© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İKİNCİ BÖLMƏ
FRANSESKO SESSA İTALİYAYA QARŞI
(Ərizə no 28790/08)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
3 aprel 2012
QƏTİ
24/09/2012
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Fransesko Sessanın İtaliyaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (ikinci bölmə) hakimlər :
Fransuaz Tulkens, sədr,
Dragoljub Popoviç,
Izabel Berro-Lefevr,
András Sajó,
Gido Raymondi,
Paulo Pinto de Albukerk,
Helen Keller,
və Fransuaz Elens-Passos, bölmə katibinin müavinindən ibarət tərkibdə,
6 mart 2012-ci ildə qapalı məşvərət keçirərək,
bu tarixdə aşağıdakı qərarı çıxarır :
PROSEDUR
1. İş, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən, İtaliya Respublikasının vətəndaşı Cənab Fransesko Sessa (“ərizəçi”) tərəfindən 3 iyun 2008-ci ildə Məhkəməyə təqdim edilmiş İtaliya Respublikasına qarşı ərizə (no 28790/08) əsasında başlamışdır.
2. Ərizəçi, Salernoda vəkil işləyən Xanım M. Kozza tərəfindən təmsil olunmuşdur. İtaliya hökümətini (“Hökumət”) onun nümayəndəsi Xanım E. Spatafora təmsil etmişdir.
3. Ərizəçi əsasən, öz dinini nümayiş etdirmək azadlığının pozulmasından şikayət edir.
4. 6 iyul 2009-cu il tarixində, ikinci bölmənin sədri ərizə barədə Hökümətə məlumat verməyi qərara aldı. Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, qərara alındı ki, ərizənin qəbul edilənliyinə və mahiyyətinə birgə baxılsın.
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi 1955-ci ildə Neapolda anadan olmuşdur.
6. Yəhudi məzhəbli ərizəçi vəkil işləyir. 7 iyun 2005-ci ildə o, bir neçə banka qarşı yönələn cinayət preosessual mənşəli işdə, iki şikayətçidən birinin nümayəndəsi kimi, Forli şəhərinin ilkin istintaq hakimləri qarşısında (« GIP ») bir sübutun dərhal təqdim olunması (« incidente probatorio ») ilə bağlı məhkəmə iclasında iştirak etmişdir. Iştirakedəbilməyən GİP-i əvəz edən şəxs, işə yenidən baxılması üçün, hər iki tərəfi özünün qabaqcadan təyin etdiyi iki tarixdən - yəni 13 və 18 oktyabr 2005 tarixlərindən birini seçməyə dəvət edir.
7. Ərizəçi, bu iki tarixin yəhudi bayramları Yom Küpür və Sukkot ilə eyni günə düşdüyünü və dini öhdəliklərinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edir. O, Neapol Yəhudi İcmasının üzvü olduğunu qeyd edir və Dövlət və İtalyan Yəhudi İcmaları İttifaqı arasındakı əlaqələri tənzimləyən 8 mart 1989-cu il tarixli 101 nömrəli qanunun 4-cü və 5-ci maddələrinin pozulmasını iddia edir.
8. GİP məhkəmə iclasının tarixini 13 oktyabr 2005-ci ilə təyin edir.
9. Həmin gün, ərizəçi, məhkəmə iclasının təxirə salınması barədə iş üzrə məsul GİP-ə müraciət edir. 20 iyun 2005-ci ildə, müraciətin tədqiqindən sonra, GİP barəsində qərar vermədən bu müraciəti işə tikməyi qərara alır.
10. 11 iyul 2005-ci ildə, ərizəçi GİP və onu əvəzedən şəxsə qarşı şikayət irəli sürüb, onları 1989-cu il tarixli 101 nömrəli qanunun 2-ci maddəsini pozmaqda ittiham edir. Həmin gün, ərizəçi bu barədə Yüksək Hakimlər Şurasına məlumat verir.
11. 13 oktyabr 2005-ci ildə keçirilən məhkəmə iclasında, GİP ərizəçinin « şəxsi səbəblərdən » iştirak etmədiyini qeyd edir və 7 iyunda edilən müraciət barədə tərəflərin mövqeyini xahiş edir. Prokurorlar və müttəhimlərin vəkilləri bu müraciətin qanuni səbəblərə əsaslanmadığını xüsusilə qeyd edərək ona qarşı çıxırlar. Bunun əksinə olaraq, digər şikayətçinin vəkili ərizəçinin müraciətini dəstəkləyir.
12. Həmin günki qərar ilə, GİP ərizəçinin müraciətini rədd edir. Səbəb olaraq ilk növbədə onu qeyd edir ki, cinayət prosessual məcəlləsinin 401-ci maddəsinə əsasən, sübutun dərhal təqdim olunması ilə bağlı məhkəmə iclasında ancaq prokurorların və ittiham edilən şəxsin vəkilinin iştirakı tələb olunur, iddiaçı tərəfin vəkilinin iştirakı məcburi deyildir. O, daha sonra qeyd edir ki, cinayət prosessual məcəlləsi hakimdən tələb etmir ki, şikayətçinin müdafiəçisinin iştirak etməməsi səbəbindən məhkəmə iclası təxirə salınsın. O, nəhayət vurğulayır ki, prosedurda bir neçə maraqlı tərəf (təqsirləndirilən tərəf, şikayət edən tərəf, məhkəmənin təyin etdiyi ekspertlər, tərəflərin təyin etdiyi ekspertlər) iştirak edirdi və məhkəmə iclasını 2006-cı ilə təxirə salmağa [gətirib çıxara biləcək] « idarənin iş yükünün həddindən artıq olmasını nəzərə alaraq, prosesin ağlabat müddəti prinsipi, iclasın təxirə salınması üçün qanuni səbəbi olmayan bir şəxs tərəfindən irəli sürülən bu müraciətin rədd edilməsini tələb edir[di] ».
13. 23 yanvar 2006-cı ildə, Yüksək Hakimlər Şurası ərizəçiyə məlumat verir ki, maraqlı tərəfin şikayətləri məhkəmə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, onun mübahisələndilən məsələlərə baxmaq səlahiyyəti yoxdur.
14. Bu arada, 9 yanvar 2006-cı ildə, Ankona prokurorluğu ərizəçi tərəfindən irəli edilən müraciəti heç bir tədbir görmədən xətm etdi. Ərizəçi, 28 yanvar 2006-cı il tarixində buna etiraz etdi.
15. 21 sentyabr 2006-cı il tarixli qərarı ilə Ankona GİP-i, ərizəçinin şikayətini, prokurorluq tərəfindən tərtib edilmiş xətmetmə qərarına etiraz etmədiyi səbəbilə rədd edir.
16. 19 yanvar 2007-ci ildə, ərizəçi kassasiya şikayəti irəli sürərək, GİP-in onun 28 yanvar 2006-cı ildə təqdim etdiyi etirazını nəzərə almadığından şikayət edir. Ərizəçinin etirazının nəzərə alınmamasının qeydiyyat səhvi olduğunu hesab edən Kassasiya Məhkəməsi, 21 sentyabr 2006-cı il tarixli qərarı ləğv edir və işi yenidən Ankona Məhkəməsinə göndərir.
17. 12 fevral 2008-ci ildə, ərizəçi və prokurorluq Ankona GİP-i qarşısındakı məhkəmə iclasında iştirak edirlər. 15 fevral 2008-ci il tarixli qərarı ilə GİP işi xətm edir. Bunu belə izah edir ki, işin heç bir elementi sübut etmir ki, iş üzrə məsul GİP və ya onu 7 iyun 2006-cı ildəki iclasda əvəz edən şəxs ərizəçinin dini öhdəliyini sərbəst yerinə yetirmək hüququnu pozmaq və ya ibadət etdiyinə görə ləyaqətini alçaltmaq niyyəti olub.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
18. 8 mart 1989-cu il tarixli 101 nömrəli qanunda, Dövlət və İtalyan Yəhudi İcmaları İttifaqı arasında əlaqələri tənzimləyən müddəalar var. Bu qanunun 2-ci maddəsi yəhudi dinini sərbəst şəkildə nümayiş etmək və həyata keçirmək hüququnu tanıyır. 4-cü maddənin şərtlərinə əsasən, İtaliya Dövlətinin hüquqi sistemi tərəfindən nəzərdə tutulan iş qrafikinin rahatlığı çərçivəsində və əsas xidmətlərin tələblərinə xələl gətirməmək şərtilə, Yəhudilərə Sabbat gününü qeyd etmək hüququ verir.
101 nömrəli qanunun 5-ci maddəsi Yom Küpür, Sukkot və digər yəhudi bayramlarını Sabbat ilə eyniləşdirir.
19. Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən, dözülməzlik və dini xurafat təzahürləri 1975-ci il 654 nömrəli qanunun 3-cü maddəsi ilə nəzərdə tutulan cərimələrlə cəzalanır. Bu qanun İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın hüquqi ratifikasiyasıdır. Bu sonuncu müddəaya əsasən, irqi üstünlük və ya irqi və ya etnik nifrətə əsaslanan ideyaları yayan və ya irqi, etnik, milli və ya dini səbəblərdən ayrı-seçkilik aktları törətməyə təhrik edən hər kəs, bir il altı aya qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
20. Cinayət Prosessual Məcəlləsinin 401-ci maddəsinin birinci bəndi sübutun dərhal təqdim olunması (« incidente probatorio ») prosedurunu tənzimləyir və deyir :
« Dinləmə, prokuror və təqsirləndirilən şəxsin müdafiəçisinin zəruri iştirakı ilə məhkəmə palatasında keçirilir. Zərərçəkən tərəfin müdafiəçisi də iştirak etmək hüququna malikdir».
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 9-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU HAQQINDA
21. Ərizəçi iddia edir ki, məhkəmənin. yəhudi bayramına düşən tarixə təyin olunmuş sözügedən məhkəmə iclasının təxirə salınmasından imtina etməsi, onun şikayətçilərin birinin nümayəndəsi qismində iştirak etməsinə mane olmuş və öz dinini sərbəst yerinə yetirmək hüququnu pozmuşdur. O, Konvensiyanın 9-cu maddəsinin 1-ci və 2-ci bəndinə istinad edir :
« 1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. »
22. Hökümət bununla razılaşmır.
(...)
B. Mahiyyəti üzrə
1. Tərəflərin arqumentləri
29. Ərizəçi iddia edir ki, onun işinə baxan hakimlər dinini sərbəst ifadə etmək hüququna zərər vermək niyyəti ilə çıxış ediblər.
30. Onun sözlərinə görə, 1989-cu il tarixli 101 nömrəli qanun ona rəsmi yəhudi bayramları zamanı sərbəst ibadət edə bilmək üçün işə gəlməməyə icazə verir. Bundan əlavə, bu halda, bu hüququ məhdudlaşdırmaq üçün heç bir qarşısıalınmaz səbəb yox idi, çünki 13 oktyabr 2005-ci il tarixli iclas prosesin keçirilməsinə və məhkəmənin digər iştirakçılarının hüququna zərər gətirmədən, başqa tarixə təyin edilə bilərdi. Azadlığın məhdudlaşdırılması və ya həbsdə olan şəxsin hüquqları ilə əlaqədar olmadığına görə, bu proses qətiyyən təcili xarakter daşımırdı. Məhkəmə iclasının təxirə salınması məsələsi dörd ay qabaqcadan bildirildiyinə görə, hakimiyyət orqanları rahatlıqla iclasların təqvimini iştirak edənlərin hüquqlarına hörmət edəcək şəkildə nizamlaya bilərdilər.
31. Hökümət öz tərəfindən iddia edir ki, ərizəçinin dinini nümayiş etdirmək hüququna heç bir müdaxilə edilməyib, çünki onun yəhudi bayramlarında iştirak etməsinin və dinini sərbəst yerinə yetirməsinin qarşısı alınmayıb. O əlavə edir ki, hakimiyyət orqanları nəzarət etməlidirlər ki, ərizəçi iclasın təxirə salınması xahişindən istifadə edərkən, Dövlətin əsas ictimai fəaliyyətinə mane olmasın.
32. Onun fikrincə, ərizəçi tərəfindən iddia edilən hüquq mütləq xarakterli ola bilməz. Hətta 1989-cu il tarixli 101 nömrəli qanun da vəkil və məhkəmə arasındakı iş münasibətlərinə aiddir və labüd nəticə də budur ki, bu qanunun 4-cü maddəsinin 2-ci bəndi açıq şəkildə ifadə edir ki, bir şəxsin əsas xidmətlərə aid öhdəlikləri sərbəst ibadət etmək hüququndan üstündür. Belə ki, ədalət mühakiməsinin idarə edilməsi Dövlətin mühüm xidmətlərindəndir və bütün hallarda üstün olmalıdır.
Bundan başqa, sübutun dərhal təqdim olunması ilə bağlı keçirilən məhkəmə iclasında zərərçəkən tərəfin vəkilinin iştirakı məcburi deyil. İstənilən halda, şəxsi səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyən bir vəkil, Cinayət-Prosessual Məcəlləsinin 102-ci maddəsində müəyyən edilmiş şərtlər altında bir əvəzedici təyin etmək imkanına malikdir. Bu imkandan istifadə etməməyi seçərək, ərizəçi dini ibadətə bağlı öhdəliklər ilə ədalət administrasiyasının düzgün idarəetmə tələblərini uyğunlaşdırmaqdan imtina etmişdir.
33. Nəhayət, mübahisəli məhkəmə iclasının təxirə salınması prosesin lazımi qaydada həyata keçirilməsini və istintaq altında olan iyirmi bir nəfər şəxsin işlərinə ağlabatan müddət ərzində baxılması hüquqlarını poza bilərdi. Çünkü, əgər iclas təxirə salınsaydı, müxtəlif səbəblərdən məhkəməyə cəlb olunmuş çoxsaylı insanlara yeni iclas tarixi bildirmək lazım olacaqdı.
2. Məhkəmənin qiymətləndirməsi
34. Məhkəmə xatırladır ki, dini azadlıq ilk növbədə vicdan məsələsi olsa belə, o yalnız şəxsin dini öhdəliklərini təkcə kollektiv, ictimai və eyni inancı paylaşanların əhatəsində nümayiş etdirmək azadlığını nəzərdə tutmur ; bu azadlığa həmçinin fərdi və özəl olaraq istinad etmək olar (Kokkinakis Yunanıstana qarşı 25 may 1993, § 31, seriya A no 260-A). 9-cu maddə dini və ya əqidəni ifadə etməyin müxtəlif formalarını, o cümlədən, ibadət, tədris, təcrübə və ayinlərin icrasını sadalayır. Buna baxmayaraq, heç də din və ya əqidədən həvəslənən və ya ruhlanan hər bir hərəkəti müdafiə etmir (Kalaç Turkiyəyə qarşı, 1 iyul 1997, § 27, Qərarlar və qanunlar toplusu 1997‑IV ; Kosteski « keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı », no 55170/00, § 37, 13 aprel 2006).
35. Belə ki, yeddinci günün adventistləri Kilsəsinin öz üzvlərinə həftənin cümə günü günbatımından sonra işləməyi qadağan etməsi səbəbi ilə iş qrafikinə riayət etməyən bir dövlət qulluqçusunun işdən çıxarılması (Konttinen Finlandiyaya qarşı, no 24949/94, Komissiyanın 3 dekabr 1996-cı il tarixli qərarı, Qərarlar və hesabatlar (DR) 87-B, səh. 68), və ya fundamentalist islamçı fikirləri olan bir hərbiçinin intizam tədbiri olaraqq məcburi təqaüdə göndərilməsi 9-cu maddənin müdafiəsi altına düşmür (yuxarıda istinad edilən Kalaç; həmçinin Stedman Birləşmiş Krallığa qarşı, no 29107/95, Komissiyanın 9 aprel 1997-ci il tarixli, özəl sektorda işləyən bir işçinin bazar günləri işləməkdən imtina etməsi səbəbi ilə işdən azad edilməsinə aid olan qərarı, DR 89-B, səh. 104). Belə işlərdə, Komissiya və Məhkəmə hesab edir ki, hakimiyyət orqanları tərəfindən ərizəçilərə qarşı görülmüş tədbirlərin əsasını bu şəxslərin dini inancları deyil, bu şəxsləri onların müvafiq işəgötürənlərinə bağlayan xüsusi müqavilə öhdəlikləri təşkil etmişdi.
36. Hazırki işdə Məhkəmə qeyd edir ki, ərizəçinin müraciətinin ilkin istintaq hakimi tərəfindən rədd edilməsi, Cinayət Prosessual Məcəlləsinin müddəalarına əsaslanmışdır. Burdan da belə nəticə çıxır ki, iddiaçı tərəfin müdafiəçisinin iclasda iştirakı vacib olmadığından, sübutun dərhal təqdim olunması ilə bağlı məhkəmə iclasının təxirə salınması, yalnız prokuror və təqsirləndirilən şəxsin müdafiəçisi olmadığı zaman həyata keçirilir.
37. İşin hallarını nəzərə alaraq, Məhkəmə əmin deyil ki, mübahisəli iclasın yəhudi bayramına uyğun gələn bir tarixə təyin edilməsi və başqa bir tarix üçün təxirə salınması müraciətindən imtina edilməsi, ərizəçinin sərbəst ibadət hüququna məhdudiyyət hesab edilə bilər. Əslində, ərizəçinin öz dini vəzifələrini yerinə yetirə bilməsi mübahisələndirilmir. Bundan əlavə, ərizəçi, öz müraciətinin qüvvədə olan qanunun müddəalarına uyğun olaraq rədd edilməsini gözləməliydi, və mübahisəli məhkəmə iclasında öz peşəkar öhdəliklərini yerinə yetirmək üçün başqası tərəfindən əvəz edilə bilərdi.
Məhkəmə nəhayət qeyd edir ki, ərizəçi özünün dini inancını dəyişdirmək və ya din və ya əqidəsini yerinə yetirməsinə mane olmaq üçün təzyiqlərə məruz qaldığını sübut etməmişdir (Knudsen Norveçə qarşı, no 11045/84, Kommissiyanın 8 mart 1985-ci il qərarı, DR 42, səh. 258, yuxarıda istinad edilən Konttinen).
38. İstənilən halda, hətta ərizəçinin hüququna 9-cu maddənin 1-ci bəndi üzrə müdaxilə olunduğu fərz edilsə də, Məhkəmə hesab edir ki, bu müdaxilə qanunda nəzərdə tutulmuşdur, başqalarının hüquq və azadlıqlarının qorunmasına – o cümlədən iddiaçıların ədalət mühakiməsinin düzgün fəaliyyətindən yararlanmaq və proses müddətinin ağlabatanlığı prinsipinə (yuxarıdakı 12-ci bənd) əsaslanmışdır və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında əsaslı proporsionallıq əlaqələri mövcud idi (bax, mutatis mutandis, Casimiro və Ferreira Luksemburqa qarşı (dek.), no 44888/98, 27 aprel 1999).
39. Nəticədə, Konvensiyanın 9-cu maddəsinin pozuntusu baş verməmişdir.
(...)
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ
(...)
2. Üç səs lehinə və dörd səs əleyhinə olmaqla, Konvensiyanın 9-cu maddəsinin pozulmadığını qət edir.
Qərar fransız dilində tərtib edilmiş, daha sonra Məhkəmə Qaydalarının 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə uyğun olaraq, 2012-ci il 3 aprel tarixində yazılı şəkildə elan edilmişdir.
Fransuaz Elens-PassosFransuaz Tulkens
Katib müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərara hakimlər Tulkens, Popocić və Keller üçün ümumi olan xüsusi rəylər əlavə olunur
F.T.
F.E.P.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy