Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 2
Yanvar 1999-cu il
***
Qarsiya Ruis (García Ruiz) İspaniyaya qarşı [BP] – ərizə № 30544/96
21.1.1999 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Arqumentlərin apellyasiya məhkəməsi tərəfindən cavablandırılmaması: pozuntu baş verməyib
Faktlar: İspaniya vətəndaşı olan ərizəçi 1941-ci ildə anadan olub və Alkorkonda (Madrid) yaşayır. O, vəkildir. Girov qoyulmuş əmlakın özgəninkiləşdirilməsi ilə bağlı 19 saylı Madrid Birinci İnstansiya Məhkəməsində aparılmış icraat kontekstində göstərdiyi müəyyən məhkəmədənkənar xidmətlərin haqqını almaq üçün müştərisi M-ə qarşı qaldırdığı iddianı uduzduqdan sonra ərizəçi Madrid Vilayət Məhkəməsinə şikayət etdi. Birinci İnstansiya Məhkəməsi qərarında bildirmişdi ki, o, sözügedən xidmətləri göstərdiyini sübuta yetirməyib. Onun apellyasiya şikayəti 17 mart 1995-ci ildə rədd edildi. Vilayət Məhkəməsi qərarında bildirdi ki, girov qoyulmuş əmlakın özgəninkiləşdirilməsi ilə bağlı 19 saylı Madrid Birinci İnstansiya Məhkəməsində aparılmış icraatda ərizəçinin vəkil kimi fəaliyyət göstərdiyinə dair sübut yoxdur, "hərçənd, ola bilsin ki, o, məhkəmədənkənar işləri yerinə yetirib". Konkret olaraq İspaniya Konstitusiyasının 24-cü maddəsinə istinad edərək ərizəçi daha sonra Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti verərək iddia etdi ki, Vilayət Məhkəməsinin qərarında onun arqumentləri hər hansı formada cavablandırılmayıb. Həmin şikayətində ərizəçi vurğulamışdı ki, girov qoyulmuş əmlakın özgəninkiləşdirilməsi ilə bağlı 19 saylı Madrid Birinci İnstansiya Məhkəməsində aparılmış icraatda həqiqətən vəkil qismində deyil, yalnız M.-in nümayəndəsi qismində fəaliyyət göstərib və ona məhkəmədənkənar xidmətlər göstərib, məsləhətlər verib və yardım edib. 11 İyul 1995-ci ildə bu şikayət rədd edildi.
Ərizəçi şikayət etdi ki, Madrid Vilayət Məhkəməsindəki apellyasiya icraatında işi ədalətli araşdırılmayıb, belə ki, həmin məhkəmə İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə zidd olaraq onun arqumentlərini cavablandırmayıb.
Hüquqi məsələlər: Məhkəmə öncə xatırlatdı ki, onun bərqərar olmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir. Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarının işığında müəyyənləşdirilməlidir. Lakin 6-cı maddənin 1-ci bəndi məhkəmələrin üzərinə qərarlarını əsaslandırmaq vəzifəsini qoysa da, hər bir arqumentin ətraflı şəkildə cavablandırılmasını tələb edən bənd kimi başa düşülməməlidir. Belə ki, apellyasiya şikayətini rədd edərkən apellyasiya məhkəməsi prinsipcə sadəcə olaraq aşağı məhkəmənin qərarındakı əsasları təsdiqləmiş olur. Bu işdə Məhkəmə qeyd etdi ki, 12 saylı Madrid Birinci İnstansiya Məhkəməsinin hakimi öz qərarında cavabdehin ifadələrini nəzərə almışdı, həmin ifadələrdə cavabdeh ərizəçinin iddia ərizəsində iddia etdiyi faktları təkzib etmişdi. Həmin məhkəmə ərizəçinin çağırdığı şahidin ifadəsinin inandırıcı olmadığı qənaətinə gəlmiş və qərara almışdı ki, ərizəçi yerinə yetirilməsinə görə zəhmət haqqı tələb etdiyi xidmətləri göstərmiş olduğunu sübuta yetirməyib. Apellyasiya icraatında Vilayət Məhkəməsi ilk növbədə bildirdi ki, birinci instansiya məhkəməsinin qərarında müəyyən edilmiş faktları qəbul edib və beləliklə də hesab edilməlidir ki, həmin faktlar onun öz qərarında təkrarlanıb. O daha sonra bildirib ki, barəsində şikayət verilən qərarın hüquqi əsaslarını təsdiqləyir, çünki həmin əsaslar onun gəldiyi qənaətlərə zidd deyil. Bu baxımdan o bildirib ki, işin materiallarında ərizəçinin girov qoyulmuş əmlakın özgəninkiləşdirilməsi ilə bağlı icraatda vəkil kimi fəaliyyət göstərdiyini təsdiq edən azacıq da olsa sübut yoxdur, hərçənd, ola bilsin ki, o, məhkəmədənkənar xidmətlər göstərib. Buna görə də apellyasiya məhkəməsi onun şikayətini rədd edib və birinci instansiyada çıxarılmış qərarı qüvvədə saxlayıb. Daha sonra iş Konstitusiya Məhkəməsinə çıxarılıb, o isə 11 iyul 1995-ci il tarixli qərarında ərizəçinin konstitusiya şikayətini belə bir əsasa görə rədd edib ki, işə baxmış məhkəmələrin qənaətinə görə, ərizəçi yerinə yetirilməsinə görə zəhmət haqqı tələb etdiyi peşə xidmətlərini göstərdiyini sübuta yetirməyib, işin faktlarının qiymətləndirilməsi isə Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid deyil. Ərizəçinin şikayəti sübutların qiymətləndirilməsinə və daxili məhkəmələrdəki icraatın nəticəsinə aid şikayət kimi başa düşülməli olduğuna görə, Məhkəmə bir daha bildirdi ki, milli məhkəmə tərəfindən yol verildiyi iddia edilən faktoloji və ya hüquqi səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqları pozmursa, o halda həmin səhvləri araşdırmaq onun funksiyasına daxil deyil. Bundan başqa, Konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbuledilənliyinə və ya qiymətləndirilməsinə dair qaydaları müəyyən etmir, beləliklə, bunlar ilk növbədə milli qanunvericilik və milli məhkəmələr tərəfindən tənzimlənməli məsələlərdir. Məhkəmə qeyd etdi ki, ərizəçi çəkişmə xarakterli məhkəmə icraatından yararlanmaq imkanına malik olub. Həmin icraatın müxtəlif mərhələlərində o, iş üçün əhəmiyyətli saydığı arqumentləri təqdim etmək imkanına da malik olub. Onun iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qərarının faktoloji və hüquqi əsaları kifayət qədər ətraflı şəkildə təqdim edilib. Apellyasiya icraatı mərhələsində qəbul edilmiş qərarda Vilayət Məhkəməsi birinci instansiya məhkəməsinin qərarının faktoloji və hüquqi əsalarını təsdiqləyib, çünki həmin əsaslar onun gəldiyi qənaətlərə zidd deyildi. Buna görə də, hazırkı işdə qərarın daha ətraflı əsaslandırılması bəlkə də arzuedilən olsa belə, ərizəçi əsaslı şəkildə iddia edə bilməzdi ki, qərar əsaslandırılmayıb. Yekun olaraq Məhkəmə hesab etdi ki, bütövlükdə götürüldükdə sözügedən icraat Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədləri üçün ədalətli icraat olub və həmin bəndin pozuntusu baş verməyib.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy