© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
GÜRCÜSTAN RUSİYAYA QARŞI məhkəmə işi (I)
(Ərizə № 13255/07)
QƏRAR
(İşin mahiyyəti üzrə)
Strasburq
3 iyul 2014-cü il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Mündəricat
Mündəricat
PROSEDUR
I. GİRİŞ
II. PALATADA ƏRİZƏNİN QƏBULEDİLƏNLİYİ PROSEDURU
III. BÖYÜK PALATADA ƏRİZƏNİN MAHİYYƏTİ ÜZRƏ PROSEDUR
FAKTLAR
I. İŞİN HALLARI
A. Qısa icmal
B. Gürcüstan vətəndaşlarını hədəfə alan çıxarma siyasətinin mövcudluğu barədə iddia
C. Etiraz edilən hadisələrin şahid ifadələrində təsviri
D. Etiraz edilən hadisələr müxtəlif beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının təqdimatında
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. İmmiqrasiya qanunları və Gürcüstan vətəndaşlarının konkret vəziyyəti
B. Müxtəlif beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının mövqeyi
C. İnzibati qaydada ölkədən çıxarılma proseduru
III. TƏRƏFLƏRİN VƏSATƏTLƏRİ
A. Ərizəçi Hökumət
B. Cavabdeh Hökumət
HÜQUQİ MƏSƏLƏLƏR
I. FAKTLARIN VƏ SÜBUTLARI QİYMƏTLƏNDİRMƏ PRİNSİPLƏRİNİN MÜƏYYƏLƏNLƏŞDİRİLMƏSİ
A. Faktların müəyyənləşdirilməsi
B. Sübutların qiymətləndirilməsi prinsipləri
II. KONVENSİYANIN 38-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
B. Məhkəmənin qiymətləndirməsi
III. İDDİA EDİLƏN İNZİBATİ PRAKTİKANIN MÖVCUDLUĞU, DAXİLİ HÜQUQİ MÜDAFİƏ VASİTƏLƏRİNİN TÜKƏNDİRİLMƏSİ VƏ ALTI AYLIQ MÜDDƏT BARƏDƏ QAYDA
A. İnzibati praktika və daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
B. Altı aylıq müddət haqqında qayda
IV. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
B. Məhkəmənin qiymətləndirməsi
V. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 4-CÜ BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
B Məhkəmənin qiymətləndirməsi
VI. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
B. Məhkəmənin qiymətləndirməsi
VII. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİ, KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 4-CÜ BƏNDLƏRİ VƏ 3-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
B. Məhkəmənin qiymətləndirməsi
VIII. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİ, KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 4-CÜ BƏNDLƏRİ VƏ 3-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
B. Məhkəmənin qiymətləndirməsi
IX. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİ, KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 4-CÜ BƏNDLƏRİ VƏ 3-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 18-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
X. 7 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
B. Məhkəmənin qiymətləndirməsi
XI. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN 1-Cİ VƏ 2-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
B. Məhkəmənin qiymətləndirməsi
XII. KONVENSİYANIN 41-Cİ MADDƏSİ
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ [qərara alır]
Gürcüstan Rusiyaya qarşı məhkəmə işində (I),
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Josep Kasadeval (Josep Casadevall), sədr,
Nicolas Bratsa (Nicolas Bratza,)
Mark Villiger (Mark Villiger),
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Korneliu Birsan (Corneliu Bîrsan),
Per Lorensen (Peer Lorenzen),
Elizabet Ştayner (Elisabeth Steiner),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Pyaivi Hirvela (Päivi Hirvelä),
Luis Lopes Gerra (Luis López Guerra),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Nona Tsotsoriya (Nona Tsotsoria),
Enn Pauer-Forde (Ann Power-Forde)
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Vinsent A. De Qaetano (Vincent A. De Gaetano),
Andre Pototski (André Potocki),
Dmitri Dedov (Dmitry Dedov),
habelə Katib müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
13 və 14 iyun 2012-ci ildə və 26 mart 2014-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
I. GİRİŞ
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 33-cü maddəsinə əsasən Gürcüstan (“ərizəçi Hökumət”) tərəfindən 26 mart 2007-ci ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (№ 13255/07) əsasında başlanıb. Gürcüstan Hökumətini (“ərizəçi Hökuməti”) Məhkəmədə onun nümayəndəsi cənab Levan Mesxoradze (Levan Meskhoradze) təmsil edib. Öncə ərizəçi Hökuməti bir-birinin ardınca onun keçmiş nümayəndələri cənab Besarion Boxaşvili (Besarion Bokhashvili) və cənab David Tomadze (David Tomadze) təmsil ediblər.
2. Rusiya Hökumətini (“cavabdeh Hökuməti”) onun nümayəndəsi cənab Georgi Matyuşkin (Georgy Matyushkin) təmsil edib. Öncə cavabdeh Hökuməti onun keçmiş nümayəndəsi xanım Veronika Milinçuk (Veronika Milinchuk) təmsil edib.
3. Ərizəçi Hökumət iddia etdi ki, cavabdeh Hökumət 2006-cı ilin payızında Gürcüstan vətəndaşlarının tutulmasından, həbsə alınmasından və kollektiv şəkildə Rusiya Federasiyasından çıxarılmasından ibarət inzibati praktikanın mövcudluğuna icazə verib və ya bunun səbəbkarı olub ki, nəticədə Konvensiyanın 3, 5, 8, 13, 14 və 18-ci maddələri, 1 saylı Protokolun 1-ci və 2-ci maddələri, 4 saylı Protokolun 4-cü maddəsi və 7 saylı Protokolun 1-ci maddəsi pozulub.
II. PALATADA ƏRİZƏNİN QƏBULEDİLƏNLİYİ PROSEDURU
4. Ərizə Məhkəmənin Beşinci Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi).
5. 13 aprel 2007-ci ildə Bölmənin sədri ərizə barədə cavabdeh Hökumətə məlumat verməyi qərara aldı və onu şikayətlərin qəbuledilənliyi məsələsi ilə bağlı qeydlərini təqdim etməyə dəvət etdi. Bu məqsəd üçün təyin olunmuş müddət uzadıldıqdan sonra cavabdeh Hökumət 26 dekabr 2007-ci ildə qeydlərini Əlavələrlə birlikdə təqdim etdi.
6. 4 yanvar 2008-ci ildə ərizəçi Hökumət buna cavab olaraq öz qeydlərini təqdim etməyə dəvət edildi. Bu məqsəd üçün təyin olunmuş müddət uzadıldıqdan sonra o, 5 may 2008-ci ildə qeydlərini Əlavələrlə birlikdə təqdim etdi.
7. 23 sentyabr 2008-ci ildə cavabdeh Hökumət əlavə qeydlərini təqdim etdi.
8. 25 noyabr 2008-ci ildə Məhkəmə işin icraatının vəziyyətini nəzərdən keçirdi və tərəflərin şifahi qeydlərini almağı qərara aldı. O həmçinin qərara aldı ki, dinləmənin tarixinədək tərəfləri bir sıra suallara yazılı cavablar verməyə dəvət etsin.
9. 18 mart 2009-cu ildə tərəflər Məhkəmənin qoyduğu suallarla bağlı yazılı qeydlərini təqdim etdilər.
10. 16 aprel 2009-cu ildə keçirilmiş ərizənin qəbuledilənliyi məsələlərinə dair dinləmədən sonra (54-cü Qaydanın 3-cü bəndi) 30 iyun 2009-cu ildə həmin Bölmənin aşağıdakı hakimlərdən ibarət Palatası ərizəni qəbul olunan elan etdi: Per Lorensen (sədr), Rayt Maruste (Rait Maruste), Karel Yunqvirt (Karel Jungwiert), Anatoli Kovler, Mark Villiger və Nona Tsotsoriya, habelə Bölmə katibi Klaudiya Vesterdik (Claudia Westerdiek).
III. BÖYÜK PALATADA ƏRİZƏNİN MAHİYYƏTİ ÜZRƏ PROSEDUR
11. 15 dekabr 2009-cu ildə Palata Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etdi və tərəflərin heç biri bu imtinaya etiraz etmədi (Konvensiyanın 30-cu maddəsi və 72-ci Qayda).
12. 8 yanvar 2010-cu ildə Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirildi: hakimlər Jan-Pol Kosta (Jean-Paul Costa) (sədr), Xhristos Rozakis (Christos Rozakis), Nikolas Bratsa, Per Lorensen, Fransuaza Tulkens (Françoise Tulkens), Josep Kasadeval, Karel Yunqvirt, Rayt Maruste, Anatoli Kovler, Renata Yeger (Renate Jaeger), Mark Villiger, İzabella Berro-Lefevr, Luis Lopes Gerra, Miryana Lazarova Traykovska, Nona Tsotsoriya, Enn Pauer və Zdravka Kalayciyeva və Məhkəmə Katibinin müavini Maykl O’Boyl. 3 noyabr 2011-ci ildə Jan-Pol Kostanın Məhkəmə sədri qismində vəzifəsinin müddəti başa çatdı. Nikolas Bratsa onun ardınca bu vəzifəni tutdu və həmin tarixdən Böyük Palatada hazırkı işin icraatına sədrlik etməyə başladı (9-cu Qaydanın 2-ci bəndi). 31 oktyabr 2012-ci ildə Nikolas Bratsanın Məhkəmə sədri qismində vəzifəsinin müddəti başa çatdı. Həmin tarixdən Məhkəmə sədrinin müavini Josep Kasadeval Böyük Palatada hazırkı işin icraatına sədrlik etməyə başladı. Nikolas Bratsa vəzifəsinin müddəti bitdikdən sonra Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndinə və Məhkəmə Reqlamentinin 24-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq işin icraatında iştirakını davam etdirdi. Hazırkı qərarın qəbul edildiyi tarixdə – 26 mart 2014-cü ildə müəyyənləşdirilmiş Böyük Palatanın yeni tərkibi yuxarıda mətnin başlanğıcında verilir.
13. Gürcüstan vətəndaşlarının konkret olaraq hansı şəraitdə tutulması, həbsə alınması və ölkədən çıxarılması ilə bağlı müəyyən məsələləri aydınlaşdırmaq üçün Məhkəmə Konvensiyanın 28-ci maddəsinə, habelə Reqlamentin Əlavəsinin A1 Qaydasına uyğun olaraq əlavə ifadələrin şifahi şəkildə dinlənilməsini qərara aldı. O, bu məqsəd üçün Böyük Palatanın aşağıdakı beş hakimindən ibarət nümayəndə heyəti təyin etdi: Josep Kasadeval, Anatoli Kovler, Mark Villiger, İzabella Berro-Lefevr və Nona Tsotsoriya.
14. 28 iyun 2010-cu ildə Böyük Palatanın sədri tərəflərin hər birini hakimlərdən ibarət nümayəndə heyəti tərəfindən dinlənilməsini istədikləri şahidlərin (ən çoxu on nəfərin) siyahısını təqdim etməyə dəvət etdi. O həmçinin Məhkəmənin seçdiyi əlavə beş şahidi dəvət etdi. Ərizəçi Hökumət öz şahidlərinin siyahısını 11 avqust 2010-cu ildə, cavabdeh Hökumət isə 14 avqust 2010-cu ildə təqdim etdi.
15. 2011-ci il yanvarın 31-dən fevralın 4-dək Böyük Palatanın hakimlərindən ibarət nümayəndə heyəti tərəflərin nümayəndələrinin iştirakı ilə şahidləri Strasburqda İnsan Hüquqları Sarayında qapalı iclasda dinlədi.
16. Nümayəndə heyəti ümumilikdə iyirmi bir şahidi dinlədi, onlardan doqquzu ərizəçi Hökumət tərəfindən, onu cavabdeh Hökumət tərəfindən təklif olunmuş, ikisi isə Məhkəmə tərəfindən seçilmişdi.
17. Nümayəndə heyəti tərəfindən dinlənilən şahidlərin siyahısı və onların şifahi ifadələrinin qısa icmalı bu qərara əlavə olunur. Həmçinin şahidlərin nümayəndə heyətinə verdikləri ifadələrin stenoqramı Məhkəmə Katibi tərəfindən tərtib edilib və işin materiallarına əlavə olunub.
18. 28 iyun 2010-cu il və 8 mart 2011-ci il tarixli məktublarla Sədr cavabdeh Hökuməti Məhkəməyə əlavə sənədlər təqdim etməyə dəvət etdi. Cavabdeh Hökumət bu məktublara, müvafiq olaraq, 14 avqust 2010-cu ildə və 15 aprel 2011-ci ildə cavab verdi.
19. 18 iyul 2011-ci ildə Sədr tərəfləri işin mahiyyətinə və qabaqcadan onlara göndərilmiş şahidlərin şifahi ifadələrinin stenoqramına dair qeydlərini ən geci 30 noyabr 2011-ci ilədək təqdim etməyə (Reqlamentin 58-ci Qaydasının 1-ci bəndi və Reqlamentin Əlavəsinin A8 Qaydasının 3-cü bəndi) dəvət etdi. Tərəflərin qeydləri həmin tarixdə Məhkəməyə gəlib çatdı.
20. 13 iyun 2012-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında işin mahiyyəti üzrə açıq dinləmə keçirildi (58-ci Qaydanın 2-ci bəndi).
Məhkəmədə iştirak etdilər:
a) ərizəçi Hökumətin adından:
nümayəndələr:
xanım T. Burcaliani (T. Burjaliani), Ədliyyə nazirinin birinci müavini,
cənab L. Mesxoradze (L. Meskhoradze),
məsləhətçilər:
xanım K. Sxomelidze (K. tskhomelidze),
xanım M. Vaşakidze (M. Vashakidze),
xanım N. Abramişvili (N. Abramishvili);
b) cavabdeh Hökumətin adından:
cənab G. Matyuşkin (G. Matyushkin), Ədliyyə nazirinin müavini, nümayəndə,
xanım N. Zyabkina (N. Zyabkina), nümayəndənin birinci müavini,
məsləhətçilər:
xanım A. Zemskova (A. Zemskova),
xanım İ. Koriyeva (I. Korieva),
cənab Y. Petuxov (Y. Petukhov),
xanım Q. Xoxrina (G. Khokhrina),
xanım Y. Tsımbalova (Y. Tsimbalova),
cənab Ye. Şipitsın (E. Shipitsyn).
Məhkəmə cənab Burcaliani və cənab Matyuşkinin çıxışlarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
21. İşin hallarını aşağıdakı kimi qısaca ümumiləşdirmək olar.
A. Qısa icmal
22. Məhkəməyə təqdim edilmiş bütün dəlilləri nəzərə alsaq, belə məlum olur ki, 2006-cı ilin yayının sonunda Rusiya Federasiyası ilə Gürcüstan arasında siyasi gərginlik 27 sentyabr 2006-cı ildə dörd Rusiya rəsmisinin həbs edilməsi və Gürcüstanla hava, quru, su və dəmiryol nəqliyyatı, poçt və maliyyə əlaqələrinin 3 oktyabr 2006-cı ildə Rusiya Federasiyası tərəfindən dayandırılması ilə kulminasiya nöqtəsinə çatmışdı. Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasından xaric edilməsi barədə artıq 2006-cı ilin sentyabrının sonunda beynəlxalq mediada məlumat verilirdi və sonradan bu məlumatlara müxtəlif beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları tərəfindən istinad edilirdi (digər mənbələrlə yanaşı, bax: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin "Gürcüstanla Rusiya arasında cari gərginlik" adlı 22 yanvar 2007-ci il tarixli hesabatı (AS/Mon(2006)40 rev.); "İnsan Hüquqlarının Müşahidəsi" (Human Rights Watch – HRW) təşkilatının "Seçilənlər: gürcülərin Rusiyada həbsə alınması və ölkədən çıxarılması" adlı Oktyabr 2007-ci il tarixli hesabatı, cild 19, № 5(D); və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) "Rusiyada miqrantlar" adlı Oktyabr 2007-ci il tarixli hesabatı, № 472).
23. Müəyyən edildi ki, sözügedən dövrdə (2006-cı ilin sentyabrının sonundan 2007-ci ilin yanvarının sonunadək) Gürcüstan vətəndaşları tutulublar, həbsə alınıblar və sonra Rusiya Federasiyası ərazisindən xaric ediliblər.
24. Ərizəçi Hökumətin bildirdiyinə görə, bu repressiaylar Tbilisidə Rusiya rəsmilərinin həbsindən sonra olub və Gürcüstan vətəndaşları Rusiya Federasiyasında qanuni və ya qanunsuz qalmalarından asılı olmayaraq sadəcə gürcü olduqlarına görə ölkədən çıxarılıblar.
25. Cavabdeh Hökumətin bildirdiyinə görə, Tbilisidə dörd Rusiya rəsmisinin həbsi ilə bağlı hadisələrin ərizəçi Hökumətin öz ərizəsində göstərdiyi faktlara aidiyyəti yoxdur. Rusiyanın dövlət orqanları Gürcüstan vətəndaşlarına qarşı hər hansı repressiya tədbirləri tətbiq etməyiblər, sadəcə Konvensiyanın tələblərinə və Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə uyğun olaraq qanunsuz miqrasiyanın qarşısını almaq üçün qanunvericilik normalarının tətbiqini davam etdiriblər.
26. Tərəflər həmin dövrdə Rusiyadan çıxarılmış Gürcüstan vətəndaşlarının sayı ilə bağlı bir-birinə zidd olan statistik dəlillər təqdim etdilər.
27. Ərizəçi Hökumət konkret olaraq bildirdi ki, 2006-cı ilin sentyabrının sonundan 2007-ci ilin yanvarının sonunadək Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə 4.634 qərar çıxarılıb, onlardan 2.380 nəfəri həbsə alınıb və məcburi qaydada ölkədən çıxarılıb, qalan 2.254 nəfər isə ölkəni öz vəsaitləri hesabına tərk edib. O qeyd etdi ki, 2006-cı ilin oktyabrından 2007-ci ilin yanvarınadək Gürcüstan vətəndaşlarının Rusiyadan çıxarılması hallarının sayında kəskin artım olub və bu say 2006-cı ilin iyulundan sentyabrınadək ayda təxminən 80-100 nəfərdən 2006-cı ilin oktyabrından 2007-ci ilin yanvarınadək ayda təxminən 700-800 nəfərə qədər artıb. Həmin dövrdə Gürcüstanın Rusiya Federasiyasında konsulu olmuş cənab Pataridze şahid ifadəsində bildirdi ki, 2006-cı ilin sentyabrının sonundan Moskvadakı Gürcüstan konsulluğuna həbsə alınmış şəxslərin qohumlarının telefon zəngləri və yardım xahişləri axınla daxil olub və hər gün konsulluğa 200-dən 300-dək Gürcüstan vətəndaşı gəlib. O, həmçinin dedi ki, həmin dövrdə verilmiş səfər sənədlərinin sayında (onlar Gürcüstan vətəndaşlarını ölkədən çıxarmaq üçün zəruri idi) artım olub, həmin say orta hesabla gündə 10-15 sənəddən gündə 150 sənədə qədər artıb (bax: Əlavə, § 13).
28. Yalnız illik və yarımillik statistikaya malik olduğunu bildirən cavabdeh Hökumət söylədi ki, 2006-cı ildə Gürcüstan vətəndaşlarının inzibati qaydada ölkədən çıxarılması barədə 4.022 qərar çıxarılıb ki, bu da 2005-ci illə müqayisədə 39,7%-lik artım deməkdir. Lakin həmin il ərzində inzibati qaydada ölkədən çıxarılma barədə qərarlar ən çox Özbəkistan vətəndaşlarına qarşı çıxarılıb (6.089), onların ardınca Tacikistan vətəndaşları (4.960) və sonra Gürcüstan vətəndaşları (4.022) gəlir, yəni əslində onlar yalnız üçüncü yerdədirlər. 1 oktyabr 2006-cı ildən 1 aprel 2007-ci ilədək 2.862 Gürcüstan vətəndaşı barəsində ölkədən çıxarılma qərarları olub. O həmçinin bildirdi ki, 2006-cı ilin oktyabrı ərzində ümumilikdə 445 Gürcüstan vətəndaşını Moskvadan Tbilisiyə aparmaq üçün Rusiya Federasiyası tərəfindən çarter reysi ilə dörd təyyarə, 2006-cı il oktyabrın sonundan dekabrın əvvəlinədək isə ümumilikdə 220 Gürcüstan vətəndaşını Moskvadan Tbilisiyə aparmaq üçün Gürcüstan tərəfindən çarter reysi ilə iki təyyarə cəlb olunub. Həmin dövrdə Federal Miqrasiya Xidmətinin İmmiqrasiya Nəzarəti Departamentinin rəis müavini olan cənab Şevçenko 6 oktyabr 2006-cı ildə şahidlərin dinlənilməsi zamanı dedi ki, 6 oktyabr 2006-cı ildə Fövqəladə Hallar Nazirliyinin yük təyyarəsi (İL-76) ilə və 10, 11 və 17 oktyabr 2006-cı ildə Rusiya avialayneri (İL-62 M) ilə və 28 oktyabr və 6 dekabr 2006-cı ildə Gürcüstan avialaynerləri ilə uçuşlar həyata keçirilib (bax: Əlavə, § 23).
29. Beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarına gəlincə, onlar qismən ərizəçi Hökumətin təqdim etdikləri ilə eyni rəqəmləri təqdim etdilər (digər mənbələrlə yanaşı, bax: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin hesabatı, 56-cı bənd). Öz növbəsində "İnsan Hüquqlarının Müşahidəsi" (Human Rights Watch – HRW) təşkilatı da hesabatında Rusiya Federasiyasının Federal Miqrasiya Xidmətinin 1 noyabr 2006-cı il tarixli məlumatlandırıcı qeydlərinə istinad edib (HRW-nin hesabatı, s. 37). HRW-nin bildirdiyinə görə, həmin qeydlərdə göstərilib ki, 2006-cı il sentyabrın 29-dan noyabrın 1-dək Gürcüstan vətəndaşlarına qarşı inzibati qaydada ölkədən çıxarılma barədə 2.681 qərar çıxarılıb və 1.194 Gürcüstan vətəndaşı Rusiyadan çıxarılıb. Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) öz hesabatında 27 sentyabr 2006-cı il insidentindən sonra "minlərlə [Gürcüstan vətəndaşının] tutulması, yüzlərlə adamın həbsə alınması və ölkədən çıxarılaraq Gürcüstana göndərilməsi" hallarını qeyd edib (FIDH-n hesabatı, s. 23).
B. Gürcüstan vətəndaşlarını hədəfə alan çıxarma siyasətinin mövcudluğu barədə iddia
1. Təlimatlar və əmrlər
30. İddialarının təsdiqi olaraq, ərizəçi Hökumət Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi (QUVD) və Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş bir sıra sənədləri təqdim etdi. Həmin sənədlərdə aşağıdakı iki sənədə istinad edilirdi: Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2006-cı il tarixli 0215 saylı əmr; və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 29 sentyabr 2006-cı il tarixli 849 saylı əmr.
31. Həmin sənədlər aşağıdakılardır:
i. Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi tərəfindən verilmiş 2 və 3 oktyabr 2006-cı il tarixli üç təlimat:
a) Həmin dövrdə Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin rəisi vəzifəsini icra edən polis genral-mayoru cənab V.J. Pyotrovski tərəfindən baş idarənin bölmə rəislərinə göndərilmiş 2 oktyabr 2006-cı il tarixli birinci təlimat (№ 122721∕08) "QUVD-nin 30.09.2006-cı tarixli 0215 saylı əmrinin icrasının səmərəliliyinin artırılması" adlanır və orada deyilir ki:
"1. Rusiya ərazisində qanunsuz yaşayan Gürcüstan Respublikası vətəndaşlarını mümkün qədər müəyyənləşdirmək və onları deportasiya etmək üçün bütün bölmələrin əməkdaşları daxil olmaqla Federal Miqrasiya Xidmətinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə ərazi idarələri ilə əməkdaşlıq şəraitində 2.10.2006-cı ildən 4.10.2006-cı ilədək geniş miqyaslı təbirlər həyata keçirilməli";
"2. xarici vətəndaşların ölkədə qalmasını tənzimləyən normalar pozulduğu hallarda yalnız yuxarıda qeyd edilən kateqoriyaya aid şəxslərin deportasiyası barədə məhkəmələrin qərar çıxarması üçün "təşəbbüs göstərilməli" və bunun üçün onlar Daxili İşlər Baş İdarəsinin (QUVD) qəbul və saxlanma mərkəzində saxlanılmalıdır. Bu tədbirlərin tətbiqi Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi (UFMS) tərəfindən təsdiqlənir və qərarların qəbulu Sankt-Peterburq şəhər məhkəməsi və Leninqrad vilayət məhkəməsi ilə koordinasiya edilir" (sözügedən təlimat həmçinin AŞPA-nın hesabatına Əlavədə və HRW-nin hesabatında qeyd edilib, FIDH-in hesabatında da onun adı çəkilir, b. 26(b), son hissə).
b) 2 oktyabr 2006-cı il tarixli ikinci təlimat (№ 122721∕13) və 3 oktyabr 2006-cı il tarixli üçüncü təlimat (№ 122721∕17) birinciyə əlavədir. Həmin dövrdə Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin bölmə rəisi olan cənab S.N. Storojenko tərəfindən iqtisadi cinayətlərlə mübarizə üzrə rayon polis bölmələrinin rəislərinə və Sankt-Peterburq Nəqliyyat Departamentinin rəisinə göndərilmiş ikinci təlimatda da 0215 saylı əmrə istinad edilir. Həmin dövrdə Sankt-Peterburqun və Leninqrad vilayətinin polis rəisi olan cənab V.D. Kudryavtsev tərəfindən rayon polis bölmələrinin rəislərinə göndərilmiş üçüncü təlimatda müvafiq orqanlara göstəriş verilirdi ki, "inzibati hüquqpozmalara ... və ev ünvanında qeydiyyata alınmanı tənzimləyən normaların pozuntularına" görə həbs edilmiş Gürcüstan vətəndaşlarının sayı barədə gündəlik hesabat versinlər;
ii. Həmin dövrdə Sankt-Peterburqun və Leninqrad vilayətinin polis rəisi olan cənab Kudryavtsev tərəfindən verilən və 0215 saylı əmrin 3-cü bəndinin icrasını özündə əks etdirən 2 oktyabr 2006-cı il tarixli əmr (№ 122721∕11);
iii. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən verilən, Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasında yaşamasının qanuniliyinə nəzarəti gücləndirmək üçün görülməli olan aşağıdakı tədbirləri özündə əks etdirən 29 sentyabr 2006-cı il tarixli 849 saylı əmrin tətbiqi üçün Federal Miqrasiya Xidməti tərəfindən qəbul edilən 18 oktyabr 2006-cı il tarixli məlumatlandırıcı qeydlər: Gürcüstan vətəndaşlarını məşğulluğa cəlb edən işəgötürənlərin yoxlanılması, İnzibati hüquqpozmalar məcəlləsinin 18.8-18.11-ci maddələrində göstərilən cinayətləri törətmiş Gürcüstan vətəndaşlarının yoxlanılması, Gürcüstan vətəndaşlarına müəyyən sənədlərin verilməsinin dayandırılması (Rusiya vətəndaşlığının əldə edilməsinə aid sənədlər, qeydiyyat sənədləri, müvəqqəti və daimi yaşayış icazələri) və həmin sənədlərin qanuniliyinin yoxlanılması (məlumatlandırıcı qeydlər həmçinin HRW-nin hesabatına Əlavədə öz əksini tapıb).
32. Cavabdeh Hökumət bütün bu təlimatların, əmr və məlumatlandırıcı qeydlərin saxtalaşdırıldığını bildirdi və həmin sənədlərdə istinad edilən, ərizəçi Hökumət tərəfindən təqdim edilmiş 0215 və 849 saylı iki əmrin məzmununu şübhə altına aldı. Bununla belə, o, bu iki əmrin mövcud olduğunu təsdiq etdi, amma bildirdi ki, onlar Məhkəməyə təqdim edilə bilməz, çünki "dövlət sirri" kimi təsnifləşdiriliblər. Dinləmənin aparıldığı dövrdə Daxili İşlər Nazirliyinin Moskva hüquq departamentinin rəis müavini olan cənab Nikişkin şahidlərin dinlənilməsi zamanı təsdiq etdi ki, Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi tərəfindən verildiyi iddia edilən 2 oktyabr 2006-cı il tarixli təlimat (№ 122721∕08) (yuxarıda 31-ci bəndə bax) saxta sənəddir və 0215 və 849 saylı iki əmr (sonuncu əslində teleqram idi) "dövlət sirri" kimi təsnifləşdiriliblər və orada selektiv qaydada Gürcüstan vətəndaşları barəsində deyil, müxtəlif milli cinayətkar qruplar barəsində göstərişlər əks olunub. Onlar açıqlana bilməz, çünki bu, Rusiya qanunvericiliyinə əsasən qadağandır (bax: Əlavə, § 21).
33. Həmin dövrdə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili (Rusiya ombudsmanı) olan cənab V.P. Lukin 2006-cı il tarixli illik hesabatında 2 oktyabr 2006-cı il tarixli təlimatın (№ 122721∕08) tam mətnini açıqladı, orada cənab V.J. Pyotrovskinin imzası yox idi. Müvəkkil dedi ki, təlimatı ona Sankt-Peterburqun insan hüquqları üzrə fəalları göndirblər və o, yerli mətbuat tərəfindən çap olunub. O, aşağıdakı şərhi verdi: "Hər şeyi öz adı ilə adlandırsaq, bu bənzərsiz sənəd onun sübutudur ki, ... ən yüksək vəzifəli polis əməkdaşları müvəqqəti yaşama prosedurlarını pozan şəxslərin hər birinin işinin fərdi hallarına məhəl qoymadan yalnız onların Gürcüstan vətəndaşı olması əsasında onlar barəsində (onların kimliyi indiyədək məlum deyil) əsassız məhkəmə qərarlarının qəbuluna nail olmaq məqsədi ilə məhkəmə orqanları ilə razılığa gəliblər". O daha sonra dedi ki, Rusiya Federasiyasının Baş prokurorundan xahiş edib ki, sənədin həqiqi olub-olmadığı yoxlanılsın və əgər həqiqidirsə, "təqsirkarların ədalət mühakiməsinə cəlb olunması üçün lazımi tədbirlər görülsün və orada yer alan açıq-aydın qanunsuz təlimatlar ləğv edilsin" (Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkilinin 2006-cı il tarixli illik hesabatı, 7-ci bənd: "Millətlərarası münasibətlər və insan hüquqları").
34. 8 dekabr 2006-cı il tarixli cavab məktubunda həmin dövrdə Rusiya Federasiyasının Baş prokurorunun müavini olan cənab A.Ye. Buksman bildirdi ki, "müəyyən edilib ki, Sankt-Peterburqun və Leninqrad vilayətinin hüquq-mühafizə orqanları Sankt-Peterburqda və Leninqrad vilayətində qanunsuz yaşayan xarici vətəndaşları aşkara çıxarmaq məqsədi daşıyan mütəmadi tədbirlər görüblər. Bu təbirlər Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Rusiya qanununun və nazirliklərin normativ aktlarının, o cümlədən dövlət sirri təşkil edən aktların normalarına uyğun olaraq həyata keçirilib. Cari ildə 1.069 xarici vətəndaş Sankt-Peterburqdan öz ölkələrinə göndərilib; onlardan 131-i Gürcüstan vətəndaşları olub. Milis idarəsinin əməkdaşları tərəfindən törədilmiş hər hansı sui-istifadə halları aşkar edilməyib".
35. Öz hesabatında Müvəkkil Baş prokurorun müavininin cavabını belə təsvir etdi: "bu sənəddə ən yaxşı bürokratik ənənələr tətbiq edilərək Müvəkkilin qoyduğu sualların heç birinə cavab verilmədi. Bunun əvəzinə Baş prokurorun müavininin "cavabı" Sankt-Peterburqun hüquq-mühafizə orqanlarının uğurları barədə qısa məlumatı özündə ehtiva edirdi və nazirliklərin "məxfi" kimi təsnifləşdirilmiş normativ aktlarına istinadən təsdiq edilirdi ki, əməkdaşların öz səlahiyyətlərini aşdıqlarını göstərən heç bir sübut yoxdur. Bu o deməkdirmi ki, nəticə etibarı ilə Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin nəzdindəki idarələr öz rəislərinin qanunsuz göstərişlərini yerinə yetirməyiblər – bu məsələ aydın deyil".
2. Rusiya dövlət orqanlarının müxtəlif məktəblərə göndərdiyi sorğular və onlara cavablar
36. Ərizəçi Hökumət həmçinin iki məktub təqdim etdi. Moskvanın iki rayonunun – Taqanski (həmin dövrdə rəis cənab Q.S. Zaxarov idi) və Zapadnı (həmin dövrdə rəis cənab A.V. Komarov idi) rayonlarının daxili işlər idarəsinin gürcüstanlı şagirdləri müəyyənləşdirmək məqsədi ilə 2 və 3 oktyabr 2006-cı ildə məktəblərə göndərdiyi iki məktubunu təqdim etdi, onların göndərilməsində məqsəd, digər məsələlərlə yanaşı, "ictimai qaydanı və qanunun aliliyinə hörmət edilməsini təmin etmək, Moskvada yaşayan uşaqlarla milliyyətcə gürcü olan uşaqlar arasında terror aktlarının və gərginliyin qarşısını almaq" idi (Zaxarovun məktubu). 4 oktyabr 2006-cı il tarixli cavab məktubunda həmin dövrdə bu təhsil müəssisələrindən birinin direktoru olan şəxs (cənab Engels) bildirdi ki, jurnallarda şagirdlərin milliyyəti qeyd edilmir (cənab Zaxarovun və cənab Engelsin məktubları həmçinin AŞPA-nın və HRW-nin hesabatlarına Əlavədə də verilib). Bu informasiya sorğularının göndərilməsi Rusiya mediasında geniş şərh olundu.
37. Cavabdeh Hökumət məktubların mövcudluğunu şübhə altına almadı və hətta etiraf etdi ki, 2006-cı ilin oktyabrının əvvəllərində eyni tipli digər sorğular həmçinin Moskvanın Butırski rayon daxili işlər idarəsinin rəisi (həmin dövrdə rəis xanım N.V. Markova idi) tərəfindən müxtəlif məktəblərə göndərilib və səbəb ondan ibarət olub ki, o, qanunsuz mühacirlər tərəfindən məktəblərə rüşvət verilməsi hallarını aşkarlamaq istəyib; belə sorğular həm də Samara vilayətinin Tolyatti rayonunun yetkinlik yaşına çatmayanların işləri üzrə departamentinin rəisi (həmin dövrdə rəis xanım S.V. Volkova idi) tərəfindən göndərilib və səbəb ondan ibarət olub ki, o, uşaqların qeyri-sağlam şəraitdə yaşaması hallarını aşkarlamaq istəyib. Cavabdeh Hökumət bildirdi ki, sonrakı araşdırmalar nəticəsində bu qənaətə gəlinib ki, Daxili İşlər Nazirliyi tərəfindən bu cür rəsmi təlimatlar verilməyib. Lakin məmurların həddən artıq canfəşanlıq göstərdiyi ayrı-ayrı hallarda sonradan onlar qanunsuz hərəkətlərinə görə cəzalandırılıblar. Cavabdeh Hökumətin təqdim etdiyi sənədlər göstərir ki, sözügedən məmurlar, müvafiq olaraq, töhmət alıb, vəzifələri aşağı endirilib və intizam cəzası alıblar. Şahidlərin dinlənilməsi zamanı həmin dövrdə Samara vilayətinin daxili işlər baş şöbəsinin azyaşlıların işləri üzrə rayon polis əməkdaşlarının və polis rəislərinin fəaliyyətinin təşkili departamentinin müfəttişi olan xanım Kulagina və həmin dövrdə Moskvanın Şimal-şərq inzibati dairəsinin daxili işlər departamentinin rəis müavini olan cənab Şabas bu informasiyanı təsdiq etdilər və rəsmi araşdırmaların necə aparıldığını və digər şəxslərlə yanaşı xanım Volkovaya və xanım Markovaya cəzaların necə tətbiq edildiyini izah etdilər (bax: Əlavə, §§ 19 və 22).
38. Cavabdeh Hökumət həmçinin Rusiya Federasiyası Baş Prokurorunun müavininin bütün prokurorlara göndərdiyi 5 dekabr 2006-cı il tarixli məktubunu təqdim etdi, o qeyd edirdi ki, müxtəlif daxili işlər idarələri Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin vətəndaşlarına münasibətdə qanunsuz hərəkət ediblər. O, xüsusən milliyyətcə gürcü olan şagirdlərin müəyyənləşdirilməsi məqsədi ilə məktəblərə göndərilmiş əsassız sorğuları qeyd edir və məktubun sonunda bütün prokurorları MDB ölkələrinin vətəndaşlarının hüquq və azadlıqlarına hörmətin təmin edilməsi məqsədi ilə həmin bölmələrin fəaliyyəti üzərində nəzarəti gücləndirməyə dəvət edirdi.
3. Müxtəlif beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının mövqeyi
39. Öz növbəsində beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin 2 oktyabr 2006-cı il tarixli təlimatına (№ 122721∕08) və 30 sentyabr 2006-cı il tarixli 0215 saylı əmrinə açıq-aydın istinad etməklə inzibati və məhkəmə orqanları arasında koordinasiyalı hərəkələr edildiyini qeyd etdilər (AŞPA-nın hesabatı, 55 və 71-ci bəndlər; HRW-nin hesabatı, 37-ci bənd; və FIDH-in hesabatı, 26 və 27-vi bəndlər). Şahidlərin dinlənilməsi zamanı həmin dövrdə AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi olan cənab Örsi dedi ki, belə qısa müddətdə bu qədər çoxlu sayda Gürcüstan vətəndaşının ölkədən çıxarılması Rusiyanın dövlət orqanlarının kifayət qədər yüksək vəzifəli şəxslərinin xəbəri və təlimatları olmadan həyata keçirilə bilməzdi.
40. Bundan başqa, FIDH qeyd etdi ki, "Rusiyada olan insan hüquqlarının və qaçqınların müdafiəsi təşkilatları hesab edirlər ki, bütün Rusiya ərazisində elə aşkar tərzdə kampaniya aparılıb ki, bu, yalnız Daxili İşlər Nazirliyi rəhbərliyinin yazılı göstərişi əsasında baş verə bilərdi. Federal Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri gürcüləri hədəfə alan açıq-aydın repressiv göstərişlər verdiklərini inkar etsələr də, [Rusiyanın insan hüquqları üzrə qeyri-hökumət təşkilatı olan] "Memorial"ın "Miqrasiya və qanun" şəbəkəsinin bir çox üzvləri aparılan kampaniyadakı bütün elementlərin yer aldığı yazılı [təlimatları] regional idarələrdə və ya polis bölmələrində görmüşdülər. [Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi tərəfindən məxfi əmr verilməsi] və Moskvadakı məktəblərə məktublar göndərilməsi (yuxarıda 36-cı və 37-ci bəndlərə bax) ayrı-ayrı hallar hesab oluna bilməz" (FIDH-in hesabatı, 28-29-cu bəndlər; məktəblərə göndərilmiş informasiya sorğuları üçün həmçinin bu mənbəyə bax: AŞPA-nın hesabatı, Əlavə V; və HRW-nin hesabatı, 37-ci bənd).
C. Etiraz edilən hadisələrin şahid ifadələrində təsviri
1. Rusiya Federasiyasının immiqrasiya qaydalarına əsasən Gürcüstan vətəndaşlarının durumu
41. Sözügedən dövrdə ölkədən çıxarılmış Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasının immiqrasiya qaydalarına riayət etməməsi məsələsində tərəflər arasında fikir ayrılığı var. Bir çox beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları həmin qaydaların mürəkkəbliyini vurğulayıblar (aşağıda 76-cı bəndə bax).
42. Şahidlərin dinlənilməsi zamanı ifadə vermiş gürcü şahidlərə gəlincə, hətta Rusiya Federasiyasında onların hüquqi vəziyyəti çox vaxt dolaşıq olsa belə, Məhkəmə qeyd edir ki, onların çoxu (bəziləri illər ərzində) müxtəlif səbəblərə görə (məsələn, onların qanuni iş icazəsi yox idi, çoxları özləri də bilmədən Rusiya Federasiyasında kifayət qədər geniş şəkildə fəaliyyət göstərən müxtəlif özəl qurumların çox vaxt saxta yolla verdikləri viza və ya qeydiyyat arayışına malik idi) rəsmən Rusiya Federasiyasının qanunsuz sakinləri idilər. Onlar bildirdilər ki, onların sənədləri əvvəllər bəzi hallarda yoxlanılıb, bəzən yoxlama müəyyən pul məbləğinin ödənilməsi ilə nəticələnib, amma indi birinci dəfədir ki, onlar həbs edilib və Rusiya ərazisindən məcburi qaydada çıxarılıblar.
43. Həmin dövrdə Gürcüstanın Rusiya Federasiyasındakı konsulu olan cənab Pataridze dedi ki, rəsmi prosedurları praktikada həyata keçirmək çətindir və gürcülər də daxil olmaqla bir çox xarici vətəndaşlar özəl qurumlar tərəfindən aldadılırlar, onların çoxu qanunsuz fəaliyyət göstərir və hətta saxta qeydiyyat arayışları verirlər. O əlavə etdi ki, Rusiya Federasiyasında adətən bu özəl qurumlara müraciət edilir, onlar böyük şəhərlərdəki bütün ictimai yerlərdə elanlarını verirlər (bax: Əlavə, § 13).
44. Həmin dövrdə Federal Miqrasiya Xidmətinin Moskva İmmiqrasiya Nəzarəti Departamentinin rəis müavini olan cənab Azarov və həmin dövrdə eyni departamentin 2 saylı nəzarət-yoxlama tədbirləri şöbəsinin müfəttişi olan cənab Kondratyev qeyd etdilər ki, yalnız rəsmi orqanlar belə sənədləri vermək səlahiyyətinə malikdirlər və onlar müvafiq informasiyaları mütəmadi dərc edərək xarici vətəndaşların diqqətinə çatdırırlar. Onlar bu cür özəl qurumların mövcudluğunu təsdiq etdilər, amma vurğuladılar ki, onların fəaliyyəti çox vaxt qanunsuz olur və onlar cinayət məsuliyyətinə cəlb olunurlar, lakin konkret nümunə göstərmədilər (bax: Əlavə, §§ 15 və 17).
2. Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və ölkədən çıxarılması
45. Etiraz edilən hadisələri şahidlərin dinlənilməsindən sonra aşağıdakı kimi qısaca ümumiləşdirmək olar: Gürcüstan vətəndaşlarının kimliyinin yoxlanılması küçələrdə, bazarlarda və digər iş yerlərində və onların evlərində həyata keçirilib və bundan sonra onlar həbs edilib və polis bölmələrinə gətiriliblər. Polis bölmələrində bir müddət həbsdə qaldıqdan sonra (şahid ifadələrinə əsasən, bu müddət bir neçə saatdan bir-iki günə qədər dəyişirdi) onlar qrup halında bir yerə toplanıb avtobusla məhkəmələrə aparılıblar və məhkəmələr onlara sadələşdirilmiş icraat qaydasında inzibati cəzalar tətbiq ediblər və onların Rusiya ərazisindən inzibati qaydada çıxarılması haqqında göstərişin yer aldığı qərarlar qəbul ediblər. Daha sonra bəzi hallarda tibbi müayinədən və qan analizindən sonra onlar əcnəbilər üçün saxlanma mərkəzlərinə aparılıblar və orada müxtəlif müddətlərə (şahid ifadələrinə əsasən, bu müddətlər iki gündən on dörd günə qədər dəyişirdi) saxlanılıblar və sonradan avtobusla Moskvanın müxtəlif aeroportlarına aparılıblar və təyyarə ilə Gürcüstana göndəriliblər. Qeyd etmək lazımdır ki, barəsində ölkədən çıxarılma qərarları qəbul edilmiş Gürcüstan vətəndaşlarının bəziləri Rusiya Federasiyasının ərazisini öz vəsaitləri hesabına tərk ediblər.
a. Həbslərin baş vermə şəraiti
46. Gürcü şahidlər dedilər ki, şəxsiyyət sənədlərinin qaydasında olmaması bəhanəsi ilə Rusiyanın polis əməkdaşları tərəfindən həbs ediliblər. Çox vaxt şəxsi əşyalarını özləri ilə götürmək və ya qohumlarını məlumatlandırmaq imkanına malik olmayıblar. Nə üçün həbs edildiklərini soruşarkən onlara deyiblər ki, bunun səbəbi gürcü olmalarıdır və Gürcüstan vətəndaşlarını ölkədən çıxarmaq barədə yuxarıdan göstəriş var (1, 2 və 3 saylı şahid ifadələri – bax: Əlavə, §§ 5, 6 və 7).
47. Həmin dövrdə Federal Miqrasiya Xidmətinin Moskva İmmiqrasiya Nəzarəti Departamentinin rəis müavini olan cənab Azarov və həmin dövrdə eyni departamentin 2 saylı nəzarət-yoxlama tədbirləri şöbəsinin müfəttişi olan cənab Kondratyev dedilər ki, onların departamentləri alınmış informasiya əsasında Rusiya Federasiyasının immiqrasiya normalarını pozmaqda şübhəli bilinən xarici vətəndaşların və işəgötürənlərin kimliyini yoxlayıblar.
b. Məhkəmələrdəki prosedurlar
48. Gürcü şahidlərin hamısı bildirdilər ki, məhkəmələrdə olduqca sadələşdirilmiş prosedur həyata keçirilirdi. Çox vaxt onlar hətta məhkəməyə gətirildiklərini anlamamışdılar (4, 5 və 6 saylı şahid ifadələri – bax: Əlavə, §§ 8, 9 və 10). Onların bəziləri hakimlə müsahibənin olduğunu qeyd etsələr də, həmin müsahibə orta hesabla beş dəqiqə çəkmiş və işin faktlarının real surətdə araşdırılması baş verməmişdi (1 və 3 saylı şahid ifadələri – bax: Əlavə, §§ 5 və 7), digərləri isə dedilər ki, məhkəmə zalına buraxılmayıblar və digər Gürcüstan vətəndaşları (onların sayı 15-dən 150-yə qədər dəyişirdi) ilə birlikdə dəhlizlərdə, yaxud hətta onları məhkəməyə gətirmiş avtobuslarda gözləməli olublar (2 və 7 saylı şahid ifadələri – bax: Əlavə, §§ 6 və 11). Onlar dedilər ki, məhkəmə qərarlarının məzmununu oxumalarına və ya qərarın surətini əldə etmələrinə imkan vermədən onlara əmr ediblər ki, qərarları imzalasınlar. Onların nə tərcüməçiyə, nə də vəkilə müraciət etmək imkanı olmayıb (1, 2 və 4 saylı şahid ifadələri – bax: Əlavə, §§ 5, 6 və 8). Bir qayda olaraq, həm hakimlər, həm də polis əməkdaşları onları qərardan şikayət verməkdən çəkindirərək deyirdilər ki, Gürcüstan vətəndaşlarını ölkədən çıxarmaq barədə göstəriş var və istənilən halda, həbsdə qalmaq fikri onlarda o dərəcədə stress və Gürcüstana qayıtmaq hissi yaratmışdı ki, onlar "hər şeyə" imza atardılar. Onlar nə üçün ölkədən çıxarıldıqlarını soruşarkən onlara deyiblər ki, bunun səbəbi gürcü olmalarıdır və bu sualı öz prezidentləri cənab Saakaşviliyə verməlidirlər.
49. Həmin dövrdə Gürcüstanın Rusiya Federasiyasındakı konsulu olmuş cənab Pataridze dedi ki, Rusiya rəsmiləri şəxsi söhbətdə ona deyiblər ki, bu cür şikayətlər mənasızdır, çünki gürcüləri Rusiya Federasiyasından çıxarmaq qərarı siyasi qərardır (bax: Əlavə, § 13).
50. Həmin dövrdə Federal Miqrasiya Xidmətinin Moskva İmmiqrasiya Nəzarəti Departamentinin 2 saylı nəzarət-yoxlama tədbirləri şöbəsinin müfəttişi olan cənab Kondratyev məhkəmələrdəki prosedurları aşağıdakı kimi təsvir etdi: müttəhim hakimin yanına gətirilir və hakim onu hüquq və vəzifələri barədə məlumatlandıraraq ondan tərcüməçi və vəkilin iştirak etməsini istəyib-istəmədiyini soruşur və əgər istəyirsə, onun bu vəsatəti nəzərə alınır; sonra hakim müttəhimə onun konkret situasiyası barədə suallar verir, otağı tərk edir və sonra qərarla qayıdır. Əgər bu, ölkədən çıxarılma qərarıdırsa, müttəhim onun surətini alır və ölkədən çıxarılması məqsədi ilə əcnəbilərin saxlanma mərkəzinə aparılır. Onun qərardan şikayət vermək üçün on gün vaxtı olur və hətta həmin şikayəti Rusiya Federasiyasından xaric edilsə də verə bilər və bu müddət uzadıla bilər (bax: Əlavə, § 17).
51. Həmin dövrdə Moskva prokurorluğunun federal qanunvericiliyin icrasına nəzarət şöbəsinin rəisi olan cənab Manerkin izah etdi ki, müvafiq dövrdə onun şöbəsi xüsusən Federal Miqrasiya Xidməti tərəfindən bir sıra ölkələrdən olan xarici vətəndaşlar barəsində hesabatların tərtib edilməsi qaydası ilə bağlı prosessual pozuntular aşkar edib. 22 halda bu aşkarlamalar ölkədən çıxarılma barədə sözügedən qərarların ləğvi ilə nəticələnib. O əlavə etdi ki, Moskva vilayətinə görə cavabdeh olan baş prokuror bütün bu şöbələrdən tələb edib ki, bütün xarici vətəndaşların hüquqlarına lazımi qaydada riayət edilsin. O dedi ki, Gürcüstan vətəndaşlarının hüquqlarını məhdudlaşdıran heç bir təlimat olmayıb, çünki bu, qanuna ziddir və hətta Rusiya qanunvericiliyinə əsasən cinayətdir.
c. Həbsdə saxlanma şəraiti
52. Gürcü şahidlər saxlanma şəraitinin "dolu kameralı", "dözülməz" və "qeyri-insani" şərait olduğunu və gigiyenik şəraitin dəhşətli olduğunu söylədilər və dedilər ki, onlarla qalan məhbuslar əsasən Gürcüstan vətəndaşları idilər, amma bəzən fərqli vətəndaşlığı olan bir və ya iki başqa məhbus da olurdu.
53. Onlar dedilər ki, polis bölmələrində saxlanıldıqları zaman "meymun qəfəsləri" adlandırılan kameralar çox kiçik və adamla dolu idi, bəzən kişilər və qadınlar bir yerdə saxlanılırdılar və oturmağa imkan olmurdu (1 və 6 saylı şahid ifadələri – bax: Əlavə, §§ 5 və 10).
54. Onlar dedilər ki, əcnəbilər üçün saxlanma mərkəzlərindəki kameralar da adamla dolu idi və onların təsvir etdikləri kameraların ölçüləri belə idi: 100 məhbusa 40 kv. metrdən 50 kv. metrə qədər və içərisində 10 çarpayı olmaqla 23 məhbusa 22 kv. metrdən 25 kv. metrə qədər (3 saylı şahid ifadəsi), içərisində 6 çarpayı olmaqla 30 məhbusa 6 x 10 addım (4 saylı şahid ifadəsi) və içərisində 15 çarpayı olmaqla 40 məhbusa 25 kv. metr (7 saylı şahid ifadəsi). Digər şahidlər içərisində 7 və ya 8 məhbus olan kameraların çox kiçik olduğunu (1 və 6 saylı şahid ifadələri), yaxud kamerada 45 məhbusun və 6 çarpayının olduğunu qeyd etdilər (5 saylı şahid ifadəsi – bax: Əlavə, §§ 7, 8, 11, 5, 10 və 9). Çarpayılar sadəcə dəmir çubuqlardan və ya çox nazik döşəklərdən ibarət idi, ədyal yox idi; məhbuslar növbə ilə yatmağa məcbur idilər; tualet rolunu vedrə yerinə yetirirdi və tualet yeri kameranın qalan hissəsindən ayrılmamışdı; yararlı su və ya qida yox idi.
55. Həmin dövrdə Gürcüstanın Rusiya Federasiyasındakı konsulu olmuş cənab Pataridze dedi ki, o və əməkdaşları Sankt-Peterburq və Moskva da daxil olmaqla Rusiya Federasiyasının müxtəlif regionlarında on ikidən çox saxlanma mərkəzinə baş çəkiblər. O təsdiq etdi ki, bütün mərkəzlərdə saxlanılanlar əsasən Gürcüstan vətəndaşları idilər, kameralar adamla dolu idi, saxlanma yerlərində şərait çox çətin idi, gigiyenik durum dəhşətli idi, çarpayı və döşəklər olduqca az idi. Yalnız Moskvadakı 1 saylı saxlanma mərkəzində (jurnalistlərə göstərilmiş nümunəvi mərkəzdə) daha yaxşı saxlanma şəraiti var idi, hərçənd ki, o da adamla dolu idi (bax: Əlavə, § 13).
56. Həmin dövrdə Federal Miqrasiya Xidmətinin Moskva İmmiqrasiya Nəzarəti Departamentinin rəis müavini olan cənab Azarov dedi ki, Moskvadakı səkkiz saxlanma mərkəzinə görə cavabdeh olub və onların hamısına baş çəkib: bütün əcnəbilər üçün saxlanma şəraiti eyni idi, yəni təxminən 50 kv. metr ölçülü geniş kameralar, çarpayılar vardı, krandan su gəlirdi və gündə üç dəfə isti yemək verilirdi (bax: Əlavə, § 15). Digər rusiyalı şahidlər dedilər ki, saxlanma şəraiti ilə bağlı Gürcüstan konsulu və ya Gürcüstan vətəndaşları tərəfindən heç vaxt heç bir şikayət olmayıb.
d. Ölkədən çıxarılma şəraiti
57. Gürcü şahidlər bildirdilər ki, onlar və digər Gürcüstan vətəndaşları Rusiyanın xüsusi polis qüvvələrinin (OMON) əməkdaşlarının müşayiəti ilə avtobusda müxtəlif Moskva aeroportlarına aparılıblar və oradan təyyarə ilə Tbilisiyə göndəriliblər. Onlar dedilər ki, OMON əməkdaşları tərəfindən alçaldılıblar, məsələn, təbii ehtiyaclarını ödəmələrinə, yaxud siqaret çəkmələrinə, şəxsi əşyalarını götürmələrinə icazə verilməsi üçün avtobusda pul ödəməyə (3, 4, 5 və 7 saylı şahid ifadələri – bax: Əlavə, §§ 7, 8, 9 və 11), daha sonra isə OMON əməkdaşlarının formalaşdırdığı insan dəhlizinin arasında təyyarəyə doğru əlləri arxalarında piyada yollanmağa və hətta qaçmağa məcbur ediliblər. Ölkədən çıxarılmalı olan ilk Gürcüstan vətəndaşları yük təyyarəsində (6 oktyabr 2006-cı ildə), sonrakılar isə avialaynerlərdə (10, 11 və 17 oktyabr 2006-cı ildə) uçublar. Avialaynerdə daşınma şəraiti qəbuledilən olsa da, yük təyyarəsində olanlar üçün şərait bəsit idi: gürcü şahidlər dedilər ki, (on ikiyə yaxın) qadın və uşaqların oturduqları iki cərgə skamya vardı, kişilər isə yerdə oturmuşdular və ya ayaq üstündə dayanmalı olmuşdular, ləyənə bənzər bir şey tualet rolunu oynayırdı və cərgələrin arasında dolaşırdı. Təyyarələrdəki gürcü sərnişinlərin təxmini sayı 80-dən 150-yə qədər dəyişirdi.
58. Həmin dövrdə Federal Miqrasiya Xidmətinin Moskva İmmiqrasiya Nəzarəti Departamentinin 2 saylı nəzarət-yoxlama tədbirləri şöbəsinin müfəttişi olan cənab Kondratyev dedi ki, yük təyyarələri bir qədər az komfortlu avialaynerlərə bənzər idi; istənilən halda, onlar oturacaqlarla və ya skamyalarla və təhlükəsizlik kəmərləri ilə təchiz olunurdu; göyərtədə su və qida verilirdi, yerə bərkidilmiş tualetlər olurdu. O özü 6 oktyabr 2006-cı ildə uçmuş yük təyyarəsini müşayiət etmişdi və izah etdi ki, uçuş təxminən üç saat çəkib, göyərtədə təxminən 150 sərnişin olub və onlar daşınma şəraitindən şikayət etməyiblər, Tbilisiyə çatanda isə onun departamentinin üzvlərinə təşəkkür ediblər. Geri qayıdanda eyni təyyarə Rusiya vətəndaşlarını Gürcüstandan Rusiya Federasiyasına aparıb.
59. Həmin dövrdə Federal Miqrasiya Xidmətinin Moskva İmmiqrasiya Nəzarəti Departamentinin rəis müavini olan cənab Azarov Jukovskoye və Domodedovo aeroportlarında olmuş və Gürcüstan vətəndaşlarını daşıyan iki təyyarənin göyərtəsində olmuşdu. O dedi ki, təyyarələr oturacaqlara və skamyalarla təchiz olunmuşdu və göyərtədə su və quru biskvit verilirdi.
60. Həmin dövrdə Federal Miqrasiya Xidmətinin İmmiqrasiya Nəzarəti Departamentinin rəis müavini olan cənab Şevçenko bildirdi ki, Gürcüstan vətəndaşları ölkədən çıxarılarkən aeroprtda idi və vurğuladı ki, baqaj üçün heç bir məhdudiyyət yox idi; əksinə, onların şəxsi əşyaları yanlarında idi və media da orada idi. Sonradan Federal Miqrasiya Xidmətinin Dərbənbd (Dağıstan) şəhər bölməsinin rəhbərinə göndərdiyi təşəkkür məktubunda Gürcüstan konsulu ölkədən çıxarma prosedurlarında yaxşı əməkdaşlıqlarına görə Rusiyanın dövlət orqanlarını təbrik etmiş və şikayət verməmişdi.
e. Çıxarılmalardan sonra Gürcüstanda vəziyyət
61. Gürcü şahidlər vurğuladılar ki, onlar Gürcüstana qayıdıb rahatlaşmışdılar və Rusiyadan çıxarılma barədə qərarlara qarşı Rusiya Federasiyasının Tbilisidəki konsulluğuna və ya səfirliyinə şikayət verməyi düşünmürdülər. İstənilən halda, Rusiya Federasiyası məhkəmələrindəki prosedurlarda hakimlər və polis əməkdaşları onlara demişdilər ki, şikayət vermək mənasızdır, çünki Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə yuxarıdan göstəriş var. Onların bəziləri praktiki maneələri, məsələn, Rusiya Federasiyasının Tbilisidəki konsulluğunun bağlandığını qeyd etdilər, digərləri isə konsulluğun yanında uzun növbələrin olduğunu söylədilər.
62. Həmin dövrdə Rusiya Federasiyasının Gürcüstandakı konsulu olan cənab Vasilyev dedi ki, 2006-cı ilin sentyabrının sonunda Tbilisidəki diplomatik və konsulluq heyətinin bəzi üzvlərinin Rusiya Federasiyasına repatriasiyasından sonra səfirlik on beş nəfərədək azaldılmış işçi personalı (diplomatlar və inzibati heyət) ilə, konsulluq isə üç nəfər diplomatla adi iş saatlarında (saat 9-dan 16-dək) normal fəaliyyətini davam etdirirdi. Buna görə də Gürcüstan vətəndaşları şəxsən və ya Gürcüstan Xarici İşlər Nazirliyi vasitəsilə apellyasiya və ya şikayət ərizələri verə bilərdilər ki, onlar Rusiya Federasiyasının müvafiq orqanlarına göndəriləcəkdi, amma heç bir apellyasiya və ya şikayət ərizəsi verilmədi. İki ölkə arasında diplomatik münasibətlər kəsildikdən sonra 2009-cu ilin martından etibarən Rusiya Federasiyası İsveçrənin Gürcüstandakı səfirliyində, Gürcüstan isə İsveçrənin Rusiya Federasiyasındakı səfirliyində ofisini açmışdı. Hər iki ölkənin müvafiq diplomatları ilə orada əlaqə saxlamaq olardı (bax: Əlavə, § 24). 15 aprel 2011-ci il tarixli ərizəsində cavabdeh Hökumət təsdiq etdi ki, 2006-cı ilin sentyabrının sonunda diplomatik heyətinin bəzi üzvlərinin ölkədən çıxarılmasından sonra diplomatik heyətin on üzvü Tbilisidəki Rusiya səfirliyində, üçü isə konsulluqda işləməkdə davam edirdi.
D. Etiraz edilən hadisələr müxtəlif beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının təqdimatında
1. Qısa icmal
63. AŞPA-nın Monitorinq Komitəsi qeyd etdi ki, "etnik səbəblərə görə selektiv qaydada və bilərəkdən təqib kampaniyası aparılıb ki, bu da İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (İHAK) 14-cü maddəsinin və 12 saylı Protokolunun ruhuna açıq-aydın ziddir və ... bu kampaniyada insanları küçələrdə, bazarlarda və ya strateji yerlərin (Gürcüstanın Moskvadakı konsulluğunun, Gürcüstan pravoslav kilsəsinin) qarşısında yaxalamaq üçün xüsusi milis əməliyyatları keçirmək vasitəsilə bu qrup açıq-aydın hədəfə alınıb..." (AŞPA-nın hesabatı, 52-53-cü bəndlər).
64. Qeyri-hökumət təşkilatları "Moskvada və Rusiyanın digər şəhərlərində gürcülərə qarşı yönələn kütləvi nəzarət əməliyyatları və repressiyalar aparıldığını" qeyd etdilər (FIDH-in hesabatı, II bölmə: "2006-cı ilin payızının anti-gürcü kampaniyası", b. 20). Gürcüstan vətəndaşları və "etnik gürcülər", iddia edildiyinə görə, bilərəkdən yürüdülən həbs və ölkədən çıxarma siyasətinin qurbanları olublar (HRW-in hesabatı, b. 1).
65. HRW Rusiya Federasiyasının prezidenti yanında insan hüquqları və vətəndaş cəmiyyəti məsələləri üzrə məsləhət şurasının (Rusiya prezidentinə vətəndaş cəmiyyəti və insan hüquqlarına aid bütün məsələlər üzrə məsləhətlər verən dövlət orqanı) o vaxtkı rəhbəri xanım Ella Pamfilovanın şərhlərindən sitat gətirdi, o demişdi ki, "[gürcülərə qarşı] tətbiq edilən inzibati və hüquqi tədbirlər əsassızdır: etnik gürcüləri işə götürən müəssisələr bağlanır, Gürcüstan vətəndaşlarının qanuni yolla əldə etdikləri viza və qeydiyyat sənədləri ləğv olunur, insanlar qanunsuz olaraq həbsə alınır və Rusiyadan [çıxarılırlar]" (8 noyabr 2006-cı il tarixli bəyanat, hesabatın 30-cu səhifəsi).
66. Həmin dövrdə eyni məsləhət şurasının üzvü, "Miqrasiya və qanun" şəbəkəsinin rəhbəri, "Vətəndaş yardımı" cəmiyyətinin sədri və "Memorial" insan hüquqları mərkəzinin idarə heyətinin üzvü olan xanım Svetlana Qannuşkina 2006-cı ildə dedi ki, "Gürcüstan vətəndaşları mütəşəkkil surətdə təqib olunurlar". O hesab etdi ki, konkret qrupun bu cür təqib edilməsi yolverilməz ayrı-seçkilik formasıdır və heç bir halda qanunsuz miqrasiyaya qarşı mübarizənin qanuni metodu sayıla bilməz" (Avropa Parlamentində 21 noyabr 2006-cı il tarixli nitq).
67. Digər Avropa təsisatları da çoxlu sayda gürcülərin çıxarılmasından narahatlıqlarını ifadə etdilər və Rusiyanın dövlət orqanlarından xahiş etdilər ki, onların ərazisində yaşayan Gürcüstan vətəndaşlarına qarşı görülən bütün tədbirləri ləğv etsinlər (Xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə Avropa Komissiyasının üzvü xanım Ferrero-Valdnerin 25 oktyabr 2006-cı il tarixli nitqi; Avropa Parlamentinin Cənubi Osetiyadakı vəziyyətə dair 6 mart 2007-ci il tarixli qətnaməsinin qəbulu üçün birgə təşəbbüs – bölmələr 1, 11 və 12; İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) 15 dekabr 2006-cı il tarixli bəyanatı).
2. Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və Rusiyadan çıxarılması
a. Həbslərin baş vermə şəraiti və məhkəmələrdəki prosedurlar
68. AÇPA-nın Monitorinq Komitəsi bildirdi ki, "ölkədən çıxarılma adi hal" aldıqdan sonra bu, bütün ölkə boyu təkrarlanan təcrübəyə çevrilib: "Gürcülər sənədlərinin yoxlanılması bəhanəsi ilə küçədə saxlanılır, sənədlərinin qaydasında olub-olmamasından asılı olmayaraq həbsə alınır və milis bölmələrinə aparılırdılar; orada onları iri qruplar halında bir yerə toplayır və məhkəmələrə aparırdılar, məhkəmələr isə öncədən onlarla əldə edilmiş razılaşmaya uyğun olaraq inzibati cəza və Rusiya ərazisindən çıxarılma barədə qərarlar çıxarırdılar; orada vəkil iştirak etmirdi və məhkəmələr işin fərdi hallarını nəzərdən keçirmirdilər, bütövlükdə prosedur iki-on dəqiqə çəkirdi. Çox vaxt bu tədbirlərə məruz qalan insanlar məhkəmə zalına buraxılmırdılar, tutulanlar dəhlizlərdə, yaxud hətta oraya gətirildikləri maşınlarda saxlanılırdılar" (AŞPA-nın hesabatı, 59-cu bənd).
69. Bu təsvir FIDH və HRW-nin hesabatlarındakı təsvirə uyğundur (FIDH-in hesabatı, 23-26-cı bəndlər, bölmə II-2: "Böhranın inkişafı və təqiblərin növü", a) "Nəzarət və həbs əməliyyatları", b) "Ədalət mühakiməsindən kobudcasına imtina və prosedurlardan yan keçmə"; və HRW-nin hesabatı, 40-53-cü bəndlər, "Gürcülərin özbaşına və qanunsuz həbsləri və ölkədən çıxarılması").
70. HRW-nin bildirdiyinə görə, "ölkədən çıxarılan [Gürcüstan vətəndaşlarının] çoxu barəsində hüquqi cəhətdən ölkədən çıxarılma haqqında məhkəmə qərarı olsa da, həmin qərarların qəbul edilmə üsulu (onların bir qisminin məhkəməsi qrup halında keçirilmişdi), vəkillə təmsil edilmənin olmaması və ölkədən çıxarılma əleyhinə lazımi qaydada müdafiə olunmaq imkanının olmaması, habelə çoxlarının faktiki olaraq apellyasiya hüququndan məhrum edilməsi Rusiyanın İHAK üzrə öhdəliklərini yerinə yetirmədiyini göstərir (HRW-nin hesabatı, b. 13).
71. Öz növbəsində FIDH qeyd etdi ki, "tutulmuş şəxslər qrup halında məhkəmələrə aparılır, məhkəmələr onların Rusiyadan çıxarılması barədə bir neçə dəqiqə ərzində qərar qəbul edirdilər, bundan əvvəl isə onlar şərait və ya fərdi ailə vəziyyətləri nəzərə alınmadan bir müddət xarici vətəndaşlar üçün müvəqqəti saxlanma mərkəzində saxlanılırdılar (FIDH-in hesabatı, b. 25).
O əlavə etdi ki, Rusiyanın "Vətəndaş yardımı" assosiasiyasından olan hüquqşünas "kampaniya dövründə ədalət mühakiməsinin kütləvi şəkildə düzgün həyata keçirilməməsinin bir neçə dəfə şahidi olub: həbs edilənlərin nəinki vəkillə görüşmək hüququ yox idi, həm də onlar çox vaxt polis əməkdaşları tərəfindən qruplar halında məhkəməyə gətirilirdilər. Bir qayda olaraq hakimlər işlərə elə baxırdılar ki, sanki istehsalat konveyerindədirlər və adətən barəsində ölkədən çıxarılma qərarı qəbul edilən şəxslər işə baxılmasında iştirak etmirdilər və hətta hər bir işin halları da nəzərə alınmırdı. Ölkədən çıxarılma qərarlarına dair bildirişlər tutulmuş şəxslərə təqdim edilirdi; çoxları onları imzalayarkən zənn edirdilər ki, immiqrasiya qaydaları əleyhinə yönələn hüquqpozmalara görə mümkün inzibati cəzaların tərkib hissəsi qismində cərimə cəzasına dair sənədi imzalayırlar. Bir neçə dəfə müvafiq şəxslər qərardan apellyasiya şikayəti verməkdən qabaqcadan çəkindirilmişdilər və belə əsas gətirilmişdi ki, "bu, işləri daha da pisləşdirə bilər". Bəzi hallarda deportasiya edilənlərin olduqları yerdə "razılaşmalar" imzalanmışdı" (FIDH-in hesabatı, b. 26).
Hesabatda həmçinin bildirilirdi ki, "bir sıra amillər polis və məhkəmə orqanları arasında sövdələşmənin olduğunu göstərir və bu qənaətə gəlinirdi ki, bu siyasət öncədən düşünülüb: Moskvada polis və məhkəmələr arasında sövdələşmənin olması bu faktdan görünürdü ki, polislərin gürcüləri məhkəmələrə gətirdikləri dövrlərdə məhkəmələr baxılacaq işlərin siyahısına hər hansı başqa işləri daxil etməmişdilər. Onlar saat 9-da həbs edilmiş və saat 10-da qrup halında məhkəmələrə gətirilmişdilər. Hakimlər bir neçə gündə çoxlu sayda qərarlar çıxarmışdılar ki, adətən bu qədər qərarları altı ayda çıxarırdılar" (FIDH-in hesabatı, b. 26).
b. Həbsdə saxlanma və ölkədən çıxarılma şəraiti
72. Həbsdə saxlanma və ölkədən çıxarılma şəraitinə gəlincə, AŞPA-nın Monitorinq Komitəsi həmməruzəçilərin həyata keçirdikləri missiya dövründə dinlədiyi şahidlərin ifadələrinə istinad etdi, onlar "dolu kameralı", "dözülməz" və "qeyri-insani" şəraitdə saxlanıldıqlarını demişdilər. İddia edildiyinə görə, onlar nəinki tibbi yardım imkanından, həm də zəruri tələbatlarını ödəmək imkanından məhrum edilmişdilər.
Bu vəziyyət 48 yaşlı Gürcüstan vətəndaşı Tengiz Toqonidzenin ölümü ilə nəticələndi, şahidlərin sözlərinə görə o, astmadan əziyyət çəkirdi. İki həftə ərzində tibbi yardım almaq və açıq havaya çıxmaq imkanı olmadan həbsdə saxlanıldıqdan sonra o, 17 oktyabr 2006-cı ildə Sankt-Peterburqdakı saxlama mərkəzi ilə Moskvanın Domodedovo beynəlxalq aeroportu arasında bir neçə saat davam etmiş səfərdən sonra öldü. Həmin vaxt Federal Miqrasiya Xidmətinin rəis müavini olan cənab Turkin dedi ki, sözügedən saxlama müəssisəsi qapadılıb. Monitorinq Komitəsi həmçinin ikinci Gürcüstan vətəndaşı 52 yaşlı Manana Jabeliyanın işinə istinad etdi, o, iki ay ərzində qeyri-adekvat tibbi yarım göstərildikdən və təcili tibbi yardım göstərməkdən imtina edildikdən sonra 2 dekabr 2006-cı ildə 2 saylı Moskva saxlama mərkəzində öldü (AŞPA-nın hesabatı, 60-cı bənd).
Nəhayət, Monitorinq Komitəsi 2006-cı il oktyabrın əvvəlində Gürcüstan vətəndaşlarının yük təyyarələri ilə daşınma şəraitini qeyd etdi. Bu, Beynəlxalq mülki aviasiya təşkilatının normalarının pozulması ilə həyata keçirilmişdi, belə ki, sərnişinlərin bu cür daşınması həyat üçün təhlükəli idi (AŞPA-nın hesabatı, 57-ci bənd).
73. FIDH qeyd etdi ki, "Moskvada və ətraf ərazilərdə əcnəbilər üçün səkkiz müvəqqəti saxlama mərkəzi (TsVSIG) var, onlar əsasən funksiyası dəyişdirilmiş keçmiş ayıltma məntəqələridir. 1 (Novoslobodskaya rayonunda), 2 (Peredelkinoda) və 8 saylı (Mnevnikidə) mərkəzlərə "Vətəndaş yardımı" komitəsinin personalı baş çəkdi. Dimitrovskoye Şosse küçəsindəki mərkəzin qarşısında 2 kilometrə yaxın uzunluqda polis maşınlarının cərgəsi düzülmüşdü, onlar tutulmuş şəxsləri maşınlardan düşürüb təxminən 320 nəfərlik sahəsi olan mərkəzdə qoymaq üçün növbə gözləyirdilər. Tutulanlar dedilər ki, hər kamerada səkkiz əvəzinə on altı nəfər var, qida rasionları isə artırılmayıb. Bundan başqa, orada o qədər çox adam vardı ki, TsVSIG hətta tutulanların təhvili üzrə sənədləri tərtib etməyə vaxt tapmırdı. FIDH həmçinin saxlanma yerində və ya ölkədən çıxarılmadan öncə yolda baş vermiş dörd ölüm halını qeyd etdi (FIDH-in hesabatı, 26-27-ci bəndlər, "c" bölməsi: "Saxlanma şəraiti və saxlanma yerində ölüm halları").
74. HRW analoji faktlar barədə məlumat verdi və həmçinin saxlanma yerində baş vermiş dörd ölüm halını qeyd etdi (HRW-nin hesabatı, 53-57-ci bəndlər, "Saxlanma yerində gürcülərin ölüm halları"; və 57-63-cü bəndlər, "Qeyri-insani və ləyaqəti alçaldan rəftar").
Birinci məsələ ilə bağlı HRW həmçinin cənab Toqonidzenin və xanım Jabeliyanın ölümünə istinad etdi, iddia edildiyinə görə, onlar çox çətin şəraitdə saxlanılmış və zəruri tibbi yardımla təmin edilməmişdilər ki, bu da onların ölümü ilə nəticələnmişdi. Həmçinin həbsdə saxlanılarkən ölmüş digər iki Gürcüstan vətəndaşının işi də qeyd edildi. Bundan başqa, Rusiyanın dövlət orqanları, iddia edildiyinə görə, bu ölüm hallarından sonra yetərli araşdırma aparmamışdılar, baxmayaraq ki, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 2-ci maddəsinə əsasən bunu etmək öhdəliyini daşıyırdılar.
İkinci məsələ ilə bağlı HRW qeyd etdi ki, saxlanma və ölkədən çıxarılma şəraitinin pis olması (kameraların dolu olması, su və qida çatışmazlığı, yüzdən artıq Gürcüstan vətəndaşının yük təyyarəsi ilə daşınması) ilə əlaqədar olaraq Gürcüstan vətəndaşları qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. İmmiqrasiya qanunları və Gürcüstan vətəndaşlarının konkret vəziyyəti
75. İmmiqrantların ölkəyə daxil olması və orada yaşaması iki qanunla təznimlənir: "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında" 25 iyul 2002-ci il tarixli 115-FZ saylı federal qanunla və "Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs olan miqrantların Rusiya Federasiyasında qeydiyyatı haqqında" 18 iyul 2006-cı il tarixli 109-FZ saylı federal qanunla.
29 oktyabr 2002-ci ildə "Xarici vətəndaşların hüquqi vəziyyəti haqqında" qanun qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları da daxil olmaqla bütün MDB vətəndaşlarından tələb olunurdu ki, əvvəllər Rusiya ərazisində qanuni yaşasalar da, yaşayış icazəsi üçün müraciət etməklə öz vəziyyətlərini nizama salsınlar. Qanunun 20-ci və 21-ci maddələrinə əsasən, onlar həmçinin Rusiya Federal Miqrasiya Xidmətinin yerli idarələrinə qeydiyyat üçün ərizə verməli idilər ki, onların yaşayış yerinin göstərildiyi qeydiyyat arayışını alsınlar. Onlar peşə fəaliyyəti ilə məşğul olmaq istəsəydilər, onlardan tələb olunurdu ki, 13-cü maddəyə uyğun olaraq iş icazəsi və miqrantın işçi kartını alsınlar. Rusiya Federasiyasında seminarda iştriak etmək və ya biznes əlaqələri qurmaq istəyən əcnəbilərə müxtəlif müddətli işgüzar viza verilirdi, amma bu onlara qanuni şəkildə işləmək hüququ vermirdi.
Bundan əlavə, MDB üzvü olan bir neçə dövlətin, o cümlədən Gürcüstanın vətəndaşları üçün vizasız səfərlər barədə 9 oktyabr 1992-ci il tarixli Bişkek sazişinin ləğv edilməsindən sonra 5 dekabr 2000-ci ildən bəri bütün Gürcüstan vətəndaşları Rusiya ərazisinə daxil olmaqdan ötrü viza üçün müraciət etməli idilər.
B. Müxtəlif beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının mövqeyi
76. AŞPA-nın Monitorinq Komitəsi, FIDH və İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında" 25 iyul 2002-ci il tarixli qanunda keçid müddəalarının olmadığını, yaşayış icazəsi, qeydiyyat arayışı və ya iş icazəsi almaq üçün prosedirların mürəkkəbliyini qeyd etdilər, bunlar miqrantları qeyri-müəyyən vəziyyətə salırdı (bax: AŞPA-nın hesabatı, 54-cü bənd, FIDH-in hesabatı, 12-13-cü bəndlər, bu hesabatda həmçinin İrqi-ayrı-seçkiliyin ləğv edilməsi üzrə BMT Komitəsinin (CERD) 2 iyun 2003-cü il tarixli qənaətlərinə istinad edilir, CERD/C/62C0/7; həmçinin bax: ECRI-nin Rusiuya Federasiyasına dair 16 dekabr 2005-ci il tarixli üçüncü hesabatı, ECRI (2006) 21).
C. İnzibati qaydada ölkədən çıxarılma proseduru
77. Rusiya Federasiyasının immiqrasiya qaydalarını pozan hər hansı xarici vətəndaş (İnzibati hüquqpozmalar məcəlləsinin 18.8, 18.10 və 18.11-ci maddələri) inzibati cəzalara və ölkədən çxıarılma riskinə məruz qalır (maddə 3.2). Rusiya Federasiyasının ərazisindən çıxarılma ilə nəticələnə bilən inzibati məsuliyyətlə əlaqədar olan hər hansı qərar ümumi məhkəmənin hakimi tərəfindən qəbul edilməlidir (maddə 23.1, 3-cü bənd). Bu qərardan on gün ərzində müvafiq məhkəməyə və ya apellyasiya məhkəməsinə şikayət verilə bilər (maddə 30.1, 1-ci bənd, maddə 30.2, 2-ci bənd və maddə 30.3, 1-ci bənd). Bu müddət şikayətçinin müraciəti əsasında uzadıla bilər (maddə 30.3, 2-ci bənd). Ölkədən inzibati qaydada çıxarılma barədə qərardan şikayətə şikayət sənədləri təqdim edildikdən sonra bir gün ərzində baxılmalıdır (maddə 30.5, 3-cü bənd), şikayət ərizəsi məhkəmə rüsumundan azaddır və dayandırıcı qüvvəyə malikdir (maddə 31.1, maddə 31.2, 2-ci bənd və maddə 31.3, 1, 2 və 3-cü bəndlər). Nəhayət, xarici vətəndaş həmçinin ölkədən inzibati qaydada çıxarılma barədə qanuni qüvvəyə minmiş qərardan nəzarət qaydasında işə baxan məhkəmələrə apellyasiya şikayəti verə bilər (İnzibati hüquqpozmalar məcəlləsinin 30.11-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinin konstitusiyaya uyğunluğu barədə Konstitusiya Məhkəməsinin 22 aprel 2004-cü il və 12 aprel 2005-ci il tarixli qərarları).
III. TƏRƏFLƏRİN VƏSATƏTLƏRİ
A. Ərizəçi Hökumət
78. Ərizəçi Hökumət Məhkəmədən xahiş etdi ki, aşağıdakı qərarları qəbul etsin:
"I. Ərizənin qəbuledilənliyi məsələsi üzrə:
a) Ərizəçinin şikayətləri qəbulediləndir, çünki daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi barədə qayda bu prosedurlara şamil olunmur. Bunun səbəbi odur ki, iddia edilən pozuntular Konvensiya ilə bir araya sığmayan, Rusiyanın dövlət orqanlarının rəsmən dözümlülüklə yanaşdıqları təkrarlanan halların tərkib hissəsidir və beləliklə inzibati praktikaya aiddir.
b. Alternativ olaraq, ərizəçinin şikayətləri qəbulediləndir, çünki daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi barədə qayda bu hala tətbiq edilə bilməz, belə ki, Rusiya Federasiyasının daxili hüquqi müdafiə vasitələri Konvensiyada nəzərdə tutulan mənada səmərəli və əlçatan deyildi və Gürcüstan vətəndaşlarını və milliyyətcə gürcü olan şəxsləri həmin vasitələri tükəndirmək vəzifəsindən azad edən xüsusi hallar mövcud idi.
c. Şikayət ərizəsi altı aylıq müddət çərçivəsində təqdim edilib.
II. Ərizənin mahiyyəti üzrə: Rusiya Federasiyası Konvensiyanın 3, 5, 8, 13, 14 və 18-ci maddələrini, 1 saylı Protokolun 1-ci və 2-ci maddələrini, 4 saylı Protokolun 4-cü maddəsini və 7 saylı Protokolun 1-ci maddəsini pozub.
III. Hüquqi müdafiə vasitəsi ilə bağlı: Ərizəçi dövlət bu pozuntulara görə ədalətli təzminat hüququna malikdir və bu hüquq zərərçəkən tərəf üçün pozuntuların düzəldilməsinə yönələn tədbirləri və kompensasiya ödənişini tələb edir".
79. O, sonuncu məsələ ilə bağlı Məhkəmədən xahiş etdi ki, "41-ci maddə üzrə ədalətli təzminat təyin etsin, yəni kompensasiya, reparasiya, restitusiya (ilkin hüquqi vəziyyətin bərpası) haqqında, məhkəmə xərclərinin, məsrəflərin ödənilməsi barədə, habelə pozuntuların törədilməsi və bu məhkəmə prosesinin aparılması nəticəsində zərərçəkən tərəfin əziyyət çəkdiyi və ya məruz qaldığı bütün maddi və mənəvi ziyanlara görə göstəriləcək növbəti və digər təzminatların ödənilməsi haqqında qərar qəbul etsin".
80. Ərizənin qəbuledilənliyi məsələsinə dair dinləmə zamanı ərizəçi Hökumət aydın şəkildə qeyd etdi ki, onun ərizəsində göstərilən və şahidlərin dinlənilməsi zamanı gürcü şahidlərin qeyd etdikləri konkret situasiyalar yalnız inzibati praktikanın mövcudluğunu nümayiş etdirmək məqsədi daşıyırdı. Üstəlik, iyirmi üç gürcü ərizəçi də (onlardan üçü şahidlərin dinlənilməsi zamanı dinlənilib) Məhkəməyə fərdi ərizələr təqdim edib.
B. Cavabdeh Hökumət
78. Öz növbəsində cavabdeh Hökumət bildirdi ki:
"Məhkəmənin Böyük Palatasının hakimlərindən ibarət nümayəndə heyəti tərəfindən şahidlərin dinlənilməsi Rusiya Federasiyasının bu mövqeyini tam təsdiq etdi ki, Konvensiyanın 3, 5, 8, 13, 14 və 18-ci maddələrinin, 1 saylı Protokolun 1-ci və 2-ci maddələrinin, 4 saylı Protokolun 4-cü maddəsinin və 7 saylı Protokolun 1-ci maddəsinin pozulduğunun iddia edildiyi Gürcüstan Rusiyaya qarşı (1) iş üzrə şikayət ərizəsi əsassızdır. Şahidlərin dinlənilməsi zamanı həmin dövrdə Rusiya Federasiyasının dövlət orqanlarının inzibati praktikanı həyata keçirdiklərini və Gürcüstan vətəndaşlarını kollektiv şəkildə ölkədən çıxardıqlarını göstərən heç bir sübut təqdim edilmədi.
Şahidlərin dinlənilməsi zamanı Rusiyanın dövlət orqanlarının bu arqumentləri obyektiv şəkildə təsdiqləndi ki, Rusiyada səmərəli daxili hüquqi müdafiə vasitələri mövcuddur ki, inzibati qaydada Rusiya ərazisindən çıxarılmış şahidlər, həmin dövrdə Rusiyanın dövlət orqanları tərəfindən hüquqlarının pozulduğunu hesab edən digər Gürcüstan vətəndaşları kimi, Avropa Məhkəməsinə müraciət etməzdən əvvəl həmin vasitələri tükəndirməli idilər. Müvafiq olaraq, Gürcüstan Rusiyaya qarşı (1) iş üzrə dövlətlərarası şikayət ərizəsinin qəbuledilənliyi məsələsinə dair 30 iyun 2009-cu il tarixli qərarı (həmin qərara əsasən, şikayətlərin altı aylıq müddət ərzində verilməsi və həmçinin daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi barədə qaydaya riayət edilməməsi ilə bağlı məsələlərə baxış işin mahiyyəti üzrə baxışla birləşdirilmişdi) nəzərə alaraq, Rusiya Federasiyasının dövlət orqanları hesab edirlər ki, bu ərizəyə mahiyyəti üzrə baxıla bilməz (bax: Markin Rusiyaya qarşı iş üzrə Məhkəmənin qərarı, ərizə № 59502/00, 30 mart 2006-cı il).
HÜQUQİ MƏSƏLƏLƏR
I. FAKTLARIN VƏ SÜBUTLARI QİYMƏTLƏNDİRMƏ PRİNSİPLƏRİNİN MÜƏYYƏLƏNLƏŞDİRİLMƏSİ
82. İşə mahiyyəti üzrə baxmazdan və hər bir şikayət üzrə sübutları qiymətləndirməzdən əvvəl Məhkəmə onun tərəfindən nəzərə alınmalı olan bütün yazılı və şifahi sübutları və tətbiq edəcəyi qiymətləndirmə prinsiplərini müəyyənləşdirəcək.
A. Faktların müəyyənləşdirilməsi
83. Faktları müəyyənləşdirmək üçün Məhkəmə tərəflərin qeydlərinə və təqdim etdikləri çoxsaylı sənədlərə, habelə Strasburqda dinlənilmiş şahidlərin ifadələrinə əsaslanacaq.
84. O həmçinin AŞPA-nın Monitorinq Komitəsi, HRW, FIDH kimi beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının hesabatlarını və Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkilinin (Rusiya ombudsmanının) 2006-cı il tarixli illik hesabatını nəzərə almalıdır. Bu hesabatlar həmçinin ərizəçi Hökumət tərəfindən təqdim edilmiş sənədlərin bəzilərində var.
1. Əlavə yazılı sübutlar
85. Bundan başqa, 8 iyun 2010-cu il və 8 mart 2011-ci il tarixli məktublarında və şahidlərin dinlənilməsi zamanı Məhkəmə cavabdeh Hökumətdən xahiş etmişdi ki, aşağıdakı əlavə sənədləri təqdim etsin:
i) iddia edildiyinə görə Gürcüstan vətəndaşlarının kütləvi surətdə tutulmasının və Rusiyadan çıxarılmasının başlandığı 2006-cı ilin oktyabr ayına qədər və ondan sonra baş vermiş ölkədən çıxarılmalar arasında müqayisə apara bilmək üçün 2006 və 2007-ci illər ərzində Gürcüstan vətəndaşlarının Rusiyadan çıxarılmasına aid aylıq statistik məlumatları: cavabdeh Hökumət cavab verdi ki, yalnız illik və yarımillik statistik məlumatları saxlayır və onlar Məhkəməyə təqidm olunub;
ii) müvafiq olaraq, Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən 2006-cı il sentyabrın sonunda verilmiş və ərizəçi Hökumətin təqdim etdiyi sənədlərdə istinad edilən 0215 və 849 saylı əmrləri: cavabdeh Hökumət bu sənədlərin həqiqiliyini şübhə altına aldı və bildirdi ki, sözügedən əmrləri təqdim edə bilməz, çünki onlar "dövlət sirri" kimi təsnifləşdirilib (yuxarıda 32-ci bəndə bax);
iii) gürcü şagirdlərin siyahısı üçün müxtəlif Rusiya məktəblərinə sorğular göndərmiş Rusiya məmurlarına qarşı başlanmış intizam icraatına aid materialları: cavabdeh Hökumət sözügedən məmurlara intizam cəzalarının tətbiq edildiyini göstərən bir neçə sənədin surətini təqdim etdi.
iv) sözügedən dövrdə (2006-cı ilin oktyabrından 2007-ci ilin yanvarınadək) Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə qərarlardan verilmiş şikayətlər üzrə Rusiya məhkəmələri tərəfindən çıxarılmış qərarların sayı barədə statistik məlumatları: 15 aprel 2011-ci il tarixli cavab məktubunda cavabdeh Hökumət yenidən bildirdi ki, Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması ilə bağlı aylıq statistik məlumatlara malik deyil (ümumi məhkəmələrin statistik məlumatlarında inzibati hüquqpozmaları törədənlərin milliyyəti göstərilmir, bütün Rusiya Federasiyası üçün elektron məlumat bazası isə yalnız 2010-cu ildən mövcuddur), amma bununla belə, müvafiq dövrdə Rusiya Federasiyasının on səkkiz vilayətinin məhkəmələrindən əllə toplanmış məlumatları təqdim edə bilər və apellyasiya şikayətləri üzrə 86 qərarın surətini Məhkəməyə təqdim etdi. Qeyd etmək lazımdır ki, bu qərarların yalnız 42-si sözügedən dövrdə Rusiyadan çıxarılmış Gürcüstan vətəndaşları barəsindədir, onlardan 21-də birinci instansiya məhkəmələrinin qərarları ləğv olunub. Bundan başqa, apellyasiya şikayətləri üzrə Məhkəməyə təqdim edilmiş qərarlardan yalnız 8-i Moskva şəhərinə və 17-si Sankt-Peterburq şəhərinə aid idi, halbuki Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması hallarının çoxu bu iki şəhərdə baş vermişdi. Nəhayət, Moskva ilə əlaqədar olan apellyasiya şikayətləri üzrə 8 qərardan biri və Sankt-Peterburqla əlaqədar olan apellyasiya şikayətləri üzrə 17 qərardan 12-si işin inzibati orqanlara geri qaytarılması barəsində idi və bunun səbəbi o idi ki, polis əməkdaşları qanunla nəzərdə tutulduğu kimi Gürcüstan vətəndaşlarını əvvəlcə Federal Miqrasiya Xidmətinə aparmaqdansa birbaşa məhkəmələrə gətirmişdilər.
2. Şahidlərin dinlənilməsi
86. 2011-ci il yanvardan 31-dən fevralın 4-dək həftəlik iş ərzində Böyük Palatanın hakimlərindən ibarət nümayəndə heyəti ümumilikdə iyirmi bir şahidi dinlədi, onlardan doqquzu ərizəçi Hökumət tərəfindən, onu cavabdeh Hökumət tərəfindən təklif edilmiş, ikisi isə nümayəndə heyəti tərəfindən seçilmişdi.
87. Ərizəçi Hökumət tərəfindən təklif edilmiş doqquz şahid (hadisələrin "dolayı" şahidi olmuş 8 saylı şahid, yəni mərhum cənab Toqonidzenin arvadı və həmin dövrdə Gürcüstanın Rusiya Federasiyasındakı konsulu olmuş cənab Pataridze istisna olmaqla) tutulmuş, həbsə alınmış və Rusiyanın dövlət orqanları tərəfindən ölkədən çıxarılmış Gürcüstan vətəndaşları idilər. Onların ifadələri 2006-cı ilin payızında hansı şəraitdə tutulduqları, həbsə alındıqları və ölkədən çıxarıldıqları barəsində idi.
88. Cavabdeh Hökumət tərəfindən təklif edilmiş on şahid Rusiya Federasiyasının dövlət rəsmiləri idilər, onların ifadələri Gürcüstan vətəndaşlarının konkret olaraq hansı şəraitdə tutulduqları, həbsə alındıqları və ölkədən çıxarıldıqları barəsində, statistik məlumatlar haqqında və Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin verdiyi təlimatların və orada istinad edilən əmrlərin həqiqiliyi barəsində idi.
89. Məhkəmə tərəfindən seçilmiş iki şahid həmin dövrdə AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi olan cənab Örsi və həmin dövrdə ATƏT-in Gürcüstandakı missiyasının insan hüquqları üzrə əməkdaşı olan cənab Tiquşi idi.
90. Nümayəndə heyəti həmçinin digər şahidləri, o cümlədən həmin dövrdə Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin rəisi vəzifəsini icra edən cənab Pyotrovskini dinləməyi planlaşdırırdı, o, "30.09.2006-cı tarixli 0215 saylı əmrin icrasının səmərəliliyinin [artırılması]" məqsədini daşıyan (yuxarıda 31-ci bəndə bax) 2 oktyabr 2006-cı il tarixli təlimata imza atdığı güman edilən şəxs idi. Onun dinlənilməsindən bir gün əvvəl cavabdeh Hökumət cənab Pyotrovskinin təcili olaraq xəstəxanaya aparıldığını qeyd etdi və bu barədə xəstəxananın arayışını təqdim etdi.
91. Nümayəndə heyəti həmçinin həmin dövrdə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili olan cənab Lukini dinləmək istəyirdi, amma o, Məhkəmənin çağırışına cavab vermədi.
92. Nəhayət, nümayəndə heyəti həmçinin Rusiya Federasiyasının prezidenti yanında insan hüquqları və vətəndaş cəmiyyəti məsələləri üzrə məsləhət şurasının o vaxtkı rəhbəri xanım Pamfilovanı dinləmək istəyirdi. Lakin onu şahid qismində dinləmək mümkün olmadı, çünki 15 oktyabr 2010-cu il tarixli məktubda izah edildiyinə görə, cavabdeh Hökumət Məhkəməni məlumatlandırmışdı ki, xanım Pamfilova daha dövlət rəsmisi deyil, adi fiziki şəxsdir və buna görə cavabdeh Hökumət onun ünvanını Məhkəməyə vermək iqtidarında deyil. Burada qeyd etmək lazımdır ki, Razılığa gələn Tərəflər çağırış vərəqələrini onların ərazisində yaşayan şahidlərə təqdim etmək öhdəliyini daşıyırlar (bax: Məhkəmə Reqlamentinin Əlavəsinin A5 Qaydası, 4-cü bənd, birinci cümlə).
B. Sübutların qiymətləndirilməsi prinsipləri
93. Sübutları qiymətləndirərkən Məhkəmə dövlətlərarası şikayətlərə aid iki işdə (İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, 161-ci bənd, A seriyaları № 25; və Kipr Türkiyəyə qarşı [BP], ərizə № 25781/94, 113-cü bənd, AİHM 2001-2001‑IV) özünün bərqərar etdiyi "əsaslı şübhə yeri qoymayan" sübut standartını qəbul edib və həmin dövrdən bəri bu standart onun oturuşmuş presedent hüququnun tərkib hissəsinə çevrilib (digər qərarlarla yanaşı, bax: İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı [BP], ərizə № 48787/99, 26-cı bənd, AİHM 2004-VII; və Davıdov və başqaları Ukraynaya qarşı, ərizələr № 17674/02 və 39081/02, 158-ci bənd, 1 iyul 2010-cu il).
94. Lakin onun məqsədi heç vaxt cinayət işlərində həmin standartı tətbiq edən milli hüquq sisteminin yanaşmasını mənimsəməkdən ibarət olmayıb. Avropa Məhkəməsinin rolu cinayət hüquq üzrə təqsirlilik məsələsi və ya mülki məsuliyyət məsələsi barədə qərar vermək deyil, iştirakçı dövlətlərin Konvensiya üzrə məsuliyyətini müəyyən etməkdir. Konvensiyanın 19-cu maddəsi əsasında onun daşıdığı vəzifənin – Razılığa gələn Yüksək Tərəflərin Konvensiyada təsbit olunmuş əsas hüquqları təmin etmək öhdəliklərinə riayəti etmələrini təmin etmək vəzifəsinin spesifikliyi onun dəlil və sübut məsələlərinə yaşanmasını şərtləndirir. Məhkəmədəki icraatda sübutların qəbul edilməsinin qarşısında heç bir prosessual maneə yoxdur və ya onların qiymətləndirilməsi üçün öncədən müəyyən edilmiş formul yoxdur. Məhkəmə o nəticələri qəbul edir ki, onlar, onun rəyinə görə, bütün sübutların sərbəst qiymətləndirilməsi vasitəsilə təsdiqlənir, o cümlədən faktlardan və tərəflərin təqdim etdiyi dəlillərdən irəli gələn nəticələr də buraya daxildir. Onun bərqərar olmuş presedent hüququna əsasən, sübutlar kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrin birgə mövcudluğundan və ya faktlara dair analoji təkzibolunmaz ehtimallardan irəli gələ bilər. Bundan başqa, konkret nəticəyə gəlmək üçün zəruri olan əminlik səviyyəsi və bununla əlaqədar olaraq sübutetmə yükünün bölgüsü mahiyyət etibarı ilə faktların spesifikliyi ilə, irəli sürülən iddianın xarakteri ilə və Konvensiyada nəzərdə tutulmuş hansı hüququnun pozuntusunun araşdırılması ilə əlaqədardır. Məhkəmə həmçinin iştirakçı dövlətin əsas hüquqları pozması barədə qərarın ciddi əhəmiyyət daşıdığını nəzərə alır (digər qərarlarla yanaşı bax: Naçova və başqaları Bolqarıstana qarşı [BP], ərizələr № 43577/98 və 43579/98, 147-ci bənd, AİHM 2005-VII; və Metyu Niderlanda qarşı, ərizə № 24919/03, 156-cı bənd, AİHM 2005-IX).
95. İnzibati prosedurun mövcudluğunu müəyyən edərkən Məhkəmə sübutetmə yükünün iki müvafiq Hökumətdən birinin və ya digərinin üzərinə düşdüyü barədə konsepsiyaya əsaslanmayacaq, bunun əvəzinə qarşısındakı bütün materialları, hansı mənbələrdən daxil olmasından asılı olmayaraq, tədqiq edəcək (İrlandiya Birləşmiş Krallığa qarşı və Kipr Türkiyəyə qarşı işlər üzrə yuxarıda istinad edilən qərarların eyni bəndlərinə bax). Bundan əlavə, Məhkəmənin sübutlar əldə etməyə yönələn səylərinə münasibətdə tərəflərin davranışı nəzərə alınmalı olan element təşkil edə bilər (İrlandiya Birləşmiş Krallığa qarşı; İlaşku və başqaları; və Davıdov və başqalarının işləri üzrə yuxarıda istinad edilən qərarların eyni bəndlərinə bax).
II. KONVENSİYANIN 38-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
96. Müvafiq olaraq, Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən 2006-cı ilin sentyabrının sonunda verilmiş 0215 və 849 saylı iki əmri (yuxarıda 30-cu bəndə bax) Məhkəməyə təqdim etməkdən cavabdeh Hökumətin israrla imtina etdiyini nəzərə alaraq, Məhkəmə hazırkı işin araşdırılmasını bu məsələnin təhlilindən başlamağı məqsədəuyğun hesab edir ki, cavabdeh Hökumət Konvensiyanın 38-ci maddəsində nəzərdə tutulan prosessual öhdəliyini yerinə yetiribmi; həmin maddənin mətni belədir:
"Məhkəmə maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə işin baxışını davam etdirir və ehtiyac olduqda işin hallarını araşdırır; bunun səmərəli olması üçün maraqlı Yüksək Müqavilə Tərəfləri bütün zəruri şəraiti yaradırlar".
A. Tərəflərin arqumentləri
1. Ərizəçi Hökumət
97. Ərizəçi Hökumət bildirdi ki, cavabdeh Hökumət 0215 və 849 saylı iki əmrləri Məhkəməyə təqdim etməkdən imtina etməsinin yetərli izahını verməyib. O, Məhkəmənin müvafiq presedent hüququna istinadən Məhkəmədən xahiş etdi ki, cavabdeh Hökumətin iddialarının əsassız olduğu barədə lazımi nəticələr çıxarsın və bu qənaətə gəlsin ki, Konvensiyanın 38-ci maddəsinin pozuntusu baş verib.
2. Cavabdeh Hökumət
98. Öz növbəsində cavabdeh Hökumət bildirdi ki, əmrləri Məhkəməyə təqdim etmək iqtidarında deyil, çünki onlar "dövlət sirri" kimi təsnifləşdirilib və açıqlana bilməz. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, əmrlərdə Gürcüstan vətəndaşlarının hüquqlarını bilərəkdən pozan tədbirlər görməyi Rusiya Federasiyasının inzibati orqanlarından tələb edən heç nə yox idi. Dinləmənin aparıldığı dövrdə Daxili İşlər Nazirliyinin Moskva hüquq departamentinin rəis müavini olan cənab Nikişkin şahidlərin dinlənilməsi zamanı təsdiq etdi ki, Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi tərəfindən verildiyi iddia edilən 2 oktyabr 2006-cı il tarixli təlimat saxta sənəddir və 0215 və 849 saylı iki əmr (bunlardan sonuncusu teleqram idi) "dövlət sirri" kimi təsnifləşdiriliblər və orada selektiv qaydada Gürcüstan vətəndaşları barəsində deyil, müxtəlif milli cinayətkar qruplar barəsində göstərişlər əks olunub. Onların açıqlanması Rusiya qanunvericiliyinə əsasən qadağandır (bax: Əlavə, § 21).
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
99. Məhkəmə bir daha xatırladır ki, aşağıdakılar fərdi ərizələrlə bağlı onun formalaşdırdığı ümumi prinsiplərdir və dövlətlərarası şikayət ərizələrinə də şamil olunmalıdır:
"... Konvensiyanın 34-cü maddəsi əsasında təsis edilmiş fərdi şikayət sisteminin səmərəli işləməsi üçün dövlətlər tərəfindən bütün zəruri imkanların yaradılması olduqca vacibdir ki, ərizələrə düzgün və səmərəli şəkildə baxılması mümkün olsun. Bu öhdəlik iştirakçı dövlətlərdən tələb edir ki, istər faktların araşdırılması, istərsə də ərizələrə baxılması ilə bağlı ümumi vəzifələrin icrası zamanı Məhkəməyə bütün zəruri şəraiti yaratsınlar. Hökumət tərəfindən qaneedici izahat verilmədən əlində olan məlumatların təqdim edilməməsi nəinki ərizəçinin iddialarının əsaslı olduğğu barədə nəticələr çıxarmağa imkan verir, həm də cavabdeh dövlətin Konvensiyanın 38-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməsinin səviyyəsinə mənfi təsir göstərir (bax: Tahsin Acar Türkiyəyə qarşı [BP], ərizə № 26307/95, 253-254-cü bəndlər, AİHM 2004‑III; Timurtaş Türkiyəyə qarşı, ərizə № 23531/94, 66 və 70-ci bəndlər, AİHM 2004‑VI; və Tanrıkulu Türkiyəyə qarşı [BP], ərizə № 23763/94, 70-ci bənd, AİHM 1999‑IV)".
(bax: Yanovets və başqaları Rusiyaya qarşı [BP], ərizələr № 55508/07 və 29520/09, 202-ci bənd, AİHM 2013).
2. Yuxarıdakı prinsiplərin tətbiqi
100. Hazırkı işdə Məhkəmə qeyd edir ki, 28 iyun 2010-cu il tarixli məktubunda o, cavabdeh Hökumətdən xahiş etdib ki, 0215 və 849 saylı əmrlərin surətlərini (Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsi tərəfindən verilmiş 2 oktyabr 2006-cı il tarixli təlimatda (№ 122721∕08), Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin rəisi vəzifəsini icra edən şəxs tərəfindən verilmiş 2 oktyabr 2006-cı il tarixli sərəncamda (№ 12272∕11) və Federal Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 18 oktyabr 2006-cı il tarixli məlumatlandırıcı qeydlərdə (yuxarıda 30-31-ci bəndlərə bax) bu əmrlərə istinad edilir) ona təqdim etsin, belə ki, o, hazırkı işdəki faktları müəyyənləşdirmək üçün onları mühüm sənədlər hesab edir.
101. Şahidlərin dinlənilməsi zamanı hakimlərdən ibarət nümayəndə heyəti iki əmrin surətinin verilməsi barədə Məhkəmənin xahişini cavabdeh Hökumətin nümayəndəsinə şifahi şəkildə təkrar edərək Məhkəmə Reqlamentinin 44 A-C Qaydasını (Məhkəmə ilə əməkdaşlıq etmək vəzifəsi) və 43-cü Qaydasını (Sənədlərin açıq xarakteri) onun diqqətinə çartdırdı.
102. 8 mart 2011-ci il tarixli ikinci məktubunda Məhkəmə öz xahişini yazılı şəkildə təkrarladı və həmçinin yuxarıda qeyd edilən iki qaydaya istinad edərək aydın şəkildə bildirdi ki, 44 C Qaydasının müddəalarına əsasən, "əgər tərəf Məhkəmənin istədiyi sübutları və ya məlumatları təqdim etməzsə və ya müvafiq məlumatları öz təşəbbüsü ilə gizlədərsə və ya işin araşdırılmasında səmərəli iştirakdan digər formada yayınarsa, Məhkəmə bu hərəkətlərdən lazım bildiyi nəticələri çıxara bilər".
103. Öz növbəsində cavabdeh Hökumət əmrlərin mövcudluğunu şübhə altına almadı, amma bildirdi ki, onların məzmunu ərizəçi Hökumətin iddia etdiklərinə uyğun deyil və eyni zamanda onların surətlərini Məhkəməyə təqdim etməkdən imtina edərək belə əsas gətirdi ki, onlar "dövlət sirri" kimi təsnifləşdirilib və onların açıqlanması Rusiya qanunvericiliyinə əsasən qadağandır.
104. Məhkəmə bir daha bildirir ki, "hadisələrə dair versiyalar bir-birinə zidd olduğu hallarda Məhkəmə faktları müəyyənləşdirərkən qaçılmaz olaraq istənilən birinci instansiya məhkəməsinin qarşılaşdığı eyni çətinliklərlə üzləşir. Hazırkı işdə olduğu kimi, ərizəçi [Hökumətin] iddialarını təsdiq və ya təkzib edə biləcək məlumatlar yalnız cavabdeh Hökumət üçün əlçatandırsa, həmin Hökumətin qaneedici izahat vermədən əməkdaşlıq etməməsi ərizəçi [Hökumətin] iddia etdiklərinin əsaslı olduğu barədə nəticələr çıxarmağa imkan verə bilər (bax: İmakayeva Rusiyaya qarşı, ərizə № 7615/02, 111-ci bənd, AİHM 2006‑XIII, çıxarışlar).
105. Bundan başqa, "dövlət sirri" kimi təsnifləşdirilmiş sənədlərlə əlaqədar işlərdə artıq qeyd edildiyi kimi, cavabdeh Hökumət sübutların təqdim edilməsi barədə Məhkəmənin sorğusunu yerinə yetirməkdən imtina etməsinə haqq qazandırmaq üçün daxili qanunvericiliyə istinad edə bilməz (bax (müvafiq dəyişikliklərlə): Davıdov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 170-ci bənd; Nolan və K. Rusiyaya qarşı, ərizə № 2512/04, 56-cı bənd, 12 fevral 2009-cu il; və Yanovets və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 206-cı bənd).
106. Nəhayət, hazırkı işdə Məhkəmə qeyd edir ki, cavabdeh Hökumət sözügedən əmrlərin məxfiliyi ilə bağlı konkret izahat təqdim etməyib. Buna görə də, hətta onlar təşkilatdaxili sənədlər olsa belə, Məhkəmədə onların məxfilik təsnifatı ilə bağlı ciddi şübhələr var, belə ki, əmrlərin icra edilməsi üçün onlar müxtəlif inzibati səviyyələrdə çoxlu sayda polis əməkdaşlarının diqqətinə çatdırılmalı idi.
107. Məhkəmə bir daha bildirir ki, sənədin məxfiliyini qiymətləndirərkən onun qəbul etdiyi meyarlardan biri ondan ibarətdir ki, o, məxfi xidmətlərdən və yüksək vəzifəli dövlət məmurlarından savayı hər hansı kənar şəxsə məlum idimi? (bax (müvafiq dəyişikliklərlə): Nolan və K.-nın işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd; və Yanovets və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 206-cı bənd).
108. Hətta cavabdeh Hökumətin sözügedən əmrləri açıqlamamaqda qanuni təhlükəsizlik maraqlarına malik olduğunu fərz etsək belə, qeyd etmək lazımdır ki, Məhkəmə onun diqqətini Məhkəmə Reqlamentinin 33-cü Qaydasının 2-ci bəndində nəzərdə tutulmuş məhdud çərçivədə açıqlanma imkanlarına cəlb etmişdi (bax (müvafiq dəyişikliklərlə): Şamayev və başqaları Gürcüstana və Rusiyaya qarşı, ərizə № 36378/02, 15-17, 246 və 362-ci bəndlər, AİHM 2005‑III – bu işdə Palatanın sədri Rusiya Hökumətinin təqdim etdiyi müəyyən sənədlərin konfidensiallığına zəmanət vermişdi).
109. Bütün bu amilləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, cavabdeh Hökumət Məhkəmə tərəfindən iş üzrə faktların müəyyənləşdirilməsi vəzifəsinin yerinə yetirilməsində Məhkəmə üçün Konvensiyanın 38-ci maddəsinin tələb etdiyi bütün zəruri şəraiti yaratmaq öhdəliyini yerinə yetirməyib. Məhkəmə ərizəyə mahiyyəti üzrə baxarkən bunları nəzərə alaraq ərizəçi Hökumətin iddialarının əsaslılığı ilə bağlı lazım bildiyi bütün nəticələri çıxaracaq.
110. Müvafiq olaraq, Konvensiyanın 38-ci maddəsinin pozuntusu baş verib.
III. İDDİA EDİLƏN İNZİBATİ PRAKTİKANIN MÖVCUDLUĞU, DAXİLİ HÜQUQİ MÜDAFİƏ VASİTƏLƏRİNİN TÜKƏNDİRİLMƏSİ VƏ ALTI AYLIQ MÜDDƏT BARƏDƏ QAYDA
111. Məhkəmə bir daha bildirir ki, ərizənin qəbuledilənliyinə dair qərarında Palata inzibati praktikanın mövcudluğuna dair "ilkin dəlillərin" mövcud olduğunu qeyd edib, lakin işin mahiyyəti üzrə araşdırılmasını "inzibati praktikanın mövcudluğu və miqyası ilə bağlı bütün digər məsələlərin, habelə bu praktikanın Konvensiya müddəalarına uyğunluğu məsələsinin araşdırılması" ilə, eləcə də altı aylıq müddət barədə qaydanın tətbiqi məsələsinin araşdırılması ilə birgə həyata keçirməyi qərara alıb. O həmçinin inzibati praktikanın mövcudluğu məsələsi ilə sıx bağlı olan "daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi barədə qaydanın tətbiqi və hazırkı işin halları baxımından bu qaydaya riayət edilməsi" məsələsinin araşdırılmasını işin mahiyyəti üzrə araşdırılması ilə birləşdirib (bax: Gürcüstan Rusiyaya qarşı (I) (qərardad), ərizə № 13255/07, 44-46 və 50-ci bəndlər, 30 iyun 2009-cu il).
A. İnzibati praktika və daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
1. Tərəflərin arqumentləri
a. İnzibati praktika
i. Ərizəçi Hökumətin arqumentləri
112. Ərizəçi Hökumət əsas arqumenti qismində iddia etdi ki, hazırkı işdə inzibati praktikanın iki tərkib elementi, yəni müəyyən hərəkətlərin təkrarlanması və onlara qarşı rəsmi dözümlülük bu işdə mövcud idi.
113. Hərəkətlərin təkrarlanmasına gəlincə, ərizəçi Hökumətin çağırdığı şahidlər Böyük Palatanın hakimlərindən ibarət nümayəndə heyətinə təsdiq etdilər ki, 2006-cı ilin payızında Rusiya Federasiyası tərəfindən Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və ölkədən çıxarılması mütəşəkkil xarakter daşıyırdı. Bundan başqa, onlar əvvəllər heç vaxt hər hansı çətinliklərlə üzləşməsələr də, qəflətən bəlli oldu ki, artıq sənədləri qaydasında deyil. Bu, Rusiyanın dövlət orqanlarının pozuntu hərəkətlərinin kifayət qədər çoxsaylı və mütəşəkkil olmasının növbəti sübutu idi və pozuntuların adi hal olduğu barədə nəticə çıxarmağa və bunların müstəsna və ayrı-ayrı hallar olduğu barədə iddianı istisna etməyə əsas verirdi. 2006-cı ilin payızında ölkədən çıxarılmış Gürcüstan vətəndaşlarının sayının əvvəlki və ya sonrakı aylarla və ya illərlə müqayisədə artdığı nəzərə alınarsa, inzibati praktikanın mövcudluğu xüsusilə aşkar görünürdü. Bunu həmçinin bu fakt da təsdiq edirdi ki, cavabdeh Hökumət Gürcüstanla poçt xidməti əlaqələrinin dayandırıldığını təkzib etməmişdi və 5 noyabr 2006-cı ildə Rusiya Federasiyasının Federal Məclisi (iki palatalı qanunvericilik orqan) immiqrasiya qanunvericiliyinin pozulmasına qarşı tədbirləri sərtləşdirmişdi. Nəhayət, ərizəçi Hökumət ümumiyyətlə Rusiya Federasiyasında irqçilik və ksenofobiya problemi barədə bir neçə beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının (o cümlədən xüsusilə HRW-nin) hesabatlarına və medianın məlumatlarına istinad etdi, habelə 2006-cı ilin payızında özünü büruzə vermiş anti-Gürcüstan siyasətini qeyd etdi.
114. Pozuntulara qarşı rəsmi dözümlülüyə gəlincə, ərizəçi Hökumət xüsusən HRW-nin hesabatına istinad etdi, orada qeyd edilirdi ki, Rusiya Hökumətinin həm aşağı, həm də yuxarı səviyyəli qurumları gürcülərin kütləvi şəkildə ölkədən çıxarılması üçün birgə işləyiblər. Hesabatda polis tərəfindən etnik gürcülərin sənədlərinin geniş miqyasda yoxlanılması və ilk növbədə Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin polisə, Federal Miqrasiya Xidmətinə və məhkəmələrə Gürcüstan vətəndaşlarının aşkar edilməsi və ölkədən çxıarılması üçün zəruri tədbirlərin görülməsi barədə təlimatları qeyd edilirdi. Bundan başqa, zərərçəkənlərin ifadələri və beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının hesabatları və medianın məlumatları həm 9215 və 849 saylı əmrlərə əsaslanan təlimatların mövcudluğunu, həm də həmin əmrlərin məzmununun həqiqiliyini sübuta yetirir. Ərizəçi Hökumət xüsusən Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkklilinin 2006-cı il üçün illik hesabatına istinad etdi. Nəhayət, Rusiya rəsmiləri tərəfindən gürcü şagirdlərin valideynlərinin kimliyini müəyyənləşdirmək üçün Rusiya Federasiyasının bir sıra məktəblərinə həmin şagirdlərin siyahısı barədə sorğular göndərilmişdi. Açıq-aydın qanunsuz olan həmin sorğuları göndərən şəxslərin lazımi qaydada cəzalandırılmaması 2006-cı ilin payızında Gürcüstan vətəndaşlarına qarşı aparılmış ayrı-seçkilik siyasətinin daha bir sübutu idi.
ii. Cavabdeh Hökumətin arqumentləri
115. Cavabdeh Hökumət bu iddiaları inkar etdi. Onun fikrincə, Böyük Palatanın hakimlərindən ibarət nümayəndə heyəti tərəfindən şahidlərin dinlənilməsi casusluqda ittiham olunan Rusiya rəsmilərinin həbsinə cavab olaraq Rusiya Federasiyasının Gürcüstan vətəndaşlarının sıxışdırılmasını təşkil etdiyi və buna sanksiya verdiyi və onların qanunsuz kütləvi həbslərini və kolletkiv şəkildə ölkədən çıxarılmasını təşkil etdiyi barədə Gürcüstanın hakimiyyət orqanlarının iddialarını təsdiqləyən heç bir sübut ortaya çıxarmadı.
116. Cavabdeh Hökumət bildirdi ki, inzibati hüquqpozmalara görə Gürcüstan vətəndaşlarının məsuliyyəti ilə əlaqədar onlara qarşı onun tərəfindən həyata keçirilmiş hərəkətlər və onları ölkədən çıxarmaq üçün görülmüş tədbirlər qanuna uyğun idi və qanuni məqsəd daşıyırdı və heç bir halda Gürcüstan vətəndaşlarının etnik statusu və ya vətəndaşlığı ilə əlaqədar deyildi və ya bunlardan irəli gəlmirdi. Rusiyanın dövlət orqanları Gürcüstan vətəndaşlarına qarşı heç vaxt hər hansı inzibati praktika tətbiq etməmişdilər və ya onları Konvemsiyada nəzərdə tutulan mənada kollektiv şəkildə ölkədən çıxarmamışdılar.
117. O, konkret olaraq hesab etdi ki, ərizəçi Hökumət Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin verdiyi təlimatların, o cümlədən cənab Pyotrovski tərəfindən imzalanmış 2 oktyabr 2006-cı il tarixli təlimatın (həmin təlimatın "iddia edilən" surəti digər hesabatlarla yanaşı AŞPA-nın hesabatına Əlavədə, HRW-nin hesabatında və Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkilinin hesabatında peyda olmuşdu) həqiqiliyini əks etdirən və xüsusi olaraq Gürcüstan vətəndaşlarını hədəfə almış ölkədən çıxarma siyasətində inzibati və məhkəmə orqanları arasında koordinasiya olduğunu göstərən heç bir sübut təqdim etməyib. Bu koordinasiyanın qeyd edilməsinin özü absurd idi, belə ki, Rusiya məhkəmələri icra hakimiyyətindən müstəqil idilər. Bundan başqa, şahidlərin dinlənilməsi zamanı Rusiya rəsmiləri təsdiq etdilər ki, belə təlimatlar heç vaxt verilməyib. Eyni sözlər Sankt-Peterburqun və Leninqrad vilayətinin polis rəisi vəzifəsini icra edən şəxs tərəfindən verilmiş 2 oktyabr 2006-cı il tarixli təlimata və Federal Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 18 oktyabr 2006-cı il tarixli məlumatlandırıcı qeydlərə də aiddir. Rusiya rəsmilərinin istinad etdiyi yeganə təlimatlar Baş prokurorun müavini tərəfindən verilmiş təlimatlar idi, orada bütün prokurorlardan xahiş olunurdu ki, MDB ölkələrinin vətəndaşlarının konstitusion hüquq və azadlıqlarına hörmətin təmin edilməsi məqsədi ilə nəzarəti gücləndirsinlər (yuxarıda 38-ci bəndə bax). 0215 və 849 saylı əmrlərə (iddia edildiyinə görə həmin təlimatlarda bu əmrlərə istinad edilirdi), habelə sərəncama və məlumatlandırıcı qeydlərə gəlincə, cavabdeh Hökumət onların ərizəçi Hökumət tərəfindən iddia edilən məzmununu şübhə altına aldı.
118. Bundan başqa, Rusiya Federasiyasının məktəblərindəki gürcü şagirdlərin siyahısının təqdim edilməsi üçün Rusiya rəsmiləri tərəfindən sorğu verilməsi ayrı-ayrı hallar idi (ümumilikdə iki inzibati qurumdan yalnız dörd sorğu verilmişdi) və onlar lazımi qaydada cəzalandırılmışdılar, şahidlərin dinlənilməsi də bunu təsdiq etdi.
119. Cavabdeh Hökumət həmçinin ərizəçi Hökumət tərəfindən təqdim edilmiş statistik sübutları da şübhə altına alaraq hesab etdi ki, Gürcüstanın dövlət orqanlarının kütləvi "anti-gürcü kampaniyası" barədə iddialarını əsaslandırmaq üçün Gürcüstan vətəndaşlarının araşdırılan dövrdə görünməmiş dərəcədə kütləvi şəkildə ölkədən çıxarıldığını qeyd etmələri hər hansı rəsmi statistik məlumatlarla təsdiqlənmirdi. O, ümumiyyətlə müəyyən hesabatlarda, o cümlədən konkret olaraq HRW-nin hesabatında və AŞPA-nın Monitorinq Komitəsinin hesabatında verilən məlumatların əhəmiyyətini şübhə altına alaraq iddia etdi ki, bu məlumatlar əsasən Gürcüstanın hakimiyyət orqanlarının və ya Gürcüstan vətəndaşlarının açıqlamalarına əsaslanıb və sənədlərlə və ya qəbul edilə bilən digər sübutlarla təsdiqlənmir. Buna görə də cavabdeh Hökumət tərəfindən ciddi pozuntuların baş verdiyi qənaətinə gəlmək üçün bu hesabatlara istinad etmək olmaz.
b. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
i. Ərizəçi Hökumətin arqumentləri
120. Alternativ olaraq, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi barədə qaydanın bu işə tətbiq ediləcəyi təqdirdə ərizəçi Hökumət bildirdi ki, cavabdeh Hökumətin istinad etdiyi hüquqi müdafiə vasitələri bu işin spesifik kontekstində səmərəsiz və əlçatmaz idi. Bundan başqa, Rusiyanın hakimiyyət orqanları tərəfindən həyata keçirilən və insan hüquqlarını kütləvi pozuntuları ilə nəticələnən anti-Gürcüstan kampaniyasının ümumi konteksti Gürcüstan vətəndaşlarını həmin hüquqi müdafiə vasitələrindən istifadə etmək vəzifəsindən azad edirdi.
Konkret olaraq, hələ də Rusiya Federasiyası ərazisində olsalar da, Gürcüstan vətəndaşları ölkədən çıxarılma barədə qərarlardan şikayət verməmişdilər, çünki bu imkan barədə məlumatsız idilər və bəzi hallarda hətta Rusiya rəsmiləri onları şikayət hüququndan imtina etdikləri barədə formaları imzalamağa məcbur edirdilər. Bunun ardınca onlar ölkədən çıxarıldıqdan sonra daha şikayət ərizəsi verə bilmirdilər, çünki iki dövlət arasında bütün əlaqə vasitələri kəsilmişdi və Gürcüstanın Rusiya Federasiyasındakı konsulluğunun və ya Rusiya Federasiyasının Gürcüstandakı konsulluğunun xidmətlərindən istifadə etmək mümkün deyildi. Bundan başqa, ölkədən çıxarılma barədə qərarlar subyektiv qərarlar idi və Rusiya Federasiyasının inzibati hüquqpozmalar məcəlləsinin normalarını pozurdu, belə ki, həmin normalara əsasən, maksimum on bir günlük şikayət müddəti bitməyənə qədər belə qərarlar qüvvəyə minə bilməzdi (yuxarıda 77-ci bəndə bax). Nəhayət, 15 aprel 2011-ci il tarixli məktubunda cavabdeh Hökumətin təqdim etdiyi qərarlardakı nöqsanlar (yuxarıda 85-ci bəndin son hissələrinə bax) təsdiq etdi ki, həmin dövrdə daxili hüquqi müdafiə vasitələri səmərəsiz idi.
ii. Cavabdeh Hökumətin arqumentləri
121. Cavabdeh Hökumətin bildirdiyinə görə, şahidlərin dinlənilməsindən aydın oldu ki, ərizəçi Hökumətin dinlənilməyə çağırdığı bütün Gürcüstan vətəndaşları Rusiya Federasiyasının qanunsuz sakinləri idilər və ölkədən çıxarılma barədə qərarlara etiraz etmək üçün əlçatan və səmərəli daxili hüquqi müdafiə vasitələrindən istifadə edə bilərdilər. Faktiki olaraq ölkədən çıxarılmazdan əvvəl onlar barələrindəki məhkəmə qərarlarından şikayət verə və ya işə məhkəmə nəzarəti qaydasında baxılması üçün müraciət edə, yaxud hüquqi məsələlərlə bağlı apellyasiya şikayəti verə bilərdilər. Məhkəmənin sorğusu əsasında ona göndərdikləri 15 aprel 2011-ci il tarixli məktubda Rusiyanın hakimiyyət orqanları Rusiya qanunvericiliyinə əsasən bu cür pozuntular baş verdiyi təqdirdə mövcud olan məhkəmə müdafiəsinə dair hüquqi təminatları təfsilatlı şəkildə göstərdilər və Gürcüstan vətəndaşlarının başladığı məhkəmə proseslərində Rusiya məhkəmələrinin şikayətlər üzrə çıxardığı qərarlardan nümunələr gətirdilər. Bu informasiya Rusiyadan çıxarılmış Gürcüstan vətəndaşlarının sayı barədə statistik məlumatlara və Rusiyanın dövlət orqanlarının həmin dövrdə "heç vaxt anti-gürcü kampaniyası" aparmadıqları və ya Gürcüstan vətəndaşlarını ölkədən kollektiv şəkildə çıxarmadıqları barədə bəyanatlarına tam uyğundur. Gürcüstan vətəndaşları həmçinin prokurorluğa müraciət edə bilərdilər, o, Rusiya qanunvericiliyinə əsasən hüquqi məsələlərlə bağlı protest vermək və ya qərara yenidən baxılmasını tələb etmək hüququna malik idi.
2. Məhkəmənin qiymətləndirməsi
a. Ümumi prinsiplər
122. Məhkəmə bir daha bildirir ki, inzibati praktika iki elementdən ibarətdir: "hərəkətlərin təkrarlanması" və onlara qarşı "rəsmi dözümlülük" (bax: Fransa, Norveç, Danimarka, İsveç və Niderland Türkiyəyə qarşı, ərizələr № 9940‑9944/82, Komissiyanın 6 dekabr 1983-cü il tarixli qərarı, 19-cu bənd, DR 35; və Kirp Türkiyəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 99-cu bənd).
123. "Hərəkətlərin təkrarlanmasına "gəlincə, Məhkəmə bunu belə təsvir edir: "kifayət qədər çoxsaylı və qarşılıqlı əlaqəli olan və sadəcə ayrı-ayrı insidentlər və istisna hallar deyil, adi hal və ya sistem təşkil edən eyni və ya analoji pozuntuların üst-üstə yığılması" (bax: İrlandiya Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 159-cu bənd; və Kirp Türkiyəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 115-ci bənd).
124. "Rəsmi dözümlülük" o deməkdir ki, "qanunsuz hərəkətlərə dözümlülüklə yanaşılır, yəni belə hərəkətlərə görə birbaşa məsuliyyət daşıyanların rəisləri həmin hərəkətlərdən xəbərdar olsalar da, onları cəzalandırmaq və ya bu hərəkətlərin təkrarlanmasının qarşısını almaq üçün heç bir tədbir görmürlər; yaxud çoxsaylı məlumatların çatdırıldığı yuxarı orqan onların dorğu və ya yalan olması ilə bağlı hər hansı adekvat araşdırma aparmaqdan imtina etməklə məsələyə etinasızlıq nümayiş etdirir, yaxud da məhkəmə prosesində belə şikayətlərə ədalətli şəkildə baxmaqdan imtina edilir". Komissiya bu sonuncu elementə onu da əlavə etdi ki, "yuxarı orqan tərəfindən görülmüş hər hansı tədbir həmin hərəkətlərin təkrarlanmasına son qoymaq, yaxud adi hal və ya sistem təşkil edən həmin hərəkətləri dayandırmaq üçün yetərli miqyasda olmalıdır" (Fransa, Norveç, Danimarka, İsveç və Niderland Türkiyəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərarın eyni bəndinə bax). Bununla bağlı Məhkəmə qeyd edib ki, dövlətin yuxarı orqanlarının bu cür praktikanın mövcudluğundan xəbərsiz olması və ya ən azı xəbərsiz olmasının yolverilən hal sayılması inanılmazdır. Bundan başqa, Konvensiyaya əsasən həmin orqanlar tabeliklərində olanların davranışına görə ciddi məsuliyyət daşıyırlar; onlar öz hakimiyyət səlahiyyətlərini tabeliklərində olanlara tətbiq etmək vəzifəsini daşıyırlar və hakimiyyət səlahiyyətlərinə hörmət edilməsini təmin etmək iqtidarında olmamaları ilə özlərinə haqq qazandıra bilməzlər" (bax: İrlandiya Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 159-cu bənd).
125. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi barədə qaydaya gəlincə, Məhkəmə bir daha bildirir ki, onun dövlətlərarası işlər üzrə presedent hüququna əsasən, ərizəçi Hökumət "praktikanın davam etməsinin və ya təkrarlanmasının qarşısını almaq məqsədi ilə həmin praktikanın özündən şikayət edirsə, amma ... həmin praktikanın sübutu və ya əyani nümayişi üçün göstərilən halların hər biri barəsində qərar çıxarmağı ... Məhkəmədən xahiş etmirsə", prinsipcə həmin qayda belə işlərə şamil olunmur (bax: İrlandiya Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 159-cu bənd). İstənilən halda, "inzibati praktikanın mövcudluğu, yəni Konvensiyaya zidd olan hərəkətlərin təkrarlanması və dövlət tərəfindən buna qarşı rəsmi dözümlülüyün olması sübuta yetirilərsə və bu praktikanın hüquqi prosedurları mənasız və ya səmərəsiz etməsi təsdiqlənərsə, bu qayda belə işlərə tətbiq edilmir (bax: İrlandiya Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, eyni bənd; Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, 67-ci bənd, Qərar və qərardadlar toplusu, 1996‑IV; və Kipr Türkiyəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 99-cu bənd).
126. Lakin daxili hüquqi müdafiə vasitələrinin səmərəliliyi və əlçatanlığı məsələsi bu cür praktikanın mövcud olub-olmadığının əlavə sübutu sayıla bilər (konkret olaraq Kipr Türkiyəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərarın 87-ci bəndinə bax).
127. Məhkəmə hesab edir ki, bu məsələnin inzibati praktikanın mövcudluğu məsələsi ilə birgə araşdırılması hazırkı işdə xüsusilə məqsədəuyğundur.
b. Yuxarıdakı prinsiplərin tətbiqi
i. İnzibati praktika
128. Hazırkı işdə Məhkəmənin Konvensiya ilə təmin edilən hüquqların ayrı-ayrı pozuntularını araşdırması tələb olunmur; lakin onun diqqətinə çatdırılmış həmin ayrı-ayrı hallar mümkün praktikanın mövcudluğunun sübutu kimi araşdırıla bilər (bax: İrlandiya Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 157-ci bəndin son hissəsi).
129. Mümkün inzibati praktikanın mövcud olub-olmadığını müəyyənləşdirmək üçün Məhkəmə əlində olan sübutları yuxarıda müəyyən edilmiş meyarların işığında qiymətləndirəcək (yuxarıda 93-95-ci bəndlərə bax).
130. Bununla əlaqədar olaraq, o ilk növbədə qeyd edir ki, sözügedən dövrdə (2006-cı ilin sentyabrından 2007-ci ilin yanvarınadək) tutulmuş, həbsə alınmış və ölkədən çıxarılmış Gürcüstan vətəndaşlarının dəqiq sayı barədə tərəflərin təqdim etdikləri statistik məlumatlar bir-birindən fərqlənir (yuxarıda 27-28-ci bəndlərə bax).
131. Əslində ərizəçi Hökumət iddia edib ki, həmin dövrdə Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə 4.634 qərar çıxarılıb, onlardan 2.380 nəfəri həbsə alınıb və məcburi qaydada ölkədən çıxarılıb, qalan 2.254 nəfər isə ölkəni öz vəsaitləri hesabına tərk edib, özü də 2006-cı ilin oktyabrından başlayaraq Gürcüstan vətəndaşlarının Rusiyadan çıxarılmasına dair qeydə alınmış halların sayında əvvəlki dövrlə müqayisədə kəskin artım olub.
132. Öz növbəsində yalnız illik və ya yarımillik statistikaya malik olduğunu bildirən cavabdeh Hökumət söylədi ki, 2006-cı ildə Gürcüstan vətəndaşlarının inzibati qaydada ölkədən çıxarılması barədə 4.022 qərar çıxarılıb və əlavə etdi ki, 1 oktyabr 2006-cı ildən 1 aprel 2007-ci ilədək 2.862 Gürcüstan vətəndaşı barəsində ölkədən çıxarılma qərarları olub.
133. Məhkəmə qeyd edir ki, cavabdeh Hökumət 1 oktyabr 2006-cı ildən 1 aprel 2007-ci ilədək olan dövr üçün statistik məlumatları təqdim edib ki, bu da təqvim ilinin yarısına uyğun gəlmir və aylıq statistik məlumatların toplanıldığını güman etməyə əsas verir.
134. 2006 və 2007-ci illər il üçün aylıq statistik məlumatların təqdim edilmədiyni nəzərə alaraq, Məhkəmə cavabdeh Hökumətin göstərdiyi rəqəmlərin sözügedən dövrdə Rusiyadan çıxarılmış Gürcüstan vətəndaşlarının dəqiq sayına uyğun olduğunu qəbul etmək imkanında deyil.
135. Müvafiq olaraq, o hesab edir ki, sözügedən dövrdə Rusiyadan çıxarılmış Gürcüstan vətəndaşlarının sayı haqqında və 2006-cı ilin oktyabrına qədərki dövrlə müqayisədə bu sayda kəskin artım olduğu barədə ərizəçi Hökumətin iddialarının həqiqiətə uyğun olduğunu müəyyənləşdirməyə imkan verən heç nə yoxdur. Buna görə də o, hazırkı işi araşdırarkən belə fərz edir ki, sözügedən dövrdə Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə 4.600-dən artıq qərar çıxarılıb, onlardan təxminən 2.380 nəfəri həbsə alınıb və məcburi qaydada ölkədən çıxarılıb.
136. Sərəncamındakı bütün materilları nəzərə alaraq Məhkəmə qeyd edir ki, sözügedən hadisələr: əmrlərin və təlimatların verilməsi, Gürcüstan vətəndaşlarının kütləvi həbsləri və ölkədən çıxarılması, Moskvadan Tbilisiyə təyyarə uçuşları və Rusiya rəsmiləri tərəfindən məktəblərə məktublar göndərilməsi eyni vaxtda, yəni 2006-cı ilin sentyabrının sonunda və ya oktyabrının əvvəlində baş verib. Etiraz edilən hadisələrin beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları tərəfindən təsvirindəki uyğunluq da bu baxımdan əhəmiyyətlidir (yuxarıda 63-74-cü bəndlərə bax).
137. Cavabdeh Hökumət bu təşkilatların hesabatlarında yer alan məlumatların sübutedici dəyərini şübhə altına aldı.
138. Lakin Məhkəmə bir daha xatırlatmaq istərdi ki, o, "öz prosedur və qaydalarına yetərincə bələd olmaqla yanaşı, qarşısındakı sübutların hər birinin təkcə qəbuledilənliyini və əhəmiyyətliliyini deyil, həm də sübutedici dəyərini qiymətləndirməkdə tam sərbəstliyə malikdir" (bax: İrlandiya Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 210-cu bəndin son hissəsi). O, insan hüquqlarıının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların və hökumət mənbələrinin hesabatlarında yer alan məlumatlara çox zaman önəm verib (bax (müvafiq dəyişikliklərlə): Saadi İtaliyaya qarşı [BP], ərizə 37201/06, 131-ci bənd, AİHM 2008; NA. Birləşmiş Krallığa qarşı, ərizə 25904/07, 119-cu bənd, 17 iyul 2008-ci il; M.S.S. Belçikaya və Yunanıstana qarşı [BP], ərizə 30696/09, 227-ci və 255-ci bəndlər, AİHM 2011; və Hirsi Camaa və başqaları İtaliyaya qarşı [BP], ərizə 27765/09, 118-ci bənd, AİHM 2012). Bu hesabatların mötəbərliyini qiymətləndirmək üçün müvafiq meyarlar onların müəlliflərinin nüfuz və reputasiyasından, onlar tərtib edilərkən aparılmış araşdırmaların ciddiliyindən, həmin hesabatlarda çıxarılan nəticələrin ziddiyyətsizliyindən və onların digər mənbələrlə təsdiqlənib-təsdiqlənməməsindən ibarətdir (bax (müvafiq dəyişikliklərlə): Saadinin işi üzrə yuxarıda istinad edilən qərar, 143-cü bənd; NA.-nın işi üzrə yuxarıda istinad edilən qərar, 120-ci bənd; və Sufi və Elmi Birləşmiş Krallığa qarşı, ərizələr № 8319/07 və 11449/07, 230-cu bənd, 28 iyun 2011-ci il).
139. Hazırkı işdə bu hesabatlar tərtib edilərkən aparılmış araşdırmaların hərtərəfli olduğunu, araşdırılan məsələlərlə bağlı orada çıxarılan nəticələrin bir-birinə uyğun gəldiyini və gürcü şahidlərin ifadələrini təsdiqlədiyini nəzərə alaraq, Məhkəmə bu hesabatların mötəbərliyini sual altına almaq üçün hər hansı səbəb görmür.
140. Bundan başqa, Məhkəmə hesab edir ki, Konvensiyanın 38-ci maddəsinin pozulduğu onun tərəfindən müəyyən edildikdən sonra belə bir ciddi ehtimal var ki, xüsusi olaraq Gürcüstan vətəndaşlarının Rusiyadan çıxarılması barədə göstərişin yer aldığı əmrlərin məzmunu barədə ərizəçi Hökumətin iddiaları inandırıcıdır.
141. Eyni sözlər ərizəçi Hökumət tərəfindən təqdim edilən və bu əmrlərə istinad edən sənədlərin, o cümlədən konkret olaraq Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin verdiyi 2 oktyabr 2006-cı il tarixli 122721/08 saylı təlimatın həqiqiliyinə də aiddir (yuxarıda 31-ci bəndə bax).
142. Sankt-Peterburqun və Leninqrad vilayətinin Daxili İşlər Baş İdarəsinin 30 sentyabr 2006-cı il tarixli 0215 saylı əmrinin icrası üçün qəbul edilmiş həmin təlimatda Rusiya Federasiyasında qanunsuz yaşayan "Gürcüstan Respublikası vətəndaşlarının" ölkədən çıxarılması açıq-aydın göstərilmişdi. Orada "yalnız" həmin vətəndaşların Daxili İşlər Baş İdarəsinin qəbul və saxlanma mərkəzlərində yerləşdirilməklə ölkədən çıxarılması barədə göstəriş vardı. Üstəlik, orada qeyd edilirdi ki, "qərarların qəbulu Sankt-Peterburq şəhər məhkəməsi və Leninqrad vilayət məhkəməsi ilə koordinasiya olunur".
143. Məhkəmə həmçinin bu təlimata istinad etmiş hökumət və qeyri-hökumət təşkilatlarının hesabatlarını (bax: AŞPA və HRW-nin hesabatları (həmin təlimat bu hesabatlara əlavə olunmuşdu) və FIDH-in hesabatı, 26(b) bəndinin son hissəsi – yuxarıda 39-40-cı bəndlərə bax) və 2006-cı il tarixli hesabatında həmin təlimata istinad etmiş Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkilinin gəldiyi nəticəni qeyd edir, belə ki, o hesab etmişdi ki, təlimatın həqiqiliyi barədə məlumat üçün onun verdiyi sorğuya Baş prokurorun müavininin cavabı qaneedici deyil (yuxarıda 35-ci bəndə bax). Bununla bağlı qeyd etmək lazımdır ki, 8 dekabr 2006-cı il tarixli cavabında Baş prokurorun müavini sözügedən təlimatın həqiqi olmadığını bildirməmişdi (yuxarıda 34-cü bəndə bax).
144. Nəhayət, bu məsələ şübhə altına alınmadı ki, 2006-cı ilin oktyabrının əvvəlində Moskvanın müxtəlif rayonlarının və Samara vilayətinin daxili işlər idarələrinin rəsmiləri tərəfindən məktəb direktorlarına sorğular göndərilərək müxtəlif səbəblərdən (məsələn, ictimai qaydanı qorumaq, Moskvada yaşayan uşaqlarla gürcü uşaqlar arasında terror aktlarının və gərginliyin qarşısını almaq, qanunsuz mühacirlər tərəfindən məktəblərə rüşvət verilməsi hallarını aşkar etmək, uşaqların qeyri-sağlam şəraitdə yaşaması hallarını aşkara çıxarmaq üçün) gürcü şagirdlərin siyahısı istənilib (yuxarıda 36-37-ci bəndlərə bax).
145. Qeyd etmək lazımdır ki, oktyabrın əvvəlinə qədər bu tip heç bir sorğu göndərilməmişdi. Hətta çoxlu sayda məktub göndərilməsə belə və onların öz təşəbbüsü ilə hərəkət edərək canfəşanlıq göstərən rəsmilər tərəfindən göndərilməsi istisna olunmasa belə, bu fakt heyrətamizdir ki, bu məktublar əmrlərlə təlimatların göndərildiyi eyni tarixlərdə göndərilmişdi. Üstəlik, şahidlərin dinlənilməsi zamanı Rusiya rəsmiləri təsdiq etdilər ki, belə hərəkətlər qanunla ciddi şəkildə qadağan edilib, buna görə də təəccüblüdür ki, bir neçə rəsmi şəxs qüvvədə olan qanunvericiliyi eyni vaxtda öz təşəbbüsü ilə pozub. Nəhayət, Məhkəmə qeyd edir ki, rəsmilərə tətbiq edilmiş cəzalar töhmətdən, vəzifələrinin aşağı endirilməsindən və intizam tədbirlərindən ibarət idi (yuxarıda 37-ci bəndə bax).
146. Müvafiq olaraq, o hesab edir ki, cavabdeh Hökumət tərəfindən təqdim edilmiş sübutlar (xüsusən baş prokurorun müavininin dekabr 2006-cı tarixli iki məktubu və müxtəlif məktəblərə sorğular göndərildikdən sonra Rusiyanın dövlət orqanları tərəfindən aparılmış araşdırmaların hesabatları) Rusiyanın dövlət orqanlarının bu cür qanunsuz hərəkətlərinə qarşı "rəsmi dözümlülüyün" olduğu barədə iddiaları təkzib etmək iqtidarında deyil.
ii. Daxili hüquqi müdafiə vasitələri
147. Daxili hüquqi müdafiə vasitələrinin səmərəliliyinə və əlçatanlığına gəlincə, Məhkəmə ilk növbədə qeyd edir ki, tutulma şəraiti barədə və Rusiya Federasiyasının məhkəmələrində aparılan olduqca sadələşdirilmiş prosedurlar haqqında gürcü şahidlərin ifadələri bir-birinə uyğun gəlir (yuxarıda 45-46 və 48-49-cu bəndlərə bax).
148. Eyni sözlər bu hadisələrin beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları tərəfindən təsvirinə də aiddir, onlar xüsusilə inzibati və məhkəmə orqanları arasındakı koordinasiyanı qeyd ediblər (yuxarıda 39-40 və 68-71-ci bəndlərə bax).
149. Məhkəmə qeyd edir ki, Gürcüstan vətəndaşları İnzibati hüquqpozmalar məcəlləsinin 18.8, 18.10 və 18.11-ci maddələrinin iddia edilən pozuntularına (məsələn, qanuni iş icazəsinin, viza və ya qeydiyyat arayışının olmamasına) görə tutulublar, həbsə alınıblar və ölkədən çıxarılıblar, qərarlar isə ümumi məhkəmələr tərəfindən qəbul edilib.
150. Şübhə yoxdur ki, müxtəlif qeydlərində cavabdeh Hökumətin bildirdiyi kimi və şahidlərin dinlənilməsi zamanı Rusiya rəsmilərinin qeyd etdikləri kimi, tutulma, həbsə alınma və ölkədən çıxarılma barədə qərarlara qarşı Rusiya Federasiyasının yuxarı məhkəmələrindəki icraatda daxili hüquqi müdafiə vasitələri mövcuddur (həmçinin bax: Niyazov Rusiyaya qarşı, ərizə № 27843/11, 87-ci və sonrakı bəndlər, 16 oktyabr 2012-ci il).
151. Lakin Məhkəmə məsələyə realistcəsinə yanaşaraq təkcə "müvafiq iştirakçı dövlətin hüquq sistemində formal hüquqi müdafiə vasitələrinin mövcudluğunu deyil, həm də onların fəaliyyət göstərdiyi ümumi və siyasi konteksti, habelə ərizəçilərin fərdi durumlarını nəzərə almalıdır" (bax (müvafiq dəyişikliklərlə): Akdivar və başqalarının işi, 69-cu bənd).
152. Sərəncamındakı bütün materialları nəzərə alaraq, Məhkəmə hesab edir ki, sözügedən dövrdə bu hüquqi müdafiə vasitələrindən istər Rusiya Federasiyasının məhkəmələrindəki icraatlarda, istərsə də Gürcüstana göndərildikdən sonra Gürcüstan vətəndaşlarının istifadə etməsi qarşısında real maneələr vardı.
153. O hesab edir ki, Rusiya Federasiyasında həmin maneələr, gürcü şahidlərin qeyd etdiyi kimi, Rusiya məhkəmələri tərəfindən tətbiq edilən prosedurlar nəticəsində yaranmışdı, yəni onlar məhkəmələrə qruplar halında gətirilmişdilər. Bəziləri hakimlə müsahibənin orta hesabla beş dəqiqə çəkdiyini və işin faktlarının lazımi qaydada araşdırılmadığını qeyd etdiyi halda, digərləri dedilər ki, onların məhkəmə zalına daxil olmasına icazə verilməyib və onlar dəhlizlərdə, yaxud hətta onları məhkəməyə gətirmiş avtobuslarda digər Gürcüstan vətəndaşları ilə birlikdə gözləməli olublar. Onlar dedilər ki, daha sonra onlara göstəriş verilib ki, məhkəmə qərarlarına imza atsınlar və onlar qərarın məzmununu oxumaq və ya surətini almaq imkanına malik olmayıblar. Onların nə tərcüməçisi, nə də vəkili olub. Bir qayda olaraq, həm hakimlər, həm də polis əməkdaşları onları qərarlardan şikayət verməkdən çəkindirərək deyiblər ki, Gürcüstan vətəndaşlarını ölkədən çıxarmaq barədə göstəriş var.
154. Bundan başqa, bu tədbirlərin həyata keçirildiyi alçaldıcı və hədələyici mühit də Gürcüstan vətəndaşlarının həmin hüquqi müdafiə vasitələrinin istifadə etməyə niyə meyl göstərmədiklərini izah edir.
155. Bu məsələ ilə bağlı Məhkəmə bu prosedurların Rusiya rəsmiləri tərəfindən verilmiş təsvirini deyil (sözügedən dövrdə ölkədən çıxarılmış Gürcüstan vətəndaşlarının sayı nəzərə alındığı təqdirdə bu təsvir qeyri-mümkün görünür), gürcü şahidlər tərəfindən verilmiş təsvirini daha inandırıcı hesab edir, həmin təsvir beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının verdikləri təsvirə uyğun gəlir.
156. Məhkəmə hesab edir ki, Gürcüstanda olarkən daxili hüquqi müdafiə vasitələrindən istifadə etmək məsələsində psixoloji amildən əlavə praktiki maneələr də vardı, belə ki, iki ölkə arasında nəqliyyat əlaqələri qapadılmışdı. Bundan başqa, Rusiya Federasiyasının Gürcüstandakı konsulluğu ilə təmasa girmək çox çətin idi, həmin dövrdə onun üç diplomatdan ibarət çox kiçik personalı vardı.
157. Daha sonra Məhkəmə hesab edir ki, konkret olaraq sözügedən dövrdə Rusiya məhkəmələri tərəfindən Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə qəbul edilmiş qərarların sayına dair aylıq statistik məlumatlar təqdim edilmədiyinə görə, cavabdeh Hökumətin 15 aprel 2011-ci il tarixli məktubunda təqdim etdiyi sənədlər (yuxarıda 85-ci bəndin son hissəsinə bax) həmin dövrdə həmin hüquqi müdafiə vasitələrinin səmərəli və əlçatan olduğuna və ağlabatan uğur perspektivinə malik olduğuna dair yetərli sübut təşkil etmir.
158. Konkret olaraq, Rusiya Federasiyasında mövcud olan ərazi vahidlərinin və həmin dövrdə Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə qəbul edilmiş qərarların sayını nəzərə alsaq, şikayətlər üzrə qəbul edilmiş olan və Məhkəməyə təqdim edilən qərarların sayı (42) minimal görünür (yuxarıda 135-ci bəndə bax). Həmçinin nəzərə alsaq ki, sözügedən dövrdə Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması hallarının çoxu onların çoxunun yaşadığı Moskva və Sankt-Peterburq şəhərlərində baş verib, bu şəhərlərdə şikayətlər üzrə qəbul edilmiş olan və Məhkəməyə təqdim edilən qərarların (Moskva – 8, Sankt-Peterburq – 17) sayı gülünc görünür.
iii. Nəticə
159. Bütün bu amilləri nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, 2006-cı ilin oktyabrından Rusiya Federasiyasında Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və ölkədən çıxarılmasından ibarət koordinasiyalı siyasət yürüdülürdü ki, bu da Konvensiya üzrə presedent hüququnun məqsədləri baxımından inzibati praktikaya bərabərdir. Müvafiq olaraq, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi ilə əlaqədar cavabdeh Hökumətin irəli sürdüyü etiraz rədd edilməlidir.
B. Altı aylıq müddət haqqında qayda
160. Məhkəmə bir daha bildirir ki, "hüquqi müdafiə vasitələri mövcud olmadığı halda bu müddət Konvensiyaya uyğun olmadığı iddia edilən hərəkətin baş verdiyi və ya qərarın çıxarıldığı tarixdən hesablanır" (digər qərarlarla yanaşı, bax: Gürcüstan Rusiyaya qarşı (I) iş üzrə yuxarıda istinad edilən qərar, 47-ci bənd).
161. Palata bu məsələyə işin mahiyyəti üzrə araşdırılması ilə eyni vaxtda baxmaq məqsədi ilə bu məsələyə baxılmasını təxirə salsa da, iki Hökumətin heç biri bu məsələ ilə bağlı hər hansı qeydlərini təqdim etmədilər. Ərizəçi Hökumət sadəcə Məhkəmədən xahiş etdi ki, ərizənin Konvensiyada nəzərdə tutulmuş altı aylıq müddət ərzində təqdim edildiyi barədə qərar çıxarsın.
162. Hazırkı işdə ərizə Məhkəməyə 26 mart 2007-ci ildə təqdim edilib, ərizəçi Hökumətin şikayətinin predmeti olan Gürcüstan vətəndaşlarının ölkədə çıxarılması barədə qərarlar isə 27 sentyabr 2006-cı ildən sonra qəbul edilib.
163. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, Konvensiyada nəzərdə tutulmuş altı aylıq müddətə riayət edilib.
IV. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
164. Ərizəçi Hökumət 4 saylı Protokolun 4-cü maddəsinə istinad etdi, həmin maddədə deyilir:
"Əcnəbilərin kollektiv şəkildə ölkədən çıxarılması qadağandır".
A. Tərəflərin arqumentləri
1. Ərizəçi Hökumət
165. Ərizəçi Hökumət bildirdi ki, cavabdeh Hökumət gürcüləri kütləvi şəkildə Rusiya Federasiyasının ərazisindən çıxarıb və işlərinə məhkəmə tərəfindən baxılması hüququndan məhrum edib. Onun fikrincə, ciddi narahatlıq doğuran məsələ ondan ibarətdir ki, məhkəmə prosesləri zamanı barəsində ölkədən çıxarılma qərarı qəbul edilmiş şəxslərin işlərinə mahiyyəti üzrə baxılmayıb. Şahidlərin dinlənilməsindən və beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının hesabatlarından aydın oldu ki, məhkəmələr Gürcüstan vətəndaşlarının arqumentlərini dinləmək istəməyiblər və sonuncular ölkədən çıxarılmalarına qarşı şikayət verərək onu əsaslandırmaq imkanına malik olmayıblar. Hakimlər ölkədən çıxarılma barədə bütün qərarlarda eyni standartdan istifadə edərək işin faktoloji hallarını araşdırmadan sadəcə qərarın mətninə adları və tarixləri daxil ediblər. Zərərçəkənlərin bəziləri hətta məhkəmə qarşısına çıxmaq imkanına belə malik olmayıblar.
2. Cavabdeh Hökumət
166. Cavabdeh Hökumət bu iddialara etiraz etdi və bildirdi ki, hazırkı iş Konka Belçikaya qarşı işdən (ərizə № 51564/99, AİHM 2002-I) olduqca fərqlənir, belə ki, Rusiya Federasiyasının dövlət orqanları Gürcüstan vətəndaşlarını kollektiv şəkildə ölkədən çıxarmalarını heç vaxt bəyan etməyiblər və müvafiq rəsmilərə heç bir belə təlimat verməyiblər. Bundan başqa, Gürcüstan vətəndaşları Daxili İşlər Nazirliyinin müvafiq orqanlarına çağırılmayıblar və onların çoxu öz vəsaitləri hesabına Rusiyanı tərk etmək imkanına malik olublar. Nəhayət, inzibati hüquqpozmaya görə məhkəməyə cəlb olunan və inzibati qaydada ölkədən çıxarılan hər bir Gürcüstan vətəndaşının işinə Rusiya qanunvericliyinə uyğun olaraq fərdi qaydada baxılıb. Cavabdeh Hökumət gürcü şahidlərin bununla bağlı ifadələrinin etibarlılığını şübhə altına aldı və Rusiya rəsmiləninin ifadələrinə istinad etdi. Cavabdeh Hökumətin bildirdiyinə görə, hazırkı iş daha çox Sultani Fransaya qarşı işə (ərizə № 45223/05, AİHM 2007-IV, çıxarışlar) bənzəyir, belə ki, həmin işdə olduğu kimi cavabdeh Hökumət 2006-cı ilin oktyabrında Rusiya Federasiyası ilə Gürcüstan arasında hava əlaqələri kəsildiyinə görə Gürcüstanın Rusiya Federasiyasındakı səfirliyi ilə razılaşmalar əsasında Gürcüstan vətəndaşlarını Moskva və Tbilisi arasında daşıyan xüsusi birbaşa uçuş reysləri təşkil etmişdi. Qanunsuz mühacirlərin və Rusiya ərazisində yaşamaq haqqında qanunvericiliyinin normalarını hər hansı digər formada pozmuş şəxslərin ölkədən çxıarılması Rusiya dövlətinin milli və beynəlxalq təhlükəsizliyi təmin etməyə yönələn suveren hüququ və vəzifəsi idi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
167. Məhkəmə öz presedent hüququnu bir daha xatırladır, həmin presedent hüququna əsasən, "4 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulan mənada ölkədən kollektiv şəkildə çıxarılma əcnəbiləri qrup halında ölkəni tərk etməyə məcbur etməkdən ibarət istənilən tədbir kimi başa düşülməlidir, lakin bu tədbir qrupdakı hər bir əcnəbinin konkret işinin ağlabatan və obyektiv şəkildə araşdırılmasından sonra və həmin araşdırmanın əsasında görülürsə, belə hallar istisna təşkil edir" (bax: Konkanın işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd). Məhkəmə daha sonra qeyd edib ki, "bir neçə əcnəbi barəsində analoji qərarların çıxarılması özlüyündə bu nəticəyə gəlməyə əsas vermir ki, bu hal ölkədən kollekvit şəkildə çıxarılmadır, bu şərtlə ki, hər bir müvafiq şəxsə ölkədən çıxarılmasına qarşı arqumentlərini səlahiyyətli orqanlar qarşısında fərdi qaydada irəli sürmək imkanı verilmiş olsun" (digər qərarlar arasında bax: Sultaninin işi üzrə yuxarıda istinad edilən qərar, 81-ci bənd; və Hirsi Camaa və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 184-cü bənd). Lakin bu o demək deyil ki, hər bir fərdin konkret işi ağlabatan və obyektiv şəkildə araşdırılıbsa, "ölkədən çıxarılma barədə qərarların icra edilmə şəraiti 4 saylı Protokolun 4-cü maddəsinə riayət edilib-edilmədiyinin müəyyənləşdirilməsində daha heç bir rol oynamır" (Konkanın işi üzrə yuxarıda istinad edilən qərarın eyni bəndinə bax).
168. 4 saylı Protokolun 4-cü maddəsinin tətbiq dairəsinə gəlincə, Məhkəmə qeyd edir ki, onun aşağıda araşdıracağı 7 saylı Protokolun 1-ci maddəsindən fərqli olaraq (aşağıda 228-231-ci bəndlərə bax) həmin maddənin mətnində müvafiq şəxslərin hüquqi vəziyyəti göstərilmir. Bundan başqa, 4 saylı Protokolun layihəsinin şərhindən görmək olar ki, Ekspertlər komitəsinin rəyinə görə, 4-cü maddədə qeyd edilən əcnəbilər təkcə ərazidə qanuni şəkildə yaşayanlar deyil, həm də "faktiki olaraq dövlətin vətəndaşlığını əldə etmək hüququ olmayanlardır (istər sadəcə ölkə ərazisindən keçənlər, orada qalanlar və ya daimi məskunlaşanlar, istərsə də qaçqınlar və ya öz təşəbbüsü ilə ölkəyə daxil olanlar, yaxud vətəndaşlığı olmayan və ya başqa ölkənin vətəndaşlığına malik olan şəxslər olsun)" (Ekspertlər komitəsinin hazırladığı 4-cü maddənin layihəsinin yekun variantı, s. 505, 34-cü bənd).
169. Bu şərhə uyğun olaraq, Məhkəmə ona təqdim edilən işlərdə 4 saylı Protokolun 4-cü maddəsini o şəxslərə tətbiq edib ki, onlar müxtəlif səbəblərə görə dövlətin ərazisində yaşayırlar, yaxud dəniz sularında cavabdeh dövlətin bayrağı altında üzən gəmilərdə saxlanılıblar və mənşə ölkəsinə qaytarılıblar (digər qərarlarla yanaşı Konkanın; Sultaninin; Hirsi Camaa və başqalarının işləri üzrə yuxarıda istinad edilən qərarlara bax).
2. Yuxarıdakı prinsiplərin tətbiqi
170. Buna görə də, Gürcüstan vətəndaşlarının Rusiya Federasiyası ərazisində qanuni yaşayıb-yaşamamalarından asılı olmayaraq 4 saylı Protokolun 4-cü maddəsi hazırkı işə tətbiq edilə bilər.
171. Şikayətin mahiyyətinə gəlincə, Məhkəmə ölkədən çıxarma tədbirlərinin Gürcüstan vətəndaşlarının hər birinin konkret situasiyasının ağlabatan və obyektiv şəkildə araşdırılmasından sonra və həmin araşdırmanın əsasında görülüb-görülmədiyini müəyyənləşdirməli və bu zaman həmin dövrdə mövcud olmuş ümumi şəraiti nəzərə almalıdır.
172. O, həmçinin bununla əlaqədar olaraq gürcü şahidlərin və beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının Rusiya məhkəmələrində aparılan olduqca sadələşdirilmiş prosedurlar barədə təsvirlərinin bir-birinə uyğun gəldiyini qeyd edir (yuxarıda 48-49 və 68-71-ci bəndlərə bax).
Belə ki, AŞPA-nın Monitorinq Komitəsi bildirib ki, "ölkədən çıxarılma adi hal" aldıqdan sonra bu, bütün ölkə boyu təkrarlanan təcrübəyə çevrilib: "Gürcülər sənədlərinin yoxlanılması bəhanəsi ilə küçədə saxlanılır, sənədlərinin qaydasında olub-olmamasından asılı olmayaraq həbsə alınır və milis bölmələrinə aparılırdılar; orada onları iri qruplar halında bir yerə toplayır və məhkəmələrə aparırdılar, məhkəmələr isə öncədən onlarla əldə edilmiş razılaşmaya uyğun olaraq inzibati cəza və Rusiya ərazisindən çıxarılma barədə qərarlar çıxarırdılar; orada vəkil iştirak etmirdi və məhkəmələr işin fərdi hallarını nəzərdən keçirmirdilər, bütövlükdə prosedur iki-on dəqiqə çəkirdi. Çox vaxt bu tədbirlərə məruz qalan insanlar məhkəmə zalına buraxılmırdılar, tutulanlar dəhlizlərdə, yaxud hətta oraya gətirildikləri maşınlarda saxlanılırdılar" (AŞPA-nın hesabatı, 59-cu bənd).
173. Bundan başqa, beynəlxalq təşkilatlar Gürcüstan vətəndaşlarının kütləvi şəkildə tutulmasının və ölkədən çıxarılmasının 2006-cı ilin oktyabrının əvvəlində başlandığını və inzibati və məhkəmə orqanları arasında koordinasiya olduğunu qeyd ediblər (yuxarıda 39-40 və 68-71-ci bəndlərə bax).
174. Məhkəmənin rəyinə görə, hazırkı iş Sultaninin işindən fərqli olaraq yuxarıda istinad edilən Konkanın işinə daha çox bənzəyir, bunlardan ikincisində o, ölkədən çıxarılma barədə qərarların icrasını əhatə edən halları nəzərə alaraq müəyyən etmişdi ki, ölkədən kollektiv şəkildə çıxarılma baş verib, birincisində isə qərara almışdı ki, müvafiq orqan ərizəçinin fərdi situasiyasını (sığınacaq axtaran Əfqanıstan vətəndaşı olduğunu) və onun öz ölkəsinə qaytarılacağı təqdirdə məruz qala biləcəyi təhlükələri nəzərə almışdı.
175. Hazırkı işin özəlliyi ondan ibarətdir ki, sözügedən dövrdə Rusiya məhkəmələri Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə minlərlə qərar qəbul etmişdilər (yuxarıda 135-ci bəndə bax). Hətta formal şəkildə götürsək, hər bir Gürcüstan vətəndaşı barəsində məhkəmə qərarı çıxarılmış olsa belə, Məhkəmə hesab edir ki, həmin dövrdə əmrlər və təlimatlar verildikdən sonra ölkədən çıxarılma prosedurlarının həyata keçirilməsi və 2006-cı ilin oktyabrından başlayaraq ölkədən çıxarılmış Gürcüstan vətəndaşlarının sayı hər bir fərdin konkret işinin ağlabatan və obyektiv şəkildə araşdırılmasını mümkünsüz edirdi.
176. Bundan başqa, Rusiya Federasiyasında Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və ölkədən çıxarılmasından ibarət koordinasiyalı siyasətin yürüdüldüyü barədə Məhkəmənin gəldiyi nəticə (yuxarıda 159-cu bəndə bax) də göstərir ki, ölkədən çıxarılmalar kollektiv xarakter daşıyırdı.
177. Bu qənaət dövlətlərin öz immiqrasiya siyasətlərini müəyyənləşdirmək hüququnu şübhə altına almır. Lakin qeyd etmək lazımdır ki, miqrasiya axınlarının idarə olunması ilə bağlı problemlər dövlətin Konvensiya üzrə öhdəliklərinə zidd olan praktikaya əl atmasına haqq qazandıra bilməz (bax (müvafiq dəyişikliklərlə): Hirsi Camaa və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 179-cu bənd).
178. Yuxarıdakı bütün amilləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, sözügedən dövrdə Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması onların hər birinin konkret işinin ağlabatan və obyektiv şəkildə araşdırılmasından sonra və həmin araşdırmanın əsasında həyata keçirilməyib və bu, 4 saylı Protokolun 4-cü maddəsini pozan inzibati praktikaya bərabərdir.
V. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 4-CÜ BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
179. Ərizəçi Hökumət Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə istinad etdi, həmin maddənin müvafiq hissələrində deyilir:
"1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
...
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.
...
4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs həbsinin qanuniliyi məsələsinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir".
A. Tərəflərin arqumentləri
1. Ərizəçi Hökumət
180. Ərizəçi Hökumətin bildirdiyinə görə, şahidlərin dinlənilməsinin bütün protokollarından aydın olurdu ki, Gürcüstan vətəndaşlarının tutulmasının və həbsə alınmasının özbaşınalıqla həyata keçirilməsi onların tutulmasını və həbsə alınmasını Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin məqsədləri baxımından qanunsuz etmişdi. Bundan başqa, Gürcüstan vətəndaşlarının tutulmalarının və həbsə alınmalarının qanuniliyi məsələsi ilə bağlı şikayət etmək imkanına malik olmamaları Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndini pozmuşdu. Gürcülərin ölkədən çıxarılma məqsədi ilə həbs edilməsi kütləvi əməliyyatlar formasını almışdı, o cümlədən onları kilsələrin ətrafında, bazarların olduğu yerlərdə, küçələrdə və məktəblərdə, habelə öz evlərində və iş yerlərində axtarırdılar.
2. Cavabdeh Hökumət
181. Cavabdeh Hökumət ərizəçi Hökumətin iddialarını şübhə altına aldı və iddia etdi ki, Gürcüstan vətəndaşlarının ölkədən çıxarılma məqsədi ilə həbs edilməsi Rusiya qanunvericiliyinə uyğun olaraq qanunsuz mühacirətlə mübarizə məqsədi ilə həyata keçirilmişdi. Bu məsələ ilə əlaqədar olaraq, o, 4 saylı Protokolun 4-cü maddəsi üzrə irəli sürdüyü arqumentlərlə eyni arqumenrləri irəli sürdü (yuxarıda 166-cı bəndə bax).
B. Məhkəmənin qiymətləndirməsi
182. Məhkəmə öncə qeyd edir ki, bu məsələdə tərəflər arasında fikir ayrılığı yoxdur ki, sözügedən həbslər Gürcüstan vətəndaşlarını Rusiya ərazisindən çıxarmaq məqsədi ilə həyata keçirilib, buna görə də Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin "f" yarımbəndi bu işə tətbiq edilə bilər. "Söhbət həbsin "qanuniliyindən", o cümlədən "qanunla müəyyən olunmuş qaydada" həyata keçirilib-keçirilməməsindən gedirsə, Konvensiya mahiyyət etibarı ilə milli qanunvericiliyin substantiv (maddi-hüquqi) və prosessual normalarına riayət edilməsini nəzərdə tutur, lakin bundan əlavə həm də tələb edir ki, azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni şəxsin özbaşınalıqdan müdafiə edilməsi məqsədinə uyğun olsun (digər qərarlar arasında bax: Konkanın işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd; və Şamayev və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 397-ci bənd).
183. 5-ci maddənin 4-cü bəndinə əsasən, tutulmuş və ya həbsə alınmış şəxslər prosessual və substantiv şərtlərə riayət edilib-edilmədiyinin yoxlanılması hüququna malikdirlər və bu şərtlər azadlıqdan məhrum edilmənin Konvensiya baxımından "qanuniliyi" məsələsi üçün önəmlidir. 5-ci maddənin 4-cü bəndindəki "qanunilik" anlayışı 1-ci bənddəki anlayışla eyni məna daşıyır, belə ki, tutulmuş şəxs öz həbsi barədə qərara təkcə daxili hüququn tələbləri baxımından deyil, həm də Konvensiya baxımından, orada təsbit olunmuş ümumi prinsiplər baxımından və 5-ci maddənin 1-ci bəndinin müəyyən etdiyi məhdudiyyətlərin məqsədi baxımından yenidən baxılması hüququna malikdir (bax: Çahal Birləşmiş Krallığa qarşı, 15 noyabr 1996-cı il, Qərar və qərardadlar toplusu, 1996‑V; həmçinin bax (müvafiq dəyişikliklərlə): Stanev Bolqarıstana qarşı [BP], ərizə № 36760/06, 168-ci bənd, AİHM 2012; və İdalov Rusiyaya qarşı [BP], ərizə № 5826/03, 160-cı bənd, 22 may 2012-ci il).
184. Məhkəmə hesab edir ki, hazırkı işdə Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndləri üzrə irəli sürülmüş şikayətlər 4 saylı Protokolun 4-cü maddəsi üzrə irəli sürülmüş şikayətlərlə sıx əlaqəlidir.
185. Gürcüstan vətəndaşlarının ölkədən çıxarılmasından əvvəl onların küçədə, iş yerlərində və ya evlərində kütləvi həbsləri baş vermişdi. Bu məsələ ilə bağlı Məhkəmə həbsə alınma şəraitinin gürcü şahidlər tərəfindən verilmiş təsvirinin beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının verdikləri təsvirə uyğun gəldiyini diqqətə çatdırır (yuxarıda 45-46 və 68-71-ci bəndlərə bax). Bundan başqa, o, yuxarıda bu nəticəyə gəldi ki, 2006-cı ilin oktyabrından Rusiya Federasiyasında Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və ölkədən çıxarılmasından ibarət koordinasiyalı siyasət yürüdülürdü (yuxarıda 159-cu bəndə bax).
186. Müvafiq olaraq, həmin ölkədən çıxarılma hallarının Məhkəmə tərəfindən "kollektiv" şəkildə çıxarılma kimi göstərilməsi bu işin halları baxımından o deməkdir ki, həmin çıxarılmalardan öncə baş vermiş həbslər qanunsuzluq idi.
187. Yuxarıda gəldiyi qənaətləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, sözügedən dövrdə Gürcüstan vətəndaşlarının tutulması və həbsə alınması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini pozan inzibati praktikaya bərabər idi.
188. Sözügedən dövrdə tutma və həbsə alma tədbirlərinə və ölkədən çıxarma qərarlarına qarşı Gürcüstan vətəndaşlarının ixtiyarında səmərəli və əlçatan hüquqi müdafiə vasitələrinin olmadığını nəzərə alaraq (yuxarıda 151-158-ci bəndlərə bax), Məhkəmə hesab edir ki, həmçinin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozuntusu da baş verib.
VI. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
189. Ərizəçi Hökumət Konvensiyanın 3-cü maddəsinə istinad etdi, həmin maddədə deyilir:
"Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır".
A. Tərəflərin arqumentləri
1. Ərizəçi Hökumət
190. Ərizəçi Hökumət bildirdi ki, kameraların adamla dolu olması, yetərincə yataq yerlərinin olmaması, sanitariya qurğularının gigiyenik və təcrid edilmiş halda olmaması, saxlanılan şəxslərin eyni otaqda yaşaması, yatması və ondan tualet kimi istifadə etməsi, saxlanılan şəxslər arasında ölüm və ciddi xəstəlik hallarının olması və yuxarıda təsvir edilən bütün digər hallar açıq-aydın göstərirdi ki, Rusiya Federasiyası Konvensiya üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. O əlavə etdi ki, nəqliyyatla, konkret olaraq avtobuslarla və yük təyyarəsi ilə daşınma şəraiti xüsusilə alçaldıcı idi və bununla bağlı gürcü şahidlərin ifadələrinə istinad etdi. Müvafiq olaraq, ərizəçi Hökumət Məhkəmədən bu nəticəyə gəlməsini xahiş etdi ki, Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
2. Cavabdeh Hökumət
191. Cavabdeh Hökumət bu iddiaları şübhə altına aldı və bildirdi ki, konkret olaraq əcnəbilər üçün müvəqqəti saxlanma mərkəzlərində saxlanma şəraitini təsvir edərkən gürcü şahidlər ziddiyyətli ifadələr veriblər, bu ifadələr həm də Rusiyanın dövlət orqanları tərəfindən təqdim edilmiş sənədlərlə və ya digər şahidlərin ifadələri ilə ziddiyyət təşkil edir. Müvafiq olaraq, həmin ifadələr "əsaslı şübhə yeri qoymayan" sübut təşkil edə bilməzdi. O əlavə etdi ki, həmin mərkəzlərdə saxlanılan və söhbət aparılan şəxslərin heç biri Məhkəməyə demədi ki, onların saxlanma şəraiti əcnəbilər üçün eyni saxlanma mərkəzlərində saxlanılan və ya onlarla eyni kameranı paylaşan digər ölkələrin vətəndaşlarının saxlanma şəraitindən hər hansı cəhətdən fərqlənib. Nəhayət, o, Rusiya rəsmilərinin ifadələrinə istinadən bildirdi ki, hava nəqliyyatı ilə daşınma layiqli şəraitdə həyata keçirilmişdi və eyni təyyarələr digər əcnəbi vətəndaşları ölkədən çıxarmaq üçün də istifadə edilirdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
192. Məhkəmə Ananyev və başqaları Rusiyaya qarşı iş üzrə pilot qərarında qısa xülasəsıni verdiyi və Ananyev və başqaları Rusiyaya qarşı üzrə qərarında təkrarladığı Konvensiyanın 3-cü maddəsinə dair son dövrlərin presedent hüququnu bir daha xatırladır:
"... 3-cü maddə demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Konvensiya qurbanın davranışından asılı olmayaraq işgəncəni və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanı mütləq şəkildə qadağan edir (misal üçün bax: Labita İtaliyaya qarşı [BP], ərizə № 26772/95, 119-cu bənd, AİHM 2000‑IV). Pis rəftar 3-cü maddənin tətbiq dairəsinə düşmək üçün minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimal səviyyənin qiymətləndirilməsi nisbidir: o, işin bütün hallarından, məsələn, rəftarın davam etdiyi müddətdən, fiziki və mənəvi təsirlərindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (digər qərarlar arasında bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, 162-ci bənd, A seriyaları, № 25).
Pis rəftarın minimal qəddarlıq səviyyəsinə çatması adətən faktiki bədən xəsarətini, yaxud güclü fiziki və ya mənəvi əzabı özündə ehtiva edir. Lakin hətta bunlar olmasa belə, rəftar şəxsi alçaldır və ya təhqir edirsə, yaxud şəxsdə onun mənəvi və fiziki müqavimətini qırmağa qadir olan qorxu, təşviş və ya acizlik hissi doğurursa, ləyaqəti alçaldan rəftar kimi səciyyələndirilə və 3-cü maddədə nəzərdə tutulmuş qadağanın tətbiq dairəsinə düşə bilər (digər qərarlar arasında bax: Vasyukov Rusiyaya qarşı, ərizə № 2974/05, 59-cu bənd, 5 aprel 2011-ci il).
Azadlıqdan məhrumetmə kontekstində Məhkəmə dəfələrlə vurğulayıb ki, əzab vermənin və alçaltmanın 3-cü maddənin pozuntusu hesab edilən rəftar və ya cəza təşkil etməsi üçün o, hər bir halda həbsə alınma ilə əlaqədar olan qaçılmaz əzabın və alçalmanın hüdudlarından kənara çıxan elementə malik olmalıdır. Dövlət şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməlidir, habelə təmin etməlidir ki, cəza tədbirinin icra tərzi və metodu ona əzab verməsin və ya həbsdə saxlanılmağa xas olan səviyyəni aşan dərəcədə ağır olmasın, habelə həbsdə saxlanmanın praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığı və rifahı lazımi qaydada qorunsun (bax: Kudla Polşaya qarşı [BP], ərizə № 30210/96, 92-94-cü bəndlər, AİHM 2000‑XI; və Popov Rusiyaya qarşı, ərizə № 26853/04, 208-ci bənd, 13 iyul 2006-cı il).
Saxlanma şəraiti qiymətləndirilərkən həmin şəraitin məcmu halında təsirləri, habelə ərizəçinin konkret iddiaları nəzərə alınmalıdır (bax: Duqoz Yunanıstana qarşı, ərizə № 40907/98, 46-cı bənd, AİHM 2001‑II). Şəxsin konkret şəraitdə həbsdə saxlanma müddətinin uzunluğu da nəzərə alınmalıdır (digər qərarlar arasında bax: Alver Estoniyaya qarşı, ərizə № 64812/01, 50-ci bənd, 8 noyabr 2005-ci il).
(bax: Ananyev və başqaları Rusiyaya qarşı, ərizələr № 42525/07 və 60800/08, 139-142-ci bəndlər, 10 yanvar 2012-ci il; və İdalovun işi üzrə yuxarıda istinad edilən qərar, 91-94-cü bəndlər (daşınma şəraiti barəsində); həmçinin bax (müvafiq dəyişikliklərlə): Xudoyorov Rusiyaya qarşı, ərizə № 6847/02, 116-cı və sonrakı bəndlər, AİHM 2005‑X, çıxarışlar).
2. Yuxarıdakı prinsiplərin tətbiqi
193. Məhkəmə qeyd edir ki, Gürcüstan vətəndaşları əvvəlcə polis bölmələrində (şahidlərin ifadələrinə görə, bir neçə saatdan bir və ya iki günə qədər), sonra isə əcnəbilər üçün saxlanma mərkəzlərində (şahidlərin ifadələrinə görə, iki gündən on dörd günə qədər) saxlanılıblar və daha sonra avtobusla Moskvadakı müxtəlif aeroportlara aparılıblar və təyyarə ilə Gürcüstana göndəriliblər (yuxarıda 45-ci bəndə bax). Barəsində ölkədən çıxarılma qərarı qəbul edilmiş Gürcüstan vətəndaşlarının bəziləri Rusiya Federasiyasını öz vəsaitləri hesabına tərk ediblər.
194. Gürcüstan vətəndaşlarının saxlanma şəraitinin bir çox aspektləri ilə bağlı tərəflər arasında fikir ayrılığı var. Lakin saxlanma şəraiti ilə bağlı fikir ayrılığı olduqda, etiraz və ya mübahisə doğuran hər bir məsələnin həqiqətə uyğunluğunun Məhkəmə tərəfindən müəyyənləşdirilməsinə ehtiyac yoxdur. O, cavadehn Hökumət tərəfindən şübhə altına alınmayan istənilən ciddi iddianın əsasında 3-cü maddənin pozulduğu qənaətinə gələ bilər (bax (müvafiq dəyişikliklərlə): İdalovun işi üzrə yuxarıda istinad edilən qərar, 96-cı bənd).
195. Bununla bağlı Məhkəmə həmçinin qarşısındakı sübutları araşdıracaq.
196. O, öncə qeyd edir ki, hətta şahidlərin dinlənilməsi zamanı Gürcüstan vətəndaşlarının bəziləri müəyyən məsələlər (xüsusən kameraların ölçüsü) barədə ziddiyyətli ifadələr vermiş olsalar belə, polis bölmələrində və əcnəbilər üçün saxlanma mərkəzlərində saxlanma şəraitinin və onların Gürcüstana göndərilmə şəraitinin onlar tərəfindən təsvirləri ümumən bir-birinə uyğun gəlir və beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının təsvirlərinə uyğundur (yuxarıda 52-55-ci və 72-74-cü bəndlərə bax). Bu təşkilatlar həqiqətən qeyd ediblər ki, bir çox Gürcüstan vətəndaşları saxlanma və ölkədən çıxarılma şəraitinin pis olması səbəbindən qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar (məsələn, kameralar adamla dolu olub, qida və su çatışmayıb, gigiyenik şərait olmayıb, yüzdən artıq Gürcüstan vətəndaşı yük təyyarəsi ilə daşınıb).
197. Bundan başqa, həmin dövrdə Gürcüstanın Rusiya Federasiyasındakı konsulu olmuş cənab Pataridze dedi ki, o və kollektivi Rusiya Federasiyasının müxtəlif regionlarında, o cümlədən Sankt-Peterburq və Moskvada on ikidən çox saxlanma mərkəzinə baş çəkiblər. O təsdiq etdi ki, bütün bu mərkəzlərdə saxlanılanlar əsasən Gürcüstan vətəndaşları idi, kameralar adamla dolu idi, saxlanma şəraiti çox ağır idi, gigiyenik şərait dəhşətli idi və çarpayılar və döşəklər oldquca az idi.
198. Məhkəmə şübhə etmir ki, belə qısa müddətdə ölkədən çıxarılma məqsədi ilə saxlanılan Gürcütsan vətəndaşlarının sayının çox olduğunu nəzərə alsaq, saxlanma şəraiti həddən artıq ağır olub. O, şahidlərin dinlənilməsi zamanı bununla bağlı gürcü şahidlərin verdikləri ifadələri saxlanma şəraitinin çox yaxşı olduğunu göstərmiş Rusiya rəsmilərinin ifadələrindən daha inandırıcı hesab edir.
199. Məhkəməyə təqdim edilmiş bütün materialları nəzərə alsaq, ilk növbədə bu fakt təkzibolunmaz görünür ki, Gürcütsan vətəndaşları polis bölmələrindəki kameralarda, yaxud həddən artıq dolu olan əcnəbilər üçün saxlanma mərkəzlərində saxlanılıblar. İstənilən halda, onların ixtiyarında olan fərdi məkanın sahəsi Məhkəmənin presedent hüququnda təsbit olunmuş minimum standarta cavab verməyib (bir çox digər qərarlar arasında bax: İdalovun işi üzrə yuxarıda istinad edilən qərar, 101-ci bənd). Üstəlik, fərdi yataq yerlərinin çatışmaması ucbatından Gürcütsan vətəndaşları növbə ilə yatmalı olublar.
200. Həbsxana kamerasının sahəsinin həddən artıq az olması etiraz edilən saxlanma şəraitinin Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan mənada "ləyatəqi alçaldan" şərait olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə nəzərə alınmalı olan mühüm aspektdir (bax: Ananyev və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 143-cü bənd).
201. Ümumiyyətlə, Məhkəmə bir sıra hallarda qeyd edib ki, Rusiya həbsxanalarında həddən artıq adam saxlanılması onda xüsusi narahatlıq doğuran məsələdir. Bir çox hallarda o, həbsdə saxlanılarkən fərdi məkanlarının sahəsinin yetərincə olmaması ucbatından ərizəçilərin hüquqlarının pozulduğunu ardıcıl olaraq müəyyən edib (digər qərarlarla yanaşı, bax: İdalovun işi üzrə yuxarıda istinad edilən qərar, 97-ci bənd; və Solovyov Rusiyaya qarşı, ərizə № 918/02, 123-cü bənd, 24 aprel 2012-ci il). Əcnəbilər üçün saxlanma mərkəzlərinə aid olan hazırkı iş də bu baxımdan istisna təşkil etmir.
202. Məhkəmə həmçinin İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) Rusiya Federasiyasına dair dekabr 2001-ci il tarixli hesabatına istinad edir, orada Komitə kameraların dolu olduğunu vurğulayaraq bildirir ki, bu mərkəzlərdəki əcnəbilərin saxlanma şəraitindən çox narahatdır (2001-ci il dekabrın 2-dək 7-dək CPT-nin Rusiya Federasiyasına səfərinə dair Rusiya Hökumətinə təqdim edilmiş hesabatı, 32-ci bənd, CPT/Inf (2003) 30).
203. Bundan başqa, Məhkəmə hazırkı işdə yalnız onu qeyd edə bilər ki, ona təqdim edilmiş sübutlar da göstərir ki, saxlanma yerləri zəruri sağlamlıq və sanitariya şəraitinə cavab verməyib və saxlanılan şəxslər şəxsi həyatın məxfiliyinin olmamasından əziyyət çəkiblər, belə ki, tualetlər kameraların qalan hissəsindən ayrılmayıb.
204. Bununla bağlı Məhkəmə bir daha bildirir ki, saxlanma şəraitinin qaneedici olmaması Rusiya Federasiyasında daim təkraralanan struktur problemidir ki, bu da Rusiyanın penitensiar sisteminin funksiyasının pozulması ilə nəticələnib və Məhkəmənin 2002-ci ildə Kalaşnikov Rusiyaya qarşı iş üzrə qərarda (ərizə № 47095/99, AİHM 2002‑VI) ilk dəfə bu pozuntunu müəyyən etdiyi vaxtdan bəri bir çox qərarlarında 3-cü maddənin pozulduğu qənaətinə gəlməsinə və yuxarıda istinad edilən Ananyev və başqalarının işi üzrə pilot qərar qəbul etməsinə səbəb olub. Buna görə də Məhkəmə hazırkı işdə həmin qənaətindən kənara çıxmaq üçün əsas görmür.
205. Yuxarıdakı bütün amilləri nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, saxlanma şəraiti Gürcütsan vətəndaşlarının inkarolunmaz iztirabına səbəb olub və həm qeyri-insani, həm də ləyaqəti alçaldan rəftar sayılmalıdır ki, bu da Konvensiyanın 3-cü maddəsini pozan inzibati praktikaya bərabərdir.
206. Müvafiq olaraq, Məhkəmə sözügedən dövrdə Gürcütsan vətəndaşlarının saxlanma şəraiti barədə tərəflərin qalan qeydlərini araşdırmağı zəruri hesab etmir.
VII. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİ, KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 4-CÜ BƏNDLƏRİ VƏ 3-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
207. Ərizəçi Hökumət iddia etdi ki, 4 saylı Protokolun 4-cü maddəsi, Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndləri və 3-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsinin pozuntusu baş verib. 13-cü maddənin mətni aşağıdakı kimidir:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir".
A. Tərəflərin arqumentləri
208. Əvvəlki qeydlərində göstərdiyi kimi, ərizəçi Hökumət bildirdi ki, Gürcüstan vətəndaşları sözügedən dövrdə həbs və ölkədən çıxarlıma qırarlarına qarşı səmərəli və əlçatan hüquqi müdafiə vasitələrinə malik olmayıblar (yuxarıda 120-ci bəndə bax).
209. Cavabdeh Hökumət bu iddialara etiraz etdi (yuxarıda 121-ci bəndə bax).
B. Məhkəmənin qiymətləndirməsi
210. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 13-cü maddəsi "Konvensiya üzrə "əsaslandırıla bilən şikayətin" mahiyyəti üzrə araşdırılması və müvafiq təzminatın verilməsi üçün daxili hüquqi müdafiə vasitəsinin təmin olunmasını" tələb edir (digər qərarlarla yanaşı, bax: Konkanın işi üzrə yuxarıda istinad edilən qərar, 75-ci bənd).
211. 4 saylı Protokolun 4-cü maddəsinin, Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinin və 3-cü maddəsinin pozulduğu barədə yuxarıda gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə yalnız bu qənaətə gələ bilər ki, ərizəçi Hökumətin irəli sürdüyü şikayətlər 13-cü maddənin məqsədləri üçün "əsaslandırıla bilən" şikayətlərdir.
212. Əslində 4 saylı Protokolun 4-cü maddəsinin və Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğunun müəyyən edilməsi özlüyündə o deməkdir ki, səmərəli və əlçatan hüquqi müdafiə vasitələri mövcud olmayıb. Müvafiq olaraq, bu maddələrlə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsinin pozulduğu barədə ərizəçi Hökumətin şikayətini ayrıca araşdırmağa ehtiyac yoxdur.
213. Bundan başqa, Məhkəmə artıq yuxarıda müəyyən etdi ki, sözügedən dövrdə Gürcüstan vətəndaşları üçün tutulma, həbsə alınma tədbirlərinə və ölkədən çıxarılma qərarlarına qarşı səmərəli və əlçatan hüquqi müdafiə vasitələri mövcud deyildi (yuxarıda 151-158-ci bəndlərə bax).
214. Buna görə də o bu nəticəyə gəlir ki, 5-ci maddənin 1-ci bəndi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsinin pozuntusu baş verib.
215. 3-cü maddə ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsi üzrə şikayətə gəlincə, Məhkəmə qeyd edir ki, Ananyev və başqalarının işi üzrə yuxarıda istinad edilən pilot qərarında o müəyyən edib ki, müvafiq dövrdə qeyri-insani və ləyaqəti alçaldan saxlanma şəraitinə son qoymaq, yaxud qeyri-adekvat saxlanma şəraitinə dair şikayətlə əlaqədar adekvat və yetərli kompensasiyaya nail olmaq üçün istifadə edilə biləcək səmərəli hüquqi müdafiə vasitəsi Rusiya hüquq sistemində mövcud deyildi (bax: Ananyev və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 119-cu bənd).
216. Müvafiq olaraq, o hesab edir ki, bu iş həmin işdən fərqlənmir və buna görə də bu nəticəyə gəlir ki, 3-cü maddə ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsinin pozuntusu baş verib.
VIII. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİ, KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 4-CÜ BƏNDLƏRİ VƏ 3-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
217. Ərizəçi Hökumət iddia etdi ki, 4 saylı Protokolun 4-cü maddəsi, Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndləri və 3-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozuntusu baş verib. 14-cü maddənin mətni aşağıdakı kimidir:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır".
A. Tərəflərin arqumentləri
218. Ərizəçi Hökumət iddia etdi ki, Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və ölkədən çıxarılması onların Rusiya Federasiyasındakı immiqrasiya qaydaları ilə əlaqədar vəziyyətinə deyil, vətəndaşlığına və etnik mənşəyinə əsaslanıb. Onun bildirdiyinə görə, həbslər Gürcüstana qarşı qisas tədbiri idi və qurbanların fərdi hərəkətlərinə əsaslanmırdı. Üstəlik, bu iddia HRW-nin hesabatı ilə təsdiqlənirdi, həmin hesabata əsasən, ölkədən çıxarılanlar arasında Rusiya Federasiyasında qanuni yaşayan gürcülər, məsələn, Rusiya vətəndaşlığı olan gürcü mənşəli şəxslər, yaşayış və ya iş icazəsi olan, tam etibarlı vizaları olan və yaşayış yerini qeydiyyata aldırmış etnik gürüclər (onların bəziləri pasportlarının və ya vizalarının yenilənməsini gözləyirdi) və ya Rusiya universitetlərində qeydiyyata alınmış tələbələr var idi.
219. Öz növbəsində cavabdeh Hökumət Gürcüstan vətəndaşlarının vətəndaşlığı və ya etnik mənşəyi əsasında tutulması və ölkədən çxıarılması ilə bağlı bütün iddiaları inkar etdi. O, əvvəlki qeydlərində bildirdiyi fikirləri təkrar etdi, yəni bildirdi ki, Gürcüstan vətəndaşları qanunsuz mühacirətlə mübarizə üzrə ümumi siyasətin tərkib hissəsi qismində tutulmuş, həbsə alınmış və ölkədən çıxarılmışdılar və səbəb də bu idi ki, onlar Rusiya Federasiyasında qanuni yaşamırdılar (onların etibarlı vizası, yaşayış və ya iş icazəsi, qeydiyyat arayışı yox idi – yuxarıda 25-ci və 115-116-cı bəndlərə bax). Bu baxımdan şahidlərin dinlənilməsi göstərdi ki, Gürcüstan vətəndaşlarına tətbiq edilmiş prosedur eyni növ hüquq pozuntuları törətmiş əcnəbi vətəndaşlara tətbiq edilən prosedurla eyni idi. O daha sonra bildirdi ki, müvafiq dövrdə gürcü mənşəli Rusiya vətəndaşlarının ölkədən çıxarıldığı barədə ərizəçi Hökumətin iddiaları əsassızdır.
B. Məhkəmənin qiymətləndirməsi
220. Məhkmə işin halları baxımından belə hesab edir ki, 4 saylı Protokolun 4-cü maddəsi və Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndləri ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi üzrə ərizəçi Hökumətin şikayəti sonuncu iki maddə üzrə artıq araşdırılmış olan (hərçənd ki, fərqli prizmadan təqdim edilən) şikayətlərlə eynidir və həmin maddələrin pozulduğu artıq müəyyən edilib. Müvafiq olaraq, o hesab edir ki, hazırkı işdə Gürcüstan vətəndaşlarına qarşı ayrı-seçkilik xarakterli rəftarla əlaqədar olaraq bu maddələrlə birgə götürülməklə 14-cü maddənin pozuntusunun baş verib-vermədiyini müəyyənləşdirməyə ehtiyac yoxdur.
221. Rusiya həbsxanalarında qeyri-qənaətbəxş saxlanma şəraitinin vətəndaşlığından asılı olmayaraq bütün məhbuslara aid olduğunu nəzərə alaraq, Məhkəmə 3-cü maddə ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozuntusunun baş verib-vermədiyini müəyyənləşdirməyə də ehtiyac görmür.
IX. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİ, KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 4-CÜ BƏNDLƏRİ VƏ 3-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 18-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
222. Ərizəçi Hökumət Konvensiyanın 18-ci maddəsinə istinad etdi, onun mətni aşağıdakı kimidir:
"Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı məqsəd üçün tətbiq olunmamalıdır".
223. Məhkəmə bir daha xatırladır ki, 18-ci maddə müstəqil rola malik deyil. O yalnız Konvensiyanın digər maddələri ilə birlikdə tətbiq edilə bilər (digər qərarlarla yanaşı, bax: Qusinski Rusiyaya qarşı, ərizə № 70276/01, 73-cü bənd, AİHM 2004‑IV; Mudayevlər Rusiyaya qarşı, ərizə № 33105/05, 127-ci bənd, 8 aprel 2010-cu il; Lutsenko Ukraynaya qarşı, ərizə № 6492/11, 105-ci bənd, 3 iyul 2012-ci il; və Timoşenko Ukraynaya qarşı, ərizə № 49872/11, 294-cü bənd, 30 aprel 2013-cü il).
224. Məhkəmə ayrıca götürülməklə 4 saylı Protokolun 4-cü maddəsini və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini və 3-cü maddəsini pozan inzibati praktikanın mövcud oldğunu artıq qeyd edib və 5-ci maddənin 4-cü bəndinin pozulduğunu müəyyən edib. Müvafiq olaraq, o, eyni məsələləri Konvensiyanın 18-ci maddəsi üzrə araşdırmağı zəruri hesab etmir.
X. 7 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
225. Ərizəçi Hökumət 7 saylı Protokolun 1-ci maddəsinə istinad etdi, orada deyilir:
"1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul olunmuş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdır:
a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək;
b) öz işinə yenidən baxılmasını tələb etmək; və
c) bu məqsədlərlə səlahiyyətli orqan qarşısında və ya belə orqanların təyin etdiyi şəxs, yaxud şəxslər qarşısında təmsil olunmaq.
2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda və ya milli təhlükəsizlik əsasları ilə şərtləndirildikdə, əcnəbi bu maddənin 1-ci bəndinin "a", "b" və "c" yarımbəndlərində sadalanan hüquqlarına əməl edilməmişdən əvvəl çıxarıla bilər".
A. Tərəflərin arqumentləri
226. Ərizəçi Hökumət ölkədən çıxarılmış Gürcüstan vətəndaşlarının çoxunun Rusiya Federasiyasında qanuni yaşadığını bildirdi və bununla bağlı HRW-nin hesabatına istinad etdi.
227. Cavabdeh Hökumətin bildirdiyinə görə, məhkəmə prosesindən sonra inzibati qaydada ölkədən çıxarılmış bütün Gürcüstan vətəndaşları çox kiçik istisnalarla Rusiya ərazisində qanunsuz yaşayırdılar, belə ki, onların sənədləri qaydasında deyildi. Müvafiq olaraq, yalnız dövlətin ərazisində qanuni yaşayan şəxslərə şamil olunan 7 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilməz.
B. Məhkəmənin qiymətləndirməsi
228. Məhkəmə qeyd edir ki, 7 saylı Protokolun 1-ci maddəsində "qanuni əsaslarla dövlətin ərazisində yaşayan" əcnəbilər ifadəsi açıq-aydın qeyd edilib.
229. Sərəncamındakı bütün materialları nəzərə alaraq, Məhkəmə hesab edir ki, sözügedən dövrdə Rusiya Federasiyasının ərazisində qanuni yaşayan Gürcüstan vətəndaşlarının da tutulması və ölkədən çıxarılması müəyyən edilməyib.
230. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçi Hökumətin bu maddə üzrə irəli sürdüyü şikayət yetərincə əsaslandırılmayıb və Məhkəmənin qarşısındakı sübutlar pozuntunun baş verdiyi qənaətinə gəlmək üçün yetərli deyil.
231. Buna görə də, 7 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verməyib.
XI. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN 1-Cİ VƏ 2-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
232. Ərizəçi Hökumət Konvensiyanın 8-ci maddəsinə istinad etdi, orada deyilir:
"1. Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanlarının mane olmasına yol verilmir".
233. O həmçinin 1 saylı Protokola istinad etdi, onun 1-ci və 2-ci maddələrində deyilir:
"Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin, yaxud digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır".
"Heç kəsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü istənilən funksiyaları yerinə yetirərkən valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir".
A. Tərəflərin arqumentləri
234. Ərizəçi Hökumət Konvensiyanın 8-ci maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin iddia edilən pozuntusu ilə əlaqədar olaraq Palatadakı icraatda təqdim etdiyi əvvəlki qeydlərinə istinad etdi.
O, konkret olaraq bildirdi ki, ölkədən çıxarılma barədə ayrı-ayrı qərarlar qəbul edilərkən müvafiq şəxslərin ailə vəziyyəti nəzərə alınmayıb ki, bu da Konvensiyanın 8-ci maddəsinin tələblərinə zidd olaraq ailələrin ayrı düşməsi ilə nəticələnib (çox vaxt azyaşlı uşaqlar başlı-başına buraxılıblar). Bundan başqa, gürcü şagirdlərin mənşəyi, ailə vəziyyəti barədə məlumatların və ünvanlarının məktəblərə və universitetlərə açıqlanması qanunla nəzərdə tutulmamışdı və həmçinin bu maddəni pozurdu.
Üstəlik, Gürcüstan vətəndaşlarının tutulmasının və həbsə alınmasının şəraiti çox vaxt onların mülkiyyətlərini tərk etmələri ilə nəticələnib; ölkədən çıxarma tədbirləri və Rusiya Federasiyası ilə Gürcüstan arasında kommunikasiyaların dayandırılması sonradan mülkiyyətlərini qorumaq üçün onların zəruri tədbirlər görməsinin qarşısını alıb ki, bu da 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu ilə nəticələnib.
Nəhayət, Gürcüstanda rus məktəblərinin qapadılması gürcü şagirdlərin rusca təhsilə çıxış imkanını aradan qaldırıb və 1 saylı Protokolun 2-ci maddəsini pozub.
235. Cavabdeh Hökumət həmçinin bu məsələ ilə bağlı vurğuladı ki, ərizəçi Hökumət iddialarını təsiqləyən hər hansı sübut təqdim etməyib.
Konvensiyanın 8-ci maddəsinə gəlincə, o, birinci məsələ ilə bağlı bildirdi ki, Gürcüstan vətəndaşlarının ailə vəziyyəti barədə dəqiq məlumat əldə etmək Rusiya məhkəmələri üçün çox çətin idi və bir daha bildirdi ki, dəqiq desək, ailələrin qovuşması hüququ bu halda mövcud deyildi. O, ikinci məsələ ilə bağlı iddia etdi ki, Rusiyanın dövlət orqanları tərəfindən bu cür informasiya sorğuları verilsəydi, sözügedən rəsmilər sonradan lazımi qaydada cəzalandırılardılar.
1 saylı Protokolun 1-ci maddəsinə gəlincə, Gürcüstan vətəndaşları mülkiyyət hququndan məhrum edilməmişdilər və mülkiyyətləri üzərində sahibliklə və onlardan istifadə ilə əlaqədar məhkəmə iddiası qaldıra bilərdilər.
Nəhayət, 1 saylı Protokolun 2-ci maddəsinə gəlincə, Gürcüstandakı rus məktəbləri Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunurdu və Rusiya əsgərləri Gürcüstandan çıxarıldıqdan sonra qapadılmışdı.
B. Məhkəmənin qiymətləndirməsi
236. Məhkəmə hesab edir ki, bu maddələr üzrə ərizəçi Hökumətin irəli sürdüyü şikayətlər kifayət qədər əsaslandırılmayıb və qarşısındakı sübutlar pozuntunun baş verdiyi qənaətinə gəlmək üçün yetərli deyil.
237. Beləliklə, Konvensiyanın 8-ci maddəsinin və 1 saylı Protokolun 1-ci və 2-ci maddələrinin pozuntusu baş verməyib.
XII. KONVENSİYANIN 41-Cİ MADDƏSİ
238. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
239. Ərizəçi Hökumət Məhkəmədən xahiş etdi ki, "41-ci maddə üzrə ədalətli təzminat təyin etsin, yəni kompensasiya, reparasiya, restitusiya (ilkin hüquqi vəziyyətin bərpası) haqqında, məhkəmə xərclərinin, məsrəflərin ödənilməsi barədə, habelə pozuntuların törədilməsi və bu məhkəmə prosesinin aparılması nəticəsində zərərçəkən tərəfin əziyyət çəkdiyi və ya məruz qaldığı bütün maddi və mənəvi ziyanlara görə göstəriləcək növbəti və digər təzminatların ödənilməsi haqqında qərar qəbul etsin" (yuxarıda 79-cu bəndə bax).
240. Məhkəmə hesab edir ki, Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsi hələ baxılmaq üçün hazır deyil.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 38-ci maddəsi pozulub;
2. Bir səsə qarşı on altı səslə qərara alır ki, 2006-cı ilin payızında Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və Rusiyadan çıxarılmasından ibarət koordinasiyalı siyasət bərqərar edilmişdi ki, bu da Konvensiya üzrə presedent hüququnun məqsədləri baxımından inzibati praktikaya bərabərdir;
3. Bir səsə qarşı on altı səslə bu məsələdə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə cavabdeh Hökumətin ilkin etirazını rədd edir;
4. Yekdilliklə qərara alır ki, ərizəçi Hökumətin ərizəsi Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş altı aylıq müddət ərzində təqdim edilib;
5. Bir səsə qarşı on altı səslə qərara alır ki, sözügedən dövrdə Gürcüstan vətəndaşlarının Rusiyadan çıxarılması 4 saylı Protokolun 4-cü maddəsini pozan inzibati praktikaya bərabərdir;
6. Bir səsə qarşı on altı səslə qərara alır ki, sözügedən dövrdə Gürcüstan vətəndaşlarının tutulması və həbsə alınması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini pozan inzibati praktikaya bərabərdir;
7. Bir səsə qarşı on altı səslə qərara alır ki, sözügedən dövrdə tutulmalara, həbslərə və ölkədən çıxarılma qərarlarına qarşı Gürcüstan vətəndaşlarının sərəncamında hüquqi müdafiə vasitələrinin olmaması Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozuntusuna bərabərdir;
8. Bir səsə qarşı on altı səslə qərara alır ki, sözügedən dövrdə Gürcüstan vətəndaşlarının saxlanma şəraiti Konvensiyanın 3-cü maddəsini pozan inzibati praktikaya bərabərdir;
9. Bir səsə qarşı on altı səslə qərara alır ki, Gürcüstan vətəndaşlarının Rusiyadan çıxarılma şəraiti barədə tərəflərin qalan qeydlərini Konvensiyanın 3-cü maddəsi üzrə araşdırmağa ehtiyac yoxdur;
10. Dörd səsə qarşı on üç səslə qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsi pozulub;
11. Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 3-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsi pozulub;
12. Yekdilliklə qərara alır ki, 4 saylı Protokolun 4-cü maddəsi və Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsi üzrə ərizəçi Hökumətin irəli sürdüyü şikayətləri araşdırmağa ehtiyac yoxdur;
13. Bir səsə qarşı on altı səslə qərara alır ki, 4 saylı Protokolun 4-cü maddəsi və Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndləri və 3-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi üzrə ərizəçi Hökumətin irəli sürdüyü şikayətləri araşdırmağa ehtiyac yoxdur;
14. Bir səsə qarşı on altı səslə qərara alır ki, 4 saylı Protokolun 4-cü maddəsi və Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndləri və 3-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 18-ci maddəsi üzrə ərizəçi Hökumətin irəli sürdüyü şikayətləri araşdırmağa ehtiyac yoxdur;
15. Bir səsə qarşı on altı səslə qərara alır ki, 7 saylı Protokolun 1-ci maddəsi pozulmayıb;
16. Yekdilliklə qərara alır ki, Konvensiyanın 8-ci maddəsi və 1 saylı Protokolun 1-ci və 2-ci maddələri pozulmayıb;
17. Yekdilliklə qərara alır ki:
Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsi qərar qəbul etmək üçün hazır deyil;
Müvafiq olaraq:
a) bu məsələni bütünlüklə sonraya saxlayır;
b) ərizəçi Hökuməti və cavabdeh Hökuməti dəvət edir ki, bu qərarın elan edildiyi tarixdən sonra on iki ay ərzində bu məsələyə dair yazılı qeydlərini təqdim etsinlər və konkret olaraq əldə etdikləri hər hansı razılaşma barədə Məhkəməyə məlumat versinlər;
c) növbəti proseduru keçirmək hüququnu özündə saxlayır və ehtiyac olduqda onun tarixini təyin etmək səlahiyyətini Məhkəmənin sədrinə ötürür.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 3 iyul 2014-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Josep Kasadeval (Josep Casadevall)
Sədr
Maykl O’Boyl (Michael O’Boyle)
Katib müavini
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy