© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Folgero və başqaları Norveçə qarşı [Böyük Palata] (Folgerø and Others v. Norway [GC]), ərizə № 15472/02
29.06.2007-ci il tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 2-ci maddəsi
Təhsil hüququ
İbtidai təhsil üzrə dövlət məktəblərində "xristianlıq, din və fəlsəfə" dərslərində iştirakdan tam azad edilməyə icazə verilməməsi: pozuntu baş verib
9-cu maddə
9-cu maddənin 1-ci bəndi
Vicdan azadlığı
Din azadlığı
Fikir azadlığı
İbtidai təhsil üzrə dövlət məktəblərində "xristianlıq, din və fəlsəfə" dərslərində iştirakdan tam azad edilməyə icazə verilməməsi: pozuntu baş verib
Faktlar – Norveç Humanizm Assosiasiyasının üzvləri olan ərizəçilərin uşaqları şikayət edilən hadisələr zamanı ibtidai məktəbə gedirdilər. 1997-ci ildə Norveçin ibtidai məktəb proqramında dəyişiklik edildi və iki müxtəlif fənn olan "xristianlıq" və "həyat fəlsəfəsi" fənləri "xristianlıq, din və fəlsəfə" adlanan (qısa adı KRL) vahid fənn ilə əvəz edildi. Bu fənn çərçivəsində Bibliya və mədəni irs formasında xristianlıq, habelə yevangelist lüteran dini təlimi (bu, Norveçdə əhalinin 86%-inin etiqad etdiyi rəsmi dindir), eləcə də digər xristian təlimləri və dünyanın digər dini və fəlsəfi təlimləri, etika və fəlsəfə tədris edilirdi. Əvvəllər qüvvədə olan qaydalar valideynlərin öz uşaqlarının xristianlıq dərslərindən azad edilməsini tələb etmələrinə icazə verirdi. "Təhsil haqqında" 1998-ci il tarixli Qanuna əsasən, şagird KRL fənninin yalnız o bölmələrindən azad edilə bilərdi ki, həmin bölmələrdə, valideynlərin rəyinə görə, onların dini əqidələrindən və ya fəlsəfi baxışlarından fərqlənən əqidə və ya baxışlar tədris edilirdi. Ərizəçilər və digər valideynlər uşaqlarının KRL fənnindən tam azad edilməsini tələb etsələr də cəhdləri uğursuz oldu.
Bu şikayətə baxmış Palata 2006-cı ilin mayında Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etdi.
Hüquqi məsələlər – Valideynlərin Konvensiyanın 9-cu maddəsi və 1 saylı Protokolun 2-ci maddəsi üzrə şikayətinə sonuncu maddə əsasında baxılmalıdır, çünki həmin şikayət bilavasitə təhsil sahəsinə aiddir.
KRL fənnini tədris proqramına daxil edənlərin fikrinə görə, xristianlığın, digər dinlərin və fəlsəfənin əsaslarının tədrisi yolu ilə məktəblərdə açıqlığı və hərtərəfli biliklərin əldə edilməsini təmin etmək olardı. Belə niyyət, şübhəsiz ki, 1 saylı Protokolun 2-ci maddəsində təsbit olunmuş plüralizm və obyektivlik prinsiplərinə uyğundur.
"Təhsil haqqında" 1998-ci il tarixli Qanunun müvafiq müddəalarında təkcə xristianlıq haqqında deyil, həm də digər dünya dinləri və fəlsəfi təlimlər haqqında biliklərin çatdırılması önə çəkilirdi. Bunda məqsəd təriqətçiliyin qarşısını almaq, habelə şagirdləri vahid fənn çərçivəsində bir araya gətirməklə mədəniyyətlərin dialoquna və qarşılıqlı anlaşmaya nail olmaq idi, şagirdlərin bu dərslərdə iştirakdan azad edilməsi isə onların müxtəlif mövzuları öyrənən kiçik qruplara bölünməsi ilə nəticələnərdi.
Digər dinlər və fəlsəfi təlimlərlə müqayisədə tədris proqramının xeyli hissəsinin xristianlıq haqqında biliklərə həsr edilməsi faktı özlüyündə 1 saylı Protokolun 2-ci maddəsi ilə əlaqədar hər hansı problem doğurmur. Norveçin milli tarixində və ənənələrində xristianlığın oynadığı rolu nəzərə alsaq, belə yanaşma tədris proqramlarının planlaşdırılması və tərtib edilməsi sahəsində dövlətin malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmır.
Bununla belə, xüsusən "Təhsil haqqında" 1998-ci il tarixli Qanunda yer alan "xristianlıq məqsədi" haqqında maddədən aydın görünürdü ki, bu fənnin tədrisində xristianlığa əsas yer verilir, belə ki, həmin maddəyə əsasən, ibtidai təhsilin və orta təhsilin aşağı pillələrinin məqsədi ailələrlə razılaşma və əməkdaşlıq şəraitində uşaqlara xristian tərbiyəsinin və mənəvi tərbiyənin verilməsi idi. Fərqli yanaşma qanunvericiliyin mətnindəki ifadələrdə də öz əksini tapmışdı. Bundan başqa, tədris planındakı mövzuların təxminən yarısı yalnız xristianlığa, qalan mövzular isə digər dinlərə və fəlsəfi təlimlərə həsr olunmuşdu.
"Xristianlıq məqsədi" haqqında maddə ilə birlikdə, "Təhsil haqqında" 1998-ci il tarixli Qanunda və qanunvericilik bazasını təşkil edən digər normativ aktlarda nəzərdə tutulmuş KRL fənninin məzmunu və məqsədləri belə güman etməyə əsas verir ki, xristianlığın və digər dinlərin və fəlsəfi təlimlərin tədrisindəki fərqlər təkcə kəmiyyət xarakteri deyil, həm də keyfiyyət xarakteri daşıyan fərqlər idi. Bu uyğunsuzluqları nəzərə alsaq, tam aydın deyil ki, müxtəlif baxışları və əqidələri olan insanlar arasında qarşılıqlı anlaşmaya, hörmətə və dialoqa şərait yaratmaq məqsədinə hansı yolla nail olmaq nəzərdə tutulmuşdu.
Məhkəmə daha sonra bu məsələni nəzərdən keçirdi ki, valideynlərin öz uşaqlarının KRL dərslərində iştirakdan qismən azad edilməsini tələb etmək hüququ yuxarıda qeyd edilən uyğunsuzluğu (disbalansı) aradan qaldırmaq üçün kifayət idimi? O, qeyd etdi ki, birincisi, bu cür qismən azad edilməyə nail olmaq praktikada xeyli çətinliklərlə müşayiət olunurdu. Belə ki, valideynlər tədris planının detalları barədə kifayət qədər məlumatlı olmalı idilər ki, şəxsi əqidələrinə və baxışlarına uyğun olmayan təlimləri müəyyənləşdirə və məktəb müdiriyyətinin diqqətinə çatdıra bilsinlər. Sözsüz ki, valideynlərin siniflərdə nələrin baş verməsi ilə daim tanış olmaları və öz baxışlarına zidd olan mövzuları müəyyənləşdirmələri çətin məsələ idi, xüsusən problemlər KRL dərslərində ümumi xristianlıq təliminin tədrisi ilə əlaqədar idisə, bunu etmək daha çətin idi.
İkincisi, qismən azad edilmə tələbinin açıq-aydın dini fəaliyyətlərə aid olduğu hallar istisna olmaqla (belə hallar xüsusi əsaslandırma tələb etmirdi), valideynlərin bu tələbi yalnız o halda təmin edilə bilərdi ki, onlar tələblərini əsaslandıran ağlabatan səbəbləri göstərsinlər. Fərdin dini və fəlsəfi baxışları barədə məlumatlar şəxsi həyatın ən həssas aspektlərinə aiddir. Baxmayaraq ki, valideynlər öz əqidələrini açıqlamağa borclu deyildilər və valideynlərin şəxsi həyatına hörmət edilməsinin zəruriliyini nəzərə almaq məktəb müdiriyyətinin diqqətinə çatdırılmışdı, hər halda valideynlərdə öz dini və fəlsəfi baxışlarının həssas aspektlərini məktəb müdiriyyətinə açıqlamağa məcbur edilmək təəssüratının yaranması təhlükəsi vardı.
Üçüncüsü, valideynlər qismən azad edilmə tələbi ilə müraciət etdikdə məktəblər valideynlərlə əməkdaşlıq şəraitində mütəhərrik yanaşma nümayiş etdirərək onların dini və fəlsəfi baxışlarını və hansı fəaliyyətlərə etiraz etdiklərini nəzərə almalı idilər. Beləliklə, müəyyən növ fəaliyyətlərdə, məsələn, ibadətlərdə, himnlərin ifasında, kilsə mərasimlərində, məktəb tamaşalarında və ayinlərdə iştirak etmə sadəcə olaraq bu fəaliyyətləri müşahidə etmə ilə əvəz oluna bilərdi, belə ki, qismən azad edilmə bu fəaliyyətlərin özlərinə aid idi, amma onların vasitəsilə verilən biliklərə aid deyildi. Lakin Məhkəmənin rəyinə görə, fəaliyyətlərlə biliklər arasında bu cür fərq qoyulması həm praktiki cəhətdən çətin idi, həm də, görünür, bu dərslərdən qismən azad edilmə hüququnun səmərəliliyini xeyli azaldırdı. Bundan başqa, müəllimlərdən bu cür fərqli yanaşmaya əsaslanan tədrisi həyata keçirmələrini tələb etmək sırf praktiki nöqteyi-nəzərdən valideynlər üçün çətin ola bilərdi.
Müvafiq olaraq, Məhkəmə bu nəticəyə gəldi ki, qismən azad edilmə sistemi valideynləri öz şəxsi həyatlarına aid məsələləri açıqlamaq məcburiyyətində qalma təhlükəsi ilə üzləşdirə bilər və bu potensial ziddiyyət onları qismən azad edilmə tələbini irəli sürməkdən çəkindirə bilər. Müəyyən hallarda, xüsusən dini xarakterli fəaliyyətlər zamanı fərqli yanaşmaya əsaslanan tədrisin çətinliyi ilə əlaqədar olaraq, qismən azad edilmənin hüdudları məhdudlaşdırıla bilər. Bu isə, bu işdə Konvensiyanın 8-ci və 9-cu maddələri il əlaqəli şəkildə nəzərdən keçirilən 1 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuş valideynlərin baxışlarına hörmət hüququna, çətin ki, uyğun ola bilər. Üstəlik, Məhkəmə əmin deyil ki, Hökumətin qeyd etdiyi imkan, yəni valideynlərin öz uşaqlarına özəl məktəblərdə təhsil vermək imkanına malik olması dövləti hər kəs üçün açıq olan dövlət məktəblərində plüralizmi təmin etmək vəzifəsindən azad etmiş olur.
Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, ibtidai təhsildə və orta təhsilin aşağı pillələrində KRL fənninin tədrisini tətbiq etməklə qanunvericilik orqanının güddüyü məqsədlər təqdirəlayiq olsa da, demək olmaz ki, 1 saylı Protokolun 2-ci maddəsinin məqsədləri baxımından cavabdeh dövlət tədris planında nəzərdə tutulan məlumat və biliklərin obyektiv və tənqidi şəkildə və plüralistcəsinə çatdırılmasına yetərincə diqqətlə yanaşıb.
Nəticə: pozuntu baş verib (səkkiz səsə qarşı doqquz səslə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü ərizəçilərin məruz qaldığı mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
Əlavə təfsilatlar üçün lütfən 464 saylı press-relizə baxın.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy