© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Qafgen Almaniyaya qarşı (Gäfgen v. Germany [GC]), ərizə № 22978/05
01.06.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 34
Qurban statusu
Milli hakimiyyət orqanlarının ərizəçiyə qarşı qeyri-insani rəftara yol verildiyini etiraf etmələri, amma buna görə kompensasiya ödəməmələri və ya pozuntu törədənləri yetərincə cəzalandırmamaları: Məhkəmə qərara aldı ki, ərizəçi qurban statusuna malikdir
Maddə 3
Qeyri-insani rəftar
İtmiş uşağın yerini müəyyənləşdirmək üçün polislərin ərizəçini ona fiziki ziyan yetirəcəkləri ilə hədələmələri: pozuntu baş verib
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Məcburetmə vasitəsilə əldə edilmiş sübutların məhkəmə araşdırmasında istifadəsi: pozuntu baş verməyib
Faktlar – 2002-ci ildə ərizəçi 11 yaşlı uşağı boğub öldürdü və onun cəsədini kiçik gölün yaxınlığında gizlətdi. Eyni zamanda o, uşağın valideynlərindən girov pulu tələb etdi və pulu aldıqdan az sonra həbs edildi. O, polis bölməsinə gətirildi və qurbanın yeri ilə əlaqədar dindirildi. Ertəsi gün polis rəisinin müavini tabeliyində olan polis əməkdaşlarından birinə göstəriş verdi ki, ərizəçini ona fiziki əzab verəcəyi ilə hədələsin və o, uşağın yerini açıb demədiyi halda zərurət olarsa ona fiziki əzab versin. Bu tapşırığı yerinə yetirən polis əməkdaşı ərizəçini hədələdi ki, bu sahədə xüsusi hazırlıq keçmiş şəxs güclü fiziki əzab verəcək. Əzaba məruz qalacağından qorxan ərizəçi təxminən 10 dəqiqədən sonra cəsədi harada gizlətdiyini açıb dedi. Sonradan o, hadisə yerində oldu, orada cəsəd və ərizəçiyə qarşı əlavə sübutlar tapıldı, o cümlədən onun maşının təkərlərinin izləri aşkar edildi. Bundan sonra həyata keçirilən cinayət prosesində regional məhkəmə istintaq zamanı əldə edilmiş etiraf xarakterli ifadələri sübutlar sırasından çıxardı, çünki onlar Konvensiyanın 3-cü maddəsinə zidd olan məcburiyyət tətbiqi vasitəsilə əldə edilmişdi. Məhkəmədə ərizəçi qətli törətdiyini bir daha etiraf etdi. Məhkəmənin gəldiyi nəticələr onun bu etirafına və digər sübutlara, o cümlədən istintaq zamanı məcburi yolla ondan alınmış ifadələrə əsaslanmışdı. Yekunda ərizəçi ömürlük həbs cəzasına məhkum edildi, hökmdən verdiyi şikayətlər isə rədd edildi, bununla belə Konstitusiya Məhkəməsi etiraf etdi ki, istintaq zamanı məcburi yolla etiraf xarakterli ifadələrin alınması milli qanunvericiliyə və Konvensiyaya əsasən qadağan olunmuş dindirmə metodudur. Ərizəçinin təhdid edilməsində iştirak etmiş iki polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən təzyiq göstərmə və təzyiq göstərməyə təhrik etmə əməllərinə görə 2004-cü ildə məhkum edildilər və müvafiq olaraq, 60 və 120 gün müddətinə möhlət verilməklə 60 və 90 avro məbləğində cərimə olundular. 2005-ci ildə ərizəçi polisin istintaq metodlarının ona yetirdiyi mənəvi ziyanın kompensasiyası üçün dövlət orqanlarına qarşı məhkəmə işinə başlamaq məqsədi ilə hüquqi yardım almaq üçün müraciət etdi. Əvvəlcə məhkəmələr onun ərizəsini rədd etdilər, amma 2008-ci ildə onların qərarları Federal Konstitusiya Məhkəməsi tərəfindən ləğv olundu. Avropa Məhkəməsinin qərarı çıxarılan vaxt regional məhkəmədə ərizəçinin qaldırdığı işin icraatı hələ davam edirdi.
Hüquqi məsələlər – Maddə 34: Milli hakimiyyət orqanları həm ərizəçinin işi üzrə cinayət prosesində, həm də sonradan polis əməkdaşlarının məhkum edildiyi prosesdə Konvensiyanın pozulduğunu etiraf etdilər. Lakin onu müəyyənləşdirmək zəruridir ki, onlar ərizəçini məruz qaldığı pozuntuya görə adekvat və yetərli kompensasiya tədbiri ilə təmin etmişdilərmi? Polislərə qarşı iki il üç aya yaxın davam etmiş cinayət işi kifayət qədər cəldliklə və yubadılmadan aparılsa da, polislər çox yüngül və şərti cəzaya məhkum edilmişdilər, belə ki, milli məhkəmə onların təqsirini yüngülləşdirən halları, o cümlədən qurbanın həyatını təcili olaraq xilas etməyin zəruriliyini (həmin vaxt itmiş uşağın öldüyü hələ məlum deyildi) nəzərə almışdı. Baxmayaraq ki,
ərizəçinin işini dövlət nümayəndələrinin özbaşına qəddar hərəkətlərinin yer aldığı digər işlərlə müqayisə etmək olmazdı, hər halda, demək olar ki, simvolik cəzaların təyin olunmasını Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulmasına adekvat reaksiya hesab etmək mümkün deyil. Konvensiyada nəzərdə tutulmuş mühüm hüquqlardan birinin pozuntusuna açıq-aydın qeyri-mütənasib olan bu cəza gələcəkdə mürəkkəb situasiyalarda bu hüququn pozuntusunun qarşısını almaq üçün zəruri çəkindirici təsirə malik deyildi. Bundan başqa, baxmayaraq ki, ilkin olaraq hər iki polis əməkdaşı cinayətlərin araşdırılmasında birbaşa iştirakla əlaqədar olmayan başqa vəzifələrə keçirilmişdilər, sonradan onlardan biri öz bölməsinin rəisi təyin olundu ki, bu da Konvensiyanın 3-cü maddəsinin pozuntusunun ciddiliyinə dövlət orqanlarının göstərdikləri reaksiyasının adekvat olduğuna ciddi şübhə doğurur. Nəhayət, kompensasiya məsələsinə aid məhkəmə icraatına gəlincə, ərizəçinin hüquqi yardım barədə vəsatətinə üç ildən artıqdır ki, baxılır. Nəticədə heç bir məhkəmə iclası keçirilməyib və onun tələbinin mahiyyətinə dair qərar çıxarılmayıb. Belə olan halda daxili məhkəmələrin ərizəçinin kompensasiya barədə tələbinə ağlabatan müddətdə baxmaqdan yayınmaları bu araşdırmanın səmərəliliyini şübhə altına alır. Yekun olaraq, Məhkəmə bu qənaətə gəldi ki, milli hakimiyyət orqanları tərəfindən görülmüş müxtəlif tədbirlər Məhkəmənin presedent hüququnda öz əksini tapmış kompensasiya tələbinə tam cavab vermir və müvafiq olaraq, ərizəçi əvvəlkitək Konvensiyada nəzərdə tutulmuş hüququnun pozulmasını qurbanı sayıla bilər.
Nəticə: ərizəçi hələ də qurban statusuna malikdir (altı səsə qarşı on bir səslə).
Maddə 3: Bu məsələdə tərəflər arasında fikir ayrılığı yoxdur ki, polis əməkdaşı ərizəçini təhdid edərək deyib ki, oğurlanmış uşağın yerini açıb deməsə bu sahədə xüsusi təlim keçmiş şəxs ona dözülməz əzab verəcək. Polis rəisinin müavini tabeliyində olan polislərə ərizəçini təhdid etmələri və zərurət olduqda ona güc tətbiq etmələri barədə bir neçə dəfə göstəriş verdiyinə görə, bu cür göstəriş təsadüfi (spontan) akt kimi deyil, bilərəkdən verilən və düşünülmüş göstəriş kimi qəbul edilməlidir. Pis rəftar hədəsi altında dindirilmə yüksək dərəcədə gərgin və emosional şəraitdə təxminən 10 dəqiqə davam etdi, çünki polislər güman edirdilər ki, qurbanın həyatını xilas etmək üçün ixtiyarlarında cəmi bir neçə saat var. Ərizəçi qandallanmış halda və müvafiq olaraq, əlverişsiz vəziyyətdə idi, buna görə də ona ünvanlanan təhdidlər onda əhəmiyyətli dərəcədə qorxu, təşviş və mənəvi iztirab gətirmiş olmalı idi. Polis əməkdaşlarının motivlərinə baxmayaraq, Məhkəmə xatırladır ki, işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara, hətta insan həyatı təhlükə altında olduqda belə, yol vermək olmaz. Nəticədə ərizəçinin məruz qaldığı dindirmə metodu Konvensiyanın 3-cü maddəsi ilə qadağan olunan qeyri-insani rəftar təşkil etmək üçün yetərincə sərt rəftar hesab edildi.
Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə).
Maddə 6: 3-cü maddəni pozan üsulla əldə edilmiş sübutların istifadəsi cinayət işi üzrə məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı ciddi suallar doğurur. Buna görə də Məhkəmə müəyyən etməlidir ki, ərizəçiyə qarşı məhkəmə prosesi bu cür sübutların istifadəsi ilə əlaqədar olaraq bütövlükdə ədalətsiz idimi? Məhkəmə araşdırmasının başlanğıcında ərizəçiyə məlumat verilmişdi ki, əvvəlki ifadələri ona qarşı sübut qismində istifadə edilməyəcək, çünki onlar məcbur etmə yolu ilə əldə edilib. Bununla belə, o, cinayət törətdiyini məhkəmədə yenidən etiraf etdi və qeyd etdi ki, peşmançılıq keçirdiyinə və törətdiyi cinayətə görə məsuliyyət daşımalı olduğunu qəbul etdiyinə görə təqsirini könüllü olaraq boynuna alır. Buna görə də Avropa Məhkəməsi belə güman etməyə əsas görmür ki, milli məhkəmələr etiraz edilən ifadələri lap əvvəldən sübutlar sırasından çıxarsaydılar ərizəçi təqsirini boynuna almayacaqdı. Bu mülahizələri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin işinin konkret halları baxımından milli məhkəmələr qeyri-insani rəftar vasitəsilə əldə edilmiş etirafı sübut qismində rədd etməkdən boyun qaçırsaydılar belə, bu, ərizəçinin təqsirkar sayılmasına və cəzalandırılmasına və ya bütövlükdə onun işi üzrə məhkəmə araşdırmasının ədalətliliyinə təsir göstərməyəcəkdi.
Nəticə: pozuntu baş verməyib (altı səsə qarşı on bir səslə).
Maddə 41: Ərizəçi ziyana görə kompensasiya tələb etməyib.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy