Fridlender (Frydlender) Fransaya qarşı [BP] – ərizə № 30979/96
27.6.2000 tarixli qərar [Böyük Palata]
Maddə 6
İnzibati icraat
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Mülki qulluqçular tərəfindən qaldırılan mübahisələrə 6-cı maddənin tətbiqinin mümkünlüyü məsələsi: 6-cı maddə bu cür mübahisələrə tətbiq edilir
Faktlar – Ərizəçi İqtisadi Məsələlər Nazirliyinin İqtisadi İnkişaf Departamenti tərəfindən müqavilə əsasında işə götürülmüşdü. O, Birləşmiş Ştatlara göndərilmiş və ona orada Fransa şərablarını, pivələrini və spirtli içkilərini təbliğ etmək vəzifəsi həvalə olunmuşdu. Fərdi müqavilələr əsasında xaricdə dövlət üçün işləyən şəxslərin xidmətinin ümumi şərtləri haqqında 69-697 saylı fərmana əsasən, ərizəçi avtomatik olaraq yenilənən, lakin digər səbəblərlə yanaşı vəzifələrin qaneedici şəkildə icra edilməməsinə görə idarəetmə orqanları tərəfindən üç ay qabaqcadan xəbərdarlıq edilməklə xətm edilə bilən otuz aylıq müqavilələr əsasında işlədi. 1986-cı ilin yanvarında İqtisadi Məsələlər Nazirliyi müqavilənin yenilənməyəcəyi haqqında yekun qərar barəsində məktubla ərizəçiyə məlumat verdi və səbəb kimi, digər nöqsanlarla yanaşı, onun idxalçılara münasibətdə hiss olunacaq təşəbbüskarlıq göstərmədiyi qeyd edildi. 1986-cı ilin fevralından başlayaraq ərizəçi bu qərara məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün inzibati məhkəmələrə üç vəsatət verdi. İnzibati Məhkəmə onun bu üç vəsatətini rədd etdikdən sonra o, 1989-cu ilin oktyabrında Dövlət Şurasına (Conseil d’Etat) apellyasiya şikayəti verdi. 1995-ci ilin oktyabrında Dövlət Şurası şikayəti rədd etdi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: a) Həqiqətən bəzi dövlətlərdə fəaliyyətləri ümumi hüquq sistemi ilə tənzimlənən, ştat işçisi olan mülki dövlət qulluqçularından fərqli olaraq, müqavilə ilə işləyən mülki qulluqçuların fəaliyyətləri xüsusi hüquq sistemi ilə tənzimlənir və iştirakçı dövlətlərin hazırkı praktikasına əsasən, ştat işçisi olan mülki dövlət qulluqçuları çox vaxt müqavilə ilə işləyən mülki qulluqçuların vəzifələri ilə ekvivalent və ya oxşar olan vəzifələri yerinə yetirirlər. Pelleqrenin işi üzrə qərarında Məhkəmə müəyyən edib ki, 6-cı maddənin 1-ci bəndinin tətbiqi baxımından "mülki qulluqçu" termininə müstəqil şərh vermək önəmlidir, belə ki, bu, ölkədaxili məşğulluq sistemindən və xüsusən mülki qulluqçu ilə idarəetmə orqanı arasında hüquqi münasibətlərin xarakterindən olmayaraq Konvensiya iştirakçısı olan dövlətlərdə dövlət qulluqçularına qarşı bərabər rəftara imkan yaratmış olar. Məhkəmənin rəyi bundan ibarət oldu ki, o, mülki qulluqçunun öhdəlik və vəzifələrinin xarakterinə əsaslanan funksional meyar qəbul etməlidir. 6-cı maddənin tətbiq dairəsi xaricində olan yeganə mübahisələr qulluq vəzifələri dövlət qulluqçusunun tipik fəaliyyətləri kimi müəyyən edilmiş dövlət qulluqçuları tərəfindən qaldırılan mübahisələrdir, belə ki, bu şəxslər dövlət hakimiyyətinin daşıyıcıları kimi hərəkət edir və dövlətin və ya digər idarəetmə orqanlarının ümumi maraqlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Beləliklə, hər bir işdə müəyyən edilməlidir ki, ərizəçinin tutduğu vəzifə ümumi hüquq sisteminin verdiyi hakimiyyət səlahiyyətlərinin tətbiqində və dövlətin və ya digər idarəetmə orqanlarının ümumi maraqlarını təmin etmək məqsədini daşıyan vəzifələrin yerinə yetirilməsində onun birbaşa və ya dolayı iştirakına səbəb olurmu? Hazırkı işdə Hökumət bildirib ki, iqtisadi inkişaf idarələrinin məqsədləri xaricdə Fransanın iqtisadi maraqlarını qorumaq və xarici ticarəti təşviq etməkdir ki, bunlara görə də dövlət cavabdehlik daşıyır. Hökumət bununla bağlı iddia etdi ki, bunlar, şübhəsiz ki, dövlətin ümumi maraqlarını qorumaq məqsədi daşıyan vəzifələrdir, çünki onlar Fransanın diplomatik fəaliyyətinin tərkib hissəsini təşkil edir. Amma iqtisadi inkişaf idarələri Xarici İşlər Nazirliyinin deyil, İqtisadi Məsələlər Nazirliyinin tabeliyində idilər. Bu idarələrin əməkdaşları səfirin rəhbərliyi altına verilsələr də, bu, xaricdə işləyən hər bir dövlət qulluqçusuna şamil olunan hal idi. Bundan başqa, Hökumətin arqumentinin əksinə olaraq, 1950 və 1956-cı il tarixli fərmanlar ərizəçiyə tətbiq edilə bilməzdi, belə ki, onun qulluq şərtləri 1969-cu ildə dərc olunmuş "Fərdi müqavilələr əsasında xaricdə dövlət üçün işləyən şəxslərin xidmətinin ümumi şərtləri haqqında" fərmanda əks olunmuşdu. "Ərizəçinin vəzifələri ümumi hüquq sisteminin verdiyi hakimiyyət səlahiyyətlərinin onun tərəfindən həyata keçirilməsinə əsas verirdimi" sualına gəlincə, onun Birləşmiş Ştatlardakı vəzifələri müəyyən məhsul kateqoriyalarının ixracının asanlaşdırılmasından və stimullaşdırılmasından və rəsmi və yarımrəsmi qurumlara və ayrı-ayrı ixracatçılara və idxalatçılara məsləhətlər vermək və köməklik göstərməkdən ibarət idi. Ərizəçinin funksiyalarının xarakterini və vəzifələrinin nisbətən aşağı səviyyəsini nəzərə alsaq, demək olmazdı ki, onun üzərinə düşən vəzifələr dövlətin və ya digər idarəetmə orqanlarının ümumi maraqlarını təmin etmək məqsədini daşıyan vəzifələrin yerinə yetirilməsində onun birbaşa və ya dolayı iştirakına səbəb olurdu. Buna görə də 6-cı maddə bu işə tətbiq edilə bilər.
b) Barəsində şikayət edilən icraat 1986-cı ilin fevralında başlamış və 1995-ci ilin oktyabrında başa çatmışdı. İcraatın uzun sürməsi nə işin mürəkkəbliyi ilə, nə də ərizəçinin davranışı ilə izah oluna bilməzdi. Dövlət Şurası öz qərarını işin onun icraatına verilməsindən altı il sonra çıxarıb və Hökumət bu ləngimə ilə bağlı heç bir izahat təqdim etməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Full & Egal Universal Law Academy