© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Gebremedhin [Gaberamadhien] Fransaya qarşı (Gebremedhin [Gaberamadhien] v. France), ərizə № 25389/05
26.04.2007-ci il tarixli qərar [II Bölmə]
13-cü maddə
Səmərəli hüquqi müdafiə vasitələri
Aeroportun gözləmə zonasında saxlanılan sığınacaq axtaran şəxsin Fransa ərazisinə daxil olmasına icazə verməkdən imtinanın və onun ölkədən çıxarılması tələbinin yer aldığı qərarın qüvvəsinin avtomatik dayandırılmasına səbəb olan hüquqi müdafiə vasitəsinin olmaması: pozuntu baş verib
5-ci maddə
5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndi
Ölkəyə qanunsuz girişin qarşısının alınması
Məhkəmə Reqlamentinin 39-cu qaydasına uyğun olaraq Avropa Məhkəməsinin ilkin tədbir təyin etməsindən sonra öz ölkəsinə göndərilməsi mümkün olmayan sığınacaq axtaran şəxsin aeroportun gözləmə zonasında uzun müddət saxlanılması: pozuntu baş verməyib
Faktlar – Ərizəçi Eritreya vətəndaşıdır. 1998-ci ildə ərizəçi və ailəsi Efiopiyadan Eritreyaya köçürüldülər, orada o, müstəqil qəzetin müxbiri və fotoqrafı vəzifəsində işlədi. 2000-ci ildə ərizəçi və qəzetin baş redaktoru açıq-aydın peşə fəaliyyətləri ilə əlaqədar olaraq həbsə alındılar. Onların hər ikisi bir neçə ay həbsə saxlanıldı. 2001-ci ilin sentyabrında ərizəçi ölkədən qaçdı. Bundan sonra həbs olundu, yoldaşı ilə əlaqədar dindirildi və işgəncələrə məruz qaldı. Altı ay həbsdə saxlanıldıqdan sonra o, vərəm səbəbindən yerləşdirildiyi həbsxana xəstəxanasından qaçmağa nail oldu. O, Sudana qaçdı və orada həyatı üçün təhlükə olduğunu düşünərək Cənubi Afrikaya yollandı. Ərizəçi Fransaya giriş üçün zəruri sənədləri olmadığına görə başqa şəxsin adına olan Sudan pasportundan istifadə edərək Şarl de Qoll adına Paris aeroportuna gəldi. 1 iyul 2005-ci ildə o, siyasi sığınacaq almaq məqsədi ilə Fransaya ərazisinə giriş üçün icazə istədi. O, aeroportun gözləmə zonasında yerləşdirildi. 5 iyul 2005-ci ildə onunla müsahibədən sonra Fransanın Qaçqınlar və vətəndaşlığı olmayan şəxslərlə iş üzrə agentliyi (OFPRA) belə bir rəy ifadə etdi ki, ərizəçinin Fransaya daxil olmasına icazə verilməməlidir, çünki onun sözlərindəki uyğunsuzluqlar keçmişi barədə düzgün məlumat vermədiyini güman etməyə əsas verir. Ertəsi gün Daxili İşlər Nazirliyi ərizəçinin siyasi sığınacaq almaq məqsədi ilə Fransa ərazisinə daxil olmasına icazə verməkdən imtina etdi və onun Eritreyaya və ya qanuni yolla qəbul edilə biləcəyi hər hansı digər ölkəyə göndərilməsi barədə qərar çıxardı. Ərizəçinin ölkəyə daxil olmasına icazə verilsəydi, sərhəd xidməti ərizəçiyə onun ölkəyə girişinə və səkkiz gün ərzində ölkədə qalmasına imkan verən şəhadətnamə verəcəkdi, bu müddətdə o, qanunvericilikdə nəzərdə tutulmuş adi prosedura uyğun olaraq, sığınacaq almaq üçün səlahiyyətli orqana müraciət edə bilərdi. Belə icazəni ala bilməyən şəxslər isə dərhal ölkədən çıxarılırdılar.
Ərizəçi imtina qərarından inzibati məhkəməyə təcili qaydada şikayət ərizəsi verərək sığınacaq almaq məqsədi ilə vəsatət verə bilməsi üçün ölkəyə girişinə icazə verilməsini xahiş etdi. O, şikayət ərizəsində bir daha bildirdi ki, təqiblərə məruz qalıb və həyatına qarşı təhlükə var. Təcili qaydada verilən şikayət ərizələrinə baxan hakim ertəsi gün – 8 iyul 2005-ci ildə onun şikayətini rədd etdi.
Ərizəçi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi verdi və Avropa Məhkəməsi 15 iyul 2005-ci ildə Məhkəmə Reqlamentinin 39-cu qaydasına (ilkin tədbirlər) uyğun olaraq Fransa Hökumətinə bildirdi ki, bu şikayətə baxıldığı müddətdə ərizəçini Eritreyaya göndərmək məqsədəuyğun deyil. Bu zaman ərizəçi hələ də Ruassi (Şarl de Qoll) aeroportunda saxlanılırdı. 20 iyul 2005-ci ildə Fransanın dövlət orqanları Avropa Məhkəməsinin bu göstərişini nəzərə alaraq, ərizəçinin Fransa ərazisinə daxil olmasına və sığınacaq almaq üçün müvəqqəti yaşayış icazəsinin verilməsi məqsədi ilə prefekturaya müraciət etməsindən ötrü səkkiz gün ölkədə qalmasına icazə verdilər. Ərizəçi zəruri hərəkətləri etdi və ona Fransa ərazisində bir aylıq yaşayış icazəsi verildi, bu müddətdə o, sığınacaq almaq üçün OFPRA-ya müraciət edə bilərdi. 2005-ci ilin noyabrında OFPRA ərizəçiyə qaçqın statusu verdi.
Hüquqi məsələlər – 3-cü maddə ilə birgə götürülməklə 13-cü maddəyə riayət edilib-edilməməsi məsələsi: Fransa qanunvericiliyinə əsasən, ölkəyə giriş üçün icazə verməkdən imtina qərarı siyasi sığınacaq almaq üçün müraciət edilməsinin qarşısını alır və üstəlik, belə qərar dərhal qüvvəyə minir ki, bunun da nəticəsində müvafiq şəxs hansı ölkədən gəlibsə, həmin ölkəyə qaytarıla bilər. Bu işdə Məhkəmə Reqlamentinin 39-cu qaydasının tətbiqi nəticəsində ərizəçinin ölkəyə girişinə icazə verilmiş və o, sığınacaq almaq üçün OFPRA-ya müraciət etmək imkanı əldə etmişdi, bu orqan isə ona qaçqın statusu vermişdi. Həmin andan başlayaraq Qaçqınların statusu haqqında 28 iyul 1951-ci il tarixli Cenevrə Konvensiyası onun ölkədən çıxarılmasının qarşısını alırdı. Beləliklə, ərizəçi daha 3-cü maddənin iddia edilən pozuntusunun qurbanı deyil.
Məhkəmə hesab etdi ki, ərizəçinin Eritreyada qəddar rəftara məruz qalması təhlükəsi ilə bağlı iddiaları kifayət qədər inandırıcıdır ki, bu da onun 3-cü maddə üzrə şikayətinin "əsaslı" olduğunu güman etməyə əsas verir. Beləliklə, ərizəçi 13-cü maddə ilə birgə götürülməklə 3-cü maddəyə istinad edə bilər. 13-cü maddənin tələbinə əsasən, 3-cü maddə ilə qadağan olunan qəddar rəftara məruz qalacaqlarını güman etmək üçün əsaslı səbəblər olan ölkəyə qaytarılacaqları barədə qərar qəbul edilmiş əcnəbilər bu qərardan şikayət etmələrinə imkan yaradan hüquqi müdafiə vasitəsi ilə təmin edilməlidirlər və bu şikayət həmin qərarın icrasını dayandıran qüvvəyə malik olmalıdır. Bu cür təhlükəyə məruz qalacaqlarını iddia edən və artıq Fransa ərazisinə daxil olmalarına icazə verilmiş sığınacaq axtaran şəxslər üçün qanunvericilikdə yuxarıdakı tələblərə cavab verən prosedur nəzərdə tutulub. Lakin bu prosedur, məsələn, sərhəddə saxlanılan və öz ölkələrində qəddar rəftar təhlükəsi ilə üzləşəcəklərini iddia edən şəxslərə şamil olunmur. Siyasi sığınacaq almaq məqsədi ilə OFPRA-ya müraciət etmək üçün əcnəbilər Fransa ərazisində olmalıdırlar. Əgər onlar sərhəddə saxlanılıblarsa, ölkəyə daxil olmalarına icazə verilməyənə qədər bu cür vəsatətlə müraciət edə bilməzlər. Onların zəruri sənədləri yoxdursa, sığınacaq almaq məqsədi ilə ölkəyə daxil olmalarına icazə verilməsi üçün müraciət etməlidirlər. Bu halda dövlət orqanları sığınacaq almaq üçün verilən vəsatətin "açıq-aydın əsassız" olub-olmadığını yoxladıqları müddətdə həmin şəxslər "gözləmə zonasında" saxlanılırlar. Vəsatət "açıq-aydın əsassız" hesab edildikdə onlar müvafiq şəxsin ölkəyə girişinə icazə verməkdən imtina edirlər. Bundan sonra o, sığınacaq almaq üçün OFPRA-ya müraciət etmək hüququ olmadan avtomatik olaraq ölkədən çıxarılır. Ölkəyə girişinə icazə verməkdən imtina edilməsi barədə nazirliyin qərarından həmin şəxsin inzibati məhkəmələrə şikayət etməsi bu qərarın icrasını dayandırmır. Bundan başqa, bu cür şikayətə baxılması üçün müddətlər müəyyən edilməyib. Prinsipcə həmin şəxs təcili qaydada verilən şikayət ərizələrinə baxan hakimə şikayət ərizəsi verə bilər, bu işdə ərizəçi məhz belə də edib, amma cəhdi uğursuz olub. Lakin bu hüquqi müdafiə vasitəsi də ölkədən çıxarılma barədə qərarın qüvvəsini dayandırmır, odur ki, bu halda hakim qərar qəbul edənə ərizəçi ölkədən çıxarıla bilərdi. 3-cü maddənin tələblərinin mühümlüyü və işgəncə və qəddar rəftar təhlükəsi gerçəkləşəcəyi təqdirdə onun yetirdiyi ziyanın nəticələrini sonradan düzəltməyin mümkün olmaması nəzərə alınaraq, 13-cü maddədə nəzərdə tutulur ki, iştirakçı dövlət əcnəbini onun bu cür təhlükəyə məruz qalacağını güman etmək üçün real əsas olan ölkəyə göndərmək barədə qərar qəbul etdikdə həmin şəxsi bu cür qərarın qüvvəsini dayandıra bilən hüquqi müdafiə vasitələri ilə təmin etməyə borcludur (bu halda həmin vasitələrin "praktiki cəhətdən" səmərəli olması kifayət deyil). Ərizəçi "gözləmə zonasında" olduğu müddətdə bu hüquqi müdafiə vasitəsindən istifadə etmək imkanına malik deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndi: 1 iyul 2005-ci ildə aeroportun "gözləmə zonasına" yerləşdirildikdən sonra və iyulun 20-də Fransaya daxil olmasına icazə verilənə qədər ərizəçi "azadlıqdan məhrum edilmişdi". Avropa Məhkəmə iyulun 15-də Məhkəmə Reqlamentinin 39-cu qaydasına uyğun olaraq Fransa Hökumətinə belə bir müraciət göndərməyi qərara aldı ki, tərəflərin maraqları naminə və Məhkəmədəki araşdırmanın müvafiq qaydada aparılması üçün ərizəçinin 30 avqust 2005-ci il tarixinədək Eritreyaya göndərilməməsi məqsədəuyğundur. Müvafiq olaraq, 15 iyul 2005-ci ildən sonra iştirakçı dövlət ərizəçini Eritreyaya göndərəcəyi təqdirdə Konvensiya öhdəliklərini pozmuş olacaqdı. Lakin iştirakçı dövlətin ərizəçini digər ölkəyə göndərməsinə heç nə mane olmurdu, bu şərtlə ki, həmin ölkə onu Avropa Məhkəməsi tərəfindən göstərilən ölkəyə göndərməməyi öhdəsinə götürməli idi. Beləliklə, Reqlamentin 39-cu qaydasının tətbiqindən sonra ərizəçinin ölkədən çıxarılması məqsədi ilə həbsə alınması 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndində nəzərdə tutulan mənada "barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni həbsə alınması" idi. Bundan əlavə, Reqlamentin 39-cu qaydasının tətbiqindən sonra dövlət orqanları şəxsin deportasiya məqsədi ilə azadlıqdan məhrum edilməsinə son qoymalı idilər, bu isə onun ölkəyə girişinə icazə verilməsini tələb edirdi və onun ölkəyə girişinin qanuniliyi məsələsinin dövlət orqanları tərəfindən yoxlanılması üçün tələb olunan müddət ərzində onun həbsdə saxlanılması zəruri ola bilərdi. Bu cür həbsi 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndində nəzərdə tutulan mənada "şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə qanuni həbsə alınması" adlandırmaq olardı.
Hökumət iddia etdi ki, ərizəçinin işində məhz bu hal mövcud idi və Məhkəmə də hesab etdi ki, iyulun 15-dən 20-dək ərizəçinin qanunsuz olaraq azadlıqdan məhrum edildiyini güman etmək üçün heç bir əsas yoxdur. Beləliklə, Məhkəmə Hökumətin bu arqumenti ilə razılaşdı ki, iyulun 15-dən sonra ərizəçinin "gözləmə zonasında" həbsdə saxlanılması 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndində nəzərdə tutulan mənada "şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə qanuni həbsə alınmasına" bərabər idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü ərizəçilərin məruz qaldığı mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy