BEŞİNCİ BÖLMƏ
QASIMOV AZƏRBAYCANA QARŞI
(Ərizə № 8937/09)
QƏRAR
STRASBURQ
10 noyabr 2016-cı il
Bu qərar qətidir, lakin ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Qasımovun Azərbaycana qarşı işində,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Beşinci Bölmə) aşağıdakı tərkibdə:
Faris Vehabovic, Sədr,
Xanlar Hacıyev,
Karlo Ranzoni, hakimlər,
və Anne-Marie Dougin, Bölmə katibinin müavini vəzifəsini müvəqqəti icra edən,
11 oktyabr 2016-cı il tarixində işə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi:
PROSEDUR Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Eldar Köçəri oğlu Qasımovun (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 29 yanvar 2009-cu il tarixində təqdim etdiyi şikayət (№ 8937/09) ilə başlanmışdır.
Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab C.Süleymanov tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
Ərizəçi iddia etmişdir ki, milli orqanlar onun qızının ölümü ilə bağlı səmərəli araşdırma aparmamışlar.
18 sentyabr 2014-cü il tarixində ərizə barədə Hökumətə məlumat verilmişdir.
FAKTLARİŞİN HALLARI
Ərizəçi 1949-cu ildə anadan olmuşdur və Bakıda yaşayır.
Ərizəçinin qızı (S.C.) 1979-cu ildə anadan olmuşdur və Milli Təhlükəsizlik Nazirliyinin (“MTN”) əməkdaşı ilə evli olmuşdur.
Ərizəçinin qızının ölümü 2006-cı ildə qeyri-müəyyən tarixdə S.C. ərindən boşanmaq üçün məhkəməyə iddia ilə müraciət etmişdir. 2006-cı ilin noyabr ayında boşanma işi Binəqədi Rayon Məhkəməsinin icraatında idi.
15 noyabr 2006-cı il tarixində S.C. hündür mərtəbəli binanın 7-ci mərtəbəsinin eyvanından yıxılmışdır.
15 noyabr 2006-cı il tarixində saat 13.00-da S.C. Kliniki Tibb Mərkəzinə aparılmış və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxanada ona travmatik beyin zədələnməsi, mədənin küt travması, müxtəlif sümüklərin sınığı və travmatik şok diaqnozu qoyulmuşdur.
20 noyabr 2006-cı il tarixində S.C. Neftçilər Xəstəxanasına köçürülmüş və həmin gün orada ölmüşdür.
Ərizəçinin qızının ölümü ilə əlaqədar cinayət işi
16 noyabr 2006-cı il tarixində Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə cinayət işi başlanılmışdır.
20 noyabr 2006-cı il tarixində işə baxan müstəntiq S.C.-nin meyidinin məhkəmə-tibbi ekspertizasını təyin etmiş və ekspertiza həmin gün keçirilmişdir. 14 dekabr 2006-cı il tarixli, 143 saylı ekspert rəyində göstərilmişdir ki, S.C.-nin ölümünə səbəb sidik kisəsinin yırtılması nəticəsində yaranmış travmatik şok və xeyli sayda sümüklərin sınıqları olmuşdur. Ekspert həmçinin S.C.-nin bədənində eyvandan yıxılması və ya digər səbəblər nəticəsində baş verə biləcək müxtəlif zədələr müəyyən etmişdir.
İş materiallarından görünür ki, 2006-cı ilin noyabr ayında və 2007-ci ilin yanvar, mart və aprel aylarında ərizəçi, S.C.-nin əri, iş yoldaşları və qohumları da daxil olmaqla, müxtəlif şəxslər cinayət işi ilə bağlı istintaq orqanları tərəfindən şahid qismində dindirilmişlər.
6 fevral 2007-ci il tarixində cinayət işinin istintaqı Bakı şəhər prokurorluğuna verilmişdir. 24 fevral və 26 fevral 2007-ci il tarixlərində Bakı şəhər prokurorluğunun müstəntiqi S.C.-nin ölümü ilə əlaqədar komission ekspertizanın keçirilməsini tələb etmişdir.
2007-ci ilin aprel ayında S.C.-nin mədəsi, ağciyərləri, qaraciyəri və bağırsaqları da daxil olmaqla müxtəlif orqanlarından götürülmüş iyirmi iki nümunə əsasında histoloji ekspertiza keçirilmişdir. Ekspertlər 26 aprel 2007-ci il tarixli, 318 saylı rəydə S.C.-nin qaraciyərində və həzm sistemi orqanlarında toksikoloji dəyişikliklərin baş verdiyini bildirmişlər.
2007-ci ilin iyun ayında müstəntiqin 24 fevral və 26 fevral 2007-ci il tarixli qərarları əsasında təşkil olunmuş və üç ekspertdən ibarət olan komissiya K81/2007 saylı rəy vermişdir. S.C.-nin 2006-cı ildə 15 noyabrdan 20 noyabra kimi olan tibbi sənədlərinin, meyidinin məhkəmə-tibbi ekspertizasının və histoloji ekpertizanın nəticələri əsasında ekspertizanı həyata keçirən ekspertlər bu qənaətə gəlmişlər ki, ölümün səbəbi bədəndə olan çoxsaylı travmalar və həzm sistemi orqanlarına toksik maddələrin daxil olunması nəticəsində yaranan endogenik toksik maddələrdən qaynaqlanan ümumi intoksikasiya olmuşdur. Ekspertlər S.C.-nin bədənində müxtəlif xəsarətlərin olmasını təsdiq etmiş və bu nəticəyə gəlmişlər ki, onun ölümü ilə aldığı xəsarətlər arasında səbəbli əlaqə mövcuddur.
24 avqust 2007-ci il tarixində müstəntiq yeni komission ekspertiza təyin etmişdir. O, ekspertlərdən xüsusi olaraq ölümün səbəbinin müəyyən olunmasını, S.C.-nin bədənində hansı növ xəsarətlərin olmasını və həmin xəsarətlərin hansı ardıcıllıqla yetirilməsini müəyyən etməyi xahiş etmişdir. Müstəntiq bundan əlavə həmin xəsarətlərin hansının yıxılma nəticəsində baş verməsini və hansıların küt alət vasitəsilə yetirilməsini müəyyən etməyi xahiş etmişdir.
Dörd ekspertdən ibarət komissiyanın K69/2007 saylı rəyi ilə K81/2007 saylı rəydə ölümün səbəbinə dair göstərilən nəticələr təsdiq olunmuşdur. Bununla bağlı ekspertlər bu qənaətə gəlmişlər ki, ölüm zəhərlənmə nəticəsində baş vermişdir. Bununla yanaşı, onlar ərizəçinin qızının ölümündən dərhal sonra həyata keçirilən ekspertiza zamanı kimyəvi ekspertiza üçün qan nümunəsi və ya həzm sistemindən nümunə götürülmədiyindən zəhərlənmənin mənşəyinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişlər. Ekspertlər daha sonra qeyd etmişlər ki, S.C.-nin bədənində aşkar olunan bəzi xəsarətlər yıxılma nəticəsində baş verə bilməzdi və hadisədən əvvəl küt alət vasitəsilə yetirilmişdir.
2007-ci ilin aprel və noyabr aylarında müstəntiqin tələbi əsasında iki trasoloji ekspertiza keçirilmişdir. 10 aprel və 29 noyabr 2007-ci il tarixli ekspert rəylərində S.C.-nin bədəninin yerlə təmas sahəsi nəzərdən keçirilmiş və bu nəticəyə gəlinmişdir ki, o, eyvandan tullanmış ola bilərdi. Bundan əlavə, 10 may 2007-ci il tarixli ekspert rəyinə əsasən S.C. ölümündən əvvəl özünü yaxşı hiss etmirdi, onda həmin vaxt depressiya əlamətləri və nevroloji problemlər müşahidə olunurdu.
5 fevral 2008-ci il tarixində ərizəçi ilə S.C.-nin ərinin atası arasında üzləşdirmə həyata keçirilmişdir.
5 fevral 2008-ci il tarixində müstəntiq S.C.-nin ölümü ilə əlaqədar ekspertizanın keçirilməsi üçün yeni komissiyanın yaradılmasına dair göstəriş vermişdir. Beş ekspertdən təşkil olunmuş komissiya K69/2008 saylı rəydə zəhərlənmənin mənşəyinin müəyyən edilməsinin qeyri-mümkün olması barədə əvvəlki ekspert rəylərinin nəticələrini təsdiq etmişdir. Ekspertlər həmçinin S.C.-nin bədənində yıxılma nəticəsində deyil, küt alət vasitəsilə yetirilən xəsarətlərin mövcud olmasına dair əvvəlki rəylərin nəticələrini təsdiq etmişlər.
30 mart 2008-ci il tarixində cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə verilmişdir.
28 iyul və 16 oktyabr 2008-ci il tarixlərində ərizəçinin vəkili Baş Prokurorluğa müraciət edərək araşdırmanın səmərəli olmamasından şikayət etmişdir. Vəkil qeyd etmişdir ki, S.C.-nin MTN əməkdaşı olan əri cinayət işinə cəlb olunduğundan o, telefonla təhdid olunmuşdur. Vəkil həmçinin istintaq orqanlarından ona təhdidedici zənglər edən şəxsləri müəyyənləşdirməyi xahiş etmişdir.
Müstəntiqin 2 sentyabr 2008-ci il tarixli qərarı ilə ərizəçiyə zərərçəkmiş şəxs statusu verilmişdir.
24 sentyabr 2008-ci il tarixində ərizəçi işə baxan müstəntiqdən işin Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə tövsif olunmasını xahiş etmişdir. Ərizəçi xüsusilə S.C.-nin bədənində eyvandan yıxılmazdan əvvəl yetirilmiş xəsarətlərin olmasna dair ekspert rəylərinin nəticələrinə istinad edərək S.C.-nin əvvəlcə döyüldüyünü və daha sonra zorla eyvandan aşağı atıldığını qeyd etmişdir. O həm də bildirmişdir ki, qızını xəstəxanada zəhərləmişlər və bu, onun ölümünə səbəb olmuşdur.
6 oktyabr 2008-ci il tarixində ərizəçi yenidən müstəntiqə müraciət edərək 24 sentyabr 2008-ci il tarixli vəsatətini təkrarlamışdır.
6 oktyabr 2008-ci il tarixli qərarla müstəntiq ərizəçinin vəsatətini təmin etməmiş və bildirmişdir ki, icraatın həmin mərhələsində S.C.-nin öldürülməsinə dair sübutlar mövcud deyildi.
27 oktyabr 2008-ci il tarixində ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq həmin qərardan Baş prokurorun müavininə şikayət etmişdir.
10 noyabr 2008-ci il tarixli məktubla Baş prokurorun müavini ərizəçinin şikayətini rədd etmişdir.
22 noyabr 2008-ci il tarixli məktubla Baş prokuror ərizəçini müxtəlif istintaq hərəkətlərinin aparılması, araşdırmanın zəhərlənmənin mənşəyinin və təbiətinin aydınlaşdırılmasını gözlədiyi barədə məlumatlandırmışdır.
12 dekabr 2008-ci il tarixində ərizəçi Baş prokurorun müavininə şikayət etmiş və bildirmişdir ki, cinayət qanunvericiliyinin tələblərinə zidd olaraq o, 27 oktyabr 2008-ci il tarixli vəsatəti ilə bağlı heç bir əsaslandırılmış qərar almamış, ona sadəcə olaraq 10 noyabr 2008-ci il tarixli məktubla vəsatətinin rədd olunduğu bildirilmişdir.
30 dekabr 2008-ci il tarixində ərizəçi Baş prokurora şikayətlə müraciət etmişdir. O xüsusi olaraq iddia etmişdir ki, araşdırma səmərəli olmamış, Baş prokurorun müavininin cinayət işini Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə tövsif etməkdən imtina barədə qərarı kifayət qədər əsaslandırılmamış və araşdırma zamanı S.C.-nin qan nümunəsi yoxlanılmamışdır.
27 oktyabr 2009-cu il tarixində ərizəçi Baş Prokurorluğa qarşı mülki iddia qaldıraraq məhkəmədən istintaq orqanlarından qızının ölümü ilə bağlı səmərəli araşdırma aparılmasının tələb edilməsini xahiş etmişdir. 29 oktyabr 2009-cu il tarixində Səbail Rayon Məhkəməsi iddianı rədd etmiş və qeyd etmişdir ki, istintaq orqanlarının hərəkət və hərəkətsizliyindən verilən şikayətlərə mülki icraat qaydasında baxıla bilməz.
5 noyabr 2009-cu il tarixində müstəntiq yeni komission ekspertiza təyin etmişdir. On ekspertdən ibarət komissiyanın 25 noyabr 2009-cu il tarixli, 239/KES saylı rəyi ilə zəhərlənmənin mənşəyinin müəyyən edilməsinin qeyri-mümkünlüyü və S.C.-nin bədənində eyvandan yıxılmazdan əvvəl müxtəlif xəsarətlərin mövcudluğuna dair əvvəlki ekspert rəylərinin nəticələri təsdiq olunmuşdur. Ekspertlər daha sonra müəyyən etmişlər ki, klinikada olduğu zaman S.C.-yə toksikoloji maddələrin verilməsi mümkün idi.
İş materiallarından görünür ki, 2008-ci ilin sentyabr və dekabr aylarında və 2009-cu ilin aprel, oktyabr və noyabr aylarında istintaq orqanları ekspertizalarda iştirak edən ekspertlər, S.C.-nin əri və onun qohumları da daxil olmaqla müxtəlif şəxsləri şahid qismində dindirmişlər.
19 dekabr 2009-cu il tarixində müstəntiqin tələbi ilə keçirilən yeni trasoloji ekspertiza S.C.-nin eyvandan tullanması nəticəsində bədəninin aşkar olunduğu yerə düşə biləcəyini təsdiq etmişdir.
25 yanvar 2010-cu il tarixində ərizəçi ölümün müəyyən olunmamış zəhərlənmədən qaynaqlandığını və S.C.-nin eyvandan yıxılmazdan öncə bədənində müxtəlif xəsarətlərin olduğunu nəzərə alaraq yenidən istintaq orqanlarından işin Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə tövsif olunmasını xahiş etmişdir.
2 mart 2010-cu il tarixli məktubla Baş prokurorun müavini vəsatəti rədd etmişdir.
8 dekabr 2010-cu il tarixində ərizəçi cinayətin Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə tövsif olunmasına dair vəsatətini təkrarlamışdır.
17 dekabr 2010-cu il tarixli qərarla müstəntiq ərizəçinin vəsatətini rədd etmiş və bildirmişdir ki, icraatın həmin mərhələsində S.C.-nin qətlə yetirilməsinə dair sübutlar mövcud deyildi.
2010-cu ilin dekabr ayında istintaq orqanları S.C.-nin ölümü ilə bağlı keçirilmiş ekspertizalarda iştirak etmiş ekspertləri şahid qismində dindirmişlər.
6 yanvar 2011-ci il tarixində müstəntiq üzərində hər hansı qan ləkəsinin olub-olmamasının müəyyən edilməsi məqsədilə S.C.-nin 15 noyabr 2006-cı il tarixində geyindiyi jaketin ekspertizası barədə göstəriş vermişdir. 11 yanvar 2011-ci il tarixində ekspert 07/2011-MTBS saylı rəydə jaketin üzərində hər hansı qan izinin olmaması qənaətinə gəlmişdir.
İş materiallarından görünür ki, ərizəçi istintaqın gedişi barədə istintaq orqanlarına ünvanladığı çoxsaylı məktublara cavab olaraq Baş prokurorluqdan 14 fevral 2011-ci il tarixində məktub almışdır. Həmin məktubda istintaq orqanları onu məlumatlandırmışlar ki, istintaq səmərəli həyata keçiriləcək və onun nəticələri barədə ərizəçiyə məlumat veriləcək.
16 mart 2011-ci il tarixində ərizəçi istintaqın səmərəli olmamasından məhkəməyə şikayət etmişdir.
17 mart 2011-ci il tarixində Səbail Rayon Məhkəməsi ərizəçinin şikayətini, vəkilinin etibarnaməsi əlavə olunmadığından, qəbul etməkdən imtina etmişdir.
Qeyri-müəyyən tarixdə ərizəçi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əvvəlki şikayətlərini təkrarlamışdır.
26 iyul 2011-ci il tarixində məhkəmə iddianı qəbul etməkdən imtina etmiş və bu iddiaya inzibati icraat çərçivəsində baxılmasının mümkün olmadığını qeyd edərək işi Səbail Rayon Məhkəməsinə göndərmişdir.
2011-ci ilin sentyabr və oktyabr aylarında istintaq orqanları yenidən S.C.-nin ölümü ilə bağlı ekspertizalarda iştirak edən ekspertləri şahid qismində dindirmişlər.
13 sentyabr 2011-ci il tarixli qərarla Səbail Rayon Məhkəməsi iş üzrə hansı məhkəmənin yurisdiksiyaya malik olmasının müəyyən edilməsi məqsədilə işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
12 oktyabr 2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi qərara almışdır ki, ərizəçinin iddiasına mülki icraat çərçivəsində baxıla bilməz. 30 dekabr 2011-ci il tarixində Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli qərarını qüvvədə saxlamışdır.
28 dekabr 2011-ci il tarixində müstəntiq bütün istintaq hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq cinayəti törədən şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işinə xitam verməyi qərara almışdır.
16 fevral 2012-ci il tarixində ərizəçi müstəntiqin bu qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət etmiş və qərarın ləğv olunmasını xahiş etmişdir.
6 mart 2012-ci il tarixli qərarla Nəsimi Rayon Məhkəməsi ərizəçinin şikayətini təmin etmiş və müstəntiqin qərarını ləğv etmişdir. Məhkəmə müəyyən etmişdir ki, müstəntiq prokurorun göstərişlərinə əməl etməmiş və cinayət işinə qanunsuz olaraq xitam vermişdir. Məhkəmə həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad etmiş və qeyd etmişdir ki, Konvensiya öhdəliklərinə uyğun olaraq milli orqanlar səmərəli araşdırma aparmalıdırlar. Nəsimi Rayon Məhkəməsinin 6 mart 2012-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında müstəntiq bildirmişdir ki, 27 yanvar 2009-cu il tarixində zəhərlənmənin növünün müəyyən edilməsi məqsədilə Birləşmiş Krallıqda kimyəvi ekspertizanın keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etsə də, cavab almamışdır. Müstəntiq daha sonra bildirmişdir ki, işin istintaqı çətinləşmişdir, belə ki, cinayətin törədilməsindən xeyli vaxt keçmişdir və işlə əlaqədar bəzi sübutlar Binəqədi rayon prokuroluğundan Baş Prokurorluğa göndərilən zaman itmişdir.
30 noyabr 2012-ci il tarixində müstəntiq yenidən eyni əsaslar üzrə cinayət işinə xitam vermək qərarına gəlmişdir. Müstəntiqin qərarı eynilə 28 dekabr 2011-ci il tarixli qərarın mətnini təkrarlamışdır.
5 fevral 2013-cü il tarixində ərizəçi həmin qərardan şikayət vermişdir. O, inter alia, müstəntiqin cinayət işinə xitam verməsi ilə bağlı qərar barədə lazımi qaydada məlumatlandırılmamasından, altı ildən çox davam edən istintaqın səmərəli olmamasından, S.C.-nin döyülüb sonra eyvandan atılmasına baxmayaraq cinayət işinin Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə tövsif olunmamasından və istintaqın zəhərlənmənin mənşəyini müəyyən edə bilməməsindən şikayət etmişdir.
27 fevral 2013-cü il tarixində Nəsimi Rayon Məhkəməsi ərizəçinin şikayətini təmin etmiş və müstəntiqin 30 noyabr 2012-ci il tarixli qərarını ləğv etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, müstəntiq sadəcə olaraq cinayəti törədən şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işinə xitam verməməli və həmin şəxsin müəyyən olunması məqsədilə bütün müvafiq tədbirləri görməli idi. Məhkəmə həmçinin müəyyən etmişdir ki, istintaqın gedişində uzun müddət heç bir addım atılmamış və ərizəçi müstəntiqin 30 noyabr 2012-ci il tarixli qərarı ilə yalnız 26 yanvar 2013-cü il tarixində təmin olunmuşdur.
30 noyabr 2013-cü il tarixində müstəntiq yenidən eyni əsaslar üzrə cinayət işinə xitam vermək qərarına gəlmişdir. Qərarın mətni əvvəlki qərarların mətni ilə eyni olmuşdur.
7 fevral 2014-cü il tarixində ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq həmin qərardan şikayət etmişdir.
21 fevral 2014-cü il tarixində Nəsimi Rayon Məhkəməsi müstəntiqin 30 noyabr 2013-cü il tarixli qərarını ləğv etmişdir. Məhkəmə müəyyən etmişdir ki, müstəntiq cinayəti törədən şəxsin müəyyən olunması məqsədilə məhkəmənin 27 fevral 2013-cü il tarixli qərarından sonra heç bir addım atmamışdır.
Tərəflərlə ən son kommunikasiya (31 mart 2015-ci il tarixində bu iş üzrə sonuncu sənədlərin Hökumət tərəfindən təqdim olunması) zamanı cinayət işi üzrə icraat hələ də davam edirdi.
MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
Cinayət Məcəlləsi
125-ci maddəyə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə doqquz ildən on dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəllə (CPM)
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (“CPM”) 87.6-cı maddəsinə görə zərərçəkmiş şəxs kimi tanınmış şəxs müxtəlif prosessual hüquqlara malikdir və onun cinayət işinə əlavə olunması üçün materiallar təqdim etmək, cinayət işinin istintaqını aparan orqanın hərəkətlərinə etiraz etmək, vəsatətlər vermək, iş materiallarında olan protokollar və digər sənədlərlə tanış olmaq, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların (həmçinin cinayət işinin dayandırılmasına dair qərarların) surətini əldə etmək və prosessual hərəkət və ya qərarlardan şikayət vermək hüququ vardır.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
Konvensiyanın 2, 6, 13 və 14-cü maddələrinə istinad edərək ərizəçi milli orqanların qızının ölümü ilə bağlı səmərəli araşdırma aparmamalarından şikayət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı şikayət yalnız Konvensiyanın 2-ci maddəsi baxımından araşdırmalıdır. Həmin maddənin müvafiq hissəsində deyilir:
“1.Hər kəsin yaşamq hüququ qanunla qorunur. Heç kəs ..... həyatından məhrum edilə bilməz.”
Qəbuledilənlik
Hökumət bildirmişdir ki, ərizəçi Konvensiyanın mənasına görə qurban hesab edilə bilməz, belə ki, milli məhkəmələr müstəntiqin cinayət işinə xitam verilməsi ilə bağlı qərarlarını əsassız olduğundan ləğv etmişlər. Bununla bağlı Hökumət həmçinin Məhkəmənin diqqətini milli məhkəmələrin müstəntiqin qərarlarının ləğvi ilə bağlı öz qərarlarında Məhkəmənin presedent hüququna istinad etmələrinə cəlb etmişdir.
Ərizəçi Hökumətin etirazını mübahisələndirərək şikayətini təkrarlamışdır.
Məhkəmə təkrarən qeyd edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qərar, milli orqanlar Konvensiyanın pozuntusunu birbaşa və ya mahiyyətcə etiraf etmədikcə və pozuntu ilə bağlı hüquqi müdafiə vasitəsi təmin etmədikcə, onu qurban statusundan məhrum etmək üçün kifayət deyil (bax: Amuur Fransaya qarşı, 25 iyun 1996-cı il, § 36, Qərar və Qərardadlar Toplusu 1996-III və Dalban Rumıniyaya qarşı [BP], № 28114/95, § 44, AİHM 1999-VI).
Beləliklə, Məhkəmə qeyd edir ki, milli məhkəmələrin müstəntiqin cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı qərarlarını ləğv etmələri və onları qanunsuz elan etmələri ərizəçini Konvensiyaya əsasən qurban statusundan məhrum edə bilməz, çünki Konvensiyanın 2-ci maddəsinin pozuntusu açıq şəkildə etriaf edilməmiş və belə pozuntuya görə hüquqi müdafiə vasitəsi təqdim olunmamışdır. Qeyd olunanlar Məhkəməyə ərizəçinin Konvensiyanın 2-ci maddəsinə dair şikayəti ilə bağlı Konvensiyanın 34-cü maddəsi baxımından hələ də qurban statusuna malik olması nəticəsinə gəlməyə imkan verir.
Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndi baxımından açıq-aşkar əsassız deyil. Məhkəmə daha sonra qeyd edir ki, şikayət digər əsaslar üzrə qəbuledilməz deyil. Buna görə də şikayət qəbuledilən elan olunmalıdır.
Mahiyyət
Tərəflərin arqumentləri
Ərizəçi iddia etmişdir ki, cinayət işinin istintaqı səmərəli olmamışdır.
Hökumət mahiyyətlə bağlı hər hansı fikir bildirməmişdir.
Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnun müdafiəsi öhdəliyi 1-ci maddə ilə müəyyən edilmiş dövlətin “öz yurisdiksiyası altında olan hər kəsin Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlardan istifadəsini təmin etmək” kimi ümumi öhdəliyi ilə birgə dolayı yolla insanların dövlət və ya fərdlər tərəfindən zor tətbiqi nəticəsində öldürüldüyü zaman müəyyən formada səmərəli rəsmi istintaqın aparılmalı olduğunu da tələb edir (bax: “Tanrıkulu Türkiyəyə qarşı” [BP], № 23763/94, § 103, AİHM 1999‑IV); “Menson Birləşmiş Krallığa qarşı” (qər.d.), № 47916/99, AİHM 2003‑V) və “Branko Tomasic və Digərləri Xorvatiyaya qarşı”, № 46598/06, § 62, 15 yanvar 2009-cu il). Bu cür istintaqın başlıca məqsədi yaşamaq hüququnu qoruyan ölkədaxili qanunların səmərəli şəkildə yerinə yetirilməsini təmin etməkdir (bax: mutatis mutandis, “Paul və Audrey Edwards Birləşmiş Krallığa qarşı” № 46477/99, § 69, AİHM 2002‑II)). Eyni standartlar həmçinin Dövlətin 2-ci maddə üzrə öhdəliklərini əhatə edən, şəxsin şübhəli şəraitdə ölüm halları ilə bağlı aparılan araşdırmalara da tətbiq olunur (bax: Mikayıl Məmmədov Azərbaycana qarşı, № 4762/05, § 102, 17 dekabr 2009-cu il və Lari Moldova Respublikasına qarşı, № 37847/13, § 34, 15 sentyabr 2015-ci il).
İstintaqın səmərəli olması o deməkdir ki, onun nəticəsində cinayəti törədən şəxslərin müəyyən edilməsi və cəzalandırılması mümkün olmalıdır (bax: “Oğur Türkiyəyə qarşı” [BP], № 21594/93, § 88, AİHM 1999‑III). Bu, nəticə yox, vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. İstintaq zamanı ölümün səbəblərini və ya məsuliyyət daşıyan şəxsi və ya şəxsləri müəyyən etmək imkanını sarsıdan istənilən çatışmazlıq araşdırmanın standartlara cavab verməməsi riskini yaradır. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər (bax: məsələn, mutatis mutandis, “Ilhan Türkiyəyə qarşı” [BP], № 22277/93, AİHM 2000-VII, § 63). Bundan əlavə, təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır. Bütün işlərdə zərərçəkmişin yaxın qohumları onun qanuni maraqlarının müdafiəsi üçün zəruri olan həddə prosesə cəlb olunmalıdırlar (bax: “Tsintsabadze Gürcüstana qarşı”, № 35403/06, § 76, 15 fevral 2011-ci il).
Bu kontekstdə cəldlik və ağlabatan tezlik tələbi də nəzərdə tutulur (bax: “Yaşa Türkiyəyə qarşı”, 2 sentyabr 1998-ci il, §§ 102-104, Qərar və Qərardadlar Toplusu 1998‑VI və “Adalı Türkiyəyə qarşı”, № 38187/97, § 224, 31 mart 2005-ci il). Konkret vəziyyətdə istintaqda irəliləyişlərə nail olunması qarşısında maneə və ya çətinliklərin ola bilməsi qəbul edilməlidir. Lakin şübhəli ölümlərin dövlət orqanları tərəfindən tez araşdırılmasına ümumi şəkildə onların qanunun aliliyinə hörmət etmələrinə ictimai etimadın saxlanması və qanunsuz əməllərə yol vermələri və ya onlara dözümlülüklə yanaşmaları barədə fikirlərin qarşısının alınması üçün mühüm amil kimi baxıla bilər (Mikayıl Məmmədov, § 105).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçi milli orqanların onun qızının ölümü ilə bağlı apardıqları araşdırmanın qeyri-adekvat olmasından şikayət etmişdir.
Məhkəmə qeyd edir ki, S.C.-nin eyvandan yıxılmasından yalnız bir gün sonra, yəni 16 noyabr 2006-cı il tarixində Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işinin başlanılmasına və şahidlərin dindirilməsi, müxtəlif ekspertizaların keçirilməsi kimi bir sıra istintaq hərəkətlərinin aparılmasına baxmayaraq cinayət işi üzrə icraat ən son kommunikasiya zamanı hələ də davam edirdi və cinayəti törədən şəxs müəyyən olunmamışdı.
Bununla bağlı Məhkəmə milli orqanlar tərəfindən aparılan araşdırmada bir sıra çatışmazlıqlar müəyyən edir.
Birincisi, Məhkəmə bildirir ki, istintaq orqanları ərizəçinin qızının ölümü ilə bağlı bütün sübutların əldə olunmasını təmin etməmişlər. Xüsusilə də, onlar ərizəçinin qızının ölümünə səbəb olmuş zəhərlənmənin mənşəyinin müəyyən olunması üçün müvafiq addımlar atmamışlar. Məhkəmə qeyd edir ki, S.C.-nin ölümündən dərhal sonra 20 noyabr 2006-cı il tarixində keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı qan nümunəsi götürülməmişdir. Ekspertlərin qeyd etdiyi kimi, bu nümunənin götürülməməsi ölümə səbəb olmuş zəhərlənmənin mənşəyini müəyyən etməyə imkan verməmişdir (bax: § 19). Hökumət tərəfindən bu hərəkətsizliklə bağlı hər hansı bir açıqlama verilməmişdir. Məhkəmə daha sonra qeyd edir ki, istintaq orqanları 27 yanvar 2009-cu il tarixində zəhərlənmənin növünün müəyyən olunması məqsədilə Birləşmiş Krallıqda kimyəvi ekspertizanın keçirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etsələr də, belə bir ekspertiza keçirilməmişdir (bax: § 56).
İkincisi, Məhkəmə bildirir ki, milli orqanlar həm də hadisə ilə bağlı bütün sübutları vaxtında qiymətləndirməmişlər. Xüsusilə, cinayət işi üzrə icraatın başlanılmasından yalnız 4 il keçdikdən sonra, 6 yanvar 2011-ci il tarixində müstəntiq S.C.-nin 15 noyabr 2006-cı il tarixində geyindiyi jaketin üzərində qan ləkələrinin olub-olmamasının müəyyən edilməsi məqsədilə öyrənilməsinə dair göstəriş vermişdir. Hökumət tərəfindən belə gecikməyə dair heç bir izahat verilməmişdir. Üçüncüsü, Məhkəmə hesab edir ki, istintaq orqanları uzun müddət heç bir tədbir görmədiklərindən istintaq cəld həyata keçirilməmişdir. Xüsusi olaraq, iş materiallarından görünür ki, cinayət işi üzrə icraat davam etsə də, 2009-cu ilin dekabr ayı və 2010-cu ilin dekabr ayı arasındakı müddəti əhatə edən dövrdə heç bir istintaq hərəkəti aparılmamışdır. Bundan başqa, cinayət işi üzrə istintaqın ümumi müddəti, yəni ən azı 8 il 4 ay davam etməsi hər hansı məna kəsb edən araşdırmanın aparılmasını qeyri-mümkün etmişdir (bax: Əliyeva və Əliyev Azərbaycana qarşı, № 35587/08, § 78, 31 iyul 2014-cü il).
Son olaraq, Məhkəmə qeyd edir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən olunduğu kimi, istintaq orqanları ərizəçini istintaqın gedişi barədə məlumatlandırmamış və istintaq çərçivəsində qəbul edilən qərarlarla vaxtında təmin etməmişlər (bax: § 59).
Yuxarıda qeyd olunanlar Məhkəməyə milli orqanlar tərəfindən ərizəçinin qızının ölümü ilə bağlı adekvat və səmərəli araşdırma aparılmaması nəticəsinə gəlməyə imkan verir. Müvafiq olaraq, Məhkəmə qərara alır ki, 2-ci maddənin prosessual aspektinin pozuntusuna yol verilmişdir.
KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
87. Ərizəçi ədalətli kompensasiya ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Müvafiq olaraq Məhkəmə hesab edir ki, ərizəçiyə hər hansı bir vəsait ödənilməməlidir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Ərizəni qəbuledilən elan edir;
2. Konvensiyanın 2-ci maddəsinin prosessual aspektinin pozulduğunu qət edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 10 noyabr 2016-cı il tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Anne-Marie Dougin Faris Vehabovic
Katib müavinini müvəqqəti əvəz edən Sədr
Full & Egal Universal Law Academy