İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QASIMOVA VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(7867/09, 3961/10, 7709/10, 19426/10 və 25986/10 nömrəli şikayətlər)
Q Ə R A R
STRASBURQ
3 may 2012-ci il
Bu qərar qətidir, lakin qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Qasımova və digərlərinin Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Peer Lorenzen,
Hakimlər -
Xanlar Hacıyev,
Julia Laffranq,
və Bölmə katibi - Andre Vampak,
10 aprel 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş aşağıda adları çəkilən beş Azərbaycan vətəndaşı tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı təqdim edilmiş şikayətlər ilə başlanmışdır:
- xanım Lalə Qasımova, 1964-cü ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Nicat İsmayılov tərəfindən təmsil olunmuşdur (7867/09 nömrəli şikayət, 28 yanvar 2009-cu ildə təqdim edilmişdir);
- xanım Tatyana Qaluşko, 1965-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas xanım S.Əliyeva tərəfindən təmsil olunmuşdur (3961/10 nömrəli şikayət, 7 yanvar 2010-cu ildə təqdim edilmişdir);
- cənab Təvəkkül Əliyev, 1960-cı ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Ruslan Mustafayev tərəfindən təmsil olunmuşdur (7709/10 nömrəli şikayət, 27 yanvar 2010-cu ildə təqdim edilmişdir);
- cənab Süleyman Süleymanov, 1955-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Rüstəm Hüseynov tərəfindən təmsil olunmuşdur (19426/10 nömrəli şikayət, 25 mart 2010-cu ildə təqdim edilmişdir);
- cənab Qəhrəman Adıgözəlov, 1947-ci ildə anadan olmuşdur, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab İntiqam Əliyev tərəfindən təmsil olunmuşdur (25986/10 nömrəli şikayət, 28 aprel 2010-cu ildə təqdim edilmişdir).
2. Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil edilmişdir.
3. 29 sentyabr 2010-cu ildə Birinci Bölmənin sədri şikayətlər barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. 14 saylı Protokola uyğun olaraq şikayətlər baxılması üçün Komitəyə verilmişdir. Həmçinin, Komitənin şikayətlərin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxaracağı qət edilmişdir (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
4. Hökumət şikayətlərin Komitədə baxılmasına etiraz etməmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Bütün ərizəçilər mənzilləri üzərində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış sahəsi orderi əsasında sahiblik və istifadə hüquqlarına, yaxud səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş çıxarış əsasında mülkiyyət hüquqlarına malikdirlər (baxın, Əlavə - Cədvəl I).
6. Bütün işlərdə ərizəçilərin mənzilləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın müxtəlif rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir.
7. Ərizəçilər ölkə məhkəmələri qarşısında ayrı-ayrılıqda mülki iddia qaldıraraq məcburi köçkünlərin mənzillərindən çıxarılmalarını tələb etmişlər.
8. Əlavədə (Cədvəl I) göstərilmiş tarixlərdə ərizəçilərin iddiaları ölkənin müxtəlif məhkəmələri tərəfindən təmin olunmuş və məcburi köçkünlərin onların evlərindən çıxarılmaları qət edilmişdir.
9. Müvafiq qətnamələr qüvvəyə minərək məcburi xarakter almışdır. Lakin məcburi köçkün ailələri bu qətnamələrə əməl etməkdən imtina etmişlər və ərizəçilərin müxtəlif dövlət orqanlarına şikayət etmələrinə baxmayaraq, qətnamələr icra olunmamışdır.
10. 7867/09 nömrəli şikayətin Hökumətə təqdim edilməsindən sonra cavabdeh Hökumət bildirmişdir ki, xanım Lalə Qasımovanın xeyrinə qəbul olunmuş qətnamə 16 oktyabr 2010-cu il tarixdə icra edilmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
11. Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin Gülməmmədova Azərbaycana qarşı işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli şikayət, 18-24-cü bəndlər, 22 aprel 2010-cu il) verilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİ VƏ 13-cü MADDƏSİNİN VƏ KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN POZULMASI İDDİALARI
12. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi, həmçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq xeyirlərinə çıxarılmış qətnamələrin icra olunmamasından şikayət etmişlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər kəsin ... mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə ... məhkəmə tərəfindən ... ədalətlə baxılması hüququ vardır ...”
Konvensiyanın 13-cü maddəsində qeyd edilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
1 saylı Protokolun 1-ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.
Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
13. Məhkəmə hesab edir ki, şikayətlərə baxılması onların faktiki və hüquqi dəlillərinin eyni olması nəzərə alınaraq, Məhkəmənin Prosedur Qaydalarının 42-ci qaydasının 1-ci bəndinə uyğun olaraq bir icraatda birləşdirilməlidir.
A. Mümkünlük
1. 7867/09 və 25986/10 nömrəli şikayətlərlə bağlı Məhkəmənin rationae temporis yurisdiksiyası
14. Məhkəmə qeyd edir ki, xanım Lalə Qasımova (7867/09 nömrəli şikayət) və cənab Qəhrəman Adıgözəlovun (25986/10 nömrəli şikayət) işlərində ərizəçilərin xeyirlərinə olan məhkəmə qətnamələri Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci il tarixindən əvvəl qəbul edilmişdir.
15. Məhkəmə bildirir ki, dövlət orqanlarının qeyd olunan qətnamələri icra etməmələrinin davam etməsi nəticəsində onlar uzun müddət icra edilməmiş vəziyyətdə qalmışlar. Buna görə də burada davam edən pozuntu mövcuddur və bu baxımdan Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonrakı dövrlə bağlı hissəsinə baxmaq səlahiyyətinə malikdir (baxın, yuxarıda qeyd edilmiş Gülməmmədova işi, 26-cı bənd).
2. 7867/09 nömrəli şikayət üzrə ərizəçinin zərərçəkmiş şəxs statusu
16. Məhkəmə qeyd edir ki, xanım Lalə Qasımovanın (7867/09 nömrəli şikayət) xeyrinə qəbul edilmiş qətnamə 16 oktyabr 2010-cu ildə icra edilmişdir. Lakin Məhkəmə təkrar edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qərar və ya həyata keçirilmiş tədbir onun “zərərçəkmiş şəxs” statusundan azad edilməsi üçün kifayətedici hesab olunmur. Bu məqsədlə milli qurumlar açıq-aydın və ya mahiyyət üzrə Konvensiyanın pozulmasını etiraf etməli və bundan sonra pozulmuş hüquqları bərpa etməlidirlər (baxın, Amuur Fransaya qarşı, Qərar və Qərardadlar barədə Hesabatlar, 1996-III, s. 846, 36-cı bənd və Dalban Rumıniyaya qarşı, Böyük Palata, 28114/95 nömrəli şikayət, 44-cü bənd, İHAM 1999-VI). Yalnız göstərilən şərtlər yerinə yetirildikdə, Konvensiyanın qabaqlayıcı mexanizminin xüsusiyyəti ərizənin araşdırılmasının qarşısını alır.
17. Hazırkı iş üzrə qətnamənin on iki ildən artıq müddət ərzində icra olunmamasını və ondan səkkiz ildən artıq müddətin Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi dövrə aid olduğunu nəzərə alaraq, Məhkəmə müəyyən edib ki, həmin dövr ərzində ərizəçinin hüquqları bərpa edilməmiş, həmçinin ərizəçiyə məhkəmə qətnaməsinin davamlı olaraq 27 iyul 1998-ci il tarixdən icra edilməməsi və Konvensiya müddəalarının iddia olunan pozulması ilə əlaqədar heç bir təzminat təklif edilməmişdir.
18. Belə olan halda ərizəçinin xeyrinə qəbul edilmiş qətnamənin icra olunmasına baxmayaraq, Məhkəmə müəyyən edib ki, onun xeyrinə həyata keçirilmiş tədbirlər ərizəçinin hazırkı iş üzrə “zərərçəkmiş şəxs” statusundan azad olunması üçün kifayətedici deyil (müqayisə edin, Ramazanova və digərləri, 44363/02 nömrəli şikayət, 1 fevral 2007-ci il tarixli qərar, 38-ci bənd).
3. Digər mümkünlük meyarları
49. Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız deyil və hər hansı digər əsasa görə də onlara baxılması mümkünsüz hesab edilə bilməz. Buna görə bu şikayətlərə baxılması mümkün hesab edilir.
B. Mahiyyət
20. Məhkəmə qeyd edir ki, bu işlərin faktiki dəlilləri, şikayətlər və qaldırılmış hüquqi məsələlər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunun müəyyən edildiyi Gülməmmədova işindəki ilə (yuxarıda qeyd edilmişdir) eynidir.
21. Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı şikayətlərlə bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.
22. Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasının ərizəçilərin xeyirlərinə olan qətnamələrin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır. Bununla belə, bu qətnamələr qəti və qanuni qüvvəyə malik olmuş, lakin dövlət orqanları onlara əməl edilməsi üçün heç bir adekvat tədbir görməmişlər. Qeyd olunan qətnamələrin icra olunması üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Hökumət qətnamələrin uzun müddət icra edilməməyinə haqq qazandıran hər hansı dəlil irəli sürməmişdir.
23. Ərizəçilərin mülkiyyət hüquqlarının pozulması iddiaları ilə bağlı təqdim etdikləri izahatlara gəlincə, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə müdafiə olunan əmlaklarından maneəsiz istifadə hüquqları ilə məcburi köçkünlərin yaşayış sahələri ilə təchiz olunmaq hüquqları arasında tarazlığın təmin edilməsi vəzifəsinə əməl olunması üçün dövlət orqanları tərəfindən hər hansı xüsusi tədbirlərin görülməsi nə ölkə məhkəmələri, nə də Avropa Məhkəməsi tərəfindən təsbit edilmişdir. Belə olan halda qətnamələrin icrasının kifayət qədər uzun müddət ərzində təmin olunmaması ərizəçilərin son dərəcə ağır duruma düşmələri ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçilərin əmlaklarından maneəsiz istifadə hüquqlarının müdafiə edilməsi arasında ədalətli tarazlığı təmin edə bilməmişlər (baxın, yuxarıda qeyd edilmiş Gülməmmədova işi, 43-50-ci bəndlər).
24. Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
25. Məhkəmə hesab edir ki, Konvensiyanın 13-cü maddəsinin pozulması ilə bağlı hissədə şikayətə baxılmasına zərurət yoxdur, belə ki, 6-cı maddə şikayətlərin bu hissəsinə münasibətdə lex specialis xarakteri daşıyır (misal üçün baxın, Əfəndiyeva Azərbaycana qarşı iş, 31556/03 nömrəli şikayət, 59-cu bənd, 25 oktyabr 2007-ci il).
II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
56. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
67. Ərizəçilər maddi ziyanla bağlı Əlavədə (Cədvəl II) göstərilmiş müxtəlif məbləğlərin ödənilməsini tələb etmişlər.
- xanım Lalə Qasımova (7867/09 nömrəli şikayət) mənzilin bazar qiyməti və başqa bir mənzilin kirayəsi üçün ödədiyi məbləğlər də daxil olmaqla 84 084 avro məbləğində (bu məbləğ Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən hesablanmışdır) vəsaitin ödənilməsini tələb etmişdir.
- xanım Tatyana Qaluşko (3961/10 nömrəli şikayət) mənzilinin kirayəsinə görə ödənilməli olan məbləğin itirilməsi ilə bağlı 25 468 avro məbləğində (bu məbləğ Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən hesablanmışdır) vəsaitin ödənilməsini tələb etmişdir.
- cənab Təvəkkül Əliyev (7709/10 nömrəli şikayət) mənzilinin kirayəsinə görə ödənilməli olan məbləğin itirilməsi ilə bağlı 35 755 avro məbləğində (bu məbləğ onun mənzilinin məcburi köçkünlər tərəfindən zəbt olunduğu tarixdən hesablanmışdır) vəsaitin ödənilməsini tələb etmişdir.
- cənab Süleyman Süleymanov (19426/10 nömrəli şikayət) mənzilinin kirayəsinə görə ödənilməli olan məbləğin (bu məbləğ onun adına mənzilə orderin verildiyi tarixdən hesablanmışdır) itirilməsi, mənzilin qanunsuz zəbt edilməsi ilə əlaqədar məbləğin və məcburi köçkünlərin qaz və işığa olan borcları ilə bağlı 130 848 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
- cənab Qəhrəman Adıgözəlov (25896/10 nömrəli şikayət) iddia etdiyi kimi digər mənzilin kirayə götürülməsi ilə əlaqədar ödədiyi 26 828 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
28. Öz tələblərini əsaslandırmaq üçün cənab Qəhrəman Adıgözəlov istisna olmaqla, digər ərizəçilər yerli şirkətlər tərəfindən hesablanmış eyni vəziyyətdə olan mənzillərin kirayə haqları barədə arayışları təqdim etmişlər.
29. Hökumət bildirib ki, xanım Tatyana Qaluşko, cənab Təvəkkül Əliyev və cənab Qəhrəman Adıgözəlovun (3961/10, 7709/10 və 19426/10 nömrəli şikayətlər) maddi ziyanının məbləği ərizəçilərin xeyrinə qəbul edilmiş qətnamələrin tarixlərindən hesablanmalıdır. Eyni zamanda, Hökumət qeyd edib ki, xanım Lalə Qasımova (7867/09 nömrəli şikayət) mənzilin bazar qiyməti ilə əlaqədar təzminatın ödənilməsini tələb edə bilməz. Habelə, Hökumət mümkün maddi ziyana görə xanım Tatyana Qaluşkoya (3961/10 nömrəli şikayət) 2 500 avro və cənab Təvəkkül Əliyevə (7709/10 nömrəli şikayət) 4 500 avronun ödənilməsini məqsədəuyğun hesab etmişdir.
30. Məhkəmə xanım Lalə Qasımovanın (7867/09 nömrəli şikayət) mənzilin bazar qiyməti ilə əlaqədar təzminatın ödənilməsinə, həmçinin cənab Süleyman Süleymanovun (19426/10 nömrəli şikayət) mənzilin qanunsuz zəbt edilməsi ilə əlaqədar məbləğin və məcburi köçkünlərin qaz və işığa olan borclarının ödənilməsinə dair tələblərini rədd edərək hesab edir ki, aşkar olunmuş hüquq pozuntuları ilə tələblərin həmin hissələri arasında səbəbiyyət əlaqəsi mövcud deyil. Eyni zamanda, Məhkəmə cənab Qəhrəman Adıgözəlovun (25686/10 nömrəli şikayət) digər mənzilin kirayə götürülməsi ilə əlaqədar çəkilmiş xərclərə görə təzminatın ödənilməsinə dair tələbini rədd edərək qeyd etmişdir ki, həmin tələb müvafiq qaydada əsaslandırılmamış və onu təsdiq edən heç bir sənəd ərizəçi tərəfindən təqdim edilməmişdir.
31. Kirayə haqlarının itirilməsinə dair tələbləri ilə əlaqədar Məhkəmə hesab edir ki, mənzilləri üzərində nəzarəti itirmələri nəticəsində ərizəçilərə maddi ziyan dəymişdir və müəyyən edilmiş pozuntularla kirayə haqlarından qazanılacaq gəlirin əldən çıxması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi arasında səbəbiyyət əlaqəsi mövcuddur (müqayisə üçün baxın, Radanović Xorvatiyaya qarşı, 9056/02 nömrəli şikayət, 62-66-cı bəndlər, 21 dekabr 2006-cı il). Lakin Məhkəmə hesab edir ki, xanım Tatyana Qaluşko, cənab Təvəkkül Əliyev və cənab Qəhrəman Adıgözəlova (65856/10 nömrəli şikayət) vurulmuş ziyanın məbləği ərizəçilərin hər birinin xeyrinə müvafiq qətnamənin çıxarıldığı tarixdən başlayaraq hesablanmalıdır. Xanım Lalə Qasımovaya (7867/09 nömrəli şikayət) vurulmuş ziyanın məbləği Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır.
32. 7867/09, 3961/10, 7709/10 və 19426/10 nömrəli şikayətlər üzrə tərəflərin izahatlarını araşdıraraq Məhkəmə belə qərara gəlir ki, dəymiş maddi ziyanın məbləğinin hesablanması üçün oriyentir kimi tərəflərin təqdim etdikləri yerli şirkətlərin hesablamalarındakı məbləğlər götürüləcəkdir.
33. Qiymətləndirmə aparan zaman Məhkəmə ərizəçilərin müvafiq kirayəçilərin axtarılması zamanı mütləq müəyyən vaxt itirməli və mənzillərinin saxlanması ilə bağlı müəyyən xərclər çəkməli olduqlarını nəzərə alır. Eyni zamanda, onlar müəyyən vergiləri də ödəməli idilər (baxın, Prodan Moldovaya qarşı, 49806/99 nömrəli şikayət, 74-cü bənd, AİHM 2004‑III (çıxarışlar); Popov Moldovaya qarşı (1-ci nömrə) (ədalətli kompensasiya), 74153/01 nömrəli şikayət, 13-cü bənd, 17 yanvar 2006-cı il; və yuxarıda qeyd edilmiş Radanović işi, 65-ci bənd).). Yuxarıdakıları nəzərə alaraq və ədalətli qiymətləndirmə apararaq, Məhkəmə ərizəçilərə aşağıda göstərilən məbləğdə vəsaitlərin ödənilməsini qət edir:
- xanım Lalə Qasımovaya (7867/09 nömrəli şikayət): 12 300 avro;
- xanım Tatyana Qaluşkoya (3961/10 nömrəli şikayət): 5 700 avro;
- cənab Təvəkkül Əliyevə (7709/10 nömrəli şikayət): 5 600 avro;
- cənab Süleyman Süleymanova (19426/10 nömrəli şikayət): 3 700 avro.
30-cu bənddə göstərilmiş səbəblərə görə cənab Qəhrəman Adıgözəlova (25986/10 nömrəli şikayət) təzminat ödənilmir.
2. Mənəvi ziyan
34. Ərizəçilər mənəvi ziyanla bağlı Əlavədə (Cədvəl II) göstərilmiş müxtəlif məbləğlərin ödənilməsini tələb etmişlər.
35. Hökumət dəymiş mənəvi ziyana görə hər bir ərizəçiyə ən uzağı 1000 avro məbləğində vəsaitin ödənilməsi ilə bağlı ərizəçilərin tələblərini qəbul etməyə hazır olduğunu bildirmişdir.
36. Məhkəmə hesab edir ki, xeyirlərinə olan məhkəmə qətnamələrinin uzun müddət ərzində icra edilməməsi nəticəsində ərizəçilərə mənəvi ziyan dəymişdir. Lakin işlərin çoxunda tələb olunan məbləğ həddən ziyadə artıqdır. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli qiymətləndirmə apararaq ərizəçilərə dəymiş mənəvi ziyana görə tutulacaq vergilər də daxil olmaqla, aşağıdakı məbləğlərdə vəsaitin ödənilməsini qət edir:
- xanım Lalə Qasımovaya (7867/09 nömrəli şikayət): 3 600 avro;
- xanım Tatyana Qaluşkoya (3961/10 nömrəli şikayət): 1 800 avro;
- cənab Təvəkkül Əliyevə (7709/10 nömrəli şikayət): 3 000 avro;
- cənab Süleyman Süleymanova (19426/10 nömrəli şikayət): 1 500 avro;
- cənab Qəhrəman Adıgözəlova (25986/10 nömrəli şikayət): 3 600 avro.
77. Bundan əlavə, Məhkəmə hesab edir ki, qətnamələr hazırda da qüvvədə qaldıqları üçün Dövlətin onları icra etmək vəzifəsi mübahisə oluna bilməz. Buna görə də, 3961/10, 7709/10, 19426/10 və 25986/10 nömrəli şikayətlər üzrə ərizəçilərin müvafiq qətnamələrin icra olunmasını tələb etmək hüquqları vardır. Məhkəmə bir daha təkrar edir ki, 6-cı maddənin pozulması zamanı pozulmuş hüquqların bərpasının ən münasib forması ərizəçilərin mümkün olduğu qədər 6-cı maddənin tələblərinin pozulmayacağı təqdirdə ola biləcəkləri vəziyyətə qaytarılmalarının təmin edilməsidir (baxın, Piersack Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A Cildi, 85-ci nömrə). Təsbit edilmiş pozuntunu nəzərə alaraq Məhkəmə hesab edir ki, bu prinsip hazırkı işə də tətbiq edilir. Buna görə də o hesab edir ki, Hökumət müvafiq vasitələrdən istifadə etməklə xanım Tatyana Qaluşko (3961/10 nömrəli şikayət), cənab Təvəkkül Əliyev (7709/10 nömrəli şikayət), cənab Süleyman Süleymanov (19426/10 nömrəli şikayət) və cənab Qəhrəman Adıgözəlovun (25986/10 nömrəli şikayət) xeyirlərinə olan qətnamələrin icrasını təmin etməlidir.
B. Xərclər və məsrəflər
88. Xanım Tatyana Qaluşkodan (3961/10 nömrəli şikayət) başqa digər ərizəçilər ölkə məhkəmələri və Avropa Məhkəməsi qarşısında çəkilmiş xərc və məsrəflərə görə Əlavədə (Cədvəl II) göstərilmiş müxtəlif məbləğlərin ödənilməsini tələb etmişlər.
99. Hökumət tələblərin əsassız olduğunu bildirmişdir.
40. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun.
41. Xanım Tatyana Qaluşko (3961/10 nömrəli şikayət) çəkilmiş xərc və məsrəflərlə bağlı Məhkəmə qarşısında hər hansı tələb irəli sürməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, xərc və məsrəflərə görə ona hər hansı məbləğ ödənilməməlidir.
42. Nəzərə alaraq ki, xanım Lalə Qasımova (7867/09 nömrəli şikayət) heç bir əsaslandırıcı sənədi təqdim etməmişdir, Məhkəmə onun da xərc və məsrəflərə görə tələbini rədd edir.
43. Cənab Təvəkkül Əliyev (7709/10 nömrəli şikayət), cənab Süleyman Süleymanov (19426/10 nömrəli şikayət) və cənab Qəhrəman Adıgözəlovun (25986/10 nömrəli şikayət) xərc və məsrəflərlə bağlı tələblərinə gəlincə, Məhkəmə qeyd edir ki, bütün işlər üzrə şikayətlər və irəli sürülmüş hüquqi dəlillər oxşardır və bununla bağlı Məhkəmənin presedent hüququ mövcuddur. Yuxarıdakıları və ərizəçilər tərəfindən təqdim edilmiş sənədləri nəzərə alaraq, Məhkəmə həmin işlər üzrə hər bir ərizəçiyə onların nümayəndələri tərəfindən göstərilmiş hüquqi xidmətlərə görə 500 avro məbləğində vəsaitin verilməsini qət edir.
C. Faizlərin ödənilməsi
44. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ,
MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətlərə baxılmasını bir icraatda birləşdirməyi qərara alır;
2. Şikayətlərə baxılmasını mümkün hesab edir;
3. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
4. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət edir;
5. Konvensiyanın 13-cü maddəsinin pozulması ilə bağlı şikayətə ayrıca baxılmasına zərurət olmadığını qət edir;
6. Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət müvafiq vasitələrdən istifadə etməklə üç ay ərzində 3961/10, 7709/10, 19426/10 və 25986/10 nömrəli şikayətlər üzrə ərizəçilərin xeyirlərinə olan yerli məhkəmələrin qətnamələrinin icra olunmasını təmin etməlidir;
7. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət üç ay ərzində aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ərizəçilərə ödəməlidir:
(i) vurulmuş ziyana görə,
- xanım Lalə Qasımovaya (7867/09 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 12 300 (on iki min üç yüz) avro və mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro;
- xanım Tatyana Qaluşkoya (3961/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 5 700 (beş min yeddi yüz) avro və mənəvi ziyana görə 1 800 (bir min səkkiz yüz) avro;
- cənab Təvəkkül Əliyevə (7709/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 5 600 (beş min altı yüz) avro və mənəvi ziyana görə 3 000 (üç min) avro;
- cənab Süleyman Süleymanova (19426/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş maddi ziyana görə 3 700 (üç min yeddi yüz) avro və mənəvi ziyana görə 1 500 (bir min beş yüz) avro;
- cənab Qəhrəman Adıgözəlova (25986/10 nömrəli şikayət), tutulacaq vergi də daxil olmaqla, dəymiş mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro;
(ii) xərclər və məsrəflərə görə, tutulacaq vergi də daxil olmaqla, cənab Təvəkkül Əliyev (7709/10 nömrəli şikayət), cənab Süleyman Süleymanov (19426/10 nömrəli şikayət) və cənab Qəhrəman Adıgözəlovun (25986/10 nömrəli şikayət) hər birinə 500 (beş yüz) avro verilsin və bu məbləğ ərizəçilərin nümayəndəsinin bank hesabına köçürülsün;
(b) yuxarıda qeyd edilən üç ayın bitməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
8. Ərizəçilərin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 3 may 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre VampakPeer Lorenzen
Katibin müavini Sədr
ƏLAVƏ
CƏDVƏL I
İş №
Ərizəçinin adı
Ərizəçinin əmlak hüquqlarını təsdiq edən sənədlər
Qətnamənin qəbul edildiyi tarix
Şikayətin Məhkəməyə göndərildiyi tarix
51920/09
cənab Bünyad Baxşıyev
Mülkiyyət hüquqlarının qeydiyyatdan keçməsinə dair 16 may 2002-ci il tarixli çıxarış
Binəqədi Rayon Məhkəməsinin 4 noyabr 1994-cü il tarixli qətnaməsi
19/09/2009
52329/09
xanım Sofya Zudova
20 may 1993-cü il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 25 aprel 2001-ci il tarixli qətnaməsi
17/09/2009
65799/10
xanım Gülzar Əkbərova
15 dekabr 1997-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2004-cü il tarixli qətnaməsi
26/10/2010
65856/10
cənab Tofiq Məmmədov
22 yanvar 1998-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 8 noyabr 2007-ci il tarixli qətnaməsi
26/10/2010
65864/10
cənab Asim Qabulov
25 fevral 2002-ci il tarixli yaşayış sahəsi orderi
Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2007-ci il tarixli qətnaməsi
26/10/2010
CƏDVƏL II
İş №
Ərizəçinin adı
Maddi ziyana görə tələb olunan məbləğ
(avro ilə)
Vurulmuş maddi ziyanla bağlı ödənilməsi Hökumət tərəfindən qəbul edilən məbləğ
Vurulmuş mənəvi ziyanla bağlı ödənilməsi Hökumət tərəfindən qəbul edilən məbləğ
51920/09
Bünyad Baxşıyev
17203
-
-
52329/09
Sofya Zudova
-
-
-
65799/10
Gülzar Əkbərova
22757
7775 avro
1200
65856/10
Tofiq Məmmədov
26223
1300 avro
1200
65864/10
Asim Qabulov
22757
9880 avro
1200
Full & Egal Universal Law Academy