Frumkin (Frumkin) Rusiyaya qarşı – ərizə № 74568/12
5.1.2016 tarixli qərar [III Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Nümayişin dinc şəkildə keçirilməsini təmin etmək üçün etiraz nümayişinin rəhbərləri ilə dövlət orqanlarının təmasa girməməsi: pozuntu baş verib
Faktlar – 6 may 2012-ci ildə ərizəçi Moskvada Bolotnaya meydanında icazəli siyasi mitinqdə iştirak etdi, mitinqin məqsədi Dövlət Dumasına 2011-ci il seçkilərində və 2012-ci ilin əvvəlində keçirilmiş prezident seçkilərində baş verdiyi iddia edilən "sui-istifadə və saxtalaşdırma" hallarına etiraz etmək idi. Dinc yürüşdən sonra nümayişçilər meydana gəlib çatdılar, amma müəyyən etdilər ki, gözlədiklərinin əksinə olaraq mitinq yeri kimi düşündükləri park bağlanıb və xüsusi təyinatlı polis dəstələrinin kordonu vasitəsilə əhatəyə alınaraq oraya giriş qadağan edilib. Bunun əvəzinə mitinq yeri Bolotnayanın sahilyanı zonası ilə, yəni təşkilatçıların çıxışlar üçün səhnə quraşdırdıqları məkanla məhdudlaşdırılıb. Polislərlə danışıqlar aparmaq cəhdləri uğursuz nəticələndikdən sonra yürüşün rəhbərləri "oturaq etiraz aksiyası" elan etdilər və yerə oturdular; 20-dən 50-dək insan onların çağırışına əməl etdi və onlara qoşuldu. Təxminən bir saat sonra "oturaq etiraz aksiyasının" keçirildiyi yerdə sıxlıq yarandı və kütlənin təzyiqi əvvəlcə polis kordonunun aralanmasına səbəb oldu, amma kordon güc tətbiq edilmədən tezliklə bərpa olundu. Kütlənin içərisindəki etirazçılar polis kordonuna tərəf müxtəlif əşyalar, o cümlədən "Molotov kokteyli" atmağa başladılar. Eyni zamanda, polisin göstərişlərindən sonra səhnədən elan edildi ki, mitinq başa çatıb. Lakin nümayişçilərin çoxu və media müxbirləri bu məlumatı eşitmədilər. Bundan sonra xüsusi təyinatlı polis dəstələri nümayişi dağıtmağa başladırlar və fəallardan bəzilərini, o cümlədən yürüşün rəhbərlərindən bir neçəsini həbs etdilər.
Ərizəçi nümayiş dağıdılan zaman həbs edildi. O, 36 saat ərzində həbsdə saxlanıldı və sonda nəqliyyatın hərəkətinə mane olmağa və polisin göstərişlərinə tabe olmamağa görə 15 gün inzibati həbs cəzası aldı. O iddia etdi ki, dövlət orqanları lap əvvəldən insanları küçə etirazlarından və fərqli siyasi fikirlərini bildirməkdən çəkindirmək üçün mitinq iştirakçılarını sıxışdırmaq niyyətində idilər və kütləyə nəzarət tədbirlərini tətbiq etmişdilər ki, bunda da məqsəd təxribat təşkil edərək qarşıdurmaya nail olmaq və mitinqi vaxtından əvvəl dağıtmaq üçün bəhanə əldə etmək idi. O həmçinin iddia etdi ki, tutulması, məhkəməyəqədər həbsdə saxlanması və bunun ardınca inzibati hüquqpozmaya görə məsuliyyətə cəlb olunması əsassız idi və zəruri deyildi.
Hüquqi məsələlər
Maddə 11: Ərizəçinin şikayəti qismən ümumi hadisələrlə əlaqədar olsa da, aydın məsələ idi ki, həmin hadisələr şəxsən ərizəçiyə və onun 11-ci maddə ilə təmin edilən hüquqlarına birbaşa təsir göstərib, belə ki, mitinq dağıdıldığına və sonra ləğv edildiyinə görə o, mitinqdə iştirak edə bilməmişdi. Bu şikayət ərizəçinin özünün sonradan saxlanması və həbs edilməsi ilə bağlı şikayətlərindən fərqlidir. Məhkəmə bu iki məsələni ayrı-ayrılıqda araşdırdı.
a) Toplantının dinc şəkildə keçirilməsini təmin etmək öhdəliyi – Təhlükəsizliyin təmin edilməsi üçün düşünülmüş əməliyyat toplantı günü bütün şəhəri əhatə edən formada hazırlanmışdı, belə ki, icazəsiz küçə yürüşlərinin keçirilməsi gözlənilirdi. Dövlət orqanları müxalifət fəallarının çadır düşərgələri qurmaqla "İşğal et" hərəkatına və Ukraynadakı "Maydan" etirazlarına bənzər formada xalq üsyanı hazırlamasından şübhələnirdilər. Məhz bu səbəbdən polislər mitinqin yerini sahilyanı zona ilə məhdudlaşdırmağı qərara almışdılar, belə ki, orada asanlıqla çadırlar qurmaq mümkün deyildi. Konvensiyanın 11-ci maddəsi şəxsin istədiyi yerdə çadır düşərgəsi qurmaq hüququnu təmin etməsə də, müəyyən hallarda bu cür müvəqqəti qurğular siyasi fikirlərin ifadəsi formasını təşkil edə bilər və bu halda istənilən məhdudiyyətlər Konvensiyanın tələblərinə uyğun olmalıdır. Məhkəmə görülmüş tədbirlərin mütənasibliyini qiymətləndirərkən bunu nəzərə aldı.
İlk baxışdan mitinq zamanı parkı bağlamaq qərarı özü-özlüyündə düşmənçilik və ya hiyləgərlik təəssüratı yaratmırdı, belə ki, sahilyanı zona toplantı iştirakçılarının yerləşməsi üçün kifayət qədər tutumlu idi. Lakin təşkilatçılar təkcə parka girişin bağlanmasına etiraz etmirdilər, həm də ilk növbədə tədbirin planlaşdırıldığı yerin son anda dəyişdirilməsinə etiraz edirdilər. Bu tədbir zamanı asayişin qorunmasına böyük diqqət yetirildiyini və etiraz fəaliyyətlərinə aid hər bir məlumata təhlükəsizlik qüvvələrinin diqqətlə yanaşdıqlarını nəzərə alsaq, polis tərəfindən ictimaiyyətə açıqlanmış ilkin marşrutun (bu marşruta park da daxil idi) diqqətsizlik ucbatından polislərin nəzərindən yayındığını güman etmək olmazdı. Beləliklə, öncə parkın mitinqin keçiriləcəyi yerin bir hissəsi olacağına ən azı susmaq yolu ilə razılıq verilmişdi.
"Oturaq etiraz aksiyasına" gəlincə, o, kütlənin yaratdığı sıxlığı daha da ağırlaşdırsa da, məhdud məkanda lokallaşmış olaraq qalırdı və keçib getmək istəyənlər üçün kifayət qədər yer vardı və həm də bu aksiya sırf dinc xarakter daşıyırdı. Bununla belə, bu durum dövlət orqanlarının müdaxiləsini tələb edirdi. Mövcud vəziyyətdə polis kordonunun ən münasib manevrinin nədən ibarət olduğunu göstərmək Məhkəmənin vəzifəsi olmasa da və iştirakçıların parka daxil olmasına icazə verməkdən polislərin imtina etməsi əsaslı olsa da, dövlət orqanları mövcud durumda hansı hərəkətləri edəcəklərini açıq, aydın və operativ şəkildə bildirməli idilər.
Məhkəmənin rəyinə görə, səlahiyyətli rəsmi şəxslər toplantının təşkilatçıları ilə təmasa girməyə hazır olsaydılar, toplantı yerinin gözlənilmədən dəyişdirilməsinin səbəb olduğu gərginliyi azalda bilərdilər. Lakin polis orqanları təşkilatçılarla etibarlı əlaqə kanalı yaratmadılar. Eləcə də toplantı təşkilatçıları ilə təmas qurmaq üçün heç bir polis əməkdaşı təyin olunmamışdı (hərçənd ki, vətəndaş cəmiyyəti və mətbuatla təmasda olmaq üçün polis əməkdaşları təyin olunmuşdular). Təhlükəsizliyin qorunmasına hərtərəfli hazırlıq aparıldığını nəzərə alsaq, bu yanlışlıq xüsusilə təəccüblü idi. Bundan başqa, dövlət orqanları real zaman axarında hadisələrin gedişatına konstruktiv şəkildə reaksiya verə bilməmişdilər. Kordonun yaxınlığında qarşıdurma 50 dəqiqəyə yaxın davam etmişdi ki, bu da xeyli vaxt demək idi. Yüksək rütbəli polis əməkdaşlarının təşkilatçılarla telefonla əlaqə yaratmaq və şəxsən onlara yaxınlaşmaq imkanları kifayət qədər idi. Lakin məsul şəxslərin heç biri yürüşün rəhbərləri ilə söhbət etməyə maraq göstərməmişdi. Nəticədə "oturaq etiraz aksiyası" başladığı zaman onlar ombudsmanı toplantı rəhbərlərinin yanına belə bir ismarıcla göndərmişdilər ki, ayağa qalxsınlar və irəliyə doğru hərəkət etsinlər, amma bu, etirazçıların narazılığına cavab deyildi. Münaqişənin ilk əlamətləri görünən kimi dövlət orqanlarının sadə və aşkar addımları atmaması münaqişənin kəskinləşməsinə şərait yaratmışdı ki, bu da dinc xarakterli olan toplantının dağıdılmasına gətirib çıxarmışdı. Beləliklə, dövlət orqanları hətta toplantı rəhbərləri ilə təmasa girmək vəzifəsindən irəli gələn minimum tələbləri də yerinə yetirməmişdilər, halbuki bu onların pozitiv öhdəliyinin, yəni toplantının dinc şəkildə keçirilməsini təmin etmək, iğtişaşın qarşısını almaq və orada olan bütün vətəndaşların təhlükəsizliyini təmin etmək öhdəliyinin mühüm tərkib hissəsi idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Toplantının bitməsi, ərizəçinin saxlanması, həbs edilməsi və irəli sürülmüş ittihamlar – Gərginlik "oturaq etiraz aksiyasının" keçirildiyi yerlə məhdudlaşmışdı, qalan yerlərdə isə vəziyyət sakit olaraq qalırdı. Dövlət orqanları toplantını bitmiş elan etməzdən əvvəl toplantı iştirakçılarının itaət göstərməyən hissəsini qalan hissədən ayırmağa və problemi həmin çərçivədə həll etməyə və beləliklə səhnənin yerləşdiyi yerdə mitinqin dinc formada cərəyan etdiyi məkanda toplantının davam etməsinə imkan yaratmağa cəhd etdiklərini sübuta yetirə bilmədilər. Müvafiq olaraq, Məhkəmə mitinqə son qoyulmasının qaçılmaz olduğuna əmin deyil. Hətta mitinqə son qoymaq qərarının zorakılıqların yayılması və şiddətlənməsi ilə bağlı real və birbaşa təhlükənin mövcudluğu səbəbindən qəbul edildiyini və dövlət orqanlarının öz qiymətləndirmə sərbəstliklərinin hüdudları çərçivəsində hərəkət etdiklərini fərz etsək belə, bunu fərqli üsullarla və müxtəlif fərqli metodlardan istifadə etməklə həyata keçirmək olardı.
Məhkəmə "oturaq etiraz aksiyasının" keçirildiyi yerlə etirazçıları dağıtmaq üçün polislərin istifadə etdikləri üsulu təhlil etməyi lazım bilmədi, çünki bu məsələ ərizəçinin işinin əhatə dairəsindən kənardır. Əvəzində o, şəxsən ərizəçiyə qarşı görülmüş tədbirləri araşdırdı və bu zaman bilavasitə onun yaxınlığında, yəni səhnənin qarşısında, sahilyanı zonada mitinqin keçirilməsi üçün ayrılmış yerdə mövcud olan ümumi vəziyyəti nəzərə aldı.
Ərizəçi kordonla mühasirəyə alınmış mitinq məkanı sahəsində qalırdı və orada qaldığı bütün müddət ərzində davranışı sırf dinc davranış idi. Müvafiq olaraq, hətta toplantıya rəsmən son qoyulduqdan sonra da, "oturaq etiraz aksiyasının" keçirildiyi yerlə toqquşmalar olduğuna baxmayaraq 11-ci maddədə nəzərdə tutulmuş təminatlar ərizəçiyə münasibətdə qüvvədə qalmaqda davam edirdi. Məhkəmə dövlət orqanlarının bu etirafını nəzərə alır ki, bütövlükdə təhlükəsizlik tədbirləri və konkret olaraq yürüş zamanı hüquq pozuntuları törətməkdə ittiham edilənlərə qarşı sərt tədbirlərin tətbiqi "Maydan hadisələrinin təkrarlanması qorxusundan" irəli gəlirdi. Digər tərəfdən, ərizəçi ictimai toplantılar haqqında qaydaları pozduğuna görə deyil, nəqliyyatın hərəkətinə mane olduğuna və bu hərəkətini dayandırmaq barədə polisin qanuni göstərişlərinə tabe olmadığına görə saxlanmış, həbs edilmiş və on beş gün müddətinə azadlıqdan məhrum edilmişdi. Bu baxımdan ərizəçiyə qarşı görülmüş tədbirlərin sərtliyinə qətiyyən haqq qazandırmaq olmazdı. O, zorakılıq aktlarında, yaxud hətta mitinqin qapadılmasına qarşı "passiv müqavimət" formasında etiraz etməkdə təqsirləndirilməmişdi. Onun yolla hərəkət etməsinin və nəqliyyatın hərəkətinə mane olmasının hansı niyyətlərdən qaynaqlanması ölkədaxili məhkəmə qərarlarında izah edilməmişdi; yolda heç bir nəqliyyat vasitəsinin olmadığı və onun sadəcə olaraq ümumi qarışıqlıqda hadisə yerini tərk etmək üçün kifayət qədər cəld hərəkət edə bilmədiyi barədə ərizəçinin izahatı həmin qərarlarda nə şübhə altına alınmış, nə də rədd edilmişdi. Beləliklə, hətta ərizəçinin saxlanmasının, məhkəməyəqədər həbsə alınmasının və inzibati məsuliyyətə cəlb edilməsinin daxili qanunvericiliyə uyğun odluğunu və 11-ci maddənin 2-ci bəndində sadalanan qanuni məqsədlərdən hər hansı birini (güman ki, ictimai asayişin qorunması məqsədini) daşıdığını fərz etsək belə, onun barəsində görülmüş tədbirlər qarşıya qoyulmuş məqsədə açıq-aydın qeyri-mütənasib idi. Ərizəçinin saxlanması, mühafizə altında polis bölməsinə gətirilməsi və ya konkret olaraq onun barəsində qısa müddətə də olsa həbs cəzasının təyin olunması üçün "təxirəsalınmaz ictimai tələbat" mövcud deyildi.
Ərizəçinin saxlanması, həbs edilməsi və ardınca inzibati məsuliyyətə cəlb olunması onu və digərlərini etiraz mitinqlərində iştirak etməkdən və ya müxalif siyasi fəaliyyətlərdə aktiv iştirakdan çəkindirə bilərdi. Şübhəsiz ki, bu tədbirlər həm də digər müxalifət tərəfdarlarını və bütövlükdə ictimaiyyəti nümayişlərdə iştirak etməkdən və daha geniş götürsək, açıq siyasi müzakirələrdə iştirakdan ciddi surətdə çəkindirə bilərdi. Bu sanksiyaların çəkindirici təsirini həmin gün həyata keçirilmiş və media tərəfindən geniş işıqlandırılmış çoxsaylı həbslər daha gücləndirmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 1-ci bəndi: Saxlandığı andan, yəni ən geci 6 may 2012-ci il saat 20.30-dan məhkəmə gətirildiyi anadək, yəni 8 may 2012-ci il saat 8.00-dək ərizəçi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada azadlıqdan məhrum edilmişdi. Bir qayda olaraq, inzibati həbsin müddəti üç saatdan artıq olmamalıdır, bu müddət inzibati hüquqpozma haqqında protokolun tərtib edilməsi üçün ağlabatan və yetərli sayılır. Saat 20.30-da inzibati hüquqpozma haqqında protokol tərtib edildikdən sonra ərizəçinin polis bölməsinə gətirilməsinin məqsədinə nail olunmuşdu və onu azad edə bilərdilər. Lakin o, xırda hüquqpozmalar üzrə məhkəmədə keçiriləcək dinləmədə iştirakının təmin edilməsi üçün rəsmən həbsdə saxlanılmışdı. Dövlət orqanlarının ərizəçinin azad edilməməsi ilə bağlı hər hansı aydın izahat vermədiyi bir vəziyyətdə onun məhkəmə araşdırmasına qədər 36 saat həbsdə saxlanması haqsız və əsassız tədbir idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
6-cı maddənin 3(d) bəndi ilə birgə götürülmüş halda 6-cı maddənin 1-ci bəndi: Daxili məhkəmələrin qərarları yalnız polislər tərəfindən təqdim edilmiş standart sənədlərə əsaslanmışdı və onlar əlavə sübutları qəbul etməkdən və ya ərizəçini saxlamış polis əməkdaşlarını dindirilmək üçün çağırmaqdan imtina etmişdilər. Beləliklə, məhkəmə prosesində onun əleyhinə təqdim edilmiş yeganə sübut yoxlanılmamışdı. Üstəlik, məhkəmələr inzibati işin çərçivəsini ərizəçinin göstərişlərə tabe olmadığı barədə iddiaları nəzərdən keçirməklə məhdudlaşdırmış, polisin göstərişlərinin "qanuniliyini" isə nəzərdən keçirməmişdilər. Beləliklə, onlar ərizəçini Konvensiya ilə qorunan hərəkətlərə görə cəzalandırmış və polislərdən ərizəçinin toplaşmaq azadlığı hüququna müdaxiləni əsaslandırmalarını tələb etməmişdilər, halbuki həmin hüquq dağılışmaq əmri verilən zaman onun çıxıb getməsi üçün ağlabatan imkan yaradılmasını özündə ehtiva edirdi. Ona bu imkanın verilməməsi cinayət hüququnun təməl prinsiplərinə, yəni "şübhə müttəhimin xeyrinə həll olunur" (in dubio pro reo) prinsipinə zidd idi. Ərizəçiyə qarşı aparılan, 6-cı maddənin cinayət-hüquqi aspektinin tətbiq dairəsinə düşən inzibati icraat bütövlükdə götürüldükdə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu şəraitdə keçirilmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə 25.000 avro təyin edildi.
(Həmçinin bax: Kasparov və başqaları Rusiyaya qarşı, ərizə № 21613/07, 3 oktyabr 2013-cü il, 167 saylı məlumat bülleteni; Navalnı və Yaşin Rusiyaya qarşı, ərizə № 76204/11, 4 dekabr 2014-cü il, 180 saylı məlumat bülleteni; Nemtsov Rusiyaya qarşı, ərizə № 1774/11, 31 iyul 2014-cü il)
Full & Egal Universal Law Academy