Ferratsini (Ferrazzini) İtaliyaya qarşı [BP] – ərizə № 44759/98
12.7.2001 tarixli qərar [Böyük Palata]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
6-cı maddənin vergi mübahisələrinə tətbiqinin mümkünlüyü məsələsi: 6-cı maddə bu cür mübahisələrə tətbiq edilmir
Faktlar – Ərizəçinin nümayəndəsi olduğu şirkət vergi orqanlarına müraciət etmişdi ki, ona tətbiq edilən müəyyən vergilərin qüvvədə olan dərəcələri azaldılsın. Vergi orqanları şirkətə münasibətdə əlavə vergi qiymətləndirilmələri apardılar. Ərizəçi bunun ardınca vergi işi üzrə icraatın həddən artıq uzun sürməsindən şikayət etdi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi (həmin bəndin mülki hüquqi aspektinin bu işə tətbiqinin mümkünlüyü məsələsi): Sadəcə olaraq mübahisənin xarakterinə görə "maddi" mübahisə olduğunun sübut edilməsi özü-özlüyündə 6-cı maddənin 1-ci bəndinin mülki hüquqi aspektinin tətbiqi üçün kifayət deyil. Ənənəvi presedent hüququna əsasən, konkret olaraq dövlətə və ya onun tabeliyindəki orqanlara münasibətdə elə "maddi" öhdəliklər mövcud ola bilər ki, onlar 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün yalnız ümumi hüquq sahəsinə aid olan və müvafiq olaraq, "mülki hüquq və vəzifələr" anlayışının əhatə etmədiyi öhdəliklər hesab edilməlidir. "Cinayət sanksiyası" qismində tətbiq edilən cərimələrdən fərqli olaraq, bu o halda baş verə bilər ki, maddi xarakter daşıyan öhdəlik vergi qanunvericiliyindən irəli gəlmiş olsun və ya demokratik cəmiyyətdə hər hansı digər formada vətəndaşın adi vəzifələrinin tərkib hissəsini təşkil etsin. Lakin Məhkəmənin üzərinə bu məsələni araşdırmaq düşür ki, dövlətlə münasibətlərində hər kəs üçün təmin edilməli olan hüquqi müdafiənin səviyyəsinə cəmiyyətin münasibətinin dəyişməsinin işığında 6-cı maddənin 1-ci bəndinin tətbiq dairəsi genişləndirilməli və vergi orqanlarının qərarlarının milli qanunvericiliyə əsasən qanuni olub-olmaması ilə bağlı vətəndaşlarla dövlət orqanları arasında mübahisələri əhatə etməlidirmi? Konvensiyanın qəbul edilməsindən sonra ötən əlli il ərzində fərd ilə dövlət arasında münasibətlər bir çox sahələrdə birmənalı olaraq inkişaf edib və xüsusi hüquq sahəsinə aid münasibətlərin dövlət tərəfindən tənzimlənməsi halları getdikcə artmaqdadır. Bununla belə, vergi sahəsində demokratik cəmiyyətlərdə baş verə bilən inkişaf prosesləri fərdlərin və şirkətlərin üzərinə düşən vergi ödəmək öhdəliyinin fundamental xarakterinə təsir göstərməyib. Konvensiyanın qəbul edildiyi dövrdəki mövqe ilə müqayisədə bu inkişaf prosesləri fərdin həyatının "mülki" hüquqi sahəsinə dövlət tərəfindən əlavə müdaxilələrə gətirib çıxarmayıb. Vergi məsələləri hələ də dövlət orqanlarının səlahiyyət dairəsinin mühüm hissəsini təşkil edir və vergi ödəyicisi ilə vergi orqanı arasında münasibətlərin publik xarakteri hələ də üstünlük təşkil etməkdədir. Müvafiq olaraq, vergi mübahisələri vergi ödəyicisi üçün qaçılmaz olaraq maddi nəticələr doğursa da, həmin mübahisələr mülki hüquq və vəzifələrin tətbiq dairəsi xaricindədir.
Nəticə: 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilməz (altı səsə qarşı on bir səslə).
Full & Egal Universal Law Academy