© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
İKİNCİ SEKSİYA
GAGLIANO GIORGI ITALİYAya qarşı
(Ərizə no. 23563/07)
(Çıxarışlar)
QƏTNAMƏ
STRASBURQ
6 mart 2012
Bu qətnamə Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən yekun qərardır. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Gagliano Giorgi Italiyaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (İkinci Seksiya), aşağıdakı tərkibdə :
Françoise Tulkens, Sədr,
Danutė Jočienė,
Dragoljub Popović,
Işıl Karakaş,
Guido Raimondi,
Paulo Pinto de Albuquerque,
Helen Keller, hakimlər,
və Françoise Elens-Passos, Seksiya Katibinin Müavini,
14 fevral 2012-ci ildə qapalı məşvərət keçirərək,
Eyni tarixdə aşağıdakı qətnaməni qəbul etmişdir:
FAKTLAR
1. Ərizəçi C. Mario Jaqliano Giorgi Milan şəhərində yaşayan, 1949-cu il təvəllüdlü İtaliya vətəndaşıdır. Ərizə Məhkəməyə 31 may 2007-ci il tarixində ünvanlanmışdır. Ərizəçi Məhkəmədə Milanda fəaliyyət göstərən hüquqşünaslar Cb B. Nascimbene və Xanım M.S. Mori tərəfindən təmsil edilmişdir. İtaliya hökuməti («Hökumət») isə nümayəndəsi Xanım E. Spatafore və həmnümayəndəsi Cb N. Lettieri tərəfindən təmsil edilmişdir.
I. İŞİN HALLARI
2. Tərəflərin təqdimatı üzrə işin halları aşağıdakı kimi konspektləşdirilə bilər.
A. Əsas məhkəmə prosesləri
3. Ərizəçi Milan Polis İdarəsinin İmmiqrasiya Bürosunun (Questura) müfəttişi olmuşdur.
4. Milan Əyalət Məhkəməsinin dövlət prokurorluğu, ertəsi gün təqdim edilmiş, 5 sentyabr 1988-ci il tarixli qərarla ərizəçiyə bildirmişdir ki, onun barəsində dələduzluq (Cinayət Məcəlləsinin 317 və 81-ci maddələri) ittihamı ilə cinayət işi başladılmış və evində, avtomobilində və ofisində axtarış əmri verilmişdir. Bu əmr 6 sentyabr 1988-ci il tarixdə icra edilmişdir.
5. 9 sentyabr 1988-ci ildə ərizəçinin kompüteri müsadirə edilmişdir.
6. 20 mart 1989-cu ildə Milan Əyalət Məhkəməsinin araşdırmaçı hakimi yeni axtarış əmri vermişdir. Bu əmr ertəsi gün icra edilmişdir. 20 mart 1989-cu ildə hakim ərizəçi ilə bağlı dələduzluq (Cinayət Məcəlləsinin 317 və 81-ci Maddələri) və saxta sənəd düzəltmə (Cinayət Məcəlləsinin 479-cu Maddəsi) ittihamları üzrə həbs qəti imkan qərarı vermişdir. Ərizəçi rezident sənədlərinə ehtiyacı olan xarici vətəndaşları, bu sənədlərin İmmiqrasiya Bürosundan əldə edilməsi müqabilində ona böyük məbləğdə pul ödənilməsi məqsədilə, məcbur etməkdə və onlara təzyiq göstərməkdə və sonradan bu hal barədə şikayət etmiş bir xarici vətəndaşın verdiyi ifadəni dəyişməkdə ittiham edilmişdir. Hakim eyni əməlləri törətmiş daha altı nəfərin həbsinə qərar vermişdir.
7. 21 mart 1989-cu ildə Milan icra hakimiyyəti (Questore) ərizəçinin vəzifə səlahiyyətlərini dayandırmışdır.
...
11. Hakim, 21 iyun 1989-cu ildə ərizəçinin 3-cü müraciətinə cavab olaraq, prokurorluğun kifayət qədər dəlil topladığını və ərizəçinin dəlilləri gizlətmək riksinin artıq olmadığını əsas gətirərək, ərizəçinin həbsdən azad edilməsinə qərar vermişdir.
12. 25 yanvar 1990-cu ildə hakim ərizəçinin Milan Əyalət Məhkəməsi qarşısına çıxarılmasına qərar vermişdir (RG no. 185/90). Daha 7 nəfər məhkəməyə çıxarılmışdır.
13. 8 və 23 may 1990-cı il tarixlərdə altı məhkəmə iclası keçirilmişdir və bu iclaslarda faktlar araşdırılmış və ifadələr dinlənilmişdir. Məhkəmə 25 may 1990-cı il tarixli, 22 iyun 1990-cı ildə qeydiyyata alınmış, qərarı ilə ərizəçini dələduzluq və saxta sənəd düzəltməkdə təqsirli saymış, onu dörd il altı ay müddətinə azadlıqdan məhrum etmiş və onun dövlət xidmətində işləməsinə ömürlük qadağa qoymuşdur.
14. 26 may 1990-cı ildə ərizəçi bu qərardan Milan Appelyasiya Məhkəməsinə şikayət edərək (RG no. 4630/90), yeni istintaq araşdırması və dinləmələr keçirilməsini, ona bəraət verilməsini və cinayətin rüşvətxorluq kimi dəyərləndirilməsini xahiş etmişdir.
15. 5 iyul 1990-cu ildə ərizəçi Monza Əyalət Məhkəməsində S. Zenone al Lambro (Milan) bələdiyyəsini (Xanım V.S.-in diqqətinə) Milan Appelyasiya Məhkəməsindəki proseslərlə bağlı xidməti ünvan olaraq göstərmişdir.
...
18. Appelyasiya Məhkəməsi 22 dekabr 1993-cü ildə qeydiyyata alınmış 29 noyabr 1993-cü il tarixli qərarı ilə ərizəçiyə qarşı irəli sürülmüş dələduzluq ittihamlarının bəzilərini qüvvədə saxlamış və onun dələduzluq və saxta sənəd düzəltmə ittihamları üzrə ümumi məhkumluq müddətini üç il səkkiz aya endirmişdir.
19. Ərizəçi 24 dekabr 1993-cü ildə kassasiya şikayəti verərək, 18 may 1993-cü tarixli məhkəmə prosesinə çağırış vərəqəsinin onun 5 iyul 1990-cı ildə təqdim etdiyi ünvana yox, vəkilinin ünvanına göndərildiyini əsas gətirərək, ilkin olaraq Appelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Buna alternativ olaraq, o, yenə də ittihamların rüşvətxorluq ittihamı ilə əvəz edilməsini xahiş etmişdir.
20. Kassasiya Məhkəməsi 1 dekabr 1994-cü ildə qeydiyyata alınmış, 29 sentyabr 1994-cü il tarixli qərarı ilə, o cümlədən çağırış vərəqəsinin səhv ünvana göndərilməsini əsas gətirərək, Appelyasiya Məhkəməsinin qərarını ləğv etmiş və işi məhkəmənin başqa şöbəsinə göndərmişdir.
21. Bu arada, 10 mart 1994-cü ildə Milan Questore-u ərizəçinin vəzifə səlahiyyətlərinin dayandırılması qərarını ləğv etmişdi. Ərizəçi Turin Questura-sına keçirilmişdi.
22. Tərəflərin arqumentlərinin Milan Appelyasiya Məhkəməsində dinlənilməsi (RG no. 2637/94) 29 yanvar 1996-cı ilə təyin edilmişdir. Appelyasiya Məhkəməsi qeyri-müəyyən tarixdə ərizəçinin işinə in adsentia baxmaq qərarı vermişdir.
23. Appelyasiya Məhkəməsi 30 aprel 1996-cı ildə qeydiyyata alınmış 1 mart 1996-cı il tarixli qərarı ilə, ittihamları rüşvətxorluq ittihamı ilə əvəz etmiş, sonuncunun iddia müddətinin bitdiyini elan etmişdir. Məhkəmə ərizəçini saxta sənəd düzəltmə ittihamı üzrə bir il müddətinə azadlıqdan məhrum etmiş, məhkumluğu dayandırmış və əlavə cəza olaraq ərizəçini bir il müddətinə dövlət xidmətindən məhrum etmişdir.
24. Ərizəçi 1996-cı ilin iyul ayından əvvəl qeyri-müəyyən bir tarixdə yenidən kassasiya şikayəti vermişdir. O, qeyd etmişdir ki, məhkəmənin katibliyi çağırış vərəqəsini onun təqdim etdiyi ünvana, Xanım V.S.-in diqqətinə göndərərkən, qeydiyyatlı məktubu ona yox, Xanım V.S.-ə ünvanlamışdır.
25. Kassasiya Məhkəməsi 18 oktyabr 1997-ci ildə qeydiyyata alınmış 7 oktyabr 1997-ci il tarixli qərarı ilə ərizəçinin şikayətini təmin etmiş və işi Məhkəmənin başqa şöbəsinə göndərmişdir.
26. Appelyasiya Məhkəməsinin katibliyi qeyri-müəyyən tarixdə 26 mart 1998-ci ildə keçirilmiş məhkəmə prosesində (RG no. 4288/97) iştirak üçün çağırış vərəqəsini ərizəçinin vəkillərindən birinin ünvanına göndərmişdir.
27. Appelyasiya Məhkəməsi eyni gündə məhkəməyə çağırışları etibarsız elan etmiş və polisə göstəriş vermişdir ki, 11 iyun 1998-ci il məhkəmə prosesinə çağırış vərəqələrini ərizəçinin bu arada işləməyə başladığı Turin Questurasına və Xanım V.S.-in ünvanına göndərsin.
28. 11 iyun 1998-ci il tarixli məhkəmə prosesindən sonra Appelyasiya Məhkəməsi həmin gündə verilmiş və 24 iyun 1998-ci ildə qeydiyyata alınmış qərarla rüşvətxorluq ittihamının iddia müddətinin ötürüldüyünü elan etmiş və ərizəçinin dələduzluğa görə bir illik dayandırılmış azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlamış və əlavə cəza olaraq, onu bir il müddətinə dövlət xidmətində işləməkdən məhrum etmişdir.
29. 2 oktyabr 1998-ci ildə ərizəçi yenidən kassasiya şikayəti vermişdir. O iddia etmişdir ki, Xanım V.S.-in diqqətinə göndərilmiş 11 iyun 1998-ci il tarixli məhkəmə prosesinə çağırış vərəqəsində səlahiyyətli məhkəmə orqanı göstərilməmişdir və onun işlədiyi Questuraya göndərilmiş çağırış vərəqəsi onun hierarxiya üzrə rəhbərinə verildiyi üçün etibarsız olmuşdur.
30. Kassasiya Məhkəməsi 29 aprel 1999-cu ildə qeydiyyata alınmış 14 aprel 1999-cu il tarixli qərarı ilə ərizəçinin şikayətini rədd edərək, bildirmişdir ki, məhkəmə praktikasına əsasən, çağırış vərəqəsi ərizəçinin hierarxiya üzrə rəhbərinə çatdılıranda, ərizəçi məlumatlandırılmış hesab edilir və, beləliklə, çağırış vərəqəsi etibarlı olmuşdur.
B. Məhkəməyə göndərilmiş ilk şikayət ərizəsi
31. 12 oktyabr 1999-cu ildə ərizəçi ona qarşı cinayət prosesinin ədalətliliyi ilə bağlı Məhkəməyə 52228/99 saylı şikayət ərizəsi ilə müraciət etmişdir.
32. 8 noyabr 2002-ci ildə Məhkəmə ərizəni, Konvensiyanın 28 maddəsinə uyğun olaraq, açıq-aydın əsaslandırılmamış elan etmişdir.
C. «Pinto» proseduru
33. Ərizəçi 16 oktyabr 2001-ci ildə «Pinto aktı»na əsasən Brescia Məhkəməsinə müraciət edərək, əsas məhkəmə proseslərinin müddətinin uzunluğuna görə dəydiyini iddia etdiyi maddi və mənəvi zərərə görə 60 000 000 İtaliya lirası (30 987 avro) məbləğində təzminat tələb etmişdir.
34. Appelyasiya Məhkəməsi 21 fevral 2002-ci ildə qeydiyyata alınmış qərarı ilə bildirmişdir ki, Konvensiyanın 6 § 1 Maddəsinin pozuntusu yalnız Milan Əyalət Məhkəməsinin (22 iyun 1990) qərarından ilk appelyasiya qərarınadək (29 noyabr 1993) olan müddət ilə bağlı baş vermişdir. Məhkəmə, işə çox sayda məhkəmənin baxmasını nəzərə alaraq, hesab etmişdir ki, məhkəmə proseslərinin digər mərhələlərində qeyri-adekvat gecikmələr olmamışdır. Məhkəmə, ərizəçinin heç bir maddi və ya mənəvi zərərə məruz qaldığını iddia etmədiyini və əsas məhkəmə proseslərinin nəticəsində məhkum olunduğu üçün istənilən halda proseslərin müddəti səbəbindən heç bir mənəvi zərərə məruz qalmayacağını nəzərə alaraq, heç bir təzminat müəyyən etməmişdir.
35. Ərizəçi 24 aprel 2002-ci ildə kassasiya şikayəti vermişdir. Kassasiya Məhkəməsi 24 oktyabr 2003-cü ildə qeydiyyata alınmış qərarı ilə mübahisəli qərarı ləğv edərək, bildirmişdir ki, məhkəmə proseslərinin mənfi nəticələnməsi, özü-özlüyündə, onların müddəti ilə bağlı mənəvi zərərin olmasını istisna etmir və proseslərin həddən artıq uzun müddətli olmasından irəli gələn təzminat iddiası əsaslandırılmalı idi. İş Brescia Appelyasiya Məhkəməsinə qaytarılmışdır.
36. 20 aprel 2004-cü ildə ərizəçi məhkəməyə müraciət edərək, o cümlədən bildirmişdir ki, 24 oktyabr 2003-cü il tarixli qərardan sonra Plenar Kassasiya Məhkəməsi, mənəvi zərərin mövcudluğunu sübut etməyə ehtiyac olmadığını nəzərdə tutan, dörd qərar (no. 1338, 1339, 1340 və 1341 – 2004-cü il) vermişdir.
37. 21 iyul 2004-cü ildə qeydiyyat alınmış 7 iyul 2004-cü il tarixli qərarı ilə Appelyasiya Məhkəməsi appelyasiya şikayətini rədd edərək, bildirmişdir ki, Plenar Kassasiya Məhkəməsinin qərarından irəli gələn prinsiplər təkrar məhkəmə baxışlarına birbaşa şamil edilmir və ərizəçi mənəvi zərərə məruz qalması ilə bağlı iddiasını əsaslandırılmalı olduğu halda, bunu etməmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, ərizəçi özünə qarşı olan ittihamlar üzrə iddia müddətinin ötməsi baxımından cinayət proseslərinin uzadılmasında maraqlı idi.
38. Ərizəçi 15 noyabr 2004-cü ildə kassasiya şikayəti vermişdir. Kassasiya Məhkəməsi 6 dekabr 2006-cü ildə qeydiyyata alınmış qərarı ilə şikayəti rədd etmiş və ərizəçinin məhkəmə xərcləri üçün 3000 avro ödəməsini əmr etmişdir.
...
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİ ÜZRƏ ŞİKAYƏTLƏR
...Əsas prosesin müddəti və “Pinto” proseduru üzrə əvəzin ödənilməsinin olmaması
50. Məhkəmə qeyd edir ki, ərizəçi ona qarşı məhkəmə işinin üç instansiyada on il yeddi ay sürməsinə görə kompensasiya almaması əsasıyla Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayətlənir.
Əhəmiyyətli zərərin olmaması
51. 20 may 2010-cü il tarixli müşahidələrində Hökumət iddia etmişdir ki, ərizəçinin zərəri əhəmiyyətsiz həcmdə olmuşdur. O, Konvensiyanın 35-ci maddəsinin 3(b) bəndinin 14saylı Protokolla dəyişdirilmiş mətninə istinad etmişdir. Bu mətnə görə, Məhkəmə bir ərizəni qəbuledilməz elan edə bilər, əgər o hesab edərsə ki, “Konvensiya və ona dair Protokollarda göstərilmiş insan hüquqlarına hörmətin şikayətə mahiyyəti üzrə baxılmasını tələb etdiyi hallar istisna olmaqla ərizəçi əhəmiyyətli zərərə məruz qalmamışdırsa, lakin yerli məhkəmə tərəfindən lazımınca araşdırılmayan heç bir iş bu əsasla rədd edilə bilməz”.
52. Hökumət xüsusilə bildirmişdir ki, həmin prosesin uzanması ərizəçiyə imkan vermişdir ki, cəzası yüngülləşsin, çünki, ona qarşı qaldırılmış rüşvət ittihamının vaxtı keçmişdir. O əlavə etmişdir ki, ərizəçi özü prosesə mane olmuşdur ki, ittihamların müddəti keçsin.
53. Ərizəçi Hökumətin onun prosesə mane olması barədə arqumentlərini qəbul etməmiş və müddətlərin tətbiq olunmasından hər hansı xeyir əldə etmədiyini bildirmişdir. O xüsusilə qeyd etmişdir ki, Appelyasiya Məhkəməsinin 1 mart 1996-cı il qərarında onun cəzası artıq dayandırıldığından, ittihamların müddətinin keçməsi onun cəzası üzərində əhəmyyətli rol oynaya bilməzdi.
54. Məhkəmə vurğulayır ki, yeni “əhəmiyyətli zərər” meyarının məqsədi əhəmiyyətsiz işlərin tez bir zamanda rədd edilməsi və beləliklə, diqqətini əsas vəzifəsi olan Konvensiya və onun Protokollarında göstərilən hüquqlar üçün təminata yönəltməkdir (bax: Stefanescu v. Romania (dec.), no. 11774/04, 12 aprel 2011, § 35).
55. De minimis non curat praetor prinsipindən ilhamlanan yeni meyar ona əsaslanır ki, bir pozuntu hüququ cəhətdən nə qədər real olsa da, bir beynalxalq məhkəmə tərəfindən baxıla bilməsi üçün minimum ciddilik səviyyəsində olmalıdır (bax: Korolev v. Russia (dec.), no. 25551/05, 1 iyul 2010). Təbii ki, bu minimum səviyyə nisbidir və işin hallraından asılıdır (bax: yuxarıda istinad olunan Korolev, və, mutatis mutandis, Soering v. the United Kingdom, 7 iyul 1989, § 100, Series A no. 161). Bir pozuntunun ciddiliyi həm ərizəçinin subyektiv qavrayışı və həmin işdə obyektiv olaraq üzə çıxan məsələlər nəzərə alınmaqla müəyyənləşdirilir.
56. Öz yurisprudensiyasında müəyyən olunmuş meyarların işığında Məhkəmə hesab edir ki, bir pozuntunun minimum ciddilik səviyyəsinə çatmasını müəyyən edərkən inter alia aşağıdakı amillər nəzərə alınmalıdır:pozulan hüququn xarakteri, iddia olunan pozuntunun bir hüququn həyata keçirilməsinə və / və ya ərizəçinin fərdi vəziyyətinə mümkün təsirinin ciddiliyi (bax: Giusti v. Italy, no. 13175/03, § 34, 18 oktyabr 2011).
57. Hazırki işdə Məhkəmə qeyd edir ki, prosesin müddəti səbəbilə, Appelyasiya Məhkəməsi 11 iyun 1998-ci il tarixdə rüşvət ittihamının müddətinin keçdiyi barədə qərar vermiş və bu, ərizəçinin cəzasının azalmasına səbəb olmuşdur, çünki ona qarşı irəli sürülən iki ittihamdan, rüşvət ittihamı ən ağır cəza nəzərdə tutanı idi. Lakin Məhkəməyə təqdim olunan sənədlər azalmanın dəqiq nə qədər olduğunu və ya bu azalma ilə “ağlabatan müddət” tələbi arasında hər hansı bir əlaqə olduğunu müəyənləşdırməyə iıkan vermir. Daha sonar, Məhkəmə müşahidə edir ki, cəzanın azaldılması ən azından cinayət prosesinin hədsiz uzunluğunun verdiyi mənəvi ziyana görə bir kompensasiyadır və ya ziyanın təsirini əhəmiyyətli dərəcədə azaltmışdır. Bundan əlavə, Məhkəmə ərizəçinin 1 mart 1996-cı il qərarı ilə cəzasının dayandırılması barədə arqumentini (yuxarıdakı 26-cı paraqraf) məntiqli hesab etmir . Məhəkəmə bununla əlaqədar qeyd edir ki, Milan Appelyasiya Məhkəməsinin həmin qərarı ilə, rüşvət ittihamı müddətikeçmış elan edilmişdi.
58. Məhəmə beləliklə hesab edir ki, işə ağlabatan müddətdə baxılması hüququ ilə əlaqədar ərizəçi əhəmiyyətli zərərə məruz qalmamışdır.
59.Konvensiya və ya onun Protokollarında göstərilən hüquqların təminatının ərizəyə mahiyyət üzrə baxılmasını tələb edib-etməməsi məsələsinə gəlincə, Məhkəmə təkrar edir ki, bu anlayış Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndi və 38-ci maddəsinin 1-ci bəndində (14 saylı Protokoldan əvvəlki versiyalarında) müəyyən olunan şərtlərə istinad edir. Konvensiya qurumları ardıcıl olaraq bu müddəaları, barışıq sazişi əldə olunması və ya işin siyahıdan çıxarılması üçün əsasların olduğu hallrda belə işə baxılmasını tələb edən normalar kimi şərh etmişdir. Bununla belə, o da müəyyən edilmişdir ki, Məhkəmənin baxmaqda olduğu işdə qaldıran məsələ üzrə aydın və geniş yurisprudensiya varsa, işə baxılması tələb olunmur( bax: digər işlərlə birgə, Van Houten v. the Netherlands (siyahıdan çıxarılma), no. 25149/03, ECHR 2005-IX, və Kavak v. Turkey (dec.), nos. 34719/04 və 37472/05, 19 may 2009).
60. Hazırki işdə Məhəkəmə hesab edir ki, işə baxılmasına davam edilməsi Konvensiya və onun Protokollarının müdafiə vasitəsi olduğu Avropa ictimai qaydasının tələbləri ilə əsaslandırılmamışdır.
61. Şikayət cinayət prosesinin ağlaban müddətləri, xüsusilə “Pinto qanunu” ilə yaradılan müdafiə vasitəsi kontekstində əsasə prosesin müddəti məsələsini qaldırır və bu məsələ üzrə Məhkəmənin çox sayda qərarları vardır (bax: digər işlərlə yanaşı, Cocchiarella v. Italy [GC], no. 64886/01, ECHR 2006‑V; Simaldone v. Italy, no. 22644/03, 31 mart 2009; və Labita v. Italy [GC], no. 26772/95, ECHR 2000‑IV).
62. Belə olan şəraitdə Məhkəmə hesab edir ki, insan hüquqlarına hörmət bu ərizəyə baxılmasına davam edilməsini tələb etmir.
63. Nəhayət, bu yeni meyar əsasında baxılmalı olan üçüncü məsələ, yəni işin “yerli məhkəmə tərəfindən lazımınca araşdırılmış olması” ilə bağlı, Məhkəmə xatırladır ki, bu tələbin məqsədi işin ya yerli məhkəmələr tərəfindən, ya da Avropa səviyyəsində baxılmasını təmin etməkdir. Bu müddəa həm də Konvensiyanın pozuntulara qarşı yerli müdafiə vasitələrinin olmasını tələb edən 13-cü maddəsində də gösərilən subsidiarlıq prinsipi ilə də uyğundur (bax: istinad olunmuş Korolev). Əvvəlki təminatla birgə bu müddəa təminat verir ki, Məhkəmə Konvensiya və onun Protokollarının tətbiqi və ya şərhinə ciddi təsir göstərə biləcək və ya daxili qanunvericiklə əlaqədar əhəmiyyətli məsələlərə baxsın (bax: 14 saylı Protokola izahedici hesabat, § 83).
64. Hazırki işdə Məhkəmə qeyd edir ki, cinayət prosesinin müddəti məsələsi Pinto qanunvericiliyinin məqsədləri üçün iki dəfə səlahiyyətli məhkəmələr (appelyasiya va kassasiya məhkəmələri) tərəfindən nəzərdən keçirilmişdir və ərizəçi kassasiya məhkəməsinə aşağı instansiyanın ona kompensasiya verməmək qərarına qarşı arqumentlərini təqdim etmişdir.
65. Belə olan şəraitdə Məhkəmə hesab edir ki, işə yerli məhkəmələr tərəfindən lazımınca baxılmışdır və Konvensiya və onun Protokollarının tətbiqi və ya şərhinə ciddi təsir göstərə biləcək və ya daxili qanunvericiklə əlaqədar əhəmiyyətli sual cavabsız qalmamışdır.
66. Yuxarıdakıları və Konvensiyanın 35-ci maddəsinin 3(b) bəndini nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3(b) və 4-cü bəndlərinə uyğun olaraq qəbuledilməz elan olunmalıdır.
...
BU ƏSASLARLA MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. “Pinto” prosesinin ləngliyi ilə bağlı şikayəti qəbuledilən, ərizənin qalanını isə qəbuledilməz elan edir ;
...
Fransızca hazırlanmış və 6 mart 2012-ci ildə Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə uyğun olaraq tərəflərə göndərilmişdir.
Françoise Elens-PassosFrançoise Tulkens
Katib müaviniSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy