İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
İQBAL HƏSƏNOV AZƏRBAYCANA QARŞI
(46505/08 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
15 yanvar 2015-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
İqbal Həsənov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə):
Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Elizabet Ştayner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Paulo Pinto de Albukerke,
Linos-Aleksandr Sisilianos,
və Bölmə katibi – Soren Nilsendən ibarət tərkibdə,
2 dekabr 2014-cü ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab İlqar Bəhmən oğlu Həsənovun (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 22 sentyabr 2008-ci ildə təqdim etdiyi ərizə ilə (46505/08 nömrəli) başlanmışdır.
2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab V.Mahmudov tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi polisdə saxlandığı vaxt onunla pis rəftar edildiyini və ölkənin dövlət orqanlarının bununla bağlı şikayətlərini araşdırmadıqlarını iddia etmişdir.
4. 2011-ci ilin 31 avqust tarixində ərizə mövqeyini bildirməsi üçün Hökumətə göndərilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1974-cü ildə anadan olmuş və həbs olunmasına qədər Cəlilabad rayonunda yaşamışdır.
A. Ərizəçinin həbsi, iddia edilən pis rəftar və prokurorluq orqanlarının hərəkətləri
2. 2008-ci il 8 iyunda əvvəllər həbs edilmiş iki şəxsin ərizəçinin narkotik alverçisi olduğu və onlara narkotik vasitə satdığı barədə verdikləri ifadə əsasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (bundan sonra “MCMİ”) tərəfindən əməliyyat həyata keçirilmişdir.
7. 2008-ci il 9 iyunda axşam saat 2.30 radələrində ərizəçi və onun tanışı sonuncunun maşını ilə Bakı istiqamətində hərəkət edən zaman polis tərəfindən saxlanılmış və onların üzərində axtarış aparılmışdır. Onların hər birinin üzərindən heroin paketi aşkarlanmışdır. Maşının içərisindən bəzi başqa narkotik vasitələr də tapılmışdır. Ərizəçi və onun tanışı axtarışdan dərhal sonra həbs edilmiş və Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə şöbəsinə aparılmışlar. Onlar 2008-ci il 9 iyun səhər saat 9.00-a qədər burada saxlanılmışlar.
8. 2008-ci il 9 iyunda səhər saat 9.00-da müstəntiq ərizəçi barədə şübhəli şəxs qismində tutma protokolu tərtib etmişdir. Sonra ərizəçi MCMİ-nin müvəqqəti saxlanma yerinə aparılmışdır.
9. Səhəri gün, 2008-ci il 10 iyunda ərizəçi dindirilmək üçün müstəntiqin yanına gətirilmişdir. Lakin tərtib edilmiş protokola görə ərizəçi vəkili olmadan hər hansı suala cavab verməkdən imtina etmişdir.
10. Ərizəçinin ailəsi 2008-ci il 10 iyunda onun üçün vəkil tutmuşdur. Vəkil müstəntiq və ərizəçi ilə görüş təşkil etməyə çalışmış və bu görüş 2008-ci il 11 iyun tarixinə təyin edilmişdir.
11. Ərizəçinin sözlərinə görə 2008-ci il iyunun 10-dan 11-nə keçən gecə o, MCMİ-nin müvəqqəti saxlanma yerində dörd polis əməkdaşının pis rəftarına məruz qalmışdır.
12. 2008-ci il 11 iyunda ərizəçi dindirmənin davam etdirilməsi üçün müstəntiqin yanına gətirilmiş və onun otağında vəkilinin iştirakı ilə dindirilmişdir. Ərizəçinin sözlərinə görə bu vaxt o artıq axsayırdı və ayaqları xəsarətlərdən şişmiş və göyərmişdi. 2008-ci il 11 iyun tarixli dindirmə protokolundan göründüyü kimi ərizəçi əvvəlki gecə MCMİ-nin müvəqqəti saxlanma yerində mülki geyimli dörd polis əməkdaşı tərəfindən narkotik alverçisi olmasını etiraf etməsi ilə bağlı ifadə alınması məqsədilə pis rəftara məruz qoyulmuşdur. Onun dabanına dəyənəklə zərbələr vurulmuş və bu, təxminən bir saat davam etmişdir. Ərizəçi həmçinin etiraf etməyəcəyi təqdirdə elektrik cərəyanı ilə vurulacağı ilə bağlı hədələndiyini demişdir. Bunu törədənlərin kimliyi məsələsinə gəlincə, o, bu şəxsləri tanımadığını, lakin yenidən görəcəyi təqdirdə tanıyacağını bildirmişdir. Ərizəçi və onun vəkili ərizəçinin üzərində məhkəmə-tibb ekspertizasının keçirilməsini və başqa saxlanma yerinə keçirilməsini müstəntiqdən xahiş etmişlər. 2008-ci il 11 iyun tarixli dindirmə protokolu ərizəçi, vəkil və müstəntiq tərəfindən imzalanmışdır.
13. Belə görünür ki, müstəntiq ərizəçinin pis rəftarla bağlı iddiası ilə əlaqədar dərhal tədbir görməmişdir. 2008-ci il 21 iyunda ərizəçinin MCMİ-nin müvəqqəti saxlanma yerindən 1 nömrəli İstintaq Təcridxanasına keçirilməsindən sonra 2008-ci il 12 iyulda müstəntiq ərizəçinin təcridxanaya çatdırılan zaman səhhətinin vəziyyəti barədə məlumat almaq üçün müraciət etmişdir. 1 nömrəli İstintaq Təcridxanasının rəisi 2008-ci il 16 iyulda yazdığı məktubda ərizəçinin İstintaq Təcridxanasına gətirilən zaman həkim tərəfindən müayinə edildiyini və bədənində hər hansı xəsarət izinin aşkar edilmədiyini bildirmişdir.
14. 2008-ci il 29 iyulda keçirilmiş növbəti dindirmə zamanı ərizəçi müstəntiqə şikayət edərək bildirmişdir ki, 2008-ci il 11 iyunda dindirilən zaman pis rəftara dair şikayət etməsinə və məhkəmə-tibb ekspertizasının keçirilməsini baxmayaraq bununla bağlı hər hansı istintaq hərəkəti həyata keçirilməmişdir. 2008-ci il 29 iyul tarixli dindirmə protokolu ərizəçi, onun vəkili və müstəntiq tərəfindən imzalanmışdır. Bununla belə, belə görünür ki, müstəntiq ərizəçinin pis rəftara dair konkret şikayəti ilə bağlı hər hansı tədbir görməmişdir.
15. 2008-ci il 14 avqustda ərizəçi onun işi üzrə nəzarət funksiyasını həyata keçirən Baş prokurorunun müavininə şikayətlə müraciət etmişdir. O, pis rəftara məruz qalması barədə müstəntiqə məlumat verdiyi 2008-ci il 11 iyun tarixindən iki ay keçməsinə baxmayaraq bununla bağlı hər hansı istintaq hərəkətinin həyata keçirilmədiyini bildirmişdir. Ərizəçinin şikayətinə cavab verilməmişdir.
B. Ərizəçi barədə həbs qətimkan tədbirinin seçilməsi
3. 2008-ci il 11 iyunda Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri (mütəşəkkil qrup tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitənin satışı) ilə ərizəçiyə qarşı rəsmi ittiham irəli sürülmüşdür. Həmin gün Nərimanov Rayon Məhkəməsi ərizəçi barədə üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. İşə məhkəmədə baxılan zaman ərizəçi MCMİ-nin müvəqqəti saxlanma yerində dörd polis əməkdaşının pis rəftarına məruz qaldığını bildirmişdir. Lakin məhkəmə öz qərarında həmin məsələyə münasibət bildirməmişdir.
17. Bununla belə, işin hallarından göründüyü kimi 2008-ci il 12 iyunda ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmiş Nərimanov Rayon Məhkəməsinin hakimi MCMİ-nin rəisinə məktub yazaraq ondan ərizəçinin pis rəftarla bağlı şikayətinə dair məlumat verilməsini xahiş etmişdir. İşdə olan materialdan belə görünür ki, hakimin bu məktubuna cavab verilməmişdir.
18. 2008-ci il 12 iyunda ərizəçi birinci instansiya məhkəməsinin 2008-ci il 11 iyun tarixli qərarından apellyasiya şikayəti verərək inter alia, MCMİ-nin müvəqqəti saxlanma yerində pis rəftara məruz qalması barədə şikayətini təkrarlamışdır.
19. 2008-ci il 20 iyunda Bakı Apellyasiya Məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı qüvvəsində saxlamışdır. Bununla belə, apellyasiya məhkəməsi ərizəçinin pis rəftara dair şikayəti məsələsinə toxunmamışdır.
C. Pis rəftarla bağlı məhkəməyə təqdim edilmiş ayrıca şikayət
4. 2008-ci il 11 iyunda ərizəçi Cinayət-Prosessual Məcəlləsinin prokurorluq orqanlarının hərəkət və qərarlarından şikayət verilməsini nəzərdə tutan 449-451-ci maddələrində təsbit edilmiş qaydada pis rəftara məruz qalması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə ayrıca şikayətlə müraciət etmişdir. O, şikayətini təkrar edərək bildirmişdir ki, 2008-ci il 10 iyunda MCMİ-nin müvəqqəti saxlanma yerində dörd polis əməkdaşı tərəfindən dəyənəklə döyülmüş və cinayəti etiraf etməyəcəyi təqdirdə elektrik cərəyanı ilə vurulacağı ilə hədələnmişdir. O, məhkəmədən işgəncəyə məruz qalması faktının təsdiq edilməsini xahiş etmişdir.
21. 2008-ci il 18 iyunda Nərimanov Rayon Məhkəməsi şikayətə ərizəçinin iştirakı olmadan, lakin onun vəkilinin iştirakı ilə baxmışdır. Məhkəmə işgəncə barədə şikayəti təmin etməyərək ərizəçinin şikayətini sübut edə bilmədiyini qət etmişdir. Qərarın müvafiq hissəsində aşağıdakılar qeyd edilmişdir:
“Məhkəmə iclasında ərizəçinin vəkili V.H. İ.Həsənovun (ərizəçi) işgəncəyə məruz qaldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
Məhkəmə iclasında ərizəçinin vəkili V.H. sadəcə bildirmişdir ki, İ.Həsənov tanımadığı dörd şəxs tərəfindən işgəncəyə məruz qoyulmuşdur.
İ.Həsənovun işgəncəyə məruz qalması məhkəmədə sübut edilməmişdir. Bu səbəbdən şikayət İ.Həsənovun işgəncəyə məruz qalmasının qanunsuz hesab edilməsinin xahiş olunması hissəsində təmin edilməməlidir”.
5. 2008-ci il 20 iyunda ərizəçi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. O, ilk növbədə birinci instansiya məhkəməsinin pis rəftarla bağlı şikayətini lazımı qaydada araşdırmamasından, şikayətinə onun iştirakı olmadan baxılmasından, pis rəftara yol verənlərin məhkəmədə dindirilməməsindən və məhkəmənin onun pis rəftara məruz qalması faktı ilə bağlı hər hansı istintaq aparmamasından şikayət etmişdir.
23. 2008-ci il 3 iyulda Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini təmin etməmişdir. Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“İşdə olan materiallardan göründüyü kimi təqsirləndirilən şəxs və onun vəkili İ.Həsənovun pis rəftara məruz qalması barədə müstəntiqə və ya Azərbaycan Respublikasının Baş prokuroruna şikayət etməmişlər.
Bu səbəbdən vəkilin bununla bağlı məhkəməyə şikayəti araşdırılmadan saxlanılmış və məhkəmə bununla bağlı hər hansı qərar qəbul etməmişdir.
Buna görə də apellyasiya şikayətinin dəlilləri əsassızdır”.
D. Ərizəçinin məhkəmə işi və məhkum edilməsi
6. 2008-ci il 6 avqustda prokuror ittiham aktını Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərmişdir.
25. 2008-ci il 10 noyabrda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə bütün ittihamlar üzrə ərizəçini təqsirli hesab edərək on iki il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
26. 2009-cu il 15 yanvarda Bakı Apellyasiya Məhkəməsi ərizəçi barəsində çıxarılmış ittiham hökmünü qüvvədə saxlamış, lakin onun cəzasını doqquz il müddətinə qədər azaltmışdır.
27. 2009-cu il 19 mayda Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının Konstitusiyası
28. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur:
“Heç kəs işgəncəyə və ya pis rəftara məruz qala bilməz. Heç kəs alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz...”.
B. İşgəncəyə və qeyri-insani və alçaldıcı rəftara görə cinayət məsuliyyəti
7. Cinayət Məcəlləsinin müvafiq vaxtda qüvvədə olmuş redaksiyasına görə saxlanılan və ya başqa formada azadlıqdan məhrum edilmiş şəxsə işgəncə verilməsi yeddi ildən on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətdir (Maddə 113). Vəzifəli şəxsin səlahiyyətlərini icra edərkən müntəzəm döymə və ya başqa zorakı hərəkətlərlə şəxsə fiziki və ya psixoloji əziyyətlər verməsi beş ildən on ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətdir (Maddə 133). Prokuror və ya müstəntiq tərəfindən şübhəli şəxsin, təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidin ifadə verməyə və ya ekspertin rəy verməyə məcbur edilməsi üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılan cinayətdir (Maddə 293.1). Eyni əməllər işgəncə verməklə edildikdə bu əməlləri törədənlər beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar (Maddə 293.2).
C. Cinayət Prosessual Məcəlləsi (“CPM”)
8. CPM-nin 37-ci maddəsinə görə cinayət işinə törədilməsi iddia olunan cinayət əməlindən zərər çəkmiş şəxsin şikayəti əsasında başlanılır. CPM-nin LII fəslində cinayət prosesinin iştirakçılarının prokurorluq orqanlarının hərəkət və qərarlarından məhkəməyə şikayət vermə qaydası təsbit edilmişdir. 449-cu maddəyə görə zərərçəkmiş və ya onun vəkili, inter alia, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi ilə bağlı hərəkət və ya qərarlarından şikayət verə bilərlər. Prokurorluq orqanlarının hərəkət və ya qərarlarının qanuniliyini araşdıran hakim bu hərəkət və ya qərarların qanunsuz olduğu nəticəsinə gələrsə, onları ləğv edə bilər (Maddə 451). Hakimin qərarından CPM-nin 452-ci və 453-cü maddələrində təsbit edilmiş qaydada apellyasiya məhkəməsinə şikayət verilə bilər.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
9. Ərizəçi MCMİ-nin müvəqqəti saxlanma yerində pis rəftara məruz qalmasından və dövlət orqanlarının onun bununla bağlı müraciətlərini araşdırmamasından şikayət etmişdir. Konvensiyanın 3-cü maddəsində qeyd edilir:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz”.
A. Ərizənin mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında əsassız deyil. Bundan əlavə o qeyd edir ki, şikayət istənilən digər əsaslara görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də o, mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Səmərəli istintaqın aparılmadığı iddiası
(a) Tərəflərin izahatları
11. Hökumət ərizəçinin pis rəftarla bağlı şikayətlərinin ölkə məhkəmələri tərəfindən qanuni şəkildə araşdırıldığını bildirmişdir.
34. Ərizəçi şikayətini təkrar edərək dəfələrlə şikayət etməsinə baxmayaraq pis rəftarla bağlı dövlət orqanları tərəfindən istintaqın aparılmadığını bildirmişdir.
(b) Məhkəmənin qiymətləndirməsi
12. Şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 102, Reports of Judgments and Decisions 1998‑VIII) və “Labita İtaliyaya qarşı” (Labita v. Italy [GC], no. 26772/95, § 131, ECHR 2000‑IV)).
36. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-IV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gül v. Turkey, no. 22676/93, § 89, 14 December 2000)). Araşdırmanın xəsarətin səbəblərini və ya məsuliyyət daşıyacaq şəxslərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verməyən hər hansı çatışmazlığı onun bu standarta cavab verməməsi riskini yaradır (bax: “Batı və Digərləri Türkiyəyə qarşı” (Batı and Others v. Turkey, nos.33097/96 and 57834/00, § 134, ECHR 2004‑IV)).
37. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq qeyd edir ki, ərizəçi 2008-ci il 11 iyunda vəkilin iştirakı ilə müstəntiq tərəfindən birinci dəfə dindirilərkən pis rəftara məruz qalması ilə bağlı müstəntiqə məlumat vermiş və ondan məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə göstəriş verməsini xahiş etmişdir. Ərizəçinin şikayəti müstəntiq tərəfindən 2008-ci il 11 iyunda tərtib edilmiş dindirmə protokolunda qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin müstəntiqə etdiyi şikayətdə kifayət qədər konkret məlumat – iddia olunan pis rəftar faktının baş vermə vaxtı, yeri və xarakteri - əks olunmuşdu (yuxarıda 12-ci bəndə bax) və müstəntiqin səmərəli istintaq aparması vəzifəsini yaradan əsaslı iddia idi.
38. Ərizəçi 2008-ci il 29 iyulda müstəntiq tərəfindən dindirilərkən pis rəftarla bağlı iddiasını təkrar etmişdir. O, həmçinin pis rəftar barədə 2008-ci il 14 avqustda Baş prokurorun müavininə də şikayət etmişdir (yuxarıda 14-15-ci bəndlərə bax). Bununla belə cinayət işi başlanmamışdır.
39. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi eyni şikayətini barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul etmiş məhkəmələr qarşısında da qaldırmışdır. Lakin onlar pis rəftarla bağlı iddialara məhəl qoymamış və qərarlarında bu məsələyə toxunmamışlar (yuxarıda 16-19-cu bəndlərə bax). Ərizəçinin pis rəftara dair verdiyi ayrıca şikayətlərlə bağlı başlanmış proseslərə gəlincə, Məhkəmə qeyd edir ki, bu proseslərdə ölkə məhkəmələri səmərəli məhkəmə istintaqı aparmadan sadəcə ərizəçinin pis rəftarla bağlı şikayətini əsassız olduğu üçün rədd etmişlər. Xüsusilə, ölkə məhkəmələri ərizəçi barəsində məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə qərar qəbul etməmiş, ərizəçini, əməli törətməkdə şübhəli şəxsləri, ərizəçinin kamera yoldaşlarını və istənilən digər mümkün şahidləri dindirməmişlər. Yuxarıdakılar Məhkəmənin ərizəçinin pis rəftara dair şikayəti ilə bağlı səmərəli istintaqın aparılmadığı nəticəsinə gəlməsi üçün kifayət edir.
40. Beləliklə, bu işdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektinin pozuntusuna yol verilmişdir.
2. Ərizəçinin polisin pis rəftarına məruz qalması ilə bağlı iddiası
(a) Tərəflərin izahatları
13. Hökumət ərizəçinin iddialarının əsassız olduğunu və pis rəftarla bağlı iddiasını sübut etmək üçün hər hansı dəlil təqdim etmədiyini bildirmişdir. Hökumət xüsusilə bildirmişdir ki, 2008-ci il 16 iyul tarixli məktub ərizəçi 2008-ci il 21 iyunda 1 nömrəli İstintaq Təcridxanasına gətirilən zaman onun bədənində hər hansı xəsarətin olmadığını təsdiq etmişdir.
42. Ərizəçi şikayətini təkrar edərək 2008-ci il 10 iyunda MCMİ-nin müvəqqəti saxlanma yerində etiraf edici ifadə alınması üçün onunla pis rəftar edildiyini bildirmişdir. 1 nömrəli İstintaq Təcridxanasının rəisinin 2008-ci il 16 iyul tarixli məktubuna gəlincə, ərizəçi 2008-ci il 21 iyunda 1 nömrəli İstintaq Təcridxanasına gətirilən zaman onu müayinə etmiş həkimin məhkəmə-tibb eksperti olmadığını və onun ayağına yetirilmiş xəsarətlərin izlərinin 2008-ci il 21 iyunda artıq görünmədiyini bildirmişdir.
(b) Məhkəmənin qiymətləndirməsi
14. Məhkəmə təkrar edir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999‑V) və yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 93-cü bənd).
44. Məhkəmə təkrar edir ki, pis rəftara dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-VII)). Bununla bağlı Məhkəmə ərizəçinin bədənində xəsarətlərin olduğunu təsdiq edən məhkəmə-tibb ekspertizasının rəyi, xəstəliyin tarixçəsi və digər tibbi xarakterli sənədlər kimi tibbi sübutlara xüsusi önəm verir (digər qərarlarla yanaşı bax: “Məmmədov Azərbaycana qarşı” (Mammadov v. Azerbaijan, no. 34445/04, § 61, 11 January 2007); “Tahirova Azərbaycana qarşı” (Tahirova v. Azerbaijan, no. 47137/07, § 40, 3 October 2013) və “Layicov Azərbaycana qarşı” (Layijov v. Azerbaijan, no. 22062/07, § 44, 10 April 2014)). Bundan əlavə, şahid ifadəsi, video yazı, səs yazısı və ya foto kimi geniş çeşidli digər sübutlar da pis rəftarla bağlı iddianın təsdiq edilməsi üçün təqdim edilə bilər (digər qərarlarla yanaşı bax: “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 108, 2 April 2009); “Rizvanov Azərbaycana qarşı” və “Nəcəfli Azərbaycana qarşı” (Najafli v. Azerbaijan, no. 2594/07, § 37, 2 October 2012)).
45. Həbs yerində dövlət orqanlarının nəzarəti altında olan şəxslərin işlərində olduğu kimi baxılan məsələlər barəsində məlumatın tam və ya böyük qisimdə dövlət orqanlarında olduğu işlərdə belə saxlama yerində baş vermiş xəsarətlə bağlı faktlara dair güclü ehtimallar ortaya çıxır. Əlbəttə, burada hesab etmək olar ki, sübutetmə vəzifəsi dövlət orqanlarının üzərinə qənaətbəxş və inandırıcı izahatın verilməsi vəzifəsini qoyur (bax: “Ribitş Avstriyaya qarşı” (Ribitsch v. Austria, 4 December 1995, § 34, Series A no. 336) və “Salman Türkiyəyə qarşı” (Salman v. Turkey [GC], no. 21986/93, § 100, ECHR 2000‑VII)). Xüsusilə, polis təcridxanasına gətirilən zaman şəxsin səhhəti yaxşı idisə, lakin azad olunan zaman onun üzərində xəsarətlər müəyyən edilərsə, bu xəsarətlərin necə yarandığına dair əsaslı izahın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və o, bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsi ilə bağlı açıq məsələ ortaya çıxır (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241‑A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87-ci bənd).
46. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi polis təcridxanasında pis rəftara məruz qalması ilə bağlı ətraflı məlumat vermişdir. Ərizəçinin təsvirinə görə pis rəftar falakaya (ayaq dabanlarına zərbələr vurulması) və elektrik cərəyanı ilə vurulmaqla hədələnməyə məruz qalmaqdan ibarət olmuşdur (yuxarıda 12-ci bəndə bax). Ərizəçi və onun vəkili eyni məsələləri ölkənin prokurorluq orqanları və məhkəmələri qarşısında qaldırmışlar.
47. Lakin ərizəçi pis rəftara məruz qalması ilə bağlı iddiasını sübut etmək üçün hər hansı tibbi dəlil təqdim etməmişdir. O, eyni zamanda Məhkəməyə üzərində izi görünən hər hansı xəsarətin olduğunu təsdiq edən başqa sübut da göstərməmişdir (müqayisə üçün bax: yuxarıda qeyd edilmiş “Rizvanov” işi, 48-ci bənd və yuxarıda qeyd edilmiş “Nəcəfli” işi, 37-ci bənd). Bundan əlavə, 1 nömrəli istintaq Təcridxanasının rəisinin 2008-ci il 16 iyul tarixli məktubunda göstərilmişdir ki, ərizəçi 2008-ci il 21 iyunda təcridxanaya daxil olan zaman bədənində heç bir xəsarət izi olmamışdır. Faktiki olaraq iş materiallarında ərizəçinin iddialarını təsdiq edə biləcək hər hansı sənəd və ya digər material yoxdur.
48. Belə halda Məhkəmə tərəflərin izahatlarını və işdə olan bütün materialları nəzərə alaraq hesab edir ki, mövcud sübutlar ərizəçinin iddia etdiyi kimi 3-cü maddənin tələblərinə zidd olan rəftara məruz qaldığını əsaslı şübhələr olmadan müəyyən etməyə imkan vermir (bax: “Cənnətov Azərbaycana qarşı” (Jannatov v. Azerbaijan, no. 32132/07, §§ 59-60, 31 July 2014)).
49. Bununla belə Məhkəmə vurğulayır ki, onun mahiyyəti üzrə Konvensiyanın 3-cü maddəsi ilə qadağan edilmiş rəftarın baş verib-vermədiyi ilə bağlı hər hansı nəticəyə gələ bilməməsi əsas etibarı ilə yerli dövlət orqanlarının müvafiq vaxtda səmərəli istintaq aparmamasından irəli gəlir (“Lopata Rusiyaya qarşı” (Lopata v. Russia, no. 72250/01, § 125, 13 July 2010) və “Qaribaşvili Gürcüstana qarşı” (Gharibashvili v. Georgia, no. 11830/03, § 57, 29 July 2008)).
50. Beləliklə, Məhkəmə ərizəçinin polis təcridxanasında pis rəftara məruz qalması ilə bağlı Konvensiyanın 3-cü maddəsinin maddi-hüquqi aspektinin pozulduğunu qət edə bilməz.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
15. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
16. Ərizəçi vurulmuş mənəvi ziyana görə 100 000 avro kompensasiya ödənilməsini tələb etmişdir.
53. Hökumət tələb olunan məbləğin həddindən çox və əsassız olduğunu bildirmişdir.
54. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalmışdır və yalnız pozuntu faktının müəyyən edilməsi ilə bu ziyana görə kompensasiyanın təmin edilməsi mümkün deyil. Buna görə də kompensasiya ödənilməlidir. Lakin tələb olunan məbləğ həddindən çoxdur. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli şəkildə qiymətləndirmə apararaq ərizəçiyə mənəvi ziyana görə ödənilməli olan vergilər də daxil olmaqla 10 000 avro məbləğində kompensasiya ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
17. Ərizəçi həmçinin ölkə məhkəmələri və Avropa Məhkəməsində işə baxılması ilə bağlı çəkdiyi xərc və məsrəflərə görə 3000 avro məbləğində kompensasiyanın verilməsini tələb etmişdir. Tələb konkretləşdirilməmiş və ya hər hansı sənədlə təsdiq edilməmişdir.
56. Hökumət ərizəçinin tələbini əsaslandırmadığını bildirmişdir.
57. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Məhkəmə qeyd edir ki, ərizəçi işinə Avropa Məhkəməsində baxılması zamanı vəkillə təmsil olunmuşdur və vəkilin Məhkəmə tərəfindən xahiş olunduğu kimi müvafiq sənədlər və qeydlər təqdim etdiyi mübahisə doğurmur. Belə olan halda Məhkəmə xərc və məsrəflərə görə ərizəçiyə 2000 avro məbləğində kompensasiya verilməsini münasib hesab edir (bax: “Rzaxanov Azərbaycana qarşı” (Rzakhanov v. Azerbaijan, no. 4242/07, § 92, 4 July 2013)).
C. Faizlərin ödənilməsi
18. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəni mümkün elan edir;
2. Konvensiyanın 3-cü maddəsinin prosessual-hüquqi aspektinin pozulduğunu qət edir;
3. Konvensiyanın 3-cü maddəsinin maddi-hüquqi aspektinin pozulmadığını qət edir;
4. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində tutulacaq faiz də daxil olmaqla aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
(i) tutulacaq vergi də nəzərə alınmaqla mənəvi ziyana görə 10 000 (on min) avro;
(ii) tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə 2000 (iki min) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir.
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 15 yanvar 2015-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy