Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 36
Noyabr 2001-ci il
***
Foqarti (Fogarty) Birləşmiş Krallığa qarşı [BP] – ərizə № 37112/97
21.11.2001 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Xarici səfirlik tərəfindən şəxsin işə qəbulundan cinsi ayrı-seçkilik zəminində imtina edilməsi ilə bağlı işdə dövlətin immunitetə malik olması: pozuntu baş verməyib
Faktlar: İrlandiya vətəndaşı olan ərizəçi Amerika Birləşmiş Ştatlarının Londondakı Səfirliyi tərəfindən inzibati işlər üzrə köməkçi vəzifəsindən azad edilmişdi. O, ABŞ hökumətinə qarşı məhkəmə işi qaldıraraq cinsi zəmində ayrı-seçkiliyə məruz qaldığını iddia etdi. Onun iddia tələbi əmək məsələləri üzrə məhkəmə tərəfindən təmin edildi və tərəflər arasında razılıq əldə edildi ki, ona 12.000 funt sterlinq kompensasiya ödənilsin. Sonradan ərizəçi səfirlikdə başqa bir vəzifəni tutmaq üçün müraciət etdi, amma cəhdi uğursuz oldu. O, əmək məsələləri üzrə məhkəmədə daha bir iş qaldıraraq iddia etdi ki, onun işə qəbul etməkdən imtina edilməsi onun əvvəlki iddia tələbinin nəticəsidir ki, bu da Cinsi ayrı-seçkilik haqqında qanuna əsasən onun qurban vəziyyətinə salınması və ayrı-seçkiliyə məruz qalması deməkdir. Birləşmiş Ştatların hökuməti məhkəməyə məktubla məlumat verdi ki, məhkəmənin bu iş üzrə yurisdiksiyasına qarşı immunitetindən istifadə etmək niyyətindədir və məktuba yazılı sənəd də əlavə etdi, həmin sənəddə təsdiq edilirdi ki, ərizəçinin iddia etdiyi vəzifələrin hər biri səfirliyin inzibati və texniki personalının tutduğu vəzifələrin tərkib hissəsidir və buna görə də onlara immunitet şamil olunur. Ərizəçi vəkili tərəfindən məlumatlandırıldı ki, Birləşmiş Ştatların hökuməti immunitetindən istifadə etmək hüququna malikdir və buna qarşı ölkədaxili hüquqi müdafiə vasitəsi mövcud deyil.
Hüquqi məsələlər: 6-cı maddənin 1-ci bəndi – Şəxsin ölkədaxili iddia tələbinin təmin edilməsinin mümkünlüyü məsələsi təkcə daxili qanunvericilikdə müəyyən edilmiş hüququn substantiv məzmunundan deyil, həm də prosessual maneələrin mövcudluğundan asılıdır. Konvensiya orqanlarının nəzarəti olmadan dövlətin bir sıra mülki iddiaları məhkəmələrin yurisdiksiyasından xaric etməsi, yaxud geniş qruplara və ya kateqoriyalara immunitet verməsi mümkün olsaydı, bu, qanunun aliliyinə və ya 6-cı maddənin 1-ci bəndinin kökündə duran təməl prinsipə zidd olardı. Hazırkı işdə ərizəçinin qaldırmaq istədiyi məhkəmə işi iddia tələbi üçün əsas təşkil edən hərəkət ilə, yəni işə qəbulda cinsi zəmində ayrı-seçkilik ilə əlaqədar idi, cavabdehə immunitetin verilməsi isə substantiv hüquqla əlaqədar deyildi, məhkəmələrin bu hüquqla bağlı qərar vermək səlahiyyətinin qarşısını alan prosessual maneə ilə əlaqədar idi. Məhkəmə ərizəçinin işinin dövlət qulluqçuları ilə bağlı mübahisələr kateqoriyasına aid olub-olmadığını müəyyənləşdirməyə ehtiyac görmədi və 6-cı maddənin bu işə tətbiqinin mümkünlüyü ehtimalından çıxış edərək işin araşdırılmasını davam etdirdi.
Məhkəməyə müraciət etmək hüququna məhdudiyyətlər tətbiq edilə bilər, bu şərtlə ki, onlar bu hüququn mahiyyətinə xələl gətirməsin. Belə məhdudiyyətlər qanuni məqsəd daşımalı və həmin məqsədə mütənasib olmalıdır. Mülki işlərdə dövlətə suveren immunitetin verilməsi dövlətlər arasında ehtirama və xoş münasibətlərə şərait yaratmaq kimi beynəlxalq hüquq konsepsiyasına əməl etməkdən ibarət qanuni məqsəd daşıyır. Mütənasibliyə gəlincə, Konvensiya mümkün qədər beynəlxalq hüququn digər normalarına, o cümlədən dövlət immunitetinə aid normalara uyğun şəkildə şərh edilməlidir. Beləliklə, dövlət tərəfindən görülən və beynəlxalq ümumi hüququn hamılıqla tanınan normalarını əks etdirən tədbirlər prinsipcə məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib məhdudiyyətin tətbiqi hesab edilə bilməz. Bu baxımdan beynəlxalq praktikada aşağıdakı suallarla bağlı rəylər haçalanır: dövlətin immuniteti xarici səfirliklərdə işəgötürmə ilə bağlı məhkəmə işlərinə şamil olunurmu və əgər şamil olunursa bütün əməkdaşların mübahisələrinə şamil olunur, yoxsa yüksək vəzifəli əməkdaşların? Şübhəsiz ki, Birləşmiş Krallıq immunitetin bu cür işlərə şamil olunduğunu hesab edən yeganə ölkə deyil. Üstəlik, bu işdəki məhkəmə icraatı hal-hazırda işləyən işçinin müqavilə hüquqları ilə əlaqədar deyil, işəgötürmə prosesində ayrı-seçkiliyə məruz qalma iddiası ilə əlaqədardır və söhbət səfirliklərdən getdiyi hallarda bu cür işlər həssas və konfidensial məsələləri özündə ehtiva edir. Bu sahədə dövlətin immunitetini nəzərdə tutan qaydanın yumşaldılması istiqamətində hər hansı tendensiya nəzərə çarpmır və belə olan halda demək olmaz ki, Birləşmiş Krallıq malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşıb.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
6-cı maddə ilə birlikdə ötürülmüş 14-cü maddə – Sözügedən immunitet iddianın predmetindən və müvafiq şəxsin cinsindən, vətəndaşlığından və ya digər əlamətlərindən asılı olmayaraq səfirliyin bütün əməkdaşları ilə bağlı məhkəmə proseslərinə şamil olunur. Müvafiq olaraq, ərizəçi səfirliyə qarşı əmək münasibətləri ilə əlaqədar iddia qaldırmaq istəyən hər hansı digər şəxslə müqayisədə fərqli rəftara məruz qalmayıb.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy