© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
DÖRDÜNCÜ SEKSİYA
GALLARDO SANCHEZ İTALİYAya q
(Ərizə no 11620/07)
QƏRAR
STRAZBURQ
24 mart 2015
YEKUN
24/06/2015
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən yekun qərardır. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Gallardo Sanchez Italiyaya q. işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (dördüncü seksiya):
Päivi Hirvelä, sədr,
Guido Raimondi,
George Nicolaou,
Ledi Bianku,
Nona Tsotsoria,
Paul Mahoney,
Krzysztof Wojtyczek, hakimlər,
və Məhkəmə katibinin müavini Fatoş Aracıdan ibarət tərkibdə
3 mart 2015-ci il tarixdə gizli məşvərət keçirərək,
Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Venesuela vətəndaşı Cənab Manuel Rogelio Gallardo Sanchez tərəfindən (« ərizəçi ») 7 mart 2007-ci ildə Məhkəməyə təqdim edilmiş İtaliya Respublikasına qarşı ərizə (no 11620/07) əsasında başlamışdır.
2. Ərizəçini Məhkəmə qarşısında Afinada fəlaiyyt göstərən vəkil S. Koulouroudis təmsil etmişdir. İtaliya Hökuməti (« Hökumət ») nümayəndəsi Xanım E. Spatafora tərəfindın təmsil olunmuşdur.
3. Ərizəçi iddia edir ki, ekstradisiyası ilə bağlı həbsinin müddəti Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulmasına səbəb olmuşdur.
4. Bu şikayət maddə 5 § 1 f) olaraq təsnifləndirilmişdir. 2 may 2013-cü ildə ərizə Hökumətə kommunikasiya edilmişdir.
5. 16 dekabr 2013-cü ildə Hökumətin təqdimatlarının bir surəti ərizəçinin nüməyəndəsinə göndərilmiş və o, bu təqdimatlara cavab verməyə və əvəzin ədalətli ödənilməsi üçün tələbini Məhkəməyə təqdim etməyə dəvət edilmişdir. Ərizəçi tərəfindən şikayətini davam etdirmək istəyininin aydın olmasına baxmayaraq, nümayəndəsi tələb olunana vaxtda təqdimatlarının göndərməmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
6. Tərəflərin təqdim etdiyi şəkildə işin halları aşağıdakı kimi xülasə edilə bilər.
7. Ərizəçi, Manuel Rogelio Gallardo Sanchez 1965-ci il təvəllüdlü Venezuela vətəndaşıdır və Kapda yaşayır.
8. 19 aprel 2005-ci ildə, ərizəçi, Yunan dövlət orqanları tərəfindən bilərəkdən yanğın törətməkdə ittiham edilmiş, 26 yanvar 2005-ci il tarixli Afina Appelyasiya Məhkəməsi həbs qərarının icrası ilə bağlı 13 dekabr 1957-ci il Avropa Ekstradisiya Konvensiyasına əsasən, ekstradisiya məqsədilə Roma polisinin nəzarətində saxlanmışdır.
9. 22 aprel 2005-ci ildə, Aquila Appelyasiya Məhkəməsi ərizəçinin həbsi barədə qərarı qüvvədə saxlamış və onun həbsdə qalmasını əmr etmişdir.
10. 26 aprel 2005-ci ildə, Ədliyyə Nazirliyi Appelyasiya Məhkəməsindən ərizəçinin həbsdə saxlanmasını xahiş etmişdir.
11. 27 aprel 2005-ci il iclasında, Appelaysiya Məhkəməsi Sədri, Cinayət Prosessual Məcəlləsinin (CPM) 717-ci maddəsinə əsaslanaraq, (paraqraf 25 aşağıda), ərizəçinin şəxsiyyətinin müəyyənləşdirmiş və ekstradisiyasına razı olub olmadığını soruşmuşdur. Ərizəçi razılaşmamışdır.
12. 9 iyun 2005-ci ildə, Ədliyyə Nazirliyi Apelyasiya Məhkəməsinə məlumat vermişdir ki, 25 may 2005-ci ildə Yunan dövlət orqanları tələb olunan bütün sənədlərlə müşayiət olunan ekstradisiya müraciətini göndərmişdir.
13. 21 iyun 2005-ci ildə, prokurorluq Apelyasiya Məhkəməsindən ekstradisiya müraciətini qəbul etməsini xahiş etmişdir.
14. İclas 15 dekabr 2005-ci ilə təyin edilmişdir. Ərizəçinin nümayəndəsinin müraciətinin ardından iclas 12 yanvar 2006-cı ilə təxirə salınmışdır.
15. Heç bir istintaq hərəkti etmədən Appelyasiya Məhkəməsi 12 yanvar 2006-cı ildə ekstradisiyanı qəbul edən qərar vermişdir və 30 yanvar 2006-cı ildə qərar ərizəçiyə bildirilmişdir. Məhkəmə ekstradisiya müraciətinin Avropa Ekstradisiya Konvensiyasına uyğunluğunu, ne bis in idem və ikiqat cinayət ittihamı prisipinə hörmət edilib edilmədiyini yoxlamış və cinayət təqibinin əsasında ayrı-seçkilik və ya siyasi səbəbinin olması hipotezini rədd etmişdir.
16. 3 mart 2006-cı ildə, ərizəçi barəsindəki ekstradisiya müraciəti yunan dövlət orqanları Avropa Ekstradisiya Konvensiyasının 16-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulan qırx günlük müddətdən sonra göndərildiyini və bunun da həbsinin qeyri-qanuni olmasına səbəb olduğunu bildirərək kassasiya şikayəti vermişdir. O bundan əlavə bildirirdi ki, yunan dövlət orqanlarının onun əleyhinə ittihamları ciddi təqsirlilik elementlərinə əsaslanmırdı. Beləliklə, onun fikrincə, onun həbsinə son qoyulmalı idi.
17. 11 may 2006-cı ildə qəbul edilmiş, katibliyə 18 sentyabr 2006-cı ildə təqdim edilmiş, Kassasiya Məhkəmə bir səhifəlik əsaslandırma ilə, yəni ekstradisiya müraciətinin Avropa Ekstradisiya Konvensiyasında nəzərdə tutulan müddətdə verildiyi və özünün ciddi təqsirlilik elementlərinin olmaması məsələsini araşdırmaq səlahiyyətinin olmaması əsasları ilə kassasiya şikayətini rədd etmişdir.
18. Bu arada 2005-ci ilin iyun və sentyabr aylarında üç dəfə ərizəçi Roma Appelyasiya Məhkəməsindən azad olunmasını xahiş etmiş və rədd cavabı almışdır. Gizli məşvərətlə və çəkişmə prinsipinə əməl edərək və heç bir istintaq hərəkəti edilmədən qəbul etdiyi sonuncu 27 oktyabr 2005-ci il qərarında Appelyasiya Məhkəməsi vurğulamışdır ki, bir tərəfdən, dövlət orqanlarının onu pasportunan məhrum etməsinə baxmayaraq ərizəçinin qaçıb gizlənmək riskinin qalması, digər tərəfdən Dövlətin beynəlxalq öhdəliklərinə riayət etməli olması səbəbilə, onunla bağlı əvvəllər qəbul edilmiş iki imtina qərarını ləğv etmək üçün əsas yoxdur.
19. 9 oktyabr 2006-cı ildə, Ədliyyə Naziri ekstradisiya qərarını imzalamışdır.
20. 26 oktyabr 2006-cı ildə ərizəçi ekstradisiya edilmişdir.
II. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
21. 13 dekabr 1957-ci ildə Parisdə imazanmış, İtaliya tərəfindən 30 yanvar 1963-cü il 300 saylı qanunla ratifikasiya edilmiş və ona münasibətdə 4 noyabr 1963-cü ildə qüvvəyə minən, sonra 17 mart 1978-ci ildə imzalanmış və İtaliyaya münasibətdə 23 aprel 1985-ci ildə qüvvəyə minmiş ikinci əlavə protokolla dəyişdirilmiş Avropa Ekstradisiya Konvensiyasında aşağıdakılar nəzərdə tutulur :
Maddə 8 – Eyni faktlarla bağlı cinayət təqibi
« Tələb olunan Tərəf, bir fərdin ektradisya olunması ilə bağlı müraciətə səbəb olan fakt və ya faktlarla bağlı özü tərəfindən təqibə cəlb edildiyi halda, həmin fərdi ektradisya etməkdən imtina edə bilər.
Maddə 9 – Non bis in idem
İstənilən ekstradisiyanın əsasını təşkil edən fakt və ya faktlarla əlaqədar fərd tələb olunan Tərəfin səlahiyyətli dövlət orqanları tərəfindən yekun qərarla mühakimə olunmuşsa, ekstradiya baş tutmayacaqdır. Tələb olunan Tərəfin səlahiyyətli dövlət orqanları eyni fakt və ya faktlarla bağlı təqib başlamamaq və ya həyata keçirdikləri təqibə son qoymaq qərarı verərsə, ekstradisiyadan imtina edilə bilər.
Maddə 12 – Ərizə və onu dəstəkləyən sənədlər
1. Ərizə [ekstradisiya üçün] yazılı şəkildə tələb edən Tərəfin Ədliyyə nazirliyi tərəfindən tələb olunan Tərəfin Ədliyyə nazirliyinə göndərilir; bununla belə, diplomatik yollar istisna edilir. İki və ya daha çox Tərəf arasında başqa yollar da razılaşdırıla bilər.
2. Ərizəni dəstəkləmək üçün aşağıdakılar əlavə edilir:
a. Tələb edən Tərəfin qanunverciliyində nəzərdə tutulan formaya uyğun olaraq qəbul edilmiş icra olunmalı məhkumluluq qərarının və ya həbs qərarının və ya eyni qüvvəyə malik olan hər hansı aktın əsli və ya audentik surəti;
b. Ekstradisiya istənməsinə səbəb olan faktların icmalı. Faktların törədilməsi zamanı və yeri, onların hüquqi təsnifi onlara tətbiq olunan hüquq müddəalarına istinadlar mümkün qədər dəqiq şəkildə göstərilir ; və
c. tətbiq olunan hüquq müddəalarının bir surəti və ya, bu mümkün deyilsə, tətbiq olunan qanunvericilik haqqında bəyanat, eləcə də tələb olunan şəxsin mümkün qədər dəqiq təsviri və onun şəxsiyyəti və vətəndaşlığını müəyyən etməyə imkan verəcək bütün başqa məlumatlar. »
Maddə 16 – Müvəqqəti həbs
1. Təcili olduqda, tələb edən Tərəfin səlahiyyətli dövlət orqanları axtarılan şəxsin müvəqqəti həbsini xahiş edə bilər ; tələb olunan Tərəfin səlahiyyətli orqanları bu xahiş barədə öz qanunvericiliyinə uyğun olaraq qərar verir.
2. Müvəqqəti həbs xahişində 2-ci paraqrafın a yarımbəndində nəzərdə tutulan sənədlərin mövcudluğu göstərilir və ekstradisya xahişi göndərmək niyyətini bildirir; ekstradisiyanın istəndiyi əməl, onun törədildiyi zaman və yer, eləcə də mümkün dərəcədə axtarılan şəxsin xüsusiyyətləri göstərilir.
3. Müvəqqəti həbs xahişi tələb olunan Tərəfin səlahiyyətli orqanlarına ya diplomatik yollarla, ya birbaşa olaraq poçt və ya teleqraf vasitəsilə, ya Beynəlxalq Cinayət Polisi Təşkilatı (Interpol) vasitəsilə, ya da yazılı iz buraxan və ya tələb olunan Tərəfin qəbul etdiyi başqa bir yolla təqdim olunur. Tələb edən orqan ən qısa müddətdə xahişi ilə bağlı qərar barədə məlumatlandırılır.
4. Müvəqqəti həbsə, həbsdən keçən 18 gün ərzində tələb olunan Tərəfə ekstradisiya müraciəti və 12-ci maddədə göstərilən sənədlər göndərilmədikdə son qoyula bilər; həbs bütün hallarda 40 gündən artıq davam edə bilməz. Bununla belə, ilkin azadlığa buraxma hər an mümkündür, lakin tələb olunan Tərəf axtarılan şəxsin qaçıb gizlənməsinin qarşısını almaq üçün müvafiq tədbirləri görə bilər.
5. Azadlığa buraxılma, sonradan ekstradisiya müraciəti göndərildiyində yeni həbsi istisna etmir. »
III. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ
22. Təcili tədbirlərin tətbiqi ilə bağlı, Cinayət Prosessual Məcəlləsinin 715-ci maddəsi nəzərdə tutur ki, əcnəbi Dövlətin xahişi ilə Appelyasiya Məhkəməsi bir şəxsin ekstradisiya məqsədilə müvəqqəti həbsini əmr edə bilər. Bu xahiş aşağıdakı hallrda qəbul edilə bilər a) əcnəbi Dövlət icra edilməli məhkumiyyət qərarı və ya həbs qərarı əsasında hərəkət edirsə və ekstradisiya müraciəti göndərməyi öhdəsinə götürürsə; b) əcnəbi Dövlət ekstradisiya müraciətini dəstəkləmək üçün faktların icamalını təqdim etmiş, axtarılan şəxsin ittiham olunduğu əməli bildirmiş və şəxsin təsvirini təqdim etmişdirsə; c) qaçıb gizlənmə riski varsa. Tədbirin tətbiqi barədə Ədliyyə Nazirliyi əcnəbi Dövlətin müvafiq orqanlarına məlumat verir. Müvəqqti həbs tədbiri, əcnəbi Dövlət, həmin məlumatın Xarici İşlər və ya Ədliyyə Nazirliyinə göndərilməsindən qırx gün ərzində ekstradisiya müraciətini və ona əlavə edilməli sənədləri göndərmirsə, sonlandırıla bilər.
23. CPM, maddə 716 § 3-ə əsasən, Appelyasiya Məhkəməsinin sədri müvəqqəti həbs qərarını doxsan altı saat ərzində təsdiq etməli və müvafiq halda, müvəqqəti saxlanma tədbirini tətbiq etməlidr.
24. CPM, maddə 716 § 4-ə əsasən, müvəqqəti tədbirin təsdiqindən on gün ərzində Ədliyyə Nazirliyi Appelyasiya Məhkəməsi maraqlı şəxsin həbsdə saxlanması üçün müraciət etmirsə, müvəqqəti tədbir qaldırılır.
25. CPM-in 717-ci maddəsinə görə, daxili dövlət orqanları müvəqqəti həbs əmri verirsə və ya müvəqqəti tədbir tətbiq edirsə, Appelyasiya Məhkəməsinin sədri, maraqlı şəxsi müəyyənləşdirmək və onun ekstradisiyasına razılıq verib vermədiyini öyrənmək məqsədilə iclas təyin edir.
26. CPM-in 714-cü maddəsinə görə, müvəqqəti saxlanmanın müddəti bir il altı aydan çox ola bilməz. Lakin o ümumi olaraq maksimum üç ay müddətinə uzadıla bilər.
27. CPM-in 718-ci maddəsinə əsasən, müvəqqəti saxlanma tədbiri Appelyasiya Məhkəməsi və ya birinci instansiya məhkəməsi qismində hərəkət edən Kassasiya Məhkəməsi tərəfindən, öz təşəbbüsü və ya tərəflərdən birinin xahişi ilə qaldırıla bilər. Appelyasiya Məhkəməsi qərarını tərəfləri dinlədikdən sonra gizli məşvərətdə verir. Appelyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə qanunvericilik müddəalarının pozulması əsası ilə şikayət verilə bilər. Bununla bağlı, Kassasiya Məhkəməsi dəfələrlə bildirmişdir ki, fərdin həbs qərarını ilkin olaraq əsaslandıran qaçın gizlənmək riskinin artıq olmaması səbəbilə azadlığa buraxılması ilə bağlı müraciətinə baxmaq səlahiyyətinə malik deyildir (bax, nümunə olaraq, Kassasiya Məhkəməsi, qərar no 33545, 7 sentyabr 2010, katibliyə təqdim olunma tarixi 13 sentyabr 2010 ; daha ümumi olaraq, Appelyasiya Məhkəməsi qərarlarının özbaşına olması barədəki şikayətləri yoxlamaq səlahiyyətinin olmaması ilə bağlı, bax: Kassasiya Məhkəməsi, qərar no 37123, 24 sentyabr 2012, katibliyə təqdim olunma tarixi 26 sentyabr 2012).
28. Ekstradisiyanın məhəkəmə mərhələsi ilə əlaqədar, CPM-in 704-cü maddəsinə əsasən Appelyasiya Məhkəməsi, tərəfləri dinlədikdən və müvafiq məlumatları aldıqdan və lazımi yoxlamaları həyata keçirdikdən sonra gizli məşvərət otağında qərar verir. Appelyasiya Məhkəməsi daxili və beynəlxalq hüquq normalarından nəzərdə tutlan şərtlərin mövcud olub olmadığını müəyyən edir : Avropa Ekstradisiya Konvensiyasında nəzərdə tutulan qaydalardan əlavə, CPM-in 705-ci maddəsi məhkəmələrdən tələb edir ki, maraqlı şəxsin siyasi xarakterli əməllərə görə təqib edilib edilmədiyini və ya fundamental azadlıqlara zidd proses vasitəsilə mühakimə olunmaq və ya ekstradisiya olunduqdan sonra qeyri-insani, ləyaqəti alçaldan və ya ayrı-seçkilik xarakterli rəftara məruz qalmaq və ya bütün hallarda fundamental hüquqlarından hər hansı birinin pozulmaq riskinin olub olmadığını yoxlasınlar. Eyni maddəyə görə, Avropa Ekstradisiya Konvensiyasının tətbiq olunduğu halda, məhkəmələr ciddi təqsirlilik elementlərinin (gravi indizi di colpevolezza) mövcud olub olmadığını yoxlaya bilməzlər.
29. CPM-nin 706-cı maddəsinə əsasən, bu qərar həm mahiyyəti, həm də hüquq məsələləri üzrə Kassasiya Məhkəməsi qarşısında mübahisələndirilə bilər və sonuncu, bu şikayətə CPM-n 704-cü maddəsində nəzərdə tutulan prosedura görə baxır.
30. CPM-nin 708-ci maddəsində nəzərdə tutulur ki, Ədiyyə Nazirliyi, Kassasiya Məhkəməsinin ekstradisiya xeyrinə qərarının təqdim edilməsindən qırx beş gün ərzində fərdin ekstradisiya edilib edilməyəcəyinə qərar verir. Belə qərarın olmadığı və ya mənfi qərarın olduğu halda, müvəqqəti saxlanma qərarı ləğv edilməlidir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1 f) BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
31. Ərizəçi ekstradisiyası məqsədilə həbsinin müddətindən şiakyət edir. O Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulduğunu iddia edir.
32. İşin hallarının hüquqi təsnifi səlahiyyətinə malik olan (bax : başqa işlərlə yanaşı, Guerra et autres c. Italie, 19 fevral 1998, § 44, Recueil des arrêts et décisions 1998‑I) Məhkəmə hesab edir ki, ərizəni Konvensiyanın 5-ci maddəsinin 1f) bəndi altında araşdırmaq lazımdır (bax : Quinn c. France, 22 mart 1995, série A no 311, Chahal c. Royaume-Uni, 15 noyabr 1996, Recueil 1996‑V və Bogdanovski c. Italie, no 72177/01, 14 dekabr 2006). Orda deyilir:
« 1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz :
(...)
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması;
(...) »
A. Qəbuledilənlik
33. Ərizənin Konvensiyanın 35-ci maddəsinin 3 a) bəndi mənasında açıq-aydın əsaslandırılmamış olmadığını və hər hansı başqa qəbuledilməzlik şərtinə uyğun gəlmədiyini müəyyən edərək, Məhkəmə onu qəbuledilən elan edir.
B. Mahiyyət
1. Tərəflərin təqdimatları
34. Ərizəçi iddia edir ki, ekstradisiya prosesinin müddəti işin qeyri-mürəkkəb xarakteri nəzərə alınaraq çox uzun olmuşdur.
35. Hökumət ərizəçinin iddialarını mübahisələndirir. O bildirir ki, italiyan məhkəmə orqanlarının müəyyən etdiyi kimi bu həbs ekstradisya qaydalarına uyğun olaraq həyata keçirilmişdi və yalnız ərizəçinin tələb edən Dövlətə təhvil verilməsi məqsədi daşıyırdı ; o əlavə edir ki, ərizəçi ekstradisyasına razılıq verməmişdir, razılıq versəydi, bu, onun ekstradisya prosesini sürətləndirərdi və Appelyasiya Məhkəməsinin işə mahiyyət üzrə baxılması üçün iclaslarının təyin edilməsində yubanmaların səbəbi ərizəçinin üç ay ərzində etdiyi üç azadolunma müraciətidir. Nəhayət, Hökumət hesab edir ki, italyan məhkəmə və inzibati orqanlarının ekstradisiyaya icazə verməsinə gətirib çıxaran prosedur milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan müddətlərdə həyata keçirilmişdir.
2. Məhkəmənin dəyərləndirməsi
a) Həbsdə saxlanmanın daxili qanunvericiliyə uyğunluğu barədə
36. Mübahisələndirilən həbsdə saxlanmanın Konvensiyanın 5-ci maddəsinin 1 f) bəndinə uyğunluğunu müəyyən etmək üçün Məhkəmə azadlıqdan məhrumetmənin yalnız a) - f) yarımbəndlərində nəzərdə tutulan istisnalara uyğunluğunu deyil, həm də « qanuni»liyini yoxlamalıdır. O xatırladır ki, « qanuni yollar »a əməl edilməsi də daxil olmaqla, həbsin « qanuniliyi» sahəsində Konvensiya əsasən, milli qanunvericiliyə göndəriş edir və onun həm mahiyyət, həm də prosedurla bağlı normlarına əməl edilməsi öhdəliyi müəyyən edir (Saadi c. Royaume-Uni [BP], no 13229/03, §§ 67, CEDH 2008).
37. Hazırki işdə Məhkəmə müşahidə edir ki, daxili hüquq normalarına riayət olub olunmadığı yoxlamaq üçün Konvensiya orqanlarından daha yaxşı mövqedə olan milli məhkəmələr ərizəçi tərəfindən müraciət olunduqda və daxili hüququn tələb etdiyi zaman yoxlayaraq ilkin mərhələdə və məqsədinə görə həbsin qanuni olduğunu müəyyən etmişlər. İlkin olaraq, Aquila Appelyasiya Məhkəməsi ərizəçinin həbsi barədə qərarı qüvvədə saxlamışdır; sonradan Appelyasiya Məhkəməsi və Kassasiya Məhkəməsi yunan dövlət orqanları tərəfindən ekstradisiya müraciətinin Avropa Ekstradisiya Konvensiyasının 16-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulan qırx günlük müddət ərzində göndərildiyini yoxlamışlar (paraqraf 15, 17 və 21, yuxarıda) ; nəhayət, məhkəmələr üç dəfə müvəqqəti tədbirlərin tətbiqi və davam etməsinin Dövlətin beynəlxalq öhdəliklərinə riayət olunması tələbinə və ərizəçinin qaçıb gizlənməsi təhlükəsinin olmasına əsaslandığını hesab etmişlər (paraqraf 18, yuxarıda).
38. Belə olan halda, Məhkəmə ərizəçinin ekstradisiya məqsədilə həbsdə saxlanmasının həmin məqsəddən başqa bir məqsəd daşıdığını və daxili qanunvericiliyə uyğun olmadığını düşünmək üçün heç bir səbəb görmür.
b) Həbsdə saxlamanın özbaşına xarakteri barədə
39. Məhkəmə xatırladır ki, Hökumətin iddia etdiyinin əksinə olaraq, daxili hüquqda nəzərdə tutulan müddətlərə riayət edilməsi avtomatik olaraq həbsdə saxlanmanın Konvensiyanın 5-ci maddəsinin 1 f) bəndinədn irəli gələn tələblərə uyğun olmasını hesab etməyə imkan vermir (Auad c. Bulgarie, no 46390/10, § 131, 11 oktyabr 2011). Bu müddəa əlavə olaraq tələb edir ki, azadlıqdan məhrumetmə fərdin özbaşınalıqdan müdafiəsi məqsədinə də uyğun olsun (bax : başqa bir çox işlə yanaşı, Winterwerp c. Pays-Bas, 24 oktyabr 1979, § 37, série A no 33, Amuur c. France, 25 iyun 1996, § 50, Recueil 1996‑III, və Witold Litwa c. Pologne, no 26629/95, § 78, CEDH 2000‑III). Bu fundamental prinsipə görə, özbaşına həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndindəki « özbaşına » ifadəsi milli qanunvericiliyə uyğunsuzluqdan daha genişdir. Belə ki, həbs daxili qanunvericiliyə görə qanuni olsa da, özbaşına və beləliklə, Konvensiyaya zidd ola bilər (Saadi, yuxarıdaki istinad, § 67, və Suso Musa c. Malte, no 42337/12, § 92, 23 iyul 2013).
40. Bununla bağlı, Məhkəmə əlavə olaraq xatırladır ki, bu müddəanın kontekstində, bu maddəyə əsaslanan azadlıqdan məhrumetməyə yalnız ekstradisiya prosesinin həyata keçirilməsi haqq qazandıra bilər və əgər proses tələb olunan tez müddətdə həyata keçirilməzsə, həbs əsaslandırılmış olmaqdan çıxır (Quinn, yuxarıdakı istinad, § 48 və Chahal, yuxarıdakı istinad, § 113).
41. Beləliklə, Məhkəmənin vəzifəsi, 6-cı maddə altında prosesin müddətini yoxladığı kimi ekstradisiya prosesinin müddətinin ümumilikdə ağlabatan olmasını yoxlamaq deyil, prosesin ümumi müddətindən aılı olmayaraq, həbs müddətinin, məqsədə çatmaq üçün lazım olan ağlabatan müddəti aşmadığını müəyyən etməkdir (Saadi, yuxarıdakı istinad, §§ 72-74). Beləliklə, dövlət orqanları tərəfindən hərəkətsiz müddətlər olduqda, və beləliklə, cəldlik tələbinə əməl edilmədikdə həbsdə saxlama əsaslandırılmış olmaqdan çıxır. Nəticədə, Məhkəmə hər işin hallarına görə, dəyərləndirməlidir ki, mübahisələndirilən həbs müddətində milli orqanlar passivlik etmişlərmi (bax : bu istiqamətdə, ölkədən çıxarma sahəsində, Tabesh c. Grèce, no 8256/07, § 56, 26 noyabr 2009).
42. Hazırki işdə, Məhkəmə müəyyən edir ki, ərizəçi yunan dövlət orqanları tərəfindən cinayət təqibinin həyata keçirilməsinə imkan yaradılması üçün ekstradisiya məqsədilə həbsə alınmışdır. Bununla bağlı Məhkəmə iki ekstradisiya növünü fərqləndirməyi və onların hər biri üçün tələb olunan cəldlik səviyyəsini dəqiqləşdirməyi vacib sayır : bir tərəfdən, cəzanın icrası məqsədilə ekstradisiya və digər tərəfdən, Dövlətə maraqlı şəxsi mühakimə etməyə imkan verən ekstradisiya. Sonuncu halda, cinayət prosesi hələ davam etməkdə olduğundan, ekstradisiya məqsədilə saxlanmaqda olan şəxsin təqsirsizlik prezumpsiyası vardır; bundan əlavə bu mərhələdə, şəxsin cinayət prosesində təqsirsizliyini sübut etmək üçün müdafiə hüquqlarını realizə etmək imkanı əhəmiyyətli dərəcədə məhduddur, hətta yoxdur; nəhayət işin mahiyyət üzrə araşdırılması tələb olunan Dövlətə qadağandır (paraqraf 28 in fine, yuxarıda). Bütün bu səbəblərdən maraqlı şəxsin hüquqlarının müdafiəsi və ekstradisiya prosesinin yaxşı keçirilməsi, şəxs barədə ağlabatan müddətdə cinayət təqibinin başlanması tələbi də daxil olmaqla, tələb olunan Dövlətə daha cəldliklə hərəkət etmək öhdəliyi yaradır.
43. Məhkəmə artıq dövlət orqanları tərəfindən əsaslandırılmamış gecikmələr səbəbindən bir il on bir ay çəkən ekstradisiya müddətini (Quinn, yuxarıdakı istinad) və üç ay çəkən ölkədən çıxarma müddətini (Tabesh, yuxarıdakı istinad) uzun hesab etmişdir et de trois mois en vue d’une expulsion.
44. Məhkəmə qeyd edir ki, hazırki işdə ekstradisiya məqsədli həbsdə saxlama təqribən bir il altı ay sürmüşdür (19 aprel 2005-ci ildən 26 oktyabr 2006-cı ilədək).
45. Məhkəmə müəyyən edir ki, ekstradisiya prosesinin müxtəlif mərhələlərində ciddi gecikmələr olmuşdur.
46. Birincisi, Appelyasiya Məhkəməsininin birinci iclası 15 dekabr 2005-ci ilə, yəni Appelyasiya Məhkəməsinə ekstradisiya müraciətinin göndərilməsindən altı ay və şəxsin ekstradisiya məqsədilə həbsdə saxlanma qərarından səkkiz ay sonraya təyin edilmişdir.
47. Məhkəmə Hökumətin fikriylə razılaşmır ki, ərizəçi tərəfindən azadlığa buraxılması üçün edilən müraciətlər (paraqraf 18, yuxarıda) öz-özlüyündə prosedurun gecikməsinə haqq qazandırır. Belə ki, burda predmeti və məqsədi fərqli olan iki fərqli prosedurdan söhbət gedir : birinin məqsədi ekstradisiya üçün qanunvericilkdə nəzərdə tutulan şərtlərin mövcud olub olmadığını yoxlamaq idisə, o birininki, müvəqqəti tədbirin qəbul edilməsinə səbəb olan tələblərin hələ də etibarlı və kafi olub-olmadığını müəyyən etmək idi. Daxili hüquqa görə hər iki məsələni həll etmək vəzifəsinin Appelyasiya Məhkəməsinin üzərinə qoyması Dövət tərəfindən legitim seçimdir lakin işin mahiyyət üzrə həll edilməsindəki əhəmiyyətli gecikmələri əsaslandırmaq üçün istifadə edilə bilməz. Bütün hallarda, Məhkəmə ərizəçinin işin mahiyyət üzrə baxılması üçün iclas keçirilmədən uzadılan həbsi fonunda prinsipcə əsaslı olan təkrar müraciətlərinin Appelyasiya Məhkəməsinə iclası təyin etməyə necə mane olduğunu anlamır (bax : mutatis mutandis, Quinn, § 48). Appelyasiya Məhkəməsinin qərarları eksklüziv olaraq sərəncamında olan sənədlərə əsaslanırdı, gizli məşvərət otağında çəkişmə prinsipinə riayət edilməklə qəbul edilmişdir (paraqraf 27, yuxarıda) və əsasən, ərizəçinin qaçıb gizlənmək riski səbəbindən həbsdə saxlanması tələbinin araşdırılmasına aid idi (paraqraf 18, yuxarıda).
48. Məhkəmə daha sonra qeyd edir ki, iş mürəkkəb deyildi (bax : a contrario, Bogdanovski, yuxarıdakı istinad, ərizəçi siyasi qaçqın statusu istəmişdi və ekstradisiya prosesi Qaçqınlar üzrə Baş Komissarın və Məhkəmənin özünün, Reqlamentin 39-cu maddəsi əsasında müraciəti əsasında dayandırılmışdı). Appelyasiya Məhkəməsinin vəzifəsi aşağıdakı elementlərin analizi ilə məhdudlaşırdı: ekstradisiya müraciətinin Avropa Ekstradisiya Konvensiyasında nəzərdə tutulan forma tələblərinə uyğunluğunu yoxlamaq ; ne bis in idem və ikiqat ittiham prinsipinə riayət olunmasını təmin etmək; cinayət təqibinin əsasını diskriminativ və ya siyasi səbəblər təşkil etməsini istisna etmək. Qanunvericilik ciddi təqsirlilik elementlərinin (gravi indizi di colpevolezza) araşdırılmasına icazə vermirdi (paraqraf 28 in fine, yuxarıda) və heç bir araşdırma və ya istintaq fəaliyyəti lazım deyildi (paraqraf 15, yuxarıda).
49. İkincisi, Məhkəmə, Kassasiya Məhkəməsinin ərizəçinin şikayətinə iki ay müddətində baxdıqdan sonra, tələb edən Dövlətin ekstradisiya müraciətini forma tələblərinə riayət etməklə göndərdiyini dəqiqləşdirməklə və özünün yunan dövlət orqanları tərəfinən irəli sürülən ittihamları mübahisələndirmək səlahiyyətinin olmadığını bildirməklə kifayətləndiyi bir səhifəlik qərarını katibliyə dörd aydan sonra təqdim etməsi faktından təəccüblənir (paraqraf 17, yuxarıda). Hökumət bu müddəti əsaslandıracaq heç bir element təqdim etməmişdir.
50. Nəhayət, Hökumətin ərizəçin ekstradisiyasına etiraz etməməklə prosesi sürətləndirə biləcəyi barədə arqumentinə gəlincə, Məhkəmə hesab edir ki, belə bir etiraz prinsipcə, məhkəmə nəzarətinin tələb olunması səbəbindən həbsin müddətinin üzanmasına gətirib çıxara bilər, lakin Dövləti məhkəmə mərhələsində əsaslandırılmamış gecikmələrə görə məsuliyyətindən azad edə bilməz.
51. Beləliklə, ərizəçini üçüncü Dövlətdə cinayət təqibinə məruz qoyulması məqsədilə ekstradisiyası prosesinin xarakteri nəzərə alınaraq, Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin həbsi Konvensiyanın 5-ci maddəsinin 1 f) maddəsi mənasında « qanuni » olmamış və beləliklə, bu müddəanın pozuntusu baş vermişdir.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
52. Konvensiyanin 41-ci maddəsinə görə,
« Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »
53. Ərizəçi əvəzin ədalətli ödənilməsi tələbi irəli sürməmişdir (paraqraf 5, yuxarıda). Beləliklə, Məhkəmə hesab edir ki, bu başlıq altında heç bir məbləğ təyin etmək lazım deyildir.
BU ƏSASLARLA, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Elan edir ki, ərizə qəbulediləndir;
2. Elan edir ki, Konvensiyanın 5-ci maddəsinin 1 f) bəndinin pozuntusu baş vermişdir.
Fransızca hazırlanmış, sonra Məhkəmə reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən 24 mart 2015-ci ildə tərəflərə yazılı şəkildə bildirilmişdir.
Fatoş AracıPäivi Hirvelä
Məhkəmə Katibi müaviniSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy