© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Finogenov və başqaları Rusiyaya qarşı (Finogenov and Others v. Russia), ərizə № 18299/03
20.12.2011-ci il tarixli qərar [I Bölmə]
Maddə 2
Pozitiv öhdəliklər
2-ci maddənin 1-ci bəndi
Səmərəli araşdırma
Girovların xilası əməliyyatının qeyri-adekvat şəkildə aparılması və səmərəli araşdırmanın olmaması: pozuntular baş verib
2-ci maddənin 2-ci bəndi
Güc tətbiqi
Girov götürənləri zərərsizləşdirmək üçün potensial olaraq ölümlə nəticələnə bilən qazdan istifadə nəticəsində girovların ölümü: pozuntu baş verməyib
Faktlar – 23 oktyabr 2002-ci ildə separatçı çeçen hərəkatına mənsub olan silahlı terrorçular qrupu Moskva şəhərindəki Dubrovka teatrında 900-ə yaxın adamı girov götürdü. Ərizəçilərin bir qismi girovlar, bir qismi isə sonradan keçirilmiş xilasetmə əməliyyatının gedişində ölmüş girovların qohumları idi. Girovlar silahların hədəfi altında saxlanılırdılar, teatr binasına isə bombalar qoyulmuşdu. Terrorçular Rusiya qoşunlarının dərhal Çeçenistan Respublikasından çıxarılmasını tələb edirdilər. Danışıqlar aparıldı və bir neçə girov güllə ilə qətlə yetirildi. Bu arada hakimiyyət orqanları Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi altında "böhran qrupu" yaratdılar, o, xilasetmə əməliyyatının planlaşdırılmasına görə cavabdehlik daşıyırdı. 2002-ci il oktyabrın 26-da səhər Rusiyanın təhlükəsizlik qüvvələri binanın ventilyasiya sistemi vasitəsilə teatrın əsas auditoriyasına naməlum uyuşdurucu qaz buraxdılar. Bir neçə dəqiqədən sonra terrorçuların demək olar hamısı qazın təsiri altında huşunu itirdiyi zaman xüsusi qrup binaya hücum etdi və onların çoxunu öldürdü. Sonra girovlar binadan çıxarıldılar və təcili yardım maşınlarında və ya şəhər avtobuslarında xəstəxanalara aparıldılar. Lakin 125-ə yaxın girov ya hadisə yerində, ya da xəstəxanaya aparıldığı zaman öldü. Hadisələrlə bağlı cinayət işi açıldı, amma sonradan qərara alındı ki, xilasetmə əməliyyatının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı cinayət istintaqı aparılmasın. Ərizəçilərin cinayət işi qaldırılması üçün sonrakı şikayətləri və mənəvi ziyana görə kompensasiya üçün mülki iddiaları rədd edildi.
Hüquqi məsələlər – 2-ci maddə
a) 2-ci maddənin tətbiqinin mümkünlüyü məsələsi – Girovların kütləvi ölümünün rəsmi izahı bundan ibarət idi ki, mühasirədə saxlanılma girovları zəiflətmişdi və ya onların ciddi xəstəliyi vardı. Rəsmi ekspertiza bu qənaətə gəldi ki, bu ölümlərlə qazdan istifadə arasında "birbaşa səbəbiyyət əlaqəsi" olmayıb, o, sadəcə çoxsaylı amillərdən biri olub. Məhkəmə hesab etdi ki, bu rəyi qəbul etmək çətindir. O, yaşları və sağlamlıq durumları müxtəlif olan 125 nəfərin səhhətlərində öncədən mövcud olmuş problemlər ucbatından demək olar eyni vaxtda ölməsini ağlasığmaz hesab etdi. Eynilə, onların ölümü üç gün ərzində saxlanıldıqları şəraitlə izah edilə bilməzdi, belə ki, qida və su cəhətdən uzunmüddətli məhrumiyyətə və bundan əlavə həm də keçirdikləri stressə baxmayaraq bu müddətdə onların heç biri ölməmişdi. Hökumət etiraf etdi ki, qazın necə təsir göstərəcəyini öncədən görmək mümkün deyildi və qazın zərərsiz olmadığını nəzərə alsaq, bəzi itkilər qaçılmaz idi. Güman ki, qazın buraxılması terroristləri və ya girovları öldürmək məqsədi daşımırdı, bununla belə, qaz təhlükəli idi və zəif durumda olan hər kəsin ölümünə səbəb ola bilərdi. Belə güman etmək daha inandırıcıdır ki, qaz çoxlu sayda insanların ölümünün başlıca səbəbi idi. Buna görə də bu hal Konvensiyanın 2-ci maddəsinin tətbiq dairəsinə düşür.
b) 2-ci maddənin substantiv (maddi-hüquqi) aspekti
i) Güc tətbiqi: Ərizəçilər iddia etdilər ki, hakimiyyət orqanları danışıqlar aparsaydılar, girov böhranı dinc yolla həll edilə bilərdi və heç kim öldürülməzdi. Lakin Məhkəmə qeyd etdi ki, həmin vaxt vəziyyət, belə görünür ki, böyük təşviş doğururdu: öz mübarizələrində israrlı olan təpədən-dırnağadək silahlanmış peşəkarlar insanları girov götürərək qeyri-real tələblər irəli sürürdülər. Danışıqların ilk günləri hər hansı nəzərə çarpan uğur gətirmədi və girovların düşdüyü vəziyyət pisləşdi. Çoxsaylı insan itkilərinin baş verəcəyinə dair real, ciddi və birbaşa təhlükə mövcud idi və güc tətbiq etməklə müdaxilənin qaçılmaz olduğunu düşünmək üçün hakimiyyət orqanlarının əlində hər cür əsas vardı. Buna görə də onların danışıqlara son oymaq və binaya hücum etmək qərarı 2-ci maddəyə zidd deyildi.
ii) Qazdan istifadə: Daxili qanunvericilik terrorçulara qarşı silahlardan, xüsusi təyinatlı vasitələrdən və digər vasitələrdən istifadəyə icazə versə də, istifadə edilə bilən silahların və ya vasitələrin növü, yaxud onların hansı hallarda istifadəsinə icazə verilməsi orada göstərilməyib. Lakin qanunvericiliyin mətnindəki ümumi qeyri-müəyyənliyin, xüsusən də hazırkı işdə olduğu kimi, vəziyyətə uyun olaraq ölçülüb-biçilmiş qərar tələb edən, nəticələrini öncədən görmək əsla mümkün olmayan hallarda və müstəsna vəziyyətlərdə, hökmən 2-ci maddənin pozuntusuna səbəb olduğunu söyləmək doğru olmaz. İstifadə edilmiş qaz təhlükəli olsa da və potensial olaraq ölümə səbəb ola bilsə də, adamöldürmə məqsədi ilə istifadə edilməmişdi və onun binadakılara "fərq qoyulmadan" tətbiq edildiyini söyləmək olmazdı, çünki o, girovların sağ qalmasına xeyli şans yaradırdı və bu şans sonrakı xilasetmə cəhdlərinin səmərəliliyindən asılı idi. Bütün dəlillər göstərirdi ki, qazın buraxılmasında məqsəd terrorçuların çoxunun huşunu itirməsinə nail olmaq və beləliklə girovların azad edilməsini asanlaşdırmaq və partlayış ehtimalını azaltmaq idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə)
iii) Xilasetmə əməliyyatının planlaşdırılması və həyata keçirilməsi – Məhkəmə həmçinin bu məsələləri nəzərdən keçirməli idi ki, xilasetmə əməliyyatı dövlətin 2-ci maddədə nəzərdə tutulmuş pozitiv öhdəliklərinə uyğun surətdə planlaşdırılmış və həyata keçirilmişdimi, hakimiyyət orqanları qazın girovlara təsirini minimuma endirmək üçün bütün zəruri ehtiyat tədbirləri görüb, onları binadan tez çıxarıb və zəruri tibbi yardımla təmin etmişdilərmi?
Xilasetmə əməliyyatının keçirilməsi ani (spontan) olaraq baş verməmişdi, onun keçirilməsini ölçüb-biçmək və xüsusi hazırlıqlar görmək üçün hakimiyyət orqanlarının iki günə yaxın vaxtı vardı. Həqiqətən bəzi hazırlıqlar görülmüşdü: yüzlərlə həkim, xilasetmə işçiləri və digər personal bu işə cəlb olunmuş, kütləvi təxliyəyə ehtiyac olacağı təqdirdə vəziyyətə hazır olmaq üçün xəstəxanaların pasiyentləri qəbul etmək imkanları genişləndirilmiş və təcili yardım xidmətləri gərgin iş rejiminə keçirilmişdi. Lakin ilkin xilasetmə planı bir çox cəhətdən qüsurlu idi: belə görünür ki, bu işə cəlb olunmuş müxtəlif xidmətlər arasında mərkəzləşdirilmiş qaydada koordinasiya yox idi; zərərçəkənlər və onların vəziyyəti barədə məlumat mübadiləsinin necə aparılmalı olduğuna dair heç bir təlimat yox idi (bunun nəticələrindən biri ondan ibarət idi ki, bəzi zərərçəkənlər həddən artıq dozada zəhər əleyhinə dərman qəbul etmişdilər); həkimlərin işində prioritetlərin sırası aydın deyildi; zərərçəkənlər şəhər avtobuslarında aparılarkən onlara heç bir tibbi yardım göstərilmirdi; zərərçəkənlərin müxtəlif xəstəxanalar arasında bölüşdürülməsinə dair aydın plan yox idi və eyni vaxtda eyni xəstəxanaya xeyli sayda insan gətirilirdi.
Həmçinin xilasetmə əməliyyatının həyata keçirilməsində problemlər vardı: ilkin plan belə bir ehtimal əsasında hazırlanmışdı ki, girovlar yalnız partlayışdan və ya atəşdən xəsarət ala bilərlər və heç bir toksikoloq dəvət olunmamışdı, xilasetmə işçilərinə və həkimlərə naməlum qazın təsirinə məruz qalan girovlarla necə davranmaq barədə hər hansı konkret təlimatlar verilməmişdi; belə görünür ki, təxliyə işi başa çatana qədər onlar qazdan istifadə edildiyi barədə məlumatlandırılmayıb, binadan çıxarılmış zərərçəkənlərin çoxunun döşəmədə üzüyuxarı uzadılması və beləliklə qazdan boğulma riskinin və girovlar arasında ölüm hallarının artması məhz bununla izah olunurdu. Doğrudan da anlamaq çətin idi ki, nəyə görə qaz barədə məlumat həkimlərə və xilasetmə işçilərinə əvvəlcədən – ya onun istifadəsindən az öncə, ya da istifadəsindən dərhal sonra verilməmişdi və nəyə görə təxliyə işləri belə gec başlanmışdı, axı huşunu itirmiş girovların çoxu bir saat ərzində tibbi yardım almadan qazın təsirinə məruz qalmışdılar. Bir çox şahidlər ifadələrində zəhər əleyhinə dərmanın çatışmadığını bildirdilər və aydın deyildi ki, bu dərman nə vaxt qəbul edilib və onu qəbul edənləri qəbul etməyənlərdən necə ayırıblar.
Bütün bu amillər göstərir ki, xilasetmə əməliyyatı kifayət qədər hazırlanmamışdı və beləliklə, dövlət 2-ci maddədə nəzərdə tutulmuş pozitiv öhdəliklərini yerinə yetirməmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə)
c) 2-ci maddənin prosessual aspekti – Xilasetmə əməliyyatı ilə bağlı araşdırma açıq-aydın natamam aparılmışdı. Hər şeydən əvvəl, araşdırma məhdud məsələləri əhatə edir və hakimiyyət orqanlarının səhlənkarlığa yol verməsi ehtimalını istisna edirdi. Müstəntiqlər xilasetmə əməliyyatının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı müəyyən məsələləri nəzərdən keçirsələr də, səhlənkarlığa yol verilməsinin mümkünlüyünə aid mühüm faktları heç bir halda müəyyən etmədilər. İlk növbədə qazın kimyəvi formulu müstəntiqlərə açıqlanmamışdı, həmçinin onlar qazdan istifadə etmək barədə qərarın nə vaxt qəbul edildiyini və ya onun mümkün fəsadlarının qiymətləndirilməsi üçün müvafiq şəxslərin sərəncamında nə qədər vaxt olduğunu müəyyənləşdirməmişdilər. Bunu böhran qrupunun işçi sənədləri əsasında da müəyyənləşdirmək mümkün deyildi, çünki Hökumətin bildirdiyinə görə, onlar hamısı məhv edilmişdi. Bu sənədlərin xilasetmə əməliyyatının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı mühüm informasiya mənbəyi olduğunu nəzərə alaraq, Məhkəmə sənədlərin heç bir fərq qoyulmadan məhv edilməsinin əsassız olduğunu hesab etdi. Bundan başqa, müstəntiqlər böhran qrupunun bütün üzvlərini, xüsusən də qazdan istifadə barədə qərarın qəbuluna və dozanın müəyyənləşdirilməsinə görə cavabdehlik daşıyanları, yaxud digər şahidləri, məsələn, avtobus sürücülərini, jurnalistləri və ya qazdan zərər çəkənlərin yerbəyer edilməsinə kömək edənləri dindirməmişdilər. Əməliyyat günü neçə həkimin növbədə olduğu və ya təcili yardım maşınlarına və şəhər avtobuslarına zərərçəkənləri haraya aparmaq barədə hansı ilkin təlimatların verildiyi müəyyənləşdirilməmişdi. Bundan əlavə, kütləvi təxliyənin nəyə görə əməliyyat başlandıqdan yalnız iki saat sonra başlandığı, yaxud terrorçuların öldürülməsinin və onların bombalarının zərərsizləşdirilməsinin nə qədər vaxt apardığı müəyyənləşdirilməmişdi. Nəhayət, istintaq qrupu müstəqil deyildi, çünki onun tərkibinə xilasetmə əməliyyatının planlaşdırılmasına və həyata keçirilməsinə görə birbaşa cavabdeh olan hüquq-mühafizə orqanlarının nümayəndələri daxil idilər. Xülasə, bu işdə hakimiyyət orqanlarının iddia edilən səhlənkarlığı ilə bağlı araşdırma nə hərtərəfli, nə də müstəqil idi və buna görə də "səmərəli" deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 8.800 avrodan 66.000 avroyadək məbləğdə kompensasiya təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy