurnalistlər hücumlara məruz qalmış, həbs edilmiş və ya məhkum edilmişdi. Bu fakt müxtəlif beynəlxalq təşkilatların hesabatlarında da özünü əks etdirmişdi. Bu təqiblər Hökuməti tənqid edənlər arasında daxili senzuranın yaranması ilə nəticələnmişdi. Ərizəçi daha sonra qeyd etmişdi ki, bu işdə onu təqsirli bilməkdə hökumət orqanlarını ümumilikdə onun jurnalist fəaliyyətinə təsir etmək arzusu idarə edirdi, çünki o öz yazdıqlarında daimi olaraq hökumət siyasətini tənqid etmiş və korrupsiya və mülki və siyasi hüquqların pozulmasında məmurların rolu olmasını ifşa etmişdi. E. Hüseynovun işində (2005-ci ildə qətlə yetirilmiş jurnalist) onun davam edən jurnalist araşdırması bəzi yüksən rütbəli dövlət məmurlarının əlinin olmasını güman etmişdi və nəticə etibarı ilə bu işdən əvvəl ona tutulma və həbs ilə hədə-qorxular edilmişdi.
(b) Məhkəmənin ilkin qeydləri
76. Hazırkı qərarda Xocalı hadisələrinə dair ərizəçinin bəyanatları ətrafında müzakirə yalnız hazırkı işin məqsədləri üçün nəzərdə tutulur və bu da ümumi maraq kəsb edən məsələlərə dair debatlara məhdudiyyətlərin qoyulub-qoyulmamasına dair Məhkəmənin araşdırması kontekstində edilir, hansı ki, ərizəçinin fikri ifadə etmək azadlığına müdaxiləsində cavabdeh ölkənin yerli məhkəmələrinin təqdir səlahiyyətini aşmasını müəyyən etməklə əlaqəlidir. Bu qərar Xocalı hadisələrinin faktiki və ya hüquqi qiymətləndirilməsi kimi və ya həmin hadisələrə dair tarixi iddiaların arbitrajı kimi başa düşülməməlidir.
77. Bundan başqa, Məhkəmə müşahidə etmişdir ki, “Qarabağ Gündəliyi”ndə etdiyi bəyanata və internet forumundakı yazılara gəldikdə, ərizəçi mülki qaydada məsuliyyətə cəlb edilmişdi və eyni bəyanatlar əsasında sonradan həm də cinayət məcəlləsi ilə günahkar bilinmişdir. Lakin Məhkəmə qeyd edir ki, ərizəçi konkret olaraq mülki qaydada verilmiş cəza üzrə 10-cu maddə ilə şikayət etməyib. Bu səbəbdən Məhkəmə 10-cu maddəyə yalnız cinayət ittihamının uyğunluğunu araşdıracaq; lakin bu araşdırma üçün lazım olduqda o, ərizəçinin hüquqlarına güman edilən müdaxiləyə dair digər faktiki hallara da bütünlükdə diqqət yetirəcək.
(c) Məhkəmənin qiymətləndirməsi
78. Məhkəmə hesab edir ki, - və bu da Hökumət tərəfində mübahisələndirilmir, ərizəçinin yerli məhkəmələr tərəfindən məhkum edilməsi onun fikri ifadə etmək azadlığına “müdaxilə”yə bərabərdir. Belə müdaxilə Konvensiyanı o halda pozmuş olar ki, o, 10-cu maddənin ikinci bəndinin tələblərinə cavab verməsin. Ona görə də müdaxilənin “qanunla nəzərdə tutulması”nı, həmin bənddə göstərilən bir və ya bir neçə qanuni məqsəd güdməsini və həmin məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” olmasını müəyyən etmək lazımdır.
79. Ərizəçinin məhkum edilməsi şübhəsiz ki, Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinə əsaslanırdı və “digər şəxslərin nüfuz və hüquqlarını” (konkret olaraq ərizəçiyə qarşı şikayət etmiş Xocalı hadisələrində sağ qalmış bir qrup əsgər və mülki şəxslərin) müdafiə etmək məqsədi güdürdü. Müvafiq olaraq Məhkəmə qəbul edir ki, müdaxilə “qanunla nəzərdə tutulan” idi və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulan qanuni məqsəd daşıyırdı.
80. Beləliklə, Məhkəmənin digər vəzifəsi müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olmasını müəyyən etməkdir.
81. İlkin olaraq Məhkəmə qeyd edir ki, Konvensiyanın 17-ci maddəsinə istinad edərək bu işin yuxarıda qeyd edilən D.I. v. Germany işi ilə müəyyən qədər oxşar olmasını iddia edən Hökumətin arqumenti qəbul edilməzdir. Bu işdəki vəziyyət Holokost kimi, artıq qəbul edilmiş tarixi faktın inkar edilməsi və ya yenidən baxılması ilə əlaqədar 17-ci maddə ilə 10-cu maddənin müdafiəsinin kənara qoyulması vəziyyəti ilə eyni deyil (bax, mutatis mutandis, Lehideux and Isorni v. France, 23 sentyabr 1998-ci il, § 47, Reports of Judgments and Decisions 1998-VII). Hazırkı işdə “Qarabağ Gündəliyi”ndə müzakirə edilən konkret məsələlər davam edən debatların mövzusu idi (bax aşağıda, bənd 87). Məhkəmə aşağıda müzakirə edəcək ki, ərizəçinin Xocalı əhalisinin kütləvi qətlə yetirilməsini inkar etməsi və ya bu hadisələrin qurbanlarına hörmətsizlik nümayiş etdirməsi nəzərə çarpmır. Əksinə, ərizəçi qaçqınlar üçün nicat dəhlizinin olması kimi debatdakı mübahisəli fikirlərin birini dəstələyirdi və ona əsaslanaraq bəzi Azərbaycan döyüşçülərinin də qırğına görə müəyyən cavabdehlik daşımasına dair fikir ifadə edirdi. Lakin bunu edərək o, bu qırğının ümumilikdə qəbul edilən günahkarlarına haqq qazandırmaq, onların müvafiq məsuliyyətini yumşaltmaq və ya onların hərəkətlərini təsdiqləmək niyyətində deyildi. Məhkəmə hesab edir ki, ərizəçinin günahkar bilinməsinə səbəb olan bəyanatlar Konvensiyada nəzərdə tutulan dəyərlərin mahiyyətini pozmaq səviyyəsinə çatmır, nə də ki, Konvensiya ilə nəzərdə tutulan hüquq və azadlıqların ləğvinə və ya məhdudlaşdırılmasına bərabər deyil. Belə alınır ki, hazırkı işdə ərizəçinin fikri ifadə etmək azadlığı Konvensiyanın 17-ci maddəsi ilə 10-cu maddənin müdafiəsindən kənarlaşdırıla bilməz.
82. Məhkəmə təkrar bildirir ki, ümumi prinsip kimi fikri ifadə etmək azadlığına hər hansı məhdudiyyət üçün “zərurət” inandırıcı şəkildə göstərilməlidir. Qeyd etmək lazımdır ki, yerli orqanlara ilkin olaraq məhdudiyyət üçün “təxirəsalınmaz sosial ehtiyac”ın olmasını qiymətləndirmək lazımdır və bu qiymətləndirməni edərkən onlar təqdir səlahiyyətində müəyyən sərbəstliyə malikdirlər. Hazırkı işlərə bənzər mətbuatla əlaqəli işlərdə belə təqdir səlahiyyəti demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və saxlamaq maraqları ilə məhdudlaşdırılır. Buna uyğun olaraq, məhdudiyyətin güdülən qanuni məqsədə proporsional olub-olmamasını müəyyən etmək tərəzisində (hansı ki 10-cu maddənin 2-ci bəndi ilə edilməlidir) həmin maraq daha çox çəkiyə malik olacaq (bax Fressoz and Roire v. France [GC], no. 29183/95, § 45, ECHR 1999-I).
83. Öz nəzarətçi funksiyasını yerinə yetirməkdə məhkəmənin vəzifəsi səlahiyyətli yerli məhkəmənin yerini tutmaq deyil, daha çox 10-cu maddə ilə dövlətin qiymətləndirmə sərbəstliyinə uyğun olaraq onların çıxardıqları qərarları araşdırmaqdır. Bu o mənaya gəlmir ki, nəzarət cavabdeh dövlətin öz mülahizəsini ağlabatan şəkildə, diqqətlə və ya vicdanla həyata keçirməsini təsdiqləməklə məhdudlaşır; Məhkəmə daha çox şikayət edilən müdaxiləyə işə bütöv baxış əsnasında baxmalıdır və buraya ərizəçiyə qarşı istifadə edilən qeydlərin məzmunu və edilmə konteksti də daxildir (bax Cumpǎnǎ and Mazǎre v. Romania [GC], no. 33348/96, § 89, ECHR 2004-XI).
84. Məhkəmə konkret olaraq müdaxiləni haqlı çıxarmaq üçün milli orqanların istifadə etdikləri səbəblərin “müvafiq və yetərli” olub-olmamasını və görülən tədbirlərin “güdülən qanuni məqsədə proporsional” olub-olmamasını müəyyən etməlidir. Bunu edərkən Məhkəmə əmin olmalıdır ki, yerli orqanlar müvafiq faktların qəbul edilə bilən şəkildə qiymətləndirilməsinə əsaslanaraq 10-cu maddədə nəzərdə tutulan prinsiplərə uyğun olan standartları tətbiq ediblər (bax, misal üçün, Chauvy and Others v. France, no. 64915/01, § 70, ECHR 2004-VI).
85. Hazırkı işdə ərizəçiyə qarşı istifadə edilən bəyanatlar Dağlıq Qarabağ müharibəsi zamanı baş vermiş Xocalı qırğınına dair idi. Daha dəqiq desək, o, bəzi Xocalı qurbanlarını öldürməkdə və cəsədlərə xəsarət yetirməkdə, Azərbaycanlı döyüşçülərini əsassız ittiham etməkdə və bununla da ona qarşı cinayət iddiası qaldırmış konkret şəxslərin nüfuzuna xələl gətirməsində günahkar bilinmişdir.
86. Dağlıq Qarabağ müharibəsinin çox uzaq olmayan tarixdə baş verən hadisə olmasını, onun nəticəsi olaraq çox sayda insanın həlak olmasını və regionda kifayət qədər gərginlik yaranmasını, atəşkəs rejiminə baxmayaraq münaqişənin hələ də davam etməzini nəzərə alaraq, Məhkəmə ərizəçinin məqaləsində müzakirə edilən məsələlərin çox həssas olmasından xəbərdardır. Məhkəməyə bəllidir ki, Xocalı qurbanlarının xatirəsi Azərbaycan cəmiyyətində şəfqətlə qarşılanır və Xocalı hadisələri zamanı yüzlərlə günahsız dinc sakinlərin itkisi dərin milli qüssə mənbəyidir və cəmiyyətdə, ümumilikdə xalqın tarixində, ən faciəli anlardan biri kimi qiymətləndirilir. Belə halda başa düşünüləndir ki, ərizəçi tərəfindən edilən bəyanatlar ictimaiyyət tərəfindən şok edici və ya narahatlıq doğuran kimi qiymətləndirilə bilərdi. Lakin Məhkəmə təkrar etmək istəyir ki, 10-cu maddənin 2-ci bəndinə uyğun olaraq, fikri ifadə etmək azadlığı yalnız müsbət qarşılanan və ya ziyansız, biganəlik əks etdirən “məlumat” və ya “ideya”lara deyil, həmçinin Dövləti və ya əhalinin hər hansı hissəsini təhqir edən, şoka salan və ya narahat edən “məlumat” və ya “ideya”lara da şamil edilir. Plüralizm, dözümlülük və geniş fikirlilik bunu tələb edir və bunlarsız “demokratik cəmiyyət” olmur (bax Handyside v. the United Kingdom, 7 dekabr 1976, § 49, Series A no. 24).
87. Ondan əlavə Məhkəmə qeyd edir ki, tarixi həqiqəti axtarmaq fikri ifadə etmək azadlığının tərkib hissəsidir. Eyni zamanda baş vermiş hadisələrə dair fikir formalaşdıran tarixçilər arasındakı ardıcıl debatların hissəsi olan tarixi məsələləri arbitraj etmək və ya şərh etmək kimi Məhkəmənin rolu yoxdur (bax Chauvy and Others, yuxarıdakı mənbə, § 69). Məhkəmə müvafiq olaraq hesab edir ki, Xocalı hadisələri ilə əlaqəli tarixi faktlara dair fikir müxtəlifliyini həll etmək onun vəzifəsi deyil. Buna görə də, bu məsələyə dair hər hansı qəti qərar çıxarmaq məqsədi güdməyərək, Məhkəmə öz işini hazırkı işin təhlili məqsədləri üçün aşağıdakı müşahidələri etməklə məhdudlaşdıracaq. Bəlli olur ki, müstəqil mənbələrdən əldə edilmiş hesabatlarda qeyd edilir ki, 1992-ci ildə 25 fevraldan 26 fevrala keçən gecə Xocalının işğalı zamanı yüzlərlə etnik azərbaycanlı olan dinc əhali zəbt edilmiş şəhərdən qaçmağa cəhd edərkən şəhərə 366-ci motoatıcı alayın dəstəyi ilə (bax yuxarında 60-62-ci bəndlər) hücum etmiş erməni döyüşçüləri tərəfindən, məlumata əsasən, öldürülmüş, yaralanmış və ya girov götürülmüşdü. Lakin bu aspektdən başqa Xocalı hadisələri ilə əlaqəli digər aspektlərdə və detallarda göründüyü kimi aydınlıq və ya həmfikirlik yoxdur. Misal üçün, şəhərdən qaçan dinc sakinlər üçün təhlükəsiz nicat dəhlizinin olub-olmamasına dair ziddiyyətli fikirlər mövcuddur (bax, misal üçün, Memorial təşkilatının hesabatından çıxarışa, yuxarıda bənd 62). Eyni zamanda Azərbaycan hökumət orqanlarının və hərbi qüvvələrinin bu hadisələrdə rolu və məsuliyyəti barədə müxtəlif fikirlər mövcuddur və bəzi hesabatlar qeyd edir ki, onlar dinc əhalini müdafiə etmək üçün daha çox şey edə bilərdilər və ya onların hərəkətləri bəlkə də vəziyyətin ağırlaşmasına töhfə vermişdi. Şəhərin müdafiəsi düzgün təşkil edilmişdimi, müdafiə düzgün təşkil edilməmişdisə bu Azərbaycanda daxili siyasi mübarizənin nəticəsi idimi kimi, suallar yaranır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq Məhkəmə hesab edir ki, Xocalı hadisələri ilə əlaqəli bəzi məsələlər hələ də tarixçilər arasında debatlara açıqdır və müasir Azərbaycan cəmiyyətində ümumi maraq doğuran məsələdir. Bu baxımdan Məhkəmə xatırladır ki, demokratik cəmiyyətdə müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlər həddinə çatan xüsusi ağır əməllərin səbəblərinə dair debatlar sərbəst şəkildə aparıla bilməlidir (bax, mutatis mutandis, Lehideux and Isorni, mənbə yuxarıda qeyd edilir, §§ 54-55).
88. Bu işdə Məhkəmənin müəyyən edəcəyi digər xüsusi önəm daşıyan hal demokratik cəmiyyətdə mətbuatın oynadığı “ictimai nəzarətçi” kimi mühüm roludur (bax Goodwin v. the United Kingdom, 27 mart 1996, § 39, Reports 1996-II). O, müəyyən hədləri keçməməlidir, xüsusən də digərlərinin hüquq və nüfuzunun müdafiəsi baxımından, onun vəzifəsi siyasi məsələlərə dair və ümumi maraq kəsb edən digər məsələlərə dair məlumat və fikirləri öhdəlik və vəzifələrə uyğun şəkildə çatdırmaqdır (bax, De Haes and Gijsels v. Belgium, 24 fevral 1997, § 37, Reports 1997-I, və Colombani and Others v. France, no. 51279/99, § 55, ECHR 2002-V).
89. Məhkəmə ilk əvvəl ərizəçinin “Qarabağ Gündəliyi”ndə etdiyi bəyanatlara və sonra ərizəçiyə mənsub edilən internet forumundakı yazılara qiymət verəcək. “Qarabağ Gündəliyi”nə gəldikdə, bu qəzet məqaləsinin ümumi kontekstinə və məqsədinə nəzər salmaq lazımdır. Məqalə ilə tanış olduqdan sonra Məhkəmə hesab edir ki, o, ümumən təsviri stildə yazılıb və sözügedən məsələdə gündəlik həyatın reallıqları barədə Azərbaycanlı oxucuya məlumat vermək məqsədi güdür. Bu özü-özündə ümumi maraq doğuran məsələdir, çünki ictimaiyyətin orta təbəqəli üzvü üçün davam edən münaqişə şəraitində bu kimi geniş məlumat yox idi və ictimaiyyətin haqqı var idi ki, ölkələrinin nəzarəti itirdiyi ərazilərdə müharibədən sonra nə baş verdiyi barədə məlumat alsın. Həmçinin görünür ki, müəllif göründüyü kimi qərəzsiz şəkildə müxtəlif ideyaları və münaqişənin hər iki tərəfinin fikirlərini çatdırmağa cəhd etmişdi. Ərizəçiyə qarşı nəticə etibarı ilə istifadə edilən bəyanatlar məhz bu konteksdə idi.
90. Ərizəçiyə qarşı istifadə edilən bəyanatları özündə əks etdirən abzaslara baxsaq (bax yuxarıda bənd 12), digər şəxslərə mənsub olan fikirləri müəllifin öz fikirlərini təşkil edən qeydlər ilə ayırd etmək ümumilikdə heç də asan deyil. Konkret olaraq ərizəçi bəyan etmişdir ki, Xocalıya hücum edən qoşunlar dinc əhalinin qaçması üçün dəhliz saxlamışdır. O, daha sonra qeyd edir ki, onlar bu dəhlizdən təyinatı üzrə istifadə edərkən onların bəziləri Azərbaycan əsgərləri tərəfindən ayrı istiqamətə - digər erməni hissələrinin yerləşdiyi istiqamətə yönləndirilmişdilər. O, həmçinin bəyan etmişdi ki, qaçanların bir qismi Azərbaycan tərəfinin artilleriya atəşi ilə vurulmuşdu. Görünür ki, bu ərizəçinin öz fikirləri deyildi, o, digər şəxslərdən (onun əvvəllər görüşdüyü iddia edilən, adı çəkilməyən Xocalı qaçqınları və Dağlıq Qarabağ ermənilərinin nümayəndəsi) eşitdiklərini çatdırırdı. O, bu müsahibə iştirakçılarının bəyanatlarını çatdırırdı, bu heç də o demək deyil ki, o, bunu həmin bəyanatlarda ifadə edilənlərin həqiqət olmasını sübuta yetirmək məqsədi ilə edirdi; əksinə o, sadəcə digər şəxslərin fikirlərini çatdırırdı. Buna baxmayaraq, mübahisə edilə bilər ki, mövzunu genişləndirdikcə müəllif öz fikirlərini mənbəyinin fikirləri ilə qarışdırmağa başlamışdı və bu da belə ifadə ilə sübuta yetirilir “mən tam əminliklə deyə bilərəm ki, ...”. Burada o, həqiqətən dəhlizin mövcud olmasını qəbul edir və yenilik kimi təklif edir ki, “göründüyü kimi AXC batalyonu Xocalı əhalisinin azadlığı üçün deyil, A.Mütəllibovu devirmək yolunda daha çox qan axması üçün çalışırdı”. Lakin bu bəyanat istər təklikdə, istərsə də əvvəlki bəyanatlarla birlikdə götürüldükdə “AXC batalyonunun” “daha çox qan axması”na konkret hansı töhfə verməsinə dair fərziyyələr üçün geniş imkan yaratmışdır və bu məqsədlə onların hər hansı hərəkətinə dair konkret ittihamı özündə əks etdirmirdi.
91. Burada qeyd edilməlidir ki, məqalənin mübahisələndirilən hissəsində təsvir daha çox dəyişkən görünə bilər və bunun nəticəsi olaraq çoxlu bəyanatlar çətin başa düşülən, natamam, hətta digərləri ilə məntiqi bağlantıya malik olmayan ola bilər. Bəzən müəllifin fikirlərinin ardıcıllığını izləmək, xüsusən də mövzunun incəlikləri ilə çox tanış olmayan oxucuya nə demək istədiyini anlamaq çətin olur. Misal üçün, qaçqınların bir hissəsinin Azərbaycan əsgərləri tərəfindən Naxçivanikə tərəf istiqamətlədirilməsinə dair bəyanatdan sonra məqalə dərhal digər qaçqınlar qrupunu müzakirə etməyə keçir, ona görə də birinci qrup qaçqınlara sonra nə olması aydın olmur. Burada belə güman edilə bilər ki, digər istiqamətə yönləndirilən (bilərəkdən və ya bilməyərəkdən) qaçqınlar nəzərdə tutulan dəhlizdən qaça bilməmişlər və Naxçivanik yaxınlığına çatarkən düşmən hissələrinin atəşinə məruz qalmışdılar, bir qism qaçqınlar isə öz qoşunlarının atəşinə məruz qalmışdı (bilərəkdən və ya bilməyərəkdən). Amma qeyd edilənlərin heç biri birmənalı şəkildə bəyan edilmirdi və burada digər şərhlər də mümkün ola bilərdi. Bu misalda göstərildiyi kimi, məqalədə edilən bəyanatlar və nəticələr daha çox məhdud, qeyri-müəyyən, aydın ifadə edilməyən və yarımçıq idilər. Məhkəmə qeyd edir ki, “Qarabağ Gündəliyi” məhz Xocalı hadisələrinə yönəlmiş jurnalist araşdırılması deyildi və hesab edir ki, ərizəçinin bu hadisələrə dair bəyanatları daha çox söz arası, məqalənin əsas mövzusuna paralel edilmişdi. Bu kontekstə olduqca məhdud məlumat mənbələrinə əsaslanaraq ərizəçi aydın ifadə edilməyən ideyeları o həddə qədər genişləndirib ki, onlar Azərbaycan hərbi hissələrinin Xocalı qurbanlarının bədbəxtliyində məsuliyyət daşımasını da əhatə edib.
92. Müvafiq olaraq baxmayaraq ki, bəzi Azərbaycan hərbi hissələrinin (“AXC bataliyonu” kimi istinad edilir) kütləvi qırğında günahkar olanlar ilə müəyyən dərəcədə məsuliyyət paylaşdıqları barədə ifadələr məqalədə əks edilirdi, o (məqalə), Azərbaycan hərbiçilərini və ya konkret fərdləri kütləvi qırğında və beləliklə, öz vətəndaşlarını bilərəkdən öldürməkdə birbaşa ittiham edən bəyanatları özündə əks etdirmirdi. Nəzərə alsaq ki, Xocalı hadisələrinin qarşısını ala bilməməsində və ya bu hadisələrdə əlləri olmasında Azərbaycan hakimiyyətinin rolu və məsuliyyəti davam edən debatların mövzusudur (bax yuxarıda bənd 87), ərizəçi bir jurnalist kimi 10-cu maddə ilə bu məsələyə dair fikir çatdırmaq hüququna malik idi. Məhkəmə qeyd edir ki, jurnalist sərbəstliyi həmçinin şişirtmə və ya provakasiyaya da imkan verir (bax, misal üçün, Bladet Tromsø and Stensaas v. Norway [GC], no. 21980/93, § 59, ECHR 1999-III). Hətta ehtimal edərək ki, ərizəçinin məlumat mənbələrinin qıtlığı və ya mübahisəli təbiəti baxımından onun “Qarabağ Gündəliyi”ndəki Xocalını müdafiə edən bəzi Azərbaycan müdafiəçilərinin məsuliyyətinə dair qeydləri ola bilsin şişirdilmişdi, amma buna baxmayaraq məqalə onları heç də birbaşa və ya konkret olaraq hər hansı müharibə cinayətini törətməsində ittiham etmirdi.
93. Ərizəçiyə mənsub olması iddia edilən AzeriTriColor internet səhifəsində yerləşdirilən məlumatlara gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçi o məlumatların ona məxsus olmasını inkar edir. Internetdəki məlumatların ərizəçiyə mənsub olmasını müəyyən etmək üçün yerli məhkəmələrin araşdırdığı bütün sübutlara gəldikdə, Məhkəmə qeyd edir ki, bu kifayət qədər inandırıcıdır. Belə olduğu halda Məhkəmə qəbul edir ki, internetdəki bəyanatların ərizəçiyə mənsub olması əsaslı şübhə yeri qalmadan sübuta yetirilib.
94. Forumda aşağıdakı bəyanatlar edilmişdi: “... Xocalı sakinlərinin bir hissəsinə bizimkilər [qoşunlar] atəş açmışdı... Bunun bilərəkdən olub-olmaması müstəntiqlər tərəfindən müəyyən edilməlidir... [Onlar] sirli [atıcılar] tərəfindən deyil, AXC batalyonunun provakatorlaru tərəfindən [qətlə yetirilmişdi]... [Cəsədlərə] bizim ... tərəfdən xəsarətlər yetirilmişdi”. Məhkəmə hesab edir ki, bu bəyanatlar öz vətəndaşlarına atəş açmaq və bədənlərinə xəsarət yetirmək məsələsində “AXC batalyonu”ndan olan “provakatorları” ittiham etməkdə çox konkret idi. Məhkəmə qeyd edir ki, müəllif bu bəyanatları hər hansı bir sübutla dəstəkləmədi və hər hansı konkret mənbəyə istinad etmədi. Bu bəyanatda əks olunan məlumatlar “Qarabağ Gündıliyi”ndə verilən və bəzi Azərbaycanlı döyüşçülərini qurbanların bəzilərini qətlə yetirməsində (bəlkə də bilmədən) və qurbanların cəsədlərinə xəsarət yetirməsində ittiham edən məlumatlardan fərqli idi. Mahiyyəti ilə mənbəyə əsaslanan məlumata uyğun olaraq, nicat dəhlizinin mövcud olması və qaçqınlara ondan istifadə etməyə imkanı verməməsi kimi irimiqyaslı qırğının qarşısını almağa görə Azərbaycanlı əsgərlərin mümkün məsuliyyəti barədə ifadələr “Qarabağ Gündəliyi”ndəki kimi ehtimal təbiətli deyildi. Bu internet məlumatları haqqında danışdıqda, ərizəçi iddia etmirdi ki, müsahibə aldığı və “Qarabağ Gündəliyi”ndə əsas mənbələri olduğu Xocalı qaçqınları və ya erməni rəsmiləri azərbaycanli hərbiçiləri öz vətəndaşlarının cəsədlərinə xəsarət yetirməkdə konkret ittiham edib. Belə halda mübahisə edilə bilərdi ki, internet forumdakı məlumatlar jurnalist sərbəstliyinin həyata keçirilməsində yol verilə bilən “şişirtmə dərəcəsi”nin və ya “provokasiyanın” nümunəsi kimi götürülə bilməzdi.
95. Bu baxımdan Məhkəmə xatırladır ki, fikri ifadə etmək azadlığı özündə vəzifə və öhdəlik daşıyır və 10-cu maddə ilə jurnalistlərə verilən qoruma onların jurnalist etikasına uyğun şəkildə vicdanla hərəkət edərək dəqiq və etibarlı məlumat verməklə şərtləndirilir (bax, digər qərarlarla yanaşı, Radio France and Others v. France, no. 53984/00, § 37, ECHR 2004-II, və Colombani and Others, mənbə yuxarıda qeyd edilir, § 65). Hazırkı işdə bir şey aydın deyil ki, ərizəçi bu bəyanatları yerləşdirərək jurnalist kimi ictimaiyyətə məlumat çatdırmaq niyyətində idi və ya internet debatı əsnasında bir sıravi vətəndaş kimi öz şəxsi fikirlərini ifadə edirdi. Buna baxmayaraq bir şey aydındır ki, “Eynulla Fətullayev” istifadəçi adı altından internetdə yazılar yerləşdirməklə ərizəçi bir tanınmış jurnalist kimi öz şəxsiyyətini gizlətməmiş və asanlıqla qoşula bilən tanınmış internet forumunda öz bəyanatlarını açıq şəkildə ictimaiyyətə yaymışdır və qeyd etmək lazımdır ki, müasir zamanda internet forum bir vasitə kimi heç də çap mətbuatından az təsirə malik deyil. Yayılmış bəyanatlar subyektiv qiymət deyil, daha çox konkret faktiki mahiyyətə malik idi. Subyektiv qiymətin həqiqəti sübuta yetirilə bilən deyilsə, faktların mövcudluğu nümayiş etdirilə biləndir (bax De Haes and Gijsels, mənbə yuxarıda qeyd edilir, § 42). Bundan başqa, konkret fərdləri müəyyən nalayıq hərəkətdə birbaşa ittiham etmək, belə bəyanatlar üçün yetərli faktiki əsas gətirmək öhdəliyini doğurur (bax, mutatis mutandis, Mahmudov and Agazade v. Azerbaijan, no. 35877/04, § 45, 18 dekabr 2008).
96. Buna baxmayaraq, Məhkəmə hesab edir ki, hazırkı işin hallarında yuxarıda qeyd edilən bəyanatların yetərli faktiki əsasa arxalandığına və ya onların həqiqətdə doğru və ya yanlış olmasına dair birmənalı qənaətə gəlmək aşağıdakı səbəblərə görə tələb edilmir. Məhkəmə vurğulayır ki, ərizəçi sadəcə yuxarıda sadalanan bəyanatları yaymasına görə məhkum edilməyib. Həqiqətən o, tarixi hadisələrə dair iddia edilən revizionist bəyanatları yaymasına görə məsuliyyətə cəlb edilməyib. Əksinə, hazırkı işdə şikayət edilən müdaxilə konkret şəxsləri ləkələyən, ərizəçi tərəfindən yayılmış bəyanatlara əsaslanan cinayət qaydasında məhkum olunma formasını almışdır. Buna görə də internet forumundakı yazıların ərizəçiyə mənsub olmasını və onların yanlış və ya yoxlanılmamış olmasını qəbul edərək, bu bəyanatların həmin şəxslərin nüfuzuna xələl gətirməsinə dair yerli məhkəmələrin qərarlarının yetərli və münasib əsaslara arxalanıb-arxalanmamasını müəyyən etmək lazımdır.
97. Sözügedən fərdlər xüsusi ittihamçılar qismində cinayət işində iştirak edən dörd Xocalı qaçqını və iki sabiq əsgər idi. Onlar ərizəçinin etdikləri bəyanatların təhqiramiz olmasını və onların şərəf və ləyaqətini ləkələməsini iddia edirdi. Bundan başqa iki sabiq əsgər iddia edirdi ki, Azərbaycan əsgərlərinin dinc sakinləri öldürməsini və onların cəsədlərinə xəsarət yetirməsini bildirərək, ərizəçi onları birbaşa və yanlış olaraq şəxsən ağır cinayət törətməkdə ittiham etmişdir.
98. Xocalı qaçqınlarının güman edilən təhqir olunması məsələsinə gəldikdə, Məhkəmə hesab edir ki, ərizəçinin “Gündəlik Qarabağ”da və ya internet forumdakı yazılarda istər erməni döyüşçüləri, 366-cı alayın şəxsi heyəti, istərsə də digər şəxslər və ya hərbi hissələr tərəfində dinc sakinlərin kütləvi qətli faktını inkar etmək və ya şübhələndirilən günahkarları təmizə çıxarmaq məqsədi güdməsinə işarə edən heç bir hal yoxdur. Mübahisə edilən bəyanatların heç biri Xocalı qurbanlarına edilmiş əziyyətin ağırlığını şübhə altına alması kimi şərh edilə bilməz. Müəllifin “AXC batalyonu”nu bəzi qaçqınlara atəş açmaqda və qurbanların bədənlərinə xəsarət yetirməkdə günahlandırmasına baxmayaraq, bu bəyanatların Xocalı hadisələri qurbanlarını təhqir etmək və ya ləyaqəti alçaltmaq və ya onların bəxtinin pis olmasını nəzərdə tutmaq kimi məqsəd daşımırdı. Əksinə ərizəçi qurbanların və sağ qalanların bəxtinə qəm və dərin kədər hissini ifadə edirdi və bu hadisələrə “Xocalı faciəsi” kimi müraciət edirdi. Bu səbəblərə görə Məhkəmə məqalədə Xocalı qurbanlarının və ya sağ qalanların ümumilikdə, və ya konkret olaraq Xocalı qaçqını olan dörd xüsusi ittihamçının ləyaqətini alçaltmasına dair bəyanatların olması barədə yerli məhkəmələrin qərarı ilə razı deyil.
99. Digər iki xüsusi ittihamçının ağır cinayət törətməkdə güman edilən ittihamına gəldikdə, Məhkəmə qeyd etmək istəyir ki, ərizəçi “AXC batalyonun”da qeyri-müəyyən “provakatorlara” qarşı həqiqətən ittiham xarakterli bəyanatlar səsləndirmişdi. Hətta ehtimal etsək ki, bu bəyanatların yetərli faktiki bazası olmayıb, Məhkəmə qeyd edir ki, birincisi, bu bəyanatlar bütövlükdə Azərbaycan ordusunu və ya müharibə dövründə ərazidə döyüşən bütün Azərbaycan hərbi hissələrini və ya 25-26 fevral 1992-ci il tarixdə Xocalının müdafiəsində iştirak edən bütün şəxsləri nəzərdə tutmurdu. Göründüyü kimi, bəyanatlar yalnız şəhəri müdafiə edənlərin “AXC batalyonu” kimi adlandırılan bir hissəsinə aid idi. Ikincisi, Məhkəmə qeyd edir ki, bu bəyanatlar hər hansı konkret fərdləri ad ilə və ya digər üsulla fərqləndirərək ittiham etmirdi. Xüsusilə Xocalı döyüşündə vuruşduğunu iddia edən iki xüsusi ittihamçının heç biri “Qarabağ Gündəliyində” və ya internet forumdakı yazılarda ad ilə və ya digər vasitə ilə müəyyən edilmirdi. İddiaçılar və ya yerli məhkəmələr tərəfindən bu iki şəxsin ərizəçinin bəyanatlarında “pravokator” adlandırdığı şəxslərlə eyni şəxs olmasını və ya onların nümayəndələri olmasını göstərən heç bir əsaslandırma yox idi. Belə halda Məhkəmə hesab edir ki, ərizəçinin bəyanatlarının bu iki iddiaçını ağır cinayət törətməkdə birbaşa ittiham etməsi inandırıcı şəkildə müəyyən edilməmişdir.
100. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, “Qarabağ Gündəliyi”ndə müəyyən şişirtmə və ya təxribatçı fikirlər olmuş olsa da belə, müəllif ümumi maraq kəsb edən məsələlərə dair məlumat yaymaq kimi vəzifəsini yerinə yetirərkən jurnalistika azadlığı hədlərini keçməmişdir. Digər tərəfdən, ərizəçiyə mənsub olması bildirilən internet forumdakı yazıların yetərli faktiki bazası olmasa belə, ərizəçinin işində xüsusi ittihamçı kimi çıxış edən konkret şəxslərə münasibətdə həmin yazıların təhqiredici olması inandırıcı şəkildə göstərilmirdi. Belə halda Məhkəmə müəyyən edir ki, ərizəçinin mühakiməsi zamanı yerli məhkəmələrin gətirdiyi əsaslar müvafiq və yetərli kimi adlandırıla bilməz, və buna görə defamasiya ittihamı ilə onun məhkum edilməsi “təxirəsalınmaz sosial ehtiyac” tələbinə cavab vermir.
101. Bundan başqa hər bir halda, hətta müdaxilənin “təxirəsalınmaz sosial ehtiyac” tələbinə cavab verməsini ehtimal etsək belə, Məhkəmə hesab edir ki, hazırkı işdə tarazlılıq tələbinə riayət edilməmişdir.
102. Məhkəmə təkrar olaraq bildirir ki, verilən cəzaların təbiəti və ağırlığı 10-cu maddə ilə təmin edilən fikri ifadə azadlığına edilən müdaxilənin proporsional olub-olmasını qiymətləndirərkən nəzərə alınmalı faktorlardandır (bax, misal üçün, Ceylan v. Turkey [GC], no. 23556/94, § 37, ECHR 1999-IV; Skałka v. Poland, no. 43425/98, §§ 41-42, 27 may 2003; və Pedersen and Baadsgaard v. Denmark [GC], no. 49017/99, § 93, ECHR 2004-XI). Mətbuatı ictimaiyyəti narahat edən qanuni məsələlərin müzakirəsində iştirak etməkdən çəkindirə bilən yerli orqanlar tərəfindən verilən cəzaya və ya görülən tədbirə də Məhkəmə xüsusi diqqət yetirməlidir (bax Cumpǎnǎ and Mazǎre, yuxarıda, § 111). İştirakçı Dövlətlər Konvensiyanın 8-ci maddəsindən irəli gələn öz pozitiv öhdəlikləri çərçivəsində şəxslərin nüfuzunun (bax Pfeifer v. Austria, no. 12556/03, § 35, ECHR 2007-XII) müdafiəsini qanunla təmin etmək üçün fikri ifadə etmək azadlığını tənzimləməyə icazə verilməsinə, və ya bunu etməyə borclu olmalarına baxmayaraq, onlar bunu ictimaiyyəti maraqlandıran ümumi məsələlərə dair məlumat vermək rolunu yerinə yetirən KİV-in qarşısın almaqla etməməlidirlər. Araşdırma aparan jurnalistlər digər şəxslərin nüfuzuna edilən əsassız hücumlara görə verilə bilən standart sanksiya kimi azadlıqdan məhrum edilməyə məhkum edilə bilərlər və belə risklə üzləşdiyi halda onlar ümumi maraq kəsb edən məsələlərə dair yazmaqdan çəkindirilə bilərlər. Belə sanksiyanın qorxusu, jurnalistikanın fikri ifadə etmək azadlığına qaçılmaz olaraq, çəkindirici təsir edir (bax Mahmudov and Agazade, mənbə yuxarıda qeyd edilir, § 49).
103. Hazırkı işdə ərizəçi iki il və altı ay həbs müddətinə məhkum edilmişdi. Ərizəçinin eyni bəyanatlara görə mülki qaydada da məsuliyyətə cəlb edildiyini və bunun nəticəsində küllü miqdarda təzminat ödəməsini nəzərə alaraq bu sanksiya şübhəsiz ki, çox ağır idi. Məhkəmə təkrar bildirir ki, azadlıqdan məhrum etmə cəzasının verilməsi prinsipcə yerli məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla əlaqəli işlərdə səhvə görə azadlıqdan məhrum etmə qərarının verilməsi Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin fikri ifadə etmək azadlığına yalnız müstəsna hallarda, xüsusi olaraq digər əsas hüquqlara ciddi xələl yetirildikdə - misal üçün, nifrət çıxışları və ya zorakılığa təhrik işlərində, uyğun ola bilər (yenə orada, § 50; bax həmçinin Cumpǎnǎ and Mazǎre, yuxarıda, § 115). Məhkəmə hesab edir ki, hazırkı işin halları ərizəçiyə azadlıqdan məhrum etmə cəzasının verilməsi üçün heç bir haqq qazandıran əsas nümayiş etdirmir.
104. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin fikri ifadə etmək azadlığına müdaxilə “demokratik cəmiyyətdə zəruri” sayıla bilməz.
105. Bu səbəbdən də ərizəçinin birinci cinayət məhkumluğu məsələsində Konvensiyanın 10-cu maddəsi pozulmuşdur.
2. İkinci cinayət məhkumluğu
(a) Tərəflərin arqumentləri
106. Hökumət bəyan edirdi ki, ərizəçinin ikinci cinayət işində məhkumluğu da qanunla nəzərdə tutulmuşdu və ona “ictimai təhlükəsizlik maraqları” ilə haqq qazandırılırdı.
107. Hökumət “Əliyevlər müharibəyə gedirlər” məqaləsində ərizəçinin ifadə etdiyi bəyanatlara yerli məhkəmələrin verdiyi qiymət ilə razılaşdığını bildirdi. Onlar qeyd edirdi ki, Azərbaycanda müxtəlif obyektlərə mümkün hücum barədə bəhs edən bu məqalə İran və beynəlxalq icmanın digər üzvləri arasında artan gərginlik (hansı ki, Azərbaycanın coğrafi qonşusu olan İrana qarşı hərbi əməliyyatların mümkün olması barədə geniş məlumatlara gətirib çıxarmışdı) şəraitində ortaya çıxmışdı. Bu məzmunda ərizəçi bir sıra yoxlanılmamış və qeyri-dəqiq faktiki bəyanatlar nəşr etdirmişdi. O, jurnalist sərbəstliyi ilə əl-ələ olan vəzifə və məsuliyyəti hiss etməmiş, dəqiq və etibarlı məlumat vermək üçün vicdanla hərəkət etməmiş və jurnalist etikasına riayət etməmişdi. Ərizəçi tərəfindən çap edilən məlumatlar müxtəlif, bəzən müəyyən edilməyən mənbələrdən əldə edilmişdi, və ərizəçi müstəqil araşdırma ilə onları yoxlamamışdı.
108. Yuxarıda qeyd edilən səbəblərə görə, Məhkəmə belə nəticəyə gəldi ki, yerli məhkəmələrin qərarları ictimai təhlükəsizlik ilə ərizəçinin 10-cu maddə ilə müdafiə olunan hüquqları arasında balans (tarazlıq) yaratmağa əsaslanırdı.
109. Ərizəçi müşahidə etmişdir ki, sadəcə analitik məqalə nəşr etmənin nəticəsi kimi onun törətməkdə günahkar bilindiyi cinayətlərin ağırlığı baxımından şikayətin bu hissəsinə dair Hökumətin sübutları “səthi və başdansovma” idi.
110. Ərizəçi iddia edirdi ki, həqiqətən məqaləni çap edən vaxtda regionda ABŞ-İran münasibətlərinin pisləşməsi nəticəsində gərginlik mövcud idi. ABŞ və İran münasibətlərinin pisləşməsi və bu dövlətlər arasında müharibə mümkünlüyü ərizəçinin təsəvvürünün məhsulu deyildi; ABŞ və İran Prezidentləri daxil olmaqla bu ölkələrin yüksək rütbəli məmurlarının çoxsaylı bəyanatlarından da belə nəticə çıxarıla bilərdi. Həmin vaxtda öz müsahibələrində İran rəsmiləri birmənalı qeyd edirdi ki, ABŞ İrana hücum etsə, Azərbaycandakı bəzi obyektlər İranın əks-hücumuna məruz qalacaq.
111. “Əliyevlər müharibəyə gedirlər” məqaləsi təbiətcə analitik məqalə idi və bu mövzuya həsr olunmuş fərqli-fərqli KİV vasitələrində məlumat çap edilmiş müxtəlif məqalələrdən istifadə edirdi. Ərizəçi qeyd etdi ki, məqalənin toxunduğu mövzu birmənalı olaraq ictimaiyyəti narahat edən məsələ idi. Azərbaycanın ABŞ tərəfindən həyata keçirilən “antiterror” koalisiyasının fəal üzvü olması və İraq və Əfqanıstana artıq sülhməramlıların göndərməsi faktı Azərbaycanın ABŞ-İran müharibəsinə (başlasaydı) cəlb edilməsi ehtimalını gücləndirirdi. Ərizəçi qeyd etdi ki, həm onun məqaləsindən qabaq, həm də ondan sonra özündə Azərbaycana hücumun mümkünlüyünə dair fikirlər və qənaətləri əks etdirən “yüzlərlə oxşar məqalə” çap edilmişdi. Bunu təsdiqləmək üçün ərizəçi yerli və xarici qəzetlərin (Зеркало, Наш Век, Russian Newsweek, Moscow News və Кавказский Узел daxil olmaqla) və internet xəbər resurslarının 2006 və 2007-ci illərdə dərc etdiyi məqalələrin bir neçəsini təqdim etmişdi. Bu məqalələrin hamısı ABŞ-İran münasibətləri baxımından Azərbaycanın geosiyasi rolunu müzakirə edirdi, və İran rəsmilərinin bəzi ifadələri əsasında onlar fərziyə edirdi ki, ABŞ-İran müharibəsi başlasa Azərbaycan yəqin ki, cəlb ediləcək və hətta Azərbaycan ərazisində yerləşən strateji obyektlərə, misal üçün, neft və qaz kəmərlərinə və hava limanlarına, İran hücum edəcək.
112. Bundan başqa ərizəçi qeyd etdi ki, onun məqaləsi ölkənin cənub rayonlarında rəsmilərin təyinatı ilə bağlı siyasət də daxil olmaqla, sadəcə olaraq Hökumətin siyasi qərarını tənqid edirdi, və bildirirdi ki, rayonlarda vəzifəyə rayondan olmayan şəxsləri təyin etməklə mərkəzi hakimiyyət rayonların əsasən Talış milli azlığından ibarət yerli əhalisini uzaqlaşdırırdı. Məqalə bu regiondakı ağır sosial və iqtisadi vəziyyətə toxunurdu və oradakı potensial separatist meyllərlə birləşmədə bu faktorlar qonşu İranla mümkün müharibə kontekstində diqqət yetirilməli məsələlərdən idi. Ərizəçi bildirdi ki, bu məqalənin çapı onun ölkədə və regionda sözügedən hadisələrlə bağlı qəzet oxucularına ətraflı məlumat vermək kimi vəzifəsindən irəli gəlirdi.
113. Ərizəçi qeyd etdi ki, o, Cinayət Məcəlləsinin 214.1 və 283-cü maddələri ilə məhkum edilmişdi, baxmayaraq ki, həmin maddələrdə nəzərdə tutulan əməllərin heç birini törətməmişdi. O, nə hər hansı terrorist fəaliyyətində iştirak etmiş, nə də etnik ədavətə təhrik etmişdi. O, terror aktları törətməklə və ya törətməkdə hədələməklə əhali arasında qorxu yaratmaq və ya dövlət orqanlarına təsir göstərmək məqsədi güdmürdü. O, müxtəlif mənbələrdən əldə etdiyi məlumata əsaslanaraq sadəcə olaraq gələcəkdə mümkün olan hadisələr barədə təhlil çap etdirmişdi. Ərizəçi həmçinin qeyd etdi ki, onun vergidən yayınması barədə ittihamı saxtalaşdırılmışdı və bu fakta da fikri ifadə azadlığına müdaxilə olması kimi yanaşmaq lazımdır.
114. Ərizəçi təkrar qeyd edir ki, məhkum edilməsinin əsas səbəbi onun ümumilikdə jurnalist kimi fəaliyyəti ilə əlaqəli idi, çünki o, Hökumətim siyasətini, korrupsiya və vətəndaşların mülki və siyasi hüquqlarının pozulması faktlarını ciddi tənqid edirdi.
(b) Məhkəmənin qiymətləndirməsi
115. Ərizəçinin ikinci məqaləni çap etdiyinə görə məhkum edilməsi, şübhəsiz, onun fikri ifadə etmək azadlığına edilən müdaxiləyə bərabər idi. Məhkəmə qəbul edir ki, bu müdaxilə qanun ilə konkret olaraq Cinayət Məcəlləsinin 214.1 və 283.2.2 maddələri ilə, nəzərdə tutulmuşdu. Bu təhlilin məqsədləri üçün Məhkəmə həmçinin Hökumətin ictimai təhlükəsizliyi qorumaq üçün müdaxilənin qanuni məqsəd güdməsi sübutunu da qəbul edir. Beləliklə, sadəcə müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmamasını müəyyən etmək lazımdır.
116. Bu baxımdan Məhkəmə fikri ifadə etmək azadlığına qoyulan məhdudiyyətlərin ümumi prinsiplərini, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə (bax yuxarıda 82-84-cü bəndlər) nəzarətçi funksiyasının icrasında öz vəzifəsini və həmçinin demokratik cəmiyyətdə mətbuatın roluna dair ümumi prinsipləri də yada salır (bax yuxarıda 88-ci bənd). Konkret olaraq Məhkəmə yenə də vurğulayır ki, siyasi çıxışlara və ya ictimai maraq doğuran məsələlərə dair debatlara məhdudiyyətin qoyulması üçün 10-cu maddənin 2-ci bəndi çox az imkan yaradır. Məhkəmə həmçinin təkrar edir ki, tənqidin icazə verilən hədləri Hökumətə gəldikdə daha genişdir, nəinki vətəndaşa və ya siyasətçiyə. Demokratik cəmiyyətdə hökumətin hərəkətləri və ya nöqsanları nəinki qanunverici və məhkəmə hakimiyyətinin, həmçinin ictimai fikrin tənqidi araşdırmasına da məruz qalmalıdır. Bundan başqa, hökumətin tutduğu dominant vəzifə tələb edir ki, rəqiblərinin əsassız hücumlarına və tənqidinə cavab verərkən (xüsusən də digər vasitələr əlçatan olduqda) cinayət təqibinə əl atmamaq üçün təmkinlik nümayiş etdirsin (bax Incal v. Turkey, 9 iyun 1998, § 54, Reports 1998-IV). Bundan başqa, bu nəşri zorakılığa çağırış və ya etnik ədavətə təhrik kimi tövsif etmək mümkün olmadıqda, Tərəfdar Dövlət ictimai asayiş və təhlükəsizliyi təmin etmək adı ilə ümumi maraq kəsb edən məsələlərə dair ictimaiyyətin məlumatlı olmaq hüququnu KİV-ə qarşı cinayət qanunlarının ağırlığını nümayiş etdirməklə məhdudlaşdıra bilməz (bax Sürek and Özdemir v. Turkey [GC], nos. 23927/94 və 24277/94, § 63, 8 iyul 1999, və Erdoğdu v. Turkey, no. 25723/94, § 71, ECHR 2000-VI).
117. Məhkəmə qeyd edir ki, “Əliyevlər müharibəyə gedir” adlı məqalə ABŞ-İran münasibətlərinə dair beynəlxalq siyasətin dinamikası əsnasında Azərbaycanın özünəməxsus roluna diqqət yetirən analitik bir məqalə idi, və bu məsələ məqalənin çap edildiyi vaxtda olduqca aktual idi. Beləliklə, məqalə ümumi maraq və ictimaiyyəti narahat edən məsələyə dair siyasi debatın bir hissəsi idi. Məhkəmə burada öz yanaşmasını xatırladır: siyasi nitqlərə qoyulan məhdudiyyətlərə haqq qazandırmaq üçün çox ciddi əsaslar tələb olunur, çünki fərdi işlərdə geniş məhdudiyyətin tətbiq edilməsi sözügedən Dövlətdə ümumilikdə fikri ifadə etmək azadlığının təmin edilməsinə şübhəsiz təsir edir (bax Feldek v. Slovakia, no. 29032/95, § 83, ECHR 2001-VIII, və Karman v. Russia, no. 29372/02, § 36, 14 dekabr 2006).
118. Məhkəmə müşahidə edir ki, ərizəçi - Azərbaycanın ABŞ ilə davam edən yaxın münasibətlərini, ölkənin mümkün olan ABŞ-İran müharibəsinə cəlb edilməsi ehtimalını qeyd edərək, Azərbaycan Hökumətinin xarici və daxili siyasi addımlarını tənqid edirdi. Məqalənin çap edildiyi vaxtda bu mövzu günün ən qızğın mövzusu idi və ABŞ-İran münasibətlərinin qarşıdurmasının böyüyə biləcəyi mümkün ssenari kimi müxtəlif analitiklər tərəfində müzakirə edilirdi. Müəllif daha sonra həmin müharibənin hipotetik ssenarisini təklif edirdi və ona uyğun olaraq İran Azərbaycan ərazisində bir sıra obyektləri bombalamaqla cavab verəcəkdi, çünki İranın iddiasına əsasən, Azərbaycan ABŞ-ın regiondakı tərəfdaşlarından biri idi. Məhkəmə hesab edir ki, həqiqətən, ərizəçi bu ssenarinin mümkünlüyü barədə şərh verən yeganə insan deyildi, həmin müddətdə çox sayda media vasitələri də İranın rəsmilərinə istinadən bildirirdi ki, Azərbaycanın cəlb olunmaq ehtimalı var və İran hücumlarının mümkün hədəfləri kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri və müxtəlif dövlət binaları da qeyd edilirdi.
119. Bəlkə də ərizəçi tərəfindən verilən belə “hədəflərin” siyahısı daha uzun idi və təfərruatlı idi. Lakin, Məhkəmənin fikrincə hətta ehtimal edərək ki, ərizəçinin “hədəf siyahıları”nın mövcudluğuna dair mənbələri tam yoxlanılmamışdı, ərizəçinin bu siyahını çap etdirməsi özü-özündə İran tərəfindən hipotetik hücumun şanslarını nə azaldırdı, nə də artırırdı. Bundan başqa, yerli məhkəmələr heç vaxt iddia etmirdilər ki, bu siyahıları çap etməklə ərizəçi hər hansı Dövlət sirlərini yayıb və ya milli müdafiə orqanlarının hər hansı cəhdlərini sarsıldıb. Məqaləyə bütün şəkildə baxılsa, belə “hədəf siyahılarının” daxil edilməsi sadəcə olaraq oxucularda mümkün ola bilən gələcək müharibədə ölkənin mümkün cəlb edilməsinin konkret nəticəsi barədə daha dramatik təəssürat yaratmaq cəhdi kimi şərh edilə bilərdi.
120. Bu baxımdan Məhkəmə Hökumətin o arqumenti ilə razılaşmır ki, ərizəçi etibarlı mənbəyə istinad edərək öz “faktlarının bəyan edilməsi”ni təsdiqləyə bilməyib. Birincisi, yuxarıda qeyd edildiyi kimi, oxşar bəyanatlar digər məqalələrdə də edilmişdi. İkincisi, ərizəçinin məqaləsi gələcəkdə mümkün olan hadisələr barədə onun fikirlərini əks etdirdi və mahiyyət etibarı ilə belə fikirlər sübut tələb etmirdi. Gələcəkdə baş verəcək hadisələrə dair istənilən fikirlərdə xaraktercə yüksək dərəcədə fərziyə var. Ərizəçi tərəfindən təklif edilən ssenarilərin baş verməsinin ehtimal dərəcəsi ictimai debatın mövzusu idi və istənilən şüurlu oxucu gələcək müharibədə hadisələrin mümkün axırına dair ərizəçinin qeydlərinin hipotetik olmasını başa düşə bilərdi.
121. Məhkəmə müşahidə edir ki, hazırkı işdə müdaxilənin dairəsi bütövlükdə məqalənin hamısını əhatə edib. Xüsusi olaraq, yerli məhkəmələr müəyyən ediblər ki, “İrana qarşı” olan BMT bəyanatlarının Azərbaycan tərəfindən dəstəkləməsini tənqid edərək və Azərbaycanda müəyyən hədəfləri İranın bombalaması mümkünlüyü barədə yazarkən, ərizəçi Cinayət Məcəlləsinin 214.1-ci maddəsi ilə nəzərdə tutulan terrorizm ilə hədələmə cinayətini törətmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin hərəkətlərində “terrorizmlə hədələmə”nin corpus delicti (cinayət tərkibi) olub-olmamasına nəzər salaraq, terrorizm və terrorizmlə hədələmə cinayətlərinin yerli qanunlarda tərkib elementlərinə dair qərar çıxarmaq onun səlahiyyətinə aid deyil. Yerli qanunları şərh etmək və tətbiq etmək yerli orqanların, konkret olaraq məhkəmələrin, vəzifəsidir (bax, digər qərarla yanaşı, Lehideux and Isorni, yuxarıda, § 50). Məhkəmənin vəzifəsi yerli məhkəmələrin qiymətləndirmə sərbəstliyinə uyğun olaraq çıxartdığı qərarlarının 10-cu maddəyə uyğunluğunu yoxlamaqdır. Bunu edərkən, Məhkəmə əmin olmalıdır ki, yerli məhkəmələr öz qərarlarını müvafiq faktların adekvat qiymətləndirilməsi əsasında çıxarıb (bax yuxarıda 84-cü bənd; bax həmçinin Incal, yuxarıda, § 48).
122. Yerli məhkəmələr tərəfindən faktların qiymətləndirilməsi məsələsinə gəldikdə, Məhkəmə qeyd edir ki, bir neçə (təsadüfü görünən) şəxslərin ifadələrinə əsasən onlar (məhkəmələr) ərizəçinin bəyanatlarının “əhalini qorxutmaq” məqsədi daşıdığını və ictimaiyyət arasında təlaş yaratdığını müəyyən etmişdi. Bu baxımdan Məhkəmə təkrar edir ki, fikri ifadə etmək azadlığı yalnız müsbət qarşılanan və ya ziyansız, biganəlik əks etdirən “məlumat” və ya “ideya”lara deyil, həmçinin Dövləti və ya əhalinin hər hansı hissəsini təhqir edən, şoka salan və ya narahat edən “məlumat” və ya “ideya”lara da şamil edilir (bax yuxarıda 86-cı bənd). Jurnalist kimi Hökumət tərəfindən qəbul edilən konkret qərarların gələcək mümkün nəticələri barədə fikir ifadə etmək və müvafiq siyasi məsələlərə dair məlumat və ideyalar çatdırmaq ərizəçinin vəzifəsi idi. Məhkəmə hesab edir ki, bunu edərkən, ərizəçi Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulan heç bir hüdudları aşmamışdır.
123. Bundan əlavə Məhkəmə qeyd edir ki, yerli məhkəmələr ərizəçinin bəyanatlarına ictimai mülkiyyətin dağılması və insan həyatını təhlükə altına qoymaq ilə Hökuməti hədələmək kimi xarakterizə etmişdilər və bu - milli maraqların tələb etdiyi siyasi qərarlar qəbul etməkdən uzaq durması üçün, Hökumətə təsir göstərmək məqsədi ilə edilmişdir. Lakin işin hallarına nəzər salaraq, Məhkəmə ərizəçinin terror aktı ilə Dövləti hədələməsi barədə yerli məhkəmələrin qənaətinə əsassız olmasından başqa bir ad qoya bilmir. Ərizəçi jurnalist və fərd kimi məqalədə müzakirə edilən hipotetik hadisələrin hər hansı birinə təsir etmək iqtidarında deyildi və Azərbaycan ərazisində hər hansı obyeklərə hücum edilməsi barədə İran rəsmilərinin qərarına heç bir nəzarət həyata keçirə bilməzdi. Ərizəçi həmçinin belə mümkün hücumları dəstəkləyən fikir ifadə etməmiş və ya onların xeyrinə mübahisə etməmişdi. Yuxarıda qeyd edildiyi kimi, Məhkəmə hesab edir ki, məqalənin məqsədi ictimaiyyəti Hökumətin xarici siyasətinin mümkün nəticəsi barədə (onların nə qədər real olub-olmamasına baxmayaraq) məlumatlandırmaq və konkret olaraq BMT-nin Təhlükəsizlik Şurasının “anti-İran” Bəyannaməsini dəstəkləmək kimi Hökumətin qərarını tənqid etmək idi. Lakin məqalədə ərizəçinin bəyanatlarında hər hansı qanunsuz yolla Hökuməti hədələmək və ya “təsir göstərmək” məqsədi güdən heç nə yox idi. Əslində Hökumətə “təsir göstərmə”də ərizəçinin yalnız bir vasitəsi – 10-cu maddənin hüdudları çərçivəsində fikri ifadə etmək azadlığının həyata keçirməsi və istənilən demokratik cəmiyyətdə sərbəst keçirilməli olan ictimai debatların hissəsi kimi hökumətin siyasi qərarları ilə narazılığının bildirməsi, qeyd edilə bilərdi.
124. Yuxarıda deyilənləri nəzərə alaraq Məhkəmə müəyyən edir ki, bu işdə yerli məhkəmələr terrorizm ilə əlaqəli cinayət müddəalarını əsassız olaraq tətbiq ediblər. Demokratik cəmiyyətin özəyi sayılan əsas azadlıqlardan biri olan fikri ifadə etmək azadlığına belə əsassız müdaxilə, qanunun aliliyinə riayət edən dövlətdə baş verməməlidir.
125. Eyni ilə Məhkəmə ərizəçinin Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsi ilə məhkum edilməsinə haqq qazandırmaq üçün yerli məhkəmələrin gətirdiyi səbəbləri inandırıcı saymır. ABŞ və İran münasibətləri ilə əlaqədar Hökumətin siyasətinin müzakirəsi məğzində ərizəçi bu siyasətin dövlətin yerli idarəetmədə buraxdığı güman edilən səhvləri ilə birlikdə, ölkənin cənub rayonlarında narahatçılıqla nəticələnməsinə dair fikir səsləndirmişdi. Müəllif qeyd etdi ki, həmin rayonlarda işsizlik və narkotiklərdən istifadənin artması kimi bir sıra sosial və iqtisadi problemlər var idi. O, həmçinin qeyd edirdi ki, yerli əhali mərkəzi hakimiyyətin rayonun idarəçiliyinə rayondan olmayan şəxslərin təyin olunmasından narazı idi.
126. Məhkəmənin fikrincə, ərizəçinin məqaləsindən olan yuxarıda qeyd edilən bəndlər mətbuat vasitəsi ilə ictimaiyyətin diqqətinə ərizəçinin çatdırmalı olduğu qanuni olan ictimai maraq kəsb edən məsələ idi. Onun etnik azlığın sıx yaşadığı rayonlarda sosial və iqtisadi vəziyyəti müzakirə etməsi və həmin rayonlarda mümkün siyasi gərginlik barədə fikir ifadə etməsi faktı özü-özündə etnik ədavətə təhrik kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, həmin məlumatlar heç bir nifrət çıxışı əks etdirmirdi və hər hansı yöndə etniklər-arası zorakılıq və ya istənilən etnik qrupu alçaltmırdı, baxmayaraq ki, həmin məlumatlarda bəzi aydın və sancıcı fikirlər var idi, və mərkəzi hakimiyyətin Talış milli azlığı ilə rəftarına dair tənqid müəyyən dərəcədə şişirdilmişdi.
127. Yuxarıdakılara uyğun olaraq, Məhkəmə müəyyən edir ki, terrorizmlə hədələmə və etnik ədavətə təhrik ittihamları ilə yerli məhkəmələr ərizəçinin məhkum edilməsi üçün hər hansı müvafiq əsas gətirə bilməyiblər.
128. Məhkəmə həmçinin hesab edir ki, hazırkı işdə müdaxilənin ağırlığı ərizəçi üzərinə qoyulmuş cəzaların ağırlığı ilə daha da kəskinləşir. Konkret olaraq, o, terrorizmlə hədələmə maddəsi ilə 8 il, etnik ədavətə təhrik etmək üçün 3 il azadlıqdan məhrum edilmişdir və cəzalar birləşdirilərək ona 8 il 6 ay həbs müddəti verilmişdi. İşin halları ərizəçini azadlıqdan məhrum etmək üçün əsas göstərmir. Məhkəmə hesab edir ki, həm ərizəçinin məhkum olması, həm də verilmiş ağır sanksiya Azərbaycanda jurnalistin fikri ifadə etmək azadlığına qorxutma effekti nümayiş etdirmək və mətbuatı ictimai maraq kəsb edən məsələlərin açıq müzakirə etməsindən çəkindirmək iqtidarında idi.
129. Nəticə etibarı ilə, Məhkəmə hesab edir ki, ictimai maraq kəsb edən məsələlərə dair debatlara məhdudiyyət qoyması məsələsində yerli məhkəmələr qiymətləndirmə sərbəstliyinin hədlərini aşmışdı. Ərizəçinin məhkum edilməsi “təxirəsalınmaz sosial ehtiyac” tələbinə cavab vermirdi və istənilən qanuni məqsədə kobud şəkildə qeyri-mütənasib idi. Belə çıxır ki, müdaxilə “demokratik cəmiyyətdə zəruri” deyildi.
130. Bu nəticəyə gələrək, Məhkəmə hesab edir ki, ərizəçinin vergi ilə əlaqədar qanun pozuntusuna görə məhkum edilməsinin fikri ifadə etmək azadlığına müdaxilə ilə əlaqəli olmasını qiymətləndirməyə lüzum yoxdur.
131. Beləliklə ərizəçinin ikinci cinayət məhkumluğu məsələsində Konvensiyanın 10-cu maddəsinin pozulması təsdir olunmuşdur.
II. KONVENSIYANIN 6-CI MADDƏSININ 1-CI BƏNDININ GÜMAN EDILƏN POZUNTULARI
132. İlk əvvəl ərizəçi şikayət edirdi ki, birinci cinayət işində o, qərəzsiz məhkəmə tərəfindən ədalətli məhkəmə dinlənilməsi ilə təmin edilməyib, çünki cinayət işinə baxan Hakim İ.İsmayılov əvvəllər ona qarşı qaldırılan mülki iddiaya baxan hakim olub. Ikincisi, o şikayət edirdi ki, o, “qanun əsasında yaradılan məhkəmə” tərəfindən mühakimə edilməyib, çünki Yasamal Rayon Məhkəməsinin hakimlərinin səlahiyyət müddəti onun işindən əvvəl başa çatmışdı və hər iki cinayət işində yerli məhkəmələr icra hakimiyyətindən müstəqil deyildilər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir:
Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.
A. “Qərəzsiz məhkəmə”
1. Tərəflərin arqumentləri
133. Hökumətin arqumentində qeyd edilirdi ki, mülki işə baxmış hakimin sonradan eyni şəxsə qarşı cinayət işinə də baxması faktı özü-özündə hakimin müstəqil və ya qərəzsiz olmasına təsadüf etmir.
134. Ərizəçi iddia edirdi ki, ona qarşı mülki işə baxan hakim sonradan eyni iddialar üzrə cinayət işinə qiymət verərkən qərəzsiz mövqe tuta bilməz. Ərizəçi qeyd etdi ki, cinayət işində Hakim İsmayılov mütəmadi olaraq onun “qanuni vəsatətlərini” rədd etmiş və xüsusi ittihamçıların mövqeyini “bütün mümkün vasitə ilə müdafiə etmişdi”.
2. Məhkəmənin qiymətləndirməsi
135. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi baxımından açıqcasına əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayət digər əsaslarla da qəbul edilən sayılmaya bilməz. Bu səbəbdən o qəbul edilən hesab edilməlidir.
136. Məhkəmə təkrar edir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğunu subyektiv test əsasında, yəni işdə konkret hakimin şəxsi inancının əsasında və hər hansı leqitim şübhəni istisna etmək üçün hakimin konkret işdə yetərli təminatları təklif edib-etməməsində əmin olmağa imkan verən obyektiv testin əsasında müəyyən edilməlidir (bax Fey v. Austria, 24 fevral 1993, § 28, Series A no. 255-A). Subyektiv testə gəldikdə, hakimin şəxsi qərəzsizliyi əks halın sübuta yetirilməsinə qədər ehtimal edilməlidir (bax Hauschildt v. Denmark, 24 may 1989, § 47, Series A no. 154). Ərizəçinin vəsatətlərinin hamısının və ya çoxunun hakim tərəfindən rədd edilməsi faktı belə sübutu yaratmır. Müvafiq olaraq hazırkı işdə obyektiv testi tətbiq etmək zərurəti var.
137. Obyektiv testə uyğun olaraq, hakimin qərəzsizliyinə dair şübhə yaradan təsdiq oluna bilən faktların olub-olması müəyyən edilməlidir (hakimin fərdi davranışından başqa). Bu baxımdan hətta xarici görünüş də müəyyən qədər vacib ola bilər. Əsas məsələ demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və xüsusən də təqsirləndirilən şəxsdə inam qazanmasıdır. Bu nəzərdə tutur ki, müəyyən işdə konkret hakimin qərəzsiz olmasından qorxmaq üçün leqitim əsasın olub-olmamasına dair qərar verərkən təqsirləndirilən şəxsin mövqeyi vacibdir, amma həlledici deyil. Həlledici olan bu qorxunun obyektiv olaraq haqq qazandırıla bilən olmasının müəyyən edilməsidir (bax Fey, yuxarıda, § 30).
138. Məhkəmə qeyd edir ki, digər məsələlərlə yanaşı mülki hüquqda məsuliyyətin xarakteri cinayət hüququndakından fərqlidir, mülki və cinayət işlərində sübutetmə müxtəlif şəkildə tətbiq edilir, cinayət məhkumluğu eyni faktlar əsasında mülki məsuliyyətin qarşısını almır və əksinə, mülki öhdəliyin olması heç də həmişə cinayət hüququ ilə günahın təsdiq edilməsi ilə nəticələnmir. Bu səbəblərə görə, Məhkəmə hesab edir ki, eyni hakimin eyni faktlardan irəli gələn həm mülki, həm də cinayət məsuliyyəti məsələlərinin araşdırması heç də hakimin qərəzsizliyinə işarə etmir. Buna baxmayaraq, Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hakimin qərəzsiz olmasına dair qorxusuna obyektiv olaraq haqq qazandırmaq üçün işin hər bir xüsusiyyətlərinə baxmaq lazımdır (bax Hauschildt, yuxarıda, § 49).
139. Məhkəmə hesab edir ki, hazırkı işin konkret xüsusiyyətlərinə qiymət verərkən, diqqət sözügedən işin fərdlərin güman edilən təhqiri ilə əlaqəli olmasına yönəldilməlidir. İşin bu halını nəzərə alaraq, cinayət və mülki məsuliyyətin eyni faktlardan irəli gələn situasiyalar ilə hazırkı işi müqayisə etmək olmaz. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin hakimin qərəzsiz olmasına dair qorxusu o fakta əsaslanırdı ki, Hakim İsmayılov onun mülki və cinayət məsuliyyətini eyni vaxta deyil, iki müxtəlif proseslərdə müəyyən edirdi və mülki işə cinayətdən qabaq baxılırdı. Məhkəmə qeyd edir ki, hər iki iş ərizəçi tərəfindən edilən güman olunan eyni təhqiramiz bəyanatlar ilə əlaqədar idi. Birinci işdə xanım Çaladze iddiaçı idi, ikinci işdə o, xüsusi ittihamçı kimi bir neçə Xocalı qaçqınının nümayəndəsi idi. Hər iki işdə o, eyni arqumentləri vermişdi. Hər iki işdə ərizəçinin difamasiyaya görə istər mülki, istərsə də cinayət qanunu ilə günahkar olmasını müəyyən etmək üçün hakim, digər məsələlərlə yanaşı, ərizəçinin bəyanatlarının “yanlış” (və ya sübuta yetirilməyən) olmasını və, beləliklə, Xocalı hadisələrində sağ qalanların ləyaqətini alçaltmasını özü üçün müəyyən etməli idi. Bunu edərkən, hakim sübut üçün əhəmiyyətli olan eyni materiallara qiymət verməli idi. Defamasiya ilə əlaqəli cinayət qanununa uyğun olaraq, hakim ərizəçinin “bilərəkdən” defamasiya xarakterli bəyanatları yaymasını müəyyən etməklə əlavə olaraq cinayət niyyəti elementini də müəyyən etməli idi (bax yuxarıda bənd 47). Buna baxmayaraq, Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı mülki iş üzrə qərar çıxardıqdan sonra, hakim artıq ərizəçinin bəyanatlarına dair qiymət vermiş olur və bəyanatların Xocalı hadisələrində sağ qalmış şəxslərin ləyaqətini alçaldan yanlış məlumat olmasına dair qənaətə gəlir. Belə olan halda, ərizəçinin sonradan defamasiyaya görə cinayət qanunu ilə mühakimə edilməsi şəraitində, ərizəçi tərəfindən edilməsi iddia olunan defamasiya xarakterli bəyanatlara dair öz fikrini artıq ifadə etmiş hakimin qərəzsizliyinin zahiri görünüşünə dair şübhələr yarana bilər. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, hazırkı işin xüsusiyyətlərini nəzərə alaraq, ərizəçinin hakimin qərəzsiz olmasına dair qorxusunu obyektiv olaraq haqq qazandırılmış hesab etmək olar.
140. Buna görə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
B. “Qanun əsasında yaradılmış ... müstəqil məhkəmə”
1. Tərəflərin arqumentləri
141. Hökumət qeyd edir ki, Hakim İsmayılov 2 sentyabr 2000-ci ildə beş il müddətinə təyin edilmişdir. Həmin müddətdə qüvvədə olan Məhkəmələr və Hakimlər haqqında Qanuna uyğun olaraq, onun müddəti 3 sentyabr 2005-ci ildə başa çatırdı. Lakin, 28 dekabr 2004-cü il tarixli 817-IIQD saylı Qanun (hansı ki 30 yanvar 2005-ci ildə qüvvəyə minib) Məhkəmələr və Hakimlər haqqında Qanuna dəyişiklik edib və, digər məsələlərlə yanaşı, hakimlərin seçilməsi və təyin edilməsi prosedurunu tənzimləyən müddəaları, və həmçinin onların səlahiyyət müddəti ilə bağlı müddəaları özündə ehtiva edib. 817-IIQD saylı Qanunun Keçid Müddəalarına əsasən, 1 yanvar 2005-ci il tarixə qədər təyin edilmiş bütün hakimlərin səlahiyyət müddəti Məhkəmələr və Hakimlər haqqında Qanuna uyğun olaraq, müvafiq məhkəmələrə yeni hakimlərin təyin olunmasına qədər uzadılır. Yasamal Rayon Məhkəməsinə yeni hakimlər 28 iyul 2007-ci il tarixdə təyin olunmuşdurlar. Həmin günə qədər məhkəmənin köhnə hakimləri, Hakim İsmayilov daxil, 817-IIQD saylı Qanuna müvafiq olaraq öz səlahiyyətlərini icra etməkdə davam edirdilər. Bu səbəbdən, ərizəçinin işinə “qanun əsasında yaradılmış məhkəmə” tərəfindən baxılmışdır.
142. Nəhayət, Hökumət qeyd edirdi ki, ərizəçinin yerli məhkəmələrin qərəzsizlik və müstəqil olmamalarına dair ittihamları əsassız idi.
143. Ərizəçi öz şikayətlərini təkrar etdi. O, həmçinin 817-IIQD saylı Qanunun “keyfiyyəti”ni də mübahisələndirdi. O, qeyd etdi ki, Məhkəmə-Hüquq Şurasına hakimlərin seçilməsi prosesində geniş səlahiyyət verən Məhkəmə-Hüquq Şurası haqqında yeni qanunla birlikdə 817-IIQD saylı Qanunun Keçid Müddəaları hakimləri “Məhkəmə-Hüquq Şurasından tam asılı” vəziyyətə salıb, çünki onların yenidən təyin olunması axırıncıdan asılı idi.
2. Məhkəmənin qiymətləndirməsi
144. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsindəki “qanun əsasında yaradılmış” termininin məqsədi “demokratik cəmiyyətdə məhkəmə orqanlarının icra hakimiyyətinin qərarından deyil, Parlamentin təsdiq etdiyi qanundan asılı olmasına” əmin olmaqdır (bax Gurov v. Moldova, no. 36455/02, § 34, 11 iyul 2006). “Qanun əsasında yaradılmış” termini yalnız “məhkəmənin” mövcudluğunun hüququ bazasını əhatə etmir, həmçinin hər konkret işdə hakim heyətinin tərkibini də nəzərdə tutur (bax Posokhov v. Russia, no. 63486/00, § 39, ECHR 2003-IV).
145. Məhkəmə qeyd edir ki, hazırkı işdə, 817-IIQD saylı Qanun digər məsələlərlə yanaşı hakimlərin təyinatı prosedurunu və onların səlahiyyət müddətini tənzimləyən daxili qanunvericiliyə əlavələr etmişdi. Islahat olunmuş sistemə keçid müddəti ərzində və yeni təyinat prosedurlarının yekunlaşdırılmasını gözləyərək, 1 yanvar 2005-ci il tarixə qədər təyin edilmiş bütün hakimlərin səlahiyyət müddəti 817-IIQD saylı Qanunun Keçid Müddəaları ilə göründüyü kimi məhkəmə sisteminin fasiləsiz fəaliyyətini təmin etmək üçün uzadılmışdı. Beləliklə, Hakim İsmayılovun səlahiyyət müddəti parlament tərəfindən islahatdan qabaqkı qanuna uyğun olaraq bitməsindən əvvəl qəbul edilmiş qanunla uzadılmışdı və ərizəçinin dediyinə əks olaraq, ərizəçinin Yasamal Rayon Məhkəməsində işinə baxıldığından çox daha sonra - 28 iyul 2007-ci ilə qədər onun səlahiyyəti bitməmişdi. Müvafiq olaraq, Hakim İsmayılovun səlahiyyət müddətinin uzadılması hakimlərin təyinatına və müddətinə dair yeni qaydalara keçidlə zəruriləşdirildiyini, hakimin ilkin təyinatının Məhkəmələr və Hakimlər haqqında qanuna uyğun olaraq edilməsini (Posokhov-un yuxarıda qeyd edilən işindən fərqli olaraq, § 43, və Fedotova v. Russia, no. 73225/01, §§ 41-42, 13 aprel 2006) və onun səlahiyyət müddətinin Parlamentin qəbul etdiyi qərarla uzadılmasını (Gurov-un yuxarıda qeyd edilən işindən fərqli olaraq, § 37) nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi “qanun əsasında yaradılmış məhkəmə” tərəfindən mühakimə edilmişdi.
146. Hakimlərin səlahiyyət müddətinin qeyri-müəyyən “keçid” vaxta uzadılmasının onların müstəqilliyinin həmin müddətdə icra orqanı ilə münasibətdə (hansının ki, üzvləri hakimliyə namizədlərin seçilməsi vəzifəsini daşıyan Məhkəmə-Hüquq Şurasının tərkibini təşkil edirdi) risk altına atılmasına dair ərizəçinin iddialarına gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçinin dediyinə görə bəzi səlahiyyətli şəxslər (onları ərizəçi dəqiq müəyyən edə bilmədi) onun məhkum olunmasında maraqlı idilər və ona görə də, 817-IIQD saylı Qanunun qəbulu ilə müstəqilliyi ehtimalən risk altına atılan Hakim İsmayılova hədsiz təzyiq göstərmişdilər. Lakin Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı birinci cinayət işi Dövlət tərəfindən deyil, xüsusi ittihamçılar tərəfindən xüsusi ittiham qaydasında qaldırılmışdı. Hər bir halda, Məhkəmə qeyd edir ki, onun sərəncamında olduğu materiallar yerli hakimiyyət tərəfindən daxili məhkəmələrə hədsiz təzyiqin edilməsi kimi ərizəçinin iddiasını dəstəkləyən yetərli sübutlar mövcud deyil. Eyni olaraq, daxili məhkəmələrin ikinci cinayət işində də, ehtimalən müstəqil olmamasını təsdiq edən sübutlar yetərli deyil.
147. Məhkəmə hesab edir ki, ərizənin bu hissəsi açıqcasına əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bədlərə uyğun olaraq rədd edilməlidir.
III. KONVENSIYANIN 6-CI MADDƏSININ 2-CI BƏNDININ GÜMAN EDILƏN POZULMASI HAQQINDA
148. Ərizəçi şikayət edirdi ki, 31 may 2007-ci il tarixdə Baş Prokurorun mətbuata verdiyi bəyanatı (bax yuxarıda 36 və 37-ci bəndlər), onun Konvensiyanın 6-ci maddəsinin 2-ci bəndi ilə təmin edilən təqsirsizlik prezumpsiyası hüququnun pozulması həddinə çatmışdır. Bu bənddə deyilir:
“Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.”
A. Qəbuledilənlilik məsələsi
1. Tərəflərin arqumentləri
149. Hökumət qeyd etmişdir ki, ərizəçi bu şikayət baxımından bütün mümkün daxili vasitələri tükətməyibdir. Birincisi, CPM-in 449-451-ci maddələrinə uyğun olaraq, ərizəçi “prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından” şikayəti nəzarəti həyata keçirən məhkəməyə təqdim edə bilərdi, və məhkəmə Baş Prokurorun mətbuatdakı bəyanatlarını mübahisələndirərdi. İkincisi, ərizəçi təqsirsizlik prezumpsiyasının pozulmasını Cinayət Məcəlləsinin 147-ci maddəsi və ya CPM-in 27-ci Fəsli ilə məhkəmə qarşısına müstəqil məhkəmə iddiası kimi təqdim edə bilərdi.
150. Hökumətin sadaladığı vasitələri Ərizəçi səmərəli olmayan adlandırdı.
2. Məhkəmənin qiymətləndirməsi
151. Məhkəmə təkrar edir ki, Konvensiyanın 35-ci maddənin 1-ci bəndindəki daxili vasitələr qaydası Tərəfdar Dövlətə güman edilən pozuntuların Məhkəməyə qədər qarşısını almağa imkan verir. Lakin yalnız o vasitələri tükətmək lazımdır, hansı ki, güman edilən pozuntulara aiddir və, eyni zamanda, əlçatan və yetərlidir. Belə vasitələrin mövcudluğu, tək nəzəriyyədə deyil, həmçinin təcrübədə yetərincə aşkar olmalıdır və bu olmadıqda həmin vasitələr əlçatmaz və səmərəsiz olurlar; bu şərtlərin təmin olunmasını sübut etmək cavabdeh Dövlətin üzərinə düşür (bax Vernillo v. France, 20 fevral 1991, § 27, Series A no. 198). Daxili vasitələri tükətmə qaydası müəyyən sərbəstlik dərəcəsi ilə tətbiq edilməlidir və hədsiz formallığa məruz qalmamalıdır. Bu qayda nə mütləq, nə də avtomatik icra edilə biləndir. Ona riayyət olunmasını yoxlamaq üçün konkret işin hallarına nəzər salmaq vacibdir. Bu o deməkdir ki, digər məsələlərlə yanaşı, Məhkəmə sözü gedən Tərəfdar Dövlətin hüquq sistemində yalnız formal vasitələrin mövcudluğunu deyil, həm də onların fəaliyyət göstərdiyi ümumi şəraiti və ərizəçinin şəxsi vəziyyətini də praktik olaraq nəzərə almalıdır (bax Akdivar and Others v. Turkey, 16 sentyabr 1996, § 69, Reports 1996-IV).
152. Ərizəçinin CPM-in 449-451-ci maddələrdə göstərilən prosedurdlardan bəhrələnmədiyinə dair Hökumətin arqumentinə gəldikdə, Məhkəmə qeyd edir ki, həmin müddəalar prokurorun “prosessual hərəkətləri və ya qərarları”na dair şikayət vermək imkanına aiddir. Hazırkı işdə, mühabusələndirilən bəyanatlar Baş Prokuror tərəfindən cinayət işinin özündə deyil, mətbuata bəyanat formasında edilmişdi. Buna görə də müvafiq cinayət işinin gedişatında mətbuata verilən bu bəyanatın “prosesual hərəkət” və ya “prosesual qərar” təşkil etməsini Məhkəmə qəbul etmir, və Hökumət hər hansı bir sübutla (məsələn, oxşar işlərdə məhkəmə qərarı ilə) bu hərəkətlərin CPM-in 449-451-ci maddələri mənasında tövsif edilməsini təsdiqləməyib.
153. Eyni ilə, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə ərizəçinin Baş Prokurora qarşı defamasiyaya görə cinayət işi və ya hüquq və azadlıqlarının pozulmasına dair ayrıca mülki iddia qaldırmamadığına dair də Hökumətin arqumentini Məhkəmə qəbul etmir. Məhkəmə qeyd edir ki, hazırkı işdə, Baş Prokurorun bəyanatlarına dair ərizəçi birinci və yuxarı instansiya məhkəmələrinə müraciət edib və Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndindəki hüquqlarının pozulduğunu iddia edib. Konvensiya əsasında onun verdiyi şikayətlər rədd edilmişdir. Bu baxımdan, Məhkəmə təkrar edir ki, redresin (pozulmuş hüququn bərpası, tərc.) bir neçə yolu mümkün olduqda, şəxsdən əl atdığı bir yoldan başqa digərinə də əl atması tələb olunmur. İşin hallarına ən münasib olan hüquq vasitəsini ərizəçi özü seçməlidir (bax, digər qərarlarla yanaşı, Airey v. Ireland, 9 oktyabr 1979, § 23, Series A no. 32, və Boicenco v. Moldova, no. 41088/05, § 80, 11 iyul 2006). Hökumət hazırkı işdə ərizəçinin istifadə etdiyi redres vasitəsinin – ona qarşı cinayət ittihamını müəyyən etməli olan məhkəmə qarşısında təqsirsizlik prezumsiyası məsələsinin qaldırılmasının səmərəliyini mübahisələndirmədi. Hətta ehtimal edilsə ki, Hökumətin təklif etdiyi hüquq vasitələri adekvat redresi təmin etmək iqtidarında idi, Məhkəmə hesab edir ki, sözügedən cinayət işində təqsirsizlik prezumsiyası məsələsini qaldıran ərizəçidən cinayət qanunu əsasında və ya mülki qaydada ayrıca defamasiya iddiasını qaldırmaqla hüquqlarının bərpasına yeni bir cəhd etməsini tələb etmək düzgün deyil (bax, mutatis mutandis, Hajibeyli v. Azerbaijan, no. 16528/05, § 43, 10 iyul 2008).
154. Bu səbəblərə görə Məhkəmə Hökumətin daxili vasitələrin tükənməməsinə dair etirazını rədd edir.
155. Bundan başqa, Məhkəmə qeyd edir ki, 6-cı maddənin 2-ci bəndi “ona qarşı cinayət ittihamı irəli sürülən” şəxslərə aiddir. Baş Prokurorun 31 may 2007-ci il tarixli müsabiqəsi verildiyi zaman Cinayət Məcəlləsinin 214.1-ci maddəsi ilə artıq MTN tərəfindən 16 may 2007-ci il tarixdə cinayət işi başlanılmışdı, və ərizəçi onu həbsdə saxlamaq haqqında Səbail Rayon Məhkəməsinin qərarını gözləyərək, 29 may 2007-ci il tarixdə MTN-in təcridxanasına köçürülmüşdür. Ərizəçiyə 3 iyul 2007-ci ilədək rəsmi ittiham edilmədiyinə baxmayaq, onun MTN təcridxanasına köçürülməsi faktı 16 may 2007-ci ildə MTN-in istintaq idarəsi tərəfindən başlanmış istintaqın bir hissəsini təşkil edib, onu 6-cı maddənin 2-ci bəndi mənasında “ona qarşı cinayət ittihamı irəli sürülən” şəxslərə aid etmişdi. Baş Prokurorun MTN-in istintaqı ilə paralel şəkildə edilmiş bəyanatı həmin istintaqın mövcud olması ilə izah edilirdi və onunla birbaşa əlaqəsi var idi (müqayisə et Allenet de Ribemont v. France, 10 fevral 1995, § 37, Series A no. 308). Buna görə də, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi hazırkı işdə tətbiq edilir.
156. Məhkəmə daha sonra qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi baxımından aşkar əsassız deyil və digər əsaslarla da qəbul edilən sayılmaya bilməz. Bu səbəbdən o, qəbul edilən hesab edilməlidir.
B. Mahiyyəti üzrə
1. Tərəflərin arqumentləri
157. Hökumət qeyd etdi ki, Konvensiyanın 6-cı maddəsinin 2-i bəndi bütün sərbəstliyi və ehtiyatlılığı ilə dövlət orqanlarına davam edən cinayət istintaqı barədə ictimaiyyətə məlumat verməkdən çəkindirə bilməz. Hökumət qeyd edirdi ki, ərizəçinin təqsirsizlik prezumpsiyası hazırkı işdə pozulmamışdır. Hökumət qeyd etdi ki, Baş Prokurorun sözləri ərizəçini cinayətkar kimi qələmə vermirdi. Baş Prokuror sadəcə cinayət işinin qaldırılması üçün səbəbləri açıqladı və istintaqın davam etdiyini ictimaiyyətə bildirdi.
158. Ərizəçi şikayətini təkrarladı.
2. Məhkəmənin qiymətləndirməsi
159. Məhkəmə təkrar edir ki, 6-cı maddənin 2-ci bəndi öz müvafiq hissəsində proseslə əlaqəli zərər verə bilən bəyanatların ədalətli cinayət mühakiməsinin zəiflətməsinin qarşısını almağa yönəlib. 6-cı maddənin 2-ci bəndində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası 1-c bəndində təsvir edilən ədalətli cinayət prosesinin elementlərindən biridir (bax Allenet de Ribemont, mənbə yuxarıda qeyd edilir, § 35). Təqsirsizlik prezumpsiyası “ona qarşı cinayət ittihamı irəli sürülən” şəxslərin qanuna müvafiq şəkildə günahı sübuta yetirilənə qədər günahkar olması fikrini ancaq məhkəmə tərəfindən ifadə etməsini qadağan etmir (bax Minelli v. Switzerland, 25 mart 1983, § 38, Series A no. 62), həmçinin digər dövlət məmurları tərəfindən davam edən cinayət istintaqı barədə etdikləri bəyanatlara da şamil edilir – hansı ki, ictimaiyyəti şübhəli şəxsin günahkar olmasına inandırır və səlahiyyətli məhkəmə orqanı tərəfindən faktların qiymətləndirilməsinə qabaqcadan təsir edir (bax Allenet de Ribemont, mənbə yuxarıda qeyd edilir, § 41, və Daktaras v. Lithuania, no. 42095/98, §§ 41-43, ECHR 2000-X). Məhkəmə vurğulayır ki, 6-cı maddənin 2-ci bəndi davam edən cinayət istintaqı barədə ictimaiyyəti məlumatlandırmaqdan çəkindirmir, lakin o bunu təqsirsizlik prezumpsiyasına hörmətlə yanaşılması üçün sərbəstlik və ehtiyatlılıq şərtlərinə uyğun olaraq edilməsini tələb edir (bax Allenet de Ribemont, mənbə yuxarıda qeyd edilir, § 38).
160. Məhkəmənin yanaşması həmişə belə olmuşdu ki, təqsirsizlik prezumpsiyası o halda pozulur ki, məhkəmə qərarı və ya dövlət məmurunun fikri cinayət əməlində ittiham olunan şəxsin qanuna müvafiq şəkildə günahı sübuta yetirilənə qədər günahkar olmasını göstərsin. Hər hansı formal sübutun olmadığı təqdirdə belə məhkəmənin və ya məmurun təqsirləndirilən şəxsi günahkar adlandırılmasına dair hər hansı əsaslandırmanın olması belə kifayət edir. Əsas fərq kiminsə cinayət törətməkdə şübhəli olmasına dair bəyanat ilə, son hökm olmadığı halda şəxsin sözügedən cinayətin törətməsini qeyd edən aşkar bəyanatdadır. Məhkəmə həmişə dövlət rəsmilərinin öz bəyanatlarında söz seçiminin vacibliyini vurğulamışdır – xüsusən də şəxs konkret cinayəti törətməyə görə məhkum olunmayıbsa, və onun günahı təsdiq olunmayıbsa (bax Khuzhin and Others v. Russia, no. 13470/02, § 94, 23 oktyabr 2008, daha sonra da istifadə ediləcək). Dövlət məmurunun bəyanatının təqsirsizlik prezumpsiyasnının pozulması olub-olmamasını müəyyən etmək üçün mübahisələndirilən bəyanata edildiyi konkret hallar kontekstindən baxmaq lazımdır (bax Butkevičius v. Lithuania, no. 48297/99, § 49, ECHR 2002-II).
161. Məhkəmə qeyd edir ki, hazırkı işdə mübahisələndirilən bəyanat Baş Prokuror tərəfindən cinayət işinin özündə yox, mətbuata müstəqil qaydada müsahibəsində verilmişdir. Məhkəmə qəbul edir ki, ərizəçinin tanınmış jurnalist olması faktı Baş Prokuror da daxil olmaqla, dövlət məmurlarından güman edilən cinayətlə bağlı ictimaiyyəti məlumatlandırmağı və cinayət işini təmin etməyi tələb edirdi. Lakin bu hal rəsmilərin öz bəyanatlarında söz seçimi edərkən ehtiyatsız davranmalarına haqq qazandırmır. Bundan başqa, hazırkı işdə sözügedən bəyanat cinayət işinin başlanmasından cəmi bir neçə gün sonra edilmişdir. Bu ilkin mərhələdə - hətta ərizəçinin rəsmi qaydada ittiham edilməsindən qabaq, yüksək rütbəli dövlət rəsmisinin fikri ilə ərizəçinin günahını təsdiq etmək kimi şərh edə bilən hər hansı ittihamları etməmək xüsusi ilə önəmli idi.
162. Baş Prokurorun bəyanatı ən azı iki tanınmış media orqanında demək olar ki, söz-bə-söz çatdırılmışdır. Doğrudur, bəyanat çox qısa idi və onun məqsədi ərizəçiyə qarşı açılan cinayət işinin faktlarına və səbəblərinə dair ictimaiyyəti məlumatlandırmaq idi. Buna baxmayaraq, məlumatda o, birmənalı olaraq bəyan etdi ki, ərizəçinin qəzetdə çap edilən məqaləsində “həqiqətən terrorizm ilə hədələmə var idi”. Bundan başqa, ərizəçinin məqaləsinin məzmununa dair qısa izahat verdikdən sonra, Baş Prokuror daha bir bəyanat verdi ki, “bu məlumat terrorizm ilə hədələmə cinayətini təşkil edir”. Baş Prokuror yüksək vəzifə tutduğuna görə, davam edən cinayət işini təsvir etmək üçün öz söz seçimində xüsusi ilə diqqətli olmalı idi. Məhkəmə hesab edir ki, hər hansı bir tövsif və ya qeyri şərtsiz edilən bu ifadələr ərizəçinin terrorizmlə hədələmə cinayəti törətməsinin bəyan edilməsi həddinə çatırdı. Beləliklə, bu ifadələr səlahiyyətli məhkəmə orqanında bu faktların qiymətləndirməsində fikir formalaşdırıb və ərizəçinin günahı qanuna uyğun olaraq təsdiqini tapmaqdan əvvəl ictimaiyyəti onun günahkar olmasında inandırıb.
163. Müvafiq olaraq Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi pozulmuşdur.
IV. KONVENSIYANIN GÜMAN EDILƏN DIGƏR POZULMASI HALLARI HAQQINDA
A. Konvensiyanın 3-cü maddəsi
164. Ərizəçi onun məhkəməyə qədər saxlanması şəraitindən şikayət edirdi. Xüsusi ilə, o, iddia edirdi ki, 1 saylı Təcridxanada saxlanıldığı müddətdə ona qəzet və jurnallar almağa icazə verilmirdi. Kamerasından dindirmə və ya digər məqsədlər üçün çıxarılanda onun əllərini qandallayırdılar və axtarış aparırdılar. MTN-in təcridxanasına köçürüldükdən sonra onun saxlama şəraitinə gəldikdə, o, iddia edirdi ki, ona yaxınları ilə görüşmək icazə verilmirdi və o, 8 kv.m olan kamerada tək saxlanılırdı və bu kamera pis havalanırdı və orada işıq gecə və gündüz yanılı qalırdı. Ona isti su ilə çimmək üçün həftədə bir dəfə icazə verilirdi və öz alt paltarını özü yumalı olurdu və bunun üçün o, kameradakı soyuq sudan istifadə etməli idi.
165. Hətta ehtimal etsək ki, ərizəçidə saxlama şəraitinə dair şikayət etmək üçün səmərəli vasitələr mövcud idi və o, onları keçmişdi, Məhkəmə hesab edir ki, ərizəçinin təsvir etdiyi saxlama şəraitləri Konvensiyanın 3-cü maddəsi ilə tələb olunan pis rəftarın minimal ağırlıq həddinə çatmır. Məhkəmə belə qərara gəlir ki, bu şikayət açıqcasına əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
B. Konvensiyanın 5-ci maddəsi
166. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1(c), 3 və 4-cü bəndlərini rəhbər tutaraq, Səbail Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli ikinci cinayət ittihamı üzrə çıxardığı onu həbsdə saxlamaq barədə qərarından şikayət edirdi. Xüsusən, o, şikayət edirdi ki, cinayət törətdiyinə dair hər hansı ağlabatan şübhə yox idi və yerli məhkəmələr onun həbdsdə saxlanılması üçün yetərli əsaslar gətirə bilməmişdi.
167. Məhkəmə qeyd edir ki, Səbail Rayon Məhkəməsinin həbs barədə 3 iyul 2007-ci il tarixli qərarına qədər, ərizəçi artıq məhkum edilmişdi və birinci cinayət ittihamı üzrə 20 aprel 2007-ci il tarixdə məhkum olunmuşdu. Həmin hökm Apelyasiya Məhkəməsinin 6 iyun 2007-ci il qərarı ilə qüvvədə saxlanılmışdı, və ikinci cinayət ittihamı üzrə 3 iyul 2007-ci ildə həbs qərarı verilərkən, həmin hökm üzrə kassasiya şikayəti Ali Məhkəmədə baxılmaqda idi. Bu baxımdan Məhkəmə qeyd edir ki, məhkəməyədək həbsin müddətini müəyyən edərkən, nəzərə alınmalı olan müddət şübhələndirilən şəxsin təcridxanaya aparıldığı gündən başlayır və ittihamın müəyyən edildiyi gün başa çatır – hətta birinci instansiya məhkəməsi tərəfindən olsada (bax, misal üçün, Hummatov v. Azerbaijan (qərar), nos. 9852/03 və 13413/04, 18 may 2006). Hazırkı işdə ərizəçiyə qarşı birinci cinayət işi üzrə cinayət ittihamı 20 aprel 2007-ci il tarixdə müəyyən edilmişdir, və həmin gündən o, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulduğu kimi “məhkəmə tərəfindən məhkum olunduqdan sonra” həbs edilmişdi. Hər hansı bir səbəbdən ərizəçinin ikinci cinayət işi üzrə “məhkəməyədək” həbs edilməsi barədə qərarı birinci cinayət işində məhkum edilməsindən sonra verilirsə, ərizəçinin həmin müddətdən sonrakı vaxtda həbs edilməsinə dair Konvensiyanın 5-c maddəsinin 1(c) və 3-cü bəndləri ilə məsələ yaranmır, çünki ərizəçinin həmin müddətdə həbsi üçün artıq “digər” qanunu əsas var idi. Məhkəmə qeyd edir ki, hazırkı işdə 5-ci maddənin 4-cü bəndi ilə də məsələ yaranmır.
168. Məhkəmə belə qərara gəlir ki, bu şikayət açıqcasına əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
C. Digər şikayətlər
169. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3(a) bəndi ilə şikayət edirdi ki, ikinci cinayət işində ona qarşı irəli sürülmüş ittihamın xarakteri və səbəbi barədə o, dərhal məlumatlandırılmamışdı. O, həmçinin 7-ci maddə ilə də şikayət edirdi ki, hər iki cinayət işində onun məhkum edildiyi əməllərin heç biri cinayət sayılmırdı. Nəhayət, Konvensiyanın 8-ci maddəsi ilə o şikayət edirdi ki, onun mənzilində və qəzetin ofisində 22 may 2007-ci il tarixdə aparılan axtarışlar onun mənzilə hörmət hüququnu pozmuşdur.
170. Əlində olan bütün materiallara əsaslanaraq, və şikayət edilən məsələlərin öz səlahiyyətinə aid olan hissəsində, Məhkəmə müəyyən edir ki, bu şikayətlər Konvensiya və ya onun Protokolları ilə müəyyən edilən hüquq və azadlıqların pozulmasına dair hər hansı hal nümayiş etdirmir. Məhkəmə belə qərara gəlir ki, bu şikayət açıqcasına əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
V. KONVENSIYANIN 46 VƏ 41-CI MADDƏLƏRININ TƏTBIQI HAQQINDA
A. Konvensiyanın 46-cı maddəsi
171. Konvensiyanın 46-cı maddəsində deyilir:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.”
172. Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq, qərarların icrası kontekstində, Konvensiyanın pozulması faktını təsvir edilən Məhkəmənin qərarı cavabdeh Dövlət üzərinə hüquqi öhdəlik qoyur ki, o, hüquq pozuntusuna son qoysun və pozuntunun fəsadlarına görə elə təzminat versin ki, hüquq pozuntusundan qabaq olan vəziyyəti mümkün olduğu qədər bərpa etsin. Digər tərəfdən, əgər pozuntunun fəsadlarına görə yerli qanunlar təzminatın verilməsinə icazə vermirsə və ya qismən icazə verirsə, 41-ci maddə zərər çəkmiş tərəfə uyğun olan şəkildə zərərin ödənilməsi səlahiyyətini Məhkəməyə verir. Digər məsələlərlə yanaşı Məhkəmənin Konvensiyanın və ya onun Protokollarının pozulmasını təsdiq edən qərarı cavabdeh Dövlət üzərinə hüquqi öhdəlik qoyur ki, o, tək əvəzin ədalətli ödənilməsi qaydasında göstərilən məbləğləri müvafiq şəxslərə verməsin, həmçinin Nazirlər Komitəsinin nəzarəti altında daxili hüquq sistemində elə ümumi və/və ya, münasibdirsə, fərdi tədbirlər seçsin ki, Məhkəmə tərəfindən təsdiq edilən hüquq pozuntusuna son qoysun və pozuntunun fəsadları müqabilində elə mümkün təzminatı versin ki, qanun pozuntusundan qabaq mövcud olan vəziyyət bərpa olunsun (bax Maestri v. Italy [GC], no. 39748/98, § 47, ECHR 2004-I; Assanidze v. Georgia [GC], no. 71503/01, § 198, ECHR 2004-II; və Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, § 487, ECHR 2004-VII).
173. Məhkəmə təkrar edir ki, onun qərarları əsasən deklarativ xarakter daşıyır və ümumilikdə müvafiq Dövlət Nazirlər Komitəsinin nəzarəti ilə daxili hüquq sistemində Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirmək üçün vasitə seçməlidir; bu vasitə Məhkəmənin qərarında qeyd edilən nəticələrlə uyğun olmalıdır (bax, digər qərarlarla yanaşı, Öcalan v. Turkey [GC], no. 46221/99, § 210, ECHR 2005-IV; Scozzari and Giunta v. Italy [GC], nos. 39221/98 və 41963/98, § 249, ECHR 2000-VIII); və Brumărescu v. Romania (əvəzin ədalətli ödənilməsi) [GC], no. 28342/95, § 20, ECHR 2001-I). Qərarların icrası üsulunun seçiminə dair sərbəstlik Tərəfdar Dövlətlərin Konvensiya ilə hüquq və azadlıqların təmin edilməsi (maddə 1) kimi əsas öhdəliyi əks etdirər seçim sərbəstliyini əks etdirir (bax Papamichalopoulos and Others v. Greece (Article 50), 31 oktyabr 1995, § 34, Series A no. 330-B).
174. Lakin müstəsna olaraq, cavabdeh Dövlətə 46-cı maddəyə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməkdə kömək etmək məqsədi ilə, Məhkəmə mövcudluğunu təsdiq etdiyi pozuntuya son qoymaq üçün seçilə biləcək vasitənin növünü göstərməyə çalışacaq. Bu halda o, müxtəlif seçimlər təklif edə bilər və konkret vasitəni və onun icrası üsulunu seçmək sərbəstliyini müfaviq Dövlətə həvalə edəcək (bax, misal üçün, Broniowski v. Poland [GC], no. 31443/96, § 194, ECHR 2004-V). Bəzi hallarda pozuntunun xarakteri elə olur ki, onun bərpası üçün tədbir seçimində real seçim olmur və burada Məhkəmə yalnız bir tədbir göstərmək qərarına gələ bilər (bax, misal üçün, Assanidze, mənbə yuxarıda qeyd edilir, § 202).
175. Məhkəmə yuxarıdakı qərarını təkrar edir və bildirir ki, ərizəçinin fikri ifadə etmək azadlığına edilən müdaxilənin hər ikisinə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə haqq qazandıran əsas yox idi. Hər iki işdə azadlıqdan məhrum etmək qərarının verilməsi üçün əsas yox idi. Məhkəmə qeyd edir ki, ərizəçinin (prima facie aidiyyatsız olan) vergi cinayətində də günahkar bilinməsinə baxmayaraq, hazırkı qərarın verildiyi gündə ərizəçi artıq ümumi cəza müddətinin həmin cinayətə aid olan (dörd ay azadlıqdan məhrum etmə) hissəsini çəkmişdi, və, mahiyyətcə, indi o, mətbutla əlaqəli cinayətə görə verilən cəzanı çəkir.
176. Belə halda, Konvensiyanın 10-cu maddəsinin pozulmasına dair yuxarıda təsvir edilən qənaətə əsasən, ərizəçinin hələ də həbsxanada saxlanılması qəbul edilməzdir. Buna görə də, xarakterinə görə, hazırkı işdə mövcud olan vəziyyət ərizəçinin Konvensiya ilə təmin edilən hüquqlarının pozulmasının bərpası üçün vasitə məsələsində hər hansı real seçim qoymur.
177. Bu səbəbdən işin konkret hallarını və Konvensiyanın 10-cu maddəsinin pozulmasına son qoymaq kimi təxirəsalınmaz zərurəti nəzərə alaraq, Məhkəmə hesab edir ki, cavabdeh Dövlət - Konvensiyanın 46-cı maddəsi ilə öz öhdəliklərini yerinə yetirmək üçün vasitələrdən biri kimi, ərizəçinin dərhal azad olunmasını təmin etməlidir.
B. Konvensiyanın 41-ci maddəsi
178. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
1. Ziyan
a) Maddi ziyan
179. Ərizəçi iddia etdi ki, məhkum olunması nəticəsində şəxsən ona məxsus olmuş bir neçə kütləvi informasiya vasitəsini – iki qəzeti, iki İnternet saytını və bir jurnalı bağlamağa məcbur olub. O, bu işə başlamaq üçün yatırdığı ilkin kapitalın əsasında bu biznesin ümumi dəyərini 203.652 avro məbləğində qiymətləndirdi. O, iddia etdi ki, “Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin yeganə təsisçisi olaraq, qəzetlərin nəşr olunmadığı hər il üçün ümumi məbləği ildə 203.136 avro təşkil edən şəxsi mənfəətini itirib. Daha sonra o, qəzet ofislərinə qabaqcadan ödənilmiş 16.568 avro məbləğində icarə haqlarının geri qaytarılmasını tələb etdi, belə ki, məhkum olunduqdan sonra həmin ofislərdən istifadə edə bilməmişdi.
180. Bundan başqa, o, mənzilində və redaksiya ofisində axtarış aparılarkən hakimiyyət orqanları tərəfindən “müsadirə olunduğu” iddia edilən müəyyən mülkiyyətləri ilə, o cümlədən aşağıdakılarla bağlı məruz qaldığı maddi ziyana görə kompensasiya tələb etdi: a) bir neçə “foto arxivi” və digər “jurnalist tədqiqatı materialları” (o, bunları 27.098 avro məbləğində qiymətləndirdi); b) dəyəri 23.000 ABŞ dolları olan kompüter avadanlıqları; və c) redaksiya ofisindən götürülmüş, dəyəri 2.287 avro məbləğində qiymətləndirilən müəyyən mebel avadanlıqları.
181. Nəhayət, ərizəçi, onun iddia etdiyinə görə, ona baş çəkməkdən ötrü həbsxanaya gəlmək üçün, həbsxanadakı yeməyindən əlavə onu ərzaq bağlamaları ilə təmin etmək üçün və onunla telefonla danışmaq üçün valideynlərinin çəkdiyi xərclərə görə 8.146 avro tələb etdi.
182. Hökumət bildirdi ki, ərizəçi yuxarıdakı tələblərindən hər hansı birini sənədlərlə təsdiq edən yetərli sübut təqdim etməyib, yaxud öz kütləvi informasiya vasitələrinin dəyərini hansı metodla qiymətləndirdiyini və hesabladığı digər rəqəmləri hansı üsulla aldığını izah etməyib. O, həmçinin bildirdi ki, ərizəçi hər hansı mülkiyyətinin müsadirə edildiyinə dair hər hansı sübut təqdim etməyib; bunun əvəzinə o, yalnız axtarış sənədini və işçilərindən birinin iki kompüteri istintaq məqsədləri üçün hakimiyyət orqanlarına verdiyini təsdiq edən sənədi təqdim edib.
183. Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda Məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.
184. Bağlamağa məcbur olduğu kütləvi informasiya vasitələrinin qiyməti ilə və gəlirlərini itirməsi ilə bağlı ərizəçinin tələblərinə gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçi ona məxsus qəzetlərin və digər kütləvi informasiya vasitələrinin fəaliyyətinə xitam verilməsi ilə bağlı Məhkəmə qarşısında şikayət qaldırmayıb. İstənilən halda, o, həmin kütləvi informasiya vasitələrinə yatırdığı məbləğlər və onları mülkiyyətçi və baş redaktor kimi işlətmiş olduğu təqdirdə gələcək gəlirləri barədə tələbləri ilə bağlı hər hansı sənəd və ya digər sübut təqdim etməyib. Konkret olaraq, keçmiş gəlirlər barədə heç bir sənəd təqdim edilməyib. Eyni ilə, ərizəçi qabaqcadan ödənilmiş icarə haqlarını itirməsi ilə bağlı yetərli sübut təqdim etməyib.
185. Müsadirə olunduğu iddia edilən mülkiyyətlə bağlı tələblərə gəldikdə, Məhkəmə qeyd edir ki, qəzetlərin ofislərindən götürülmüş və Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin qərarına uyğun olaraq müsadirə edilmiş 23 kompüterdən başqa, Məhkəmə iddia edilən hər hansı digər mülkiyyətin həqiqətən həmişəlik müsadirə olunub-olunmadığını və onların hamısının ərizəçiyə məxsus olunub-olmadığını əlində olan materialdan müəyyən etmək iqtidarında deyil. Müsadirə olunmuş kompüter avadanlıqlarına gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçi onların dəyəri ilə bağlı heç bir sübut təqdim etməyib.
186. Qalan tələblərə gəldikdə, Məhkəmə aşkar edilmiş pozuntularla iddia edilən maddi ziyan arasında hər hansı səbəbiyyət əlaqəsi görmür.
187. Yuxarıdakı səbəblərə görə, Məhkəmə ərizəçinin maddi ziyanla bağlı tələblərini rədd edir.
b) Mənəvi ziyan
188. Ərizəçi mənəvi ziyana görə 70.000 avro tələb etdi.
189. Hökumət bildirdi ki, pozuntunun müəyyən edilməsinin özü ərizəçinin məruz qaldığı hər hansı mənəvi ziyana görə yetərli kompensasiya təşkil edə bilər.
190. Hazırkı işin konkret hallarının işığında, o cümlədən ərizəçinin ifadə azadlığının xüsusilə ağır formada pozulmasının və onun mətbuatda təhqirlərə görə hər hansı münasib əsaslandırma olmadan uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinin işığında, habelə hazırkı ərizəyə baxıldığı zaman ərizəçinin həbsxanada iki ildən artıq vaxt keçirdiyini nəzərə almaqla, Məhkəmə hesab edir ki, ərizəçi, şübhəsiz ki, ciddi mənəvi iztirablara məruz qalıb və onlar təkcə pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz. Bundan başqa, Məhkəmə iddia edilən maddi ziyanın müvafiq sübutlarla təsdiqlənmədiyini və ya tam təsdiqlənmədiyini yuxarıda müəyyən etsə də, ərizəçinin müəyyən edilən pozuntular ucbatından baş vermiş digər formalarda ziyana məruz qaldığını güman etməyi əsassız saymır (yuxarıda adı çəkilən İlaşku və başqalarının işi üzrə qərarla müqayisə et, 489-cu bənd). Məhkəmə hesab edir ki, bu işdə ziyana görə kompensasiya qiymətləndirilərkən yuxarıdakı hal da nəzərə alınmalıdır.
191. Məhkəmə qiymətləndirməni Konvensiyanın 41-ci maddəsində tələb edildiyi kimi ədalət prinsipi əsasında həyata keçirərək, mənəvi ziyana görə ərizəçiyə 25.000 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
2. Məhkəmə xərcləri və digər məsrəflər
192. Ərizəçi həmçinin daxili məhkəmələrdəki icraatla bağlı çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 602 avro, Avropa Məhkəməsindəki icraatla bağlı çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə isə 2.200 avro tələb etdi. O, həmçinin tərcümə xərclərinə görə 520 avro tələb etdi. Bu tələblərini əsaslandırmaq üçün o, hüquq firmasının (həmin firmanın vəkilləri onu ölkədaxili məhkəmə icraatlarında təmsil etmişdilər) haqq-hesab sənədlərini, Strasburq prosesində hüquqi xidmətlər üçün müqavilənin surətini və tərcümə şirkətinin verdiyi ödəniş qəbzlərinin surətlərini təqdim etdi.
193. Hökumət bildirdi ki, ərizəçi tərəfindən təqdim edilmiş sübutlar tələb edilən xərclərin həqiqətən çəkildiyi qənaətinə gəlmək üçün yetərli deyil.
194. Məhkəmənin presedent hüququna uyğun olaraq, ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Hazırkı işdə əlində olan informasiyaları və yuxarı qeyd edilən meyarları nəzərə alaraq, Məhkəmə bu bənd üzrə bütün xərcləri əhatə etmək üçün 2.822 avro məbləğini təyin etməyi ağlabatan hesab edir, ərizəçidən tutula bilən hər hansı vergi məbləği bu məbləğin üzərinə əlavə olunmalıdır.
3. İcranın gecikdirilməsinə görə faiz
195. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Konvensiyanın 10-cu maddəsi, 6-cı maddəsinin 1-ci bəndi (qərəzsizliyin olmaması ilə bağlı) və 6-cı maddəsinin 2-ci bəndi üzrə şikayətlər yekdilliklə qəbul olunan, ərizədəki qalan şikayətlər isə qəbul olunmayan elan edir;
2. Yekdilliklə qərara alır ki, ərizəçinin birinci cinayət icraatında məhkum olunması ilə əlaqədar olaraq Konvensiyanın 10-cu maddəsi pozulub;
3. Yekdilliklə qərara alır ki, ərizəçinin ikinci cinayət icraatında məhkum olunması ilə əlaqədar olaraq Konvensiyanın 10-cu maddəsi pozulub;
4. Yekdilliklə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
5. Yekdilliklə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi pozulub;
6. Bir səsə qarşı altı səslə qərara alır ki, dövlət ərizəçinin dərhal azadlığa buraxılmasını təmin etməlidir;
7. Yekdilliklə qərara alır ki:
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində mənəvi ziyana görə ərizəçiyə 25.000 (iyirmi beş min) avro ödəməli, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır, məhkəmə xərclərinə və digər məsrəflərə görə isə ərizəçiyə 2.822 (iki min səkkiz yüz irimi iki) avro ödəməli, ərizəçidən tutula bilən hər hansı vergi məbləği bu məbləğin üzərinə əlavə olunmalıdır və bu məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni Azərbaycan manatına çevrilməlidir;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
8. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 22 aprel 2010-cu ildə qərar barədə yazılı məlumat verilmişdir.
Sören Nilsen (Søren Nielsen)
Katib
Xristos Rozakis (Christos Rozakis)
Sədr
Full & Egal Universal Law Academy