Qarib (Garib) Niderlanda qarşı – ərizə № 43494/09
23.2.2016 tarixli qərar [III Bölmə]
4 saylı Protokolun 2-ci maddəsi
4 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi
Yaşayış yeri seçmək azadlığı
Rotterdamın şəhərdaxili ərazisində məskunlaşmaq istəyən şəxslərə ərazidə müəyyən müddət ərzində yaşamağı və müəyyən növ gəlirlərə malik olmağı tələb edən siyasətin tətbiq edilməsi: pozuntu baş verməyib
[Bu iş 12 sentyabr 2016-cı ildə Böyük Palatanın icraatına verilib]
Faktlar – 1 yanvar 2016-cı ildə qüvvəyə minmiş "Şəhərin daxili problemləri (xüsusi tədbirlər) haqqında" qanun orada sadalanan bir sıra bələdiyyələrə, o cümlədən Rotterdam bələdiyyəsinə səlahiyyət verirdi ki, xüsusi olaraq ayrılmış müəyyən zonalarda müvafiq tədbirlər görsünlər, o cümlədən kiçik biznes sahiblərini vergilərdən qismən azad etsinlər və yeni sakinləri gəlir mənbələri əsasında seçsinlər. 2005-ci ildə ərizəçi xanım Rotterdam şəhərinə köçdü və Tarveveyk rayonunda kirayəyə ev götürdü. "Şəhərin daxili problemləri (xüsusi tədbirlər) haqqında" qanun qüvvəyə mindikdən sonra Rotterdam şəhərinin bələdiyyəsinin əsasnaməsinə əsasən Tarveveyk xüsusi olaraq ayrılmış zonaya çevrildi. Evi kirayəyə verən şəxs eyni rayonda kirayəyə verdiyi başqa bir evə köçməsini ona təklif etdikdən sonra ərizəçi yeni qanunvericiliyin tələb etdiyi yaşayış icazəsini almaq üçün müraciəti etdi. Amma müraciəti rədd edilərək belə əsas gətirildi ki, o, qanunla tələb olunan müddətdə Rotterdam şəhərinin daxil olduğu regionda yaşamayıb və gəlirləri də müvafiq tələblərə cavab vermir. Onun sonrakı şikayət ərizələri uğursuzluğa düçar oldu. 2010-cu ildə ərizəçi Vlaardingen bələdiyyəsinin ərazisinə köçdü, həmin ərazi də Rotterdam şəhərinin daxil olduğu regionun tərkibində idi.
Hüquqi məsələlər – 4 saylı Protokolun 2-ci maddəsi: Qərara alındı ki, işə 4 saylı Protokolun 2-ci maddəsinin 4-cü bəndi əsasında baxılmalıdır. Yaşayış icazəsi barədə tələb "qanunla nəzərdə tutulmuşdu", belə ki, "Şəhərin daxili problemləri (xüsusi tədbirlər) haqqında" qanuna və Rotterdam bələdiyyəsinin əsasnaməsinə (2006-cı il versiyası) əsaslanırdı. Bu tələbin "demokratik cəmiyyətdə ictimai maraqlara uyğunluğu" məsələsinə gəlincə, o, şübhəsiz ki, qanuni məqsəd daşıyırdı (şəhərdaxili ərazilərin yararsız hala düşməsinin qarşısını almaq və bütövlükdə ərazidə həyatın keyfiyyətini yaxşılaşdırmaq).
Tələbin həm də mütənasib olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə şəxsin yaşayış yerini seçmək hüququ ilə ondan üstün tutulmalı olduğu güman edilən dövlət siyasətinin həyata keçirilməsi arasında müqayisə aparmalı idi. Bu işə aidiyyəti olan prinsiplər kimi Konvensiyanın 8-ci maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi üzrə Məhkəmənin presedent hüququna aid prinsipləri götürmək olardı. Onları qısaca aşağıdakı kimi ümumiləşdirmək olar: a) dövlətlər sosial və iqtisadi siyasətləri həyata keçirməkdə geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər və Məhkəmə nələrin "ictimai" və ya "ümumi" maraqlara uyğun olması barədə qanunvericili orqanın rəyinə hörmətlə yanaşır, bu şərtlə ki, həmin rəy ağlabatan əsasa malik olmalıdır; b) şəxs üçün mühüm əhəmiyyət daşıyan hüquqlar təhlükə altında olduqda qiymətləndirmə sərbəstliyinin hüdudları müvafiq kontekstdən asılıdır və ərizəçinin şəxsi həyatına nə dərəcədə müdaxilə edildiyi xüsusi mühüm əhəmiyyət kəsb edir; c) cavabdeh dövlətin öz qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşıb-aşmadığını qiymətləndirərkən prosessual təminatlar mühüm əhəmiyyət daşıyır; və d) alternativ yaşayış yeri ilə təmin edilmənin mümkünlüyü də mütənasiblik məsələsi üçün əhəmiyyətə malikdir.
İşin kökündə duran qanunvericilik və siyasət məsələlərinə gəlincə, dövlət hakimiyyəti orqanları konkret olaraq Rotterdamın şəhərdaxili ərazilərində işsizlik və gəlir gətirən fəaliyyətlərin başqa ərazilərə köçürülməsi tendensiyası nəticəsində baş verən yoxsullaşmanın səbəb olduğu artan sosial problemləri həll etmək məcburiyyətində idilər. Onlar gəlirləri bilavasitə özlərinin gəlirli iqtisadi fəaliyyətləri ilə əlaqəli olan yeni sakinlər üçün əlverişli şərait yaratmaqla bu tendensiyanı əks istiqamətə döndərməyə çalışırdılar. Beş illik sınaq müddətindən sonra bu tədbirlər uğurlu sayılmış və sonradan onların müddəti uzadılmışdı. Bununla belə, əraziyə köçməyə və burada yaşamağa müddət məhdudiyyəti və coğrafi məhdudiyyət qoyulmuşdu, konkret ərazilərin ayrılması barədə qərar dörd il üçün qəbul edilirdi və qanunun təminat barədə müddəaları yerli bələdiyyədən tələb edirdi ki, ərazidə yaşamaq hüququ olmayanları qaneedici yaşayış yeri ilə təmin etsin və fərdi çətinliklər olan hallarda belə şəxslərə ərazidə yaşamaq icazəsi versin. Bu qanunvericilik tədbirləri qanunun qəbulu prosesində tənqid edilsə də, irəli sürülən etirazlar konkret olaraq qanuna təminat barədə müddəaların daxil edilməsi yolu ilə aradan qaldırıldı. Beləliklə, dövlət hakimiyyəti orqanlarının müvafiq siyasətə dair qərarları açıq-aydın ağlabatan əsasa malik olmayan qərarlara bənzəmirdi.
Alternativ həll yollarının mövcudluğu özü-özlüyündə sözügedən tədbirin əsassız olması demək deyildi, bu şərtlə ki, o, ağlabatan olmalı və qarşıya qoyulan məqsədə çatmaq üçün münasib olmalı idi (Məhkəmə həmin tədbirin bu tələblərə cavab verdiyini qəbul etdi), həmin tədbirin ən yaxşı həll yolu olub-olmadığını, yaxud dövlətin öz diskresion səlahiyyətini hər hansı başqa formada həyata keçirməli olub-olmadığını müəyyənləşdirmək isə Məhkəmənin vəzifəsi deyildi. Beləliklə, cavabdeh dövlət prinsipcə barəsində şikayət edilən qanunu və siyasəti qəbul etmək hüququna malik idi.
Konkret olaraq ərizəçinin fərdi durumuna gəlincə, onun ərazidə yaşamasına icazə verməkdən ona görə imtina edilmişdi ki, onun durumu qanunvericiliyin tələblərinə cavab vermirdi, belə ki, o, şəhərin daxil olduğu regionda qanunla tələb olunan altı illik müddət ərzində yaşamamışdı və gəlirləri yalnız sosial müavinətlərdən ibarət idi. Onun fərdi durumu fərdi çətinliklər barəsindəki müddəaların ona tətbiq edilməsinə imkan vermirdi və imtina qərarı qüvvədə olan qanunvericiliyə və siyasətə uyğun idi. İstənilən halda, ərizəçinin Rotterdamın müvafiq qanunvericiliyin şamil olunmadığı ərazilərinə köçüb orada yaşamasına maneə yaradılmamışdı. Onun şəhərin digər ərazisində yaşamaq istəməməsi üçün heç bir səbəb yox idi və bu hal da önəmli idi ki, o, 2010-cu ildə köçdüyü Vlaardingen bələdiyyəsinin ərazisində qalmışdı, baxmayaraq ki, 2011-ci ilin mayından etibarən orada yaşamaq icazəsi almışdı. Ərizəçinin nümunəvi davranışına və cəmiyyət üçün təhlükə yaratmadığına Məhkəmədə şübhə olmasa da, bu özü-özlüyündə onun maraqlarının qanuni dövlət siyasətinin ardıcıl olaraq həyata keçirilməsinin xidmət etdiyi ictimai maraqlardan üstün tutulması üçün yetərli deyildi.
Belə ola halda Məhkəmə yalnız bu qənaətə gələ bilər ki, dövlət hakimiyyəti orqanları ərizəçinin istəklərini yerinə yetirməyə borclu deyildilər.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı beş səslə).
Full & Egal Universal Law Academy